
Super User
“Bir gün ölüm gəlib qapımı döysə” - Afaq Məsuddan Ukraynaya təskinlik mesajı
Rusiya Ukrayna müharibəsində Rusiyanın işğalçı simasını açıb göstərməyə əksər ziyalılarımızın cəsarəti çatmır. Kreml xofu öz sözünü deyir. Amma bu arada Xalq yazıçısı Afaq Məsud Haqqın tərəfində duraraq mediada öz ürək sözlərini paylaşıb. “Ədəbiyyat və incəsənət” portalı həmin yazını diqqətinizə çatdırır.
Sənə necə qıydılar?.. Uca, saf göylərini, bəmbəyaz buludlarını, buğda ətirli, bərəkətli torpaqlarını nədən bu hala saldılar?.. İndi buludların Sənə göz yaşı axıtmaqda, Qəlbinə sancılan mərmilərin od-alovunu duman örtüyünə bürüyüb, yağışları, çiskini ilə söndürməyə çalışmaqda, canını uğrunda fəda edən igid oğullarının, mərd qızlarının, günahsız körpələrinin qanı ilə suvarılan torpaqların adını bəşər tarixinin Əbədiyyət Zirvəsinə yazmaqdadır...
İndi o buludlarla bir, mərdliyin və yenilməzliyinlə qəflət yuxusundan oyandırıb ayıltdığın İnsanlıq da göz yaşı axıtmaqda, Sənin ağrı-acının, yaralarının sızıltısıyla sızıldamaqdadır... Bu sızıltı - min illərin sinir ağrısı, axan yaşlar - əsrlərin göz yaşıdır... İnsan dəyərləri və ruhsallığının tarix boyu güc və zor qarşısında təsliminə axıdılan ağrı yaşlarıdır. Bu, səbirli, Ulu Tarix Yaddaşının Xocalıya, Ağdabana, Van, Xatın, Srebrenitsa, Holokost soyqırımlarına axıtdığı qan yaşlarıdır...
Özünü qoru, igid Ukraynam! Doğma torpaqların, azadlığın uğrunda qalxdığın bu savaş, savaşların ən müqəddəsi - insan zülmü və zorakılığına açılan Haqq Savaşıdır! Bu, buludla mərminin, göz yaşıyla yumruğun döyüşü - Yer üzünün düzənini, İnsanlığın mənzərəsini dəyişməyə başlamış, taleyüklü Səmavi Qarşıdurma, İnsan və İnsanlıq naminə müqəddəs ölüm-dirim Savaşıdır.
Ruhdan düşmə, cəsur Qardaşım! Dünya - Sənin mərd oğullarına, həyatlarını mərmi zərbələri altında itirən körpələrinə, lal xarabalıqlara çevrilmiş susqun şəhərlərinə axıdılan bu göz yaşı çayında durulmaqda, pisliklərdən, çirkab və saxtalıqlardan yuyulub-təmizlənməkdədir...
Qəm yemə, əziz Bacım... bil ki, axşamlar - qürub çağının səssiz ala-toranlıqlarında küskün ruhlarıyla Kiyev küçələrində dolaşan dahi oğullarının - Qoqolun, Bulqakovun, Dovjenkonun, vətənpərvər şair qızın Lesya Ukrainkanın qəhər dolu lal iniltilərini Səninlə bir biz də eşidirik... Böyük şairin Taras Şevçenkonun usanmaz oğul sevgisi ilə yazdığı sətirlərin ağrısını Səninlə bir yaşayır, yenilməz mərdliyin, şücaətinlə qürur duyuruq...
Bir gün ölüm gəlib qapımı döysə,
Doğma Ukraynamda basdırın məni.
Bu göz işlədikcə uzanıb gedən
Çöllərin qoynunda qazın qəbrimi.
Uyuyum torpaqda, laylamı çalsın
Qosqoca, möhtəşəm Dnepr çayı.
Çatsın qulağıma coşub-çağlayan,
Doğma dalğaların dəli harayı.
Gün gələr, yurdumdan yağı qanını
Bu çayın suları yuyub aparar.
Bax onda qalxaram mən məzarımdan,
Bax onda ruhum da təskinlik tapar.
Günün fotosu: Pentaqon Ukraynaya daha çox silah verəcək
Günün fotosu: Pentaqon Ukraynaya daha çox silah verəcək
ABŞ-ın müdafiə sənayesi Ukraynanı daha çox silahla, artilleriya qurğuları və qırıcı təyyarələrlə təmin etmək barədə qərar verib.
Foto: Euronews
Qurbağaya şiddət və Salahlıdakı eşşək
“Ədəbiyyat və incəsənət” portalı Şəmsi Qocanın “Qurbağanın qohumları” yazısını təqdim edir. Düşünürük ki, müəllif çox aktual, reytinqgətirici bir məsələni işıqlandırıb.
Dünən sosial şəbəkələr yenə də "partlayırdı". Çox "mühüm" bir hadisə baş vermişdi. Ağdam rayonundakı 71 nömrəli məktəbin direktoru Ülviyyə xanım biologiya dərsində qurbağa üzərində təcrübə aparmışdı və həmin dərsi də çəkib feysbuk səhifəsində yerləşdirmişdi. Dərhal da millət hərəkətə keçmiş, qurbağaya şiddətə görə Ülviyyə müəllimi tənqid atəşinə tutmuşdular. Ətraflarında insanlara şiddəti görməyənlər, görüb cınqırını çıxarmayanlar birdən-birə qurbağa haqları üzrə müdafiçilərə çevrilmişdilər. Bir sözlə, qurbağanın qohum-əqrəbası tapılmışdı.
Sözümü burada yarımçıq qoyub sovetlər dönəmində geniş yayılmış bir lətifəni xatırlamaq istəyirəm.
70-ci illərdə Qazax rayonuna yeni katib təyin olunur. Bir gün katib kəndləri gəzməyə çıxır. Yuxarı Salahlıdan keçəndə görür ki, bir kişi eşşəyi minib gedir. Sürücüyə maşını saxlamağı əmr edir. Sürücü çox deyir ki, bu salahlılara ilişmə, peşiman olarsan, katib inadından dönmür. Maşından düşüb kişinin üstünə şığıyır:- Ağsaqqal kişisən, utanmırsan, heyvana bu yayın günündə zülm edirsən?- deyə çəmkirir.
Gözünə döndüyüm salahlılı eşşəkdən düşüb arxasına bir təpik vurub deyir:- Yeri, yeri, ay qohum ağravalı baxtavar, təzə katiblə də qohum çıxdın, daha sənə batmaq olmaz!
Hə, indi gələk əsas mətləbə. Birincisi. Ülviyyə müəlliməyə haqq olur. Ona görə ki, sənə deyən gərəkdir ki, dərsini keçmisən, əcəb eləmisən, onu sosial şəbəkədə paylaşmaqla nə qazanırsan? Təhsilin başbilənlərinin küyünə gedib feysbuk direktoru olmağın bədəli belə olacaqdır. Bilmirsən ki, indi qurbağanın da qohum əqrəbası var?
İkincisi, Ülviyyə müəlliməni tənqid edənlərin məktəbdən, məktəb laboratoriyasından xəbəri yoxdur. Onlar haradan bilsinlər ki, məktəbin biologiya labororiyasında təcrübə qurbağaları var və onlar məhz bu məqsədlə verilir.
Burda da yadıma Cəfər Cabbarlının bir şeiri düşür:
Hacı, qlasnı, kəndxuda
Qapıb külüngünü gəlir,
uçuq komanın üstünə.
Heç kimə gücü çatmayanlar, məktəbdə gedən proseslərdən xəbəri olmayanlar külüngünü götürüb düşür məktəbin, müəllimin üstünə.
Düşün. Çox yaxın zamanda bunun acısını çəkəcəksiniz. İyrəndirin müəllimi öz peşəsindən. Qurbağayla qohumluğunuzun bədəlini mütləq alacaqsınız.
Bunu 2 ay bundan əvvəl yazsaydım məni tərəfkeşlikdə ittiham edə bilərdiniz. İndi nə direktoram, nə də müəllim. Amma həqiqəti bilirəm və deyirəm.:
O müəllimənin üstünə getməyin. Sizin qohumunuz da, əziziniz də özünü balalarınız üçün həsr edən odur, qurbağa yox. Onun qohumu olun, qurbağanın yox!
P.S. İndi həmin məktəbin səhifəsinə baxdım. Dərsin videosu yığışdırılıb. Bilmirəm, Ülviyyə müəllimə canının dərdindən belə edib, yoxsa "yuxarılar"dan tapşırıq gəlib? Hər iki halda bu, qaragüruh qarşısında əyilməkdir.
İctimaiyyətə Kann Film Festivalının afişası təqdim olunub
Kann Film Festivalı bu il 75 illiyini qeyd edir. Festival mayın 17-də açılacaq. Və dünyanın ən böyük film festivalı builki afişasını təqdim edib.
Bu afişa 1998-ci ildə Cim Kerrinin baş rolda oynadığı avstraliyalı Piter Veirin məşhur “Truman Şousu” filmindən rəmzi səhnəni əks etdirir. Afişada səmaya doğru ucalan pilləkənlər əks olunub.
Bildirilib ki, festivala seçilmiş, müasir dünya kinosunun gözəlliyini və zənginliyini nümayiş etdirən 23 filmdən 11-nin rejissoru qadındır.
Mayın 28-dək davam edəcək Kann Film Festivalının münsiflər heyəti yaxın günlərdə açıqlanacaq.
“Avroviziya-2022” də Azərbaycanın səhnə tərtibatını danimarkalı rejissor hazırlayacaq
Bu il “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanın çıxışı üzərində işləyəcək quruluşçu rejissorun adı açıqlanıb. AzərTAC xəbər verir ki, bu, yüksək keyfiyyətli, baxımlı və yadda qalan performansları ilə Avropada və dünyada məşhur olan danimarkalı Mads Enqqaarddır.
Mads Enqqaard “Avroviziya" aləmində istedadlı, kreativ və hər zaman yeni ideyaları ilə seçilən səhnə mütəxəssisi kimi tanınır. O, 2004-cü ildən bəri Avroviziya müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlıq edir. Danimarkanın 2004, 2010, 2018, 2019-cu illərdəki Avroviziya səhnə performansları ona məxsusdur.
Azərbaycan təmsilçisi ilə Mads artıq 3-cü dəfədir əməkdaşlıq edəcək: Çingiz Mustafayevin “Truth”, Samirə Əfəndinin “Cleopatra” və “Mata Hari” mahnılarının izləyicilər tərəfindən böyük maraq və sevgi ilə qarşılanmış səhnələrinə məhz Mads Enqqaard rejissorluq edib.
Avroviziyadan əlavə o, X-Factor və Danish Melody Grand Prix kimi möhtəşəm şoularda da quruluşçu rejissor kimi çalışır.
Azərbaycanı təmsil edəcək Nadir Rüstəmli Madriddə keçirilən Pre-Party-dən dərhal sonra quruluşçu rejissor ilə səhnə hazırlıqlarına başlayıb.
Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.
Azərbaycanı bu müsabiqədə təmsil edəcək Nadir Rüstəmli "Fade To Black" mahnısı ilə çıxış edəcək.
Rus Dram Teatrında “Burdan min atlı keçdi” əsərinin premyerası olub
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı görkəmli şair – dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsərinin premyerasını S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim edib.
AzərTAC xəbər verir ki, teatrın 140-cı mövsümündə ərsəyə gəlmiş bu tamaşa ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.
Tamaşada, tarixən Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın taleyindən, Qarabağ hadisələrinin yenicə başladığı dövrdə ermənilərin xalqımıza qarşı törətdiyi etnik təmizləmə siyasətindən, möhtərəm Prezidentimizin əzmi nəticəsində həmin siyasəti iflasa uğradan zəfər Qələbəsinə gedən yolun prioritetlərindən bəhs edilir. Əsrlərlə Qərbi Azərbaycanda bədxahlarımızın mənfur əməllərinə sinə gərən seçilmiş şəxsiyyətlərin gərgin mübarizəsi, o cümlədən Ümummilli Liderimizin yorulmaz və dönməz fəaliyyəti işıqlandırılır. Ulu öndər Heydər Əliyevin bədii obrazının simasında o böyük şəxsiyyətin milli məfkurəsi, vətən, torpaq və xalq sevgisi, dövlətçilik prinsipləri təcəssüm etdirilir.
Alqışlarla qarşılanan tamaşada İrəvan Teatrının yaradıcı kollektivinin hər biri oynadıqları obrazın yüksək peşəkarlıqla təqdimatına nail ola bilib. Respublikanın Əməkdar mədəniyyət işçisi İftixar Piriyev Heydər Əliyevin obrazını ustalıqla canlandırıb. Aktyorun ifasında Ümummilli Liderimizin yerişi, duruşu, maneraları, səs tembri, səlis danışığı, inandırıcı mimikası, jestləri, sözlərin ifadə olunmasında ən incə xırdalıqlar dəqiq və Heydər Əliyevə xas ştrixlərlə təqdim olunduğu üçün tamaşaçının diqqətini cəlb edib.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovun əsərin ideya məzmununa xidmət edən rejissor yozumu və quruluşçu rəssam Vahid Mürsəliyevin səhnə tərtibatı maraqla qarşılanıb.
Tamaşanın sonunda müəllif, görkəmli şair - dramaturq Hidayət kollektivi təbrik edib, tamaşa haqqında fikirlərini bölüşərək razı qaldığını bildirib.
UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondunun (IFCD) layihəsinə son müraciət günüdür
UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu (IFCD) növbəti layihə müraciətlərinin qəbulu ilə bağlı məlumat yaymışdır. Məlumatda Fondun 16 mart-15 iyun 2022-ci il tarixlərində dövlət və qeyri-hökumət təşkilatlarından (QHT) layihə müraciətlərini qəbul edəcəyi qeyd edilir.
Təqdim ediləcək bütün layihələr aşağıdakı istiqamətləri əks etdirməlidir:
* - Mədəni məhsulların və xidmətlərin müxtəlifliyinin yaradılması, istehsalı, paylanması və əldə edilməsinə təsir göstərən siyasət və strategiyaların hazırlanması və ya tətbiqi;
* - 2005-ci il Konvensiyasının üzv ölkələrində yerli və regional mədəni sənaye sahələrini və bazarları dəstəkləmək üçün dövlət sektorunda və vətəndaş cəmiyyəti təşkilatlarında bacarıqların gücləndirilməsi.
Qalib seçilmiş layihələrə 100.000 ABŞ dollarına qədər maliyyə dəstəyi veriləcəkdir.
Sayca 13-cü olan layihə qəbulu çağırışına son müraciət tarixi 15 iyun 2022-ci ildir.
Fonda layihələrin təkmil formada təqdim edilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Katibliyi xüsusi onlayn təlim təşkil edəcəkdir.
* Təlimin vaxtı: 28 aprel 2022-ci il, saat 15:00-18:00
* Təlimin formatı: “online” (Microsoft Teams vasitəsilə)
* Təlimin dili: ingilis
Təlimdə iştiraka dair müraciət etmək üçün aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur:
https://docs.google.com/forms/d/1XP3nxTwAQb2UrAkyZTDxO1tPvY0VPPQ8ZsaRARdZpFs/edit
Son iştirakçı siyahısı UNESCO Katibliyi ilə razılaşdırıldıqdan sonra təsdiqlənəckdir.
Son müraciət tarixi: 21 aprel 2022-ci il, saat 12:00.
Mədəniyyət naziri musiqi müəllimlərinin işə qəbul qaydalarını təsdiqləyib
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu qaydaları təsdiqlənib.
Bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Qaydalara əsasən, həmin məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə vasitəsilə həyata keçirilir.
Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Müsabiqə ildə bir dəfə təşkil olunur.
“Çək günəşi şəhərin yuxulayan gözündən” (Rəvan Cavid) - SW ekspertlərinin seçimi
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi budur, başa çatdı.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda hazırda ekspertlərin 30 finalçını müəyyənləşdirmək mərhələsidir.
Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli və digərləri...
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Rəvan Cavid
1998-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” fakültəsini bitirib.
2016-2018-ci illərdə AYB-nin “III Gənc Ədiblər Məktəbi”nin iştirakçısı olub.
2019-cu ildə AYB-nin “Uğur” mükafatına layiq görülüb.
“7” (2017), “Mavi boyalı ev” (2020) şeir kitabları çap edilib. 2020-ci ildə Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsində Türkiyənin “Zengin” nəşriyyatında “Absürt menu” esselər kitabı nəşr olunub.
Hazırda Kulis.az mədəniyyət portalında müxbir vəzifəsində çalışır.
Rəvan Cavid çox gözəl bədii lövhələr yaradır, onun şeirləri olduqca lakonikdir. “Səni çağırmaq azan, səni gözləmək səcdə, səni sevmək bir ayin” deyir Rəvan Cavid. Gözəl deyir. Sevginin müqəddəsliyini bunca izhar edə bilmək fərqlilikdir.
Kimə desəm, inanmır...
Kimə desəm, inanmır –
dənizə qar yağmışdı, qağayılar mavidi,
mandarinlər çəhrayı.
Kimə desəm, inanmır –
səni çağırmaq azan, səni gözləmək səcdə,
səni sevmək bir ayin.
Kimə desəm, inanmır –
bu nağılın alması Həvvanın günahıdı,
Adəmin cəzasıdı.
Kimə desəm, inanmır –
Firon yenə yuxuda, Yusif yenə quyuda,
Züleyxa dözəsidi.
Kimə desəm, inanmır –
sənə qədər yolların izini itirmişəm,
cığırları pozmuşam.
Kimə desəm, inanmır –
Ay Günəşdə yox olub, səma dənizdə batıb,
həm gündüzəm, həm axşam,
həm Allaham, həm adam,
həm övliya, həm nadan –
kimə desəm, inanmır.
Kimə desəm, inanmır –
səni sevmək dünyanın ən gözəl hadisəsi,
ən bəyaz möcüzəsi.
Səni gözləməyim də səbrimin sahilinə
mirvarilər düzəsi –
kimə desəm, inanmır.
Biri olur, biri yox; uzun-uzadı nağıl,
Allahı yuxu tutdu? Nəsə uzanır nağıl...
Mənə bir il də möhlət, gəlib çatacam sənə,
bir əlimdə göyərçin, birində alma yenə.
Axşamüstü piyada
Sübhdən dua edirəm, ovcuma su yığanda,
günəşə əl eləyib səhər evdən çıxanda,
reklam lövhəsindəki gülən qıza baxanda,
elə bilirəm, gələcəksən...
Çək günəşi şəhərin yuxulayan gözündən,
ay işığı dənizdə, su şəhərin dizindən,
səni yenə görürəm göyün ay bənizində,
elə bilirəm, gəlmisən...
Kafedə soyuq çaxır, dilimlənmiş almalar,
eyni yer, eyni masa, gəlib-gedən adamlar,
hər şey eləcə köhnə, hər şey eləcə... amma...
gözlədim, gəlmədin...
İşığı yanan evlər, magistral, səkilər,
yorulan qarışqalar evlərinə çəkilər,
qulağımda mahnılar, telefonda şəkillər;
ümid var - gələcəksən!
***
bu gün sübh namazına gələ bilməyib Allah,
məscid həyətindəki sərçələrə dən atır,
müjdəli sabahların mürgülüdür sahibi,
sərçə qanadlarına xəfifcə hopub yatır.
ovuc-ovuc içimdə,
uzaq-uzaq hardasa...
qucaq-qucaq gecəmə
ay boyda günəş asa.
başı çiynimdə baxır özü yaratdığına,
Allah yaxşı Allahdı, ağlamağı olmaya,
küsüb kin saxlamağı,
cənnətə qapıları bağlamağı olmaya,
yoxsa yenə başlayır
qucaq-qucaq gecənin
uzun-uzun susmağı.
Bu gün YARAT-da yeni tamaşa- “Kürəciklər” nümayiş olunacaq
Bu gün YARAT Müasir İncəsənət Mərkəzində “Kürəciklər” adlı tamaşa nümayiş olunacaq.
İskra Tarrantın müəllif və iştirakçısı olduğu tamaşa, 2020-ci ilin oktyabr ayında insanların nə haqda və nə üçün susduqlarını qeyd etmək cəhdidir.
Burada onlar özləri, 2020-ci ilin Qarabağ müharibəsi, daxildə nə çəkdikləri, bu anı necə yaşadıqları barədə danışırlar.
"Kürəciklər", qulaqlıqlarda verbatim – sənədli teatr üsuludur, burada aktyor səhnədə yaşamaqla, qulaqlıqlar vasitəsilə qəhrəmanların səslərini dinləyir və onları dərhal təqlid edir. Bu üsulu "sənədləşdirilmiş reallıq ilə bilavasitə əlaqə" kimi də adlandırmaq olar.
"Kürəciklər" anonim qalmaq istəyən insanların müsahibələri əsasında hazırlanıb.
Xronometrajı 60 dəqiqə olan tamaşa rəssam Çingizin "İNSƏN" sərgisinin konsepsiyasını özündə əks etdirir.
Bir sözlə, çox maraqlı olacaq.