Super User

Super User

 

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Mədəni irsini qoru” adlı yeni layihəyə başlayır.

AzərTAC xəbər verir ki, bu layihə MEMİM-in təşkilatçılığı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə həyata keçiriləcək.

Layihənin məqsədi ölkənin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində aparılan müxtəlif tədbirlər, bərpa və konservasiya işləri ilə bağlı praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsinə dəstək olmaqdır.

Layihə çərçivəsində bir sıra tarixi məkanlara infoturların təşkil olunması, ekspertlər tərəfindən mühazirələrin keçirilməsi planlaşdırılıb.

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Umberto Ekonun mənə evində verdiyi ilk sual bu oldu: - Məndən burada bizim kretinlər soruşan kimi sizdən də orada sizin kretinlər soruşdularmı, bu əlyazma həqiqətən var, ya yoxdur?!

Söhbət “Yarımçıq əlyazma”dan gedirdi və mənə bu sualı burada, əlbəttə ki, çoxları vermişdi.

 

2.

A.Axmatova. “Kleopatra”: Bu da son tərcümə işim.

“Artıq ölü dodağından öpmüşdü o, Antoninin,

Gözüyaşlı sərilmişdi Avqustun da ayağına.

Və qullar da çıxır xain.

Axşam düşür həzin-həzin,

Zəfər marşı təzim edir

 əzim Roma bayrağına.”

 

3.

Adətən deyirlər: ölüm həyatın içində, ölüm həyatın davamıdır. Amma əksinədir - həyat ölümün içində, həyat ölümün davamıdır.

 

4.

“Bir az günəşindən işıq ver mənə,

Səninki yenə də səndə qalacaq...

Yıxılsam, əlimdən tut,

Səninki səndə qalacaq.”

 

5.

Hacı Mir Həsən ağa Səyyah – gözəl və rahat bir niqab!.. Qışda öz adını isti paltar kimi əyninə geyinib yayda soyunan adam. Yayda o, sadəcə, Səyyah olurdu. U.Eko isə dedi ki, yox, adlar sadə və aydın olmalıdır. Xüsusilə, tərcümə edilən əsərlərdə.

 

6.

“ Mənim xalqım” deyənlər “mənim xalqım” deyənlərdən fərqlənir. Biri özünü xalqın içində görür, o biri xalqı öz içində.

 

7.

Paolo Suareş adlı məşhur servantesşünas XIX əsrin sonlarında iddia edirdi ki, “Don Kixot” romanının dünyaya bəlli olmayan daha bir əlyazması var. Bu naməlum əlyazmanın sonunda Don Kixot ölüm yatağından qalxır və sevimli atı Rosinanta sıçrayıb minir, sonra ildırım sürətilə çapıb uzaqlarda gözdən itir.

Bu zaman evdə əldən və heydən düşmüş qoca bir kişi yataqda uzanıb böyümüş gözlərilə dörd ətrafına heyrətlə baxır və ölümünü gözləyirdi.

 “Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir. 

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR

 

CAVİD BABAYEV

 

 ÜÇ NƏFƏRLİK MOTOSİKLETLƏR 

(hekayə)

 

Sən demə, məşhur Benzlər ailəsinin uşağı olmurmuş.

Avtomobil sənayesinin pioneri Karl Benz ilk gördüyü andan etibarən Bertha Ringerə aşiq olur, onunla evlənir, lakin sonradan Berthanın heç vaxt dünyaya uşaq gətirə bilməyəcəyi gerçəyiylə üzləşir. Elə Bertha da bu gerçəklikdən evlilikdən sonra xəbər tutur və dərhal Karldan ayrılmağı qərara alır. O, Karlı o qədər çox sevirmiş ki, onun sağlam, doğurğan bir qadınla ailə həyatı qurmasını və hələ evliliklərindən əvvəl Karlın həvəslə söhbət açıb dil boğaza qoymadan danışdığı “oğlan uşağı arzusu”nun reallaşmasını istəyirmiş. Bir axşam Karl əlində şərab şüşəsi, qoltuğunda qırmızı lentlə bağlanmış şokolad qutusuyla evə girib şad-şalayın işlərin necə əla irəlilədiyiylə bağlı sözə başlayanda Bertha ağlamaqdan özünü güclə saxlayır. O özünü Karlın bu böyük xoşbəxtlik şorbasının içinə düşmüş murdar bir milçək kimi hiss edir. Şam yeməyi boyu Karlın dilindən, gözündən sıçrayıb getdikcə ətrafı öz ağuşuna alan sevinc qığılcımlarının atəşinə tab gətirmir və ağlaya-ağlaya içini tökür. İş-güc əlindən arvadıyla doğru-düzgün vaxt keçirə bilməyən Karl o an bu qadının qəlbindəki gizli ağrılardan bu vaxtacan necə bixəbər qaldığının fərqinə varır. Həmin gecə mətbəxdə yemək masası başında arvadını bərk-bərk qucaqlayıb üz-gözündən öpən Karl Benz özünə bir söz verir: söz verir ki, bundan sonra atacağı hər addım arvadının xoşbəxtliyinə xidmət edəcək. 

İllər keçir və Benzlər işlərində uğur qazanırlar. Bildiyiniz kimi, Karl Benz işində uğurlu olmaqla qalmır, hətta adını tarixə “avtomobilin atası” olaraq yazdırmağı da bacarır. Həyatları maddi baxımdan qaydasına düşən Benzlər pillə-pillə bütün problemlərdən xilas olduqca uzun müddətdir mətbəxlərinin tavanından asılı qalan o səssiz boşluq daha çox gözə batmağa başlayır. Karl uşaq mövzusunu yenidən açmaq barəsində haqq sahibi olmadığını düşündüyündən, həmişə söhbətin istiqamətini Berthanın müəyyənləşdirməsini gözləyir. Nəhayət, Berthanın bir sualı hər şeyin başlanğıcı olur: “Niyə düzəltdiyin maşın 1 yox, 3 yox, 5 yox, məhz, 2 nəfərlikdir?” Yəqin, təxmin edə bilirsiniz, bu sual başqa hansı suallara açar ola bilər. Bertha bu açarı kilidə özü qəsdən salmışdı. Beləliklə, bəzi qapılar açıldı və Benzlər övladlığa uşaq götürmək qərarına gəldilər. Qara saçlı, qara gözlü, qarayanız, iki yaşlı bir oğlan uşağı. Yox, üç yaşlı... yox, beş. İlahi, o necə də tez böyüyür. Çox keçmədi, Karl Benz anladı ki, artıq onun həyatında iki nəfərlik şeylərə yer yoxdur. İki nəfərlik çarpayılar üç adam tuturmuş. Beşiklər balaca otaqları daraltmır, böyüdür. Hər şeyi üç bərabər hissəyə bölmək olar. Hər şeyi! Bəs velosipedləri necə? Onları da üç bərabər hissəyə bölmək olar? Karl Benz ilk dəfə “ata” deyə çağırılanda anlamışdı... Anlamışdı ki, olar. Kağız üstündə cızma-qara və budur, Berthanın velosipedinin artıq 3 təkəri var. Velosipedi Karl idarə edir, arxasında Bertha və möhkəm borularla yan hissəyə bərkidilmiş böyük təkər üstündəki oturacaqda qara bir uşaq. Bu da son şəkil. Bilmirəm Benzlər xoşbəxt oldu, ya yox, amma deyə bilərəm ki, üç nəfərlik motosikletlər bax belə yarandı.

Bütün bunları mənə Deyşa demişdi. Deyşa qəhvəyi gur saçlı, geniş kürəkli, hündürboy, 29 yaşlı bir qız idi. Mən isə o vaxtlar 11 yaşlı cılız bir oğlan uşağıydım. Qara Qarayev metrostansiyası yaxınlığındakı beşmərtəbəli binalardan birində, beşinci mərtəbədə nənəmlə birlikdə yaşayırdım. Günüm məktəblə ev arasında nənəmin öyüdlərini dinləməklə keçirdi. Qarayevdə birlikdə vaxt keçirə biləcəyim cəmi bir dostum var idi. Adını bura yazmağın doğru olmayacağını düşünürəm, ona görə də hələlik ona T deyək. Dərslərin əlindən çölə çıxmağa çox da imkan olmurdu, ancaq olan kimi T’ylə maşın yolunda top oynamağa gedərdik. Futbol stadionunu əvəz edə biləcək başqa bir yer yox idi. Maşın yolu Deyşanın qaldığı iyirmi mərtəbəli binayla bizim binanı biri-birindən ayırır, qıvrılaraq məhəllələrdən keçir, metrostansiyaya qədər uzanırdı. Biz ta uşaqlıqdan burada məskən salmışdıq, ancaq bir dəfə də olsun, Deyşa adlı birinə rast gəlməmişdik. Deyşanın bura nə vaxt gəldiyiylə bağlı heç kim heç nə demirdi. Sanki o qəflətən yolun altından çıxıb qarşı binaya düşmüşdü. İndiyədək “Deyşa” deyə bir ad eşidən də olmamışdı, ona görə onun hansı torpaqlardan gəldiyi də hamıya qaranlıq idi. Soruşacaqsınız ki, bəs niyə bütün bunları kimsə onun özündən soruşmurdu? Məsələ burasındadır ki, o bir az, necə deyərlər, təhlükəli görünürdü. Məsələn, ətrafda ondan başqa tək yaşayan adam tanımırdıq. Hələ-hələ qadın olaraq tək yaşamaq bu məhəllələrə yad bir şey idi. Deyşa bütün qadınlardan iri, hətta kişilərin bəzilərindən də hündür və cüssəli görünürdü. Onun gözəl olduğuyla hamı, yəqin ki, razılaşardı, lakin zeytun dənəsi kimi qara gözləri insanların cəsarətini qırır, ona yaxınlaşmalarına əngəl olurdu. Kişilər kimi geyinərdi. Heç kim onu yubkada, donda, ya da adi ətəkli paltarda bir dəfə də olsun görməmişdi. Saçlarını mismara bənzər qəribə dəmirlərlə yığar, heç vaxt makiyaj etməz, əynində dəri kurtka, onunla dəst şalvar və qoltuğunda dəbilqəsi olardı. Hə, yanlış eşitmədiniz! Dəbilqə. Çünki onun üç nəfərlik motosikleti vardı. O vaxtadək üç nəfərlik motosiklet görməmişdim və əminəm ki, bizim məhəllənin adamları da görməmişdi. Qarayev küçələrində yalnız iki təkərli kuryer motosikletlərinə rast gələ bilərdin. Hər səhər Deyşanın motosikletinin səsi eşidilərdi. Məktəb avtobusuna çatmaq üçün səhərlər tezdən – saat 6-da oyanıb hazırlaşar, evdən çıxana yaxın o səsi eşidər və Deyşanın da yola düşdüyünü anlayardım. Məktəbdən qayıdıb eyvanımızda çay səfası sürərkən də çox keçməz, küçə başından motosikletin səsi gələr, Deyşa eyvanımızın qabağına çatarkən sağa burulub üzbəüz evlərin arasıyla 20 mərtəbəli binaya doğru irəliləyərdi. 13-cü mərtəbədə qaldığını bilirdim, çünki bu mərtəbənin eyvanında onu görmüşdüm. Nə qədər uzaqda olursa-olsun, onu tanımamaq mümkün deyildi. Gecə gec saatlara qədər dərs oxuyardım və fasilələrdə hərdən eyvana çıxıb boş-boş qarşı binalara baxardım. Deyşanın mənzilinin işıqları həmişə yanılı olardı. O vaxtlar qaranlıqdan qorxduğu üçün işıqları yanılı qoyduğunu düşünərdim, amma sonra onun pəncərə qarşısından o yan-bu yana keçdiyini, arabir eyvana çıxdığını görəndə sadəcə yata bilmədiyini başa düşdüm. Lap işıqlar sönülü olsa da, pərdəyə düşən mavi şüadan televizorun açıq olduğunu anlamaq olurdu. Axı necə belə gec yatıb tez oyana bilirdi? Hara gedirdi? İşləyirdi? Nə işləyirdi? Bunları da bilmirdim. Ən maraqlısı da bu idi ki, o niyə tək yaşamağına baxmayaraq, belə böyük 3 nəfərlik bir motosikletə sahib idi?! Ona kiçik kuryer motosikleti və ya iki nəfərlik adi motosiklet bəs edərdi. Ağlıma da gəlməzdi ki, bir gün onun motosikletinə oturmaq və bu sualı ona şəxsən ünvanlamaq imkanım olacaq.

Dekabr ayının tam ortasında, soyuğun bıçaq kimi kəsdiyi günlərdən birində dərsdən sonra kəskin qarın ağrısı səbəbindən məktəb tualetində qıvrıla-qıvrıla qalmışdım. T də xəstələnmiş və dərsə gəlməmişdi. Bütün günümü və tualetdəki ağrılarımı təkbaşına yaşadıqdan sonra birtəhər özümü toplayıb həyətə çıxanda bizim xidmət avtobusunun artıq məktəbdən uzaqlaşdığını gördüm. Arxalarıyca nə qədər əl yelləyib çığır-bağır salsam da, fərqimə varmadılar. Məni yaddan çıxarmışdılar. Hələ davam edən ağrıyla əlim qarnımda dayanacağa sarı gedəndə düz yanımda tanış səsi eşitdim. Bu, Deyşanın motosikleti idi. Kaskanın altından səs eşidildi: “Gəl, mən səni aparım”. İlk dəfəydi, onu belə yaxından görürdüm. Dəbilqəsinin şüşəsində qəribə şəkildə buruşmuş əksimi görüb özümü toplamağa çalışdım. Əvvəlcə etiraz etdim, çünki sözün düzü, deyəsən, mən də ondan bir qədər qorxurdum. İsrarla oturmağımı istədi. Nəhayət, çantamı kürəyimdən çıxarıb qucağıma aldım və yan oturacaqda büzüşdüm. Kəlmə kəsmədən bir xeyli yol getdik. Motorun səsi qulaq batırırdı. Qaranlıq otaqdaymışam kimi ətrafa diqqət kəsilmişdim. Açara keçirilən brelok gözümə sataşdı. Bu heyvanı biologiya kitabında görmüşdüm. Koala. Ara küçələrdə kəskin dönüşlər etdikcə balaca koala fiquru o yan-bu yana yellənirdi. Birdən Deyşa başını mənə sarı çevirdi. Özümü itirib gözlərimi tez yellənən brelokdan çəkdim və solumdan axıb gedən mağazalara baxmağa başladım.

– Nolub? Qarnın ağrıyır? – Deyşa qəfil soruşdu.

– Nə?

– Deyirəm qarnın ağrıyır?

– Hə, bir az.

Əlini oturacağımın yanına salıb kiçik bir termos çıxardı.

– Götür iç! Yəqin, soyuqlamısan.

Qapağı açanda zəncəfil qoxulu çayın ətri məni vurdu. Soyuqda buxarlanan çaydan içə-içə öz-özümə düşünürdüm: “Səsi təsəvvür etdiyim kimi kobud deyilmiş. Əksinə, mehribandır”. Yol boyu bir çox şeyin təsəvvür etdiyim kimi olmadığını başa düşdüm. Oğrun-oğrun ona baxır, xəyal dünyam və reallıq arasındakı fərqlərdən təəccüblənirdim. Axır, gəlib çatdıq. Məni binamızla üzbəüz marketin qarşısında düşürtdü. Təşəkkür edib uzaqlaşmaq istəyərkən dedi:

– Yaxşıca dincəl! Anana deyərsən sənə isti şorba hazırlayar. Yaxşı?

– Mənim anam yoxdur. Nənəmlə qalıram, – qeyri-ixtiyari bu kəlmələr ağzımdan töküldü. Duruxdu, qaldığım binaya baxdı. Kaskanın altında hansı ifadənin gizli qaldığını bilmədim.

– Onda nənənə deyərsən. – dedi və motoru işə salıb ara küçələrdə gözdən itdi.

O axşam nə düz-əməlli yemək yeyə, nə də dərs oxuya bildim. Elə hey Deyşa haqqında düşünürdüm. Düzü, heç qarın ağrısını da hiss etmirdim. Özlüyümdə qərar verdim ki, bu haqda mütləq T ilə danışmalıyam. Belə də etdim.

Sabahısı olanları T-yə danışdım, lakin o mənə inanmadı. Deyşaya kiminsə yaxın düşə biləcəyini mümkünsüz sayırdı. Ona izah etməyə çalışdım ki, təsəvvürümüzdəkilər yalandır, ancaq T məni dinləmədi. Bircə yolum qalırdı. T-ni o motosikletə mindirmək. Nə olur-olsun, bunu bacarmalıydım. Plan qurmağa başladım. Onun məktəb avtobusuna minməsinin qarşısını almalı, özümlə dayanacağa aparmalı və nəhayət, Deyşanın oradan keçməsini gözləməliydim. Gün boyu T-yə tez-tez sudan, çaydan, bufetdən aldığım meyvə şirələrindən təklif etdim. Dərsdən çıxanda isə mənlə ayaqyoluna qədər gəlməsini istədim. Əlbəttə ki, o da içəri keçmə ehtiyacı duydu. Elə bu an barmaq uclarımda cəld içəridən çıxıb təmizlikçinin qapı yanındakı dolaba söykədiyi saplı süpürgəni T-nin qapı kilidinə bərkitdim. Ayağımla süpürgəyə dayaq oldum. Planımın qalanı öz axarıyla getdi. T-ni inandırmağa çalışdım ki, qapı öz-özünə kilidlənib və mən də guya açmağa kömək edirdim. Təbii ki, biz çıxanda avtobus artıq yox idi. T mənimlə dayanacağa getməyə məcbur oldu. Geriyə Deyşanın gəlməsinə ümid bağlamaq qalırdı. Hər şey gözlədiyimdən də tez baş verdi. Uzaqdan motosikletin gəldiyini görən kimi cəsarətimi toplayıb əlimi azca yuxarı qaldırdım, ancaq tez də endirdim. T nə etdiyimi anlamağa macal tapmamış motosiklet qarşımızda dayandı və Deyşa kaskanın şüşəsini qaldırıb muncuq kimi gözləriylə bizə baxdı.

– Bu dəfə ikiniz də avtobusu ötürmüsünüz? – soruşdu.

– Hə, – cavab verdim.

Sonra olanları anlatmağıma ehtiyac belə yoxdur. T, gözlədiyim kimi, yan oturacaqda quruyub qalmışdı. Heyrətdən ağzını bıçaq açmırdı. Mən isə dediklərimin doğruluğunun isbatından zövq ala-ala Deyşanın arxasında oturub onun belindən yapışmışdım. Yol boyu özümü həm xoşbəxt, həm də bir qədər qəribə hiss edirdim. Deyşanın belini qucaqlamağımın nə mənaya gəldiyini anlamağa çalışıırdım. Filmlərdəki oğlanlar kimi hiss edirdim özümü. Uşaq ağlımla sanki Deyşanın mənim olduğuna qərar vermişdim. O vaxtlar bu hissin nə olduğunu anlaya bilməmişdim. O, nişanlım, sevgilim, dostum, bacım, yoxsa anam idi? Bəlkə, hamısı birdən? Bəlkə, heç biri? “Əsas odur ki, xoşbəxtəm” deyə, düşünüb bütün suallardan imtina etdim.

Ancaq xoşbəxtliyim çox uzun sürmədi. Növbəti gün T vacib bir məsələ ilə bağlı danışmaq istədiyini deyib məni bir küncə çəkdi.

– Anam o motosikletə mindiyimizi öyrənib. – dedi.

– Nə olsun ki?

– Dedi ki, bir də olmasın!

– Niyə?

– Çox bir şey demədi, sadəcə, dedi ki, o, yaxşı qız deyil. Onun yanında olmamalıyıq.

– Dəli olmusan? Soyuqda qarın ağrısından qıvrıla-qıvrıla küçələrdə qalanda məni evə aparan o oldu. Bəs dünən ikimiz də avtobusu ötürəndə bizə kim kömək etdi?

– Bilirəm. Bəs indi nə edək?

– Qulaq as, böyüklər hələ də elə bilirlər ki, Deyşa təhlükəli, pis bir adamdır. Biz onlara göstərməliyik ki, bu belə deyil. Əgər onun bizə necə kömək etdiyini hamı görsə, onda hər şeyi özləri başa düşəcəklər. Lap biz özümüz də onlarla söhbət edərik.

Həmin gün T ilə ətraflı söhbət edib axşam evə yenə Deyşayla qayıtmağa razı saldım. Bu dəfə Deyşayla aramdakı sədlərin qırıldığını, bağlarımızın gücləndiyini hiss edirdim. Onunla söhbət edib suallar verirdim. Motosiklet belində onu qucaqlamaq içimi güvən hissi ilə doldururdu. Əmin əllərdə idim və ən əsası, ilk dəfə idi ki, məni qoruyacaq, yanımda ola biləcək, problemlərimi bölüşüb birlikdə həll yolları yarada biləcəyim bir insana sahib olmağa başladığımı duymuşdum. O axşam Deyşaya üç nəfərlik motosikletlər barədə olan sualımı da verdim. O da Karl Benzlə bağlı həmin o hekayəni danışdı. Bəlkə də, hekayəni birbəbir mən yazdığım sözlərlə, mən yazdığım formada nəql etməmişdi, ancaq hər halda mövzu da, məqsəd də eyni idi.

Bir gün daha keçdi və hər şeyin necə daha bərbad bir hal aldığının fərqinə vardım. T döyülmüşdü.

– Anam dedi ki, bir də sözündən çıxsam, lap pis olacaq. – T tənəffüsdə başını aşağı salıb sulu gözlərlə olanları danışmağa başladı. – Dedi ki, hər şeyi gedib nənənə deyəcək!

– Nənəmə?

– Hə. Üstəlik, dedi ki, özü Deyşanın ağlını başına gətirəcək.

– Bu nə deməkdir?!

– Bilmirəm! Dedi ki, əgər sən də motosikletdən əl çəkməsən, bizi birlikdə oynamağa qoymayacaq.

– Axı niyə?!

– Deyir, Deyşa yaxşı qız deyil. Siqaret çəkir, pivə içir, gecələr tək qalır. Deyir... deyir...

– Nə deyir?

T üzünü yana çevirib asta səslə deyəcəyi son sözləri də dedi:

– Deyir ki, o, pozğundur!

– Pozğun?!

Qulaqlarıma inanmırdım. Bu deyilənlər doğru ola bilməzdi. Hər şey yalan idi, yalan!

T ilə dərsin sonuna qədər, demək olar ki, kəlmə kəsmədik. Olanlar qarşısında deməyə sözümüz qalmamışdı. Çıxışda hamı avtobusa tərəf irəlilədi. T də hamıyla birgə. Mən yerimdən tərpənmədim. T geri çevrilib gəlmədiyimi gördü. Çarəsizcə gözlərimə baxdı. Baxışlarımızla sağollaşdıq.

Bu dəfə lap çox gözlədim, amma nəhayət, küçə başından burulan motosikleti gördüm və sevincək ayağa qalxıb yola yaxınlaşdım. Deyşa kəskin tormozla düz qabağımda dayandı. Sonra kaskasını çıxardı. Saçları batan günəşdə parıldayır, balaca burnu qızarırdı. Ancaq nədənsə baxışlarını gözlərimdən yayındırırdı.

– Yenə avtobusu ötürmüsən?

– Yox, sadəcə, sənlə getmək istədim.

Deyəsən, bu cavabı gözləmirdi, çaşqınlığı gözlərindən bəlli oldu. Ətrafa boylandı, baxışları məktəbimin divarlarında gəzişdi. Sonra üzünü mənə tutdu:

– Qulaq as, əslində, mən indi başqa yerə gedirəm. Bəlkə, bu dəfə avtobusla gedəsən? Əgər üstündə pulun yoxdursa, mən verərəm.

– Yox, pulum var! Amma çox soyuqdur. Bayaqdan burdayam. Məni heç olmasa yaxın bir yerdə düşürə bilmərsən?

Deyşa iç çəkib o yan-bu yana baxdı.

– Həm də qarnım ağrıyır! – bunu yalan demişdim.

– Yaxşı, otur, getdik.

Sevincimin hüdudu yox idi. Yan oturacaq boş olsa da, Deyşanı qucaqlaya bilmək üçün arxa oturacaqda oturdum. O da heç nə demədi. Saçları daşda bitən güllər kimi kaskanın altından çıxıb üzümə toxunurdu. O an T-nin dediklərini düşündüm. İstədim Deyşaya bütün olanları deyib həqiqətləri öyrənim, ancaq demədim. Bir şeyi anlamışdım. Anlamışdım ki, mən artıq Deyşanı sevirəm. O lap doğrudan da, siqaret çəkib içki içirsə belə, mən yenə onu sevirəm. Əlbəttə, bunlar pis vərdişlərdir, ancaq əgər onu sevirəmsə və əgər bu içki, siqaret məsələləri həqiqətdirsə, onda mən özüm Deyşanın bu pis vərdişlərdən uzaq durmağına, onları tərgitməyinə kömək etməliyəm. Sevgimi göstərməliyəm. Qaldı ki onun haqqında deyilən başqa nalayiq ifadələrə, bunların heç birinə inanmayacaqdım. Artıq Deyşanı tanıyırdım. Onun necə biri olduğunu ona uzaqdan baxıb yaxın durmayan, dalınca danışan ikiüzlülər yox, mən bilə bilərdim. Bir də ki zamanla hər şeydən danışıb bir-birimizi daha yaxşı tanıyacaqdıq. Uşaq qəlbim mənə bunları dedikcə Deyşanı daha möhkəm qucaqladım, yanağımı kürəyinə qoydum. Ürək döyüntülərini hiss edirdim. Elə bil qəlbi yerindən çıxacaqdı. Mənə elə gəldi ki, bədəni şam kimi titrəyir. Yoxsa külək məni aldadırdı?!

– Üşüyürsən? – ondan soruşdum.

– Yox, – boğuq səslə cavab verdi. – Üşümürəm.

Yanacaqdoldurma məntəqəsində saxladı. İkimizə də isti şorba aldı. Həm motosikletin, həm də özümüzün qarnını doyurduq və yenidən yola düşdük. Biz metrostansiyaya çatanda yağış yağmağa başlamışdı. Stansiya çıxışında saxladı.

– Yaxşı, hələlik, burdan o yana özün getməli olacaqsan.

Kaskanın şüşəsindən damcılar süzülürdü. Sağollaşdıq. Çantamı başıma tutub evə yüyürdüm.

Sonrasını yazmaq, nələrin baş verdiyini danışmaq mənim üçün hər nə qədər ağır olsa da, deməliyəm.

Evə gələn kimi nənəm məni o ki var döydü. Anasının T-yə dediyi şeylərin eynisini nənəm də mənə dedi. Nənəm qoca qadın idi, qarşı qoya bilərdim, lakin alınmadı. Uşaq ürəyim içinə düşdüyü vəlvələdən, iyrənclikdən titrəkləşib daha da cılızlaşdı. Sanki hər şey bir uşağın heç vaxt anlaya bilməyəcəyi, böyüklüyü və bulanıqlığı içində boğulacağı şeylərdən hörülmüşdü. İnsanları belə qəzəbli görməmişdim. Dünya artıq mən bilən dünya deyildi. Bütün sözlər mənim lüğətimdən kənarda dayanmışdı. Ağlaya-ağlaya pəncərəmdən Deyşanın mənzilinə baxdım. İşıqları yanırdı. Yalan demişdi, başqa yerə yox, elə birbaşa evə getmişdi. Yavaş-yavaş böyüklərin real dünyasını anlayırdım. Yalan və gizlilik.

Növbəti gün müəllimlərimin ağzından çıxan heç nəyə qulaq vermir, T ilə danışmır, səssizcə son dərsin son zəngini gözləyirdim. Əslində, nəyi gözlədiyimi özüm də başa düşmürdüm. Daha nə olacaqdı ki? Nə ola bilərdi?

Çıxış zəngi ürəyimi saldı. Sərxoş halda partamdan qalxdım. Dumanlı fikirlərlə küçəyə çıxdım. Sıraya girən uşaqlar bir-bir avtobusa minirdi. Hər kəsi özümdən qabağa buraxırdım. Bir müddət daha küçə başına baxdım. Çiskinli havada hər şey bulanıq idi. Qəfil bu bulanıqlıq içindən uzaqda dayanmış motosikleti gözlərim seçdi. Ürəyim çırpındı. Ancaq motosiklet yerindən tərpənmirdi. Gözlərimi çəkmədən dayanacağa doğru bir-iki addım atdım. Elə bu vaxt motosiklet hərəkətə gəldi, sürət götürdü, mənə doğru istiqamət aldı, sonra qəfil burulub sol küçəyə girdi və gözdən itdi. Siqnal səsi məni ayıltdı. Hamı yerini almışdı, bir mən qalmışdım. Avtobusa mindim. Yalnız ən arxa oturacaqlarda boş yer qalmışdı. Avtobusun qapısı bağlandı. Başımı aşağı salıb arxaya keçəcəkdim ki, sürücümüz Hikmət dayı məni çağırdı. Ona yaxınlaşdım. Alçaq səslə dedi:

– İndicə qəşəng bir qız bunu mənə verdi və dedi ki, sənə verim. – gülə-gülə ovcuma nəsə basıb əlimi bərk-bərk sıxdı. – Hə, indi keç yerini al, gedək.

Uşaqların səs-küyü, gülüş dolu söhbətləri arasından keçib arxaya doğru irəliləyə-irəliləyə ovcumu açdım. Bu, brelok idi. Koala breloku. Yerimdə oturdum. Avtobus tərpəndi. Çevrilib arxa şüşədən son dəfə baxdım küçəyə. Çantamı çıxardım, yerimi rahatladım. Yanağımdan bir neçə damcı ovcuma – brelokun üstünə düşüb əridi. Avtobus sürət götürdü. Breloku çantamın zəncirbəndinə bərkitdim. Evə yollandıq.

Bu, Deyşanı son görməyim idi. Uzaqdan da olsa. Onu bir daha görən olmadı. 13-cü mərtəbənin pəncərələri uzun müddət qaranlığa gömüldü. Deyşa hara getdi? Nə vaxt getdi? Heç kim bilmədi. Qeybdən gəldiyi kimi, birdən-birə qeybə çəkildi.

Bu hadisələrin üstündən illər keçib, çox şey dəyişib. Artıq evliyəm və bir oğlum var. Nənəm torpaq altına, T isə Avropaya yollandı. Mən elə indi də Qarayev metrosu yaxınlığında yaşayıram. Oğlum özəl liseylərdən birində təhsil alır, həyat yoldaşım atçılıq mərkəzində çapar kimi yarışlara çıxır, mənsə vəkiləm. Qısası, həyatımdan narazı deyiləm. Uşaqlığımda baş verən bu hadisələri yazmaq ehtiyacı isə sonralar baş qaldırdı. Belə ki, mən uzun müddət sonra təsadüfən öyrəndim ki, üç nəfərlik motosikletlər heç də Deyşanın mənə danışdığı hekayədəki kimi yaranmayıbmış. Ümumiyyətlə, Karl Benzin bu məsələyə heç aidiyyatı yoxdur. Benzlər ilk avtomobili ortalığa çıxaranda artıq uşaqları da varmış. Özü də doğmaca, nə az, nə çox, düz 5 uşaq. Üç nəfərlik motosiklet ideyası isə Jean Bertoux adında bir fransız ordu zabitinə məxsusdur. Belə başa düşdüm ki, bu motosikletlər elə ən çox müharibənin işinə yarayıb. Britaniyalılar pulemyotlarını qoymağa yer axtaranda görüblər ki, belə bir motosikletin yan oturacağına qoysalar, elə yollarını gedə-gedə istədikləri yerə rahatca atəş aça bilərlər. Nəysə, bax belə. Üzülməyin, Karl Benzlə olan hekayənin çox şirin olduğunu mən də bilirəm, amma nə etmək olar?! Həqiqətlər şirin deyil. Düşünürəm, görəsən, Deyşa mənə həqiqəti olduğu kimi desə, nə olardı ki? Yoxsa onun özünü də aldatmışdılar? Nə bilim. 11 yaşlı uşağa həqiqətləri olduğu kimi deməyin çətinliyi bir yana, doğruluğu da sual altındadır. Şirin bir yalanla uşaq qəlbini isitmək, onu bu yolla “yaxşı bir insana” çevirməyə çalışmaq... 

Maşında orta güzgüdən arxada oturmuş oğluma baxıram. Onun dünyayla bağlarının vaxtından tez qırılmaması naminə neçə cür yalan danışmışam? Sağımda oturan arvadıma baxıram. Görəsən, o neçə şirin yalan sayıb mənim ovcuma? Bu arada öz maşınım daxil bugünkü maşınların əksəriyyəti 4 nəfərlikdir. Mənim ailəmsə 3 nəfərlik. Orta güzgüdən oğluma baxdığım kimi, oğlumun yanındakı həmin o bir nəfərlik boşluğa da baxıram hərdən. Qoca Deyşanı orada xəyal edirəm. Saçları küləkdə uçuşur, burnunun ucu qızarır. Bu qədər şeyi danışmışkən bir sirri də aşkara çıxarım artıq: nənəmi belə xatırlamağa çətinlik çəkdiyim bu yaşımda, olmayan anamı təsəvvür etməyə çalışarkən gözlərimin qarşısında Deyşa dayanır. 

Bir vaxtlar bel çantamda yırğalanan koala isə indi maşınımın açarından yapışıb.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Kerriyə görə həyat yoldaşından, mal-dövlətindən vaz keçən və səfil vəziyyətdə küçədə ölən Hertsvud obrazına nə söyləmək istəyərdiniz? 

 

CAVAB

Herstvud obrazı  Drayzerin Amerika burjua əxlaqına son dərəcə kəskin tənqidi münasibətinin nəticəsi kimi yaranmışdır. Əsər ilk çap olunan vaxt çoxları Herstvudda, Druedə, Kerridə... özünü görmüşdü. Və bu "çoxları" dediyimiz kəslər ölkənin üst təbəqəyə məxsus ən nüfuzlu adamları idi. Ona görə də yazıçı elə bir hücumla qarşılanmışdı ki,  böhrana düşüb qələmini əlindən qoymuş, 10 il heç nə yazmamışdı.  Herstvuda deyiləsi sözü Drayzer kimi heç kim deyə bilməz. 

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə bu dəfə yenidən sevilən şairimiz Əlizadə Nurini görüşdürürəm. Şair bu dəfə “Dirilərin öz paltarında, ölülərin bezində gizləndiyini” müşahidə edib.”

Onun gəldiyi qənaət isə “Bu dünyanın gerçək üzü. Yalan üzündə gizlənib...”dir.

Xoş mütaliələr.

 

Gizlənib

 

Ağacın son hıçqırığı,

Ocaq közündə gizlənib.

Dirilər öz paltarında

Ölü bezində gizlənib.

 

Durub gəldim sənə sarı,

Götürmədin sən hasarı.

Ayağımın ağrıları

Ayaq izində gizlənib...

 

Göy üzüdü göyçək üzün,

Ay da çaşdı görcək üzün.

...Bu dünyanın gerçək üzü

Yalan üzündə gizlənib...

 

Ədəbiyyat və incəsənət”

(30.10.2024)

Wednesday, 30 October 2024 15:33

Uzaq Antverpendə Nello və Patraşın abidəsi

Varis, “Ədəbiyyat və incəsənət”

 

Gənclərimiz kitabdan qaçırlar, bədii ədəbiyyatdan uzaq düşüblər. Mən bu yazımda bir daha ədəbiyyatın gücü barədə söz açmaq istəyirəm. 

 

Antverpen Belçikanın əsas şəhərlərindən biridir və mən sizə buradakı Nello və Patraş abidəsi barədə danışmaq istərdim. Düzdür, Brüsseldə olsam da Antverpendə olmamışam, abidəni də təəssüf ki görməmişəm. Amma haqqında sizə bəhs edə biləcəyəm. 

Bu abidə 1872-ci ildə ingilis yazıçısı Maria Louise de la Rame tərəfindən yazılmış "Flandriya köpəyi" romanında təsvir olunan hadisələrə həsr edilmişdir. 

 

Romanda hadisələr XIX əsrdə Belçika Flandriyasında baş verir. Yetim oğlan Nello Antverpen yaxınlığındakı bir kənddə babası ilə yaşayır. Baba xəstədir və oğlan ona kömək etmək üçün əlindən gələni edir, ev işləri ilə məşğul olur və Antverpendə süd satır. Bir gün Nello küçədən döyülüb əldən düşmüş bir it tapır və onu evə gətirib sağaldır, o vaxtdan bəri Nello və Patraş -  oğlan iti belə adlandırır - ayrılmaz dost olurlar. 

Oğlan rəssam olmaq istəyir, amma təhsil alması üçün vəsaiti əsla yoxdur, ən böyük arzusu da məşhur flamand rəssamı Rubensin rəsmlərini görməkdir. 

Yeni il ərəfəsində baba ölür. Ev kirayəsini ödəmək üçün Nellonun vəsaiti olmadığından o, küçəyə atılır. Nə yeməyə çörəkləri, nə yaşamağa evləri olan Nello və Patraş Milad ərəfəsində dizəcən qarlı bir gündə Antverpenə yola düşürlər. 

Çovğundur. Milad gecəsinə sayılı dəqiqələr qalır. Dostlar tamamilə zəifləyiblər, donurlar.  Və təsadüfən qapını açıq taparaq Antverpen Katedral kilsəsinə girirlər. 

Nəhayət, Nello burada Rubensin çoxdan görməyi arzuladığı rəsmini görür, lakin sevinmək üçün heç bir taqəti olmadan dostu Patraşın yanında daş döşəməyə uzanıb qalır. Ertəsi gün səhər oğlanı və iti Rubens triptixinin qarşısında donmuş vəziyyətdə tapırlar. 

Yaponlar bu hekayədən o qədər təsirləniblər  ki, onu məktəb tədris proqramına daxil ediblər. Zavallı dostlara ilk təvazökar abidə Yaponiyada, Toyota Şirkətinin vəsaiti hesabına quraşdırılıb, 2016-cı ilin sonunda isə heykəltəraş Batist Vermeulenin şəkildə gördüyünüz və haqqında söhbət açdığım Antvependəki abidəsi açılıb. 

Roman dəfələrlə lentə alınıb və 2010-cu ildə kitabın holland dilinə tərcüməsinin 25-ci ildönümü münasibətilə Belçikada 20 min nüsxə tirajla 40 avro dəyərində gümüş sikkə də buraxılıb.

İndi siz deyin, bədii ədəbiyyatın heçmi gücü yoxdur?

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)

Wednesday, 30 October 2024 15:28

Gülüş klubunda 8 mart mövzusu

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Aprtekdə dialoq:

-Salam, mənə təzyiqdən dərman verin təcili.

-Hansı təzyiqdən?

-Atmosfer təzyiqindən!!! Necə yəni, hansı təzyiqdən?

 

2.

Oğul atasından soruşur:

-Ata, niyə təqvimdə 8 mart qırmızı rəngdə qeyd edilib?

Atası deyir:

-O biz kişilərin həmin gün tökülən qanıdır, oğul!

 

3.

Çirkli əllərə pul daha tez yapışır.

 

4.

Axmaqların pulu əskikdir, ağıllıların zamanı.

 

5.

Qız rəfiqəsinə:

Ürək sevdisə, sevdiyimlə hara desə gedərəm. Bİrcə, altında “Qallenvaqen” olsun. 

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Mənsur Həsənzadənin şeirləri Vasif Süleymanın təqdimatında təqdim edilir.

 

...Niyə darıxdığını da özündən və şeirlərindən başqa kimsə bilməzdi... Amma şeirləri sayəsində oxuyanlar da bildi, darıxdıran da...

Əslində mən də arada uzunmüddətli fasilə olanda onun şeirləri üçün darıxıram, tam səmimiyyətimlə deyirəm. Azsaylı müəlliflər var ki, az çap olunsalar da, mən onları çox oxuyuram. Şərt deyil ki, onlar tez-tez  çap olunsunlar. Əsas odur ki, onların çap olunan azsaylı şeirləri dönə-dönə oxumağa yetəcək qədər dəyərlidir. Fikir verin:

 

İncə bellim, ahu gözlüm, ay üzlüm,

Gündüz ötdü, düşdü gecə, darıxdım.

Nə uzunmuş ürəyinə gedən yol,

Döngə-döngə, küçə-küçə darıxdım.

 

Bu şeirə nə zaman, nə məkan... Şeir oxumaq istəyəndə, darıxmaq istəyəndə, belə darıxdırmaq istəyəndə oxu, ürəyindən ruhən dincəlmək keçəndə  oxu... Mənə elə gəlir ki, mən onu hər gün oxuyuram, özü də təkrar-təkrar oxuduqlarımı, sanki ilk dəfə oxuyurmuş kimi...

Unutdum ha, kimin haqqında danışdığımı deməyi... Azərbaycan Yazıçılar Birliyinin üzvü, gözəl şair Mənsur Həsənzadəni deyirəm, paylaşdıqları şeirlərə görə sosial şəbəkənin ən çox sevilənlərindən biri olan Mənsuru...

"Azərbaycan" və "Ulduz" jurnallarında silsilə şeirləri ilə çap olunsa da, hər şənbə sevə-sevə oxuduğumuz "Ədəbiyyat qəzeti"ndə imzasına rast gəlməmişəm (ya bəlkə mən görməmişəm). Bu missiyanı da mən üzərimə götürdüm. İnanıram ki, o, qəzetimizin də ən çox oxunanlarından, imzası arananlarından biri olacaq.

...Niyə də olmasın? Onun şeirlərinin ləzzətindən doymaq olur ki:

 

Eşqinə qul oldum, eşqi şah etdim,

Gündüz nalə çəkdim, gecə ah etdim.

Üç sevgi yaşadım, üç günah etdim,

Sən ən gözəlisən üç günahımdan.

 

Bütün əbədi mövzularda yazır Mənsur, başda yaradan, yaşadan və öldürən SEVGİ olmaqla... Elə o biri mövzulara da içinin sevgisini qatıb yazır:

Şeytanlar dayanıb duadan öndə,

Döndər, duaların səmtini döndər.

Bir eşqə ac olan Göyərçin göndər,

Gəlsin saçımdakı dənə, İlahi!

 

Bütün ədəbi orqanlarda çap olunmaq Mənsur Həsənzadənin halal haqqıdır. Özü tənbəllik eləyirsə, biz eləməyək, nolar ki... Nə yaxşı ki, sevgili "Ədəbiyyat qəzeti" çap olunmağa haqqı olan istedadlıların haqqını özünə qaytarıb, meydanı verib haqqı olanlara... Elə bizə də, Mənsur Həsənzadəyə çap olunmaq, mənə də təqdim eləmək haqqı... Əslində Mənsur Həsənzadənin kiminsə təqdimatına ehtiyacı yoxdur, özü kimisə təqdim edəcək qədər oturuşmuş şairdi. Mənim bu təqdimatımdan isə  qətiyyən xəbəri yoxdur, "Ədəbiyyat qəzeti" çap olunan gün biləcək...

                                      Vasif  SÜLEYMAN

 

 

Mənsur HƏSƏNZADƏ

 

Günahımdan

 

Susmağın mənimçün cavab kimidir,

Gözünü çəkmirsən heç günahımdan.

Gülüm, günahlarım savab kimidir,

Hansını istəsən seç günahımdan!

 

Eşqinə qul oldum, eşqi şah etdim,

Gündüz nalə çəkdim, gecə ah etdim,

Üç sevgi yaşadım, üç günah etdim,

Sən ən gözəlisən üç günahımdan.

 

Hər qarış - günahdır, addım - günahdır,

Günahdır, həyatın dadı, günahdır,

Mənim ürəyimin adı günahdır,

Nə qədər gec deyil, köç günahımdan.

 

Mən nalə koruyam, mən ah karıyam,

Və bütün eşqlərin tamahkarıyam,

Dünyanın ən yekə günahkarıyam,

Buyur, bacarırsan, keç günahımdan!

 

Darıxdım

 

İncə bellim, ahu gözlüm, ay üzlüm,

Gündüz ötdü, düşdü gecə, darıxdım.

Nə uzunmuş ürəyinə gedən yol,

Döngə-döngə, küçə-küçə darıxdım.

 

Həsrət qaldım ay üzünün bədrinə,

Gün yandırdı, qovuşmadım ətrinə,

Ay Ürəyim, ürəyinin xətrinə,

Ürəyimi qoyub küncə, darıxdım.

 

Fəryadımı eşitmədi, of, Xudam,

Gərək özüm öz könlümü ovudam.

Gülüm, çox da sənə qarşı kobudam...

Xəfif-xəfif, incə-incə darıxdım.

 

Ürəyimdə lap yuxarı başdasan,

Dözəsiyəm, dönüb-dönüb daşlasan.

Sən nə zaman darıxmağa başlasan

Unutma ki, səndən öncə darıxdım!

 

Təcnis

 

Ayıq dayanıbsan söz keşiyində,

Qələmin süngüdü, əl əsgər indi.

Şairin işidi sözü ucaltmaq,

Bayrağı ucaldan əl əsgərindi.

 

Arxalı bağ saldı, arxa dağ aldı,

Adamlar arx çəkdi, arx ada qaldı,

Alovlu vaxtların arxada qaldı,

Sinəni dərdlərə, ələs, gər indi.

 

(Ruhun ərköyündü, ələsdi, nədi?...

Yaş ötür, bir üzün, ələs, dinədi,

Bel büküldü nədi, əl əsdi nədi?

Sinəni dərdlərə ələs, gər indi).

 

Ağ dan, qırmızı dan, hərdən sarı dan...

Çələng tut yaşıldan, aldan, sarıdan,

Bəlkə də, bəlkə də tək sən sarıdan

Gorda bəxtəvərdi Ələsgər indi.

 

Sev otu, ağacı, sev gülü, Mənsur,

Sev daşı, sev qumu, sev gili, Mənsur,

Sinənə çox döymə Sevgili Mənsur,

Yazdığın nə varsa, Ələsgərindi!

 

İlahi

 

Məni kim yığacaq bu yer üzündən? -

Tökülüb-itirəm yenə, İlahi!

Bütün duaları saf-çürük elə,

Özün ver sinəni önə, İlahi!

 

Şeytanlar dayanıb duadan öndə,

Döndər, duaların səmtini döndər.

Bir eşqə ac olan Göyərçin göndər,

Gəlsin saçımdakı dənə, İlahi!

 

Dönərmi, o sənə önərdiyim qız?

Dönərmi, üzümü döndərdiyim qız?

Eşqin səmasına göndərdiyim qız

Qıyma yer üzünə enə, İlahi.

 

Bax... Ay işığında şeir yazıram

Onu görəcəyim günə, İlahi!

Bizim eşqimizi ilahiləşdir,

Səni and verirəm dinə, İlahi!

 

Bu sevgi

 

Pöhrə-pöhrə, çiçək-çiçək bağ oldu,

Əvvəl-əvvəl bayram oldu bu sevgi.

Sonra dönüb saçlarımda ağ oldu,

Taleyimdə qaram oldu bu sevgi.

 

Sən gedəli ruhum düşkün hal aldı,

Hisslərim də ta şikəstdi, ta laldı,

Hə! Oyunu yaxşı qurdun, halaldı!

Axır mənə haram oldu bu sevgi.

 

Üzün, məkrin hər rənginə çevrilib,

O xoş səsin şər zənginə çevrilib.

Məhəbbətin xərçənginə çevrilib,

Sağalmayan yaram oldu bu sevgi.

 

Maraqlı yalan

 

Gəlin bir maraqlı yalan danışım,

Məzmunu başqadı, forması başqa.

Mənim yalanımın ipi fərqlidi,

Mənim yalanımın torbası başqa.

 

"Yalan ayaq tutar, yeriməz" dedi,

Ən doğru yalanı babam danışdı.

O gündən bu günə babamqarışıq

Bütün yalançılar mənə tanışdı.

 

Daha mələklərin qəmlidi könlü,

Daha şeytanların çarxı yağlıdı.

Kim deyir, qırx gündü yalanın ömrü?

İndiki yalanlar qırxayaqlıdı.

 

İndi bir sualın cavabı mindi,

Həqiqət yalanın özündən keçir.

Dunyanın ən yekə yalanı indi

Ən xırda iynənin gözündən keçir.

 

Mən də yalançıyam, şeirim baş qatır,

Hələ demədiyim neçə yalan var.

Mənim danışdığım yalan başqadır,

Yanında yalandır bütün yalanlar!

 

Yozun yalanımı, min yerə yozun,

Mənim yalanlarım yanan çıraqdı.

Şeirlər ən gözəl fikir tablosu -

Şairlər ən gözəl yalançılardı.

 

Dərdim...

 

Dolu dərdlərimi ta boşaldıram,

Ya boş buraxıram, ya boşaldıram,

İçimi çöllərə ha boşaldıram,

Azalmır ağıda, qarğışda dərdim!

 

Bu köpük dərdləri yığmaz bu kəfkir!..

Güc yox ürəyimdə, göstərə təpki.

Yazda allergiya, payızda səpgi,

İsti-yayda dərdim, qar-qışda dərdim.

 

Kim tutub burnuma bu hiss iyini?

Kim atıb ortaya sözün çiyini?

Seçsəm dərdlərimin ən kiçiyini,

Yüz filə yük olar qarışqa dərdim.

 

Hər gün qırmağını durmadan atır,

Sancılır kürəyə, sinəmdən batır.

Gözümün yaşında yuyunub yatır,

Gör, necə xoşbəxtdi balışda, dərdim.

 

Nə ömür xoş gedir, nə gəlir əcəl,

Əcəb divan tutur mənə şər, əcəb.

Ha cəhd elədimsə, səni zərrəcə

Azalda bilmədim, bağışla, dərdim!

 

Gəl

 

Sən gedəli bağım-bağçam saralıb,

Xoş ətirli çiçəyim, gəl, gülüm, gəl!

Ay eşqimin zülmkarı, lütf elə,

Bəs deyilmi bu çəkdiyim zülüm? - Gəl!

 

Gözüm - güzgü, tellərini, bax, ayır,

Könlün - saray, ikimizə taxt ayır,

Vaxtın olsa, mən baxtsıza vaxt ayır,

Olan-qalan sevgimi də bölüm, gəl!

 

Dua etdim, arzu tutdum N qədər,

Doğma nə var - o səs qədər, ün qədər?

Heç Kərəm də yanmamışdı mən qədər,

Yandı içim, külə döndü çölüm, gəl!

 

Tələlərdə, tuzaqlarda ölürəm!

Çox soyuqsan, sazaqlarda ölürəm!

Hər gün səndən uzaqlarda ölürəm!

Gəl, gözünün qabağında ölüm - gəl!

 

Elman Tovuzlunun ruhuna ehtiramla

 

Bu gün qara bağladılar adamlar,

Büdrədilər, laxladılar adamlar,

Ağı deyib ağladılar adamlar,

Bir xəzinə basdırdılar Tovuzda.

 

Bircə yol var yüzümüzün önündə,

Söz dayanmaz sözümüzün önündə,

Gündüz vaxtı, gözümüzün önündə

Bir xəzinə basdırdılar Tovuzda.

 

Axtarsalar, tapardılar Bakıda,

Ağzından söz qapardılar, Bakıda,

Bir xəzinə apardılar Bakıdan,

Bir xəzinə basdırdılar Tovuzda.

 

Ay yazıqlar, - ay şairlər, yazarlar,

Sıra-sıra qəbrimizi qazarlar...

Şıxheybətdə sevincliydi məzarlar, -

Bir xəzinə basdırdılar Tovuzda.

 

Ağladılar, ağladılar, doydular,

Sonra sözü soğan kimi soydular,

Bir dünyanı bir tabuta qoydular,

Bir xəzinə basdırdılar Tovuzda.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)

“Ədəbiyyat və incəsənət” bu gün “1 ŞEİR” rubrikasında Ceyhun Ötkəmin 1 şeirini sizin ixtiyarınıza buraxırıq.

 

 

***

mən ya kor bucağam,

ya kar bucağam,

özümü dürtməyə məzar qucağam,

qolları xaraba bekar qucağam,

mənim ayaqlarım yoxdur, üzəngi...

toz basıb çiynimi, bayquş da qonmur,

kəfənlə qaçan da gəlib sığınmır...

sən də bekarasan, mən də bekara,

mənim ayaqlarım yoxdur, üzəngi...

daha boşlamışam əldə yüyəni,

uşaqlar uzaqdan görəndə məni

deyirlər, ay nənə, kentavr əmi...

mənim ayaqlarım yoxdur, üzəngi...

atım-arzu, murad... çox adları var

at murad deyil ki, muradları var...

nə olsun, görünməz qanadları var

mənim ki ayağım yoxdur, üzəngi...

mənim ki ayağım yoxdur, üzəngi...

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

 

 

Arxivimdən Saxa-Yakutiyanın yeganə xanım Xalq şairi, Saxanın Yazıçılar Birliyinin başqanı Natalya İvanovna Xarlampyevanın yubiley gününə - 70 illiyinə həsr etdiyim yubiley yazısını portalımızın oxucularına ərmağan edirəm.

 

 

 

Natalya xanımın – Saxa-Yakutiyanın yeganə xanım Xalq şairi, Saxanın Yazıçılar Birliyinin başqanı Natalya İvanovna Xarlampyevanın yubiley günüdür. Uzaqlardakı Yaxın Ürəyin, mötəbər xanım əfəndinin 70 yaşı tamam olur. Biz ona “Türk poeziyasının yakut-saxaca döyünən Ürəyi” (Akd. Nizami Cəfərov), “Saxa şeirinin anası”, “Dilbər Xatun”, “TürkAna” və bu kimi yaraşıqlı sözlərlə müraciət edirik.

 

Xanım Xarlampyeva incə ruhlu lirik şairdir, ictimai xadimdir, mədəniyyət-sənət xadimidir.

 

O, öz xalqının yığvalı haqqında tarixi düşüncələrlə, quzey türklərinin mənəvi dəyərlərinin  qorunması, təbliği işi ilə ardıcıl məşğul olur. Saxa (Yakut) ədəbiyyatının tanıtımı, tərənnümü yönündə onun böyük xidmətləri var. Məhz onun təşəbbüsü  ilə  Saxa-Yakutiya   Respublikasında “Böyük qarın kəraməti” adlı Uluslararası Poeziya Festivalı təşkil edilir. (Mənə də nəsib olub, həmin festivalda nümayəndə olmuşam).

 

1952-ci ildə Saxa-Yakutiyanın Manqan oymağında doğulan Natalya xanım Yakutiya Dövlət Universitetinin (indiki M.K.Ammosov adına Quzey-Doğu Federal Universitetinin) Tarix-filologiya fakültəsini bitirib. 1975-ci ildən məqalələri və şerləri dövrü mətbuatda dərc olunur. 15 şer kitabının, 20-dən çox nəsr əsərinin müəllifidir. O, Saxada, Rusiya Federasiyası içində keçirilən çoxsaylı festivallardan başqa Varşavada, Londonda, Hanoyda keçirilmiş uluslararası poeziya festivallarının, eləcə də, Bakı və Sumqayıtda keçirilmiş tədbirlərin iştirakçısı olub. 2016-cı   ildə   Natalya   xanımın kitabları Londonda   (ingiliscə),   Kazanda (tatarca),  Kızılda (tuva dilində), 2018-ci ildə isə bu sətirlərin müəllifinin təşəbbüsü ilə Bakıda çıxıb (“Mənim rəfiqim Aprel” – Afaq Şıxlı, Rəsmiyyə Sabir, Oqtay Hacımusalı və bu sətirlərin yazarının çevirməsində).

 

Natalya İvanovna Saxada jurnalist və nəşr işinin təşkilatçısı olaraq da tanınır. O, mətbu fəaliyyətə “Severnaya  trassa” qəzetində  müxbir olaraq başlayıb; yerli gənclər qəzetinin redaktoru, “Kıım” adlı qəzetin mədəniyyət şöbəsinin müdiri, “Saxa-Sire” qəzetinin baş redaktoru (1990-2012), Yakutsk şəhərindəki ən böyük kitab nəşriyyatının baş redaktoru kimi fəaliyyət göstərib.1994-cü ildə Saxa (Yakut) dilində gün üzü görən “Dilbər Xotun” (“Dilbər Xatun”) adlı qadın jurnalının ilk redaktoru da o olub. Doqquz mövsüm dövlət televiziyasında “Ааҕарбалаҕан” adlı televiziya verilişinin aparıcısı olub, 2015-ci ildən “Saxa” radiokanalında canlı verilişlər aparıb. 2012-ci ildən 2017-ci ilin iyun ayına qədər Saxa-Yakutiya Dövlət başçısının mədəniyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

 

Natalya Xarlampyeva   Qazaxıstan   Respublikasının Uluslararası “Alaş” Ədəbiyyat Ödülü (1998), Rusiyanın “Böyük   Ədəbi   Ödül”ü  (2003),   Rusiya  Yazıçılar Birliyinin və Smolensk vilayətinin Aleksandr Tvardovski adına ödülü (2003) ilə təltif olunub. Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi fəxri adına, 2002-ci ildə Saxa-Yakutiyanın Xalq şairi fəxri adına, 2015-ci ildə Rusiya federasiyasının Puşkin medalına, 2021-ci ildə Saxanın Platon Oyunski adına Dövlət Mükafatına layiq görülüb.

 

 

 

***

 

Bundan tam 4 il öncə NatalyaXarlampyeva Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) dəvəti ilə respublikamızda səfərdə oldu. Natalya xanım səfəröncəsi bir xahişdə bulundu. O, I Türkoloji Qurultayın keçirildiyi binanı ziyarət etmək istəyirdi. Onun mənəvi babaları bu zalda I Türkoloji Qurultayda iştirak etmişdi. İctimai və dövlət xadimi İsidor Baraxovun (1898-1938) başçılığı ilə 3 saxalı türkoloq Qurultaya yola düşmüş, onlardan biri sağlıq durumuna görə, yalnız Moskvayadək gələ bilmişdi; digər iki nümayəndə geri döndükdən sonra Saxada müqəddəs ziyarətdən gəlmişlər kimi qarşılanmışdı....

 

Natalya xanım mənəvi babaları haqqında, onların Bakıya səfəri ilə bağlı  xatirələrin işığında böyüyüb... O, Azərbaycanlı araşdırmaçı-yazar Aida Eyvazlıya verdiyi müsahibədə bu mövzuya toxunub:

 

A.E.: -Bakıya ilk gəlişinizdə 1926-cı ildə I Türkoloji Qurultayı keçirilən zalda süzülən göz yaşlarınızı xatırlayıram...

 

N.X.: - Bakıya gəlincə ilk görmək istədiyim yer həmin bina oldu. Siz bilirsiniz ki, biz ruhlara inanırıq. Daşların da ruhu var, yaddaşı var. Mən bizim ədəbiyyatımızı, əlifbamızı yaradan dahilərə minnətdaram. XIX əsrdə Rusiyanın özünün elə alilmləri barmaqla sayaılırdı. Çar Rusiyası elmin bütün sahələrində inkişaf əldə etmək üçün alimləri Almaniyadan, Avropadan dəvət edirdi. Yakutiyanı zəbt etsinlər deyə, buraya da alimlər, ekspedisiyaçılar göndərilirdi; buraya göndərilən əksər ziyalılar isə ya inqilabçılar, ya da siyasi baxışlarına görə rejimə etiraz edənlər idi. Hətta onların qarşısında şərt qoylurdu ki, həmin ziyalı insanlar burada yakut və digər yerli xalqların dillərini öyrənməməlidir. Sürgün olunan insanların içərisində  polyak linqvisti Edvard Pekarskiy var idi. Pekarskiy bizim dilimizin yazılışını,  transklipsiyasını yaratdı – ilk dördcildlik “Yakut-Rus dili sözlüyü”nün müəllifi oldu. Sizə maraqlı gələ bilər ki, o bizim dili bu qədər incəliklərinə qədər necə bilirdi? Çünki həyat yoldaşı yakut qızı idi. Bizim ədəbiyyatçılarımız və dilçilərimiz də 1926-cı ildə I Türkoloji Qurultaya həmin lüğəti gətirmişdilər. Çünki o böyük kişilər ortaq əlifba yaratmaq istəmişdi... Böyük Mustafa Kamal Atatürk də ərəb qrafikalı əlifbadan latın qrafikalı yeni Türk əlifbasına keçid edəndə, Pekarskinin yaratdığı “Yakut-Rus dili sözlüyü” istəmişdi. Yakut dili bir çox türk dillərindən fərqli olaraq, öz ilkinliyini qoruyub saxlamşdı. Ötən yüzilin 20-30-cu illərində yaşayan maarifçi kişilər ancaq xalq üçün, ümumi dil üçün çalışırdı. Onlar həmin zaman kəsiyində bilmirdi ki, 1926-cı ildən az müddət keçəndən sonra türklük ideyalarına görə təqib olunacaqlar, yaratdıqlarının tarixdən silinmək təhlükəsi yaranacaqdır... İndi filoloq kimi onların nə düşündüklərini daha yaxşı anlayıram, hiss edirəm”...

 

 

 

Natalya xanım öz həyat, sənət kredosu olan, milli dəyərlərə sadiq, bəşəri dəyərlərə sayğılı xanım əfəndidir. Onun şeirlərini oxumaq, onu dinləmək, onunla söhbət etmək  çox xoşdur, bir sözlə, o, zövqün özüdür. İstedad və insanlıq, mötəbərlik və təvazö, ədəbiyyat-sənət və dövlət təfəkkürü bir canda, bir ömürdə ən yaxşı şəkildə necə birləşə bilərsə, o, məhz Natalya xanımın şəxsiyyətində, yaradıcılığında təcalla tapır...

 

 

 

***

 

Natalya xanımın poeziyasında hansı etnoqatlar, hansı üfüqlər və o üfüqlərə daşıyan möhkəm qanadlar var? 

 

Öz dədə-baba torpaqlarında yaşayan türk xalqlarının çox geniş coğrafiyası zaman-zaman ədəbiyyatda, mədəniyyətdə, bir sözlə, həyatda öz müsbət və mənfi təzahürləri ilə səciyyələnib. Örnəyi, Güneydən Quzeyə, Gündoğardan Günbatara keçidlərin, böyük köçlərin güzərgahı olmuş qaynar Qafqazlardan fərqli olaraq, burdan çox uzaqlardakı Saxa-Yakutiyada uzun, soyuq qış gecələrinin hüznü (Natalya Xarlampyevanın önəmli təmsilçisi olduğu) poeziyaya nağıl kimi hopub... Saxada milli ərazi çox böyük, əhali çox az, qışlar uzun, yazlar qısa, doğma qardaşlarsa oralardan xeyli uzaqdır... Öz ilkin dini inancı ilə xristian dini inancının, üçqatlı dünya inanc sistemi ilə “Tanrının oğlu İsa”nın təliminin Saxa ədəbiyyatında interperetasiyalara gətirib çıxardığı görünməkdədir – Natalya xanımın yaradıcılığında olduğu kimi... Saxa ədəbiyyatı sözdən artıq səs kimi gəlir adama – elə bil Şaman qımqımısı, gümül­dənməsi, sözsüz danışmasıdır...

 

Natalya xanım həmvətəni olan tanınmış mədəniyyət xadimi – Saxa-Yakutiya Respublikasının Xalq artisti Andrey Borisovun dəyərləndirməsinə diqqət edək: “O bizim olonxosutların, toyuksutların, Kulakov poeziyasının, Alampanın, Oyunskinin, Semyen Danilovun yadigarıdır, onların ocağını qoruyandır, yakut poeziyasının anasıdır”.

 

Akademik Nizami Cəfərovun 2018-ci il sentyabrın 15-də “Ədəbiyyat qəzeti”ndə yayınlanmış “Türk poeziyasının yakut-saxaca döyünən Ürəyi” adlı yazısında oxuyuruq: “Saxa (Yakutiya) Respublikasının  Xalq şairi Natalya Xarlampyevanın "Mənim rəfiqim aprel" kitabçasında elə bir şeir yoxdur ki, müəllif mənsub olduğu etnosun hamımız üçün doğma hisslərinin arxeoloji dərinliyinə getməsin, bununla belə, elə bir şeirə də rast gəlməzsən ki, ruhuna modern düşüncə texnologiyaları hopmamış olsun. Hər cür müqayisə, xüsusilə şairlə şairin, şeirlə şeirin müqayisəsi, əlbəttə, nöqsanlıdır, ancaq deməliyəm ki, Natalya Xarlampyevanın poeziyasında Oljas Süleymenov üslubuna bənzərlik gördüm. O mənada yox ki, Natalya xanım öz möhtəşəm həmkarını təkrar edir; yox, o baxımdan ki, hər iki sənətkarın yaradıcılığında, təfəkküründə qədimliklə müasirliyin son dərəcədə zərif, həssas, eyni zamanda "akademik sistem"ə çevrilmiş mükəmməl harmoniyası var.

 

...Natalya Xarlampyevanın poeziyasını həm ideya-məzmun, həm də poetika-forma baxımından səciyyələndirən ən mühüm əlamət etnik-tarixi yaddaşın canlılığı, sağlamlığı və bütövlüyüdür...

 

Mən də ulu türkün bir parçasıyam -

 

Kökləri dərindən-dərin,

 

Qızılı bayrağında boz qurd,

 

Kültigin dövrünün varisi.

 

Hansı uğursuzluğun əliylə

 

Quzeyə üz tutdu

 

Mənim ulu babam,

 

Quzeydə məskən saldı?..

 

Səhralarda qumların sehr dolu pıçıltısı,

 

Aralın parlaq suyu,

 

Düzlərin sarı üfüqü,

 

Qızıl dəvələrin qəmli gözləri

 

Uzaqlarda qaldı...

 

...Bu yazını "Türk poeziyasının yakut-saxaca döyünən ürəyi" adlandırdım. Görünür, ona görə ki, burada söhbət xanım şairdən gedir... Ancaq ona eyni müvəffəqiyyətlə "Türk poeziyasının yakut-saxaca düşünən beyni" adını da vermək olardı”...

 

 

 

Saxadan başlamış Tatarıstanadək olan Sibir coğrafiyasındakı azsaylı türk xalqlarının ədəbiyyatı ritm etibarı ilə musiqilidir, nəğmə türündədir. Sibir türküləri ilahi özləmi barındırır...

 

Natalya xanımın özünə mənəvi ustad qəbul etdiyi Platon Oyunskinin əsərləri, özkeçmişi ilə tanış olduqca, Türk dünyasının XX yüzildə yaşayıb-yaratmış başqa bir mütəfəkkir ədibi– Hüsyen Cavid (və Cavidin yaratdığı obrazlar) gözlərimiz önündə canlanır. Nə təvafüqdür ki, hər iki mütəfəkkir ədibin aqibəti eyni olub, hər ikisi repressiyaya məruz qalıb, hər ikisi İrkutskda öldürülüb. Aida Eyvazlı ömür paralellərinə diqqət çəkir: “Hər ikisi 1955-ci ildə bəraət alıb. Talelərinin başqa bir oxşar cəhəti də ibrətamizdir: Cavidin qızı Turan Cavid və Oyunskinin qızı Sardana Oyunski! –Hər iki xanım öz atasının yolunda ömrünü şam kimi əridərək, ailə həyatı qurmayıb”...

 

Saxa-Yakutiya ədəbiyyatının klassiki Platon Oyunskinin bizim təşkilatçılığımız, Aida Eyvazlının uyğunlaşdırması ilə Bakıda (2019) və Ankarada (2021) gün üzü görən “Qırmızı şaman” kitabı da Natalya xanımın ideyası əsasında hazırlanıb.

 

Natalya xanımın öz kitabının Bakı və Sumqayıtda,  Oyunskinin kitabının Yakutskda təqdimat törənləri unudulmazdır... Hər üç təqdimatda Natalya xanımın əsaləti özünü parlaq şəkildə göstərdi, oxucular onun sözünün və özünün sehrinə düşdü...

 

 

 

***

 

Mən Natalya Xarlampyevanın yazmaq eşqini yaddaşının qutkültür süxurlarından aldığını bilirəm. O qutluluq onun damarlarındakı əsl qanda mövcuddur və elə ona görə şeirləri hər nə qədər insana kövrəkmiş, lirik duyğular üzərində köklənibmiş kimi görünsə də, bu lirikanın, bu kövrəkliyin içində qərib bir təlatüm də var; bu təlatüm türk xatununun ərcə, ərkəkcə, hər zaman meydanlarda olmasından, at minib qılınc qurşanmasından irəli gəlməkdədir. Bu onun qədəridir. Ruhunu, mənliyini, yüzilliklərdir söykəndiyi ulus kimliyini unutmaması, yaddan çıxarmaması, tam tərsi, övladlarına (mənəvi övladlarına) ötürmək istəyi onun qədəridir”. – Natalya xanımın Azərbaycanda çıxmış ilk və hələlik yeganə şeirlər kitabına ön söz yazan dostumuz Oqtay Hacımusalı belə vurğulayır.

 

Bu fikirlər isə filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Adilə Nəzərə aiddir: “Bu adda şeirlər toplusu şairin duyğuları olmaqla bərabər onun dünyagörüşü və yazıldığı dövrün sosial, mədəni və siyasi həyatı haqqında məlumat kitabçasıdır.  Daha dəqiq desək, şairlər dövrünün nəbzi, şeirlər isə güzgüsüdür. Elə buna görə deyirlər ki, ədəbiyyat ən doğru tarixdir.

 

Kitab bir qabdır, şeirlər də bir içim su... Suyu içdikdən sonra qabını qırmadığımız kimi, şeirləri oxuyandan sonra da dəyərini vermək gərəkdir. Natalya Xarlampyevanın “Mənim rəfiqim aprel” adlı şeirlər toplusunu oxuduqca şairin könül bağçasına ən gözəl duyğu ortağı oldum. Şair nə qədər desə də ki, “Mən atəşəm! Məni anlamağa çalışmayın! Mənim ruhum alovun tüstüsü kimidir”... Mən yenə də onu anladım”...

 

 

 

***

 

Natalya xanım deyir (yazır):

 

Mən də ulu türkün bir parçasıyam -

 

Canımda, qanımda duyuram bunu,

 

Hikmətini duyuram daşüstü yazıların,

 

Elmlərin qüdrətini

 

Yaddaşıma yazıram mən,

 

Yazıram ki,

 

unutmayım kim olduğumu”!

 

 

 

Sizi unutmamışıq, əziz Natalya xanım!

 

Yubileyiniz qutlu olsun! Çox yaşayın!

 

URUY-AYXAL!

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(30.10.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.