Super User
“Baş sındırma, taleyin məntiqi nədir deyə” - MİRZƏ ŞƏFİ VAZEH. Çap olunmamış 65 şeir
“Ədəbiyyat və incəsənət” portalı klassik poeziyamızın ünlülərindən olan Mirzə Şəfi Vazehin (1794-1852) indiyədək çap edilməmiş 65 lirik şeirinin dərcini davam edir. Şeirlər Azad Yaşarın təqdimatında sizlərə çatdırılır.
“Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.
Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.” (Azad Yaşar)
19
Göydən, yerdən, dəryadan Tanrı nəfəsi gəlir.
Dumanla yerə enir, odla göyə yüksəlir.
O uçurur qartalı dibsiz, əngin göylərdə,
tovuzquşuna kibri verən də elə Odur.
Xoruzlara hökm edir: “Banlayın ta obaşdan!”,
gülə aşiq bülbülü şövq ilə O oxudur.
Güclü seçilsin deyə, ixtilaflar yaradır,
axmağı hakim qılır müdrikə... bir müddətə.
Deyir: “Əgər təşnəsə o müdrik azadlığa,
içində güc taparaq
gələcəkdir qeyrətə”.
Qışın bizə vurduğu zədələrin əlacı
ilk baharla gələcək...
Odur ki qış haydadır.
Səfehin yol verdiyi hər yanlışdan müdrikin
özü üçün dərs-ibrət alması bir qaydadır.
Baş sındırma: “Taleyin məntiqi nədir?” deyə,
onsuz da varammazsan yaradılış sirrinə.
Qatlaşaraq taleyin ağrı və acısına,
şükürlü ol yazına... üsyan etmək yerinə.
20
Meydən ləzzət alanın
gecə-gündüz demədən
badəsi dolu gərək,
sözü – duzlu, məzəli.
Mey olmayan bir yerdə
dəyərsizdir hər nemət,
qiyaslarkən bilinir
hər şeyin ən gözəli.
Bizi müdrikləşdirir
şərabın xoş xumarı,
saqqalları isladır
onun al damlaları.
Dolanır başımıza
bütün ərş-fərş, mələklər.
Tərk etmirik bir an da
nəğməni, meyi, yarı.
Adi insan oğlundan
əlindəki qədəhlə
müdrik yüksəkdir, yüksək.
Vadiyə hakim olan,
göyə baş çəkən dağtək.
Gün işığında necə
bərq vurursa zirvələr,
içdiyimiz meydə də
üzlər... elə əks elər.
Bu həzzdən də vaz keçsək,
həyat bizə nə verər?!
Hansı nemət şirindir
meyin xumarı qədər?!
Ondan da dəyərli bir
nemət var, onu deyim:
Hafizəm! Mənim ilə
xəlvətə çəkilməyin,
şux ixtilat arası
mənə busə verməyin.
Müdriklər yaxşı bilir:
öz məcrasıyla axan
həyat – qısadır, qısa.
Nə fərqi var – ondan həzz
alasan, almayasan.
Burax tərəddüdləri,
gəl, bu sadiq aşiqi
meylə, işvəylə sına.
Gəl, qoşul sıramıza,
Günəş necə girirsə
dağların arasına.
21
Bülbüllər bağda içir gül ləçəyindən şəbnəm –
onlar yaxşı bələddir o ləzzətə, o dada.
Bizim dodağımızı mey isladır dəmbədəm –
bizlər yaxşı bələdik bu ləzzətə, bu dada.
Dənizdə tufan vaxtı rüzgar necə çırpırsa
o yalçın qayalara dalğaları peydərpey,
bizim damaqları da eynən elə ovar mey –
bizlər yaxşı bələdik bu ləzzətə, bu dada.
Mey – bir ruh sultanıdır, əti yox, sümüyü yox,
onun ətri, atəşi bütün dünyaya dəyər.
Kimdir təslim olmayan çağlayan, gülgün meyə?!
Bizlər yaxşı bələdik bu ləzzətə, bu dada.
22
Gec, ya da tez saatda, heç fərq etməz...
nə xoşdur
hal əhliylə oturub şirin məclis qurmağın.
Ürəkdən deyib-gülüb, lətifələr danışıb
alyanaqlı cananla qədəh toqquşdurmağın.
Mirzə Şəfi, belədə vaxt ötür duyulmadan,
hamı görür sən necə dərin ümmansan, ümman.
23
– Gül kolun başqasından ayıran nədir, səncə?
– Onun çiçək sovqatı.
– Şərabı nəfis qılan nəymiş? Bunu bilirsən?
– Damağımdakı dadı.
– Bəs insana dəyər, şan qazandıran nədir, nə?
– Onun ruhu və zatı.
– Bəs şeyx ilə müftinin fərqi nədədir, görən?
– Təkcə çalmalardadır.
Dostum, bu cavablarda hikmət də, məna da var,
İndi gedib bunlardan özün nəticə çıxar!
24
“Daim eyni mövzuda yazırsan,
buna görə
şeirlərin könlümü açmır” demişdin mənə.
“Niyə onlarda daim yer verirsən baharın,
eşqin, meyin, bülbülün, qızılgülün vəsfinə?!”
“Səncə, şair bunlardan hansını mövzu seçər:
Hap-gop, nöyüt lampası, bir də qaranlıq gecə?!
Mənsə nəğmələrimlə günəştək nur saçıram,
gözəllik aşiqiyəm, təkrarlardan qaçıram.
Başqaları aşiqsə dinə və cah-cəlala,
onda gül, mey, bir də eşq vəsfi də mənə qalar.
Mirzə Şəfi, müşk-ənbər hopubdur hər beytinə,
çünki öydüklərin də başqa cür şeirə gəlməz.
Kimsə bənzəməz sənə,
o misraları heç kəs
ağlına və dilinə əsla gətirə bilməz.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
“Balaca qara balıq!''– SƏMƏD BEHRƏNGİNİN MƏŞHUR HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün Güney Azərbaycanın görkəmli uşaq şairi Səməd Behrənginin çox məşhur “Balaca qara balıq” hekayəsi təqdim ediləcək.Razılaşın ki, Behrəngi heç də Ekzüperidən əskik yazar deyil. Təəssüf ki, biz özümüzü dünyaya yetərincə tanıda bilməmişik.
Çillə axşamı idi. Qoca balıq dəryanın dibində nəvə-nəticələrini ətrafına toplayıb onlara nağıl danışırdı:
– Biri var idi, biri yox idi, bir balaca qara balıq var idi. O, anası ilə birlikdə kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca qara balıqla anasının bir qara daşın dalında, yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşama qədər bir– birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar. Qara balıq anasının bircəsi idi. Bir neçə gün idi ki, o fikrə dalır, az danışırdı. Könülsüz və tənbəl-tənbəl o tərəfbu tərəfə gedir, geri qayıdırdı. Çox vaxt anasından xeyli geri qalırdı. Anası əvvəlcə elə bilirdi ki, sadəcə olaraq, balasının kefi yoxdur, bu kefsizlik tezliklə keçib gedəcəkdir. Lakin... Demə, balaca balığın dərdi varmış... Bir gün səhər tezdən, günəş doğmamış, balaca balıq anasını yuxudan oyadıb:
– Anacan, – dedi, – sənə bir neçə kəlmə sözüm var.
– Eh, sən də vaxt tapdın! Danışmağı sonraya saxla. Yaxşı olar ki, gəzməyə çıxaq, – deyə ana balıq gözlərini ovuşdurdu və əsnədi.
– Yox, anacan, mən daha belə gəzməyi istəmirəm. Gərək burdan gedəm, – deyə balaca balıq etiraz etdi. Anası heyrətlə ona baxıb soruşdu:
– Doğrudan getmək istəyirsən?
– Bəli, anacan, hökmən getməliyəm!
– Axı ala-qaranlıqda hara getmək istəyirsən?
– İstəyirəm gedim görüm arx harada qurtarır. Bilirsənmi, anacan, uzun müddətdir ki, fikirləşirəm, görəsən, arx harada qurtarır? Amma indiyə qədər bir nəticəyə gələ bilməmişəm. Dünən gecədən gözümü yummayıb hər şeyi götür-qoy etmişəm. Belə qərara gəlmişəm ki, özüm gedib arxın qurtaracağını tapım. Bilmək istəyirəm başqa yerlərdə nə var, nə yox...
– Mən də uşaq olanda belə fikirlərə düşmüşəm, balacan! Arxın nə əvvəli var, nə axırı. Elə gördüyün nə varsa, odur. Arx həmişə axır və qurtarmır.
– Yox anacan, belə deyil. Hər şeyin axırı var. Məsələn, gecə sona çatır, gündüz sona çatır, həftə, ay, il... Məgər bunların sonu olmur?
Balaca qara balığın qızışdığını və dil boğaza qoymayıb danışdığını görən ana balıq dedi:
– Boş-boş sözləri bir kənara qoy, dur gəzməyə çıxaq. İndi danışmaq yox, gəzib– dolaşmaq vaxtıdır.
– Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Buradan uzaqlaşmaq və baş q a yerlərdə nələr olduğunu bilmək istə yi rəm. Birdən elə bilərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boş-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm həyat elə bir qarış yer də o yan-bu yana gedib-qayıtmaqdanmı, qo calıb heç nə görməməkdənmi ibarətdir, yox sa başqa dünya da mövcuddur?
– Balacan, dəli olubsan? Dünya! Dünya! O başqa dünya nə deməkdir? Dünya elə həmin dünyadır ki, biz yaşayırıq, həyat da ki elə gördüyün yaşayışdan ibarətdir!
Bu zaman iri bir balıq onların evinə yaxınlaşdı:
– Qonşu, bəhsə girmisən, – dedi, – uşaqla nəyin üstündə belə höcətləşirsən? Deyəsən, bu gün gəzmək fikriniz yoxdur?
Ana balıq qonşunun səsini eşidib cavab verdi: – Gör zəmanə necə dəyişib?! Uşaqlar öz analarına cip-cip öyrətməyə başlayıblar.
– Necə məgər? – deyə qonşu iri balıq soruşdu.
– Gör bu cırtdan haralara getmək istəyir?! Hey deyir ki, istəyirəm gedim görüm dünyada nələr olur? Nə bilim, axmaq-axmaq sözlər!
Qonşu iri balıq: – Balaca, – dedi, – de görüm sən nə vaxtdan belə filosof və alim olubsan ki, bizim xəbərimiz yoxdur?
Balaca balıq dedi: – Xanım, mən bilmirəm siz alim, filosof nəyə deyirsiniz? Hər gün təkrar olunan cansıxıcı gəzintilərdən cana doymuşam. Be lə yorucu həyatı daha davam etdirmək is təmirəm. İstəmirəm ki, bir də gözümü açan da görüm sizin kimi qocalmışam, özü də göz-qu laqları bağlı balıqlar kimi qalmışam.
Qonşu balıq: – Vay, – dedi, – gör bu nələr danışır?!
Ana balıq dilləndi: – Heç düşünməzdim ki, bir dənə uşağım ola, o da belə çıxa! Bilmirəm, balamın qulağını hansı bədcins doldurub...
Balaca balıq dedi: – Heç kəs mənim qulağımı doldurmayıb. Anlamaq üçün mənim özümün ağlım, huşum, görmək üçün də gözüm var!
Qonşu balıq balaca balığın anasına dedi: – Bacı, o pıç-pıç danışan İlbiz yadındadırmı?
– Yaxşı yadıma saldın, yadımdadır! Tez-tez uşağımın yanına gələrdi. Görüm onu gorbagor olsun!
Balaca balıq dedi: – Bəsdir, ana! O, mənim dostum idi!
– Balıqla İlbizin dostluğunu eşitməmişdik, bunu da eşitdik!
Balaca balıq: – Mən də balıqlarla İlbizin düşmənçiliyini eşitməmişdim! Amma siz o biçarənin başını yediniz, – dedi.
Qonşu dilləndi: – Bu, keçmişin söhbətidir. Keçmişi siz özünüz yada saldınız!
Anası dedi: – Elə ölməli idi! Məgər oturub-durub nələr danışdıqları yadından çıxıb?!
– Onda məni də öldürün! Çünki mən də onun dediklərini deyirəm, – deyə Balaca balıq gileyləndi.
Axır ki, nə başınızı ağrıdım, səs-küyün sədası başqa balıqları da oraya çəkib gətir di. Balaca balığın sözləri hamını əsəbiləşdirmişdi. Qoca balıqlar bir-bir söhbətə qarışıb balaca balığa acıqlandılar:
– Elə düşünürsən ki, sənə rəhm edərik?!
– Bir qulaqburması bəsdir!
Balaca qara balığın anası onlara müqavimət göstərdi: – Kənara çəkilin! Uşağıma toxunmayın!
Bu zaman balıqlardan bir başqası balaca balığın anasına dedi: – Xanım, uşağını lazımınca tərbiyələndirmədiyin üçün əzab çəkməlisən!
Qonşu balıq sözə başladı: – Sizinlə qonşu olduğuma xəcalət çəkirəm! Başqa bir balıq dilləndi: – Nə qədər ki bu məlunun işi... Göndərək qoca İlbizin yanına. Balıqlar balaca balığı tutmaq istədilər. Dostları onu təhlükədən uzaqlaşdırdılar. Anası baş-gözünə döyür, ağlayır və deyirdi: – Allah, sən saxla! Uşağım əlimdən gedir, nə edim? Başıma haranın daşını töküm?
Balaca balıq dedi: – Anacan, mənim üçün ağlama, geridə qalmış bu qoca balıqların halına ağla.
Balıqlar yerbəyerdən çığırdılar: – Təhqir eləmə! – Get! Sonra peşman olsan, daha bizdən incimə! – Bunlar cavanlıq əlamətidir. Getmə! – Buraların nəyi pisdir?! – Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir. Qayıt! – Ağlını başına yığıb getməkdən imtina etsən, onda bilərik ki, doğrudan da, başa düşən bir balıqsan! – Biz sənə öyrəşmişik, getmə!
Ana balıq doluxsunaraq dilləndi: – Mənə rəhmin gəlsin, bala, getmə, getmə!
Balaca balıq onların dediklərinə etina etmədən uzaqlaşdı. Həmyaşıdlarından bir neçəsi onu arxın gölməçəyə tökülən yerinə qədər ötürüb geri döndülər. Balaca balıq dostlarından ayrılarkən dedi: – Görüşənə qədər, dostlar! Məni unutmayın! Dostlar: – Heç unudarıqmı? Sən bizi qəflət yuxusundan oyatdın. Bizə elə şeylər öyrətdin ki, hətta heç yuxumuza da girməzdi. Görüşənə qədər, ağıllı və cəsur dost, – dedilər. Balaca balıq şəlaləvari yerdən aşağı sürüşüb arxa nisbətən suyu çox olan gölməçəyə düşdü. Əvvəlcə özünü itirdi. Sonra üzməyə və gölməçədə dolanmağa başladı. Balaca balıq bu vaxtadək bu qədər suyun bir yerə yığışdığını görməmişdi. Suda minlərlə çömçəquyruq gəzişirdi. Balaca balığı görən kimi onu məsxərəyə qoydular: – Bir bunun təhər-tövrünə bax! Sən nə cür məxluqsan?!
Balaca balıq ani olaraq fikirləşib: – Xahiş edirəm, təhqir etməyin, – dedi, – mənim adım balaca balıqdır. Siz də adınızı deyin, tanış olaq!
Çömçəquyruqlardan biri dedi: – Biz bir-birimizi "Çömçəquyruq" çağırırıq.
O biriləri yerbəyerdən dedilər: – Əslimiz, nəcabətimiz var. – Dünyada bizdən gözəli tapılmaz! – Sənin kimi yöndəmsiz deyilik!
Balaca balıq onlara belə cavab verdi: – Sizin bu qədər xudpəsənd olduğunuzu bilmirdim. Amma nadanlıq üzündən belə danışdığınız üçün sizi bağışlayıram. Çömçəquyruqlar səsləndilər: – Deməli, biz nadanıq?
– Nadan olmasaydınız, başa düşərdiniz ki, hər kəs üçün öz təhər-tövrü xoşdur. Allaha şükür, sizin heç adınız da özünüzünkü deyil.
Çömçəquyruqlar əvvəl əsəbiləşdilər. Sonra balaca balığın haqlı olduğunu görüb sözlərini dəyişdilər. – Sən özünü nahaq yerə yorursan, – dedilər, – biz səhərdən axşama qədər dünyanı gəzirik, amma özümüzdən, ata və anamızdan, saysız-hesabsız balaca qurdlardan, böcəklərdən başqa heç kəsi görmürük.
Balaca balıq soruşdu: – Siz ki gölməçədən qırağa çıxa bilmirsiniz, dünyanı gəzib-dolanmaqdan necə dəm vura bilərsiniz?
Çömçəquyruqlar təəccübləndilər: – Məgər gölməçədən başqa da özgə dünya var? –Bəs necə? Özünüz fikirləşin, görün yaşadığınız su hardan axıb gəlir və sudan kənarda nələr var? – Sudan qıraqda da yer olar? Biz indiyə qədər sudan başqa heç yeri görməmişik. Ha, ha, ha, sən dəli olubsan, nədir?!
Balaca Qara Balığı da gülmək tutdu. Fikirləşdi ki, çömçəquyruqları başa salmadan çıxıb getsin. Sonra belə qərara gəldi ki, onların anaları ilə də bir-iki kəlmə danışsın. – Ananız haradadır? Bu zaman qurbağanın gur səsi onu diksindirdi. Qurbağa gölməçənin qırağındakı iri daşın üstündə oturmuşdu. Suya baş vurdu, gəlib balığın qarşısında dayandı: – Mən buradayam, – dedi, – qulluq?! – Möhtərəm xanım, salam! – Ey əsil-nəcabətsiz vücud! Nə əllaməlik edirsən? Bunları uşaq görüb axmaq–axmaq danışırsan? Bir belə ömür eləmişəm və başa düşmüşəm ki, dünya elə bu gölməçədən ibarətdir. Yaxşı olar ki, işinin dalısınca gedəsən, mənim uşaqlarımı yoldan çıxarmayasan. – Yüz il də ömr eləsən, yenə geri qalmış, nadan qurbağa kimi qalacaqsan!
Qurbağa hirsləndi və balaca qara balığın üstünə cumdu. Bu zaman gölməçənin dibi bir-birinə qarışdı. Balaca balıq aldığı təkandan dığırlandı, özünü dərədən axan enli arxda gördü. Dərə əyri-üyrü idi. Dağın başından baxanda dərənin suyunu enli, ağ ipə oxşatmaq olardı. Dərənin bir yerində dağdan qopub arxa düşmüş iri bir daş suyu iki yerə bölürdü. İri bir kərtənkələ də qarnını daşa söykəmişdi. Günəşin hərarətindən ləzzət alır, suyun təkində ovladığı qurbağanı yeyən iri, yumru xərçəngə tamaşa edirdi. Elə bu an oradan üzüb keçmək istəyən balaca balığın gözləri xərçəngə sataşdı. O, bərk qorxdu və uzaqdan xərçəngə salam verdi. Xər çəng balaca balığı görüncə: – Nə ədəbli balıqsan, – dedi, – gəl qabağa. Balaca, gabağa gəl!
Balaca balıq: – Mən dünyanı gəzməyə gedirəm, – deyə xərçəngə cavab verdi, – cənabınızın yeminə çevrilmək istəmirəm! – Niyə belə bədbinsən, qorxaqsan, balaca balıq? – Nə bədbinəm, nə də qorxaq. Gördüklərimi deyirəm. – Çox yaxşı, indi de görüm, gözlərin nə gördü və əqlin nə kəsdi ki, səni ovlayacağımı xəyalına gətirdin? – Özünü bilməməzliyə vurma! – Bilirəm, qurbağanın hərəkətlərinə işarə edirsən. Lap uşaqsanmış ki, bala! Qurbağalarla aram olmadığı üçün onları ovlayıram. Onlar elə xəyal edirlər ki, dünyanın yeganə məxluqlarıdılar və hamıdan xoşbəxtdilər. İstə yirəm onları başa salam ki, dünya kimin əlindədir. Sən isə qorxma, qadası! Gəl qabağa. Qorxma, gəl!
Xərçəng bu sözləri deyib yanlarını basabasa balaca balığa tərəf yeridi. Xərçəng elə gülməli yeriyirdi ki, balığı ixtiyarsız olaraq gülmək tutdu. – Ay yazıq, – dedi, – sən heç yeriməyi də bacarmırsan. Haradan bilirsən dünya kimin əlindədir?! Balaca balıq xərçəngdən aralandı. Bu zaman suyun üzərinə kölgə düşdü. Gözlənilməz zərbədən xərçəng səndələyə-sən dələyə suyun dibinə batdı. Xərçəngin bu halını görən kərtənkələni gülmək elə tutdu ki, az qaldı sürüşüb suya düşsün. Xərçəng isə artıq suyun üzünə çıxa bilmədi. Balaca balıq gördü ki, suyun kənarında balaca bir çoban dayanıb ona və xərçəngə tamaşa edir. Qoyun-keçi sürüsü də suya yaxınlaşdı. "Mə-mə! Bə-bə!" səsləri dərəni başına götürdü. Balaca balıq sürünü su içib qurtarana qədər gözlədi. Sürü gedəndən sonra kərtənkələni səsləyib: – Kərtənkələcan, – dedi, – mən arxın qurtaracağını axtarmağa gedən balaca qara balığam. Sən bilikli, zəkalı heyvansan. Buna görə də səndən bəzi şeyləri soruşmaq istəyirəm. – Xətrin hər nə istəyir, soruş. – Yolda məni nərə balıqla, saqqa quşu ilə, balıqudan quşla çox qorxudublar. Bunlar haqqında bir şey bilirsənsə, mənə de! Kərtənkələ dedi: – Nərə balıqlar və balıqudanlar bu tərəflərdə tapılmazlar. Xüsüsilə nərə balıqlar. Çünki onlar dənizdə yaşayırlar. Amma saqqa quşuna elə bu həndəvərdə rast gəlmək olar. Nəbadə aldanıb kisəsinin içərisinə girərsən. Kisə nədir? – Balaca balıq onun sözünü kəsib soruşdu. – Saqqa quşunun boğazının altında xeyli su tutan kisə var. Bəzən təcrübəsiz, xam balıqlar suda üzən quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Saqqa quşu tox olanda balıqları kisəsində ehtiyat saxlayır. – Deməli, onun qarnına gedəndən sonra xilas olmaq üçün çarə yolu yoxdur? – Yoxdur. Kisəni parçalamaqdan başqa heç bir yol yoxdur. Sənə bir xəncər verərəm. Saqqa quşunun çənginə düşsən, dediyim kimi edərsən.
Kərtənkələ qayadakı yarığa sürünüb xəncərlə qayıtdı. Balaca balıq xəncəri alıb dedi: – Kərtənkələ, sən çox mehribansan, bilmirəm sənə necə təşəkkür edim? – Canım, təşəkkür nəyə lazımdır, mənim belə xəncərim çoxdur, sənin kimi ağıllı balıqlara bağışlayıram. – Məgər məndən qabaq da buradan keçən olub? – Çoxları keçib. İndi onlar özləri üçün böyük dəstə düzəldiblər...
Kərtənkələ bunları deyib qulağını daşdakı yarığa dayadı: – Di sağ ol, – dedi, – balalarım yuxudan ayıl dığı üçün getməliyəm. Kərtənkələ yarığa girdi. Balaca Balıq isə çarəsiz qalıb yola düşdü. Hey öz-özünə sual verirdi: “Doğrudanmı arx dənizə tö kü lür? Saqqa quşun gücü elə mənə çatsın?! Balıqudan quşun bizimlə nə düşmənçiliyi var?”
Balaca Balıq üzə-üzə gedir və fikirləşirdi. Yol boyu təzə şeylər görür, öyrənirdi. Şəlalənin başı üstə axmasından həzz alır, yenidən üzürdü. Kürəyində günəşin hərarətini hiss edir və möhkəmlənirdi. O sonra elə bir yerə çatdı ki, burada dərə enlənir, su isə kolluqların arasından axıb gedirdi. Balaca Balıq suyun çoxalmasından ləzzət alırdı. Xeyli gedəndən sonra o, çoxlu balığa rast gəldi. Anasından ayrılandan bəri balıq görməmişdi. Bir neçə rizə balıq onu dövrəyə aldı və soruşdu: – Elə bil qəribsiniz? – Bəli, qəribəm. Uzaq yerdən gəlirəm.
Rizə balıqlar dedilər: – Hara getmək fikrindəsən? – Arxın qurtardığı yeri tapmağa gedirəm. – Hansı arxın? – Biz buna arx yox, çay deyirik.
Balaca Balıq heç nə demədi. Rizə balıqlardan biri dilləndi: – Xəbərin var ki, saqqa quşu yolu kəsib? – Xəbərim var, bilirəm… Başqa bir rizə balıq soruşdu: – Onu da bilirsən ki, saqqa quşunun nə geniş kisəsi var? – Onu da bilirəm. – Bunları bilə-bilə yenə getmək fikrindəsən? – Bəli, bütün bunları bilirəm və getməliyəm.
Balıqlar arasında səs yayıldı ki, uzaq yollardan gəlmiş Balaca Qara Balıq çayın qurtaracağını tapmaq istəyir və saqqa quşun dan da qorxmur. Rizə balıqlardan bir neçəsi Balaca Qara Balıqla getmək istədi, lakin böyüklərin qorxusundan səslərini çıxartmadılar. Hətta onların bir neçəsi Balaca Qara Balığa yanaşıb qımıldandı. – Saqqa quşu olmasaydı, biz də səninlə gedərdik…
Çayın qırağında bir kənd var idi. Kəndin qadınları və qızları çayın içində qab-qacaq və paltar yuyurdular. Balaca Balıq onların səs-küyünə bir xeyli qulaq asdı və uşaqların islanmış bədənlərinə tamaşa etdi, sonra yola düzəldi. O qədər getdi ki, axşam oldu. Balaca bir daşın altına girib yatdi. Gecəyarı ayıldı və gördü ki, ay suya düşüb, hər yeri işıqlandırır. Balaca Balıq ayı çox istəyirdi. Gecələr ay suya düşəndə yuvadan çıxıb onunla bir neçə kəlmə danışmaq həsrətindəydi. Amma hər dəfə anası ayılıb onu yuvasına dartar və yenidən yatırdardı. Bu dəfə Balaca Balıq ayın qarşısına çıxdı:
– Salam, ey mənim göyçək ayım!
Ay da Balaca Qara Balığı mehribanlıqla qarşıladı:
– Salam, mənim Balaca Qara Balığım! Sən hara, bura hara? – Dünyanı səyahətə çıxmışam. – Dünya çox böyükdür, sən hər yeri gəzə bilməzsən. – Eybi yoxdur, bacardığım yerə qədər gedəcəyəm. – Ürəyim çox istəyirdi ki, səhərə qədər yanında qalam, amma böyük bir qara bulud mənə tərəf gəlir. Qorxuram işığımın qabağını kəssin. – Ey qəşəng ay, sənin işığını çox sevirəm. Ürəyim istəyir ki, nurun həmişə yoluma işıq saçsın. – Mənim Balığım, düzünü axtarsan, mənim işığım yoxdur, işığı mənə günəş ve rir, Mən də onu yerə saçıram. Bilirsənmi ki, adamlar yaxın gələcəkdə uçmaq, gəlib mənim üzərimə düşmək arzusundadırlar? –Bu mümkün deyil! –Düzdür, bu, çox çətin işdir, ancaq insan öz istədiyinə…
Ay sözünü qurtara bilmədi. Qara bulud gəlib onun üzünü örtdü, yerə qaranlıq çökdü. Qara Balıq yenə də tək-tənha qaldı. Bir neçə dəqiqə heyrət içərisində qaranlığa baxdı. Sonra daşın altına çəkilib yatdı… Subh tezdən ayılanda başının üstündə pıç–pıçla danışan bir neçə rizə balıq gördü. Onlar Qara Balığın yuxudan ayıldığını görüb dedilər: –Sabahın xeyir! Qara Balıq onları tanıdı: –Sabahınız xeyir olsun! – dedi. – Nəhayət, ardımca gəlib mən deyən yola düşdünüz? Rizə balıqlardan biri: – Bəli, – dedi, – ancaq hələ də qorxu canımızdan çıxmayıb. Bir başqa balıq: – Saqqa quşunun fikri bizi rahat buraxmır, – deyə dilləndi. Balaca Qara Balıq: – Siz çox fikirləşirsiniz. Hər şeyə fikirləşmək, özü də bir dəfəyə fikirləşmək düz deyil. Yola düşən kimi qorxu bizi tərk edəcəkdir, – deyə cavab verdi. Birlikdə yola düşmək istədilər. Gördülər ki, dövrələrindəki su yuxarı qaxdı, başları üzərinə örtük çəkildi. Hər yer qaranlıqlaşdı, qaçmağa imkan qalmadı. Balaca Qara Balıq o saat başa düşdü ki, Saqqa quşunun kisəsinə düşübdür. Balaca Qara Balıq dedi: – Dostlar, biz Saqqa quşunun kissəsinə düşmüşük, lakın xilas olmaq üçün yol var. Rizə balıqlar ağlayıb ah-zar etməyə başladılar. – Artıq bizm qaçmaqa yolumuz yoxdur! Təqsir səndədir. Bizi yoldan çıxardın! – İndi bizim hamımızı “qurt” eləyib udacaq. Qorxunc bir qəhqəhə səsi eşidildi. Bu, Saqqa quşu idi, gülürdü və gülə-gülə deyirdi: – Rizə balıqlar necə də girimə keçib! Ha! Ha! Ha! Ha! Sizin halınıza yanıram, heç ürəyim gəlmir, sizi “qurt” eləyib udum. Ha! Ha! Ha! Ha! Rizə balıqlar yalvarmaqa başladılar: – Həzrəti-ağayi Saqqa quşu, sənin tərifini çoxdan eşitmişik, lütf edib mübarək dimdiyini bir qədər aralasaydın, buradan xilas olub mübarək vucuduna duaçı olardıq. Saqqa quşu dedi: – Mən hələ bu saat sizi “qurt” eləyib udmaq fikrində dəyiləm. Kisəmdə ehtiyat balıqlar var, bir qarnımın altına baxın. Kisənin aşağı hissəsində iylənmiş bir neçə rizə balıq var idi. Rizə balıqlar bir səslə dedilər: – Həzrət-ağayi saqqa quşu, bizim günahımız yoxdur, bu Balaca Qara Balıq bizi yoldan çıxardıb… Balaca Balıq: – Qorxaqlar! – dedi. – Siz elə xəyal edirsiniz ki, yalvarmaqla bu hiyləgər rəhmdillik edib sizi buraxacaq? Rizə balıqlar qorxuya düşüb dedilər:– Heç nə danışdığını da bilmirsən. İndi görərsən ki, həzrəti-ağayi saqqa quşu bizi necə bağışlayacaq və səni necə “qurt” eləyəcəkdir! Saqqa quşu dilləndi: – Doğrudur, sizi bağışlayıram, ancaq bir şərtlə! – Şərtinizi buyurun, sizə qurban! –Azadlığınızı bu boşboğaz balığı öldürməklə əldə edə bilərsiniz. Balaca Qara Balıq bir qədər dala çəkilib Rizə balıqlara: – İnanmayın, – dedi, – bu hiyləgər bizi bir-birimizin canına salmaq istəyir, mənim başqa fikrim var! Rizə balıqlar azadlığa çıxmaq istəyi ilə Balaca Qara Balığın dediklərinə qulaq asmadılar, qalxıb onun üstünə düşdülər. Balaca Balıq yavaş-yavaş arxaya çəkilib: – Qorxaqlar! – dedi, – hər halda, girə düşmüsünüz, qaçmağa da yolunuz yoxdur. Mənə də ki gücünüz çatmaz! – Biz azadlıqa çıxmaq istəyirik, onun üçün də səni öldürməliyik! – Ağlınızı başınıza yığın! Məni öldürsəniz də, qaçmaq üçün yol tapa bilməyəcəksiniz. Hiləgər quşa inanmayın! – Sən əsla bizim fikrimizi çəkmirsən, bu sözləri öz canını qurtarmaq ücün deyirsən! – Elə isə qulaq asın, sizə nicat yolu göstərim. Mən özümü ölülüyə vurub ölü ba lıqların içərisində gizlənəcəyəm. Görək saq qa qu şu sizi azad edəcəkdirmi?! Əgər sö zümə qulaq asmasanız, bu xəncərlə hamı nızı qıraraq quşun da kisəsini parçalayıb çı xa ram. Siz isə … Rizə balıqlardan biri onun sözün kəsib: – Daha bəsdir! – dedi, – mən bu sözlərə inanmaq istəmirəm. – O, bu sözləri deyədeyə ağlamağa başladı. Balaca Qara Balıq onun ağladığını görüb dedi: – Bu anasının naz-naz balasını niyə yanınıza salıb gətiribsiniz? O, xəncərini çıxarıb balıqların üstünə cumdu. Rizə balıqlar çarəsiz qalıb Balaca Qa ra Balığın təklifini qəbul etdilər. Yalandan bir-birləri ilə dalaşmağa başladılar. Balaca Qara Balıq özünü ölülüyə vurub uzandıqda onlar yuxarı qalxdılar: – Həzrəti-ağayi saqqa quşu,– dedilər, – füzül Qara Balığı öldürdük. Quş güldü: – Çox yaxşı iş gördünüz,– dedi, – bunun əvəzinə sizin hamınızı diri-diri udacağam, qarnımda istədiyiniz qədər gəzərsiniz. Rizə balıqlar macal tapmamış bir andaca Saqqa quşu onları uddu. Qara Balıq istə cəld xəncərini çəkib mökəm zərbə ilə quşun kisəsini yırtdı və deşikdən çıxıb qaçdı. Saqqa quşu aldığı zərbənin ağrısından fər yad qopardı, başını suya salıb Balaca Qara Balığı yenidən tutmaq istədi. Lakin gücü çatmadı… Günorta idi. Artıq nə dağ görünürdü, nə dərə. Çay axıb geniş düzənlikdən keçirdi. Çayın sağ–solundan tökülən kiçik çaylar onun suyunu qat-qat artırırdı. Balaca Qara Balıq suyun çoxluğundan ləzzət alırdı. Birdən ayılıb gördü ki, suyun dibi görünmür. O yan-bu yana baş vurdu, heç yana çıxa bilmədi. Az qala qərq olmuşdu. Ürəyi istədiyi qədər üzəndən sonra da əli bir yana çatmadı. Birdən gördü ki, burnunda mirvari dişləri olan uzun bir heyvan ildırım sürəti ilə ona hücum edir. Balaca Qara Balıq hiss etdi ki, heyvan bu saat onu parça-parça edəcəkdir. Çapalayıb tez suyun üzərinə qalxdı. Bir müddətdən sonra suyun altına endi. Yolun yarısında minlərə balıq dəstəsinə rast gəldi. On lardan birini saxlayıb soruşdu: –Qardaş, qəribəm, uzaq-uzaq yerlərdən gəlirəm. Deyin görüm, bura haradır?
O dönüb Balaca Qara Balığa dedi: –Qardaş, bizim dənizə xoş gəlibsən! Balıqlardan biri dedi: –Bütün çaylar və arxlar bura tökülür. Başqa bir balıq isə: –İndi get bir az gəz. Suyun üzünə çıxmaq istəsən, balıqudandan ehtiyatlı ol. Bu günlər o heç kəsdən qorxmur. Hər gün dörd–beş balıq ovlanmasa, yaxamızdan əl çəkmir, – dedi. Balaca Balıq dəniz balıqlarının dəstəsindən aralanıb təklikdə üzməyə başladı. Az sonra dənizin üstünə çıxdı. İndi o, qızmar günəşin yandırıcı hərarətini öz kürəyində hiss edir, bundan ləzzət alırdı. Aramla üzür, öz-özünə deyirdi: “Bu saat ölüm çox asanlıqla mənim sorağıma gələ bilər. Ya şamağa qadir olduğum halda onu özümə yaxın buraxmamalıyam”. Balaca Qara Balıq fikir və düşüncələrini sona çatdıra bilmədi. Balıqudan gəldi, onu götürüb apardı. Balaca Balıq balıqudanın uzun dimdikləri arasında çapalasa da, özünü xilas edə bilmədi. Balıqudan dimdiyi ilə onun belini elə bərk sıxırdı ki, az qala canı çıxacaqdı. Digər tərəfdən də Balaca Qara Balıq sudan qıraqda nə qədər sağ qala bilərdi? Ölümün qabağını almaq üçün lap Balıqudanın qarnına getməyə razı idi, axı ora dakı nəmişlikdən istifadə edə bilərdi. Buna görə balıqudana dedi: – Nə ücün məni sağ-sağ udmursan? Mən o balıqlardanam ki, öləndən sonra bütün bədənim zəhərə dönər. Balıqudan heç nə deməyib fikrə getdi: “Ay hoqqabaz, istəyirsən məni dilləndirib aradan çıxasan?” Sahil getdikcə yaxınlaşırdı. Balaca Qara Balıq “quruya çatsaq, daha iş bitdi” deyə düşündü və nəhayət, balıqudana dedi: – Bilirəm, məni balaların üçün aparırsan. Amma sahilə çatana qədər öləcəyəm, bədənim zəhər kisəsinə dönəcək, balalarına niyə rəhmin gəlmir?! Balıqudan bir anlıq fikrə getdi: “Ehtiyat yaxşı şeydir. Hər ehtimala qarşı onu özüm yeyim, balalarım üçün isə başqa balıq tutum… Birdən bu, bir kələk işlədər… Yox, canım, heç bir kələk işlədə bilməz”.
Sonra gördü ki, Qara Balıq sustalıb candan düşür. Öz-özünə dedi: “Deyəsən, öldü, artıq onu özüm də yeyə bilmərəm”. Zərif və yumşaq balığı yeməkdən ehtiyat elədi. Ancaq yenə Qara Balığı səsləyib ölüb-ölmədiyini müəyyən etmək istədi. Düşündü ki, yarımcandırsa, yesin, ölübsə… Dimdiklərini aralayan kimi Qara Balıq onun ağzından xilas oldu. Balıqudan aldandığını görüb Balaca Qara Balığı təqib etdi. Balaca Qara Balıq havada ildırım kimi şığıyıb aşağı düşür, ağzını açıb dənizin rütübətli havasını udurdu. Nəhayət, suya düşdü. Köksünə yeni nəfəs doldu. Balıqudan da ildırım sürəti ilə şığıyıb arxasınca suya baş vurdu, aman verməyib yenə də Balığı uddu. Balaca Qara Balıq bir xeyli vaxt başına nə gəldiyini hiss etmədi. Bircə onu hiss etdi ki, hər yer qaranlıq və rütubətlidir, çıxış yolu isə yoxdur. Elə ki gözləri qaranlığa alışdı, ağlayıb anasını istəyən bir rizə balıq gördü. Yaxınlaşıb ona nəsihət verdi: – Qalx ayağa, ay balaca! Başına çarə qılmaq haqqında fikirləş, ağlamaqdan, ananı çağırmaqdan bir şey çıxmaz. Rizə balıq soruşdu: – Sən kimsən? Məgər görmürsən getgedə məhv oluram? Ana… Ay ana, hardasan, imdadıma çat! Daha mən səni görə bilməyəcəyəm, ana! Balaca Qara Balıq: – Daha bəsdir, canım, – dedi, – sən bütün balıqları rüsvay elədin.
Rizə balıq ağlamağına ara verən kimi Balaca Qara Balıq dedi: – Mən balıqudanı öldürüb bütün balıqları azad etmək fikrindəyəm. Səni onun qarnından xilas edəndən sonra bunu həyata keçirmək istəyirəm. – Sən özün ölümlə əlbəyaxasan. Balıqudanı necə öldürə bilərsən? Balaca Qara Balıq xəncərini göstərib dedi: – Bununla onun qarnını cıracağam. Hələlik mənə qulaq as, gör nə deyirəm. Mən balıqudanın qarnında o tərəf-bu tərəfə gedib onun əsəbləri ilə oynayacağam. Bu zaman o məni məsxərəyə qoyub başlayacaq qəhqəhə çəkib gülməyə, elə ki dimdiklərini açıb gülməyə başladı, cəld özünü bayıra at. – Bəs sən? – Mənim fikrimi çəkmə. Bu bədcinsi öldürməmiş bayıra çıxası deyiləm. Balaca Qara Balıq bu sözləri deyib b alıqudanın qarnında o tərəf-bu tərəfə var-gəl etməyə başladı. Rizə balıq isə onun ağzından bayıra atıldı və suya düşdü. Çox gözlədi, xilaskarından xəbər çıxmadı. Birdən gördü ki, Balıqudan havada mayallaq vurub fəryad qoparır…
Nəhayət, o, müvazinətini itirib şap pıltı ilə suya düşdü, yenə bir qədər ça palayandan sonra taqətdən düşdü. Lakin Ba laca Qara Balıqdan yenə də xəbər çıxmadı və in diyə qədər də bir səs-soraq yoxdu.
Burada Qoca Balıq nağılını bitirdi. Üzünü on bir min doqquz yüz doxsan doqquz nəvə və nəticəsinə tutub dedi: –Daha yatmaq vaxtıdır, balalarım, gedin yatın! Nəvə-nəticələri ondan soruşdular: – Nənəcan, axı sən Balaca Qara Balığın başına sonra nələr gəldiyinı demədin?
Qoca Balıq dedi: – O da sabahkı gecəyə qalsın, balalarım. Artıq yatmaq vaxtıdır. Gecəniz xeyrə qalsın!
On bir min doqquz yüz doxsan doqquz bala balıq bir ağızdan: – Gecəniz xeyrə qalsın! – dedi və yatmağa getdi.
Nənəni də yuxu apardı. Balaca Qızıl Balıq isə nə qədər çalışdısa, yata bilmədi. Sübhədək dəniz barədə fikirləşdi…
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
Şəhidlər barədə şeirlər – Ülvi Azayev
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ülvi Azayevəhəsr edilmiş şeirlə tanış olacaqsınız.
ÜLVİ MAQSUD OĞLU AZAYEV
(04.11.2001.-02.10.2020.)
Kürdəmirin Ərəbqubalı kəndindən olan, Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
QƏHRƏMAN ÜLVİ BALAM
(Anası Şövqiyə xanımın dilindən)
Mənim sevimli oğlum,
Qəlbim, qanadım-qolum,
Mən sənə qurban olum,
Qəhrəman Ülvi balam.
Sən ətirli çiçəkdin,
Bizə arxa, köməkdin,
Saf arzuydun, diləkdin,
Qəhrəman Ülvi balam.
Kənddə sevimli idin,
Gündən-günə böyüdün,
Mənim qorxmaz igidim,
Qəhrəman Ülvi balam.
Demişdim, illər keçər,
Böyüyüb olar əsgər,
Göstərər mərdlik, hünər,
Qəhrəman Ülvi balam.
Sadə, mehriban idi,
Gülərüz, cavan idi,
Sanki pəhləvan idi
Qəhrəman Ülvi balam.
Əsgərliyə yollandı,
İçəndə əsgər andı
Özünü xoşbəxt sandı,
Qəhrəman Ülvi balam.
Snayper-avtomatlı,
Xüsusi təyinatlı,
Cürətli, yel qanadlı,
Qəhrəman Ülvi balam.
Deyirdi, “Bu torpağı,
Yurdumuz Qarabağı,
Tərk etməlidir, yağı.”
Qəhrəman Ülvi balam.
Arzusuna yetdi o,
Əla qulluq etdi o,
Ürəklərdə bitdi o,
Qəhrəman Ülvi balam.
Məşəl oldu, sönmədi,
Bayraq oldu, enmədi,
Amalından dönmədi
Qəhrəman Ülvi balam.
Qurban olum adına,
Çatmasam da dadına,
Deyirəm övladıma,
-Qəhrəman Ülvi balam.
Sən, ürəyim, canımsan,
Hər vaxtım, hər anımsan,
Vüqarımsan, şanımsan,
Qəhrəman Ülvi balam.
Məzarını öpürəm,
Üstünə gül səpirəm,
Qürur ilə deyirəm:
-Qəhrəman Ülvi balam.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
“Yol” - Aysel Fikrətin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin “Yol” hekayəsini təqdim edir. Müəllif bu hekayəsini dostlarına ithaf edib.
Hekayə müəllif diliylə yazılır, qəhrəmanı bir kişidir. Həyatından tam narazı olan bir kişi…
Səhər açıldımı - ilk işim televiziya kanallarına qoşulmaq olur. Anlamı olmayan xəbərlərə qulaq asmaqla, gündəlik qayğılardan bir az uzaq olmaq istəyindən bunu edirəm.
Kofeni südlə hazırlayıb, o biri otaqda hələ də yatan arvadıma tərəf boylandım.
"İşə getməyəcəksən ?" -soruşdum.
Yuxudan oyanmamış danışmağa başladı. Evin kiçik, havasız olduğu mövzusunda başlayıb ta birvaxtlar ona etdiyim evlənmək təklifimə qədər birnəfəsə danışdı. Bəlkə də mən pillələri düşəndə o hələ danışırdı. Pillələri düşə-düşə arxamca peşmanlıq küləyi əsirdi.
Görəsən peşmanlığın rəngi necə olur? Bəs peşmanlıq necə görünərdi, əgər insan olsaydı? Arvadım mənə rast gəldiyinə görə çox peşman idi.
İşə çataçatda canıma elə bir sıxıntı çökdü ki, bu gün işə getməyəcəmi düşündüm.
Onsuz da redaksiyada ilan mələyir. Düzdü, işlərim üst -üstə tökülüb qalıb, amma nəşriyyatın da o sökülüb dağılan mərtəbələrində dolaşmağa, anlamsız bir nöqtəyə baxib siqaret çəkə-çəkə saatları saymağa heç zərrə qədər həvəsim qalmamışdı. Bu bir-birinə bənzər günlərin zəncirini qırmaq istəyirdim. Üz tutdum rayonlara.
Saat doqquzu keçən kimi təsisçi başımı xarab edəcək: "Hardasan, niyə gecikmisən?". Hardansa hec zaman görmədiyim adamlar gəlib işdə məni axtaracaq. Ona görə ilk işim telefonumu söndürmək oldu. Sözün düzü, hara getdiyimi bilmirdim.
Havada duman var idi. Bu dumanın sıxıntısı əvvəl ayaqlarımı sıxıb sanki ürəyimə qədər yol getdi. Canımda elə bil gizilti var idi ki, mən heç xiffət çəkməmişdim indiyə qədər. Nəyin, kimin fikrini edirəm, heç bilmirdim. Bu boşluğun adı elə boşluq idi.
Bu yolun sonunda nə var, düşünmədim. Artıq şəhərdən çıxırdım. Yadıma hardansa atamın 07-si düşdü, məhəllədə futbol oynadığım qayğısız günlər, üstü sökülmüş, altı qopmuş butsım...
Yamyaşıl yarpaqların arasından atamın göy rəngli 07-si görünən kimi yerimdən sıçrayırdım.
Qıpqırmızı köynəyim var idi. Nənəm kənddən göndərmişdi.
Bilmirəm, bəlkə yorğan üzündən tikmişdi bunu mənə. Saçlarım həmişə dağınıq, toz - torpağın içində olurdu. Atam məni danlaya -danlya evə qaldırırdı. Anam da danlamaqda geri qalmırdı. Sonra əynimi, başımı təmizləyirdi. Cimdirməyi də yadımdadı. İsti suyu tökürdü başıma. Olub ki, əlindən çıxıb qaçmışam. Kurəyimi elə sürtürdü ki, elə bil indi, bu dəqiqə məni öldürəcək. Anam atamdan daha sərt idi.
Atamın ürəyi yuxa idi...
Arvadımla on ildir evliyik.
Övladımız olmur.
Mən gənc vaxtlarımda şeir yazırdım. Sonra atam dedi: - "Get bir iş-güc tap".
Düzdü, jurnalistikanı oxudum, çörəyim yenə qələmdən çıxdı.
- Tfu sənə, lənət şeytana. Bu da xarab olmağa vaxt tapdı.
Maşın yolun tən ortasında dayanmışdı. Kapotu açdım, tüstü-duman bürüdü aləmi. Şəhərdən də uzağam. "Özünə macəra axtar" dedilər. Daha demədilər ki, başına bəla aç. Yaxşı yerdə axşamladım.
Yolun qırağında oturmuşdum ki, bir maşın gəldi mənə kömək etdi. Heç kəlmə də demədi, çıxdı getdi. Əvvəl elə bildim bacarmayıb, sonra maşına minəndə gördüm ki, işlədi.
Bir az getmişdim ki, yol-qayda tablolarının dəyişdiyini hiss etdim. Bir də düşdüm, bir də baxdım. Asfaltda olan rəng, havada olan mistik tüstü məni qorxutmağa başladı. Maşına oturub, radionu açdım. Gülağa oxuyurdu.
Nəsə ürəyimə əminlik gəldi. Bir az da getmişdim ki, aparıcı qabaqcıl pambıq ustalarından söhbət açdı. Maşını necə gəldi saxlayıb, özümü yenə çölə atdım. Yolda bir maşın belə yox idi. İçimdə izaholunmaz qorxu var idi. Yolu üzü günəşə tərəf qaçmağa başladım. Keçmişə düşdüyümü dərk edə bilmirdim. Yenidən geri qaçıb, maşına oturub geri dönüb qayıtmağa başladım. Yolda maşın yox idi. Radioda pioner düşərgələrindən söhbət gedirdi. Belə məlum oldu ki, 82-ci ildir.
Ümid edirdim ki, yol qutaracaq, mən birtəhər Bakının köhnə küçələriylə evimizi tapa biləcəm. Yalnız yol qutarmırdı. Artıq hava qaralırdı. İçimdə olan boşluq hissi qorxu hissi ilə əvəz olundu. Yolun kənarı tamam ucurum idi. Və mən hələ də ayırd edə bilmirdim ki, bu hansı yoldur. Bu yolun sonu tukənmirdi.
Telefonum tam donmuşdu.
Hardasa, kimsə adımı səsləyirdi sanki.
"Mən niyə bu boşluğa düşdüm?" - deyə, üsyan edirdim. Birdən bu keçmişin elə bu bilinməz yolunda özümü öldürmək istədim.
"Keçmişdə nicat axtaranın yolu da bu olar yəqin" - düşündüm. Yolu davam etdim. Qarşıma çıxan ilk uçurumdan özümü atacaqdım. Keçmişdə kimdi məni axtaran? "Qeyb oldu" - deyəcəklər. Nə məclis olacaq, nə ağrı, nə dərd.
Onsuz da yaşaya bilmirəm. Ev yox, eşik yox. Nə qədər kirayədə qalım? Hələ borcları demirəm.
Elə rahat, elə azad olmuşdum ki,
ruhum sanki sevincdən canımdan çıxıb uçacaqdı. Sevinc hissim məni boğurdu. Yola davam etdim. Artıq gecəyə yaxın həmin uçurumu tapdım.
“Əcəb ölməli yerdi" düşündüm.
Ömür uzunu gələn zənglərdən bezərdim. Lakin indi mənim insan səsi eşitmək istəyim oyandı. Kaş bir adam heç olmasa məni səsləyərdi. Heç tək ölmək ləzzət etmir.
- Yox, elə yaxşısı budur - deyib həvəsləndim. Gedib uzaqda tək ölmək!
Allah məni bura, bu yerə ölməyə gətirib, bəs necə. Başqa vaxt anam, arvadım özlərini öldürəcəkdi, adam ölməyə də peşman olur.
İçimdə qəribə bir qorxu oyandı.
Sonra yenə bir-bir bütün dərdlərimi yada salıb, canı-dildən qollarımı açdım.
Dumanın içində böyük bir boşluq görünürdü. Mənə bu dünyada bir doğma səs radio idi, o da indi rus dilində zəhmətkeş mahnıları oxudurdu.
- Ya Allah - deyib, kəlmeyi səhadətimi gətirdim.
İki qolumu yana açıb, ğözlərimi yumdum. Gözlərimin önündə sarı, ağ duman ruhumu bürüdü, ayaqlarım əsməyə başladı. Bir necə dəfə təkrar özümü toplayıb üfüqə baxdım. Artıq tam qərarlı idim.
Hətta ayağımın altından bir neçə daş boşluğa diyirləndi.
Gül kimi ölürəm. Nə şəhərin səs-küyü, nə qaynanamın kinli baxışı, nə arvadımın narahat üzü, nə müdirin istehzası, heç nə...
- Nə əla yerdəyəm, nə düşmən var, nə dost var -deyib özümü boşluğa atmağa tam hazırladım.
Telefonuma gələn səs məni diksindirdi . Ayılıb yan yörəmə baxdım. Yox, həminki yer idi. Elə həmin yerdə idim. Əlimi cibimə atdım.
Telefonum öz-özünə yanmışdı.
Arvadım nəsə şəkil göndərib.
“Əzizim bu şəklə bax” yazıb.
Baxıb heç nə anlamadım.
Altında yazılıb - "Ata olacaqsan"
Sevindiyimdən ayağımın altından torpaq qaçdı. Tez özümü arxaya atıb, maşına qaçdım.
Geri çevirdim. Yollar, radio - hər şey əvvəlki kimi idi. Şəhərdən də çox aralı deyildim, evə yarım saata çatdım .
Evə çatan kimi, arvadımı bərk-bərk qucaqladım. O, yenə deyinməyə başladı: "İndi yoxlanış, mütləq bizə pul lazımdı, sonra ev. Əzizim, yəqin ki, uşağımızı belə evdə yasatmarsan, axı o korpədir, ona nəmişlikdə yaşamaq olmaz.
Başımı tutub bir neçə saat yaşadığım azadlığin həsrətini çəkdim. Və ardımca yenə arvadımın səsi gəldi, özü də…
-Ey, ürəyim qarpız çəkdi, eşidirsən? Axı sən necə atasan? Mən qarpız istəyirəm!
Pəncərədən çöldə həyat qaynayırdı. Uşaqlar ora -bura qaçırdı. Gözümü boşluğa dikib gülumsədim, xoş gəlirsən balası, yolun aydınlıq olsun.
Yol...
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
“Xalqın mənəvi sərvəti” layihəsinin təntənəli bağlanış mərasimi Gəncədə baş tutdu
Görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran, Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsinin təntənəli bağlanış mərasimi baş tutdu. Təbii ki Gəncədə. Filarmoniyada.
“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, tədbirdən öncə bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirildi.
Bağlanışda bədii rəhbər və baş dirijor Xəyal Qəhrəmanovun rəhbərliyi ilə Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri, Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Tural Abdullayev, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Qaya Nəsibzadə, Əli Məmmədov, Rüstəm Cəfərov, Məhərrəm Qasımov, Samirə Hacıyeva, Musa Bayramov, Azər Verdiyev, Zəminə Nuriyeva, Aysel Həsənova, Bayram Üzeyirovun ifalarında “Küsmərəm” , “Vağzalı çalınır”, “Sərvi Xuramanım”, “İlk xatirələr”, “Bilsəm sən gəlirsən”, “Daimi hərəkət”, “Gözlə məni”, “Bilsin yar”, “Neylərəm”, “Eşq olsun sənətkara”, “Ulduzumsan” həmçinin orkestrin ifasında "Azərbaycan rəqsi", “Xəyala dalarkən", “Şalaxo”, “Sözsüz mahnı” gurultulu alqışlarla qarşılandı.
Təntənəli bağlanışda dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, bəstəkarın ailə üzvləri iştirak etdilər.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür - KİTABLAR SAĞALDIR…
Heyran Zöhrabova, " Ədəbiyyat və incəsənət"
"Dünyada nə qədər kitab var belə
Çalışıb əlləşib gətirdim ələ
Oxudum, oxudum, sonra da vardım
Hər gizli xəznədən bir dürr çıxardım."
(Nizami Gəncəvi)
23 aprel dünyada "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" kimi qeyd edilir.
Kitablara və müəlliflərə dünya miqyasında ehtiramın göstəricisi olan bu gün 1995-ci ildə UNESCO tərəfindən təsis edilmişdir.
Bu gün üçün 23 aprel tarixinin seçilməsi də təsadüfi deyil. Dünya ədəbiyyatı üçün 23 aprelin xüsusi bir anlamı var.
Belə ki, 23 aprel 1616-cı ildə dünya ədəbiyyatının ən tanınmış simalarından olan ingilis şairi və dramaturqu Uilyam Şekspir, ispan yazıçısı Migel de Servantes və Peru yazıçısı İnka Qarsilaso de la Veqa vəfat edib. Və bu əlamətdar gün onların xatirəsinə ehtiram olaraq təsis edilib.
Ölkəmizdə isə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-ci ildən etibarən qeyd edilir.
Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı dünya və insanlıq sevgisiylə dolduracaq"
(M. Qorki)
Kitablar keçmiş və gələcək nəsillər arasındakı əlaqə və mədəniyyət körpüsü, dünyanın heç vaxt tükənməyəcək olan ən dəyərli xəzinələrindən biridir.
Smayls'in də söylədiyi kimi "Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər."
Kitab mütaliəsi bir çox yerdə bizim əlimizdən tutur. İnsanlarla daha rahat ünsiyyət qurmaq, daha aydın və effektli nitq söyləmək, lügət ehtiyatını zənginləşdirmək, asudə vaxtını ən faydalı şəkildə dəyərləndirmək, hər gün yeni biliklər öyrənmək və dünyagörüşümüzü genişləndirmək üçün, deyə bilərəm ki, ən gözəl yol mütaliədən keçir.
Kitab oxumaq elmimizi, biliyimizi artırmaqla bərabər, həm də ruhi və zehni sağlamlığımız üçün də çox faydalıdır.
Çünki kitab oxumaq həmçinin bir terapiya (müalicə) üsuludur. Bu terapiya üsulu "Biblioterapiya" adlanır.
Biblioterapiya yunancadan tərcümədə "kitabla müalicə" deməkdir.
Biblioteraliyanın tarixi olduqca qədim dövrlərə gedib çıxır.
Orta əsr mənbələrinə görə təxminən 1200-1300-cü illərdə Qahirənin Əl-Mənsur xəstəxanasında Qurani-Kərimdən tibbi müalicə üsulu kimi istifadə olunurdu. Avropada isə biblioterapiyanın əsası kilsə kitabxanalarında qoyulmuşdur.
Biblioterapiyanın ən önəmli faydalarından biri də kitabı oxuyan şəxsin özünü tam olaraq qəbul etməyə başlamasıdır. Həmin insanda vaxt ötdükcə özünə inam hissləri formalaşır və bu zamanla daha da artır.
Kitab oxumaq insanın özünü qəbul etməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Kitab oxuyarkən insan oxuduğu kitaba fokuslanır və qısa müddətlikdə olsa onu narahat edən, stres keçirməsinə səbəb olan amilləri, problemləri unudur. Və eyni zamanda vaxtını da səmərəli və faydalı keçirərək, yeni şeylər öyrənir. Öz problemlərinə bənzər problemlərin başqalarında da olduğunu görərək tək olmadığını anlayır.
Kitab oxuyan insanda həyatda yaşamaq üçün mübarizə aparmaq əzmi formalaşır. Dəyərləri və münasibətləri inkişaf edir. Problemlərin sadəcə bir deyil, müxtəlif həll yolları olduğunu dərk edərək yeni ideyalar formalaşdırır.
"Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim.."
(Cemil Meriç)
Kitablar həm də bir qaçışdır deyərdim, qaçmaq və səni heç kəsin tapa bilməyəcəyi özünəməxsus gizli bir dünyaya sığınmaq.. Çünki, insan kitab oxuyarkən qısa bir müddət belə olsa, uzun-uzadı onu düşündürüb kədərləndirən şeyləri unudur.
Kitab oxumaq insanın əsəblərini sakitləşdirir və bir kitabı oxuyub bitirdikdən sonra insan özünü çox daha yaxşı hiss edir. Bəzən günlərlə oxuduğu bir kitabın təsirinə düşür, bəzən bəzi obrazlara əsəbləşib, bəzilərini doğması kimi çox sevir.
Əsəbi və ya məyus olduğunuz anlarda əlinizə bir kitab alın, əvvəl qoxusunu çəkin ciyərlərinizə, karbon qazıyla birlikdə içinizdəki mənfi enerjini də qovub çölə atın və sonra oxumağa başlayın. Vərəqlər bir-birinin arxasınca qaçmağa tələsdikcə və siz sətirlərin içində daha dərinlərə qərq olduqca hirsiniz üzərinə günəş şüası düşmüş buz parçası kimi əriyib yox olacaq və siz özünüzdən xəbərsiz rahatladığınıza şahid olacaqsız.
Kitablarda yazılmaz bəlkə bu, amma, hər nə qədər özündə ağrılı həyat hekayələrini daşısalar da kitablar sağaldır.
"Kitablardan başını qaldırma, balaca. Dünya pis bir yerdi."
(Hikmet Anıl Öztekin)
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
Bu gün Bakıda Qırğız Mədəniyyəti Günləri başlayacaq
Aprelin 23-dən 26-dək Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, tədbir dost və qardaş qırğız xalqının zəngin mədəni irsinin Azərbaycanda təbliği baxımından əhəmiyyətli hadisədir.
Azərbaycan-Qırğızıstan münasibətləri həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əlaqələr kontekstində ildən-ilə dərinləşir. Dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ilə ölkələrimiz arasında siyasi-iqtisadi sahədə olduğu kimi, mədəniyyət əlaqələri dinamik şəkildə inkişaf edir. Ayrı-ayrı sənət adamlarının, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri, eləcə də müştərək mədəniyyət layihələri həyata keçirilir.
Zəngin proqramı olan mədəniyyət günləri çərçivəsində Qırğızıstan incəsənət ustalarının qala-konserti, qırğız kinosu günləri, ölkənin dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
İlk dəfə Çeçen poeziyasını Azərbaycan dilində oxuyacağıq
Heç ana dilimizdə çeçen şairinin şeirini oxumusunuzmu? İndi oxuya biləcəksiniz.
“Ərənlərin nəğməsi. Çeçen şeirindən seçmələr” adlı toplu bugünlərdə “Mücrü” nəşriyyatında çapdan çıxıb.
Topluya XX-XXI əsr çeçen şeirinin bütün ədəbi nəsillərini təmsil edən, hər bir müəllifdən bir şeir olmaqla, 41 şairin əsəri daxildir. Şeirləri dilimizə tərcümə edən,eyni zamanda antologiyanın tərtibçisi və son sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi şair Səlim Babullaoğludur.
“Ədəbiyyat və incəsənət” portalına S.Babullaoğlu bildirib ki, toplu Azərbaycan Yazıçılar Birliyinin nəşridir, Birliyin Çeçenistan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığı çərçivəsində hazırlanıb:
“Məryəm İsayeva, Məhəmməd-Salah Qadayev, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Arbi Mamakayev, Məhəmməd Sulayev, Əhməd Süleymanov, Zayndi Mütəllibov, Xasməhəmməd Ədilov, Raisa Əhmədova, Şayxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Səid Katsayev, Adiz Kusayev, Eduard Mamakayev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd Dikayev, Ömər Yariçev, Əlvədi Şeyxiyev, Qafur Əliyev, Elman Yusifov, Tovuz İss, Albert Məhəmmədov, Əbdülhəmid Xatuyev, Leça Abdullayev, Yusif Yarəliyev, Ruslan Yusifov, Xocbaudi Borhacıyev, Süleyman Hacı-Autayev, Bana Qaytukayeva, Ömər Saiyev, Adəm Əhmətukayev, Şərif Suruyev, Sulim Mahəmmədov, Aslambek Tuquzov, Lyuba Arsaliyeva, İnqa Hayauri və Əsəd Xaliqova kimi tanınmış çeçen şairlərinin müxtəlif mövzulu şeirləri topluya daxil edilib.
Kitabın redaktoru “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli, naşiri Müşfiq Xan, dizayneri Cavid Kişiyev, məsləhətçilər tanınmış çeçen alimləri Tamara Avtayeva və Raisa Buralova, korrektoru Gülzar Vaqifqızıdır. Mətnlərin nəşrinə icazə və müəlliflik hüququ ilə bağlı məsələlər Çeçenistan Yazıçılar İttifaqı tərəfindən həll edilib.
Kitabın tərtibatında istedadlı çeçen rəssamları Ruslan Yakixanovun, Məhəmməd Zakriyevin işlərindən istifadə etmişik. Mən bu əməkdaşlığa görə universitetin rektoru cənab İsmayıl Bayxanova və İttifaqın sədri cənab Aləməhəd Yelsayevə, rəssamlara, bütün yaradıcı heyətə, eləcə dəkitabın redaktoruna, məsləhətçilərə, naşirə, zəhməti keçən hər bir şəxsə təşəkkür edirəm. Və əlbəttə ki, kitabın nəşrindəki dəstəyinə görə iş adamı Süleyman Muradlıya xüsusi minnətdarlığımı çatdırıram, çox sağ olsun.
Poeziyadan danışarkən şeirin xalqın mənəvi tarixi olduğunu deyirlər. O baxımdan deyə bilərik ki, bu toplu Azərbaycan oxucusuna çeçen poeziyası və çeçen xalqının mənəvi tarixi ilə tanışlıq üçün belə bir həcmdə ilk fürsət olacaq”.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Görkəmli azərbaycanlı memarların uğurlu həyat hekayəsi
XX əsr Azərbaycan memarlıq tarixinin ən parlaq simaları olan Mikayıl Hüseynov və Sadıq Dadaşovun anadan olmalarından 119 il keçir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi doğum tarixləri aprel ayına təsadüf edən hər iki görkəmli incəsənət xadiminin yaradıcılığından bəhs edən geniş məqalə hazırlayıb.
“Ədəbiyyat və incəsənət” portalı məqaləni olduğu kimi təqdim edir.
Azərbaycan memarlıq məktəbinin parlaq siması – Mikayıl Hüseynov
“Bu sənəti hələ uşaqkən özüm seçmişəm. Kiçik yaşlarımdan kibrit dənələri, plastilin və ağac qırıntılarından müxtəlif “konstruksiyalı binalar” tikərdim. İndiki kimi yadımdadır, 10 yaşım tamam olanda qohumlarım mənə Leonardo da Vinçi haqqında kitab və İtaliya şəhərlərinin mənzərələrini əks etdirən filmoskop bağışladılar. Uzun illər o kitab və filmoskopdan ayrıla bilmədim və o hədiyyələr də mənim memarlıq sənətinə sevgimi daha da qüvvətləndirdi”, – dünya şöhrətli azərbaycanlı memar Mikayıl Hüseynov çox-çox sonralar özü haqqında belə danışırdı. Onun zəngin yaradıcılığı memarlar nəsli üçün əsl ilham mənbəyidir. Mikayıl Ələsgər oğlu Hüseynov 1905-ci il aprelin 19-da Bakıda zadəgan ailəsində anadan olub. Kiçik yaşlarından təsviri sənətə hədsiz maraq göstərən Mikayıl fitri istedadı ilə yaşıdlarından seçilir, gələcəkdə memar olacağını deyirdi.
1922-ci ildə Bakı real məktəbində ilk təhsilini başa vurduqdan sonra o, Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakültəsinə daxil olur. Hüseynov tələbəlik illərindən maddi-mədəniyyət nümunələrinə fərqli baxışı ilə diqqəti çəkir. Belə ki, 1924-cü ildə gənc memar tərəfindən Şirvanşahlar Sarayı Kompleksinin araşdırılması mütəxəssislər arasında sensasiya yaradır. Daha sonra o, dahi Nizami Gəncəvinin abidəsinin layihə müsabiqəsində iştirak edir və mükafata layiq görülür.
Görkəmli sənətkarın Azərbaycanda aparılan geniş inşaat işlərinə qoşulması isə 1930-cu illərə təsadüf edir. Yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin fəaliyyəti ərzində Mikayıl Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirib, müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaradıb. O, Bakıda Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının əsas binası və onun elmi-tədqiqat institutları, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (Bakı Musiqi Akademiyası), Azərbaycan Pedaqoji Universiteti kimi elm mərkəzlərini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin (Sadıq Dadaşov ilə birgə), Azərbaycan Dövlət Kitabxanası, Azərbaycan SSR Daxili İşlər Nazirliyi Arxiv İdarəsi, Neft Sənayesi Nazirliyi kimi əhəmiyyətli binaların layihəsini hazırlayıb. Bununla yanaşı, Bakıda bir çox mədəni-məişət ocaqları, habelə Metropolitenin “Elmlər Akademiyası”, “Nəriman Nərimanov” və “Nizami” stansiyalarının memarlıq işləri də onun adı ilə bağlıdır.
Hazırda Bakının küçə və meydanlarını bəzəyən bir çox tarixi şəxsiyyətlərin (Nizami Gəncəvi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mehdi Hüseynzadə, Həzi Aslanov, Ayna Sultanova) abidələrinin layihələri də Mikayıl Hüseynovun yaradıcı əməyinin bəhrəsidir.
Yaradıcılıq baxımından həqiqətən tükənməz memar sayılan Hüseynovun zəngin irsinə 200-dən artıq layihə daxildir ki, onların da əksəriyyəti çox peşəkarcasına, yüksək səviyyədə həyata keçirilib.
Azərbaycan arxitekturasının təkmilləşməsi və yüksəlişində özünəməxsus dəst-xətti olan M.Hüseynov Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Şəki, Qazax şəhərlərində də bir çox yaşayış evləri, ictimai binalar, məşhur elm və mədəniyyət ocaqlarının layihələrini ustalıqla hazırlayıb. O, ölkəmizdən kənarda da istedadını məharətlə nümayiş etdirib. Belə ki, Berlin, Moskva, Düşənbə şəhərlərində Şərq milli koloritli və ornamentləri ilə seçilən bir çox abidə və mədəni-məişət binalarının layihələri məhz M.Hüseynov təxəyyülünün məhsuludur.
Dövrünün məşhur sənətkarı olan, Şərq və Qərb memarlıq məktəbinin sintezindən ustalıqla yararlanan Mikayıl Hüseynov öz işlərində daha çox milliyə və ənənəçiliyə üstünlük verirdi. Çıxışlarında həmişə “Milli memarlıq ilk növbədə milli formadır, ənənədir”, – deyən Hüseynov milli memarlığa sadiqliyinə görə SSRİ Memarlar İttifaqı tərəfindən qınağa da tuş gəlir. Buna baxmayaraq, gənc azərbaycanlı memar tənqidlərə əhəmiyyət vermədən əsərlərində milli ənənələrə söykənən düşüncələrini geniş əks etdirirdi.
Mikayıl Hüseynovun Azərbaycan memarlığının elm kimi təşəkkülündə və yüksək ixtisaslı kadrların hazırlanmasında da mühüm xidmətləri var. Onun bir alim kimi memarlığa həsr olunmuş onlarca elmi-nəzəri əsəri memarlıq tariximizin öyrənilməsində çox qiymətli mənbədir.
Qeyd edək ki, Mikayıl Hüseynov uzun illər məsul vəzifələrdə çalışıb, Azərbaycan Memarlar İttifaqına sədrlik edib, Azərbaycan Elmlər Akademiyası Arxitektura və İncəsənət İnstitutunun direktoru işləyib. Görkəmli memar, alim və pedaqoq M.Hüseynov milli memarlığın inkişafında müstəsna xidmətlərinə görə Azərbaycanın, keçmiş SSRİ-nin ən yüksək mükafatlarına, orden və medallarına, SSRİ xalq memarı, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb. Bununla bərabər Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü, SSRİ Ali Sovetinin iki, Azərbaycan SSR Ali Sovetinin üç çağırış deputatı seçilib.
Ömrünün böyük bir hissəsini memarlıq elminin və inşaat texnikasının inkişafına həsr edən M.Hüseynov 1992-ci il oktyabrın 7-də 87 yaşında Bakıda dünyasını dəyişib.
Xatırladaq ki, görkəmli akademikin (1945-ci ildə Azərbaycan SSR EA-nın fizika-texniki elmlər və neft bölməsi üzrə həqiqi üzvü olub) dövlət qarşısında misilsiz xidmətləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilərək, 2015-ci ildə 110 illik yubileyi təntənəli surətdə qeyd edilib.
41 illik ömrünə bütöv bir sənət erası sığışdıran alim – Sadıq Dadaşov
Yazının əvvəlində dünya şöhrətli memar Mikayıl Hüseynovla yanaşı adını çəkdiyimiz Sadıq Dadaşovun irsi də XX əsr Azərbaycan memarlıq tarixində əzəmətli sənət əsərlərinin təşəkkülü ilə yadda qalıb.
Sadıq Ələkbər oğlu Dadaşov 1905-ci il aprelin 15-də Bakıda dünyaya göz açıb. Hələ uşaq yaşlarında rəsm çəkməyə böyük həvəs göstərən Sadıq məktəb illərində rəssamlıq və memarlıqla dərindən maraqlanıb. Onun uşaqlıq və gənclik illəri həmyaşıdı olan yaxın dostu, sonralar görkəmli rəssam kimi tanınan Mikayıl Hüseynovla birgə keçib. Onlar həm Bakı real məktəbində, həm də Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakültəsində eyni ildə təhsil alaraq, yaradıcılıq yollarında uzun illər birgə addımlayıblar. Sinif otaqlarından başlayan bu ayrılmaz dostluq sonralar birlikdə həyata keçirdikləri böyük layihələrə təzahür edib, hətta aralarındakı dərin münasibətlər qohumluq əlaqələrinə çevrilib (M.Hüseynovun bacısı S.Dadaşovla ailə həyatı qurmuşdu).
Sadıq Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır. O, Azərbaycan memarlığı tarixini öyrənmək məqsədilə 1934-1940 və 1944-1946-cı illərdə bir sıra rayonlara elmi səfərlərə çıxıb, xeyli sayda sanballı elmi-nə¬zəri əsər yaradıb. S.Dadaşov və dostu M.Hüseynov birlikdə Şirvanşahlar Sarayı Kompleksinin, Naxçıvan şəhərindəki Möminə Xatun və Yusif Küseyir oğlu türbələri, Qarabağlar türbəsi yanındakı minarəli tağı, Bərdə şəhərindəki Nüşabə türbəsi və onlarca digər orta əsr memarlıq abidəsinin ilk tədqiqatçıları olublar.
S.Dadaşov institutu bitirdikdən sonra dörd il ərzində (1929-1933) 23 tikilinin layihəsini verir. Bunlara Bakıdakı fabrik-mətbəx (Bayıl), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki ADNA), incəsənət işçiləri üçün ev, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası aiddir. 1944-1945-ci illərdə S.Dadaşov 8 böyük memarlıq əsəri layihələndirib ki, bunlara Bilgəhdəki istirahət evi, Şüvəlandakı yaşayış binası, Zaqulbadakı istirahət evi, Şüvəlan və Bilgəhdə bağ evləri, Bakıdakı “Buzovnaneft” yaşayış binası və s. aiddir.
Dadaşovun əsas işləri sırasında Azərbaycan Texniki Universitetinin, Nizami Gəncəvi adına kinoteatrın, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (Bakı Musiqi Akademiyası), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin (M.Hüseynovla birgə) binalarını qeyd etmək olar. O həmçinin Nizami Gəncəvinin 1946-cı ildə Gəncədə, 1949-cu ildə isə Bakıda qoyulan abidələrinin layihə müəllifidir.
Azərbaycan sovet memarlığının banilərindən sayılan S.Dadaşovun yaradıcılığı respublikadan çox-çox uzaqlarda da tanınıb və şöhrət qazanıb. Onun sənət nailiyyətlərindən biri də Moskvada tikilmiş Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) kompleksinin Azərbaycan pavilyonu olub. Bu layihə də S.Dadaşovun öz həmkarı M.Hüseynovla birgə ərsəyə gətirdiyi əsrarəngiz memarlıq nümunəsidir ki, keçmiş SSRİ məkanında memarlar tərəfindən yüksək maraqla qarşılanıb və hər iki memar bu uğurlu işə görə SSRİ Dövlət mükafatına layiq görülüb.
Azərbaycan dövləti S.Dadaşovun fəaliyyətini və ölkə qarşısındakı elmi-yaradıcı əməyini yüksək qiymətləndirib. 1940-cı ildə ona “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adı verilib, bir il sonra isə SSRİ Dövlət mükafatı laureatı adını alıb. 1941-ci ildə, həmçinin SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə isə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. İstedadlı memar “Lenin”, “Qırmızı Əmək Bayrağı” ordeni və müxtəlif medallarla təltif edilib. Azərbaycanın böyük incəsənət xadimi S.Dadaşov 24 dekabr 1946-cı ildə 41 yaşında Moskvada dünyasını dəyişsə də, doğma şəhəri Bakıda dəfn olunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hər iki dahi memarın xatirəsini əziz tutaraq onu da xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 oktyabr 2022-ci ildə imzaladığı Sərəncama əsasən, Bakı şəhərində Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması qərara alınıb və hazırda layihənin həyata keçirilməsi istiqamətində müvafiq işlər görülür.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Komitə sədri Baş redaktoru təbrik edib
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Ulduz” aylıq ədəbiyyat dərgisinin Baş redaktoru, şair-publisist, Əməkdar jurnalist Qulu Ağsəsi 55 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Qulu müəllim,
Sizi - tanınmış şair-publisisti, ictimai və ədəbiyyat xadimini 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Çox şadam ki, bu ilki yubileyinizi doğma Abdal-Gülablının, Ağdamın düşmən tapdağından qurtuluşunun, o torpaqlarda abadlıq-quruculuq işlərinin geniş vüsət almasının sevinci, qüruru içində keçirirsiniz.
Siz böyük ədəbiyyata 1990-cı ildə “Ulduz”da gün üzü görən şeirlərinizlə gəlmisiniz. Artıq 10 ildir siz özünüz “Ulduz”un baş redaktoru olaraq gənc yazarlara mənəvi dəstək göstərirsiniz.
Şeirləriniz gürcü, ukrayna, rus, polyak dillərinə, habelə qardaş türkcələrə çevrilib.
Oxucular sizin gün üzü görən "Sənsən hər yer", “Vitryana poşta" ("Külək poçtu"), "Nabran novellası", "Nöqtələr", "Yorğun ağacam", “Görsən üşüyürsən…” və b. kitablarınızı maraqla qarşılayıb.
Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudova sizin haqqınızda “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı kitab yazıb.
Siz Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin, Dünya Gənc Türk Yazarlıar Birliyi Məsləhət Şurasının və Avrasiya Yazarlar Birliyinin üzvüsünüz.
Azərbaycan Prezidentinin 2015-ci il dekabrın 30-da imzaladığı Sərəncam əsasında Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüş, Prezident təqüdçüsü olmuş, habelə habelə bir sıra ictimai ədəbi ödüllərlə təltif olunmusunuz.
Sizi yaradıcılıq uğurlarınız və yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)