Super User

Super User

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Həyatı musiqi notları ilə izah edərdim. Pianinoda hər not dəyişəndə barmaqlar da sanki ritmlə hərəkət edir. Həyat da belədir. Həyatmız müxtəlif anlarda müxtəlif ritmlərdə ola bilir. 

 

Həyat ritmlərimiz bəzən mənfi notlara da köklənir. Və keşməkeşli yollar bizi izləyir. Bu yollardan üzü ağ çıxıb daha da irəli baxmaq öz əlimizdədir. 

İnsan yaradılmışların ən alisidir. İnsan düşüncəlidir, hissiyatlıdır,nitqlidir. Ancaq bizə verilən bu mükafat qədər dəyərli xüsusiyyətlərin hansının qədrini bilirik ki??

Düşüncəmiz ola-ola düşüncəsiz davranırıq, ən hissiyatlı  olduğumuz halda qarşımızdakı insanlara qarşı insan kimi davranmırıq - ya onları insan kimi görmürük, ya da hissiyatmızı çoxdan itirmişik. Nitq də var bizdə, bəli. Ancaq nitqimizi cilovlaya da bilmirik. Qəlbimizin nümunəsi olan sözlərimizlə qəlb qırırıq, könül incidirik. Bəli, bu bizik. Bütün zənginliklərə sahib ola-ola kasıbıq.

Elə bu son hadisələrdə də biz bunu gördük. Bu təyyarə qəzasında dırnaqarası insanların neçə-neçə insanları ölümə məhkum etdiyinin şahidi olduq. Və başqa məsələlərin də şahidi olduq.  Hələ də insanlığın var olduğunu gördük. Ancaq bəzi rəyləri oxuyandan sonra insanlığa yad kimlərinsə cəmiyyəti necə zəhərlədiyini də gördüm və hamımız gördük. Sanki rəylərdə hamı pilot oldu, hamı bələdçi oldu. Hətta bəziləri şəhid sevən oldu... İndi soruşsaq ki, hansı şəhidlərin hansı abidəsini bilirsən, hansı məzarını ziyarət etmisən, susar...

Məncə də belə olmalıdı, susmalıdır. 

Amma tək bu mövzuda yox. Həm də başqalarının elm, siyasət, iqtisadiyyat, mədəniyyət sahəsinə aid olan mövzularına yersiz müdaxilə edəndə də beləkərini susmamağı özümüzə borc bilməliyik.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

Fariz Əhmədov, Naxçıvan Televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

25 dekabr da adi günlərdən biri ola bilərdi Azərbaycan vətəndaşlarının həyatında. Lakin elə olmadı. Azərbaycana məxsus təyyarəyə Qroznı səmasında Hava Hücumundan Müdafiə sistemləri ilə xəsarət yetirildi. Bununla da tamamlanmadı hadisələr…

 

Təyyarənin nə Qrzonı Hava Limanına, nə də o ərazidəki digər hava limanlarına enişinə şərait yaradılmadı. Nəticədə, təyyarə Xəzər dənizi üzərindən uzun məsafə qət edərək Azərbaycanın dost dediyi, qardaş adlandırdığı Qazaxıstanın Aktau Hava Limanına enmə təlimatı alsa da, iş işdən keçmişdi. Mənəm-mənəmlik və şəxsi ambisiyalar ucbatından bir təyyarədə səfərdə olan bir neçə ölkənin vətəndaşı qəza nəticəsində həyatını itirdi və xəsarət alanlar oldu. 

Bu hadisədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə yaranan komissiya Qazaxıstana yola düşdü, qəzanın və zərərçəkmişlərin vəziyyəti ilə elə yerindəcə tanışlıq oldu. Prezident isə Rusiya Federasiyasına MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə gedərkən elə havada dərhal geri dönmə tapşırığı verdi. Azərbaycan hava limanına çatar- çatmaz müşavirə keçirən Prezident məsələnin tam araşdırılaraq Azərbaycan və dünya ictimaiyyətinə həm komissiyanın işi, həm də cinayət işi ilə bağlı məlumat verilməyini tapşırdı.

Hadisələrin gedişi, istintaqın nəticələri, şahidlərin ifadələri, təyyarədəki izlər və qəza zamanı çəkilən kadrlar təyyarənin Qroznı üzərində HHM vasitələri ilə vurulduğunu təsdiqləyir. Məlumatlara görə, Qroznı şəhərinin ətrafı son zamanlar “Pantsir-S1” zenit-raket artilleriya kompleksi ilə gücləndirilib. Onda belə çıxır ki, ya bu kompleksin avtomat rejimi var, hədəfi seçir və məhv edir, ya da kompleksin heyəti təyyarəni dron hesab edərək səriştəsizlikdən atəş açıb.

Axı birinci dəfə deyil ki, Rusiya ərazisi dron hücumlarına məruz qalır. Bu hal baş verdikdə isə təyyarələr ya qəbul edilmir, ya da fərqli hava limanlarına yönləndirilir. Və yaxud hava məkanı tamamilə qapalı elan olunur. Ən azından aviasiyada “gözləmə” zonası deyilən bir anlayış var. Təyyarə qısa müddətliyinə o coğrafi nöqtəyə göndərilir ki, problem aradan qaldırılandan sonra yenidən hava limanına yönləndirilsin. 

Qroznı ən azından təyyarəni qəbul etməmişdisə, yönəldə bilərdi özündən 100-150 kilometr məsafə aralıqdan olan beynəlxalq hava limanlarına ki, orada ən azı 7-8 belə hava limanı mövcuddur. Qəza vəziyyətində olan təyyarəyə eniş icazəsi verməmək, ölümə göndərmək barbarlıqdır, vəhşilikdir. Bunların heç biri təmin olunmadığı halda ağla gələn yeganə sual bu olur ki, insanlar göz görə-görə ölümə göndərilib ki, atalar demişkən: “At izi it izinə qarışsın”.

Təyyarədə idarəetmə sisteminin mexaniki sıradan çıxma halı baş verdikdə, adətən, işçi maye axır. Və maye azaldıqca təyyarənin idarəetməsi çətinləşir. Bizim təyyarədə, təxminən, o vəziyyətdə 20-30 dəqiqə hərəkətinə davam edib. Bu da onu sübut edir ki, Azərbaycan pilotları nə qədər professional və peşəkardır. Düşünün ki, təyyarənin iki əsas hissəsi sıradan çıxır və pilotlar təyyarəni 30 dəqiqəyə yaxın havada saxlaya və quruya oturtmağı bacarır. 

 

Səmada həyat qurtaranlar

 

Təyyarədə çəkilən videolardan da aydın sezilir ki, stüardessa pilotun tapşırığına əsasən məlumat verir ki, 20 nəfər qabağa gəlsin. Bu o deməkdir ki, təyyarə idarəetməni itirdiyindən pilot son çarə olaraq içəridəki tarazlığı və müvazinəti qoruyaraq vaxtı uzatmağa çalışıb. Bunu AZAL təyyarəsində uçanlar, yəqin ki, az hiss etməyiblər. Bununla bərabər hər kəs, yəqin ki, Aktau şəhərində pilotlarımızın sonsuzluq simvolunun manevr etdiyini görməmiş olmaz. Hətta bununla bağlı sosial şəbəkələrdə çoxlu paylaşımlar da oldu. Əslində isə o pilotlar sonsuzluq simvolunun manevrini etmirdi. Onlar son anda belə təyyarəyə hücum olduğunu xəbər verirdi. Həmin simvol hücuma məruz qalan pilotlar tərəfindən edilən manevrin simvoludur. Bunu, əlbəttə ki, ölümü gözə alan Azərbaycan pilotları edə bilərdi. 

 

Gecikmiş etiraf nəyə işarədir?

 

Rusiya gecikmiş olsa da, baş vermiş hadisəni etiraf etdi. Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə, baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Biz bu üç gün ərzində Rusiyanın təyyarənin düşmə səbəblərini və izləri itirmə istiqamətində məqsədyönlü fəaliyyətini də gördük. Nə baş verdi ki, təyyarəyə raket zərbələri endirildi? Niyə mülki təyyarəmiz Rusiya tərəfindən vuruldu? Əlbəttə ki, bu bilə-bilə edilməyib, amma və lakin ondan sonrakı hadisələr təyyarə vurulacaq qədər təhlükəli oldu. 

Xatırlayırsınızsa, 44 günlük müharibənin son günlərində Rusiyanın döyüş vertolyotu heç bir işarə vermədən hərbi zonamıza daxil olduğu üçün vurulmuşdu. Amma bu qəza idi. Qəza nəticəsində belə şeylər olur. Prezident İlham Əliyev dərhal Rusiya Prezidentinə zəng edərək üzrxahlığını çatdırdı. Həmçinin araşdırmalar aparıldı, cinayət işi açılaraq kompensasiya ödənildi. Bəs onda Rusiya hansı səbəbə görə bizdən üzr istədi? Təyyarəni vurduğuna görə, yoxsa insanları bilə-bilə ölümə göndərdiyinə görə?

Bəli, biz də başa düşürük ki, Rusiya Azərbaycanın mülki təyyarəsini vurmaq istəməz. Lakin bu maddi və mənəvi ziyandan qaçınmağın yeganə yolu lazım olan şəraitin yaradılması və təyyarənin hava məkanına eniş etməsi idi. Etiraf yerinə isə məsələni ört-basdır etməyə daha meyilli olduqlarını gördük. Ay təyyarə quşlarla toqquşub, nə bilim qaz balonu partlayıb. Təyyarənin vəziyyəti, aparılan təhqiqatlar və şahidlərin ifadələri də göstərir ki, təyyarəyə raket hücumu olub. Rusiyanın bizə gecikmiş üzr etirafı o zaman öz səmimi təsdiqini tapar ki, o öz hava məkanında müştərək araşdırmaya icazə veməyə açıq ola. Amma Rusiya nə qədər bu araşdırmaya açıqdır… Onu zaman göstərəcək!

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə 2024-cü ildə son görüşümüzdə sizlərlə yenidən Əlizadə Nuridir.

 

Mən sənin adına şəhər salmışam,

İndi ad qoyuram küçələrinə.

 

-deyir şair. Sevgiyə bundan gözəl vəsfmi olar? 

 

Mən sənin adına şəhər salmışam

Ürəyim- şəhərin baş meydanıdı.

 

-həqiqətən də yenə hisslərə toxuyur. 

Xoş mütaliələr!

 

 

Mən sənin adına şəhər salmışam,

İndi ad qoyuram küçələrinə.

Oturub şəhəri tumarlayıram-

Saçını sərmisən gecələrinə...

 

Özünə dərd edib bizim şəhəri,

Bu xırda şəhərlər, bu tin-şəhərlər.

Mən sənin adına şəhər salmışam-

Qaçıb xəritədən bütün şəhərlər.

 

...Gəl, öz şəhərini göstərim sənə, 

Uzaqda deyil ki, könlüm yanıdı.

Mən sənin adına şəhər salmışam

Ürəyim- şəhərin baş meydanıdı.

 

...Tikdim ürəyimin sahillərində,

Qorxdum gözlərimdən keçə, yan keçə.

Qala qapısıyam mən bu şəhərin-

Təkcə sənin adın qapıdan keçər.

 

Tanrı bu şəhərə səni şah seçib,

Nə fərqi:- sarayı, ya taxtı olsun.

Bir şəhər salmışam sənin adına 

Saldım ki, eşqin də paytaxtı oslun!

 

...Qapını gün açar, pəncərəni ay,

Bir yanı gündüzdü, bir yanı axşam.

Nə olsun, dünyanı verə bilmədim

Sənə "Sevgi" adlı şəhər salmışam...

 

Girib bu şəhəri gəzirəm hərdən,

Çıxmaq istəyəndə kimsə "qal" deyir.

Sənə dünya boyda şəhər salmışam-

Gör sənə bu "şəhər" darısqal deyil?!

 

“Ədəbiyyat və incəsənət”

(29.12. 2024)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

Unuda-unuda xatırlayırıq bizə “yadımdan heç vaxt çıxmayacaqsan” deyənləri.  Gülə bilirik adlarını çəkincə... Hə, gülürük. Dərd o gülüşün bətnindəkilərdir. Bəzəndiyimiz  baxışlar qədər xoşbəxtik, bəyəndiyimiz kişi (kişilər də qadın) qədər zənginik.  Susduğumuz çox yerdə bir ümid var daxilimizdə: “Vaxt gələr, anlayar...”  O vaxt isə gəlmir. Ya da gəlir, sadəcə, biz artıq onu gözləmirik...

           

            ***

            Narıngül Nadir Bakıya deyir: “Könlü vağzal şəhərim...”  Nə gözəl oxşamadır bir şəhərçün!  Narıngül Nadirin nəsri də gözəldir. “Çilli qız” kitabına Narıngül xanım son illərdə qələmə aldığı povesti, hekayələri yığıb.  

            Kitabla eyniadlı povestdəki çilli qız hamımızın tanışıdır. Ola bilər ki,  bizim-sənin, mənim, onun tanışının üzündə çil olmasın, amma  o həyat hekayəsi eynidir. Kənddən çıxan, böyük şəhərdə aldanan, sonra da həyatını davam etdirməyə məcbur olan o qız...

            Narıngül xanım  qəhrəmanınına bərk yüyürməyi qıymır sanki, istəyir, onun ayağına daş dəyməsin. Mətn həyatı olduğu kimi anlatmaq missiyasına sadiqdirsə, müəllifin obrazının üstündə ürək əsdirməsi boşunadır bəzən... Məhz bu məqamda müəllif elə böyük xəyal qırıqlığına uğrayır ki!   Və mətn yazıçı zehnini öz arxasınca çəkib aparır, onun xatirələrinin içindən də özünə lazım olanı seçib ayırır.  Hərdən o seçilən xatirələrin də hamısı  qoyulmur oxucunun qarşısına... Yenə deyirəm, ixtiyar sahibi əlahəzrət mətndir!

            Bakını şeirində oxşayan Narıngül Nadir bu şəhər ilə qəhrəmanının arasındakı körpünün gözəgörünməzliyini  belə anladır: “...Xeyli çətinlikdən, çabalamadan, əziyyətdən sonra artıq qaçıb gəlmişdi, amma deyəsən, indi də bu şəhər ona yiyə durmaq istəmirdi”.  Hə, yiyəsizlik...   Kəndlər şəhərə baxanda öz münasibətlərini açıqlamaqda  daha səxavətli, daha səmimidirlər. Kimi qoynunda barındırmaq istəmirsə,  ən birinci, adına  ayama qoşur, sonra yavaş-yavaş evinin damında yuva quran quşları perik salır, quzusunun otladığı alalıqda ala bitirmir, çəpərinin aşağısından axan su sızqasını qurudur. Beləcə,   insan anlayır ki, daha bu kənd onun yeri deyil... Şəhər isə... Şəhərlər, xüsusilə, Bakı bir insana nəyisə anlatmağa heç bu vaxtın onda birini də ayırmır.   Heç eyninə də almır ki, insanlar onun yadlığının fərqindədirlər, ya yox...  Bakı heç kimin yiyəsi deyil, hamının “bəlkə nəsə olar” deyə üz tutduğu yerdir.  Beləcə, hamı Bakıya “ayaq ilişdirir”. Hamının bir ayağı da qaçaraqdır-üzü geriyə, gəldiyi yerə...   Hər bayramda, hər qeyri-iş günündə  rayona, kəndə qaçmaq istəyinin kökündə doğmalarla görüşmək durmur, Bakıya naz atmaq durur ki: “Bax, görürsən, üzümə baxmırsan, heç baxma, gedəsi yerim var!”  Öz içində bu yekələnməklə ovunur  özü Bakıda, doğmaları rayonda olanlar.  Ovunmağı da üçcə gün çəkir, dördüncü gün anlayır ki, onun nazı da heç Bakının eyninə deyil...

            Və belə bir vaxtda, belə bir amansızlığın qoynuna üz tutmuşdu Narıngül Nadirin qəhrəmanı olan çilli qız.  Xəyallarının ardına düşüb gəlib çıxmışdı Bakıya... Və qalmışdı, sözün əsl mənasında, ortalıqda... “Özünə acıdı: göydə uçan xəyalları, uzaqdan-uzağa tanıdığı rəssama olan eşqi, rəngli illüziyaları gör onu nə günə salmışdı”.  İnsana “düşün” deyənlər çox olur. Bəs onlar- o deyənlər haradan bilir düşünməyin vacibliyini? Hə, onlar da düşünməyə-düşünməyə  özlərini atıblar bəxt quşunun qanadından.  Özü də, bəxtəbəxt-hara düşərəm, düşərəm...

            “Sanki dili yoxdu, yaxud da içində elə bir yorğunluq vardı ki, danışmağa ərinirdi”. Narıngül xanım bu cümləni yol gedəndə, bir avtobus pəncərəsindən eşiyə  baxanda,  yarpaqlarını toz basmış balaca tut ağacının yanından keçəndə öz-özünə o qədər təkrar edib ki.  Mətn bu cümləni çəkib onun dilindən alıb. Narıngül xanım da ürəklə verib bu cümləni mətnə. Ürəklə və ümidlə... Ki, bəlkə daha bu cümlə dilindən düşə. Amma yox... Əksinə olub hər şey. İndi Narıngül xanım bu cümləni  maşın səsindən eymənməyən quşlara,  marketlərin qapısı ağzında adamların ayaqları altına təpilən pişiklərə də deyir. Özü də, ürəyində...

            Yuxumuzu söyləməyə çəkindiyimiz adamlar bizi tənha elədi. Yuxumuzu yozmağa cəhd edənlər bizi yuxulardan qorxar elədi.  Təkcə yuxu gördürənlər bizi atmadı-özləri gəlməsələr də, xatirələrini  göndərdilər yuxumuza... Biz orada ağladıq, üzüldük,  gülümsədik... Hə, Narıngül xanım düz deyir: “...insanı xoşbəxt etməyə bir yuxu da kifayət imiş”.  Və biz bunu əzəlindən anlamışıq. Əzəlindən anlaşılan hər şey mənasızlaşır zamanla...

           

            ***

            Artur Konan Doyl... Dünyanın ən çox oxunan detektiv hekayələrinin müəllifidir, hə. Mənimçünsə, “Qara şatonun kontu”nu yazmaqdan mədəd uman kədərli atadır o... Oğlunu itirəndən sonra ruha inanan, ruhu araşdıran, pərilərin, cırtdanların, bizimlə birgə bu dünyada yaşayan gözəgörünməz varlıqların mövcudluğuna inanmağı seçən kədərli ata... İnanc seçimdir yaşananların qırılma nöqtəsindən sonra. Fikrimcə, Ser Artur ruhlara inanmağı  ona görə seçmişdi ki,  o qırılma nöqtəsindən-oğlunun ölümündən sonra yaşaya bilsin.  Oğlunun ruhunun  diriliyinə inanaraq öz ruhunu diri saxlaya bilirdi... 

            Ser Arturu, onun ruhlar aləmiylə bağlı qeydlərini də xatırlamağıma Narıngül xanımın povestindəki bir cümlə səbəb oldu: “İnsanın əsas ruhudur. Onu diri saxlaya bilməsən, elə hesab et ki, ölmüsən”.  Dünyanın ətəyindən yapışmaq üçün nədənsə güc almalıyıq də! Buna haqqımız çatır. O güc mütləq ki, keçmişdən qaynaqlanır.

            Keçmişimizi tanımağa çalışsaq, gələcəyimizi daha rahat qarşılayarıq.  Narıngül xanım “gələcək yeddibaşlı əjdaha kimidir”  deyəndə o qədər haqlıdır ki! Nağıllarda yeddibaşlı əjdahanın öldürülmə prosesini xatırlayırsınızmı?  Gələcəklə bağlı ehtimallar da eynən elədir: “yox, o ehtimal olmaz” deyə birinin üstündən xətt çəkirsən, yerində yeddi ehtimal  peyda olur.   Bizə burada lazım olur psixoloji sehir-gələcəyi yaşamaq cəsarəti.  Beləcə, bir də baxırıq ki,  nə vaxtsa “gələcək” dediyimizin altı başı “ölüb”-keçmişdə qalıb. Bir başla da baş etməyə nə var ki?!

            Heç küçədən muncuq tapmısınızmı? Ay... Üzr istəyirəm, indiki insanlar üçün muncuğun sehri qalıb ki?!

Qərbi Azərbaycanda Muncuqlu gölümüz var imiş. İnsanlar nəzir deyər, o gölə ovuc-ovuc muncuq atarmışlar. Nənəm söyləmişdi.    İndi xatırlayıram, qəribimə gəlir, uşaqkən o balaca kənd yollarında o qədər muncuq tapırdıq ki...  O muncuqları   bir yerə toplayar, ovuc dolusu olanda, qaytarıb gölməçələrin kənarına səpərdik. Qoy başqası da muncuq tapıb sevinsin  deyə... Beləcə, bir-birimizin xoşbəxtliyinə səbəb olurduq.  İnsan insana  həmişə gərəkdir.  Dövr bizə “sən heç kimə lazım deyilsən” desə də, üzümüzə gülüb üzü oyana düşən kimi,  üzümüzü unudanlar çoxalsa da, insan insana gərəkdir. Bilmədən, görmədən, anlamadan kiminsə üzünün təbəssümü ola bilirik axı... Mütləq oluruq! Rəşad Məcid demiş, “hələ tanımadığımız nə qədər gözəl insan var!”

Narıngül xanım isə bu gərəkliliyi ağacın mamırlı tərəfindən göstərir oxucuya: “Tanrı ən bəxtsiz adamları da hansısa bədbəxtə kömək etməkçün yaradıbmış”. Və ağacın mamırlı tərəfinin şimalı göstərdiyini bilənlər meşədə azmırlar.   Narıngül Nadir ona görə oxucuya mamırlı tərəfi anladır ki, sonrasında öz yolunu tapa bilsin həyat dolaşığında-qayğı sarmaşıqlarının, duyğu cəngəlliyinin arasında... Sözünə baxmayan oxucu olacaq, təbii.  Bu dəfə, Narıngül xanım susacaq... Daha onun oxucuya  nəyisə izah etməyinə ehtiyac yoxdur. Mətn özü bağırır:“Amansız imiş həyat. Məqam düşən kimi insanın yarasını qoparmağa çalışır”.

            “Yaşadığımız həyat istəsək də, istəməsək də, təkrarlardan ibarətdir. Şəklini itirmiş, formasını dəyişmiş təkrarlardan...”  Narıngül xanım belə yazıb povestində. Mənsə, bunu başqa cür oxudum: “Hörmətli oxucular! Müvəqqəti təsəlliyə görə bağışlamasanız da olar!”

           

            ***

            Oxuduğumuz hər əsər müvəqqəti təsəllimizdir.   Nə qədər ki, o mətnin  içindəyik, qopuruq reallığın dərkedilməyinin əzabından...   Müvəqqətilik də elə tələsə-tələsə  çəkilir ha daimiliyin yolu üstündən! Hərdən  yeləni sökülmüş, gülü bozarmış bir cib dəsmalı olmaq keçir könlümdən... Məhz bu məqamda özümlə qürur duymağa səbəb tapıram: hələ də cib dəsmalı işlədən  bir ovuc insandan biriyəm! 

            Və sonra üzümə durur birdəfəlik kağız dəsmallar: “Unutmağı bacarmaq da hünərdir axı!” Və sonra öz-özümə bir daha təkrarlayıram: “Unuda-unuda xatırlayırıq bizə “yadımdan heç vaxt çıxmayacaqsan” deyənləri...”

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Elə ünvanlar var ki, öz rahatlığı, hüzuru ilə gələnlərin yaddaşında qalır. Beynəlxalq Muğam Mərkəzi də belə ünvandır. Burada tək musiqi dinlənilmir, mədəniyyətə aid ən müxtəlif tədbirlərə bu gözəl məkan evsahibliyi edir. 

 

2008-ci il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli Parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin (BMM) 16 yaşı da tamam oldu. 

Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəzdə ötən müddət ərzində bir sıra mühüm layihələr reallaşdırılıb, saysız-hesabsız konsertlər keçirilib, korifey sənətkarlarımızın yubileyləri təşkil olunub. BMM-in böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsi çərçivəsində silsilə konsertlər keçirilir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla izlənilir.

Gəlin bir daha altını cızaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva muğam sənətimizi dünyanın ən nüfuzlu konsert salonlarına çıxartdı, bu sənəti təkcə Azərbaycanın deyil, dünyanınkı etdi. Onun fədakar fəaliyyəti, milli dəyərlərimizə sonsuz sevgi və qayğısı Azərbaycan muğamını UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil etdi.

Azərbaycanın birinci xanımı illər əvvəl “Azərbaycan-İrs” jurnalında dərc olunmuş “Qarabağ muğamı” adlı məqaləsində bu mədəniyyət xəzinəsinin sirlərini, mətləblərini belə təsvir etmişdi: “Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı, mütəxəssislərin rəyinə görə, Şərq intibahı çağında özünün çiçəklənmə dövrünü yaşamışdır. Sonrakı dövrlər bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə bilməmişdir.

Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət aləmi kimi bütün varlığı ilə yaşamaqdadır. Burada sənətin ənənə ilə qəti olaraq müəyyən edilmiş normaları və yaradıcılıq prosesindəki improvizasiya imkanları heyrətamiz bir vəhdət, ahəngdarlıq təşkil edir”.

Azərbaycan xalqının min illərlə formalaşan tükənməz xəzinəsi olan muğamlarımızı yaşadan, təbliğ edən bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır.

Bəli, Beynəlxalq Muğam Mərkəzi istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə, inkişafına öz töhfəsini verməkdədir.

160-nı gələcək nəsillər üçün ərməğan etsin bu gözəl ünvan.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Yarpaq dolmasının hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR

 § Qoyun əti (yumşaq tikə) – 117 qr

§ Quyruq – 20 qr

§ Soğan – 17 qr

§ Üzüm yarpağı (təzə və ya

duza qoyulmuş) – 41 qr

§ Yumru düyü – 20 qr

§ Keşniş – 8 qr

§ Şüyüd – 8 qr

§ Reyhan qurusu – 3 qr

§ Kərə yağı – 25 qr

§ Sarıkök – 0,1 qr

§ Darçın – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ qatıq – 30 qr, nanə – 3 qr, mərzə – 3 qr, reyhan qurusu – 3 q

 

HAZIRLANMASI:

Yumşaq qoyun əti, quyruq və so- ğan ət maşınından keçirilir, qiymə hazırlanır. Üzərinə duz, istiot, ədviy- yat, xırda doğranmış göyərti, təmiz- lənmiş, yuyulmuş düyü vurulur və yaxşıca qarışdırılır. Təzə yarpaq duz- lu, qaynar suda pörtlədilir. Saplaqları təmizlənir. Əgər yarpaq duza qoyul- muşdursa, duzsuz suda pörtlədilib təmizlənir. Sonra hər yarpağa 18-20 qr olmaqla qiymə qoyulub bükülür. Qazana düzülür. Qazanın dibinə da- yaz bir boşqab qoyulur və dolmalar onun üstündə düzülür. Düzdükdən sonra üzərinə bir boşqab qoyulur. Su əlavə olunaraq, odun üzərinə qoyulur. Qaynayandan sonra vam oda qoyulur. 1 saat-1 saat 20 dəqiqə ərzində bişir. Bişənə yaxın kərə yağı əlavə olunur. Süfrəyə verəndə yanında qatıq, nanə, mərzə, reyhan qurusu qoyulur.

Tərifə Kəngərlinskaya (İrəvan şəhəri) eyni nüsxədə içlik üçün ət, soğan, düyü istifadə etmiş, keşniş, şüyüd və reyhan qurusu əvəzinə ağ reyhan və mərzə əlavə etmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

Azərbaycan Dövlət Kukla Teatrı “Şaxta baba haradadır?” tamaşasının premyerası ilə həssas qruplardan olan uşaqları sevindirib.

 

Teatrın mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, ənənəyə sadiq qalan sənət ocağının builki premyerasının da ilk qonaqları Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əlilliyi olan uşaqlar olublar.

 

Onlar əvvəlcə kuklaçıların Müstəqil “Oyuq” Uşaq Teatrı yetirmələri ilə birgə tamaşaya baxıblar, ardınca bayram hədiyyələrini alıblar.

 

Qeyd edək ki, birhissəli uşaq tamaşasını səhnələşdirən və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir. Tamaşada personajları (kukla və canlı plan olmaqla) teatrın aktyorları Aygül Ağayeva, Səriyyə Mansurova, Cavid Telman, Elnur Xəlilov, Araz Həsənli, Elxan İsmayılov, Könül Nəsibova, Vüqar İsmayılov, Səbinə Məmmədova və digərləri canlandırırlar.

 

Musiqi tərtibatlı tamaşanın əsas ideyası uşaqları nağıllar aləminə aparmaqla onların bu sehr dolu dünya ilə təmasına nail olmaqdır.

 

Səhnə əsərində cərəyan edən hadisələr ümumilikdə əyləncəli məzmun kəsb etsə də, burada əsas mahiyyət balaca tamaşaçılara xeyirxahlıq, dürüstlük, özünə inam və ətrafa sevgi aşılamaqla onları bəd əməllərdən, pislik və paxıllıqdan uzaq saxlamaqdır.

 

Birsaatlıq səhnə işində milli və dünya klassik nağıl qəhrəmanları, az qala hamımıza tanış personajlar bir səhnədə toplaşaraq şənliyə gedərkən yolunu itirib sıx meşənin dərinliklərində azan Şaxta babanı axtaracaqlar. Arabir bu işə tamaşaçıları da sövq edəcəklər.

 

Macəra dolu tamaşa yanvarın 5-dək hər gün dörd seans nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə tanınmış yazıçı, “Vicdan susanda” romanı ilə tarixə düşən Vidadi Babanlının şeirləri  təqdim edilir. 

 

Şeir nədir?

 

Şeir mənim ürəyimin qanıdır,

Qansız ürək yaşayarmı dünyada?!

Şeir məni el-obada tanıdır,

Necə verim bu şöhrəti mən bada!?

 

O, paklığın saf arzular dilidir,

Tanrı çalan rübab dinir o dildə.

Haqq səsinin o bəmidir, zilidir,

Neçə-neçə qəlb isinir o dildə.

 

Hər nəğməsi amalıdı ellərin,

Şah pərdəsi Koroğlunun cəngidir.

Sözlərinə ətri hopub güllərin,

Misraları əlvan çiçək rəngidir.

 

Ulu Tanrım, rəhmin gəlsin bəndənə,

İmdad elə, ilham pərim küsməsin.

Göstərməsin tərs üzünü o mənə,

Qoy təbimə xəzan yeli əsməsin.

 

Şeir mənim ürəyimin qanıdır,

Qansız ürək yaşayarmı dünyada?!

Şeir məni el-obada tanıdır,

Necə verim bu şöhrəti mən bada!?

 

Muğayat olun!

 

Uymayın, cavanlar, şər əməllərə,

Namusdan-qeyrətdən muğayat olun.

Ər oğlu ərlərin varisləriyik,

Şərəfdən-şöhrətdən muğayat olun!

 

Biz salam vermişik, salam almışıq,

Qayğı göstərmişik, qeydə qalmışıq.

Zülmət beyinlərə ziya salmışıq,

O ali sərvətdən muğayat olun!

 

Kişilər tanınıb təmiz ad ilə,

Əsil-nəcabətlə, yaxşı zat ilə.

Ağılla, idrakla, etiqad ilə

Keçmişə hörmətdən muğayat olun!

 

Mərdlik babalardan əziz mirasdı,

O bizə məxsusdu, o bizə xasdı.

Xalqım ibtidadan qədirşünasdı,

İnsafdan-mürvətdən muğayat olun!

 

Millətim mətindi, sözün doğrusu,

Bir əlində oddu, bir əlində su.

Ürək güvəsidi vicdan ağrısı,

Saflığa rəğbətdən muğayat olun!

 

Babanlıyam, dözüm məziyyətimdi,

Düzlük, əyilməzlik əziyyətimdi.

Eşidin, bu sizə vəsiyyətimdi,

Mehri-məhəbbətdən muğayat olun!

 

İndi qanmışam

 

Bu sərsəm dünyadan baş açmadım heç,

İlahi, necə də mən nadanmışam!

Əqidə uğrunda, məslək yolunda

Ocağa qalanıb, oda yanmışam.

 

Bir kövrək rübabın bəm səsiyəm mən,

Haqqı ölənədək sevəsiyəm mən.

Böyük Füzulinin nəvəsiyəm mən,

Sitəm nəhrəsində çalxalanmışam.

 

Atəşli qəlbimdə qaynayır qanım,

Yaman gözdən iraq, babatdı canım.

Nə söz söykəyim var, nə də həyanım,

Qələmə, ilhama arxalanmışam.

 

Dövran bəyənmədi iti dilimi,

Vaxt oldu çırpdılar hey mitilimi.

Ucuz  söhbətlərdən üzüb əlimi,

Mənliyi hər şeydən uca sanmışam.

 

Haldan-hala düşür ovqatım müdam,

Gah çiçəkli yazam, gah qarlı qışam.

Özüm də özümə heyran qalmışam,

Nə qədər dözümlü bir insanmışam?!

 

Babanlıyam, qüssə saldım ürəyə,

Durdum dərdlər ilə kürək-kürəyə.

Ömrün doxsanını verib küləyə,

Həyatın dadını indi qanmışam.

 

Ana qəbri

 

Qarşımda köhnəcə, misgin bir məzar,

Oxunmur tarixi, bilinmir yaşı.

Yanına nə gələn, nə də gedən var,

Əyilib, kiçilib çopur başdaşı.

 

Durmuşam önündə dili-ağzı lal,

Donub, buz bağlayıb gözümdə yaş da.

Cınqır çəkməyə də yox məndə bir hal,

Qalıb nə huş başda, nə ağıl başda.

 

Əzizdir bu qəbir mənə, çox əziz,

Burda uyqudadır nakam bir gəlin.

Sızlayan qəlbimi qınamayın siz,

O mənim doğmaca anamdır, bilin!

 

Onun gül üzünü örtəndə torpaq,

Hələ dil açmamış körpə olmuşam.

Vayım-şivənimlə bağır yararaq

Qohumlar qəlbində qəlpə olmuşam.

 

Adını qızıma qoydum ki, bəlkə

İsti nəfəsini evimdə duyum.

Uşaq xülyasına uydum ki, bəlkə

Analıq mehrini mən indi duyum.

 

Amma illər ötdü... Məzarı üstə

Seyrəldi günbəgün gəliş-gedişim.

Gah "vaxtım" çatmadı, gah düşdüm "xəstə",

Heç düz sarımayıb əzəldən işim...

 

Baxıram ətrafa, gözüm dağlanır,

Türbələr görürəm min cah-cəlallı.

Ürəyim içimdə od tutub yanır,

Bircə bu qəbirdir belə zavallı.

 

Müdam üz-üzədir qarla-yağışla,

Bəzən qamçılayır külək də onu.

Bağışla, mümkünsə, ana, bağışla,

Cibi boş, dərdi çox şair oğlunu.

 

Qocalmağa tələsməyin

 

Bu zalım qocalıq ah, nə yamanmış!

Ağarıb saç-saqqal, qırışıb üz də.

Dağ başına qonmuş qatı dumanmış,

Can düşüb taqətdən, tor görür göz də.

 

Hey göynəyir sinə, töyşüyür ürək,

Qılçalar ərinir addım atmağa.

Küt-küt ağrılardan qovuşur kürək,

Böyrək sancıları qoymur yatmağa.

 

Tapır azar səni, bilmirsən hardan,

Ödü, dalağı da salıb kəməndə.

Qulaqlar bezardı ofultulardan,

Yoxdur bir sağlam yer yazıq bədəndə.

 

Ömür güvəsidi əsib-coşmalar,

Qocaldıb insanı tez salır əldən.

Xəcalət gətirir həddi aşmalar,

Hanı xeyir görən zəhərli dildən?!

 

Eşidin, cavanlar, əzmli olun,

Qovun özünüzdən hirsi, acığı.

İradəli olun, dözümlü olun,

Dostu  düşmən edir qəzəb qıcığı.

 

Vaxtsız qocalmağa tələsməyin siz,

O, dop-dolu dərd-qəm dağarcığıdı.

Sizə ünvanlanmış bu ərzim, şəksiz

Açıq etirafın ən açığıdı.

 

Dünya neyləsin?

 

Asırıq, kəsirik bu dünyanı biz,

Min qara yaxırıq, dünya neyləsin?

Başımız çəkəni qaxınc eyləyib

Başına qaxırıq, dünya neyləsin?

 

Gah olur, dönürük qızmış bir nərə,

Qan örtmüş gözümüz görmür dağ-dərə.

Gah da çevrilirik müti nökərə,

Sutək lal axırıq, dünya neyləsin?

 

Yaman hala saldı bizi bu gərdiş,

Pis-pis əməllərə eylədik vərdiş.

Üzərdə canhacan, ilk sözü "dərdiş",

Əslində, paxılıq, dünya neyləsin?

 

Meylimiz al-verə qonandan bəri

Çəkidə çəkirik hər xeyir-şəri.

Şirin arzuları, xoş diləkləri

Daşlara çaxırıq, dünya neyləsin?

 

Babanlı düz deyər, haqqı itirməz,

Tanrı taqsırsıza xətər yetirməz.

His-pası silinməz, qalay götürməz,

Biz qəlbi paxırıq, dünya neyləsin?

 

Çağır, gəlim!

 

Umu-küsü üzdü bizi,

İpə-sapa düzdü bizi,

Qubarlatdı qəlbimizi,

İnsaf elə, a sevgilim,

Çağır məni, çağır, gəlim!

 

Aralığa pəl qatdılar,

Sənə-mənə şər atdılar,

Eşqimizi alçaltdılar,

Fitnə-fəsad mən nə bilim?

Çağır məni, çağır, gəlim!

 

Daha yoxdur canda dözüm,

Yollarında qalıb gözüm,

Öz evimi yıxdım özüm,

Dilim olsun dilim-dilim,

Çağır məni, çağır, gəlim!

 

Dağ döşünə qırov düşüb,

Könlüm qəmə girov düşüb,

Kəməndinə bir ov düşüb -

İtirmə sən ilim-ilim,

Çağır məni, çağır, gəlim!

 

Ayrılığın bitir ayı,

Küsüşmüşük biz havayı,

Yarım yox səndən savayı,

Darıxmışam, vallah, gülüm,

Çağır məni, çağır, gəlim!

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

Dr. Hüseyn Şərqidərəcək Soytürk - “Ədəbiyyat və incəsənət” üçün

 

 

Şərq aləminin böyük dahisi və düşünürü (mütəfəkkiri) böyük Şah İsmayıl Xətai qoca doğu dünyasının yetişdirdiyi nadir və hikmətli söz adamı və dövlət qurucusudur. Bu böyük varlıq həm də Azərbaycan türk insanıdır. 

 

Onun dühası, iradə və cəsarəti hərbi, siyasi və ədəbi bacarığı özündən yüz illər sonra da yeni-yen ruhların yetişməsində dərin iz və etgi (təsir) buraxmışdır.

Yurdumuzun belə böyük düşünür dühalarının yetişdirməsi dünya və insanlıq naminə böyük şərəf və qürur mənbəyidir. Bizim olan böyük şəxsiyyət dünya insanlarına mənəvi zənginliyi və yuksəlişi, həm də fəlsəfi-ideoloji açısından təsir etmişdir. Hətta, onların çıxış yollarına çevrilərək gələcəyə işıq tutmuşdur. Şərq və islam mədənəiyyətini dərindən mənimsəyən Şah İsmayıl həm də bir hökmdr kimi türk-islam aləsminin psixoloji yönlərini köklü şəkildə öyrənib bilmiş və dəyişdirmşdir.

Ümumiyyətlə, Şah İsmayıl dövrün türk təfəkkürünün ərsəyə gətirdiyi cahanşümul şəxsiyyətlərdəndir. Ona görə ki:

1. türk dilinin (azərbaycan türkcəsinin) ədəbi dil və sonra də dövlət dili səviyyəsində status qazanmasının səbəblarıdır;

2. ideoloji memardır, ona görə ki, islam dininin şiə formasını fəlsəfi və elmi şəkildə demək olar ki, ərəb islam mədəniyyətindən fərqli oalraq yerli milli islam – azərbaycan mədəniyyətinin banisidir. Bu yenilik bizlərə sadə görünə bilər. Ancaq tarixin o dövründə ərəbçilik fikir istilasından qurtuluş yolu kimi məhz tarixi-ideoloji yenilikdir. Şah İsmayıl isə bunun hamisi və banisidir. Eləcə də bu əsasda o qurduğu dövləti ərəb islam fikir sültəsi ilə yoz, azərbaycan-islam yöntəmi ilə idarə etmişdir. Buna qızılbaşlar deyilir;

3. o qurucu və cəsurdur, ona görə ki, dövlət və dövlət silsiləsinin qurucusu və banisidir. Böyük Səfəvilər dövlətinin yaracıcısıdır. Cəsur sərkərdə və şahdır. Həm də əcdadının illər boyu birikdirdiyi fikir dağarcığının sözün əsil mənasında qurduğu dövlət vasitəsilə həyata keçirməsidir. İdeolojini siyasətə, siyasəti dövlətçiliyə xidmət kimi istifadə etməyi bacarmışdır. Zira, ideolojisi olmayan dövlət zamanın sürə hökmünə məhkumdur. Ancaq ideolojisi olan dövlət və dövlətçilik tarixi məğlubiyyətə uğrasa da yenidən cücərib rüşt etməyi bacarır;

4. o, sufi xaqan, hakim olaraq həm də şairdir, yəni, söz insanıdır. Dilimizin təməlini sarsılmaz bünövrələrlə möhkəmləndirmiş və onun rüşt və nümuvvuna xidmət etmişdir. «Dəhnamə» və «Nəsihətnamə» kimi əsərləri ilə ədəbiyyatımızı zənginləşdirmişdir;

5. Şah İsmayıl bir insandır. Əlbəttə ki, onun səhvləri də olmuşdur. Ancaq onun bu səhvləri də yenə xarici amillərin təsiri ilə baş vermiş ola bilər. 

Bütün müsbət yönlü işləri ilə yanaşı Çaldıran savaşı onun tarixi səhvi olaraq, həm də onun şəxsiyyətini, eləcə də qurduğu dövləti dərindən sarsıtmışdır. Nəhayətdə onun qurduğu milli dövlət bu sürəcdən sonra başqa bir xalqın dövlətinə çevrilərək azərbaycan dövlətçilik statusunu itirmiş oldu. bu səbəbdən savaş və müharibənin də yaranma dəlilləri açıq-aydın ortadadır. Şah İsmayılın savaş məsələsinə bir şah və hakim kimi girişi ilk növbədə onun türklüyə və türk birliyinə vurduğu zərbə kimi başa düşmək olar. Çünki o bir şah və ya sultan kimi bu savaşa girməyə bilərdi. Ancaq digər tərəfdən türkün (azərbaycan) qədim düşmənlərindən olan tacik, pars amili və bu amilin Səfəvi sarayında şahın dizinin dibində olması göstərir ki, ilk növbədə bu faktor savaşın yaranmasında önəmli səbəbdir. Ona görə ki, fars dövlətçiliyi ərəb və türklükdən aldığı yaralarını bu yaralarını bu əməlliri ilə bir az da olsa sakitləşdirməyə cəhd etmişdirlər. İkinci amil sünni islamdan imtina və şiə məzhəbinə keçmək, bu da pars və tacik ünsürünün ərəblərdən islam vasitəsilə aldığı böyük dağıdıcı zərbənin tərafisi kimi tələqqi edilə bilər. Pars faktoru həmişə ərəb, yaxud islamın onlara istila yolu ilə diktə edilməsini qeyd edir. ancaq, İran ərazisində türk ünsürünün mövcudiyyəti islamın yayılmasına yaşıl işıq olaraq zəmin yaradır. Səfəvi dövləti bu yöndə həm türk amili olaraq, həm də pars faktorunun işinə yarayan dəyişik islam formasını bir fürsət kimi qarşılamışdır. Zirə, ondan öncə də parsların türk dövlətlərində belə bir hərəkətin həyata keçirilməsinə çabaları olmuşdur. Ancaq türk hakimiyyətlərinin dinə və islama təməl əsaslarla bağlı olduqlarından bu mümkün olmamışdır. Üçüncü amil isə xarici amildir. Avropanın Osmanlı türk imperiyası ilə olan düşmənçilik səbəbi bunun əsasında dayanır. Türklərin qarşısında aciz qalan avropalılar çıxış yolunu müsəlman dünyasında digər etnik (ya da milli) mənsubiyyətli xalqları türklərdən qoparmaq siyasəti həyata keçirmişdir. Səfəvi və Osmanlı iki türk imperiyası olsa da ilk növbədə onların arasında coğrafi və siyasi sərhəd yarada bilməyən xristian aləmi ən incə yollarla məzhəb ayrışmasına yol açmışlar. Sonra isə sözdə islamı qəbul edib, ruhlarında isə ərəb islam qalibiyyətini həzm edə bilməyən fars amilinin  əli ilə Avropa amili ortaq düşmən deyə ortaq məxrəcə gələrək Osmanlı türklərinə arxadan zərbə endirərək onu zəiflədib, eləcə də məqsədlərinə nail olmaqdır. Bunu da Çaldıranda qardaş savaşı ilə bacarmış olan uzaq xarici amil, yəni avropa (xristian dünyası) və yaxın daxili (Səfəvi dövlətinin içində) olan fars amili ki, ərəb istilası və islamiyyətini sevməyən şovinist köhnəpərəst farsizm demək olar ki, tarixi başarıya imza atmış və o gündən sonra türklərin bir-birlərindən din və dil fərqlənməsi geqiş vüsət almışdır. Beləcə də Orta Asiya ilə torpaq birliyi bağlılığı qopmuş olan Anadolu türkü, Anadolu Orta Asiya ilə ərazi yapışıqlığını siyasi də olsa itiomiş olmuşdur. Çaldıran savaşından sonra Səfəvi dövləti Azərbaycan dövlətçiliyindən çıxaraq İsfana intiqal etmiş və fars dövlətçiliyinə qulluq edərək  və sadəcə türk ünsünlərini dildə və memarlıqda qoruyub saxlamaqla qənaətlənmişlər. Coğrafi bütövlüyü olaraq Orta Asiyadan gələn İran fəlatından yol edərək Avropaya uzanan türk varlığı İranın orta (mərkəzi ərazilərində) bütövlüyü qırılaraq məsafə açmağa başlamışdır. Min illərlə ərazi birliyini və bütövlüyünü təmin edən türk ünsürünün birdən-birə Çaldıran savaşında ata yurdu ilə ana yurdu arasında qopma və qırılma əmələ gəlmişdir və bu siyasət planını türkün əzəli və əbədi düşmənləri çox ustalıqla bacarmış və və həyata keçirmiş olurlur. Ondan  sonra Avropa amili Osmanlı türk imperiyasında müxtəlif xalqları təhrik edərək  onu parçalamış, hər yüz ildən bir bir qədər türklərin ərazi bütövlüyünü qırmağa müvəffəq olmuşdur. Birinci Dünya savaşından sonra da Azərbaycan türkləri ilə Anadolu türkləri arasında bəzi süni dövlətlərin yaradılması ilə (Gürcü və Erməni kimi) qondarma dövlətlərlə bölməyi bacarmışlar. Daha irəliyə baxsaq, görərik ki, Çaldıran savaşı siyasəti hələ də davam etməkdədir. Ona görə ki, Avropa amili əgər güney Azərbaycan xalqına öz müqəddəratını təyin etmək hüququnu tanımırsa, lakin bir neçə min erməniyə işğal edilmiş Qarabağda öz məqəddəratını təyin etmək hüququnu tanıyırsa və bununla yanaşı kürdlərin bu qədər can atırsa, bu o deməkdir ki, onlar yeni, növbəti yüz ildə, Azərbaycan, xüsusilə də Türkiyə türkləri arasında kürd qondarma (eyni ilə gürcü və erməni kimi) bir dövlətin yaranmasına cəhd edirlər və etməkdədirlər. İrak- Suriya iç savaşı, eləcə də kürd terrlr bölücü qruplaşmaları bunun əyani sübutudur. Avropa amili onlar üçün Çaldırandan doğan Günəşin işığında buna nail ola bilsələr, o zaman Türkiyə türklərinin bağını tamamilə Azərbaycan və Orta Asiya ilə kəsmiş olacaqlar. Bu mərhələdən sonra isə onları Avropa birliyinə alaraq yox etmə və assimilyasiya siyasətinə başlayacaqlar. Gərçi bu sürəcdə farslar onlara türk konusunda lazım olmayacaqlar və Güney Azərbaycanda milli köklərə bağlı olmayan zəif dövlətin icad edilməsinə yaşıl işıq yandırmış olacaqlar. Unutmayaq ki, onlar ərəblərə xof gəlmək üçün farsları zəif saxlayaraq həmişə dəstəkləyəcəklər. Lakin bütöv Azərbaycan dövlətinin yaranmasına heç vaxt müsaidət etməyəcəklər. Çünki onların ana siyasi xətləri ilə güclü hər hansı bir türk ünsürlü bir dövlət ziddiyyət daşıyır. Hal-hazırda Çaldıran savaşının açdığı yolla irəliləyərək Kürdüstan dövlətinin yaranmasına nail olmağa çalışırlar və bunun da bölgə və qitəmiz üçün doğuracaq bir çox təhlükəli amillərindən qorunmaq gərəkir.

Şah babamızın bütün müsbət işləri ilə yanaşı bircə Çaldıran savaşı türklüyə ağır zərbə olaraq tarixdə öz yerini almışdır. Bu günkü tərklük bu yaraların sarılması üçün alternativ yollar və siyasi rıçaqlardan istifadə etməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) VII Beynəlxalq “World Harmony” müsabiqəsinin bağlanış mərasimi keçirilib.

 

Akademiyadan AzərTAC-a bildirilib ki, bu müsabiqə gənc musiqiçilərin bacarıqlarını nümayiş etdirmək və beynəlxalq səviyyədə tanıtmaq baxımından mühüm bir platformaya çevrilib. Müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti, BMA-nın rektoru professor Fərhad Bədəlbəyli, həmsədri isə akademiyanın tədris işləri üzrə prorektoru Əməkdar müəllim, professor Nərminə Quliyeva olub. Beynəlxalq münsiflər heyətində müsabiqənin təsisçisi Tsinino Biçikaşvili (Gürcüstan), professorlar Rustam Şayxutdinov (Rusiya), Deividas Staponkus (Litva), Ala Bendoraitiene (Vilnus və Kosta-Rika Musiqi Akademiyaları), Bilgutay Öztürk (Türkiyə) və Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti təmsil olunub.

 

Professor Nərminə Quliyeva çıxış edərək səkkiz nominasiya, 4 və 5 yaş kateqoriyası üzrə keçirilən müsabiqənin əhəmiyyətindən danışıb. O, bu müsabiqədə ənənəvi nominasiyalardan başqa, fortepiano, simli və nəfəsli alətlər, konsertmeyster sinfi, xor-dirijorluq sinfi, ümumi fortepiano, kamera ansamblı kimi nominasiyaların əlavə olunmasını qeyd edib. Sadalanan xüsusiyyətlərə görə “World Harmony” beynəlxalq müsabiqəsi tarixində belə böyük miqyaslı müsabiqənin məhz Azərbaycanda keçirilməsindən qürur duyduğunu bildirib. Həmçinin gənc istedadların bacarıqlarının üzə çıxarılmasında bu müsabiqənin mühüm rolundan söz açıb, əhəmiyyətini vurğulayıb və qalib ifaçıları təbrik edərək onlara yeni nailiyyətlər arzulayıb.

 

Beynəlxalq münsiflər heyətinin üzvləri Tsinino Biçikaşvili, Vilnus və Kosta-Rika Musiqi Akademiyalarının professoru Ala Bendoraitiene, professor Rustam Şayxutdinov müsabiqənin yüksək səviyyədə təşkil olunmasından məmnunluqlarını qeyd edib, öz ürək sözlərini bölüşüblər.

 

Onlar bu müsabiqənin yalnız iştirakçılar üçün deyil, həm də ümumilikdə musiqi sahəsinin inkişafı üçün mühüm bir addım olduğunu qeyd ediblər. Müsabiqənin həm yerli, həm də beynəlxalq miqyasda gənc musiqiçilərin tanıdılması və onların istedadlarının qiymətləndirilməsində əvəzsiz rol oynadığını bildiriblər.

 

Qalib ifaçıların qala konsert proqramından sonra müsabiqənin iştirakçıları mükafatlandırılıb.

 

Qeyd edək ki, gənc istedadlı musiqiçiləri bir araya gətirən “World Harmony” müsabiqəsinin paytaxt Bakımızda, dahi Üzeyir bəyin ocağında yüksək səviyyədə təşkil olunmasını xarici ölkələrdən müsabiqəyə təşrif buyuran bütün iştirakçılar rəğbətlə qarşılayıb.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.