Super User

Super User

 

Beynəlxalq Muğam Mərkəzində (BMM) “Qarabağ Azərbaycandır” adlı konsert proqramı təqdim olunub. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, BMM-nin dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Xan Şuşinski Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, ictimai xadimlər iştirak ediblər.

 

Görkəmli xanəndə, Xalq artisti Xan Şuşinskinin “Şuşanın dağları” ifasının sədaları ilə başlanan konsert proqramında Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli torpağımız Qarabağın işğaldan azad edilməsinin tarixi əhəmiyyəti vurğulanıb: “Bu gün Qarabağda quruculuq işləri davam edir. Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etdi. Mədəniyyət paytaxtımız Şuşa bu il həm də 270 illiyini qeyd edir. Qarabağın baş tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Təməli 1872-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş və bütün Cənubi Qafqazın mədəni və ictimai –siyasi həyatında müstəsna rol oynamışdır”.

Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək milli birliyimizdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətindən söz açaraq Vətən müharibəsindəki tarixi qələbəmizdən xalqımızın qürur duyduğunu deyib.

Xan Şuşinski Fondunun 10 illik fəaliyyətinə həsr olunmuş videoçarx maraqla qarşılanıb. Videoçarxda fondun beynəlxalq arenada mədəniyyətimizin təbliği sahəsində reallaşdırıldığı layihələr əks olunub.

Konsertdə BMM-nin solistlərinin ifalarında muğamlar, vokal musiqi, aşıq sənətimizin nümunələri, klassik əsərlər səsləndirilib.

Tədbirin sonunda Xalq artistləri Nurəddin Mehdixanlı və Ənvər Sadıqovun “Qaytağı” ansamblının vətənpərvərlik ruhlu çıxışları “Qarabağ Azərbaycandır” nidasını sənətin səsi ilə rövnəqləndirib.

Gecə “Qarabağ yallısı”nın sədaları ilə yekunlaşıb.

Bu gün - aprelin 18-i saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində “Klassik musiqi axşamları” layihəsi çərçivəsində konsert keçiriləcək.

 

Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının müəllimləri Xalq artisti, professor Gülnaz İsmayılova, Əməkdar artist Aleksey Miltix, professor Könül Hüseynova, dosentlər Züleyxa Abdulla, Nərgiz Salmanlı, Günel Kazımova, baş müəllimlər Sevda Məmmədli, Zərif Kərimova, Beynəlxalq müsabiqələr laureatları Ülviyyə Kazımova, Gülnarə Kərimova, Nərgiz Əliyeva, Səbinə Quliyeva, Leyla Kərimovanın ifasından ibarət Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənəcək.

 

İşğaldan azad edilən ərazilərimizdə rast gəlinən erməni vandalizmi izlərinə  dünyanın diqqətini cəlb etmək indi prioritet məsələdir. Aprelin 17-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti ICOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiyası) vitse-prezidenti, milliyyətcə türk Zeynəb Gül Ünal ilə birgə Ağdam şəhərinə səfər edib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən bildirir ki, səfərdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov və ICOMOS Azərbaycanın prezidenti Sədaqət Davudova da iştirak edib.

Səfər çərçivəsində Ağdam şəhərində yerləşən və dağıntılara məruz qalmış “İmarət” kompleksi, Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Çörək muzeyi, Şahmat evi, Şahbulaq qalası, Qiyaslı kəndində yerləşən məscidə baxış keçirilib.

Qonaq gördüyü mənzərədən sarsıldığını ifadə edib.

Monday, 18 April 2022 09:00

Son 3 günə qədəm qoyuruq

 

Bildiyiniz kimi Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi aprelin 20-də - cəmi 3 gündən sonra yekunlaşır. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.

 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, “Azərkitab - Kitab Təbliği Mərkəzinin”, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək! 

“Ədəbiyyat və incəsənət” portalı festivalın ekspertlərinin növbəti  rəylərini almışdır. Bü günə kimi iştirak üçün 200-dən çox şəxs müraciət etmiş, 149 nəfər müsabiqə mərhələsinə buraxılmışdır. Ekspertlər final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin keçdiyini bildirirlər. Onlar qeydiyyatdan keçənlər arasından əsas favoritlərin adlarını açıqlamışlar. Bunlar Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Nargis İsmayılova, Cavid Zeynallı, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Ələsgər Əhməd, Aypara Ayxan, Ümid Nəccari, Murad Muradov, Nigar Arif və Ruslan Dost Əlidir. 

Bir daha Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunda iştirak şərtlərini diqqətinizə çatdırırıq:

Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turu 2 mərhələdən ibarətdir. 

 

1-ci mərhələ:

Aprel ayınln 20-dək yaşı 39-dək olan gənc yazıçı və şairlər Müsabiqə mərhələsinə qatıla biləcəklər. Bu mərhələdə iştirakçılar  12-lik Times New Roman qarniturunda, poeziyada maksimum 4 şeir, nəsrdə maksimum 7500 işarə həcmində yazılarını, özləri haqda qısa məlumatı və əlaqə nömrələrini This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına yollamalıdırlar.  Kriteriyalara cavab verən, yüksək ədəbi zövq aşılayan 30 ən dəyərli işin müəllifi gizli ekspertlər tərəfindən müəyyənləşəcək və final mərhələsinə  adlayacaq. 

 

2-ci mərhələ:

Aprelin 30-da 30 nəfər iştirakçı, eləcə də görkəmli ədəbiyyat və incəsənət xadimlərindən ibarət münsiflər heyəti səfalı Quba bölgəsinə səfər edərək üç gün iki gecə beşulduzlu “Şahdağ” otelində yaşayacaq, final mərhələsinə qatılacaqlar (bütün xərcləri təşkilatçı tərəf qarşılayır).

Final mərhələsində iştirakçılar öz əsərlərini özləri səsləndirməklə  münsiflərdən 10 ballıq qiymətləndirmə yolu ilə qiymət alacaqlar. 

Ayrıca, xalq yazıçılarının və xalq şairlərinin ustad dərsləri, Quba bölgəsinin yazarları ilə tanışlıq, bölgənin görməli yerlərinə ekskursiyalar da təşkil olunacaq. 

 

Qala gecə:

Musiqi ilə, təbrik nitqləri ilə, zəngin banket süfrəsi ilə müşayiət olunacaq Qala gecədə bütün iştirakçılar “festivalın finalçısı” Fəxri Diplomları ilə, 3 ən yüksək bal toplayan iştirakçı isə 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla qiymətli hədiyyə və Sertifikatlarla  mükafatlandırılacaqlar. 

Daha bir iştirakçı-qalib isə 30 iştirakçının səsverməsi nəticəsində müəyyənləşəcək. 

Festivalın qalibinin kitabının nəşri, piarı, beynəlxalq miqyasda tanıdılması, eləcə də finalçıların əsərlərindən ibarət antologiyanın dərci də nəzərdə tutulur. 

Festivalın Təşkilat Komitəsi gənc yazarları müsabiqəyə qatılmağa, öz güclərini sınamağa dəvət edir.

Nə olursa olsun, sonda ədəbiyyat qalib gələcək!

 

Mədəniyyət naziri Anar Kərimov Xaçmaz rayonuna səfəri çərçivəsində aprelin 15-də Xaçmaz rayon Heydər Əliyev Mərkəzinə baxış keçirib, müəssisənin fəaliyyəti barədə ətraflı məlumat alıb.

 

“Ədəbiyyat və incəsənət” portalı  Mədəniyyət Nazirliyindən istinadən bildirir ki, baxış zamanı qeyd olunub ki, 2005-ci ildə muzey kimi fəaliyyətə başlayan mərkəz 2016-cı ildən müasir və qədim Şərq memarlığı üslubunda tikilmiş yeni binada fəaliyyətini davam etdirir. Hazırda mərkəzin fondunda 700-dən artıq eksponat qorunur.

Sonra nazir Anar Kərimov Heydər Əliyev Mərkəzində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Anar Kərimov bildirib ki, Xaçmaz rayonuna səfərinin əsas məqsədi vətəndaşların müraciətlərini dinləməklə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaq və həmin şəxsləri nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməkdir.

Görüş zamanı regionun mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib. Anar Kərimov bölgələrdə sahənin rəqəmsallaşdırılması ilə bağlı işlərin aparılmasının, mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının vacibliyini diqqətə çatdırıb.

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Rəsm qalereyası: Saxa Yakutiya Respublikasının xalq rəssamı Vyaçeslav Yaroyev, “Mənzərə”

Günün fotosu: Qüdsdə yəhüdilərlə ərəblər toqquşdular

 

Qüdsdə yəhudi polisi ilə fələstinlilərin toqquşması nəticəsində azı 152 nəfər yaralanıb. İnsident Əl-Aska məscidində cümə namazı zamanı baş verib. Polis müsəlman dindarlara hücum edib və bunu onların İsrail dövləti əleyhinə çağırışlar səsləndirmələri ilə izah edib.

Xəbər “Qızıl Aypara” cəmiyyətindən sızıb.

 

Foto: Euronews

 

Cümə günü ən çox oxunan xarici xəbərlər sırasında təbii ki, Rusiya - Ukrayna müharibəsi yenə aparıcı yeri tutdu, ən öndəki xəbər isə heç də döyüş xəbəri olmadı. Bu, Rusiyaya gedəsi olan lyuks avtomobillərin taleyi ilə bağlı xəbərdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Belçikanın limanlarında çoxlu sayda əntiq əşyalar yığılıb, onların Rusiyaya yolunu Ukraynaya qarşı aparılan işğalçı müharibə kəsib. Onları başqa ölkələrə satmaq da hələ mümkün deyil. Nəticədə, bu sayaq aşırma məntəqələrində əsl tıxac yaranıb. 

Euronews-un müxbiri Pedro Sakadura hadisə yerindən xəbər verərək deyir:

-Burada, Zeebrugge limanında mənim ətrafımda "lüks" tipli minlərlə maşın dəstəsi düzülüb. Avropa İttifaqının sanksiyaları avtomobillərin ixracını ləngidir və buradakı avtomobillərin ən ucuzu 50 min avrodan bahadır".

Açıq dayanacaqda səkkiz min qəşəng avtomobil hərəkətsiz qalıb və onların üzərinə toz yığılmaqdadır. Avtomobillərin mühafizəsi üçün də böyük pullar tələb edilir. Rusiya gəmilərinə Avropa Birliyi limanlarına daxil olmaq qadağan olunduğundan yüklər daşınmır. Bütün bu təsərrüfatlara Zeebrugge Yeni maşınlar üçün beynəlxalq terminalının direktoru Mark Adriansens nəzarət etməli olub. O deyir:

-Uzaq Şərqdən gələn bu avtomobillər Rusiya üçün nəzərdə tutulub. Amma onlar artıq oraya ixrac olunmur. Gömrük onların burada qalmalarının lazım olduğunu söylədi, onların alqı-satqı əməliyyatı  bloklandı. Biz bilmirik ki, onlar bu dayanacaqda nə qədər olacaqlar. Onların titduqları sahələr genişlənib nəzərdən itməkdədir, demək ki, oğurlana biləcəkləri ehtimalı da var. Güman edirəm ki, biz bu avtomobillərə alternativ bazarlar axtaracağıq. Varlı ruslara bab kimi tapacağıq görən? 

Zeebrugge də digər AB limanlarında olduğu kimi Rusiya üçün nəzərdə tutulan mallarla dolu konteynerlərlə yüklənməkdədir. Alıcılar sərhəddin o tayında pullarını və səbrlərini itirməkdədirlər. Avropa limanları, ticarət şəbəkələri və yük terminalları da zərər verir. 

Amma bu, hələ hamısı deyil. O da var ki, Rusiyanın enerji daşıyıcılarına tam embarqo qoyulsa, hamı üçün itkilər artacaq.

Rusiya özünü də, başqalarını da pis vəziyyətdə qoyub. Görünən isə odur ki, bu xəmir hələ çox su aparacaq.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası bu gün yenidən göstəriləcək.

 

İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Xalq artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunacaq tamaşada rəsmlərinin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluya, səhnə əsərinin musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” tamaşası sabah - aprelin 17-də saat 19:00-da nümayiş ediləcək.

 

Bu səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.