Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Unuda-unuda xatırlayırıq bizə “yadımdan heç vaxt çıxmayacaqsan” deyənləri. Gülə bilirik adlarını çəkincə... Hə, gülürük. Dərd o gülüşün bətnindəkilərdir. Bəzəndiyimiz baxışlar qədər xoşbəxtik, bəyəndiyimiz kişi (kişilər də qadın) qədər zənginik. Susduğumuz çox yerdə bir ümid var daxilimizdə: “Vaxt gələr, anlayar...” O vaxt isə gəlmir. Ya da gəlir, sadəcə, biz artıq onu gözləmirik...
***
Narıngül Nadir Bakıya deyir: “Könlü vağzal şəhərim...” Nə gözəl oxşamadır bir şəhərçün! Narıngül Nadirin nəsri də gözəldir. “Çilli qız” kitabına Narıngül xanım son illərdə qələmə aldığı povesti, hekayələri yığıb.
Kitabla eyniadlı povestdəki çilli qız hamımızın tanışıdır. Ola bilər ki, bizim-sənin, mənim, onun tanışının üzündə çil olmasın, amma o həyat hekayəsi eynidir. Kənddən çıxan, böyük şəhərdə aldanan, sonra da həyatını davam etdirməyə məcbur olan o qız...
Narıngül xanım qəhrəmanınına bərk yüyürməyi qıymır sanki, istəyir, onun ayağına daş dəyməsin. Mətn həyatı olduğu kimi anlatmaq missiyasına sadiqdirsə, müəllifin obrazının üstündə ürək əsdirməsi boşunadır bəzən... Məhz bu məqamda müəllif elə böyük xəyal qırıqlığına uğrayır ki! Və mətn yazıçı zehnini öz arxasınca çəkib aparır, onun xatirələrinin içindən də özünə lazım olanı seçib ayırır. Hərdən o seçilən xatirələrin də hamısı qoyulmur oxucunun qarşısına... Yenə deyirəm, ixtiyar sahibi əlahəzrət mətndir!
Bakını şeirində oxşayan Narıngül Nadir bu şəhər ilə qəhrəmanının arasındakı körpünün gözəgörünməzliyini belə anladır: “...Xeyli çətinlikdən, çabalamadan, əziyyətdən sonra artıq qaçıb gəlmişdi, amma deyəsən, indi də bu şəhər ona yiyə durmaq istəmirdi”. Hə, yiyəsizlik... Kəndlər şəhərə baxanda öz münasibətlərini açıqlamaqda daha səxavətli, daha səmimidirlər. Kimi qoynunda barındırmaq istəmirsə, ən birinci, adına ayama qoşur, sonra yavaş-yavaş evinin damında yuva quran quşları perik salır, quzusunun otladığı alalıqda ala bitirmir, çəpərinin aşağısından axan su sızqasını qurudur. Beləcə, insan anlayır ki, daha bu kənd onun yeri deyil... Şəhər isə... Şəhərlər, xüsusilə, Bakı bir insana nəyisə anlatmağa heç bu vaxtın onda birini də ayırmır. Heç eyninə də almır ki, insanlar onun yadlığının fərqindədirlər, ya yox... Bakı heç kimin yiyəsi deyil, hamının “bəlkə nəsə olar” deyə üz tutduğu yerdir. Beləcə, hamı Bakıya “ayaq ilişdirir”. Hamının bir ayağı da qaçaraqdır-üzü geriyə, gəldiyi yerə... Hər bayramda, hər qeyri-iş günündə rayona, kəndə qaçmaq istəyinin kökündə doğmalarla görüşmək durmur, Bakıya naz atmaq durur ki: “Bax, görürsən, üzümə baxmırsan, heç baxma, gedəsi yerim var!” Öz içində bu yekələnməklə ovunur özü Bakıda, doğmaları rayonda olanlar. Ovunmağı da üçcə gün çəkir, dördüncü gün anlayır ki, onun nazı da heç Bakının eyninə deyil...
Və belə bir vaxtda, belə bir amansızlığın qoynuna üz tutmuşdu Narıngül Nadirin qəhrəmanı olan çilli qız. Xəyallarının ardına düşüb gəlib çıxmışdı Bakıya... Və qalmışdı, sözün əsl mənasında, ortalıqda... “Özünə acıdı: göydə uçan xəyalları, uzaqdan-uzağa tanıdığı rəssama olan eşqi, rəngli illüziyaları gör onu nə günə salmışdı”. İnsana “düşün” deyənlər çox olur. Bəs onlar- o deyənlər haradan bilir düşünməyin vacibliyini? Hə, onlar da düşünməyə-düşünməyə özlərini atıblar bəxt quşunun qanadından. Özü də, bəxtəbəxt-hara düşərəm, düşərəm...
“Sanki dili yoxdu, yaxud da içində elə bir yorğunluq vardı ki, danışmağa ərinirdi”. Narıngül xanım bu cümləni yol gedəndə, bir avtobus pəncərəsindən eşiyə baxanda, yarpaqlarını toz basmış balaca tut ağacının yanından keçəndə öz-özünə o qədər təkrar edib ki. Mətn bu cümləni çəkib onun dilindən alıb. Narıngül xanım da ürəklə verib bu cümləni mətnə. Ürəklə və ümidlə... Ki, bəlkə daha bu cümlə dilindən düşə. Amma yox... Əksinə olub hər şey. İndi Narıngül xanım bu cümləni maşın səsindən eymənməyən quşlara, marketlərin qapısı ağzında adamların ayaqları altına təpilən pişiklərə də deyir. Özü də, ürəyində...
Yuxumuzu söyləməyə çəkindiyimiz adamlar bizi tənha elədi. Yuxumuzu yozmağa cəhd edənlər bizi yuxulardan qorxar elədi. Təkcə yuxu gördürənlər bizi atmadı-özləri gəlməsələr də, xatirələrini göndərdilər yuxumuza... Biz orada ağladıq, üzüldük, gülümsədik... Hə, Narıngül xanım düz deyir: “...insanı xoşbəxt etməyə bir yuxu da kifayət imiş”. Və biz bunu əzəlindən anlamışıq. Əzəlindən anlaşılan hər şey mənasızlaşır zamanla...
***
Artur Konan Doyl... Dünyanın ən çox oxunan detektiv hekayələrinin müəllifidir, hə. Mənimçünsə, “Qara şatonun kontu”nu yazmaqdan mədəd uman kədərli atadır o... Oğlunu itirəndən sonra ruha inanan, ruhu araşdıran, pərilərin, cırtdanların, bizimlə birgə bu dünyada yaşayan gözəgörünməz varlıqların mövcudluğuna inanmağı seçən kədərli ata... İnanc seçimdir yaşananların qırılma nöqtəsindən sonra. Fikrimcə, Ser Artur ruhlara inanmağı ona görə seçmişdi ki, o qırılma nöqtəsindən-oğlunun ölümündən sonra yaşaya bilsin. Oğlunun ruhunun diriliyinə inanaraq öz ruhunu diri saxlaya bilirdi...
Ser Arturu, onun ruhlar aləmiylə bağlı qeydlərini də xatırlamağıma Narıngül xanımın povestindəki bir cümlə səbəb oldu: “İnsanın əsas ruhudur. Onu diri saxlaya bilməsən, elə hesab et ki, ölmüsən”. Dünyanın ətəyindən yapışmaq üçün nədənsə güc almalıyıq də! Buna haqqımız çatır. O güc mütləq ki, keçmişdən qaynaqlanır.
Keçmişimizi tanımağa çalışsaq, gələcəyimizi daha rahat qarşılayarıq. Narıngül xanım “gələcək yeddibaşlı əjdaha kimidir” deyəndə o qədər haqlıdır ki! Nağıllarda yeddibaşlı əjdahanın öldürülmə prosesini xatırlayırsınızmı? Gələcəklə bağlı ehtimallar da eynən elədir: “yox, o ehtimal olmaz” deyə birinin üstündən xətt çəkirsən, yerində yeddi ehtimal peyda olur. Bizə burada lazım olur psixoloji sehir-gələcəyi yaşamaq cəsarəti. Beləcə, bir də baxırıq ki, nə vaxtsa “gələcək” dediyimizin altı başı “ölüb”-keçmişdə qalıb. Bir başla da baş etməyə nə var ki?!
Heç küçədən muncuq tapmısınızmı? Ay... Üzr istəyirəm, indiki insanlar üçün muncuğun sehri qalıb ki?!
Qərbi Azərbaycanda Muncuqlu gölümüz var imiş. İnsanlar nəzir deyər, o gölə ovuc-ovuc muncuq atarmışlar. Nənəm söyləmişdi. İndi xatırlayıram, qəribimə gəlir, uşaqkən o balaca kənd yollarında o qədər muncuq tapırdıq ki... O muncuqları bir yerə toplayar, ovuc dolusu olanda, qaytarıb gölməçələrin kənarına səpərdik. Qoy başqası da muncuq tapıb sevinsin deyə... Beləcə, bir-birimizin xoşbəxtliyinə səbəb olurduq. İnsan insana həmişə gərəkdir. Dövr bizə “sən heç kimə lazım deyilsən” desə də, üzümüzə gülüb üzü oyana düşən kimi, üzümüzü unudanlar çoxalsa da, insan insana gərəkdir. Bilmədən, görmədən, anlamadan kiminsə üzünün təbəssümü ola bilirik axı... Mütləq oluruq! Rəşad Məcid demiş, “hələ tanımadığımız nə qədər gözəl insan var!”
Narıngül xanım isə bu gərəkliliyi ağacın mamırlı tərəfindən göstərir oxucuya: “Tanrı ən bəxtsiz adamları da hansısa bədbəxtə kömək etməkçün yaradıbmış”. Və ağacın mamırlı tərəfinin şimalı göstərdiyini bilənlər meşədə azmırlar. Narıngül Nadir ona görə oxucuya mamırlı tərəfi anladır ki, sonrasında öz yolunu tapa bilsin həyat dolaşığında-qayğı sarmaşıqlarının, duyğu cəngəlliyinin arasında... Sözünə baxmayan oxucu olacaq, təbii. Bu dəfə, Narıngül xanım susacaq... Daha onun oxucuya nəyisə izah etməyinə ehtiyac yoxdur. Mətn özü bağırır:“Amansız imiş həyat. Məqam düşən kimi insanın yarasını qoparmağa çalışır”.
“Yaşadığımız həyat istəsək də, istəməsək də, təkrarlardan ibarətdir. Şəklini itirmiş, formasını dəyişmiş təkrarlardan...” Narıngül xanım belə yazıb povestində. Mənsə, bunu başqa cür oxudum: “Hörmətli oxucular! Müvəqqəti təsəlliyə görə bağışlamasanız da olar!”
***
Oxuduğumuz hər əsər müvəqqəti təsəllimizdir. Nə qədər ki, o mətnin içindəyik, qopuruq reallığın dərkedilməyinin əzabından... Müvəqqətilik də elə tələsə-tələsə çəkilir ha daimiliyin yolu üstündən! Hərdən yeləni sökülmüş, gülü bozarmış bir cib dəsmalı olmaq keçir könlümdən... Məhz bu məqamda özümlə qürur duymağa səbəb tapıram: hələ də cib dəsmalı işlədən bir ovuc insandan biriyəm!
Və sonra üzümə durur birdəfəlik kağız dəsmallar: “Unutmağı bacarmaq da hünərdir axı!” Və sonra öz-özümə bir daha təkrarlayıram: “Unuda-unuda xatırlayırıq bizə “yadımdan heç vaxt çıxmayacaqsan” deyənləri...”
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)