
Super User
“Eniş olmasa, zirvə də olmaz” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Eniş olmasa, zirvə də olmaz.
2.
“İlkin qardaşlığı duman içində
Qaralan yol kimi xatırlayaq biz.
Elə sarılaq ki, bir-birimizə
Bir ürək, bir beyin, bir adam olaq. …
Uzaqdan Allah da baxıb kövrələ,
Cənnətdə mələklər “Amin!” deyələr…”
3.
Əsl söz yazıya daxil edilmək üçün tapılan söz deyil. Əsl söz sonsuz lüğətin içində axtarılan və tapılmayan sözdür.
4.
Allah özü günahımızdan keçsin. Yəni, cəzamızı versin.
5.
Eynşteyn: “Nisbilik nəzəriyyəsinə görə qatar Cenevrə vağzalına yaxınlaşmır, Cenevrə vağzalı qatara yaxınlaşır.” Dahi alim bunu nisbilik nəzəriyyəsindən bayılan, amma onu anlamayan qadınlar üçün demişdi.
6.
İngilis dilində “sən” əvəzliyi yoxdur deyənlər bəlkə də yanılırlar. Bəlkə də bu dildə “siz” əvəzliyi yoxdur.
7.
K.Şennonun informasiya kanalında “küylər” adlandırdığı maneələr, əslində, “təmiz” mətnin içinə daraşan üslubi məqamlardır.
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)
DAHİ NƏSİMİ – onun başqa şairin şeirinə ehtiyacı olmayıb əlbəttə ki
Professor Ramazan SİRACOĞLU – “Ədəbiyyat və incəsənət” üçün
Məzhəb və təriqət mənsubları tarix boyu əhalinin iqtisadi-siyasi problemlərindən yararlanıb öz ideyalarını əhali arasında yaymağa çalışmış, tərəfdarlarını məqsədyönlü şəkildə həmin istiqamətə yönləndirmişlər. Bu baxımdan Teymurilər xanədanlığı zamanında təşəkkül tapıb böyük bir sürətlə yayılan hürufilik hərəkatı da istisna deyildir. Hürufilər batini və zahiri bütünlüyə çox diqqət edir, davranışlarında ciddiyyətlərini qoruyur və xarizmatik görünməyə çalışırdılar. “İnsan bütün varlıqların əşrəfidir” düşüncəsinə sarsılmaz inam bəslədiklərindən mümkün qədər qüsursuz olmağa, forma və məzmun vəhdətindən qopmamağa üstünlük verirdilər. ( Bax: حسین میرجعفري، تاریخ تحولات سیاسی اجتماعی اقتصادي و فرهنگی ایران در دوره تیموریان و ترکمانان .تهران: انتشارات سمت، 1379 ،ص 207 ـ
Tarixi mənbələr göstərir ki, XIV əsrin 80-ci illərində Bakı şəhəri hürufiliyin geniş yayıldığı məkana çevrilmişdi. Fəzlüllah Nəimini Bakıya gətirən başlıca səbəb də məhz bu amil idi. Nəsimi təxminən 16-17 yaşlarında Bakıda Nəimi ilə tanış olanda Fəzlullah 50-ni haqlamaqdaydı. Nəiminin şövq ilə şeir söyləməsi, bəlağətli rəvan və təsirli nitqi onu dinləyənləri, o cümlədən gənc Nəsimi heyran eləmişdi. O zamanlar dost- tanışları bu gənci hələ əsl adıyla— Əli kimi tanıyırdılar. Ona “Seyyid” adını Nəimi əlavə etmiş, gənç Əli də heyranı olduğu ustadın təxəllüsünə uyğun olaraq özünə Nəsimi təxəllüsünü götürmüşdü. ( Bax: راوندی،1378، بخش1ج8، 627). Nəiminin sözlərinə görə, ALLAH bütün adları Adəmə öyrətdiyi, onu bütün canlılardan üstün yaratdığı üçün, mələklər və şeytan İnsan qarşısında həmişə acizdir. Nəimi iddia edirdi ki, Bəqərə surəsinin 30-cu ayəsində ALLAH bütün mələklərə “ إِنِّي جَاعِلٌ فِي الأَرْضِ خَلِيفَةً – İnni cailu fi-l ardi xəlifətən— Mən Yer üzərində bir xəlifə yaradacağam” buyurduğu üçün və həmin surənin 31-ci ayəsində- وَعَلَّمَ آدَمَ الأَسْمَاء كُلَّهَا– Və əlləmə Adəmə-l- əsmaə kulləha- Və Adəmə bütün adları öyrətdi”- bəyan edildiyinə görə, İnsanın özü ən böyük dəyərdir. Nəimi böyük bir ustalıqla gənc Nəsiminin təsəvvürlərində İnsanı ucaltmışdı. Nəimi öz müridlərini inandırmışdı ki, insanın sifətində açıq-aşkar ALLAH sözü yazılıb: burun “əlif” hərfidir, burun pərləri “lam”, gözlər isə “hə”dir. Onun məntiqinə görə, mələklər sadəcə öyədilənləri bilirlər, İnsan isə həm də özü öyrənib özünü təkmilləşdirmə qabiliyyətindədir. Mələklər də özlərinin məhdud bilik sahibi olduqlarının fərqindədirlər. Nəimi öz iddialarını doğrulamaq üçün yenə də Qurani-kərimə istinad etmişdi: قَالُواْ لاَ عِلْمَ لَنَا إِلاَّ مَا عَلَّمْتَنَا- Qalu lə ilmə ləna illa ma əlləmtəna- Dedilər sənin bizə öytətdiyindən başqa bir biliyimiz yoxdur” (Bəqərə, 32). İnsan özü bir kiçik aləmdir (aləmi- səğir ), insanın üzü ilahi kitabdır, əslində, İnsan “ALLAHın danışan kitabıdır” (کتاب االله ناطق - Kitabullahi natiq ). Hürufilərdən başqa heç kim bu həqiqəti bilmir. Hürufilər səbr və əzmlə bu həqiqəəti insanlara izah etməlidir. Gənc Nəsimi böyük maraq və heyrətlə Nəimini dinləmişdi:
Ərş üstündə mələklərlə hər gecə “yahu” söylərəm
Sufi olanlar “la” deyər, mənsə “illahu” söylərəm.
Mən bayquyam, divanəyəm, yüz şəhərlik viranəyəm
Qıy vuraram saraylarda, şah tacında “qu” söylərəm.
Mənim yanımda Qazi kim? Müfti neylər dərgahımda?
Göz olmasan məkanımdan hökmlə “yarğu” söylərəm.
Ey karvan, ey sariban, gecə oğrusu deyiləm
Pəhləvanam əldə qılınc, sözü “rubəru” söylərəm.
Nəiminin söylədiyi fikirlər Nəsimini bütün günü düşündürmüşdü: Aləm üç mərhələyə bölünür— 1-ci mərhələ nübubuvvət mərhələsidir, Adəmlə başlamış, Həzrəti-Muhəmməd əleyhüssalamla tamamlanmışdır; 2-ci mərhələ imamətdir, Əmir-əl möminin Həzrət Əli ibn Əbu Taliblə başlamış on birinci imam Həsən Əsgəri ilə tamamlanmışdır; üçüncü mərhələ uluhiyyət mərhələsidir ki, Fəzlullah Nəimi ilə başlayır. Nəimi sözarası əlavə etmişdi ki, Mehdi Sahibi-əz- Zaman elə onun özüdür.
Nəsimi ertəsi gün utancaq bir tərzdə yənicə yazdığı şeiri Nəimiyə təqdim etmişdi:
Dinin günəşi, dünyada imanım əfəndi,
Alimlər ümidi, məhi-tabanım əfəndi.
Könlüm, gözümün nuru, vücudumda həyatım,
Hər dəm damarımda yеriyən qanım əfəndi...
Bağım, İrəmim, rövzə ilə huri-cinanim,
Bülbüllər üçün tazə gülüstanım əfəndi.
Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,
Qiymətli olan lə’li-bədəхşanım əfəndi.
Nəimi bu gənc şirvanlı balasının istedadı qarşısında heyrətini gizləyə bilməmişdi: “Ustadına bərəkəllah! Sən yaxın gələcəkdə hürufilərin əmiri olacaqsan”. Həqiqətən də, çox qısa bir zaman içində Nəsimi öz qabiliyyəti və şəxsiyyəti sayəsində Nəiminin ətrafında olan bütün mürüdlərini, o cümlədən, Əliyyü’ əla kimi məşhurlaşmış Əbu’l Həsən İsfahanini, Nəiminin ən yaxını sayılan İzəddin Əbdülməcidi, Kamal Haşimi və Mahmud kimi tələbələrini ötüb keçmişdi. Tərəddüdsüz qeyd etmək lazımdır ki, türk, ərəb və fars ədəbiyyatında Hürufi məzmunlu şeirlər yazmış heç bir şair— Gülşəni, Nədimi, Ərşi, Muhiti, Kəlimi, Niyazi Misri, Gül Baba, Qasım Ənvar və başqaları heç vaxt Nəsimi səviyyəsinə yüksələ bilməmişlər. Ən yaxşı halda, onlar Nəsimini zəif şəkildə təqlid etmişlər.
Nəsimi öz ustadı Fəzlullah Nəimidən öyrəndiklərini az sonra Mənsur Həllacın fikirləri əsasında dərinləşdirmişdi. Taleyin işi qəribədir: Nəimini hürufiliyə görə, onun tələbəsi Nəsimini isə Mənsur Həllacın fikirlərinin təbliğinə görə ittiham edib qətlinə fərman vermişdilər:
چو حق بنوشت بر رویش تمامی اصل قرآن را / رخ او مصحف خوبی و خطش ترجمانسـتی
Çün Həqq üzünə tam yazmış bütün Quranın əslini
Xub çöhrəsi müshəfdürür, xətti onun tərcümanı.
Haqqında bir-birinə zidd xəbərlər söylənilən, təvəllüdü və vəfatı haqqında müxtəlif mənbələrdə fərqli tarixlər təsbit olunmuş Nəsimi qısa zaman içində Azərbaycanda çox məşhurlaşmışdı. İnsanlara azadlıq və ədalət təbliğ edən hürufiləri Teymurilər öz xanədanlıqları üçün böyük təhlükə mənbəyi olaraq görürdülər. Teymurilərin müşahidəsinə görə, hürufilər başqa dərvişlərdən fərqli idilər, vird oxumur, zikr etmirdilər. Əlincə qalasını özlərinin həcc yeri adlandırması, onun ətrafına dövrə vurmağı özlərinə borc bilmələri, hər səhər “Baba” adlandırdıqları təriqət başçısını ziyarət etmələri, dini mətnləri öz tərzlərində “təvil” adlanan üsulla açıqlamaları, hərfləri gizli mənaları dərk etmək vasitəsi saymaları Teymuri xanədanlığını ciddi əndişələndirirdi. Buxara ilahiyyatçıları (fəqihləri) Nəsiminin bu beytini yanlış şərh edərək Əmir Teymuru qəzəbləndirməyi bacarmışdılar:
لوح محفوظ است پیشانی وقران روی دوست / كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ لاریب اندر شان اوست
(Yarın alnı Lövh-əl-məhfuz, çöhrəsi Quran ayəsidir, “Qəsas” surəsinin 88-ci ayəsindəki “Onun özündən başqa hər şey yox olacaqdır” hökmü, şübhəsiz ki, dostun üzünə görədir. )
Miranşah atası Əmir Teymurun israrı ilə bir qrup üləmanı toplayıb Fəzlullah Nəiminin və ardıcıllarının zındıq olması barədə hökm verdi. Maraqlananlar üçün xatırlatmaq lazımdır ki, hürufiləri zındıq adlandırmanın hüquqi əsası yoxdur. Ərəblər atəşpərəstlərə “məcusi”, Zərdüştə aid edilən “Zənd” kitabına iman gətirənlərə isə “ زندیق -zəndiq” deyirdilər. Əslində, bu söz pəhləvicədir- “زندیك– zendik”. Sonralar batində islami ehkamları qəbul etməyib zahirən özünü müsəlman kimi göstərənlərə də “zındıq” deyilməyə başlamışdı. Ümumiyyətlə, islam hüququnda islam dininə qarşı çıxan fərqli qruplara müəyyən tanımlamalar var: mürtəd, mülhəd, müşrik, kafir, laməzhəb, asi vs. ( Bax: المزهر سیوطی و المعرب جوالیقی ص 166 )
Hurufilərin ALLAHa inanmaması haqqında irəli sürülən mülahizələr doğru deyildir. Hətta bir ara bizdə də belə bir yanlış fikir irəli sürülmüşdü ki, “Nəsimi “Məndə sığar iki cahan” yox, “Məndə sığar ikən cahan” yazıb. Axı o dinə inanmırdı, iki cahan deməzdi” (!?)
Fəzlullah Nəimi və onun xələfi İmadəddin Nəsimi Şirvani də daxil olmaqla bütün hürufilər iliklərinə qədər müsəlmandırlar. Sadəcə, onların mütləq həqiqət olan ALLAHa qovuşmaq prinsipləri ənənvilikdən fərqlidir. Hürufilər təsəvvüfdə mövcud olan “ صحو بعد المحو - Səhv bə’d-əl- məhv- Yox olduqdan sonra oyanıb özünə gəlmək“ prinsipini qəbul edib onu daha da dərinləşdirmişdilər. Sufilərin (və də hürufilərin ) etiqadına görə, ilahi eşqin on mərtəbəsi var: məhəbbət, iradət, şəbabət, ğəramət, vədadət, şəğavət, eşq, tətəyyüm, təəbbüd, hüllət. Hüllət, sonuncu mərtəbə, “- فناء فیاللّه وبقاء باللّهfəna fillahi və bəqa billahi – ALLAHda yox olub ALLAHda əbədi qalmaq” dərəcəsidir. Həmin dərəcəyə yüksələ bilənlər ALLAHa qovuşub onda yox olub əbdiyyətə qovuşurlar. Hürufilərin düşüncəsinə görə, insan əngin ümmana qovuşduqdan sonra yox olmuş kimi görünən çaya bənzəyir. Başqa sözlə, çay ümmana qovuşduqda, həm də ümman olursa, Haqqa qovuşan insan da Haqqın bir zərrəsi şəklində həm də Haqq olur. Bu mənada hürufilər Mənsur Həllacın məşhur “ اناالحق - Ənə-l- Həqq- Mən Haqqam” fikrini qəbul etmişdilər. Nəsimi az sonra bu fikri “Haq mənəm, haq məndədir, haq söylərəm” şəklində poetikləşdirmişdir.
Xanədanlığa xidmət edən, rəsmilərin verdiyi pulla fəaliyyət göstərən ilahiyyatçılar fürsət düşdükcə hürufiləri vurmağa, xalq arasında onları nüfuzdan salmağa çalışır, bacardıqları dərəcədə onları zərərsizləşdirmək üçün bütün mümkün bəhanələrdən yararlanırdılar. Belə bəhanələrdən biri, hürufilərin istinad gətirdikləri “ من عرف نفسه فقد عرف ربه - Mən ərəfə nəfsəhu fəqəd ərəfə rəbbəhu- Özünü dərk edən, əslində Rəbbini dərk edər” hədisi oldu. Din rəsmilərinin iddiasına görə, həmin hədisi hürufilər qəsdən dəyişdirmiş, İnsanı əzəmətli, güclü, heç bir şeyə möhtac olmayan, heç nədən asılı olmayan varlıq olaraq göstərmiş və beləliklə, avam kütləyə insanın ilahlaşdırılmış bir varlıq olduğu fikrini aşılamağa çalışmışlar. İddiaya görə, o hədis əslində tam fərqli şəkildəymiş:
من عرف نفسه بذلها وعجزها وفقرها عرف الله بعزه وقدرته وغناه الله من بعد– Özünün zəifliyini, dəyərsizliyini və acizliyini dərk edən şəxs, gerçəkdən də, ALLAHın əzəmət, qüdrət və zənginliyini idrak edər”. Hürufilərin düşüncəsinə görə, bütün varlıqların görüntüsü, həcmi, ölçüsü, çəkisi olduğu üçün bu xüsusiyyətlər Mütləq Varlığın özünə də aiddir və ALLAH özünü hərflər və o hərflərin tələffüzü zamanı yaranan səslər şəklində təcəlli etdirmişdir. İstinad olaraq da İslam Peyğəmbərinin dilindən söylənmiş bir hədisi gətiridilər. ( Bax: خياوي، روشن؛ حروفيه تحقيق در تاريخ، آراء و عقايد، نشر آتيه، اول،1379هـ ش، تهران، ص215 )
Miranşahın əmri ilə Nəimi Əlincə qalasında xüsusi amansızlıqla qətl edildikdən sonra Nəsimi Kiçik Asiyaya gedir. Bursa şəhərində onu zındıq elan etdikləri üçün çar-naçar oranı tərk edib Ankaraya, Hacı Bayram Vəlinin yanına gəlir, bir müddət sonra Hələb şəhərinə getməyə qərar verir. Hələb o zaman çərkəz məmlüklərinin idarəsindəydi. Hələbdə Nəsiminin gizli təkkəsi yaranır və onun müridləri orada fəaliyyətə başlayırlar. Hicri qəməri 811-ci ildə ( miladi 1408 ) yazılmış “کتاب بشارت نامه- Bəşarətnamə kitabı”na görə, Nəsimi hicri qəməri 807-ci ildə ( miladi 1405 ) ildə qətlə yetirilmişdir. Tədqiqatçılar M. Fuad Köprülü, A. Gölpınarlı və A. Hüseyn də həmin tarixi Nəsiminin qətl tarixi hesab etmişlər. Müdərris Təbrizi “Reyhanatu’l ədəb” əsərində 1405 tarixinin daha mötəbər olması fikrindədir. “Bəşarətnamə” əsərində qeyd olunur ki, Nəsimi 36 yaşında qətlə yetirildi. “Ə’lamu’n nubəlai bitarixi Hələb” və “Kunuz zəhəbiyyə fi tarixi Hələb” kitabında İmadəddin Nəsiminin qətli barədə qeydlər var. Həmin qeydə görə, Nəsiminin qətlinə Hələb sultanı Müəyyəd Şeyx əl-Mahmud fərman və şeyx Şəhabəddin ibn Hilal fətva vermişdir. Tarixi mənbələrə görə isə, məmlük Müəyyəd Şeyx əl-Mahmudun hökmranlıq illəri 1412 - 1421-ci illərə təsadüf edir. Bu dəqiq tarixdir. O zaman, Nəsiminin 1405-ci ildə qətl edilməsi haqqında fikirlər özünü doğrultmur. Nəsiminin Hələb şəhərindəki məzar sanduqəsində isə onun qətl edilməsi tarixi hicri qəməri təqvimlə 824-cü il ( miladi 1421 ) olaraq göstərilmişdir. Bizcə, bu tarix də dəqiq deyil.
İmadəddin Nəsimiyə olan sevgisini, məfkurə bağlığını göstərmək üçün çox şair öz şeirlərində Nəsimini xatırlayıb, hətta onun təxəllüsünü qəbul edib şeir yazmışdır. Ara-sıra müxtəlif kitabxanalarda Nəsiminin nəşr olunmamış şeirlərinin aşkar edilməsi xəbərləri də gəlir. Bu bir tərəfdən yaxşıdır, digər tərəfdən isə sonra müəyyən problemlər yarada bilər. Nəsimişünaslar bu məsələdə çox ciddi olmalıdırlar. Fürsətdən istifadə edib mətbuatda Nəsiminin daha bir yeni əlyazmasının aşkarlanması haqqında subyektiv fikrimi bildirmək istəyirəm.
Maraqlıdır ki, Nəsiminin farsça “Divan”ında “دیوان فارسی حضرت سلطان العارفین و برهان المحققین و مالک طه و یس، ابوالفضل امیر سید نسیمی - قَدَّسَ الله سَرُّهُ العَزیز“- Divan-e farsi həzrət sultan’ul arifin və malik-e Taha vo Yasin, Əbu’l fəzl əmir Seyyid Nəsimi qəddəsə-l-lahu sərruhu’l əziz” sözləri yazıldığı halda, Azərbaycan türkcəsindəki divanında bu epitetlər bir qədər qısaldılmışdır: Divani- həzrət Seyyid Nəsimi qəddəsə sərrihu’l əziz”. Yeri gəlmişkən, “ - قَدَّسَ الله سَرُّهُ - Qəddəsə-l-lahu sərruhu” ifadəsi böyük şəxsiyyətlərə ehtiram əlaməti olaraq işlənilir və “ALLAH onun məzarının torpağını pak etsin ” mənasındadır.
Ey sifati- bəhr- i zatın kövsəri-zat-i Xuda
Mə’dəni- fəzl-i vücudun ya Rəsuli- Kibriya.
Surətin “Taha” vü “Yasin”, zülfi-ənbəri- şanınız
Fərtəqib təti-s- səmavat duxani” “qul kəfa”
Surətin “İnna fətəhna”dır, cəmalın “qaf” imiş,
Ey yüzün misli “təbarək”, “sidr’ül müntəha”.
“Kuntu kənz”in mənisi səndən açıldı aləmə
Ey sifətin elm şəhri, vey dəlilin rəhnüma…
Sadəcə ilk dörd beyt əsasında ( hürufilər bütün varlığın təməlində dörd ünsürün— su, od, torpaq, hava- olduğunu iddia edir, dördü müqəddəs bilirdilər ) mülahizə yürütmək istədiyimiz örnək parçada xeyli üslubi və qrammatik səhvlərin olması bizdə “bu şeir doğrudanmı İmadəddin Nəsimiyə aiddir?” şübhəsi yaradır.
Örnək parçanın ikinci beytinin ilk misrasında yanlışlıq var: “Surətin “Ta Ha” vü “Ya Sin”, zülfi- ənbər şanınız”. “Ta” “Ha” və “Ya” “Sin” “hurufi- muqəttəə”- “kəsilmiş hərflər” adlanan və Qurani-kərimdə 29 yerdə mövcud olan, mənalarını indiyədək dəqiq şəkildə heç kimin aça bilmədiyi ilahi hikmətdir. Ayrı-ayrı oxunur, طاها və یاسین şəklində yazılması düzgün deyil, həmin “hurufi- muqəttəə” müvafiq olaraq طهvə یس şəklində yazılmalıdır. Misranın yanlış orfoqrafiyası həm də şeirin təfiləsinin pozulmasına səbəb olub. Əruz şeirində “əlif”, sait kimi oxunan “vav” və “yə” hərfləri qapalı heca yaradır, uzun və qısa saitlərin düzümü isə şeir arxitektonikasını yaradan önəmli amildir.
“Fərtəqib təti-s- səmavat duxani” “qul kəfa” ( Duxan surəsinin 10-cu ayəsinə aid olan bu ifadə, təhrif olunub, əslində , السَّمَاء بِدُخَانٍ– “səmau bi duxanin” şəklində olmalıdır ) – Göylərdən seyrək duman gələcəyini gözlə” , “söylə: yetər” ( “ qul kəfa” sözü də yanlış yazılmışdır, İsra surəsinin 96-cı ayəsindən götürlmüş həmin ifadə “əlif bi surəti-yə”-ilə yəni, “a”- kimi oxunan “yə” ilə yazılmalıdır: “كَفَى“ ) Nümunə gətirdiyimiz mətndə “sidr’ül müntəha” ifadəsi də yanlış yazılmışdır. Nəcm surəsinin 14-cü ayəsinə aid olan həmin ifadənin düzgün yazılış şəkli “ سِدْرَةِ الْمُنْتَهَى - sidrət’ul muntəha“dır. İnanca görə, “sidrət’ul muntəha” göyün yeddinci qatında bitən ağacdır, “Mələkut” aləmindən “Cəbərrut” aləminə keçid məqamında yerləşir. Oradan o tərəfə hətta Həzrət Cəbrail də keçə bilməz. Daha sonra “Lahut” aləmi gəlir. O aləm haqqında heç kim heç nə bilmir. Əshabələri bir dəfə İslam Peyğəmbərinə “o aləmdə görəsən nə var?”- deyə soruşduqlarında Rəsulillah qısaca “ فیه ما فیه – Fihi ma fihi- O aləmdə o aləmdə olan var”- söyləmişdi. Çox sonralar Mövlana o sözə eyniadlı bir əsər yazmışdır.
Örnək parçanın sonuncu beytinin ilk misrasındakı “kuntu kənz” ifadəsi də yanlış yazılmışdır. İslam aləmində məşhur olan həmin ifadə əslində “ كنت كنزا مخفيا فأحببت أن أعرف فخلقت خلقاً - Kuntu kənzən məxfiyyən fəəhbəbtu ən urifə fəxələqtu’l xəlqən- Mən bir gizli xəzinə idim, bilinmək istədim və məxluqu yaratdım“ şəklindədir və çox yayğın olan hədisi-şərifdən alıntıdır. Nəsimi kimi dahi söz sərrafının kiçik bir parçada bu qədər yanlışlığa yol verməsi əsla və əsla mümkün deyil. Nəsimi hesab edirdi ki, ALLAH “qeyri-məhsus” qüdrəttir. “Qeyri-məhsus”, insanın sahib olduğu beş duyğu— “görmə, eşitmə, lamisə, dadbilmə, qoxu”—üzvünün heç biri ilə inikas etməyən misilsiz və əbədi güc anlamındadır. İnsan öz yaradıcısı ilə yalnız SÖZ vasitəsi ilə bağlantı qura bilər. SÖZdən başqa heç bir vasitə İNSANın istək, dilək və yalvarışlarını o ilahi dərgaha yetirə bilməz. Bütün hürufilər kimi, Nəsimi də sözə çox böyük diqqət və önəm vermişdir. Unutmaq olmaz ki, Nəsimi hürufiliyin banisi Nəiminin xələfidir, Nəimi özü ona “seyyid” titulu vermişdi, hürufilərin hamısı Nəsimiyə “əmir” deyə müraciət edirdilər.
Divan ədəbiyatının qaydasına görə, şeirin ilk beytinin ölçüsü bütün şeir boyu gözlənilir. Çox nadir hallarda, ( mütəvvəl qəsidələrdə, məsnəvilərdə ) şairlər yeknəsəkliyi aradan qaldırmaq naminə bilərəkdən şeirin bəhrini dəyişirdilər. Örnək parçanın ilk beyti “müzare” bəhrində ( məf’ulu fa’ilatu məfailu failun ), sonrakı beytlər isə rəməl bəhrindədir ( failatun failatun failatun failun ). Eyni zamanda, bu iki fərqli bəhr, həm də əruzun müxtəlif dairələrindəndir. Məlum olduğu kimi, rəməl bəhri “daireyi- müctəlibə”, müzare bəhri isə, “daireyi-müştəbihə” qrupundandır. Sözə böyük önəm verən, şeir sənətini mükəmməl bilən Nəsimi divan ədəbiyatının tələblərini əla bildiyi üçün başlanğıcda belə yazması təəccüblü təsir bağışlayır. Bu yanlışlığı yazını köçürmüş, qələmə almış katibin adına çıxmaq isə inandırıcı görünmür. Ehtimal ki, bu örnək şeiri hürufilərdən kim isə çox sonralar yazmış, Nəsimiyə olan sevgisindən o şeri Nəsimi adıyla tamamlamışdır, yaxud da bu şeir XVII əsrdə yaşamış və özünü Qul Nəsimi adıyla Anadoluda tanıtmış, Bəktaşi təriqətinə mənsub olan bir şairə aiddir. Bəktaşilərin hürufilərin xələfləri olması faktı isə inkarolunmaz bir gerçəklikdir. Nəsiminin başqa şairin şeirinə ehtiyacı yoxdur.
Nəsimiyə kafir deyən cahil, onun gözəl şeirlər yazdığını inkar edə bilmir: هذا الرجل كان كافرا ملحدا وله شعر رقيق أ - “Bu adam kafir və dinsiz idi, lakin zərif şeirləri vardı”. ( Bax: سبط ابن العجمي، موفق الدين الجزء : 2 صفحة : -١٢٥ )
Axı bu kəlamları söyləyəni dinsizlikdə necə ittiham etmək olardı?
Kə’bə üzündür canıma, еşq ilə məscudam ana,
Еy zülfü kafir, gör nеcə gеrçək müsəlman olmuşam!.
Bəndə Nəsimi görəli nuri-Xuda üzündə mən
Indi şəhadət əhliyəm, çün əhli-iman olmuşam.
Məşhur şairimiz haqqında olan rəvayətlərdən birində deyilir ki, Nəsimi qətlə yetirildiyi günün ertəsi, erkən sübh çağı şəhər qapıçıları onu Hələb şəhərindən çıxan görüblər. Üst-başı al qan içində imiş. Qapıçılardan biri heyrətlə “bu vəziyyətdə haraya gedirsiniz, necə gedəcəksiniz?”- deyə soruşanda Nəsimi qətiyyətlə “Azərbaycanda bizimkilər xəbər tutublar, gələcəklər məni aparmağa! Onları qarşılamağa gedirəm” deyərək qeyb olub…
Çox istərdim ki, şəhid Nəsiminin Hələb qapıçılarına söylədikləri gerçək olsun…
Qapaq şəklində: İmadəddin Nəsiminin Hələb şəhərindəki məzarı. Məzar sanduqəsində belə yazılıb: Əlfatihə. Həzə mərqədu’ş şəhidu’l mutəəbbədu’s sufi, əl kəbiru’l arifu billahi vəliyullah əş-Şəyx Əli İmadəddin Nəsimi. İstəşhədə fi sənəti 824 hicri. Rəhməhu’llahu Təala və qəddəsə sərruhu.
Fatihə. Bu məzar, ALLAHın və onun vəlisinin böyük bilicisi, sufi inancına etiqad edən Şəhid Şeyx Əli İmadəddin Nəsiminindir. Hicri 824-cü ildə ( miladi 1421-ci ildə) şəhadətə yetirilmişdir. Uca ALLAH rəhmət eləsin, məzarının torpağı pak olsun.)
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Qulu Ağsəsin şeirləri
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
QULU AĞSƏS
ŞÜKÜR...
Bir yol yatağından qalxmayan bu çay
Qoluna döyməni nə vaxt yazdırıb?
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb…
Başını yelləsən, külü közərir,
İşıq vermir, amma işıq söz verir.
Bircə eybi var ki, dünya gözəlin
Məni qucağına qonaq yazdırıb…
Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür – adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb…
SƏNSƏN HƏR YER...
Ömrümdən neçə gün qalıb,
neçə saat, İlahi?
Çoxdan Səndən nə zəng gəlir,
nə amanat, İlahi!
Kim kəsib Sən olan yerdə,
söylə, yolu-yolağı?
Gedim hansı cəhənnəmə,
hardan gəlir sorağın?..
Nə vaxt çaparam dördnala
mən də əcəl atında?
At altımdan uçub gedə,
mən də sənin altından.
Ha uçsam da, öz üstümə
uçar öz günahım da,
Səhvlərimi deyim, bəlkə,
çıxım söz günahımdan? –
...İki dünya gözəlinə
mehr saldım – yadında?
Nə özgəyə verdim, nə də
özüm aldım – yadında?
Yolda qoydum gözlərini,
gözümü dağlayarsan,
Əllərinə qurban olum,
üstündə saxlayarsan.
Neçə kərə söz göndərdin,
ərindim, yazammadım,
Ürəyimdə ocaq çatdın,
naşükür qızınmadı.
Qadan-balan sızan yerə
şərab süzdüm – bilirsən,
Sənin qurduğun dünyaya
dodaq büzdüm – bilirsən.
Ruhumu da tərpətmədi
min cür nazü-nemətin,
Yamanladım taleyimi –
haqdan gələn qisməti...
...Mərhəmətin, neyləsəm də,
günahımı aşmada,
Çoxdandı ki, içimdə bir
yalvarış dolaşmada: –
Gedib tövbə eləməyə
mənə yer ver, İlahi,
Elə yer ki, baxıb görüm
Sənsən hər yer, İlahi!
Günahımı nəylə desən,
razıyam, yuyum orda,
Əgər gücün çatsa, məni
özündən doyur orda...
BAXDIM Kİ...
Ümidimi ütüləmişdim,
barmağımı cütləmişdim
subay vaxtı:
iki oğlum olasıdı,
birinin adı Tezol,
birinin adı Təkər.
Tezol –
zamandan iti,
Təkər –
maşından yekə.
... Qayğılar basdı başımdan,
özümü güclə atdım
zaman – maşından.
Baxdım ki,
aləm qarışıb,
ümidimin ütüsü cəhənnəm,
barmağımın cütü qırışıb!
Baxdım ki,
ömür yarıda...
...qızımın adın Su qoydum,
ciyərim yanırdı övlad sarıdan...
GÖRSƏN ÜŞÜYÜRSƏN...
Görsən ki qaranlıq çökür aləmə,
Görsən ki axşamdı… fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu,
Nə qədər imkan var, rahatlan, uyu…
Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.
Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş? Körpəsi hanı?
… Görsən hər tərəfdən əlin üzülür,
Görsən üşüyürsən… yandır özünü…
ATAMIN YORĞUNLUĞU
Atam
bu dünyada
o dünyanın
cəhənnəm əzabını çəkib,
Qırx bir – qırx beşdə
faşistlərlə döyüşüb Kerçdə –
atəş kəsiləndə,
ya da siqaret fasiləsində
Gülablıda odun doğrayıb,
axura ot töküb...
Üzünü xatırlamıram deyə,
hərdən elə bilirəm,
məni öləndən sonra əkib...
Bir tikə çörəyin dərdindən
gecə yatmayıb,
gündüz yatmayıb,
tabutdan başqa heç yerdə
ayaqlarını oxxaynan uzatmayıb...
Şəkli də qalmayıb
darıxanda köksümə sıxım,
bütün ömrü dincəlsəm də doymuram –
atamın yorğunluğu
mənim canımdan çıxır...
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)
Bu gün Qarakənd terorundan 33 il ötür
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycana məxsus və göyərtəsində yüksək rütbəli dövlət xadimlərinin, millət vəkili və jurnalistlərin olduğu "Mi-8" hərbi helikopteri erməni hərbi dəstələri tərəfindən vuruldu.
Terror aktı nəticəsində aralarında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, nazir müavini Qurban Namazəliyev Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayevin də olduğu ümumilikdə 22 nəfərdən ibarət olan sərnişin və şəxsi heyyətin hamısı həlak olub.
İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya
çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib.
Helikopter saat 14:42- radələrində Qarakənd kəndi yaxınlığında 300 metr yüksəklikdə vurulur. Baş vermiş faciə barədə İrəvan radiosu saat 16:15, Tehran radiosu 16:40-da Moskva radiosu 17:00 da xəbər yaysa da, faciə barədə xəbərin Azərbaycanın Prezident Aparatına saat 19:55 -də çatdığı bildirilir.
Terror aktının baş vermə səbəblərini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokrurona qarşı uçuşun düzgün idarə olunmaması və insan tələfatı maddəsi ilə cinayət işi açılır.
Bu günə qədər cavabsız qalan suallardan biri də odur ki, niyə onları hərbi vertalyot müşayiət etmirdi, münaqişə bölgəsi olduğu halda niyə ehtiyyat tədbirləri görülməmişdi?
Helikopterin qara qutusunu araşdırmaq üçün azərbaycanlı mütəxəssisləri yaxına buraxmırlar. Hadisədən bir neçə gün sonra hadisənin baş vermə səbəblərini öyrənmək üçün qara qutunu Rusiyaya göndərirlər. Halbuki qara qutunu Gəncədəki helikopter zavodunda da açmaq olardı. Sonralar isə Rusiyaya göndərilən qara qutudan heç bir səs sorağ çıxmır.
Bu gün həm də Ağdam rayonunun erməni işğalından azad edildiyi gündür.
Belə ki, Qarakənd terorunun 29-cu il dönümündə, yəni 2020-ci il (44 günlük müharibə dövründə) noyabrın 20-də Ağdam rayonu erməni işğalından azad edilmişdir.
Ağdam rayonu 23:07:1993- cü il tarixində ermənilər tərəfindən işğal olunmuşdu.
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 25. Oxucu kavlifikasiyası
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
25.
OXUCU KVALİFİKASİYASI
Oxucu məfhumu barədə sizləri öncəki mətnlərdə məlumatlandırdıq. İndi də gəlin, bu məfhumun məzmununu açmağa cəhd edək.Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda bu, insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır. Demək, oxucu daha çox fərdi xarakter daşıyır və hər kəsə yönəli mütaliə məhsulu ortaya çıxmalıdır ki, əksər maraqları əhatə edə bilsin.
Oxucu kimdir? O bir istehlakçıdır, onun öz tələbi var, istehsalçı bu tələbləri nəzərə almaqla, təbii ki, həm də öz maraqlarını – daha geniş anlamda desək, dövlətin, cəmiyyətin, xalqın mənafeyini nəzərə alan və bunlara xidmət edən, eyni zamanda da mədəni səviyyəni yüksəldən və mənəvi təlabatı ödəyən estetik dəyərlərə malik bir əmtəə ortaya çıxarmalıdır.
Çox təəssüf ki, bu gün öz mövqeyindən sui-istifadə edən istehsalçılar da az deyil. Təsirə tez düşən yeniyetmə zümrəsinin diqqətini zorakılığı, pornoqrafiyanı, narkomaniyanı təbliğ edən əsərlərlə çəkmək, yaxud bayağı, boz ədəbiyyata alüdə etmək yolverilməzdir, hətta cinayətdir.
Odur ki, presedent hər iki tərəfin təlabatını tam ödəyən mütaliə məhsullarının ortaya qoyulmasıdır. Və bizim də söhbətimizin məğzi həmin bu mütaliə məhsullarına hədəf qrupumuz sayılan yeniyetmə və gənclərdə maraq oyatmaqla onları mütaliəyə həvəsləndirməkdir. Əlbəttə ki, yenə də təkrar edirik, 3-cü minillikdə internetin, mobil telefonun məişətə basqısı şəraitində bunu etmək nə qədər çətin olsa da, bir o qədər lazımlı, məsuliyyətli və şərəflidir.
Növbəti:
26. Vərdişlər kompleksi
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)
“Özüm Atasözüm” - Yağmur Filiz Şahin
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Özüm Atasözüm”
Yağmur Filiz Şahin
Eee ne demiş atalarımız?
Atasözleri, toplumların en değerli kültürel parçalarıdır. Dedelerimizin, ninelerimizin tecrübeleri sonucunda örneklendirici sözleri yaşamımıza yön verir. Ne de olsa, “Akıl akıldan üstündür”. Böylelikle, en değerli kültür parçası nesilden-nesile aktarılan bir mirastır, bir hazinedir. Yaşam tarzı haline getirilmiş değerler fark etmeden dilimize pelesenk olmuştur.
Öyle ki, ilkokulda öğretilen ilk değerlerdir. Toplumumuzu benimsemek üzere yetişen çocuklar zihinlerine bu değerleri kazıyarak yaşayışlarının bir öğretisi haline getirirler. Ne de olsa, “Ağaç yaşken eğilir”. Zihinlerine yanlış yönlendirmeler yapılırsa, yanlış yönlendirme sonucu bir insan meydana gelir. Dolayısıyla atasözlerini kavramak son derece önemlidir. Kullanıma uygun atasözlerini yanlış yönlendirmeler yapmadan dilimizden düşürmemeliyiz. Ne de olsa, “Dile gelen ele gelir”.
Toplumların norm öğretisine en yardımcı olan bu sözler o toplumda nasıl yaşandığına dair izler bırakır. Her toplumun yaşamı, kültürü, değeri, dini farklı olduğu için çok farklı atasözleriyle karşılaşabiliyoruz. Ne de olsa, “Her yiğidin bir yoğurt yiyişi vardır”. Ancak genel itibariyle atasözleri büyüklerin tecrübelerinden kaynaklı olduğu ve insanî değerler taşıdığı için evrensellik taşıyabilir diyebiliriz.
Çok değerli sanatçımız Barış Manço da “toplum için sanat” felsefesini kabullenerek şarkılarında atasözlerine çokça yer vermiştir. “İyi bak aslana, sor onu bostana” besteleriyle rahatlıkla ezberlediğimiz şarkılar sayesinde atasözleri kulaklarımıza küpe olmuştur. Toplumumuz için kültürel değerleri dilinden düşürmeyen bir kültürel değer meydana gelmiştir. “Barış iğneyi kendine batırır, çuvaldızı başkasına” diyerek eski adamlar doğruyu söylemiş: “Bir çiçekle bahar olmaz”, “Kişi kendini bilip sağa-sola sormalı”, “Can pazarı bu, oyun olmaz”, “Küp suyunu çeker azar-azar, keskin sirke küpüne zarar”, “Zürefanın düşkünü, beyaz giyer kış günü”, “Canı kaymak isteyen cebinde manda taşır”, “Komşunun tavuğu komşuya kaz görünür dersen, kaz gelen yerden tavuğu esirgemezsen”, “Bu kafayla bir baltaya sap olamazsın; ama gün gelir sapın ucuna olursun kazma”.
Ancak toplumların değişimleri, atasözleri oluşturması kadar kaçınılmazdır. Zamanla, kültürel taşınmayla, teknolojiyle, belki din değişikliğiyle, belki devlet yönetiminin değişikliğiyle toplum da değişiyor. Bu sebepten bazı atasözlerimiz sakıncalı hale gelmiş bulunuyor. Kimi dönemlerde; “Dizini dövmek istemeyenler kızını dövdü”, “Oğlan doğuran övündü, kız doğuran dövündü”, “Kadının fendi erkeği yendi”, “Oğlan olmayan evde duman tütmedi”, “Kızın var mı dediler, derdim var dendi”, “Ev tuğladan, kız Muğla’dan alındı” gibileri dile dolandı. Zamanla kadın çalışmaya başlayınca, aile nüfusu azaldıkça ve aile yapıları değiştikçe bu atasözlerimiz dilden düştü.
Toplumumuzda kıymetli kılınan belirli değerler vardır. Örneğin, toplumumuzda anneler çok kıymetlidir. Özellikle Anadolu kadınları olarak nitelendirdiğimiz işçi anneler üreten ve çalışan özelliklere sahiptiler. Hem üretim için çalışmış, hem çocuk bakmış kimi durumlarda da ev geçindirmişlerdir. Kendi tabirlerince: “Okumamış okutmuş, yememiş yemiş, giymemiş giydirmişlerdir”. Bizce de cefakar, vefakar olarak nitelendirilmişlerdir. Bu sebeple annelerimizin kıymetine yönelik atasözleri de oldukça yaygındır. “Ana gibi yâr olmaz”, “Ağlarsa anam ağlar, gerisi yalan ağlar”, “Anamın aşı, tandırın başı”... Ancak hâlâ bulunabilmiş değil anneliğin kıymetine yönelik bir söz.
Yine toplumumuz için komşuluk oldukça önemlidir. Cemaat hayatı yaşamış geçmiş dönem dedelerimiz, ninelerimiz komşunun kıymetini öyle bilmişler ki: “Ev almayıp komşu almışlar”. Toplumun bütünlüğünü sağlayan, yardımlaşmanın en temel örneği olan “Komşularımızın tavuğunu kaz görmeyelim mi?” Görmeyelim. Çünkü “Bir-birimizin külüne muhtacız”.
Ve ekmek, emek, iş… Yıllarca bahsedilen kıtlık zamanlarından öyle dert edinilmiş ki, toplumumuzun, bir daha unutmayalım diye, söyleye-söyleye “Dillerinde tüy bitmiştir”. Çalışmanın verdiği verimlilik, işin önemi, tecrübe ettirmiştir. Kendin için ektiğin toprak sana kadar olur, çocuğun için ektiğin çocuğunun, torunun için ektiğin torununun, toplumun için ektiğin toprak hepimizin olur. Ne de olsa, “Dünya Sultan Süleyman’a bile kalmamış”. Ben de toplumumuzdan edindiğim tecrübeyle diyorum ki: “Bir emek beş sofra kursun, beş emek bir nesil doyursun”.
Eee ne demiş atalarımız? “Emek olmadan yemek olmaz”.
Fotoğraf: Berfu Dilara Zingi
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)
Gəncə Dövlət Filarmoniyasında sərgi baş tutub - "TƏBİƏTİN SƏSİ"
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan "Təbiətin səsi" adlı sərgi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, sərgidə Gəncədə fəaliyyət göstərən rəssamların, Gəncə Dövlət Filarmoniyasında fəaliyyət göstərən dərnək üzvlərinin, Kəlbəcər rayon UİM-nin şagird və məzunlarının əsərləri nümayiş etdirilib.
25 noyabradək filarmoniyanın Urban Mərkəzində nümayiş etdiriləcək sərginin açılışından sonra Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə konsert proqramı baş tutub. Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural Abdullayev, solistlər Zəminə Mustafayeva, Samirə Hacıyeva, Samir Məmmədov "Gözəl Şuşa", "Bakı haqqında mahnı", "Doğma diyar", "Qarabağ", "Azərbaycan" mahnılarını ifa ediblər.
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)
“Banu” Kalqari Avropa Film Festivalında nümayiş olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kanadanın Kalqari şəhərində fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin üzvü Pərvin Abdullayevanın təşkilatçılığı ilə Azərbaycan filmi "Banu" Kalqari Avropa Film Festivalında nümayiş olunub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Festivalda “Banu” filminin nümayişi Zəfər və Dövlət Bayrağı günlərinə təsadüf edib.
Rejissoru Təhminə Rafaellanın olduğu, Əməkdar artist Mələk Abbaszadə, Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən və digərlərinin rol aldığı bu ekran əsərində hadisələr 44 günlük Vətən müharibəsi fonunda baş verir.
Pərvin Abdullayeva filmin nümayişində çıxış edərək festivalın təşkilatçılarına, Kalqari Konsulluq Korpusuna və göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, artıq 13 ildir keçirilən bu festivalda müxtəlif ölkələrə məxsus tarixi və mədəni filmlər göstərilir.
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)
COP29-da Azərbaycanın "Slow Food" təcrübəsi təqdim olunub
Noyabrın 19-da COP29 çərçivəsində "Slow-food: Yerli aqroməhsullarla dayanıqlı turizmin inkişafı" adlı panel müzakirəsi keçirilib.
AzərTAC xəbər verir ki, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmidin moderatorluğu ilə keçirilən panel müzakirəsində kənd təsərrüfatı və turizmin dayanıqlı inkişafa dəstək verən əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə yerli aqrar məhsulların və ənənəvi təsərrüfat üsullarının ətraf mühitə az təsir göstərməklə dayanıqlı turizm təcrübələrinin formalaşmasında rolu haqqında danışılıb.
Tədbirdə Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin Qastronomiya şöbəsinin müdiri Səkinə Əsgərova Azərbaycanın "Slow Food" təcrübəsi ilə bağlı təqdimatla çıxış edib.
Müzakirə iştirakçıları qlobal, akademik və korporativ yanaşma ilə "Slow Food" hərəkatı və prinsiplərinin dünya turizminə inteqrasiyası, dayanıqlı aqro və qastroturizm modellərinin qurulması, yerli aqroməhsulların turizmə töhfəsi, biomüxtəliflik və onun turizmə inteqrasiyası, dayanıqlı turizmdə dövlət-özəl tərəfdaşlığı və akademik tədqiqatların rolu kimi mövzularda təcrübə və təkliflərini bölüşüblər.
Qeyd edək ki, COP29 çərçivəsində Mavi Zonada yerləşən Azərbaycan pavilyonunda hər gün saat 14:00-15:00-da "Slow Food" haqqında təqdimat keçirilir və qonaqlara Azərbaycanın biomüxtəliflik nümunələri əsasında hazırlanmış qastroturizm məhsulları təqdim olunur.
"Slow food" dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)
İğdırda Alim Qasımovun konserti olacaq
Türkiyənin İğdır şəhərində Azərbaycanın Xalq artisti Alim Qasımovun konserti olacaq.
AzərTAC xəbər verir ki, tanınmış muğam ustası noyabrın 23-də İğdır şəhərindəki Kazım Karabekir İdman Kompleksində çıxış edəcək.
İğdır vilayətinin valiliyi və “İğdır” Fondu azərbaycanlı muğam ustasının konsertinin təşkilinə dəstək veriblər.
Təşkilatçılar bildiriblər ki, İğdır vilayətinin sakinləri və qonaqları üçün konsertə giriş pulsuz olacaq.
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)