Super User
Səudiyyə Ərəbistanından olan heykəltəraş Quranın mətnini 30 mərmər lövhədə həkk edib
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, Husban bin Əhməd əl-Anizi 30 mərmər plitənin üzərində müsəlmanlar üçün müqəddəs olan Quran kitabının mətnini həkk etdirməklə bu işə tam səkkiz il vaxt sərf edib.
"Hər şey hələ 20 il əvvəl mənim zəngin ərəb dilinə olan marağımdan başlayıb. Birincisi, vətənim Tabukda (Səudiyyə Ərəbistanının şimal-qərbində əyalət - red.) çıxarılan qranit bloklarında “Bismillah” ensiklopediyasını hazırladım, yəni hər bir Quran surəsi bu kəlmə ilə başlayır. İndi də Quranı tam mərmər plitələrə köçürdüm. Həqiqətən, bizim region əsrlər boyu rəssamları yüksək yaradıcılığa ruhlandırıb", - deyə heykəltəraş bildirib.
Quranın mətnini yaratmaq üçün əl - Anizi Müqəddəs Kitabın 114 surəsini Osmanlı imperiyasında, xüsusilə rəsmi sənədlərdə geniş tətbiq edilən ərəb kalliqrafiyası ilə xüsusi məktub şəklində yaşıl mərmər lövhələrdən istifadə etmişdir.
"Bütün bu illər ərzində mən krallığımızda sənətkarlıq peşələri ilə bağlı müxtəlif festivallarda iştirak etmişəm. Hökumətimiz ənənəvi incəsənətə, əsasən, irs üzrə Xüsusi Dövlət Komissiyası vasitəsilə böyük diqqət yetirir. Bu yaxınlarda mən Tabukda Səudiyyə heykəltəraşlarının yeni nəsillərini yetişdirmək üçün gənclər incəsənət mərkəzi yaratmağı planlaşdırıram", - deyə sənətkar bildirib. Bundan başqa, əl-Anizi ümid etdiyini bildirib ki, tezliklə onun işini artıq ərizə verdiyi Ginnesin Rekordlar kitabından xüsusi komissiya da layiqincə qiymətləndirəcək.
Oliver Stounun Nazarbayev barədə filmi Moskvada qapalı çevrədə təqdim olundu
Qazaxıstanın Birinci Prezidenti, türk dünyasının görkəmli oğlu Nursultan Nazarbayev haqqında "Qazax: qızıl insanın tarixi" adlı sənədli filmin qapalı nümayişi cümə axşamı Moskvada keçirilib. Filmin rejissorları Oliver Stoun və İqor Lapatenokdur.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, məşhur amerika rejissoru, ssenaristi və prodüsseri, 3 dəfə Oskar qazanmış, dəfələrlə “Qızıl qlobus”, BAFTA kimi nüfuzlu ödüllərə layiq görülmüş Oliver Stounun cəlbedici qonorarın müqabilində ortaya qoyduğu bu iş heç də sıradan bir iş alınmayıb, yaradıcıların sözlərinə görə, film Roma kinofestivalında təqdim olunacaq. İyulun sonundan isə 8 seriyadan ibarət serial formatında Moskva televiziyası ilə filmin nümayişi başlanacaq.
Rejissor Lapatenokun verdiyi açıqlamaya görə, filmi çəkmək üçün pandemiya ciddi maneə törədib. Sərhədlərin bağlanması ilə bağlı çətinliklərdən əlavə, qrupun bir neçə üzvü koronavirusa yoluxub, buna görə əvvəlcədən hazırlanmış çəkilişləri ləğv etmək lazım gəlib.
"Təsəvvür edin, qrupumuzda üç simptomatik xəstə var. Heç bir test yoxdur, təyyarələr uçmur, yoluxmuş insanları daşımaq üçün humanitar təyyarə ala bilmirik. Bununla belə, biz Nur-Sultan şəhərinə uçuruq. Bizim prodüser İqor Kobzev isə dərhal reanimasiyaya alınır", - deyə rejissor bildirib.
Kobzev filmin premyerası zamanı qazaxıstanlı həkimlərə ayrıca təşəkkür edib və həyatını xilas etdiklərinə görə bu insanlara ömür boyu borclu olacağını bildirib. Onun ağciyərlərinin buzlaşma dərəcəsi 84% - ə çatıbmış.
Sonradan, çəkilişlərin aparıldığı hava şəraiti də film istehsalçılarına ciddi problem yaradıb, həddindən artıq isti imiş, qumsal çöllərdə havanın temperaturu 55 dərəcə selsidən də çox imiş.
Rejissorun sözlərinə görə, filmin çəkilişlərində Nursultan Nazarbayev çəkiliş komandasına “tapşırıqları canla-başla yerinə yetirməsi səbəbi ilə” çox kömək edib. "Çəkiliş zamanı qəhrəmanımızı həqiqətən sevdik, çünki onun xalqı üçün nələr etdiyini öyrəndik", - deyə Lapatenok bildirib.
"Biz təcrübəli, xalqına hər şey vermiş görkəmli hökmdarın fenomenini görürük", - deyə o əlavə edib.
Filmdə Nazarbayevin həyatı uşaqlığından üzü bəri göstərilir. Qazaxıstanın gələcək ilk prezidentinin metallurgiya zavodu ilə başlayan əmək yolu təsvir edilir.
Bundan başqa, əsərin baş qəhrəmanı müstəqillik qazandıqdan sonra Qazaxıstanın tarixindən danışır və mühüm siyasi qərarların qəbul edilməsinin məntiqini izah edir, məsələn, SSRİ-nin dağılmasından sonra respublikada qalmış nüvə silahı arsenalından imtina etmələri barədə.
Nazarbayev həm də Ukraynada vəziyyətin nizamlanması üzrə Norman formatının yaradılmasında özünün müstəsna rolundan danışır.
Filmin nümayişində iştirak edən Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev isə, öz növbəsində, ssenarinin, dialoqların və musiqinin təbiiliyini qeyd edib. "Mən həyəcanlandım, hər şey çox təbiidir. Bundan başqa, mən özüm filmdə göstərilən hadisələrin əksəriyyətinin şahidiyəm", - deyə diplomat vurğulayıb.
Mövcud pandemiya şəraitinə görə Oliver Stoun özü təqdimetməyə qatılmayıb, Nursultan Nazarbayev də həmçinin. Qeyd etdiyimiz kimi, bu, dar çərçivədə qapalı bir təqdimat olub. Amma Stounun da, Nazarbayevin də iştirakıyla "Qazax: qızıl insanın tarixi" adlı sənədli filminin açıq geniş təqdimatının keçiriləcəyi də gündəmdədir.
Nazarbayev Qarabağ probleminin nizamlanmasında Azərbaycan meyilli fəaliyyəti ilə, habelə qüdrətli türk dünyasının təşəkkül tapmasında göstərdiyi səyləri ilə azərbaycanlılar arasında çox sevilir. Düzdür, filmdə onun Qarabağ problemi, türk dünyası ilə bağlı fəaliyyət spektrləri barədə söz açılıb-açılmaması haqda xəbərdar deyilik, bununla belə, qeyd etməliyik ki, bu 81 yaşlı qocaman türk oğlu barədə Oliver Stounun film çəkməsi çox böyük hadisədir.
Kann festivalının ən ağlasığmaz və ən uğurlu filmlərinin adları açıqlandı
Yekunlaşmaqda olan Kann kinofestivalının iki filmini mütəxəssislər və media nümunə gətirir: “Titan" və “Avtomobilimin sükanı arxasında otur" filmlərini. Fikirlər birmənalıdır: bu filmlər Kannın ən ağlasığmaz və ən müvəffəqiyyətli filmləri hesab olunur.
Fransız Culiya Dyukornonun təxribat xarakterli qanlı trilleri və yapon Rsuke Hamaguchinin zövqverici fəlsəfi dramı haqqında "Ədəbiyyat və incəsənət" portal olaraq "Screen" jurnalına istinadən danışaçağıq.
Kann ictimaiyyəti Pol Verxovenin şəhvətpərəst rahiblərindən zövq almağa tam macal tapmamış fransız xanım Culiya Dükkorno öz qanlı "Titan" dramı ilə gündəmi zəbt etdi. Culiyanın həyata kinayə ilə çəkilmiş “Çiy” filmindən sonra, hərçənd, jurnalistlər ondan nəsə bir yeni təxribatı onsuz da gözləyirdilər. "Çiy" filmində qəhrəman öz ətini yeyirdi, dəhşətlə, hardasa adam diskindirmələriylə, hətta lap iyrəncliklərlə bol idi o film. "Nəhayət ki, kino Kanna döndü" deyə filmin nümayişindən sonra çoşqun tamaşaçılar qışqırışdılar. Jurnalistlər də ayağa qalxıb filmi alqışladılar. Bu, jurnalistlərin səmimi alqışladığı müsabiqənin ilk filmi oldu. Əlbəttə ki, "Lumiere" teatrında tamaşaçıların rəsmən film alqışlamaları ənənədir, onlar bütün filmləri alqışlayırlar, bunu həmişə, hamı üçün edirlər. Amma söhbət bol ovasiyalardan gedir. Demək ki, kino zövqləri qana susamış vampirlər, qandonduran vəhşət səhnələrinə susayıb.
"Titan"ın "Palma budağı"na əsas namizədlərdən biri olduğunu söyləmək amma hələ tezdir. Hər halda, qarşıda Odiar, Şon Beyker, baş rolda Lea Seidu ilə macar rejissoru İldiko Enyedinin dramı, habelə Apitçappon Viradetakulun filmi durur. Amma fikirlər yekdildir ki, “Titan” builki proqramın ən parlaq filmlərindən biridir.
Uşaqlıq dövründə Aleksiya başından yaralanır, buna görə də kəlləsinin bir hissəsi titan plitəsi ilə əvəz edilir. O, böyüyür, rəqqasə kimi çalışır və çoxsaylı pərəstişkarlarını səmimi rəqsləri ilə cəlb edir. Onlardan biri işdən sonra qızı avtomobilinədək təqib edir və israrla onunla əlaqə qurmağı tələb edir. Aleksiya saç sançağını qulağına sancmaqla bu şəxsi öldürür, meyiti gizlədir, işə qayıdır, cinayətin izlərini yuyur. Başındakı metal beynini də əsarətə saldığından bu epizod Aleksiyanı cızığından çıxarır, o evə qayıdanda valideynlərini də yandırır və sevimli avtomobili ilə şəhərdən qaçır...
Süjet güman ki, sizə qəribə görünəcək və bu, həqiqətən belədir. Film sərt ritm rejimini axıradək saxlayır - bir qəddar qanlı səhnə başqa biri ilə əvəz olunur. Qəhrəmanın depressiyadan çıxmaq üçün şəxsi evdə özünə kiçik bir parti qurması epizodu, hətta Kventin Tarantinonun üslubuna uyğun gəlir, burada bir ixtiraçılıq və yumor var. Vizual olaraq film tamamilə güzəştsizdir.
Müsabiqədə Verhoven "kişi baxışı"nda ittiham olunurdu, Dyükorno isə "Titan" da, şübhəsiz, qadın baxışı ortaya qoyur, əmin olun ki, bu filmi kişi çəksəydi, onu çılpaq qadın bədəninin bolluca nümayişi üçün yandırardılar. Lakin, fransız rejissoru yalnız qəhrəmanının cinsi tərəfi deyil, transformasiya və yenidən dirçəlmə qabiliyyəti də maraqlandırır. Ağırlıq, ağrılar, əzab-əziyyətlər - bütün bunlar tamaşaçıya praktiki olaraq fiziki basqı göstərir. "Titan"ı haqlı olaraq Devid Kronenberqin "Fəlakəti" ilə müqayisə edirlər. Həmin film də Kann festivalında göstərilmişdi və ona tamaşaçıların verdikləri reaksiya birmənalı olmamışdı. Nəticədə, film "cəsarət və orijinallıq" üçün mükafatlandırılmışdı. Kim bilir, bəlkə də Dyükorno da “qadın cəsarəti”nə görə təltif olunacaq.
İndi də keçək ikinci filmə. Bəlkə də başqa heç bir filmlər "Titan"la yaponiyalı Rüsuke Hamaguchi tərəfindən çəkilmiş "Avtomobilimin sükanı arxasında otur" filmləri qədər bir-biri ilə əks qütbdə dayanmayıblar. Amma bu iki filmi birləşdirən cəhət də var, hər ikisində avtomobil əsas rol oynayır. Odur ki, hər iki film barədə paralel danışmaq üçün kinokritiklər bu çox zəif əlaqədən istifadə edirlər.
Bu il Hamaguchi artıq iki film təqdim edib: birincisi "Təsadüf və təxmin" filmidir ki, Berlinaledə münsiflər heyətinin Qran-Prisini qazanıb, ikincisi isə "Avtomobilimin sükanı arxasında otur"dur ki, Kann festivalının əsas müsabiqəsinə düşüb. Burda da yaponun uğur qazanaçağı ehtimalı böyükdür, belə ki, "Avtomobilimin sükanı arxasında otur" "Screen" jurnalının reytinqinə görə kinokritiklərin sevimlisi olaraq qalır və indiyə qədər heç kim onu keçə bilmir.
Hamaguchi rejissor kişi ilə ssenarist qadının ər-arvad münasibətlərini lentə alıb, bir dəfə kişi başqası ilə görüşərkən qadınının üstünə çıxır, lakin bunu açıb-ağartmır. Hər dəfə məqam gəzir bu məsələ barədə danışmağa, beləcə də günü günə satır. Epizodun gərginliyi ər-arvad münasibətlərini bütün çılpaqlığı ilə ortaya qoyur, kişi arvadının əzizləmələrinin süniliyini duyaraq yaşayır, hər gün onun yeni xəyanətlərlə məşğul olmasını düşünür. Qəfildən də qadın avtomobil qəzasında dünyasını dəyişir, kişi ona xəyanətkar olduğunu söyləyə bilmir...
Fotolarda: Hər iki filmdən fraqment.
Foto: © Carole Bethuel
Vaqif Bayatlının yaradıcılığı Gürcüstanın ədəbiyyat portalında
Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin gürcü dilinə tərcümə olunmuş “Dünya söndükcə, sən görünürsən, ilahi” şeirinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
AzərTAC Dövlət Tərcümə Mərkəzinə istinadən bildirir ki, şeirin tərcümə müəllifi şair-tərcüməçi İmir Məmmədlidir.
Qeyd edək ki, Gürcüstan Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən portal, əsasən dünya ədəbiyyatının yayını üzrə fəaliyyət göstərir. Oxucular portal vasitəsilə Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə tanış olurlar.
Şamaxıda keçiriləcək ən böyük gənclik festivalı olan “Yay Fest” açıq elan olundu
Azərbaycanın ən böyük gənclər festivalı iki illik fasilədən sonra daha fərqli, daha böyük və daha möhtəşəm formatda yenidən gəlir. “Yay Fest” yenidən açıq elan olunub.
Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan, Bakıdan və regionlardan 500-dən çox gəncin qatıldığı ən böyük gənclər festivalına adətən dövlət himni ilə start verilir. Gənclərlə müxtəlif panellərdə ən mötəbər şəxslər görüşürlər. Məsələn, hələ ki son festivalda bu görüşlərsə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Təhlil və strateji araşdırmalar idarəsinin rəisi Hüseyn Hüseynov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, “ASAN Xidmət”in sədr müavini Ceyhun Salmanov, KOB-un İdarə Heyətinin sədr müavini Faiq Abbasov, xalq artisti və dövlət mükafatı laureatçısı, tanınmış kinorejissor Vaqif Mustafayev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Kənd Təsərrüfatı Nazirliyinin “AMAL” layihəsinin rəhbəri Elvin Nəbiyev, teleaparıcı Nərgiz Cəlilova, aktyor Taleh Yüzbəyov, ASAN Radionun direktoru Emin Musəvi, “Belə-belə işlər” layihəsinin redaktoru Səbinə Məlikova, idman jurnalisti Sənan Şəfizadə və kinorejissor Emil Quliyev görüşüblər, gənclər faydalı və əyləncəli zaman keçiriblər. Festival iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər, tarix elmləri doktoru Solmaz Rüstəmova Tohidinin çıxışında ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində törədilmiş soyqırımlar haqqında ətraflı məlumatlandırılıblar.
Yay Fest Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin nümayiş etdirdiyi hərbi proqram ilə də yadda qalıb. Hərbi proqram çərçivəsində gənclərimiz müasir silah, avadanlq və texnikalardan ibarət sərgi ilə tanış olub, əsgər və zabit heyətinin nümunəvi çıxışlarını izləyiblər. Düşərgənin sonuncu günündə startap və innovasiya mövzusunda təşkil olunan paneldə innovasiyalar üzrə gənclərin dostu Sərxan Həşimov startaplar haqda gəncləri maraqlandıran məsələlərdən danışıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov Azərbaycanda formalaşmış İKT və startap ekosistemi barədə ətraflı danışıb. Ümumən, “Yay Fest” bütün iştirakçıların yaddaşında xoş təəssüratlarla qalıb.
Festivalın təşkikat komitəsinin verdiyi məlumata görə, festival bu dəfə daha möhtəşəm, daha maraqlı, daha rəngarəng və iri miqyasda keçiriləcək.
1 ay ərzində keçiriləcək festival 5 fərqli düşərgədən ibarət olacaq. Hər bir gənc yalnız 1 düşərgədə iştirak edə bilər. Qeydiyyatdan keçərkən qeyd olunan tarix və mövzulara görə iştirakçılara uyğun düşərgə seçilməlidir.
Hər biri 5 gün olmaqla, 5 fərqli mövzuda 5 fərqli düşərgə təşkil olunacaq.
Qeyd edək ki, Şamaxıda keçiriləcək festivalda iştirak haqqı qazanan gənclər yaşayış çadırlarında gecələyəcəklər.
Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəal və yüksək göstəricilərə malik gənclərə üstünlük veriləcək.
Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID Pasportu (minimum 1 doza olmaqla) və ya immunitet sertifikatı mütləqdir.
Qeydiyyat http://yayfest.az/ saytı vasitəsi ilə aparılacaq.
Boris Akunindən yeni bestseller
Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında tanınmış Rusiya yazıçısı Boris Akuninin “Kitecə yol” romanı işıq üzü görmüşdür. “Rus dövlətçiliyinin tarixi povestlərdə və romanlarda” seriyasından çıxan kitabın annotasiyasında qeyd edilir ki, bu roman ideya və macəra romanıdır, çünki Rusiyada ideya həmişə macəradır.
Hadisələr 19-cu əsrin ikinci yarısında, böyük reformlar, ictimai çalxalanmalar dövründə cərəyan edir. O dövrdə ki, ölkənin gedəcəyi yol müəyyənləşir və çox az adam məlumatlıdır ki, bu yol hara aparacaq.
Qeyd edək ki, kitab satışa çıxan kimi dərhal “Ən çox satılanlar” sırasında yer alıb.
Akunin çağdaş rus nəsrinin ən görkəmli nümayəndələri sırasındadır, milliyyətcə isə heç də rus deyil, gürcü Qriqoriy Çxartaşvilidir, Boris Akunin onun ədəbi təxəllüsüdür.
Moskvalı həmyerlimizdən yeni hekayə: “REİNKARNASİYA”
Moskvada yaşayan soydaşımız, istedadlı yazar, Rusiyanın Beynəlmiləl Yazıçılar İttifaqının üzvü Yaşar Süleymanlı yeni yazdığı “Reinkarnasiya” hekayəsini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir. “Yazıçı olmaq, həm də yazdığın əsərdəki qəhrəmanların keçirdikləri hissləri yaşamaqdır” söyləyən yazıçının hekayəsini oxuduqca sərt və qəddar həyat həqiqətləri ilə üz-üzə qalırsan.
REİNKARNASİYA
Müharibə qadınlara və kişilərə eyni dərəcədə təsir göstərir. Lakin bəzilərinin qanını, bəzilərinin isə göz yaşlarını alır.
Uilyam Tekerrey
Dünyanın bir çox ölkəsində olmuşam, onlarla şəhərlər gəzmişəm, amma hər dəfəsində ən böyük həyəcanı Vətənə dönüşümdə yaşamışam. Uzun ayrılıqdan sonra sevgilisi ilə görüşə tələsən bir aşiq kimi ürəyim quş kimi çırpınıb.
Vətənə hər gələndə onun havası, suyu, mənzərələri, insanları bir başqa cür gözəl, bir başqa cür doğma gəlir adama.
Təyyarədən enərkən pillələrdə dayanıb, dərindən nəfəs alıb bir müddət nəfəsimi saxladım. İlahi, elə bil Vətəndən ayrı qaldığım bütün bu illər ərzində ciyərlərim oksigenə həsrət qalıbmış.
Gənclik illərində, bir növ, qaçmağa çalışırdım Vətəndən, indisə əksinə, hər an geri dönmək üçün can atıram. Necə deyərlər, "yaşlandıqca torpaq adamı özünə çəkir". Necə də yerində deyilib bu məsəl.
Hava limanı, zəruri prosedurlar, müştəri haraylayan sürücülər, taksi və üzü Bakıya şütümək...
...Bu da şəhər, onun doğma, əziz siması...
Ünvana çatmağa bir-iki kilometr qalmış taksi sürücüsündən maşını saxlamasını xahiş etdim. Bu hüsnü üçün darıxdığım küçələri bir az piyada gəzib-dolaşmaq istədim.
Maşın dayandı. Kiçik əl çantamı götürüb taksidən endim. Bir anlıq ətrafa göz gəzdirdim. Hər yan necə də dəyişib. Başı göyləri dələn, göz oxşayan binalar, Cənnət kimi güllü-çiçəkli park, yanımdan ötən qayğılı-qayğısız insanlar...
İlk dəfə gördüyüm bu həmyerlilərim mənə necə doğma gəldilərsə, az qaldım ən yaxınım kimi qucaqlayıb bir-bir hamısını bağrıma basım.
Saata baxdım, 12:30-u göstərirdi.
Dostum Rövşənlə görüşmək üçün əvvəlcədən ünvan seçmişdik, ünvana yetişdim. Budur, o da gülümsəyərək mənə sarı gəldi.
Rövşənlə dostluğumuzun çox qədim tarixi var, o qədər qədim ki, sanki başqa-başqa analardan əkiz doğulmuşuq, özümüzü dərk edəndən bir-birimizə bağlanmışıq.
Rövşən çox qəribə biridir, qəribə olduğu səbəbindəndir ki, qeyri-adi şeylər axtarışındadır hər zaman. Bəlkə də onun bu qəribəliyidir özünü mənə dost kimi sevdirə bilməsi.
Qucaqlaşıb görüşdük. İlahi, necə də yaşlaşıb dostum, görmədiyim bu müddətdə. Başında bir dənə də olsa qara tük qalmayıb, saç-saqqal bəyazlara bürünüb. İstər-istəməz gözlərim doldu, onu sağ-salamat qarşımda görməyimə o qədər sevindim ki, söz ilə izah etmək mümkün deyil bu sevinci.
Aylar əvvəl o cəbhəyə yollananda 44 günün hər birində Allaha “dostumu qoru” deyə qürbətdə dualar etmişdim, Allah da dualarımı eşitdi və budur, dostum sağ-salamat qarşımdadır...
Hal-əhvaldan sonra Rövşən Vətənə dönüşümü qeyd etməyi təklif elədi və tez də əlavə etdi ki, “Səni çox qəribə və çox ləzzətli yeməkləri olan bir kafeyə aparacam”. Çox ac idim, tərəddüd etmədən razılaşdım, amma tək şərtim bu oldu ki, hesabı özüm ödəyim. Bic-bic gülümsəyərək "olsun" dedi. Düzü, bu "olsuna" bir az şaşırdım, mən tanıdığım Rövşən, ən azından,”Elə şey olmaz, sən qonaqsan” deyərdi...
Bu, bundan sonrakı qeyri-adi hadisələrə bir giriş imiş sən demə.
Bir taksiyə əyləşib yola düzəldik.
Əvvəllər əsgərlik sərgüzəştlərindən dayanmadan, həvəslə danışan dostum nədənsə bu dəfə müharibədə iştirakından heç danışmırdı, yol boyu fərqli mövzulara toxunsa da əsas mövzu haqda bir kəlmə belə demirdi.
Sual etdim, "Nə əcəb müharibədən danışmırsan". Dedi, "İnan, 44 gün cəhənnəmdə keçib, o günləri unutmağa çalışıram, hələ də gecələr yuxumdan o dəhşətli səhnələr çıxmır. Qollarımda can verən gəncəcik oğullar, əli, qolu, ayağı qopmuşların fəryadı, başımıza yağış kimi yağan mərmilər, tük ürpədən ah-nalə səsləri, yarım qalmış ömürlər, gündə neçə dəfə gördüyüm ölümlər... Dəhşət bir şeydir müharibə, inan, heç xatırlamaq istəmirəm o anları, bununla belə, hər saniyə gözümün önündə bir film səhnəsi kimi onlar canlanırlar."
Sonra əlavə elədi:
- Mən bu haqda danışmasam da, getdiyimiz kafedə bir çox sualına cavab tapacaqsan.
Kafedə müharibə ilə bağlı suallara cavab tapacağım mənə o qədər qeyri-adi, əslində ağlasığmaz göründü ki, dostumdan aydınlıq gətirməsini təvəqqe eləmək istədim, amma elə həmin anda bir az xırıltı qarışıq səsiylə "Gəlib çatdıq" dedi.
Qarşısında dayandığımız kafenin adı "Ağdam" idi. Hərflərə vurulan rənglərdən sanki qan damcılayırdı. İzah edə bilməyəcəyim hisslər keçirdim bu mənzərəylə üzləşərkən.
İçəri daxil olduq.
İçərinin dizaynı da çox qəribə idi. Bir divarında Ağdamın 1993- cü il işğalına qədər çəkilmiş göz oxşayan şəkilləri, məscidləri, mədəniyyət sarayı, abidələri, o məşhur çay evi, bir- birindən yaraşıqlı binaları, bir divarında isə işğaldan sonra eyni binaların, eyni yerlərin dağıdılıb xarabalığa çevrilmiş şəkilləri... Qırılıb dağıdılmış məzar daşları, yerlə yeksan olmuş məzarlıqlar...
Kafenin sol divarı göz oxşadığı qədər sağ divar da ürək parçalayırdı. Bu şəkillərdəki xarabalığın miqyası 1941-45-ci illərdə İkinci Dünya Müharibəsi zamanı faşistlərin Avropa və SSRİ-nin şəhərlərinin yerində qoyduqları xarabalıqdan belə betər görsənirdi. Sanki Amerika atom bombasını Xirosimaya deyil, Ağdama atmışdı.
Kafenin baş divarında Ağdam şəhərinin şəhidlərinin şəkilləri vurulmuşdu. Altından isə qan damcılarını xatırladan rənglə rənglənmiş hərflərlərlə "Birinci Qarabağ müharibəsində 6 min şəhid, ikinci Qarabağ müharibəsində isə 47 şəhid verib Ağdam şəhəri” yazılmışdı. Şəkillərin tən ortasında milli qəhrəman Allahverdi Bağırovun böyük portreti vardı. Birinci Qarabağ müharibəsi şəhidi olan Allahverdi Bağırov Xocalı şəhəri erməni cəlladları tərəfindən işğal olunan zaman 1003 nəfəri düşmən əsarətindən xilas etmişdi. Onların da böyük əksəriyyəti qadınlar, qocalar və uşaqlar idilər. Buna görə də tək ağdamlıların deyil, bütün Azərbaycanın fəxri sayılırdı Allahverdi Bağırov.
Şəkillərə ürək ağrısıyla baxırdım, 1993-cü ilə qədər olan Ağdama və sonradan xarabalığa dönmüş bu gözəl şəhərin fotosəlnaməsinə göz yetirdikcə, ələlxüsus, sənə baxan 6047 yarıda kəsilmiş ömürləri əbədi olaraq fotoya dönmüş şəhidlərə diqqət etdikcə “insan burda necə yemək yeyə bilər” düşüncəsinin fikrimə hakim olması, əlbəttə ki, yersiz deyildi. Ürəyimdə bir xeyli Rövşəni qınayırdım da, məni bura yemək yeməyə gətirdiyi üçün.
Keçib küncdə, bir masanın arxasında əyləşdik.
Tibb bacısı geyimində olan ofisiant qız stola yaxınlaşıb menyunu təqdim etdi. Ofisiantın ağ xələti sanki qana bulaşıbmış kimi bir neçə yerindən rənglənmişdi. Ölüm-itim, qan-qada izləri buranın əsas atributu imiş. Yaxşı ki, ofisiant qız aralandı. Yoxsa ona sual edəcəydim ki, bu zərif vücudunla bu boyda dərd məkanında necə duruş gətirirsən.
Menyunun üzərində, götürüb nəzərdən keçirdim, Ağdamın tarixi, müharibədən əvvəlki və sonrakı halı haqqında geniş məlumat yer almışdı, sonda isə ingilis, rus və Azərbaycan dilində bir qeyd aparılmışdı. "Bütün bu məlumatların düzgünlüyünü internetdə axtarış verib yoxlaya bilərsiniz" - deyə.
Axır ki, düşüncələrimi gizləyə bilməyib “Ay Rövşən, burada insanın necə nəfsi çəkib nə isə yeyə bilər?” - deyə sual etdim, o isə heç halını da pozmadan menyuya baxaraq "Buranın çox ləziz yeməkləri var, mən tez-tez gəlirəm, sən də dadına baxandan sonra çox bəyənəcəksən" söylədi. Ürəyimdə müharibəyə və buna səbəb olanlara lənət oxuya-oxuya təşvişlə düşündüm ki, yazıq dostum müharibədə kontuziya-filan alıb bəlkə? Bəlkə ağlını itirib? Normal bir adam burada necə iştahla nə isə yeyə bilər axı?
Bu fikirdən ürəyim də sıxıldı, dostuma hayıfım gəldi, ona nə cürsə kömək etmək yollarını aramağa başladım. Ürəyini sındırmamaq üçünsə quruca “Nə istəyirsən, sifariş elə, mənim üçün bir fərqi yoxdur” dedim.
Əli ilə işarə edib ofisiantı çağırdı:
- Bizə üç şiş quzu kababı, üç şiş döymə (Ağdamda lülə kababın bir növüdür – red.), lobyalı plov, çolpa çığırtması, alçalı qovurma, balba, qəlya, göy kətəsi və iki şüşə Ağdam çaxırı gətirin.
- Ay Rövşən bir belə yeməyi kim yeyəcək axı?
Təəccüblə soruşdum.
Gözünü menyudan çəkmədən “Quzu kababları bir başqa dadlıdır bunların, inan, bütün yeməklər çox xoşuna gələcək. Hələ üstəlik, evə də sifariş edəcəksən” deyib xəfifcə gülümsədi.
Tam təəccüblüydüm, nə baş verdiyini anlaya bilmirdim.
Az sonra ofisiant iki ağzı bağlı qabı və iki stəkan da suyu qarşımıza qoyub əsgər salamı verərək gedəndə lap çaşıb qaldım.
Nə baş verirdi?
- Götür, soyutma, - deyərək dostum qaba işarə elədi. Könülsüz qabın qapağını qaldırdım, bir ədəd soyutma kartof və bir dilim də qara ilə boz rəngin qarışığı olan çörək var idi qabın içində.
Rövşən də qarşısındakı qabın qapağını açdı, eyni şeylər onun da qabına qoyulmuşdu.
Kartofu duzlayıb kiçik bir dişləm aldı və çörəkdən də kiçik bir qırıntı qoparıb ağzına qoydu, "Belə yeyəndə daha ləzzətli olur" deyə əlavə etdi.
Gözümü döyərək ona baxırdım, “ye” deyə işarə etdi.
Eynən onun kimi, kartofdan kiçik bir dişləm alıb, kiçik bir qırıntı da çörəkdən ağzıma qoydum. Çox ac olduğumdan, ya nədənsə çox ləzzətli gəldi bunlar mənə.
"Arpa unundandır, 1992-93-cü illərdə bir çox qaçqını acından ölməkdən xilas edib bu çörək" deyərək dostum çörəkdən daha bir qırıntı da qoparıb ağzına qoydu.
Yeyib qurtarandan sonra onun ofisiantı səsləyib hesabı istəməsi özünü çox gözlətmədi. Nə gizlədim, mən yemək prosesinin hələ davam edəcəyini düşünürdüm. Deyirdim, yəqin bunlar siftəsidir, gerisi də gələcək.
Ofisiant içində hesab yazılmış vərəq olan qabı qarşımıza qoydu.
Açıb hesaba baxdım. Az əvvəl Rövşənin sifariş etdiyi bütün yeməklərin adı hesabda qeyd olunmuşdu. Altda yazılmış məbləğ “84 manat” idi. Gözümü döyərək Rövşənə tərəf boylandım. "Hesabı ödə, sonra izah edəcəm" deyib qəmlicə gülümsədi.
Pulu çıxarıb hesabı ödədim.
"Arif burdadırmı" deyə Rövşən ofisiant qızdan soruşdu, " Bəli", deyə xanım dilləndi. - "Xahiş edirəm çağır, de ki təzə müştəri gəlib, izah istəyir" deyərək mənə baxış atdı.
Düzü, hələ də heç nə başa düşə bilmirdim. “Bu Rövşən nə vaxt qəribəliklərindən əl çəkəcək” deyə ürəyimdə öz-özümə sual etdim.
(Daha onun qurduğu bu səhnəni bayaqkı kimi ağlını itirməsinə yozmurdum).
Az sonra 40-45 yaşlı bir kişi bizə yaxınlaşdı. Rövşənlə səmimi görüşəndən sonra mənə də əl uzadıb – “Adım Arifdır, bu kafenin sahibiyəm” dedi.
Çuxura düşmüş gözlərindən, üzündəki və alnındakı dərin qırışlardan sanki kədər yağırdı Arifin.
Üzünə baxanda içindəki kədəri görmək olurdu.
“Buyur, otur” deyərək Rövşən yanındakı stulda ona yer göstərdi. O da yüngülcə gülümsəyib əyləşdi.
- Hə, Arif qardaş, nə məsələdir bu kartof, bu arpa çörəyi, bu 84 manatlıq hesab, - deyərək sual etdim.
Tükləri seyrəlmiş başını qaşıyaraq Arif gözlərini şəhidlərin şəkli vurulmuş divara dikdi.
“Atam da onların arasındadır” deyərək barmağını şəkillərin bir səmtinə tuşladı. Həmin səmtə diqqət etdim. Elə Arif yaşlarında, ona bənzəyən biri boylanırdı şəkildən.
Kədərini səsinin qəhərində büruzə verərək Arif nəql etməyə başladı:
-Rəhmətlik atamın Ağdam şəhərində "Ağdam" adlı kiçik bir kafesi vardı. Kiçik olsa da müştəriləri bol olardı. Hər zaman təzə məhsullardan hazırladardı yeməkləri rəhmətlik. Bu menyuda gördüyün bütün yeməkləri o kafedə də verərdilər. İndi bir çox ləziz xörəklərimizin adı da unudulub. Hər həftənin beşinci günü axşamı atam məni, anamı və kiçik qardaşımı o kafeyə aparar, bizim üçün xüsusi hazırlanmış köşədə əyləşdirər, sonra menyunu qarşımıza qoyaraq “istədiyinizi seçin” deyərdi. Bu, mənim və qardaşımın ən həzzverici məqamı olardı həmişə. İtəşə-boğuşa, deyə-gülə yeməkləri seçər və şəstlə ofisantı səsləyərdik. İndi düşünürəm ki, həqiqətən də o günlər həyatımın ən xoşbəxt günləri olub. O zaman mənim 12, qardaşımın isə 10 yaşı olardı.
Beləcə, hər həftə atamın həyət qapısından içəri keçib “Hazırlaşın, kafeyə gedirik” deməsini səbirsizliklə gözləyərdik.
İçərinin havası doğrudan da ağır idi, ona sığışan hadisənin faciəsi tam hopmuşdu ona.
-...Gün gəldi, bizim də qapımızı kədər döydü. Qanlı müharibə artıq bir addımlığımızda davam edirdi. Evimizin divarları güləllərdən deşik-deşik olmuşdu. Evdə belə əyilərək hərəkət edirdik. Atam artıq kafeni bağlamışdı, amma kafedən gətirdiyi menyuları yenə hər beşinci gün önümüzə qoyar, “istədiyinizi sifariş edin” deyərdi. Biz isə, anamızın əvvəlcədən bizə tapşırdığı kimi, evdə anam hazırlayan yeməklərin adını çəkərək sifariş edərdik. Bir gün sübh tezdən atam durub hazırlaşdı, “kafedən bəzi şeylər götürüb gələcəm”, deyərək qardaşımı və məni bağrına basaraq hər iki yanağımızdan öpdü və getdi. Heç bir saat keçməmiş elə bir gurultu, elə bir nərilti qopdu ki, deyərdin, yerlə göy birləşdi, dünya dağılıb viranə oldu. Qardaşım və mən çığıraraq anamıza sarıldıq, “Ay ana, bu nədir belə, bu nə gurultu idi” soruşaraq hər ikimiz qorxudan ağlaşdıq. “Allah ermənilərə lənət eləsin, Allah onların bəlasını versin, raket atdılar şəhərə” deyərək anam da bizə qoşularaq ağlamağa başladı.
Arif azacıq susduqdan sonra qəhərli səsini arıtlayıb davam etdi:
-Az sonra qara xəbər qapımızı döydü. Atılan raketlərdən biri atamın kafesinin üzərinə düşmüşdü. Yazıq atamın hər tikəsini bir tərəfdən toplayıb dəfn etdilər.
Növbəti gün də bombardman səngimədi. Artıq şəhər demək olar ki, tam işğal olunmaq üzrə idi. Şəhəri tərk etməkdən başqa yol qalmamışdı. 15-20 dəqiqə toplanmaq üçün vaxtımız var idi. Yazıq anam, demək olar ki, evimizdən heç nə götürə bilmədi. Elə əl altda olan bir-iki bağlamanı götürüb, bizi də qoltuğuna vurub yük maşınına güclə yetirdi. İllərlə atamın və anamın içini yığıb doldurduğu ev artıq düşmənə qalacaqdı. Anam əvvəlcə evi yandırmaq istəsə də sonra fikrindən daşınmışdı, insan illərlə öz əlləriylə qurduğu xanımanını necə yandıra bilər axı. Gedərkən evimizin qapısından asdığı qıfılı anam öpdü, əlini atıb həyətdən bir ovuc torpaq götürdü, şalının ucuna töküb düyünlədi. Hələ anamı bu qədər sınmış, bu qədər yerlə yeksan olmuş görməmişdim.
Qəhər nitqi titrətdi. Hiss olunurdu ki, Arif çətinliklə danışır.
-...Bir neçə saatlıq əzablı yoldan sonra gəlib Ağcabədi şəhərində yerləşən Türk Qızıl Ayı çadır şəhərciyinə çatdıq. Həmin günü ömrü boyu unuda bilməyəcəyim bir mənzərə ilə qarşılaşdım burada. Hər yandan ah-nalə səsləri göyə ucalırdı. Çadır şəhərciyi demək olar ki, qadın, uşaq və qocalardan ibarət idi. Bir də, tək-tək şəhərcikdə qaçqınlara yardım üçün gəlmiş türklər gözə dəyirdi.
Cəhənnəm istisi adamı yandırıb qovururdu. Düzün ortasında qurulmuş bu şəhərcik əslində elə cəhənnəmin özü idi. Hər tərəfdən yurdu işğal olunmuş, evi yağmalanmış insanların lənət dolu fəryadları göyə yüksəlirdi. Qardaşım anama qısılıb ağlamağa başladı. Anam da artıq özünü saxlaya bilməyib hönkürdü. Mən də onlara qoşulub ağlamaq istəyəndə atamın sözləri qulaqlarımda cingildədi. "Bax, Arif, mən olmayanda bu evin kişisi sənsən, ananla qardaşını qorumaq sənin boynuna düşür" demişdi rəhmətlik ölümə gedən gün. Anam və qardaşıma təskinlik vermək istədim, amma necə, nə deyim, təskinlik necə verirlər axı!? Həmin gün acizliyin nə demək olduğunu anladım.
Arif azacıq susub yenidən nitqinə davam etdi:
-...İllər aylar keçmişdi. Yerləşdiyimz çadırda artıq neçə yay yanıb, neçə qış donmuşduq. Hər günümüz əzabla başlayıb, hər günümüz əzabla bitərdi bu çadırda. Anam ixtisasca tibb bacısı olduğu üçün bizim kimi qaçqın düşmüş çadır qonşularımızdan xəstələnən olanda iynəsini vurar, dava-dərmanını məsləhət görərdi. (Xəstələnən olanda deyəndə ki, heç bu şəhərcikdə sağlam canı olan bir nəfər də olsa var idimi!? Biz buraya ilk gələndən üzü bəri tanıdığım neçələri bu çadır cəhənnəmində dünyasını dəyişmişdi. Yeni bir qəbiristan salınmışdı burada ölənlərin məzarları ilə). Qonum-qonşudan anam heç vaxt pul almazdı gördüyü işin qarşılığında. Onsuz da, kimsənin pulu da yox idi. Amma anam razı olmasa da kartofdan, arpa unundan az-az hədiyyə edərdilər bizə. Kartof və arpa unu şəhərcikdə ən bol olan məhsul idi o zamanlar. Başqa da bir şey tapılmazdı yeməyə.
Ofisiant qızın bayaq gətirib qabağımıza qoyduğu kartofla arpa ununun duruşu qayıdıb gözlərim önündə dayandı, o duruşun niskilini yalnız indi duydum. Arifsə danışmağındaydı:
-...Anam hər beşinci gün axşamı özü ilə gətirdiyi menyuları qardaşımla mənim qarşıma qoyar, “Atanız kafe üçün bazarlığa gedib, siz yeməklərinizi seçib sifariş edin, atanız gəlib gətirəcək sifarişlərinizi” deyərdi. Niyə bunu edirdi, anlamırdım. Hər dəfəsində də gözlərindəki yaşı görməyək deyə özünü çadırdan bayıra atardı. Qardaşımla mən ağzımızın suyu axa-axa bir zamanlar iştaha ilə yediyimiz təamların adını oxuyaraq udqunardıq. Az sonra anam tibb bacısı geyimində çadıra daxil olar, “Hə, kim nə sifariş edəcək, deyin görək,” söyləyərək zorla gülümsəyərdi. Mən quzu kababı, döymə, lobyalı plov, qardaşım isə basdırma, göy qutabı və şirniyyatlar sifariş edərdi. Anam, güya sifarişləri qəbul edirmiş kimi, əlindəki kağıza qeydlər edər və yenə də yalandan gülümsəyərək gedərdi. Az sonra əlində məcməyi ilə geri dönər, hərəmizin qarşısına bir ağzı bağlı qab və bir stəkan su qoyar, “Buyurun, bu da sizin sifarişiniz” deyərdi. Qabın qapağını açanda hər dəfəsində eyni şey olardı içində, bir ədəd soyutma kartof, bir dilim də qara arpa çörəyi. Amma hər dəfəsində biz elə iştaha ilə yeyərdik ki, sanki dünyanın ən ləziz təamıdır yediyimiz. Sonralar qardaşım çox kiçik hissələrlə yeməyi təklif etdi. Belə axı daha uzun çəkirdi bizim qonaqlığımız...
Gözlərim yaşardı. Özümü zorla toxtatmağa çalışırdım. Əhvalat isə hələ bitməmişdi.
-...İllər ötdü, nəhayət hər çətin gün sona çatdığı kimi bizim də həsrətimiz, nisgilimiz sona çatdı. İkinci Qarabağ savaşı başladı. Mən də, qardaşım da dərhal könüllü olaraq cəbhəyə yollanmaq üçün adlarımızı Hərbi Komissarlıqda yazdırdıq. Səd heyif ki, bizə çağırış gəlmədi. 44 günlük vuruşlardan sonra Ağdam azad olundu. Bu xəbərə anamla qardaşım sevincdən hönkür-hönkür ağlayırdılar. Həmin günü atama verdiyim vədə ilk dəfə əməl etmədim. Bu illər ərzində bu qədər əzab-əziyyət çəkib bir dəfə də olsa ağlamayan mən anamla qardaşıma qoşulub doyunca ağladım. Bu, illərdən bəri içimə axıtdığım göz yaşlarım idi, indi sevincə dönüb içimdəki illərin həsrətini, nisgilini, qəm-kədərini yuyub bayıra atırdı. İki ay sonra hərbçi dostlarımın köməyi ilə Ağdama getdim. Gedərkən anam qapıya vurduğu qıfılın açarını da mənə verib, “Bala qıfılı qapıdan açarsan, düşmən yurdumuzdan qovulub daha, evimiz azaddır” dedi. İlahi, bu nə dəhşətdir, bu necə insanlıqdır, bu nə barbarlıqdır. Ağdamı görəndə gözlərimə inana bilmədim, bütün sevincim yerə çırpılıb çilikləndi. Uşaq yaddaşımda qalan o cənnət məkan indi əsil viranəyə çevrilmişdi. Bir dənə də olsa dağılmamış bina qalmamışdı. Atamın məzarını ziyarət etmək istədim. Hərbçi dostlarım “Bu mənfurlar bütün məzarlıqları minalayıblar, çox təhlükəlidir” dedilər. İsrar etdim. Bir “sapyor”u da özümüzə qoşub məzarlığa yollandıq. Məzarlığa çatanda dəhşətim birə min oldu. Bütün qəbirlər dağıdılmış, yerlə yeksan olunmuşdu. Sümüklər sümüyə qarışmışdı. Aydın görünürdü ki, bu alçaqlar məzarlığı traktorlarla şumlamışdılar. Nəinki burda bütöv məzar tapmaq, heç sınmamış bir sümük tapmaq belə mümkün deyildi. Göz yaşlarımı saxlaya bilmirdim. Tikəsi ələ gəlməyən atamın sümükləri də yüz yerə bölünmüşdü.
Məzarlıqdan ayrılıb evimiz olan məhəlləyə tərəf yön aldıq. Bax bu divardakı şəkillərin çoxunu o zaman özüm çəkmişəm. Bütün bu xarabalıqları bir-bir, ürək ağrısı ilə çəkmişəm.
Arif divardakı fotolara işarə elədi, üzr istəyərək durub piştaxtaya yaxınlaşdı, qrafindən su töküb içdi, yanımıza qayıdıb nitqini tamamladı:
-...Xarabalıqlar içində bir müddət dolaşandan sonra evimizi tapa bildim. Ev deyəndə ki, üç tərəfi dağılmış, demək olar, bir tək qıfıllı qapısı salamat qalmış bir xarabalıq idi. Qapıya yaxınlaşıb eynən anam kimi qıfılı öpdüm. Bütün bu illər ərzində düşmən üzünə bağlı qalan, açılmayan qapımızı dəfələrlə öpdüm. Amma pas tutmuş qıfılı açmaq üçün uzun müddət tər tökməli oldum. Qıfılı açıb qapını bir təhər araladım və kəndardan içəri girib “Gözəl evimiz, ata yurdum, yenidən xoş gördük, sən daha azadsan” deyərək sevincimdən dəli kimi bağırdım. İnanın ki, o xaraba qalmış evdən ayrılıb geri dönmək istəmirdim heç cür. Hərbçi dostlarım məni zorla maşına əyləşdirib toxtaqlıq verdilər, “Darıxma, dövlətimiz Ağdamı elə bərpa edəcək ki, əvvəlkindən daha gözəl olacaq” deyərək dilə tutdular. Mənsə “Ağdam elə hala qoyulub ki, buranı yenidən abad etməyə ən azı milyardlar və çox-çox illər lazımdır” deyərək inamsızca dilləndim. Geri dönəndə bütün gördüklərimi anama və qardaşıma danışdım. “Ay ana, mən heç inanmıram ki, o xarabalıq yenidən abad olsun, biz də öz yurdumuza dönə bilək” söylədim. Mənim mərd və qürurlu anam nikbin danışdı, dedi, ay oğul, biz elə bir millətik ki, öz külündən yenidən doğula bilirik, çətin anda dövlət və millət olaraq bir yumruq kimi birləşib bir vücud ola bilirik. Dedi, görmədinmi, 44 günlük savaşda necə birləşib düşməni it kimi qovduq yurdumuzdan, indi də millət olaraq dövlətimizin yanında olub əlimizdən gələni etməliyik ki, yurdumuz tez zamanda abad olsun. Anam təklif də verdi, dedi, “Mən şəxsən bu gündən təqaüd pulumu dövlətin işğaldan azad olunmuş ərazilərinin bərpası üçün yaradılmış fonduna bağışlayacam”. “Bəs biz necə dəstək olaq, ay ana” deyərək sual etdim. Anam bir az düşünüb “Mənim çox gözəl fikrim var” dedi və bu kafenin işləmə mexanizmini anlatdı. Bütün iç və çöl dizaynını da anam, qardaşım və mən birlikdə düşünüb hazırlamışıq. Həm Ağdam şəhəri haqqında məlumatlar, həm işğalı əks etdirən fotolar bilməyənlərə də bunu anlatmış olur. Kafenin aylıq gəlirindən məsrəfləri çıxıb qalan bütün pulu dövlətin bərpa fonduna keçiririk.
Nəhayət, sözünü bitirib bir müddət susdu Arif. Gözlərinə baxdım. İki damla yaş gilələnnmişdi gözlərində.
Yanağımdan üzü aşağı yaş süzüldüyünün indi fərqinə vardım. Eşitdiklərimdən içim paramparça olmuşdu. Nə deyəcəyimi bilmirdim.
Handan-hana özümə gəlib “Sizdə evə sifariş varmı, Arif qardaş” deyə soruşdum. “Əlbəttə var” dedi. Əlimlə işarə edib ofisiant qızı çağırdım. Qız yaxınlaşıb əsgər salamı verərək “buyurun” dedi. Söylədim, “Menyunuzdakı bütün yeməkləri sifariş edirəm, həqiqətən də çox ləziz yeməkləriniz var”. Gülümsədim.
Arifin də üzündə xoş bir təbəssüm yaranmışdı.
Rövşənə baxdım, özündən razı baxışları ilə elə bil mənə deyirdi, dedim axı, çox ləziz yeməkləri var“Ağdam”ın, mütləq xoşuna gələcək...
84 manat. 840 manat. 8400 manat. 84000 manat. 840000 manat.
Rəqəmlər gözümdə dolaşırdı. Birləşirdi, üst-üstə qalanırdı, təpə, dağ olurdu. Dağıntıların içindən abad bir şəhər çıxırdı...
Special Edition Talks layihəsində Anar Kərimovun çıxışı
İyulun 14-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İslam Əməkdaşlığı Gənclər Forumu (IYCF) tərəfindən təşkil edilən xüsusi silsilə çıxışlar (Special Edition Talks) çərçivəsində Fəxri Qonaq qismində “Gənclər və mədəniyyətin formalaşdırılması” mövzusunda çıxış etmişdir.
Mədəniyyət Nazirıiyinin yaydığı rəsmi açıqlamaya görə, mədəniyyətin dayanıqlı inkişafında gənclərin həlledici rolundan söhbət açan Anar Kərimov əvvəlcə bu sahədə dünyada və Azərbaycanda müşahidə olunan müasir meyllərdən danışmışdır. Yaradıcı gənclərin dəstəklənməsi naminə Mədəniyyət Nazirliyi tərəfindən təkcə COVID-19 pandemiyası dövründə 30-dan çox layihənin reallaşdırıldığı qeyd edilmişdir.
Beynəlxalq səviyyədə gənclərin mədəniyyətdə rolunun artırılması məqsədilə Azərbaycanın dəstəyi ilə həyata keçirilən layihələrdən söz açan nazir, son illər dünyada cərəyan edən müxtəlif proseslər, rəqəmsallaşma, IV Sənaye İnqilabı kimi hadisələrin fonunda mədəniyyətin üzləşdiyi çağırışlardan da danışmışdır. Texnoloji inqilablar əsrində mədəniyyətə yeni baxışın formalaşdırılması və mədəni dəyərlərin qorunmasının önəminə diqqət çəkmiş, dünyada insanların artan məşquliyyətləri və azalan vaxtı çərçivəsində gündəlik həyat tərzlərinin onları robotlaşdırmaması üçün mədəniyyətin ruhlandırıcı və yüksək estetik zövq formalaşdıran təsirlərinin güclənməsinin zərurətə çevrildiyini vurğulamışdır.
Çıxışda həmçinin, Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə yaradılan “Bakı Prosesi” qlobal təşəbbüsü və bu çərçivədə dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə birgə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları , eləcə də, Gənclər üçün təşkil olunan panellər haqqında məlumat verilmişdir.
Mədəni müxtəlifliyin qorunması istiqamətində ölkəmizin beynəlxalq miqyasda olduqca fəal olduğunu bildirən A.Kərimov, buna baxmayaraq 30 il müddətində Azərbaycanın işğal edilmiş ərazilərində mədəni irsin planlı şəkildə məhv edildiyini və bu ərazilərin Azərbaycanın özü tərəfindən 44 günlük Vətən müharibəsində azad olunmasına qədər mədəniyyətə təcavüzün dayandırılmadığını bildirmişdir.
Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt oluğunu vurğulayan Anar Kərimov müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində “Sülh üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini qeyd etmişdir. BMT-nin Sivilizasiyalar Alyansı və İSESKO kimi beynəlxalq təşkilatların çağırışı dəstəklədikləri vurğulamışdır.
Milli Kino Mükafatının builki sahibinin adı açıqlandı
Xəbər versiyimiz kimi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı geniş iclas keçirib. İclasda Milli Kino Mükafatı ilə bağlı məsələyə də baxılıb.
İttifaqın İdarə Heyətinin yekdil qərarına görə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Rafael Qənbərov Milli Kino Mükafatına layiq görülüb.
Rafael Əli oğlu Qəmbərov 1947-ci ildə Rusiya Feserasiyasının Qroznı şəhərində dünyaya gəlib, kinooperator və fotoqrafdır, Azərbaycan Fotoqraflar Birliyinin sədri olub. Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatıdır (1981), 2018-ci ildən Prezident təqaüdçüsüdür.
“Dantenin yubileyi”, “İstintaq”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət” kimi sevilən filmlərdə əmək qoyub.
Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır. Mükafatın məbləği 2 min manatdır.
Mükafat qalibə 2 avqust Milli Kino Günündə təqdim ediləcək.
Mədəniyyət naziri təqdimatda çıxış etdi
Dünən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda "Diplomatiya həftəsi"nin növbəti günü oldu və gün Azərbaycanın mədəniyyət sahəsinə həsr olundu.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə əsas qonaq qismində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iştirak edib.
Mədəniyyət naziri Anar Kərimov “Azərbaycanın mədəni irsinə qarşı erməni təcavüzü” mövzusunda təqdimatla çıxış edib.
Nazir tarixi irsimizə qarşı erməni vandalizmini əyani nümayiş etdirən təqdimatla abidələrimizin hazırki vəziyyəti və onların bərpa olunması üçün dövlətimizin həyata keçirəcəyi işlərdən danışıb.
Anar Kərimov müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdiyini vurğulayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdığını bildirib. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.
Tədbirin sonunda Nazir gəncləri maraqlandıran sualları cavablandırıb.
Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatlarının nümayəndələrinin iştirakı ilə keçirilən diplomatiya həftəsi cari ilin 26 iyul tarixinədək davam edəcək.