Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində Ağlobyalı balıq mütəncəmi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Ağlobyalı balıq mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Sırf balığının filesi – 190 qr
§ Soğan – 50 qr
§ Kərə yağı – 35 qr
§ Bitki yağı – 20 qr
§ Ağ lobya – 50 qr
§ Alma qaxı – 18 qr
§ Armud qaxı – 18 qr
§ Ərik qaxı – 18 qr
§ Axta zoğal – 18 qr
§ Təmizlənmiş püstə – 18 qr
§ Mərzə qurusu – 1 qr
§ İstiot (dənəvər) – 0,05 qr
§ Duz – 4 qr
HAZIRLANMASI:
Balıq filesi 35-40 qramlıq tikələrə doğranır, duz, istiot vurulur, qızardılır. Ağ lobya ayrıca olaraq bişirilir, ələyə tökülüb suyu süzülür. Ayrıca bir qazanda (tavada) halqa şəklində doğranmış soğan qızardılır. Qızarana yaxın suya çəkilmiş meyvə qaxları, axta zoğal, püstə içi əlavə edilir. Bir yerdə tovlanır. Sonra üzərinə bişmiş ağ lobya əlavə edilir, ehtiyatla qarışdırılır. Qızardılmış balıq tikələri üzərinə qoyulur, qazanın ağzı bağlanır, vam odda 5 dəqiqə bişirilir, çıxarılır. Süfrəyə verəndə boşqaba çəkilir, üzərinə balıq tikələri düzülür, doğranmış göyərti səpilir. Yanında göyərti, meyvə turşusu (məti), nar dənəsi, limon verilə bilər.
Nuş olsun!
Ədəbiyyat və incəsənət”
(23.07.2024)
GÜLÜŞ KLUBUnda bahalı pomidor
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Kiçik pullardan mətbəə qoxusu gəlir. Böyük pullardan isə Cinayət Məcəlləsi qoxusu!
2.
Pomidor öləndə balalarına vəsiyyət etdi:
-Əzizlərim, mən ölüb gedirəm, amma siz bilin ki, çox sanballı bir dövrdə yaşayırsız və çox dəyərlisiz. Sovetin vaxtında mənim dədə-babalarımın kilosunu iyul ayında 15 qəpiyə satırdılar. Əsas qida olan çörəkdən biz 4 dəfə ucuz idik. Yəni, 1 kilo çörəyə 4 kilo pomidor düşürdü. Amma indi - 2024-cü ilin iyulunda gözünə döndüyüm tarif şurası benzinin qiymətini 10 qəpik qaldırandan sonra bizim də qiymət dirənib 3 manata, düşmür ki düşmür. İndi əksinə, 1 kilo pomidora 4 kilo çörək düşür. Tarif şurasını öpüb bağrıma basıram, nə qədər ki o şura var, biz pomidorlara zaval gəlməyəcək.
3.
-Əgər insanın gəlirinin 75 faizi qidalanmaya gedirsə, demək o kasıbdır. Kasıblığın həddini azaltmağın iki yolu var. Ya insanların gəliri qaldırılmalıdır.
-Haml əleyhinə. Təsdiqlənmədi.
-Ya da insana pulunun 75 faizini qidaya xərcləmək qadağan olunmalıdır.
-Hamı leyhinə. Təsdiqləndi.
4.
-Salam, mənə antidepressant lazımdır.
-Həkim reseptiniz var?
-Nikah kağızı bəs etmir ki?
5
Niyə müharibə kinolarlnda hərbi əsirlərin üzləri şümal şəkildə təraş edilmiş olur?
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
2023-cü il Azərbaycan dramaturgiyası müasir ədəbi tendensiyalar kontekstində - Şəhanə ƏLİYEVA
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə tənqidçi Cavanşir Yusiflinin 2023-cü ilin dramaturgiya mənzərəsi araşdırmasını təqdim edəcəyik.
2020-ci illər nəinki Azərbaycan, ümumilikdə dünya dramaturgiyasında dəyişikliklərlə yadda qaldı. İstər postpandemiya dövrü, istərsə də son texnoloji yeniliklər dramın mahiyyətində və dram növünə tələbatda köklü dəyişikliklərə gətirib çıxartdı: həyatın gedişi, hadisələrin sürətli olaraq bir-birini əvəz etməsi baş verənlərin uzunmüddətli yaddaşda qalmasına imkan vermir, qısamüddətli yaddaş isə daha çevik, birbaşa informasiya ötürən formalar tələb edir. Müasir dünyada hadisələrin, ideyaların çatdırılması və dərki alternativ üsullarla gedir: internetin bəşəriyyətə açdığı imkanlar baş verənlərin daha sürətli çatdırılmasına və anında reaksiya verilməsinə şərait yaradır. Bir-birini sürətlə əvəzləyən informasiya seli, yeni ideyalar axını qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçməyə imkan tapmayaraq sanki qeyb olurlar. Düşünürük, məhz bu səbəbdən hadisə və situasiyaların uzunmüddətli yaddaşda qalaraq bədii dərkinin mümkünsüzlüyü klassik anlamda qəbul etdiyimiz dram əsərlərinin meydana çıxmasına şərait yaratmır. Və bu hal təkcə bizdə yox, o cümlədən dünya dramaturgiyasında da müşahidə edilir. Bəs bu əvəzlənmə hansı istiqamət üzrə gedir? Hansı tendensiya klassik və müasir dram nümunələrinin yerini tutmağa daha iddialıdır? Bu suala cavab vermədən öncə hal-hazırda dram nümunələrinin, daha dəqiq ifadə etsək pyeslərin məzmun və funksiyasına nəzər salmaq lazımdır. Amma ilk öncə günümüzdə daha çox işlənən pyes təyininin işləkliyinə də diqqəti cəlb etmək istərdim. Çünki müasir mətnlərdə pyes təyini demək olar ki, digər təyinləri sıxışdırıb çıxarmış, dramın janrlar üzrə bölgüsü müəyyən qədər aradan götürülmüşdür. Aydın Talıbzadənin də ifadə etdiyi kimi, "oyun yazarları əksərən janr definisiyalarından qaçıb, sanki onlara etiraz edib öz bədii mətnlərini, sadəcə "pyes" adlandırmaqla, əsərlərini janrsız-filansız tanıtmaqla kifayətlənirlər".
Müasir ədəbi prosesdə dramın mövqeyinə nəzər yetirdikdə əsas qırmızı xətt kimi keçən məqam dramın mahiyyətində və funksiyasında baş verən dəyişiklikdir: belə ki, ümumi mənzərəyə nəzər yetirdikdə görə bilərik ki, artıq ali ideyalar yox, konkret istiqamətli layihələr aktualdır. Xüsusilə sinkretik növ olan dramaturgiya bir neçə sənət istiqamətinin elementlərini özündə ehtiva etdiyindən, sanki ədəbi materialın arxa planda olduğu, daha çox performativ, hər hansı layihənin tərkib hissəsi kimi ortaya çıxan dram nümunələrinin sayı artır. Məlumdur ki, dram əsəri səhnədə oynanılmaq üçün yazılır və dram mətnlərinin funksiyasının dəyişməsi tamamilə fərqli tendensiyaların meydana çıxmasına gətirib çıxarır.
Son illərdə dünya səhnəsində müşahidə edilən immersiv və interaktiv teatr, rəqəmsal və hibrid teatr, inklüziv teatr, sosial teatr, xüsusi yönümlü və açıq hava teatrı, disiplinlərarası və əməkdaşlıq teatrı kimi istiqamətlər dramın funksiyasını daha çox sosial istiqamətə yönəldir. Obrazlar teatrından göstəri (performans) teatrına qədər yol keçmiş dramaturgiya klassik dram nümunələrinə alternativ sosial-psixoloji təlqin performansı ortaya qoyur.
2023-cü il Azərbaycan dramaturgiyası üçün bir neçə cəhətdən əlamətdar oldu. Azərbaycan milli teatrının yaranmasının 150 illik yubileyinin qeyd edilməsi, "Azərbaycan dili və ədəbiyyatı" forumunun, "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri" adlı teatr forumunun keçirilməsi, bir sıra beynəlxalq layihələrlə əməkdaşlıq və müasir dünya dramaturgiyasında gedən ən son proseslərin izlənməsi baxımından təşkil edilən layihələr öncəki illərdə müşahidə edilən durğunluğa canlılıq gətirə bildi.
25 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə Azərbaycan milli professional teatrının 150 illik yubileyinə həsr olunmuş "Azərbaycan teatrı - 150 - üç əsrdən keçən teatr" mövzusunda elmi-praktik konfransda Əli Əmirlinin "Yeni dram, yeni dramaturgiya" adlı məruzəsi bir sıra məsələləri aktuallaşdırdı. "Yeni dram" təyininin arxasında duran meyillərin sosial-psixoloji köklərə malik olduğunu söyləyən müəllif "həyat həqiqətlərinin bədii həqiqətləri üstələdiyi" ssenarilərin məşhurluğunu günümüzün reallığına bağlayır. Həqiqətən də, oxucu, tamaşaçı pyesdən və ya tamaşadan artıq bədii həqiqət yox, sadəcə alternativ reallıq gözləyir. Bu alternativ reallıq maksimum çılpaq, hətta absurd, qrotesk şəkildə də təqdim edilə bilər. Yeni məzmun yeni forma tələb etdiyi kimi, yeni tipli pyeslər də daim yeni təqdimat formaları axtarışında olur. Bu baxımdan son illərdə dram əsərlərinin ilk olaraq klassik səhnə quruluşu əvəzinə vörkşoplarda - yaradıcılıq emalatxanalarında təqdimi gerçəkləşməkdədir. 2023-cü ilin 6 iyun - 4 iyul tarixlərində rusdilli dramaturqların pyeslərini üzə çıxaran müstəqil dramaturgiya festivalı olan Lübimovkanın "Lübimovkanın əks-sədası Bakıda" adlı bölümü (Bakı Marionet Teatrı, Teatro.az sənət portalı və Katalizator art-habın dəstəyi baş tutan festival) müasir dünya dramaturgiyası nümayəndələrinin və yerli müəlliflərin pyeslərinin oxunuşu həyata keçirməklə prosesi müəyyən qədər canlandırdı. Dünyada baş verən yeni tendensiyalardan xəbər tutmaq və bizim bu prosesdə hansı nöqtədə olduğumuzu müəyyənləşdirmək üçün oxu günlərinin xüsusi əhəmiyyəti var. Həmçinin, "Azərbaycanda müasir dramaturgiya: o haradadır?" adlı panel müzakirədə, Tərlan Rəsulovun "Postdramatik teatr kontekstində dramaturqun rolu" adlı ustad dərsində səslənən fikirlər müasir dramaturgiyanın mövcud vəziyyəti, yeni dramın mahiyyəti və dramaturqlar və teatr arasında əlaqələr məsələlərinə aydınlıq gətirməyə çalışdı.
Britaniya Şurasının (British Council) Kreativ Prodüserlər Proqramı layihəsi çərçivəsində Elçin Cəfərov tərəfindən 2023-cü ildə təqdim edilən "KATALİZATOR ArtHub" layihəsi də yeni dramaturji tendensiyaların ölkəmizdə tanıdılması baxımından bir sıra layihələr həyata keçirtmiş, "Lübimovkanın əks-sədası Bakıda" və "CHARACTERS" Müasir Dramaturgiya Festivalının tərəfdaşı kimi fəaliyyət göstərmişdir. Onu da xatırladaq ki, 2023-cü ilin sonunda CHARACTERS Müasir Dramaturgiya Festivalı çərçivəsində pyes müsabiqəsi elan edilib, bu il ərzində pyes oxunuşları baş tutub və qaliblər müəyyənləşdirilib.
Son illər dramaturgiyanın əsas mövzuları arasında Qarabağ müharibəsi və zəfər tarixi mövzusu da aktualdır. Mədəniyyət Nazirliyinin təşkil etdiyi İkinci Qarabağ müharibəsində qazanılan zəfərə həsr olunan ədəbi müsabiqədə Sevinc Elsevər "Çiçək məktublar" pyesi ilə birinci yeri tutmuşdur.
Dram əsərləri daim lirik, epik növdə yazılan mətnlərə nisbətən azsaylı olması ilə seçilib. layihələr, forumlar çərçivəsində yeni dram, müasir dramaturq kimliyi, yeni dramaturji dilə dair maraqlı çıxışlar və fikirlər səslənsə də, nəzəri olaraq səslənən müddəaların tətbiqinə dair nümunələrin ortaya qoyulması baxımından 2023-cü ili məhsuldar hesab etmək olmur.
2023-cü il ərzində mətbu orqanlarda yayımlanmış pyeslərin kəmiyyəti o qədər də çox deyil. "Azərbaycan" jurnalının xüsusi buraxılışı olan 10-cu sayı Azərbaycan teatrının 150 illiyinə həsr edilib və jurnalda əvvəlki illərə aid bir sıra pyeslər - Əli Əmirlinin "Siz teatrı sevirsinizmi?", Hidayətin "Burdan min atlı keçdi", Firuz Mustafanın "Üçüncü sahil və yaxud "Sonuncu instansiya" pyesləri, Ülviyyə Heydərovanın "İnanıram" monopyesi yer alıb. Xüsusi buraxılışda, həmçinin, Türkiyəli yazar Tuncər Cücənoğlunun "Qadın sığınacağı", rumın dramaturqu Vasile Aleksandrinin "Qızıl pulun macəraları" pyesləri tərcümə edilərək dərc edilmişdir.
Elçinin "Azərbaycan" jurnalının 2023-cü ilin 5-ci sayında dərc edilmiş "Beşyüzüncü tamaşa, yaxud güzgünü sevməyən qız" pyesi kifayət qədər maraqlı süjeti ilə diqqəti çəkir. "Otello" faciəsinin 500-cü tamaşası ətrafında baş verən hadisələr Şekspirin faciəsinə yeni alternativ final təklif edir. İllərdir səhnədə qoyulan ssenariyə uyğun olaraq hiyləyə aldanıb Dezdemonanı boğan və həyatına qəsd edən Otello qəfil məlum hadisələrin gedişatını pozur, personajın sözləri ilə ifadə etsək əsrlərdən bəri davam edən "tilsimi qırır". Otellonun öz daxilindəki yırtıcılığa, şərə qalib gəlməsi, rolu ifa edən aktyor Qəmərlinin də mənəvi cəhətdən saflaşmasına, həyata başqa rakursdan baxmağına səbəb olur.
Mövcud mətnlərə alternativ süjetlər təqdim etmək və ya mövcud mətnlərin davamını yazmaq nəzəri cəhətdən intertekstuallığa meydan verirsə, digər tərəfdən sosial-psixoloji məqamlardan qaynaqlanır: oxucunun, yaxud tamaşaçının diqqətini çəkmək, informasiya selində itib batmış oxucuda nostalji duyğular oyadaraq marağını mətnə yönəltmək də dövrümüzdə ədəbi priyom ola bilir. Aydın Talıbzadənin eyni nömrədə ("Azərbaycan" jurnalı, 2023, N5) dərc olunan "Bir də buralara gəlmə" pyesi də oxucuya mövcud tanış mətnə müraciət etmə məcburiyyəti yaradır. Pyes Rüstəm İbrahibəyovun "Ölsəm, bağışla" film ssenarisinin ardı kimi qələmə alınıb və Gülzarın Yusifin ölümündən sonrakı həyatından bəhs edir. Monopyes şəklində Gülzarın dilindən nağıl edilən bu sikvel həm də ilkin mətn müəlliflərini tez-tez xatırladır, Gülzar başına gələn hadisələrdə dəfələrlə ssenari müəllifini (Rüstəm İbrahimbəyovu) qınayır. Gülzarın dilindən səslənən "Rüstəm belə yazmışdı. Allah Rüstəmin əliylə belə yazmışdı. Mən neyləyə bilərdim" deməsi də personajın öz yaradıcısının - müəllifin çəkdiyi çərçivələrə işarə edirsə, Yusifin ölümündən sonrakı həyatı barədə danışarkən "Bundan o yanasını Rüstəm daha yazmamışdı: Rüstəm də, Rasim də gecənin içində özgə şəhərdə məni tək-tənha buraxıb əkilmişdilər" ifadəsi personajın müəlliflərə etirazıdır. Məhz bu etiraz ruhu "Bir də buralara gəlmə" pyesinin yaranmasını şərtləndirir.
Bu tendensiya 2022-ci ilin ədəbi faktı olan Kamal Abdullanın "Gülçöhrə xanım və Əsgər ağa" telefilm ssenarisində də müşahidə edilir. Üzeyir Hacıbəylinin "Arşın mal alan" komediyasının davamı kimi yazılan telefilm ssenarisi Əsgər ağa və Gülçöhrənin Bakının bolşevik işğalından sonrakı həyatını əks etdirir.
Dramaturgiyamızda geniş yayılmış hallardan biri də dram əsərlərində portret yaradılmasına cəhddir. Tağilə Mehdiyevanın Həsənağa Turabovun 85 illik yubileyinə həsr edilmiş "Altımış dörd şəkilli drama" adlı pyesi onun həyatının müxtəlif mərhələlərinin təsvirini verir və portretini yaradır. Yalnız remarkalardan ibarət və daha çox təsvir, təhkiyə vasitəsilə qələmə alınan və Həsənağa Turabovun bioqrafiyası üzərində qurulan bu mətn daha çox səhnələşdiriləcək pyesin ilkin plan-prospektini, eskizini xatırladır.
Dramaturgiyanın əsasında duran konfliktin mahiyyətinin dəyişməsi, dinamik ünsiyyət aktının aradan çıxması klassik anlamda qəbul etdiyimiz qarşıdurmanın (xeyir-şər, ideal-həqiqət və s.) da öz yerini mərkəzi təhkiyəçiyə təslim etməsi ilə nəticələnir. Yevreinovun "fəaliyyətin vahid subyekti" adlandırdığı monodram qəhrəmanının konflikti daha çox öz daxilində - xatirələrində, psixikasında, düşüncələrindədir. Məhz bu gözönü situativ konfliktdən qaçış milli dramaturgiyamızda epik növə xas təhkiyənin dinamik fəaliyyəti sıxışdırmasına, birsəsli monopyeslərin meydana çıxmasına gətirib çıxarır. Son illərin tendensiyaları arasında monopyeslərin artımı - yeni dramaturqlar nəslinin - Ülviyyə Heydərova ("Uşaqlıq", Pələng","İnanıram"), Sevinc Elsevər ("Həyat elə bir oyun ki"), Jalə İsmayıl ("Güzgüyə inan"), Şəbnəm Xeyrulla ("Mənim "DÜŞMƏN" oyuncağım"), Cəlil Cavanşirin ("Əvvəl boşluq vardı...") periodik olaraq monopyeslərə müraciəti də fikrimizi təsdiqləyir.
İsmayıl İmanın ilk oxunuşu "Lübimovkanın əks-sədası Bakıda" festivalı çərçivəsində baş tutan rus dilində qələmə aldığı "Hamar üzdə" ("Na qladkoy storone") pyesi yeni dram istiqamətində yazılmış bədii-sənədli nümunədir. İntervü əsasında yazılan və monoloji təhkiyənin dominant olduğu pyes öz çoxsəsliliyi ilə seçilir. Başına gələn müxtəlif əhvalatları nəql edən bələdçi klassik yol filmi (road movie) üslubunda təhkiyəsiylə diqqəti cəlb edir. Çoxsəsliliyin hakim olduğu pyes miqrant həyatının kəskinləşdirdiyi sosial-siyasi, mənəvi problemləri çılpaq dillə, bəzən isə qeyri-normativ leksika ilə verərək, öz yerini axtaran, amma heç bir mədəniyyətə, icmaya mənsub olmayan, hansısa emosional, genetik və ya intellektual bağlarla müəyyən bir məkana (geniş mənada) bağlana bilməyən insanın faciəsidir.
Müasir dünya dramaturgiyasında əsas mövzulardan olan mədəniyyətlərarası toqquşma və inteqrasiyanın çətinlikləri, sosial mühit, şəxsin özünüidentifikasiyası, texnoloji inqilablar, sürət və informasiya əsrində insanın yeri və bir çox öncələr tabu hesab edilən mövzulara müraciət, ekoloji vəziyyət dramın sosial funksiyasının qabardılmasına, ədəbiyyata, daha konkret dramaturgiyaya yeni funksiyanın - terapevtik funksiyanın əlavə olunmasına gətirib çıxarır. Dramaturgiyanı sosial medium kimi qəbul etmə tendensiyasının güclənməsi dramın sosial terapiya funksiyasını yeni trendə çevrilir, dram əsərlərinin terapevtik mahiyyəti qabardılır. Bu isə düşünürük ki, Aristoteldən gəlmə katarsisin yeni mahiyyətini üzə çıxarmağa yönəlmişdir: əgər katarsis faciə nəticəsində insanın ruhunda baş verən dəyişikliyə (pisdən yaxşıya doğru) səbəb olurdusa, müasir katarsis bu dəyişikliyin müalicəvi effektinin üzərində durur. İnsan ruhunda, daha konkret ifadə etsək, psixikasında baş verən təmizlənmənin fiziki sağlamlığa səbəb olacağı düşüncəsi dramın terapevtik funksiyasını aktuallaşdırır.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - Qapıcıq mağarası
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Qapıcıq mağarası
(Qafan)
Sehrli meşədə gözəl quşların böyük bir dəstəsiyaşayırdı. Onların zərif ipək lələkləri mirvarilərlə örtülmüş, günəşin şəfəqləri altında parıldayırdı. Gümüşcaynaqlı mərcan ayaqları hündür və nazik idi, quyruqlarından meşəyə parlaq rəng verən zümrüdlər asılmışdı. Meşə sakinləri gözlərini ecazkar quşlardan çəkə bilmirdilər. Bu sehrli quşlar yalnız sübh vaxtı və gün batanda görünürdülər. Onların səsləri eşidiləndə bütün Meşə donurdu: otlar pıçıldamır, ağaclar xışıldamır, çaylar guruldamır, hətta külək də əsmirdi.
Bütün meşə sakinləri gözəl, əsrarəngiz quşları sevir və onlarla dostluq etməyə çalışırdılar. Quşların başçısı Zümrüd quşu idi. Quşlardan heç biri onun qədər gözəl hekayələr bilmirdi. Zümrüd quşu bilik ağacının budaqlarında qurduğu yuvada yaşayırdı. Meşədəki bütün quşlar ona inanır, işləri çətinə düşən kimi ona müraciət edir və düşünürdülər ki, onları yalnız hər bəladan Zümrüd quşu qurtara bilər. Hər axşam günəş Sehrli Meşənin sərhədinə yaxınlaşanda və onu tərk etməyə hazırlaşanda Bilik ağacının budaqlarında oturan sehrli Zümrüd quşu hekayəyə başlayardı. Qədim zamanlarda Sehrli Meşənin qırmızı yumşaq torpaqda necə doğulduğunu, orada heyvanların və quşların məskunlaşdığını, qüdrətli dəryalarda balıqların üzdüyünü, şəffaf suların şəlaləyə dönüb dağlardan necə axdığını nağıl kimi danışardı. O, Göy qurşağının onun lələklərinə səpdiyi rənglərdən, okeanların ona hədiyyə etdiyi mirvarilərdən, dəniz ulduzundan, zümrüd dağlarından lələklərinə qonan daşlardan, həyat ağacını yerə gətirdiyindən, oddan, küldən maraqla danışardı.
Sehrli quşlar hər dəfə meşəyə qayıdanda özləri ilə qeyri-adi şeylər gətirərdilər: dəniz ulduzu, xərçəng üzgəci, kəhrəba parçaları, fil dişi, rəngarəng daşlar, qulpunda sirli yazıları olan kiçik gil qabları. Bütün bu xəzinələr bilik ağacının dibində saxlanılırdı. Meşə sakinləri Bilik ağacından bunların nə olduğunu və haradan gəldiklərini soruşanda hər şeydən xəbərdar olan ağac asanlıqla suallara cavab verirdi. Sehrli Meşənin sakinləri bilirdilər ki, dəryaların başladığı və bitdiyi yerdə qəribə də olsa, eyni canlıların yaşadığı bir dünya var. Bəzilərinin qanadları var idi - amma uça bilmirdilər. Kəskin pəncələri olan güclü pəncələr var idi - lakin onlar yalnız özlərindən zəifləri yeyir, bəziləri isə zibillikdə eşələnirdilər. Güclü, iti dimdiyi olanlar ağaclardakı qurdları, həşəratların sürfələri, tırtıllar ilə qidalanırdılar. Onlar bütün günü qarınlarını doydurmaq üçün çalışıb yem əldə edirdilər.
Meşə sakinləri bu hekayələri dinləyir, onlara daha inanılmaz gələn o olurdu ki, haradasa başqa, azad və xoşbəxt bir həyat var. Həyatlarını maraqsız fikirləşən quşlar bir gün sehrli meşədən də gözəl məkana getməyə qərar verirlər. Zümrüd quşundan kömək istəyirlər. Beləliklə Zümrüd quşunun başçılığı ilə başı buludlara çatan Qaf dağına doğru uçurlar. Ora çatmaq üçün isə yeddi dərin vadidən keçmək lazım idi. Bu yollar o qədər çətin olur ki, yolda xeyli quş məhv olur. İradə, eşq, cəhalət, inamsızlız, tənhalıq, arxayınlıq və birlik vadilərindən keçən otuz quş Qaf dağının zirvəsinə çatıb, dağın başındakı mağarada yaşamağa başlayırlar. Sehrli meşədən uzaq düşürlər. Zümrüd quşu daha öz hekayətlərini heç kimə danışa bilmir.
Dəstədən olan gənc Quşlar dağın ətəklərində tələyə düşən quşlara kömək edərdilər. Az keçmir ki, ovçular sehrli Quşları görür və onları əldə etməyə qərar verirlər. Quşları tutmaq üçün daha möhkəm torlar qurub, qayalarda bitən hündür kolların arasında gizlənirlər. Quşlar heç vaxt xəyanətlə qarşılaşmamışdı. Həmişə torlara düşənlərin torunu öz iti caynaqları ilə yırtıb aciz əsirləri möhkəm qanadlarında götürüb Sehrli Meşəyə aparar, yaşıl çəmənliyə cəsarətlə enib onları azadlığa buraxardılar. Amma dəstənin quşları ovçuların güdazına gəldi, onları tutub böyük qəfəslərdə saxladılar. Əsir quşlar getdikcə çoxaldı. Beləliklə, sehrli Quşların taleyi həll edildi. Şahlara hədiyyə olaraq saraya göndərildi, digərləri yad ölkələrə aparılıb satıldı, onların əvəzində zəngin xəzinələrə sahib çıxdılar.
Heç kim ağlına gəlmirdi ki, ecazkar quşlar bir-birindən ayrıla bilər. Sehrli Meşədən və doğma dəstədən uzaqda, tənha qalan başçı quş -Zümrüd quşu ümidini itirmədi ki, bir gün əsir quşları azad edəcək. Günlər keçdi və o başa düşdü ki, daha heç vaxt gözəl hekayələrini danışa bilməyəcək, ona inananlar da olmayacaq. Tənha quşun ecazkar gözəlliyi yoxa çıxdı. Dəstədən ayrı, tənha yaşamağa öyrəşməyən Zümrüd quşu zirvədəki mağarada yaşayıb sehrli meşəyə qayıtmadı. İllər keçdi. Bir gün dərya sahilinə gəldi və sudakı əksinə baxdı. Gördüklərindən dəhşət içində geri çəkildi. Sehrli Quş özünü heç tanımadı: bir vaxtlar gözəl və güclü olan qanadları çarəsiz asılmışdı; lələklərin üzərindəki mirvarilər qalın bir kir təbəqəsi ilə örtülmüşdü; mərcan ayaqları tozdan boz olmuşdu; gümüş caynaqlar küt və sönük idi, alov saçmırdı! O, dərhal Sehrli Meşəyə qayıtmalı olduğuna qərar verdi. Qanadlarını var gücüylə çırpdı, uçmağa çalışdı. Dəhşətlə hiss etdi ki, qanadlar ona tabe olmur, başını qaldırdı və səmaya baxdı. Səma boz buludlarla örtülmüşdü, tezliklə leysan yağış yağacaqdı. Külək dağa, daşa dəyib ulayırdı, bütün canlılar yaxınlaşan tufandan qaçaraq bir-birindən uzaqlaşırdı. Yalnız Zümrüd quşu ildırım gurultusunu və parıldayan şimşəkləri səbirsizliklə gözləyirdi. Fırtına qopdu! Axar sel suları bir neçə dəqiqədən sonra qaynayan dərəyə töküldü. Zümrüd quşu dərindən nəfəs aldı və bir vaxtlar uçarkən qanadlarından qığılcım saçan, indi isə sallanan çirkli qanadlarını yağış axınına tərəf tutdu. Bir anda lələklərindəki mirvarilər parıldamağa başladı, çaynaqları yenidən parlaqlaşdı və əvvəlki rəngini aldı. Zümrüd quşu əvvəlki gözəlliyini xatırladı. Az müddətdən sonra yağış kəsdi. Yağışdan sonra görünən günəş şüaları altında qanadlarını qurutdu; onları möhkəm yellədi və yerdən qalxdı! Sehrli Quş havada cəmi bir neçə dəqiqə qaldı. Qanadlarını hər dəfə möhkəm çırpmaqla itirdiyi gücü sanki geri qaytardı. Sevinc içində geniş çaylar, dərələr, sıx meşələr üzərindən uçdu. İnciləri getdikcə daha çox parıldadı, ürəyi getdikcə daha şən oldu! Və birdən sehrli səslər eşitdi, sanki göyün aydın maviliyində büllur zənglər çalınır, onu o səmtə səsləyirdi.
Tezliklə uzaqda Sehrli Meşə göründü. Zümrüd quşu son dəfə göz yaşları ilə sehrli meşənin otları, ağacları üzərindən uçub göz yaşlarını tökdü. Göz yaşları dəyən ağaclar, bitkilər insanlara şəfa verdi. Zirvədəki mağarasına qayıtdı. Dağlarda bitən otlardan yapışqanlı tüpürcəyi ilə mağaranın ağzına qapı hördü. Mağaranın içində gözlərini yumaraq üzünü Tanrıya tutub dedi: Mən gözlərimi əbədi olaraq yumuram, öləndən sonra yanıb kül olacağam. İstəyim odur ki, külümdən yenidən dirilik tapmayım. Qoy mənim ruhum əbədi olaraq əcdadlarımın ruhuna qovuşsun.
Sehrli meşə sakinləri bir daha o quşu görə bilmədilər. Heç kəsə bu quşu görmək imkanı verilmədi - nə heyvan, nə quş, nə insan. Təkcə onu bilirdilər ki, onun lələkləri günəşin doğuşu və qürub vaxtı batmasından daha gözəldir. Zümrüd quşu nəinki əsrarəngiz, möcüzəvi gözəl idi, həm də hikməti okean kimi sonsuz idi, çünki o bilik ağacında yuva qurmuşdu.
İllər sonra Zümrüd quşunun göz yaşları ilə sulanan Sehrli meşə bu quşun eşqiylə Qaf dağına doğru böyüməklə Oğuz yurdunun insanlarına yaşıl həyat verdi. Onlar gözəl, səfalı yurdlarını Qafan, Qaf dağının zirvəsindəki mağaranı isə Zümrüd quşunun hördüyü qeyri-adi qapı əsasında Qapıcıq adlandırdılar. Bu mağara indi də Qaf dağının zirvəsində yerləşir.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
BİR SUAL, BİR CAVAB İqbal Nəhmət ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
"Həyat tamaşaya bənzəyir: bəziləri ona yarışmağa, bəziləri alış- verişə, ən xoşbəxtləri isə baxmağa gəlirlər." (Pifaqor
İqbal bəy üçün həyatın anlamı nədədir?
CAVAB
-Həyat,
gözündəki yaş qədər qısa imiş,
ağlarsan, ağlarsan,
sonra ağladığın şeyə gülərsən,
Sevdiyin günü xatırlarsan,
sevildiyin günü unudarsan,
tənhalaşarsan, bitərsən!
Anlam sadəcə yaşaya bilirsənsə, yaşamaqdır!
Ədəbiyyat və incəsənət”
(23.07.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Məni oğulluğa götür, ay vətən...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Məni oğulluğa götür, ay vətən...” şeiri ilə.
Təbii ki, yenə də öz təəccübləndirir, heyrətləndirir şair.
“Bir ata itirdim günün qəm çağı
Məni oğulluğa götür, ay vətən...”
Gözəldir deyilmi?
Xoş mütaliələr!
Daşını gözüylə öpüb oxşayan
Bir ata itirdim günün qəm çağı
Məni oğulluğa götür, ay vətən...
Bir uzaq, kimsəsiz adayam indi,
Bu tayam, bir az da o tayam indi.
Nə olsun, özüm də atayam indi
Məni oğulluğa götür, ay vətən.
Göyünü qoruyan quşun olaram,
Lap bu tək canımla qoşun olaram.
Düşmənin bağrında qurşun olaram
Məni oğulluğa götür, ay vətən..
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
“Düzünü deyin, düzünü yazın” - VƏ YAXUD, FİRUZ HÜSEYNİN ÖLÜMÜ
Fariz Əhmədov, Naxçıvan Televiziyasının baş redaktoru. “Ədəbiyyat və incəsənət” üçün
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılışı mərasimində əllidən artıq ölkəni təmsil edən media nümayəndəsi qarşısında dörd dildə verilən bütün sualları cavablandıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqini dinləyərkən Ulu Öndər Heydər Əliyevin jurnalistlərə məşhur xitabını xatırladım: “Düzünü deyin, düzünü yazın”. Ölkə başçısı da nitqində qeyd edirdi: “Biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir”. Necə oxşar və yaxınmənalı fikirlərdir iki dahi,ata və oğul tərəfindən deyilən bu sözlər. Biz çox xoşbəxtik ki, bu yolun layiqli davamçısının şahidləriyik.
Vaxtilə milli dəyərlər yaradanlar indi xalqın milli dəyərinə çevrilib. Bu milli dəyərləri xatırlayarkən səni də unutmadıq, ey Azərbaycan milli mətbuatının ilk qaranquşu, “Əkinçi”nin təsisçisi, Azərbaycan ziyalılarının böyük ordusunu görmək sevincinə nail olan, millətin maariflənməsini öz şəxsi həyatından üstün tutan Həsən bəy Zərdabi!
Zaman keçdikcə belə böyük şəxsiyyətlərin əzəməti daha aydın görünür, qəlbimizdə qırılmaz bağlarla duaya dönüşür.
70-ci illərdə mətbuatdan sensasiyalı bir hadisə barədə oxuduq. Gənc şair Firuz Hüseyn qatar altında qalaraq həlak olmuşdu. Ağ köynəkli arıq oğlanın meyidi tapılanda əlində qana bulaşmış “İşıq” qəzeti olub. Həmin gün yerli şəhər qəzetində Firuzun bir şeiri çap olunub. Dəmir yolu üzərində gedərək öz şeirini oxuyurmuş. Şeirinin qəzetdə çap olunmasının verdiyi xoşbəxtlik hissi dünyadakı bütün səsləri eşidilməz edib. Qatarın fiti onun xəyal dünyasının divarlarını dəlib keçə bilməyib. Beləcə, 21 yaşında ilk şeirinin çap olunduğu gün həyatla vidalaşıb Firuz Hüseyn.
Mətnin çap olunmağının verdiyi xoşbəxtlik hissi idi bu.
Mətn müqəddəsdir, mətn and yerimizdir, mətn ruhumuzun dərinliklərindən süzülüb gələn məhrəm hisslərimizdir. Mən də ruhumun dərinliklərindən süzülüb gələn mətnlərimi əbədi, sınmaz, qırılmaz etmək üçün qələmə sığınıb bu peşəni seçmişəm. Zərdabinin sipər olduğu yola davamçı olmaq, Mirzə Cəlilə silahdaş olmaq, Cavidə yeni fikir, Müşfiqə yeni səs olmağın ağır məsuliyyət olduğunu düşünür, bu yolda qələmə pənah aparıram.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev jurnalistlərlə görüşlərində “Düzünü deyin, düzünü yazın” ,– deyə jurnalistlərə nəsihət verərkən batışmadığı, rədd etdiyi yeganə hal bədniyyətlilik, böhtan və dezinformasiya idi. Jurnalistika elə sahədir ki, tənqidlə məşğul olur, nöqsanları aşkar edir, onların aradan qaldırılması üçün çalışır, hadisələrə operativ yanaşır. Jurnalistlər çalışırlar ki, araşdırma edib bütün həqiqətləri cəmiyyətə çatdıra bilsinlər. Bəzən fakt eşidilir, yazılır və bir az da fikir əlavə olunur. Amma faktı araşdıranda, onu təhlil edəndə, informatorlarla görüşəndə anlayırsan ki, bəzən məsələ sənin fikir bildirdiyin kimi deyil, fərqli imiş. Etiraf etmək lazımdır ki, jurnalistika çətin sahədir. Jurnalistin məkanı yoxdur. Harada qaynar xəbər varsa, jurnalist oradadır. Harada cəmiyyətə çatdırılmalı lazımi informasiya varsa, jurnalist oradadır. Bir sözlə, harada yeni xəbər, yeni söz varsa, jurnalist oradadır. Prezident cənab İlham Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlər misilsizdir. Ölkə başçısı üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. O, yeganə liderdir ki, Qarabağ Zəfərində həm hərb, həm siyasi, həm də informasiya işini aparırdı. Qəhrəman hərbçilər lal qayalara dırmanıb Şuşanı azad edərkən jurnalistlər həqiqəti əks etdirən foto və yazılarla, cənab Prezident isə siyasi arenada düşmən və dünya ilə üzbəüz dayanmışdı. O, yeganə liderdir ki, gərgin iş qrafikində 2024-cü il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılışı mərasimində əllidən artıq ölkəni təmsil edən media nümayəndəsi qarşısında dörd dildə verilən bütün sualları cavablandırdı. Cənab Prezident təkrar-təkrar Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Biz jurnalistlərin üzərinə düşən isə həqiqətə ayna kimi işıq tutmaq, dahi lider Heydər Əliyevin dediyi kimi: “Düzünü demək, düzünü yazmaqdır”.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
1924-cü ildən üzü bəri - düz 100 ildir!
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Yaradıcılıq emalatxanası" rubrikasının qonağı Salyan rayonunun ictimai siyasi “Qələbə" və müstəqil "Ana Kür" qəzetıərinin, " Anakur.az" saytının baş redaktoru, "Ana Kür" Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri,
"Tərəqqi" medalı, "Ali Media" mükafatı laureatı, AJB və AYB- nin üzvü Rüstəm Məlikovdur.
-Milli mətbuatımızın 149- cu ildönümündə görüşürük, dəyərli Rüstəm bəy, sizinlə. Milli mətbuatımızda öz sanballı çəkisi olan, milli ideologiyamızın inkişafında xüsusi rolu olan "Qələbə" qəzetinin də 100 yaşı qeyd edildi. Məlumdur ki, Əli bəy Hüseynzadə, Əlövsət Quliyev, Xəlil Rza Ulutürk, Əliağa Kürçaylı, Aşıq Pənah, Oqtay Rza və başqa şəxsiyyətlərin həyat və yaradıcılığı barədə ilk olaraq " Qələbə" qəzeti yazmışdır.
Bəs Rüstəm Məlikov üçün
"Qələbə" qəzeti nəyi ifadə edir, hansı duyğuları oyadır?
- Salam, Azərbaycan mətbuatı özünün növbəti təqvim ilini- 149- cu yaşını qeyd edir, bu Azərbaycan ictimai fikir tarixində, söz tarixində və milli mənəvi dəyərlərin, şüurumuzun inkişafı nöqteyi-nəzərindən çox əlamətdar bir hadisədir. 149 il əvvəl Həsən bəy Zərdabinin redaktorluğu ilə işıq üzü görən “Əkinçi" qəzeti az ömür yaşasa da, onun səpdiyi toxumlar cücərmiş və Azərbaycanda böyük mətbu nəşrlər çap olunmuş, peşəkar jurnalist nəsli yetişmişdir. Əlbəttə, qəzet hər dövrün, zamanın aynasıdır- deyirlər. Bu mənada Azərbaycan mətbuatı tarixində öz zəngin ənənələrini qoyan mətbu orqanlar, təbii ki, çoxdur. Bunların sırasında regionlarda nəşr olunan qəzetləri xüsusilə qeyd etmək lazımdır. Belə ki, əsrin əvvəllərində ictimai-siyasi həyatdan bir az kənarda qalan regionlarda - o zamanlar qəzalar adlanırdı - qəzalarda ictimai həyat yalnız yerli mətbuatın üzərində köklənmişdi. Qəzet həm maarifləndirici, həm təşkilatçı, həm təşviqedici vasitə idi. Bu mənada Salyan mətbuatının da tarixi çox qədimdir. Nəzərə almaq lazımdır ki, qəzetimizin ilk nömrəsi 1924-cü ildə fevral ayının 21- də işıq üzü görüb. O dövrün ab- havasını nəzərə alsaq, görərik ki, elektrik enerjisinin, digər resrusların olmadığı bir şəraitdə kustar çap üsulu ilə bölgədə yeni bir nəşrin çap olunması böyük hadisədir.
İlk adı "Qırmızı Muğan" (“Красная Мугань") idi, iki dildə, A4 formatında çap olunurdu. Qəzet o dövrdə Salyan rayon partiya təşkilatı və icra komitəsi orqanı kimi fəaliyyətə başlamış və uzun illər bu adla dərc olunmuşdur.
- Bu gün qəzetin 100 illik tarixinə nəzər salsaq, qəzet bölgənin ictimai mədəni həyatında, sosial quruculuğunda, bir tarixi salnamə olmaq işində böyük rol oynamışdır.
-Bu gün Salyanı öz tarixi şəxsiyyətləri ilə; Əlibəy Hüseynzadə, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, Aşıq Pənah, Oqtay Rza və digər ictimai xadimi, şairi, yazıçısı ilə tanıyırlarsa, dini mənəvi dəyərlər nöqteyi- nəzərindən Salyan Darül-mömin diyarı adlanırsa, mən deyərdim ki, ictimai fikir tarixində bu mənada mənəvi dəyər sütunlarından biri də məhz bölgənin bütün ictimai siyasi salnaməsini əks etdirən və o işi bu gün də şərəflə davam etdirən "Qələbə" qəzetidir. Salyan rayonun "Qələbə" qəzeti bölgənin tanıtım nişanlarından biridir, özündə bölgənin bütün mənəvi keyfiyyətlərini əks etdirən bir salnamədir. Bu gün fəxrlə qeyd etmək olar ki, Salyan rayonunun "Qələbə" qəzetində çalışan yaradıcı kollektiv həmişə tanınmış ziyalılar olmuşlar. Mən fəxr edirəm ki, 20 ilə yaxındır ki, qəzetin sükanı arxasında dayanmaq mənə etibar edilmişdir. Desək ki, qəzet kollektiv əməkdir, bu çox dürüst ifadə olar. Qəzet bir nəfərin fitri istedadı, zəkası, bacarığı, təşkilatçılığı ilə deyil, kollektiv əməyin məhsulu kimi ortaya çıxır. Təəssüf ki, qəzetin 1 gün ömrü olur. Növbəti qəzet çıxanda əvvəllki qəzet tarixə çevrilir. Bu mənada "Qələbə" qəzeti həmişə tarix yaradıb. "Qələbə" qəzetinin yaratdığı tarixlər bizim xalqımızın, ictimaiyyətimizin tarixidir. Çox maraqlı faktdır ki, qəzetin fəaliyyətinin 35 ili Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olduğu dövrlərə təsadüf edir. Ulu Öndərin, nəinki, respublikamızda rəhbərliyi zamanı gördüyü işləri, eləcə də Salyana səfərləri, Salyan zəhmətkeşləri ilə görüşləri bu gün də öz tarixi səhifələrində qoruyub saxlayır.
-Təbii ki, 44 günlük Vətən müharibəsi dönəmində də qəzet öz ampluasında olub.
- Bəli. Qəzetimiz 44 günlük Vətən müharibəsi dövründə zəfər yaradan qəhrəman oğullarımızın, Şəhidlərimizin, igidlərimizin tarixi qələbənin əldə edilməsi uğrunda şücaətlərini, müzəffər Ali Baş Komandanımızın sərkərdəlik qətiyyətini çox mübariz bir qələmlə "Vətən sənə oğul desə" səhifəsi ilə ictimaiyyətə çatdırdı. Qəzetimizdə vətənpərvərlik missiyası bu gün də davam edir.
-Problemləriniz necə, varmı?
-Qəzetin qarşısında dayanan maliyyə çətinlikləri kiçik kollektivin yaradıcı heyəti tərəfindən, eyni zamanda bizə dəstək olan Salyan Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən ardıcıllıqla dəf edilməkdədir.
Mən bu əlamətdar gündə öz şəxsi uğurlarımızdan daha çox bu gün mətbu sözün, azad fikrin yaradılmasında, həyata keçirilməsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlarını vurğulayır və onun komandasına öz təşəkkürümü bildirirəm ki, bu gün ölkəmizdə qəzet təsis etmək, sosial şəbəkədə çıxış etmək üçün, mətbuat və fikir azadlığı üçün hər cür şərait yaradılmışdır. Bu mənada özünə jurnalist deyən, qələm sahibi deyən, qəzetçiliklə məşğul olan, ictiamai fikir yaratmaq üçün əlində tribuna kimi müxtəlif vasitələr olan, özünü xalqa xidmətdə görən bütün mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edirəm.
Qürurla deyə bilərəm ki, həyatımın son 40 ili ancaq mətbuat səhifəsində keçmişdir, həyatda qazandığım nailiyyətlərim, ədəbi yaradıcılığımda, publisist yaradıcılığımda aldığım mükafatlara görə mətbuata- sözə minnətdaram.
Bayramınız mübarək, əziz söz müəllifləri- qələm sahiblərimiz!
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
Xüsusi Təyinatlı yazıçı - YUNUS OĞUZUN DOĞUM GÜNÜNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onun öz təyinatı var- keçmişdən gələcəyə miras daşıyır..
Xoşbəxtdir- hər iki dünyanın rəhmətini qazanır...
Səsi sarı rəngdədir, bu rəng müdriklərdə olur- həsəd apardım…
Yeddi rəngdən üçü ruhunda var, biri də olsaydı dərviş adlandırardım- bunu ariflər üçün söylədim...
Hər adam üçün danışmır- onu anlayanlar anlayır, anlamayanları yorur...
Tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir...
Həmkarları keçmişdən yazıb, bu günə təqdim edirlər. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq. Onu bu günkündən çox tanıyacaqlar...
Dostluqda, yoldaşlıqda necə olduğunu bilmirəm, amma hər ağlı kəsən onu xalqın dostu kimi tanımalı, ehtiram göstərməlidir- bunu xidmətləri deyir...
Söylədikləri Quran ayəsi deyil, amma arxasıyca haqqı çəkən kəlmələrdir- onu eşitməyə dəyər...
Düşünür, düşündürməyi də bacarır- dərin adamdır…
Sıradan bir nəfər deyil- qənimət insanlardandır…
And olsun, həzrət Yunusa! Yunus peyğəmbərdən sonra yadda qalacaq üçüncü Yunus odur. Ortada Yunus İmrə də var...
İyulun 22-si Yunus Oğuzun yeni yaşı tamam oldu. Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları diləyirəm.
Rəngləri heç zaman solmasın, rəngli arzuları çin olsun!
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
Mahcamal Babayeva haqqında - QƏMİN TƏRİFİ
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Bir gün gözlərinə baxdım və itirdiyim hər itgimin təsəllisini tapdım…
Bu gün mən bir qadın şairin mənim dünyamda tutduğu yerindən danışmaq istəyirəm.
Onunla sevimlim Vaqif Səmədoğlunun ev muzeyində qarşılaşdım. Səbirli, təmkinli, ağıryana baxışlarıyla diqqətimi çəkdi. Həmyaşıdlarından çox seçilirdi. Təmkini ilə və ədəbiyyata vurğunluqu ilə o, çox fərqli idi. Sonra qoluma girib evə tərəf yollandıq. Başdan ayağa qəzəl, söz olan bu qadının elə adı da mənə xoş gəldi. Mahcamal, yəni Ay Üzlü. Bütün yolu mənə qəzəllərindən dedi. Bu yolun uzanmağını istədim, yalnız yol da bitdi, qəzəllər də.
Və illər keçdi. Şeir-şeir bu gözəl ruh şairini izlədim, öyrəndim.
Yalnız ...
Zamanla düçar olduğu dərd onun üzünə, gözlərinə çökdü. Bu gözəl ruhun bu qədər dərdə-qəmə batması məni yaman üzdü. Bu elə bir qəm idi ki, Mahcamal xanımın üzündən-gözündən axıb dünyaya dağılırdı. Bu elə bir acizlik idi ki, onun söz ilə ifadəsi yoxdur. Düşünürəm, bu haqsız dünyada Şair olmaq özü bir xoşbəxtikdir. Çünki dərdi nəxş edən Allah bu xanıma gözəl istedad da verib.
Qadın, kişi şair deyirlər. Mən heç bu lazımsız düşüncəylə razılaşa bilmirəm. Nə qadın, nə kişi var. Şair ruhdur. Yalnız Ruh halını Şeir məqamında saxlamaq insanı bu fani dünyada qoruyur. Şair Mahcamal dünyanın uçurum halını belə izah edir.
Vermə saqi, mənə hicran qədəhin, vermə daha!
Acı badəmdən acı an qədəhin vermə daha!
Eşqimi qanına qəltan elədi dövrü zaman,
Saqi rəhm et! Mənə al qan qədəhin vermə daha!
O vüsal badəsin hər kəs çox asan aldı ələ,
Qəliz olmuşluğun əlvan qədəhin vermə daha!
Salmadım meyli qızıl teştinə dünya malının,
Nə hömkdar, nə də bəy, xan qədəhin vermə
daha!
Zülm əlindən bu cahan mülkünü tərk etmədəyəm,
O gülüstanlığa heyran qədəhin vermə daha!
Min ilin karvanı əl yelləyir artıq gedirəm...
Qəm, sitəm karvana sarvan qədəhin vermə daha!
Mahcamal, dur! Güman içrə bir ümid vardır hələ...
Zaman ümmanına bir can qədəhin vermə daha!
Şair bu dövranla, bu aləmlə barışır. Bəzən ətrafda hər kəsə təsəlli verir, söz qəzəl diliylə həyatın keşməkeşliyini başa salır. Yalnız özünə gücü yetmir. Özü ilə bacarmır.
Mahcamal Babayeva Azərbaycan qadın qəzəl yazan şairlər içində sayılan fərqliliyi ilə düşüncəsinin itiliyi ilə, qəzəllərinin dilimizin, kökümüzün keşiyində duran ali qəzəlxan şairlərimizdəndir, mən deyərdim ki, birincidir. O, gözəl duyur, qəzəlləri onun canının, ruhunun məhsuludur. Ustadları təkrarlamır. Özüdür. O, qəzəllərində özünü, öz baxışlarını oxucusuna izah edir.
Mahcamal Babayeva ədəbiyyat üçün gərəkli simalardan biridir. Əlbəttə, bizim ədəbi mühitimiz o qədər də hamar və əmin yer deyil. Çünki nə bəladırsa hamı özünü yuxuya verib şair oyanmaq istəyir. Sözün atasını yandıran bəzi şairlərin xor uğultusunu susduran incə ruhlu, sanballı, gözəl şairlər də az deyil.
Ədəbiyyatı yaşatmaq istəyənlər onu yerlə yeksan etmək istəyənlərdən az deyil.
Yalnız mən ümid edirəm ki, bəzi gözəl şair ismləri içində Mahcamal Babayevanın adı həmişə olacaq. Yazını yazarkən belə onun özümə qarşı olan mehribanlığını, mərhəmətini hiss edirəm. İnsanları sevməyən gözəl şeir yaza bilməz.
Niyə bu yazının adı "Qəmin tərifidir"? Bir qəm bu qədərmi gözəl izah olunar? Allah
dünyadan vaxtsız gedən qız övladı üçün yanıb yaxılan Ana bu dünyanın bəla, qəza qədərindən aciz qalsa da, hər yerdən əlini üzdüyü an belə, ona yeganə təsəlli olan sözündən, inci kimi düzdüyü qəzəllərindən əl çəkə bilmir.
Səntirləmə ey təb, mənə biganə yanaşma.
Məstanə ol, ancaq dəli, divanə yanaşma.
İlham pərimi tut gətir ahəstə, aramla,
Əvvəlcə əlin tut, hələ dur, canə yanaşma.
Qoy gözlərinin aynası sözdən nəzər alsın,
Qoy vəslə təməl, bir daha hicranə yanaşma.
Söz mülkümü tərk eyləmə ey təb, belə olmaz!
Küskünlüyü tərk et, mənə fərzanə yanaşma.
Getdin, qəmin ümmanı o an qoynunu açdı,
Gəl, gəl dedi, ancaq dürə, mərcanə yanaşma.
Hər kimsə bu cür laf eləyib, təblə görüşmüş,
Görmüş zor olur bagə, gülüstanə yanaşma.
Ey Mahcamal, ilhamla təbin xiffətin etmə!
Gəl sən sayıq ol, nakəsə mərdanə yanaşma.
Onun dərdinin, qəminin tərifi şeirləridir.
Övladları, dostları başına fırlansa da gecələrin, səhərlərin eyniliyi onu darıxdırır. Hərdən bu gözəl anaya məktub yazmaq istəyirəm. Bilmirəm həzin qəmli səsinə necə təsəlli olum. Hərdən evdə olarkən, ya yol gedərkən səsi və üzündə olan qəmin şəkli, həzin siması gözümünün önünə gəlir.
Son zamanlar bir hadisə məni sevindirdi. Uzun zaman öz hücrəsinə çəkilib qəminin dəmində qovrulan gözəl Mahcamal Babayevanın son illər yazdığı qəzəllərini bir yerə toplayıb, kitabını nəşr ediblər. Buna sevinməyəsən, nə edəsən.
Uzun müddət təqdimatlara gedə bilməsəm də, bu tədbirdə az da olsa işirak etdim. Gözəl şairimiz İlqar Fəhminin açdığı bu tədbirdə kimlər yox idi. Elm adamları, şairlər, qirayətçilər, onun söz dünyasına valeh olan hər kəs.
Kitab "Hələ də gec deyil" adlanır.
Bu sözü çoxşaxəli yozmaq olar. Yalnız butun bu yozumların sonu yaxşılığa, işığa və nura yol açır.
O yol ki, Mahcamal adlı bir Günəş öz işığından azalda bilmir.
Az zaman olar ki, aktyor Tural Əhmədin ifasında onun bir qəzəlini dinlədim.
O gedən gündən edir zülmünü zindan gecələr,
Daha yanmır çırağım, olmayır əlvan gecələr.
Nə yuxum var ki, görüm hüsnünü röyada onun,
Nə gücüm var ki, üzüm dalğalı ümman gecələr.
Mənə candan da əziz sevgili cananım odur,
O vüsal badəsinə süzsə də hicran gecələr.
Sübhə tək fikri-xəyal zülfə tumarın çəkir hey,
O siyah tellər olur büsbütün üryan gecələr.
Kipriyin çalsa da dan, daima ahəstə yatan,
Eləyibdir bu könül mülkümü viran gecələr.
Yox hüdud səbrimə, ümmidlə güman oldu dayaq,
O dayaqlar yox olur tənha, nigaran gecələr.
Mahcamal, tut qələmin incə belindən belə ki,
Tökə göz yaşlarını, eyləyə neysan gecələr.
Bu gözəl ifanı dinlərkən dərdin büküm -büküm etdiyi yuxusuz gecələri xatırladım. İnsan dərd ilə sevincdən ibarət varlıqdır.
Sadəcə bunu dərk edib anlamaq, bu dünyayla barışmaq gərəkdir.
Bəli bu da bir məktubdur.
Mən bu gün də bir az bu mələksima, ürəyi ümman qadınla dərdləşdim. Ona yazılacaq məktublarım bitməyəcək, bunu bütün ruhumla duyuram.
Bu dünyanın gərdişi ilə barışıb şeir aləminə gözəllik qatmaqda davam etsin hələ..
Ey can, hünər et, gəl məni dövranla barışdır.
Çönmüş fələyi bir təbi ümmanla barışdır.
Tutmur neçə müddətdi əlimdən, gözü dönmüş,
Gəl, güclə deyil, bir ədəb-ərkanla barışdır.
Gəl söylə əzəldən bu könül mülkü talanmış,
Ömründə əsən yelləri səhmanla, barışdır.
Bir taleyi kəm, küskün özündən bəşərəm mən,
Gəl, yaxşılıq et, insanı insanla barışdır.
Gəl Mahcamalın bəxtini röyadan oyandır,
Dünyanı əsilzadə qəzəlxanla barışdır.
Çünki o barışarsa məni də mənim kimi ürəyi itgilərdən param-parça olanları da barışdırar.
Dünyanın kədərinin qəminin sonu görünmür.
Mələklər isə qəmin içində parıldayan işıq selidir.
Mahcamal Babayeva Şeyriyyat dünyasının işıq selidir. Onun qədrini bilin, söz adamları.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)