Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki: “Atamı itirəndə cəmi 6 yaşım var idi. Tərbiyə olunmağımda, formalaşmağımda əsas yük özümdən böyük bacı-qardaşlarımın üzərinə düşüb. İstər məktəbdə oxuyarkən, istərsə də indi – həmişə intizama və dəqiqliyə xüsusi fikir vermişəm. İntizamsız, qeyri-dəqiq adamın həyatda hansısa uğur qazana biləcəyinə inanmıram. 

İndi orta məktəbdə oxuyarkən yazdığım gündəliklərə baxıram: orda günün hansı hissəsində futbol oynayacağım, nə vaxt qəzet-kitab oxuyacağım, nə vaxt televizora baxacağım, nə vaxt meşəyə ¬- odun-ocaq dalınca gedəcəyim dəqiqəsinəcən yazılıb.

Orta məktəb yoldaşlarım arasında da savadlı oğlanlar və qızlar var idi. Təəssüf ki, cənub zonası üçün xarakterik olan qızların erkən ailə qurması gerçəkliyi və 1993-cü ilin təbəddülatları bir çoxunun potensialının açılmasına imkan vermədi. Əvəzində BDU-nun “jurfak”ında çox güclü, bu gün də yaşlı müəllimlərin hörmətlə xatırladığı 1034-cü qrupa düşdüm. Gizlətmirəm, kənddən Bakıya inamlı və iddialı gəlmişdim, az-çox nələrisə bildiyimi anlayırdım, amma həm də çox güclü qrup yoldaşlarımın əhatəsinə düşəndə daha çox oxumalı, inkişaf etməli olduğumu dərk etdim. Əslində həmin dövrün “Jurfak” mühitində inkişaf etməmək də mümkün deyildi. Müəllimlərin adlarına baxın, özünüz qiymət verin: mərhum Famil Mehdi, Şirməmməd Hüseynov, Tofiq və Akif Rüstəmovlar, Cahangir və Zeynal Məmmədlilər, Əliş Nəbili, Nüşabə Sadıqova, Sabir Xəlilov, Kərim Şükürov, Mahir İsrafilov, Əli Hacıyev , Nəsir Əhmədli və başqaları...”

 

Haqqında söhbət açdığım Mahir Əmirzadə  oğlu  Rüstəmov - 1976-cı ildə Yardımlı rayonunun Gölyeri kəndində anadan olub. 1993-cü ildə Şıxlar kənd orta məktəbini bitirib. Elə həmin il Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1997-ci ildə bakalavr, 1999-cu ildə isə magistr dərəcəsini bitirib. Müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda YooTube platformasında veriliş aparır...

 

Oktyabrın 22-si Mahir Rüstəmovunnövbəti ad günü idi. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırlq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Zənnimcə, Rəhman Orxanı xüsusi təqdim etməyə ehtuyac yoxdur. Sumqayıtlılar, qələm sahibləri, xüsusən mətbuat nümayəndələri onu yaxşı tanıyırlar.

Rəhman Orxan mənim də yaxşı tanıdığım insanlardan idi. 

 

Bizimlə qonşu kənddə anadan olmuşdu. Onunla tez-tez əlaqə saxlayar və mətbuat üçün hazırladığım yazılarımla əlaqədar məsləhətlər alardım. Çapa hazırlanan kitablarım haqqında ilk rəyləri də Rəhman müəllimdən dinləmişəm.  Ondan həmişə səmimi münasibət, diqqət və qayğı görmüşəm.    

O, sadə, təvazökar və səmimi, xalqını ürəkdən, bütün varlığı ilə sevən, vətənpərvər insan idi.

Rəhman Orxan (Rəhman Abdurəhman oğlu Məmmədzadə) 1950-ci il iyulun 24-də Nuxa (indiki Şəki) rayonunun Qayabaşı kəndində fəhlə ailəsində anadan olub. 1967-ci ildə Qayabaşı kənd orta məktəbini, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982–1983-cü illərdə keçmiş Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnmişdi.

 Əmək fəaliyyətinə 1967-ci ildə akademik Yusif Məmmədəliyev adına Azərbaycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında laborant vəzifəsində başlayıb, sonralar 10 il Azərbaycan Boru-Prokat zavodunda mühəndis-konstruktor işləmişdir. 1979-cu ilin dekabrından həmin müəssisənin çoxtirajlı “Metallurq” qəzetində çalışmış, 1981-ci ilin yanvarından isə “Vışka” qəzetinə müxbir vəzifəsinə işə dəvət edilmiş, qəzetin Sumqayıt-Quba zonası, sonralar isə Naxçıvan MR və Dağlıq Qarabağ üzrə xüsusi müxbiri kimi çalışmışdır. 

1992-ci ilin noyabrından 2001- ci ilədək erməni təcavüzkarlığına qarşı ideoloji mübarizə məqsədilə yaratdığı, rusca nəşr olunaraq MDB ölkələrində, həmçinin xaricdə yayılan ictimai-siyasi "Bakinets" qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. Rəhman Orxan bu qəzeti xalqımızın vətənpərvər oğlu, Sumqayıtın “Məişət kimyası” zavodunun direktoru olmuş mərhum Ucal Qasımzadə ilə birgə təsis etmişdi. Qəzetin ilk və etibarlı, vətənpərvər sponsoru da məhz o olub. "Bakinets"in elmi məsləhətçisi görkəmli akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov idi. İki məşhur həmyerlimiz – SSRİ-nin Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimov və SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov “Bakinets”in redkollegiyasının fəxri üzvləri idilər. “Bakinets” yalnız Azərbaycanda deyil, ABŞ-da, Rusiyada, Kanadada, Ukraynada, Belorusiyada, Moldovada, Baltikyanı ölkələrdə, Gürcüstanada, hətta Bolqarıstanda, İsraildə və Monqolustanda da yayılırdı. Qəzetin yayımına təmənnasız olaraq “Azərbaycan Hava Yolları” böyük köməklik göstərirdi.

2001-ci ilin iyulundan 2013-cü ilin avqustunadək “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri, 2013-cü ilin sentyabrından 2016-cı ilin yanvarınadək isə Sumqayıt Bələdiyyəsinin mətbuat katibivəzifələrində, ümumiyyətlə isə 36 il respublika mətbuatında böyük uğurla çalışmışdır.

O, 1985-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb. Ölkə rəhbərinin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə ona Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adı verilib.

Bir-neçə kitabın müəllifi və redaktorudur.

R.Orxan Qarabağ münaqişəsi başlanan ilk günlərdən özünün əsas diqqətini bu mövzuya yönəltmişdi. Dəfələrlə döyüş zonalarında, cəbhə bölgələrində — Şuşa, Xankəndi, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Beyləqan, Tərtər, Zəngilan və Nüvədidə olub, vətənpərvərlik mövzusunda, düşmənə qarşı mübarizəyə səsləyən yazıları ilə ardıcıl olaraq mətbuatda çıxış etmişdi. O, ermənilərin qisasçılığa hazırlaşdıqları Sumqayıt hadisələrindən cəmi iki ay sonra "Vışka" qəzetinin sumqayıtlı müxbiri kimi Stepanakertə (Xankəndinə) getmişdi. Əməkdar incəsənət xadimi, R.Orxanın dostu, onun Xankəndinə getməyinə yardımcı olmuş Ağalar İdrisoğlu “Öz yubileyinə sevinə bilməyən insan Rəhman Orxan” adlı essesində yazırdı: ”Əhvalım çox pis idi - özüm öz əlimlə onu ölümə göndərmişdim. Çünki erməni daşnakları satqın, xəyanətkar, murdar Mixail Qorbaçova arxayın olduqlarından hər cür azğınlıq edir, hətta Ermənistandakı həmvətənlərimizə divan tutur, onlara qarşı amansız, dəhşətli cinayətlər törədir, azərbaycanlıları vəhşicəsinə qətlə yetirirdilər. Düşündüm ki, özləri bilərəkdən törətdikləri, baiskar olduqları Sumqayıt hadisələrinin də "qisasını" yəqin Rəhman Orxandan alacaqlar... Nəhayət, iki gündən sonra axşamçağı bütün bu ağır düşüncələr içərisində daxilən özümlə çək-çevir etməkdə ikən birdən nəzarətçi zəng vurdu ki, jurnalist Rəhman Orxan qayıdıb, sizi görmək istəyir. Qoruq-qadağa bilməyən, "ipə-sapa yatmağa" vərdiş etməmiş dostumun "qurdlar, canavarlar vadisindən" sağ-salamat qayıdıb gəlməsinə çox sevindim.Bir-neçə gündən sonra “Vışka” qəzetində və digər qəzetlərdə Rəhman Orxanın Qarabağ səfəri ilə bağlı yazıları çap olunmağa başladı. Həmin yazılar ermənilərə, sovet imperiyasına qarşı böyük üsyan idi...”. 

R.Orxan Sumqayıta bağlı insan idi. Bu şəhəri çox sevirdi. Burda onun çoxlu dostları vardı. O, Sumqayıt Dostlar Klubunun ən fəal üzvlərindən idi.

Yadıma gəlir. Söhbətlərimizin birində ondan nə üçün Bakıya köçmədini soruşmuşdum. Mənə zarfatla cavab vermişdi ki, Sumqayıtın yaddaşında mənim gəncliyim, mənim yaddaşımda onun tarixi  daşlaşıb qalıb. Biz ayrılmaz dostlarıq, bir-birimizə xəyanət etmərik.

O, Sumqayıtda gedən sosial-iqtisadi, mədəni quruculuq işlərinin fəal iştirakçılarından idi. Şəhərin uğurlarını mətbuat səhifələrində fəxrlə işiqlandırırdı. Rəhman müəllim şəhərin mədəni həyatında xüsusi fəallığı ilə seçilmişdir. Yenə Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlundan bir iqtibas vermək istəyirəm. O, yuxarıda adı çəkilən essedə yazır: “1989-cu ilin dekabrında mən Ağdamdan qayıdaraq, yenidən Sumqayıt Dövlər Dram Teatrına rəhbərlik eləməyə başladım. Həmin vaxt Sumqayıt Teatrının bağlanmaq təhlükəsi yaranmışdı. Həmin günlərdə Rəhman Orxan bir dost və əsl sumqayıtlı kimi mənim yanımda oldu. Bizim Sumqayıt Teatrını dirçəltmək üçün gördüyümüz işləri tez-tez mətbuatda işıqlandırmağa və bizimlə birlikdə zavodlarda, fabriklərdə keçirilən görüşlərdə iştirak etməyə başladı, teatr və tamaşaçı ilə bağlı mətbuatda maraqlı yazılarla çıxış etdi. Axı, o, Teatrın bütün aktyorları ilə hələ 1968-ci ildən - Teatrın yarandığı vaxtdan dostluq edirdi və onlarla eyni yataqxanada yaşamışdı, bir yerdə çörək kəsmişdi. Elə həmin vaxtdan da Teatrın bütün tamaşalarını izləyirdi. Həmin vaxtlar onu hətta “Teatrın bir nömrəli tamaşaçısı” adlandırırdıq”.

O.Rəhman həmçinin "Heydər Əliyev və Azərbaycan kimyası" kitabının tərtibçisi və redaktoru olmuş, "Bakinets" qəzetinin eyni adlı - "Heydər Əliyev və Azərbaycan kimyası" adlı xüsusi buraxılışını hazırlayaraq, nəşr etdirmişdir.  Bu kitabda və xüsusi buraxılışda  respublikada, o cümlədən Sumqayıtda  kimya sənayesinin yaradılmasında və inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs olunur.

 

Bunlardan başqa Rəhman Orxan son illərdə dövlət rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində sürətlə yeniləşərək, gündən-günə daha da abadlaşan, dünyanın maraq doğuran, əsrarəngiz bir şəhərinə çevrilənSumqayıta həsr etdiyi "Dənizə doğru addımlayan şəhər - Sum qayıtdı!" kitabının da müəllifidir. 

Bir yazar kimi R.Orxan dilimizin fəal təəssübkeşi idi. O, ana dilini mənəviyyatımızın tərkib hissəsi hesab edirdi. Ona görə mətbuat səhifələrində və sosial şəbəkələrdə dilimizin normalarının pozulmasına və zibillənməsinə qarşı amansız idi. Belələrini kəskin tənqid edirdi. Məsələn, o, paylaşmalarının birində yazırdı: ”Öz dilini unudub, "onun-bunun" bulaşıq ağız-burnunu yalayaraq, "aynən" deyənlər ola bilsin ki, elə bu tərzdə "ayıynan" ("ayı ilə") da desinlər. Ancaq onlar gücənərək də olsa, yadlarına salsınlar ki, doğma Ana dilimizdə "eynən" (eyni ilə) sözü var...Başqalarını yamsılamaq lazım deyil. Dil "yal"-taqlığını tərgidin! Ayıbdır! Ana dilimizdən, xalqımızdan ayıbdır!”

Rəhman Orxan həmişə ulu öndərimiz Heydər Əliyevin adını uca tutub, daim böyük ehtiram bəsləyib. O, sözdə yox, əməldə Heydər Əliyevçi idi.Onun üçün H.Əliyev əvəzedilməz lider idi. R.Orxan "Vışka" və "Bakinets" qəzetlərində Ulu Öndərin dühasının, siyasi qüdrətinin, müdrikliyinin təbliğatçısı olub. Bunu onun yazılarından da aydın görmək mümkündür. Məsələn, “Bakinets” qəzetinin 30 iyun 1993-cü il tarixli sayında “O qayıtdı!!” (“Oн вернулся!!.”) başlıqlı yazı da dediklərimizi sübut edir.

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Əli Nəcəfxanlı “Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev jurnalist Rəhman Orxanı görüşünə niyə çağırtdırmışdı?” başlıqlı yazısında qeyd edirdi: “Azərbaycanın görkəmli kino-rejissoru, “Lider” telekanalının Azərbaycan üzrə rəhbəri, Ulu öndərlə bağlı ilk və maraqlı sənədli filmlərin müəllifi Davud İmanov bir dəfə bizimlə söhbətində bildirmişdi ki, iyunun 30-da o, səhər tezdən Heydər Əliyevlə görüşməli idi. Adəti üzrə yolüstü qəzet köşkünə baş çəkərkən Heydər Əliyevin o vaxt üçün çox nadir, həm də iri olan portretinin verildiyi qəzetin məhz sumqayıtlı dostu Rəhman Orxanın qəzeti – “Bakinets” olduğunu görüb, ondan dərhal iki nüsxə alıb, respublika rəhbərinin görüşünə getmişdi. 

Onun dediyinə görə, Heydər Əliyev qəzetin ilk səhifəsində “Oн вернулся!!.” başlıqlı yazıda “Оn должен был вернуться! Оn, именно Оnнужен был в этот самый трудный, наитяжелейшийпериод нашего народа. Именно Оn, обладающий богатым опытом большого политика и лидера, может вывести народ из трудного военного и эконoмического положения, в котором он оказался…” sözlərindən sonra məqalə və şəklin altında iri hərflərlə bütün səhifə enində yazılmış “İgid odur – hər əzaba qatlana, igid odur – atdan düşə, atlana!..” atalar misalını oxuduqda xalqın onu bu cür sevib, yüksək dəyərləndirməsindən, həmin ağır günlərdə yalnız ona güvənməsindən təsirlənib-kövrələrək, gözləri dolmuşdu (bunu Davud müəllim demişdi). Həmin an da köməkçisinin “düyməsini” basaraq, təcili olaraq “Bakinets” qəzetinin redaktorunu yanına dəvət etməyi tapşırmışdı…” 

Əli müəllim davam edərək yazırdı: “…Vışka”nın məsələdən xəbərdar olan o vaxtkı məsul katibi Tofiq Ağayev kabinetindən çıxaraq səmimi, inandırıcı səslə dedi ki, Rəhman, tez “Bakı” qəzetinə, Ağa müəllimə zəng elə, səni axtarırlar.

Gənc redaktor istər-istəməz narahat olmağa başladı ki, “bəlkə, qəzetdə hansısa vurğu, aksent düzgün verilməyib, siyasi naşılıq olub?”. Odur ki, cəld “Bakı”-“Baku” qəzetlərinin baş redaktoru, nəşriyyatda hamının böyük hörmət bəslədiyi Ağa Ağayevə zəng etdi. Ağa müəllim telefonda həyəcanlı halda soruşdu: “Rəhman, sən qəzetində Heydər Əliyevlə bağlı nəsə vermisən? Mənə Milli Məclisdən zəng eləyiblər, elə biliblər ki, biz “Bakı” qəzetində onunla bağlı  məqalə və şəklini vermişik. Ancaq dərhal başa düşdüm ki, bu, olsa-olsa, sənin işin ola bilər. Yəqin qəzetlərin adını – “Bakı” və “Bakinets”i səhv salıblar”.

Və, Ağa müəllim gənc həmkarını çox intizarda saxlamayaraq demişdi: “Heydər Əliyev səni görmək istəyir. Tez qəzetdən 70-80 nüsxə də götürüb, düş aşağı, mənim maşınımla təcili gedirik Milli Məclisə”.

“Bakinets”in redaktoru qəzetləri də götürüb, nəşriyyatın qarşısına çıxana kimi hər işində çox məsuliyyətli, dəqiq və operativ olan Ağa müəllim artıq 7-ci mərtəbədən düşərək, öz xidməti redaksiya maşınının yanında idi. Maşına oturar-oturmaz gənc həmkarından tələm-tələsik qəzetlərdən birini götürüb, 30 illik peşəkar nəzər-diqqəti ilə onu böyük maraqla nəzərdən keçirərək, “əladır, Rəhman, çox gözəl!” demişdi.

Milli Məclisə çatıb, içəri daxil olanda “Nyu-York Tayms” və “Vaşinqton Post” qəzetlərinin Azərbaycan üzrə xüsusi müxbiri Tomas Qoltsla rastlaşırlar və Rəhman Orxan onu ölkəmizə rəğbəti olan bir jurnalist kimi tanıdığından, məmnuniyyətlə qəzetin bir nüsxəsini ona bağışlayır. (Səhərisi günü  – iyulun 1-də Tomas hər iki Amerika qəzetində “Bakinets” qəzeti…Heydər Əliyevin hakimiyyətə gəlişini sevinclə, alqışlarla qarşıladı” sözləri ilə müşayiət etdiyi məqalə vermişdi).

O vaxtlar Milli Məclisin Mətbuat xidmətinin rəhbəri olan tanınmış yazıçı-dramaturq, Azərbaycanın Əməkdar jurnalisti, mərhum  Aqşin Babayev də, sən demə, “Bakinets”in yeni nömrəsini intizarla gözləyirmiş: “Rəhman, görüm sən qəzetdə nə vermisən ki,  Heydər müəllim səhərdən bir-neçə dəfə səni soruşub?”. Və qəzeti əlinə alıb baxmağı ilə fərəhlə, gülə-gülə demişdi ki, “Baho, sən lap qiyamət eləmisən ki, çox pakizə! Kişi buna görə səni görmək istəyir də… Oturun burda, indi gəlirəm” deyib, qəzetləri də götürüb, xoş bir ovqatla Milli Məclis sədrinin (o vaxt H.Əliyev hələlik Milli Məclisin sədri idi) köməkçisi Fazil Muradəliyevin yanına tələsdi…

Həmin əlamətdar gündən sonra Ulu öndər Heydər Əliyevin tapşırığı ilə “Bakinets” qəzetinin redaktoru bütün mühüm respublika tədbirlərinə dəvət olunurdu. Onlardan ən çox yadda qalanı isə, əlbəttə ki, 20 sentyabr 1994-cü ildə “Gülüstan” sarayında “Əsrin kontraktı”nın – Beynəlxalq neft sazişinin imzalanması mərasimi idi”. (Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev jurnalist Rəhman Orxanı görüşünə niyə çağırtdırmışdı?)

Rəhman Orxan 02 fevral 2024-cü ildə vəfat etdi, öz ölümü ilə dost sıralarımızı seyrətdi. 

Lakin mən əminəm ki, o bütün sumqayıtlıların, bütün mətbuat işçilərinin və sevimli oxucularının, dostlarının xatirəsinə yaşamaqda davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

Wednesday, 23 October 2024 15:12

Mil-Muğanda kino günləri

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının həyata keçirdiyi “Film günləri” layihəsi çərçivəsində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə daxil olan İmişli, Beyləqan, Saatlı, Sabirabad rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində 21-24 oktyabr tarixlərində yerli filmlərin nümayişi həyata keçirir. 

 

"Muğanda Kino Günləri"nin növbəti nümayişi 22 oktyabr 2024-cü il tarixində Beyləqan rayon Heydər Əliyev Mərkəzində baş tutub.

Qeyd edək ki, tamaşaçıların ilk dəfə seyr etdiyi filmlərin əksəriyyəti Qarabağ müharibəsi mövzusundan bəhs edir.

Filmlərin nümayişində məqsəd son illərdə dövlət sifarişi ilə və müstəqil istehsal olunan Azərbaycan filmlərini yerli tamaşaçılara çatdırmaqdır.

Nümayişin rəsmi hissəsində çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının müavini Yeganə Məmmədova belə layihələrin regionlarda təşkilinin insanların yerli filmlərə olan marağının artırılmasında mühüm addım olduğunu vurğulayıb.

Nümayişdə aşağıdakı filmlər təqdim olunub:

“Suğra və oğulları” – tammetrajlı bədii film, rejissor İlqar Nəcəf;

“Mən burdayam, ilahi” - tammetrajlı bədii film, rejissor Qulu Əsgərov;

“Qırmızı” - qısametrajlı bədii film, rejissor Tahir Tahiroviç.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

Hazırda təqdimatda Bakı şəhəri 53 nömrəli tam orta məktəbdir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

Tünzalə Zeynalova 1991-ci ilin sentyabr ayından Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 1995-ci ildən həmin məktəbdə ibtidai siniflər üzrə direktor müavini, 1998-ci ildən təşkilatçı, 2003-cü ildən 2015-ci ilə qədər isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Bir neçə beynəlxalq təlimlərin iştirakçısı olub. 2003-cü ildə "Təhsildə keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji mühazirələr"in respublika mərhələsində I yerə layiq görülüb. 2015-ci ildə YUNİSEF və Xəzər Universitetinin birgə təşkil etdiyi "Potensial məktəb direktorları" təlim kursunu uğurla bitirərək Bakı şəhəri 283 nömrəli tam orta məktəbə direktor təyin olunub. 2018-2019 ,2019-2020 və 2022/2023 cü tədris ilidə təhsil müəssəsinin idarə olunmasında yüksək fəaliyyətinə və idarəçilik səriştəsinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla təltif edilİib. Təhsil nazirinin 04 oktyabr 2019 cu il tarixli, K-1516 nömrəli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb. ATİAHİ-nin 100 illik yubileyi münasibətilə 01 mart 2021 ci il tarixli, 28 nömrəli qərarı ilə Həmkarlar ittifaqındakı fəaliyyətinə görə "Yubiley döş nişanı" ilə təltif edilib. 2022 və 2023-cü illərdə rayonun ictimai həyatında fəal iştirak etdiyinə, təhsilin inkişafında göstərdiyi yüksək nəticələrə görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2022 və 2023 cü ildə Fəxri Fərmanla təltif edilib. 2022-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə "Təhsilin inkişafında incəsənətin rolunun artırılması" mövzusunda, 2023-cü ildə VII qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə "Qrafik dünya, Təhsildə dizayn bacarıqlarının artırılması" mövzusunda qalib olub. 2000 - ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2017-2021 ci illərdə YAP Binəqədi rayon Təşkilatının sədr müavini vəzifəsində çalışıb. 2020-ci ilin 15 iyul tarixindən hal hazıra kimi Bakı şəhəri 53 N li tam orta məktəbin direktorudur.

 

ŞAGİRD:

Mən, Hüseyn Əlizadə Nizaməddin oğlu, Bakı şəhəri 53 nömrəli tam orta məktəbin 11-ci sinfində (Azərbaycan bölməsi) təhsil alıram. Üçüncü sinifdə oxuyarkən Tofiq Quliyev adına musiqi məktəbində fortepiano ixtisası üzrə 7 illik təhsil almışam və hazırda pianistəm. Məktəbimizin tədbirlərində bu bacarığımdan istifadə edirəm. Azərbaycanın qədim miniatür sənəti ilə yaxından maraqlanıram və bu sənətlə də məşğul oluram. Ötən tədris ilində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Ulu  Öndər Heydər Əliyevin anadan olmasının  101 ci ildönümünə həsr olunmuş referat yazı müsabiqəsində qalib olmuşam. Yaxın günlərdə referatım həmin kitabda yer alacaq. Bakı Şəhər Təhsil İdarəsinin həyata keçirdiyi  "Düşünən şagird" müsabiqəsində  uğurlu iştirakıma görə təşəkkürnaməyə layiq görülmüşəm.

 

ESSE

“Davamlı gələcək və ekologiya”

 

Ekologiya haqqında düşünəndə ilk olaraq ağlıma gözəl meşələr, mavi göllər və parlaq Günəş gəlir. Uşaqlar kimi mən də təbiəti çox sevirəm. Hər dəfə parkda gəzişəndə çiçəkləri, quşları və böcəkləri görmək məni sevindirir. Ən gözəl əsərlərim də təbiətdən ilhamlanaraq çəkdiyim şəkillərdir. Amma bəzən təbiətin üzərindəki çirkli buludlar və natəmizlik məni düşündürür.

Məncə, ekologiya - bizim planetimizi necə qorumaq və ona necə qayğı göstərməkdir. Bizim kimi uşaqların gələcəkdə daha təmiz, daha gözəl bir dünya görmələri üçün bu məsələ çox önəmlidir. Mən və dostlarım, ətrafımızdakı gözəllikləri qorumaq üçün bəzi kiçik addımlar atmağa çalışırıq. Məsələn, parka gedəndə zibilləri yerə atmaq əvəzinə, onları zibil qutusuna atırıq. Hətta başqalarına da bunu tövsiyyə edirik. Bu bizə yalnız əyləncəli deyil, eyni zamanda doğru bir şey etmək hissini verir.

Ekologiya bizə təbiətin bir parçası olduğumuzu öyrədir. Bütün canlılar bir-birinə bağlıdır. Məsələn, ağaclar havanı təmizləyir, çiçəklər böcəkləri cəlb edir, quşlar isə toxumları daşıyır. Biz insanlar isə bütün bunları pozduğumuzda, təbiət öz gözəlliyini itirir. Məncə, hər birimiz təbiəti qorumaq üçün məsuliyyət daşıyırıq.

Azərbaycanın təbii sərvətlərinin qorunması, ekoloji problemlərin həlli Ümumilli liderin siyasətinin mərkəzində dururdu. O gələcək nəsillərin, bizlərin daha təmiz ətraf mühitdə yaşamasını təmin etmək üçün səylə çalışmışdır. Məhz onun təşəbbüsü ilə yaradılan müxtəlif ekoloji layihələr, su ehtiyatlarının qorunması və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər Azərbaycanın ekoloji siyasətinin əsasını qoydu. Sağlam ətraf mühitdə yaşamaq hər birimizin haqqı olduğu kimi onu qorumaq da bizim borcumuzdur.

Nəticə olaraq ekologiyanın qorunması təkcə təbiətin deyil, həm də gələcək nəsillərin sağlamlığı və rifahı üçün əhəmiyyətlidir. Ətraf mühitin təmiz və sağlam saxlanılması üçün hər kəs öz üzərinə düşən vəzifələri yerinə yetirməli, resurslardan səmərəli istifadə etməli və ekoloji balansı qorumaq üçün çalışmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

Bu Vətən müharibəsinin növbəti ildönümü günlərində “Ədəbiyyat və incəsənət” portalı sizlərə Ay Bəniz Əliyarın “Xarıbülbül” pyesini təqdim edir.

 

XARIBÜLBÜL
 
(üç pərdəli pyes)

Vətən müharibəsinə həsr olunur.
                                          ixtisarla

 

İştirak edənlər: Baba- kənd adamı, ağsaqqal
nəvə- 15-16 yaşlı oğlan uşağı
hərbi geyimli bir zabit
Hikmət - əsgər, nişanlı oğlan
Yasəmən – Hikmətin nişanlısı
Xatun- Yasəmənin rəfiqəsi
Nənə, bir neçə qadın, gənclər.                       

         

I Pərdə

        

Axşamüstü. Hava xoşdur. Gül gülü çağırır, bülbül bülbülü. Baba bağda odun doğramaq havasında. İndi dincini almaq üçün bir kötüyün üstünə oturub. Bu dəm 15-16 yaşlı nəvəsi qaça-qaça gəlir:

– Baba, baba, televizorda eşitdim,
“Səfərbərlik elan oldu”, dedilər.
Xəbərlərə sonacan diqqət etdim,
“Müharibə” deməkdimi bu xəbər?

 

Baba döyüküb baxır. Oğlan isə babasından cavabını gözləmədən sevincək davam edir:

– Televizorda, qulağımla eşitdim,

Səfərbərlik elan etdi Prezident.

Müharibə başlayacaq, can, ay can,
Biz bu dəfə gedəcəyik sonacan.

 

Baba qulaqlarına inanmırmış kimi:

– Müharibə? Doğrudanmı, ay bala?
Lap eşitdin? Birdən yalan duyarsan?

Nəvə:

– Heç elə şey olar axı, ay baba?
Çağırışa gedir artıq hər insan!

Baba əllərini göyə açıb haray çəkir:

– Yalandırsa, doğru olsun, İlahi!

Sonra üzünü yenə nəvəsinə tutaraq:

– Belə xəbər deyilərmi qəfildən?
Can, ay bala, gəl gözləyək sabahı,
Atan, yəqin, zəng eləyər cəbhədən.
Düşmən çoxdan acıq verir bizlərə,

Yallı getdi, yeyib-içdi Şuşada.
Əvvəl-axır öləcəyik bir kərə,
Heç olmasa yurd yerlərin yaşadaq.

Nəvə:

Həə, ay baba, atam, yəqin, zəng edər,
Deyər, mənə yaxşı-yaxşı qulaq as.
Düşmənləri eyləmişik dərbədər,
Qiyamətə qalmadı heç bu qisas.

Baba:
– “Çör-çöp köz saxlamaz, yağı dost olmaz”,

Bunu yaddaşında bir yerlərə yaz.

Düşmənin dizinin üstədir çörək,

Ona qapımızı açmazdıq gərək.

Ordumuz sınaqdan çıxsın üzüağ,

Coşsun qələbəylə üçrəngli bayraq.

Başlasın xalqımın savaş səfəri,

Mən də ölməmişdən görüm zəfəri.


Baba oturduğu yerdən qalxmağa çalışır, nəvəsi də ona yardım edir.
Baba nəvəsinə yorğun-arğın səslə, həm də bərk-bərk tapşırırmış kimi:

– Doğru, doğru, bir dikəldim belimi,
Çıxım kəndə, görüm nələr var daha.
Can, ay bala, farağat tut dilini,
Nə anana, nə nənənə demə haa!

Babanın yenə ürəyi dözmür:

– Gir içəri, televizorun al səsin,
Bir gözləyək atan da zəng eləsin.

Səhnə dəyişir. Kənd içidir. Uşaqlar bir-birinə qoşularaq, əllərində xırda bayraqlar, əslində, müharibənin nə olduğunu  anlamadan, bilmədən sevinclə çığırışırlar:

– Müharibə başladı! Müharibə başladı!

– Qarabağ bizimdir! Bizim olacaq!

Yavaş-yavaş tufan yaxınlaşırmış kimi uğultu qopmağa başlayır.
Uğultunun içindən zəng səsi glir. Cəbhədəndir. Eşidən olmur. Zəng kəsilir. Televizordan Ali Baş Komandanın səsi yüksəlir:

– Qarabağ Azərbaycandır! Və NİDA!

 

 ***

 Yeni səhnə.

 

 Bulaq başıdır. Beş-üç qadın xısın-xısın söhbət edir,
 Yasəmənlə Xatun da kənarda öz aralarında danışır.

Yasəmən

Müharibə gedir artıq cəbhədə,
Eşidərsən, doğrudurmu, ay Xatun?

Xatun

 Həə, deyirlər, yetişibdi o vədə,
Alınmalı qisası var Poladın.

Yasəmən

Həə, General Həşimovdu o Polad,
Biri də vardı, polkovnikdi, deyəsən?

Xatun

Qoy həkk olsun yaddaşlara həmin ad,
Sən polkovnik Mirzəyevi deyirsən,

Elə oğul az-az doğur analar,

Yasəmən

 Nə yaxşı ki, Mübarizlər hələ var!
Yerdə qalmaz Şəhidlərin al qanı!

Xatun

Ay qız, axı cəbhədədir nişanlın?

Yasəmən

Həə, nə olsun, az qalıbdır o günə,
Qələbəni müjdə verəcək mənə.

Bunu deyən qızın xəyalı bir anlıq əsgər nişanlısının yanına gedir. Son görüşlərini xatırlayır. Uzaqdan sevgilisinin səsi gəlir:

– Yasəmənim, gül ətirli mələyim,
Bilirəm ki, çin olacaq diləyim.
Vətən bizi öz qoynunda bəsləyib,
naz-nemətlə çatdırıbdı bu yaşa.
İndi isə dar günündə səsləyir,
biz getməsək, kim gedəcək savaşa?
Alacağıq torpaqları yağıdan...
(bir anlıq nəfəsini dərib sevincək)
Deyirlər ki,
silahını yerə atıb qorxudan,
Düşmən qaçır, bir görəsən,
Yasəmən!

Yasəmən boynubükük baxır,
sanki indidən ayrılıq ona güc gəlir,
kövrək səslə:

Hikmət... axı... darıxacam,
darıxacam, vallah, mən... – deyib ağlamsınır,
 göz yaşlarını gizləməyə çalışır.
Hikmət
Darıxma sən...
 Ey ətirli çiçəyim,
Bilirsən ki, yanındadır ürəyim.
(şövqlə)Səndən də ki heç nigaran deyiləm.
Tez bitəcək bu həsrət də,
 etmə qəm...
Bu gün üçün doğulubdu oğullar,
İndi məndə yüz aslanın gücü var,
Sevgin ilə atılacam döyüşə,
Gözlə məni, gözlə... gələn görüşə...

Hüznlu sükut çökür. Əsgərin xəyalı uzaqlaşır...

 

           II pərdə

 Uzaqdan Qarabağ şikəstəsi səslənir... Müharibə ab-havası duyulur.

 Otaqda bir zabit, bir də Hikmət. Zabit var-gəl edərək söyləyir:

– Bu da sonuncu şans, bu da öhdəlik,
Dalana dirənib düşmənin başı.
Aşkar edilibdi girdiyi dəlik,
Qalib gələcəkdir haqqın savaşı.
Bu haqda, de görüm, sən nə deyirsən?
Hikmət

Tez düşər özgənin atına minən!
Zabit:

Zəfər müjdəsini bizimçün yazıb,
Tarix yolumuzda çıraq yandırıb.
Tanrı neçə ildir səbrini basıb,
Bizi bu gün üçün silahlandırıb.

Zabir bu dəfə əlini əsgərin çiyninə qoyaraq əlavə edir:

Zəfər səninlədir, haqq səninlədir,
Heç zaman basılmaz haqqın səngəri.
Adın bir tarixi şərəfli edir,
Yolun açıq olsun, cəsur əsgərim!

 ***
 

Səhnə dəyişir...

Cəbhədə qızğın döyüşlər gedir. Bir-bir kəndlər, şəhərlər azad edilir, bu xəbərlər arxa cəbhədəki insanlara ruh, qanad verir. Böyük ruh yüksəkliyi var.

Döyüşdən əvvəl... Əsgərlərdən birinin əlində qızının məktubu var:

– Bax, qızımın məktubudur,
yazır dərslər başlayıb.
Qızım belə məktubları
yazmağı çox xoşlayır.

– Mənim oğlum balacadır,
təzəcə ayaq açır.
Bir görəsən, şipşirindi,
lap ördək kimi qaçır. (gülüşürlər)

– Bəs sənin, sənin nəyin var, Talıb?

– Yeddi ildir gözləyirik,
doğulacaq, az qalıb.

Atəş səsləri söhbətlərini yarımçıq kəsir.

Döyüşdən sonra... Əsgərlər qan-tər içində, yaralı halda söhbətləşir:

– Üç sutkadır döyüş gedir,
vaxt da çıxıb yadımdan.

– Vaxt nəyinə lazımdı ki?
İndi savaşdır hər an.

– Ürfanı da vurdular,
Şükürü də... Oxx! (yarasından tutur)

– Beyrəkdənsə xəbər yox,
Ayağından
yaralandı Eliş də...

– Əlikram da vuruldu,

amma əla döyüşdü.

– Ya sən ölməlisən,
ya da öldürməlisən...

– Öldürsən, nə əla,
ölsən...
    Sağ olsun Vətən!

– Vətən sağ olsun!
Qanımızla, canımızla alacağıq torpağı,
Şuşaya özüm sancacam bu üçrəngli bayrağı.
(döş cibindən bükülü bir bayraq çıxarıb öpür,
 alnına toxundurur, qaytarıb yerinə qoyur)
Ayağa qalxaraq Koroğlu kimi nərə çəkir:

– And olsun Tanrıya ki, qisas alacağam mən,
Qisas! Qisas! Ancaq qisas!
                   Qorxum yoxdu ölümdən!

 

                  ***      

Hikmət yaralanmış vəziyyətdə qayıdır, bir ayağını mərmi kəsib...
Qan içində ağrı çəkir:

– Bir tilsim var, bilmirəm ki, nədəndi,

Qəhrəmanlıq elə bircə an olur.

Dilimdəki bu son mahnı Vətəndi,

Zümzüməmdən neçə ürək qan olur.

 

Bilirəm ki, qorxum yoxdur ölümdən,

Yerim yenə ən birinci sırada.

Mərmi kəsən ayağım var əlimdə,

Avtomatla səhv salıram arada.

 

Son döyüşdü, bitirmişəm gülləmi,

Şəhid olub üzü bəri gələnlər.

Sanarsan ki, acımışam qurd kimi,

Aclığımı basdırıram ölümlə.

 

Əsgərin ölümünə yas tuturmuş kimi səhnənin işıqları sönür... Qaranlıq...

Səhnəyə bir qadın gəlir. Şəhid anasıdır. Ananın harayı eşidilir:

– Mən dağ görməmişəm bu dağdan betər,

mən hələ bu boyda dərd görməmişəm.

Mən hələ, mən hələ bu günə qədər

bu xalqı bu qədər mərd görməmişəm.

Gördüm, İlahi...

 

Dünyada nə qədər zülm var, ah var,

dünyada nə qədər sönmüş ocaq var.

Dünyada nə qədər şər var, günah var,

yaşlı göz, xəstə ruh, soyuq qucaq var.

Vardım, İlahi...

 

Nə qədər gözlədim, gözlədim elə,

dünya taleyimə başın buladı.

Nə yaxşı, sükanı saxladım belə,

Nə yaxşı, deyirəm, axır, uladı

Qurdum, İlahi...

 

Hələ dirçəlirəm, hələ qalxıram,

bu zəfər tarixim hələ körpədi.

Açıqdı məzarım, qanlıdır yaram,

Təpədən-dırnağa qəlpə-qəlpədi

Yurdum, İlahi...

 

 

 III Pərdə

 

Bir nənə də öz sandığının başında, qaçqın düşəndə evindən gətiribdi bu sandığı,
otuz ildi o sandığın geri qayıdacağı günü gözləyir. Nənə mürgüləyir.

Sonra hüznlü bir musiqi, səhnəyə dörd qara paltarlı qadın gəlir...
Şəhidlərimizin xatirəsinə bir dəqiqəlik SÜKUT...
Qatarlar, gəmilər, avtomobillər fit verir...

I qadın

Sükut... fit səsləri... uçunur bədən,

Vətən qarşısında sən üzüağsan.

Bu dərin, bu ağır sükut içindən

Uca bir vəhy gəlir, deyir ki, sağsan!

 

II qadın

Bu bir dəqiqəyə sığmayan nə var?

Şəhadətin haqdı, zəfərin haqdı.

Vətəni uğrunda ölən oğullar,

Ölümün özünü ucaldacaqdı.

 

III qadın

Yox, yox! Hüzn yoxdu, qürur var ancaq!

Bir də ruhunuza şərəf, ehtiram!..

Haqqın şəhidləri müqəddəs qonaq,

Cənnət qapıları açılsın tamam!..

 

IV qadın

Sükut bir dəqiqə, haray milyon il,

İnsan bu sükutda özün unudur.

İki min yeddi yüz səksən üç şəhid...

Bax, VƏTƏN sözünün anlamı budur!

 

Mahnı dəyişir. Nənə sandığını açıb,
içindəkiləri çırpıb təzədən  yığmağa başlayır,
sanki geri dönüş əlamətləri görünür.

 

I qadın

Nənə yenə kilid salıb açara,

Sandığında olanlara baxır haa...

Bu dəm dağlar bürünür  dümağ qara,

Bu dəm düşmən Kəlbəcərdən çıxır haa…

 

 

II qadın

Qərib ürək gecələri duyuqdu,

Nənə o vaxt itirmişdi hər şeyin.

Sandığında nə vardı ki...

Nə yoxdu?

Sandığında gizləyib öz gəncliyin.

III qadın

Ədalətin tərəzisi düz deyil,

Otuz ildə nənə yüz il qocalıb.

Əsən əli toxdayıbdı elə bil,

Əlindədir evlərinin açarı.

(Nənə əllərində evin açarlarını tutub)

 

IV qadın

İllər keçmiş, ağarıbdı telləri,

Məhkum ruhu bu sandığa əsirdi.

Nənəmizin qabar tutmuş əlləri

Neçə ildi bu gün üçün əsirdi.

Birdən çox uzaqlardan sanki “Sarı gəlin” havası səslənir, qadınlar rəqs etməyə başlayır…

Nənə öz-özünə zümzümə edir:

“Saçın ucun hörməzlər,

Gülü sulu dərməzlər,

Sarı gəlin...”

         

Mahnı səsi kəsilir, nənə bu dəfə hər şeyini itirmiş, qeyzlənmiş kimi:

 

– Bəli...

Deyirlər, “Arxalı köpək qurd basar”,
Bu basqın, bu talan nə vaxt bitəcək?
Göynəyən ürəyim, çətin ki, susar,
Oğullar Vətəni xilas edəcək,

Bu basqın, bu talan onda bitəcək!

 

Bitəcək bir xalqın qara günləri,
Alnındakı ləkə silinəcəkdir.

Kim kimdir, nəçidir, soy-kökü, yeri,

Nəsil-nəcabəti bilinəcəkdir.

 

Torpağın sahibi dönəcək geri,

Axır ki, arzumuz haqqa yetəcək.

Günəş qızdıracaq həmin günləri,
Bitəcək fəryadım, ahım bitəcək.

 

Sonra əlini ağarmış saçlarına çəkib əlavə edir:

Ədalətin tərəzisi düz deyil,
Kim nahaqdı, kim haqlıdı, bilinməz.
Bu otuz il yurd-yuvasız ötən il
Saçlarımda dən olubdu, silinməz.

Hanı mənim topdağıtmaz ocağım?
Həm talandı, həm də viran olundu.
Üç min oğul qurban verdi gəncliyin
Göz qırpmadan bu azadlıq yolunda.

Bu sandıqda nə gəzirəm, axı nə?

Ağrı ilə dolub-daşır gen sinəm.
Hər şeyimi sığdırmışam içinə,
Gözüm kimi qorumuşam onu mən.

 

 

 

 

***

 

Qalib bir ölkənin qalib əsgəri qürurla,
əlində bayraq, marş sədaları altında fəxrlə addımlayır.
Səhnə arxasında da xoş bir səslə sevgili bir qız səsi gəlir.
Yasəməndir:

Qələbə müjdəli dilək

daşıyar əsgərim mənim,

Yağma yağış, əsmə külək,

üşüyər əsgərim mənim.

Qaçmaz savaş meydanından,

Ümman olsa da qanından.

Qəhrəmanlıq dastanında

yaşayar əsgərim mənim.

 

Öz toruna düşdü yağı,

Yayıldı zəfər sorağı.

Sancdı üçrəngli bayrağı

Şuşaya əsgərim mənim.

 

Hikmətin ölməz ruhu canlanır...

 

Monoloq əvəzi...

 

Müharibə başladı, bitdi bu müharibə,

Neçə atalar getdi, neçə oğullar getdi.

Gedib düşmən bağrına vurdular neçə zərbə,

Nə yaxşı, tez başladı bu savaş, tez də bitdi,

Neçə atalar getdi, neçə oğullar getdi...

 

Müharibə başladı, qanadlandıq sabaha,

Yeganə xalq idik ki, bu xəbərə sevindik.

Yoxdur "Qarabağ" adlı bir münaqişə daha,

Bizimçün halal olan bu zəfərə sevindik,

Yeganə xalq idik ki, bu xəbərə sevindik.

 

Kəndlər alındı bir-bir, gözlərimiz sevindi,

Artdı Şəhid xəbəri, ürəyimiz ağrıdı...

Neçə qəhrəman oğul gen düşdü öz səfindən,

Kədərləndik, doğrudu, qüssələndik, doğrudu,

Şəhid xəbərlərinə ürəyimiz ağrıdı...

 

Anaların duası yetişdi haqq yerinə,

Müharibə başladı, bir olduq, birlik olduq.

Qədəm basdı Ordumuz yeni zəfərlərinə,

Biz qürurlu xalq kimi savaşlarda doğulduq,

Müharibə başladı, bir olduq, birlik olduq.

 

Dostlar baxıb sevindi, düşmənin gözü çıxdı,

Axır, şər yuvasını dağıtmağı bacardıq.

Şuşadan biz qovmuşduq, Laçından özü çıxdı,

Düşməndən, necə lazım, qisas aldıq, öc aldıq,

Axır, şər yuvasını dağıtmağı bacardıq.

Yasəmən xarıbülbül obrazında. Hamı onun ətrafına toplaşır.
Pərdə yenidən işıqlanır və qapanır.
Yasəmən önə çıxır, son dua kimi bu bir bəndi səsləndirir:

– Ölçülməzdi Şəhidliyin dəyəri,

Bir qəlb sönər, alovlanar min ocaq.

Qar altında son nəfəsim göyərir,

Yazağzında XARIBÜLBÜL olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

                              

                             

 

 

 

 “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Xoydan Əmin Hacılıdır.

 

Əmin Hacılı

Xoy

 

Yalnızlıq sevgini əmizdirdiyində

Mən xəyanəti süddən açırdım

Keçmiş, ölü ehtimalların qəbristanlığıdır

Göz altında morapan çizgi ehtimalların hələ də

Ehtimal olduğunun bəlgəsi

(Gözümü unutdum rəsmində)

İkinci əl bir zəmir tapıb yaramı sardım

Şorunu çıxartdım “O”-nun “Sən” olma sürəsində

Təkrar-təkrar bir mahnını dinləyərək

(Ay bayağı bir çibandır gecənin köksündə)

Mən hecalarımı toplayıram bir yanlışın içindən

Göz altlarındakı çizginin üstünə ulduz qoyub

Alt yazıda açıqlayıram.

(Sən ey izaha ehtiyacı olan nəsnə/gözümü unutdum rəsmində)

Və açıqlandım

Yarabasmalarımın üzərində həqiqətin göbək adını tapdım

Qara, mən kimi qara

Ağ, sən kimi ağappaq

Və həyat qan-qızarmasında nəbzini tutur ümidin

Yalnızlıq sevgini döşündə gəzdirir

Mən qulağına sızıram kəlmələrin eşliyində

Gözlərim eşiyimdə

Və eşiyim səndən sonra nə isə

Nə isə yarabasmalarımın üzərində

Həqiqətən göbək adına yenirəm

Başım köksündə...

 

Səndən qurtarıb röyana başlamışdım

Sən məndən qurtarıb başqasının yatağına

Alt paltarlarını,

Məni,

Alt paltarlarındakı izimi,

İniltimi

Daşıdığın kimi

Səni keçmişə daşımışdım deyə röyanın keçmişdəki kökünü qazmışdım

O isə ilk dəfə görürdüm səni

O isə çiçəklərin tutumunu qoruyurdu hələ

O isə sevdalar üzərinə romanlar yazılırdı

Gözlərindəki yazar qapını çalıb getmədən öncə

Tanışdırıram

- Tikan

- Şair

Şair

Tikan

Qorxunun ölümə olan ziyanını düşündüm

İntiharımdan əvvəl.

Hahaha

Tanışdırıram.

Həyat, ölüm və qorxunun naməşru uşağıdır

Sən isə bağlaclarla yazarın arasındakı məsafəni dolduran dinclik

(Mətnin ardı var)

Sən yoxsan amma

Sən heç bir zaman olmayacaq kimi yoxsan

Və röyan əbədidir

Heç bir zaman getməyəcək kimi

Amma bu əllərdə nə belə?

Yaxama sarılan

Yaxamdan boğazımı

Boğazımdan adını

Çıxaran

Adından başqa özəlliklərini papağından dovşan çıxarır kimi çıxaran əllər də nə belə?

 

Səndən qurtarıb röyana başlamışdım

Sən mənə başlamadan əvvəl.

Sinə sancağını boynuna asan bir qadın vardı

Keçib gedərdi hər gün röyamdan

Sərhəddən pasportsuz keçən quş kimi

Nə adı oxunardı telsizdən

Nə telsizdən oxunacaq məlum bir adı vardı

Röyaydı üstəlik

Və röyanın həqiqətə olan ziyanı

Həqiqətin sevdaya olma xəyanəti boyda idi.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR

 

VARİS

 

QAR YAĞMASIN...

(Hekayə)

 

Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.

                                                             Helen Keller

 

Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər içində oyanması var idi. Üstünə şığıyan nəhəng tank qabağına qatıb onu bağrı yarılınca qovduğundan, özünü salamat görəndə “şükür” deyib Allaha dua edərdi. Amma bu gecəki yuxusu daha dəhşətli alınmışdı, uğultu qoparan zirehli maşın onu haqlayıb altına almış, tikə-parça etmişdi, həmin bu tikə-parçalar havada qan axıda-axıda uçuşur, sanki rəqs edirdilər.

Ayılandan sonra daha yata bilməmişdi. Pəncərənin zülmət qaranlıq rəsmi işıq naxışlarıyla əvəz olundu nəhayət ki.

İşdən bir günlük icazə almışdı. Müdirinə demişdi, sabah rəhmətə gedənimin ildönümüdür, rayona gedib qəbrini ziyarət eləyəsiyəm. Müdir bir kəlmə “Kimdir ki” sualını verəndə “Doğmamdır” cavabını ünvanlamışdı. Müdir də daha dərinə getmədən “Get, Allah rəhmət eləsin” söyləmişdi. Amma hər halda, ardınca “Məktubları çox da nəzarətsiz qoyma” tapşırığını da vermişdi.

Məvacibi aşağı olsa da işindən razıydı, şirkətə gələn məktubları saf-çürük edər, üç yerə bölər, sonra da ən əhəmiyyətliləri barədə xülasəni müdirinə çatdırardı, müdiri də kefi düşəndən-düşənə dördqat buxağına sığal çəkə-çəkə tərif və təkliflərin bəzilərinə, öz aləmində ən tutarlılarına, cavab verərdi, şikayətlər isə üzü qara halda qara zibilqabına tullanardı. N.İ.-nin fikrincə, məktublar sözlərdən xeyli kəsərlidirlər. Sözü deyirsən, keçib gedir. Tutalım, biri səni sözlə yamanladı, bir tərs sillə kimi dəyib getdi. Məktubsa daha uzunmüddətli təsir gücünə malikdir. Ta ki məhv etməyincə dəfələrlə gözünə soxulub səni incidə bilər.

İşini çox sevir, necə də olmasa çörək ağacıdır. Müharibə qurtarandan bura düzəlib. Bir qolu olmadığından bu cür yüngül iş lap göydəndüşmədir onunçün. Yeganə narahatçılığı bir diliqurumuşdan eşitdiyi “elektron məktublar kağız məktubları sıradan çıxaracaq” kəlmələridir, “görəsən haçan” müəmması ilə baş-başa qaldıqca üzülür.

Evdən ertədən çıxmalıydı, beş yaşlı oğlunun başını tumarladı, növbəti dəfə içindən inilti qopdu. İtirirdisə, barı az işlək olan sol qolunu itirərdi. Nə etmək istəyirsə, qeyri-ixtiyari, on iki santimetrlik çıxıntıdan ibarət sağ qolu irəli atılır...

Həyat yoldaşına bir az xərclik verdi, dedi, rayona gedirəm, il mərasiminə, evə ayın-oyunu özün alarsan, ağ köynəyimi də ütülə.

Həyat yoldaşı onun əsəbi olub da bəzən boş yerdən bomba kimi partlamasına vərdiş etdiyindən, kimin yas yerinə getdiyini soruşmadı, “əlbət, iş yoldaşlarından kiminsə nəyidirsə ölən” düşünərək “sağ-salamat” söylədi. Və paltar dolabından ağ uzunqol köynəyi götürüb ona ütü çəkməyə başladı. Köynəyin sağ qoluna keçəndə qadının doluxsunması, dodağının səyriməsi N.İ.-nin gözündən yayınmadı.

Kədər bəzən insanın üzündə olur, bəzən içində. Üzdəki anidir, içdəkisə daimi.

O, əslində həyat yoldaşının xətrini istəyirdi, üstünə qışqırması da özündən asılı deyildi. Bir sinifdə oxumuşdular, elə ilk dərs günündə əsmər bənizli bu qızdan xoşu gəlmişdi. Evlənəndə Leyli və Məcnun sevgisiylə evlənmiş, müharibəyədək tək balalarını bəxtəvərlik içində böyüdərək bir-birinə can deyib can eşitmişdilər. Elə ki müharibəyə getdi, ağır yaralanıb, qolunu da itirib geri döndü, sanki tamam başqa birisi oldu. Əsəbi, səbirsiz, deyingən...

Oğlu idi, salamat qolunu dartırdı. “Mənə avtomat alarsan” deyə arzusunu dilə gətirdi. Avtomat?  Elə bil, N.İ.-nin üzünü qarsıya-qarsıya bir alov keçdi. “Yox, avtomat yox, sənə maşın alacam!”, - dedi. Çox ucadan dedi. Təmirsiz divarın suvağından bir parçanın qopub düşməsi ilə telefonunun mesaj siqnalı bir-birini necə tamamladısa, öz səs tembrinə təəccüblənməyə macal tapa bilmədi.

Əmin idi, yazan həmin o əcnəbi araşdırmaçı jurmalist xanımdır, o qır-saqqızdır.

“Axı necə bir hissdir, sap-sağlam gedirsən, bir əzanı – özü də ən vacib əzanı itirib gəlirsən? Və heç şikayətlənmirsən? Bunun psixoloji şərhini açın, çox xahiş edirəm. Tutuquşu kimi təkrarlamayın amma, “vətənə borcumu verirdim” kəlmələri mənə əsla səmimi görünmür...”

Səs yolladı: “Mən tam səmimiyəm”.

Həyat yoldaşının “yenə odur” sualına başını tərpətməklə cavab verdi, qapıdan çıxhaçıxda gözü divara vurulmuş rəsmə sataşdı. Ev sahibinin dediyinə görə, rəsmi rəssam əmioğlusu çəkmişdi. Qışın bəyaz qar örtüyünün hökmranlığı altında daxma və bir neçə şam ağacı olduqca bəxtəvər görünür. Günəşin şəfəqləri qar hüdudsuzluğunda əks-səda verməkdədir... Hər kimdisə, bərəkallah, gözəl çəkmişdi.

Dərindən düşündükcə anlayırsan ki, sevdiklərindən başqa, hansısa bir canlı olmayan əşyanı, cismi də sevirsən. O da qarı sevirdi. Bəlkə də, dünyaya qarlı gündə gəldiyindən, bəlkə də bir vaxtlar qarın üzərinə uzanıb səmanın hüdudsuzluğuna baxdıqca xoşbəxtlik duyduğundan idi bu. Qar yağdımı, heç nə onu qəhvəyi rəngli meşin əlcəklərini taxaraq qarı topalayıb qar adamı düzəltməkdən, qartopu oynamaqdan saxlaya bilməzdi. Hətta müharibə zamanı da qarlı ərazidən keçid edəndə hamının təəccübünə rəğmən qarın üzərinə atılıb qar adamı düzəltdiyi, əsgər yoldaşlarına qartopu atdığı olmuşdu...

Kəsik qolu sızıldadı.

...Qarabağ səmtə gedən avtobuslar çox seyrək hərəkət edir. Avtovağzala çatıb xeyli gözlədi, sonra daha gözləyə bilməyib bədxərclik elədi: bir boş yeri qalmış yol maşınına mindi. İli xeyli köhnə olan dördgöz idi.

Gözlərini yumdu.

Ötən il birinci ildönümündə qəbristanlığa getməsini xatırladı. Onda getmək daha məşəqqətli idi. Necə çətinliklə icazə almışdı, neçə saat nəqliyyat gözləmişdi, yoxlamaları necə zülümlə adlayaraq gedib mənzil başına çatmışdı. Məzarın sinədaşı əvəzi qoyulmuş mişar daşını silib təmizləmişdi, ot-ələfi, tikanları yolub bir kənara atmışdı...

Gecə yuxusuzluğu özünü göstərirdi. Bir anlıq mürgülədi. Yenə üstünə zirehli maşın şığıyanda necə dik atıldısa yanında əyləşmiş orta yaşlı kişini də səksəndirdi.

Başını qatmaq, yolun uzunluğunu gödəltməkçün istədi yol yoldaşı ilə söhbətləşsin. Zalım oğlunun sifətindən zəhrimar yağır. Beləsiylə kəlməmi kəsmək olar? Fikrindən daşınıb gələcək haqda düşünməyə başladı. Özü heç, özü yazılıb qurtarmış, nöqtəsi qoyulmuş məktub kimidir. Oğluyla bağlı düşündü. Onu mahir bir güləşçi eləmək, çempion kürsüsündə görüb qürrələnmək ən böyük arzusuydu. Arzu çox böyük olmalıdır ki, özünə də yetməsən, barı həndəvərində daldalana biləsən.

Özü vaxtı ilə çox ümidverici güləşçi olmuşdu. İç yarışları da qazanmışdı, dış yarışlarda da uğurları az olmamışdı. Medallarını, kuboklarını, diplomlarını evin bir küncünə düzüb fəxrlə nümayiş etdirərdi. Müharibədən yarıcan qayıtdıqdan sonra hamısını dolaba basıb gizlətdi. Bədbəxt olduğu düzəngahdan xoşbəxt olduğu zirvəyə baxmaq insanı çox incidər.

“Naşükür olma. Buna da şükür de. Özündən yaxşıları görüb dərd çəkməkdənsə özündən betərləri görüb ovun. Tetraameliya deyilən bir xəstəlik var, insan anadangəlmə əllərsiz və ayaqlarısz olur...” Həyat yoldaşı bir dəfə onu zorla psixoloq yanına aparmışdı, bunları psixoloqdan eşitmişdi.

 “Britaniyalı Rik Allen tək əllə mahir zərb alətləri ifaçısı, alman Klaus Ştauffenberq tək gözlə məşhur sərkərdə, rus Aleksey Meresyev hər iki ayağı olmadan as təyyarə pilotu olub. Avstraliyalı Nik Vuyçiç isə hər iki ayağı və hər iki əli olmadan xarici ölkələri gəzib, kitablar yazıb, üzüb, dünyanın ən uğurlu motivasiya kouçu olub...” Bunları da.

Üçyolda dayandılar. Sürücü elan etdi ki, kim istəyir çay içsin, kim istəyir gedib təlabatını ödəsin, amma iyirmi dəqiqəyə çıxasıyıq.

Bir tərəfi bürüşmüşdü, maşından düşdü, var-gəl elədi. Susuzlamamışdı əsla, di gəl, susatan oğlanın suyu şirin gəldi, eynən rəhmətlik qardaşına oxşatdı onu. Müharibəyə hər ikisi birlikdə, könüllü getmişdilər. Bu, yalnız müharibə qurtarhaqurtarda yaralandı, ora kimi gedib çıxa bildi. O yazıqsa on günün əsgəri oldu, səngərdən çıxarkən snayper gülləsinə tuş gəldi. Müharibənin öz qanunları var. Silah açılmağa bir an yubansa, daha əsgər əlində deyil, torpaqda - şəhid yanında atılıb qalasıdır.

Susatandan suyu alanda yenə salamat sol qolu gözünü döyüb qaldı, topal sağ qolu ondan qabaq irəli atıldı.

Bu qədər bənzərlikmi olar? Nə səbəbdənsə, qardaşıyla adaş olub-olmadığını yoxlamaq üçün susatanın adını da soruşdu. Yox, adaş deyildilər.

Qardaşı tələbəydi. Fizikanı mükəmməl bilirdi. Hətta ixtiralar da edirdi. Deyirdi, fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Deyirdi, orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.

N.İ.-nin yenə oğlu var, davamçısı var. Yazıq qardaşı heç evlənməyə belə macal tapmadı. Ailə qurmadan ölənlər tək özləri ölmür ki. Dünyaya gətirməli olduqları övladlarını da özləri ilə torpağa gömürlər. Həyat deyilən nəsnə əslində ən böyük zordur, doğulanda da sənin istəyin nəzərə alınmır, öləndə də. Hər şeyi sənin əvəzinə həll edirlər. Birini valideyinlərin, digərini əcəl.

“Siz səmimi deyilsiniz bu cavabınızla. Necə yəni, “Vətənə canım da qurbandır”? Bu pafos, bu taftalogiya nəyə lazımdır axı? İnsan canını - ən əziz mövcudiyyatını niyə versin? Əsaslandırın görək də. Bir fakt deyim. İkinci Dünya Müharibəsindən sonra Sovet şəhərləri müharibədən şikəst qayıtmışlarla doldu. Əllərini, ayaqlarını itirmiş bu insanların çoxu mövcud halları ilə daha heç kəsə lazım olmayacaqlarını sanıb evlərinə qayıtmır, bomj həyatı sürürdü. Medallarını sinələrinə düzüb küçələrdə dilənir, qənimət əldə etdikcə içkiyə verirdilər. Pulları azlıq eləyəndə vodka və samaqon əvəzinə “Troynoy” odekalon içirdilər. Onlardan kəsif tər, çirk, sidik  qoxusu gəlirdi...”

Yola düzəldilər.

“...Dövlət məxvi qərarla bir gecədə bütün ölkə boyu onların hamısını yığıb pasportlarını, hərbi biletlərini, orden və medallarını əllərindən alaraq Xarkovdakı, Krımdakı, Yerevandakı, Barnauldakı, Sibirdəki internat evlərinə doldurdu... Onları həm müharibə qəhrəmanı statusundan, həm də ümumən insan statusundan məhrum etdilər. Bu cür aqibətdən qorxmursuz yəni?...”

Bir kəlmə “Xeyr, qorxmuram” səsini atdı.

Az keçmiş işğal edilmiş ərazilərə - düşmənlə təmas xəttinə çatdıqca addımbaşı postlar başladı, yoxlanışlar səngimək bilmədi. Otuz il düşmən əsarətində qalmış yurd yerlərinin çox dəhşətli və miskin görünüşləri var. Dörd tərəf xarabalıqdı, damsız, qapı-pəncərəsiz divarlar əlsiz, ayaqsız, gözsüz əsgərlərdir sankı...

Qəbristanlıq şosse yoldan azacıq aralıda yerləşir, maşından düşən kimi torpaq yolla ora səmt aldı. Tez də səbirsizlənib kol-kosun arasıyla kəsə getməyə başladı. Belə baxanda, on addım da on addımdır.

...Çatdı.

Qara qarğalar qarr deyə-deyə qırıldaşır, yerə cumub təzədən fəzada qanad çalırdılar.

Ətrafa nəzər saldı. Ondan başqa daha bir nəfər vardı, hardasa iyirmi addım aralıda, bir məzarın qarşısında əlil ağaclarına dirənib dayanmışdı.

Burda məzarlar hamısı bir-birinin ekiz qardaşıdır sanki. Burda sərdabələr, bahalı-ucuz mərmərlər, qranitlər, dekorativ hasarlar, ağaclar, gül-çiçək fərqlilik yaratmır əsla. Bütün qəbirlər bir-birinin oxşarıdır: kiçicik bir qum təpəsi, üzərində dik qoyulmuş mişar daşı. Daşın üzərinə də sahibinin cızılaraq yazılmış adı.

Bu qadın usanmadımı yazmaqdan?

“Minetik rəqabətin fəlsəfi-antropoloji kateqoriyaları arasında qurbanvermə təzahürü xüsusi çəkiyə malikdir. Ümumən, insan cəmiyyətindəki mədəni institutların genezis problemləri daim olub və olacaqdır. Zira, sakral və profan dünyalar arasındakı vasitəçi kimi təkgözlü, təkayaqlı və təkqollu əcaib və qorxunc qəhrəmanların yaradılması...”

Gerisini oxumadı. Yadına Təpəgözün nağılı düşdü.

...Ziyarət edəcəyi qəbrin yanına çatan kimi daşı öpdü, sonra diz çökdü. Qəhərli səslə xitab etdi:

-Xoş gördük. Necəsən?

-....

-Bizsiz necə yaşayırsan? Darıxmırsan ki?

-...

-Biz hamımız bir yerdəyik. Amma səni burda yalqız qoymuşuq. Vəfasızıq biz. Çox vəfasızıq.

Sol qolunun barmaqlarını sağ qolunun kəsik yerinə sürtə-sürtə, sanki o yeri ovudaraq bir xeyli dayandı. Qəhvəyi rəngli meşin əlcəyin sağ tayını cibindən çıxarıb qəbrin üstünə qoydu, “əlcəyini gətirdim, qışda üşüməyəsən deyə” söyləyəndə qəhər onu necə boğdusa, zülüm-zülüm ağlamağa başladı.

Heç keçən il gələndə bu qədər dərdlənməmiş, bu qədər göz yaşı tökməmişdi. Bəlkə keçən il ilk il idi, hələ təzəydi, isti-istiydi dərdi. Baxırsan, bəzən yaralar zaman keçdikcə sağalmaq, qaysaq bağlamaq əvəzinə daha da qövr edirlər...

Çiyninə əl toxunanda əmin oldu ki, həmin o digər ziyarətçidir. Meh onun kəsilmiş ayağının boşluğuna sarılmış şalvarının balağını yelləməkdəydi.

-Sənin qolundur, elə?

Gələn soruşdu. O başını tərpətdi. Gələn başı ilə ayağına deyil, iyirmi addım aralıdakı qəbrə işarə elədi:

-Mənim də ayağımdır.

Sonra da içini çəkib “Bilmirəm, qola-qıça rəhmət düşürmü. Allah bütün ölənlərə rəhmət eləsin” söylədi. N.İ.-dən çox şeylər soruşacaqdı, kimsən, nəçisən, haralısan, hansı döyüşdə itirmisən qolunu və sair və illaxır. Özü barədə danışacaqdı, kimdir nəçidir, haralıdır, hansı döyüşdə itirib ayağını... Ətrafdakı bəzi qəbirlər barədə də məlumatlıydı, bir-bir anladacaqdı, bu filankəsin sağ ayağının qəbridir, bu bəhmənkəsin sol qolunun... Bu, nisbətən enli qəbirdəsə filan bədbəxtin hər iki ayağı yatır...

N.İ. anidən yadına saldı, sağ qolunu bükərdi, əzələləri qabarardı, uşaqlar gəlib barmaqlarını basaraq “uy da, dəmirdir, dəmir” deyərdilər. Həyat yoldaşı də o əzələni oxşamağı çox sevərdi... Ürəyi necə qübar etdi. Əlini get-gedə hamarlanmaqda olan qəbir-təpəliyə sürtüb pıçıldayaraq soruşdu:

-Əzələn durur?

Ardınca lap qara fikir dolandı başında. Yəqin iki ilə qolunun əti də çürüyüb, tək sümüyü qalıb.

Həmdərdi danışmaqdaydı: -Sən ildə bir kərə gəlməyinə baxma, mən tez-tez gəlirəm. Nə işdisə, kəsik ayağımın yeri yay-qış buz kimi olur, təkcə bura gələndə qızınır.

Onunsa indi fikri burdan çox-çox uzaqlardaydı. Yeddincidə oxuyurdular. Həmin qış dizəcən qar yağmışdı. Həyatında gördüyü ən bol qar idi bu. Evlər həm aşağıdan, həm yuxarıdan qarla örtüldüklərindən nazik zolaq kimi görünürdülər. Qızlı-oğlanlı hamısı dərsə girməyib məktəbin həyətində qartopu oynayırdı. O, hamıdan çevikiydi, əllərini tam aralayıb qara dirəyərək bir-birinə yaxınlaşdırdıqca böyük qar topası yaradır, xışmalayıb iri-iri qartopuları düzəldir, sinif yoldaşlarını nişan alıb vururdu. Və əsmər bənizli bir qız üçün də qartopu düzəldib verməyə macal tapırdı...

Dərindən ah çəkdi. İnnən belə bir qolla qaradamımı düzəldəsiydi, qartopumu oynayasıydı?

“Hər halda mən bu sirri açmaqda acizəm. Qəhrəmanımın portretini tam yaratmaq üçün hətta sizin orta məktəbdəki sinif rəhbərinizlə də danışmışam. O xatırlayır ki, bir dəfə dərsdə söz orqan transplantasiyasından, könüllü donorlardan düşübmüş. Siz demisiniz, insanın hər bir əzası onun üçün o qədər dəyərlidir ki, nəyinsə xatirinə onlardan imtina etmək ağlasığmaz görünür. “Yüz min nədir, milyon olsun, milyard olsun, mən heç nəyimdən imtina etmərəm” demisiniz. Bəs necə oldu, cəmi bir neçə ildən sonra...”

Yanındakı şəxs yasın oxuyurdu. Oxuyub bitirdi. Bununla sağollaşıb getməyə başladı. Bir qədər getmişdi, dayandı, qəbirlərdən birinin qarşısından geriyə qanrılaraq söylədi:

-Naşükür olma. Bizə şükür. Bu bədbəxt oğlu bədbəxtin yanında mərmi necə partlayıbsa gözü pırtlayıb çıxıb. Gözünün qəbridir.

Üşəndi. Tükləri biz-biz oldu.

Növbəti mesaj özünü çox gözlətmədi:

“Cənab qəhrəman, istəyərsinizmi, sizə ən bahalı bionik protez hədiyyə edilsin? İstəyərsinizmi, bank hesabı açılıb ora pul yatırdılsın? Nəsə bir istəyiniz varmı?”

Qarğalar lap fəallaşmışdılar, cəmləşib yerdə nəyisə dimdikləyirdilər.  Uşaqkən nənəsindən eşitmişdi ki, qarğalar aşağıdan uçuşanda, bir yerə toparlaşanda qış sərt gəlir.

Görən, bu qış qar yağacaqdımı...

Gözü “Nəsə bir istəyiniz varmı?” sözlərinə ilişib qaldı. Bir xeyli keçəndən sonra – artıq yavaş-yavaş çıxışa doğru getməkdəydi - cavab yazdı. Yazdı ki, “Bəli, var istəyim. Elə edin, bu qış qar yağmasın...”

Şosse yoluna çatdı. Yol maşını ilə rastlaşmaq fikriylə bir xeyli üzüaşağı piyada irəlilədi. Təpəni aşanda qarşısına ilginc bir mənzərə çıxdı. İnsanlar, texnika bir-birinə qarışmışdı. Nəhəng bir ərazidə tikinti işləri gedirdi. Xarabalıqların yerində sırayla ağappaq, üstü qırmızı damlı evlər tikilirdi.

Birdən haradansa içinə ümid axını dolmağa başladı. Sanki qanadlandı, səmanın əngilliklərinə qalxdı. Fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.

Bax ora səmt aldı.

 

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Adamlar var ki, öləndə evini-eşiyini, yurdunu, ölkəsini tərk eləmir. Onlar öləndə dünyanı tərk eləyib gedirlər.

2.

“Bu görüş də bir qəribə nağıldı... Niyə getdin, niyə gəldin yenə sən?! Həyat yenə əvvəlinə yığıldı, Sən də indi mənim üçün yenisən.”

3.

Amerikan dramaturqu Yucin O’Nil: “Yalnız əldə edilənə can atan insanı onun arzusunu yerinə yetirməklə cəzalandırmaq lazımdır.” Bu deyimdəki ən ağır söz “cəzalandırmaq” sözüdür.

4.

“Dənizin ortasında nəhəng devlər çimirdi. Dəniz aşıb-daşırdı, çıxırdı sahilindən. ...Çimib-çimib bu devlər, nəhayət, yoruldular. Dənizdən çıxan kimi bir cüt göyərçin olub Qanad açıb uçdular, sonra da yox oldular...”

5.

Yaxşı dost həm də o dostdur ki, yorulmaz və sarsılmaz dinləmək qabiliyyəti var.

6.

Nöqtəni qoyana qədər, sən sənətkar, yaratdığının ağası, nöqtəni qoyandan sonra qulusan. Ağa sevər, qul nifrət edər.

7.

Nə yazırsan, yaz. Yazdığın zaman yazdı[1]ına hökmən inanmalısan. Oxuyanda inanmaya bilərsən.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının SEVGİ MƏKTUBLARINDA Arzu Murad və onun məktublarıdır. Buyurun, 3-cünü oxuyun.

 

 

 

 MƏKTUB 3

 

Bayaq qoxun anidən burnuma gəldi və xəfif yel kimi ötüb keçdi. O qoxunu yenidən duya bilməkçün bütün evi dolaşdım. Yenə yaxaladım və itirməyim deyə, ciyərlərimin dibinə qədər çəkdim. Bu nə ilkdir, nə son. Evimin hər yeri demirəm, bu küçənin hər tini, insanların hamısı sən qoxuyur. Hansı birini deyim, sənin ətrindir deyib küçələri veyillənməyimi, yuxuda sayıqlamalarımımı, səninçün darıxmaqlarımımı, səhərin açılmasını gözləyib sənə tələsməyimimi?

Mən səndən başqa bir şey düşünə bilmirəm. Beynim yalnızca sənlə məşğuldur. Saatlarım sənə işləyir. Səni görməyəndə darıxmağım bir dərddir, sənin yanında olub ayrılmağımızı düşünməyim bir ayrı dərd. Bəlkə, sənə tanış hisslərdir, bəlkə də, tamamilə yaddır, amma məni anladığını bilirəm. Həyatımın altını üstünə çevirmisən və tərs kimi mən də bu halımdan məmnunam. Başımın bəlasısan, amma insan bəlanı bu qədər sevərmi?

Varlıq içində bir yoxluğam. Özümü anlaya bilmirəm. İdarəetməni itirmək budu, yəqin. Mən hər yerdə sənləyəm. Ən doğmalarımın içində belə özümü qəriblikdəki kimi hiss edirəm. Əsl bəlasan, bir insanın başına gələ biləcək ən böyük bəla. Amma o qədər doyumsuz, o qədər içdənsən ki, yanından ayrılmaq zillətə dönür. İnsan öz evinə getmək istəməzmi? İnsan ancaq sabahlarla necə yaşaya bilər?

Gecə olanda yanaqlarım dodaqlarını axtarır, sonra tapır, sonra ovcuma alıram dodaqlarını, sonra nəfəsinin dəydiyi boynum yanır, daha sonra çiynimdə başını hiss edirəm, əllərinin məni köksünə sıxdığını duyuram. Sonra tez özümü yuxuya verməyə çalışıram ki... Bəlkə, keçə... "Bəlkə" keçir, amma sən keçmirsən.

Gözlərinə qərq olmuşam. Bilmirəm haranın daşını salım başıma. Darıxmaq hisslərin ən şərəfsizi və də ən xainidir. İnsanı öz halından çıxarıb vəhşi bir məxluqa çevirir. Sənlə tez-tez dalaşmağımın səbəbi də elə budur. Sən gəlirsən, üzüm gülür, sən gedirsən, həyat qaralır, boğazım quruyur, havam çatmır. Vəhşiləşməyə başlayıram və tənələr yağdırıram. Kobudluğun biri bir qəpikdən dolur dilimə. Qüsuruma baxma, lütfən, mənim də sevmə şəklim belədir. Sən heç sevdiyin biri gedir deyə, uşaq kimi ağlamağın nə olduğunu bilirsən? Məndən kimə getdi deyə, nigaranlıqdan zəncir çeynəyirsən? Yemək yedi, ya hələ də acdır deyə, bir narahatlıq dolurmu içinə?

"Bir gün məndən getmək istəsən, səni tutmayacam, saxlamağa çalışmayacam" demişdim. Doğrudan, saxlamayacam, amma özümü necə saxlayacam, onu bilmirəm. Əvvəlki kimi deyiləm. Kimsəyə qızına bilmirəm. Bu əsərin müəllifi sənsən, qürur duy. Çıxılmazda qalmaqdır bu. Çarəsizlik qədər ağrılıdır və sənin qədər sevimlidir.

Mənimçün narahat olma. Bu şikayətlərimi və sözlərimi çox da ciddiyə alma. Bu da keçəcək, əlbəttə. Məni ağrıdan odur ki, hər şey keçir, amma sən keçmirsən. Məndə qalırsan, mənlə birgə dolaşırsan. Özümü aldatmağa çalışıram ki, bu yaşadıqlarım ilk deyil, son da olmayacaq, lakin boş fikirlərdir, özüm də bilirəm. Məni belə vuran olmamışdı. Ürəyimin tən ortasından dəqiq nişan aldın. Ancaq keçəcək, yox, vallah, doğrudan, keçəcək. Aramızda olan illərə xatir keçəcək. Elə sən də keçəcəksən, keçməyə məcbursan. Amma keç...mə... mən dözərəm hamısına, yanımda qal. Nə qədər qala bilirsən, o qədər qal, yetər ki, qal...

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas və tənqidçi Rüstəm Kamalın “Azər Turan: məfkurənin və sözün işığı” essesini təqdim edir.

 

 

...Bundan əvvəl də Azər Turan haqqında iki-üç xırda yazı yazmışam. Burda yazdıqlarımı təkrarlamaq niyyətim yoxdu. Arada bir geriyə baxıb, uzaqdan və yaxından tanıdığın insan haqqında qənaətləri ümumiləşdirmək lazımdır. Düşüncələrimi tezis-fraqment şəklində bölüşmək istəyirəm.                                             Nə gizlədim, mən öz üslubu olan, öz üslubunu tapan “stilist” müəllifləri sevirəm. Azər Turan “düşünən stilistlərdən” (B.Paskalın “düşünən şəkərqamışı” metaforasına istinad etmişəm) biridir. Onun yazı və düşüncə stili tempramentinə, poetik ovqatına və hətta səs tembrinə tam uyğun gəlir.                                                       Azər poeziya bilicisidir. Bunu deməklə, güman edirəm ki, heç də mübaliğəyə yol vermirəm. Yazılarında və söhbətlərində poeziya tariximizin elə detallarını və faktlarını elə söyləyir ki, poetik yaddaşının və zövqünün  məntiqinə heyrətlənməli olursan.                                                                                                      Bəlkə, ona görə də onun yazılarında nəsr və poeziya, təhkiyə ilə lirizm iç-içədir.Lirizm su kimi onun bədii esselərinə də, publisistik məqalələrinə də dərindən hopub. O, analitik təhlillərini belə lirizmlə “doyuzdurur”, filoloji yazılarının strukturuna  subyektiv avtobioqrafik başlanğıcın daxil olması da bu üzdəndir.Onun esselərində şeir və nəsr bir ritmik məxrəcdə (qovşaqda), bir ümumi sintaksisdə üzvi surətdə birləşir. Rus alimi B.V.Tomaşevski deyirdi ki, “ritm sintaksisin spektridir”. Mətnlərdə prozaik cümlələr misralar havasında olur. Onun prozaik misraları daim poetik ritm və deyim tərzi üçün darıxır, “şeir üfüqünə” tələsir. Azərin esselərində poetik ricətlərin və ovqat düşüncələrin, duyğusal obrazların, metaforaların zənginliyi, inanın ki, fərasətli bir şairin şeiri üçün “tikinti materialı” da ola bilərdi.                                                                                               Həmişə bu fikirdə olmuşam ki, o, yazılarını şair kimi yazır, şair kimi düşünür və yaşayır. Bu düşüncə ilə “Ölüm süvarisi” essesinin sonunu sərbəst şeir prinsipi ilə sıralamaq da istədim.                                                                            Qardaşım Azər məni bağışlasın, icazə almadan mətninə müdaxilə edirəm.            

Göylər yenə də buludlu.                                                                             Mart həmin mart,                                                                                      aprel həmin apreldir.                                                                                           Şifonerdəki sahibsiz paltarlar da                                                                          papaq və qırx iki ölçülü                                                                              ayaqqabı da onunkudur...                                                                                    ...Vaxt buz kimi soyuyur.                                                                                    Soyuduqca soyuyur.                                                                                           

Azərin yaddaşı keçmişə çox bağlıdır. Keçmiş isə artıq ötüb keçmiş, geridə qalmış bir zamanın adı deyil, fərdi və ya toplum yaddaşına inteqrasiya ola biləcək bir konstruksiyadır – alman yazıçısı Bernhard Şlinki təxminən belə deyirdi.              Azərin arxivində nə varsa, yaddaşın bərpası və diriliyi üçündür, zamanlararası əlaqəni yaratmaq, keçmişi bu günə və sabaha daşımaq üçündür. Fotoqrafiya Azər Turan yaradıcılığında vacib vizual element olmaqla yanaşı, həm də mistik simvolikadır, “başqa” dünya ilə əlaqə yaratma üsuludur.             
          Azər Turan mənim tanıdığım nadir yazarlardan biridir ki, müdrik, el ağsaqqalı, böyük ziyalı İmamverdi Əbilovun – atasının, yaddaşını (keçmişini) özünü yaddaşına adekvat şəkildə birləşdirə bilir. Bu da ona atasının müasirlərindən, dostlarından öz müasirləri və dostları kimi rahatca danışmağı və yazmağa imkan verir.                                                                                                Atasına və özünə ünvanlanmış məktublar, maqnitofon lentinə “qısılıb qalmış” (A.Turan) səslər, şəkillər ruhların (R.Rza, B.Vahabzadə, X.R.Ulutürk, X.Məmmədov və b.) maddiləşmiş obrazlarıdır.                                    
          Əslində,  Azər bu üsulla onlarla, əminəm ki, mistik-spiritual prosedur keçirir, yəni ruhlarla söhbət edir.                                                                         Bu cür yazıları ancaq kədərli adam yaza bilər. İnsanların taleyini şəkillər, xatirələr, səslər vasitəsilə oxuya bilən adamın ruhu mütləq göydən “nəm çəkməlidir”.                                                                               

“Ölüm süvarisi” essesi sevimli, əziz dostu nakam taleyinə, Faiq İsmayılovun unudulmaz xatirəsinə həsr olunub. Faiqlə xəyali söhbətlər, Faiqin şeirləri xatirə qırıntıları, gündəlikdən qeydlər həkimlərin söylədikləri, lirik ricətlər –  hamısı “historia morbi” latınca: (“ölüm tarixi”) üçündür. Tarixçəsi Faiqin şeirləri ilə “süslənir”. Məndən olsa, bu yazıya Moris Blanşonun “Kafka və yaradıcılıq tələbatı” essesindən bu sözləri epiqraf qoyardım: “və o öz ölümü hesabına yaşamağa məcbur idi...”. “Ölüm süvarisi” essesi Azərin yalnız dərdini danışıb, “içini boşaltmaq” aktı deyildi, həm də Uca Yaradanla dialoqu idi, dua aktı idi (Emil Çoran deyirdi: “İnsan duasız yaşaya bilər, amma dua etməməsi heç vaxt – mümkünsüzdür”).     
          Turançılıq və türkçülük Azər Turan üçün məfkurə – əqidə hadisəsidir. Hüseyn Cavid, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Yusuf Akçura, Fuat Köprülü, Nital Atsız onun üçün türkçülük məfkurə babaları deyil, həm də bir millətin inanc – iman kultlarıdır.                                                                                  Azər Turan üçün Turan mifoloji məkan adı deyil, sivilizasiya tipidir. O, dəyərli araşdırmaları ilə həmin sivilizasiya tipinin coğrafi-mədəni, məfkurəvi-estetik hüdudlarını müəyyənləşdirir və qəti inanır ki, bu gün ölkəmizdə çağdaş türkçülük fəlsəfəsinin təntənəsində Hüseyn Cavid, Məhəmməd Hadi, Əlibəy Hüseynzadə kimi fikir dühalarının irsinin öyrənilməsinin və təbliğinin böyük əhəmiyyəti var. Millət sevdalısı kimi artıq özü bu uzun mücadilənin içindədir.    Beləcə, otuz ilə yaxındır ki, Azər Turan türk məfkurəsinin böyüklərindən yazıb, oxucularını da böyüdür.                                                                               
          Azərin 2002-ci ilin dekabrında yazdığı və böyük musiqiçi Vaqif Mustafazadəyə həsr etdiyi “Ayın 18-i” adlı bir essesi var. Bu yığcam (səhifəyarımlıq) poetik mətn maraqlı struktura malikdir. Bu yazıda Azər poeziyanın arxaik priyomunun birindən  – təkrirdən istifadə edərək, yəni bir mətnin əvvəlində və sonunda iki fotoşəkil ilə bağlı xatırlamalar verir. Həmin xatırlamalar essenin  leytmotivi – nəqaratı kimi səslənir: “Qarşımda bir fotoşəkil var. XX yüzil Azərbaycan musiqi mədəniyyətinin böyük yaradıcılarından biri Vaqif Mustafazadənin anası Zivər xanımla yanaşı dayanan 21 yaşlı oğlan – mənəm.

Üstündən 18 il keçib”. Yazının sonunda fotoşəkil məsələsi yenidən təkrarlanır: “Qarşımda 1984-cü ilin 27 aprelində çəkilmiş bir fotoşəkil var.Üstündən 18 il keçib. Vaqif Mustafazadənin isə “Ayın 18-i” adlı bir əsəri vardı. 1969-cu ildə, 29 yaşındaykən, iyul ayının 18-də keçirdiyi infarktla əlaqədar özünə ithaf etdiyi “Ayın 18-i” ni Zivər xanımla qoşa dayanıb çəkdirdiyimiz şəklə baxarkən bir daha xatırladım”. Beləcə, bu fotoxatırlatmalar da “18” simvolik mistik məna qazanır.
          2005-ci il idi. Azər təzəcə çapdan çıxmış “İrfan çobanı” kitabını gözəl xəttilə  avtoqraf yazıb mənə bağışladı: “Əzizim Rüstəm Kamal. Nə yaxşı ki, bu dünyada varsan. Sənsiz bu fikir dünyamız necə də kasıb olardı. Tanrı səni bizə çox görməsin. Böyük sevgilərlə. Azər Turan”.                                       

Qəribədir, aradan 18 il keçib. Səmimi deyirəm: bu avtoqrafa heç fikir verməmişdim. Amma bu günlərdə – qardaşım Azər Turanın yubileyi ərəfəsində onun kitablarını vərəqləyib, gözdən keçirirdim və mənə elə gəldi ki, bu avtoqraf-dua onun özünə ünvanlanıb. XXI yüzilin bədii – estetik, kulturoloji, ictimai fikir dünyamızı Azər Turansız təsəvvür etmək qətiyyən olmaz.                          

Yenə 18 ildən sonra böyük Azər Turanı təbrik etmək arzusu ilə                  

           “Ədəbiyyat və incəsənət”

(23.10.2024)                                                                          

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.