Super User
Komitə sədri Baş redaktoru təbrik edib
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Ulduz” aylıq ədəbiyyat dərgisinin Baş redaktoru, şair-publisist, Əməkdar jurnalist Qulu Ağsəsi 55 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Qulu müəllim,
Sizi - tanınmış şair-publisisti, ictimai və ədəbiyyat xadimini 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Çox şadam ki, bu ilki yubileyinizi doğma Abdal-Gülablının, Ağdamın düşmən tapdağından qurtuluşunun, o torpaqlarda abadlıq-quruculuq işlərinin geniş vüsət almasının sevinci, qüruru içində keçirirsiniz.
Siz böyük ədəbiyyata 1990-cı ildə “Ulduz”da gün üzü görən şeirlərinizlə gəlmisiniz. Artıq 10 ildir siz özünüz “Ulduz”un baş redaktoru olaraq gənc yazarlara mənəvi dəstək göstərirsiniz.
Şeirləriniz gürcü, ukrayna, rus, polyak dillərinə, habelə qardaş türkcələrə çevrilib.
Oxucular sizin gün üzü görən "Sənsən hər yer", “Vitryana poşta" ("Külək poçtu"), "Nabran novellası", "Nöqtələr", "Yorğun ağacam", “Görsən üşüyürsən…” və b. kitablarınızı maraqla qarşılayıb.
Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudova sizin haqqınızda “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı kitab yazıb.
Siz Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin, Dünya Gənc Türk Yazarlıar Birliyi Məsləhət Şurasının və Avrasiya Yazarlar Birliyinin üzvüsünüz.
Azərbaycan Prezidentinin 2015-ci il dekabrın 30-da imzaladığı Sərəncam əsasında Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüş, Prezident təqüdçüsü olmuş, habelə habelə bir sıra ictimai ədəbi ödüllərlə təltif olunmusunuz.
Sizi yaradıcılıq uğurlarınız və yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Azərbaycan Naşirlərinin I Forumunun proqramı açıqlandı
Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanın müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhvə verəcək Azərbaycan Naşirlərinin I Forumu aprelin 26-da AMEA-da təşkil ediləcək.
Forumun açılış mərasimində ANAİB idarə heyətinin sədri Şəmil Sadiq, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğlu eləcə də ölkənin mədəni ictimaiyyətinin tanınmış simaları çıxış edəcəklər.
Forumda nəşriyyat məhsulları və strategiyalarının sərgisindən, nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellər təşkil olunacaq.
5 paneldə ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan, xarici mütəxəssislərin də cəlb olunacağı layihə yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır.
İlk panel “Nəşriyyat menecmentliyi və kitab marketinqi” mövzusunda olacaq. Panelin moderatoru “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariq, spikerləri D&R-ın e-ticarət satış direktoru Özgür Topyıldız, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğludur.
İkinci panel “Redaktə və tərcümə problemləri”nə həsr olunub. Panelin moderatoru “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, spikerləri Şərq-Qərb nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğludur.
Üçüncü panelin mövzusu “Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar”dır. Panelin moderatoru “Qədim Qala” nəşriyyatının xarici əlaqələr departamentinin rəhbəri Elnarə Əli, spikerləri “İntrotema” Müəllif Hüquqları Agentliyinin rəhbəri Məhəmməd Ağırakça, “Yazar ol”un təsisçisi Ramil Əhməddir.
Dördüncü panelin mövzusu “Tərtibat, dizayn və qrafika”dır. Panelin moderatoru MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, spikerləri “Erdem Yayınları”nın baş dizayneri Aişə Adaş, “Parlaq İmzalar” nəşriyyatının art-direktoru Ramin Həsənəlizadədir.
Sonuncu – beşinci panelin mövzusu “Uşaq nəşrləri və yeni yanaşmalar”dır. Panelin moderatoru “Ağıllı Bala” nəşriyyatının direktoru Fatimə Alxaz, spikerləri “Erdem Yayınları”nın rəhbəri Məlikə Günyüz, “Libra Kitab” nəşriyyatının direktoru Veysəl Məmmədovdur.
Qeyd edək ki, forum 09:00-dan 18:00-dək davam edəcək. Tədbirdə iştirak etmək üçün https://publishersforum.az/ linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Azərbaycan Naşirlərinin I Forumu çərçivəsində “Oxu Günü-10” sərgi-festivalı da baş tutacaq.
Bu il “Oxu Günü-10” layihəsi “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, AMEA, Təhsilin İnkişafı Fondu, Yunus Əmrə İnstitutu və “Hədəf Nəşrləri”nin birgə təşkilatçılığı ilə AMEA parkında keçiriləcək.
27 – 28 aprel tarixlərində baş tutacaq sərgi-festival otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, onlarla ədib, ziyalı, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Sərgi-festivalda Sultan Rayev, Varis, Rüstəm Behrudi, Elxan Elatlı, İlqar Kamil, İlham Tumas, Elay, Tamerlan İsmayılzadə, Aynur Cavid, Ramil Əhməd, Məsudə Cabbar, Erix Qauzer, Fidan Cəfərzadə və başqa tanınmış yazıçıların təqdimat və imza mərasimləri olacaq.
Bundan başqa, Çinarə Məlikzadə, Röyal Musa, eləcə də digər gənc ifaçılar festivala rəng qatacaqlar.
Əlavə məlumat üçün bildirək ki, III və IV “Kitabqurdu” Oxu Marafonunun müəllifləri – Şəmil Sadiq, Amin Sükut, Sevinc Elsevər, Elgüsel, Zahid Xəlil, Xəyalə Murad, Rövşən Abdullaoğlu, Rafiq İsmayılov, Fatimə Alxaz, Rəşad Bayramov və Gülüş Xəlilova da festivalda iştirak edəcəklər.
“Oxu Günü” 2015-ci ildə “Hədəf Nəşrləri” MMC tərəfindən təsis edilib. Layihənin məqsədi ölkədə kitabçılığı inkişaf etdirmək, gənclərin intellektual mühitə adaptasiyasını aktual saxlamaq, oxucu-yazıçı görüşlərini stimullaşdırmaq, endirimli kitablar təqdim etmək və bununla kitabın əhəmiyyətini cəmiyyətə aşılamaqdan ibarətdir.
“Oxu Günü” sərgi-festivalı 2015-ci ildə Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına parkda, 2016-cı ildə Nəsimi rayonu ərazisindəki Zorge parkında, 2017 – 2023-cu illərdə isə Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, “Hədəf Nəşrləri”, Elm və Təhsil və Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə keçirilib.
Elm və təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə bütün ölkə ərazisində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu Günü” tədbiri keçirilir.
Layihə “Gəlin birgə oxuyaq!” devizi altında təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
“SEVDİYİN ŞEİRİ GƏL MƏNƏ SÖYLƏ” - Şamil Ənvəroğlu Vaqif Bayatlıdan söylədi
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Həyat yeni günlərlə, yeni həftələrlə zamana təslim olaraq irəli qaçır. Təkcə zaman qaçmır, ömrümüzün günləri də zamana qaçır..
Bu yeni həftənin ilk günü “Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı öz yazıları ilə könüllərdə yer alan yazar Şamil Ənvəroğludur.
-Xoş gördük, əziz Şamil bəy!
Şairlər gözlərin görə bilmədiyi üfüqlərdən uzaqları da görə bilirlər, hiss edirlər.
Şairlər uşaq kimidirlər, onların həssas qəlbləri kövrək uşaqlar kimi tez- tez dolur. Bu yağışların fərqi görünməz olub yalnız qəlbə yağmağıdır. Nə ildırım görünər, nə səs eşidilər. Səssiz çığırtılar, səssiz fəryadlar, səssiz sevinclər, səssiz çılğınlıqlar..
Əslində bilirəm ki, şairlərin poeziyaya sonsuz sevgisi var, sevdikləri şeirlərin də sayı çoxdur və yaşadıqları müddətdə bu say daha da artacaq.
Şamil bəy, elə bu an üçün “Sevdiyin şeiri gəl mənə söylə"- desək, hansı şeiri söyləyəcəksiniz?
- Böyük yazıçımız Hüseyn Cavid yazırdı ki: "Mənim tanrım gözəllikdir, sevgidir."
Şərq fəlsəfəsində, şərq poeziyasında sevginin Tanrı yerinə qoyulması, şərq fikir tarixində önəmli bir faktdır. Adətən şairlər də ən mükəmməl şeirlərini sevgi mövzusunda yazmışlar. Qovuşmaqla, ya da daha çox ayrılıqla bağlı; nakam sevgilər, ayrılıq, vəfasızlıq yazarların yaradıcılığında əsas yeri tutur.
Çünki elə sevgilər var ki, o sevgi nə ürəyə sığır, nə də ki yazılara. Bəzən böyük bir sevgini yazmaq mümkün olmur, şeirlə ifadə edilməsi də alınmır.
O mənada böyük şairimiz Vaqif Bayatlının şeirlərindən söyləyəcəyəm. Bu şeirlərdə dərin bir məna var.
Bu şeirlərdə sətirlərə düzülən sadə cümlələrdə böyük anlam var. Bu da şairin çox istedadlı olmasına bir dəlildir. Sevgiyə inanmaq, sevginin dəyərini anlamaq ayrı-ayrı mövzulardır. Gözdən əlillər işığı görmədiyi kimi, ürəkdən əlillər də sevgini anlaya bilməz. Eyni zamanda düşünürəm ki, sevgidən ötə bir duyğu var, onun adı anlayışdır. Çünki sevənlər güzəştə gedə bilərlər, amma anlayış göstərməyi hər kəs bacara bilməz. Söyləyirlər ki, münasibətlərdə istənilən halda düzgün münasibəti başladan sevgi, yaşadan sayqı, güvən və anlayışdır. Yalanlar isə bu gün var, sabah yoxdur. Hər kəsə, poeziyasevərlərə qarşılıqlı sevgi, sayqı və anlayış arzu edirəm.
Sonda isə hər zaman kitabla qalın, şeirlə qalın söyləyirəm, çünki kitab insanı həyata həm hazırlayır.
Həyat ətrafımızdakı insanlardan ibarətdir, ətrafımızdakı insanlar yaxşı olanda “həyat gözəldir” söyləyirik, pis insanlarla əhatə olunuruqsa, “həyat pisdir” deyirik. Bütün ədəbiyyatsevərlərə yaxşı insanların əhatəsində olmağı arzu edirəm.
Dünyanın ən güclü adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
İstəmirəm bir kimsə
mənimlə qorxuda bir kimsəni.
Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
Mənə ən böyük dünya varı
qapı, pəncərəsi açıq üzü-gözü gülən
bir alaçıq!
Mən səni, mən səni
Dünyada
hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm,
çünki ancaq yalandan sevənlər
hamıdan çox sevirlər.
Mən səni sakitcə,
yavaşca sevmək istəyirəm.
Sevmək istəyirəm
Tanrıdan yazılantək,
Bir balaca quş
Öz balaca yuvasının
küncünə qısılantək
*
Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!
Eşqdə gizlətdim bu canı .
görəmməyən varmı,
hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?
Min illərçün də Allahdan
Gecə-gündüz, hər an,
hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Fazil Mustafa Nazim Əhmədlini yubileyi ilə bağlı təbrik edib
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa "Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr" İctimai Birliyinin sədri, “Avriasiya Press" nəşriyyatının direktoru, şair-tərcüməçi Nazim Əhmədlini qarşıdan gələn 70 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitə sədrinin yubilyara ünvanladığı məktubda deyilir:
"Hörmətli Nazim müəllim,
Sizi - tanınmış şair, tərcüməçi, publisist və ictimai xadimi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Çox şadam ki, bu ilki yubileyinizi doğma Laçının düşmən tapdağından qurtuluşunun, o torpaqlarda abadlıq-quruculuq işlərinin geniş vüsət almasının sevinci, qüruru içində keçirirsiniz.
Siz Azərbaycan Yazıçılar Birliyinin (AYB-nin) “NATAVAN Klubu”nun direktoru, AYB-nin məsləhətçisi, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin redaktoru, ümumi şöbə müdiri, Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini, eləcə də "525-ci qəzet"də şöbə müdiri vəzifəsində çalışmısınız.
Bir müddət pedaqoji fəaliyyətlə məşğul olmusunuz.
Hazırda Beynəlxalq Avriasiya Mətbuat Fondu nəzdindəki “Avriasiya Press" nəşriyyatının direktoru, habelə (2012-ci ildən) "Skandinaviya ölkələri ilə Mədəni və Elmi Əlaqələr" İctimai Birliyinin sədrisiniz. Skandinaviya ölkələrində Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və Qarabağ həqiqətləri ilə bağlı yaddaqalan layihələr həyata keçirirmisiniz.
Siz I Qarabağ müharibəsi veteranısınız - 1993-1996-cı illərdə AzərbaycanOrdusu sıralarında hərbi jurnalist kimi xidmət edib, qaynar döyüş bölgələrindən reportajlar hazırlamısınız.
Şeirləriniz, hekayələriniz bir sıra xarici dilə çevrilib, o cümlədən qardaş türkcələrə uyğunlaşdırılıb.
“Gök yüzünün adamı” (#Ankara), "Bürkü" (Təbriz), "Mein geliebtes fernes Meer" ("Mənim sevimli uzaq dənizim"; Köln, Almaniya), "Bir ömür sevgi", "Ruhum da sənin olacaq", "Sevgi Allahı", "Unutduğum göy üzü", "Yenə dönüb gələcəm", "Mənim generalım", "Qız təbəssümü" və b. kitablarınız gün üzü görüb.
Siz Orhan Arasın (Almaniya) "Helenendorfun sonuncu şahidi" və "Biz Azərbaycanı çox sevdik" kitablarını Azərbaycan dilinə uyğunlaşdırmış, İsveç yazıçısı, #Nobel mükafatı laureatı Pyer Fabian Lagerkvist, yapon yazıçısı Yukio Misiman, rus şairi İvan Jdanov, rus yazıçısı Sergey Qraçovun və ingilis yazıçısı Aqata Kristin yaradıcılığından örnəkləri dilimizə çevirmisiniz.
Sizi 70 illik yubileyiniz, ictimai fəaliyyət və yaradıcılıq uğurlarınızla bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Bakıda QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşü keçirilir
Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə “QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü” keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi tədbirdə açılış nitqi ilə çıxış edirlər.
Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edir.
Aprelin 23-dək davam edəcək görüş çərçivəsində "Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsilində ən yaxşı təcrübələr", "Kurikulum dizaynı: Sabahın ehtiyacları üçün turizm təhsilinin təkmilləşdirilməsi" mövzularında panel diskussiyalar, həmçinin "Turizm təhsilində keyfiyyət təminatı və akkreditasiya" mövzusunda dəyirmi masa keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
“Mən heç böyümədim ki…” - REDAKSİYA POÇTUNDAN ŞEİRLƏR
“Ədəbiyyat və incəsənət” portalı REDAKSİYANIN POÇTUNDAN rubrikasında sizlərə Günel Ağazadənin şeirlərini təqdim edir.
DÜŞÜNƏN MƏZAR
Bu necə səssizlikdi,
Səsi yorur beynimi?
Deyin – Burda kim ölüb,
Kim tutubdu matəmi?
Ruhum kimi yad edir
Yazısız vərəq kimi?
Mən niyə ağ geymədən
Ağlara bürünmüşəm?
Başıma yığışanlar
Gülməkdənmi ağlayır?
Çoxdandı görmədiyim
Dost-tanış da burdadı...
Niyə hər kəs peşmandı,
Niyə üzü qaradı?
Kim rahatlıq tapıbdı
Təsadüf itkilərdən?
Doğmalarım bezibdi
Yalançı təsəllidən.
Axı dünya genişdi...
Bəs mən niyə baxıram
Balaca çərçivədən?
Hamının başı sağdı,
Hamı da bir-birinə
Başsağlığı diləyir.
Dirilər maraqlıdı...
Hamı görür öləni,
Bilir dünya fanidi.
Bu dünyanı yaşayır
Əbədi dünya kimi.
Burdan baxanda dünya
Cəmi qırx vərəqlidi...
XƏYALIMIN RƏNGLƏRİ
Mən heç böyümədim ki,
Bəlkə soldu arzular.
Bəlkə ümidsiz qaldım,
Heç nağılsız qalmadım...
Xəyalımın rəngləri
Qaraları ağartdı,
Bəxtimə kölgə saldı.
Kimi yalan danışdı,
Gözlərimi boyadı.
Kiminin nağılları
Ömrümün yollarında
Toz pənbə rəngdə qaldı…
Mən heç böyümədim ki,
Dünyam hələ rəngarəng.
Dayan, tələsmə, dostum,
Sən hara tələsirsən?
Hələ rüzgar əsəcək.
Sevgilərə ip taxıb
Uçurarıq çərpələng…
Hələ qalıb oyunlar,
Oyunda uduzanlar
Gözlərini yumurlar.
Ən yaramaz adamlar
Axtaranda tapılar...
Artıq bəsti,
Yoruldum.
Bu dəfə siz uduzun,
Bir dəfə də mən udum.
Yumsun hər kəs gözünü:
Birdəfəlik gizlənim,
Tapmasınlar izimi...
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Rəsm qalereyası Qəyyur Yunus, “Ata, qızı və balıq” (2004)
Traqik və komedik
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Teatrın bufetində traqik və komedik iki ahıl aktyor oturublar. İllərdir ki rol almırlar deyə çox pəjmürdədilər.
Tragedik aktyor pessimistcəsinə söyləyir:
-Un. Tamam unudublar ki, rol vermirlər.
Komedik aktyor optimistcəsinə söyləyir:
-Unutmaylblar. Əsla unutmaylblar ki, rol da vermirlər.
2.
Məşhur müğənni xanımlarımızdan biri Karolina Valyant mağazasından çox baha bir xəz kürk alır. Pulu ödəyəndən sonra satıcıya deyir:
-Xanım qız, bir xahişim var, olar, bu kürkü bizə evə gətirsinlər?
-Əlbəttə olar.
-Amma bir xahişim daha var. Olar, gətirən əvvəlcə qonşunun qapısını döysün, kürk əlində məni soruşub, səhv gəldiyini bildirəndən sonra mənim qapımı döysün?
3.
Bir deputatımıza Milli Məclis iclasında sədrin intellektual və mədəni səviyyəni yüksəltməyin vacibliyi barədə çıxışı o qədər xoş gəlir ki, axşam Heydər Əliyev sarayında Simfonik Orkestrin konsertinə gedir.
O içəri girəndə konsert yenicə başlamışdı, ilk əsər ifa olunurdu.
O, keçib yerini taparaq əyləşir və yanındakı şəxsdən soruşur:
-Hansı əsərdir bu?
Şəxs deyir:
-Bethovenin 9-cu simfoniyası.
Deputat içini çəkir:
-Gör nə qədər gecikmişəm ki, uje doqquzuncudur.
4.
Ortayaşlı məmurların məclisində birinin söylədiyi tost:
-Bizim xoşbəxt uşaqlığımız olub, biz pampers taxmamışıq. Gəlin o sağlığa içək ki, qocalanda da pampers taxmaq qismətimiz olmasın.
5.
-Ağıllı televizor niyə bizim kanalları göstərmir bəs?
-Ağzında “ağıllı” deyirsən. Ağıllı televizor da heç bizim kanalları göstərər?
(“Bakılı oğlanlar”ın yumorundan)
6.
Hər bir çoban yaxşı bilir ki, sürünü hürkütmək nə deməkdir.
Sürü hürkdümü, irəli cumacaq və məhz irəlidəki çobanı tapdalayacaq.
7.
Erməni məsəli:
-Haykanuş indiyənətən 22 kişisi olduğunu etiraf edəndən sonra mən binəva daha futbola baxa bilmirəm.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
“Heçnədən gəlib, dönürük heçə” - ESSE
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Körpəykən - balaca, niyə ağlayırsan ?
Uşaqkən - böyüyəndə kim olmaq istəyirsən ?
Böyükkən - nə vaxt evlənirsən ? Nə vaxt tərpənirsən ?
Evləndikdən sonra - Bişey-mişey var ?
Yaş artır, ona uyğun problemlər, suallar dəyişib formalaşır. Uşaqkən həyatdan gözlədiyin işlər, böyüyərkən, sanki başqa cür formalaşır. Sənin gözləmədiyin hala gəlir. Hər istəyimizi ağlayışımızla əldə edəndə, zamanla anlayırıq ki, hər ağlayışda heç də bizim istəklər reallaşmır. Əksinə, daha güclü, daha əzmli olaraq hərəkət etmək bizim istəklərimizi reallaşdırmaq iqtidarında olur. Ağlamaqla əldə etmək isə, valideynlərimizin bizə aşıladığı nağılvari missiyadan başqa bir şey deyilmiş.
Hər şeyin pulsuz olduğunu zənn etdiyimiz zaman, mağazada istəklərimiz də sonsuz idi. Bir az ondan, bir az bundan. Bilmirdik axı ki, istədiyimizi almaq üçün anamıza, atamıza deyəndə, o bunun bizə zərərli olmasını cibində pulunun olmaması ilə kamuflyaj edirdi. Bunları isə anlamaq üçün həqiqətən zamana ehtiyac varmış.
Mən bütün bunları müşahidələrimlə kəşf etdim, sizi isə deyə bilmərəm.
Dəyişir düşüncələr, fikirlər, xarakterlər...
Tanıyırsan zamanla dostu, düşməni, anlayırsan ki, hər kəs heç də nağıllardakı kimi yaxşı obrazlarda, xoş əməllərdə, niyyətlərdə deyilmiş.
Yaxşı yadımdadır ki, uşaqkən atamla filmlərə baxardıq. Baxarkən isə, ilk etdiyim iş filmi anlamaq idi. Yaxşı və pisi, "Əhrimən və Hörmüzü", tapmaq idi. Ondan sonra isə əsas iş başlayırdı.
Sanki, duyğular da, düşüncələr də dağdan aşan bir qartopu kimi yuvarlanıb böyüyür ağırlaşır.
Hər şey monotondu. Həftə içi iş, şənbə - bazar isə eynitipli məşğuliyyətlər. Bizi isə yalnız, fərqli düşüncə sahibləri xilas edə bilər. Daxildə hər zaman üsyan olur, suallar bir tərəfdən, düşüncələr də bir tərəfdən. Sanki nəsə o deyil. Sanki triller kimi bir həyat yaşayırsan. Axı bu belə olmalı deyildi. Həmişə də daxildə böyük bir boşluq. O boşluq Qara dəlik kimi hər şeyi özünə çəkib udur. Ruhun özündən sanki uzaq gəzir, elə bil Prometey kimi zəncirləyib, bədənindən ruhunu zorla qopardıblar. Ya da Sizif kimi faydasız bir əməyə məhkum edilmisən.
Trackdə deyildiyi kimi :
Günəş altında yox yeni heçnə,
Heçnədən gəlib, dönürük heçə.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
“Məhşər Divanı: YALANIN 17 ANI” romanın rusca nəşrinin təqdimatı olacaq
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Aprel ayının 24-də Fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin Rusiyada işıq üzü görmüş “Məhşər Divanı: YALANIN 17 ANI” kitabının təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçəcək tədbir gözəl bir ədəbiyyat məkanında - Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində (Böyük Qala küçəsi, 281) qonaqlarını qəbul edəcək.
Mərasimin bir özəlliyi də əsərin səhnə təcəssümünün nümayiş etdirilməsi oalcaq.
Quruluşcu rejissor Bəhram Osmanovdur.
Xatırladaq ki, 445 səhifəlik sənədli romanda eyni millətin - erməni millətinin nümayəndəsi olan 17 nəfərə utopik divan qurulur. Klassik məhkəmə formatına uyğun bir qaydada keçirilən Böyük Divanda Zori Balayandan tutmuş, Monte Melkonyana qədər, Qaregin Njdeyə qədər əlləri, qələmləri qana batmış ermənilər müqəssir kürsüsündə əyləşirlər, onlar müxtəlif cinayətlərdə ittiham olunur. Baş Meydanda insanların qarşısında onlara nədə ittiham olunduqları elan edilir. Zəruri hallarda müxtəlif millətlərdən olan ekspertlər, zərərçəkənlər dinlənilir.
Müəllif obyektivliyi qoruyaraq ittiham edilənlərə də Baş Hakim obrazının dili ilə söz verir. Hər bir fəslin sonunda hər ittiham olunan erməniyə hökm oxunur.
Kitabda həmçinin çoxsaylı ensiklopedik məlumat yer aldığından əsərdən tələbələrdən siyasətçilərə qədər hər kəs yararlana bilər.
Qeyd edək ki, kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov və jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Qafar Çaxmaqlıdır.
Sənədli romanın beynəlxalq rəyçiləri isə İSESCO-nun sabiq baş direktoru, professor Əbdüləziz bin Osman əl-Tüveycri (Səudiyyə Ərəbistanı), tarixçi, professor Kamal Çiçək (Türkiyə) və Vadim Viktoroviç Mixaylovdur (Rusiya).
Əsərin tezliklə daha 2 dildə - türk və erməni dillərində də çapı nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)