
Super User
Artırmalımı, azaltmalımı?..
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Keçmiş işğalçı, hazırkı qeyri-müəyyən ölkə Ermənistan Respublikasının müdafiə xərcləri 2025-ci ildə 20% artırılaraq, 664 milyard drama – bizim pulla (təqribən) 2 milyard 921 milyon manata, başqa sözlə, 1,71 milyard ABŞ dollarına çatdırılacaq.
– “Gələn il hərbi xərclər ÜDM-in 6 %-ni təşkil edəcək, bu da 2024-cü illə müqayisədə 0,7% çoxdur” – bunu, 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi vaxtı Ermənistanın Maliyyə naziri Vaqe Ovannisyan deyib. O, əsaslı büdcə xərclərinin 55,8% bölümünün müdafiə sənayesinin payına düşəcəyini bildirib.
Bu məlumatı oxuyunca, sövq-təbii, bizim 2025-ci il üzrə müvafiq xərc proqnozumuza diqqət etmək isyəyirik. 2025-ci il büdcəsi ilə bağlı məlumatlar hələ tam bəlli olmasa da, biz qiyaslamanı 2024-cü ilin büdcəsi əsasında da apara bilərik. Vaxt olub, bizim müdafiə xərclərimiz, təqribən, Ermənistanın ümumi büdcəsi qədər olub. Ona görə də, Ermənistanın 2025-ci il üzrə müdafiə xərcləri proqnozu, ən yaxşı halda, bizim illər öncəki xərclərimizə bərabər ola-olmaya...
Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri 2024-cü il üzrə 7,126,347,420 m. təşkil edirdisə, 2025-ci ildə bu rəqəmin daha da atırılacağı şübhəsizdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il, sentyabrın 23-də - VII çağırış Milli Məclisin ilk toplantısındakı nitqini xatırlayaq:
“Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.
Bəli, dövlət müstəqilliyini bərpa edəndən bəri başımıza gələnlər, özəlliklə, 30 illik işğalın acı nəticələri sübut etdi ki, güclü ordumuz, hərbi gücümüz olmasaydı, biz qətiyyən işğala son verə bilməyəcəkdik. Biz günahkar deyilik ki, çağdaş dünya, beynəlxalq aləm özü çağdaş deyil; beynəlxalq hüquq reanimasiyaya qaldırılıb və ona gərəkli diqqət-qayğı göstərilmir. II Dünya hərbindən sonra pis-yaxşı formalaşmış beynəlxalq təhlükəsizlik arxitekturası sıradan çıxarılıb. Prezidentin 23 sentyabr nitqində vurğuladığı (və bəzi böyük dövlətlərin artıq heç gizlətmədiyi) kimi, güclü olan haqlıdır prinsipi (daha doğrusu, prinsipsizliyi!) hazırda üstünlük təşkil edir.
Beləliklə,
üç onillik işğal dönəmində, hərbi gücümüzün artırılması dövlətimizin əsas vəzifələrindən olub və hər il Milli Məclisdə dövlət büdcəsi təsdiq olunanda, hərbi xərclərin birinci olduğu açıq-aydın görünürdü. – “Bu gün də belə olmalıdır.
Bəli, ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi. Ancaq əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.
Bax, sözü imzası qədər keçərli dövlət başçısının bu sözləri də deməyə əsas verir ki, 2025-ci il büdcəsində müdafiə xərcləri 2024-cü illə müqayisədə illa artıq olacaqdır.
2024-cü ildə Müdafiə qüvvələri üzrə 2,429,439,686 m., müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üzrə 3,754,553,986 m., xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 3,700,000,000 m. xərclər nəzərdə tutulmuşdusa, 2025-ci ildə ayrı-ayrı bölmələrə dair xərclər daha artırılmalıdır.
Bəs yaxşı, bizim hərbi xərcləri nə üçün artırdığımız bəsbəlliykən, Ermənistana nə düşüb? Hər hansı bir neytral, ədalətli baxış bu planda nəyi üzə çıxarardı? – Bilindiyi kimi, Ermənistan artıq işğal edilmiş ərazilər üzrə lazımsız xərclərdən “qurtulub”... Allah qoymasa, müdafiə etdiyi sərhədlər əməlli-başlı qısalıb. “Kürədək”, “Yevlaxa qədər” ritorikasının gərəkdirdiyi pul-paraya, Qarabağda hərbi təxribatlara da ehtiyac qalmayıb. Yaxşı, bəs onda nə əl-ayağa düşüblər, hərbi xərcləri rekord həddə artırmağa nə üçün vadar olublar? Yoxsa, çuvalda cida, torbada pişik var? - Aha, bax, məsələ də elə bundadır. Ermənistan bir yandan sülh danışıqlarına rəsmən “yox” demir, digər yandan silahlanır... - Revanşist zehniyyətdən qurtula bilməyən erməni hərbi-siyasi başbilənləri Gündoğardan-Günbatara, Hindistandan Fransayadək silah alır, anbarları doldurur. Ermənistan hər halda həmhüdud olmayan ölkəyə mərmi atəşləyəsi, raket atası deyil, elə deyilmi? O zaman, silahların tuşlandığı, sursatların hazırlandığı, ayarlandığı ölkə Gürcüstanamı, İranamı əcaba? Bəlkə, Türkiyə? Heç şübhəsiz, imkanı olsa, hər üç ölkəyə silah da tuşlayar, torpaq da tutmaq istəyər ancaq buna nə potensialı var, nə də beynəlxalq konyunktura qətiyyən uyğun deyil. Elə isə bir ölkə qalır – Azərbaycan. Məsələ də bundadır ki, Azərbaycana silah tuşlamaq ağılsızlığın ötəsində bir şeydir. Bölgənin güclü ölkəsi, XXI yüzilin müharibəsini aparmağı bacarmış Azərbaycanla müharibə aparmaq bir yana, müharibə hazırlığı içində olmağın özü belə odla oynamaqdır. Ölkəmizə qarşı təhdidləri artıq Lələtəpədən, Cocuq Mərcanlıdan, Quzanlıdan deyil, nə bilim, “Ohonyan xətti”nin bəri üzündən deyil, şərti dövlət sərhəddi həndəvərlərində önləyəcəyik. Ermənistanın dərinliklərindəki atəş nöqtələrni susdurmaq problem deyil. Yoxsa, elə başa düşürlər, əlimiz tətik, gözümüz durbin, göyümüz PUA, uzayımız peyk tanımır?..
Suallar ritorik, cavablar bəlli, mənzərə apaydındır.
Ermənistanın tək yolu var: uslu davranmaq!
Ülgüc üstə çox irəliləmək olmaz! Hələ-hələ qış qapının ağzındaykən…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Şəkildə: Bu isə bizim ordudur. Onlar bu oğulların qarşısında zar-zar əsməyib nə etsinlər?
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
Bu gün Ümumdünya Balet Günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
29 oktyabr. Ümumdünya Balet Günü
Həmən baleti sevmədik, baletə getmədik, mədəniyyət arenalarına gedişimiz ən yaxşı halda popkorn alıb moll sinemalarında bayağı yerli komediyalara baxmağımız oldu. Sivil dünyada isə balet sevilir, zövqlü insanların kübarlıq əyarları həm də balet tamaşalarını izləmələri ilə ölçülür. Ümumdünya balet gününün maraqlı bir yaranma tarixçəsi var. 2012-ci ildə Londonun Kral opera teatrı canlı efirdə Royal Ballet Live adı altında 9 saat sərasər balet nümayiş elədi, 200000 insan bu canlı yayımı izlədi, You Tube üzərindən isə 2,5 milyon insan ecazkar baletdən həzz aldılar. O gündən də qərara alındı ki, oktyabr ayının son həftəsində balet günü qeyd edilsin.
29 oktyabr. Ümumdünya insultla mübarizə günü
World Stroke Day. Allah hamımızı belə bir bəladan qorusun. Ümumdünya Səhiyyə Təşkilatı bu gün diqqətləri bu xəstəliyə yönəldəcək, bəyan edəcək ki, artıq çəkisi olan, siqaret çəkən, az hərəkət edən, qeyri-sağlam qidalananlar risk qrupunu təşkil edirlər. Sən demə, bütün dünyada ən çox ölümlə nəticələnən xəstəliklər sırasında insult ikinci yerdə dayanır, şikəstliklə nəticələnən xəstəliklər sırasında isə bu bəla sayca üçüncü yerdədir. Eləcə də insult ağıldankəmlilik və depressiya üçün əsas səbəbkardır.
Yoxsul ölkələrdə insult sayı durmadan artır. Sosial problemlər, stress və depresiyalar, yaxşı qidalana bilməmək insanları sanki qaldırıb yerə çırpır, zədələyir, əzib-tökür. İnsult bu gün təkcə tibbi bəla deyil, o daha çox sosial problemdir. Odur ki, gərəkdir ki, ürəyinizi qoruyasınız. Necə? Məsələn, birini mən deyim, birini də siz deyərsiniz. Qubaya gedib oradakı “Shahdağ Guba & Truskavets Medikal Sanatorium”da ürək-damar xəstəliklərinə yol açan fəsadlardan – artıq çəkidən, şlaklardan, xolesterindən xilas ola, ümumi tonusunuzu, immunitetinizi yüksəldə, həm də füsünkar təbiətin qoynunda dincələ bilərsiniz. Fizioterapiya, haloterapiya, ozonoterapiya və daha neçə-neçə terapiyalardan, su və spa prosedurlarından sonra xəzəl olmuş yarpaqların üzəri ilə Qəçrəş meşəsində gəzmək, bol-bol oksigen udmaq heç bilirsiniz sizi neçə il cavanlaşdırar?
29 oktyabr. Pulitser mükafatı
Bu gün üçün çox maraqlı qeydetmə təyinatları var. Ərz eləyim, dinləyin. Onu deyim ki, bu gün sement günüdür. Qaradağ sement zavodunun rəhbərliyi bəlkə də bundan xəbərsizdir, oralara yolu düşənlər lütfən onları agah eləsinlər. Bu gün tərki dünyalıq günüdür. Onsuz da əksəriyyətimiz dünyada tərki-dünya kimi yaşayırıq, islananın yağışdan nə qorxusu, bu günü lazımi səviyyədə qeyd edərik. Koronasiya günü. Həyat hər kəsi layiq olduğundan az və ya çox, onsuz da təltif edir. Oğru dünyasının koronasiyası doğru dünyasına da şamil olunur. Bandana günü. Baş sarğısıdır bu. Plyajdakılar, motosikl sürənlər, rokerlər bandananı çox sevirlər, biləsiniz. Qonşumuz İranda bu gün Kir günüdür. Əhəmənilər imperiyasının qurucusu olan Kirin ad gününə İran toy-büsat qurur. Amerikada isə bu gün milli pişik günüdür. Amerikalı pişik yəqin bizim pişik kimi zavallı deyil, daha tox, daha harındır. Amma amerikalılar pişik günüylə kifayətlənərlərmi, kifayətlənməzlər. Onlarda bu gün yarma günüdür həm də, mətbəxlərdə südlü sıyıqlar bişiriləcək vurhavur.
113 il bundan əvvəl - 1911-ci ilin bu günündə amerikalı jurnalist Jozef Pulitser dünyadan köçüb. Bu o şəxsdir ki, Qərbdə ən nüfuzlu jurnalist mükafatı – Pulitser mükafatı onun adı ilə adlandırılır. 573 il bundan əvvəl – 1451-ci ilin bu günüdə isə Amerikanı kəşf etmiş ispan səyyahı Xristofor Kolumb dünyaya gəlib.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
Bu gün Zəngilan rayonunun işğaldan azad edildiyi gündür
Kənan Məmmədli, "Ədəbiyyat və incəsənət"
1993-cü il oktyabrın 29-da Zəngilan rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. “Zəngilan şəhəri” dedikdə əslində Pircavan şəhəri nəzərdə tutulmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Lakin sözün kökündə “Pir” sözü olduğu üçün, yaxud da tariximizi təhrif etmək məqsədi ilə rayоna 1930-cu ildə Zəngilan adı verilmişdir. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Zəngilan şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. İşğal olunmazdan əvvəl Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi və ermənilər onu doğrayaraq xarici ölkələrə satmışlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də ermənilər tərəfindən talan edilmişdir.
Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və digər qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik materialı kimi daşınıb. Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədiblər, 2 hektara yaxın ərazidəki çoxillik qoz, çinar və şam ağaclarını məhv ediblər. Daş-başı və Leşkar meşələrində 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınıb və ərazi yandırılıb.
Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Var olsun Müzəffər Ordumuz!
"Ədəbiyyat və incəsənət"
(29.10.2024)
Dünən Beynəlxalq Animasiya Günü idi
Könül, “Ədəbiyyat və incəsənət”
Dünən - oktyabrın 28-də dünya ictimaiyyəti Beynəlxalq Animasiya Gününü qeyd etdi. Sovet dönəmində uşaqkən multik dediyimiz, hazırda cizgi filmi dediyimiz bu filmləri uşaqdan böyüyə hamı sevir.
Dünən Beynəlxalq Animasiya Gününü YouTube-da cevdiyim animasiya filmlərinə, xüsusən də Soyuzmultfilmin istehsalı olan “Nu poqodi”yə bol-bol tamaşa etdim.
1892-ci il oktyabrın 28-də Parisdə fransız Emil Reno tamaşaçıları yeni, indiyədək görünməmiş bir tamaşaya – “optik teatr”ın nümayişinə dəvət edib. İstedadlı ixtiraçı ilk dəfə olaraq öz aparatını - hərəkətli şəkilləri göstərən praksinoskopu ictimaiyyət qarşısında nümayiş etdirdi. Məhz bu tarix cizgi filmləri erasının başlanğıcı hesab olunur.
Beynəlxalq Animasiya Günü 2003-cü ildə Beynəlxalq Animasiya Filmləri Assosiasiyası tərəfindən təsis edilib və hazırda bütün dünyada qeyd olunur.
O ki qaldı bizim ölkəyə, bizdə animasiyanın tarixi XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. 1933-cü ildə “Azərbaycanfilm” studiyasının bir qrup işçisi kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri apararaq Moskvadan lazımi materialları alıb gətirib və həmin il “Lökbatan” və “Neft simfoniyası” sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə edib. “Cat” təlimat filmində isə animasiyadan bütünlüklə istifadə olunub. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilib. Bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara alır və filmin mövzusu Azərbaycan xalq nağıllarından götürülür.
1968-ci ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərov cizgi filmləri sexini bərpa etdirib, həmçinin bu sahədə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə diqqəti artırıb. Cizgi filmlərinin yaradılmasına 20 nəfərdən ibarət rəssamlar qrupu cəlb edilib. 1969-cu il fevralın 28-də Nazim Məmmədovun təklifi ilə “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyniadlı cizgi filminin istehsalına başlanılıb. 1990-cı ilin aprelində Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfat üsuluna keçiblər və “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi yaradılıb.
1981-ci ildə dünyaşöhrətli kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Vaqif Behbudov “Başlanğıc” qısametrajlı televiziya cizgi filmini çəkib. Yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açan, xeyir və şərin simasında çətinliklərin aradan qaldırılaraq əmin-amanlıq şəraitində yaşamağın mümkün olduğunu təbliğ edən həmin film Mərkəzi Televiziyanın sifarişi ilə “Azərbaycantelefilm” tərəfindən istehsal olunub. Həmin illərdə 19 cizgi filmi, o cümlədən “Bir dəfə haradasa…”, “İthaf”, “Oda”, “Göyçək Fatma”, “Karvan” kimi populyar animasiya əsərləri lentə alınıb.
2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondu ilə birgə Azərbaycan animasiyasının 75 illiyi münasibətilə “Bir nağıl söylə mənə” cizgi filmləri toplusu hazırlayıb. DVD şəklində hazırlanmış animasiya toplusunda 80-ci illərin 9 cizgi filmləri yer alıb.
2018-ci ildə Azərbaycanın ilk beynəlxalq animasiya festivalı – ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı yaradılıb, uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçilib
23-25 oktyabr tarixlərində Mumbay şəhərində XI Hindistan Beynəlxalq Film Turizmi Konqresi (IIFTC - India International Film Tourism Conclave) keçirilib.
Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, İspaniya, Slovakiya, Norveç və digər ölkələrdən film komissiyalarının yer aldığı tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) də iştirak edib.
Ölkəmizdən “Filmlab.az”, “Filmbridge Azerbaijan”, “CNF” və “Ultra Production” şirkətləri IIFTC-də tədbirə qatılıb.
Builki konqres ölkəmiz üçün xüsusilə yaddaqalan olub. Tədbirin mükafatlandırma mərasimində ilin nəticələrinə əsasən, Azərbaycan Hindistandan rejissor və prodüserlər üçün ilin ən populyar çəkiliş məkanı elan edilib.
IIFTC konqresinin rəhbəri Harşad Bhaqvat çıxışında vurğulayıb ki, son illərdə Azərbaycan ən çox tələb görən çəkiliş məkanlarından birinə çevrilib.
Azərbaycan nümayəndə heyəti tədbirdə ölkə mədəniyyətinin təbliği, yaradıcılıq sahələrinin inkişafına dəstək, həmçinin kino potensialımızın beynəlxalq səviyyədə tanıdılması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi məqsədilə bir sıra görüşlər keçirib. Görüşlərdə ölkəmizin həm film çəkilişi məkanı kimi, həm də birgə film istehsal ilə bağlı müzakirələr aparılıb.
Bildirək ki, son iki ildə ölkəmizdə həyata keçirilən "Yaradıcı Azərbaycan" proqramı çərçivəsində müxtəlif layihələrin icrası, Film komissiyasının fəaliyyətinin canlandırılması, xarici istehsalçıların Azərbaycanda çəkilişlərə cəlb olunması yerli kino sənayesinin də inkişafı ilə bağlı əhəmiyyət kəsb edir.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
“Bölgə teatrlarının Bakı premyeraları” – Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəlib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” adlı yeni layihə həyata keçirilir. Layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, gənc rejissorların quruluş verdiyi tamaşaları paytaxt tamaşaçılarına təqdim etməkdir.
“Ədəbiyyat və incəsənə” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihə çərçivəsində Lənkəran Dövlət Dram Teatrı 29-30 oktyabr tarixlərində Bakıda qastrolda olacaq. Oktyabrın 29-da qonaq kollektivin təqdimatında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yeni səhnə əsərinin – “Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçiriləcək.
Yazıçı-dramaturq Cavid Zeynallının eyniadlı dramı əsasında hazırlanan “Tanrı quşu gəlmədi” tamaşası öz ilkin və həqiqi mahiyyətindən qopan, mənəvi xilasını keçmişdə, uşaqlığında axtaran Süleyman Əfəndiyevin faciəvi taleyindən bəhs edir.
Doğulduğu kənddə onun bütün keçmiş günahlarından xəbərdar sonuncu adam öləndən sonra Süleyman kəndə qayıtmağa qərar verir. Kənddə onu çox şey gözləyir: doğulduğu və indi – ömrünün bu ixtiyar çağında sığınmaq istədiyi ev, doğmalarının xatirəsi, həyatını məhv etdiyi qadının qisası, ondan üz döndərən Tanrı quşu...
Amma Süleymanın oğlu Mustafa onun kəndə qayıtmağının əleyhinədir. Süleyman həyatının acı həqiqətləri ilə üz-üzə qalıb nəhayətdə qovuşmaq istədiyi Tanrı quşunun qurbanına çevrilir. Çünki quş dilini də bilmir. Tanrı quşunu Allahın insana əmanəti olan vicdan hissinin ümumiləşmiş adı da hesab etmək olar...
Psixoloji-dram janrlı səhnə əsərinə teatrın baş rejissoru Anar Babalı quruluş verib.
Quruluşçu rəssam Tərlan Sadıqov, bəstəkar Aydan Əliyevadır.
Tamaşada rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova, Mələykə Cəfərova, Elçin Hacıyev, Əlizamin Abbasov, İmaməli Əskərov və Zeynal Məmmədzadə ifa edirlər.
*
Lənkəran teatrı layihə üzrə oktyabrın 30-da Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırladığı “Casus” tamaşasını da Akademik Milli Dram Teatrında nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir.
Səhnə əsərində Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), aktyorlar Buludxan Buludov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatın), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axundov (Aruz qoca) və Saleh Əzimzadə (Beyrək) çıxış edəcəklər.
“Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Ancaq Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir...
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
“İkinci planetin qırmızı rəngi” filmi beynəlxalq festivallarda uğur qazanıb
“İkinci planetin qırmızı rəngi” qısametrajlı bədii filmi Rusiyanın şimal paytaxtında gerçəkləşən 34-cü “Bəşəriyyətə İsmarıc” Beynəlxalq Film Festivalında “Ən yaxşı qısametrajlı film” nominasiyasında mükafat qazanıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, film Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” pitçinq müsabiqəsi çərçivəsində 2022-ci ildə “Mozalan” studiyasında istehsal edilib və bu il bir sıra beynəlxalq festivallarda nümayiş olunub.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Narimanfilm” studiyasının dəstək göstərdiyi filmin baş prodüseri Əli Səttar Quliyev, operatoru Alisa Tareliçeva, rəssamı Samirə Şamxalova, icraçı prodüseri Mehman Fətullayevdir. Filmin rejissoru və ssenari müəllifi Azər Quliyevdir. Ekran əsərində əsas rolları Rafael Şahbəyli, Diana Hacıyeva, Aydan Həsənzadə və Əli Nəsib oynayıblar.
“İkinci planetin qırmızı rəngi” ilk dəfə “Baku Cinema Breeze” Beynəlxalq Festivalı çərçivəsində təşkil edilən XV Bakı Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor işinə görə” müsabiqənin əsas mükafatı olan “Qızıl nar”a layiq görülüb.
Qeyd edək ki, ekran işinin ilk xarici premyerası bu il Finlandiyada keçirilən “Tampere International Film Festival”da gerçəkləşib. Film ABŞ-də təşkil olunan “Athens International Film Festival”da, Gürcüstanın Telavi şəhərində keçirilən “Golden Grape - Telavi International Short Film Festival”da (əsas müsabiqə proqramı) nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
COP29-la bağlı ölkəmizə gələcək qonaqlar üçün 25 tur proqramı hazırlanaraq aidiyyəti üzrə təqdim olunub
COP29 kimi mühüm tədbirin ölkəmizdə yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə turizm sənayesinin texniki və təşkilati baxımdan tam hazır vəziyyətə gətirilməsi istiqamətində fəaliyyətlər davam edir. Azərbaycana bu tədbirlə əlaqədar səfər edəcək qonaqların rahat formada yerləşdirilməsi üçün mayın 23-dən etibarən vahid onlayn rezervasiya platforması istifadəyə verilib.
Qeyd edək ki, həmin platforma üzrə rezervasiyaların qəbulu davam etməkdədir. “COP29-accommodation.bnetwork.com” ünvanında yerləşən platformada hər bir ulduz dərəcəsinə uyğun hotellər və yaşayış kompleksləri barədə məlumatlar təqdim olunur.
Bu barədə AzərTAC-ın sorğusuna Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, yerləşdirmə yerlərinin ümumi həcmi və növləri, təhlükəsizlik, logistika baxımından əlçatanlığı və qonaqlara xidmətlə bağlı digər sahələr beynəlxalq təcrübəyə və meyarlara əsasən götürülür.
Həmçinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərən 300-dən çox yerləşmə yerində audit həyata keçirilib və onlardan 220-yə yaxını ulduz dərəcəsi əldə edib. Bunlardan 10 hotel 5 ulduza, 20 hotel 4 ulduza, qalanları isə müvafiq olaraq digər ulduz dərəcələrinə sahib hotellərdir.
Hotellərə əlavə olaraq ehtiyac yarandığı təqdirdə yaşayış kompleksləri, villa kompleksləri, istirahət mərkəzləri və digər yaşayış yerlərinin istifadəsi nəzərdə tutulur. COP29-da iştirak etmək istəyənlər üçün şəhərin istənilən ərazisində evlərin kirayəsi prosesi digər platformalar (airbnb, booking və s.) vasitəsilə mümkündür.
Xidmət keyfiyyətinin artırılması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən 300-ə yaxın yerləşmə obyektinin 2000-ə yaxın personalına 12 modul üzrə ixtisaslaşmış praktiki peşə təlimləri, eləcə də dayanıqlılıq üzrə təlim, yerləşmə yerlərində mətbəx idarəedilməsi və qastronomiya ilə bağlı (veqan və vegenterian menyuların hazırlanması daxil olmaqla) təlimlər keçirilməkdədir.
Bundan əlavə 200 turizm bələdçisi sertifikatla təmin edilib və tədbir müddətində hotellərə dəstək olmaq üçün turizm könüllülərinə təlimlər keçirilib.
COP29 tədbiri ilə bağlı ölkəmizə gələcək qonaqlar üçün yarımgünlük, tamgünlük və gecələmə ilə 25 tur proqramı hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Bakı ərazisində İçərişəhər, Yanardağ, Atəşgah, Qobustan kimi qoruqlar, milli parklar və digər turistik əhəmiyyətli yerlərlə yanaşı, Bakı-Şimal, Bakı-Şimal-Qərb və Bakı-Cənub istiqamətində olan turizm marşrutları üzrə də əsas destinasiyalar əhatə olunub.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
Beyləqan rayonunda növbəti dəfə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü il ərzində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyalarında magistral yolların kənarında, şəhərin müxtəlif ərazilərində, park və istirahət bağlarında, prospekt və küçələrin kənarında minlərlə yeni ağac əkilib.
18-28 oktyabr tarixlərində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçirilən genişmiqyaslı ağacəkmə aksiyalarında ümumilikdə 10150 ağac əkilib.
Aksiyalarda Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatın əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Beyləqan-Daşburun avtomobil yolunun, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun və Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yolların sağ və sol tərəflərində iqlim şəraitinə uyğun olaraq seçilmiş ağaclar əkilmiş, onlara aqrotexniki qulluq göstərilməsi, qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)
Sehirli fırça rəngləri necə ram etdi
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Subtropik diyarımız olan Lənkəran istedadlı yeniyetmələri ilə daim seçilib. Bu gün onlardan biri haqqında söhbət açmaq istəyirəm.
İsmayılzadə Arzu 2009-cu il 3 oktyabr tarixində Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşdur. Hal-hazırda İ. Hüseynov adına Osaküçə kənd tam orta məktəbinin X sinif şagirdidir.
Anası onun istedadını görüb və rəssamlığa yönəldib. O da həvəslə rəsmlər çəkir.
Arzunun Zəfər gününə aid rəsmləri var. Portret janrında güclüdür. Füzulinin, şəhidlərimizin portretlərini mükəmməl yaradıb.
Özünəməxsus dəst-xətti isə at rəsmində üzə çıxır. Ştrixlər maraqlı və təkrarsızdır.
Arzu xanımın rəsmlərindən bir neçəsini sizlərə təqdim edir, ona rəngkarlıq tariximizə adını yazdırmağını arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)