
Super User
“Yalan” - Coşqun Xəliloğlunun hekayəsi
Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlu “Ədəbiyyat və incəsənət” portalının oxucularına “Yalan” adlı hekayəsini təqdim edir.
Birinci Qarabağ müharibəsində itkin düşmüş soydaşlarımızın əziz xatirəsinə ithaf edirəm.
Cəsarət Tümenə əsgərlikdən sonra getmişdi. Əvvəl anası razı olmamış, gözlərini silərək – Qal burada, lap get Bakıda işlə - demişdi. Bacına, qardaşına da dayaq olarsan. Bu gün-sabah məktəbi bitirəcəklər. Onlara da yol göstərən, kömək edən lazımdır. Bir də ki qərib diyarda yaşamaq asandı? Sən hələ özün balaca uşaqsan.
-Ana! – Cəsarət gülümsəyərək – sənə söz verirəm, işləyəcəyəm, halal zəhmətimlə qazanacağam, sizə də gün ağlayacağam, -söyləmişdi.
Ana sonda demişdi:
-İşin avand olsun, yolun açıq olsun, bala. Allah özü sənə getdiyin yerdən ruzi-bərəkət qismət eləsin.
Balalarını yetimçiliklə böyüdən Fəridə xala neçə il idi ki, bir qarnı ac, bir qarnı tox yaşayırdı. Özü də dinclik bilmədən... Təki uşaqlarını bir yana çıxara bisin. Gah pambıq yığır, gah yun əyirib xalça-palaz toxuyub satır, tərəvəz əkir, toyuq-cücə bəsləyirdi. Sakit, həlim xasiyyətli, namuslu-ismətli qadın idi. Kənddə hamı onun xətir-hörmətini saxlayırdı.
Düz bir ildən sonra ana məzuniyyətdən qayıdan oğlunu qucaqlayanda özünü dünyanın xoşbəxti hesab etmişdi. Cəsarət həm anasına və həm də qardaş-bacısına qiymətli hədiyyələr, pal-paltar almışdı. Üstəlik anasına bir qədər pul da vermişdi. Ana pulu alanda az qalmışdı özündən getsin. Bunu hiss edən Cəsarət demişdi:
-Ana, mən neft buruqlarında işləyirəm. Neft çıxarmaq üçün quyular qazırıq. Tümendə ən çox neftçilər qazanırlar. Gələn dəfə bundan da çox gətirəcəyəm. Orda qayda belədir, iş stajın, təcrübən artdıqca maaşın da yüksəlir.
- Oğul, Allah səni bizə çox görməsin, Allah ruzini başından töksün - desə də kövrəldiyini gizlədə bilməmişdi anası.
Cəsarət bir müddət kənddə qalmış, qohum-qonşularla, dostlarla görüşmüşdü. Hər gün ya sinif yoldaşı Nurullagilə gedər, ya da Nurulla onlara gələrdi. Cavanlar bir-birinə elə isinişmişdilər ki...
Cəsarət Tümenə getməyə iki gün qalmış axşam darvazanın ağzında Nurullanın səsi eşidildi, atası ilə gəlmişdi. Qonaqlara çay süfrəsi açıldı. Onlar xeyli söhbət etdilər. Nəhayət, Nurullanın atası Sədulla mətləb üstünə gəldi:
-Cəsarət, oğlum, göz dəyməsin, Nurulla ilə qardaş kimisən. Yad eldə, özgə millətlərin arasında tək yaşamaq yəqin ki, elə də asan deyil. Bəlkə, qardaşını da – Nurullanı da özünlə apararsan. Bir-birinizə dayaq olarsınız, kömək olarsınız. Anana da de, icazə versə...
Cəsarətin üzünün ifadəsindən onun sevindiyi hiss olunurdu:
-Anama deyərəm, icazə də verər. Amma niyə Nurulla mənə özü deməyib? Axı biz dostuq.
Sədulla dedi:
-Siz dost deyil, lap qardaşsınız. Amma belə işlərə gərək böyüklər xeyir-dua versin. Cəsarət anasını çağırıb Nurullanın onunla Tümenə işləməyə getmək istədiyini bildirdi.
- Bıy başınıza dönüm, nə gözəl. Allah sizi bir-birinizdən ayırmasın. Ruziniz bol olsun. Sağ-salamat gedin, işləyin, çörəyinizi qazanın.
Sədulla kişi də ayağa qalxıb Cəsarəti qucaqladı.
Cəsarət həmin axşam çox xoşbəxt idi. Sinif yoldaşı, uşaqlıq dostu ilə birlikdə Tümenə getmək, bir yerdə yaşamaq, işləmək onun xəyallarını qanadlandırırdı. Artıq iki gün sonra dostlar bir yerdə Tümenə uçub, oradan da neft şəhəri Nijnevartovsk şəhərinə getdilər. Cəsarət Nurullanı işlədiyi neft idarəsində qazma briqadasına işə düzəltdi, onu yaşadığı yataqxanaya, özü də öz otağına yerləşdirdi.
Günlər həftələri, həftələr ayları əvəz edirdi. Dostlar işə can yandırır, yaxşı qazanır, həm özlərinin maddi ehtiyaclarını ödəyir, həm də müəyyən qədər evlərinə göndərirdilər. Hər şey çox yaxşı idi. Boş vaxtlarında istirahət edir, uşaqlıq xatirələrindən danışır, şirin-şirin xəyallar qururdular.
Xain, nankor qonşularımızın torpaq iddiası, ölkədəki hərc-mərclik, Sovet imperiyasının ikiüzlü siyasəti çox xəyalları, arzuları, ümidləri puç elədi.
Əbədi-əzəli müqəddəs torpaqlarımızın, kəndlərimizin, şəhərlərimizin, kökü-soyu bilinməyən erməni faşistləri tərəfindən, onların ağalarının dəstəyi ilə, işğal olunmasına, Azərbaycan vətəndaşları ilə birlikdə vətəndən kənarda yaşayan qeyrətli soydaşlarımız da heç cürə barışa bilmirdilər.
Dostlar hər gün Azərbaycanla əlaqə saxlayır, mərkəzi mətbuatın, televiziyanın xəbərlərini həyəcanla izləyirdilər. İlk vaxtlar onlar Moskvanın ədalətli qərar verəcəyinə inansalar da Sovet imperiyasının Bakıda törətdiyi Qanlı Yanvar faciəsi bu inamı məhv etdi. Xaos, qarmaqarışıqlıq, günahsız insanların qanının tökülməsi, yurddaşlarımızın hər gün neçə-neçə şəhid verməsi, düşmənin gündən-günə azğınlaşması Cəsarəti hövsələdən çıxarır, onu darıxdırırdı. Azərbaycandan kənarda olduğuna görə için-için göynəyirdi.
Bir gün Cəsarət Nurullaya dedi:
-Daha bəsdir, qardaş. Mən qayıdıram Azərbaycana. Yeni yaradılan ordumuzun güclənməsi üçün kadrlar lazımdır. Avtomatdan, pulemyotdan sərrast atəş açmağı bacarıram. Vətənimizin dar günüdür, onun bizə, ananın balaya ehtiyacı olduğu kimi, ehtiyacı var.
-Nə danışırsan, işimizi-gücümüzü ataq, hər şeyə son qoyaq? Bir də ki dava bizdən nə qədər uzaqda gedir.
-Bizdən deyəndə, nə başa düşək?
-Kəndimizdən deyirəm.
Cəsarət özünü saxlaya bilmədi:
-Ayıb olsun. Səndən bu cavabı gözləməzdim. Məgər işğal olunan hər el-oba, hər kənd, hər qəsəbə, dağ-dərə bizim deyilmi? Şəhid olanlar bizim qardaşımız, bacımız deyilmi? Özün bilərsən, işin avand olsun. Mən sabah uçuram.
Cəsarətin qəfil, xəbərsiz gəlişi Fəridə xalanı çaşdırmışdı. O, əvvəlcə gözlərinə inamadı, özünə gəlib oğlunu qucaqladı:
-Boyuna qurban olum, nə yaxşı gəldin... Bəs niyə xəbər eləməmisən?
Cəsarət susdu, üzünü yana çevirib cavab vermədi.
Yeməkdən sonra Cəsarət özünü toplayıb gəlişinin məqsədini bildirdi.
Ana gözlərinin yaşını silərək söylədi:
-Mənim ağıllı balam, qeyrətinə qurban olum. Bilirəm, atanın oğlusan. O da sənin kimi el qeyrəti çəkən idi. Desəm, getmə, müharibədi, ölüm-itimdi, min yolla məni dilə tutub yola gətirəcəksən. Bir halda getmək istəyirsən, Allah səni qorusun. Tezliklə kafirləri yurdumuzdan qovub qələbə ilə qayıdarsınız. Allah düşmənin qolunu-qanadını qırsın, arzuları ürəklərində qalsın.
Cəsarətin yurdumuzun dar günündə qayıtması, Nurullanın isə Tümendə qalması kənddə yeni bir söz-söhbətin mövzusu oldu. Hamı Cəsarəti tərifləyir, atası Səxavətə rəhmət diləyirdi. Nurulla haqqında isə bir nəfər də olsun xoş söz demirdi.
Cəsarətin könüllü olaraq orduya yazılması, birbaşa döyüş bölgəsinə getməsi xəbərini eşidən Sədulla kişi narahat idi. O, ürəyində oğluna haqq qazandırsa da el qınağından çəkinirdi. Buna görə də Nurulla ilə danışanda yarıkönül dedi:
-Gərək sən də qayıdaydın... Bir halda ki bir yerdə getmişdiniz, bir yerdə də dönəydiniz. Utandığımdan camaat arasına da çıxa bilmirəm.
Sədulla atasına and içdi ki soyuqlayıb, həkim ciyərində ciddi problem olduğunu bildirib, gərək ən azı iki il özünü gözləyəsən, deyib.
Ata oğlun sözünün yalanmı, doğrumu olduğunu dəqiq ayırd edə bilməsə də ona inanmaq istədi.
***
Cəsarət qısa müddətdə əsgər dostlarının hörmətini qazandı. O, boylu-buxunlu, düz qamətli, çevik olmaqla yanaşı, həm də dürüstlüyü, mehribanlığı ilə seçilirdi. Onda hər şey təbii idi. Bir də silahların dilini yaxşı bilirdi, lazım gəldikdə dostlarının suallarına cavab verir, onları başa salırdı.
Cəsarətgilin hərbi hissəsi bir sıra döyüşlərdə düşmənə öz sözünü demiş, onlara qan uddurmuş, bir neçə yaşayış məntəqəmizi azad etmişdilər. Hətta o dövrün qəzetlərində də bu haqda məqalələr dərc edilmişdi. Ana xəbərləri eşidir, oğluyla fəxr edir, gecə-gündüz Allaha dua edirdi ki, müharibə tez qurtarsın, Cəsarət geri qayıtsın.
O balasından vaxtaşırı məlumat alır, bununla təsəlli tapırdı. Amma bir müddətdən sonra Cəsarətdən doğru-dürüst xəbər gəlmədi. Ana bərk darıxır, ağlına min fikir gəlir, yerə-göyə sığmırdı. Gündə uydurma bir xəbər gəlirdi. Gah deyirdilər, döyüş tapşırığını yerinə yetirəndə altı əsgər yoldaşı ilə birlikdə həlak olub, düşmənlər meyitlərini götürüblər, kimsə də xəbər çıxarmışdı ki, ermənilər onları mühasirəyə salıb, tutub aparıblar, sonra da daxili orqanlarını çıxarıb satıblar. Ana qəm-kədər içərisində eşitdiyi xəbərlərə dözür, amma ümidini bircə an da olsa da itirmirdi.
Artıq bir neçə ay idi ki, Cəsarətdən heç bir xəbər yox idi. Bunu Nurulla da bilir, nəsə xəyalən məkrli planlar qururdu.
Bir gün o atası ilə telefonla danışanda söylədi:
-Ata, sənə bir söz deyəcəyəm. Amma bunu heç kimə demə, aramızda sirr olaraq qalsın. Necə olsa da yoldaş olmuşuq, çörək kəsmişik. Srağagün Cəsarət gəlmişdi. Əşyalarını götürüb getdi. Dedi ki, Nurulla, bezmişdim, qaçdım, canımı qurtardım. Amma mənim bura gəldiyimi heç kim bilməsin.
-Başın xarab olub, ağzının dediyini qulaqların eşidir?
-Mənə inanmırsan, özün bilərsən. Amma yenə deyirəm, bu xəbəri heç kim bilməsin.
Sədulla kişi oğlu ilə danışandan sonra fikirli-fikirli düşünməyə başladı. Amma heç iki saat keçməmiş “sirr”i arvadı Gülnisəyə açdı və tapşırdı ki bu xəbəri heç kim bilməməlidir.
Üç gün keçməmiş, əvvəl arvadların pıçapıçları, sonra da kişilərin çayxana söhbətləri fəxr etdikləri könüllü İgid Cəsarətin fərari Qorxaq Cəsarət olduğunu “təsdiq”lədi.
Xəbər Fəridə xalaya çatanda özünü saxlaya bilmədi:
-Əgər Cəsarət Səxavətin oğludursa, mənim döşümdən süd əmibsə heç vaxt fərari ola bilməz. Bu xəbəri çıxaranları isə Allaha tapşırıram.
İllər keçdi. Beynənxalq təşkilatların, BMT-nin, ATƏT-in qətnamələri, Qərbin aparıcı dövlətlərinin yalançı vədləri Qarabağ məsələsinin ədalətli həllində heç bir irəliləyişə kömək etmədi. Atəşkəs elan olunsa da qarşı tərəf vaxtaşırı sabitliyi pozur, məsələnin öz xeyirlərinə sənədləşdirmək üçün məqam axtarırdılar.
Nəhayət, 2020-ci ilin 27 sentyabrında torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başladı. Xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qətiyyətli hücumu nəticəsində möhtəşəm qələbə qazandı, düşmən məğlub oldu. Torpaqlarımız işğaldan azad olundu, Şuşamız, Laçınımız, Kəlbəcərimiz və neçə-neçə başqa şəhərlərimiz, kəndlərimiz əzəli əbədi sahiblərinə qayıtdı.
Xalqımız fərəh içərisində idi. Fəridə xala da sevinirdi, böyük zəfərdən sonra Cəsarət haqqında dəqiq məlumatın olacağına inanırdı. Ananın ən böyük arzusu oğlu haqqında, xəbərin necə olmasından asılı olmayaraq, dəqiq xəbəri bilmək idi. Düzdür bir müddət əvvəl anadan DNT testi götürülmüşdü, lakin heç bir yenilik yox idi.
Bir gün sübh tezdən o darvazanın döyüldüyünü və: -Fəridə xala, ay Fəridə xala! - səsini eşitdi.
Gələnlər, hərbi geimli 2 nəfər və kəndin icra nümayəndəsi Taleh müəllim idi.
-Xala, özünüzü toxtaq tutun. Bir azdan Cəsarəti gətirəcəklər. Torpaqlarımızın müdafiəsi zamanı qəhrəmanlıqla həlak olmuş şəhidimizin nəşinin qalıqları əsasında kimliyi müəyyən edilib. Onu kənd qəbiristanlığında dəfn edəcəyik.
Fəridə xala ikinci oğlu Məharətin körpəsini bərk-bərk qucaqlayaraq söylədi:
-Mən həmişə özümü toxtaq tutmuşam -göz yaşları sel kimi axdı- bu günü də çox gözləmişəm. Fəxr edirəm ki, oğlum qəhrəmandır, şəhid olub, fərari deyil. Vətən üçün canından keçən oğluma qurban olum.
Şəhid Cəsarətin möhtəşəm dəfn mərasimi keçirildi. Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, rayon rəhbərləri, kənd sakinləri iştirak edirdilər. Çıxış edənlər Vətənin çətin günündə öz işini-gücünü, rahatlığını atıb döyüşə yollanan, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Cəsarət kimi oğulların ölmədiklərini, qəlblərə köçərək əbədiyaşar olduqlarını bildirdilər.
Tabut üzərindəki Üçrəngli Azərbaycan Bayrağı Fəridə xalaya təqdim olundu. Ana bayrağı böyük məhəbbətlə öpdü, üzünə, gözlərinə sürtdü. Sanki oğlunun nəfəsini, qoxusunu duyurdu. Fəxrlə, qürurla camaata baxdı, amma heç nə demədi. Onun baxışlarından, susmağından nələr oxunmurdu...
Həmin gün elə bil kənd daha da işıqlı oldu, gümrahlaşdı, sanki camaat daha da mehriban oldu. Cəsarət şəhidliyi ilə doğulduğu kəndin əzəmətini daha da yüksəltdi. Adamlar Fəridə xalaya ehtiramlarını bildirmək üçün can atır, hətta bəziləri Cəsarət haqqında yayılmış yalan məlumata inadıqlarına görə xəcalət hissi keçirirdilər.
Ertəsi gün səhər açılar-açılmaz kəndə qıy düşdü:
-Sədulla kişi qəbiristanlıqda Cəsarətin məzarının yaxınlıqda yıxılaraq ölüb...
Kənd bir-birinə dəydi. Həkimin rəyi isə belə oldu;
- Bərk qorxu-həyəcan hissi keçirib, infarktdan vəfat edib.
Natiq Tümendəki böyük qardaşı Nurullayla danışıb atalarının ölməsi xəbərini ona çatdırdı.
Kənd camaatı Sədulla kişini günortaya yaxın dəfn etdilər. Dəfndən sonra Natiq qohum-qonşu ilə birlikdə adətə uyğun mərhumun üç mərasiminə hazırlaşmağa başladılar.
Axşam saat 5 radələrində Natiqə zəng gəldi. Telefonda Nurullanın arvadının qəhərli səsi eşidildi:
-Qardaşşş, başımıza daş düşdü, evimiz yıxıldı. Nurullanın ürəyi partladı. Evdən çıxanda, elə qapının ağzındaca özündən getdi. Həkim gəldi, müayinə edib dedi ki, keçinib...
Telefondan gələn ağlaşma səsi daha da güclənirdi.
(01-08.11.2024)
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
Teatr və kino sahəsində öz dəsti-xətti olan akytor Məhərrəm Musayev - POTRTRET CİZGİLƏRİ
Ağalar İdrisoğlu, yazıçı-rejissor, Əməkdar incəsənət xadimi –“Ədəbiyyat və incəsənət” üçün
Məhərrəm Musayev: “Əgər tamaşada canlı ifa yoxdursa, aktyor oynadığı rolu obraz səviyyəsinə qaldıra bilmirsə, bütün hərəkətlərində təbii deyilsə, o tamaşa peşəkar ola bilməz. Məhz tamaşaların da çoxu rejissor və aktyor tərəfindən peşəkar səviyyədə olmadığına görə Azərbaycan teatrlarında tamaşaya gələn tamaşaçıların sayı azalır”...
Biz, 1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) imtahan verən vaxtı, bizimlə ortaboylu, cəld hərəkətli, baxışı, hərəkətləri, danışığı başqalarından çox fərqlənən bir oğlan da imtahan verirdi. Baxmayaraq o, hər bir sözu, cümlələri çox ciddi deyirdi, amma biz onun sözlərinin deyilişindən gülümsünürdük. O, özünün belə baməzə hərəkətləri və söhbətləri ilə ətrafına daha çox müdavimi yığa bilirdi. Biz inanırdıq ki, bu istedadlı oğlan hökmən aktyorluğa qəbul olacaq.
Həmin vaxtı bizdən sənət imtahanlarını tanınmış teatr xadimləri - Azərbaycan peşəkar teatr tarixinə öz adlarını əbədi yazmış Xalq artisti Rza Təhmasib, SSRİ Xalq artistləri Adil İsgəndərov, Mehdi Məmmədov, Xalq artisti Tofiq Kazımov və Əməkdar incəsənət xadimi Fikrət Sultanov götürürdü. Həm də o il institutun tarixində ilk dəfə olaraq, darm və kino aktyorluğu kursu bir yerdə olduğuna görə qəbula gələnlər həddindən artıq çox idi. Həmin il ali məktəbə cəmi 30 nəfər qəbul olunmalı idi. Məhz buna görə də imtahanlar çox ciddi keçirdi.
Bu korifey sənətkarlar həmin cavan oğlana aktyor sənəti, səhnə danışığı və ritmikadan 5 qiymətlər yazmışdılar. Səhv etmirəmsə bu 3 fənnən cəmi 4-5 nəfər əla qiymət almışdı, onlardan biri də bu cavan, xoşsimalı, gülərüz oğlan idi. Mən də yaxşı qiymətlər almişdım. Ona görə də digər imtahanların gedişində biz onunla yaxından tanış olduq. Məlum oldu ki, biz onunla Masallı rayonundanıq və qonşu Digah, Şərəfə kəndlərindənik. Belə ki, mən Digahdan, o isə Şərəfədəndir. Hətta uşaq yaşlarımızda bir yerdə futbol oynayıb, onların və bizim kəndlərimizdə olan istillərdə (su anbarları) balıq tutmuşuq, çimmişik. Hətta bizim nəsillərimizin ulu kökləri XVI-XVII əsrlərdə Ərdəbil mahalından gəlib, bu yerlərdə kök salıblar.
Tale elə gətirdi ki, hər ikimiz dram və kino aktyorluğu fakültəsinə qəbul olduq. Mən Mehdi Məmmədovun, o isə Fikrət Sultanovun sinifində. Baxmayaraq biz sənət dərslərini ayrı keçirdik, amma başqa dərslərimiz bir yerdə olurdu. Həmin dərslərdə də bu cavan oğlan dərsin gedişində elə bir baməzə cümlə deyirdi ki, nəinki tələbə yoldaşlarımız, hətta müəllimlərimiz də gülürdülər. Çünki o, Azərbaycan cümlələrinə bəzi fransız sözləri əlavə etməklə elə maraqlı danışırdı ki, kənardan ona qulaq asanlar elə bilirdilər ki, fransızdır, Azərbaycan dilində danışır. Dərslərin gedişində, biz dərslərimizi bilməyəndə, rəqsləri, ritmik hərəkətləri müəllimlər dediyi kimi təkrar eləyə bilməyəndə, ən gərgin vəziyyətdə, müəllimlər bizim üstümüzə hirslənəndə, o, fransız ləhcəsi ilə danışırdı. Müəllimlər gülümsünür və gərginlik aradan götürülürdü. Ona görə də biz o vaxtlar həmin oğlana “Müsyö”,- deyirdik. Hətta o, deyirdi ki, “mən həkim olmaq istəyirdim. Tibb İnstitutuna da ciddi hazırlaşırdım. Amma məktəbimizdəki dram dərnəyində də rollar oynayırdım. Həmin vaxtı bizim kənddən olan Əjdər Bədirov, indi məşhur aktyorlar Rasim Balayev, Mikayıl Mirzə, Əliabbas Qədirovla bir kursda oxumuşdu. Kəndə gələndə teatrla bağlı elə maraqlı şeylər danışırdı ki, o, mənim “saqqızımı” oğurladı və mən də sənədlərimi Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu faküləsinə verdim və qəbul olundum”.
Dörd il təhsil aldığımız müddətdə həmin oğlan hamının sevimlisi, ən yaxın dostu, həmsöhbəti, sirdaşı oldu. O, kurs tamaşalarında oynadığı maraqlı, xarakterik rolları ilə sübut edirdi ki, gələcəkdə yaxşı, perspektivli aktyor ola biləcək. Oldu da. Oynadığı roldan-rola yüksəldi, püxtələşdi. Bir obrazda tapdığı xarakteri başqasına köçürmədi. Hər obrazın özünə uyğun daxili monoloqunu qurdu, yeriş, baxış və danışıq tərzini tapdı. Çalışdı ki, hər bir rolunda səmimi və təbii olsun. Təkcə teatrda yox, həm də kinoda maraqlı rollar oynadı. Bax, bu peşəkarlığına, Allah vergisi olmağına görə, təkcə tamaşaçıların yox, həm də rejissorların sevimlisinə çevrildi.
... Bayaqdan haqqında xoş sözlər danışdığım, artıq adını Azərbaycan teatr və kino tarixinə ustad sənətkar kimi yazdıran və uzun illər Lənkəran Dövlət Dram Teatrının, Dövlət Gənclər Teatrının, Dövlət Milli Gənc Tamaşaçılar Teatrının, İrəvan Dövlət Dram Teatrının aparıcı aktyorlarından biri olan, 1949-cü ilin oktyabr ayının 28-də dünyaya gəlmiş, 75 yaşı tamam olan, Mədəniyyət əlaçısı Döş nişanını almış və bundan sonra da çox maraqlı rollar qalereyası yaratmağa qadir, amma artıq “Yaş senzi” adı ( oyunu) ilə işdən uzaqlaşdırılan Məhərrəm Məmmədhəsən oğlu Musayevdir.
... Biz ali məktəbi qurtaranda təyinatla ayrı-ayrı yerlərə işləməyə göndərildik. Mən Şəki və sonra Sumqayıt Dövlət Dram Teatrına göndərildim. Amma Məhərrəm Musayev Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işlədi. Təsəvvür edin ki, 3 illik təyinatla Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına akytor işləməyə gedən Məhərrəm Musayev düz 25 il bu teatrda işlədi. 80-dən artıq, bir-birindən maraqlı rollar oynadı, bu teatrın səhnəsində. Onun rejissor sənətinə marağı olduğunu görüb, Məhərrəm bəyi teatrın rəhbərliyi bir neçə tamaşaya ikinci rejissor təyin elədi. Özünün rejissura sahəsində orijinal fikirləri olduğunu görüb, hətta bu teatrda aktyor işləyə-işləyə iki illik Moskvada rejissorluq təhsili almağa göndərdilər Məhərrəm Musayevi.
Keçmiş Sovetlər İttifaqının ən tanınmış rejissorlarından biri olan və özünün dəsti-xəttini, məktəbini yaradan Mark Zaxarovun tələbəsi oldu Məhərrəm bəy. Onun rəhbərlik etdiyi “Lenkom” Teatrında iki il təcrübə mübadiləsi keçdi. Moskvada təhsil aldığı müddətdə və ondan sonrakı illərdə, Məhərrəm Musayev Lənkəran Dövlət Dram Teatrının səhnəsində, Süleyman Sani Axundovun “Tamahkar”, Geor Xuqayevin “Andro və Sandro”, Nəcəf bəy Vəzirovun “Pəhlivani zəmanə”, Camal Yusifzadənin “Dağlar arxasız olmur”, “Şah və təlxək”, Cəlil Məmmədquluzadənin “Ölülər” (Baba Rzayevlə birlikdə) və Abdulla Şaiqin “Qoçpolad” pyeslərinə maraqlı quruluşlar verdi. Bu tamaşalar haqqında teatr mütəxəssisləri maraqlı ressenziyalar yazdılar. Məhərrəm bəy bu tamaşaları ilə sübut etdi ki, o, nəinki maraqlı aktyor, həm də öz dəsti-xətti olan çox istedadlı rejissordur.
Yadıma gəlir ki, 1983-cü ildə Lənkəran Dövlət Dram Teatrı dörd tamaşa ilə Bakı şəhərinə qastrol səfərinə gəlmişdi. Həmin tamaşalardan ikisində - “Ölülər”də Mir Bağır ağa və “Səhər qatarı”nda baş rol olan Kərim rolunda Məhərrəm Musayev çıxış edirdi. Onun oynadığı hər iki rol, teatr mütəxəssisləri və tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılandı. Tanınmış teatr tənqidçiləri baş rejissordan xahiş etdilər ki, onun üçün məxsusi pyeslər götürsün. Çünki o, dünya şöhrətli İnnakenti Smaktunovski tipli aktyordur. Amma nə sirdisə teatr Lənkərana qayıdandan sonra Məhərrəm Musayevə bu teatrda 3 il rol vermədilər. Bəli, bəli. Rol vermədilər. Bax, belə yanaşma tərzi yalnız bizim məmləkətdə ola bilər… Çünki daxilən xayınlıq, xəbislik, paxıllıq bizdə daha çoxdur. Ona görə də başqasının uğuruna sevinməkdə laqeyidik. Qısqancıq...
Yolum Lənkərana düşəndə, həmişə bu teatrın tamaşalarına baxırdım. Və hər bir tamaşada Məhərrəm bəyi bir akytor və rejissor kimi kəşf edirdim. Tale belə gətirib ki, mən onun oynadığı tamaşalar - Mirzə Fətəli Axundovun “Xırs quldurbasan”, Bertold Brextin “Soldat Şveykin macəraları”, Sabit Rəhmanın “Əliqulu evlənir”, Nikolay Paqodinin “Nikbin faciə”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Məmmədhüseyn Əliyevin “Prokuror”, Sabit Rəhmanın “Xoşbəxtlər”, Camal Yusifzadənin “Səhər qatarı”, “Şah və təlxək”, Ulyam Şekspirin “Maqbet”, “Qış nağılı”, Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin”, Cəfər Cabbarlının “Oktay Eloğlu”, Süleyman Sani Axundovun “Tamahkar”, İlyas Əfəndiyevin “Qəribə oğlan”, Səməd Vurğunun “Vaqif” və başqalarına baxmışam. Bu tamaşalarda oynadığı - Tanrıverdi, Smulyant, Əliqulu, Xır-xır, Mirbağır ağa, Prokuror, Bərbərzadə, Kərim, Şah, Gənc çoban, Qross, Fəxrəddin, Oktay Eloğlu, Hacı Murad, Muraveyka, Eldar və başqaları, xaraktercə bir-birinə oxşamayan, tam ayrı-ayrı səpkidə, amplualarda olan obrazlardır. Məhərrəm Musayev bu rolları elə ustalıqla yaradırdı ki, təkcə tamaşaçılar yox, teatr mütəxəssisləri də onun haqqında böyük həvəslə danışırdılar.
Məhərrəm Musayevin oynadığı həmin rollar və quruluş verdiyi tamaşalar lentə çəkilsəydi, bu gün bu aktyor və rejissorun böyük bir canlı arxivi gələcək nəsillərimiz üçün ərmağan kimi qalardı. Və belə bir fitri istedadlı aktyora bu vaxta kimi, fəxri ad verməyənləri, tamaşaçılar ciddi tənbeh edərdələr. Və tələb edərdilər ki, “əgər üç-dörd il səhnədə çalışan və elə də maraqlı rollar oynamayan aktyora fəxri ad verilirsə, ömrünün 50 ilini səhnəyə həsr edən, böyük bir rollar qalereyası yaradan, 10-dan çox tamaşaya maraqlı quruluşlar verən Məhərrəm Musayev niyə bu vaxta kimi, özünün layiqli qiymətini, haqqını almayıb? Niyə Məhərrəm Musayev kimi, əyalətdə işləyən sənətkarlar uzun illər Mədəniyyət Nazirliyi tərəfindən unudulub? Niyə onlar fəxri adlardan və Prezident mükafatından, Prezidentin Fərdi Təqaüdündən kənarda qalıblar? Belə haqsızlıq olarmı?..”
Əfsus ki, həmin tamaşalar çəkilməyib. Çünki o vaxtlar Azərbaycan Dövlət Televiziyasına rəhbərlik edənlər burnunun ucundan uzağı görə bilməyən və teatrlara, tamaşalara qarşı laqeyid adamlar idi. Buna görə də bölgə teatrlarına qarşı biganə idilər... Bu yolla, belə düşmənçiliklə onlar görün neçə maraqlı tamaşaların tarixdə qalmasının qarşısını aldılar... Özü də təkcə Lənkəran teatrında yox, bütün bölgə teatrlarında...
Tale elə gətirdi ki, Məhərrəm Musayev 2000-ci ildən Bakıya köçdü. Daha doğrusu, özünün dediyi kimi, “uşaqları paytaxtda təhsil aldıqlarına görə, Ləkərandakı evini ehtiyac ucbatından satıb, Bakıda kirayənişin yaşayaraq, övladlarının yanında olmağı üstün tutdu”. Elə həmin ildən də tələbə yoldaşımız Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında aktyor kimi işə başladı.
Hüseynağanın quruluşunda bir neçə tamaşada maraqlı rollar yaratdı. Artıq Bakıda işləyəndə onu kino rejissorları da gördülər. Təbii və inandırıcı aktyor kimi bəyəndilər. Beləliklə, bir-birinin ardınca o, bir çox kinolarda, teleseriallarda çəkilməyə başladı. Bu gün Məhərrəm Musayevin aktyor bioqrafiyasında 40-dan çox kino obrazı var. Hər biri də bir-birindən maraqlıdır. Baxmayaraq ki, bu rolların çoxu epizodikdir, amma yadda qalandır və tamaşaçının ürəyinə yatımlıdır.
Heç vaxt təsəvvür etmirdim ki, nə vaxtsa mənim quruluş verdiyim tamaşalarda Məhərrəm bəy də oynayacaq. Tale qismət verdi ki, ali məktəbi bitirdiyimiz vaxtdan 28 il keçəndən sonra, mənim özümün qələmə aldığım, 1985-ci ildə SSRİ dramaturqlarının müsabiqəsinin qalibi olan və 2003-cü ildə quruluş verdiyim “İnan mənə” tamaşasında onunla Dövlət Gənclər Teatrında aktyor və rejissor kimi işlədik. O, bu tamaşada, çox xarakterik olan və yalnız bir epizodda görünən, Eksperimental Klinikanın müdiri, professor Əmirov rolunda çıxış etdi. Məşq prosesində mən Məhərrəm Musayevin maraqlı axtarışlarını görür və ona yeni-yeni tapşırıqlar verirdim. O da, bu tapşırıqları böyük həvəs və yüksək ustalıqla yerinə yetirirdi. Məhz buna görə də tamaşaların gedişində Məhərrəm Musayevin oynadığı professor Əmirov tamaşaçıların yaddaşında qaldı və onun yalnız bir epizodda yaratdığı bu obraz, o, səhnədən çıxan vaxtı həmişə sürəkli alqılşarla qarşılanırdı. Sonra bizim onunla ikinci müştərək işimiz istedadlı yazıçı-dramaturq, mərhum Zeydulla Ağayevin, məşhur ingilis yazıçısı Somerset Moemin “Əyilməzlik” povestinin motivləri əsasında yazdığı “Haray” pyesindəki Müsyo Perye obrazı oldu. Pyesdə az sözü olan, lakin bütün tamaşa boyu səhnədə olan, “ipə-sapa” yatmayan qızı Anetə nəsihət verən Müsyo Perye - Məhərrəm Müsayev bu rolu o qədər təbii və inandırıcı oynayırdı, bəzən mən yaddan çıxarırdım ki, bu tamaşanın rejissoruyam və onun oyununa tamaşaçı kimi maraqla baxırdım. Əsasən də o, sözsüz səhnələrdə daha maraqlı görünürdü. Çünki qızının faciəsi bir ata kimi ona çox təsir edrirdi. Hətta qızına alman faşistilarıni təhqir etməməyi yalvara-yalvara ondan xahiş edirdi. Anetin-qızının ölüm səhnəsini isə o, bir ata kimi çox böyük dəhşətlə tamaşaçılara göstərirdi. Bu səhnədə o, heç bir söz demirdi. Amma daxili monoloqla bu faciəni tamaşaçılara yüksək səviyyədə, peşəkarlıqla çatdırırdı. Onun hönkür-hönkür ağlamasına tamaşaçı zalındakı tamaşaçılar da doluxsunur və ağlayırdılar. Bax, budur aktyorun böyüklüyü, peşəkarlığı...
Bu gün Azərbaycan teatr səhnəsində sözsüz səhnələri inandırıcı oynayan aktyorlar təəssüf ki, çox azdır. Çünki sözsüz səhnəni oynamaq üçün aktyordan böyük peşəkarlıq, yüksək daxili monoloq qurmaq bacarığı və səhnədə təbiilik daha çox tələb olunur. Məhərrəm Musayev də bu gün Azərbaycan teatrında bu işin ustası olan 10-15 sənətkarlardan biridir. Bizim Dövlət Gənclər Teatrında onunla üçüncü işimiz daha çətin olub. Belə ki, mənim quruluş verdiyim, klassik rus dramaturqu Aleksandr Suxovo-Kobılinin “Tarelkinin ölümü” qrotesk-oyun, satirik komediyasında Məhərrəm Musayev birdən-birə iki və bir-birindən kəskin surətdə fərqlənən rollar oynadı. General Varravin və kapitan Polutatarinov. Bu rolları vaxtı ilə Rusiyanın ən tanınmış, klassik, nəhəng aktyorları ifa ediblər. Hansılar ki, bu gün Rus teatr tarixində sayılıb-seçilən aktyorlar kimi qalıblar. Bir vaxtlar Moskvada özünün yaratdığı teatrda bu rolları, bizim Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, Rasim Ocaqovun çəkdiyi “İstintaq” və başqa kinofilmlərdən tanıdığımız məşhur aktyor Aleksandr Kalyagin oynayıb.
Məhərrəm Musayev özünün təbii aktyor oyunu ilə hər iki rolu yüksək obraz səviyyəsinə qaldıra bildi. Və rejissor kimi təkcə məni yox, həm də tamaşaya baxan teatr mütəxəssislərini tam qane edirdi. Onlar üçün Məhərrəm Musayev böyük bir tapıntı idi. Amma bəzi qara qüvvlər, cılız hisslərlə yaşayanlar nə “İnan mənə”, nə “Haray”, nə də “Tarelkinin ölümü” tamaşalarının Dövlət Gənclər Teatrı ilə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı birləşəndə bu teatrın repertuarına düşməsinə heç cür imkan vermədilər. Bununla mənə və həmin tamaşalarda oynayan aktyorlara, aktrisalara böyük bir zərbə vurdular...
Ən dəhşətlisi bu oldu ki, Dövlət Gənclər Teatrının heç bir tamaşasını teatrlar birləşəndə Dövlət Milli Gənc Tamaşaçılar teatrının repertuarına daxil etmədilər. Repertuar yalnız Milli Gənc Tamaşaçılar və Kamera Teatrının tamaşaları əsasında quruldu. Ola bilər oxucular buna inanmasın. Amma bu, həqiqətdir. Həmin vaxtı bu teatra rəhbərlik edənlər elə bu çirkin əməllərilə Dövlət Gənclər Teatrını tarixdən əfsus ki, sildilər...
Dövlət Gənclər Teatrında bizim Məhərrəm bəylə son işimiz Əməkdar incəsənət xadimi Hidayətin yazdığı və mənim teatr üçün yenidən işlədiyim “Məhəbbət yaşayır hələ” tamaşasındakı baş rol Əliş Vəlişoviç oldu. Məhərrəm bu rolu da özünəməxsus ustalıqla yaratdı. Səhnəyə hər gəlişi və çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanırdı. Çünki o, bu rolu obraz səviyyəsinə qaldırıb, qəhrəmanının iztirablarını, düşdüyü çətin vəziyyətlərdən necə çıxmağın yollarını təbii formada düşünürdü. O, həqiqətən tamaşaçının gözü qarşısında iztirablar keçirir, düşdüyü axmaq vəziyyətdən çıxmaq yollarını axtarırdı...
2009-cu ilin may ayında Dövlət Gənclər Teatrı, Azərbayan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşəndən sonra, bizim Məhərrəm Musayevlə işlərimiz artıq bu teatrda davam elədi. Bu teatrda təkcə mən yox, teatrın rejissorları, Xalq artistləri Cənnət Səlimova, Vaqif Əsədov da ona bir-birindən maraqlı rollar verdilər.
Bu teatrda bizim Məhərrəm Musayevlə ilk işimiz, bu yaxınlarda haqq dünyasına qovuşan, çox maraqlı yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanlının “Əcəl atı” tamaşasında onun oynadığı çox xarakterik Şəmi obrazı oldu. Həddindən artıq xarakterik bir rol olan Şəmini Məhərrəm Musayev yüksək peşəkarlıqla yaratdı. Onun oynadığı bu rol təkcə teatr mütəxəssislərinin yox, həm də tələbkar tamaşaçıların çox xoşuna gəlirdi. Onun səhnəyə hər gəlişi və çıxışı tamaşaçılar tərəfindən alqışla qarşılanırdı. Birinci Qarabağ Müharibəsinə həsr olunan və həmişə anşlaqla gedən bu tamaşanı da teatrın keçmiş rəhbərliyi bilmirən neyçünsə teatrın repertuarından çıxartdı...
Məhərrəm Musayev bu gün ömrünün çox maraqlı illərini yaşayır. Amma teatrdan uzaq düşməsi onu mənəvi cəhətdən çox sarsıdır. Bu, ona çox pis təsir edir. Axı o, bu gün teatrda çox lazımlı aktyordur. Amma “Yaş senzi” adlı oyunu ortaya atan nadanlar, məmləkətimizin belə istedadlı çoxlu aktyorlarını, aktrisalarını səhnədən uzaqlaşdırıblar... İnanıram ki, bu oyun tezliklə aradan götürüləcək və Məhərrəm Musayev kimi istetadalı aktyorlar, aktrisalar Azərbaycan teatrının gələcək uğurları naminə yenidən teatrlara qaytarılcaq. Məhərrəm bəy də bundan sonra biri-birindən maraqlı rollar oynayıb, tamaşaçıları, teatr mütəxəssislərini və dostlarını sevindirəcək.
Məşhur “Santa Barbara” teleserialında Meyson rolunun ifaçısı, tanınmış Amerika aktyoru Leyn Devis onun oynadığı “Ağabəyovlar” teleserialının yalnız birinci seriyasına baxandan sonra, yerindən ayağa durub, əlini Məhərrəmə uzadaraq, onun oyununu yüksək qiymətləndirib və deyib: “Bu aktyor peşəkar ustadır və Azərbaycan üçün böyük tapıntıdır. O, Azərbayanda Konstantin Sergeyeviç Stanislavskinin yaşama məktəbinin çox yaxşı yetirməsidir”.
İstəyirdim ki, Məhərrəm Musayev haqqında fikirlərimi elə burada da tamamlayım. Amma onunla etdiyim söhbət və verdiyim suallara Məhərrəm bəyin lakonik cavabları məni məcbur elədi ki, fikirlərimi daha əhatəli yazım.
-Məhərrəm bəy, siz niyə məhz Lənkəran Dövlət Dram Teatrına işləməyə getdiniz? Axı imkan vardı ki, siz Bakı teatrlarında da işləyə bilərdiniz.
-Mən özüm cənub bölgəsindən olduğuma görə tələbə yoldaşlarım Sabir Məlikov, Elxan Qurbanov və Nadir Hüseynovla birlikdə ora işləməyə getdik.
- Peşəkar səhnədə ilk rolunuz yadınızdadırmı?
- Əlbəttə. “Soldat Şveykin macəraları” tamaşasında Smulyantı oynamışam. Bu rolum teatr rəhbərliyinin xoşuna gəldiyinə görə, Anatoli Safronovun “Qəribə doktor” tamaşasında əsas rol olan Muraveykanı mənə verdilər. Deyilənə görə, bu rolu da pis oynamadım.
-Artıq ilk tamaşalardan özünüzü maraqlı aktyor kimi sübut etmişdiniz və birdən-birə rejissorluğa meyliniz yaranıb. Bu, nədən yarandı?
-1983-cü ildə biz, Lənkəran teatrı ilə Bakıya qastrola gəldik. Bakıda dörd tamaşa oynadıq. Mən həmin tamaşalardan ikisində oynayırdım. Bu dörd tamaşadan sonra həmin tamaşaların Bakıda geniş müzakirəsi oldu. Məşhur teatrşünaslar Cabir Səfərov, Novruz Təhməzov tamaşalarımız haqqında xoş sözlər dedilər. Mənim aktyor oyunum haqqında daha maraqlı fikirlərini bildirdilər. Bu da teatrda baş rejissor başda olmaqla, aparıcı aktyorlar arasında mənə qarşı böyük qısqanclıq yaratdı. Həmin vaxtdan sonra mənə üç il teatrda rol verilmədi. Ona görə də belə qərara gəldim ki, Moskvaya gedib iki illik rejissorluq təhsili alım və özüm tamaşalar hazırlayım və həmin tamaşalarda da oynayım. Beləliklə, Moskvaya gedib, rejissorluq təhsili aldım və yenidən Lənkərana qayıdıb, 10-dan çox tamaşa hazırladım. Həmin tamaşaların çoxunda elə özüm də rol oynadım. Hətta daha çox o aktyorlara rol verdim ki, onları teatrda aktyor hesab etmirdilər. Onlardan biri Rəhim Talışinski idi. O, heç bir aktyor təhsili almamışdı. Mən ona Süleyman Sani Axundovun “Tamahkar” pyesində baş rol olan Hacı Muradı verdim. Teatrın rəhbərliyi buna etiraz etdi. Amma mən sübut etdim ki, düz fikirləşmişəm. Rəhim Talışıinski bu rolu çox yaxşı oynadı və bundan sonra o biri rejissorlar da ona rollar verməyə başladı. Bu tamaşanın uğurundan sonra teatr rəhbərliyi xahiş etdi ki, mən daha çox tamaşalar hazırlayım.
-İki il Moskvada rejissorluq təhsili alan Məhərrəm Musayevin yaddaşında bu şəhər və müəllimləri necə qalıb?
-Mən baxmayaraq ki, Mark Zaxarovun kursunda təhsil alırdım, amma Oleq Yefremovun da, Valeriy Fokinin də dərslərinə gedirdim və öyrənmək istəyirdim ki, Moskvada teatrlar necə işləyir? Tamaşaçıları teatra necə cəlb edə bilirlər? Bilirsiniz ki, Moskva, dünyada ədəbəiyyatın və incəsənəti beşiyi sayılan ən məşhur şəhərlərdən biridir. Elə orada yalnız tamaşalara baxmaq, məşhur yazıçılarla təmasda olmaq özü böyük inkişaf deməkdir. Mənim müəllimim vardı Rubenşteyn. Deyirdi ki, “ Moskvada qal. Burada daha yaxşı inkişaf edə bilərsən”. İndi başa düşürəm ki, orada əsl sənətkara daha yaxşı qiymət verirlər. Azərbaycanda isə əsl istedadlı insanlar daha çox əziyyət çəkirlər. Bunu görəndə böyük teatr islahatçısı K. S. Stanislavskinin bu sözləri yadıma düşür: “İstedadlıları qoruyun. İstadadsızlar isə özlərinə daha asanlıqla yol tapa bilirlər”. Bax, bu gün bizim məmləkətdə istedadsızlar “at oynadırlar”...
-Bəs niyə sonra rejissorluğu davam etdirmədiniz?
-Çünki aktyorluğa marağım daha çox idi. Və həmin tamaşalardan sonra rejissorlar mənə demək olar ki, bütün tamaşalarda rollar verirdilər. Rejissor kimi tamaşalar hazırlamaq və rollar oynamaq çox çətin olduğuna görə mən ikincini daha üstün tutdum. Ona görə də Lənkəran Dövlət Dram Teatrında işlədiyim 25 il müddətində 80-dən çox rollar oynadım.
-Lənkəranda həm teatr və həm də ictimaiyyət arasında sayılıb-seçilən Məhərrəm Musayev, 2000-ci ildə Bakıya gəldi. Bu nədən yarandı?
-Övladlarımın üçü də Bakıda ali məıktəblərdə təhsil alırdılar. Mən də ailəcanlı olduğuma görə istəmədim ki, övladlarım Bakıda tək qalsınlar. Ona görə də Bakıda kirayə ev tutdum və həyat yoldaşımla biz də Bakıya köçdük. Beləliklə, mənim Bakı həyatım başladı. Artıq 25 ildir ki, bakılıyam... Amma heç cürə bakılı ola bilmirəm. Tea-tez Masallıya, doğulduğum Şərəfə kəndinə gedirəm. Çünki ata ocağı məni özünə çox çəkir. Orada özümü sərbəst hiss edirəm. Atamın, anamın, böyük oğlum Xəyalın da məzarı Şərəfə qəbistanlığındadır... ( Bu sözlərdən sonra o, susdu və uzaqlara baxdı...)
- Mokvada rejissorluq təhsili alan və dünya teatrı haqqında lazım olan qədər oxuyan, biliyi olan Məhərrəm Musayevin bugünkü Azərbaycan teatrına, tamaşalardakı aktyor oyununa baxışı, münasibəti necədir?
-Dünya şöhrətli rejissor Robert Sturua özünün 4-5 tamaşasını Bakıya gətirmişdi və Akademik Musiqili Komediya teatrının binasında gürcü aktyorları bu tamaşaları oynadılar. Yadınıza gəlirsə biz birlikdə gedib həmin tamaşalara baxdıq. O tamaşalar mənim daha çox xoşuma gəldi. Niyə xoşuma gəldi? Bunun sirri nədədir? Ona görə ki, Robert Sturua aktyorları səhnəyə danışmağa yox, iş görməyə çıxartmışdı. Mən də həmişə aktyorlara deyirəm ki, səhnəyə danışmaq üçün çıxmaq lazım deyil. Aktyor səhnəyə iş görmək üçün çıxmalıdır. Mən Moskvada təhsil alanda orada müəllimlərimiz biz, gələcəyin rejissorlarına bunu öyrədirdilər. Elə aktyor sözünün də mənası yunanca “iş görən” deməkdir. Yadıma glir ki, biz Moskvada Yermolov Teatrının baş rejissoru Valeriy Fokinin yanına gedəndə o, bizə məşhur rejissor Corc Srellerin məşqlərinin lentini gösrərirdi, orada bir maqalı yer vardı. Corc Sreller dünən elədiyi məşqləri aktyorlar ona gösrəndə, bir yer vardı aktyorları saxlayıb belə deyirdi: “ Bu mizanları sizə kim deyib? Bu mizanları sizinlə kim qurub?” Aktyorlar deyirdi ki, dünən siz özünüz belə qurdunuz. Sreller də onlara deyirdi: “Dünən mən səhv eləmişəm. Bu gün həmin mizanları və hərəktləri yenidən quracam”.
-Yaxşı yadıma saldın. Realist, yaşama teatr məktəbinin yaradıcılarından biri olan məşhur rejissor, dramaturq Vladimir İvanoviç Nemiroviç Dançenko da səhər məşqə gələndə dünən elədiyi səhvləri görüb, zarafala belə deyirmiş: “Bunu hansı istedadsız rejissor sizinlə qurub?” O, həmin mizanları dəyişirmiş və aktyorlara da yeni-yeni tapşırıqlar verirmiş. Hər gün də onları məcbur eləyirmiş ki, məşqlərə yeni fikirlərlə gəlsinlər. Öz üzərlərində ciddi işləsinlər. Çünki yaradıcı insan özündən razı və müşdəbeh olsa, elə həmin dəqiqə də onun yaradıcılığı dayanır...
- Əlbəttə. Əsl aktyor dramaturqun yazdığı sözlərdən səhnədə vəziyyətləri tamaşaçıya çatdırmaq üçün bir vasitə kimi istifadə etməlidir. O, öz rolunun müəllifi olmalıdır. Çox təəssüf ki, bizim Azərbaycan teatrlarında bu demək olar ki, yoxdur. Tamaşaların çoxunda aktyorlar səhnəyə söz demək üçün çıxırlar. Biri səhnənin bu başında, o biri o başında dayanıb yalnız sözləri deyirlər. Ona görə də tamaşaların çoxu darıxdırıcı olur. Əgər belədirsə onda tamaşaçı gedib həmin pyesi evdə oturub oxuya bilər də. Daha o, teatra niyə gəlir? Tamaşada canlı ifa yoxdursa o tamaşa deyil. Məhz buna görə Azərbaycan teatrlarında tamaşaya gələn tamaşaçıların sayı azalır. Yadınıza gəlirmi sizin hazırladığınız tamaşalar- “İnan mənə”, “Haray”, “Tarelkinin ölümü”, “Məhv olmuş gündəliklər, “Məhəbbət yaşayır hələ”, “Əcəl atı” niyə tamaşaçılar tərəfindən maraqla qarşılanırdı? Ona görə ki, həmin tamaşalarda bütün aktyorlar, aktrisalar səhnəyə söz demək üçün yox, iş görmək üçün çıxmışdılar. Deməli, bütün bunlar da ilk növbədə rejissordan irəli gəlir. Əgər rejissor, dramaturq, böyük teatr islahatçısı, sizin bayaq dediyiniz Vladimir İvanoviç Nemiroviç-Dançenko deyən kimi, “əgər rejissor aktyor üçün güzdü, ideyaverən və onu öz ardınca apara bilən olmasa həmin tamaşa lazım olan səviyyədə alınmayacaq” sözlərinə əməl etməsə böyük uğur qazana bilməz. Rolun aktyor tərəfindən öbraz səviyyəsinə qalxması üçün onun səhnəyə niyə çıxması, səhnədə kiçik məqsədləri, ali məqsədi və gördüyü hansı işlər olmalıdır suallarını o, dəqiq bilməlidir. Əgər o, bu sualların dəqiq cavabını bilsə onda tam, kamil bir obraz yaradacaq. Teatrların da əsas məqsədi repertuara yüksək səviyyəli, tamaşaçını düçündürən, onun daxilidə olan suallara cavab verə bilən pyesləri seçməlidir və tamaşaya hazırlamalıdır. Əgər belə olsa həmin teatra tamaşaçılar daha çox gələcək. Ona görə də bu gün günah tamaşaçılarda yox, teatrların özündədir. Teatr yaxşı tamaşa hazırlasa, həmin tamaşalara tamaşaçı hökmən gələr. Mən bunu əminlikdə deyirəm. Tamaşaçıların teatra gəlməməsinin əsl günahkarı elə teatrların özüdür. Teatr insanlara gələcəyi göstərən, onların tərbiyəsi ilə məşğul olan məktəbdir. Məbəddir. Burada çalışan insanlar da həm daxilən və həm də xaricən təmiz, pak olmalıdırlar. Əgər belə olmasa, çətin ki, bu sahədə uğurlar qazanmaq olar.
-Ömrünün təxminən 50 ilini peşəkar teatra həsr edən Məhərrəm Musayev bu vaxta qədər Xalq artisti olmalı idi. Amma hələ heç Əməkdar artist də deyil. Bu, sizə pis təsir etmirmi?
-Əlbəttə, pis təsir edir. Amma mən bu vaxta qədər fikirləşirdim ki, yəqin mənim də əməyimi görüb qiymətləndirəcəklər. Lakin hər dəfə fəxri adlar veriləndə nə üçünsə mən yaddan çıxıram. Və belə fikirləşirəm ki, indiki zamanda ölünün də dirinin də sözü ötən, sayılıb-seçilən adamı, yiyəsi olmalıdır. Belə olsa, həmin adam üçün bütün yollar, qapılar açılır. Mən isə fikirləşirəm ki, bu vaxta kimi bu qədər iş görmüşəm. Bundan sonra daha nə iş görməliyəm ki, mənim əməyimi qiymətləndirsinlər? Mənə fəxri ad versinlər. Axı mən bu vaxta qədər elə əməkçi olmuşam də. Belə ki, 100-dən artıq tamaşalarda rollar oynamışam. 40-dan çox kinofilmlərdə, teleseriallarda çəkilmişəm. İran İslam Respublikasının çəkdiyi filmlərdə çəkilmişəm. Maraqlı rollar oynamışam. Axı mən zəif aktyor olsaydım, iranlılar məni filmlərə çəkməzdilər. İngiltərədən, Rusiyadan gələn rejissorlar “Mən səni sevirəm Bakı” kinosunda məni böyük həvəslə çəkdilər. Özü də 10 aktyorun arasından məhz məni seçdilər. Onların arasında Xalq artistləri, Əməkdar artistlər də vardı. Məşhur Nobel qardaşları haqqında çəkilən kinofilmdə də çəkilmişəm.
Mən bir şeyə çox təəssüflənirəm ki, bizim sənəti başa düşüb, qiymətləndirən adamlar çox azdır. Buna təəsüf etsəm də kədərlənmirəm. Sadəcə fikirləşirəm ki, nə etmək olar, mən də nadanlığın tüğyan etdiyi dövrdə, zamanda yaşayıram. Özü də elə bir dövrdə ki, yağla şorun qiyməti eynidir... ( O, susdu və daha heç nə demədi...).
P. S. Beləcə biz, Məhərrəm Musayevlə sualları da burada tamamladıq. Amma bizim onunla hələ bir çox yaradıcılıq işlərimiz vardı. Əfus ki, onu teatrdan “Yaş senzi” ilə uzaqlaşdırıdılar... Amma onun oynamaq istədiyi çoxlu rollar vardı. İnanıram ki, tanınmış kino rejissorları onu quruluş verdikləri kinofilmlərdə baş və əsas rollara dəvət edəcəklər. Məhərrəm bəy sevimli aktyor işindən kənrada qalmayacaq. Kinofilmlərdə rollar oynayacaq.
Bəs görəsən Azərbaycan Mədəniyyət Nazirliyi nə fikirləşir? Əgər bu vaxta qədər onun layiq olduğu fəxri adlar və mükafatlar bu günə qədər ona verilməyibsə, indi Mədəniyyət Nazirliyi onun layiq olduğu haqqını verəcəkmi?
Artıq Azərbaycan mədəniyyətinə cənab Adil Kərimli kimi çox bacarıqlı, savadlı, yüksək təşkilatçı və mədəniyyəti, incəsənəti yüksək səviyyədə bilən nazir rəhbərlik edir. İnanıram ki, Məhərrəm Musayev kimi, layiqli sənətkar da tezliklə yada düşəcək. Mən, buna tam inanıram. Çünki haqq-ədalət tezliklə öz yerini tapmalıdır. Axı haqqın-ədalətin qarşısını almaq özü, tarix qarşısında böyük günahdır. Bu, heç vaxt bağışlanmır...
Həzrəti Əlinin belə bir maraqlı kəlamı var: “Ədalət, Yer üzündə Allahın tərəzisidir”. Deməli, hər iş ədalətlə həll olunsa, Ulu Tnarının da həmin məmləkətə nəzər -diqqəti çox olar.
Şəkillərdə:Qapaq şəklində: Məhərrəm Musayev; İç şəkillərdrə: Məhərrəm Musayev səhnədə; Ağalar İdrisoğlu.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
“Səni unutmağa bir ay qalıbdı...” – ƏDƏBİ DEBÜT
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Sizlərə təqdim etdiyim gənc şair Məcnun 2003-cü ildə Şəmkir rayonunda anadan olmuşdur, əslən Kəlbəcərdəndir.
9-cu sinfə qədər kənd məktəbində oxumuşdur, amma məktəb 9 illik olduğundan 10,11-ci sinifləri Gəncə şəhəri 1 saylı Kəlbəcər məktəbində davam etdirmişdir.
2020 -ci ildə Ali məktəbə daxil olaraq, Gəncə Dövlət Universitetinin Azərbaycan-dili və Ədəbiyyat műəllimliyi ixtisası üzrə təhsil almış, 2024-cü ildə Universiteti fərqlənmə ilə bitirmişdir. Hal-hazırda magistratura təhsilini davam etdirir.
İndi isə gənc şairin qələm nümunələri ilə tanış olaq:
ELEGİYA
Vağzalı çalındı bu gün bir evdə,
Atanın sevinci, tək qızı getdi...
Kiminə bu payız qışı gətirdi,
Kiminin qəlbində qar-buzu getdi...
Axı mən bu toya nəyə gəlmişəm,
Nə doğma, nə dostu... yadam bu yerdə.
İndi xatırladım, bilirəm niyə,
Adam itirmişəm... adam bu yerdə.
Gendə dayanmışam hamıdan biraz,
Kimsə məni görüb sözə gəlməsin...
Allah, əllərini örpəyi elə,
Gəlinlik donunda gőzə gəlməsin...
Ona bu paltarda mənim yerimə,
Bir qara libaslı əl toxunubdu...
Sevdiyim qadına gőzűm őnűndə,
Seçdiyim "hava"dan sőz oxunubdu...
Gözləyə bilmərəm sonacan belə,
Yox! Yox! Mən indidən təbrik edəcəm.
O mənim ilk andım, ilk sevgim idi,
Əlvida söyləyib onda gedəcəm...
Evdə gözləyirlər indi məni də,
Deyirlər: -Görəsən, hardadı indi...
Anam mənim űçűn qız tapıb deyən,
Atama söyləyir oğlunu dindir...
Bu gün sənin idi, "bir gün" də mənim,
Sən də zəhmət çəkib təbrik edərsən...
Sonacan mən burda qala bilmədim,
Sən orda sonacan qalıb gedərsən.
PAYIZ QOXULU AYLAR
Bu aylarda ağaclar,
Yenə yarpaq tökəcək.
Yaşıl olan yerlərə,
Xəzan sığal çəkəcək.
Saralacaq arzular,
Saçının rəngi kimi.
Sənə qəfil gələcəm,
Telefon zəngi kimi.
Kimi axşam gözləyib,
Kimi sabah gələcək.
Bu payız da kiməsə,
Yeni günah gələcək.
Fəsillər oyundursa,
Kimlər qumar oynadı?!
Sənə qurban, əzizim,
Gəlişin ha yandadı?!...
SƏNİ UNUTMAĞA BİR AY QALIBDI
Əlvida deməyə bir addım yaxın,
Gələrəm deməyə uzaqdı bu yol…
Xətrinə dəyməyək, inciyib-küsər,
Bizdən ayrılacaq, qonaqdı bu yol…
Nə tale gətirər üzbəüz yenə,
Nə Tanrı axtarıb yad edər bizi…
Dənizi olmayan bir şəhər düşün,
Çıxartmaz sahilə, yad edər bizi…
Saylı günlərin başlanıb köçü,
Alıb bu sevgini aparır indi…
Baharda gülləri verib torpağa,
Payızda birbəbir qoparır indi…
Səndən danışmağa aydın bir sabah,
Məndən nəğmələrə bir pay alıbdı…
Tələs bu görüşə, tələs, əzizim,
Səni unutmağa bir ay qalıbdı
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
“Böyük Zaman və onun ətrafında hər biri öz balaca, çəlimsiz vaxtı ilə atılıb-düşən bizlər...” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Balığı at dəryaya, bunu balıq da bilməlidi, bunu xaliq də bilməlidi, bunu dəryadakı o biri balıqlar da bilməlidi.
2.
Nazim Hikmət: “Arıya bənzər bir yeri yox, amma yenə də bənzəyir arıya.” Dərinliyinin hüdudu olmayan misralar şairi - Nazim Hikmət.
3.
Məqamın sirri vardı - donuqluğundaydı.
4.
“ Üç almayla nağıl sehri açılmaz.
Sehr əgər sehrdisə - sirdi.
Yol da elə. Kömək edir az-maz,
Yaşamağa kömək edir. Edirdi!”
5.
Böyük Zaman və onun ətrafında hər biri öz balaca, çəlimsiz vaxtı ilə atılıb-düşən bizlər...
6.
Demokratiya ölkəni yox, ölkə demokratiyanı doğmalıdır.
7.
Volter: “Mən sənə nifrət edə bilərəm, amma mən həyatımı verərəm ki, sən öz fikirlərini sərbəst şəkildə ifadə edə biləsən.”
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
BİRİ İKİSİNDƏ - Səadət Musayevanın “Son çağırış” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr saatıdır, sizlərə Səadət Musayevanın “Son çağırış” hekayəsi təqdim ediləcək.
NƏSR
Səadət MUSAYEVA
SON ÇAĞIRIŞ
Hekayə Təcili Tibbi Yardım Stansiyasında işləyən bir gənc həkim qadının yaşadığı real hadisə əsasında yazılıb.
Səhər növbəsi yeni başlamışdı. Çox vaxt olduğu kimi, stansiyada yetərli sayda tibb bacısı olmadığı üçün bu gün mən yenə də tək işləyəcəkdim. Operatordan yeni daxil olan çağırış vərəqəsini götürüb gün boyu işləyəcəyim təcili yardım maşını ilə ünvana yollandıq. Ünvan şəhərin köhnə yaşayış məhəllələrindən birində yerləşirdi. Mən çağırış vərəqəsində qeyd olunan birmərtəbəli yaşayış sahəsinin qapısına yaxınlaşıb bir neçə dəfə qapını döydüm. Cavab verən olmadığı üçün qapını itələyib açdım və tünd kərpic rəngli yeni boyanmış kimi parıldayan enli. uzun və çox səliqəli eyvana daxil oldum. Eyvanın qarşısında səliqəli sement örtüklü dördkünc və çox böyük olmayan həyət vardı. Eyvanda və həyətdə hər hansı bir əşyanın olmaması, üstəlik, bəzi dəhşət filmlərinin ilk səhnəsini xatırladan səssizlik məni bir xeyli ürpəndirdi. Mən eyvanın sol tərəfindəki nəfəsliyi xatırladan ilk kiçik qapıya nəzər salıb bir qədər irəlilədim. Ağ rəngli qapıya çatıb dayandım. Mövcud ab-havanın məndə yaratdığı gərginliklə titrəyən əlimin arxasıyla qapını döydüm. İçəridən mənə "gəlin" deyən bir kişi səsi eşitdim. Bir qədər ehtiyatla qapını araladım və bu zaman divarları ağ, döşəməsi eyvanla eyni rəngdə rənglənmiş olan böyük boş otağı görüncə təlaşım bir az daha artdı. Mən "gəlin, gəlin" təkrar edən kişi səsinə tərəf boylanaraq otağa daxil oldum. Otağın baş tərəfində ağ rəngli səliqəli yataq dəsti salınmış çarpayıda uzanan oğlan başını bir qədər mənə doğru dikəltmişdi. Onun qarşısındakı üzəri ağ örtüklə örtülmüş stolun üstündə sanki yenicə itilənmiş kimi parıldayan böyük bir bıçaq vardı. Oğlan stolun yanındakı üzü ona tərəf çevrilmiş yeganə stulu işarət edib "əyləşin" dedi. Mən titrədiyimi bəlli etməməyə çalışaraq əlimdəki ilk yardım çantasını stulun üzərinə qoydum və çağırış vərəqəsində qeyd edilən ismi "Nəsibə Hüseynova, 31 yaş" oxuyub "xəstə haradadır?" – deyə soruşdum. Oğlan gözünün ucu ilə məni süzüb susdu.
– Siz çağırmısız?
Oğlan başını tərpədib dodağının altında mızıldandı.
– Mən çağırmışam.
– Zəhmət olmasa, adınızı, soy adınızı, atanızın adını və doğum tarixini deyin, çağırış vərəqənizdə qeyd etməliyəm.
Oğlan heç də sualıma çavab verməyə həvəsli görünmürdü. Qarşımdakı pasiyentin şikayətlərini soruşdum.
– Burda ürək narahatlığı yazılıb, buyurun, sizi dinləyirəm, şikayətiniz nədir?
– Ürək döyünməm var.
Mən dərhal pasiyentimin nəbzini yoxladım və nəticə oğlanın şikayətini təsdiq edirdi.
– 120, bəli taxikardiyanız var. Daha hansı şıkayətləriniz var, ürək döyüntülərindən başqa sizi nə narahat edir?
Mən sualımı bitirib pasiyentin üzünə baxdım. Zənnimcə bu onu bərk narahat etdi, o, tez gözlərini aşağı dikib baxışlarını məndən gizlətməyə cəhd etdi.
– Ürəyinizdə ağrı, yaxud hər hansı başqa bir narahatlıq hiss edirsinizmi?
– Həkim, özünüz tapın... sakitləşdiriciyə ehtiyacım var, mənə iynə vurun.
Mən cəld ilk yardım çantasını açdım, tanometri çıxarıb pasiyentin təzyiqini ölçmək istədim. Tanometrin manjetini onun qoluna bağlamaq istədikdə o, mənim əlimi tutub geri itələdi.
– Həkim, niyə boş şeylərlə vaxt itirirsiniz, mənə ehtiyacım olan iynəni vurun, gedin.
Mən təmkinli olmalıydım, bu həmin an ağlıma gələn tək şey idi. Gizlətməyə çalışsamda titrədiyimin kənardan açıqca göründüyünü bilirdim.
– Sizə gərəkli olan hansı iynədir? Mən sizə gərəkli olan iynəni vura bilmək üçün öncə sizi müayinə etməliyəm. İcazə verin təzyiqinizi ölçüm. Ürəyinizdə ağrı varmı, ürək döyüntüləriniz tez-tez olur? Ürəkbulanma, baş ağrıları, baş gicəllənmə...
Oğlan əvvəlki təmkinli halını pozaraq saymağa başladı.
– Xanım, mən yavaş-yavaş əsəbiləşməyə başlayıram. İndi ancaq ürəyim döyünür. Bir azdan titrəməyə başlayacağam, ağrılarım başlayacaq... bilirsiniz... ağrılarım, sümüklərim qırılacaq...
– Siz indi sakit olmağa çalışın, narahat olmayın, sizə ehtiyacınız olan iynəni vuraram.
– Doktor, elə isə vaxt itirməyin. O oyuncaqlarınızı yığışdırın. Özünüz hər şeyi yaxşı bilirsiniz, uzatmayın.
– Bəli, doğrudur, anladım, artıq vaxt itirməyə gərək yoxdur. Sizə ürək döyüntülərini tənzimləyən bir dərman verim.
Öğlan əlini yellədərək yataqdan mənə doğru dikəldi.
– Xanım, nə dərman?
– Ürək döyüntülərinizin sayı...
Oğlan səs tonunu yüksəltdi.
– Xanım, siz mənə lazım olan iynəni vurun.
Mən əlimdəki aparatı büküb yerinə qoydum. Əlimi ilk yardım çantasının içərisində gəzdirib əlavə etdim.
– Görürsüzmü, diqqətlə baxın, sizə gərəkli olan o iynə bu çantanın içində yoxdur. Bilirsiniz niyə?
Mən tələsik ilk yardım çantasını bağladım və çağırış vərəqəsni ona doğru uzatdım.
– Bu çağırış vərəqində xəstənin ağır vəziyyətdə olduğu qeyd ediləndə biz o güclü iynələri mütləq özümüzlə götürürük. Cünki sizin nəzərdə tutduğunuz o iynələri biz yalnız xəstənin vəziyyəti tələb etdiyi hallarda işlədirik. Sizin bu çağırış vərəqəsindəki qeydləriniz isə belə bir halı ehtimal etdirmir. Odur ki, mən bura gələndə həmən ampulaların olduğu kiçik penalı maşında qoydum. İndi gedib onu gətirərəm, mən tez qayıdaram. Siz heç narahat olmayın. İnanın, ehiyac olan dərmanları vurduqan sonra halınız dərhal yaxşılaşacaq. Mən, əslində, əvvəldən qarşımdakı pasiyentimin məndən nə tələb edə biləcəyini təxmin etmişdim. Onun məndən istədiyi dərman vasitələri xalatımın altında belimə bağlamış olduğum kəmərdən asılmış penalımda saxladığım kiçik narıncı rəgli qutunun içərisində idi. Yalnız xəstənin vəziyyətinin göstəriş olduğu hallarda vurduğumuz və boş ampulasnın işlədilmə səbəbini əsaslandırıb yazmış olduğumuz çağırış vəsiqəsiylə birlikdə mərkəzə təhvil verilməsi tələb olunan promidol və morfin kimi narkotik analgetiklərdən söhbət gedirdi.
Oğlan gözlərinin altından mənə baxıb başı ilə təsdiqlədi. Deyəsən, mən onu inandıra bilmişdim. İlk yardım çantasına əl atdığımda oğlanın mənim fikirlərimi oxuya biləcəyi qorxusuyla əlim tir-tir əsirdi. Çantanı götürüb qapıya üz tutdum. O, yataqdan bir qədər dikəlib gözlərinin altından məni süzürdü.
– Siz yataqdan qalxmayın, mən bu dəqiqə qayıdıram.
Qapıya çatana qədər hər an kürəyimdə itiliyi ilə parıldayan iri bıçağın saplanacağı ürpəntisini hiss etdim və bu qorxu hissi mən qapıdan çıxıb ürpərdici səssizliyi içində addımladığım eyvan boyunca davam etdi. Küçəyə çıxıb bir anlıq durdum və ilk yardım çantasını bərk qucaqlayıb var gücümlə ağlamağa başladım. Sonra ensiz dalanla maşına doğru qaçdım. Halımı görən sürücü bərk təlaşlandı – xeyir ola, doktor, nə olub, sizə nə olub?
Mən əlimlə ona sakit olmasını işarət edib maşına oturdum.
– Narahat olmayın. Xəstə... bu bir qorxunc abstinensiya...
Mən təcili yardım maşınındakı radiostansiya vasitəsi ilə mərkəzə ətraflı məlumat verdim və stansiyaya dönmək üçün icazə istədim. Bu mənim Təcili Tibbi Yardım Stansiyasındakı son iş günüm və son çağırışım oldu.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
Oğuzun tanınmış yazarı - SARA OĞUZ
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Nəzirova Sara Mollaçı qızı 1944-cü il 29 dekabrda Oğuz rayonunun Padar kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı bitirmişdir.
2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbini müvəffəqiyyətlə başa vurmuşdur.
1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına qəbul olunmuşdu.
S.Nəzirova 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləmişdir. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyində işləyir, Azərbaycan Yazıçılar Birliyində - «Azərbaycan» jurnalının nəsr şöbəsində çalışırdı.
1968-ci ildən əsərləri dövri mətbuatda çap olunurdu. Maraqlı məqalə (xüsusən rəssamlığa aid), hekayə, povest, ssenari və pyeslərin müəllifidir. 1994-cü ildə Amerika Birləşmiş Ştatlarında "İkarus" jurnalında onun povesti Azərbaycanı təmsil etmişdi.
1996-cı ildə YUNESKO-nun "The World Literature to Day" toplusunun payız sayında "Kəpənək ömrü" povesti dərc olunmuşdu. O, 2010-cu ildə ən yaxşı hekayə üçün Beynəlxalq müsabiqənin qalibi olmuşdu.
1983-cü ildə, "Terrakota", 1986-cı ildə "Qədir ağacı", 1992-ci ildə "Tale damğası", 1990-cı ildə "Nağıl nabatı", 1996-cı ildə "Beton evdən yazılar", 2007-ci ildə "Əşrəf Muradoğlu" və ingilis dilində "Selected Works" kitabları çap edilmişdir.
Onun yaradıcılığı haqqında 2003-cü ildə "Elm" nəşriyyatında AMEA-nın Elmi Şurasının qərarı ilə "Oğuz gözəlləməsi" kitabı nəşr olunmuşdu.
"Azərbaycanfilm"də "Batmış şəhərin incəsənəti", "Nar nağılı", "Qəsd", "İçərişəhərin hamamları", "Dost dosta tən gərək", "Üfüqü ötənlər" filmləri onun ssenariləri əsasında çəkilmişdir.
Sara Nəzirovanın "Nağılını göstər", "Mərd körpüsü", "Qayıt", "Sözün sehri" pyesləri Azərbaycan Dövlət Teatrlarında tamaşaya qoyulmuşdur.
Əsərləri rus, ukrayna, ingilis, ispan, çin və s. dillərdə nəşr olunub.
09 may 2012-ci il tarixdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Sara Oğuz 22 iyun 2014-cü ildə haqq dünyasına qovuşmuşdur.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 24. Dahilər və kitab
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
24.
DAHİLƏR VƏ KİTAB
Bəli, mütaliə hər baxımdan bizə fayda verir. Əsl təhsil yalnız mütaliə ilə əldə edilir. İnsan bütün ömrü boyu mütaliə etməlidir. İnsanın mənəvi dünyasının zənginləşməsində və yetkin şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu əvəzsizdir. Mütaliə insan üçün uğurlu həyat yolunun başlanğıcıdır. Filosof Spenserə görə, bəşəriyyət həmişə ancaq şəxsi mütaliə yolu ilə müvəffəqiyyətlə inkişaf etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, mütaliə bütün biliklərin əsasıdır. Mütaliə etmədən düşüncə formalaşa bilməz. Əgər bizim uşaqlar bu gün kitab oxumasalar onlar həyatda heç vaxt uğur qazana bilməyəcəklər. Yalnız mütaliə nəticəsində şagirdlər öz fikirlərini sərbəst ifadə edə bilirlər.
Mütaliə şagirdlərdə mədəniyyətin yüksəldilməsinə aparan bir yoldur. Mütaliə biliyi genişləndirməklə bərabər, həm də insana məmnunluq hissləri bəxş edir. İnsan həyatında mütaliənin rolu əvəzolunmazdır. Böyük mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərində mütaliənin əhəmiyyəti haqqında müdrik fikirləri ondan sonra gələn Azərbaycan mütəfəkkirlərinə böyük təsir göstərmişdir. İnsanın ucalığını onun elmi səviyyəsində axtaran Nizami hər hansı bir insanın başqasına üstün gəlməsini qalibin elmi səviyyəsi ilə izah edir:
Elmlə, hünərlə! Başqa cür heç kəs,
Heç kəsə üstünlük eləyə bilməz! - deyən şair kamilliyin mənbəyini elm və bilik axtarışında görür. Kitabı, mütaliəni yüksək qiymətləndirən şairin özü böyük mütaliəçi olmuşdur. Dünya ədəbiyyatının incisi sayılan Nizami Gəncəvi “Xəmsə”si onun müəllifinin mütaliəsinin, elmi axtarışlarının nəticəsidir. Şair beş poemasında kifayət qədər əsər adı çəkir ki, bunlar hamısı onun mütaliə obyekti olmuşdur.
Dünyada nə qədər kitab var belə,
Çalışıb əlləşib, gətirdim ələ,
Oxudum, oxudum sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım
- deyən şair özünün mütaliəsinin məzmunu haqda aydın təsəvvür yaradır.
Məşhur filosof Sokrata görə mütaliə cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Ona görə də biz mütaliəni sevməli və təkcə sevməli yox, ona vərdiş etməyi bacarmalıyıq. Ona görə də, “Gəlin oxuyaq, dünyamızı, tariximizi, özümüzü kəşf edək”.
Bir sözlə, mütaliə insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir. Mütaliəyə ayırdığımız vaxt heç vaxt hədər olmayacaq, əksinə, bizə yeniliklər qazandıracaq. Dahi şəxsiyyətlərin mütaliə və kitabxana haqqında söylədikləri fikirlərə niyə də diqqət etməyək?
Görkəmli filosofların, dünya liderlərinin, dahi yazarların kitabların insan həyatındakı rolu barədə söylədikləri əlbəttə ki, diqqətdən kənarda qalmamalıdır. Biz kitabımızın əvvəllərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan prezidenti İlham Əliyevin kitablara münasibətlərinə toxunduq. İndisə digər fikirlərə göz yetirək:
*Antik dövrün ən məşhur filosoflarından biri, romalı Mark Tulliy Siseron:
“Kitabsız ev ürəksiz bədəndir”.
*Antik dövrün ən məşhur filosoflarından biri, romalı Lutsiy Anney Seneka:
“Kitabsız yaşamaq kor, kar, lal yaşamaqdır”.
*Fəlsəfə tarixində uca mərtəbələr fəth etmiş alman filosofu Artur Şopenhauer:
“Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır.”
*Türk dünyasının böyük lideri, görkəmli siyasi və hərbi xadim Mustafa Kamal Atatürk:
“Bir neçə qəpiyim olanda mütləq yarısını kitaba xərcləyirdim. Başqa cür etsəydim, Atatürk olmazdım”.
*İngilis siyasi və dövlət xadimi, natiq və yazıçı Vinston Çörçill:
“Kitablar, bütün müxtəlifliyi ilə insan zəkasına sivilizasiyanın zəfərlə irəliləməsi üçün vasitələr təklif edir”.
*Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti, 2009-cu ildə isə Nobel Sülh mükafatçısı, akademik, hüquqşünas, memuarçı Barak Obama:
“Oxumaq vacibdir. Oxumağı bilirsənsə, bütün dünya sənin üzünə açılır”.
*ABŞ-nin dövlət xadimi, ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun baş komandanı, ABŞ-nin ilk prezidenti Corc Vaşinqton:
“Düşünürəm ki, kitablar haqqında bilik, digər biliklərin qurulması üçün əsasdır”.
*Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan:
“Gələcəyimiz, şəhərimiz, ölkəmiz və dünyanın gələcəyi üçün; Hər kəsi öz savadı, sevgisi və gözəlliyi üçün mütəmadi olaraq kitab oxumağı vərdiş halına gətirməyə dəvət edirəm”.
*Dahi alman yazıçısı İohann Vilhelm Höte:
“Mütaliə etməyi öyrənmək üçün nə qədər əmək və nə qədər vaxt sərf olunduğuna şübhə etməyin, mən özüm buna 80 il vaxt sərf etdim və bunu deyə bilərəm ki,məqsədimə tamamilə nail olmuşam”.
*Azərbaycanın tanınmış ədibi, dramaturgiyamızın görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirov:
“Kitablar bizi ötən əsrlərin mənəvi həyatının varisləri edir”.
*Görkəmli rus yazıçısı, maarifçisi Vissarion Belinski:
“Öz kitabxananın kitablarını ona görə çoxaltma ki, sənin çoxlu kitabın var desinlər. Ona çalış ki, öz əqlini görkəmli şəxslərin kitabları ilə zənginləşdirəsən. Öz əqlini də kitablar kimi qiymətli edəsən. Bədii əsərlər canlı mənbədir və insanlıq hissi cəmiyyətə buradan axır”.
*Görkəmli Azərbaycan satiriki Mirzə Ələkbər Sabir:
“Kitab sənin ilk dostundur”.
*Tanınmış rus alimi, tənqidçisi Nikolay Dobrolyubov:
“1849-cu ildə 411 kitab mütaliə etmişəm. Mütaliə etdiyim kitabların müntəzəm qeydiyyatını aparmışam. Mütaliə etmək mənə uşaqlıqdan çox xoş gəlirdi. Odur ki, çox keçmədən mütaliə mənim əsas məqsədim və yeganə sevincim oldu.”
*Azərbaycanın Xalq şairi Səməd Vurğun:
“Kitabsız bir ömrün nə mənası var”.
Növbəti:
25. Oxucu kavlifikasiyası
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
“Şimdiki zamanın penceresinden” - Nurşah Talay
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Şimdiki zamanın penceresinden”
Nurşah Talay
Sancılı bir kışın
Bahara olan döngüsüyle
Meylettim çağlayan sulara
Taze yeşile ve kokulara
Biraz uçmak istedim bağrının dağlarına
Tatlı sulardan içtim
Tat aldıkça serden geçtim
Öylesine beni çekmişti ki
Vazgeçtim muhabbetimi gölgeleyen karalardan
Soruyorum şimdi
Tat aldıkça mı erişilmez
Yoksa erişildikçe mi tat alınır
Sende hiç tatmadığım tatları buldum
Bir yangındı içine atladığım
Tadanlar yangından kaçmak ister
Tatmayanlar atlamak
Acemi ve usta
Birde arafta olanlar var
Çepeçevre kuşatan o aleve
Bilerek atlamadım belki
Ama sevdim, çıkmayı istemedim
Bazen gönlümden çıkan alevin
Bir ormanı yaktığını görürüm
Gözyaşımla sularım sonra
Her şeyin yeniden hayat bulduğunun şahidi olurum
Ne ilerdeyim ne geride
Tam ortada andayım
Ne geçmişteyim ne gelecekte
Anı yaşarım
Hayatım orda benim
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
Sidney Opera teatrı - əsl möcüzə!
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Sidney opera teatrı Avstraliyada yerıəşən dünyanın 8-ci möcüzəsidir. Sidney şəhərinin Bennelonq Poynt limanında, Yeni Cənubi Uels ştatında yerləşən opera teatrını haqlı olaraq Sidneyin simvolu və Avstraliyanın ən məşhur görməli yerlərindən biri hesab edirlər.
Uşaqkən Sidneyin ilk rəsmlərini açıqcalarda görmüşdüm və hamısında da bilmərrə olaraq bu opera teatrı həkk olunmuşdu.
Mövzu barədə anlayışı olmayanlar rəsmə baxıb deyər ki, bu nədir, o qədər də böyük olmayan, lotosu xatırladan bir bina.
Amma siz qapaq şəklinə yox, mətnin sonundakı şəklə baxın. Bu möcüzəli binanın alt qatlarını gördünüzmü?
Danimarkalı memar Yorn Utson (1918-2008) tərəfindən layihələndirilmişdir bina. Sidney merliyi opera binası üçün layihə müsabiqəsi elan etdi. 1955-ci il 15 sentyabrda layihələrin qəbuluna başlandı. Qalib layihə üçün mükafat məbləği 5 000 funt-sterlinq təyin edilmişdi. Layihənin şərtlərində hər biri müxtəlif məqsədlər üçün istifadə edilə bilən 2 zal, tutumu 3000 nəfər olan böyük zal və 1200 nəfər tutuma malik kiçik zal nəzərdə tutulmuşdu.
1957-ci il yanvarın 29-da 32 ölkədən daxil olmuş 233 layihə arasından danimarkalı memar Yorn Utsonun layihəsi qalib seçildi.
Utson 1957-ci ildə Sidneyə gələrək tikintinin aparılacağı yerlə tanış oldu. 1963-cü ildə tikintinin 1-ci mərhələsi başa çatdıqdan sonra o öz ofisini Sidneyə köçürdü.
1966-cı ilin sonlarında Yorn Utson layihəyə rəhbərlikdən uzaqlaşdırıldı və tikintinin davam etdirilməsi Piter Holla həvalə edildi. Onun rəhbərliyi altında Utsonun daxili dizaynla bağlı layihələrində bəzi dəyişikliklər edildi.
Tikinti işləri üçün 3,5 milyon funt-sterlinq (7 milyon ABŞ dolları) vəsait tələb olunurdu. Tikintinin başa çatma tarixi 1963-cü il yanvarın 26-na təyin olunmuşdu. Lakin, opera binası 1973-cü il oktyabrın 20-də istifadəyə açıldı və tikinti üçün çəkilən xərclərin ümumi məbləğinin 102 milyon ABŞ dolları təşkil etdiyi açıqlandı.
Yəni, tikinti planlaşdırılandan 10 il gec və 14 dəfə baha başa gəlmişdi.
Milyonlarla insan Sidneyə gedib bu möcüzəni gözüylə görmək, orda opera izləmək arzusundadır.
Gəlin biz də arzu edək!
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
TƏLƏBƏ HEKAYƏLƏRİ - “Adsız qəhrəmanlar”
Dəyərli oxucular.
Bu gündən etibarən “Ədəbiyyat və incəsənət” portalında Ağdam Dövlət Sosial-İqtisad Kollecinin ən istedadlı tələbələrinin müsabiqə hekayələrini dərc edəcəyik. Əlbəttə, nəzərə almaq lazımdır ki, onlar yalnız yeniyetmələrdir və onlar yalnız həvəskarlardır.
Cəfərli Ayşən Anar qızı şəhid qızıdır. Yazdığı hekayə “Adsız qəhrəmanlar” adlanır.
ADSIZ QƏHRƏMANLAR
Bir dəfə bacım demişdi ki, mən atamla danışa bilirəm. Təəccüblənmişdim. Necə danışa bilərdi ki?
Sonra bir gün ulduzları seyr edərkən, ən parlaq ulduzu göstərmişdi mənə.
-Ata ordadı, -demişdi.
O gün bu gün, ulduzlar şəhidlərin evi idi mənim üçün. Ən parlaq ulduz hər zaman şəhidlər idi.
Vətən uğrunda canından keçən bütün şəhidlərin ruhuna ithaf edirəm bu hekayəmi.
1.
Dünyanın iki fərqli üzü var. Bir tərəf bütün qaranlığa bürünmüş, ay və ulduzlarla bəzənmiş gecəyə, bir digər tərəf isə öz günəşi ilə ətrafı aydınladan gündüzə bölünür.
Həyat qəddardır.
Bəziləri gülərkən, bəziləri gözyaşı tökər. Amma kimsə o gözyaşı tökənləri
görməz. Görmək istəməz.
Bir tərəf daima qaranlığa məhkum olar.
Bir zəfər qazanılar, bir savaş bitər. Zəfər bərabərində itkilər gətirər. Savaş bitər,
insanlar qazandıqları zəfərlə bayram edərlər. Evlərdə şənlik olar. Xoşbəxt insanların atdığı o şən qəhqəhələr, qulağa xoş bir musiqi kimi gələr.
Savaş bitər, itkilər olmazsa,
zəfər qazanılmaz.
Bir ev səssizliyə boğular. Eşidilən tək səs acı dolu fəryadlardır.
Həyat qəddardır. Bir uşaq, balaca bir uşaq atasıyla gülərək oynarkən, bir başqa uşaq
atasını son dəfə qucaqlayır. Son dəfə, buz kimi olan bədənini sarıb-sarmalayır.
Həyat qəddardır, çünki bir uşaq daha ölümün nə olduğundan xəbərsizkən, bir başqa uşaq, ölü bir bədənə sanki canlıymış kimi sarılar. Bir uşaq, ata sevgisini, güvənini,
qoruyuculuğunu hiss edərkən, bir başqa uşaq, ata həsrətiylə yaşar. Atası olmayan bir
uşaq, ata nədir bilməzkən, atası olan hər uşağa həsrətlə baxarkən, kimsə bunu
görməz. Görənlər anlamaz. Anlayıram deyənlər isə hiss etməz.
Müharibə bitdi.
Zəfər çalındı.
İtkilər verildi.
Geriyə sadəcə verilən itkilərin geridə buraxdığı insanlar və xatirələr qaldı.
Geridə qalanların acıları və arzuları üst-üstə qalandı…
2.
Qorxu bütün bədənini əsir alarkən, düşündüyü tək şey ailəsi və vətəniydi. Buradaki bütün əsgərin düşündüyü tək şey bunlar idi. “Qorxursan?” deyə soruşdu, çatılan qaşları ilə sol tərəfində duran əsgərə tərəf dönərkən. “Yox komandir” dedi üzündəki kiçik təbəssümlə. “Onda de görüm nədir bu halın?” deyərək sualını yenilədi
komandir. “Narahatam komandir. Vətən üçün, ailə üçün, yar üçün” deyərək, cavabladı sol tərəfində dayanan, qarayanız, uzun boylu, olduqca heybətli görünən əsgər.
Komandirin gözləri, əsgərinin sözlərindən sonra olduqları yerdə bir daha gəzindi.
Olduqları yeri... yer üzərindəki cəhənnəm adlandırsa yeridir. Başlarının üzərində
uçuşan mərmilər, tam qarşıda, varlıqlarını bir an belə unutdurmayan düşmən
əsgərləri. Başını başını geriyə ataraq, yuxarı baxdı. Mas-mavi səma, boz dumanlarla
örtülmüşdü. “Evlisən?” deyə soruşdu formasının üstündə, Aslanzadə yazılan əsgərinə.
“Yox komandir. Nişanlıyam. Allahın izniylə, qayıdanda toy edəcəyik” gülümsədi. Elə
bu anda, onlardan üç-dörd addım uzaqlığa düşən əl bombasını gördü. Bir an belə
düşünmədi. Silahını yerə atdı. Zaman, yox deyiləcək qədər az idi. Ətrafına baxdı. Ən
azı doqquz nəfər idilər. Bir səs duyuldu. “Əl bombası!!!” dedi başqa bir əsgər. “Yerə yatın” deyərək əlavə etdi digəri.
Vətən ailədən əvvəl gəlirdi. Fərhad Aslanzadə, vaxt itirmədən bombanın üzərinə atıldı. Onun fikirincə, doqquz nəfərin yerinə bir nəfər fəda edilməliydi.
“Əsgər dayan!”
Son eşitdiyi səs, komandirinə aid idi. Bombanın üzərinə atılarkən, onun təsirini az da olsa azaldacağından xəbərdar idi. Bomba saniyələr içində partladığında, verdiyi dağıntı qorxusuz əsgər Fərhad Aslanzadənin sayəsində xeyli az oldu.
Ətrafdakı dumanlar azaldığında və düşmən aldığı bir canla bərabər sevinc
səssizliyinə bürünən zaman vəziyyəti ağır olan əsgərinin yanına qaçdı
komandir. Bədəninin tamamı qanla qaplanan Fərhadın gözləri çətinliklə aralanmışdı.
Komandir əsgərin başındaki dəbilqəsini çıxardı. Daha sonra yanında duran, köməyə
gələn digər əsgəriylə bərabər onu təhlükəsiz bir yerə gətirdilər. “Aslanzadə!” dedi,
daha bu gün tanış olduğu amma səmimiyyətinə könüldən inandığı əsgərinin üzünü ovucları arasına alarkən.
“Komandir” deyə astadan söylədi Fərhad. Canı yanırdı və bu acı o
qədər çox - qatlanılamayacaq qədər çox idi. “Mənə bax Aslanzadə!” bir anda
mərmilər başlarının üzərindən yenidən uçuşmaya başladı. Komandir yaralı Fərhadın yanında qalarkən, digər bütün əsgərlər öz mövqeylərinə geri döndülər. “Komandir! Dəstək gəlir! Xəstəxanaya çatdıra bilərik!” dedi bir əsgər çarəsizliklə.
“Gözlərini açıq tut” - deyən komandirin gözləri əsgərinin üzərindəydi. Bu topraqlara gələnə qədər neçə-neçə oğulları fəda etmişdi qollarında. Neçə mərd oğullarla qarşılaşmışdı. Fərhad onlardan sadəcə biriydi.
Bütün bu gördükləri onu təəccübləndirirdi. Yeni nəslin gənclərinin vətənə bu qədər bağlı olması, onu həm təəccübləndirir, həm də qürurlandırırdı. Bu uşaqlar vətən həsrətiylə yaşayan xalqın qurtuluşu idi. “Nişanlıyam mən” - gözləri çətinliklə açılan əsgərin səsi xırıltılı idi. Komandir onun səsini eşidə bilmirdi. Ona doğru əyildi. “Yolumu gözləyirdi” - öskürdü.
Nəfəs aldı, canı yandı.
“Gözlərini qapatma əsgər! Eşidirsən?!” oysa əsgərin qulaqlarındaki uğultu, komandiri
eşitməyinə mane olurdu. “Ona.... həyatına davam etməsini istədiyimi deyin” - dayandı.
Kiçik bir təbəssüm yarandı üzündə. “Məni unutmasın. Amma yoluna da davam etsin”
dedi. “Səninlə birlikdə. Səninlə birlikdə davam edəcək həyatına, aslanım! Özünü
yorma!” çarəsizlik ən böyük problemləri idi. “Xoşbəxt olsun” gözləri qapanmaya
başladığında, “O xoşbəxt olsa, məndə sevinərəm” deyə dəvam etdirdi. Sona
çatdığının fərqindəydi. Nəfəs aldı, acı artdı. “Əşhədu ən la ilahə illəllah. Əşhədu ənnə
Muhəmmədən Rəsululah. Əşhədu ənnə Əmirəl mu`mininə Əliyyən Vəliyyullah” - son
nəfəsini komandirinin qolları arasında vermişdi. Gözləri bu dünyaya əbədi olaraq
qapandı. Bu vətən uğrunda canını fəda etdi. Amma son nəfəsində əmin idi ki, onun qanını yerdə qoymayan silah
yoldaşları düşməni məhv edəcək, onun timsalında bütün şəhidlərin qisasını alacaqdılar.
3.
“Ayağımı hiss etmirəm, Kənan!” - ondan uzaqda olan dostunun səsini eşitdi. Ona tərəf baxa bilmirdi, çünki düşmən bir an olsun belə dayanmırdı.
“Dedim ki biraz dayan! Nə qədər danışırsan sən?” dedi Kənan. “Sən mi?” təəccübləndi. Harda olduqlarını unudaraq, hər zaman olduğu kimi yenə didişməyə başladılar.
“Siz deməlisən mənə! Səndən rütbəcə böyüyəm!” deyə çəmkirdi. Kənansa onun bu
halına güldü. “Məndə yaşça səndən böyüyəm. Nə var bunda?” dedi. İki maşının
arasında qalan ayağının acısıyla inləyən Samir, onun bu sözlərini cavabsız qoydu.
Kənan uzun bir müddət sonra yenidən dostuna döndü. Düşmənə pusqu qurmuşdular, amma eyni zamanda özləri də pusquya düşmüşdü. “Çox ağrıyır? Dayana bilmirsən?” - elə həmin anda qulağının dibindən keçən mərmiylə aşağı əyildi. “Az danış! O qədər də ağrımır. Dayana bilərəm” dedi Samir. “Dəstək gəldi, gələcək. Az daha dayan!” deyə mızıldanan Kənan, dostunun vəziyyətinin ciddiyyətinin fərqindəydi.
Amma indi onun yanına gedə bilməzdi. Ən azından qarşı tərəftəki son iki düşmən əsgərini zərərsiz hala gətirənə qədər.
Kənan ilk səfərdə alındıra bilməsə də ikinci atışında düşmən əsgərini tam alnının ortasından vurmuşdu. “Kənan!” eşitdiyi acı dolu bir hayqırışla baxışları yenidən dostuna çevrildi. “Biri qaldı. Az daha dayan!” dedi. Amma bilirdi.
Az daha dayana bilməyəcəkdi. Kənan dərin bir nəfəsi içinə çəkdi. Gözləri qarşıda,
düşmən əsgərinin yerini görməyə çalışdı. “Ordasan” deyə fısıldadı. “Bu, bu yolda fəda
etdiyim bütün silahdaşlarım üçün” - bir mərmi, sürətlə düşmənin qolunu hədəf aldı.
“Bu isə Samiri bu qədər gözlətdiyiniz üçün”deyərək ikinci gülləni onun tam ürəyinə
hədəf aldı. Ətraf sakinləşdiyində və düşmən zərərsiz hala gətirildiyi kimi Kənan
qaçaraq Samirin yanına gəldi. “Çox ağrıyır. Dayana bilmirəm” deyə mızıldandı Samir
halsızca. Çox qan itirmişdi.
Kənan dostunun dəbilqəsini çıxarmasına kömək etdi. “Nə oldu? Bəs ağrı hiss etmirdin? Al, bax! Görürsən, dedimdə sənə yaxşısan deyə!” dedi Kənan.
Sözlərinin aksinə gözləri o qədər də ümidli baxmırdı. Ayağa qalxdı. Dostunun
sol ayağının arasında qaldığı dəmir parçasını itələməyə çalışdı, amma həmin an Samir acıyla inlədi. “Kənan, ayağımı kəsməzlər helə?” baxışları iki dəmir arasında qalan ayağına çevrildi. “Yox. Neyniyirlər həm sənin ayağını? Danışırsan elə boş-boş” düşüncəsi belə Kənanın içinə bu qədər qorxu salırsa, Samirin nə hiss etdiyini düşünmək belə istəmirdi. “Qorxmuram, narahat olma” - əslində isə qorxurdu. Bir ayağı olmazsa hərbi xidmətinə davam edə bilməzdi. İçindəki qorxunun səbəbi bu idi.
Birdə...
“Kənan?” qısa çəkən səssizliyə yenə Samir son qoydu. Kənanın gözləri gələcək dəstəyi
gözləyirdi. “Eşidirəm” dedi Kənan ona baxaraq. “Ayağımı kəsməzlər. Amma əgər
kəsilsə, xidmətə davam edə bilmərəm” dedi. “Dedimki boş-boş danışma!
Kəsməyəcəklər” hirsləndi Kənan. “Yaxşı, əsəbləşmə” çətinliklə gülümsədi Samir.
“Kənan” dedi yenə. “Bilmirəm” daha o danışmadan nə deyəcəyini anlamışdı Kənan.
“Daha soruşmadım” dedi Samir. “Nə soruşacağını bilirəm” dedi. “Bəlkə vətənə xidmət edə bilməyəcəm. Bu acıyla birtəhər yaşayaram. Bəs Leyla? O məni bu şəkildə qəbul edər?” deyə soruşdu.
Kənan yumruğunu sıxdı. “Niyə etmir? Niyə etməsin axı! Sən burda onun və onlar üçün canından keçirsən!” dedi. “Mən vətən borcumu ödəyirəm” dedi Samir.
Kənan səssiz qaldı. “Bir dəfə, xəbərlərdə görmüşdüm. Düşmən təxribatı
nəticəsində əsgərimiz bir qolunu itirmişdi. Nişanlısı nişanı atmışdı. Leyla da atar”
gözləri doldu. “Samir” nə deyəcəyini bilmirdi. Bu halda nə deyilərdi ki?
Bir gündə ən sevdiyi iki şey də əlindən alınmışdı. “Ona həmin videonu atmışdım. Sən olsan nə edərsən demişdim. Çətindi. Qızı da başa düşmək lazımdı. Mən olsam, məndə gedərdim, yəqin demişdi” güldü. “Onda hələ hərbidə işləmirdim” deyə əlavə etdi. “Kənan, qoyma. Əgər kəsiləcəksə qoyma” demişdi.
Gözləri artıq dayanılmaz olan acıya məğlub olaraq qapandı.
*
Gözləri yavaş-yavaş aralanarkən, bulanıq görüşünün düzəlməsini gözlədi. İlk
gördüyü ağ xalat içərisindəki tibb bacısı idi. Başında dayanmış, sistemi təzələyirdi.
Yorğun görünürdü. “Hardayam mən?” deyə soruşdu xışırtılı bir səslə. Boğazı
qurumuşdu. Tibb bacısı gülümsədi. “Narahat olmayın. Xəstəxanadasınız. Mən gedim baş həkimi çağırım” - sürətli addımlarla çölə çıxdı.
Ona vəziyyətilə bağlı heçnə deməmiş, bir məlumat belə verməmişdi. Necə deyəcəkdi ki? Bu necə açıqlanardı ki?
Müharibənin sonlarına yaxınlaşırdılar. Bu xəstəxanada nə qədər əsgər görmüşdü.
Dəhşətə düşmüşdü. Aldığı yaralardan yox. Xəstəxanada gözlərini açan, dava döyən
əsgərlər, döyüş meydanına yenidən getmək üçün sağalmağı gözləyir, çoxu isə elə o
haldaca ora qayıtmaq istəyirdi.
Bu xəstəxanada qazi olan əsgərlərin, necə geridə qoyulduqlarına şahid olmuşdu. Ona bunu heç vaxt açıqlaya bilməzdi. Ən azından ürəyi bu qədərinə dayanmazdı.
Yatdığı yerdə dikləşdi Samir. Ağrını hiss etmirdi. Düşündü ki, ağrıkəsicilər
sayəsindədir. Dərin bir nəfəs aldı. Gözlərini yumdu. “Nə olar Allahım” deyə fısıldadı.
Udqundu. Boğazında böyük bir yumru meydana gəldi. Gözlərini yavaşça araladığında, ayaqlarına çəkilmiş ağ örtünü üstündən çəkdi. “Yox” başını iki yana salladı. Üzündə acı dolu bir təbəssüm. Gözlərini yenidən yumdu. Sol gözündən axan bir damla yaş yanağını islatdı. Bir daha baxdı. Sol ayağı. Sol ayağının dizdən aşağısı yox idi. Bir damla daha düştü gözlərindən. “Vətən üçün” dedi qürurla. “Bayraq üçün” deyə əlavə etdi.
O gün, bir əsgər, sol ayağını vətənə, bayrağa, xalqa fəda etmişdi.
Samir kimi minlərlə əsgər, gələcəyini vətənə, xalqa qurban vermişdi. Demişdik axı, bu uşaqlar vətən həsrətiylə yaşayan xalqın qurtuluşu idi.
Evlərdə şənlik var idi o gün. Bir neçə ərazi, bir neçə torpaq işğaldan azad olunmuşdu.
Qaranlıqda olan evlər var idi o gün. Tək bir ışığı belə yanmayan, səssizliyə boğulan
evlər. İşıqları sönmüşdür çünki. İçində fırtınalar qopar, amma bu səssizlik dağılmaz.
Sırf bir ovuc torpaq üçün can verən oğullar var idi. Qorxusuzlar.
Bir bayraq, düşmənin ayaqları altına düməsin deyə, canından keçənlər var idi.
Silah yoldaşlarının önündə sipər olanlar var idi. Sırf onlar yaşasın deyə, özünü fəda
edənlər.
Bəziləri isə yaralıdır. Qurtulma, yaşama şansları vardır. Amma qurtulmaq, yaşamaq
yerinə ölən, vətən uğurunda şəhid olan silahdaşlarını çıxardarlar savaş meydanından.
Bunu edərkən çoxu, digər dostları kimi şəhid olar. Bəziləri isə yalnızdır bu dünyada.
Nə anası vardır, nə də atası. Kimsəsizdir.
“Ailəni fikirləş” dedi yanındakı əsgərinə. “Övladını” deyə davam etdirdi. Səslər biraz
daha artdı. “Sən getsən onlara nə olar?” deyə soruşdu. İçində bir şeylər qopar o an.
Onun bir ailəsi yoxdur. İlk dəfə o an, savaşın ortasındaca kimsəsiz olduğu üçün
sevinmişdi. Çünki, şəhid olarsa əgər, ardından kimsə ağlamayacaqdı. Bir ailəsi yox idi.
Özünü irəli atdığında, tək düşündüyü, çiyin-çiyinə vuruşduğu dostlarıydı. Sırf
dostlarının ailələri övladsız, övladları isə atasız qalmasın deyə. Gözlərini bu dünyaya
əbədiən yumduğunda, ailəsinə, anasına və atasına qovuşmağı ümid etdi.
Bəziləri ətrafdakı gərginliyi, mərmi səslərini azaltmaq üçün mahnılar, şeirlər,
bayatılar söylər.
Bəziləri isə çox hirslidir. Hər şey üçün. Atasız qoyduqları bütün uşarlar üçün. Yaşaya
bilmədiyi öz uşaqlığı üçün. Silahsız girər içlərinə. Sadəcə bilək gücüylə məhv edər
düşməni.
Bəziləri isə əsgərlərini qoruyar. Onlar cavandı. Yaşayacaqları, görəcəkləri, edəcəkləri çox şeyləri var idi. Ailələri var idi. Ölərsə əgər, şəhid olarsa pis olacaq, kədərlənəcək, bəlkə də məhv olacaqlardı. O an düşünmüşdü. Bir evin işıqlarımı sönməli? Yoxsa beş evinmi?
“Uşaqlar” demişdi qatı səsiylə. “Ailəm sizə əmanət” deyə əlavə etmişdi çətinliklə udqunarkən.
Bəziləri isə..... artıq onlar üçün çabalayan insanları bulanıq görərlər. Bilərlər o an,
ölümün gələcəyini.
Aldığı nəfəs get-gedə böyük bir ağrıya çevirilərkən, tam yanında dayanan və
dayanmadan gözlərini açıq tutmasını istəyən əsgər yoldaşına baxdı. Çətinliklə
ovcunu ona uzatdı. “Al bunu” dedi səssizcə. Yumuruğunda bərk-bərk tutduğu ağ
kağız parçasını ona verdi. “Qızıma yazmışam. Bunu ona çatdır” dedi. Gözündən bir damla yaş düşdü. “Atan sözünü tuta bilmədi de” - başında duran əsgər gözyaşlarına boğulmuşdu.
“Səni çox sevir de” səsi getdikçə qısılırdı. “Anan sənə əmanət, başını dik
tut de” gözləri yavaş-yavaş qapanırdı. “Şəhid qızısan sən, heç vaxt ağlama!” - vaxtın azaldığını hiss etdiyində isə kəlimeyi-şahadəti gətirdi.
Sonra gözləri qapandı bu dünyaya. Əbədiən.
Biriləri yaşasın deyə biriləri can verər bu dünyada. Bir körpə dünyaya gözlərini açar,
bir yaşlı ölər. Deyirlər ki, hər insan öldüyündə, səmada bir ulduz əskilər. Hər yeni bir insan dünyaya gəldiyində isə, yeni bir ulduz çıxar.
Səmada nə bir ulduz çoxaldı, nə də əskildi o gün. Çünki o gün ölən hər bir şəhid,
səmadan bir ulduz olaraq düşmüşdü. Lakin o gün, hər bir şəhidin yerinə bir köprə
dünyaya gözlərini açmışdı.
Adlarını onlara qürurla verənlər var idi o gün. O gün minlərcə ulduz düşmüş səmadan
və o gün yenə minlərlə ulduz yenidən səmadaki yerini almışdı.
Və indi, birilərinin üzündəki gülüş, bir başqasının gözyaşına çevrilmişdi.
Anarın addımları kəskin idi. Gözləri bu qədər insanın içində balaca bir uşağı axtarırdı.
Tələsirdi. Həftələrdir ona əmanət edilən bir məktubu sahibinə verə bilməmişdi. Zəfər
çalınmış, qələbə ordumuzun olmuşdu. Bəziləri evlərinə qayıdarkən, bəziləri isə uzun bir müddət daha evə dönə bilməmişdi. Anar onlardan biri idi. Üstündə daşıdığı
məktubun ağırlığı altında əzilirdi. Ruhu param-parça olmuşdu. Sadəcə bir dəfə
oxumuşdu. Bircə dəfə. Daha sonrasında, o uşağın üzünə necə baxacağını düşünmüşdü.
Neçə gecə bu düşüncəylə yata bilməmişdi. Suallardan qorxurdu. Atasının
gəlməyəcəyini çoxdan öyrənmiş olmalıydı o qız. Dəfn mərasiminə də gələ bilməmişdi.
Gözləri ətrafda gəzinərkən, əlində oyuncaq ayısını tutan balaca bir qız uşağında
dayandı. Onun haqqında biraz məlumat toplamışdı məktubu oxuyarkən Anar. Doqquz yaşı var idi. Ən sevdiyi oyuncağı əlində duran ayısı idi. Ən sevdiyi yemək yox idi, çünki, atasının ona öz əlləriylə hazırladığı hər şeyi sevirdi. Ən sevdiyi rəng maviydi.
Ən sevdiyi hekayə, atasından dinlədiyi nağıllar idi. Ən sevdiyi insan atasıydı. Ən
sevdiyi hər şey atasına bağlı olan bir uşaq idi qarşısındaki. İndi isə atası yox idi.
Yanına doğru ilərlədi. “Salam” dedi ilk. Amma balaca qızın səsi çıxmadı. Gözlərinə
baxdı. Ağlamaqdan qıp-qırmızı olmuş mavi gözləri gördü.
Atasının gözlərinə bənzəyən bu gözlər, qollarında can verən dostunu xatırlatdı ona.
“Niyə susursan balaca?” deyə əlavə elədi. "Əgər siz də mənimlə digərləri kimi
danışacaqsınızsa istəmirəm" dedi çəmkirərək. Anar təəccübləndi. “Necə yəni?
Digərləri kimdi?” deyə soruşdu maraqla. “Bizə gələn qonaqlar" dedi balaca qız. "Onlar mənə atamın bir daha geri dönməyəcəyini dedilər. Birdə mənə qəribə baxırlar” - gözlərini ona çevirdi. Qaşları çatılmışdı. “Siz də onlar kimi baxırsınız” dedi.
“Necə baxıram?”
Dodaqları büzüldü balaca qızın. “Acınacaqlı bir haldaymışam kimi” dedi.
Daha sonra əlavə etdi. “Mənim atam şəhid oldu, bunu bilirəm. Ölmədi. Şəhid oldu.
Şəhidlər ölmür. Bunu da bilirəm, çünki atam mənə belə demişdi. Demişdi ki bir gün, bu
qapıda çoxlu əsgərlər olacaq. Amma mən olmayacam. Mən də soruşurdum. Axı niyə
onun dostları gələrkən o gəlməsin, belə deyil mi? Mənə dedi ki, onda mən şəhid olmuş
olacam. Şəhidlər ölmür" dedi.
Anarın gözləri doldu. Yanında oturan balaca uşaqın isə gözlərində tək bir damla yox
idi. Sanki bütün yaşlar qurumuşdu. “Şəhidlər ölmür” deyə fısıldadı o da. “Atam da
şəhid oldu. İndi isə ordadır” barmağıyla qaranlığa bürünən səmanı göstərdi. “Ordaki
ən parlaq ulduzu görürsünüz? O mənim atamdır. Oradadır və məni görür” gülümsədi.
“Bilirsən mənim də dostlarımın hamısı ordadı” deyə mızıldandı Anar.
“Bilirəm, atamın da çox dostu ordaydı. Yəqin indi atam sevinir, elə? Dostlarıyla birlikdədir” deyə soruşdu həyəcanla. “Sevinir” dedi Anar.
Daha danışa bilmədi. Şəhid olacağı gün
üçün uşağını hazırlayan bir ata idi, Leytenant Səməd Həsənov. Ona olan heyranlığı biraz daha artmışdı.
"Məndə bir şey var. Atanın əmanəti. Sənə verməmi istəmişdi" dedi.
"Siz atamı tanıyırsınız?" - başını sallandı.
"Atanı bütün xalq tanıyır, balaca" - əlini cibinə atdı və məktubu çıxartdı. “Bu sənindir”, - deyərək ona uzatdı. “Bu ki atamın əl yazısıdır! Bunu bu günə qədər saxlamısınız?"
Gözləri parıldayırdı. Sevinclə ayağa qalxdı. “Hə. Əslində daha tez gətirəcəkdim, amma
olmadı. Üzr istəyirəm” dedi Anar böyük bir məyusluqla. “Çox sağolun” demişdi balaca
qız. Əlinə aldığı məktubu oxumağa başladı. Sonda məktubu gözyaşları ilə bitirdi
balaca qız. “Mən də səni sevirəm ata” deyə fısıldadı səmadaki ən parlaq ulduza doğru.
"Çox sağ olun” dedi təkrar. “Çöldə. Qapının ağzında bir şey daha var... atandan” dedi
ayağa qalxarkən. “Nə?” balaca qız təəccübləndi. Amma bir söz demədən onun ardınca getdi.
Qapının ağzına gəldiklərdində, balaca qız gördüklərinə inanamadı. “Bu..” başını iki yana salladı. “Axı atam yazmışdı ki...” deyərkən, “Məktubu yazandan sonra
mənə tapşırmışdı” dedi Anar onun sözünü kəsərək.
Həqiqət isə daha fərqli idi.
Balaca qız, yeni velosipedinə uzun-uzun baxdı.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)