Super User

Super User

Pandemiyanın başlanğıcından bəri ilk tam miqyaslı konsert Nyu-Yorkda mərkəzi parkda on minlərlə insanı toplayaraq keçirildi. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı hadisə yerindən reportaj yayan TASS-ın müxbirinə istinadən məlumat verir.
Səhnəyə Nyu-York Filarmonik Orkestrinin musiqiçiləri, Andrea Boçelli, Karlos Santana, Brüs Sprinqstin çıxdılar.
Hündür mərtəbəli evin damını xatırladan səhnədə ümumən 25 dünya səviyyəli ifaçılar toplaşmışdı, sadaladıqlarımızdan savayı The Killers qrupunun rokerləri, Patti Smit, Elvis Costello kimi ulduzlar tamaşaçıları heyran qoydular.
“Bu, Nyu-York tarixində ən böyük konsertdir", - deyə səhnədən şəhərin meri Bill de Blazio bildirdi.
"Biz Nyu-Yorku sevirik. Qayıdış konserti " adlı konsert ABŞ-ın ən sıx məskunlaşmış şəhərinin adət edilmiş həyatına qayıdış həftəsinin kulminasiyası oldu. Əsas konserti tam 75 min insan izləyə bildi.
Biletlərin təxminən 80% - i Covid 19 pasportu olan şəxslərə pulsuz paylanıb, VİP-zonada ayaqüstü yerlər təxminən $ 400-ə başa gəlib, daha rahat yerlərin qiyməti 3,5 min dollardan 4,5 minə çatıb.
“Bu cür kütləvi tədbirlərə geri qayıtmaq və ətrafdakı bütün bu insanları görmək çox xoşdur", - Nyu-Yorklu  ulduz Josh bildirib və tədbirin"Delta" ştamının yayılması zamanı xəstəliklərin statistikasına təsir göstərməyəcəyinə ümid etdiyini ifadə edib.
Çox təəssüf ki, başlanan leysan yağışları musiqiçilərə tam proqramı ortaya qoymağa imkan verməyib, bir neçə gün davam edəsi olan konsert fasilə verməyə məcbur olub.
Bugündən etibarən isə  Nyu-Yorkun müxtəlif rayonlarında kiçik açıq meydançalarda çıxışlar davam edəcək.

Fotolarda: Çıxış edir Andrea Boçelli; Nyu-Yorkun mərkəzi parkında insan izdihamı.

Son bir neçə ildə Azərbaycan kitabxana-informasiya məkanında bir sıra yeniliklərə imza atmış Respublika Gənclər Kitabxanası yeni elmi-praktiki jurnal -  “Kitabxana və informasiya elmləri” Jurnalını təsis edib və onun ilk nömrəsi bu günlərdə işıq üzü görüb. Bu barədə AzərTAC məlumat verir.
Kitabxanadan informasiya agentliyinə bildirilib ki, jurnalın redaksiya heyəti və xüsusi qiymətləndirmə (ekspert) komissiyası, kitabxana və informasiya elmləri üzrə aktiv elmi tədqiqatlar aparan Azərbaycan və xarici ölkə alimlərindən təşkil edilib. “Kitabxana və informasiya elmləri” jurnalı – kitabxana və informasiya mütəxəssisləri, bu sahədə tədqiqat aparan alimlər və təhsil alan magistrant və doktorantlar üçün nəzərdə tutulmuş, resenziyalaşan beynəlxalq nəşrdir. Jurnalda kitabxana və informasiya elmləri üzrə aktual problemlərin həllinə yönəlmiş elmi-tədqiqat işlərinin və yeni innovativ təcrübələrin nəticələri çap ediləcəkdir.
Jurnalın birinci nömrəsində Azərbaycan və rus dillərində məqalələr çap edilib, onların tərtibatı və resenziyalaşması beynəlxalq nəşr standartının normalarına uyğun aparılıb. Respublika Gənclər Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyevin verdiyi məlumata görə, jurnal dünyanın nüfuzlu, tammətnli məlumat bazalarına daxil olunacaq, beynəlxalq istinad bazalarında indeksləşməsi təmin ediləcəkdir. “Kitabxana və informasiya elmləri” jurnalı bu sahədə ən keyfiyyətli tədqiqat işlərini dərc etməyi hədəfləyir.
Jurnalın baş redaktoru, fəlsəfə doktoru, dosent Azad Qurbanovun verdiyi məlumata görə, “Kitabxana və informasiya elmləri” jurnalında heç bir nəşr və informasiya vasitələrində əvvəllər nəşr olunmayan orijinal əsərlər dərc olunacaq. Təqdim olunan bütün məqalələr beynəlxalq müəllif etikasına və tərtibat qaydalarına uyğun olmalıdır. Jurnala qəbul ediləcək hər bir məqalə beynəlxalq normalara uyğun olaraq iki mütəxəssisin rəyinə göndəriləcək və hər bir məqalə “antiplaqiat” ekspertizası keçdikdən sonra jurnalda çap olunacaq. Bununla da jurnalın yüksək reytinqi təmin ediləcək və öz sahəsinin mötəbər elmi platforması olaraq fəaliyyət göstərəcək.

 

Bəstəkar Nazim Əliverdibəyovun 95 illiyi

 

Elə insanlar olub ki, vətən naminə böyük işlər görüblər, ancaq unudulublar. Eynən musiqimizin görkəmli xadimi Nazim Əliverdibəyov kimi. 1926-cı il avqust ayının 24-də Kislovodsk şəhərində anadan olan, ailəsi ilə Bakıya köçdükdən sonra ilk musiqi təhsilini Bakı Musiqi Texnikumunda, sonra onillik musiqi məktəbində alan Nazim bəy onillik musiqi məktəbinin buraxılış imtahanı zamanı özünün bəstələdiyi pyeslərindən birini ifa etməklə dərhal məşhurlaşmışdı. Daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsilini davam etdirərək 1952-ci ildə professor Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirmiş, musiqinin müxtəlif janrlarına müraciət etmiş, uşaqlar üçün “Cırtdan” nağıl-operasının, “Nazxanım naz edir” musiqili komediyasının, “Muğan” xoreoqrafik lövhələrinin, iki balet süitasının, “Mingəçevir” simfonik poemasının, xalq çalğı alətləri orkestri üçün “İçəri şəhər” adlı musiqi lövhələrinin, Hüseyn Cavidin sözlərinə silsilə romansların, çoxlu sayda kamera-instrumental və xor əsərlərinin, kinofilmlərə və teatr tamaşalarına yazılmış musiqilərin müəllifi kimi ad çıxarmışdır. Onun, xüsusilə “Bayatı Şiraz” muğamını akapella xor üçün işləməsi çox orijinaldır. Nazim Əliverdibəyov Ü. Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operalarının klavir və partiturasının yeni redaktəsini hazırlamışdır. Hazırda bu operalar onun redaktəsi ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulur. Onun  “Qəhrəmanlıq”- Simfonik orkestr üçün uvertüra (1951), Simfonik orkestr üçün Balet süitası (1956), Simfonik orkestr üçün “Rəqs suitası” (1978), violançel ansamblı və simfonik orkestr üçün “Skertso” (1978) və başqa əsərləri məşhurdur. Bununla belə, bu insan nə sağlığında, nə sonra heç bir fəxri ad, mükafat almayıb. Xüsusən indi yağışdan sonra göbələk kimi artan xalq və əməkdar artistlərimizi görüncə bu qədər xidmətlərin qiymətləndirilməməsi təəccüblü gəlir adama.

 

Nazim Ağalar oğlu Əliverdibəyov 1985-ci il fevral ayının 17-də Bakıda vəfat edib. Allah rəhmət eləsin.

 

 

 

Tanınmış maarifçı Məhəmməd Ağaoğlunun 125 illiyi

 

Görün sizə kimdən danışacam. 20-ci əsrdə Azərbaycan mühacir ziyalıları pleyadasında xüsusi yeri olan Məhəmməd Ağaoğlu 1896-cı il avqust ayının 24-də İrəvan quberniyasının İrəvan şəhərində, ziyalı ailəsində anadan olub. İbtidai təhsilini burada mədrəsədə alıb, sonra 1912-ci ildə gimnaziyanı bitirərək elə həmin il Moskva unuversitetinin şərqşünaslıq fakültəsinə daxil olub. Orada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanışlıq onda tədqiqatçılığa maraq oyadıb, 1916- 1919-cu illərdə bu məqsədlə Türküstan, İran, İraq, Türkiyə və Suriyaya səyahət edib. Filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçən Məhəmməd bəy AXC yaranandan dərhal sonra mədəni quruculuq işlərində fəal çalışıb: İstiqlal muzeyi, Qədim abidələrin müdafiəsi Cəmiyyəti onun təşəbbüsü və köməyi ilə yaradılıb. 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi onun Türkiyəyə mühacirət etməsini şərtləndirib, o, İstanbul Universitetinə daxil olub. 1926-cı ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alan Məhəmməd bəy 1927-1928-ci illərdə İstanbulda Milli muzeyin islam incəsənəti bölməsinə müdirlik edib, elə həmin ildə “Türk və İslam əsərləri” muzeyinin direktoru vəzifəsinə təyin edilib. Sonra tale yelləri onu Amerikaya atıb. O, Detroyt İncəsənət İnstitutunda Yaxın Şərq mədəniyyəti və incəsənəti şöbəsini təşkil eləyib, müsəlman Şərq xalqlarının dekorativ sənət nümunələrindən ibarət Detroyt “İslam incəsənəti qalereyası”nı yaradıb. O, Miçiqan Universitetində müəllim, professor olub. 1933-1938-ci illərdə burada İslam incəsənəti tarixi kafedrasını yaradıb. 1934-cü ildə Firdovsinin anadan olmasının 1000 illiyi münasibətilə Tehranda keçirilən Beynəlxalq Şərqşünaslıq konqresində Detroyt İncəsənət İnstitutunu və Miçiqan Universitetini məhz o təmsil edib. Geniş erudisiyalı şərqşünas alim kimi tanınan Məhəmməd Ağaoğlu ana dilindən başqa ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilirmiş. Doqquz dil bilmək sizə zarafat gəlməsin. Onu mədəniyyət mərkəzlərinə mühazirə oxumağa və İslam incəsənət sərgisi təşkil etməyə dəvət edirmişlər. Şərq mədəniyyəti və incəsənətinin unudulmuş abidələrini, sənət əsərlərini tədqiq və təbliğ etməsi ona dünya şərqşünaslığı salnaməsində ölməz mövqe qazandırıbmış.  Məhəmməd bəy həm də “Art islamika” (“İslam incəsənəti”) adlı jurnalın naşiri və redaktoru olmuşdur. Onun “Səfəvi xalçaları və parçaları”, “İslam incəsənəti haqqında qeydlər” və s. kitabları, eləcə də Azərbaycan, Türkiyə, İran, Ərəb Şərqi və Türküstan xalqlarının incəsənət, arxitektura, memarlıq tarixinə, təsviri və dekorativ tətbiqi sənətinin ayrı-ayrı problemlərinə dair külli miqdarda elmi məqalələri Amerika və Avropada dərc edilmiş, rəğbətlə qarşılanmışdır.

 

Ziyası bütün şərqi bürüyən böyük azərbaycanlı - Məhəmməd Ağaoğlu 1949-cu il iyun ayının 4-də Amerikanın Detroyt şəhərində vəfat etmişdir. Azərbaycanı dünyaya tanıdan, amma Azərbaycanda əsla tanınmayan Məhəmməd bəyə Allahdan rəhmət diləyir, bizlərə də xalq olaraq bu unutqanlıqdan qurtulmağı arzu edirəm.

 

 

 

Ukraynanın müstəqilliyi günü

 

Bizə dost və qardaş olan, bizim Qarabağ probleminə rəğmən analoji Krım, Donbass, Luqansk problemi olan Ukraynanın müstəqillik günüdür, dostlarımızı və qardaşlarımızı səmimi qəlbdən təbrik edirik, “müstəqilliyiniz daimi və əbədi olsun” deyirik.

 

Ukraynanın dövlətçilik tarixi 9-cu əsrdən – Kiyev dövlətinin qurulmasından hesablanır. Sonradan bu dövlət süqut edib, xırda knyazlıqlara parçalanıb, bir də 17-ci əsrdə Ukraynada növbəti güclü dövlət qurulub, Kazak-Getman dövləti adında. 18-ci əsrin sonundan Rusiya işğalına məruz qalaraq Ukrayna Rusiya İmperiyasının tabeçiliyində olub, 1917-ci ildə bolşevik inqilabı zamanı rusların başları özlərinə qarışanda ukrainlər də bizim kimi fürsətdən yararlanıb müstəqil dövlət qurublar, amma 1920-ci ildə Rusiya bu dəfə Sovet İttifaqı adı altında Ukraynanı ilhaq edib. Bir də 1991-ci ildə - avqustun 24-də Qorbaçovun dağıtdığı SSRİ-nin uçqunları altından müstəqil Ukrayna da çıxıb.

 

Biz inanırıq ki, tarix hər şeyi öz yerinə qoyacaq, necə ki, bizim Dağlıq Qarabağımız, gürcülərin Abxaziyası, Cənubi Osetiyası, moldovanların Pridnestrovyesi, eləcə də ukrainlərin Krımı, Donbası, Luqanskı azad olacaq, öz qanuni sahiblərinə qayıdacaq.

 

 

 

Kartof çipsləri günü

 

Uşaqların və pivəsevərlərin böyük bayramı. 1853-cü ilin bugünündə ilk kartof çipsləri hazırlanıb. Təsadüfən yaranan bu ərzaq bu gün dünyada ən çox tələb olunan qəlyanaltı hesab edilir. Nyu-York yaxınlığındakı Saratoqa-Sprints kurortunda şef-aşbaz Corc Krum o dövrdə ABŞ-ın ən varlı adamlarından biri olan Kornelus Vanderbiltin “Bu nə qalın doğranmış kartofdur, mənə verirsən? Mənə kartofu nazik qızardıb ver” şikayətinin müqabilində kartofu o qədər nazik kəsib qızardıb ki. Süfrəyə ilk çips plastinkalarını qoyanda aşbaz dəmiryolu maqnatını nazik kartof istəyinə görə sadəcə utandırmaq istəyib, amma əksi olub, maqnat “bəh-bəh” deyərək çipsi ləzzətlə yeyib. O gündən bu günə çips istehsalı dünyanı bürüyüb. Ən tanınmış çips brendi bu gün bizim marketləri də bəzəyən Pringles, Lays brendləridir. Əlbəttə, bizim yerli sənaye də çips istehsalına əl atıb, hər nədir, onlar da çips istehsal edirlər.

 

Kartof çipsləri barədə, onun ziyanı barədə də nəsə deməyimi istəyirsiniz, məndən “həm cibə, həm mədəyə ziyandır” kəlmələrini qoparıb uşaqlarınıza çips almamaq üçün bəhanə gəzirsiniz, amma mən bu gün bunu edə bilməyəcəyəm. Kişinin bayramıdır, mərdimazarçılığımız elə bu günə qalıb?

 

 

 

Beynəlxalq qəribə musiqi günü

 

Nyu-York musiqiçisi Patrik Qrant tərəfindən təsis olunan bu gününü məğzi insanları indiyədək dinləmədikləri, yaxud dinləyib dəyər vermədikləri musiqiləri dinləyib qiymətləndirməyə çağırmaqdır. Məsələn, bizim Azərbaycanda necə etmək olar? Bəzi rayon camaatı aşıq musiqisinə alüdədir, meyxana dinləmir, bu musiqini “düşüklük” adlandırır, bəzi abşeronlularsa əksinə, meyxananı sevir, aşıq musiqisinə “çuşkalıq” deyə şəbədə qoşur. Təklif edirəm, bir gün bunlar zövqlərində dəyişiklik edib əks cəbhənin bəyəndiyini dinləsinlər. Bu qədər bəsit. Daha qlobal anlamda isə, gəlin, xaricilərə muğam yollayaq, xalq mahnılarımızı yollayaq, qoy ləzzət alsınlar, özümüzsə kəntri, xard-rok, blüz dinləyək. Kiminçünsə adi olan kiminçünsə qəribə səslənir, amma qəribəliyin özü yeni təəssürat deməkdir.

 

 

 

NATO-nun və Ərəfatın doğuluşu, Plutonunsa ölümü

 

Bu gün Vezuvi günüdür, eramızın 79-cu ilində bu İtaliya vulkanı ən dağıdıcı şəkildə püskürüb. Plutonun statusunun kiçildilməsi günüdür bu gün həm də (Allah, sən özün saxla). Uruqvayda qeyd edilən günə baxın, Nostalgiya gecəsi. Əlbəttə ki, ABŞ-da üstü ərikli piroq günüdür. (Beləsini indiyədək bişirməyən xanımlarımız bişirə bilərlər). 1995-ci ilin bu günündə Windovs 95 istismara buraxılıb. 1968-də Fransa ilk dəfə nüvə silahını sınaqdan keçirib. 1949-da NATO yaranıb. 1572-də Varfolomey gecəsi baş verib (Fransa Krallığında qutenotlar qətliama məruz qalıblar). 1929-da Yasir Ərəfat doğulub, qoy onu da deyim.

 

Plutonun statusu niyə kiçildilib, onu demədim axı, 2006-cı ilin bu günündə yazıq Plutonu daha Günəş sistemi planeti yox, cırtdan planetlərdən biri saymağa başlayıblar

 

 

 

Varisin “21-31 avqustun təqvimi” yazısından fraqmentlər

 

Tuesday, 24 August 2021 10:04

Şeir gecələri kapuçino dadındadır

 

Monteneqrolu Katarina Saric Nikšić Universitetində Fəlsəfə və Cənubi Slavyan ədəbiyyatı üzrə təhsil alaraq Podqoritsada sosial siyasət üzrə magistr dərəcəsini tamamlayıb. Sosial kontekstdə şeir və nəsr yazır.Çoxsaylı antologiyalarda və böyük ədəbi saytlarda təmsil olunan müəllifdir.Onun şeirləri və nəsri haqqında xeyli elmi əsərlər yazılıb. Əsərləri bir çox mükafatlara layiq görülüb, yeddi dilə tərcümə edilib. Katarina Saricin şeirləri heç vaxt döyüş meydanını tərk etməyən və düşüncələri uğrunda mübarizə aparan cəsur bir qadının səsidir. Onun poetik görüşləri zaman-zaman böyük feminist şairlərin poetikasından keçir.O, sözün həqiqi mənasında, qadının iç dünyasını detallarına qədər oxucuya çatdırır.

 

Şair Ümid Naccari Katarina Saricin bir neçə şeirini dilimizə çevirərək “Ədəbiyyat və incəsənət” portalı vasitəsi ilə şeirsevərlərə ərməğan edir. Bu şeirlərin bəzən abstrakt fikirləri, düşüncə ziddiyyəti ilə oxucunu yüklədiyi duyulsa belə, əslində onlar, gerçəkdən, sirli-sehirli, bir qədər də metafizik abu-hava yaradır, oxucunu düşündürərək hardasa bu yaranmış mənzərənin bir parçasına çevirir.

 

 

 

ŞƏKƏR YAĞMURU

 

Mənə mesaj olaraq bir mətnlə yaxınlaşmayacaqsan, Şəkər!

 

Haralıyam, peşəm nədir kimi bir sualla…

 

Çox tez hiss edəcəksən

 

Danışıq dilindən dəhşətə düşdüyümü,

 

Hazır formulların ürəyimi bulandırdığını,

 

Mart ayında doğulduğumu,

 

Və mavi rəngi sevdiyimi.

 

Dağınıq bir “Vikinq” sıçrayışında

 

mənə tərəf qaçacaqsan

 

Artıq rezerv edilmiş bir park kimi,

 

Baş ağrısından işgəncə almış kimi.

 

Bazar günü olacaq və həssas dərim üçün

 

Krem aldığım aptek işləməyəcək.

 

Evlənməyəcəksən, boşanmayacaqsan,

 

Ya da qarmaqarışıq bir münasibət içində olmayacaqsan.

 

Sadəcə palçıq içindən keçənlər kimi yorulacaqsan.

 

Yağmur yağacaq,

 

Və hər zamanki kimi çətirim olmayacaq.

 

Hind Okeanında bir tısbağaya toxunduğunu danışacaqsan.

 

Qürur və ya utanc hissi?

 

Sənə sunami qayalarının altından topladığım

 

mərcan rəngli dırnaqları göstərəcəyəm

 

Seylon sahilləri yox olduğunda.

 

Məni arxa daxmaya aparacaqsan,

 

romlu bir çay üçün ən yaxın restorana.

 

və mənə yol boyu dostluqlarından danışacaqsan.

 

Siləcək səsi duyulacaq,

 

dumanlı şüşəyə üfürəcəyəm,

 

yol xəritəsini cıracaqsan,

 

Zirehli evim şüşədən düzəldilmiş kimi dağılacaq.

 

Kirpiklərinin üzərindən keçəcəyəm,

 

tikanlı məftil arasından

 

və bir qaranquş gedişi ilə gözünün dibinə dalacağam.

 

Köhnə video cihazında "Kəpənək"i

 

milyon dəfə geri çəkdiyimi biləcəksən,

 

azadlığa uçmağı xəyal etdiyimi belə...

 

Cibindən bir torba qızılı rəngdə tütün çıxaracaqsan,

 

büküb bütün qorxularımızı

 

çəkəcəyik havalı arzularımızı,

 

mavi tüstülərdən keçəcəyik.

 

Və külün içində bir çiçək əkəcəyik,

 

yağmur yağacaq

 

su kimi böyüyəcək çiçəyimiz

 

 

 

FLAŞ

 

Günortadan sonra yağışa dözə bilmirəm,

 

caza və keçmişə dönməyə dözə bilmədiyim kimi.

 

Geriyə dönüb baxdığımda

 

günəşin qürubunda maşın sürməyimiz,

 

siqareti uçuşda bitirməyimiz görünür.

 

Dadsız saqqıza dözə bilmirəm,

 

çiyələk və balonların partlaması

 

məhdudiyyətsiz bu şirin zarafat.

 

Dördyolda ayaqlarımı sığallayıram,

 

başımı pəncərədən çıxarıram,

 

külək saçlarımı yelləyir,

 

dözə bilmirəm

 

musiqi qutuları üçün yol kənarındakı gözyaşlarına.

 

Şeir gecələri kapuçino dadındadır

 

hər yeni sevdiklərimi məhv edən yaralar

 

Ya da uzaq məsafəli sevgilərə bənzər kimi...

 

Hər körpünü yandıran bu lənətlənmiş zəifliyə

 

dözə bilmirəm,

 

amma davranışları

 

əbəs məni məsumluğumda tənha buraxır.

 

Sonsuza qədər açıq olan bir yaranın üstünə

 

palçıq vurur,

 

mənə yenidən acı verir

 

məni öldürmək əvəzinə.

 

Yağışa dözə bilmirəm,

 

caz səsinə də,

 

fasiləsiz olaraq daima bu dəyişməz hislərə...

 

Məbədlərdə partlayışlar kimi

 

və yolun yanmış qoxusu

 

həmişə o dəyişməz küllərdən gəlir.

 

 

 

FOTO

 

- Bu həyatın fotosunu sənə buraxıram

 

bir çanta dolu qəhvə,

 

sobada albalı dadında tort,

 

və o ayaqqabılar - ad günüm üçün hədiyyən

 

(bir ölçü böyük).

 

Uydurulmuş hay-küylər...

 

şəhərkənarı yataqxanalarda

 

bu həftə sənin üçün planlaşdırılır

 

(və kağız qırıntıları).

 

Bu gün tərk edildim,

 

küləklərə ürək verdim,

 

öldürücü gözündən

 

retuşlaşmış gerçəkliyimi alıram.

 

Unudulmuş əlyazması

 

və son uğursuz gəlişim,

 

məndən sənə və geri.

 

(Məntiq anlamından gerçəklik anlamına).

 

Bütün görmədiklərini sənə buraxıram

 

barmaqlarına sıxılmış klaviatura düymələri,

 

ikinci dərəcəli modelləşdirilmiş gerçəklik.

 

Gözəl bir dizaynda buludların köpüyü,

 

sənin dəyişən eqon,

 

Paralel kainatın yaradıcısı,

 

bu virtual yer və göy üzü.

 

Mən səni tərk edirəm.

 

Təqlid etmirəm.

 

Heç vaxt təqlid etmirəm.

 

Və etmərəm.

 

“Mən heç bir tələbəni heç bir müəllimin ayağına verməyəcəm, amma heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəm” - Kamal Abdullanın məqalə və müsahibələri bir kitabda.
Xalq yazıçısı, akademik Kamal Abdullanın yeddicildliyinin altıncı cildi çapdan çıxıb.
AzərTAC xəbər verir ki, Kamal Abdullanın “Seçilmiş əsərləri”nin VI cildinə onun elmi, pedaqoji, ictimai fəaliyyəti, həmçinin dövlət xadimi kimi ölkədə həyata keçirilən siyasətlə bağlı müxtəlif illərdə yerli və xarici qəzet, jurnal, televiziya, radio və saytlara verdiyi müsahibələri, müxtəlif ədəbi-bədii, ictimai, sosial və siyasi proseslərlə bağlı yazdığı elmi, elmi-publisistik məqalələri, araşdırmaları daxil edilib.
Bu cild müxtəlif yerli və xarici ədəbiyyat, incəsənət, mədəniyyət və elm adamlarının, jurnalistlərin, idmançıların, tərcüməçilərin, tənqidçilərin, naşirlərin Xalq yazıçısı, akademik Kamal Abdullanın 70 illik yubileyi münasibətilə ona ünvanladığı 70 suala müəllifin cavablarından ibarət müsahibə ilə başlayır. Sonra isə Kamal Abdullanın son 30 ildə müxtəlif qəzet, jurnal, radio, televiziya və saytlara verdiyi müsahibələr xronoloji ardıcıllıqla təqdim olunur.
Cilddəki tarixi ardıcıllıqla verilən müsahibələr müstəqilliyimizin ilk illərindən başlayaraq ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin konturlarının düzgün müəyyənləşdirilməsi, mədəniyyətimizə dövlət qayğısı, Azərbaycandakı ədəbi proses və bu prosesin dünyada baş verən mövcud ədəbi tendensiyalarla əlaqələndirilməsi, müəllifin birbaşa yaradıcılığı, ayrı-ayrı şeir, hekayə, dram və xüsusən də dünyanın müxtəlif ölkələrində çap olunmuş, ədəbi mükafatlar qazanmış romanlarının ədəbi taleyi, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin məqsəd və hədəfləri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin multikulturalizm və tolerantlıq prizmasından təhlili və digər məsələlərlə bağlıdır.
Kitabda görkəmli şəxsiyyətlər, ədəbiyyat adamları ilə ədəbi və ictimai problemlərə həsr edilmiş söhbətlər də əksini tapıb. Böyük Azərbaycan yazıçısı Ənvər Məmmədxanlı, türk dünyasının böyük şəxsiyyəti Cavad Heyət, Rusiyanın məşhur ədəbiyyat adamları Aleksandr Livergant, Lev Anninskiy, Aleksandr Tkaçenko, Boris Yevseyev, Alla Axundova, Lyudmila Lavrova, İnna Rastovtseva, Türkiyəli yazar İrfan Ülkü, ədəbiyyatşünas Yasemin Bayer, Böyük Britaniyalı araşdırmaçı-jurnalist Neil Vatson, “Ədəbiyyat” qəzetinin baş redaktoru ədəbiyatşünas Azər Turan və başqaları ilə olan söhbətlər müəllifin müxtəlif problemlərə akademik yanaşmasını əks etdirir.
Cildə müəllifin xüsusən ölkəmizdə baş verən ictimai, sosial və siyasi proseslərə həsr edilmiş məqalələri də daxil edilib. Müəllif “Azərbaycan multikulturalizmi”, “Multikulturalizmə giriş” dərsliklərindən, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı dərs vəsaitindən, müxtəlif toplulardan və qəzetlərdən götürülmüş məqalələrdən, əsasən ulu öndər Heydər Əliyevin siyasi banisi olduğu Azərbaycan multikulturalizm modelindən və bu siyasət modelinin ölkəmizə qazandırdığı böyük beynəlxalq dividendlərdən bəhs edir.
Qeyd edək ki, Xalq yazıçısının 7 cilddən ibarət “Seçilmiş əsərləri”nin 1-ci cildinə onun üç romanı və haqqında məlumat, 2-ci cildinə bir romanı, bir povesti və hekayələri, 3-cü cildinə şeirləri, esseləri, pyesləri, 4-cü cildinə “Kitabi-Dədə Qorqud” tədqiqatları, 5-ci cildinə dilçilik və poetikaya aid əsərləri daxil edilib.

23 avqust. Avropada stalinizm və faşizm qurbanlarının xatirə günü
Black Ribbon Day! Qitənin matəm günü. Bəli, ey uzun illər sovetlər birliyində işıqlı gələcək quran insanlar, yaşlılar, kommunist əqidəlilər, bu gün Avropa qitəsində rəsmən qeyd edilən bu xatirə gününün adı sizin qəlbinizi sızladacaq. Sən demə, uğrunda fəda olduğunuz stalinizm, əslində faşizm kimi bir şey imiş. Avropa Parlamenti bu qərarı havadan da verməyib axı. Avropa Parlamentlər Assambleyası Şurasının 2006-ci ildə qəbul etdiyi 1481 nömrəli Qətnamə totalitar kommunist rejimləri ilə nasizm cinayətlərini eyniləşdirərək hər ikisini insanlıq əleyhinə aksiya adlandırıb. Razı deyilsiniz bu fikirlə? Bir onda, ən azı, 1937-ci il stalinizm qurbanları barədə oxuyun lütfən.
 
23 avqust. Beynəlxalq qul ticarəti qurbanlarının xatirəsi günü
YUNESKO-nun İsraiyyə Şurasının 150-ci sessiyasında qərara alınıb ki, avqustun bugünkü günündə qul ticarəti qurbanları anılsın. İlk dəfə 1791-ci ilin bu günündə San-Dominqoda və Haitidə qullar üsyana qalxıblar, bununla da quldarlıq sistemi çökməyə başlayıb. Hər il bu gün Seneqal sahillərindəki Qori adasında mərasim keçirilir, ölənlər üçün dualar oxunur, şamlar yandırılır. Sən demə, qulların Afrikadan Amerikaya aparılmasında məhz bu məntəqə tranzit yolu oynayırmış.
Amma bu gün qul ticarətinə əsla son qoyulmayıb. BMT-nin hesablamalarına görə, hər il milyonlarla insan, xüsusən qadın və uşaqlar aldadılmaqla, yaxud zorla eksplutasiyaya məruz qalır, “canlı mal” adını alır. Müasir dövrün bu yeni qul ticarəti dünya ictimaiyyətini hədsiz narahat etməkdədir.
 
23 avqust. Küləyi ram etmək günü
Bir baxın, dünya belə bir günü qeyd edir, biz – rəsmən küləklər şəhəri adlanan dünyada yeganə şəhərin sakinləri isə bundan bixəbərik. Var olaq, vallah.
Bu gün, əslində qayğısız insanlar üçündür. Dənizdə və okeanda üzmək, yaxud yelkənli qayıq sürmək, səmada paraşütlə, yaxud deltaplanla  uçmaq, çərpələng uçurmaq və bu zaman tam gərginlikdən qopmaq, küləyə icazə vermək ki, səni, sənin idarə etdiyin texnikanı istədiyi səmtə apara bilsin... Sadəcə, yayın son günlərindən birindən həzz almaq – günün tələbi bax budur.
Zira, bakılılar bu günü qeyd edərlərsə fərqli qeyd edərlər, qeyzlənib tozu-torpağı gözə soxan, lap qeyzlənib damları uçuran, şüşələri çilikləyən, ağacları aşıran küləyə deyərlər ki, nə olar, ildə bircə gün əsmə. Lap araya salıb zümzümə də edə bilərlər ki, Külək niyə belə əsirsən, külək/ Niyə ümidimi kəsirsən külək...

Varisin “21-31 avqustun təqvimi” yazısından fraqmentlər

Rəssam Zhang Xiang Ming-in adı bir anda dünyanı dolaşdı. Onun “Pekin qızlarının gözəlliyini və təqsirsizliyinı” əks etdirən tabloları sərgiləri bəzəməkdə, auksionlarda gurultulu çəkic zərbələri altında satılmaqdadır. O, ən gözəl Çin qızlarını seçib çəkir, foto dəqiqliyi ilə, üstəlik, əlavə ştrix və cizgilərlə.
Rəssam Zhang Xiang Ming Shandong adlı Çin əyalətində yerləşən Quangrao şəhərində anadan olub. Onun  incəsənət təhsili var. O, Şandun(2003) Pedaqoji Universitetini bitirib, orada Rəssamlıq fakültəsində təhsil alıb.
Rəssamın sonrakı təhsili Çin rəssamlıq Tədqiqatları İnstitutunda davam etdirilib və o, yağlı boya  sənəti üzrə ixtisaslaşıb, bu texnikanı kifayət qədər uğurla mənimsəyib.
Zhang Xiang Ming "Pekinli qız" adlı silsilə rəsmlər  yaradır. Rəsmlərdə müasir həyatda müəyyən yer tutan gənc Çin qadınının obrazı yer alır.
O, rəsmlərdə şəhər həyatının müasir ritmi ilə bağlı olan qadının ruhi vəziyyətini göstərməyə çalışır.
Rəssamın çəkdiyi obrazların hər biri gözəl və məsumdur, lakin eyni zamanda öz həssaslığı və cazibədar üsyankar xarakteri ilə xüsusən kişiləri başdan da çıxarırlar.
Zhang Xiang Ming-in bütün işləri realist üslubdan istifadə edərək yağlı boyayla yazılmışdır. O, Çin qızlarının xarakterinin özünəməxsusluğunu və gücünü əks etdirə bilir.
“Ədəbiyyst və incəsənət” portalı Week-end həftəliyinin icmalçısı
Alex Ivanova istinad edərək bildirir ki, bu portretlərdə bəzi Pekin qızlarının gözündə eyni zamanda həyəcan və sakitliyi müştərək görmək olar. Lakin ən əsası, onların hamısı çox gözəldir.
Maraqlı cəhət ondan ibarətdir ki, rəssam öz rəsmlərinin yazılmasında bir konkret xətt seçmişdir. O, tamaşaçıların diqqətini gözəl gənc və çox cəlbedici qəhrəmanlar üzərində cəmləşdirmişdir.
Rəssam Çjan deyir ki, onun rəsmlərində yüksək dərəcədə mənəvi etinasızlığın və hətta laqeydliyin, eləcə də yoxa çıxan idealların rəmzi olan müasir dünyaya üsyan edən qızlar təsvir edilib.
Onların paltarları, aksessuarları da müasir dünyada baş verən və insanlar tərəfindən anlayış əldə edən hadisələri əks etdirir.
Gözəl qızlar güzgüdə olduğu kimi, Çin cəmiyyətinin mənəvi vəziyyətini və qeyri-milliyyətçi baxışlara xeyirxah münasibətini, həmçinin gerçəkliyin və həyat dəyərlərinin estetik qavranılmasını əks etdirirlər. Rəssam bu sayaq yaradıcılıqla öz  qlobal maraqlarını da ortaya qoyur,  yalnız Çin qadınlarının deyil, dünyanın digər ölkələrində yaşayan qadınların da sosial problemlərini əks etdirmək istəyini büruzə verir.
Rəssamın bəzi işlərini oxucularımıza təqdim edir, onları çılğın gözəlliklə baş-başa buraxırıq.

 

Bu qadınların hər biri vaxtilə üslub, tərz, stil ikonası adlandırılırdı, Yer kürəsində gözəl cinsin milyonlarla nümayəndəsi isə onları təqlid edirdi. Onlar qüsursuz zahiri görünüşləri ilə diqqəti cəlb edirdilər, onların obrazları isə bu gün də bir çox məşhur və adi dəbsevərlər üçün nümunədir. Heç də hamısının taleləri xoşbəxt olmadı, lakin onlar daim xatırlanır və uzun illərdir model trendi hesab olunur.

 

“Ədəbiyyat və incəsənət” portalı XXL dərgisinə istinadən XX əsrdə dünyanın 7 stil ikonasını təqdim edir:

 

 

 

 

 

Marlen Ditrix

 

O, təminatlı bir ailədə dünyaya gəldi, lakin həmişə "boz siçan" kimi davranırdı. Aktrisa olmaq qərarına gəldiyi zaman onunla dəyişikliklər baş verməyə başladı. Ona dahi rejissor Cozef Fonternberqlə görüşmək qismət oldu, bu, Ditrixə kamera qarşısında işləməyi və ümumiyyətlə, aktyorluq məharətini öyrənməyi nəsib edib. Və Cozef gənc aktrisaya görünüşünü bir az təkmilləşdirməyi məsləhət gördü. Gənc Marlen o gündən özü ilə ciddi məşğul olmağa başladı: bir neçə artıq kiloqram atdı, qarabənizdən sarışına çevrildi.

 

Tezliklə Marlen Ditrix bütün dünyaya məşhurlaşdı və 1930-1940-cı illərin dəbinin əsl qanunvericisinə çevrildi. O, şalvar geyməyə başladı və tezliklə bir çox qadınlar öz qarderobunda kişi geyim elementlərindən qorxmağı dayandırdılar. Aktrisa müxtəlif elementləri və üslubları cəsarətlə sınaqdan keçirdi və birləşdirdi. Onda füsunkar keçmiş şlyapayla uyğunluqda kişi kostyumu əla görünürdü. Və eyni zamanda aktrisa həmişə qadın ecazkarlığını qoruyurdu, şık görünürdü.

 

Şəkildə Marlen Ditix.

 

 

 

 

Qreys Kelli

 

O, həmişə öz təkrarolunmaz qadın obrazını yaratmağa imkan verən heyrətamiz üslub hissi ilə fərqlənib. 1950-ci illərdə Qreys Kelli əsl təqlid nümunəsi oldu. Günün istənilən vaxtında və istənilən şəraitdə qüsursuz görünürdü: mükəmməl düzülmüş saçlar, inanılmaz dərəcədə ona yaraşan qadın donları, orijinal jaketlər.

 

Qreys Kelli Monako şahzadəsi ilə ailə qurduqdan sonra öz şahzadəsi ilə görüşən Zoluşka nağılının əsl təcəssümü oldu. Təəssüf ki, onun həyatı çox tez qırıldı: Qreysin avtomobil qəzasında həlak olduğu vaxt yaşı cəmi 52 idi.

 

Şəkildə  Qreys Kelli

 

 

 

 

  Merilin Monro

 

Bu cazibədar sarışın qadın günü bu gün - ölümündən sonra yarım əsrdən çox müddət keçdikdən sonra da bütün dünyada moda dizaynerləri və sadə qızlar üçün qadın cinsinin simvolu və ilham mənbəyi olaraq qalır. O, öz üstünlüklərini məharətlə vurğulayır, bədən gözəlliklərini qabartmaq üçün tam uyğun paltar geyirdi. Ağ rəngli saç qıvrırcıqları, qırmızı dodaqlar aktrisanın, müğənninin və modelin vizit kartı idi.

 

Şəkildə Merilin Monro

 

 

 

 

 

 

Bricit Bordo

 

İnanılmaz dərəcədə qadın ecazkarlığına malik olan Bricit elə görünməyə çalışırdı ki, onun obrazında yüngül laqeydlik gözə dəysin. Fransız qadının sirri sadəlik və təbiilikdən ibarət idi. Babet, ifadəli gözlər və zərif dodaqlar həmişə onda cavan qızın riqqətli obrazını yaradırdı. Bricitin sayəsində modaya Bikini girdi və çiyinləri açıq sviter xüsusi populyarlıq əldə etdi.

 

Şəkildə Bricit Bordo

 

 

 

 

 

 

 

 

Odri Həpbörn

 

O, gözəl və ecazkar idi, onun uzun müddətdir ki, cazibədar görünüşü üçün gözlərindəki parıltı kifayət edirdi. O, həmişə şirin və zərif idi, lakin Yuber Jivanşı ilə görüşdən sonra məşhur moda dizaynı üslubunun və muzasının əsl simvoluna çevrildi. Tandemin birgə yaradıcılığı "Sabrina" filmindən başlamışdı və dizayner həmin filmə kostyumlar tikmişdi. Və sonra o, kövrək və incə Odrini geyindirməkdən əl çəkmədi, davamlı olaraq ona sadəliyi ilə heyran edən libaslar tikdi, hətta kolleksiyasındakı ən yaxşı qoxulu bir ətiri - " l'Interdit"-i də ona həsr etdi. Aktrisa həm qara paltarda, həm də bir qədər qısaldılmış şalvarda çox gözəl idi, o, dəyirmi eynək və inanılmaz şlyapalar taxmağı bacarırdı, hətta gündəlik həyatda baletkalarda və dalğıclarda da zərif görünməyi bacarırdı.

 

Şəkildə Odri Həpbörn

 

 

 

 

 

Tviqqi 

 

1960-cı illərdə Lesli Louson cəsarətli gəncliyin təcəssümü idi. İngiliscə tərcümədə tross mənasını verən Tviqqi ləqəbini o, özü üçün boşuna seçməmişdi, arıq, uzun, incə, bir sözlə, əsil tross. Tviqqi incə olduğu qədər də kövrək idi, naəlaclıqdan nadincliyi də vardı, o, moda, üslub və qadın fiquru haqqında bütün təsəvvürləri sındıra bilmişdi. O, üslublarını uğurla qarışdırırdı və eyni zamanda təkrarolunmaz idi: kuklalara bənzər balaca paltarlar, aşağı dabanlı ayaqqabılar, parlaq rəngli kolqotlar və hündür qolflar. 

 

Tviqqi yeniyetmə qıza oxşayırdı və öz uşaq sadəliyini hər vəchlə vurğulayırdı. Bu zaman sifətində iri kukla kirpiklərinə bənzər kipriklərlə seçilən gözlər parlaq görünürdü, dodaqları isə sadəcə, rəngbərəng şirni konfetlərini xatırladan zərif çəhrayı dodaq boyası ilə qabarırdı.

 

Şəkildə Tviqqi

 

 

 

Jaklin Kennedi

 

O, Amerika Birləşmiş Ştatları prezidentinin həyat yoldaşı və tanınmış stil simvolu idi. Jaklini, mübaliğəsiz, gözəl adlandırmaq olar, amma bu gözəlliyi o, öz əlləri ilə yaradır, çatışmazlıqları məharətlə gizlədir və üstünlüklərini qabardırdı.

 

O, yalnız klassik tərz geyimi geyirdi, hansı ki, fiquruna görə mükəmməl uyğunlaşdırılmışdı, heç bir "universal" ölçü qəbul etmirdi. Eleqant kostyumlar, qadınlar üçün mühafizəkar paltarlar, uzun əlcəklər, daha sonra böyük eynəklər və gözəl şlyapalar ona yaraşıq verirdi.

 

Şəkildə: Jaklin Kennedi

 

 

 

 

 

 

 

 

 

Hər il dünyada yüz milyon tirajlarla kitablar çıxır. Və yalnız nadir olan kitablar həyat tərzimizi və davranışımızı dəyişdirirlər. Hal Elrodin “Səhərin magiyası” kitabı həm hər şeyi, həm də hər şeydən artığını edir. Siz bu kitabdan səhər yuxudan oyanandan sonra ilk saatınızın bütün gününüzün müvəffəqiyyətini necə müəyyənləşdirdiyini və potensialınızı ortaya qoymağa necə kömək etdiyini öyrənəcəksiniz.
Müəllifin məsləhətlərindən sonra, on minlərlə insan sağlamlığını yaxşılaşdırdığı faktı məlumdur, on minlərlə insan daha çox qazanmağa başladı, əsas vəzifələrə diqqət yetirməyi öyrəndi və ən əsası - xoşbəxt oldu.
Bu kitab, ilk səhər saatından başlayaraq həyatını dəyişdirmək istəyən hər kəs üçündür.

Gözəl şair, publisist, ictimai xadim Rəşad Məcidin bu gün doğum günüdür. Şablon tərcümeyi-hal sadalamalarını bir kənara qoyub Rəşad Məcid haqqında onu deyə bilərik ki, o, öz lirik şeirləri ilə oxucusunu…

1.Kövrəldir…

BİLSƏYDİM

Bilməzdim bu qədər ağrı verəcək,
Hər təzə misrası üzəcək məni,
Yolumu daşlığa sarı döndərib
Bu qədər incidib əzəcək məni…
Bilsəydim, yazmazdım bu şeirləri.

Mən dedim, yazdıqca unutduracaq
Köhnə ağrıları, əski dərdləri.
Bağrımın başında qalayıb ocaq
Yenidən yaşatdı məşəqqətləri…
Bilsəydim, yazmazdım bu şeirləri.

Ağrılar, əzablar ac quzğun kimi,
Boynuma uzatdı caynaqlarını.
Vurduğun yaralar sağalmamışkən
Yenidən qopardı qaysaqlarını…
Bilsəydim, yazmazdım bu şeirləri

2.Heyrətləndirir…

BİR GÜNƏŞ EYLƏ…

Tanrının yerdəki əziz bəndəsi,
Məni də mülkündə kirəkeş eylə.
Artır qüvvətimi, çoxalt gücümü,
Sıfırı bir eylə, biri beş eylə.

Qolla fərmanını, əmrini qolla,
Çıxaram sınaqdan – testini yolla,
Üşüyən qəlbimə istini yolla,
Odlu baxışını gur atəş eylə.

Durulan gölünəm, daşan selinəm,
Kölən, cangüdənin, qulun, dəlinəm,
Ovcunda yupyumşaq plastilinəm,
Yay məni, yenidən bir günəş eylə.

3.Duyğulandırır…

SƏNSƏN…

Sənsən əzablarla dolu qürbətim,
Sənsən diz çökdüyüm vətənim mənim.
Sənsən ən yaxınım, vəfalı dostum,
Qanıma susayan düşmənim mənim.

Cəhənnəmim də sən, cənnətim də sən,
Gah nəğmə oxuyan, gah ağı deyən.
Ağır əzablardan tir-tir titrəyən,
Ruhtək rahatlaşan bədənim mənim.

Sən – gecəm-gündüzüm, sən – toyum-yasım,
Sənsən dar ağacım, sənsən xilasım.
Əynimə oturan ən düz libasım,
Boyuma biçilən kəfənim mənim.

“Ədəbiyyat və incəsənət” portalı adından Rəşad Məcidi doğum günü münasibəti ilə təbrik edir, bu kövrəldən, heyrətləndirən və duyğulandıran şeirləri ilə oxucularını daim cazibəsində saxlamasını arzulayırıq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.