Super User
ELDƏNİZ QULİYEVİN 72-SİNƏ “Səhər Günəş doğandan sonra açılır”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bir gün Əmir Teymur öz qoşunuyla Şiraza çathaçatda atını saxlayır, vəzirinə deyir ki, bu vilayətdə ən ləyaqətli adamı tapıb gətirin!
Nə isə, Hafiz Şirazini tapıb gətirirlər, böyük hörmət və ehtiramla...
Teymur atdan düşür, əl açıb ona tərəf yürüyür, yaxınlaşanda Hafiz Şirazi diz üstə çökür. Teymur geri qayıdıb atına minir və əmr edir- Bu vilayətdə başıpapaqlı qalmamamalıdır!..
Cəngavər kimidir, atıldığı döyüşdən geri çəkilməyi xoşlamır. Özünə güvənir, ədalətsizliyə qarşı təzyiq göstərməyə meyillidir. Müstəqilliyi çox sevir, azadlıq onun ən böyük arzusudur. Onu cilovlamaq son dərəcə çətindir. “Mən də buradayam” deyən, cəsarətli bir davranışı var. Rəsmiyyətə nifrət edir, səbirsiz olduğundan bəzən uşaq saflığı ilə sərhədləri aşıb keçməyə səy göstərir və heç bir qaydaları tanımaq istəmir. Təmkinli olduğu qədər də əsəbidir. Qurub yaratdıqlarını bir anda dağıda bilər. Yalqız qalmağı xoşlayır, tək olanda öz aləminə qapılır və problemləri unudur...
Tükənməz enerjisi var, bu enerji hisslərinə hakimlik edir. Dominant adamdır, üstünlüyü qoruyub saxlaya bilir. Hər zaman öndə olmağı sevir. Həm də özünü güclü şəkildə ifadə etməyi bacarır. Bu bəzən ona problem yaradır...
“Deyilənlərə görə, insan ömrünü qısaldan səbəblərdən ən əsasları - qorxu, bədbinlik, nifrət, bir də qətiyyətsizlikdir. Bu gün insanlar arasında dərin bir uçurum yaranıb. Biz ziyalılar, bu uçurumun üzərində mayası hörmətdən, məhəbbət və səmimiyyətdən yoğrulmuş ünsiyyət körpüsü salmalıyıq."- söyləyir...
Haqqında söhbət açdığım Eldəniz Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra, Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb. "Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü, "Debüt" studiyasının baş redaktoru, “Azərkinovideo” İstehsalat birliyinin baş redaktoru, ABA televiziya şirkətinin baş redaktoru vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülüb.
Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Rolşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. "Ağ yuxu" hekayələr toplusunun, "Kölgəsiz adam" hekayə və povestlər kitabının, "Rasim Balayev" kitabının müəllifidir. Bir sıra filmlərin ssenarisi ona məxsusdur...
Deyir ki,- "Dükanda, bazarda, xəstəxanada, bankda, Tv verilişlərində, saytlarda, rəsmi, qeyri-rəsmi informasiyalarda, hökumət, qeyri-hökumət idarələrində və sair və ilaxır. Elə bilillər ki, hamı, üzür istəyirəm, ucdan tutma "lox"-du və fil qulağında yatdığından hamının qulağından "əriştə" asa bilərlər! Alladırlar, utanmadan, qızarmadan, vicdan əzabı çəkmədən alladırlar. Biz biçarələrin də əlindən özgə bir zad gəlmir, bircə şeydən başqa - biz də qayıdıb onları alladırıq. Yəni özümüzü elə aparırıq ki, guya yaşayırıq!.."
Bir vaxtlar Milli Şurada təmsil olunduğundan ölkədə iqtidara müxalif ziyalılardan biri kimi tanınır. Amma onun hakimiyyətdə təmsil olunmaq arzusu heç zaman olmayıb. Bu heç mümkün də deyil. Yaşının səkkizinci on illiyinə qədəm basıb. Ona sakit həyat, nəvələrilə gün keçirmək, ömrün son mərhələsini firəvan yaşamaq daha önəmlidir. Sadəcə ölkədə baş verən neqativ hallara biganə qala bilmir. Bu da onun son dərəcə çılğınlığından irəli gəlir.
“Xalqa cənnət vəd edib onu cəhənnəmə aparmağa heç kimin haqqı, hüququ və ixtiyarı yoxdur. Mən bu cür siyasi qurumda, “Milli Şura”da olmaqdan xəcalət hissi keçirirdim. Odur ki, həmin qurumu tərk elədim, peşman da deyiləm.”- söyləyir...
Məcaralara meyillidir, daim hərəkətdə olmaq istəyi, səbirsizliyi bəzən ona problem yaradır, amma təcrübəli olduğundan bu çətinlikləri dəf edə bilir. Qəzəb və nifrət hissi ona yaddır. İnsanpərvər, xalqa bağlı adamdır. Öz qabiliyyətinə o qədər əmindir ki, uğursuzluq barədə heç zaman düşünmür və müəyyən dərəcədə məhz buna görə çox vaxt müvəffəqiyyət qazanır. O, öz problemlərinin üzərinə elə bir enerji və qətiyyətlə atılır ki, onların çoxusu sadəcə əriyib gedir...
Başına çox hadisələr gəlib. Məşhur Vladimir Vısotski ilə sərgüzəştlərindən danışanda dodaqları qaçır. Xoşbəxtlikdən yaddaşı elə də güclü deyil. Bu onun qəlbinin təmizliyindən, kinli adam olmadığından irəli gəlir. Onu yalnız hal-hazırda baş verənlər maraqlandırır və əgər nəsə diqqətini cəlb edirsə, keçmiş haqqında bütün fikirləri yoxa çıxır...
Deyir ki,- “Dünyanın ən gözəl heykəltəraşı SEVGİdir. Heç bir istedadlı heykəltəraş SEVGİ qədər möhtəşəm heykəl yapmaq qüdrətində deyil. Çünki SEVGİ öz "əsərlərini" bir başa insanın qəlbinə həkk edir. Qəlbin ALLAH sevgisiylə dolu olsa, ruhun sənə xoşbəxtlik qanadları bəxş edər!..”
Bəli, o da xoşbəxt insanlardan biridir, yaratdığı ekran əsərləri onu unudulmağa qoymayacaq. 72 yaşını şənbə günü təbrik edə bilmədiksə də bu gün təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.
Hörmətli, Eldəniz müəllim, bilirəm narahatsınız. Obrazlı desək, səhərin açılmasına çox tələsirsiniz. Amma səhər Günəş doğandan sonra açılır...
Çox yaşayın!
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
BİR SUAL, BİR CAVAB Habil Yaşar ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Habil Yaşarın Xəzərə üz tutub:
" Bəlkə, mən özüm anlaşılmazam" - dediyi məqamlar çoxmu olur?
CAVAB
Şübhəsiz... Hər kəs kimi, mən də öz daxilimi daha yaxşı bildiyimdən ziddiyyətlərlə dolu olduğumu düşünürəm. Bir sıra ziddiyətli fikirlərim yaradıcılığımda da öz əksini tapmışdır. Məsələn:
Hər kəsin özünün öz düşüncəsi,
Heç kəsin qəlbini oxumaq olmur.
Mənim ürəyimdə hər kəsə yer var,
Bəlkə də, içində yaşamaq olmur.
Hətta həyatda nikbin insan olsam belə adımın mənası “kədər, qəm” mənasını ifadə edir. Amma bu uyğunsuzluqlar məndə heç bir mənfi aura yaratmır. Əksinə, daha çox öyrənməyə, daha dərindən araşdırmağa sövq edir. Burada da bir hikmət olduğu qənaətindəyəm. Unutmayaq ki, kainatın sirrini anlamağa çalışan insan hələ özünün kim olduğunu, nə üçün yaradıldığını dərk eləmək iqtidarında deyil. Ali məqsədlərdən danışırıq, ancaq bəşəriyyətin arzuolunan məqama çatmasına hələ çox var və bəlkə də, bu arzular hər zaman arzu olaraq da qalacaqdır...
Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Əminəm ki, onu şair kimi də tanıyacaqlar...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Gəncliyini təzə arxada qoyub, indi də cavnlığının gəncliyini yaşayır. Axı may ayının 8-də 37 yaşı tamam olacaq. Söhbətimi həmin tarixə də sala bilərdim, amma gözləməyə səbrim çatmadı. Daha doğrusu, oxuduğum bir şeiri, necə deyərlər, səbrimi kəsdi. Birdəki xoş söz söyləməyə nə vaxt-vədə, gəldi gərək yubatmayasan...
Mən sənin sirrin idim,
Ürəyində yaşamadım, süründüm,
Varlığına yetənmədim, yoxluğuna büründüm
UNUT!
İlk görüşdə,
İlk öpüşdə deyil,
İlk gülüşdə vuruldum,
Qəhərimi qəh-qəhənlə ovutdum,
Mən səninçün o yurddum,
UNUT!
Qərq oldum,
Dərd oldum,
Mən nə yaman sərt oldum,
UNUT!
Günəş idin, gözlərimdə parladın ,
Mən sənin üçün qərb oldum, unut !
Dünya bilsə halımı,
Duya bilsə halımı,
Yağış ağlar, qış ağlar...
Öz xoşuyla soyunarmı ağaclar?
Çıxart məni əynindən... ürəyindən,
UNUT!
Bu talenin bir ömürlük quranı,
Bu tələnin bir ölümlük qurbanı,
Deyirlər ki, görür, duyur- bəs hanı?
Hanı Tanrı?
Yetim qoydu dünyanı
Ümid!..
Bu şeir sərbəst vəzndə yazılsa da, lirikası, bədii çalarları heç də heca vəznindən geri qalmır, gözəl poeziya nümunəsidir...
Doğrudur, əksəriyyət onu televiziya işçisi, veriliş aparıcısı kimi tanıyır, amma əslində o, həm də öz dəsti xətti olan istedadlı şairlərimizdən biridir. Nədənsə özünü şair kimi təqdim etməyə hələ tələsmir...
Bəli, bu gün sizə “Mədəniyyət” kanalında yayımlanan “O” və həm də “Yadigarlar” verilişlərinin aparıcısı Bəhruz Niftəliyevdən söhbət açmaq istəyirəm. Bəhruz 1987-ci ildə Bakı şəhərində anadan olub. 35 saylı məktəbdə orta təhsil alıb. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Televiziya rejissorluğu” ixtisasına yiyələnib və bakalavr, o cümlədən magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də müxbir kimi başlayıb. “Mədəniyyət xəbərləri” redaksiyasında redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. Hazırda "Mədəniyyət" telekanalının direktor müavinidir...
Deyir ki,- ““O” verilişinin ideyası çoxdan var idi. Gerçəkləşdirmək məqamı gəldi və düşündüm ki, “O”nu ekrana çıxardım. Verilişin əsas qayəsində bunlar dayanır: Biz bir dünyanın sakinləriyik, bir səma altında yaşayırıq, bir Günəşin istisinə qızınırıq, soyuğumuz da, istimiz də eynidir. Yəni, irqindən, cinsindən, dini və milli mənsubiyyətindən asılı olmayaraq hamımız insanıq və hamımızın yaşadığı çətin, xoş və yaxud da pis məqamlar var. Hərəmiz bunu bir cür qavrayırıq, bir cür keçirdirik. Kimi bu mübarizələrdə qalib gəlir, kimi də əksinə, məğlub olur. Amma əgər ömür payı sənə verilibsə yaşamağı bacarmalısan. “O” əslində insanlara bunu anladır ki, nə olursa olsun yaşamağa davam etmək, həyatın ətəyindən yapışmaq və nikbin olmaq lazımdır. O ki, qaldı “Yadigarlar” verilişinə, bu veriliş artıq televiziya məkanında bir klassikaya çevrilib. Biz bu verilişlə yolumuza İctimai Televiziyadan başlamışıq. Beş il orada yayımlandıqdan sonra, bu gün “Mədəniyyət” kanalında davam edir. Bu isə sırf tədqiqat işidir, apardığımız tədqiqatların, araşdırmaların nəticəsində ərsəyə gələn bir proqramdır. Verilişdə elm, ədəbiyyat, mədəniyyət, incəsənət və digər sahələri təmsil edən görkəmli şəxsiyyətlərin varisləri, ailə üzvləri, yaxın dostları həmin şəxsiyyətlər haqqında, onların bilinməyən tərəfləri barədə tamaşaçılara məlumat veririk.”
Jurnalistika fəaliyyətinə müxbirlikdən başlayıb. Daha sonra redaktor, baş redaktorun müavini işləyib. Hansı vəzifəni tutmağından asılı olmayaraq həmişə məsuliyyətli olub. Hazırda “Mədəniyyət” kanalının dierktor müavini vəzifəsində çalışarkən də bu məsuliyyət onu tərk etməyib. Əksinə, bir az da əzmini artırıb. “Mənə güvənirlərsə, etimad göstərirlərsə bu etimadı gözləniləndən daha çox doğrultmalıyam. Çünki televiziyanı çox sevirəm və sevdiyim yerdəyəm.”- söyləyir...
Anası əməkdar jurnalist Flora Xəlilzadənin onun püxtələşməsində böyük rolu var. Necə deyərlər, uşaqlıqdan sözlə yoğrulub. Tay-tuşları həyətdə müxtəlif oyunlar oynayanda, o, kitablarla oynayıb, vaxtını kitab oxumaqla keçirib. SÖZü dərk edib, SÖZə heyran olub və beləcə şeir yazmağa başlayıb. Uzun müddət şeir yazdığını hamıdan gizlədib. Bir gün şeir dəftəri aşkar olunanda yazdıqları valideyinləri, eləcə də onu tanıyan insanlar təfindən çox böyük maraqla qarşılanıb...
Deyir ki,- “Mətbuatda dəfələrlə çap olunsam da bu günə qədər onları bir kitaba toplamamışam. Çünki şairlikdən və şeirdən həmişə qaçmağa çalışmışam. Amma deyəsən bu marafonda o qalib gəlir. Bu gün yazdıqlarımı görkəmli insanlar bəyənirlərsə, demək yaza bilirəm. Məndən kitab gözləyənlərin sayı günbəgün artırsa deməli daha gecikməməliyəm. Xoş o haldır ki, kimlərinsə dilinə gətirə bilmədiklərini yaza bilirsən və yazdıqlarınla kimlərinsə fikrini, duyğusunu, ağrısını, həyəcanını ifadə edirsən. Həmin şəxs özünü səndə, sənin bir bəndində, ya bir misranda tapırsa bu doğrudan da böyük xoşbəxtlikdir. Demək mən həm də kiminsə mənəvi iztirabını ifadə etməyə kömək olmuşam.”
Bu gün sən getmişdin,
Yanımda ola-ola,
Yerin boş qalmışdı.
Sanki bütün şəhər boşalmışdı,
Bir mən idim, bir də sənin yoxluğun,
Halbuki yaxınımdaydın.
Çoxluğun içində tənhalaşmaq,
Vidalaşmaq sevdiyinlə...
Aşmaq dənizləri,
Fikir körpüsü qurmaq
Və qalmaq tən ortasında.
Bu gün sən getmişdin,
Ağlımda sən,
Arzumda sən,
Dilimdə adın.
Bu gün
Böyük bir boşluq kimi yadımda qaldın.
- Qadın dediyin belədir gedişiylə
vurar adamı...
İçi mən olan,
Heçmi anlamadın bugünkü yadlığını
Uzaqlığını başa düşmədin?
Gecmi, tezmi oldu, bilmirəm, amma
Getdin, getmişdin
Yanımda ola-ola mən olmayan yerlərə.
Bu isə onun “Ağlımdakı son sən” şeiridir...
Bəli, Bəhruz Niftəliyevin şeirləri əsl poeziya nümunələridir. Jurnalistika onun sevimli peşəsi olsa da, gələcək nəsillər onu daha çox şair kimi tanıyacaqlar...
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Toxmaq küftəsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Mal ətindən toxmaq küftəsinin hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Körpə dana əti, yaxud malın bel və ya can əti – 117 qr
§ Quyruq – 25 qr
§ Soğan – 25 qr
§ Noxud ləpəsi – 25 qr
§ Noxud unu – 15 qr
§ Alça – 10 qr
§ Kartof – 113 qr
§ Pomidor – 42 qr
§ Quru və ya təzə reyhan – 10 qr
§ Quru nanə – 8 qr
§ Sarıçiçək – 0,1 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ quru reyhan – 10 qr, sumaq – 10 qr, qırmızı soğan – 50 qr
QEYD
Bu küftə İrəvan mətbəxində xüsusi yer tutan bir xörəkdir. Çay və ya qaya daşının üstündə toxmaqla döyülən ətdən müxtəlif növ xörəklər bişirilib və yəqin ki, bundan sonra da bişiriləcək. Daş oval formalı və müxtəlif ölçülərdə olur. Toxmaq uzunluğu 70 sm, eni 50 sm olub, tut ağacından hazırlanır. Toxmaq çəkic şəklində olub, sap, qulp, tutacaqdan ibarətdir. Toxmağın döyücü hissəsinin uzunluğu 18-20 sm, eni (diametri) isə 10-12 sm-dir.
HAZIRLANMASI:
Mal əti damarlardan təmizlənir. Quyruq və ət balaca tikələr halında doğranır, duz, istiot vurulur, sal qaya və ya çaydaşının üzərində toxmaqla döyülür. Sonra xırda doğranmış so- ğan əlavə olunur və tam bir-birinə qarışana kimi yenidən döyülür. Hazırlanmış qiyməyə nanə qurusu, noxud unu qatılıb yaxşıca qarışdırılır. Içərisinə alça qoyularaq 200 qramlıq küftələr hazırlanır. Sərin yerdə özünü tutması üçün saxlanılır. Qazana su və ya işgənə əlavə olunur və qaynamağa qoyulur. Qaynayanda küftələr yumrulanıb qazana əlavə edilir. Xörəyin suyunun şəffaf olması üçün kəfi alınır. Daha sonra noxud ləpəsi əlavə olunur. Ətlə noxud bişdikdə qalan ərzaqlar: kartof, doğranmış soğan, alça, pomidor, duz, istiot, ədviyyatlar ardı- cıl olaraq qazana əlavə olunur. Xörək hazır olduqda ocaqdan götürülür. Yanında əllə əzilmiş qırmızı baş soğan, reyhan qurusu, sumaq verilir.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
“Düyməcik” Kukla Teatrının səhnəsində nümayiş olundu
Şənbə günü Azərbaycan Dövlət Kukla Teatrı daha bir səhnə işini balaca teatrsevərlərin ixtiyarına verdi: kuklaçılar bu dəfə səhnədə uşaqların sevimli yazıçısı, məşhur nağılçı Hans Xristian Andersenin “Düyməcik” nağılını təqdim eydilər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı isə, Rəvanə Yaqubovadır.
Açıq kukla idarəetmə texnikasından istifadə edilməklə hazırlanan nümunədə fərqli plan və forma seçilərək animasiya ilə klassik kukla estetikasının vəhdətinə nail olunub. Yeni və maraqlı üslubda dekorasiya və əlbisələrin olduğu tamaşada pantom və mimikalar ilə oyun texnikalarından da istifadə edilib.
Maraqlı və baxımlı olduğu qədər də ibrətamiz nümunədə əsərdən irəli gələn əsas xətt - insanı bütün arzularına çatdırıb, möcüzələrə inandıran saf hiss və ümidlərini saxlamaqla dinamik yozuma nail olunub.
Çiçəkdən doğulmuş barmaq boyda gözəl bir qızcığazın nağılını “danışan” bu nümunə 1835-ci ildə Danimarkada çap olunub və elə o vaxtdan müəllifini tanıtmağa başlayıb.
Andersenin əksər nağılları kimi müəllif təxəyyülünün məhsulu olan “Düyməcik” 1907-ci ildən teatr səhnələri və animasiya filmlərinin mövzularından biridir.
Zaman-zaman bizim teatrlar da bu məşhur əsərə müraciət ediblər.
Qeyd edək ki, tamaşanın tərbiyəvi xüsusiyyətləri də yetərincədir.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Sevgi romanları ildə təxminən 1,44 milyard dollar gəlir gətirir
Bütün zamanların 5 ən yaxşı romantik romanı hansıdır?
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar növbəti dəfə reytinqləri saf-çürük edərək bütün zamanların 5 ən yaxşı romantik romanını müəyyənləşdirməyə çalışıb. Müəllifin fikrincə, Azərbaycanımızda həmin roman Xalq yazıçısı Anarın “Beşmərtəbili evin altıncı mərtəbəsi” romanıdır. Redaksiya əməkdaşlarının da fikirləri haçalanmır, onlar da əksərən bu fikirdədirlər. Bəs görəsən dünya üzrə bu göstərici necədir?
Romantika əsrlər boyu incəsənət, ədəbiyyat və fəlsəfədə araşdırılıb. O, klassik ədəbiyyatın ehtiraslı və alovlu eşq macəralarından tutmuş real həyatdakı münasibətlərin sakit və davamlı bağlarına qədər müxtəlif formalarda ola bilər.
“WordsRated” analitik firmasının məlumatına görə, romantikada ən çox qazanan ədəbiyyat janrıdır və sevgi romanları ildə təxminən 1,44 milyard dollar gəlir gətirir. Romantika oxuyanların 82%-ni qadınlar təşkil edir, kişilərin isə faiz göstəricisi cəmi 18% təşkil edir.
Elə bu reytinq də “ən çox satılanlar” listələri əsasında hazırlanıb.
1. “Qürur və Qərəz” - Ceyn Ostin
2. “Ceyn Eyr” - Şarlotta Bronte
3. “Küləklə sovrulanlar” - Marqaret Mitçell
4. “Xarici” - Diana Qabaldon
5. “The Notebook” - Nikolas Sparks
Bax belə, əziz oxucularımız. Sevgi romanlarını siz də oxuyun. Detektiv oxuyub başınızı qatmaqdansa sevgi romanı oxuyub ruhunuzu qidalandırın. Hansısa şair gözəl deyib, sevgi barədə gözəl bədii ədəbiyyat nümunələri oxuyanlar daha gözəl sevirlər.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
ÖTƏN İL BU GÜN Sony World Photography Awards 2023- ün qalibi portuqaliyalı Edgar Martinsin Liviya mövzulu fotoları oldu
Ötən il bu gün mədəniyyət sahəsində ən diqqət çəkən hadisələrdən biri İngiltərənin London şəhərinin Hilton Park Lane salonunun nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə evsahibliyi etməsi sayıla bilər. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat vermiş və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə etmişdi. Nəzər yetirək:
Builki qalib fotoşəkillər əksərən sevgi və insan itkisi, müharibə və barışıq, təbiət gözəllikəri hekayətlərini əks etdirən əhəmiyyətli fotolardır. Bundan əlavə, bu il SWPA ilk dəfə ekoloji problemləri qaldıran və həll yollarını təklif edən fotoqrafların işlərini də mükafatlandırmışdır.
Əsas mükafatın qalibi "Müharibəmiz"adlı fotolar seriyasına görə 25.000 dollar pul mükafatı alan portuqaliyalı fotoqraf Edgar Martins olub. Bu layihə 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı öldürülən, lakin cəsədi heç vaxt tapılmayan dostu və fotojurnalisti Anton Hammerə həsr olunmuşdur.
Fotoqraf bu layihədən onu məyusluq hissi və çoxlu cavabsız suallarla tərk edən faciəli hadisəni anlamaq üçün bir vasitə kimi istifadə etdiyini bildirir. Şahidlərin, ifadələrin, dəlillərin və əşyaların olmamasına baxmayaraq, Martins dostu və idealları haqqında bir hekayə danışmağı araşdırmaq üçün Liviyaya gedib.
"Bizim müharibəmiz" Hammerllə əlaqəli insanların, eləcə də münaqişə iştirakçılarının — Azadlıq mübarizlərinin, keçmiş milislərin, yerli sakinlərin, Muammar Qəddafinin tərəfdarlarının və inanclarına və ideallarına bənzər digər insanların portretləridir.
Martins mükafatı aldı və müsabiqəyə təqdim olunan əsərlərin sayını nəzərə alaraq belə çoxluqda fərqlənməyin özü üçün böyük bir şərəf olduğunu söylədi. "Bu vəziyyətdə həm də çox emosional bir təcrübədir, çünki dostumu dünya səhnəsində şərəfləndirə bilərəm və qalıqlarını tapmağa çalışan ailənin çətin taleyinə diqqət çəkə bilərəm."
Fotoqrafiyada nə insana uğur gətirir? Düzgün rakurs seçmək, obyekti tam aydın əks etdirmək, ətraf fonun xüsusiyyətlərini qabarda bilmək... Tək bunlar peşəkarlığa dəlalət eləmir. Ekspertimizin fikrincə, daha önəmlisi – seçdiyin mövzunun aktuallığıdır. Və göründüyü kimi, portuqaliyalı fotoqraf quşu gözündən vura bilib.
Şəkillərdə siz Sony World Photography Awards 2023-ün qalibi Edgar-Martinsin “Müharibəmiz! Seriyasından fotoları görürsünüz..
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
İslam elmə və təhsilə necə təşviq edir? – DİNİMİZİ SEVƏK
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
Hazırda bir milyardan çox insanın etiqad etdiyi İslam dini dünyanın ən böyük dinlərindən biridir.
Dinimizdə elmə və təhsilə yüksək qiymət verilir. İslam dininin təməl qaynağı olan Qurani-Kərimdə və hədis ədəbiyyatında elm və təhsilin əhəmiyyətini izah edən, insanları elm öyrənməyə, öyrətməyə və təhsil almağa səsləyən yüzlərlə ayə və hədisi-şərif mövcuddur.
Məsələn, “Taha” surəsində (ayə114) deyilir: “Ey Rəbbim! Mənim elmimi artır!” “Mücadələ” surəsində (ayə 11) oxuyuruq: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın”. “Rəd” surəsində elmin nur olmasına işarə olunur. “Talaq” surəsində kainatın yaradılış hədəfi kimi elm və bilik göstərilir. Çoxsaylı hədislərin birində isə belə deyilir:” Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə onun elminin əmanətdarlarıdır”.
İslamda elm və bilik imanın önəmli qaynaqlarından hesab olunur. “Ali-İmran” surəsində oxuyuruq: ”Elm və məlumatı daha çox olanların təslimçiliyi və imanı daha çoxdur.” Məhəmməd Peyğəmbər söyləyirdi ki, “Bütün fəzilətlərin, üstünlüklərin, yaxşılıqların, bütün bəyənilmiş xüsusiyyətlərin hamısının kökü və bünövrəsi elmdir”. Hədislərin birində deyilir ki, elmlə yatmaq, cəhalətlə qılınan namazdan üstündür. Hz.Əli əleyhissəlam isə buyururdu ki, “Elm maldan xeyirlidir. Çünki malı xərclədikcə azalır, elm isə xərclədikcə çoxalır.”
İslam dinində elm öyrənmək böyük savab sayılır və Uca Yaradanın əmri hesab olunur. Bu mənada Peyğəmbərə ilk nazil olan ayənin “Oxu” əmri olması təsadüfi sayılmamalıdır. (Sinonimlər lüğətində “oxu” sözünün qarşılığı “öyrənmək” kimi verilir.)
Elm, bilik öyrənmək üçün sərf olunan zəhmət Allah yolunda sərf olunmuş zəhmət hesab olunur. Müqəddəs Kitabda Allah bilənlərlə bilməyənlərin eyni tutulmasının düzgün olmadığını bildirmiş, elmlə məşğul olanlara, elm öyrənənlərə yüksək qiymət vermiş, onları xüsusi fərqləndirmişdir. “Zumər” surəsinin 9-cu ayəsində deyilir ki, “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alar!” “Mücadələ” surəsinə görə, biliyi və elmi olan kəslər Allaha daha yaxın hesab olunurlar. Həmin surədə o da qeyd olunur ki, Allah elm dalınca gedən insanların dərəcələrini yüksəldəcəkdir.
Peyğəmbərimiz həmçinin buyururdu:"Kim elm axtarmaq yolu ilə getsə, Allah onu cənnətə aparar. Həqiqətən, mələklər qanadlarını elm əhlindən razılıq əlaməti olaraq yerə sərərlər. Doğrudan da, göy və yerdə olan hər bir şey elm axtarışında olan kəsin günahlarının bağışlanmasını istəyər, hətta dənizdə olan balıqlar belə. Alimin abiddən üstünlüyü on dördüncü gecədə ayın ulduzlardan üstünlüyü kimidir. Həqiqətən, alimlər peyğəmbərlərin varisləridirlər. Çünki peyğəmbərlər dinar, dirhəm irs qoymurlar, onların irsi elmdir. Kim ondan bəhrələnərsə, çoxlu nəsib əldə etmiş olar". "İnsanların elmindən bəhrələndikləri alim yetmiş min abiddən daha üstündür”. (İmam Baqir).
Elm qazanılarkən ömür vəfa etməyib ölən kəslərlə bağlı Peyğəmbərimiz deyirdi: “Elm öyrənərkən əcəli çatıb ölən kimsə özü ilə peyğəmbərlər arasında yalnız bir dərəcə – peyğəmbərlik dərəcəsi – olduğu halda Allaha qovuşur”.
İmam Sadiq isə belə söyləyirdi: "Səhəri üç nəfərdən biri olaraq aç: alim, elm öyrənən və elm əhlini sevən. Bunlardan başqa bir kəs olma ki, onları sevməmək nəticəsində həlak olarsan. Mən şərəf axtardım, onu elmdə tapdım".
Quranda elmlə bağlı çoxlu ayələr olmasına baxmayaraq oradakı detalların (Allahın sirlərinin) izahını və təsvirini indiki elmi əsərlərdə və dərsliklərdə olan kimi axtarmaq absurddur. Quran riyaziyyat, fizika və kimya düsturlarını, biologiyanı, tibbi, bəşəriyyətin tarixini, nüvə fizikasını, psixologiyanı, sosiologiyanı, informasiya texnologiyalarını və s. öyrətmir.
Quranın nə məqsədlə endirildiyini ayələr aydınlaşdırır. Uca Allah bu Kitabı vəsf edərək buyurur: "Əlif. Ləm. Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır" (əl-Bəqərə surəsi, 1-2). Quran Allahın bizə rəhbər kimi nazil etdiyi kitabdır, o, doğru yolu göstərir, elmi gerçəklərə toxunur və ip ucu verir. İnsanları Allahın yaratma sənətindəki detalları və dünyanı necə yaratdığını bilmək üçün öyrənməyə və araşdırmağa təşviq edir. İnsanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, heyvanların, gecə ilə gündüzün əmələ gəlməsi, özlərinin doğuluşunun, dillərinin və rənglərinin müxtəlif olmasının, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Başqa sözlə, İslam dini, elmi Allahın yaratma sənətindəki detallara yetişməkdə bir yol kimi qəbul edir. Bu detallara yetişmək üçün isə hər bir insan elm və ürfan sahibi olmalıdır.
Allahın yaratdıqlarını düşünməyə, öyrənməyə və araşdırmağa cəhd edənlər haqqında Peyğəmbər hədislərdən birində buyurmuşdu: "Elm axtarışında olmaq hər bir müsəlmana vacibdir. Həqiqətən, Allah elm axtaranları sevir".
İslamda elmdən söhbət gedəndə bəziləri ancaq dini elmləri nəzərdə tuturlar. Bizcə, bu tamamilə yanlış düşüncədir. Quranda və hədislərdə “dini və dünyəvi elm” deyə bir şey yoxdur. Sadəcə elm anlayışı var ki, bu da faydalı olan hər bir elmi ehtiva edir. Tədqiqatçıların fikrincə, Quranda olan ayələr, ilk cərrahi əməliyatdan tutmuş, cəbr, həndəsə, coğrafiya, kimya, astronomiya və sair elmlərdə olan kəşflərin, dövrümüzə qədər aktuallığını saxlayan bir sıra elmi nəzəriyyələrin müsəlmanlar tərəfindən irəli sürülməsi və tətbiq edilməsi, klassik elmi biliklərin yunan, Çin, Sanskrit, fars dillərindən ərəb dilinə tərcümə olunması, zəngin kitabxanalar və s. İslam dininin bütün faydalı elmlərin (o cümlədən dünyəvi elmlərin) öyrənilməsinə xüsusi önəm verdiyini göstərir.
İslam dininin heç vaxt elmlə ixtilafı və ya qarşıdurması olmamışdır. Elm də heç vaxt İslamı təkzib etməmişdir. Almaniyanın Höte Universitetinin Ərəb-İslam Elmi Tarixi İnstitutunun direktoru, professor F.Sezgin yazırdı: “İslam dini sadəcə bu elmləri heç bir sivilizasiyada tanımadığım şəkildə inkişaf etdirib və zirvəyə çıxarıb, himayə edib… Din elmə təşviq edirdi, elmi əsla baltalamırdı. Ən böyük alimlərin təbiət elmləri sahəsindəki kitablarını oxuduqda görürük ki, “bismillah” ilə başlayır, “əlhamdulillah” ilə bitir. Müasir elm adamı necə çalışırsa, onlar da elə çalışırdılar. Bu şərtlər altında müsəlman dünyasında elm böyük irəliləyiş göstərib”.
Faktlar göstərir ki, Allahın kainatı necə yaratdığını görmək istəyi tarixdə bir çox elm adamlarının ən böyük motivasiya mənbəyi olmuşdur. Məsələn, J.Kepler Allahın əsərlərindəki ləzzəti duymaq üçün elmlə maraqlandığını, görkəmli elm adamlarından İ.Nyuton elmi araşdırmalar aparmasının səbəbinin Allahı tanımaq istəyi olduğunu söyləmişdir. Yerin günəşin ətrafında hərəkət etdiyini kəşf edən Əbu-Reyhan Biruni isə deyirdi: ”Mənim elmlə məşğul olmağımın başlıca səbəbi “Ali-İmran” surəsinin 191-ci ayəsidir”. A.Eynşteyn bu həqiqəti “din duyğusu itərsə, elm ilhamı olmayan bir təcrübəyə dönər” kimi ifadə etmişdir.
Tədqiqatçılar göstərirlər ki, İslam dinindəki həqiqətlərə əsaslanaraq istiqamətləndirilən elmi araşdırmalar çox sürətli və dəqiq nəticələr verir. Başqa sözlə, dindən - doğru nöqtədən başlayaraq aparılan araşdırmalar kainatın və canlıların əmələ gəlməsinə aid sirləri ən qısa zamanda, ən az əmək və enerji sərf edərək aşkara çıxarır. Elm və etiqad vəhdətdə möhtəşəm işlər meydana gətirir. Görünür, “Elm dindən ayrıdırsa, uçurum, din elmdən ayrıdırsa, xurafatdır” yanaşması əbəs yerə meydana çıxmayıb.
Onu da qeyd etmək lazımdır ki, İslam dini, elm axtarışında yer, zaman, yaş, cins, dil ayrı-seçkiliyi etmir. Təsadüfi deyil ki, hədislərdə deyilir: “Elm Çində də olsa, dalınca gedin”, “Beşikdən məzara qədər öyrənin.”, “Elm dalınca getmək həm müsəlman kişisinə, həm də müsəlman qadına vacibdir.” və s.
Quranda elm adamlarından ciddi məsuliyyət tələb olunur. İslama görə, elm adamları möminlərin məsuliyyətini və cavabdehlik hissini artıran, insani vəzifələrin dərk olunmasına səbəb olan elmlə məşğul olmalıdırlar. Onların elmi fəaliyyəti cəmiyyətdə quruculuğa və inkişafa səbəb olmalıdır. İslamın qəbul etdiyi elm də məhz bəşəriyyətin ülvi məqsədlərinə xidmət edən və onu kamilliyə doğru istiqamətləndirən elmdir. Həzrət Əlinin dediyi kimi, “Elmin ən yaxşısı fayda verəndir”.
Quran ayələrində və hədislərdə elm və bilik sahibi olmağın üstünlükləri də aydın şəkildə göstərilir. Göstərilir ki, elm sahibi olanların imanları artır, Allahın rizasını və sevgisini qazanırlar. Onlar kainatın və təbiətin sirlərinə vaqif olurlar. İslam əxlaqına uyğun yaşayır və bu əxlaqa zidd ideologiya, o cümlədən fanatizmlə daha fəal mübarizə aparırlar. Quran əxlaqını daha yaxşı təbliğ edirlər. Geniş dünyagörüşünə maik olurlar. Baş verən hadisələri daha doğru qiymətləndirə və problemlərə daha tez və səmərəli həll yolları tapa bilirlər.
İslam dinində elmlərin öyrədilməsinə - təhsilə də böyük əhəmiyyət və dəyər verilir. Quranda təhsilə və təlim-tərbiyəyə aid olan oxuma, yazma, qələm, əxlaq, insanın tərbiyəsi və yetişdirlməsi ilə əlaqədar ayələrin olması bunun sübutu sayıla bilər.
İslam dini biliyin başqaları ilə paylaşılmasını vacib bir dəyər olaraq qəbul edir. Hədislərin birində biliyi bilməyənlər arasında yaymaq ən böyük sədəqə hesab olunur. Başqa bir hədisdə Rəsulullah deyir ki, “Ölmüş insan artıq əməl işləməklə savab qazana bilmir, ancaq onun əməl dəftərinə …öyrətdiyi faydalı elmdən… savab yazılmaqda davam edir”.
Peyğəmbərimizin fəaliyyətini izləməklə dinimizdə təhsilə yüksək qiymət verilməsinətam əmin olmaq mümkündür. Hz. Məhəmməd Peyğəmbər bir hədisində öz vəzifəsinin mahiyyətini belə açıqlamışdı: “Allah məni bir müəllim olaraq göndərmişdir.” İnsanlar hələ o vaxt bir şeylər öyrənmək üçün onun yanına gələrdilər. O, hələ Məkkə dövründə Darül-Əkramı bir təhsil mərkəzi olaraq istifadə edir, təhsilin yayılması üçün yerlər müəyyənləşdirir, ehtiyac olan yerlərə müəllimlər göndərirdi. Hicrətdən sonra Mədinədə həm də təhsil mərkəzi olan Məscidi Nəbəvini, onun yanında yataqxanalı “suffa” adlanan məktəbi açmış, özü də şəxsən burda dərs vermişdir. Bundan başqa Peyğəmbərimiz hər məhəllədə bir məscid qurdurmuş, “Darül-Kurra” adlanan axşam məktəbi formasında təhsil yerləri açdırmışdır və s.
İslam dini yayıldıqdan sonra Azərbaycanda da belə təhsil müəssisələri açılmışdır. Tarixi faktlar göstərir ki, ölkəmizin çox yerlərində mollaxanalar fəaliyyət göstərmişdir. Gəncə, Şamaxı və digər böyük şəhərlərdə məscidlərin nəzdində məktəb və mədrəsələr vardı. Məsələn, Şamaxının “Məlhəm” mədrəsəsi məşhur elm və tədris mərkəzlərindən biri olub. Mədrəsənin banisi Xəqani Şirvaninin əmisi K.Ömər idi. Burada dini elmlərlə yanaşı, tibb, anatomiya, əczaçılıq, riyaziyyat, məntiq və s. elmlər öyrədilirdi. Faktlar göstərir ki, XVII əsrdə Azərbaycanda 1200 məktəb və 100-dən çox mədrəsə fəaliyyət göstərirmiş. XVII əsrin məşhur türk səyyahı Ö.Çələbinin məlumatına görə, 1647-ci ildə təkcə Təbrizdə 600-dən çox məktəb, 47-dən çox böyük mədrəsə mövcud olub. Bu təhsil mərkəzləri insanların savadlanmasında böyük rol oynamışdır.
Mənbələrdən Peyğəmbərin təhsil mövzusunda dil, din, irq, azad-kölə ayrımı etmədiyi də bəllidir. Dinimiz elmi, biliyi qeyri-müsəlmanlardan, başqa dil, cins və irqdən olanlardan öyrənməkdə heç bir qəbahət görmür.
İslam dini müəllimlik peşəsinə çox yüksək qiymət verir. İslama görə, başqalarına elm öyrətmək məqsədilə elm öyrənən kəs Allah yolundadır. Dinimizdə müəllimlik o qədər yüksək və müqəddəs tutulur ki, uca Yaradan belə özünü müəllim adlandırır. Məsələn, “Bəqərə” surəsinin 31-ayəsində oxuyuruq: “Allah Adəmə müəllimlik etdi. Ona elm öyrətdi”. “Rəhman” surəsində isə belə deyilir: “Allah insanlara bilmədiklərini öyrətdi.” (ayə 5)
Allah peyğəmbərləri də müəllimlik (öyrətmək) üçün göndərmişdir. Belə ki, “Bəqərə” surəsində peyğəmbərlərin gəlişinin məqsədi kimi təlim-tərbiyə göstərilir. Məhəmməd Peyğəmbər bu vəzifəni Allahın rizası üçün həmişə şərəflə daşımışdır. Nəql olunmuş rəvayətlərdən birində deyilir: “Bir gün Peyğəmbər məscidə daxil olub orada bəzilərinin ibadət, bəzilərinin də öyrənməklə məşğul olduğunu görüb buyurur: «Onlar ibadət edib Allahı çağırır, bunlar isə elm öyrətməklə nadan və cahilləri həqiqətdən agah edirlər. Mən də Allah tərəfindən elm öyrədib həqiqəti agah etmək üçün göndərilmişəm”. Peyğəmbər sözlərini bitirib elm öyrənənlərə tərəf gedir”.
İslam dinində müəllimliklə məşğul olanların - təhsilverənlərin qarşısında cox ciddi tələblər qoyulur. Belə ki, onlar hər şeydən əvvəl yüksək əxlaqi-mənəvi keyfiyyətlərə sahib olmalıdırlar. Allahın Rəsulu buyururdu: “Müəllim özünü əxlaqlı apararsa, Allah və onun mələkləri, hətta yuvalarında olan qarışqalar da ona dua edər.”
Müəllim daim öz üzərində çalışmalı, oxuyub öyrənməli, özünün biliyini və peşə səviyyəsini durmadan artırmalıdır. Təsadüfi deyil ki, Məhəmməd peyğəmbər deyirdi: “Elm xəzinədir, onun açarı isə daim oxuyub, öyrənən insanın əlindədir.”
Müəllim ancaq elm öyrətməli deyil. Ohəm də şagird və tələbələri Quran əxlaqına uyğun tərbiyə etməli, onları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət etməlidir.
Müəllim öz elmini tələbələrdən əsirgəməməli və gizlətməməlidir. “Elm verən kəslər tələbədən elmini gizlədərsə, onu cəhənnəm odu ilə cilovlayarlar.” (M.Peyğəmbər) Bir başqa hədisdə isə deyilir: “Hər kəs elm öyrənib ona əməl etsə və Allahın rizası üçün başqalarına öyrətsə, asimanların mələkut aləmində əzəmətlə yad edilər”.
Müəllim şagird və tələbələri ilə ədalətlə davranmalıdır. Təhsildə asanlaşdırıcı metodlara üstünlük verməli, səbrli və dözümlü olmalı, hirsə və şiddətə yol verməməlidir. Peyğəmbər özü də bilik öyrədən və bilik öyrənənlər arasında xoş münasibəti vacib hesab etmiş, hirsə və şiddətə qarşı olmuş, müəllimlərə səbrli və dözümlü olmağı məsləhət görmüşdür.
Hədislər ədəbiyyatında təhsilalanları – şagird və tələbləri elm öyrənməyə təşviq edən onlarla hədis vardır. Məsələn, beləhədislərin birində deyilir: “Allahın Cəhənnəm odundan nicat tapmış şəxsləri görmək istəyənlər tələbələrə nəzər salsınlar. And olsun canım əlində olan Allaha! Elə bir tələbə yoxdur ki, elm əldə etmək üçün alimlərin yanına gediş-gəliş etdikləri zaman atdıqları hər bir addım bir illik ibadətin savabını qazanmamış olsun. Atdığı hər bir addımın müqabilində Cənnətdə onun üçün bir ev tikilər. Üzərinə qədəm basdığı yer belə Allah-taaladan onun bağışlanmasını istər. Gününü başa vurmaqla Allah-taala onun bütün günahlarını bağışlayıb əfv edər. Mələklər şəhadət verərlər ki, onlar Allahın Cəhənnəm odundan nicat verilən kəslərdir”.
“Elm öyrənmək hər müsəlmana fərzdir”- söyləyən Peyğəmbərimiz təhsildə qadın və kişi ayrı-seçkiliyinə qarşı olmuş, hamının elmli olmasını istəmiş, həmişə qadınların təhsili ilə maraqlanmışdır. O, kişilərə qadınların məscidlərə getmələrinə və elm öyrənmələrinə icazə vermələrini əmr etmişdir. Peyğəmbərin xanımları və əsabələri də qız uşaqlarının təhsilində maraqlı olmuşlar. Hədislərdən o da məlum olur ki, Peyğəmbər özü də qadınlar üçüngün ayırmış və həmin günlərdə onlara dərs vermiş, hətta müəllimlik etməyə təşviq etmişdir.
Dinimizdə “Allahın vermiş olduğu elm və hikmətlə hökm edən və onu xalqa öyrədən adam”lara - müəllimlərə böyük hörmət və ehtiram var. Onlar“qibtə ediləsi adamlar” hesab olunurlar.
Allahın Elçisi buyururdu: “Hər kəsdən ki elm öyrənmisiniz onun yanında təvazökar olun. Onun qarşısında baş əyin!”
Həzrət Əli isə deyirdi: ”Şah da olsan, hakim də olsan, müəllimin gələndə ayaq üstə durmalısan! Kim mənə bir hərf öyrətsə, ona qul olaram”.
Seyyid Rəzi ilə əlaqədar bir əhvalat da dinimizdə müəllimə hörmət və ehtiramın yüksək səviyyədə olduğunu göstərir. Hadisədə qeyd edilir ki, Seyyid Rəzinin qeyri-müsəlman olan bir müəllimi varmış. O həmişə müəlliminin dəfn olunduğu qəbiristanlığın yanından keçərkən atdan düşər, həmin yolu piyada gedərmiş. Bu, həm də dinindən asılı olmayaraq bütün müəllimlərin hörmətə layiq olduqlarına işarə edir.
İslam dininin mənəvi sərvətləri, o cümlədən insanları elm öyrənməyə və öyrətməyə, təhsil almağa təşviq etməsi bütün zamanlarda olduğu kimi bu gün də aktualdır. Dinimiz bu gün də insanların elmə yiyələnməsində və təhsillənməsində stimuallaşdırıcı rolunu saxlamaqdadır. Ona görə də ölkə əhalisinin çoxunun etiqad etdiyi İslam dəyərlərinin təbliği və qorunması prioritet məsələlərdən olmalıdır. Çünki Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının dediyi kimi, “Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil”.
(Qeyd: Yazının hazırlanmasında müxtəlif mənbələrdən istifadə edilmişdir.)
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Vertikal oxuya bilmək qabiliyyəti – ABİTURİYENTİN UĞUR FORMULU
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Sizlərə abituriyentin uğur formulunu təqdim edirik. Bu formul var və özünü həqiqətən də doğruldur.
Ənənəyə görə oxumaq üçün çox kiçik görmə bucağı lazım olur, gözlər soldan sağa hərəkət edir, ən yaxşı halda 2-3, daha kiçik olarsa 4 söz gözümüzün, necə deyərlər, əsarəti altında olur. Məhz bu sahənin məhdud olması nəticəsində bir sətri oxumaq üçün gözümüz bir neçə həmlə edib bir neçə dəfə dayanmalı olur. Bunu bütöv bir səhifəyə şamil etsək, maraqlı bir mənzərə yaranar. Deməli, biz hər sətirdə üç dayanacaq etməklə 30 sətrlik bir kitab səhifəsini 90 həmləyə oxuya bilirik.
Amma gəlin indi sözbəsöz yox, frazalarla oxumağa çalışaq. Yəni gözün görmə bucağını böyüdüb bir həmlədə daha çox söz oxuyaq. Bu, təkcə oxuma sürətini artırmır, həm də özündə oxuduğunun daha yaxşı mənimsənildiyini ehtiva edir. Pedaqogikada tam olaraq isbatlanıb, mətnin daha böyük fraqmentlərlə oxunması onun məzmununun daha aydın dərk edilib qavranmasına gətirib çıxarır. Gözün görmə bucağı artdıqca onun oxumağa sərf etdiyi enerjisi də azalır, buna ayrılan vaxt da qısalır. Və bu vərdiş get-gedə oxuma zamanı gözün tam püxtələşməsinə səbəb olur, soldan-sağa artıq bütöv sətri nəzarəti altına almağa müvəffəq olan göz tədricən mətni horizontal yox, vertikal oxumağa başlayır. Nəticədə, 90 həmləyə oxuduğun bir səhifəni bu dəfə sətir sayı qədər, yəni 30 həmləyə oxuya bilirsən. Həm vaxta 3 dəfə qənaət edirsən, həm də qavrama məhsuldarlığın 2 dəfə artır.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
“Turan” (6-cı paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“TURAN” bədii film ssenarisini təqdim edirik.
Titr yazı. 1921-ci il. Qarabağ. Oktyabr...
At belində meşədən talaya çıxmış onbaşı İzzət də oxunan hərbi marşı dodaqaltı zümzümə edir.
Talanın ortasında yaşıl sulu göl görünür...
Onbaşı İzzət atı gölə doğru çapır...
Onbaşı İzzət atı göldə yuyundurur...
At suyun içində fınxırır...
İpə-sapa yatmayıb əylənir...
Onbaşı İzzətin üzündən yenə “Xatirələr”ə keçilir...
Titr yazı... 1918. Afrika cəbhəsi. Trablisqərb.
Kiçik daxmanı xatırladan qərargah...
Onbaşı İzzətin yanında dayanmış çapar Nuru paşaya İstanbuldan gələn hərbi ismarışı çatdırır.
Çapar: – Paşam, hərbiyyə naziri Mirliva Ənvər paşa həzrətlərindən buyruq var. Sizi İstanbula tələb edirlər. Yeni yaradılmış Azərbaycan və Şimali Qafqaz cəbhələrində döyüşəcək Qafqaz İslam Ordusunun komandanı təyin edilmisiniz.
Nuru paşa: – Azərbaycan türklərini yaşadıqları coğrafiyada görmək istəməyənlər çoxdur. Özlərini qorumaq üçün onların milli ordusu və dövləti olmalıdır.
Onbaşı İzzət: – Paşam, əl-cənnət təht-ül zülalül yuf.
Nuru paşa: – Düzdür, onbaşı... Cənnət qılıncların kölgəsi altındadır. Biz Turanı qılınclarımızla quracağıq.
Liviya. İskələdən tərpənən qatar... Qatarın açıq nəfəsliyindən onu yola salan əsgərlərinə sevgi ilə baxan Nuru paşa...
Nuru paşanı yola salan əsgərlərin mərd üzləri...
***
Titr yazı. İstanbul. 1918-ci il. Mart.
“Babi Ali”nin binası...
Miz arxasında hökumət sədri Tələt paşa, ədliyyə naziri Xəlil bəy, hərbiyyə naziri Ənvər paşa əyləşib. Onların qarşısında qoyulmuş iki kətildə Türkiyəyə xüsusi tapşırıqla ezam olunmuş Azərbaycan nümayəndə heyətinin üzvü Nağı bəy Şeyxzamanlı və bir zamanlar Nargin adasında əsir saxlanılan türk yarbayı Hüsaməddin Tuğac əyləşib. Qapının ağzında Tələt paşanın yavəri və Nağı bəyi səfərində müşayiət edən azərbaycanlı naşir Ömər Faiq Nemanzadə dayanıb.
Otağın qapısı açılır... Nuru paşa geniş zala daxil olub təzim edir.
Tələt paşa: – Tərəfimizdən Qafqaz İslam Ordusu yaradıldı. Prins Fərruxu və daha bir neçə nəfəri sınaqdan keçirəndən sonra sənin namizədliyin üzərində duruldu, yarbay. Şimali Afrika cəbhəsindəki uğurlarına görə sağ ol. Cəbhə komandanı kimi əvəzsizsən. Almaniyanın, Avstriya-Macarıstanın sənə verdiyi təltiflərdən də xəbərdarıq. İgid adamsan. Amma bütün bunlar görəcəyin iş üçün yetəcəkmi? Görəvin ağırdır. Sən Azərbaycanda həm dövlət qurmalısan, həm də döyüşkən ordu yaratmalısan. Ətrafın düşmənlə doludur. Gəncə, Bakı süqut edib. Zamanın yoxdur. Türkiyənin içində və dışında bizim Azərbaycan siyasətimizi anlamayanlar da var. Onlar sənə əngəl olacaq. Buna hazır olmalısan. Türkiyənin neçə cəbhədə vuruşduğunu da görürsən. Sənə yardımımız yetməyə də bilər, gecikə də bilər. Döyüşlərə hazır olacaq ordunu ilk günlər yerli könüllülərdən yaradacaqsan. Bacaracaqsanmı?
Nuru paşa: – Əmr edin.
Ənvər paşa: – Səni Azərbaycandan gələnlərlə tanış edim: Nağı bəy Şeyx Nizami soyundan olduğu üçün soyadı Şeyxzamanlıdır. İgid adamdır. Turançıdır. Hüsaməddin bəy cahan savaşı zamanı ruslara əsir düşüb. Onu Nargin adasından qaçıran Nağı bəydir. Azərbaycanda osmanlı əsirlərin yerli qüvvələrlə birgə yaratdıqları gizli müqavimət hərəkatı var. Onlar da sənin əmrin altında olacaq. Bakı bolşevik-daşnak qüvvələri tərəfindən işğal olunub. Yerli əhali təşkilatlanmayıb. Uzun sözün qısası: quracağımız Turan Azərbaycandan başlayır.
Xəlil bəy: – Bir əngəl daha var, Ənvər paşa. Ədliyyə naziri kimi mən bunu sizə deməliyəm. Qafqaz İslam Ordusunun komandanı ən azı ferik və padşah yavəri olmalıdır. Nuru paşa isə yarbaydır.
Ənvər paşa: – Bu məsələ ilə bağlı sultanımla görüşəcəm. Nurunun hələ otuz yaşı yoxdur. Döyüşləri də, ömrü kimi, irəlidədir, Xəlil bəy. Əminəm ki, hökmdarım Nuru paşaya ferik rütbəsini əta edəcək. O, buna layiqdir.
***
Titr yazı... 1918-ci il. Mart. Heydərpaşa iskələsi...
Yolasalma salonunun qarşısındakı açıq perron...
Qatarın qarşısında Ənvər paşa ilə Nuru paşa söhbət edir.
Nuru paşa artıq ferik poqonları taxıb...
Fonda əsgər marşı çalınır...
Qafqaz İslam Ordusunun zabitləri qatarlara minirlər...
Bölük o qədər də çoxsaylı deyil.
Nuru paşanı yola salanlar arasında Hüsaməddin bəy də var.
Ənvər paşa: – Allahın hökmü ilə mart ayının iyirmi beşində Mosula çatmalısan. Aprelin əvvəllərinə qədər ora toplaşacaq hərbçilərimizlə məsləhətləşəndən sonra Yevlaxa girərsən. Gürcüstan yolu almanların əlindədir. İngilislər İranı tutub. Yevlaxdan Gəncəyə keçməyin məsləhətdir. Ordakı erməniləri tərksilah etməmiş Bakını azad etmə. Bakıda bir-iki erməni ölsə, ermənilər Gəncə camaatını qıracaqlar. Onları ruslar yaxşı silahlandırıblar. Haydı... yolçu yolda gərək. Turan amanatı, Nuru. Gəncədən başlamalısan.
Nuru paşa ilə Ənvər paşa qucaqlaşıb ayrılırlar...
Nuru paşa qatarın açıq qapılarından Ənvər paşaya təzim edir...
Ənvər paşa: – Anamız Aişə xanım deyib ki, başladığınız işi bitirmədən geriyə dönsəniz, südümü sizə halal etmərəm. Onun sözlərini unutma, Nuru.
Nuru paşa təbəssüm və cəsarət dolu baxışlarla Ənvər paşadan ayrılır...
Qatar iskələdən tərpənir...
Keçid... Onbaşı İzzət başını sudan çıxardıqda atı görmür... Çevrilib meşə tərəfə baxır. At kimdənsə qorxub çaparaq qalın ormanlığa girir. Onbaşı İzzət sudan çıxan zaman paltarlarının üstündə oturmuş əli silahlı iki bolşevik əsgəri görür. Onlar bir-biri ilə erməni dilində danışırlar. Onbaşı İzzətin yaxınlaşdığını görən bolşeviklərdən biri əlindəki təklülədən ona doğru atəş açıb: “Yerə çök!” – bağırır.
Onbaşı İzzət torpaq üstünə çökür...
Bolşeviklər onbaşı İzzətin şinelinin ciblərini eşələyəndən sonra ona yaxınlaşırlar.
Onlardan biri İzzətə yaxınlaşıb təpiklə çənəsinə vurmaq istəyir.
Çevik hərəkətlə bolşevikin ayağından tutan onbaşı onu yerə yıxır. Qoburundan tapançasını çıxarıb ayaq üstə dayanmış ikinci bolşeviki öldürür. İkinci güllə ilə yerə yıxdığı bolşeviki də öldürüb fit çalmaqla atı səsləyir.
At fit səsinə meşədən çıxır...
Onbaşı atın belinə qalxıb yenidən çaparaq meşəyə qayıdır...
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)