
Super User
Kanada mətbuatı ABŞ-ni müttəfiqlərinə qarşı nankorluqda ittiham etdi
Kanada mətbuatı ABŞ-ni müttəfiqlərinə qarşı nankorluqda ittiham etdi – bu barədə “Ədəbiyyat və incəsənət” portalı Diasporla iş üzrə Dövlət Komitəsinə istinadla məlumat verir.
Bu, Amerikanın öz müttəfiqinə xəyanət etdiyi ilk hal deyil. Belə ki ABŞ Konqresinin Nümayəndələr palatasından Adam Şiff bu yaxınlarda həmin ölkədəki Azərbaycana məxsus aktivləri hədəfə alan və onları İkinci Qarabağ müharibəsində, eləcə də sonrakı hərbi əməliyyatlarda köçən ermənilərə vermək məqsədi güdən qanun layihəsini Konqresə təqdim edib.
Tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində işıq üzü görmüş “Amerikanın qərəzli baxışları” sərlövhəli məqalədə Birləşmiş Ştatların İsrailə münasibətdə hazırkı siyasətini qeyri-səmimi, qarşılıqlı etimaddan məhrum kimi dəyərləndirir. Müəllif Azərbaycanın da bu baxımdan layiq olmadığı analoji ədalətsiz münasibətlə üzləşdiyinə diqqət çəkir.
Onun fikrincə vaxtilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymamış Ermənistanın Qarabağı və Azərbaycanın 7 rayonunu otuz illik işğalı nəticəsində qaçqın vəziyyətinə düşmüş bir milyona yaxın azərbaycanlı üçün analoji kompensasiya paketi təklif etməməsi amerikalı konqresmenin təşəbbüsünün qüsurlarındandır.
Həmçinin qeyd olunub ki, Azərbaycanın Yaxın və Orta Şərqdə dini radikalizm və terrorizmlə mübarizədə Qərbin sadiq müttəfiqi olmasının, Amerika qoşunlarının Əfqanıstandan təhlükəsiz şəkildə çıxmasına kömək etməsinin müqabilində bu qanunvericilik təşəbbüsünün irəli sürülməsi təəccüb və heyrət doğurur.
Müəllifin qənaətinə görə, ABŞ-nin bu cür davranışı əxlaqi baxımdan qınanılmalı hərəkətdir.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.thej.ca/2024/10/17/americas-biased-perceptions/
“Ədəbiyyat və incəsənət”
(31.10.2024)
“Gəncədən Bakıya” layihəsində “Füzuli muğam dünyası” adlı konsert baş tutub
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə "Gəncədən Bakıya" layihəsi çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş "Füzuli muğam dünyası" adlı konsert proqramı baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, konsertdə Beynəlxalq Muğam Mərkəzinin solistləri Kamilə Nəbiyeva, Hüseyn Məlikov, Elnur Mikayılov (kamança), Rəşad İbrahimov (tar), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud), Gəncə Dövlət Filarmoniyasının solistləri Şirxan Cahangirov, Zəminə Mustafayeva, Azər Verdiyev "Bayatı şiraz", "Mahur", "Rast", "Şahnaz" muğamlarını ifa ediblər.
“Ədəbiyyat və incəsənət”
(31.10.2024)
Şanlı Zəfərimizin ildönümü İstanbulda konsert proqramı ilə qeyd olunacaq
8 Noyabr - Zəfər Günü İstanbulda təntənəli konsert proqramı ilə qeyd ediləcək.
AzərTAC xəbər verir ki, tədbir SOCAR və digər qurumların dəstəyi ilə Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunacaq.
Konsertdə Xalq artistləri Mənsum İbrahimov və Natiq Şirinovun rəhbərlik etdikləri “Qarabağ” muğam və “Natiq” ritm qruplarının ifasında Azərbaycan musiqiləri səsləndiriləcək.
Şanlı Zəfərimizin dördüncü ildönümünə həsr olunan gecə noyabrın 5-də İstanbulun ən mötəbər mədəniyyət saraylarından biri olan Atatürk Mədəniyyət Mərkəzinin teatr salonunda keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(31.10.2024)
“Sənətkarın dostu” layihəsinin növbəti qonağı tanınmış tar ifaçısı olub
Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti, tar ifaçısı Elçin Həşimovla görüş keçirilib.
Mərkəzdən AzərTAC-a bildirilib ki, görüşdə tar aləti və onun ifaçılıq ənənələri, peşəkar milli musiqi mədəniyyətinin inkişafında tarın rolu və dünyada təbliği, pedaqoji fəaliyyət, uşaq və gənclərin bədii zövqünün formalaşdırılması istiqamətində söhbət aparılıb.
Elçin Həşimov sənətdə ilk addımlarından, tar alətinin milli musiqimizin təbliğində özünəməxsus yerindən, həmçinin ifaçılıq ənənələrindən bəhs edib.
Tədbirdə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi, “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Müsabiqəsinin Qran-Pri mükafatçısı Vaqif Təhməzov (nağarada müşayiət Siyavuş Kərimov), Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin 10-cu sinif şagirdi Hüseyn Əliyev müxtəlif musiqi əsərlərini ifa ediblər.
Ustad dərsi formatında keçirilmiş görüşdə sənətçi iştirakçıları maraqlandıran sualları cavablandırıb və yeni hazırlanmış musiqi albomunu gənc tar ifaçılarına hədiyyə edib.
“Sənətkarın dostu” layihəsi çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə incəsənət xadimlərinin iştirakı ilə paytaxt Bakı və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin təşkili nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(31.10.2024)
Mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin nəticələri açıqlanıb
Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi keçirib. Qrant müsabiqəsinə qeyri-hökumət təşkilatlarından 192 layihə təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ekspert komissiyası tərəfindən regional əhatəlilik, çoxtərəfli əməkdaşlıq, innovativlik, müxtəliflik və inklüzivlik, davamlılıq prinsiplərinə əsasən layihə təkliflərinin qiymətləndirilməsi həyata keçirilib.
Mədəni və yaradıcı sənayelərin kino, animasiya, tətbiqi sənət, musiqi, fotojurnalistika, kitab, rəqəmsallaşdırma və mədəni irs sahələri üzrə seçilmiş 29 layihənin qrant maliyyələşdirilməsi ilə bağlı qərar verilib.
Müsabiqə haqqında ətraflı məlumatla https://culture.gov.az/az/elanlar/200 linki vasitəsilə tanış olmaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(30.10.2024)
Yazıçıdan sabiq deputata: “İtirdiyinin stresini yaşayırsa, bizlərin nə günahı var?”
Sabiq deputat, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev yazıçı Varis Yolçuyevin “Sənə inanıram” romanından bir səhifəni paylaşaraq yazıçını tənqid edib.
Ölkə.Az xəbər verir ki, alim V.Yolçuyev haqqında aşağıdakı sözləri yazıb:
“Feysbuk dostum Varis adlı “yazıçı”nın hansısa kitabının bir səhifəsini paylaşıb. Bircə səhifə bəsdir ki, “yazıçı” nın səviyyəsinə qiymət verəsən. Əksər kitab mağazalarında bu adamın 10 -larla kitabının ön rəflərə düzüldüyünü görmüşəm. Belə yazıçının kitablarının təqdimatında görəsən, nə danışırlar?”
Ölkə.Az barəsindıə yazılanlarla bağlı V.Yolçuyevin fikirlərini öyrənmək üçün ona müraciət edib. Yazıçının E.Əliyevə cavabı isə belə olub:
“Etibar Əliyevin haqqımda yazdığı hədyananı mənə çatdırdılar. Adətən, belə şeylərə reaksiya vermirəm. Amma bu dəfə qərara aldım ki, cavab verim. Ondan başlayaq ki, mənim tərbiyəm və mədəni səviyyəm imkan verməyəcək ki, o məni dırnağa aldığı kimi, mən də onu dırnağa alım. Amma, hər halda, sözümü deyəcəyəm. Deməzsənmiş, bu şəxsə “Sənə inanıram” romanımda yeniyetmələrin dialoqu xoş gəlməyibmiş. Bu şəxsi tanıyan varsa, mümkünsə ona çatdırsın ki, 3-cü minilliyin ədəbiyyatında obrazları öz dillərində səsləndirmək trenddədir. Hansısa bir hissəni tamdan ayırıb onun timsalında tama qiymət vermək isə aşkar qərəzdir!
“Belə yazıçının kitablarının təqdimatında görəsən nə danışırlar?” yazır bu şəxs. Deyimmi nə danışırlar? Məsələn, onu danışırlar ki, 2016-ci ildə bu yazıçının yazdığı və 32 milyon girişi olan Rusiyanın Proza.ru portalında dərc edilən “Yaş əsgər çəkmələri” hekayəsi 41 min erməninin petisiya imzalaması səbəbindən qadağan olunub. Yaxud, 2018-ci ildə o, Avrasiya Materikinin BMT-nin əqidəsi altında keçirilən ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalında 170 materik yazıçısı arasında 1-ci olaraq, qızıl medala layiq görülüb, dünyaşöhrətli qazax yazıçısı Oljas Süleymenovdan estafeti qəbul edib. Yaxud, Azərbaycanda dövlət sifarişi ilə roman yazan ilk və yeganə yazıçıdır, 2020-ci ilin əvvəlində yazdığı və Xocalı həqiqətləri barədə olan “Qırmızı ləçəklər” romanı Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyada təbliğ olunub. Bunlar danışmağa bəs edərmi? Etməzsə, davamını gətirim:
2018-ci ildə bu yazıçı Böyük Britaniya Yazıçılar İttifaqının (APPİA) və Rusiyanın “Rossiyskiy kolokol” nəşrinin versiyaları üzrə ilin yazıçısı elan edilib; 2017-ci ildə YUNESKO-nun və Varşavada keçirilən Slavyan Ədəbiyyat festivalının Adam Mitskeviç medalı ilə təltif olunub; 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə" ali ədəbiyyat mükafatına layiq görülüb. Bəs edərmi? Məncə bəs etdi. Etmədisə, bunu da əlavə edim:
Kitablarım dünyanın ən böyük Universitet kitabxanası olan Böyük Britaniyanın Birminhem Universiteti kitabxanasının, habelə Almaniyanın Halle, Moskvanın Qorki adına kitabxanalarının əsas fondlarına daxil edilib; “Sonuncu ölən ümidlərdir” romanımı Bakı Kitab Klubu müstəqil Azərbaycan tarixində ən çox satılan kitab elan edib; “Yetmiş yeddinci gün” romanım 2014-cü ildə Türkiyənin Yozqat Bozok Dövlət Universitetində dərs vəsaiti kimi təsdiqlənib.
Davamı da var:
“Metamorfoz” romanım 2019-cu ildə London Ədəbiyyat Mükafatının şort listinə daxil olub. “Qara qu quşunun rəqsi” hekayəm 2018-ci ildə Fransanln Antuan de sent Ekzüperi Evinin Fəxri Diplomu ilə təltif edilib; “Yanvarın 13 günü” romanım 2015-ci ildə Rusiyanın Moskva Ali ədəbiyyat mükafatına layiq görülüb; “Mariya Selesta ekipajının məhvi” hekayəm 2012-ci ildə Türkiyənin Avrasiya Yazıçılar İttifaqının Mahmud Kaşğarı hekayə yarışmasının mükafatçısı olub; 2020-ci ildə Ukrayna Yazıçılar İttifaqı tərəfindən Ədəbi ustalığa görə Atanas Vençev diplomuna layiq görülmüşəm; 2016-cı ildə Rusiya Yazıçılar Birliyinin Rəyasət Heyətinin qərarı ilə Aleksandr Puşkin medalı ilə təltif edilmişəm; 2020-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Əli Bəy Hüseynzadə” mükafatı laureatı olmuşam. Bu şəxsə statusumu da bildirmək istəyirəm. Gəlsin, tanış olaq. Mən Varis. Ali təhsilliyəm, BDU-nun filologiya fakültəsini bitirmişəm, ayrıca, Nyu-Yorkda Dünya Yazıçıları Konqresində 48 akademik saat “Bestseller yazmağın qızıl qaydaları” kursunu müvəffəqiyyətlə bitirib Sertifikat almışam. Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, Avrasiya Millətlər Assambleyası (APE) Ədəbiyyat Şurasının həmsədriyəm. PEN İnternational (Böyük Britaniya) və Beynəlxalq Yazıçılar Gildiyası (İGW- Berlin) təsisatlarının üzvü, Yazıçıların Beynəlxalq Nyu-York Konfransının iştirakçısıyam. Dünyanın 6 ölkəsində - Azərbaycan, Türkiyə, Rusiya, Amerika, Özbəkistan və İranda nəşriyyat hesabına 23 romanım çıxıb. Və sonda:
İkrahla yanaşdığı “Sənə inanıram” romanımla “Bir ovuc torpaq” romanıma Azərbaycan Prezidentinin Milli Teleradio Şurasına ayırdığı maliyyə vəsaiti ilə müvafiq olaraq 24 və 12 bölümlü teleserial çəkilib. İkrahla yanaşdığı “Sənə inanıram” romanı 2022-ci ildə Rəşad Nuri Gültəkinin “Yaşıl gecə” romanından sonra Özbəkistanda ən çox satılan ikinci kitab olub…
Bir şəxs dünyanın dörd tərəfində bu qədər insanın, bu qədər təsisatın qiymətləndirdiyi bir yazıçını qiymətsiz sayırsa, ona ikrah bildirisə, məncə, problem onun özündədir.
Dedilər, əvvəl millət vəkili imiş, indi bu imkandan məhrum olub. Əgər itirdiyinin stresini yaşayırsa, acığını tökməyə yer axtarırsa, bizlərin nə günahı?”
(Müəllif: Billurə Yunus)
“Ədəbiyyat və incəsənət”
(30.10.2024)
Mədəniyyət naziri Ağcabədidə vətəndaşlarla görüşüb
Mədəniyyət naziri Adil Kərimli oktyabrın 30-da Ağcabədi şəhərində vətəndaşlarla görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, görüşdən əvvəl nazir Adil Kərimli və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhərin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən görüşdə Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Laçın rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Vətəndaşlar, əsasən işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Görüşdə şəhid ailələri üzvlərinin və qazilərin qeyd etdikləri məsələlərə diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu həyata keçirilir. Qəbullarda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciət və təklifləri dinlənilir.
“Ədəbiyyat və incəsənət”
(30.10.2024)
Günün fotosu: Maqsud İbrahimbəyovun ulduzu parlayacaq
“Sea Breeze Walk of Fame”də - Şöhrət xiyabanında mərhum Xalq yazıçısı Maqsud İbrahimbəyovun ulduzunun açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə yazıçının xanımı Anma İbrahimbəyova iştirak edərək simvolik ulduzu qutumun rəhbəri, Xalq artisti Emin Ağalatovdan alıb.
Xatırladaq ki, bu məkan Azərbaycanın ilk ulduzlar xiyabanıdır, bura dünya şöhrətli mədəniyyət nümayəndələrinə ithaf olunub.
“Ədəbiyyat və incəsənət”
(30.10.2024)
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, 2-ci qrup Vətən müharibəsi əlili Səfərli Xəyal Mübariz oğluna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan artrodez əməliyyatı icra edilib. Əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(30.10.2024)
Tanınmış ifaçısının yaradıcılıq gecəsi keçirilib
Beynəlxalq Muğam Mərkəzində tanınmış qarmon ifaçısı Nizami Əsgərovun yaradıcılıq gecəsi keçirilib.
AzərTAC xəbər verir ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının aparıcılığı ilə baş tutan gecədə tanınmış incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə Nizami Əsgərovun yaradıcılığından, onun gözəl musiqiçi, təcrübəli pedaqoq kimi xüsusiyyətlərindən söz açılıb. Bildirilib ki, tanınmış qarmon ifaçısı bəstəkarlıq qabiliyyəti olan, rəqs janrının quruluşunu, nəzəri əsaslarını bilən, eləcə də muğam sənətinə bələd olan istedadlı musiqiçilərimizdəndir. Onun qarmonda yaratdığı hər bir melodiya qəlbləri fəth edir, xalq sevgisi qazanır. Təsadüfi deyil ki, gecədə Nizami Əsgərovun müəllifi olduğu mahnı və rəqslər də yer alır.
Daha sonra görkəmli mədəniyyət xadimlərinin qarmon ifaçısının yaradıcılığı haqqında fikirləri videolent şəklində təqdim olunub.
Tədbir müğənnilərin və tanınmış qarmon ifaçılarının konsert proqramı ilə davam edib.
Sonda Nizami Əsgərov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın ansamblında yer alan Nizami Əsgərov dünyanın 20-dən çox ölkəsində qastrol səfərində olub.
“Ədəbiyyat və incəsənət”
(30.10.2024)