
Super User
Nüşabə Məmmədlinin “Zəngulə”si - TƏƏSSÜRAT
Mina Rəşid, “Ədəbiyyat və incəsənət”
Həyata, insanlara sevgisi ilə hər kəsin doğmasına çevrilən Vaqif Bayatlı Odər yazır ki,
Dünyaya baca kimidir şair qələmi,
baca evin tüstüsünü,
hisini çəkəntək
şair qələmi də çəkər,
çəkər ötürər canından
dünya deyilən
damlar damının dərdlərini.
Şair də, yazıçı da, bir sözlə qələm adamları dünyanın, yaşadığı mühitin, mənsub olduğu xalqın dərdlərini bir başqa cür çəkər. Sanki süçəkən kimi bu dərdlər onun canına hopar, qanına keçər. Onu elə bir hala gətirər ki, yazıçı son anda təsəlli kimi əlini ən yaxın dostu, həmdəmi olan qələmə uzadar. Qələm də sevdiyi əllərə, ürəklərə könül verər. Qələmlə ürək birləşəndə bir hayqırtı, zəngulə meydana gələr.
Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəngulə”si kimi...
Hələ illər öncə topaqlarımız yağı tapdağında qalanda Nüşabə xanımın elə bu dərdlərdən ürəyinin qanı ilə yazdığı “Zəngulə” romanını oxumuşdum. Sonra müəlliflə görüşüb yazı hazırlamışdım. Sən demə, Nüşabə xanım erməni qaniçənlərinə əsir düşmüş azərbaycanlı qadın və uşaqların həyatını, həmin anda onların çəkdiyi sözə sığmayan əzablarını qələmə alarkən sarsıntıdan üstünə dəfələrlə təcili yardım maşını gəlib…
Amma o bir az özünə gələn kimi yenə qələmə sarılıb. Çünki ədəbiyyatın qanunu budur və yazmaq onun taleyidir... Tənqidçi deyir ki, yazıçı ən çətin məqamları, faciəni, dəhşəti qələmə almalı, amma soyuqqanlığını da itirməməli, əsəri yarımçıq qoyub ölməməlidir!
Yəqin elə bu cür əziyyətdən doğulduğuna görə “Zəngulə” romanı ötən günlərin birinə təsadüf edən yubiley törənində yazıçının başına toplaşanların dilindən düşmədi. Kim onun hansı əsərindən danışsa da, sonu gəlib “Zəngulə”yə çıxırdı...
Doğrudan da, musiqi, səs və incəsənətin bütün növləri kimi ədəbiyyat da, qələm də, söz də bir silahdır. 30 ildə gözlədiyimiz bu gözaydınlığına qədər ədəbiyyatımız susmadı, nə şairimiz dayandı, nə yazıçımız durdu. Nüşabə Məmmədlinin “Zəngulə”si də beləcə bütün dünyaya hayqırdı. Əsərin qəhrəmanı kimi, romanın özü də Azərbaycanın sərhəddini aşdı. Azərbaycanda 2005-ci ilin kitabı seçilən “Zəngulə” romanına görə müəllif Rusiya Federasiyasının Yazıçılar İttifaqı tərəfindən milli ədəbiyyatımıza verdiyi samballı töhfəyə görə Q. R. Derjavin adına orden ilə təltif edildi.
Nüşabə Məmmədli 1000-ə yaxın publisistik məqalənin müəllifidir. O, Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhərində yaşayan zaman Qarabağ həqiqətlərini ictimaiyyətə çatdırmaq məqsədilə məqalələrini “Комсомольская правда”, “Аргументы и факты”, “Усть-Илимская правда” qəzetlərində dərc etdirib.
N. Məmmədli Türkiyədə baş verən dağıdıcı zəlzələdən bəhs edən 10-dan çox hekayə yazıb. Avrasiya Kitabxanaçılar Birliyi Dərnəyi tərəfindən I Uluslararası Avrasiya Türk Dünyası Uşaq Ədəbiyyatı Nəşri Simpoziumunda iştirak etdiyinə görə sertifikart alıb (2014).
İstedadlı yazıçının əsərləri rus, türk, ingilis, özbək və Ukrayna dillərinə tərcümə olunub. Kitabları İngiltərə, Rusiya Federasiyası, Türkiyə, Çexiya, Almaniya, Serbiya, Sloveniya, Ukrayna, Özbəkistan, Türkmənistan kitabxanalarının fondlarına daxil edilib. Bir çox mükafat və fəxri fərmanlarla təltif edilib.
Yasamal rayon İcra Hakimiyyətinin Heydər Əliyev Mərkəzində yazıçının yaradıcılığına və 70 illik yubileyinə həsr edilmiş tədbirdə çıxış edən tanınmış ziyalılar, mədəniyyət xadimləri, eləcə də, ədəbiyyatşünas alimlər, şair və nasirlər iştirak etdilər. Professorlar- Asif Rüstəmli, Rüstəm Kamal, Azad Şükürov, millət vəkili Aydın Mirzəzadə, Əli Əmirli, eləcə də tanınmış iqtisadçı alim Azər Əlioğlu, ehtiyatda olan polis polkovniki Sahib Həsənov, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz və başqaları yazıçının həyat və fəaliyyətindən maraqlı xatirələr, əsərlərinin bədii üslubundan danışdılar.
Yasamal MKS-nin təşkil etdiyi həmin tədbirdə yubilyara Yazıçılar Birliyinin, Heydər Əliyev Mərkəzinin mükatları təqdim edildi.
Yazıçıya hər kəsin bir arzusu da bundan sonra Azərbaycanın 44 günlük Zəfər yürüşündən, möhtəşəm qələbələrimizdən və dogma torpaqlara, Qarabağa, Şərqi Zəngəzura əbədi qayıdışımızdan yazması oldu...
Hörmətli Nüşabə xanım, Sizi növbəti doğum gününüz münasibətilə təbrik edir və dünyaya göz açdığınız dogma Ağdamın işğaldan azad edilməsi ilə bağlı Sizə gözaydınlığı veririk.
Qələminiz həmişə əlinizdə, ömrünüz bərəkətli və sevinciniz belə möhtəşəm olsun!
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)
Gülüş klubunda Bakı yağışı
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Dəlisov oğrular həbsxanaya, ağıllı oğrular “Forbes”in siyahısına düşürlər.
2.
Nazir elan edir:
“Nazirlik insanlara xoşbəxt olmağa maneçilik törətməyəcək”
Yarım saatdan sonra nazirin mətbuat xidməti düzəliş edir:
“Nazirlik insanlara xoşbəxtlik barədə düşünməyə maneçilik törətməyəcək”
3.
Qoca kişi danışır:
-Mən 4 yaşım olanda televizoru üstümə aşırmışdım. Ailəmizin bir qismi mənə, bir qismi televizora yanırdı. Axı Sovet ölkəsində uşağı 9 ay, televizoru isə düz 14 ay gözləməli olurdular.
4.
Məlum deputat İngiltərəyə səfərə gedib qayıdır, ondan təəsaüratlarını soruşanda söyləyir:
-Qardaş, çox savadlı millətdirlər, hamısı ingiliscə bilir.
5.
Əzizizm yağdı yağış.
Təpədi, dağdı yağış.
Bakı selə büründü,
Hamını tutdu qarğış.
Müəllif: Zülqərneyn Vəsfipur
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)
“Şair yanmasa yandıra bilməz” - MÜSAHİBƏ
Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri – “Ədəbiyyat və incəsənət” üçün
Sumqayıt şəhərinin 75 illiyinə həsr edilmiş “Sumqayıtın tanınmış qələm adamları” layihəsində növbəti görüşdə sizləri xoş gördük.
Müsahibimiz şair Zirəddin Qafarlıdır.
-Necəsiz, Zirəddin müəllim?
-Yaxşıyam, çox sağ olun!
-Siz səmimi insansınız. Səmimiyyət yaşamağınıza mane olubmu? Dünyada səmimi olmağa dəyər?
-Qətiyyən yox! Dəyər!
-Sumqayıtın taleyinizdə rolu.
-Sumqayıt mənim taleyimdə böyük rol oynayıb. Sadalasam xeyli vaxt aparar.
-Sizi çoxmu incidib bu dünya?
-Dünyaynan kim baş edib ki? İnsan həyatında belə anlar olur da, olmur da!
-Ruh adamısınız.Könülləri gözlərdən oxumağı bacaran insansınız. Oxuduqlarınız sizə çoxmu əzab verib?
-Mən ətrafı tanımağa çalışmışam. Çox vaxt mənə əzab verə biləcək şeyləri görmək istəməmişəm.
-Siz gözəl şairsiniz. Bunu hamı bilir və deyir. Amma indiyə qədər nə fəxri adınız,nə də mükafatınız olub. Niyə?
-Prezidentin birillik mükafatçılarındanam. Əsl insan sadə olmalıdır. Göz önündə olmağı sevmirəm. Xalqın sevgisi mənim ən böyük mükafatımdır.
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
-Bəli!
-Sizin şeirlərinizdə ağrının rəngi, ağrının ahəngi və ağrının fəlsəfəsi daha qabarıqdı. Könülə girməyən könüldəkindən hali ola bilərmi?
-Mənim yazdıqlarım yaşadıqlarımdı. Şair yanmasa yandıra bilməz. Könülə girə bilməyənin könüldəkindən xəbəri ola bilməz.
-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?
-Çox razıyam! Bizi dəyərləndirirsiniz!
-Dünyaya aldanmısız? Şairləri tez aldatmaq olur,- deyirlər. Doğrudanmı belədir?
-Hamı bizi duyğusal olaraq tanıyır. Amma bu bizim tez aldanmağımız anlamına gəlməz. Çünki biz hər kəsin ruhuna nüfuz edərək tanıya bilirik, ruhundakıları görürük. Çox vaxt bilə-bilə aldanırıq. Çünki özümüz də poetik şəkildə aldadırıq.(gülümsünür). Füzulinin təbirincə desək: "Aldanma ki, şair sözü əlbəttə yalandır.” Bizim poetik, məsum yalanlarımız olmasaydı dünya çox mənasız görünər, yaşamaq işgəncə olardı. Deyilmi?
-Sevdiyiniz və oxuduğunuz imzalar?
-Rəhmətlik Məmməd Aslan, rəhmətlik Nüsrət Kəsəmənli, xətrini əziz tutduğum Sabir Rüstəmxanlı, eloğlum Məmməd İsmayıl, dostum Əşrəf Veysəlli...
-Dünya pəncərədi və ya o biri dünyaya fokslanmış güzgü. Niyə insan dünyadan köçəndə sinəsinə güzgü qoyulur?
-Mənim fikrimcə, bu dünyada kimin qəlbi necədirsə, necə yaşayırsa elə o biri dünyada da elə davam edəcək. Çünki güzgü hər şeyi əks etdirir və güzgü hər şeyi yaddaşında saxlayır.
-Şairlər yarı insan, yarı mələkdi,- deyirlər, amma hərdən şeytanlarına da rast gəlmək olur. Sizcə?
-Şairlər (əsl şairlər) elə mələkdirlər! Əgər şeytanlaşırsa, demək ruhunu satmışdır. Ruhunu satan isə şair ola bilməz.
-Ayağınıza çox daş dəyib?
-Daş insan ayağına dəyər də! Təki başımıza dəyməsin!
-İstedad gizli düşməndi. Düşmənləriniz çox olub?
-Mən özümü heç kəsə düşmən bilmirəm. İstedad Allah vergisidi. Buna görə kimsə kimə düşmənçilik edirsə o düşmənçiliyi özünə qarşı etmiş olur.
-Sumqayıt sizə nə verdi və nəyi sizdən aldı?
-Sumqayıt mənə sadə, səmimi bir həyat verib.
-75 yaşlı gənc şəhərimizə sözünüz?
Şəhərimizin 75 illiyi ərəfəsində arzu və təklifləriniz?
-Sumqayıtımızın 75 illiyini təbrik edirəm. İllər ötsə də həmişə gənc qalsın!
-Bir bənd şeir, mümkünsə.
-Sumqayıta həsr etdiyim bir şeirim var, “Səni deyib gəldim, səni, Sumqayıt!". Bu şeir burada yerinə düşər elə bilirəm:
Səni deyib gəldim, səni, Sumqayıt!
Əlini əlimə yetirdin o gün.
Qorxdum gecikərəm- mənim gözümdə
Elə bil harasa gedirdin o gün.
Çəkinə-çəkinə deyib adımı,
İsti nəfəsinə qızındım sənin.
Yetim oğlan idim, yadındadırmı?
Gəlib qoynunaca qısıldım sənin.
Bu hünər yolunda ulduz kimi yan,
Almasın üstünü bir qüssə, bir qəm.
Gör məni nə qədər əziz tutursan,
Bircə ay kəndimdə qala bilmirəm.
Üstünə qaçaram nə vaxt çağırsan,
Fikrim, demə səndən gendədir mənim.
Elə bir ayağım Tovuzdadırsa,
Axı, arzularım səndədir mənim.
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)
Əli Çağlanın “Katarina”sı
Yarasa yayınlarında Güneyli gənc şair və yazar Əli Çağlanın "Katarina" adlı şeirlər kitabı nəşr olunub.
“Ədəbiyyat və incəsənət” portalına Əli Çağlanın verdiyi məlumata görə, kitabın redaktoru Nargis İsmayılova, dzayneri isə Teymur Fərzidir.
Qeyd etməliyik ki, kitabda 33 şeir yer alıb. Şeirlərin əsas motivi sevgi şeirləri olsa da, onların içində özgürlük üçün mücadilələr də gözə çarpılır.
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)
“Zaman” - Esvira Babayevanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Esvira Babayevanın hekayəsi təqdim edilir.
Elə hey qaçıram. Bu qədər böyük sürətlə hara belə tələsirəm - heç özüm də bilmirəm. Gördüyüm gözəlliyə bir andan çox baxa bilmirəm. Hər keçən günüm məndən əks istiqamətdə eyni sürətlə qaçır. Qaçmaqdan yoruluram, bəlkə də, əslində, qorxuram?! Dayanmaq istəyirəm. Dərin bir ah çəkib, sakitcə dayanmaq istəyirəm. Onda bəlkə əks istiqamətdə gördüklərim də dayanar. Onda bəlkə onları daha çox seyr edə bilərəm. Bəlkə o istiqamətə keçə də bilərəm. Onları seyr etmək kifayət etmir axı?! Orada qalanlar mənimlə gəlmir axı?! Orada mən də başqayam, daha gözələm axı?! Nə üzümdə bir qırış, nə də saçımda ağ tel. Həmin istiqamətdə ən axıra gedərdim. Orada qalanları bir də görərdim. Sürətim məni öz istiqamətimə çəkmək istəsə də, mən onlardan möhkəm tutub buraxmazdım. Sürükləyib özümlə gətirərdim. Ehh, xəyallar, xəyallar. İnsan həqiqətin düz gözünə baxa bilmir. Çünki o, sanki gur gün işığı kimi adamı çox yandırır. Bura bax, əks istiqamətdəki mən; dayanıb mənə baxır. O niyə belə görünür? Axı orada mən həmişə gözəl idim. Yox, bu mən deyiləm. Ya da o, həqiqətin düz gözünə baxır. Yoxsa, niyə üzünü belə yığıb? İlahi, mənim üzümdə bu qədər qırış var idi, yəni?! Budur, indi həmin o gur işıq məni özünə doğru çəkir. Bir saniyə, əzizlərimə baxım... O isə durmur. Mən, sadəcə, zaman istəyirəm. Çox şey istəmirəm ki, dünya malını demirəm, pulu heç demirəm, sadəcə, zaman, zaman, bir saniyəlik zaman... Qulağıma bir səs pıçıldadı: "Sən sənə verilən ən qiymətlini seçib istəyirsən. Bəs bura qədər nə ilə gəlmişdin?" Artıq sözüm qalmadı. Deməyə bir kəlmə belə sözüm qalmadı. Heç nə deyə bilmədim. Bir qaranlıq çökdü və gözlərimi yumdum. Açanda isə çox qəribə bir yer gördüm. Burada hamı ağ geyimdədi. Və əks istiqamətdə gördüklərim indi mənim yanımda, yaxınlığımda dayanıb, amma nə əks istiqamət, nə də düz getdiyim istiqamət qalıb. Kimsə məni ucadan, möhkəm hıçqırıqlı bir səslə çağırdı. Arxaya dönəndə həmişə gəldiyim (qaçdığım), istiqaməti gördüm. Deməli, mən bura gəlirdim. İndi onlar oradan məni səsləyir. Mən də onları çağırıram, amma onlar nə məni görür, nə də eşidirlər. Bu çox ağırdır. Ağır olduğu qədər də ağrıdır. Deməli, bu imiş baxa bilmədiyimiz həqiqətin gözü. Budur həyatın mənası. Günəş işığıtək ağ və gur işıq.
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Çölməkdə zing
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Çölməkdə zingin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Zing sümükləri – 400 qr
§ Duz – 6 qr Xörək əlavəsi:
§ sarımsaq – 2 qr
HAZIRLANMASI:
Bordağ dana və ya kəlçənin (camışın kökəldilmiş balasının) zing sümükləri ətli şəkildə doğranır. Zing – malın maça sümüyü, aşıq sümüklərinin arası deməkdir. Zinglər yuyulub, iri- iri doğranmış halda çölməyə yığılır. Üstünə su tökülüb təndirə sallanır. 3-4 saat keçdikdən sonra təndirdən çıxarıb xaş kimi sarımsaq hazırlayıb üzərinə əlavə olunaraq, süfrəyə verilir. Sarımsaq zing suyu boşqablara çəkildikdən sonra üzərinə gəzdirilir.
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)
Yaşayan Qəhrəman
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
İlham Zəkiyev Sumqayıtda böyüyən və burada həyatının mühüm illərini keçirən bir qəhrəmandır. Hələ kiçik yaşlarından cüdo idmanına maraq göstərən İlham, Sumqayıtda idman sahəsində özünü təsdiqləyərək gələcəkdə böyük uğurlara imza atmağa hazırlaşırdı. Lakin onun həyatı bir gün tamamilə dəyişdi.
İlham Zəkiyev Azərbaycanın Milli Ordusunda xidmət edərkən, 1999-cu ilin fevralında Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəldi və görmə qabiliyyətini tamamilə itirdi. Bu, hər kəs üçün böyük bir zərbə olardı, amma İlham ruhdan düşmədi. Bu gənc öz daxilindəki gücü taparaq həyatına yeni bir istiqamət vermək qərarına gəldi. İrəlidə onu böyük uğurlar gözləyirdi.
O, görmə qabiliyyətini itirməsinə baxmayaraq, idmanı tərk etmədi və paralimpiya cüdosu üzrə məşqlərə başladı. İlhamın iradəsi və inadı nəticəsində dünya səviyyəsində parlayan bir ulduza çevrildi. 2004-cü ildə Yunanıstanda keçirilən Afina Paralimpiya Oyunlarında qızıl medal qazandı, ardınca isə 2008-ci ildə Pekin Paralimpiya Oyunlarında da bu uğuru təkrarladı. İlham Zəkiyev zaman keçdikcə daha çox dünyada Azərbaycanın qürur simvolu kimi tanınmağa davam edirdi.
İlham Zəkiyev Azərbaycanın idman sahəsində ən yüksək mükafatlarından biri olan "Şöhrət" ordeni ilə təltif olunub.O, həmçinin müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın fəxri adlarını qazanıb və dünya miqyasında idmançı kimi tanınır.
Bu cəsur idmançı hər zaman çətinliklərə qarşı qalxan olmağı bacarıb, idmandan kənarda da motivasiya mənbəyi kimi çıxış edir. İrəli gedən yolu sadəcə qələbələr və mükafatlarla dolu deyil, həm də həyatın gətirdiyi ən böyük sınaqlarla mübarizənin və iradənin hekayəsidir.
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)
Yaşamaq dar ayaqqabılarda gəzmək kimidir…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Atası bayram üçün Nazım Hikmətə bir cüt ayaqqabı almağı qərar verir. O vaxt indiki kimi hazır ayaqqabı satan mağazalar yox idi. Yalnız ayaqqabı tikən çəkməçilər var idi.
Çəkməçi Nazimin ayağını kartonun üstünə qoyur və ona möhkəm addım atmasını deyir. Sonra ayağının ətrafına qələmi qoyub cızır…
Onun ayaqqabıları bayramdan bir gün əvvəl hazır olur. Atası ayaqqabıları götürüb evə gətirir. Nazim həmin gün onları geyinmir. Ayaqqabılarını çarpayısının altına qoyur və vaxtaşırı yoxlamaq üçün onları çıxarır. Həmin gecə yata bilmir. Evdəkilər səhər yuxudan duranda Nazimi ayaqqabı qutusu qucağında stulda oturmuş görürlər…
Bundan sonra baş verənləri Nazım Hikmətin ağzından eşitmək sizi daha da təsirləndirəcək. Elə isə gəlin Nazimin bunu necə izah etdiyinə nəzər salaq:
- “Atam ayaqqabılarımı geyindirdi. Ayaqlarıma uyğun deyildi, sıxırdı. Amma bunu atama demədim. O, “ayaqlarını sıxmır ki?” deyə soruşanda, “yox” cavabını verdim. Əgər “dardırlar, ayağımı incidirlər” desəydim, ayaqqabılarım geri gedəcəkdi və o bayram səhəri ayaqqabı ustasının dərhal yeni ayaqqabı tikməsi mümkün deyildi. Bir müddət sonra ağrı dözülməz oldu. Dişlərimi sıxıb bir təhər yeriyirdim. Axsamağa başlamışdım. Soruşanlara da “yıxılmışam” deyirdim. Amma heç kimə demirdim ki, ayaqqabılarım ayağıma dardır.
Düzünü desəm, həyat elə dar ayaqqabıda gəzmək kimi bir şeydir. Bəzən maaşın az olması, bəzən də xoşagəlməz iş, bəzən düşdüyümüz yer bizim üçün dar ayaqqabıya çevrilir.
Bəzən bir küçə və ya şəhər, bəzən dostlar, ətrafımızdakı insanlar dar ayaqqabılara çevrilir…
Çox acıdır- deyilmi?
Bəli, yaşamaq dar ayaqqabılarda gəzmək kimi bir şeydir..."
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)
Ana təbiətin peşmanlığı... - ESSE
Güldərən Vəli, “Ədəbiyyat və incəsənət” üçün
Hər şeyin ayrılığını yaşadı insan. Hər şeyin köhnəldiyini gördü... Hətta özünün də... Güzgülər gözəlliyimizi görməkçün deyil, hər gün köhnəldiyimizi görməyimiz üçündür, bəlkə də...
Bu köhnələnlər arasında özümüzü təzə saydığımız da çox oldu. Və təzələr köhnələrdən uzaq qaldılar...
Həmin uzaqlıqda dönüb olduq payız.
Ana təbiət deyirik ha, o ananın balalarına zülm edəndə utanırıqmı? Hə, güllər, çiçəklər, ağaclar, bir koma kəklikotu da təbiətin balasıdır. Hər baharda ana təbiət balalarını dünyaya bəxş edir. Güllər olur rəngbərəng, ağaclar çiçəkləyir, kəklikotuların ətri bürüyür dörd yanı. Sonra yay gəlir, ana təbiət övladlarının pardaqlandığının, meyvəsini verməyə tələsdiyinin şahidi olur. Ürəyi açılır, fərəhlənir!
Və sonra... Otbiçənlər gülləri eyninə almır, tapdayıb keçirlər yanından... Ağacların məhsullarını yığmağa tələsənlər əl atır, bir meyvə dərir, dişləyir, hələ tam yetişmədiyini görür, yerə tullayır... Odunçular meşədən quru ağaclarla yanaşı, ən hamar şüvülləri də kəsirlər ki, dülgərlərə satsınlar. Təbiət ana bunları seyr edir... Kədərlə... Ağrıyla... Və küsür.
Payız bir ananın küsməsidir, hə...
Payız balaların analarını anlamamasıdır, hə...
Yazda - rəngbərəngliyin təzə-tərliyində ana nə desə onu edən övladlar payızda can hövlünə təslim olur, ananı da unudurlar, özlərini də... Hə, özlərini də... Kim olduqlarını, analarının onları dünyaya niyə bəxş etdiyini, onları hansı yüksək missiyanın gözlədiyini görmürlər, təpərini itirməkdən qorxduqları canlarının dərdindən. Beləcə, sarı-qırmızı yarpaqlar can dərdi atılır budaqlardan.
Ana təbiət isə “mən deyən olmadı” təəssüfündən, xəyal qırıqlığından çox, “mən bunu bilməliydim” peşmanlığını yaşayır bir daha... Hərçənd, o son ümidlə də sarılır, üzünü tutur balalarına:
-Mən sizin “inqə” səsinizin ahəngindən anlayırdım nəyə ehtiyacınız olduğunu. Amma siz indi mənim dilimi - öz ana dilinizi anlamırsınız.
Bu da şikayət deyil... Bu da ana təbiətin peşmanlığıdır...
Hə, payız ana təbiətin peşmanlığıdır. Ondan o yana da deyil, ondan bəri də. “O yana”sı olsaydı, növbəti dəfə çiçək bəxş etməzdi bizə ana təbiət. “Bəri”si isə daha betər olardı! Elə qalardıq payızın ortasındaca-quru yurdda... Hə, şeirlər yazılardı, romantika yaşanardı, mahnılar bəstələnər, rəsmlər çəkilərdi, amma bir yerdə bunlar da tükənər, ümidlər ölərdi.
Peşmanlıq yaşanmasa, edilənlərin bir mənası qalmazdı. Mənasızlıq isə gözəllikdən uzaqdır. Gözəldir payız!
Küskünlük olmasa, umulanların bir mənası qalmazdı. Umulmazlıq insanı ətalətə sürükləyərdi. Hərəkətdir, davam etməkdir payız!
“Son” olmasa, “başlanğıc” olmazdı. Başlamamaq isə diriykən ölü olmaqdır. Yaşamaqdır payız!
Nəhayət, payızın kövrəkliyi olmasa, yaradıcı insanlar susardı. Şeiriyyətdir payız!
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)
“Düşdük hamılıqca belə dövranə könülsüz - RZA QƏFFARİ
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Rza Qəffarinin şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
Rza Qəffari
BÜTXANƏDƏN BÜTXANƏYƏ
Saldım bu sərxoş könlümü meyxanədən meyxanəyə,
Atdım bu dünyanın qəmin peymanədən peymanəyə.
Öz özlüyün tapmış hamı, varlıqlara etmiş əməl,
Mən ortalıqda qalmışam biganədən biganəyə.
Məndən soruşsaz sizlərə mən eşqi təklif eylərəm,
Axir nə təklif olmalı divanədən divanəyə.
Baş əymərəm hər kəs gəlib bir din ilə, ayin ilə -
Çəksin məni bunda sora bütxanədən bütxanəyə.
Gizlin qalan gəncinəyəm, məndən xəbərsizdir elim,
Salmış məni azğın fələk viranədən viranəyə.
FƏLƏK
Ta sənin qəddini bir sərvi çəman etdi fələk,
Tir tək qamətini, bükdü kaman etdi fələk.
Bir bucaqda dedim öz gizli qəmim var çəkərəm,
El içində onu da açdı əyan etdi fələk.
O qocaldıb hamını bir-bir ayaqdan saldı,
Döndərib gör birini bir də cavan etdi fələk?
Səni bizdən ayırıb özgələrə yar elədi,
Bizi də bircə görüşçün əl-aman etdi fələk.
Darü-dünyada mənim vəsləti-yar arzum idi,
Yandırıb hicr oduna bağrımı qan etdi fələk.
Bir kəsik ney kimi səhralar içində buraxıb,
Gecə-gündüz işimi ahü-fəğan etdi fələk.
Abiru ilə dedik qoy keçinək biz də gülüm,
Abiru yox məni rüsvayi-cahan etdi fələk.
Quzunun arzusuna dağda yel əsdirdi müdam,
Qurd üçün hər çölü bir çənli duman etdi fələk.
Sən cahan mülkünə cana deyərəm can kimisən,
Məni bir cism kimi həsrəti-can etdi fələk.
Eşq sultanıyam ancaq ki, Rza zərrəliyə -
Gör ki, dərvişi nədəndir Savalan etdi fələk.
KÖNÜLSÜZ
Vurdum özümü mən dəli tufanə könülsüz,
Neylər dəli tufan daha insanə könülsüz?
Eşqinlə alışmaqlar alovlanmaq üçündür,
Şəmin oduna yanmadı pərvanə könülsüz.
Könlüm sənə iman gətirib vurğun olubmuş,
Ondandır olub din ilə imanə könülsüz.
Sən dərdi könüllərdə oyatmaqda könüllü,
Mən dərd arayan can kimi dərmanə könülsüz.
Hər həlqəsinə bağldı mən aqil ürəkli,
Zənciri çəkir ardıca divanə könülsüz.
Yox meydə əsər, burda ayıqlar gəzir indi,
Baxdıqca qalır bunlara meyxanə könülsüz.
Zövq əhli durub məclisi-meydən gedər olsa,
Aydındı gəzər məclisi peymanə könülsüz.
Olsun ki, göyərməkdədir ancaq nəyə lazım –
Torpaqlara quylansa da bir danə könülsüz.
Sufi məni təzvir ilə aldatmağa gəlmiş,
Mən də bu yalan, hiyləli ürfanə könülsüz.
Könlüm qəminə yanmalı olsan da özün yan,
Yansa, yanacaqdır sənə biganə könülsüz.
Bundan sora məndən də Rzalıq nə umursan,
Düşdük hamılıqca belə dövranə könülsüz.
VƏTƏN TORPAĞI
Təbibim mübtəlayi dərdi eşqəm, xəstədir canım,
Sızıldar cismi nalanım, çıxar əflakə əfğanım.
Ala gözlər salıbdır bir baxışla canımı dərdə,
Bu dərdi saxlayar könlüm mənim dərdimdi dərmanım.
Əgər rüsvay olam xəlq içrə, bakım yoxdu danlaqdan,
Mənə qəlbim verib fətva, əlimdə vardı fərmanım.
Dəlibdir tiri-müjqanın bu dağlı qəlbi min yerdən,
Amandır tez əlac eylə nahaq yerdə gedir qanım.
Yayın tirlətmə əl saxla günəş sinəmdə gizlənmiş,
Çəkər dünyanı odlara sökülsə gər giribanım.
Su axdıqca ayağından ucaldar qamətin sərvin,
Odur kim ağladqca mən gülər sərvi-xuramanım.
Sənə hədsiz gözəlliklər vətən torpağı bəxş etmiş,
Bu aslanlar elindəndir mənim də şöhrətim-şanım.
Çalış ey cani cananım, sevindir xəstələr canın,
Bacardıqca fərəhləndir vurulmuşları ceyranım.
CANAN TÖRƏDİR
Nəfəsin eyni məsiha dəmidir can törədir,
Baxışın dildə gəzirkən yenə dəstan törədir.
Ayrılıq dərdi mənim qəlbimə dağlar qalayıb,
Vəslin amma yenə də özgəyə dərman törədir.
Gizlicə süzmədədir könlümüzə qüssə-kədər,
Yer salandan sora bu dəryada tufan törədir.
Zülfü küfr ordusu tək qarət edirsə inanım,
Baxışıyla yenə yol göstərir, iman törədir.
Mərd oğullar vətəni Azərbaycan elidir,
Cövhərindəndir bu torpaq belə insan törədir.
Baxma orman kimi bu torpağa çökmüşdü sükut,
Düşmənin qarşısını almağa aslan törədir.
Can fəda eylə Rza, kəsmə gözəl yardan ümid,
Sevgini, eşqi könüllərdə o canan törədir.
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)