Super User

Super User

Əyyub Türkay, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2023” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.

 

Müşavirədə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı xanım "Kiçiklərin böyük ədəbiyyatına doğru" adlı məruzəsində haqqımda bildirmişdir:

“Əyyub Türkayın "Balaca qəhrəmanlarım" adlı kitabında həm bağçayaşlı uşaqlar, həm ibtidai sinif şagirdləri üçün qələmə aldığı şeirləri, nağıl və hekayələri toplanmışdır. Tərbiyəvi əhəmiyyət daşıyan "Ərköyün oğlan", "Şirin dərman", "Acgöz ağa" hekayə və nağılları həm də maraqlı süjet xəttinə malikdir. Ümumilikdə müəllifin balaca qəhramanları həm də kiçik oxucuların hər birinin həyatdan tanıya biləcəyi, hər gün rastlaşa biləcəkləri həyati qəhrəmanlardır. Onlar bu əsərləri oxumaqla həm də həyatda üzləşə biləcəkləri situasiyaya hazırlaşmış olurlar. Kitabda verilən tapmacalar isə uşaqların təfəkkür və düşüncəsinə təsir etmək baxımından əhəmiyyətlidir".

Mənim yaradıcılığıma göstərdiyi diqqətə görə hörmətli və fədakar alim olan Aygün xanıma dərin minnətdarlığımı bildirirəm.

Məqaləni geniş şəkildə "Ədəbiyyat qəzeti"nin 13 iyul 2024-cü il nömrəsində oxuya bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)

“Ədəbiyyat və incəsənət” portalı Jalə İslamın “Həyat dispanseri” hekayəsini təqdim edir. Əminik ki, bəyənəcəksiniz.

 

 

Dəli olmaq bu həyata qarşı verə biləcəyin ən mükəmməl cavabdır!

 

Bu, özünə verdiyin son şans olsun və söz ver ki, yaxşı dəyərləndirəcəksən. İslam Sultanov, öz içində özünü tap, unutma ki, sən belə deyildin...

 

Özünü tap/ 11 fevral 2021-ci il

   Normal bir insan zəngli saatı niyə qurub yatır? Yəqin ki, günün yorğunluğu ilə səhər qalxa bilməyəcəyini düşünüb saatı həmin vaxta qurur və dərin bir yuxunun təsiri altına düşür. Bəs bu, məndə niyə alınmır? Mən niyə normal insanlar kimi bu qaydaya əməl edə bilmirəm?

   Bəlkə də, saat altıya qurulan zəngli saatdan tam on beş dəqiqə əvvəl oyanmaqda məqsədim hər şeyin necə baş verəcəyini ən başından təxmin etdiyim, doğan günəşi özümə düşmən elan etdiyim yeni bir günə oyanmaq istəməməyim idi. Saatın tamam olmağına beş dəqiqə qalmış Saranın ayaq səslərini eşidirdim. Onun da günlük vəzifələri içərisində məni oyatmaq kimi bir məşğələsi var idi. İçimdə olan bütün bu hisslər, bir də Saranın ayaq səsləri məni bu çarəsizliyə daha çox itələyir, həmçinin vahiməyə salırdı. Öz-özümə sual verirdim ki, görəsən, bu qadın özü yuxudan nə vaxt qalxır? Bəlkə də, heç yatmır. Sanki mən deyil o işə gedir, bu qədər həvəslidir. Saranın yenə oyaq ikən məlahətli olsa da, səhərin bu çağında mənə ölüm zəngi kimi gələn o səsini eşidirdim:

 -İslam, qalx, artıq gecikəcəksən.

- Yaxşı, əzizim.

 Əl-üzümü yuduqdan sonra Saranın mənə verəcəyi günlük nəsihətləri dinləmək üçün bir masa arxasında əyləşdik. Sanki Sara məni hər səhər işə yox, döyüşə göndərirdi. Geri qayıtdığım zamanda da eynilə belə idi, o, sanki ölkəni xilas edib geri qayıdan həyat yoldaşını qarşılayırdı.

-İslam, psixoloqa nə vaxt gedirsən?

-Cümə günü saat üçdə. Görüşü öz işimin olmadığı vaxta salmışam.

-Məncə, sənin sağlığın işlərindən önəmlidir, əzizim. Arada özünə vaxt ayır. Bu məni daha da xoşbəxt edir.

-Mən çox yaxşıyam, sən heç narahat olma. Əvvəlkindən özümü daha güclü hiss edirəm. Bunda sənin də payın var, hər zaman mənim yanımda olub ən böyük dəstəyi verdiyin üçün mən bu həyatın ən bəxtiyar kişisi ola bilərəm.

Yeməyimi yeyib bitirdikdən sonra mən həmişə oğlum ilə hal-əhval olurdum və bu vəzifəmi unuda bilməzdim.

-İslam, sən orada nə edirsən ?

-Əzizim, oğlumuz gələcəkdə hansı peşəni seçəcəyini artıq qərarlaşdırıb. O, hüquqşunas olacaq və bu mötəbər qərarını ilk olaraq atası ilə bölüşdü.

-Sən yenə şəkilləri dağıtdın? İslam, axı sən niyə belə edirsən? Mən hər gün toplayıram, sən yenə dağıdırsan və özün özünü aldadırsan. Sən artıq nə vaxt anlayacaqsan ki, bizim oğlumuz daha həyatda deyil? Xahiş edirəm, artıq özünə gəl. Mənim üçün də çətindir, amma sənin bu halın məni daha çox üzür.

Mən, deyəsən, heç istəmədən də olsa, yenə eyni fırtınaya özümü təslim etmişdim. Məni hansı sonun gözlədiyini özüm də bilmirdim. Çıxarkən Sara arxamca səsləndi:

-Yemək yeməyi unutma, yaşıl rəngli dərmanını bugün günorta və axşam yeməyindən əvvəl iki dəfə iç və bir də xahiş edirəm, psixoloqa get.

Bütün bunlar mənə çox ağır idi. Mən öz daxili dünyama hər zaman uduzurdum. Mənim cismimin qalibi qəlbim idi. Beynim sanki onun əsiri olmuşdu və bütün düşüncələrim susdurulmuşdu. Elə bil bir cərəyanla dövr edib eyni yerə çıxırdım. Bu yerdə itirmiş olsam da, bütün həsrət qaldığım, görmək istədiyim hər şey yatırdı və mən xülyaya inanırdım.

Beynimdə dönən bu qara düşüncələrlə iş yerimə çoxdan çatmışdım. Yenə eyni peşəkarlıqla İslamı qapının arxasında qoymalı idim. Burada öz problemlərimə yer yox idi. Ənənəmə sadiq qalaraq koridorda bütün işçiləri salamlayaraq öz otağıma doğru addımladım, qapının üzərində olan yazılı lövhəni düzəldib, ( lövhə üzərində: Psixoloq-İslam Sultanov yazılmışdı ) otağa keçdim. Bir az keçmişdi ki, köməkçim çayımı gətirərək otağa daxil oldu:

 -Həkim, gününüz aydın olsun.

-Sənin də, Şəfəq. De görək, bugün hansı ağıllı gələcək?

-Bir azdan bir nəfər gələcək. Xəstə haqqında məlumatları sizə az sonra təqdim edəcəyəm.

Şəfəq burada mənim şıltaqlıqlarıma səbr edən yeganə şəxslərdən biri idi, həmçinin, mənim bütün xəstələrimi ağıllı adlandırmağıma da alışmışdı, ona görə də, gülümsəyərək qarşılıq verirdi.

 Yarım saat sonra qapı döyüldü. Mənim icazəmlə otağa nisbətən həyatın bütün ağır yüklərini çiynində hiss etdiyim bir şəxs daxil oldu. Saçı və saqqalı ağarmışdı, amma üzünün nurlu çöhrəsi elə də yaşlı olmadığının bir sübutu idi. Bəlkə də yaşını elə bu səbəbdən təxmin edə bilmədim.

Bəzən cismin yaşı ruha yüngül, ruhun yaşı isə cismə ağır gələr!

Əyninə geyindiyi gödəkcə təmiz əldən düşmüşdü, bir əli ilə gödəkçənin bilək hissəsindən çıxan köynəyinin qolunu əlinin içinə alaraq bərk-bərk sıxırdı. Ayaqqabıları çirkli idi və o qədər köhnəlmişdi ki, bəlkə də dil açıb artıq məndən əl çək deyə bilərdi. Buna baxmayaraq, mənim diqqətimi daha çox onun başındakı balıqçı papağı çəkdi. Hər şey bir yana, bu insan mənim gözlərimə dərin və səbəbini bilmədiyim kədərlə baxırdı. Danışmasa da, bu gözlər məni artıq yaralamışdı. Kim bilir, danışsa halım nə olardı?!

-Xoş gəlmisiniz, buyurun oturun. Adınızı bilsəm, daha xoş olardı.

-Təşəkkür edirəm, adım Vüqardır.

 Elə bu an Şəfəq içəri daxil oldu və mənə qarşımdakı insanla bağlı içərisində şəxsi məlumatlar olan qovluğu təqdim etdi. Bir az göz gəzdirdikdə, həqiqətən, təəccübləndim. Bu insan bir zamanların tanınmış cərrahı Doktor Vüqar Qurbanov idi. Təəccüblə gözlərimi ona zillədim, deyəsən, o da vəziyyətin fərqində idi və mənə baxaraq gülümsədi. Hisslərimi gizlədərək onunla normal danışmağa çalışdım:

-Doktor Qurbanov, niyə əvvəlcədən gələcəyinizi xəbər etməmisiniz? Sizi daha fərqli qarşılayardım, belə heç razı qalmadım.

-Mənə belə xitab etməyin, xahiş edirəm, yalnız soyadımla səslənin, amma gərək olmayan əlavələrə ehtiyac yoxdur. Bugün sizin qarşınızda həkim deyil, bir ağıllı olaraq əyləşmişəm.

Bir insan necə bu qədər təmkinli ola bilər? O, mənim dediklərimə duruşunu pozmadan, üzündəki məlum təbəssümlə cavab verirdi. Mən bu insanın qarşısında əzildiyimi bariz görürdüm. Haqqımda bu qədər məlumata sahib olması da məni ayrıca qorxudurdu. Yenə özümü bir təhər ələ aldım.

-Sizin düşüncələriniz mənim üçün, bizim üçün çox önəmlidir. Yaxşı, o zaman belə edək. Qurbanov, sizi bura gətirən səbəb məni həqiqətən düşündürür. Buyurun, sizi dinləyirəm.

-Bəzən heç bir səbəb olmaz. Getmək istəyərsən, gedərsən, ya da etmək istəyərsən, edərsən, çünki düşünsən, özündə güc tapmazsan. Çox zaman həyatın sənə bəxş etdiyi təsadüflərlə razılaşmaq insana rahatlıq verir.

-Doğrudur, təsadüflər insana ən dərin xoşbəxtliyi yaşadır. Deməli, bugün mən də sizin təsadüfünüz olacağam.

Bütün bunları söyləyərkən onun rahatlaması üçün üzümdə mülayim bir sima yaratdım.

-Bu gün sizinlə ağıllı və həkim olaraq deyil, iki normal insan olaraq danışmaq istəyirəm. Bilirsiniz ki, insanlar qarşısındakına yalnız özlərinə maraqlı olan sualları verər. Mənim də belə edəcəyimi, yəqin ki, artıq siz də anlamısınız.

 Bu qısa və eləcə də mövzusunda məna axtarmağa çətinlik çəkdiyimiz söhbətdən sonra onda rahatlıq hiss edirdim. Hər şey bir yana bu insan sanki çox vacib bir mübarizə içərisində idi və gec də olsa, qazanacağından əmin baxışları ilə məni süzürdü. Ona baxarkən yaşadığım təəssüratın bir çoxunu sözlə izah etməkdə çətinlik çəkirəm.

-Sizə qatılıram. Qarşımızdakı insan verdiyi suala hər zaman öz istədiyi cavabı gözləyər, çünki insanlar cavabını bildiyi sualları verməyi hər zaman çox sevərlər. Bu nə qədər qarşısındakını yaralasa belə...

-Buna, əslində, maraq yox, ehtiyac da deyə bilərik. İnsanlar hər zaman bəzən bir ümid deyərək yola çıxır və kimisə və bəlkə də kimdəsə nəyisə axtarır. Şübhəsiz ki bu həyatda hər kəs öz dərmanını axtarır, bu yolda onun imtahanı zəhəri olanlardır. Məncə, hər şeyi bir qırağa qoysaq, mən də bir insanam və məni maraqlandıran sualı vermək ən başlıca haqqımdır. Əgər hazırsınızsa, bir psixoloq kimi vəzifəmi icra etmək istəyərəm.

-Mən hazıram, Doktor Sultanov, əsas siz hazır olun. Buyurun.

Rədd cavabı almadığıma sevincək olub sualımı dərhal verdim:

-Sizi ömrünüz boyunca ərsəyə gətirdiyiniz bu həyatı əlinizin tərsi ilə itələməyə nə vadar etdi? İki il ərzində sizi peşənizdən ayrı salan səbəb nə idi?

-”İnsan evinə itirdiyi zaman dönər” -deyə zamanında bir cümlə oxumuşdum. Məsələ budur ki, mən itirdim, Doktor Sultanov. Mən ilk dəfə tam iki il bundan əvvəl gücümü itirdim. Bütün hislərim təmkinlilikdən günahkarlığa çevrildi. Əlli üç illik həyatımda ilk dəfə özümə baxtıqda tanıya bilmədim, çünki mən o gün həkim deyil, qatil idim. Yalnız bir həkim bu hadisəni həyatın ona gətirdikləri olaraq dəyərləndirə bilər, amma o aynadakı surət, o adam bir qatil idi və mənə tanış deyildi.

-Siz, deyəsən, qürurunuza uduzmusunuz, ya da bir həkim olaraq yaşadığınız ilk məğlubiyyət sizə təsiredici zərbə vurub.

-Bunu iki il əvvəl yaşadığı itki ilə barışa bilməyən sizmi deyirsiniz? Sizin də həyatınızda bir günahkar var, hərçənd ki, siz onu yaşananlara şahid olmadan günahlandıra bilirsiniz.

-Həyat çox qəribədir. Bəzi insanlar içində böyük bir dünya yaradır və gün gəlir, bu dünya əks təsirlə yox olur. O zaman sənin əlində heç nə qalmır. İnsan ona bəxş edilən dünyanı deyil, öz yaratdığı dünyanı sevir, ona bağlanır. Tanrı bu zaman səni o dünyanın yoxluğu ilə sınayır. Sən əvvəl  yaşaya bilmərəm dediyin hər şeylə barışmaq məcburiyyətində qalırsan. Bütün suallar içindən sənə sadəcə bir sual qalır: Bu yaşamaqdır, ya nəfəs almaq?

 Mən 10 illik həsrətlə gözlədiyim oğlumu itirdim. İnsana bir yuxu kimi gəlir. Yuxuların tərsi olur deyirlər, amma mənim yaşadıqlarım gerçəkdir. Mən sadəcə buna inanıram. Mənim həyatımın bir günahkarı var, o da mənim öz əllərimlə öz dünyamı, oğlumu təslim etdiyim insandır.

-Sualınıza cavab olaraq deyə bilərəm ki, bu sadəcə nəfəs almaqdır. İnsanın yaşamaq məcburiyyətində qaldıqları bəlkə də sınaq deyil. Tanrı sadəcə öyrətmək istəyir ki, kimsəni bu qədər sevməməliyik. Elə bir an gələr ki, ya o ölər, ya da biz onu içimizdə öldürərik. Amma hər halda bizə yaşadığımız hər şey üçün şükür  etmək öyrədilib, çünki sağ ikən birinin qəlbində ölmək qədər vahiməli olan bir şey tanımıram. Məsələn, mən yaşadığım, ya da belə deyək, yaşatdığım hadisə nəticəsində ailəmin və məni sevənlərin gözündə öldüm, eynilə sizin həyatınızın günahkarı sizin qəlbinizdə öldüyü kimi.

-Ölmək o qədər asan iş deyil, Qurbanov. Onun mənim qəlbimdə ölməsi üçün, öncəliklə onu o viran qalmış yerdə yaşatmalıyam.

-Onda siz asan yolu seçmisiniz, Doktor Sultanov. Yox etmək, yaşatmaqdan daha asandır!

-....

 

Bilirsən, bugün nə oldu? Oğlum ilk dəfə mənə hansı peşəni seçəcəyindən danışdı. O, hüquqşunas olmaq istəyir, bu ki mənim ən sevdiyim peşədir. Nə də olsa atası kimi gündə ağıllılarla baş-beynini pozmaq məcburiyyətində qalmayacaq. Düzü, yenə ətrafında normal insan olmayacaq, lakin vəziyyət az da olsa parlaqdır. Amma nə yalan deyim o, həm də çox yaxşı futbol oynayır. Mən çox istəyərdim futbol oynasın, amma boş ver, İslam. Onun fikirlərinə hörmət elə, qoy uşaq nə istəyir eləsin və həyatı ilə bağlı nə qərar verməlidir, özü versin. Həm 18 yaşındadır, artıq uşaq deyil. Bir işdə peşəkar, bir işdə həvəskar olsun.

 

Allahım, deyəsən İslam yenə dərmanlarını içməyi unudub. Yenə gündəliyinə  yazdığı məlumatlar yarım qalıb və artıq deyə bilərəm ki, neçənci dəfədir ki, eyni insan haqqında məlumat verir. Ya onun yanına gələn eyni adamdır, ya da hamısı bir-birinə bənzəyir. Görəsən, xəstənin yanında nə vəziyyətə düşüb? Artıq ona əsəbləşməyi də bacarmıram, çünki mənim də içim yanır. Zamanla hər şey onda pisə doğru gedir. Düşünürəm ki, onunla danışıb bu işi tərk etməyini söyləməyin zamanıdır. Bununla yanlnz özünə deyil, qarşısındakı insana da zərər verir. Başqaları qarşısında kiçik düşməyi mənim ən son istəyəcəyim şeydir. Yenə təzə adət çıxarıb. Bu zərf nədir belə? Ah İslam, nə düşündüyünü, nə etməyə çalışdığını kaş bu yazıq Sara anlasa. Açım görüm burada nə yazmısan.

 

Bu bir günahkarın əhv məktubudur...

Bu sizinlə artıq səkkizinci görüşümüzdür, Doktor Sultanov. Amma sizin məni yenə unudacağınızı bilirəm. Onsu zxatırlamağınıza da artıq ehtiyac yoxdur. Siz hər halda ən yaxşısını edirsiniz. Unudaraq, öz bildiyiniz doğrulara inanaraq yaşayırsınız. İlahi, kim bilir bu necə də gözəl bir hisdir?! Sizə bol-bol unudacağınız günlər arzulayıram. Yaşadığım həyat mənə;” Mənfəətlərinin qurbanı olan biri, gün gələr öz həyatının qurbanı olar”.- məhz bu cümlənin mənasında olan bütün dərinlikləri başıma vura-vura öyrətdi. Düşünürəm ki, bundan böyük dərd ola bilməz.

12 fevral 2019-cu il, bu tarixi ikimiz də qəlbimizə yazdıq. Sən çox zaman unutmağı, mən isə illər keçsə belə həmin gündə yaşatmağı seçdim. İndi isə mən ölməyi seçirəm, sən məni qəlbində unudaraq yaşat, Doktor Sultanov. Balıqçı papağım dənizin kənarındakı limanda olacaq. Məni isə artıq o limana çıxara bilməzsən...

 

Özünü tap/ 12 fevral 2021-ci il

Bugün onu çox gözlədim, bəlkə də illərlə içimdə boğaraq saxladığım iki kəlməni söyləmək üçün.

Məni bağışla!

Bəzən zərif bir vərəq belə olsa, ölümü qucaqlayacaq qədər şəfqət dolu olar...

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Arğın Paşanın  şeirlərini təqdim edir. 

 

 

 

BAXIRAM

 

Gözündə bir qorxu, min bir həyəcan,

İlahi nə duyur xəyalən görən?

Könlündə yaşıl və sıcaq bir Muğan,

Sənmisən röyamda məni öldürən?

 

Bir olay sındırıb yenə vüqarı,

Keçmişi büsbütün itirdim daha.

Qaldırıb içimdə yetim divarı,

Çəkilir kimliyim bu gün, sabaha.

 

Gəlib gözlərimin önündə durub,

Baxıram könlünün pəncərəsindən.

Gəlişin sevinci beynimə vurub,

Qopardın tənimi yer kürəsindən.

 

Gözlərin gözümə zillənən çağı,

Elə bil köksümdən güllə sovuşdu.

Dodağın bir anlıq güllənən çağı,

Sürəkli qışımdan çillə sovuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

 Şəhid Ələkbər Musayev

 Ələkbər Musayev 1999-cu il iyunun 16-da Cəlilabad rayonunun Mollalı kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ələkbər Musayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Onun nəşi uzun müddət tapılmayıb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 27-də nəşi tapılıb.

 

Anamadeyinki, yoluma çıxsın,

Sevinsin, mən şəhidolubgəlirəm.

Tabutum önündə qolunuaçsın,

Oynasın, Şuşanı alıbgəlirəm.

 

Gəlirəmsevincək, ürəyidolu,

Anamadeyinki, dönürəmgeri.

Uzunmuş savaşınqayıdış yolu,

Qələbə tabutum, yerihayeri.

 

Anama deyin ki, bitib intizar,

Vətənə borcumdu döyüş, vermişəm.

Evə tələsirəm, bir az işim var,

Sevdiyim gözələ görüş vermişəm.

 

Anama deyin ki, narahat olma,

Bütün ağrıları özüm çəkəcəm.

İşləyib verəcəm borclarımızı,

Gəlib özümüzə ev də tikəcəm.

 

Anama deyin ki, darıxmasın heç,

Həsrətin ayları, illəri boyda.

Sinəmin üstündə güllə yarası

Atamın qabarlı əlləri boyda.

 

Anama deyin ki, müqəddəs savaş

Şanlı bir zəfərlə yetişdi sona.

Anama deyin ki, bu mən deyiləm,

Vətən göndərirəm bir tabut ona.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəri başdan deyim ki, mən Hauz və Mitçelin «Yol - məqsəd» adlı menecment referatını oxuyanda ikiqat məmnunluq hissləri keçirmişəm.

Niyə? Çünki öncə liderliyin bu situasiya modelini çox bəyənmişəm, onun şərtləri ilə diqqətlə tanış olduqca teoriya ilə praktikanın mükəmməl nəticəyə yönəlmiş vəhdətini duymuşam.

İkinci hissləri isə Terens Mitçel və Robert Hausun bu fundamental əməyi ilə şəxsən tanış olmadığım halda öz praktikamda – həm auditorluq, həm konsaltinq, həm də biznes fəaliyyətimdə idarə və şirkətlərimdə çalışan işçilərlə münasibətdə məhz bu modeldən bəhrələnməyim doğurub, bir sözlə, bu görkəmli şəxslərlə eyni fikirliliyim doğurub.

Nədir «Yol – məqsəd?» Odur ki, lider məqsədə çatmaq üçün yolu hamarlaşdırır, daş-kəsəkdən təmizləyir ki, rahat şütüyə bilsin. Burada «hamarlaşdırma, daş-kəsəkdən təmizləmə» anlamı özlüyündə işçiləri yaxşıca stimullaşdırmaqla maddi və şəxsi problemlərindən qoparmağı, onların «diqqət və qayğı görmək, fikirləri ilə hesablaşmaq» tələbinə müsbət cavab verməyi ehtiva edir.

Qısası, bu modelin mahiyyəti işçilərin ortaya qoyduqları işlə son nəticədə maraqlı olmaları asılılığından ibarətdir, yəni ki, gördükləri işin müqabilində, loru dillə desək, işçilər yaxşıca ənam gözləyirlər. Modelin müəllifləri bildirirlər ki, liderlik effektivliyi ilə ardıcılların motivasiya gözləntilərinin səviyyəsi arasında birbaşa əlaqə vardır.

Model 4 lider stilini (direktiv, dəstəkləyici, nailiyyətə köklənmiş, idarəetmədə iştirak stili) aşağıdakılara uyğun müəyyənləşdirir:

1. Şərait faktorlarına rəğmən işçilərin xarakteristikası:

a) uğurlu nəticəyə inanan;

b) tabeçiliyə meyilli;

c) qabiliyyət dərəcəsi.

2. Təşkilatı faktorlar:

a) işin məzmunu və strukturu;

b) formal idarəçilik sistemi;

c) qrupun mədəniyyəti;

d) ardıcıllarının davranışı əsasında.

3. İşdən məmnunluq:

a) yaxşı işləyirəm, yaxşı da qazanacağam.

4. Motivasiya:

a) daha çox səy göstərim, daha yaxşı nəticə mütləq olacaq;

b) bu nəticəyə görə təltif olunacağam.

İndi də gəlin qısaca 4 lider stilinin xarakteristikasına nəzər yetirək:

1.     Direktiv stil.

Məğzində işçinin stimullaşdırılması dayanan bu stil işçilərin müstəqilliyə və muxtariyyata can atmamaları zamanı təşəkkül tapır. Stimullaşacaqlarını bilən işçilər əmr və tapşırıqları alıb görüləcək işləri mümkün qədər tez görmək istəyirlər. Lider isə dəqiq tapşırıqlar verməklə işin müsbət sonluğunu şərtləndirir.

2.     Dəstəkləyici stil.

Bu stildə stimullaşacaqlarını bilən, bununla belə yenə də özlərinə hörmət tələb edən işçilərlə onlardan qayğısını əsirgəməyən liderin münasibətləri öz əksini tapır.

3.     Nailiyyətə köklənmiş stil.

Bu stildə işçilər nailiyyətlərə tam köklənmiş olur, hədəfi vuracaqlarına tam əminlik duyurlar. Lider isə onların hər biri qarşısında dəqiq məqsəd qoyaraq onlara yüksək nəticə qazanmağın vacibliyini aşılayır.

4.     İdarəetmədə iştirak stili.

İşçilərin özlərini idarəetmədə görmələri bu stilin əsasını təşkil edir. Lider onlarla informasiya bölüşür, onların fikirləri ilə heçablaşmalı olur.

Beləliklə, uğur qazanmanın növbəti mərhələsi olan liderlik əldə etmək, liderlik qazanmaq yollarının ən qabaqcıl metodikası ilə qısaca tanış olduq. Və bu tanışlıq, bizə ən əsası, onu öyrətdi ki, liderlik xüsusiyyətləri qazanmaq yolunda öz üzərində çalışıb bir fərd kimi liderə xas bütün üstünlükləri (bilik, savad, müsbət davranış, müsbət xüsusiyyətlər, qabaqcıl praktik təcrübə) əxz etməyinlə yanaşı, öz potensial elektoratınla, ardıcılların və işçilərinlə münasibəti düzgün təməl üzərində qurmağın da əhəmiyyətli rol oynayır.

Bizim oteldə bir işçi vardı, tez-tez ondan şikayətlər gəlirdi ki, nizam-intizamı pozur, digər işçilərlə yola getmir. Hətta əlinin əyri olması, əyintilərə yol verib gizli pullar qazanması da bildirilirdi. Otel rəhbərliyi ondan canlarını qurtarmaq istəyir, məndən onu işdən azad etməyi xahiş edirdilər. Əlbəttə, bilavasitə bu işçi mənim rəhbərliyim altında olmadığından, mən Bakıda, onun iş yeri isə Qubada olduğundan elə bir tanışlığımız da yox idi, mən ona birbaşa təsir də göstərə bilməzdim.

Bir gün eşitdim ki, illərdir ailə qurub övlad sevinci yaşamadığı halda indi dünyaya övladı gəlib. Qubaya gedəndə pay-pürüşlə onun qapısını döydüm, təbrik etdim. İnsan bu gözlənilməzlikdən o qədər sevinmişdi ki, dili söz belə tutmurdu.

Ertəsi gündən o tamamilə dəyişildi. Artıq otel rəhbərliyi barəsində yalnız müsbət şeylər söyləyir, onu hey tərifləyir, möcüzə baş verdiyini deyirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)

 

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Ulayır səbrimi kəsən küləklər,

Torpaqdan, dənizdən küsən küləklər

Bu yağan yağışlar, əsən küləklər,

Yar gələn yollarda tozun yorğunu. 

 

Tanrı, sirlərini açan bəndəyəm,

Mən haçan Tanrıyam, haçan bəndəyəm?

Sözlə qanadlanıb uçan bəndəyəm,

Sözün yorğunuyam, sözün yorğunu.

(Faiq Hüseynbəyli)

 

"İnsanlar yorğun, həyat tərəfindən cəzalandırılmış, ya sevgiylə, ya da sevgisizliklə şikəst olmuş." (Ç. Bukovski) 

 

Faiq bəy, şairləri nə yorur, niyə yorur?

 

CAVAB

Bu sualın cavabı elə öz əksidir. Şairlər yorulmur, sadəcə yorğunluqdan şairlik doğur, şeir yaranır. Şair ömrü Sizif əzabıdır. Yorğunluq həm də çəkilən yükün göstərisidir. Yüklü şeirlər yorğunluğun məhsuludur. Şairi isə yoran həyata keçməyən arzular, yarım qalan sevgilər, bir az həyatda qərarsızlıq, haqq uğrunda mübarizə, ədalət mexanizminin işləməsi üçün çabalardır. Çünki, şairlər təkcə özlərini yaşamır, həm də cəmiyyətin qarşılaşdığı problemlərə ayna tutur. Orta əsrlərdə bir çox şairləri, dərvişləri tüfeyli həyat tərzinə görə qınayıblar. Əslində, bu yaşam özü cəmiyyətlə iqtidar arasında güzgü effekti rolunu oynayıb. 

 

Ədəbiyyat və incəsənət”

(19.07.2024)

 Bu gün Rusiyada yaşayıb yaradan həmyerlimiz, şair Eldar Əhədovun doğum günüdür. “Ədəbiyyat və incəsənət” portalının kollektivi bu münasibətlə Azərbaycan Ədəbiyyat Fondunun səmimi təbriklərini Eldar Əhədova çatıdrır, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır.

Oxucularımıza şairin şeirlərindən bir çələng təqdim edirik. Tərcümə Elviz Əliyevindir.

 

Eldar Əhədov Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Yazıçılar Birliyinin, Cənubi Rusiya Yazıçılar Birliyinin üzvü, Beynəlxalq PEN Klubun və Rusiya Coğrafiya Cəmiyyətinin üzvüdür. Azərbaycan, ingilis, ispan, italyan, çin, rus və serb dillərində 80 şeir və nəsr kitabının müəllifidir. Rusiya, İtaliya, Almaniya, İspaniya, Venesuela, Serbiya, Monteneqro və digər ölkələrin ədəbi mükafatları laureatıdır.

 

 “Eldar Əhədov rus dilində yazan görkəmli Azərbaycan şairidir. Çoxşaxəli şəxsiyyət, eyni zamanda dağ-mədən mühəndisi, şaxtaçı, Arktika fəzalarını, yerin içini və insan şüurunun dərinliklərini araşdıran tədqiqatçı, dilçi alimdir və bir tənqidçi, bir müəllimdir. O, ətrafımızda və içimizdə olan fiziki kainatı tərənnüm edir və eyni zamanda varlığımızın bizə verdiyi sirli metafizik suallarla məşğul olur... Onun ruhu ehtiraslı intellektual axtarışı empatiya və alicənablıqla birləşdirir. Onun şeirləri oxunur, iztirab və sevinclə nəfəs alır, amma hər şeydən əvvəl ümid saçır”.

(Richard Berenqarten Kembric, Böyük Britaniya)

 

AĞAC

 

Gurlayır fokstrot, hayqırır toplar,

Kəndlər və yazılar alışır oddan,

Bir ağac gözləyir yalnız, intizar,

Sən öz pəncərəndən baxarsan haçan.

 

Buz sınır, idraklar işığa möhtac,

Çıxan Ay alova bürünmüş bu an,

Yenə də gözləyir o tənha ağac,

Sən öz pəncərəndən baxarsan haçan.

 

Gün boyu fikirlər səni izləyir,

Önündə də divar, divar arxadan,

Yalnız o ağacdı durub, gözləyir,

Sən öz pəncərəndən baxarsan haçan.

 

Әks-səda yayılıb, boğulur suda,

Sanki yoxa çıxdı, dağıldı zaman,

Ağac nigarandı, gözləyir o da,

Sən öz pəncərəndən baxarsan haçan.

 

Sən not pıçıltısı kimi yağan qar,

Qarışdin gecənin xışıltısına,

Yenə də o ağac qalıb intizar...

O, sənə bənzəyir, sən isə ona.

 

 

O YERLƏRDƏ

 

O yerlərdə zərif quşlar oxuyur,

gətirib zümrüd tək nəğmələr dilə,

Orda minarələr yüksəkliyindən

səma pərvazlanır cingilti ilə.

Ay qalxır devrilmiş ənginliklərə,

nur saçır üzünə geniş cahanın,

Al-əlvan bir gözəl şanapipik də

 səhərlər yanından ötür insanın...

Orda qayaların ağuşlarında

dağın əks-sədası hey avazlanır,

Dəniz sahilində əsən küləkdən

ağac yarpaqları sanki nazlanır.

Orda məhəbbətdir yuxunu pozan,

sevincdən, gülüşdən olar gözdə nəm,

Bir də o yerlərə qayıdaram mən,

 o yerdə qalaram, heç vaxt ölmərəm.       

 

 

XOŞ SÖZ

 

Dünya bir Xoş sözdən almış təməlin,

Təəccüblü nə var? Düşünək gəlin.

Bir xoş sözlə dinək nurlu səhərdə,

Dünəndən inciklik hökm edən yerdə,

İnciyib, küsübsə quda qudayla,

Qardaş dalaşıbsa harayla, hayla...

Bəs belə davranış gələrmi saya,

Əgər əl qaldırsa oğul anaya?!

Dayanın, dayanın!

Dinləyin təzdən.

Bu dünya yaranıb axı xoş sözdən,

Bircə gülər üzdən, bir xoş baxışdan,

Təbii səhərdən, müqəddəs anddan!

Sülh ilə yaşasın dost, qonşu, kim var,

Şahinlər, balıqlar, hətta ayılar,

Sülh olsun meşədə, çəməndə, düzdə,

Sülh olsun yad eldə, sülh olsun bizdə.

Bu gün doğulanlar daim var olsun,

Onlara məhəbbət, tale yar olsun!

Kimlər ki, dünyaya gəlib bir kərə

Xoşbəxtlik dilərəm mən min illərə..

Azdımı? Qəlbimin verilsin təbi

Xoş günləri olsun daim, əbədi!

Xoş sözümüz olsun su, od və hava,

Sülh olsun həmişə, gərəkmi dava?

Hamı sağlam olsun, olsun xoş büsat,

Çünki xoş söz ilə başlayır həyat!

 

 

MƏNİ TƏRK ELƏMƏ

 

Ey xilaskar mələyim, mən sənə layiq deyiləm,

Gecə, gündüz nə qədər güc etsəm də qələmə,

Nə ilə fəxr eləyirdim boşa çıxdı, budu qəm,

Amma, bu günümdə məni sən tərk eləmə!,,,

 

Altıncı hiss özüdür duyğular içində önəm,

Necə leysan tökülə, yandıran odlar ələnə,

Ey xilaskar  mələyim, mən sənə layiq deyiləm,

Amma, bu günümdə məni sən tərk eləmə!...

 

Heç ölüm gözləməsin qarşısında mən əyiləm,

Baxmadım lovğalanıb mən bu ömür silsiləmə,

Ey xilaskar mələyim, mən sənə layiq deyiləm,

Amma, bu günümdə məni sən tərk eləmə!...

 

 

SƏNDƏN SAVAYI

 

Bütün şəkillərini

Bir-bir cırıb tulladım,

Bu olmadı imdadım,

Səni unudammadım.

 

Eldən, obadan qaçdım,

Bir də geri dönmədən

Neçə bələnlər aşdım,

Bu olmadı imdadım,

Səni unudammadım.

 

Məni sevənlər oldu,

Qədrim bilənlər oldu,

Kədərimi bölüşüb,

Mənlə gülənlər oldu, 

Bu olmadı imdadım,

Səni unudammadım.

 

Acı meydən, şətabdan

İçdim içənə kimi,

Huşum itənə kimi,

Bir sonsuz yoxluq kimi,

Sonuncu məxluq kimi,

Küçədə sərxoş yatan

Yazıq pinəçi kimi,

Nə bilim nəçi kimi,

Nə bilim nçi kimi,

Bu olmadı imdadım

Səni unudammadım.

 

Evləndim, həyatıma

Ailə, uşaq doldu,

Evim-eşiyim oldu,

Bu olmadı imdadım,

Səni unudammadım.

 

İndi mən qocalıram,

Can atsam da havayı

Hər şey yadımdan çıxır,

Hər şey, səndən savayı.

 

İŞIĞIN KÖLGƏSİ YOXDUR

 

İşığın kölgəsi yoxdur.

Kölgənin kütləsi yoxdur.

Kütlənin işığı yoxdur.

İşığın yoxluğu qaranlıqdır.

İşığın əks olunması - kütlədən kölgə.

Məkan olmadan vaxt da yoxdur.

Zaman olmasa, işıq da olmaz.

Və işığın kölgəsi yoxdur.

 

 

KAĞIZDAN ATA

 

Rəfdə nə papaq var, nə də ki, əlcək,

Çoxdandı yanmayır buxarı ocaq.

"Ay ana, bəs atam nə vaxt gələcək?"

Soruşur anadan bu körpə uşaq.

 

Bayırda payızın nəfəsi gəlir,

Gecələr şaxtalar andırır qışı,

Nə desin?...Ananın qəlbi kövrəlir,

Boğur qəhər ilə onu göz yaşı...

 

Sükutu uşağın təkidi pozur:

"Gəl mənə kağızdan ata düzəldək,

(Ananın halını o, özü yozur)

Amma bunu heç kim bilməsin gərək.

 

Hər yerdə özümlə gəzdirəcəyəm,

Onu gəzdirmək də çünki asandır.

Nə olsun, kağızdan olanda, bəyəm?

O ki, həm cəsurdur, həm pəhləvandır."

 

 

ANLARSAN

 

Bir gün anlayarsan, həqiqətən də

Haqqı, ədaləti çox olar danan.

Kövrək bir könül var güclü bədəndə,

Incidərlər, sındırarlar nagahan.

 

Keçmişlə gələcək arasında sən

Boşluqlar görsən də, tanrı pənahdı.

Çalış ki, uzaq ol qəmdən, qüssədən,

Boş şeyin dərdini çəkmə, günahdı.

 

Dünyanın sehrini duy, sevinc ilə,

Aləm bizimlədir, bizimlə inan.

Keçək gülə-gülə, verib əl-ələ,

Zamanın bu eniş, yoxuşlarından...

 

 

HƏKİM ÇAĞIRMAQ

 

Həkim çağırmaq olar,

Təcili yardım gələr.

Qulluqçu çağırarsan,

Köməyin ola bilər.

Duyelə çağırarsan

Qəzəblənib kimsəni...

Taksi çağırsan əgər,

Gəlib aparar səni.

Yağış da çağırarsan,

Təbiətə can verər,

Polis də çağırarsan,

Qoymaz çəkəsən zərər.

Istədiklərin olar,

Çağırmağına baxır,

Gülüş, qəzəb, ya qorxu,

Nə istəyirsən çağır.

Nə desən çağırarsan,

Sən belə vərdiş ilə,

Bir Tanrı, bir məhəbbət,

Gəlməz sifariş ilə!

 

 

GƏNCLİK VƏ QOCALIQ

 

Çılğın gəncliyimi salıram yada.

Göy səma altında, bu gen dünyada,

Necə də qayğısız bir cavan idim,

Aləmə, dünyaya mən heyran idim.

Həzin bir ahəngi vardı zamanın,

Qədrini bilməzdim onda hər anın.

Qorxmadan heç nədən, sanki, nə dərdim?

Göz yaşı tökmədən köçüb gedərdim...

Indi əldən salıb qocalıq məni,

Düşünüb, anıram olub, kecəni.

Həyatın mənası nə dərin imiş,

O, keçən illərim nə şirin imiş.

Hər baxış, hər bir an mənə təsəlli,

Tuturam həyatdan indi cüt əlli.

 

Növbəti gün sizə Eldar Əhədovun “Xarı bulbul” poemasını təqdim edəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Adəm İsmayıl Bakuvinin “Nanəcib Kasparov” adlı yazısını təqdim edir. Kasparov bakılı ermənidir, şahmat üzrə dünya çempionudur. 

 

 

"Görkəmli şəxslər nanəcib ola bilərmi?" - deyə yüzillərdir ki, insanlar arasında dartışma gedir. Bu konuya yetərincə sərbəst yanaşma dahi Yohan Volfqanq Hötenin "Nanəciblik - zəifliyin bir növüdür. Görkəmli şəxslər heç vaxt nanəcib olmurlar" fikrində ifadə olunub.

Əgər bu aforizmin birinci hissəsiylə hələ birtəhər razılaşmaq mümkündürsə, ikinci hissəsi açıq-aşkar dartışılacaq səciyyə daşıyır. Və günaha yol versəm də, fikrimcə, şəxsi keyfiyyətlərini itirmiş birisini örnək gətirərək böyük mütəfəkkirlə dartışmalı olacam. Söhbət şahmat üzrə on üçüncü dünya çempionu, özünü "insan hüquqlarının müdafiəçisi" kimi qələmə verən Harri Kasparovdan gedir.

Yəhudi mənşəli yaşlı bir bakılı intelligent, özündə mühəndis-energetik və musiqiçi istedadını birləşdirən, amma həyatdan erkən gedən talantlı adam - Kim Moiseyeviç Vanşteynin ailəsində, 1963-cü ildə dünyaya göz açan Harri hələ uşaq yaşlarından şəxsiyyətlə bağlı hər hansı ehkamın əsla mövcud olmadığı bir mühitə düşmüşdü. Oxucu mənə etiraz edə bilər ki, atasını itirəndə Harrinin vur-tut, yeddi yaşı vardı və bu yaşda hansı şəxsi keyfiyyətlərin formalaşmasından danışmaq olar? Amma ABŞ Prezidenti Franklin Delano Ruzveltin qızı, ünlü amerikan ictimai xadimi Eleonora Ruzveltin də əsassız yerə demədiyi kimi, "şəxsiyyətin formalaşması uşaqlıqdan başlayır və ta ölümün özünəcən davam eləyir".

Digər tərəfdən, gələcək şahmat çempionu anası Klara, babası Şagen və nənəsi Susanna Kasparovların tərbiyəsi nəticəsində erməni şovinizmi, ermənilərin guya dünyanın bütün xalqlarından üstünlüyü, Azərbaycan xalqı və mədəniyyətinə nifrət zəhəri ilə məhz bu yaşdan etibarən nəfəs almağa başlamışdı. Yeri gəlmişkən, bu tərbiyəçilər Dağlıq Qarabağdan idi və onların sayəsində Kasparovun ruhuna hopmuş irqçi dünyagörüşünün necə psixoloji mahiyyət daşıdığını təsəvvür eləmək çətin deyil. Kasparovun özünün 2010-cu ilin aprelində erməni elektron nəşri "Miassin"ə müsahibəsində etirafına görə, uşaqlıqdan onu ancaq ermənisayağı bir tərzdə, Azərbaycana qarşı nifrət ruhunda böyütmüşlər. Halbuki, əsrlər boyu dünyanın hər yerindən qovulan ermənilər məhz Azərbaycan torpağında rifah içində yaşayıb və inkişaf ediblər. 

Atasının familiyası və milli mənsubiyyətinə etinasızlıq o vaxtlar gənc yaşlarda olan Kasparovda hər hansı şəxsi və əxlaqi başlanğıcın yoxluğunun ilk təzahürü idi. Sonralar onun satqınlığı getdikcə böyüyəcək və ən əcaib, inanılmaz dərəcədə merkantil formalar alacaqdı. Çünki yalnız insanlıq və əxlaqın sərhədləri var, insanlıqdan məhrumluq və əxlaqsızlıq isə hüdud tanımır.

Üstündən onillər keçsə də, əminəm ki, hələ də çoxları Kasparovun öz şahmat karyerasının zirvəsinə necə ucalmasını yaxşı xatırlayır. O bu məqama respublikamızın gücü, o vaxtlar Sovet dövlətinin rəhbərlərindən biri, ümummilli liderimiz Heydər Əliyevin qayğısı və dünya şahmat məkanına nüfuzedici təsiri sayəsində qalxa bilmişdi. Dünya şahmat tacı uğrunda mübarizədə Kasparovun əsas rəqibi, şahmat üzrə üçqat dünya çempionu Anatoli Karpovun fikirlərindən ədalət və mötəbərlik naminə çıxarışlar edəcəm. 2021-ci il fevralın 11-də "Media.Az" Azərbaycan elektron resursuna verdiyi müsahibədə Karpov öz hiddətini səmimi şəkildə belə ifadə eləyirdi: "...Azərbaycandan aldığı yardımı ona (Harri Kasparova - müəllif) heç kim verə bilməzdi. Mən bunu ancaq təxmin edə bilərəm, amma fikrimcə, o, Azərbaycanda mənim bütün həyatım boyu qazandıqlarımdan daha çox qazanc əldə eləmişdi. Kasparovu əyləndirirdilər, onun imkanları sonsuz idi. Zuğulbada külli miqdarda yığdıqları onun əmlakının cüzi bir hissəsi idi. Və bütün bunlardan sonra necə nankorluq edə bilərsən?! Bu, düzgün deyil! Onun arxasında respublika dayanmışdı".

Beynəlxlaq Şahmat Federasiyasının başçısı Kirsan İlyumjinov da eyni ruhda danışır: "Gəlin, unutmayaq, Harri Kasparovu məhz Azərbaycan yetişdirib. Əgər Heydər Əliyevin qayğısı olmasaydı, Kasparov heç vaxt dünya çempionu ola bilməzdi. İdmanda ustalıq çox şeyi həll edir, amma hər şeyi yox. Əgər zəruri diqqət olmasa, böyük qələbələrə ümid eləmək çətin məsələdir".

Kasparov əsl Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən uzun dönəmdən bəri işğal edilməsi və ümumən keçmiş Dağlıq Qarabağ konflikti ətrafındakı olayların yekunları barədə heç olmasa, susa, bununla Azərbaycanın onun üçün elədiklərinin qarşılığını verəydi! Amma yox, Kasparov erməni nifrət və ksenofobiya ideologiyası tərəfdarlarının uydurduğu cəfəngiyyatı təkrarlayaraq, Azərbaycan xalqına qarşı durmadan od püskürməyə üstünlük verir. O, "Moskvanın səsi" qəzetinin 2020-ci il 13 oktyabr sayına müsahibəsində Azərbaycanı böhtan və yalan çəlləkləri ilə sulayır, 1988-ci il Sumqayıt, Gəncə və Bakı olaylarını qərəzli şərh edir, azərbaycanlıların döyüldükdən sonra Ermənistanın Qafan, Masis və Mehri rayonlarındakı dədə-baba torpaqlarından kütləvi surətdə qovulması, Britaniya jurnalisti Tom de Vaal, rus yazıçı-publisisti Aleksandr Proxanovun da şahid olduqları kimi, Bakıya və respublikanın digər şəhərlərinə sözün birbaşa mənasında, başı-gözü qanlı gəlməsinin əsl səbəblərinin üstündən sükutla keçir. Hələ, onun Dağlıq Qarabağ konfliktinin ilk günlərində bölgənin birbaşa özündə öldürülmüş azərbaycanlıları görməzdən gəlməsini demirik. Sumqayıt hadisələrinin erməni ekstremist qüvvələrinin təhriki ilə törədilməsi, özü şəxsən altı erməni öldürmüş, sonra isə Qorbaçov və onun əlaltılarının himayə elədiyi erməni siyasi dairələrinin köməyi ilə uzun müddət cinayət məsuliyyətindən yayınan sağ cinah qırğınçısı Eduard Qriqoryanın milli mənsubiyyətinə gəlincə isə, o, bu olaylara ümumən etinasız yanaşır.   

Kasparov bütün radio, televiziya və elektron kanallardakı davamlı çıxışlarında çoxlu sayda azərbaycanlıların öz həyatlarını təhlükəyə ataraq, erməni ailələrini xilas eləməsi, öz yanlarında gizləməsi və ölkə hüdudlarından kənara çıxarmalarını ədalət naminə bir dəfə də olsun yada salmır. Bəs, onda dünya çempionunun "İnsan haqlarının müdafiəsi üzrə Beynəlxalq Fondun sədri" kimi missiyası nədir? Bir faktı ört-basdır eləmək və digərini şişirtmək? Bütöv bir qrup xalqlara ölüm hökmü oxumaq və digərlərini müqəddəslər dərəcəsinə qaldırmaq?

Sonra o, erməni-azərbaycan qarşıdurmasına dair müsahibələrində bir yığın erməni tarixiçisinin mahiyyətcə tarixi saxtalaşdırmaqdan başqa bir şey olmayan, səthi sxolastik fərziyyələrini təkrar edərək, əsla başı çıxmadığı tarixi cəngəlliklərə girdi. Onun Leninin guya Atatürklə dost olduğu üçün Naxçıvan və Qarabağı Azərbaycana bağışlaması ilə bağlı hər cür tarixi mötəbərlikdən məhrum, bəsit qənaəti tarix elmiylə az-şox tanış olan, sağlam düşüncəli adamlarda sadəcə, ironik təbəssüm doğurur. Bir tərəfdən, xarici müdaxiləçilərə, digər tərəfdən, bolşevik Rusiyasına qarşı milli-azadlıq mübarizəsinin getdiyi Türkiyədə Antanta ölkələrinin Ermənistanı kamalizm əleyhinə mübarizə meydanına çevirməsi, Moskva (1921-ci il, 16 mart) və Kars (1921-ci il, 9 oktyabr) sazişlərinin həmin Atlanta tərəfindəncə təhrik olunmuş Ermənistan və o zamankı sovet Azərbaycanı ilə müharibənin hüququ nəticəsi kimi meydana çıxması isə Harri Kimoviçin əsla vecinə deyil. Özünün şahmat istedadına baxmayaraq, tarix məsələlərində görünür, o elə də güclü deyil. Üstəlik də, Kasparov belə bir durumla maraqlanmaqdan dolayı özünə əziyyət vermir ki, Ermənistan adından Askinax Mravyan və daxili işlər komissarı Poqos Makintsyanın Kars müqaviləsini imzalaması Naxçıvanın Azərbaycan tərkibində qalmasının təminatıdır və beynəlxalq hüquq müstəvisində bu gün də aktualdır. Çünki Ermənistan onda artıq suveren dövlət idi.

Kasparov daimi olaraq Lenin və Stalinin ünvanına konyunktur səciyyəli etirazlarla dolu çıxışlar eləyir. Halbuki məhz bu sovet dövlət başçıları əsl Azərbaycan ərazisi Zəngəzurun Ermənistana verilməsinin təşəbbüskarları olublar. Belə ki, sovet hakimiyyətinin qurulmasından iki ay keçən kimi erməni dövlətçiliyinin bütün Şərqi Anadoluda imtiyazlarını, ermənilərin öz müqəddəratını təyin etmək hüququnu car çəkən "Türkiyə Ermənistanı haqqında dekret" (1917-ci il, 29 dekabr) işıq üzü görmüş, S.Şaumyan, A.Mikoyan və digər bu kimi bolşevik adı altında maskalanmış quduz daşnaklar qəbilindən ən qatı şovinist və cinayətkarlar bu işə cəlb olunmuşdu. Özünü insan hüquqlarının "beynəlxalq müdafiəçisi" adlandıran bir şəxsin bu cür görməzdən gəlmək mövqeyində onun heç bir əxlaqa sığmayan, hər cür prinsipiallıqdan uzaq mahiyyəti əks olunur.

Kasparov Azərbaycana qarşı mürtəce münasibətini təkcə təhqiramiz bəyanatlarla tənzimləməyərək, ölkəmizin ərazi bütövlüyünü pozmağa yönəlmiş əməli düşmənçilik fəaliyyəti də göstərib. 

O hələ 2013-cü ildə Rusiyadan qaçmış, Rusiya hüquq-mühafizə orqanları onun həbsi və ya saxlanılmasıyla bağlı heç bir tədbir görməmişdi. İstintaq Komitəsindən şahmat üzrə keçmiş dünya çempionuyla bağlı xalaxətrin qalmasın, bir neçə məlumat almaq bəs elədi və iz itdi. Səbəb çox bayağı idi - onlar bu əldəqayırma siyasətçidən eləcə soruşmaq istəyirdilər ki, Daxili İşlər Nazirliyi əməkdaşını niyə dişləyib? Özü də bu indi dəbdə olan vodevil şoularının hansısa birindən götürülmüş epizod-zad deyil, çünki Kasparov Femidanın xidmətçisinin əlini dişləməklə doğrudan-doğruya onun bədəninə xəsarət yetirmiş, zərərçəkmişə əlin və şəhadət barmağının yumşaq toxumalarının dişlənməsi, eləcə də, sol əlin sümüküstü qişasının zədələnməsi diaqnozu qoyulmuşdu.

Rusiya ictimaiyyətinin Harri Kasparovla bağlı fikirlərinin bariz göstəricisi kimi məşhur rus şahmat qrossmeysteri Sergey Karyakinin "Çarqrad" elektron nəşrinə 2023-cü il 17 noyabr tarixli müsahibəsindən belə qənaətə gəlmək olar: "Mənim üçün böyük məyusluqdur. Nə qədər gözəl şahmatçı olsa da, o, həyatda öz ölkəsinə qarşı döyüşkən mövqe tutmuşdur. Şahmatda Kasparov və həyatda Kasparov iki diametral ziddiyyətli insandır".

Rusiyanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihəsinin başçısı Vitali Borodin Harri Kasparovun korrupsiya fəaliyyəti ilə bağlı cinayət işinin başlanması üçün Baş Prokurorluğa rəsmi müraciət etmişdi. Kasparovun vətənə xəyanət və ekstremizmə çağırışlar, respublika ərazisində separatizm və terrorizmi təbliğ etmək ittihamı ilə cinayət işinə başlamaqdan V.Borodini saxlayan yalnız Azərbaycan rəhbərliyinin alicənablığı oldu. Şahmat üzrə dünya çempionu özü də bunu etiraf etdi.

"İnsanın nankorluğundan daha dəhşətli bir şey varmı?" - deyə böyük Şekspir on altıncı yüzildə öz səsini uclatmışdı. Bir əsr sonra həmyerlisi, tarixçi və ilahiyyatçı Tomas Fuller, sanki ona cavab olaraq deyirdi: "Münnətdarlıq fəzilətlərin ən kiçiyi, nankorluq pisliklərin ən pisidir!"

Hər yerdə, həmişə, istənilən formada öz nankorluq, xəyanət, ifrat əxlaqsızlığını büruzə verən Harri Kasparov isə hələ eramızın ikinci əsrində antik Roma yazıçısı və şairi, platonist filosof Lutsi Apuleyin belə bir xəbərdarlıq elədiyini bilmir: "İnsanın mənəvi natəmizliyi onun özünə ikrah eləməsinin göstəricisidir". Və əgər Kasparov planetin bütün vicdanlı, ləyaqətli insanlarının ona qarşı ikrah etməsinin fərqində deyilsə, ola bilərmi ki, nəsə insani bir şey nə vaxtsa onun öz ruhuna tüpürməsinə mane olsun?!!

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulan şairlərdəndir Adil Mirseyid. Halbuki, impressionist poeziyamızın ən gözəl nümunələrini məhz o yaradıb. İndi təqdim edilən şeir sizi təəccübləndirəcək. Adil Mirseyid təəccübləndirməyi gözəl bacarır. 

 

ölümlə rəqs eləyən kəpənəklər kimiyəm

ölümlə rəqs eləmək heç ağlına gəlibmi

bir gecə yarısı küçənin ortasında

dəli kimi ağladınmı bir kərə

qara buluddan yağan qara yağmur altında

və o anda ölüm mələyi

sənə toxunmadan keçib gedibmi

bir telefon köşkü tapıb

ən yaxın dostuma zəng vurdum

ölürəm dedim inanmadı

sərxoşsan dedi mənə

halbuki yaxşı bilir on ildi içki içmirəm

bir də yığdım dostumun telefon nömrəsini

ölürəm dedim yenə

yağış kəsdi külək yatdı

indi könlüm çox rahatdı

nə dostum var nə düşmənim

unudub məni ana vətənim

ey ölümlə rəqs eləyən ağ qanadlı kəpənək

gəl mənim dostum ol sən

gəl bir yerdə ölümlə rəqs eləyək

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:

 

yumub gözlərimi, dilək də tutub,

söndürdüm yolumda yanan şamları.

çiçək qoxusunu sinəmə çəkib,

tərk etdim, tərk etdim mən adamları...

indi,

indi kim unudur, unutsun məni...

 

daha bundan sonra ağrı, acı yox

edam kəndiri yox, dar ağacı yox,

nə dost var, nə düşmən,

qardaş, bacı yox

daha,

daha kim unudur, unutsun məni...

 

viranə bəxtinə  qonub, dincələn

mənəm kor bayquşu bu gecələrin,

qırıb bu yolların belini hər gün,

çoxdan səfiliyəm bu küçələrin,

getsin,

getsin, kim unudur, unutsun məni.

 

torpaq bu yağmurdan doyub, usanmaz

qarışıb yağmura torpağa sinsəm...

çəkib əllərimi fani olandan,

bu çirkli bədəndən qurtula bilsəm...

sonra...

sonra kim unudur, unutsun məni...

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.