Super User
Conni Depp San-Sebastyan beynəlxalq kinofestivalında fəxri mükafat alacaq
Amerikalı ulduz aktyor Conni Depp San-Sebastyan beynəlxalq kinofestivalında kinematoqrafa verdiyi töhfəyə görə fəxri mükafat alacaq. Bu barədə sentyabrın 17-dən 25-dək keçiriləcək San-Sebastyan kinofestivalının rəsmi saytı məlumat verib.
"Conni Depp - müasir kinematoqrafın ən istedadlı və çoxplanlı aktyorlarından biri 22 sentyabr çərşənbə günü "Donostiya" mükafatını alacaq. Tədbir San-Sebastyanda 69-cu festival çərçivəsində baş tutacaq”- təşkilatçılar qeyd ediblər.
San-Sebastyan beynəlxalq kinofestivalı 1953-cü ildən bəri hər il keçirilir və Avropada ən nüfuzlu film yarışmalarından biri hesab olunur. Bir neçə dəfə dünya kinematoqrafiyasında iconic premyeralara məhz bu festival meydan oldu. Məhz San-Sebastyandakı arenada "Ulduz müharibələri" epopeyasının Avropa premyerası baş tutdu, həmçinin dünya İlk dəfə Alfred Hiçkokun "Şimal-qərb vasitəsilə şimala doğru" (North by Northvest, 1959) adlı filmini gördü.
8 avqust. Meşə yanğınlarının ağuşunda qalmış Türkiyənin Antalya bölgəsinə leysan yağışı yağır.
Rembrandt. “The Syndicates”
Yusif Eyvazov və Anna Netrebko Lyublyana musiqi festivalında iştirak etdilər
İyulun 1-dən sentyabrın 8-dək Balkanlarda - Sloveniyanın paytaxtı Lyublyana şəhərində musiqi festivalı keçirilir. Builki festival sayca 69-cudur. Tədbirin saytına istinadən “ Ədəbiyyat və incəsənət” portalı məlumat verir ki, festivalın iştirakçıları olan iki opera ulduzu - azərbaycanlı tenor Yusif Eyvazov və Rusiyanın xalq artisti, soprano Anna Netrebko festival çərçivəsində konsert verdilər.
Konsert sloveniyalı yazıçı və dramaturq İvan Sankarın adını daşıyan Mədəniyyət Mərkəzində keçirildi. Duet Cüzeppe Verdi, Giacomo Puççini və digər bəstəkarların operalarından partiyalar səsləndirdi.
Böyük anşlaqla keçən konsert Lyublyana festivalının bəzəyinə çevrildi.
Qubada “Çovdar çörəyi” müəllifinin imza günü keçirildi
Avqustun 9-da “Azərkitab Kitab Mərkəzi” və “Ay işığı” ədəbi məclisinin birgə təşkilatçılığı ilə yazıçı, kouç, professor Əlibala Məhərrəmzadənin 45 illik yubileyi münasibəti ilə “Azərkitab”ın Quba filialında yaradıcılıq gecəsi və imza günü keçirildi. Əslən Qubadan olan, “Çovdar çörəyi” və “Ev tapşırığı. Uğur düsturunu tapmalı” kitabları ilə ölkə oxucusunun rəğbətini qazanmış Əlibala Məhərrəmzadə öz həmyerliləri qarşısına 10-a yaxın kitabla çıxdı.
Tədbiri giriş sözü ilə “Ay işığı” ədəbi məclisinin sədri, tanınmış şair Ramiz Qusarçaylı açdı. Ramiz Qusarçaylı həm Quba ədəbi mühitindən, həm də yubilyarın yaradıcılığının məziyyətlərindən söz açdı.
“Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov çıxış edərək “Azərkitab”ın gələcək hədəflərindən, kitab mədəniyyətindən, Əlibala Məhərrəmzadənin yaradıcılığından danışdı.
İmza günündə tarix elmləri doktoru Şahin Fazil, Bakı Dövlət Universitetinin prorektoru, biologiya elmləri doktoru Məcnun Babayev, tanınmış yazıçı, beynəlxalq ədəbiyyat festivalları laureatı Varis Yolçuyev, Quba Mərkəzi kitabxanasının direktoru Saməddin Nəsirov, Quba Statistika idarəsinin müdiri Sahib Məmmədov və digər ziyalılar çıxış edərək öz ürək sözlərini söylədilər, yubilyarı təbrik etdilər.
Əlibala Məhərrəmzadə tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi, onlara imzalı kitablarını hədiyyə etdi, gələcək yaradıcılıq planlarından danişdı.
Şair Ramiz Qusarçaylı son söz söyləyərək “Azərkitab”ın Quba filialının kollektivinə, əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Qubalılar şəhər həyatında əlamətdar hadisəyə çevrilmiş bu sayaq tədbirlərin tez-tez keçirilməsini dilə gətirdilər. Əlbəttə ki, ədəbiyyatın əyalətlərə nüfuz etməsi olduqca mütərəqqi haldır.
Çay süfrəsi mədəniyyəti, ipəkçilik, Molla Nəsrəddin lətifələri və pəhləvanlıq: Azərbaycan UNESCO-ya 4 yeni nominasiya faylı təqdim edib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi UNESCO-ya qeyri-maddi mədəni irs elementlərimizi təmsil edən yeni nominasiyaları təqdim eləyib.
UNESCO-ya yeni təqdim edilmiş 1 milli və 3 çoxmillətli nominasiya dosyemizin Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 2022-ci ildə keçiriləcək sessiyasında müzakirəyə çıxarılacağı təsdiqlənib. Beləliklə, komitənin 2022-ci ildə keçiriləcək sessiyasında daha 4 elementin - Türkiyə və Azərbaycanın birgə təqdim etdiyi “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu”; Əfqanıstan, Azərbaycan, İran Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”; Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” çoxmillətli nominasiya fayllarının və “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiya (Azərbaycan) faylımızın UNESCO Siyahına salınması məsələsi müzakirə olunacaq.
Bu barədə AzərTAC xəbər verir.
Xatırladaq ki, ölkəmiz 1992-ci ildən UNESCO-ya üzv qəbul olunub. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Ötən dövr ərzində ölkəmizin 15 qeyri-maddi mədəni irs elementi UNESCO-nun müvafiq siyahısında yer alır.
Mədəniyyət Nazirliyi Euro-news-un xətti ilə muğamı təbliğ etdi
Euro-news Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə Sarah Deanın müəllifliyi ilə muğam musiqisinin təbliğiylə bağlı süjet təqdim edib. Süjet “Hər bir söz ürəkdən gəlir” adlanır.
“Ədəbiyyat və incəsənət” portalı Euro-news-a istinadən süjetin müəllif mətnini təqdim edir:
“Başqa heç bir musiqi azərbaycanlı qəlbini muğam kimi döyməyə məcbur edə bilməz. Bu qədim musiqi bir qayda olaraq, sevgi və ya fəlsəfi məzmunlu ənənəvi Azərbaycan mahnılarını müşayiət edir. Onu təkrarolunmaz melanxolik səslənişi fərqləndirir.
Muğam ifaçısı Namiq Aslanovun sözlərinə görə, muğam həmişə improvizədir, notla ifa olunmur. Ona görə də oxuyanların hamısı ürəkdən oxuyur.
Muğam qaval, kamança və tar kimi alətlərin müşayiəti ilə ifa olunur. Adətən tarın korpusu tut ağacından çıxarılır. Zahid Vələdov da atası kimi bu sənətdədir, atasından sənətin sirlərini öyrənib. Tar Azərbaycanda çox dəyərlidir, onun təsvirini Azərbaycanın banknot və sikkələrində də görmək olar.
Tar ifaçılıq sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir ki, bu nadir musiqi bütün dünyada musiqiçiləri və dinləyiciləri ruhlandırmaqda davam etsin.”
Xatırladaq ki, çoxmilyonlu tamaşaçı auditoriyası olan Euro-news telekanalı Avropada bir nömrəli fikir formalaşdırıcı media qurumudur, orada bu cür süjetin getməsini təşkil etdiyinə görə Mədəniyyət Nazirliyimiz alqışlanmalıdır.
Sumqayıtda ədəbi həyat öz axarına düşür - Poeziya Evində növbəti kitab təqdimatı oldu
Pandemiya ilə bağlı olaraq uzun sürən sükutdan sonra Sumqayıt ədəbiyyatsevərləri yenidən öz ədəbiyyat ocaqlarına - Poeziya evinə yığışdılar. Arif Ərşadın “Hekayələr” kitabının təqdimatı keçirildi.
Çağdaş insanı öz gündəlik qayğıları ilə təhkiyə mövzusu edən yazarın obrazlarının, dialoqlarının canlılığı oxucunu cəlb edir, oxuyanda əsla bezmirsən. Yazıçını təbrik edən çıxışçılar həm də onun hekayələrinin əsas məziyyətlərini də dilə gətirdilər. Havanın isti olmasına baxmayaraq iştirakçılar tam sərin mühit yaratmışdılar. Onların arasında Sumqayıtın tanınmış ziyalıları - ölkə prezidentinin fərdi təqaüdçüsü, şair Əşrəf Veysəlli, yazıçı Hümbət Həsənoğlu, əməkdar jurnalist Eyruz Məmmədov, əməkdar jurnalist Rəhman Orxan, tibb elimləri namizədi, doktor Mayil Tağıyev, filologiya elmləri doktoru, professor Rafiq Yusifoglu, AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Camaləddin, yazıçı Süleyman Hüseynov, texnika elmləri namizədi, professor Sahib Fərzəliyev, texnika elmləri namizədi, professor, qəzəlxan Əli Əmirov, əməkdar incəsənət xadimi, yazıçı-publisist Agalar Idrisoglu, əməkdar mədəniyyət işçisi, xalçaçı rəssam Fazil Abasquluzadə, yazıçı
Almaz Ərgünəş Bəyazid, gənc alim, Nəsimişünas Vüsal Hətəmov, kitabsevər ziyalı Rafiq Mehdiyev, gənc şair Elvin Əlizadə, ev sahibi - Poeziya evinin müdiri, şair İbrahim İlyaslı, eləcə də digərləri tədbirə rəng qatdılar.
Arif Ərşad hər bir gələn qonağa öz dərin minnətdarlığını bildirdi, onlara imzalı kitabını hədiyyə etdi.
Xatırladaq ki, tədbirin baş tutduğu məkan - Sumqayıt Poeziya Evi tək Azərbaycana yox, aparıcı dünya dövlətlərinə də bir örnəkdir. 2019-cu ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizdə keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə möhtəşəm 4-cü LiFFt festivallar festivalının Sumqayıta təşrif buyuran qonaqları bu sənət ocağına heyranlıqlarını bildirmiş, hətta Avropada belə bir ayrıca şairlər binasının olmamasını dilə gətirmişdilər.
“Divarlar xəz manto kimi qucaqlayar çiynimi” deyən Nigar Həsənzadənin ecazkar şeirləri
Nigar Həsənzadə - qadın poeziyamızın ən əsrarəngiz, sirli-sehirli imzası. Onu illər öncəki London həyatındakı dəbdəbəli və elitar Britaniya ədəbi mühitinə cəsarətli inteqrasiyası ilə də tanıyırıq, Azərbaycan ədəbi mühitində yüksək zövqlü poeziya ixracçısı olan “ Söz” ədəbi layihəsinin yaradıcısı kimi də, 2019-cu ildə ölkəmizdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və dünyaya səs salan Avrasiya Materikinin Ədəbiyyat üzrə 4-cü LiFFt Festivallar Festivalının təşkilatçılarından biri kimi də. Nigar xanım “Ədəbiyyat və incəsənət” portalında bir neçə şeirini təqdim etməklə oxucuları həmin o yaratdığı əsrarəngiz, duyğusal, mifik aləmə dəvət edir.
Şeirləri orijinaldan - rus dilindən dilimizə xalq şairi Sabir Rüstəmxanlı, yazıçı İlqar Fəhmi, habelə şair Şəhriyar del Gerani tərcümə etmişlər.
Çoxdan gözlənilən qayğısız bir gün
Çoxdan gözlənilən qayğısız bir gün
Qonaqtək girincə sənin evinə
Yüklənir illərlə yığılan dərdin
Onun yük görməmiş çiyinlərinə.
İşarə veribdir sənə gör haçan
Qalın pərdələri adlayan işıq.
Sən əzbər bilirsən nədir qazancın:
Oğlun, ağ saçların, çoxalan yaşın.
Nə qorxu, nə utanc... sakitdir ürək
Dünyanın gözündə yağış haləsi.
Bədənim bir gecə ulartısıtək
Ehtiras torunda taleyə təslim...
Bu dünya islanmış ağız tikəsi
Dolub boğazına udulmaq istər.
Neçə yad ölkədən gəlsə də səsin
Sonda öz elinə qatılmaq istər.
Səssizlik... sorğuna cavablar gəzir.
Burda həmişəlik qalacaqsan hey.
Dünya dil altında ağız şirəsi...
Gecə var, gündüz var... Qalanı boş şey!
Çevirəni: Sabir Rüstəmxanlı
Həmin gün
Həmin gün
məxməri səssizliyə bürünəcək ev bütün.
Eşidilməz nə bir yağış, nə də bir külək səsi,
asta-asta duyular əşyaların nəfəsi.
Amma mən,
MƏN elə bir sükunətəm
divarlar da elə bilər yoxdu evin yiyəsi…
Mən donaram, gözləyərəm heykəl təmkini ilə
“gecə-gündüz” gülü kimi bükülərəm özümə.
Ki, eşidim ürəyimə atılan güllə səsini.
Bir də ürək hanı axı,
büsbütün ürək olubdu üstüm-başım, bədənim…
Həmin gün
ayaqlarım altında xışıldayanda tozlar,
divarlar xəz manto kimi qucaqlayar çiynimi,
mən isə ot tayasında gizlənən iynə kimi tapılmaram,
təhlükəmi anlamasınlar onlar.
Həmin gün
aram-aram nəfəs alıb pəncərəyə qısılmaq,
ötüb-keçən zamanın qoxusunu da duymaq,
təzələnmək, dirilmək, bir cümə günü olmaq,
yumruqlarını açmaq və dualar oxumaq…
Bilirsənmi əvvəl-axır çin olur
ən ölü yuxular da.
Çırıl-çılpaq dura bilsən Tanrının qarşısında
yavaş-yavaş yoxa çıxar günahlar, qorxular da.
Səadətə ümid də lap qırmızı sap olsun,
nə olar ki… biləyimə bağlamaq istəyirəm.
Həmin gün
gözlərinə baxacam və yəqin, ağlayaraq
deyəcəm ki, indi daha yaşamaq istəyirəm…
Həmin gün
məxməri səssizliyə bürünəcək ev bütün.
Eşidilməz nə bir yağış, nə də bir külək səsi,
puça çıxar hər nə var, yox heç nəyin kölgəsi.
Və sən demə
SƏNdən başqa yoxmuş bu evdə kimsə…
Çevirəni Şəhriyar del Gerani
Göm-göy məxmərlə örtərsiz…
Göm-göy məxmərlə örtərsiz,
Mənim dəniz kimi duzlu sinəmi
Mənim qəhqəhə çəkən qəm kədərimi
Mavi məxmərlə örtərsiz…
Yad evdəki yatağımı…
Qırağı dişlənmiş stəkanımı da
Hasarınızdan boylanan yuxumu da
Mavi məxmərlə örtərsiz…
Sübhün baxışlarının qırıntısını
Yaddan çıxan dünənimi
Mənim kağızdan düzələn səhər yeməyimi,
naharımı
Mavi məxmərlə örtərsiz…
Tac qoymamış sözümün
nəfəs aldığı
Lal əbədiyyətim naminə
Mavi məxmərlə örtərsiz üstünü ….
Çevirəni İlqar Fəhmi
Durmuşam yelçəkəndə…
Durmuşam yelçəkəndə, hava axınında tək,
Bir yandan da çırpılır üzümə isti külək.
Saatlar da yuxudan dostca oyanır birgə.
Mürgülü küçələrdə bədən alış-verişi,
Ulduzlar səssiz-səssiz axıb tökülür, bəlkə
Baş tutdu nə zamansa bizimlə yerdəyişi.
Ya göylərdə, ya yerdə-inancımız təbiət.
Torpağa düz əkilən qalsın biçilmədən tər...
Adamlar qisas alır, adamlar uçur fəqət,
Uçsa da, sürünsə də yenə sevilmək istər.
Boğaz var şarf dolanıb, ilgəkli boğaz da var,
Bir əl üzük düzülü, bir əl kəsik dibindən.
Qorxaq dovşan çığırır, ulayır ac canavar,
Qorxunc nərə yüksəlir bu insan sürüsündən!
İsti gecə həniri... Bir yandan da yelçəkən,
İnsan bədəni kimi göy təmizdir, göy uca –
İkisi də bir yerdə təmizlənir ləkədən,
Qoy ürək günəşimiz şəfəq saçsın doyunca!
Çevirəni Sabir Rustəmxanlı
Barmaqları öpürəm, ümidsiz ehtiyatla
Barmaqları öpürəm, ümidsiz, ehtiyatla,
Ovcuna sürünürəm unutmaqçün hər şeyi.
Çiynimdən asta-asta, çiynimdən asta-asta
Çıxarıram don adlı əbədilik zirehi.
Sanıram ki, ölmərəm, dözərəm və ölmərəm.
Fikrim, ruhum tər-təmiz. Günahsızdır bədənim.
Donub qaldım və səssiz, donub qaldım və səssiz
Ancaq qəlbim döyünür, döyünür qəlbim mənim.
Yüngüldür nəfəs kimi, təzədir nəfəs kimi
Saçın dəniz qoxuyur, dilində dəniz duzu.
Səni qucur əllərim, səni qucur əllərim
Mənim tacsız kralım, taleyimin ulduzu...
Çevirəni: Sabir Rustəmxanlı
27 Vogue nəşri birləşdi ki, oxuculara daha keyfiyyətli xidmət göstərsinlər
Pandemiya təkcə itkilərə və məyusluğa gətirib çıxarmadı, həm də çox vaxt dəyişikliklərə də meydan açdı və qapalı sərhədlərə baxmayaraq, bütün dünyanı birləşdirdi. Bu, ümumi mövzulara həsr olunmuş buraxılışlar hazırlayan Vogue nəşrlərinə də toxundu. Ümidlə dolu və kreativ başlanğıc! Yeni Sentyabr sayı bütün Vogue redaktorlarının beynəlxalq əməkdaşlığının üçüncü təcrübəsinə çevrilir - bu dəfə 27 nəşr yenilənmə və yeni başlanğıclar barədə danışmaq üçün birləşiblər.
“Ədəbiyyat və incəsənət” portalı bu xəbəri Vogue dərgisinə istinadən azərbaycanlı modasevərlərin diqqətinə çatdırır.
"Yeni Beginnings kampaniyası moda dünyasında baş verən dəyişikliklər və sənayenin daha davamlı, inklüziv və qlobal olmaq istəkləri ilə bağlı optimistliyini ifadə edir", — Vogue ABŞ-ın baş redaktoru, Vogue qlobal redaksiya direktoru və Conde Nast qlobal məzmun üzrə məsləhətçi Anna Vogue deyir. — Biz bu dəyişikliklərlə və onların dərinliyi ilə həyəcanlanırıq - bu, bizim üçün sənayedə özünü yeniləmənin və yenidən başlamağın çox sevindirici nümunəsidir. Və Vogue bu prosesi dəstəkləməkdən xoşbəxtdir".
Avqust və sentyabr aylarında Vogue jurnalının 27 dildə 21 nəşri satışa təqdim olunacaq, hər birinin üz qabığı günəş imicini günəşin şəklinin diliylə şərh edir – bu, dünyanın demək olar ki, bütün mədəniyyətlərində birləşmənin və yeni həyatın simvoludur. Həmçinin, yeni Beginnings təşəbbüsü çərçivəsində, çap nömrələri və digital platformaları müxtəlif ölkələrdən olan istedadlarla birlikdə Vogue redaktorları tərəfindən hazırlanmış unikal məzmunda təqdim ediləcəkdir. Mouchchi Prada və Rafa Simons-un eksklüziv müsahibələri, dünyanın modellərinin, mədəniyyət və dizayner qəhrəmanlarının moda hekayələri, eləcə də modada bir sabitlik trendi kimi qəbul edilən John Galliano və Tomo Koidzumi kimi ünlülərlə daha yaxından tanışlıq – bütün bunlar oxucuların ixtiyarına veriləcək.
Bundan başqa, sentyabrdakı buraxılışla yeni nəşr də debüt edəcək, bu nəşr başqaları ilə birlikdə qlobal kampaniyaya qoşulacaq — çap və rəqəmsal formatda təqdim olunan Vogue Scandinavia. İsveç, Danimarka, Norveç, Finlandiya və İslandiyadan olan oxucular üçün jurnal ingilis dilində nəşr olunacaq. Daha bir yenilik: Vogue Chına-nın təzə sayı yeni baş redaktor Margaret Zhang-ın rəhbərliyi altında təqdim ediləcək, bu da Çin nəşrinin tarixində yeni səhifə olacaq.
Əminik ki, azərbaycanlı Vogue-sevənlər öz jurnallarının yeni məzmununu çox bəyənəcəklər.
© Photographer: Daniel Jackson.