
Super User
Baykonur faciəsi, Böyük Depressiyanın başlanğıcı, ilk futbol komandası
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə olan əlamətdar hadisələri təqdim edirik.
24 oktyabr. Ümumdünya inkişaf barədə informasiya günü
1972-ci ildə BMT təqvimə belə bir gün salıb, məqsəd də o olub ki, dünya ictimaiyyətinin fikri inkişaf problemlərinə yönəldilsin, bu problemlərin həlli yolunda beynəlxalq əməkdaşlıq möhkəmləndirilsin. Xüsusən, gənclər cəmiyyətlərinin səfərbərliyi, inteqrasiyalar inkişaf təməyyülünü əsaslandırır, tənəzzüldən xilas yollarını arayıb tapmaqda rol oynayır. Maraqlıdır ki, bu mövzu BMT üçün prioritet olduğundan, seçilən tarix - 24 oktyabr günü həm də BMT günü olması ilə diqqət çəkir. İnkişaf – realda olan bir prosesdir, onun yalnız təbliğatda mövcud olan “qardaşı” da var ki, onun doğulması bic uşağın doğulması kimi arzuolunmazdır.
24 oktyabr. Baykonur faciəsi, Böyük Depressiyanın başlanğıcı
Yeyib-içməyin ən müxtəlifliklərini təqvimə salıb qeyd edən amerikalılar bu gün baltanı lap dibindən vurublar, bu gün onlarda sadəcə Yemək günüdür. Amma təbii ki, davamı da var, tək bir bayramla kifayətlənməzlər axı. Bu gün həm də Milli Bolonya kolbasası günüdür.
1986-cı ildə Londonda dünyanın ən böyük val mağazası açılıb. Gənc nəsil valın nə olduğunu bilməz, radionun üstünü açırdın, orda patefon deyilən bir şey var idi, fırlanan disk idi, yumru olan bu val adlı nəsnəni onun üstünə qoyurdun, val fırlandıqca patefonun iynəsi ona yazılmış musiqini səsləndirirdi.
1963-cü ildə Sovet dövlətinin uzun müddət gizlətdiyi bir hadisə baş verib, Baykonur kosmodromunda MBR raketi partlayıb, 8 nəfər həlak olub. Qəribədir ki, düz üç il əvvəl eynən həmin bu 24 oktyabr günündə Baykonurda daha dəhşətli bir hadisə baş vermişdi, P-16 raketi partlamışdı, ümumilikdə 126 adam həlak olmuşdu.
1939-cu ildə ABŞ-da, Delaver ştatında ilk neylon corablar istehsal olunub. 1929-cu ildə ABŞ-da Qara cüməaxşamı adlı böyük birja böhranı yaşanıb, nəticədə ölkəni böyük məhrumiyyətlərə düçar edəcək Böyük depressiya başlayıb.
1861-ci ildə ABŞ prezidenti Avraam Linkoln Kaliforniyadan tarixdə ilk teleqraf məlumatı alıb.
1857-ci ildə İngiltərənin Şeffild şəhərində ilk futbol klubu yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(24.10.2024)
“Regionun sevimli qonağı" şair Vaqif Aslan oldu
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi
Oktyabrın 22-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Regionun sevimli qonağı" layihəsi çərçivəsində Şəki şəhərində yaşayan şair, nasir, publisist, müəllim və tərcüməçi Vaqif Aslanovla Qax rayon Heydər Əliyev Mərkəzində oxucularla görüş keçirilib.
Layihənin məqsədi ölkəmizdə tanınan simaları şəhər əhalisi və oxucularla görüşdürmək və təcrübələrini bölüşmələrini təmin etməkdir.
Görüşdə mədəniyyət işçiləri və poeziyasevərlər iştirak ediblər. Həmçinin, şairin sevilən şeirləri səsləndirilib, maraq doğuran suallar verilib.
Sonda şair sevilən əsərlərindən ibarət kitablarından bir neçəsini imzalayaraq oxuculara hədiyyə edib və xatirə şəkilləri çəkdirib.
Qeyd edək ki, layihə çərçivəsində mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşlər davam etdiriləcək.
Vaqif Aslanov 1950-ci il 5 iyul tarixində Şəki rayonunun Kiş kəndində anadan olub. İbtidai təhsilini Kiş kənd ibtidai, 8 illik təhsilini Kiş kənd səkkizillik, 10 illik təhsilini isə qonşu Oxud kənd orta məktəbində alıb. 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsində təhsil alıb. 1973-1993-cü illərdə Şəkinin Kiş kəndindəki orta məktəbdə öz ixtisası üzrə müəllimlik etmişdir. 1994-1997-ci illərdə Şəki Regional Elmi Mərkəzində “Folklor və el sənətləri” laboratoriyasının rəhbəri olmuşdur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədridir.
Ədəbi fəaliyyətə “Vaqif Aslanov”, “Vaqif Cumayoğlu” imzaları ilə gəlmişdir. 1970-ci illərin ortalarından “Vaqif Aslan” təxəllüsü ilə tanınmağa başlayıb. Elmi-ədəbi məqalələr müəllifidir. Fransız və rus dillərindən tərcümələr edir.
İlk mətbu şeiri 1967-ci ilin may ayında Şəkidə çıxan “İpəkçi” qəzetində dərc edilmişdir. İlk kitabı “Aydın” poemasıdır.Türkoloq, dilçi alım və tədqiqatçı Aydın Məmmədova həsr edilmiş bu kitab 1993-cü ildə nəşr edilmişdir. Vaqif Aslanın Səməd Vurğunun “Vaqif” pyesinin motivləri əsasında, yeni traktovkada və nəzmlə yazdığı "Vaqif" dramı Şəki Dövlət Dram Teatrında (mart, 2016) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında (7-8 iyun, 2016) tamaşaya qoyulub.
Vaqif Aslan tərcümələri ilə də məşhurdur. O, fransız dilindən Pol Verlenin şeirlərini, Öjen Dabinin "Tətil" hekayəsini, Erve Bazenin "Rədd olsun şapkalar!" hekayəsini, Jan Batist Şardenin "Səyahətnamə" və Jermen Giyomun "XVII əsrdən XIX əsrin əvvəllərinədək Fransa və İran arasındakı bədii mübadilədə səfirliklərin rolu" əsərlərini dilimizə tərcümə edib.
Həmçinin qeyd edək ki, Vaqif Aslanov 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi bir illik Prezident təqaüdünə layiq görülüb. 27 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 1205 nömrəli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(24.10.2024)
Qənirə Paşayevanın xatirəsinə ehtiramla
Könül, “Ədəbiyyat və incəsənət”
Onsuz bir il keçdi. O unudulmadı. Bir ömür keçəcək. O yenə unudulmayacaq!
Baş qərargahı İstanbulda yerləşən Türk Ədəbiyyatı Vəqfi mərhum millət vəkili, böyük türkçü, hamımızın sevimlisi Qənirə xanım Paşayevanın vəfatının birinci ildönümündə onun beş əsərini nəşr edib.
Qənirə xanımın həmin əsərlərinin müəllif hüquqları və satışından əldə ediləcək gəlir
türk ölkə və topluluqlarından Türkiyəyə ali təhsil üçün gələn tələbələrə “Qənirə Paşayeva təqaüdü” olaraq veriləcək.
Çox təqdirəlayiq, gərəkli bir projedir.
Bu layihənin həyata keçirilməsində dəstək olan hər kəsə, xüsusən də, Vəqfin başqanı, dəyərli xocanız Serhat Kabaklıya sonsuz təşəkkür edirik.
“Ədəbiyyat və incəsənət”
(24.10.2024)
Xirtdəyədək məişət ağrılarıyla dolu bir zamanda ədəbiyyata könül vermək asan deyil…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
XX əsr Azərbaycan ədəbiyyatının nəhənglərindən biri də Hüseyn Cavid olub. Əzab dolu həyat yaşasa da yaradıcılığı ilə insnların ağlında, şüurunda, ürəyində yuva qura bilib. 1938-ci ildə həbs olunaraq "əks-inqilabi əlaqələr saxlamaq", "bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq", "öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək" kimi ittihamlarla günahlandırılaraq, 9 iyun 1939-cu ildə 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə 59 yaşında ikən İrkutsk vilayətinin Tayşet rayonununda dünyasını dəyişib. Ölümündən sonra 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə bəraət alıb. Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Hüseyn Cavid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib...
Hüseyn Cavid Naxçıvanda anadan olmuşdu. Ondan 85 il sonra eyni gündə, 1967-ci ilin oktyabrın 24-də Gədəbəy rayonunun Arabaçı kəndində bir oğlan uşağı dünyaya gəldi. Adını Ayaz qoydular. Ayaz Hüseyn Caviddən fərqli olaraq qorxu-hürküsüz həyat yaşadı. 1984-cü ildə Arabaçı kənd orta məktəbini bitirdi. Artıq bir neçə il idi ki, şeir yazırdı. Doğulduğu kəndin adını özünə təxəllüs götürdü. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olundu, radionun uşaq verilişlərində səsləndirildi. Arada hərbi xidmətə çağırıldı və hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilinə yiyələndi. Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başladı, bir müddət sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işlədi. Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunub. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülüb. 10-a yaxın şeir kitabının müəllifidir. Xeyli sayda ədəbi-bədii, publisistik və tarixi kitabların redaktorudur...
Deyir ki:- “Bu yaşımda az-çox ovqatımı təzələyəcək bir şey varsa o da ədəbiyyatdır. Ədəbiyyat mühüm prinsiplərimi həyata keçirə biləcəyim yeganə vasitədir. Bu həm də yazı -pozu adamının duruluğunu, saflığını saxlayan, büdrəmələrdən qoruyan bir məharət mənbəyidir. Ədəbiyyatdakı ovqatım demək olar ki, yaxşıdır. Estetik konsepsiyaları əsas tutsam belə bu sahədə çox az xəyal qırıqlığı yaşayıram. Yeri gəldikcə mütaliyə edirəm və mütaliəyə daha çox vaxt ayırmağa çalışıram. Ədəbiyyata kimin necə və hansı niyyətlə soxulmasından asılı olmayaraq, o təravət və gözəlliyini saxlamaqdadır. Bizdə zamanın hüdudlarını aşıb keçə biləcək kifayət qədər imzalar və əsərlər mövcuddur. Hətta böyük inqilabi ideyaları gerçəkləşdirə biləcək əsərlər belə var. Gözəlliyə, incəliyə və dərinliyə baş vuran gənc nəslin uğurlu eksperimentləri də göz qabağındadır. Əsas silah kimi pulu yox, sözü seçə bilsək nailiyyət özü gələcək.”
Çox qətiyyətli və əzmkar insandır. Məqsədinə çatmaq üçün hər cür çətinliyi aşmağa hazırdır və bu yolda heç nədən çəkinmir. Güclü iradəsi onu həyatdakı maneələri dəf etməyə ruhlandırır. Eyni zamanda, o çox sadiqdir. Sevdiklərinə və yaxınlarına dərindən bağlıdır və bu bağlılıq onun üçün çox əhəmiyyətlidir...
“Əslində biz Allahı demək olar ki, tamam unutmuşuq. Allaha olan sevgi ya cahilcəsinədi, ya da ki, qorxudandı. Hara baxsan, Allahsızlıq açıq-aşkar görünür. İndi biz daha çox haram pulların at oynatdığı bir səltənətin məzlum və fəqir adamlarıyıq. Ona görə də ədəbiyyatda Allaha şikayət məzmununda şeirlər, hekayələr çoxalır. Müqəddəs kitablardan ancaq təsəlli tapır, ümidimizi o bir dünyaya bağlayırıq. Nə qədər çaba göstərib, zehni qüdrətimizi işə salsaq belə Allahı dini kitablardan real dünyaya çıxarda bilmirik.”- söyləyir...
Güclü hissiyatı var, çox ehtiraslı insandır. Hər şeyi ürəkdən yaşayadığından, bu xüsusiyyəti onu hədsiz enerjili və hərəkətli edir. O, öz ideyalarını həyata keçirmək üçün bütün gücünü sərf etməyə hazırdır. Bəlkə də həyatdakı uğurlarının əsas səbəblərindən biri də budur...
Deyir ki:- “ Bu gün ədəbiyyatımızın kifayət qədər problemləri var. Çünki ədəbiyyatı əsl fədailər yaratmalıdır. Çünki ağır güzəranın altında inləyərək, evsiz-eşiksiz, xirtdəyədək məişət ağrılarıyla dolu bir zamanda ədəbiyyata könül verib vəfa göstərmək asan iş deyil. Bu cür adamlar böyük hünər sahibi olmalı. Xüsusən nırxı pozulmuş bazarda yaralı qəlbinin brilyant göz yaşlarını layiqli qiymətə satmaq, özünü təsdiq etmək çətindir. Çözüm bu ki, maddi rifah yüksəlməlidir. Bir ucaboylu, qədd-qamətli maaş hər şeyi həll edə bilər.”
Ən böyük mənfi cəhətlərindən biri gizlilikdir. O, çox vaxt özünü başqalarından gizləyir və hisslərini paylaşmaqdan çəkinir. Bu xüsusiyyət, onun daxili dünyasının dərinliyini başqalarına açmağı çətinləşdirir və bəzən yanlış anlaşılmalara səbəb ola bilir. Onun sirli təbiəti həyatın daha dərin və mənalı tərəflərinə olan marağını artırır. O, həyatda daha çox araşdırmağı və hər şeyin arxasındakı həqiqətləri öyrənməyi sevir. Onun üçün həyatın gizli tərəflərini kəşf etmək böyük bir ehtirasdır. O, mistik və ya metafizik mövzulara xüsusi maraq göstərir və bəzən ölümdən sonrakı həyat və kainatın mənası kimi böyük suallarla məşğul olur...
“Mən sonluq deyə bir şey düşünmürəm heç vaxt, bu ifadəni də qəbul etmirəm. Ən azı özümçün. Mənə qalsa ölüm ruhumuzun qaranlıqlardan sıyrılıb çıxmasının xilas yoludur. Sözsüz ki, hansısa kövrək məqamda kimlərisə – yaxınları, dostları ağlada biləcək zərif, dəbdəbəli, ağrılı nəsə yazmaq keçib könlümdən. Bilmirəm, bəlkə də səmimi ola bilmədim. Amma bir vaxt belə misralar yazmışam:
Baharda bənövşələr xəzanı heç düşünmür,
Ömrün qısa olmağı gəlmir ağıllarına.”
Bəli, Ayaz Arabaçı komandanı Nizami Gəncəvi olan Azərbaycanın şairlər ordusunun cəsur əsgərlərindən biridir. Ən böyük mükafatını zaman verəcək. Oktyabrın 24-də 57 yaşı tamam olur. Hələ ki, iki il Hüseyn Caviddən cavandır...
Onu təbrik edir, uzun və firavan ömür arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(24.10.2024)
Təbiət bizim evimizdir
Rəhilə Bağırova, Sumqayıt Gənclər kitabxanasının böyük mütəxəssisi, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir.
Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Gənclər kitabxanasında “Dostluq” mədəniyyət evinin müəllim və şagird heyətinin və 12 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamına əsaslanaraq “Təbiət bizim evimizdir” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirin aparıcısı Gənclər kitabxanasının müdir vəzifəsini m.i.e. Leyla Mahmudova mövzu haqqında ətraflı çıxış edərək qeyd edib ki, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə imzalanan bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut etdi.
Sonra “Təbiət bizim evimizdir” adlı sərgidə əks olunan kitabların xülasəsini verib.
Tədbir 12 saylı tam orta məktəbin və “Dostluq” mədəniyyət evinin şagirdlərinin “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş rəsm sərgilərinin təqdimatı və təbiətə həsr olunmuş şeir və mahnı ifaları ilə davam edib.
Sonda çıxış edən “Dostluq” mədəniyyət evinin bədii rəhbəri İlahə Hüseynova və 12 saylı tam orta məktəbin kitabxana müdiri Fəridə Həsənova tədbirin keçirilməsinin gənclərin maaariflənməsində, dünya görüşünün artmasında əhəmiyyətini vurğulayaraq kitabxana əməkdaşlarına təşəkkür ediblər.
“Ədəbiyyat və incəsənət”
(24.10.2024)
Türk Mədəniyyəti və İrsi Fondu İştvan Mandokinin 80 illiyini qeyd etdi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu və Macarıstanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə bu gün - 23 oktyabr 2024-cü il tarixində Fondun qərargahında Macarıstanın nüfuzlu türkoloqlarından olan və bu il 80 illiyi qeyd edilən İştvan Mandokiyə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri, Türk dövlətlərinin Azərbaycan Respublikasındakı səfirləri və diplomatları, eləcə də elmi dairələrin təmsilçiləri və ziyalılar iştirak edirdi.
Tədbiri açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova təşkilatın müşahidəçi dövləti olan Macarıstanın dilçilik və etnoqrafiya sahəsində tanınmış alimi Mandokinin nailiyyətlərindən söz açdı, alimin ömrünün əsasən Türk xalqlarının mədəniyyətinin, dilinin və tarixinin araşdırılmasına həsr etdiyini qeyd etdi.
A. Raimkulova Mándokinin türkologiyanın inkişafına verdiyi töhfələr sayəsində bir körpü yaratdığını bildirərək, öz elmi əsərləri ilə macar-türk dostluğunu möhkəmləndirdiyini vurğuladı.
Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma tədbirdə çıxış edərək Türk dövlətləri ilə qarşılıqlı əlaqələrin ölkəsi üçün önəm daşıdığını vurğuladı. Səfir Macarıstanın 2018-ci ildə Türk Dövləltəri Təşkilatına müşahidəçi qismində qatıldığını bildirdi. O, Macarıstan türkoloqlarının Türk Dünyasına dair vacib araşdırmalar yürütdüyünü qeyd etdi. Tamaş Yojef Torma tədbirin yüksək səviyyədə təşkil olunmasına və səmərəli əməkdaşlığa görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirdi.
Tədbirdə Azərbaycanda səfərdə olan Macarıstanın tanınmış türkoloqu, Macarıstan Elmlər Akademiyasının üzvü Devid Somfai Kara və Macarıstan İrs Evinin tədqiqatçısı Gergeli Agoqs Mandokinin həyat və yaradıcılığı, eləcə də Kıpçak-Türk-Macar əlaqələrinə həsr olunmuş təqdimatlarla çıxış etdilər.
Onların tədqiqatları barədə vodeogörüntülər nümayiş olundu.
Tədbirdə Özbəkistanın və Qırğızıstanın Azərbaycandakı səfirləri Bahrom Aşrafxanov və Maksat Mamıtkanov, Azərbaycanın görkəmli dövlət xadimi, Macarıstan-Azərbaycan əlaqələrinə töhfələr vermiş Həsən Həsənov, AMEA Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli çıxış etmiş, türk birliyində Macatıstanın yeri, türk dövlətlərinin qarşılıqlı əlaqələrinin inkişafına verilən töhfələr barədə fikir bildirdilər.
Musiqi nömrələri ilə davam edən tədbir çay süfrəsi arxasındakı maraqlı, polemik söhbətlərlə yekunlaşdı.
“Ədəbiyyat və incəsənət”
(23.10.2024)
Xalq şairi Xəlil Rza Ulutürkün səssiz keçən doğum gününə
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
İki gün öncə, oktyabrın 21-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair Xəlil Rza Ulutürkün növbəti doğum günü idi. Səssiz və səmirsiz keçdi.
Kim xatırlamır, ötən əsrin səksənlərinin sonunda xalq azadlıq hərəkatının meydan dönəmində Xəlil Rza lider idi, milyonların kumiri idi. Onu rus imperiyası həbs edib Lefortovo zindanına salanda hamı göz yaşı tökürdü…
Bəli, Xəlil Rza milli-demokratik hərəkatımızın yorulmaz mücahidlərindən idi. O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından olub. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq poeziyada vətəndaşlıq motivlərini həmişə qabardıb.
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 92-ci ildönümü, qeyd etdiyim kimi səssiz-səmirsiz keçdi.
Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. Ona babası Xəlil öz adını verib. Xəlil qayğı və nəvazişlə böyüyüb. Yeddi yaşı olanda 2 nömrəli Salyan rayon orta məktəbində təhsil almağa başlayıb. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü olub. Şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyadıb. Xəlil Rza hələ gənc yaşlarından onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışıb.
Xəlil Rzanın ilk mətbu şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində Xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak edən Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərib.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlayıb, mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. 1957-ci ildə onun ilk şeirlər toplusu -“Bahar gəlir” kitabı nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarına göndərir. Xəlil Rza institutda rus ədəbiyyatının görkəmli nümayəndəsi Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olub.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub. İstedadlı şair Xəlil Rza 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar incəsənət xadimi” adı verilir.
Ötən əsrin 80-ci illərinin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilir. Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilib. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır.
1991-ci il mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. Bir ildən sonra ona “Xalq şairi” fəxri adı verilib. İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.
Vətənini, millətini canından artıq sevən, “Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk ölümündən sonra “İstiqlal” ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
Növbəti - 93-cü ildönümündə daha çox xatırlanması arzusu ilə.
“Ədəbiyyat və incəsənət”
(23.10.2024)
Ən zəngin müsəlman ölkələri
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
“Dünyanın ən zəngin 10 müsəlman dövləti”nin reytinq siyahısı Vaşinqton post və digər aparıcı nəşrlərdə yer alıb. Dünyanın ən kasıb ölkələri Afrika ölkələridir, bunu yəqin bilirsiniz, ən varlı Avropa və Yaxın Şərqdəki ərəb dövlətləridir. Dünyanın ən çirkli dövləti də əfsus ki, müsəlman dövlətidir. Söhbət Banqladeşdən gedir.
İndi isə ən zəngin müsəlman dövlətlərinin onluğunu təqdim edirik:
Qətər
Küveyt
Bruney
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
Oman
Səudiyyə Ərəbistan
Bəhreyn
Türkiyə
Liviya
Malayziya
Şəkildə: Qətər
“Ədəbiyyat və incəsənət”
(23.10.2024)
YENİ İMZALAR – Pərvanə Hüseynovanın “Təəssürat” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Yeni imzalar rubrikasında Pərvanə Hüseynovanın “Təəssürat” adlı hekayəsini təqdim edir.
Ananın bətnində böyüdükcə yavaş – yavaş ətrafı hiss etməyə başlayırdı . İki-üç ay bundan öncə özünü heç bəyənmirdi gah balığa, gah çömçəquyruğa, gah başı bədənindən böyük bədheybətə bənzəyirdi. Həmin vaxtlar anası ilk dəfə müayinə üçün getmişdi. Həkim yastı bir aləti qarnını üstündə gəzdirərək yandakı ekranda gördüklərini bir – bir anasına xırdalayırdı:
– Hamiləliyiniz hələ bir - neçə həftəlikdir, rüşeymin inkişafına baxılarsa, normal inkişaf gedir.
Anası bu sözdən sevinmişdi. Amma onun özü, bu rüşeym sözündən çox da məmnun olmamışdı. “ Bu nə addır belə, yoxsa doğulandan sonra da məni bu adla çağıracaqlar?”
Bir az əhvalı pozulmuşdu. Sonrakı həftələrdə həkim onun adına döl demişdi. Bu ad da o qədər xoşuna gəlməmişdi. Onda özünə məxsus xarakteri olduğunu göstərmək üçün o tərəf-bu tərəfə çabalayıb, şəhadət barmağını yuxarı qaldırmışdı. Demək istəyirdi ki, “sizin dediyiniz adlarən heç biri mənim xoşuma gəlmir. Anam mənə qardaşıma verdiyi kimi gözəl ad verəcək.”
Hətta bu hərəkətləri həkimlərin gözündən yayınmamışdı. Bərkdən şaqqanaq çəkib gülən həkim anasına – “Oğlun bizə barmaq silkələyir “-dedi. Həkimin belə ləzzətlə gülməyi tibb bacısına da maraqlı gəldi. Əlindəki işini yerə qoyub, ana ilə həkimin baxıb güldüyü ekranın qabağına gəldi. İndi üçü də bir-birinə qoşulub gülürdü. İşini yekunlaşdıran həkim: ”Xeyli güldük, ürəyimiz açıldı, bu oğlana yaxşı bax, bu elə belə uşaq olmayacaq” – dedi.
Bu dəfə “uşaq“ sözü diqqətini çəkdi. Daha sonrakı gəlişlərində həkim hətta onun ürək döyüntüsünü də anasına dinlətdi, sonra da baxdığı ekranın yanından xırıltı ilə boz bir kağız çıxdı. Həkim o kağızı qoparıb anasına verdi:
– Al! Bu da körpənin şəkli.
Şəkli görən ananın iri badamı gözləri elə güldü ki, sanki qaranlıq otaq lampasız işıqlandı. Ananın sevincini, fərəhini görən həkim maraqla soruşdu:
- Kimə oxşayır?
Sevincdən ürək döyüntüləri artan ana nəfəsini dərib, sakitcə danışmağa başladı:
-Böyük oğlum üz cizgilərindən mənə bənzəyir, xarakterdə atasına. Balaca olsa da, təmkinli olacağı bəllidir. Mənə verdiyiniz şəklə baxıram, körpəm atasına oxşayır. Amma, deyəsən, bir az mənim kimi çılğın olacaq.
Hər ikisi keçəndəfəki müayinəni xatırlayıb gülümsündülər. Bu dəfə o, həkimdən razı qalmışdı. Həkim ona təzə ad vermişdi – “Körpə”. Gözəl səslənirdi.
Evə gələn kimi anası bədənüma güzgünün qarşısında durub həvəslə özünü süzdü, hamiləliyin ona yaraşdığını son günlərdə hər kəs deyirdi. O, da ilk dəfə anasının necə gözəl olduğunu anladı. O, bəstəboy, uzunsaçlı, gözəl bədən quruluşlu, bir qədər də hamiləlik səbəbindən çəki almış, gözlərindən, ağappaq çöhrəsindən, gülümsəyən dodağından xoşbəxtlik yağan bir qadındır. Onun pozitiv görünüşünün bir hissəsi özünə aid olsa da, bir hissəsi də sevdiyi həyat yoldaşına aid idi. İlk tanışlıqları belə olmuşdu – oxuduğu universitetdə hərbçilərlə keçirilən görüşdə tanış olmuşdular. Hərbi geyimdə soyuqqanlı adam təsiri bağışlayan gənc zabitlə tanışlıqlarından sonra soyuq görkəmin altında necə həlim, mehriban ürəyin olduğunu duymuşdu və beləcə, həyatlarını qovuşdurmuşdular. Xoşbəxt ailələri vardı.
Axşam atası işdən gələndə, səbirsizliklə yol gözləyən anası elə qapının ağzındaca şəkli ona göstərib, həkimin dediyi sözləri bircə-bircə təkrarlamağa başladı. Həkim deyir ki, körpəniz çox gümrahdı.
Həkimin zarafatla dediyi sözlərini də unutmadı. Ədayla onu da ərinə danışdı. Həkim deyir ki, hələ bu günə qədər mənə şəhadət barmağını silkələyən olmamışdı, bu oğlana yaxşı baxın, deyəsən çox ağıllı olacaq.
Hər ikisi fərəhlənmişdi. Sözünü bitirəndən sonra anası əlavə etdi:
-Bax, canım, şəkil eynən sənə bənzəyir.
Şəkli görən ata, anadan da çox sevindi deyəsən.
- Bəs necə, hər ikisi sənə bənzəyə bilməz ki , -deyib, həyat yoldaşının gülən gözlərindən öpdü.
İndi bütün ailə onun gəlişini səbirsizliklə gözləyirdi.
Yavaş-yavaş ətrafı anlamağa, tezliklə gələcəyi dünyanı öyrənməyə başlamışdı. Eşitdiyi səsləri, gülüşü, qışqırığı, acıqlı danışığı biri-birindən ayırmağa çalışırdı. Bu belə də asan olmurdu. Bəzən ona elə gəlirdi ki, insanlar gülümsəyərək danışanda yalnız yaxşı şeylərdən bəhs edirlər. Acıqlı görünürlərsə, deməli pis adamdırlar. Hündürdən danışmaq dava-dalaşdı. Bəzən bu fikirləri onu yanıldırdı, indi də insanları jestləri ilə tanımaq istəyirdi. Bəzən də elə olurdu ki, insanların ananın gözündən yayınan hərəkətlərini o görür, anasını xəbərdar etmək istəyirdi. Ən çox istədiyi bir şey də vardı. Qardaşının başına sığal çəkən anasının əllərinin hərarətini öz saçlarında hiss etmək.
Axşam anası qardaşını öz yataq otağına gətirib, yatızdırmağa çalışırdı. Qardaşının otağı çox rahatdı. Qırmızı maşın formasında olan çarpayının üstünə göy rəngli yataq dəsti örtülmüşdü. Pəncərədəki qırmızı pərdənin üzərində hörümçək adam əks olunmuşdu. Otaqdakı gecə lampasının üstündə də eyni şəkil vardı. Orta və nisbətən kiçik ölçülü, dolabların hər ikisinin profili qırmızı, yanları göy rəngdəydi. Divarda müxtəlif ölçülü çərçivələrdə qardaşının, həm valideynləri ilə, həm də tək şəkilləri asılmışdı. Eynən bu dolablar rəngdə olan üst tərəfi kitab rəfi, ortası yazı masası, aşağısı isə şkaf olan daha bir dolab vardı. Rəfdə şəkilli nağıl kitabları vardı. Qardaşını yatağa uzandırandan sonra anası kitablardan birini götürüb, oxumağa başladı. Qardaşı maraqla dinləyirdi. Anası dünyanın kürə formasında olmasından danışırdı. Kürənin nə olduğunu qardaşı başa düşməmişdi.
Ana kürə nədir deyə, soruşmuşdu. Anası dolabın üstündəki balaca suvenir qlobusu ona göstərib, bax bu, dünyanın kiçik formasıdır, dünyanın 70 % sudur, - demişdi.
Hə, demək, qardaşıyla, valideynlərinin yaşadığı dünya onun indi yaşadığı dünyaya bənzəyirdi. O da topa bənzər, içərisində maye olan dünyasında böyüyürdü. Neçə vaxtdan bəri göbəyindən başlayıb, onu əhatə edən dairəvi divarların lap yuxarısına yapışmış göbək ciyəsinin və burdakı dupduru mayenin onun rahat hərəkət etməsinə necə yardım etdiyinin fərqinə indi vardı. Anası ona, dünya içərisində dünya yaratmışdı.
Qardaşı yorulub, yatmaq istəyəndə anası laylay çalmağa başladı. Onun məlahətli səsi vardı, o da qardaşı ilə birlikdə yuxulamağa başlayırdı. Nədənsə indi özünü anasına qardaşından çox yaxın hiss edirdi. Qardaşı təkcə layla səsini eşidirdi, o isə laylayla birlikdə anasının ahəngdar həzin ürək döyüntüsünü də eşidirdi. İlk eşitdiyi musiqiydi anasının ürək döyüntüləri. Ən çox da o döyüntülərin sədaları altında əl qol atıb, tərpənirdi. Çünki hiss edirdi, indi ananın ürəyi hər kəsdən çox onunçün döyünür.
Bu gün səhər anası qardaşını parkda gəzdirdikdən sonra evə yenicə qayıtmışdı. Həkimin onun şəklinə baxdığı dördbucaqlı qutuya bənzər bir qutu vardı evlərində. Anası həmin qutunu açmışdı, orda anası kimi gözəl bir qadın danışırdı. Dünyadan xəbərlər verirdi.
-Görəsən bu da anamın danışdıqlarını danışacaq?
Diqqət kəsildi... Ekranda dağılmış evlər göründü, yaralı insanları daşıyan, anasının həkimi kimi ağ xalatlılar vardı ətrafda. Gördüklərinin adına zəlzələ deyirdilər. Sonrakı kadrda yaralı qan içində uşağı qucağına almış ata fəryad edirdi. Balaca ürəyi elə bil dayanmağa hazırlaşırdı, boğulurdu. Üzünü çevirmək istədi, bu dəfə diqqətini qardaşı yaşında bir uşaq çəkdi.
Uşaq kəsilmiş plastik butılkada yarıya qədər palçıq, yarıdan çoxu lil olan, suya gözünü zilləmişdi, durulmağını gözləyirdi. Ekrandakı qadın görünənləri izah edirdi, ”Afrikada, bir çox cənub dövlətlərində, su qıtlığı dözülməz həddədir”- deyirdi.
Axı anası demişdi ki, dünyanın yarısı sudur? Yox ola bilməzdi. Yəqin bu qadın nəyisə, düzgün izah etmir. Yoxsa anası yalan deməz. Yorulmuşdu amma anasının dediklərini yalan çıxardan, bu qadına axıra qədər qulaq asmalıydı. Nəyə görə onun sözü anasıyla düz gəlmirdi? Səbəbini bilməliydi.
Növbəti səhnə daha acınacaqlıydı. Qupquru, cadarlanmış torpağın üstündə sərələnib, oturmuş uşaqların aclıqdan və toz-torpağın üstündə qalmaqdan quruyub, arıq, cılız sümüklərinə yapışmış dəriləri, sanki hansısa bir skeletin üstünə geyindirilmiş yad geyimə bənzəyirdi üzərlərində. Əyinləri çılpaq, ayaqları yalın idi. Onları qoruyan yeganə geyim elə dəriləri idi.
Bir az kənarda nisbətən böyük yaşlı uşaqlar, əllərində çirkli, əzik qazanlar yemək növbəsində durmuşdular. Lap körpələr isə nimdaş geyimlərdə, torpağın üstündə oturub, çəlimsiz qollarından başqa, övladına heç bir sığınacaq verə bilməyən analarının qucağına qısılmışdılar. Burdakı anaların gözləri, baxışları, görkəmləri bir-birinin eyniydi. Bütün gözlərdə ümidsizlik, biganəliklə, carəsizliklə qəribə vəhdət yaratmışdı.
Uzaqlara zillənmiş gözləri yaşamadıqları, sadəcə nəfəs aldıqları bu dünyanın, gözə görünməyən divarlarını dəlib, lap uzaqlarda özlərinə dünya axtarırdı. Qazanlarına bir çömçə isti yemək tökülən uşaqlar sevincək analarının yanına qaçır, köhnə əski parçasına bükülmüş, quruluqda yerdəki kəsəklərdən seçilməyən, çörək qırıntılarını, bu yeməkdə isladıb, yeməyə çalışırdılar. Aparıcı qadın Qəzza deyilən bu yerin dünyanın ən qaynar, ən çox qan tökülən yeri olduğunu və yaxın zamanlarda da sülh gözlənilmədiyini deyirdi.
Gördükləri onu qorxutmuşdu.Deyəsən aparıcı onunla inadlaşırdı. Qəzzadakı qan gölündə boğulan, həyatını itirən insanların sayı ilə yanaşı, ayrıca öldürülmüş uşaqların sayı vurğulanırdı. Yəqin son illərdə ən çox uşaqların öldüyü yer buraydı. Aman Allah nə qəribə yer idi, dünya dedikləri bir yanı quruyub cadarlanıb, bir yanı işıq saçır. Görəsən, anasının indi ona yaratdığı dünyadan azad olub, yeni dünyaya gələndə onun halı necə olacaqdı?
Qorxudan əl-qol atıb çabalayır, anasına etiraz etmək istəyirdi.
Bətnində qəfil başlayan çırpıntıdan ana narahat olmuşdu. Bir əlini qarnının altina, o birisini isə göbəyinin üstünə sıxıb, divana çökmüşdü. Qarnının altında başlayan ağrı belinə vurur, az qala nəfəsini kəsirdi. Ürək döyüntüləri getdikcə artır, başında, boynunda sıxıntılar əmələ gəlirdi. Vəziyyətin kəskinləşdiyini görüb, əlləri əsə-əsə hamiləliyinə nəzarət edən həkimə, sonra isə təcili yardıma zəng vurdu. Həkim təzyiqin yüksək olduğunu, həm ana üçün həm də döl üçün təhlükə ola biləcəyini, təcili xəstəxanaya çatdırılmalı olduğunu dedi.
Belə həyəcanlanıb, anası üçün təhlükə yaratdığı üçün peşman oldu. Sakitləşib üzünü anasının qarnının ön divarından, arxaya belinə tərəf çevirib, ayaqlarını qarnına yığıb, əlini çənəsinə söykəyib, beləcə hərəkətsiz qaldı.
Ultra səs müayinəsində həkim dölün ürək ritminin normallaşdığını desə də, hərəkətsiz olmasından narahat qalmışdı. Anaya bir neçə dəfə bərkdən öskürməyi xahiş etdi ki, bəlkə ananın bətnində baş verən titrəyişdən körpə hərəkətə gələ. Amma o israrlıydı, heç halını pozmadan olduğu vəziyyətdə də qaldı- küşmüşdü....
***
Bir neçə gündən sonra anası yaxşılaşıb evə qayıtmışdı. Artıq hamiləliyin 8-ci ayındaydı. Həkimlər çox az vaxt qaldığını, indi səhhətinə həmişəkindən çox diqqət yetirmək lazım olduğunu demişdilər.
Yenə anası qardaşını parka aparmışdı. Sarı oturacaqlı, dəmir zəncirlə hundur dəmirlərə bağlanmış, yelləncəkdə yelləndikcə, sevinc çığırtıları ətrafı bürüyürdü. Anası da qardaşıyla birlikdə gülürdü. O da bir az özünü rahat hiss edirdi. Axşam atasının gəldiyi saatın yaxınlaşdığını hiss edən qardaşı tez-tez qapıya yaxınlaşırdı. Qapının zəngi çalınan kimi çığırıb qapıya qaçdı. Atası qapının ağzında onu öpüb, anasının vəziyyətini soruşdu. Görkəmindən təlaşlı olduğu, həyəcanını gizlətmək istədiyi, açıq- aydın hiss olunurdu. Süfrəyə oturub, yemək yeyəndə, nəhayət tərəddüdlə sözə başladı. Həyat yoldaşının, çox həyəcanlanacağını bilirdi. Ona görə də üzünə baxmamağa, qayğılı gözlərini ondan qaçırmağa çalışırdı.
-Səni bu vəziyyətdə tək qoymaq istəməzdim- nəfəsini dərib bir qurtum su içdi və davam etdi, - Amma tapşırıq almışam... Sonuncu torpaqlarımızı da terrorçulardan azad etməliyik. Getməliyəm...
Anası doluxsunmuşdu. Etiraz etmək mənasızdı. Həyat yoldaşının borcuydu, getməliydi.
Nigahlarından əvvəl aralarında belə bir söhbət keçmişdi:
-Hərbçinin - hər an Vətəni uğrunda ölümə getməyə hazır olan insanın həyat yoldaşı olmaq asan iş deyil. Bəlkə də bütün ömrün boyu bu həyəcanı yaşamalı olacaqsan. Hər an əziz bir insanını itirmək qorxusu və buna mətanətlə dözmək, sınmamaq, əyilməmək səni müşayiət edəcək. Gələcəkdə dünyaya gələcək övladlarımızı lazım gələrsə, tək başına böyütmək məsuliyyəti var ortada – Sən buna hazırsanmı?
Təmkinlə, alacağı cavab “Yox” olsa belə, “anlayışla qarşılayacağam” deyən baxışlarla qızın üzünə baxmışdı.
Sevdiyi adamı itirmək qorxusuyla gözününün qabağında üçrəngli bayrağa bükülmüş şəhid tabutu canlanmışdı qızın. Özünü bir anlıq həmin anaların, gəlinlərin yerinə qoymuşdu. Gözlərini bərk-bərk yumub, kirpiklərini sıxmışdı. Həyəcandan bədəni titrəmişdi, tükləri biz-biz olmuşdu. Bir neçə saniyədən sonra simasında yenidən günəş doğmuşdu.
Qızın müstəqil qərar verməsi üçün gənc zabit sakitcə dayanıb, onun üz ifadələrini izləmişdi. Anidən üzündə doğan günəşin səbəbi artıq ona aydın idi. Axı hər ikisi eyni xalqın övladıdır. Hər ikisinin damarından eyni qürur axır.
Sevdiyi qız gözlərini açanda heç bir söz demədən onun əlini əlləri arasına alıb bərkdən sıxmışdı. Artıq sözə ehtiyac yox idi. O, istədiyi cavabı almışdı.
...İndi həyat yoldaşının gedəcəyini eşidəndə yenidən həmin günləri xatırladı. Və bir də 44 günlük müharibəni.. . İlk övladlarının doğulacağı günü səbirsizliklə gözləyirdilər. Həyat yoldaşının döyüşdə olması onu hamiləliyin son günlərini təkbaşına keçirməyə məcbur etmişdi. İlk övladlarının doğulması xəbərini də cəbhədə almışdı həyat yoldaşı. İndi də ikinci övladlarının doğulmasına az qalmış yenə də düşmən terroru rahatlıqlarını pozmuşdu .
...Anası əlini qardaşının başına qoyub, onu özünə tərəf sıxırdi. Anasının titrədiyini, həyəcandan belə etdiyini hiss edirdi. Deyəsən, atası da hər şeyin fərqindəydi, sadəcə vida dəqiqələrinin uzanmaması üçün soyuqqanlılığını qoruyurdu. Qapıdan çıxanda anasına “Övladlarımdan muğayat ol” deyib, qardaşını qucağına aldı. İndi o da atasını qucaqlamaq istəyərdi, ancaq atasının “Övladlarım” sözüylə təskinlik tapmaqdan başqa yolu yoxuydu. Hiss etdiklərini, atasına göstərə bilmədiyinə görə qəzəblənmişdi. Çırpınıb, bir anda azad olmaq, atasına sevgisini göstərmək istəyirdi. Anası bətnində qopan təlatümdən narahat olsa da, ağrı, sancı hiss etdikcə dişini dişinə sıxıb dözürdü. Necə olur olsun, həyat yoldaşı onun narahat olduğunu bilməməliydi. Onu ailəsi ilə vətəni arasında seçim qarşısında qoymamalıydı.
Qapıdan çıxanda “Bu dəfə terrorçulara 44 gün nədir, heç 44 saat da nəfəs çəkməyə imkan verməyəcəyik “ deyib getdi. Bayaqdan zorla müvazinətini saxlayan ana, durduğu yerdəcə diz üstə çöküb, valideynlərinə zəng etdi. Xəstəxanada həkimlər yarımçıq doğuşun ola biləcəyindən ehtiyat edib, anaya ciddi yataq rejimi tövsiyyə etmişdilər.
Beləcə anasının narahat günləri başlamışdı. Bir yandan həyat yoldaşının nigarançılığı, bir yandan bətnindəki körpəni itirə biləcəyi qorxusu, bir yandan da böyük oğlunun atasından ayrı qala bilməməsi.. Qardaşı hər axşam atasının işdən gəldiyi saatda qapıya qaçır, atasının gəlmədiyini görüb boynunu büküb, küskün gözlərini anasının üzünə zilləyirdi. Ananın keçirdiyi həyəcanı hər kəsdən çox o, hiss edirdi. Ürək döyüntülərində ən kiçik dəyişikliyi hiss edir, gah tamam hərəkətsiz qalır, gah da narahat-narahat “öz kiçik dünyasının “divarlarını döyəcləyirdi.
Günləri səksəkəli keçirdi. Bəzən atasından günlərlə xəbər ala bilmirdilər. Bəzən də qısa müddətli telefon danışıqlarında “Erməni terrorçuları xəbərdarlıqlarımıza qulaq asıb geri çəkilsələr, bizim qan tökmək niyyətimiz yoxdu“,deyirdi. Yenə də anası həmən dördbucaqlı qutuya baxırdı. Aparıcnın sevinc dolu səsi eşidildi “ Antiterror döyüşləri 24 saatdan da qısa bir müddətdə başa çatdırıldı. İşğal altında olan sonuncu torpaqlarımız da azad olundu!“
Ardınca aparıcı əlavə etdi: “Təəssüf ki, yaralanan, ağır vəziyyətdə olan döyüşçülərimiz və şəhidlərimiz də var....”
Qəfil eşitdiyi sözlərdən sonra neçə gündən bəri atasından xəbər ala bilməyən anası, huşunu itirib yerə yıxıldı. Qardaşı “ana qorxuram”, deyib ağlamağa başladı.
Əməliyyat otağında cərrah assistentləri tələsdirirdi.” Cəld olun nəyin bahasına olursa, olsun ananı da, körpənidə xilas etməliyik” deyə haray şəkdi.
Anası huşunu itirib yıxılanda, atasını onlardan ayrı salan, anasına, qardaşına belə qorxuları yaşadan, bir dəri bir sümük olan, ac uşaqlara uşaqlığını unutduran, bu dünyaya gəlmək istəmədiyini qətiləşdirdi. Ən çox da anasının, həyatını əlindən almaq bahasına gələcəyi dünyanı heç istəmirdi. 8 ayda anası ilə arasında bağ olan, ona oksigen, qida verən göbək ciyəsindən kiçik əlləriylə bərk-bərk yapışıb elə çırpındı ki, göbək ciyəsi bir neçə dəfə boynuna dolanıb, anasından aldığı oksigenin və qanın qarşısını kəsdi. Beyin damarları gərilir, boğulduqca daha çox cabalayırdı. Anası huşsuz vəziyyətdə olmasaydı onun gündəlik tərpənişlərinə bənzəməyən halını dərhal anlayardı. İndi isə ana-bala hərəsi bir-birindən xəbərsiz can çəkişirdilər.
Ginekoloq cərrahı tələsdirirdi:
- Qanaxmanı bir neçə dəqiqəyə dayandıra bilməsək, ananı itirə bilərik.
Uşaq həkimi, körpənin ürək döyüntülərinin getdikcə zəiflədiyini deyirdi. Hər kəs əlindən gələni edirdi. Nəhayət, onu ananın bətnindən ayırdılar. Pediatr rəngi bozarıb, külə dönmüş körpəni yandakı əməliyyat stoluna uzandırıb, ovuc içindən də kiçik köksünə bir barmağını qoyub, ürəyini qapalı masaj etməyə başladı.
Həkim körpənin getdikcə, zəifləyib, yox olmaq həddinə çatmış ürək döyüntülərini hiss edib, sonuncu ümiddən bərk-bərk yapışmaq istəyirdi. Cəhdlər nəticə vermədi. Gəlməyə qorxduğu, bir neçə dəqiqəlik qonağı olduğu dünyada sonuncu eşitdiyi söz “Ananı xilas etdik!“ nidası oldu.
“Ədəbiyyat və incəsənət”
(23.10.2024)
“İt kimi... “ - Kəmalə Mirzəyevanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Kəmlə Mirzəyevanın hekayəsi təqdim edilir.
Hər ikisi bir-birindən xəbərsiz səhərəcən yata bilmədi.
Hərəsi bir yerdə - qadın orda, professor burda.
Biri şəhərin bu başında, biri o biri başında...
Amma onları bu məsafədə birləşdirən, bir-birinə bağlayan başqa bir məsələ də vardı - nigaranlıq.
Hər ikisinin gözü televizorda və xəbər saytlarındaydı.
Efir isə gah "narıncı", gah "sarı" hava xəbərdarlığı ilə aşıb-daşırdı, Bakıda külək güclənəcək, rayonlara güclü yağış yağacağı deyilirdi.
Dünən qayıtdıqları həmin rayonda xüsusilə güclü yağış, sel gözlənilirdi. Bunu eşidəndən sonra professor rahatlığını tamam itirdi. Keçirdiyi peşmanlığa qəribə bir qorxu da qarışdı.
Axı dünən niyə götürüb gəlmədilər? Maşında da yer vardı...
İndi onları qurd-quş yeməsə də, sel mütləq aparacaqdı.
Professor ilk dəfəydi ki, bu hissləri keçirirdi.
Nə qədər əməliyyat keçirmişdi, gözlərinin qabağında nə qədər dünyasını dəyişən olmuşdu...
- Hazırlaş, gedək, - dedi Professor.
Ürəyindəkini dilinə gətirməkdən qorxdu:
- Biz ora çatana kimi, qorxuram, onları sel apara.
Professor son illər seldən-sudan yaman qorxurdu.
- İnşallah, heç nə olmaz.
Telefonun o başındakı Qadın bir az ara verib:
- Sizi tanımaq olmur, Professor, - dedi.
Qadın onun bu zənginə həm sevindi, həm təəccübləndi.
Həqiqətən, on il vardı ki, bir yerdəydilər.
Amma onu heç belə görməmişdi.
Qadın, hətta arada insanlardan daha çox, bu dilsiz-ağızsız canlılar barədə danışanda onu yoracağından, hətta bezdirə biləcəyindən də qorxurdu.
Onsuz da onun işi çoxuydu. Evində də kifayət qədər problemləri vardı. On ildi ki, oğlu hansısa səbəbdən baş alıb xaricə köçmüşdü. Oğlu bu illər ərzində, bir dəfə də olsa, atasını, anasını görməyə gəlmədi. Bu da Professorun xanımı və qızları üçün əməlli-başlı bir dərd oldu.
Ardınca dəhşətli bir xəbər onları sarsıtdı.
Professorun oğlu yaşadığı şəhərdə bir gün hansısa dostlarıyla çayda çimərkən boğulub - Belə deyirdilər.
Professor oğlunun dalıyca çox gedib gəldi. Amma onu tapa bilmədilər.
- Çay, yəqin aparıb. Çoxdan dənizdədir.
Dedilər:
- Şişəndə üzə çıxacaq.
Professor uzun müddət o dənizdən, o sahildən xəbər gözlədi.
Amma...
Gəlmədi.
Qayıtmadı.
Tapılmadı.
Elə Professorun oğlu bu şəhərdən köçüb gedəndən sonra onların da arasında bu yaxınlıq yarandı.
Professorun da oğul dərdi vardı, Qadının da...
*
Qadın da oğlunu itirmişdi. Döyülmüşdü. Elə canındakı, qarnındakı ağrıları körpəsi daha dəhşətli yaşamışdı, deyəsən. Onu bu dünyada heç nə özünə çəkmədi - nə anasının nəvazişi, nə həyatın şirinliyi. Anasının bətnindən dəhşətli bir ağrıyla doğuldu, doğulan kimi də çıxıb getdi. Qadının gücsüz qolları onu heç cür tutub saxlaya bilmədi.
Əri birdən-birə dəyişdi - başladı çəkməyə, içməyə. Ardınca onun sevə-sevə oxşadığı balaca, zərif qarnına yumruqlar vurmağa başladı. Hər dəfə qarnındakı ağrılardan qovrula-qovrula:
- Vurma, uşağımızı vurma, - deyirdi.
- Qoy öyrəşsin, öyrəşsin. Gələndə onu burda toy-bayram gözləmir, - deyirdi.
Qadın ağrıdan qıvrılırdi, amma heç cür anlaya bilmirdi ki, hələ bu dünyaya gəlməmiş bu körpəni qorxutmağın adı nədir?!
- Mən səni heç vaxt sevmədim. Uşağım da sevməyəcək səni.
Bundan əri həm qəzəblənir, həm də sanki xoşhal olurdu. Gülürdü.
Zorla ayrıldılar. Qadın, sanki keçmişindən qaçırmış kimi baş alıb uzaq bir şəhərdə yaşayan yaxın qohumlarının yanına getdi.
Neçə il orda yaşadı, başını işlə-güclə qataraq hər şeyi unudub yenidən doğulmaq istədi. Amma alınmadı. Hər halında ondan qaçıb gedən körpəsini gördü.
O, bir daha ana ola bilməyəcəkdi.
Bir də nə mənası: ola bilsə belə, daha bunu istəməyəcəkdi.
Qayıtmayacaqdı bir daha bu şəhərə. Amma onu illər sonra çəkib bu yerlərə gətirən yenə canındakı həmin ağrılar və balaca, əl boyda körpəsi oldu.
Qayıdan kimi evdəkilərdən oğurlanıb həmin evə üz tutdu. Dar küçədə bir tut ağacının arxasında gizlənib bir neçə ay yaşadığı, körpəsini həm tapıb, həm itirdiyi o evi uzun-uzun, xəlvəti seyr eləməkdən doymadı.
Bu dəqiqələrdə körpəsini yaxında hiss edə biləcəyi ona nə qədər ruh verirdisə, əri ilə bir daha rastlaşmaq, ərini ani də olsa, görmək ehtimalı onu az qala məhv eləyirdi.
Çox sonralar bildi ki, o evdə artıq başqaları yaşayır.
Əri təzədən evlənmişdi və təzə gəlinin təkidiylə bu "uğursuz" evi də elə öz qonşularına satmışdı.
Artıq Qadının keçmişindən burda heç nə qalmamışdı...
*
Uzun illər bir yerdə çalışsalar da, sanki hər ikisi birdən ayılıb bir-birlərini gördülər. Bu illər ərzində hər şeydən danışsalar da, Professor oğlundan, qadın şəxsi həyatından danışmağı sevməzdi...
Tezdən yola düşdülər.
Kolbasa, sosis, çörək alıb təzədən ora qayıtdılar.
Telefonun işığında onları axtardılar.
Dördü də bir-birinə sıxılıb qorxu ilə onlara baxırdı.
Anaları yenə yox idi.
- Görürsən, bu torbanı? Bunda gətirib atıblar. Bəlkə anası hardasa bunları axtarır.
Professor:
- Kim bilir, bəlkə elə anasını bu yolda maşın vurub? - dedi.
- Bəlkə də sel aparıb.
Elə bu vaxt uzaqdan bir səs gəldi.
O yanda qoyun sürüsü görünüb dağın arxasına adladı.
Sürünün dalıyca Çoban da bir anda görünməz oldu.
Amma hər ikisinə elə gəldi ki, Çoban iri bir daşın arxasında gizlənib onları güdür.
Professor bir-iki dəfə:
- Qardaş, - deyib Çobanı səsləsə də, ondan cavab gəlmədi.
Birdən həmin daşın arxasından balaca bir uşaq çıxıb onlara sarı üzüaşağı qaçmağa başladı.
Uşaq o qədər balacaydı ki, onu bayaq nə Çobanın yanında, nə də qoyun-quzunun arasında görə bilmişdilər.
Uşaq qaçırdı. Dalıyca balaca ayaqlarından qopan xırda daşlarla yanaşı balaca bir quzu da qaçırdı..
- Hara gedirsən, it balası? Sizi gücnən saxlayıram.
Atasının bu zəhmli səsinə uşaq birdən dayandı.
Çoban:
- Get, get. Get, sən də qoşul onlara. Sən də ol onların biri, - dedi.
Uşaq tərəddüdlə çevrilib atasına baxdı. Professorla qadın da dönüb bir-birlərinə baxdılar.
Bilmədilər Çoban bunları deyir, ya burdakı küçükləri?
Professor uşağı səslədi:
- Tanıyırsan bunları? - dedi.
- Onlar mənimdir...
Gözlərindən yaş axa-axa dedi uşaq.
- Bəs anası hanı?
Uşaq:
- Anası dəli olub.
Bir az duruxub:
- Başından bağlayıb, balalarını gətirib atdılar bura.
Ağlaya-ağlaya:
- Döşlərinə o qədər süd gəldi ki, sinəsi partladı...
- Sonra başladı özünü yeməyə...
Uşaq ağlaya-ağlaya:
- O elədi, bax, o, - dedi.
Balaca barmaqlarıyla artıq daşın arxasından çıxan atasını göstərdi.
Professor uşağı sakitləşdirməyə çalışdı:
- Biz aparıb saxlayacağıq.
- Bircə sən narahat qalma.
Bunu da qadın dedi. Dedi və qarnında güclü bir sancı hiss elədi...
Uşaq küçüklərin hamısını balaca qucağına almağa çalışsa da, hərəsi bir yandan sürüşüb düşürdü.
- Qoy aparsınlar.
Onların pulu çoxdur. Pulları çoxdur, məşğuliyyətləri yoxdur.
Çoban kinayəli-kinayəli dilləndi:
- Gəl, gecdir. Sürü getdi. İndi anan başlayacaq bizi axtarmağa.
Çoban əsəbi şəkildə uşağı səslədi.
Uşaqsa:
- Amma bunların anası öldü, - dedi.
O, qucağındakı qara küçüyü ehtiyatla qadına uzadıb elə bil: "Bunu ancaq sənə etibar edirəm" demək istədi.
Dönüb ağlayan gözlərini gizlədərək atasına tərəf qaçdı.
Balaca quzusu da ondan geri qalmadı...
Hər ikisini bu uzaq, tənha dərədə qəribə bir təklik hissi bürüdü.
Qadın illər əvvəl o yad şəhərdə olduğu kimi yaxınlaşıb onu qucaqladı. Professorun əlləri onun sarı saçlarında gəzdi...
Yolboyu hər ikisi susdu. Onlar susanda da danışırdılar. Belə də bir-birlərinin ürəyindən keçənləri bilirdilər.
Bir baxış, bir toxunuş kifayət idi...
*
Professorun dəniz kənarındakı bağ evinə çatana kimi xeyli vaxt keçdi.
Professor ağzı örtülü qutunu ehtiyatla götürüb yerə qoydu.
Qadın sakitcə onun bu hərəkətlərini izləyirdi.
Professor susurdu: ona nə "qal" deyirdi, nə "get".
Qadın nədənsə təkid eləmədi, getməyi üstün tutdu, "Sabah görüşərik", - dedi və onu yüngülcə qucaqlayıb maşına oturdu. Professor o, gözdən itənə kimi yerindən tərpənmədi.
Sanki balaca küçüklərin qoxusunu almış kimi qonşuluqdakı itlər bir-birinə qoşulub hürdülər. Küçüklər bu səsdən qorxaraq qutunun içində bir-birinə daha bərk sığındılar.
İtlərə baxan qara kişinin səsi gəldi:
- Bəsdir, bəsdir, - deyə onlara acıqlandı.
Sonra gözləri bir nöqtəyə dikilən professora yaxınlaşdı. Salamlaşdı və qutunu yerdən götürdü. Sonra götürdüyü kimi astaca yerə qoydu, diqqətlə bir-birinə sığınan küçüklərə baxdı, başlarını sığalladı. Küçüklər bir-birindən daha bərk yapışdılar.
- Amma bunları indi apara bilməyəcəm, professor. Çox körpədilər. Gərək ayrıca yer eləyəm bunlara. Bu yaşda yoxumdur. Ayaq altda qalarlar. İtlər bir-birini qırar bunların üstündə. Yazıqdılar.
Ən geci, sabah axşama yer taparam bunlara. Gedib, təzə ət gətirərəm bunlara. Acdılar, deyəsən.
Professorun diqqəti qadından ayrılıb bir anlığa ona dikildi.
İllərdir bir-birlərini tanıyırlar. Onun qonşuluqda yerləşən, it-pişiyə baxdığı ev də professorundur, ona bağışlayıb.
Amma nədənsə o, bunları xatırlamır, daha çox keçmişini yada salır və hər dəfə də eyni şeyləri təkrarlamaqla, sanki bundan həm həzz alır, həm də kiməsə acıq verirdi.
Kim bilir, bəlkə elə Professorun özünə acıq verir: "Məni elə-belə görmə, tanımadım, bilmədim demə..."
Nə tez gedib qayıtdı?
- Professor, mən də sizin sahənin adamıyam, ha.
On beş ildən çox bu boyda şəhərdə ən böyük aptekin müdiri olmuşam.
"Başlandı" - deyə, Professor oturduğu kürsüdə özünü neçənci dəfə səbrə, dözümə dəvət elədi:
- Birinci dəfə deyil, axırıncı da olmayacaq. Amma danışsa, yaxşıdır. Yoxsa, sakitlikdən adamın ürəyi partlayar.
Professor, sanki yenə həm ona, həm özünə haqq qazandırmağa çalışır.
Qara kişi söhbətin ən şirin yerindəydi:
- Əvvəlcə hər şey yaxşıydı.
Amma... Bizim naziri çıxarıb o birisini qoyanda aralandım bu işdən. Birdən-birə hər şey dəyişdi, böyük-kiçik qalmadı.
Baş götürüb Moskvaya getdim. On il də orada yaşadım. Günüm kazinolarda keçdi.
Professora elə gəlir ki, kazinodan sonrakı qadın-qız söhbətləriylə o, hər dəfə onun yanındakı Qadına işarələr edir:
- Yanımdan qadın-qız əskik olmazdı. Amma hamısından yoruldum, bezdim. Qayıtdım geri.
Bu dəfə ona elə gəlir ki, Professorun fikri onun nimdaş, köhnə paltarlarındadır və o səbəbə sözünün canını deməyə çalışır:
- Şəhərdə evim də var, qohum-əqrəbam da çoxdur. Oğlum-qızım da var. Xanımım da işləyir. Onlar bura gəlmək istəmirlər. Mən də qala bilmirəm orda. Mənimki bu itdir, pişikdir. Onlardan vəfalısı, etibarlısı yoxdur. Moskvada da, burda da...
Yüzlərlədir, amma elə mehribandılar bir-birinə. Bir gün gəlib görərsiz, Professor.
Qapının ağzında dayanıb divardan asılan ov tüfənginə baxdı:
- Ova gedirsiz, Professor? Mənim də varımıydı.
Amma Professordan cavab gəlmədi.
Professor oturduğu kreslodaca yuxulamışdı, onu eşitmirdi. Yuxuda görürdü ki, qapı açıqdır. Bir it də otağın ortasındaca uzanıb balalarını yedirir. Amma onlar nə qədər yesələr də, ananın döşündəki süd azalmaq bilmir, əksinə, elə bil bir az da artır.
Amma küçüklər də, anaları da elə xoşbəxtdilər ki...
Birdən pəncərənin qarşısında dayanıb onlara baxan oğlunu gördü. Qalxmaq istədi, ayaqları tərpənmədi. Sonra hər şey birdən-birə dəyişdi.
Güllə Professorun sinəsini dəlib keçdi. Professor güllənin atıldığını, sinəsini parçaladığını da yuxuda gördü.
Amma Qara kişi güllə səsini eşitdi və tez-tələsik geri döndü.
Professor bayaqkı kimi kreslodaydı. Yatırdı.
Amma sinəsində güllə yeri vardı.
Sanki Professor durub özünü güllələyib, sonra gəlib oturduğu yerdəcə uyuyurdu.
- Professor, - deyə Qara kişi onu oyatmağa çalışdı.
Professordan səs gəlmədi.
- Bəs bu it hardan peyda olub? Gəlib tapıb balalarını?
- Ay it, sən kimsən? - deyə yerdəki itə baxdı.
O, ilk dəfəydi ki, gördüyündən qorxurdu, itdən qorxurdu.
Həm gördüyündən, həm də beynindən keçənlərdən bədəni üşəndi. Bir də küçüklərdi qorxan.
Həm dayanmadan əmir, həm də qorxurdular.
Amma balalarını yedizdirən it də, Professor da, sanki xoşbəxtdilər, dincəlirdilər.
Qara kişi əlləri əsə-əsə Qadına zəng elədi:
- Professor özünü yuxuda vurdu. Tez gəlin! Hələ polislər gəlməyib.
Qara kişi qapını örtüb dayandı. Qadının gəlişini gözlədi.
Ətrafdakı sakitliyi itlərin ulartısı pozurdu.
Professorun xanımından və qızlarından əvvəl Qadın gəlib çatdı. O, maşından düşüb ağlaya-ağlaya özünü otağa salana kimi itlər sakitləşmədilər...
- Hanı mənim uşağım? Onu kim vurdu yenə? - Qadının yenə sancısı tutmuşdu. Bunu deyə-deyə Qadın, sanki Professoru görməmiş kimi yanından keçib arxa bağçaya doğru getdi. Uşağı alma ağacının çiçəklərinin arasından ona baxırdı. Necə də böyümüşdü. Bəs niyə həm gülür, həm də ağlayır?
Qara kişinin gözləri indi də uşağı axtarırdı.
- Bunların uşağı da varıymış?!
“Ədəbiyyat və incəsənət”
(23.10.2024)