Super User

Super User

 Rusiyada yaşayıb yaradan həmyerlimiz, şair Eldar Əhədov növbəti yaşına qədəm qoydu. “Ədəbiyyat və incəsənət” portalı oxucularına şairin şeirlərindən bir çələng təqdim etməkdədir. Bu gün sizlər “Xarıbülbül” poeması ilə, eləcə də bir neçə şeirlə  tanış olacaqsınız. Tərcümə Elviz Əliyevindir.

 

Eldar Əhədov Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Yazıçılar Birliyinin, Cənubi Rusiya Yazıçılar Birliyinin üzvü, Beynəlxalq PEN Klubun və Rusiya Coğrafiya Cəmiyyətinin üzvüdür. Azərbaycan, ingilis, ispan, italyan, çin, rus və serb dillərində 80 şeir və nəsr kitabının müəllifidir. Rusiya, İtaliya, Almaniya, İspaniya, Venesuela, Serbiya, Monteneqro və digər ölkələrin ədəbi mükafatları laureatıdır.

 

 “Eldar Əhədov rus dilində yazan görkəmli Azərbaycan şairidir. Çoxşaxəli şəxsiyyət, eyni zamanda dağ-mədən mühəndisi, şaxtaçı, Arktika fəzalarını, yerin içini və insan şüurunun dərinliklərini araşdıran tədqiqatçı, dilçi alimdir və bir tənqidçi, bir müəllimdir. O, ətrafımızda və içimizdə olan fiziki kainatı tərənnüm edir və eyni zamanda varlığımızın bizə verdiyi sirli metafizik suallarla məşğul olur... Onun ruhu ehtiraslı intellektual axtarışı empatiya və alicənablıqla birləşdirir. Onun şeirləri oxunur, iztirab və sevinclə nəfəs alır, amma hər şeydən əvvəl ümid saçır”.

                                                    Richard Berenqarten, Kembric, Böyük Britaniya

 

 

XARIBÜLBÜL

Azərbaycan dastanı

 

Orda al günəşə salaraq pərdə

Əlçim buludlardan naxış cızılmış,

Yenisey suları baş alan yerdə

Kitabələr yatır türkcə yazılmış.

 

Bəlkə bu yerlərdə oğuz elini

İlk ozan- şüarlar sözlə oxşayıb,

Mizrabla döyərək qopuz telini,

Sibir küləyilə mahnılar yayıb.

 

Dənizdən- dənizə geniş diyarda,

Türkün Xaqanlığı yenilməz idi,

O sonsuz çöllərdə, o səhralarda

Oğuz köhlənləri sədd bilməz idi.

 

Aşin ilə Sibir-Xanın halisi,

Mənə Turan şəhərindən tanışdı,

Onlar olub bu yerlərin valisi,

Pıçıldayan otlar mənə danışdı...

 

Qədim Tenqridən bir cüt məğrur dağ,

İlahi simalı Altay və Sayan,

Uzaqdan-uzağa bir doğma sayaq,

Səni seyr edirlər, Can Azərbaycan!...

 

Soraq ver, gəl söylə, ey Dədə-Qorqud,

Sizin hər sözünüz müdrik kəlmədi,

Nəsildən-nəsilə keçdi hər öyüd,

Nə zaman, nə tarix silə bilmədi.

 

Ey sülh ilə xeyir carçısı söylə,

Necə əsrlərdən bu ziya çatdı?

Müdrik Cavanşirin etdiyi səylə

Daşqurançı salnamələr yaratdı.

 

Vardı səkkizinci yüzildən qalan

Ziyarətdən Arazacan məmləkət,

Orda torpağı da müqəddəs olan,

Cəbrayıl-Ataya var idi hörmət.

 

Babək al bayrağı qaldırıb başa,

Sərkərdəlik etdi bu məğrur elə,

Xalq onun ardınca girdi savaşa,

Azəri dilində şərqilər ilə.

 

Zaman, tarix keçdi başqa dövrana,

Səlcid, Sələridlər oldular hakim,

Bərdəyə, Gəncəyə, Təbriz, Zəncana

Sonra Rəvvadidlər sülalə təki.

 

Onlar da görürdü hər şeyi, qərəz,

Ölkə sənə vətən olarsa əgər,

Xalqı qarət etmək xeyir gətirməz,

Diqqət ilə qayğı uğur gətirər.

 

Yaxşı xatırlayır Bağdad şəhəri,

Oğuzun dilini şirin kəlmədən,

Toğrul bəy etdiyi yürüşdən bəri,

Şərqə yayılırdı sərhəd bilmədən.

 

Quran surəsi tək səslənir dəniz,

Dənizlə həmahəng gilavar idi,

Vaxtilə qul olmuş məğrur Eldəniz

Arrana ən yaxşı hökmdar idi.

 

O da cəm eylədi bu torpaqları,

Bir ölkə yaratdı, birgə getdilər,

Və haqlı olaraq bu gen diyarı

Məğrur "El" sözüylə təmsil etdilər.

 

O vaxtlar öz ölməz əsərləriylə

O şair, o müdrik, dahi Nizami

Gəncədən dünyaya edib hədiyyə,

Tarixə yazdırdı məşhur "Xəmsə"ni.

 

Xaqani yaradıb qəsidə cəmi,

İnsan qəlblərini fəth edən zaman,

Xarüqələr yapdı memar Əcəmi,

Onunla fəxr etdi şanlı Naxçıvan.

 

Fırlanırdı dövran, keçirdi zaman,

İbrahim Dərbəndi hökmü, qərarı,

Ötən əsrlərin qovğalarından

Xilas eyləmişdi Şirvanlıları.

 

Oxu şair, oxu, səslənsin rübab,

Heç bir edam kəsə bilməz səsini,

Səndə "sığzr iki cahan" bu xitab,

Səninləyik İmadəddin Nəsimi!...

 

Xatirələr əgər olsa imdadım,

Yazardım adına bir böyük dastan,

Qara Yuluk Osman olmuş əcdadım,

Onun müttəfiqi idi Temirlan.

 

Sonra hakim oldu onun nəvəsi,

Zirvədən yayılan bir şölə sayaq,

Uzun Həsən idi "El" sərkədəsi,

Birləşdi torpağa minlərlə torpaq.

 

Elə bil gün çıxdı, yox idi tayı,

Yaydı məmləkətə bülbül səsini,

Məşhur oldu Şah İsmayıl Xətai,

Həm padişah kimi, həm şair kimi.

 

Göylərin, yerlərin şahənşahları,

Şah Təhmasib idi, Şah Abbas idi,

Dahi Fuzulinin hicran "ahları"

Şirvana, Şiraza bir miras idi.

 

Xalqımız qorudu bu inci, varı,

Obadan- obaya gəzdi hər yanı,

O, Sarı Aşığın bayatıları,

Bir də "Koroğlu" tək ölməz dastanı.

 

Parladı Nadirin şahlıq çırağı,

Hər yürüşü aparırdı zəfərə,

Əfsanələr oldu onun sorağı,

Yayıldı gör neçə yüzilliklərə.

 

Pənah Əli Xanın Qarabağ ilə

Taleyi də birdi, qəlbi də birdi,

O gözəl Şuşaya kim etsə həmlə 

İgidliklə döyüşlərə girirdi.

 

Molla Pənah Vaqif kimi şəxsiyyət

Həm şair olmuşdu, həm də ki vəzir,

Hamı o dahidən alırdı ibrət,

Adına dillərdə dastanlar gəzir.

 

Xatirimizdədir o şanlı xanlar,

Çələbi, Cavad Xan, bir də Fətəli,

Onlardı çəkərək gözəl planlar,

Oldular tarixin parlaq məşəli.

 

Xatirimizdədir o dövr, o zaman,

Bizim yaddaşlardan silinməz bir an,

İbrahim Xəlil Xan- mötəbər insan,

Nə də uyuduğu müqəddəs məkan.

 

Natəvan, Axundov və Bakıxanov,

Dillər xəzinəsi Mirzə Cəfərin,

Ürəklərdən gələn o atəş, alov,

Ulduzdan ucaydı, dəryadan dərin.

 

Bayrağı yellənir Azərbaycanın,

Xışıldayır sanki qulaqlarımda,

Səslənir çıxışı Əlimərdanın,

Gah da Rəsulzadə dodaqlarında.

 

Bizə xatırladır hər nurlu sabah,

Yaddaşlarda qalıb tarixdən bəri,

Hacı Zeynalabdın- böyük xeyirxah,

Həm Mikayıl Müşviq, həm Pişəvəri...

 

Mehmandarov ilə Həzi Aslanov,

Həm Rostropoviç, həm Əhməd Cavad,

Hacıbəyov, Xoyski, Nərimanov

Yazıblar tarixə şərəfli bir ad!

 

Bu sırada Qarayev və Salmanov,

Rza və Orucov, həm Lütvizadə,

Aqarunov ilə Zakir Həsənov

Tanındı dünyada, həm də ölkədə.

 

Behbudovla Bülbül bir də Niyazi,

Maqomayev ilə Bədəlbəylilər,

Ürəkləri fəth edirdi musiqi,

Tanrıya da xoşdu insanlar qədər.

 

Vaqifin mükəmməl cazının səsi,

Ya Fikrət Əmirov səslənsə daha,

Valeh edir onu dinləyən kəsi,

Çevirir onları pərəstişgaha.

 

İnsanlar içində çıxarıblar ad,

Bunu yalnız bilir düşünən dərin,

Topçubaşov ilə Mahmudov Rəşad,

Əlləri qızıldı bu həkimlərin!

 

Səttarla Tahirin rəsm əsərləri,

Toğrulun da narı, od kimi yanan,

Gəzdi onillərlə çox ölkələri,

Xəbərlər yayırdı Odlar Yurdundan.

 

Vahidin, Vurğunun qoyduğu sənət

Əbədi dünyaya bir şölə saçır.

Deyirlər Bəxtiyar, Mədinə, Fikrət

Canlı poeziya sirləri açır...

 

Təbrizdən yazanda saçırdı alov,

Yanıqlı yazırdı şair Süleyman.

Müdrik idi Maqsud İbrahimbəyov,

Bir də ki, sevimli qardaşı Rustam...

 

Mənsur və Anar öz silsiləsiylə

Ədəbi aləmdə saldı dərin iz,

Yazıçı dühası haşiyəsiylə

Xalqı heyran etdi Natiqlə Çingiz.

 

Hamıdan yazmağa çatarmı imkan?

Var neçə qəhrəman, var neçə şair,

Onlara bir zərif qayğıyla inan

Xarı-bülbül yazda mahnılar deyir.

 

Gərək biz öyrənək bu həqiqəti,

Hansı rəhbərlərdı vətənpərvərlər,

Yaddan çıxarmayaq həyatda qəti,

Biri Əbülfəzdi, biri Mir Çəfər.

 

İttifaq dağıldı, yerində o an

Savaş alovlanır, alırdı vüsət,

Xalqı xilas etməyə Mockvadan

Ulu Heydər döndü gəldi nəhayət.

 

Xalqa başçı oldu doğma Əliyev,

Ardınca sevinclə hamı yürüşdü,

Onu alqışladı hər oba, hər ev,

İşləri yenə də nizama düşdü.

 

Verdiyi vədinin ardınca getdi,

Döyüşdü qələbə çalana qədər,

Ata tövsiyyəsi yerinə yetdi,

Şuşanı qaytardı İlham-Müzəvfər!

 

Onunla yanaşı həyat yoldaşı,

Həm gözəlliyi var, həm də kamalı,

Ona köməkçidir, həm də sirdaşı,

Tale bəxş eyləyib belə amalı.

 

Hələki dağlarda Azərbaycanın

Gül açır, ecazkar rənglərlə dolğun,

Sonu olmayacaq bil bu dastanın,

Çünki Vətənimiz haqdadır, oğlum!

 

 

***

Bu payız müharibə

dağlardan daşı tökdü,

Әks-səda kimi batdı,

sonra sakitlik çökdü.

Mənim yeganə dostum

o torpağa qovuşdu,

Nurlu gələcək üçün,

Azadlıqçün vuruşdu.

 Әnginliyə səs salır,

ürəyim gəlir cuşa,

Sən azadsan Ağdamım,

sən də azadsan, Şuşa!

Külək də şadlıq edir

üstündə dağın, daşın,

Ucaldı şəhidliyə

burda döğma qardaşım!

 Qubadlı, Cəbrayıla,

Kəlbəcərə, Laçına,

Zəngilan, Fizuliyə

mən azadlıq gətirdim,

Bu torpaqlar uğrunda

övladımı itirdim.

Әn əziz insanlarım

şəhidlik zirvəsinə

mənə müqəddəs olan

bu torpaqda ucaldı...

Hardasa dostum qaldı...

Hardasa qardaş qaldı...

Hardasa balam qaldı...

 


İŞIĞIN KÖLGƏSİ YOXDUR

 

İşığın kölgəsi yoxdur.

Kölgənin kütləsi yoxdur.

Kütlənin işığı yoxdur.

İşığın yoxluğu qaranlıqdır.

İşığın əks olunması - kütlədən kölgə.

Məkan olmadan vaxt da yoxdur.

Zaman olmasa, işıq da olmaz.

Və işığın kölgəsi yoxdur.

 

 

KAĞIZDAN ATA

 

 

Rəfdə nə papaq var, nə də ki, əlcək,

Çoxdandı yanmayır buxarı ocaq.

"Ay ana, bəs atam nə vaxt gələcək?"

Soruşur anadan bu körpə uşaq.

 

Bayırda payızın nəfəsi gəlir,

Gecələr şaxtalar andırır qışı,

Nə desin?...Ananın qəlbi kövrəlir,

Boğur qəhər ilə onu göz yaşı...

 

Sükutu uşağın təkidi pozur:

"Gəl mənə kağızdan ata düzəldək,

(Ananın halını o, özü yozur)

Amma bunu heç kim bilməsin gərək.

 

Hər yerdə özümlə gəzdirəcəyəm,

Onu gəzdirmək də çünki asandır.

Nə olsun, kağızdan olanda, bəyəm?

O ki, həm cəsurdur, həm pəhləvandır."

 

 

ANLARSAN

 

 Bir gün anlayarsan, həqiqətən də

Haqqı, ədaləti çox olar danan.

Kövrək bir könül var güclü bədəndə,

Incidərlər, sındırarlar nagahan.

 

Keçmişlə gələcək arasında sən

Boşluqlar görsən də, tanrı pənahdı.

Çalış ki, uzaq ol qəmdən, qüssədən,

Boş şeyin dərdini çəkmə, günahdı.

 

Dünyanın sehrini duy, sevinc ilə,

Aləm bizimlədir, bizimlə inan.

Keçək gülə-gülə, verib əl-ələ,

Zamanın bu eniş, yoxuşlarından...

 

 

HƏKİM ÇAĞIRMAQ

 

Həkim çağırmaq olar,

Təcili yardım gələr.

Qulluqçu çağırarsan,

Köməyin ola bilər.

Duyelə çağırarsan

Qəzəblənib kimsəni...

Taksi çağırsan əgər,

Gəlib aparar səni.

Yağış da çağırarsan,

Təbiətə can verər,

Polis də çağırarsan,

Qoymaz çəkəsən zərər.

Istədiklərin olar,

Çağırmağına baxır,

Gülüş, qəzəb, ya qorxu,

Nə istəyirsən çağır.

Nə desən çağırarsan,

Sən belə vərdiş ilə,

Bir Tanrı, bir məhəbbət,

Gəlməz sifariş ilə!

 

 

GƏNCLİK VƏ QOCALIQ

 

Çılğın gəncliyimi salıram yada.

Göy səma altında, bu gen dünyada,

Necə də qayğısız bir cavan idim,

Aləmə, dünyaya mən heyran idim.

Həzin bir ahəngi vardı zamanın,

Qədrini bilməzdim onda hər anın.

Qorxmadan heç nədən, sanki, nə dərdim?

Göz yaşı tökmədən köçüb gedərdim...

Indi əldən salıb qocalıq məni,

Düşünüb, anıram olub, kecəni.

Həyatın mənası nə dərin imiş,

O, keçən illərim nə şirin imiş.

Hər baxış, hər bir an mənə təsəlli,

Tuturam həyatdan indi cüt əlli.

 

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün  yağı əlində olan o ellərimizlə bağlı şeirləri təqdim edir.

 

 

Eldar İSMAYIL

 

YOXDU, YOX...

 

İnanmıram şeytanların sözünə,

Bilinməyən o yaxşılıq ölübdü.

Yağlı dili saxla, qalsın özünə,

O kirvəlik, o qonşuluq ölübdü,

Məndən ötrü əhdi-peyman yoxdu, yox!

Bu diyarda Xətainin qılıncı,

Telli sazın şirin dili olubdu.

Dik qayalar igidlərin balıncı,

Bu torpaqda Göyçə gölü olubdu,

Məndən ötrü burda Sevan yoxdu, yox!

 

Torpağımız qıyma-qıyma doğranıb,

Sinəmizə yad gülləsi dəyibdi.

Bir oba var qədim Qazax yurdunda,

Babam ona Karvansara deyibdi,

Məndən ötrü, bil, İcevan yoxdu, yox!

 

Ələyəzin saçlarına düşüb dən,

Bu fəlakət tariximin inadı...

Dərələyəz silinərmi tarixdən?

İrəvandı İrəvanın ilk adı...

Məndən ötrü bir düşmən var-erməni,

Məndən ötrü özgə düşmən yoxdu, yox!

 

Məndən ötrü oğuz dilli min oba,

Göyçə adlı bir arzu var, dilək var.

Məndən ötrü Vedibasar, Ağbaba,

Dərəçiçək, Zəngibasar, Pəmbək var,

Məndən ötrü Ermənistan yoxdu, yox!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

 

BİZ HARDAN GƏLİB HARA GEDİRİK?- esse

 

Kubra Quliyeva,  “Ədəbiyyat və incəsənət”

 

Ağır yazacağam bu gün..
Dərdli yazacağam, göz yaşlarıma hakim olmadan, içimdəki qəzəbi, təəssüf hissini boğa bilmədən yazacağam bu gün.
Bizim millət.
İstər tənqidi, istər də tərifi mövqedən yanaşıb millət anlayışını ümumiləşdirməkdən xoşum gəlmir, ümumiləşdirmədən, bir qrup avam kütləyə xitabən yazıram sətirlərimi.
Deməli, ömründə bir dəfə Azərbaycan tarixini köklü araşdırmayanlar, Qafqaz mövqeyi, Turan ölkəsi bilməyənlər və canından can getməyənlər...
Həmişəki kimi “Azadlıq” metrosundan qayıdan avtobuslardan birinə mindim. Qabağımda 50-55 yaşlı iki xanım oturub başlarının üstündə də, bir neçə yaşlı kişi var. Başlayıblar söhbətə ki, kaş rus udardı müharibədə Ukraynanı, sonra gəlib bizi tutardı, qayıdardıq sovetin dövrünə, dolanardıq yağ-bal içində.
Sakitcə qulaq asırdım ki, görüm bunların axırı hara gedəcək, birdən qabağımdakı xala dillənəsən ki, cəhənnəm, bizdən 5-10 dənəsi qırılar, ancaq bilərik ki, gələcəyimiz xoş olacaq, dolanışığımız düzələcək.
Ağzımı açmaq istəyirdim ki, söz deyim, başımın üstündə duran gənc başladı danışmağa, bir d avtobusdan düşəndə susdu.
-Salam, bayaqdan sizə qulaq asıram və söhbətlərinizin müəyyən hissəsində sizə haqq qazandırırdım ki ,cavanlıqda gördüyünüz şirin günlər sizi aldadıb. Amma yanılmışam, sizin ermənidən fərqiniz yox imiş, elə sizin sözlərinizi başları ilə təsdiqləyən bu ağsaqqalların da. Əvvəla deyirsiz ki, Rusiya kaş tutardı Ukraynanı.Gəlin dini mövqedən baxaq, xristian xristiana qarşı genosid törədir... Siz indi deyərsiz ki, genosid nə olan şeydir?
(Xanımın mimikalarından sezilirdi ki,elə sualı ağzında qalıb)
Gəncsə davam etdi:

-Genosid, yəni-soyqırım, bir xalqın soy kökünün qurudulması yolunda ağıla gələn ən murdar hərəkətlərin edilməsi, eynilə, Xocalı faciəsi, Urmi bəlası, Bərdə, Gəncə, Əfqanıstan, Qırğızıstan terror aktları kimi. Xristian xristianı gözünü qırpmadan qıracaq, amma gəlib müsəlman ölkəsində deyəcək: "Hə, sülhməramlılarımız qoy buranı qorusun"? Ya da, erməninin qulağını çəkib sizi əl üstündə tutacaq? Sovetə qayıdıb yağ bal içindı dolanmaq istəyirsiniz düzdürmü?

(Qadın başı ilə təsdiqləyir)
Gənc davam edir:

-Düşün ki, sizin həyat yoldaşınız milyonçudur, amma o, sizi zorladığı üçün evlənib və sizi doğma ailənizdən uzaqlaşıdırıb özü ilə saxlayır. Xoşbəxt ola bilərsiz? Nə olsun ki, zorlanmışdız, milyonçu tərəfindən zorlanmısınız da.
Gəncin bu danışığına qadın gözlərini hədəqəsindən çıxaracaqmışcasına bərəltdi.
Şüvənlik edib gəncə cavab qaytarmaq istəyən zaman yandakı kişilərdən biri xanımı qorumaq üçün özünü sözün ortasına soxub: "A bala, bu nə danışıqlardı, sənin başın deyəsən xarab olub,yekə kişisən, atan sənə kişilik öyrətməyib"? -dedi.
Kişiyə məhəl qoymayan gənc sözlərinə davam etdi: "Təbii ki, istəməzsiniz. Axı bunu heç kim istəməz, axı heç kim ləyaqətini pula satmaq istəməz, axı heç kim keçmişini silib haradan gəldiyini, kim olduğunu unudub başqasına, yəni, başqa xalqa yamaq olmaq istəməz. Axı vaxtında dövləti quran o kişilər bayrağı, himni, gerbi bizə ərmağan etsinlər deyə milyon əzablardan keçib. Axı Rəsulzadə müstəqilliyi elan etmək üçün 4 ay Fransada gözləyib, axı Mehdi Hüseynzadə partizan fəaliyyətini xalqın müstəqilliyi üçün dayandırmayıb, sonda da, şəhid olub, axı Mikayıl Müşfiq şeirləri ilə susan vicdanların ayaq səsi olduğu üçün ömrünün baharında represiyaya məruz qalıb. Axı Çingiz o lentləri ağlaya-ağlaya çəkirdi ki, biz öz yaralarımızı unutmayaq. Axı Mübariz də, Polad da, Xudayar da, Təhmasib, Səbuhi, Elvin də, hətta 2003-2004 təvəllüdlü uşaqlar da Vətən üçün heçə saymışdılar canlarını.Əhməd Cavad işgənclər görəndə xanımı sürgündə ondan da betər zülmlər çəkib axı, özü də nə az, nə çox, düz 8 il. O kişi himndə deyir ki, Hüququndan keçən əsgər hərə bir qəhraman oldu. Sən olasan gülüstan Azərbaycan,Azərbaycan. Sizsə burda deyirsiz, cəhənnəm, bizdən 5-10 dənəsi qırılar. Şəhidi təhqir edirsiniz, müqəddəsliyi tələf olan sürü ilə qarışdırmısınız deyəsən. Çünki ağzınız isti yerdədir. Çünki sizin oğlunuz, ya da yaxınlarınızdan biri şəhid olmayıb, çünki siz mənim kimi anamı qardaşımın şəhid qərbinin üstündə ağı deyə-deyə nişan konfeti paylayan yerdə görməmisiniz, çünki sizin ağlınıza belə gəlməyib ki, sizin nəvəniz nə vaxtsa əmisinin adını daşıyacaq, siz şəhid balasının heç bir hədiyyə və qayğı ilə ata həsrətini dindirə bilməzsiniz. Siz müharibə istəyirsiniz. Bu da az deyilmiş kimi, əsir düşməyimizi istəyirsiniz. Mart soyqırımı, yanvar hadisələri, Xocalı, Fizuli, Şuşa, Laçın, Ağdam işğalları, aprel hadisələri az imiş kimi sentyabr da gəlişi ilə ürəklərə qubar saldı, evlərə od qoyduğu halda siz unudursuz keçmişi. Siz rus dilində danışanı alicənab edib istər Türkiyə türkü, istər avropalı, istər digər asiyalılarla öz torpaqlarımızda onların dili ilə yox, məhz öz dilimizdə danışanları qınayıb qıjı deyirsiniz. Siz xalqı məhvə sürüküləyən kor kütlə, sizin sözlərinizə haqq qazandıranlar qeyrətdən, namusdan, kişilikdən danışıb camaatın balalarını göz görə-görə oda atanlar və əlbət sizlər - Şəhid ruhlarını incidənlərisiz"!

Gəncin sözləri özü daxil hamımızın gözünü doldurmuşdu. Amma danışdıqları həqiqət idi.
Bayaq o sözləri deyən qadın göz yaşlarına hakim ola bilməyib oğlanın boynuna sarıldı. Gəncin gözlərinin içinə baxmaqdan, o gözlərdəki kədəri görməkdən xəcalət çəkdiyindən başını aşağı salıb asta səslə üzrxahlıq etdi.
İki dayanacaq sonra oğlan avtobusdan ensə də, mənim dayanacağım sonuncu olduğu üçün avtobusu aramsız müşahidə etdim və insanların üzünə aydınlanan həqiqət işığının ölü sükutunu bütün yol boyu rahatca sezə bilirdim.
Bizlər müharibənin dəhşətlərini kadrlardan izləyib ağlamaqdan və dua etməkdən başqa bir şey edə bilmirik. O kişilər isə ailələrinin dualarına sığınıb, vətən üçün irəlidə, ən irəlidə vuruşurlar. Onlar Vətənə sahib çıxmaq üçün balalarının qoxusuna doymadan cənnətdə müşk qoxusunu doyacaq olanlardır. Onlar analarını gözü yaşlı, atalarını beli bükük qoyub ölümə dimdik yeriyən igidlərdir.

Qaraqanın bir sözü var idi, deyirdi ki, həqiqətən müharibə olsa varlılar kasıb, kasıblar şəhid olacaq.
Amma söz özünü doğrultmadı.
Kasıblar bütün varlıqları ilə şəhid oldular, varlılar isə....

Nə qədər ki, cəhalət hökm sürəcək, sovet psixologiyası bizimkilərin canından çıxmayacaq, bizlər müstəqillik uğrunda can verənləri də unudub azad qullar olaraq çox yaşayacağıq..
Yuxu...

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

Köhnə bağ evinin pəncərəsindən boylanan adam havanın qaraldığını görüb həyətə çıxdı. Bir qədər dayanıb oğrun - oğrun ətrafa boylandı. Sonra qaranlıqda günortadan götürüb evin divarına söykədiyi sapı qırıq beli əlinə aldı və bağın yuxarı başına tərəf getdi. Bağın hasarına çatanda ay işığında ancaq özünə məlum olan məsafələri çarpaz addımlarla ölçüb addımların kəsişdiyi yerdə çömbəldi. Bundan sonra dizlərini yerə qoyub səs salmamaqçün sakitcə, ehtiyatla torpağı qazımağa başladı. Hərdən dayanıb bir qədər ətrafı dinləyir, nəfəsini dərib sonra yenə qazmağa davam edirdi. Yarım metr dərinliyə çatanda birdən bel metal lövhəyə dəyib spesifik səs çıxardı. Tez beli yerə atıb torpağı əli ilə eşməyə başladı.  Narın Abşeron qumunu qazımaq elə də çətin deyildi. Çox keçməmiş axtardığı şeyi tamamən torpaqdan təmizlədi. Bu elə də böyük olmayan köhnə dəmir sandıq idi. Sandığı qazıdığı çuxurdan götürüb kənara qoydu. Tələm - tələsik çuxuru torpaqla doldurduqdan sonra beli bir xeyli aralıya vızıldatdı. Sonra sandığı götürüb bacardığı qədər sürətlə evə keçdi.

Sandığı masanın üstünə qoyub otaqdakı dəmir çarpayını kənara itələdi. Onun altındakı döşəmə taxtalarından birini qaldırıb əlini döşəmənin altına uzatdı. Döşəmənin altındakı torpağa sürtdüyü əli axtardığı şeyə toxunanda dayandı. Bu, illər əvvəl basdırdığı sandığın burada gizlətdiyi açarı idi. Açarı götürüb hər şeyi əvvəlki vəziyyətinə qaytardı və masaya yaxınlaşdı. Uzun müddət torpağın altında qalmış sandığın üstü paslansa da, gövdəsi xeyli möhkəm idi. Ehmalca açarı qıfıla salıb iki dəfə burdu. Qıfıl rahat açıldı. Qapağı qaldırıb oradakı sellofan bükülünü götürüb açdı. Bükülüdəki altı patronlu, barabanlı naqan idi. Silah illərlə torpağın altındakı sandıqda yatsa da, vaxtilə yaxşı yağlanıb büküldüyü üçün olduğu kimi qalmışdı. Bir qədər əlində tutub baxdıqdan sonra silahı kənara qoydu və sandıqdakı kiçik dəmir qutunu götürüb açdı. Bu qutudakılar naqanın patronları idi. Onlar da kip bağlanmış qutuda ideal vəziyyətdə qalmışdılar. Patronları da masanın üstünə qoyub sandığı bağladı. Qonşu otağa keçib onu oradakı köhnə dolaba qoyub qayıtdı. Sonra aramla silahı doldurmağa başladı. Bu silahı, hələ illər əvvəl, həbsindən qabaq qumarda udmuş, elə o vaxtdan torpağa basdırıb bir dəfə də toxunmamışdı.

* * *

 Heç bir saat uzanmamışdım ki, Layiqə gəlib çıxdı. Deyim ki, verdiyim suallara gətirdiyi cavablar maraqlı idi, onda heç nə deməmiş olaram. Cavabların içərisində olduqca  maraqlı olanlar var idi. İlkin şübhələrimin təsdiqlənməsini, yaxud əsassız olduğunu müəyyənləşdirmək üçün verdiyim sullarla bağlı gələn məlumatlar vəziyyəti kökündən dəyişirdi. Təhlilləri sonraya saxlayacaqdım. Hər şeyi bir ipə düzmək üçün irəlidə uzun bir gecə var idi. İndi isə çox vacib olan bir şeyi elə bu gecə dəqiqləşdirmək lazım idi. Sonra ofisə qayıdacaq, bu öyrəndiklərimi də Layiqənin gətirdiyi məlumatlara əlavə edib hadisənin mənzərəsini çəkməyə çalışacaqdım. Məlumatlar yazılmış zərfi mənə verən Layiqəyə gedib dincəlməsini, səhər bir qədər tez gəlməsini tapşırmışdım. Qalxıb ofisin işıqlarını söndürdüm. Küçəyə çıxıb Fərman Gəraybəylini yığdım. Telefona dərhal cavab verdi.

- Eşidirəm, Bəxtiyar müəllim.

Gəraybəylinin səsi heç xoşuma gəlmədi. Deyəsən halı elə də yaxşı deyildi. Ancaq bu başa düşülən idi. Nə qədər möhkəm adam olsa da, yuxusuz keçirdiyi gecə, hər keçən saatın gətirdiyi həyəcan və hazırkı qeyri - müəyyənlik onun səhhətində özünü mütləq göstərməli idi. Salamlaşmadan dedim:

- Fərman müəllim, zəhmət olmasa binanızın bu gecə növbədə olan mühafizəçisinə mənim gələcəyim haqqında məlumat verin və tapşırın ki, verəcəyim bütün sualları olduğu kimi cavablandırsın. Bir azdan orada olacam.

- Mən də sizi görə bilərəm? - Fərman cəld soruşdu.

- Qətiyyən. Bizi kimsə bir yerdə görməli deyil, bunu ofisimdə görüşməkdən imtina edərkən özünüz də gözəl başa düşürdünüz. İşimizi ehtiyatlı tutaq. Eviniz müşahidədə ola bilər. Suallarımı verib gedəcəyəm. Sizinləsə sonra görüşərik. Bu dediklərimsə ikimizin arasında qalsın.

- Yaxşı, indi tapşıraram, - Fərman müəllim təəssüfünü gizlətmədi.

Telefonu cibimə qoyub maşına oturdum. Fərmanın Sənubər ilə yaşadığı binanın mühafizə olunan bina olduğunu sizə demişdim. Elə həmin vaxt mühafizəçilərin bir sutka işləyib bir sutka istirahət etdiyini özüm üçün dəqiqləşdirmişdim. Nadirin avtomat telefonlardan gələn zənglər barədə verdiyi məlumatları saf - çürük etdikdən sonra tarixlərin eyni mühafizəçinin növbəsinə düşdüyü məlum olmuşdu. Bu gün noyabr ayının on beşidir. Ağamirzə dünən, ayın on dördündə qaçırılıb. Zənglərdən ikisi o qaçırılmamışdan bir gün əvvəl, yəni ayın on üçü, ilk zəng isə on biri tarixində gəlib. Deməli, həmin mühafizəçi bu gün də növbədədir və sabah səhər tezdən növbəni təhvil verib gedəcək. Onunla gecəylə görüşüb danışmağa da buna görə qərar vermişdim. Səhər çıxıb gedərsə, kim bilir sonra harada olacaqdı.

Mühafizəçi ilə istənilən halda görüşəcəkdim. Dediyim zənglərin sırf Sənubərə gəldiyini artıq dəqiqləşdirmişdim. Onun bundan sonra hansısa addımlar atıb - atmadığını bilmək istəyirdim. Ən azı əksər vaxt evdə oturmağa üstünlük verən bu qadının həmin tarixlərdə evdən çıxıb - çıxmadığını öyrənməyim çox vacib idi. Bunu isə bütün günü gəlib - gedənlərə nəzarət edən mühafizəçidən yaxşı heç kim bilə bilməzdi. Ancaq əvvəlcə Layiqənin gəlməsini gözləməliydim. Elə bu səbəbdən planlaşdırdığım görüşə indi gedirdim. Fərman müəllimin tapşırığından sonra mühafizəçinin lazım olan məlumatları verəcəyinə şübhəm yox idi. Çıxmazdan əvvəl güzgünün qarşısına keçib yüngülcə qrimləndim. Fərmanın yaşadığı ünvana gedirəmsə, bunu etməli idim. Qrimim bığ və bir qədər uzun bakenbardlardan ibarət idi. Yol boş olduğu üçün iyirmi dəqiqədən sonra ünvana çatdım. Yaxınlaşan mühafizəçiylə salamlaşıb özümü təqdim etdim. Adımı eşidən kimi dedi:

- Bilirsiz, biz sakinlər haqqında məlumatları heç kimə vermirik. Ancaq Fərman müəllim özü tapşırıbsa, buyurun, sizi nə maraqlandırırsa, soruşun.

Mühafizəçi düz deyirdi. Elə gəlməmişdən əvvəl Fərman müəllimə zəng etməyimin səbəbi də bu idi. Üzümü ona tutub dedim:

- Əslində mənim elə də çox sualım yoxdur. Ancaq soruşacağım şeylərdən başqa dediyim tarixlərdə baş vermiş nəsə yadınıza düşərsə, onları da bilmək istərdim. Söhbət bu ayın on biri və on üçü tarixlərindən gedir. Həmin tarixlərdə siz növbədə olmusuz. Bilmək istəyirəm Fərman müəllimin həyat yoldaşı Sənubər xanım bu tarixlərdə evdən çıxıb harasa gedibmi? Əgər gedibsə, hansı saatlarda?

Sualımı eşidən mühafizəçi birdən - birə duruxdu. Əlini uzadıb bir xeyli boynunun dalını qaşıdı. Onun rəng alıb rəng verməsindən belə başa düşdüm ki, məsələnin ər - arvad xəyanəti ilə bağlı olduğunu düşünür. Mən səbrlə onun danışacağını gözləyib susurdum. Nəhayət o dilləndi:

- Məncə, çıxmayıb.

- Mənə dəqiq cavab lazımdır.

- Yox, dəqiq yadımdadır, çıxmayıb.

Bunları deyən mühafizəçi yenə də boynunun dalını qaşıdı.

- Bəs dediyim tarixlərlə bağlı başqa nəsə xatırlamadınız ki?

- Nə deyim, açığı elə diqqət çəkən bir şey baş verməyib.

- Hər ehtimala qarşı əlaqə nömrənizi verin. Mənim də nömrəmi yazın. Nəsə yadınıza düşərsə, mütləq zəng edin.

Mühafizəçinin nömrəsini telefonuma yazıb onunla sağollaşdım. Çox ümid etdiyim söhbət bir nəticə verməmişdi. İndi ofisə qayıdıb əlimdə olanları bir ipə düzməyin vaxtı idi. Maşına oturub mühərriki işə saldım. Artıq gecə yarıya yaxınlaşırdı. Ofisə tez çatdım. Məni topladığım faktları bir - birinə calayıb əsas ipucuna çıxmağım üçün aparacağım təhlillərlə keçəcək yuxusuz bir gecə gözləyirdi. Kresloma oturub adətim üzrə ayaqlarımı masanın üzərinə uzatdım. Uzun - uzadı fikirləşmək lazım olanda həmişə belə edir, sonra tavanda bir nöqtə tapıb gözlərimi o nöqtəyə zilləyirdim. Bilmirəm niyə, amma bu məndə illərlə vərdiş halı almışdı və bu vəziyyətdə fikrimi daha yaxşı toplaya bilirdim. Artıq yarıqaranlıq ofisdə, tam sakitlikdə təhlillərimə başlaya bilərdim.

* * *

Zirzəminin nəfəsliyi səskeçirməyən materialdan olsa da, birbaşa evin içinə baxan qapısı adi qapı idi. Bu qapının arxasından gələn zarıltı səsi evin birincə mərtəbəsinə qədər gəlir, natarazın beyninə işləyirdi.

- Lənətə gələsən, bu da xəstələnməyə vaxt tapdı.

Deyinə-deyinə yerindən qalxan nataraz pilləkənlərlə aşağı düşüb zirzəmiyə keçdi. Yatmazdan əvvəl söndürdüyü işığı yandırdı. Bayaq yerə atdığı döşəyin üstündə huşsuz vəziyyətdə uzanmış, qızdırmadan yanan uşağa baxıb başını buladı. Oğlanın rəngi avazımış, dodaqları quruyub çat vermişdi. Zəncir bağlanmış ayağındakı qançırların yeri elə şişmişdi ki, zəncirin halqa yeri ayağının ətinə işləmişdi.

Döşəyin yanında düşüb qalmış yorğanı uşağın üstünə çəkdi. Onun bu vəziyyətində də ayağına vurduğu zənciri açmağı düşünməyib donquldana-donquldana zirzəmini tərk etdi.

 

 “Ədəbiyyat və incəsənət”

(22.07.2024)

Monday, 22 July 2024 14:04

GÜLÜŞ KLUBUnda bahalı vaz

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Həqiqət həmişə yalanın enli kürəkləri arxasında gizlənir, qadası!

 

2.

Anekdotı.ru saytında həftənin lətifəsi:

“Hər bir vətəndaş dövlətin qayğıkeş əlini öz cibində hiss edir”.

 

3.

Qadınla kişi bahalı vaz alıb mağazadan çıxırlar. Qadın deyir:

-Al sən körpəni saxla, vazı ver mənə. Sənin əlində tutduqlarını yerə salmaq vərdişin var axı. 

 

4.

Papanində çoxu vegetariandır, ota keçiblər. 

 

5.

Şahsuvar Abbasəliyevin bu gün 85 yaşı tamam oldu. O, ömrünün 63 ilini olduqca vacib bir elmi araşdırmaya həsr edib: “Azərbaycanın Mil zonasında məskunlaşmış ağcaqanadların arterial təzyiqi yaranarsa, bunu hansı tibbi üsullarla aradan qaldırmaq olar”.

Gəlin qocaman alimə uzun ömür arzulayaq ki, öz cahanşümül araşdırmasını başa çatdırıb elmimizə və vətənimizə töhfə versin. 

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Baliq mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR 

§ Balıq – 152 qr

§ Soğan – 25 qr

§ Yağ – 15 qr

§ Şəkər tozu – 5 qr

§ Üzüm sirkəsi – 3 qr

§ Zəfəran – 0,05 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Balıq təmizlənir, yuyulur, duz, istiot vurulur. Soğanla yağda qızardılır. Qızardılmış balığa sirkə, şəkər tozu və zəfəran vurulur, tavanın qapağı örtülür, bir neçə dəqiqə ocaqda saxlanıb, süfrəyə verilir.

 

Nuş olsun! 

 

Ədəbiyyat və incəsənət”

(22.07.2024)

“Ədəbiyyat və incəsənət” portalı dəyər yaradıcısı Eltən Törəçinin “Törəçi fikirləri” layihəsindən ilk yazısını təqdim edir. 

 

 

Deməli, oxumaq sənin böyüdüyün alanda, yəni alqılarının oluşduğu, biliklər aldığın alanda sənin doğru qəlibin ortaya çıxır. Sənə böyüdüyün yer, o yerin insanın düşüncələri, sıxıntıları, istəkləri və diləkləri, o fikirlər, o düşüncə qəlibləri o alanda doğulan hər kəsə uyğun gəlir. On görə belə bir deyim var,  “yurdun alın yazındır", yəni, doğulduğun yer  sənin yaşamını bəlli edən, oluşduran bir yazqıdır. Deməli, sənin bir doğrun oluşur, sən başlayırsan yer üzündə biliklər əldə etməyə. Eyni bitiyi (kitabı) 10 nəfər oxuya bilər və hər kəs ordan öz istəyinə, diləyinə, anlayışına uyğun biliklər qavraya bilər. Yəni,  bilik  hamıya eyni cür toxunmur, eyni duyğu və düşüncə yaratmır. Hər bitiyin (kitabın), hər biliyin insanda yaratdığı düşüncə özəldir. Məncə, çox oxuyan adam yox, oxuduqlarının niyə yazıldığını anlayanlardır aydın olanlar. Və aydının önünü kəsən də, qaranlığa salan da əksinə, çox oxuyan və bu yazıları sadəcə əzbərləyən və bu yazıları sadəcə “mən oxumuşam” deyə vurğulamağa çalışan və hamının başına qaxan, əzbərlədiklərini orda-burda deyib özünü bilikli göstərməyə çalışan içi boş yarımçıqlardır. Sözümün canı odur ki, işlətmədiyiniz bilik gərəkli deyil. Yəni, bilirsənsə işlət, işlətmirsənsə demək ki, bilmirsən. Ya da işlətmədiyin biliyi öyrənib, başını boş-boş biliklərlə doldurma. Özünə bir yön, iş, cizgi, iz seç və onunla yürüyərək insanlara o yöndə yararlı, gərəkli olmağa çalış. Düşünürəm ki, hər bir adamın olayı, işi-gücü bu olmalıdır. Yəni, sadəcə özü üçün yaşayan insanlar balaca insanlardır və toplumda onlara yer yoxdur. Belə insanların toplumda yetişməsi ara-ara baş verir və bunlar çox təhlükəli, sıxıntılı adamlar olur. Biz artıq yavaş-yavaş belə insanları yetişdirməkdən vaz keçməliyik. Get-gedə biz öz duyğularımız, düşüncələrimiz, alqı və qavrayışlarımız haqqında daha çox şey bilirik. Orta əsrlərdə cızılmış bəzi humanist,  qavrayışlar, cizgilər artıq dəyişməlidir. Yəni orta əsrlərdəki kitablarda yaradılmaq istəyən insan modeli, ya da quruluşu indiki topluma gərəkli deyil. Orta əsrlərdə insanlar tək idilər, Yer üzü çox boş idi. Və bir bölünmə gedirdi və dolayısıyla, birgə yaşamaq heç də gərəkli deyildi. Bilik az idi, o alqıları ayaradan insanların da bilikləri, duyğuları az idi. Gördüklərləri çox az idi. Bu gün nə qədər ağıllı oluruqsa olaq, iananın ki, İbn Sinanın, Tolstoyun, Şeksprin ölü düşüncələrini, insan modelləmələrini hələ də yaşadırıq. Məsələn, Freydi hələ də yaşadıb, qəbul edirik və bununla yaşayırıq. Mən hansısa birinizə Orta çağda hazırlanmış bir geyimi, əşyanı versəm, heç biriniz bunu işlətməzsəniz. Amma onu da o dövrün ən yaxşı ustaları hazırlayıb. Amma istənilən halda çox möhtəşəm işlər ortaya qoyulsa da bu artıq bir keçmişdir. Və sırf keçmiş olduğu üçün dəyərlidir. Amma düşüncədə bu belə deyil. Düşüncə əşya deyil. Düşüncə canlıdır.  İnsanlarla birgə yaşayır, yenilənir, dönür, gəlişir. Ona görə köhnə alqılarla bu gün də yaşamaq məncə çox yanlışdır. Bu gün toplumda uşaqlar ölürsə, hansısa qaynaqlar üstündə insanlar bir-birini qırırsa, bir-birinə  dəyər vermədən çoxalırlarsa, sevmədən evlənib çoxalırlarsa, uşaqların qarşında daşıdıqları məsuliyyıti anlamadan çoxalırlarsa və buna görə qaynaqların üstündə insanaır bir-birlərini qırırlarsa demək ki, bütün Yer üzündə bu günə qədər yazılmış yazıların, düşüncələrin və biliklərin  hamısı elə də ideal biliklər deyil. Məsələn, deyək ki, Freyd də çoxlu kitab oxumuşdu, özü kimi yaradıcı adamların kitablarını. Ondan sonra gələnlər də Freydi oxuyub. Sonucda ortada bir ovuc oxumuş adamlar var və bu oxumuş adamlar, fərqi yoxdu, hansı ulusdan olursa olsunlar öz uluslarını işıqlandırmağa çalışırlar. Amma biz görürük  ki, bütün Yer üzü çox da yaxşı işıqlandırılmayıb. Bunun da səbəbi nədir? Səbəbi odur ki, biz bax bu Orta əsrlərdəki, ya da keçmişdəki düşüncə yapılarını hələ də günümüzə daşıyırıq. Və onları əsas götürürük. Heç birimiz də demirik ki, “bu Freyd müəllim dünyadakı bütün insan tiplərini öyrənə bilməyib, bu qədər eqoizm ola bilməz, insanlar artıq başqa cür düşünə bilər”. 

Biz başa düşməliyik ki, artq yeni bir insan növü yaranıb. Yəni Freydin dönəmində belə insan yox idi. Belə insan modeli olmadığına görə onların tanıdığı insan artıq dəyişib. Sizin neandertallarla bağlı yanaşma və düşüncələriniz sonucda homosapenslə eyni ola bilməz. Amma biz neynirik? Bizə sırınmış bəlli alqılar var, məsələn, bəzilərimiz hələ də geyiminə görə insanları qəbul etdiyimizi düşünürük, bəzilərimiz isə geyimə fikir vermir. Və Qərb də guya bizə göstərməyə çalışır ki, Qərbdəki iş adamları heç də geyimə fikir vermir, önəmsəmir və s. 

Bu məsələlər çox qəliz məsələlərdir və mən düşünürəm ki, bununla bağlı istənilən halda  danışmaq, fikir bildirmək lazımdır. Bax belə...

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimov haqqında “Euronews” telekanalında süjet yayımlanıb.

 

AzərTAC xəbər verir ki, süjetdə maestro onun musiqi yoluna təsir göstərmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə dərin bağlılığından danışıb.

Qeyd edək ki, Fuad İbrahimov, eyni zamanda, Münxen Filarmoniya Orkestrinin və Bakı Kamera Orkestrinin də baş dirijorudur. O, Vətən müharibəsində erməni işğalından azad edilmiş Şuşada 2021-ci ildə yenidən keçirilən “Xarıbülbül” Musiqi Festivalında dirijorluq etdiyini və çoxdankı arzusunun gerçəkləşdiyini diqqətə çatdırıb. Musiqiçi bildirib ki, qədim Şuşa şəhəri Azərbaycan mədəniyyətinə dahi bəstəkar Üzeyir Hacıbəyli və digər görkəmli şəxsiyyətlər bəxş edib. Şəhərin zəngin ədəbi-mədəni mühiti, eləcə də Fuad İbrahimovun uşaqlıq illərində baş verən hadisələr onun ilk musiqi təhsilində həlledici rol oynayıb. Görkəmli şuşalı bəstəkar Süleyman Ələsgərov tərəfindən ona skripka hədiyyə olunması da unudulmaz xatirəsidir.

Süjetdə, həmçinin qeyd olunur ki, Birinci Qarabağ müharibəsinin ağır sınaqlarına və onun ailəsinin də 1992-ci ildə doğma Şuşadan məcburi köçkün düşməsinə baxmayaraq, Fuad İbrahimov musiqiyə olan sevgisi, anasının istəyi və Heydər Əliyev Fondunun böyük dəstəyi sayəsində xəyallarını gerçəkləşdirməyə nail olub. O, Almaniyada musiqi təhsili alıb, böyük orkestrlərdə çalışıb.

Fuad İbrahimov müsahibəsində 2024-cü ilin 11-13 may tarixlərində keçirilən və bir sıra ölkələrdən musiqiçiləri bir araya gətirən, azad Şuşanın mədəni həyatını zənginləşdirən növbəti “Xarıbülbül” festivalının da əhəmiyyətini vurğulayır. 

O, Şuşanın İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üçün “Gənclər Paytaxtı” seçilməsindən qürur hissi keçirdiyini bildirir, gəncləri öz işini sevməyə və vicdanla yerinə yetirməyə çağırır.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

Azərbaycan Milli Konservatoriyasında “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimat mərasimi keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən layihənin rəhbəri, İctimai Birliyinin sədri Adil Nəsibov qonaqlara layihə barədə ətraflı məlumat verib. Bildirib ki, layihə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində və ümumilikdə ölkədə bu il ərzində təşkil ediləcək silsilə tədbirlərə töhfə vermək məqsədilə icra olunur.

Adil Nəsibov qeyd edib ki, İctimai Birlik təsis edildiyi gündən etibarən həm Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, həm də daxili imkanları ilə bir çox layihələr icra edib. “Bu gün təqdimatı keçirilən film-konsertdə Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidinin imamı Mirabdullah Həsənli Şuşa şəhərindəki məscidlərin 30 illik işğal dövründə dağıdılması və Vətən müharibəsindən sonrakı bərpa prosesi haqda məlumat verib. Azərbaycan Milli Konservatoriyasının professoru, musiqişünas və film-konsertin məsləhətçisi Abbasqulu Nəcəfzadə isə ilk dəfə film-konsertdə səslənən mahnıları təhlil edib. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlısı, Vətən müharibəsi qazisi, “Qarabağ” ordenli kapitan Vüsal Həsənov Vətən müharibəsində ordumuzun göstərdiyi rəşadət haqqında, əczaçı-bioloq, sitrus bitkilərinin seleksiyaçısı Rauf Rəhimov isə insanla təbiətin harmoniyası haqqında fikirlərini bölüşüblər”, - deyə A.Nəsibov diqqətə çatdırıb.

O, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrasında dəstək göstərdiyinə görə təşəkkürünü bildirib. 

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Bəhram Nəsibovun musiqi mədəniyyəti tariximizdəki mövqeyindən söz açıb. Qeyd edib ki, bu gün Bəhram Nəsibovun sənətinin insanlar tərəfindən sevilməsi, onun mahnılarının dillər əzbəri olması bəstəkarın necə istedadlı olduğunun sübutudur. Onun mahnıları daimi olaraq sənətkarlar tərəfindən sevilə-sevilə oxunacaq.

Rektor “Mədəniyyət paytaxtı” film-konsert layihəsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair Əkbər Qoşalı və sənətşünaslıq elmləri doktoru, film-konsertin məsləhətçisi, professor Abbasqulu Nəcəfzadə tanınmış sənətkarın həyat və fəaliyyətindən söhbət açıblar. Bildirilib ki, unudulmaz sənətkarın xatirəsi xalqın qəlbində əbədi yaşayacaq. 

Daha sonra “Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimatı olub.

Bəstəkar Bəhram Nəsibovun bəstələdiyi “Vətən bağı” (Sözləri: Ağabəyim ağa Cavanşir), “Cıdır düzü” (Sözləri: Rəfiq Zəka), “İslam dünyası” (Sözləri: Nəcməddin Mürvətov), “Şuşa qalası” (Sözləri Sabir Əliyev) mahnıları ilk dəfə film-konsertdə müğənni-bəstəkar Elnur Nuri tərəfindən səsləndirilib. Film-konsertdə mahnılar, müsahiblər, kadrarxası mətnlərin, interküylərin harmoniyasında tamaşaçıya çatdırılıb. Bu da tamaşaçını mövzuya audio-vizual şəkildə tanış edir. 

Film konsertin yaradıcı heyəti- layihənin rəhbəri, ssenari müəllifi, montaj Adil Nəsibov, rejissor Cəsarət Hüseynzadə, operator Elmir Mirzəzadə, məsləhətçi Abbasqulu Nəcəfzadə, prodüser Vüsal Əhmədov, redaktor Şəbnəm Tofiqqızıdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisit Əkbər Qoşalının təqvim yazısını təqdim edir. 

 

1875-ci ildə “Əkinçi” ilə başlayan şərəfli yolun 149-cu bələnindəyik. Kimsə bizdən qabaq, kimsə bizdən sonrakı bələndədir - olsun; əsas olan, var olmaqdır, durmamaqdır, irəliləməkdir. 

 

Əlbəttə, hardan gəldiyimizi, hara getdiyimizi və necə gəlib-getdiyimizi bilmək önəmlidir. Çıxdığımız yolun dünənki, bu günkü çağırışlarının idrakında olmaq çox önəmlidir; yəni sabaha kiminlə, hansı sevda ilə, peşəkarlıqla getdiyimizin fərqində olmazsaq olmaz…

Əkinçilikdən öncə ovçuluq gəlir - insan övladı Yer üzündə əkin-biçindən öncə ovçuluqla uğraşıb, özü özündən öyrənib, ilklərə imza atıb; sonra əkinçilik dönəmi başlayıb, əkinə aid sadə alətlər ürətilib. Qədim insan məskənlərinə malik Azərbaycanın ilk milli mətbuatının “Əkinçi” adlanması da, bütün anlamlarda təsadüf deyil. Milli demokrat, maarifçi babalarımız əkinçi sözünün ərəbcə, farsca, rusca qarşılığından istifadə etməyiblər (çox da doğru ediblər)! Ruhları şad olsun! Ruhları şad olmuşlar, Həsən bəy Zərdabi başda olmaqla, dil, üslub, qarammatika, o cümlədən durğu işarələrinin işlənməsinə özən göstəriblər. Baxma, sayı 300-400, yayınlanma dönəmi iki il olub, “Əkinçi” əkinçidən artıq olub. “Əkinçi” yalnız, “torpaqda izi olmayanın, süfrədə üzü olmaz”, “torpağa əyilən baş heç kəsə əyilməz” kimi zəhmətə alışdırma çağırışları ilə çıxış etməyib. - Əkinçiliyin kənd təsərrüfatından çıxarılıb, düşüncə fabrikinə, fəlsəfi fikir meydanına axtarılması “Əkinçi”ni bir aqrar maarifçilik orqanı olmaqdan çıxardıb, böyüdüb. Adı gözəl, işi gözəl, yolu gözəl Həsən bəy Zərdabi öz düşüncə, dava ortaqları ilə beyinlərə toxum səpir, ağılları şumlayır, qafaları havalandırır, gözləri işıqlsndırırdı… Zərdabi imzası da 

sanki yalnız el-obanı nişan vermirdi; Zərdabinin düşüncə zərdabları fikir qidalandırıcı maddələrin dərisi qalınların dərin qatlarına nüfuz etməsini təmin edirdi. Zərdab yalnız dəridə deyil, boğaz, burun, gözdə olan boşcuqlara düşən, NƏFƏS DARLIĞI yaradan  yoluxucu infeksiyaya (difteriyaya) qarşı ən güclü “silah”dır. Həsən bəy Zərdabinin adı, təxəllüsü, qəzeti, ümumən Yolu təsadüf əsəri olmayıb, istiqamətlənmiş, nizamlı milli hərəkatı ifadə edir. O, millətin NƏFƏS DARLIĞInı müalicə edirdi, dərisi qalınları ayıldırdı…

XIX yüzildəki “Əkinçi”mizdən öncə, yurdumuzda və yaxın çevrədə başqa dillərdə qəzetlər çıxırdı; bax, onları sövq-təbii izləməyimiz bizim mətbu anlamda ovçuluq aşamamız idi; ilk insanlar kimi, XIX yüzil sonlarında bizim düşüncə dünyamızda da, ovçuluqdan sonra əkinçilik dönəmi gəlməliydi, gəldi də…

Müstəvisindən, fazasından və fəzasından, məkan və zamanından asılı olmayaraq, ovçuluqdan, əkinçilikdən danışırıqsa, oddan da söz salmalıyıq. İlk insanların ilk ocaq qalama yöntəmləri və odqoruması kimi, bizim irəligörüşlü babalarımız da, ilk milli qəzetimiz “Əkinçi”də, ondan öncə, ona paralel və ondan sonrakı bütün mətbu orqanlarımız üzrə odqoruma işi gördülər, əslində - ocaqlar qaladılar. O vaxt bu tayda müstəqil milli dövlətimiz, heç muxtariyyətimiz dəxi yox idi; o tayda isə Qacarlar dövləti (iç və dış basqılar üzündən) öz başının hayındaydı… Ona görə, irəligörüşlü babalarımız bəzən (belə demək mümkünsə), dövlət kimi, millət atası kimi davranmaq zorunda qalırdı... 

Əlbəttə, görülən işlər öz məntiqi nəticəsinə yetişməliydi, yetdi də: vaxt gəldi-vədə yetişdi, Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) quruldu! Türk-İslam Gündoğarının ilk Cümhuriyyətiydi Azərbaycan Cümhuriyyəti! Cümhuriyyətimizin nazirliklərindən biri də Əkinçilik Nazirliyiydi… İlk Əkinçilik nazirimiz Xosrov bəy Əlipaşa bəy oğlu Sultanov (10.05.1879, Laçın, Zəngəzur – 07.01.1943, İstanbul) “Əkinçi”nin ilk sayı çıxandan 4 il sonra doğulmuşdu…

Necə bir təvafüqlükdür: Əkinçilik nazirimiz daha sonra Qarabağ general-qubernatoru görəvinə keçirildi. - Ermənilərin (və havadarlarının) Azərbaycana qarşı yeni ərazi iddiaları sonucunda məcburiyyət qarşısında Qarabağda keçici inzibati idarəçilik qurumu yaradıldı… 

İlk müstəqil cümhuriyyətimizdə də, müstəqilliyin bərpası və sonrası dönəmdə də Qarabağ adlı sorunumuz olub. O sorunu, nəhayət, Dəmir Yumruq kəramətiylə həll etdik! Ata vəsiyyətini şərəflə yerinə yetirən İlham Əliyevin Ali Baş Komandanı olduğu şanlı Ordu 30 illik deyil, 100 illik də deyil, Cümhuriyyətöncəsindən yığılıb qalmış problemləri belə kökündən çözdü!

Bəli, necə deyərlər, “torpağı qorumasan əkməyinə, əkməsən, qorumağına dəyməz”!..

“Əkinçi”dən Cümhuriyyətə, Cümhuriyyət aydınlığından sovet qaranlığına və yenidən dövlət müstəqilliyinin bərpasına “uzun incə bir yol” keçən milli mətbuatımız bu gün müstəqil, güclü, qalib ölkənin, dövlətin və xalqın mətbuatı olaraq çıxış edir. İndi bir normal saytdakı alababat yazının bir gün içində oxunma sayı “Əkinçi”nin bir sayının tirajından xeyli çox olur. Ancaq biz, bir gürcü filmində deyildiyi kimi, “köklərə borclu budaqlar”ıq. - Bütün tirajlarımız, sayğaclarımız, oxunmalarımız “Əkinçi”nin adına yazılsın, əkinçi babalarımızın halalı olsun, onların ruhları şad olsun! Təki biz onların ruhu qarşısında utanmayaq.

Budur, Milli Mətbuat Günü ərəfəsində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirildi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Forumun açılışında iştirak edib, çoxsaylı sualları cavablandırdı. Forumda 50-dən çox ölkəni təmsil edən nümayəndələr, eləcə də, yerli media kapitanlarımız vardı. 

Bu ilki Milli Mətbuat Günümüz bir başqadır! - Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunduqdan sonra bu bayramı ilk dəfə keçiririk. Bu ilki Şuşa Qlobal Media Forumunun iştirakçılarından bir bölümü Xankəndidə gecələyib. Bunlar xoş-bəxt-lik-dir, xoş-bəxt-lik!!! 

Bugünümüz, uğurlarımız (çox inanıram), “Əkinçi” babalarımızın da, dağ başında qala (Şuşa), dağətəyində kənd (Xankəndi) quran xan babalarımızın da ruhuna agahdır… Onların şad ruhunun Müzəffər Ali Baş Komandanımıza, ordumuza, eləcə də, milli mətbuatımıza - media ordumuza alxışçı olduğuna inanıram. 

Ata vəsiyyətini şərəflə yerinə yetirən dövlət başçımız, bütün dönəmlərdəki dədə-babalarımızın da ruhunu şad edib.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.