Super User
Günün fotosu: Bakıda Bədii gimnastika üzrə Dünya Kuboku keçirildi
Günün fotosu: Bakıda Bədii gimnastika üzrə Dünya Kuboku keçirildi
41 ölkəni təmsil edən 129 idmançının iştirakı ilə Bakıda keçirilən Bədii gimnastika üzrə Dünya Kubokuna dünən - aprelin 21-də yekun vuruldu.
Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazandı. Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komanda üç lent və iki topla qrup hərəkətlərində buna nail olublar. Onlar hakimlər tərəfindən 69.050 xalla qiymətləndiriliblər.
Bu proqramda İspaniya komandası birinci, İtaliya komandası isə ikinci yeri tutub.
Foto: AzərTAC-ındır.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Azərbaycan rəqsi Londonda keçirilən festivalda!
Londonun Trafalqar meydanında London Meri tərəfindən “Eid in the Square” adlı festival təşkil olunub. Tədbirdə müxtəlif müsəlman icmaların nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini təmsil edən ifalar nümayiş etdiriblər.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində peşəkar xoreoqraf və Azərbaycan xalq rəqsləri müəllimi Səkinə Muxtarlı “Tərəkəmə” milli rəqsini yüzlərlə izləyicinin önündə ifa edib. Tədbirdə Londonda yaşayan Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələr də iştirak ediblər.
Səkinə Muxtarlı AzərTAC-ın müxbirinə deyib ki, Azərbaycanı təmsil etməkdən çox qürur duyub. O, ifasının izləyicilər tərəfindən böyük sevinclə qarşılandığını da söyləyib.
Londonda yaşayan azərbaycanlı Mirkazım Seyidzadə Britaniyada Azərbaycan mədəniyyətinin tanıdıldığı üçün çox xoşbəxt olduğunu deyib.
Qeyd edək ki, Londonda keçirilən “Eid in the Square” festivalında hər il 20 mindən çox tamaşaçı iştirak edir.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
“ƏJDAHA ŞƏRABI” – Hədiyyə Şəfaqət Rey Bredberinin “Zəncirotu şərabı” romanı barədə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində uşaq saatı davam edir. Bu gün sizlərə Hədiyyə Şəfaqətin “Əjdaha şərabı” məqaləsi təqdim edilir. Məqalə Rey Bredberinin “Zəncirotu şərabı” romanı barədədir.
Hər bir insanın sinəsində vaxtı ilə uşaq ürəyi döyünüb. Amma deyəsən, bunu çoxları xatırlamır...
***
Amma elə adamlar var, nəinki xatırlayır, ondan heç vaxt ayrılmırlar. İldən-ilə, hadisədən-hadisəyə, həyatın, taleyin pilləsindən pilləsinə keçərkən əllərindəki ən qiymətli xəzinə elə həmin ürəkdir. Elə həmin ürəklə bütün çətinliklərə sinə gərir, etiraz edir, nəyisə dəyişməyə çalışır, nəyisə qoruyub saxlamağa və ötürməyə can atır... Bu adamların ürəyi sözün hər mənasında dünyanın gözəlləşməsi üçün döyünür. Rey Bredberinin ürəyi kimi. O isə bu döyüntüləri sözbəsöz, cümləbəcümlə ifadə edərək bizə miras qoyub gedib. Rey Bredberi ürək döyüntülərinə adlar qoyub, cürbəcür, yüzlərlə ad, indi hamının və ya az adamın bildiyi adlar.
***
Bredberi gələcəkdən qayıdan yazıçıdır. Onu, adətən, əksəriyyətin qəbul etdiyi kimi, fantast adlandırırlar. Elə-belə də deyil – Böyük fantast! Amma Bredberini təkcə fantast adlandırmaq ədalətsizlikdir. Çünki hekayələrini, romanlarını oxuyarkən sanki hansısa sehrli qapıdan adlayıb gələcəkdə peyda olduğunu, sonra yaddaşını möcüzəvi şəkildə özü ilə götürərək, həyatın bu tayından yenidən do - ğularaq böyüməyə başladığını, özü ilə gətirdiyi xatirələri yazıya köçürməyə baş ladığını fikirləşirsən. Bəlkə də, biz indi, hazır da Bredberi ilə eyni zamanda yaşayırıq, lakin o yenə geri qayıdacaq, başqa bir qapıdan keçib orada əvvəlki nəsillər üçün yazmağa başlayacaq. Keçmişə indi barədə danışacaq.
***
Lakin günlərin bir günü indiyə keçmiş barədə danışmaq fikrinə düşəndə dünyanın ən heyrətamiz əsərlərindən birini – "Zəncirotu şərabı"nı yazır. Bu haqda belə deyir: "Bir gün avtobusda bir oğlanın ayağında gördüyüm tennis ayaqqabıları məni uşaqlığıma apardı. Evə qayıtdım və dəli kimi yazmağa başladım..." Həmin uşaqlığın isə az qala yüz yaşı var...
***
Deməli, yüz il əvvəl barədə hekayə oxuyuruq. Fərqi yoxdur, - "Zəncirotu şərabı" romanı hekayəsindən bir qədər cavandır, 66 yaşı var, müəllif onu 37 yaşında yazıb – hələ uzun illər və mətnin diri qaldığı əsrlər boyu oxuyacağıq... Yaxşı mətnin yaşı olmur, əksinə, üstündən illər keçdikcə daha çox dəyərləndirilir, daha çox fikir oyadır. Məsələn, keçən əsrin uşaq mətnləri onları uşaqkən oxumuş bizlər lə birlikdə yaşlandıqca qayıdıb bir daha oxuyursan, bir daha zövq alırsan və ən gözəli, indi daha çox mətləblərdən hali olur və anlayırsan: gözəl yazılar sənin əbədi yol yoldaşındır, səni son mənzilə qədər tək qoy mur, səni bir qapıdan ötürüb başqa bir qapıda yolunu gözləyir. İndi o illərin uşaq larından çətin sağ adam qala, amma "Zəncirotu şərabı" o uşaqların dövrünü, arzularını, xatirələrini ağuşuna alıb, əbədi həyat bəxş edib. Bəli. Nə yollasa, təsadüfənmi, qəsdənmi – mü əllifin həyatına daxil olan hər şeyi bir gün mətnə çevrilmək mükafatı və ya cəzası gözləməkdədir...
***
Lakin Bredberi uşaqlıq illərinə qayıdaraq onu olduğu yerdən sakitcə götürüb bu günə gətirməyib. Nəzər salıb, analiz edib, uşaqlığını yenidən yaradıb. Gözəl şeylər artırıb, xoşagəlməz şeyləri arzularının işığında yoxa çıxartmağa çalışıb. Bunu ona qüsur tutanlara isə deyib: "Mən bütün eybəcər sayılan şeyləri görürdüm və xatırlayıram, amma bunlar uşaq gözündə heç vaxt mənasız və eybəcər təsir buraxmır". Bredberinin bu şərhi böyük dərsdir. Çünki uşaq əsərləri yazmağın çətinliklərindən danışılarkən əksər hallarda müəlliflərin dərk və analiz qabiliyyətinin, xatirələrin üstündəki sehrli pərdə sürüşüb götürüldükcə ortaya çıxan aydın mənzərənin təxəyyülün arzu kimi arxa plana atdığı, susdurduğu təmizliyi və məsumluğu zədələdiyi deyilir. Yəni yetkin müəllif qayıdıb uşaq ola, uşaq gözüylə baxa, uşaq diliylə nəql edə bilmir. Dərk edilənlər ona mane olur. Bredberinin gücü məhz bu məqamda nəhəngliyi ilə fərqlənir: O buna nail ola bilib! Bilib, çünki gələcəyin hər üzünü görüb, eybəcərliklərin uşaqlıqda gizləndiyini deyil, uşaq arzularının və xəyallarının qorunmamasının gələcək eybəcərliklərə rəvac verdiyini başa düşüb. Bredberi dünyanın səhvlərindən səbəbə, nəticədən bünövrəyə qayıdıb. On iki yaşlı Duqlasın həyatı otuz beşotuz yeddi yaşlı və ondan sonrakı Bredberinin uşaqlıq həyatı deyil. Amma Bredberi bunu vecinə almayacaq, nəyinə lazımdır? O məhz belə uşaqlıq yaşamaq arzusundadır, necə olsa, geriyə qayıdır, gələ cək ayaqları altında olduğu kimi, keçmiş də əlinin altındadırsa, niyə onu yenidən qurmasın? Bəli, bu, çoxlarında çatışmayan, təəssüf ki, çatışmayan bacarıq və əminlikdir...
***
"Zəncirotu şərabı"nda çoxlu böyük adam var. Valideynlər, nənə-baba, qohumlar, qonşular, tanışlar, satıcılar, ev qadınları, müxtəlif peşə sahibləri, müxtəlif yaşlı, xasiyyətli çoxlu qadın və kişi. Burada arzumu, həqiqətmi, heç vaxt öyrənə bil mə yəcəyimiz bir nüans var – böyüklər uşaqlarla danışırlar. Bəzən bütün ciddiyyəti, bə zən zarafatyana nağılvariliyi, bəzən ölüm qədər qaçılmaz hadisədən əvvəl, bəzən isə elə-belə, özözlərinə – amma uşaqlar bu nu eşidirlər. Uşaqlar böyüklərlə çox vaxt keçirirlər. Ya da böyüklər uşaqlarla, – on larla hər şeyi müzakirə edir, fikir bildirir, uşaqların dünyasına dalıb onlar kimi yalanlar uydurmağa çalışırlar. Zəncirotu şərabı hazır layan və içən böyüklər bəzən onları nə zamansa özlərinin də uşaq olduqlarına inan dırmağa çalışanda uğursuzluqla üzləşsələr də, müəllif gələcəyin verdiyi saxta im tiyazdan yararlanıb onlara heç yerdə mü daxilə, nəyi isə başa salmaq, nəsihət vermək, zəhlətökənlik etmək imkanı vermir. İmkan vermir ki, qoca babalar, qarı nənələr uşaqların qulağından yapışıb həyatı başa sal sınlar. Uşaqlar onsuz da başa düşürlər, böyüdükcə də daha yaxşı başa düşəcəklər... Bəlkə də, Duqlasın qulağından da yapışan nəsihət ustaları olub, amma Bredberi onların üstündən sadəcə xətt çəkib – vəssalam, yoxdurlar. İlahi, dünyanın belə müəlliflərə necə böyük ehtiyacı var!
***
"Bir özün fikirləş! Fikirləş! On iki yaşın var, amma sağ olduğunu hələ indi öyrənmisən". Bu daxili monoloqun oxucularda hansı hisslər və emosiyalar oyatdığını təsəv vür edin. Hamını özünə sual vermə yə sövq etməyəcəkmi? Hərə özünə boy lanmayacaqmı? Bəlkə, neçə insan zamanın sıxıntıları arasında başını bulayıb gözünü ye rə dikəcək, neçə insan ah çəkəcək. Amma ne çə insan da gülümsəyəcək və bu həqiqətə ha nsı yaşda, hansı anda çatdığını xatırlayacaq. Bəlkə, kimsə göz yaşları arasından, bəlkə, kimsə yumulu gözlərinin ardında görəcək o anı. Bəlkə, kimsə əllərinə baxacaq və vaxtın bar maqlarının arasından süzülüb necə get diyinə ilk dəfə fikir verəcək... və bəlkə, kimlərsə də başını gündəlik xaosdan qaldırıb uşaqlara tərəf boylanacaq – bəs görəsən, onlar həyat barədə nə fikirdədirlər? Bəlkə, onlar sağ olduqlarını çoxdan öyrəniblər? Bəs görəsən, onlardan daha nələr öyrənmək olar? "Ömrüm boyu mən atamla soyuq münasibətdə olmuşam. Amma ondan keçmiş haqqında danışmağı xahiş edəndə atamın səsi tədricən dəyişirdi, onun hekayətlərində ritm, məna, həqiqət və əsl poeziya duyulurdu, çünki atam ilhama gəlirdi, həqiqət onun içindən çıxıb axırdı", – Rey Bredberi xatırlayırdı...
***
Uşaqlar böyük müəllimdirlər. Onlar bizə nəyin yaxşı, nəyin qaydasında oldu ğundan çox nəyin pis yönə getdiyini, nəyin qay dasında olmadığını göstərən böyük gücdürlər. Uşaq sözləri sehrlidir, uşaq təsəvvürü möcüzəvidir, uşaq həqiqəti dünyanın üzünə tutulmuş ən təmiz güzgüdür. Hər yerdə uşaqlara baxmalıyıq – müharibənin getdiyi torpaqlarda, evlərin dağıdıldığı yerlərdə, ayrı-seçkiliyin, sosial ədalətsizliyin, yoxsulluğun, zorakılığın baş alıb getdiyi, dünyanın cəhənnəm hesab edildiyi nöqtələrdə də, sülhün bərqərar olduğu, uşaqların diləndirilmədiyi, satılmadığı, yaxşı təhsil aldığı, sağlam böyüdüyü, həyata ümidlə deyil, əmin liklə, dünyanın sahibi kimi baxdığı nöqtələrdə də. Gözlərimizi qaçırmağa, sözümüzü udmağa, özümüzü geri çəkməyə haqqımız yoxdur. Gün gələr, bu iki fərqli dünyanın övladları bir-birinin əlini sıxa da bilər, birbirinin qanını tökə də. Gələcək keçmişin mey vəsidir. Qəzəb keçmişin meyvəsidir, aman sızlıq keçmişin meyvəsidir və təəssüf ki, bu meyvənin adı – indi və gələcəkdir. Məhz buna görə də hər bir xalqın, hər bir lokal və dünyəvi ədəbiyyatın uşaqlığa can atması, uşaqlığın ayağına getməsi, uşaqlığın günahsızlığı qarşısında diz çökməsi lazımdır. Fərqi yoxdur, bu, sənin uşaqlığındır, yoxsa başqalarının. Dostlarının uşaqlığıdır, yoxsa düşmənlərinin. Uşaqlardan soruşmaq lazımdır ki, müharibə istəyirlərmi? Uşaq lardan soruşmaq lazımdır ki, müharibə olsunmu? Uşaqlardan soruşmaq lazımdır ki, nə istəyirlər? Nəyin dəyişməsini arzulayırlar? Onlar onsuz da nələrisə dəyişəcəklər, amma hansı yolla – bax, bu, bizim problemimizdir. Uşaqlar əvvəl öz arzularını dilə gəti rəcəklər, sonra özümüzü necə aparma ğı mızdan təsirlənib bizim arzularımızı… Sonra böyüyəcəklər, gələcəyin onlara verdiyi hə - yatın qarşısında bizi günahlandıracaqlar. Bizim ehtiraslarımızı, bizim acgözlüyümüzü, bizim despotluğumuzu, bizim saxtalığımızı, süniliyimizi ürək bulantısı ilə xatırlaya caqlar... Hazırsınızmı? Bu sualı isə mən uşaqlar üçün yazan müəlliflərə vermişdim... Cəhənnəm bağbanı kimi ayağınızdan asılacaqsınız... – çünki o uşaqlardan kimsə gələcəkdə bir gün avtobusda üstü-başı törtöküntü bir uşaq görəcək, xatirələr dilə gələcək, tələsik evə qayıdıb oturacaq və yazmağa başlayacaq...
***
"Tom, görəsən, bu dünyada hamı sağ olduğunu bilirmi?" Uşaqlar da ölüm barədə fikirləşirlər. Bəlkə, bizdən də çox fikirləşirlər. Kimi bu sualın verilməməli olduğu təsiriylə susur və sualı ya unudur, ya daxilində cavabını tapacağı vaxta kimi gizlədir. Kimi isə – əsasən uşağın ürəklə böyüdüyü ailələrdə – birbaşa soruşur: "Adamlar niyə ölürlər?" Bu sual qarşısında balaca bir qıza verilmiş bir cavabı unutmuram: "Adamlar yaşaya bilməyəndə ölürlər". Gözəl cavabdır. Qoy uşaq fikirləşməyə başlasın – bəs adamlar niyə yaşaya bilmirlər? Həmçinin ölümü qorxulu, dəhşətli, qara qüvvə kimi şüuraltında saxlamaqdan xilas olsun. Bu suala növbəti gözəl cavabı "Zəncirotu şərabı"nda Bredberi verir. Ola bilsin, bu cavab da onun arzularından biri idi, geri qayıdıb bütün uşaqlıq boşluqlarını doldurduğu əsnada həmin cavabı qoca nənəsinin dilindən səsləndirir. Təxminən belə: Mənim mən hissəm yorulub, istirahət etməlidir. Amma sizdə olan hissələrimin həyatı davam edir. Siz, əslində, elə mənsiniz, deməli, sizinlə birlikdə ev təmizləyəcək, dərsə gedəcək, kitab oxuyacaq, maşını təmir edəcək, yemək bişirəcəyəm. Gördüyünüz kimi, iş çoxdur, imkan verin, gedim istirahət edim. Qabığımı dəyişib qayıdacağam... Bredberi, yəqin, özü gedəndə də belə rahatlıqla gülümsəyib deyib: "Hələ xeyli işim var, siz davam edin, mən qayıdacağam". O qayıdar. Bredberi qayıtmağın ustasıdır. Qayıtmağın və sahmana salmağın...
***
"Hara baxsan, problem görürsən. Diqqətlə baxsan – problemin həll olunma yolunu görərsən". Şübhəsiz, Bredberi böyüklüyünü həm də problemləri mətnə çevirmək ustalığı ilə sübut edir. Onun diqqətli nəzərləri səni yandırıb kül edir – axı nəyə yarayırsan? Ancaq şikayətlənirsən – o, qaydasında deyil, bu, yolunda getmir. Nə olsun?
"İşlə!" Bir neçə il əvvəl dostlardan biri məni tənbeh edirdi ki, ucuz işçi qüvvəsi kimi istifadə olunmağıma imkan verirəm, eyni işə görə daha çox qazana bilərəm, filan yerdə redaktəyə filan qədər verirlər, filan yerdə tərcüməçilər bu qədər alırlar. "Sən isə..." Əvvəl susdum, sonra diqqətlə üzünə baxıb dedim: "Yaxşı, təklifin nədir?" Heç nə deyə bilmədi. Ətraf belə ağıllı boş boğazlarla doludur. Nəyisə dağıdıb yerinə nə qoyacağını ağlına gətirməyənlərlə, fəlsəfənin altından vurub üstündən çıxan, amma heç nəyə yaramayanlarla. Müdrik deyir ki, adamlara balıq verməyin, balıq tutmağı öyrədin. Bu yerdə, məsələn, mən deyə bilərəm: Mənə dənizin yerini deyin, balıq tutmağı özüm bacarıram. Bredberi isə mənim və çoxları qədər hazıra nazir deyil, öz gölünü, öz qarmağını, öz balığını özü yaradır... Elə bilirsiniz özü də yeyir? Xeyr. Bizimlə bölüşür. Bredberi dünyaya da belə baxır, onu sökür-tökür, hissələrə ayırır, detalların arasındakı boşluqlardakı zir-zibili təmizləyib yerə salır, kiri-pası sürtüb təmizləyir, detalları birləşdirir. Bütün bunları isə gözümüzün qarşısında edir, inanılmaz fantaziyaların, zümzümələrin, zarafatların, atmacaların və sətiraltı xəbərdarlıqların müşayiəti ilə. Prosesi göstərir. "Bir ara yersiz yoxlamalarından cana doymuşdum. Qəzəbliydim, dişimi qıcayıb gə zirdim. Yumruğumu düyünləyib hazır da yanmışdım. Amma nəhayət, bu barədə he kayə yazdım və tezliklə neçə yerdə çap olundu. Buyur, bu da sizin cavabınız!" Bredberi hamımızın yerinə cavab verməyə hazırdır. Amma tənbəlliyimizi bağışlamamaq şərti ilə: "Biz heç vaxt işsiz deyilik. Biz doldurulmalı qablarıq. Sadəcə, dərk etməliyik, bu qaba yığılanlar dünyanın yaxşılığına necə təsir edəcək". Bredberi özü də bu qabları doldurmağa çılışır – məsələn, "Zəncirotu şərabı" ilə... Sonra bir gün Tanrını "Zəncirotu şərabı"na qonaq edir və ona cənab Conas adlı bir nəfərdən danışır. Cənab Conas şəhərin zibilxanalarında eşələnib atılmış əşyaları ara basına yükləyir və onları lazımi ünvanlara çatdırır. Pulsuz-parasız. Birinin zibili digərinin ehtiyacıdır. Birinə artıqlıq edən şey di gərini sevindirir. Kiminsə evində görmək istəmədiyi əşya başqa birinin arzusudur. Cənab Conas hər şeyi yerbəyer etməklə məşğuldur. Onu təqdim edən Bredberi, yəqin, Tanrının üzünə qınayıcı nəzərlərlə də baxıb: Məgər belə etmək olmazdımı? Bəlkə, Tanrı hələ də daxilimizdə bu suala gülümsəyib cavab verir: "Niyə etmək olmasın ki..."
***
"İnsan yaşadığı şəhərdən ayrılanda o şəhər fantaziyaya çevrilir" – və tezliklə də bunu təkcə şəhərlərə aid etmək fikrindən daşınır. "İndi mən də burda, İllinoysda, sakit bir gölün kənarında yerləşən Yaşıl şəhərdə kiminsə fantaziyasıyam". Biz həm də özümüzün fantaziyasıyıq. Bred beri uşaqlığına qayıdaraq öz fanta ziyalarının mövcudluğuna inandırır. Onun, aya ğını qoyduğu yeri dünyanın mər kəzi, ol duğu zamanı zamanın mərkəzi adlan dırmağa haqqı çatır. Çünki o, əjdahalara ina nır. Çünki o, uşaqkən xəyalən qorxduğu çardaqda yaşayan əjdahanı yerə endirib onun la bir ömür keçirib. "Hər kəsin öz əjdahası var. Bir gün o, aşağı enə bilər..." Əlbəttə, siz öz çardağınızdakı əjdahanı böyüklərə öldürtdürməmisinizsə… Bir dəfə demişdim: "Müharibə barədə ağ lı nıza gələni yazmayın". İndi isə deyirəm: Əjdahanız olmayıbsa, uşaqlar üçün "şərab" çəkməyin...
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Gənc Tamaşaçılar Teatrının növbəti premyerası: “Ümid nəğməsi”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanan “Ümid nəğməsi” adlı tamaşanın premyerası keçirilib. Dərhal qeyd edək ki, tamaşa Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçiriləcək “Uşaqlar XXI əsrdə” I Beynəlxalq Uşaq Teatrları-İT Festivalı üçün hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalı teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki, tamaşasının quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımov, quruluşçu rəssam Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Psixoloji dram janrında hazırlanan səhnə əsərində aktyorlar Sevinc Əziz, Sənan Kazımov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və Səbinə Məmmədzadə iştirak edib.
Autizm xəstəsi olan oğlanın ailəsi ilə yaranan mürəkkəb münasibətlərinin fonunda bəşəri duyğularla həmahəng səslənən tamaşada insanların bir-birinə dəstək olmasının vacibliyindən, dar məqamda adi təsəlliedici sözün ümid nəğməsinə çevrilməsindən bəhs edilir.
Bu nəğmənin sədası isə zəlzələ zamanı dağıntılar altında qalan ailənin xilasına çevrilə bilər.
Axı hazırkı bu gərgin zamanda - o zamanda ki, dəhşətli epidemiyalar, təbii fəlakətlər, müharibələr insanları misilsiz sınaqlara çəkir, təəssübkeşlik insanlığın əsas xilasıdır.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
“Sən – dərdə alışmısan...” - MİRZƏ ŞƏFİ VAZEH. Çap olunmamış 65 şeir
“Ədəbiyyat və incəsənət” portalı klassik poeziyamızın ünlülərindən olan Mirzə Şəfi Vazehin (1794-1852) indiyədək çap edilməmiş 65 lirik şeirinin dərcini davam edir. Şeirlər Azad Yaşarın təqdimatında sizlərə çatdırılır.
“Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.
Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.” (Azad Yaşar)
13
Görəsən, necə meyvə, nübar verərdi axı
yağışa və günəşə həsrət duyan bir ağac?!
Nəcib əməlləriylə
çörəyə və ruziyə
qovuşursa, insan da tanımaz bir ehtiyac.
14
Bəzən dərd-qəmdən də könül açılar,
Yetər ki dünyaya biz fərqli baxaq.
Bəzən ölüm ilə əlləşən həkim
Xəstəsin ağuyla çəkər sınağa.
Fəqət bu istisna... qayda sayılmaz:
Ağu da hər dərdin çarəsi olmaz.
15
Heç də yaxşı qurtarmaz hər təcrübənin sonu,
nə olsun ki, qoymusan onca ili geridə?!
Sən – dərdə alışmısan,
gətirmisən özünlə
o ağır əzabları, çəkilməz dərdləri də.
16
Mirzə Şəfi, bəlkə də, sən kor doğulmalıydın,
çünki yaşa dolsan da,
için – safdır, sözün – düz.
Şeirinə, əməlinə bələd olmayan biri
cahilliyin yolunu seçərdi tərəddüdsüz.
17
"Adəm oğlu dərdə nökər yaranıb..."
Bir dəli sözüdür, gəzir diyarı.
O vaxtdan dillərdə əzbərə dönüb:
"Allah bilən məsləhətdir" şüarı.
Səfeh yığnağıymış qara camaat,
gülməyi unudub,
qalmayıb duzu.
Niyə bu gündədir? – deyə bilmərəm,
gözlər qıyıq olub,
qulaqlar uzun.
18
Bu dünyada ən ağır
ən çəkilməz acılar...
nə gözlərdə yaş qoyar,
nə sirdaşa açılar.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Mart ayında ən çox oxunanlar - TOP 20
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının mart ayında ən çox oxunan yazılarını müəyyənləşdirdik, düşünürük ki, oxucularımız üçün də onların açıqlanması maraqlı olar.
20.Ədəbiyyat. “Yeni yaşında yazıçı Anar barədə düşüncələrim” -Təranə Dəmir.
19.Ədəbiyyat. “Eşq. İspan kafesi” - Aysel Fikrətin hekayəsi.
18.Ədəbiyyat. “Məhəmməd Füzuli və folklor” - İmran Verdiyev.
17.Və digər. “Sevgiyə, dostluğa olan inamınızı itirməyin” - Elman Eldaroğlu.
16.Türksoy. “Ədəbiyyata marağım…” - Zafer Yigitaslanla Habil Yaşarın müsahibəsi.
15.Ədəbiyyat. “Bir həsrət üşüyür…” -Təranə Dəmirin şeirləri
14.Türksoy. “Müxtəlif mədəniyyətdən olan gənclərlə…” - Aydan Bilgesoyla Habil Yaşarın müsahibəsi.
13.Ədəbiyyat. “Üç hekayəyə bir baxış” -Bədirxan Əhmədli
12.Ədəbiyyat. “Xaqani Qayıblı: “Dünya söz-söz keçir məndən” - Ramiz Göyüş
11.Ədəbiyyat. “Qardaşımın arzusu” - Salatın Əhmədlinin hekayəsi
10.Musiqi. “Hüseyn Dəryanın anım gününə” - Elman Eldaroğlu
9.Ədəbiyyat. “Cinin oğurluğu” - Qafar Cəfərlinin novellası
8.Reytinq. “Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə şeir müsabiqəsi elan edilir” - xəbər
7.Reytinq. “Bir direktor, bir şagird” layihəsində Almaz Bayramova və Tərlan Həsənova
6.Life. “Əkbər Qoşalının sevdiyi şeir: Məmməd Araz, “İlhamım”
5.Musiqi. “Sevinc Tofiqqızı: “Musiqidə hər üçü…” - Ülviyyə Əbülfəzqızının müsahibəsi
4.Life. “Məni bağışla, ana” - Təranə Dəmirin essesi
3.Life. “Səməd Vurğun “Ceyran” şeirini heç bilirsinizmi harada yazıb?” - İmran Verdiyev
2.Ədəbiyyat. “Poeziya hissin xülasəsidir” - Adilə Nəzər
1.Reytinq. “İsmayıl Şıxlı və Çingiz Abdullayev - ruh və düşüncə doğmalığı” - redaksiya yazısı.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
“Zəfər bizim zəfərimizdir” Tehranda çıxıb
Salatın Əhmədovanın “Zəfər bizim zəfərimizdir” adlı kitabı Tehranda fars əlifbasıyla çap olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına müəllif məlumat verib.
Bu, Salatın Əhmədovanın Tehranda çapdan çıxmış növbəti kitabıdır, hekayələr toplusudur.
Hekayələr 44 günlük müharibəyə həsr olunub. Burada döyüş səhnələri, misilsiz qəhrəmanlıqlar və qazanılan zəfər qüruru bədii təcəssümünü tapıb.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
"Xalqın mədəni sərvəti" adlanan layihəsi çərçivəsində regionlarda konsertlər keçirilib
Xəbər verdiyimiz kimi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş layihə həyata keçirir. "Xalqın mədəni sərvəti" adlanan layihəsi çərçivəsində Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar Heydər Əliyev Mərkəzi, Şəki Heydər Əliyev Mərkəzi, Tovuz şəhər Nizami adına Mədəniyyət Evində bəstəkarın əsərlərindən ibarət konsert proqramları baş tutub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Gəncə Dövlət Filarmoniyasından məlumat verilib.
Gün ərzində müxtəlif regionlar üzrə baş tutan konsertlərdə Salyan, Biləsuvar və Neftçala incəsənət məktəblərinin, Hacıqabul, Şirvan, Salyan, Şəki, Ağstafa, Tovuz və Qazax musiqi məktəblərinin kollektivləri iştirak ediblər. Bəstəkarın əsərlərindən ibarət konsert proqramı böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, aprelin 20-də Gəncə Dövlət Filarmoniyasında Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş layihənin təntənəli bağlanışı keçirilib.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Şəhidlər barədə şeirlər – Tural Qurbanov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Tural Qurbanovahəsr edilmiş şeirlə tanış olacaqsınız.
TURAL GÜRŞAD OĞLU QURBANOV
(11.09.1992.-02.04.2016.)
Kürdəmir rayonunun Sığırlı kəndindən olan hərbi qulluqçu, gizir, Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Tural Gürşad oğlu Qurbanovun əziz xatirəsinə ithaf edirəm.
TURAL KİMİ BİR YOL SEÇDİN
Uca boylu, enli kürək, qorxmaz oğlan idi Tural.
İradəli, cəsur ürək, igid cavan idi, Tural.
Lap balaca yaşlarından, “Vətən” nədi? öyrənmişdi.
Nur yağan baxışlarından ana-Vətən söylənmişdi.
Sevirdi bayrağımızı ən qiymətli sərvət kimi.
Sevirdi torpağımızı tükənməz bir nemət kimi.
Əsgərliyə yollananda üzündən şəfəq yağırdı,
O, bildirişi alanda, söylədi: -Vətən çağırdı.
Başladı, hərbi xidmətə, budur, Tural, avtomatlı,
Baxın ondakı hörmətə, o, xüsusi təyinatlı.
“-Sənin kimi qoçaqlara var Vətənin ehtiyacı,
Bu müqəddəs torpaqlara biz tapmalıyıq əlacı.”
Komandirin sözlərindən Tural necə də sevindi…
İşıq yağdı gözlərindən; -Etibarınız bəsimdi.
Daha gizir idi Tural, hər addımı ləyaqətli,
Çin olmuşdu, arzu-xəyal, tanınırdı-cəsarətli.
Aprel döyüşləri vaxtı igidlərim atlandılar.
Vətənin gətirib baxtı, qəhrəman övladları var.
Düşmənləri qırıb-tökdü dostlarıyla birgə Tural.
Sinəsinə dağı çəkdi, birə saldı, kürkə Tural.
Məhv etdilər yağıları, başqa cürə ola bilməz.
Bizim Vətən torpaqları kafirlərdə qala bilməz.
Şanlı Aprel döyüşləri müjdəsi oldu zəfərin.
Elə o vaxt xalqım dedi: -Övladlarına “Afərin!”
Haqq yolunda candan keçən igidlərim heç vaxt ölməz.
Tural kimi bir yol seçən Şəhidlərim heç vaxt ölməz.
Sığırlıda doğulsa da, bu Vətənə övlad oldu,
Hamımızın fəxr etdiyi Ssevdiyimiz bir ad oldu.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Ermənilərlə vuruşmaq üçün Azərbaycana gəlib şəhid olmuş 20 yaşlı qazax gəncinin taleyi – AİDA EYVAZLI YAZIR
“Ədəbiyyat və incəsənət” portalı tanınmış jurnalist Aida Eyvazlının olduqca təsirli bir yazısını oxuculara təqdim edir. Söhbət Azərbaycana gəlib erməni qəsbkarları ilə vuruşan və şəhid olan qazax gənci Erbol Barımbetovun acı taleyindən gedir. Oxuyun və düşünün. Görün hansı daşın dibində hansı səhvlərimiz gizlənib qalıb.
Yenə yuxudan hövlanak ayıldı Elxan Şıxəliyev. 1994-cü ildən bu yana, təkcə Elxan Şıxəliyev deyil, onunla birlikdə eyni taborda Vətən uğrunda, Qarabağ uğrunda döyüşüb sağ qalan dostlarının hamısı həmin yuxuları görürdülər. Onların yuxularına gəlirdi Erbol. Gördüyü yuxuda 20 yaşlı Erbol ondan ata-anasını, qardaşlarını soruşurdu. Deyirdi ki, bəs niyə gəlmirlər? Nə zaman gələcəklər?
Və onda bir də baxırdı ki, Erbol yenə incik şəkildə üzünü çevirib buludlara qovuşub yox oldu...
776-cı kəşfiyyat taborunun döyüşçüləri 1994-cü ildəki Vətən müharibəsindən sağ çıxsalar da, onlarla eyni səngərdə döyüşüb şəhid olan dostlarını heç vaxt unutmurdular. O rəşadətli əsgərlərin hamısı Şəhidlər Xiyabanında dəfn olunmuşdu. Onların arasında indi tez-tez məzarını ziyarət etdikləri 20 yaşlı Erbol Turexan oğlu Barımbetov da var idi. 1974-cü ilin 1 iyulunda Qazaxstanın Cambul Vilayətində doğulmuşdu Erbol. Azərbaycanın torpaqlarını ermənilər işğal etməyə başlayanda Erbol Barımbetov məktəbi əla qiymətlərlə təzəcə bitirmişdi. Öz biliyi və savadı ilə məktəbdə seçilən şagirdlərdən idi. Tarix və ədəbiyyat üzrə fənn olimpiadalarında, güləş yarışlarında da qalib gəlirdi. Lakin 1992-ci ildə Karaqanda Dövlət Universitetinin tarix fakultəsinə sənədlərini versə də, istənilən balı toplaya bilməmişdi.
1992-ci ilin payızında yenicə müstəqillik qazanan Qazaxıstanın hərbi sıralarında xidmətə çağırılmışdı. 6 ay müddətində Kapçekay hərbi desant bazasında hərbi xidmət keçmişdi. Lakin günlərin bir günü hərbi hissə komndanlığından Erbol Barımbetov Turexanoviçin hərbi hissəni özbaşına tərk etməsi barədə xəbər verilmişdi. O gün -bu gün Erbolu axtarmağa başlayan atası Turexan oğlunun harada olması barədə heç yerdən xəbər öyrənə bilməmişdi. Onu artıq Qazaxıstanda itkin kimi qeydiyyata almışdılar.
***
Erbol “itkim düşəndən” bir qədər sonra - 1993-cü il may ayının 7-də evlərinə telefon açaraq özündən kiçik qardaşı Nurbol ilə danışır və deyir ki, anama de ki, narahat olmasın. Mən Azərbaycanda Xanlar rayonundayam. Ayağımdan yaralanmışam. Bir–iki günə hospitaldan çıxacam. Hər şey yaxşıdır. Tezliklə görüşəcəyik.
Və bir də elə həmin ilin iyun ayının əvvəllərində qardaşına telefon açaraq onu məktəbi bitirməyi münasibəti ilə təbrik edir, yenə onu ümidləndirir ki, məndən narahat olmayın.
O gündən sonra, ailə oğlundan bir xəbər eşitmir...
Bəs Erbol Barınbetov Azərbaycana necə gəlib çıxmışdı?
Bu sualın cavabını II Şəhidlər Xiyabanında Erbol Barınbetovun məzarı başına toplaşan dostlarından aldım.
Azərbaycan torpaqlarının azadlığı uğrunda canından və qanından keçmiş Erbol Barınbetovun ziyarətinə gələn döyüş dostları 776 saylı əlahiddə taborun komandir müavini Saleh Əliyev, qərərgah rəisi Yaşar Nəsibov, Tərtərin hərbi prokuroru vəzifəsində çalışmış Yusif Ağayev, mayor İsgəndər Ağayev, Mürvət Əliyev, kapitan Rövşən Babayev, bölük komandiri komandiri kapitan Elxan Şıxəliyev, Mehman Əliyev, Teymur İsmayılov, Elçin Məmmədov, Fərzəli Pəsərək, Rəşid Əliyev onu belə xarakterizə etdilər:
Saleh Əliyev:
- Erbol bizim tabora 1994-cü il fevral ayının 13-də qəbul olunmuşdu. Bilirdik ki, könüllü Azərbaycan Silahlı Qüvvələrinin Ordu sıralarına yazılıb. Bu alçaq boylu, dolubədənli 19 yaşlı qazax oğlu ilk gündən biz hərbçilərin diqqətini cəlb etdi. Verilən tapşırıqları çox cəld və çevikliklə yerinə yetirirdi. Dövlət əhəmiyyətli əməliyyatlarda, düşmən arxasında apardığımız kəşfiyyatlarda xüsusi peşəkarlıq nümayiş etdirirdi. Bizim ədalətli mübarizəmizə əsil türk oğlu, qazax balası kimi cani dildən qoşulmuşdu. Bizə qədər isə onu 472 saylı kəşfiyyat taboruna xidmətə götürmüşdülər. Onun haqqında verilən xasiyyətnamədə yazılmışdı ki, 8 dəfə ən çətin döyüş tapşırıqlarını yerinə yetirib. Kəlbəcərdə, Qazaxda, Murovdağ istiqamətində düşmən arxasına keçərək 8 dəfə onlara güclü həmlələr etmiş və apardığı əməliyyatlar sayəsində düşmən ordusunun böyük itkilər verməsinə nail olmuşdu. Həmin tabor ləğv edildikdən sonra, onu bizim tabora göndərmişdilər. Elə taborda xidmətə gəldiyi gündən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Eldar Ağayev (şəhiddir) onu qrup komandiri vəzifəsinə təyin etmişdi. Kəşfiyyata gedənlərin qrup rəhbəri idi. Ən çətin əməliyyatlar da ona etibar edilirdi. Tərtər rayonunun qorunmasında xüsusi xidmət göstərmişdi. Onun vaideynlərini, doğmalarını düz 28 ildir ki, axtarırdıq. Qazaxıstanın Müdafiə Nazirliyinə, Azərbaycandakı səfirliyinə dəfələrlə müraciət etmişdik. Belə başa düşürəm ki, onun qohumlarının gec tapılmasında həm də sənədlərdə yazılan adlarda “hərf” problemi var idi. Lakin sonralar biz dövlət arxivindən onun sənədlərini əldə edə bildik. Və yalnız bundan sonra axtarış sürətləndi. Nəhayət ki, onun xalası oğlu Ermek və qardaşı Nurbol gəlib şəhidimizi II Fəxri Şəhidlər Xiyabanında tapdılar.
Mehman Məmmədov:
-Erbol bizim kəşfiyyat qrupunun komandiri idi. Aprelin 20-dən 21-nə keçən gecə bizim son döyüşümüz oldu. Doqquz nəfərdən ibarət olan kəşfiyyat qrupu düşmənin arxa tərəfinə keçmək haqqında tapşırıq almışdıq. Biz ermənilərin Tərtər ərazisinə hücum planını pozmalı və onların nə qədər qüvvəyə malik olmaları haqqında məlumatlar toplamlı idik. Ermənilər bizim səngərlərimizi ələ keçirmişdi. Postlarımızı geri almaq üçün əvvəlcə düşmənin minomyot batareyasını zərərsizləşdirməli idik. Baxdıq ki, 50-60 nəfərdən ibarət düşmən bizə tərəf xeyli irəliləyib. Hava artıq qaralmağa başlamışdı. Erbol Berinbetovun əmrinə əsasən PK, RPK kimi silahlardan atəş açdıq və xeyli sayda erməni qüvvəsini məhv etdik. Tez bir zamanda ermənilərdən postlarımızı geri götürdük. Onların birinci taborunun həmləsini dəf etdik. Ətraf erməni meyitləri ilə dolu idi. Düşmənin başı meyitlərini daşımağa qarışanda biz onların arxasına keçdik. Yenə bərabər olmayan döyüşdə düşmənə xeyli itki verdirdik. Geriyə qayıdarkən artıq gecədən xeyli keçmişdi, qaranlıq idi. Öz postumuza yaxınlaşırdıq. Bir qrup erməni kəşfiyyatı arxa tərəfimizə keçib, geriyə qayıdan qrupumuzu mühasirəyə saldı və minomyotlarla bizi atəşə tutdular. Bizim kəşfiyyat qrupu Tərtər və Ağdərə arasında beləcə pusquya düşdü. Mən dörd güllə yarası aldım... Tez-tez huşum gedib –gəlirdi... Ayılanda özümü hospitalda gördüm. Sonradan bildim ki, həmin əməliyyata gedən 9 nəfərdən sağ qalan təkcə mənəm. Erbol Turexan oğlu Berinbetov, Vüqar Eldar oğlu Səfərov, Nail Aslan oğlu Məmmədov, Fuad Məhərrəm oğlu Nəsirov, Seyfəddin Ağasəf oğlu Yunusov, Rüstəm Qənimət oğlu Qasımov, Zaur Misir oğlu Nağıyev, Xeyrəddin Ələddin oğlu Əliyev uğurlu bir kəşfiyyat əməliyyatını yerinə yetirib şəhid oldular...
Teymur İsmayılov:
- Onunla bir yerdə qulluq etmişik. Ən ağır döyüşlərə yollanmışdıq. Çox vətənpərvər oğlan idi. Savadlı idi. Elə bil ki, burada doğulmuşdu. Döyüş məharəti böyük, özü isə aramızda ən kiçiyimiz idi. O tarixi gözəl bilirdi. Biz ondan Azərbaycana döyüşməyə gəlməyinin səbəbini soruşanda deyirdi ki, mən babalarımın qisasını alıram. 1939-cu ildən sonra Qazaxıstanın rəhbəri olan Mirzoyan ən savadlı qazax oğlanlarının kökünü kəsib. Bizim nəsillərimizi, şəcərələrimizi məhv edib. Hər erməni öldükcə, həm də babalarımın qisasını alıram.
Elxan Həsənov:
-İllər keçib, lakin biz 776-cı taborun kəşfiyyat qrupunun döyüşçüləri Erbolu bir gün də unutmamışıq. Nə zaman Şəhidlər Xiyabanına gəliriksə, onun məzarına baş çəkir, həmrəylik şəkli çəkdiririk. Erbol azərbaycanlı kəşfiyyatçılar içərisində, xüsusi təyinatlıları arasında əfsanəvi bir döyüşçü idi. 1994-cü ildə bizim gözümüzün qabağında gedən döyüşlərdə düşmən arxasına sızaraq döyüşün müqəddəratını həll edən döyüşçülərdən biri olub, düşmənə zərbələr endirib, böyük itkilər verdirib. Kəşfiyyatçılar arasında döyüş salnaməsinə adını böyük hərflərlə yazıb, özünəməxsus iz buraxıb. Düz 28 ildir ki, onun doğmalarını axtarırdıq. Bilirdik ki, valideynləri onun taleyindən xəbərsizdirlər. Artıq qardaşının Qazaxıstandan gətirdiyi ana vətəninin torpağı da onun ruhunu şad edəcək.
Elxan Şıxəliyev, 776- cı kəşfiyyat taborunun bölük komandiri:
- Erbol öz yaşına görə böyük qəhrəman idi. Onun qəhrəmanlığından hər gün yazmaq, danışmaq, onu dünyaya tanıtmaq bizim borcumuzdur. Həmin döyüşlərdən sağ çıxanlarımızın hər biri Erbolun valideynlərinin axtarılmasında əmək sərf etmişik. Çünki, ona bir vədimiz, borcumuz var idi. Belə qəhrəmanlar hər zaman yetişmir. Mən onunla dəfələrlə kəşfiyyata getmişdim. Bir dəfə isə 10 gün mühasirədə qalmışdıq. Ac və suzsuz günlərimizdə bir-birimizə arxa olduq. Onun meşə ərazisində hərəkət etmək qabiliyyəti bizi mühasirədən xilas edə bildi. 1994-cü ilin martında yenə bir qrup kəşfiyyatçımız ilə pusquya düşmüşdü. Həmin qrupu da xilas edəndə ayağından yaralanmışdı. Onu döyüş bölgəsindən təxliyə edərək hospitala göndərdik. Lakin sağalan kimi yenidən döyüşə, bizim xüsusi təyinatlı taborumuza qayıtdı. İndi ürəyimiz də, vciadanımız da rahatdır. Çünki doğmaları qazax elinin qəhrəman türk oğlunun yerini, məzarını gəlib tapdılar.
***
Erbolun qardaşı Nurbol Barınbetov qardaşının baş daşına söykənib qucaqlasa da , əvvəlcə burada yatan qəhrəmanın qardaşı olduğuna inanmamışdı. Yalnız 20 nəfərdən çox döyüş yoldaşlarının məzara yaxınlaşdığını görəndə hönkür-hönkür ağlamağa başladı. Onların hər birini qucaqlayıb, başını onların çiyninə qoyub susurdu. Sanki qardaşının 28 il əvvəlki ətrini onlardan almaq istəyirdi. İllərin həsrətini, acısını göz yaşları ilə ovutmaq istəyirdi...
Sonra şəhidin məzarı üstündə Quran oxundu. Erbol Cambul vilayətinin Turar Rıskulov rayonunun Canaturmıs kəndində dəfn edilən ata-anasının məzarından gətirdiyi torpağı qardaşının məzarı üstünə səpdi. Əlləri ilə qardaşının daş divardan boylanan şəklini tumarladı... Baxdı-baxdı... Yəqin ki, özündən böyük qardaşına deyirdi ki, Erbol, anamız Satkul sənin yolunu gözləyə-gözləyə oğul həsrəti ilə 2012-ci ildə dünyadan köçdü... Atamız Turexan da dünyaya gözlərini yumanda yenə səni arzuladı... Son vəsiyyəti belə oldu: harada olsa da oğlum Erbolun sağ və ya ölü xəbərini öyrənin, bu itkini qiyamətə saxlamayın...
Bir də ki, Erbol qardaşının yuxularına gələndə öz üzünü göstərmirdi. Lakin yuxularda qardaşına deyirdi ki, mən rahat yerdəyəm. Ancaq ki, gəlin, sizi gözləyirəm. Niyə gəlmirsiniz... Yerim çox gözəldir...
Daha sonra qardaşı Erbolun da məzarından torpaq götürüb əlindəki torbaya yığdı. Bu torpağı isə Canaturmıs kəndinin qəbristanlığında uyuyan ata-anasının məzarına səpəcək...
Bu yazıda ən təsirli notlara keçid alıram. Erbola uzun illər şəhid statusu verilmirdi. Bu ədalətsizlik, haqsılıq haradan qaynaqlanırdı, bilən yox idi. Məgər biz xalq olaraq o qədər laqeydikmi ki, rahat həyatını atıb gəlib bizim üçün canını qurban verən bir əcnəbinin haqqını quruca bir adla qaytara bilmirik?
Qazax xalqının qəhrəman oğlu Erbol Barinbetovun döyüş yoldaşları Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevə müraciət edərək Azərbaycan torpaqlarının azadlığı uğrunda düşmənlə qorxmadan döyüşə girən, dövlət üçün xüsusi əhəmiyyəti olan saysız-hesabsız uğurlu əməliyyatlarda iştirak edən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından və qanından keçən 20 yaşlı qəhrəman qazax oğlunun adının şəhid kimi əbədiləşdirilməsi və özünə layiq fəxri adla mükafatlandırılması üçün müraciət ünvanlamışdılar. Biz də portalda bu müraciəti yyınlamışdıq.
Hamımız inanırdıq ki, tez bir zamanda bu müraciət öz ünvanını tapacaq. Belə də oldu. Erbol Barınbetova şəhidlik statusu verildi.
Allah bütün şəhidlərimizə, həm özümüzünkülərə, həm də qazax, yəhudi, rus, ləzgi şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)