
Super User
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənin adına şəhər…” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Şair sevginin ülviliyindən, ululuğundan bəhs edir.
Sənə dünya boyda şəhər salmışam-
Gör sənə bu ,,şəhər" darısqal deyil?!..
- deyən şairin bu, ən səmimi etirafı deyilmi?
Xoş mütaliələr.
SƏNİN ADINA ŞƏHƏR
Mən sənin adına şəhər salmışam,
Bu gün ad qoyuram küçələrinə.
Oturub şəhəri tumarlayıram-
Saçını sərmisən gecələrinə...
Özünə dərd edib bizim ,,şəhər"i,
Bu xırda şəhərlər, bu tin-şəhərlər.
Mən sənin adına şəhər salmışam-
Qaçıb xəritədən bütün şəhərlər.
...Gəl, öz şəhərini göstərim sənə,
Uzaqda deyil ki, könlüm yanıdı.
Mən sənin adına şəhər salmışam
Ürəyim-şəhərin baş meydanıdı.
...Tikdim ürəyimin sahillərində,
Qorxdum gözlərimdən keçər, yan keçər.
Qala qapısıyam mən bu şəhərin-
Təkcə sənin adın qapıdan keçər...
Tanrı bu şəhərə səni sah seçib,
Nə fərqi:- sarayı, ya taxtı olsun.
Bir şəhər salmışam sənin adına
Saldım ki, eşqin də paytaxtı olsun!
...Qapını gün açar, pəncərəni ay,
Bir yanı gündüzdü, bir yanı axşam.
Nə olsun, dünyanı verə bilmədim
Sənə SEVGİ adlı şəhər salmışam...
...Girib bu şəhəri gəzirəm hərdən,
Çıxmaq istəyəndə kimsə ,,qal"deyir.
Sənə dünya boyda şəhər salmışam-
Gör sənə bu ,,şəhər" darısqal deyil?!..
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
XARİCİ ƏDƏBİYYAT - Sude Negintac, “Ağrı toplusu”
“Ədəbiyyat və incəsənət” portalı Xarici ədəbiyyat rubrikasında sizə İran şairi Sude Negintacın şeirlərini təqdim edir.
Şeirləri dilimizə Ümid Nəccari tərcümə edib.
Sude Negintac 1983-cü ildə Tehranda doğulub. İngiltərədə çap edilmiş “Özünə təşəkkür etdin?” şeir kitabının müəllifidir. Onun əsərləri Amerikada "I Am a Face" adlı şeirlər toplusunda və ABŞ-nin müxtəlif ədəbi dərgilərində çap olunub. Onun poeziyası qadın azadlığı, insan haqları və etiraz çalarları ilə fərqlənir.
AĞRI TOPLUSU
“Parlaq kədərli ruh”
Elə bilirdin ki,
ağrı burjuaziyanın gizli cazibəsidir.
Amma eyni zamanda əziyyət çəkən bir toplu insanda sanki nəsə parça-parçadır.
eyni anda bir qrup insan
planetin maketi üzrə fırlanırlar...
plastik vətən axtarışında dəfn olurlar...
Elə bilirdin ki,
ağrı burjuaziyanın gizli cazibəsidir.
Ağrı sol qolunuzda şişkin sistemin axıntısıdır.
yanacaqdoldurma məntəqəsindəki
bütün maşınların çəninə girən
kapitalizmin eyni qara şlanqıdır.
Kərəcdə küçədə oğlanın kəlləsinə toqquşan bir şey var
Şirazda güləş döşəyinə batan bir şey
O, otağınızın yataq dəstinin ən özəl ziqzaqlarına batır
Bu, məhv olmaq üçün yavaş-yavaş
çəkdiyin bir "şüşə"dir.
sənin həlak olmanı istəyirlər...
Həlak olmursan.
Bilirsənmi, eşitməməli şeylər var
Amma toplu şeylər tükənməzdir.
Və bilirsən ki,
ağrı toplananda möhtəşəm olur
Və bilirsən ki, ağrı toplananda ana olur.
“Necə olur ki…”
Bir parça ət üçün
sırada gözləmək kimi deyil!
Çörək və it nəcisi növbəsində
insanlar bir-birini itələyir,
illərdir bir-birinin tər qoxusunu
kəllələrində daşıyırlar.
Və bu, kütləvi qırğındır.
Necə xarabaya dönüb və şanlı olmaq olar?
Necə ac qalıb, aciz olmamaq olar?
Necə ola bilər ki,
iztirablar birləşib və parıldasınlar.
Bir-birlərinə baxıb parıldasınlar...
biri-birinin canına girib və parıldasınlar...
biri-birinin canından olub və parıldasınlar...
Televizor kadrının ortasında gözündə
iki qançırı ilə qız necə etiraf edərək baxa bilər?
Necə ola bilər ki, bir avara adam qadın kölgəsini asfaltın ortasına atıb ona baxsın?
Necə bir yazının burjua dövrünə qayıdıb yazının ağrısından yuxarı qalxmaq olar?
Özünə daldığın başqalarından deyil
Parça-parça olmağın
başqalarının üzündən deyil.
Barmaqlarını dostlarının laxtalanmış qanı birləşdirir
Və dostların!
Bu dəfəki və ilk dəfəki dostun!
Yuxudan ayılırsan və illər sonra
onun şəklini şah taxtında oturmuş kimi
poliklinikanın çarpayısında uzanaraq görürsən.
ayağındakı dəmir qandal və əlindəki kitabla
Və xəyallarının səması kimi
zolaq-zolaq paltarla
gülməyin tutur.
Virtual səhifələrdə bu, sadəcə toxunulmayan qəşəng bir şəkil kimidir.
Səsin səsinə çatmır
Baxa bilmirsən
inciyə bilmirsən
Hamı hamını öldürür
“Gözəl div!”
Kiş adasında velosipedini əyri-üyrü şəkildə sürən yaraşıqlı eynəkli div.
Koronanın təcili yardımı maşınında oturub,
başının üstündə dayanaraq bu illərin bütün şeirləri üstünə işədi və getdi...
Bu təsvir deşdi səni
yazmamaq deşdi səni
deşdi səni qan...
Başını çevirirsən və bir şairin "Sasan" xəstəxanasında ölümünü izləyirsən.
Və ağrı, böyük ağrı, kəkələmədir.
böyük bir toplumdur qanın
və qırılan dəmirin altına sümüyədək girən.
Yazılmayacaq şeylər var
bəzi şeylər də var küçələrdə
bəzi şeylər də var...
Sizi xilas edəcək bəzi şeylər var...
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
“Könlümü saz görüşündə telə qandır xan aşıq!” - GÜNEYDƏN FİRUZ RƏHMANİ
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Firuz Rəhmaninin şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
Firuz Rəhmani
I.
Aparın üzünə daha xoş baxın,
Söylədi sözləri doktor əfəndi.
Bəlkə dözə bildi bir ilə yaxın,
Gecikdi Əzrail, əcəl yubandı.
Evə qaytardılar yara bədənin,
Yığdılar dərmanı başının üstə.
Vaxtsız köçməyini, ölüm nədənin,
Nə təhər yazarlar daşının üstə.
Daldada ağlayıb, üzdə güldülər,
Gündə bir tanışı gəldi yanına.
Dərdləşib dərdləri iki böldülər,
Yaşamı qatdılar soyuq qanına.
Dövrəsin aldılar quru yataqda,
Uzaqdan, yaxından dostlar yoxladı.
Onu bu dünyada, bu dar ayaqda,
Məhəbbət yaşatdı, sevgi saxladı.
II.
Könlümü saz görüşündə telə qandır xan aşıq!
Addım-addım Qarabağ üstə dolandır xan aşıq!
Üzüm öyrəndi sükutun iki gün öncəsinə,
Saz-sözü bağla, müxəmməsdə dayandır, xan aşıq!
Yol yaxındırsa mənim göylümü almaqda nə var?!
Qürbətində darıxan dağları dindir, xan aşıq!
Sözü var "Göyçə Gülü" sevgi dilində oxuna,
"Baş sarıtel" havasın bir də yubandır, xan aşıq!
Elə bir "Cəngi Koroğlu", elə bir Misi qılınc,
Dizlərə taqətini bir də inandır, xan aşıq!
Səni sevgi, dilə tut yolda qalan arzuları,
Çal çoban yaylağını bir də, amandır xan aşıq!
Durnalar tellərini tökməsə bir Dilqəmi çal,
Mənsuriyyə ocağında sazı yandır xan aşıq!
III.
Bir gün gedib mən görərəm əlini,
Oxşayaram üzə düşən telini,
Yaxşı-yaman anlayaram dilini,
Dildən düşmüş ürəyimi neynəyim?
Yolu eniş, yolu yoxuş dünyanın,
Hər sözünə inanırdım zamanın,
İndi gendən ayırıram yalanın,
Boşa gedən əməyimi neynəyim?
Gəlib dursa lap yaxında uzaqlar,
Dilə tutsa dumanları bu dağlar,
Coşa-coşa axsa yenə bulaqlar,
Zədələnmiş sənəyimi neynəyim?
Söz həmin söz, dodaq həmin dodaqdır,
Göylümüzdən keçənlər də yasaqdır,
Mən gözləyən, sən gəlməyən o çağdır,
Əldə solmuş çiçəyimi neynəyim?
IV.
Göylümün istəyi, dilimin andı,
Ayrılıq yol atıb yolda dayandı.
Günə çıxmağımız nə çox yubandı,
Gözlərəm yolunu ölənə kimi.
Gəlmək istəmirsən, yenə üz salım,
Yoluna çıxmağa işimdən qalım,
Hələlik maaşı gözündən alım,
Tale üzümüzə gülənə kimi.
Sevincin, şənliyin gözündən iraq,
Həsrət at oynadır, səndən yox soraq,
Axan gözyaşına sığınıb qalaq,
Gülüş yerimizi bilənə kimi.
Yolunu gözləyən minlərcə kaş var,
Alnıma yığışan qırx iki yaş var,
Gələn günlərimin əlində daş var,
De harda gizlənim, gələnə kimi?
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
Azərbaycan Qazaxıstanda “Avrasiya” beynəlxalq kino festivalında təmsil olunacaq
Mərkəzi Asiyada ən böyük “Avrasiya” XVII Beynəlxalq Film Festivalı Almatıda dünyanın hər yerindən rejissorlar, aktyorlar, ssenaristlər və kino bilicilərini bir araya gətirəcək.
AzərTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, festival noyabrın 24-dən 30-dək keçiriləcək. Onun təsisçisi və təşkilatçısı Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyidir. Film festivalının təşkili Şaken Aymanov adına “Qazaxfilm” Milli Kinostudiyasına həvalə olunub.
Builki filmləri unikal kino ənənələri olan ölkələr təqdim edəcək. İştirakçılar arasında Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Türkiyə, İran, Belarus və Rusiya yer alacaq. Proqrama miqrasiya və şəxsiyyət axtarışının aktual mövzularını qaldıran ekran əsərləri daxildir.
Film festivalı proqramı nadir hallarda geniş yayılan, lakin mütləq öz tamaşaçılarını tapacaq filmlər üçün platforma təqdim edir. Bundan əlavə, festival çərçivəsində prodüserlik, ssenaristlik və kinematoqrafiya üzrə ustad dərsləri təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
Özbəkistanda Maqsud Şeyxzadəyə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Daşkənd Dövlət Transport Universitetinin birgə layihəsi ilə Azərbaycan və özbək xalqının böyük oğlu, özbək dramaturgiyasının banilərindən olan Maqsud Şeyxzadəyə həsr edilmiş “Maqsud Şeyxzadənin ədəbi yaradıcılığı və müasirlik” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
Mədəniyyət Mərkəzindən AzərTAC-a bildirilib ki, konfransda Qazaxıstan, Qırğızıstan, Türkiyə, Azərbaycan, ABŞ, Çin və digər ölkələrdən də alimlər iştirak ediblər.
Tədbir Daşkənd Dövlət Transport Universitetinin Maqsud Şeyxzadə adına konfrans zalında təşkil olunub. Bu ali məktəbin prorektoru dosent Dilşod Baratov Maqsud Şeyxzadənin əsərlərinin gənc nəslin vətənpərvərlik, qəhrəmanlıq ruhunda yetişməsində böyük əhəmiyyətə malik olmasından bəhs edib. Belə bir tədbirin təşkili və Daşkənd Dövlət Transport Universiteti ilə daim həmkarlıq etdikləri üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz dərin minnətdarlığını bildirən prorektor konfrans iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Gülşən Kəngərli Maqsud Şeyxzadənin ədəbi irsinə Özbəkistanda xüsusi diqqət ayrılmasının onda böyük fəxarət hissi yaratdığını və iki qardaş xalq arasındakı ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində Şeyxzadə yaradıcılığının xüsusi rol oynadığını vurğulayıb.
Qazaxıstanlı alim professor Nurlan Minqibayev isə M.Şeyxzadə yaradıcılığının qazax ədəbiyyatında təsirlərindən söz açıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Azərbaycanın böyük oğlu Maqsud Şeyxzadənin özbək ədəbiyyatı və mədəniyyətində özünəməxsus yer tutduğunu qeyd edib. M.Şeyxzadə yaradıcılığının təkcə özbək ədəbiyyatına deyil, eləcə də özbək mədəniyyəti, incəsənətinin bütün sahələrinə təsir etməsindən danışıb.
Konfransda məruzə ilə çıxış edənlər ABŞ Hofstra Universitetinin professoru Elyar Kərimov (onlayn), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Almaz Ülvi (onlayn), Çinin Heyibey Universitetinin dosenti Jessi Liua, Kastamonu Universitetinin əməkdaşı dosent Murad Halmet (onlayn) Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin dosenti Aybibi İsgəndərova, Əməkdar jurnalist Flora Qumar və başqaları Maqsud Şeyxzadənin həyat və yaradıcılığından söz açıblar.
Elmi konfrans daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bədii hissə ilə davam edib.
Bədii hissənin təqdimatından əvvəl Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev Mərkəzin Maqsud Şeyxzadə yaradıcılığını hər zaman diqqətdə saxladığını, hər il onunla bağlı nəşrlərin, filmlərin, məqalə və televiziya verilişlərinin hazırlanması layihəsinə dəstək verildiyini, konfrans və seminarların keçirildiyini qeyd edib.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistanın “Media Art” film kompaniyası tərəfindən hazırlanmış, şairə həsr edilən “Maqsud Şeyxzadə - İki xalqın oğlu” adlı sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, filmdə Azərbaycan və Özbəkistandan olan alimlərin, incəsənət və mədəniyyət xadimlərinin Maqsud Şeyxzadə yaradıcılığı ilə bağlı fikirləri, xatirələri yer alıb.
Konfransın ədəbi-bədii hissəsində Daşkənd Dövlət Transport Universiteti tələbələrinin iştirakı ilə Maqsud Şeyxzadənin əsərlərindən ibarət şeir kompozisiyaları, tamaşa-səhnəciklər və Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs qrupunun ifasında milli rəqslərimiz nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
Praqadakı Azərbaycan Evində də həftəsonu məktəbi açıldı
Dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında müxtəlif xarici ölkələrdə həftəsonu məktəblərinin açılması davam edir. Və bu işdə, təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsi müstəsna rol oynayır.
“...Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir” - bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında səsləndirib.
Çexiyanın Praqa şəhərindəki Azərbaycan Evində də həftəsonu məktəbi fəaliyyətə başlayıb. Məktəbdə müxtəlif yaş qruplarından olan azərbaycanlı uşaqlar ana dilini, tarix və mədəniyyətimizi öyrənirlər.
Diasporla İş üzrə Dövlət Komitəsi Praqa Azərbaycan Evindəki həftəsonu məktəbini lazım olan bütün tədris vasitələri və əyani vəsaitlərlə ilə təmin edib, Praqada yaşayan ixtisaslı müəllimlər məktəbə cəlb olunub, burada onlarla şagirdin təhsil alması üçün lazımi şərait yaradılıb.
Bu il noyabrın 6-da açılan Praqa Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərova bu hadisəni Çexiyada yaşayan azərbaycanlılar üçün mühüm hadisə hesab etdiyini söyləyib. 3 uşaq anası Lamiyə Axundova bildirib ki: “Övladlarım Azərbaycan dilini mükəmməl öyrənməyə böyük maraq göstərir. Onlar həvəslə həftəsonu məktəbinin xidmətlərindən istifadə edəcəklər”.
Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrində 100-dən çox həftəsonu məktəbi xaricdəki azərbaycanlı uşaq və gənclərə, eyni zamanda Azərbaycanı sevən əcnəbilərə xidmət göstərir. 18 xarici ölkədəki Azərbaycan Evinin də hər birində həftəsonu məktəbi açılıb və işini uğurla davam etdirir.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
Gənclər Kitabxanasında məktəblilər üçün oxu saatı və ekskursiyalar təşkil edilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında noyabr ayı ərzində məktəblilər üçün ekskursiyalar və oxu saatları təşkil edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib.
Böyüməkdə olan gənc nəsildə mütaliəyə olan həvəsin artırılması, asüdə vaxtlarının səmərəli keçirilməsi, oxu vərdişlərinin inkişafı və onların kitabxanalara cəlb olunması məqsədilə təşkil edilən bu tədbirlərdə 1 nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzinin 175 nömrəli tam orta məktəbində fəaliyyət göstərən “İntellektual inkişaf” dərnəyinin üzvləri və 133 saylı tam orta məktəbin şagirdləri iştirak edirdi. Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova məktəbin nümayəndələrinin rəhbərliyi altında kitabxanaya gələn məktəbliləri salamlayaraq, mütaliənin insan həyatında, onun gələcəkdə intellektual, savadlı bir şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışdı, hər yaş qrupunun öz mütaliə çevrəsinin olduğunu və bu maraqların müəyyənləşdirilməsində kitabxanaçıların oxuculara çox kömək olduqlarını bildirdi. “Oxu saatı”nda məktəblilərə yerli və dünya ədəbiyyatı nümayəndələrinin əsərləri təqdim edildi, uşaqlar ilə birlikdə Solmaz Amanovanın “Al beretli igid əsgər”, Sevinc Humayunun “Xarıbülbül əfsanələri”, Mark Tvenin “Tom Soyerin macəraları”, Səməd Bəhrənginin “Balaca qara balıq”, Otfrid Proyslerin “Balaca cadugər” kitabları müzakirə edildi, əsərlərdən parçalar oxundu. Kitabxanada keçirdikləri müddət ərzində kitabxananın əməkdaşları balaca ziyarətçiləri rəngarəng uşaq kitabları, jurnallar, uşaqlar üçün təşkil edilən kitab sərgiləəri ilə tanış etdilər, kitabdan istifadə qaydalarını izah edərək, hər bir insanın mütaliə etməsinin nə qədər vacib olmasından danışdılar.
Görüşdə Bakı şəhəri Yasamal rayonu 133 saylı tam orta məktəbin kitabxana müdiri Vüsalə Yusubova və 175 nömrəli tam orta məktəbin “İntellektual inkişaf” dərnəyinin rəhbəri Könül Əliyeva belə ekskursiyaların və tədbirlərin şagirdlərdə erkən yaşlarından kitaba, mütaliəyə maraq yaratdığını, kitabı sevməyə, onu qorumağa, asudə vaxtlarında mütaliəyə önəm verməyə sövq etdiyini bildirdi.
Ekskursiyanın sonunda bütün uşaqlara valideynləri ilə birlikdə kitabxanaya yazılmaları tövsiyə olundu.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
Azərbaycanlı alim Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının üzvü seçilib
Pekində Çin filosofu Konfutsinin anadan olmasının 2575 illiyinə həsr edilmiş beynəlxalq konfrans və Beynəlxalq Konfutsiçilik Assosiasiyasının (BKA) 7-ci qurultayı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasöorla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə konfransa 110 ölkədən 800-ə yaxın sinoloq-alim qatılıb. Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının ilk azərbaycanlı üzvü seçilib.
Qeyd edək ki, 1994-cü ildə yaradılan BKA özündə dünyanın 80 ölkəsindən filosofları, dilçiləri, tərcüməçiləri və ədəbiyyatşünasları birləşdirir.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
Muğam Mərkəzində COP29 çərçivəsində növbəti konsert olub
Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin (Bədii rəhbər və baş dirijor Mustafa Aşurov) Milli Dirçəliş Günü münasibətilə konsert proqramı təqdim edilib.
Mərkəzdən AzərTAC-a bildirilib ki, COP29-a həsr olunmuş konsertlər çərçivəsində təqdim edilən proqramda Xalq artisti Gülnaz İsmayılova, beynəlxalq və respublika müsabiqələri laureatları Rəvanə Qurbanova, Günay İmamverdiyeva, Zabitə Əliyeva, Orxan Hüseynli, Seymur Həsənsoy, Anar Yusub, Rəvan Qaçayevin ifaları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Konsertdə Fikrət Əmirov, Hacı Xanməmmədov, Oqtay Kazımi, Aşqin Əlizadə, Süleyman Ələsgərov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Xan Şuşinski, Ələkbər Tağıyev və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
Mədəniyyət nazirimiz İordaniya şahzadəsi ilə görüşüb
Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti xanım Dana Firas arasında görüş keçirilib.
"Ədəbiyyat və incəsənət" portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir bu mötəbər tədbirdə fəal iştirakına görə qonağa təşəkkürünü bildirib. Qeyd olunub ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq əlaqələri mövcuddur. Mədəniyyət sahəsində əlaqələri inkişaf etdirmək üçün də geniş perspektivlər var.
Xanım şahzadə ölkəmizə səfər etməsindən və yüksək səviyyədə təşkil olunan COP29 tədbirində iştirakından məmnunluğunu ifadə edib. O, səfər çərçivəsində Azərbaycan Dövlət Pantomim Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırlanan "Manqurt" tamaşasını maraqla izlədiyini, aktyorların ifasının onda dərin təəssürat doğurduğunu deyib.
Görüş zamanı COP29 çərçivəsində müzakirə olunan məsələlər, eləcə də iqlim və mədəni irs gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.
"Ədəbiyyat və incəsənət"
(18.11.2024)