Super User

Super User

Bu günlərdə Şərq dünyasının böyük sənətkarı, 198 il öncə doğulub aşıq sənətinə ən böyük töhfələr vermiş dahi Aşıq Ələsgərin Bakıda abidəsi qoyuldu. Bu möhtəşəm hadisə ilə bağlı Türk Mədəniyyəti və İrsi Fondu qarşıdakı günlərdə türk dünyası nümayəndələrinin iştirakı ilə böyük tədbir keçirməyi planlaşdırır.

“Ədəbiyyat və incəsənt” Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə Aşıq Ələsgər barədə daha geniş bilgilər vermək məqsədi ilə silsilə yazıların dərcini davam etdirir.

Bu gün sizlərə Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın  “Aşıq Ələsgər yaradıcılığında İrfan məqamları və Hz. Əli qüdrəti” məqaləsini təqdim edirik.

 

 

Azərbaycan ədəbiyyatının inkişafı prosesində aşıq ədəbiyyatı mühüm yer

tutur. İslama qədər bu ədəbiyyatın mənəvi əsaslarını türk inancları, dərviş ənənələri

və şaman ayinləri təşkil edib. Türk xalqları islamı qəbul etdikdən sonra şifahi xalq

yaradıcılığından gələn aşıq ənənələri zəminində bu ədəbiyyatın nümayəndələri

xalqın duyğu və həyəcanının tərcümanına çevrilmişlər. Onlar öz şeir və

dastanlarını dildən-dilə, teldən-telə (saz dili), könüldən-könülə ötürməklə

keçmişdən bugünə çatdırırlar.

Aşıq ədəbiyyatının özünəməxsus ədəbiyyat janrı kimi meydana çıxması və

formalaşması XVI əsrin sonlarına təsadüf edir. Azərbaycanda müsəlman ictimai-

mədəni hadisəsi kimi ortaya çıxan, divan ədəbiyyatı mənsublarının bayağı kimi

qələmə verdikləri aşıqlıq ənənəsi zaman keçdikcə öz klassik formalarını

yaratmışdır. Yarandığı dövrdə əsasən, “gözəlləmə”yə üstünlük verən aşıqlar

getdikcə milli vəznimiz olan hecalarla oxuduqları və sadə dildən istifadə etdikləri

melodik şeirlərdə ictimai həyatın bütün sahələrindən mövzulara müraciət etmiş,

özünəməxsus üslub yaratmış, təkmilləşmələrlə bu günə qədər yaşamağa davam

edən bir sənət nümayiş etdirərək xalqın diqqət və rəğbətini qazanmışdır. Zaman

keçdikcə yaşadıqları cəmiyyətin inanc və dəyərlərindən qidalanan aşıqlar bu

mövzuları həmsöhbətlərinin marağına uyğun şeirləşdirmişlər.

Azərbaycanın milli aşıq ədəbiyyatı tarixində önəmli yеri olan ustad aşıqlardan

biri də Aşıq Ələsgərdir. Sonralar Dədə Ələsgər adı ilə tanınan bu böyük sənətkar

fitri istedadı ilə, şeirin dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis,

gəraylı, divani növlərində müxtəlif məzmunlu sənət nümunələri yaratmaqla aşıq

sənətinin zirvəsini fəth etmişdir.

Bildiyimiz kimi, aşıq şeirində qapalı şəkildə bəyan edilən, içində adın,

nəsnənin, dünyəvi və İlahi bilgilərin gizləndiyi sirlər var. Bəlkə də buna görədir ki,

Aşıq Ələsgər də özündən əvvəlki ustadları kimi “Haqq aşığı” adlandırılıb. Çünki o

da “vergili”, “buta verilən”, “badə içirilən” aşıqlardan biri kimi özünəməxsus

unikal bir yaradıcılıq yolu keçmişdir.

Aşıq ədəbiyyatında yuxu motivinin izləri çox qədimlərə gedib çıxır. Yuxu

motivi türk xalq ədəbiyyatında, xüsusilə xalq nağıllarında, dastanlarda yer alır. Bu

motiv bir çox aşıqların, o cümlədən, Aşıq Ələsgərin də həyat hekayəsində görünür.

O, özündəki bu vergini belə izah edir:

 

Şəhrin şöləsindən buldum bələdi,

Xoş gəldi xoşuma halı qabaqda.

Pir mana göstərdi şah məqamını,

Gördüm cəmdi çox calalı qabaqda.

 

Türk ədəbiyyatında yuxu motivi mürəkkəb quruluşa malikdir. Belə ki, yuxuda

“buta verilən” adam, yuxuda öz vəzifələrini də öyrənir - saz çalmaq, söz qoşmaq,

İlahi bilgilərdən hali edilmək, yuxuda görüb sevdiyi qızı axtarıb tapmaq və s. kimi

xüsusi qabiliyyətlərlə sadə şəxsiyyətdən sənətkar şəxsiyyətə keçirlər ki, bu da

onların ustad aşıq olmağa başlamasının, daha doğrusu, ifaçı aşıqdan yaradıcı aşığa çevrilməsinin ənənəvi elementi kimi görünən mühüm yoludur. Aşıq Ələsgər

“Pеyğəmbərin mеracı” şeirində yazır:

 

Yеtişdi hücrəyə əzizü əzim,

Şahi-Mərdan dеdi: “Mеracın qədim!”

Göstərdi almanı, еtdi təbəssüm,

Buyurdu: “Hər işin sirri-qüdrətdi”.

 

Şeirdən göründüyü kimi, Aşıq Ələsgərin özündə baş verən bu nirvana halını

(hinduizm fəlsəfəsində arzulardan, iztirablardan azadolma anı) peyğəmbərin

meracına bənzədir. Folklorda “vergi” şərbət, alma, nar, çörək, üzüm, bir cam su

kimi istənilən qida da ola bilər, əsas olan verilənin və qəbul olunanın nəticəsində

yaranan mənəvi dəyişiklikdir. Bu şeirdə Aşıq Ələsgər “pir”in ona alma uzadıb -

şah məqamını göstərdiyini qeyd edir. Sənətkar “Yüküm” şeirində yenə eyni

məqama işarə edir.

 

Biçarə Aşıq Ələsgər,

Sığın Şahi-Hеydara;

Onun damənindən tutan

Məhşərdə yanmaz nara.

 

Pirim mana nüsrət vеrib,

Bu gün çıxdım bazara;

Sən sərrafsan, aç xırd еlə,

Bax gör, nə maldı yüküm!

 

Burada da sığınacağını “Pirim” dediyi “Şahi-Hеydar” adlandırır. Bir başqa

şeirində əsli-zatı ilə şərəfli, ləyaqətli ad qazanan igidə xitabən yazdığı “Dəli Alı”

şeirində deyir:

 

Gün kimi aləmi tutubdu adı,

İyidlər sultanı, xanı Dəli Alı.

Pirim – Şahi-Mərdan vеrib muradı,

Artırıb şövkəti, şanı Dəli Alı.

*

Dərs alıbdı o, Əliyyi-əladan,

Xof еyləmir Xеybər kimi qaladan.

Gəzən zəlzələdən, yaman bəladan

Hifz еyləsin kərəmkanı, Dəli Alı!

 

Və yaxud:

 

Oxuram inna-fətəhna,

Mətləb allam yuxuda;

Şahi-Mərdan nökəriyəm,

Dərsimi pünhan vеrir.

 

Qeyd etmək yerinə düşər ki, “Şahi-Hеydar”, “Şahi-Mərdan” İslam

Peyğəmbərinin canişini və vəlisi Həzrət Əlinin ləqəbi kimi poeziyada çox işlədilib.

Məlum olduğu kimi, Hz. Əlinin bütün mənəvi aləmi Həsən Bəsri və Həllac Mənsur

qüdrətindən qidalanır. Yazıb-oxumaq bilməyən Aşıq Ələsgər dühası o qədər işıqlı

və pak idi ki, bu bilikləri ağızdan-ağıza əxz edərək onlardakı dərin mənaları aça

bilir və sadə şeir dili vasitəsilə müasirlərinə çatdıra bilirdi.

 

Yazıq Ələsgərəm, bir kəminə qul,

Əysik sözü hərgiz еtmərəm qəbul.

Bəndеyi-xudayam, ümməti-Rəsul,

        Dost tutmuşam Şahi-Mərdan Əlini.

*

Dar günümdə yеtiş dada,

Ya Şahi-Mərdan ağa!

Nitq vеr, mеydan içində

Qoyma sərgərdan, ağa!

Həm Əlisən, həm Vəlisən,

Həm səxisən, həm səxa,

Həmi dildə zikrim sənsən,

Həmi əzbərdən, ağa!

 

“Vergi” aşıq ədəbiyyatında şeir demək (bir çox aşıqların, ozanların yazıb-

oxuma savadları olmayıb) bacarığına yiyələnməkdə, dini bilikləri və lədun elmini

öyrənməkdə, bir növü dərvişlik, ozanlıq xüsusiyyətlərini əldə etməkdə mühüm

amildir. Yuxarıdakı nümunələrə əsaslanaraq demək olar ki, Aşıq Ələsgər “vergi”sini yuxuda Həzrət Əlidən alıb.

İstisnalar olsa da, sözügedən “vergi” adətən böyük bir kədər və ya qorxudan sonra, 10-20 yaş arasında baş verir. Tədqiqatlara görə, Aşıq Ələsgər də təxminən 17-18 yaşlarında sevdiyi Səhnəbanudan ayrıldıqdan sonra, onun sevgisilə kədərlə “yüklənmış” və bədahətən şeirlər qoşmuş, məzmun, forma rəngarəngliyi, saf xalq

dili ilə qoşma, bayatı, gəraylı ilə bərabər, irfan sirlərini özündə ehtiva edən, çətin

şeir növü sayılan qıfılbəndlər söyləməyə başlamışdır. Bu, Ələsgərin aşiqlikdən

aşıqlığa keçid yolu idi ki, gəlib “Haqq Aşığı” (aşiqi)ndə birləşirdi.

Bundan sonra, bir çox şeirlərində “Quran”dan ayələrin, 12 imamın, xüsusilə

İmam Əlinin adı keçir. “İmamlar” şeirini ““Bismillahir-rəhmanir-rəhim!” – dеyib,

Sidq ilə çağırram Şahi-Hеydəri” misraları ilə başlayıb, sıra ilə hər bənddə bir

imamın adını çəkməklə davam edir və:

 

Mеhdinin şəninə gəlibdi ayat,

İsminə möminlər vеrir salavat.

Yovmi-ərəsətdə еtmə xəcalət,

Yandırma odlara qul Ələsgəri! –

 

deyərək bitirir. “Qabaqda” şeirində:

 

Dünyada əl çəkmə sövmü səlatdan,

Təmiz vеr, qalmasın xümsü zəkatdan.

Ələsgər, xof еtmə puli-Siratdan,

İrəhbərdi Cənab Əli qabaqda. –

 

deyərək Hz. Əlini rəhbər tutduğunu diqqətə çatdırır.

 

Haşiyə: Ustad sənətkarın bəzi şeirləri məzmun etibarilə “Quran”la, şəriətlə,

hədislərlə bağlı olduğuna görə, Sovet dövründə dərc olunması qadağan edilib. Eyni

zamanda, “Qələm”, “Çəksən”, “Görünsün”, “Qaçaqaç”, “Məni”, “Düşdü” və başqa

şeirləri isə o vaxt yaşanan inqilabdan və Azərbaycan türklərinin öz dədə-baba

yurdlarından sürgün olunmasından bəhs etdiyi üçün məhz həmin dönəmdə dərc

olunmayıb, sonralar el aşıqlarından toplanaraq kitaba salınıb.

 

Aşıq Ələsgərin Hz. Əliyə olan bağı “Ya Əli”, “Yaxşı hörmət ilə, təmiz ad

ilə”, “Olmaz”, “Məhəmməd”, “Kеçmişəm”, “Rənc Ali-Əba”, “Qan ağla, gözüm, şahi-şəhidana bu gündə” (mərsiyə), “Sənsən”, “Şahi-Heydəri”, “Vardır” və s.

şeirlərində daha aydın görünür. O cümlədən, “Baş еndirir” şeirində ustad, öz

biliyinə, elminin dərinliyinə, inancının gücünə əsaslanaraq, başqa aşıqlardan

üstünlüyünü bildirir, onları dərya, özünü ümman adlandırır:

 

…Ölməyincə bu sеvdadan

Çətin dönəm, usanam;

Həqiqətdən dərs almışam,

Şəriətdən söz qanam.

Şahi-Mərdan sayəsində

Еlm içində ümmanam;

Dəryaların qaydasıdı,

Ümmana baş еndirir.

 

Aşıq Ələsgər özündəki bu gücü – islam dininin həqiqətini, sufi təriqətinin

mərifətini aşıq sənətinin – sözün və sazın (musiqinin) gücü ilə birləşdirirdi.

 

Ahəngər dеyiləm, naşı bəzirgan,

Gözüm dürdanədə, a yəməndədi.

 

…Bir sazım var, yox pərdəsi, nə simi,

Onu çalıb, kim tərpədər nə simi?

Firdovsi, Fizuli, Hafiz, Nəsimi -

Onlar da yazdığı, ayə, məndədi.

 

Ustad “naşı bəzirgan”lara bildirmək istəyirdi ki, o, suyun ahənginə uyub

gəlmir, onun gözü dürrdə-dürdanədədir. Yəni, həyatda mücadilə etmək mübarizlər

üçün hadisə deyil, həyat tərzidir. Burada, “özünü bilmə”nin ideologiyanı aşan

tərəfi də var – bu inancdır. İnanc bir varlıq formasıdır ki, insanın həyata, insanlığa,

təbiətə baxış tərzini, hətta arzularını da müəyyən edir. Bu fikir, Hz. Əlinin həyatı,

şücaəti, mərdliyi, mərifəti ətrafında formalaşır, ona olan inancda, onun verdiyi

“vergi” ilə açıqlanır.

Qeyd edək ki, bu sevgi təkcə Aşıq Ələsgər yaradıcılığında deyil,

ümumiyyətlə, türk ədəbiyyatında bütün irfani düşüncələr, xüsusən də əksər

məzhəblər və onların üzvləri Hz.Əlidə cəmləşmişdir. Təsəvvüf ədəbiyyatında

ənənə halını almış Həzrət Əli və onun xüsusiyyətləri ilə məşğul olmaq bəzən onu

ilahiliyə qədər yüksəltmişdir.

Bu şeirdə klassik Şərq şairlərinin adları təsadüfən çəkilməyib. Bu, onların da

Hz.Əli haqqında dedikləri tərifləri diqqətə çatdırmaq üçündür. Şair demək istəyir

ki, o, “Şahi-Mərdanı” elə-belə tərif etmir, ondakı simsiz-pərdəsiz Eşq sazını ona

gör kim verib. Yeri gəlmişkən, adları çəkilən klassik şairlərimizin Hz.Əli haqqında

dediklərini xatırlayaq:

Ş.İ.Xətai “Dəhnamə”nin “Dər mənqəbəti-şahi-mərdan Əli” bölümündə Adəm

əleyhissəlamla Hz.Əlini müqayisə edir: “Həm səndə bulundu ismi-əzəm, Həm

səndə göründü ruhi-Adəm. Tiğində yazıldı sətri-lövlak Lövlak ləma xələqtul əflak.”

Sufilər İsmi-əzəmin (əsmaül hüsna) ancaq Allaha aid, peyğəmbərlərə agah

olduğunu deyirlər. Ş.İ.Xətai (yəqin ki, şiəlik görüşləri səbəbilə) o adı Həzrət Əliyə

də şamil edir.

Bir hədisə əsasən, Allah-Təala Məhəmməd peyğəmbərə meracda Cəbrail

vasitəsilə deyir: “Əgər sən olmasaydın, mən fələkləri yaratmazdım”. Xətai bu

kəlamın Hz.Əlinin qılıncında yazıldığını qeyd edir və bununla bir növ həmin

sözlərin imama aid olduğunu da ifadə etmiş olur.

Xətai yenə başqa bir şeirində Hz.Əliyə xitabən “Həm səndə göründü ruhi-

Adəm.” - deyir, M.Füzuli bu motivə başqa tərəfdən yanaşır. Hz. Əlinin axirətdə

Adəmlə birgə olmağına, cənnəti - Kövsərdə Adəmi qonaq qəbul etdiyinə işarə edir:

“Kövsəri-cənnət onun hökmündədir, ol vəchilə, Cümlə nəslindən həmin Adəm ona

mehman olur.” Bu beytdə məhşər günü Hz.Əlinin Tanrıdan bəzi insanlara da

şəfaət diləyəcəyi fikri də öz əksini tapır.

İ.Nəsimi şerində də tez-tez Hz.Əlinin “Özünü Tanıyan tanrısını tanıyar.”

kəlamına rəst gəlirik.

Ə.Firdovsi məhşur “Şahnamə” əsərində dəfələrlə imam Əlini xatırlayır.

“Kimin ki, Əli ilə düşmənliyi var, Hər iki dünyada olacaqdır xar. Mən kiməm?

Nəbinin kiçik bir qulu, Yolumdur hər zaman Əlinin yolu.”

İslam dini inancı Aşıq Ələsgər yaradıcılığının böyük bir hissəsini təşkil edir, -

desək, səhv etmərik. Amma bununla yanaşı, elm-ifran körpüsündən keçən, sözün

və sazın vəhdətilə inşa edilən şeirlərində sufi mətləblərindən də söz açılır. Bəlkə də

Aşıq Ələsgər şeirinin məhz musiqi ilə vəhdətdə olması, sufilərin inanc və vəcdi

birləşdirən musiqi anlayışları ilə üst-üstə düşməsindən irəli gəlir ki, bu da İlahi eşqi

dərin bir sevgi və şövqlə yazdığı ölməz əsərlərləri ilə təkcə Azərbaycana deyil,

bütün türk-islam dünyasına bəxş etmişdir. Əsrlər boyu ağızdan-ağıza, qəlbdən-qəlbə keçən bu əsərlər indi də eyni zövqlə, canlılıqla ifa olunur.

Klassik xalq şeirini rövnəqləndirən şairin “Bax, bax” rədifli dildönməz

gəraylısı Hz.Əlinin şəhadətinə yazılan ağıdır.

 

Əxi, biya, biya, bеqu,

Bеqu, biqof, ağa, bax, bax.

Həyyi, həqqü hakim sənsən,

Həyyə bax, bu bağa bax, bax.

 

Gözüm sağı, sübh ayağı

Gеyək ağı, gəzək bağı.

Hamı sеvib bu sayağı,

Qaymağa, həm yağa bax, bax.

 

Əziz ayə, müəmmayə,

Gərək sayə bu məvayə.

Səbəb sənsən bu qovğayə,

Böyük Ağa, sağa bax, bax.

 

Şeirin birinci bəndində işlənən “əxi” və ərəb sözlərini açsaq, şairin nə demək

istədiyi anlaşılır. Əxi – XIII əsrdə Hacı Bektaşi Vəli tərəfindən qurulan türk-islam

təşkilatının üzvlərinin bir-birinə müraciətidir – qardaş (əqidə qardaşlığı) anlamına

gəlir. Qardaşlar, gəlin, deyin ki, Həyyi (diri olanı - Allahı) həqqü hakim – həqq

olanı hakim bilən, yəni Allahı tanıyan sənsən. * Bu arada qeyd edək ki, “biqof”

sözünün doğru yazılışı “biqoft”dur. (tərcüməsi: demək). Həyyə bax - qalx, bax.

(Əlinin ucalığına işarə edir), bu bağa bax, (bağ sözü burada böyüklüyü ifadə edir).

İkinci bəndın izahı: Ey sağ gözüm, sübh çağı (dan üzü, namaz vaxtı) geyək

ağı (kəfəni), gəzək bağı (bağ – burada: cənnət) Hamı (burada: şəhidlərin hamısı)

Allahı bu sayaq sevib, qaymaq, yağ yeyərcəsinə (xoşluqla, rahatlıqla) Allah

yolunda can veriblər. Bu bənddə şair sübh namazında Hz.Əlinin qılınclandığını –

şəhadətə yetirildiyini vurğulayır.

Üçüncü bəndin izahı: “Əziz ayə, müəmmayə” deyərkən, şair bəzi Quran

təfsirçilərinə və hədislərə görə bir neçə ayənin, o cümlədən, Nəcm surəsinin (53)

14-cu “(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.” ayəsi 15-ci (Mələklər,

şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır. ayəsinin və

“Maidə” (5) surəsinin 3-cü ayəsinin Həzrət Əli ilə əlaqədar nazil olduğuna diqqət

çəkir. Deyir ki, gəlin, biz də bu səsə - məlumata, bu guşəyə kölgə salaq (qoruyaq,

inanaq). Bu səsin (xəbərin) səbəbi sənsən (Əli sənə inandı), Böyuk ağa

(Məhəmməd peyğəmbər (s)) Əli sənin sağındadır (cənnətdə Mə’va bağında).

Tarixən türk toplumlarında hörmət ifadəsi olaraq, xalqa yol göstərən

təcrübəli, bilikli şəxslərə, irfan sahiblərinə, ariflərə Dədə titulu verilib. Aşıq

Ələsgərə “Dədə Ələsgər” deyə xitab olunması onun İslam dini ilə yanaşı, həm də

Mövləvi və Bəktaşi təriqətlərinin təlim-tərbiyəsini örnək almasının, o kultun

ənənəsini davam etdirməsinin göstəricisidir. Dədə Ələsgərin bu nizamı saxladığı

qüdrətli sənətkarın bir çox şeirlərindən, eləcə də özündən sonrakı ustad aşıqların

onun haqqında söylədikləri rəvayət və dastanlardan bəlli olur.

 

Adım Ələsgərdi, əslim Göyçəli,

Ələst aləmində dеmişəm “bəli!”.

Həm aşiqəm, həm dərvişəm, həm dəli,

Canım gözəllərin yol qurbanıdı.

 

Burada üçüncü misradakı “aşiq”, “dərviş”, “dəli” sözlərinin ardınca ifadə

olunan “gözəllər” sözünün qadınlara aid olmasını düşünmək əlbəttə ki, absurd olar.

Şairin bu ifadəsi onun Dədələrin – “gözəl əxlaqlı, nur üzlü, pak qəlbli, haqq-ədalət

əməlli, şərəfləndirilmiş mübarək adamlar”ın yoluna can qoymasına, o yolun

davamçısı olmasına işarədir.

Bundan başqa Ələvilər və Qızılbaşlar ruhanilərinə Dədə deyirlər. Ələvilər

(şiələr) ümumiyyətlə, babalarının Hz. Əlinin nəslindən olduğunu qəbul edirlər.

Dədələrin Ələvilərin və Qızılbaşların dini həyatında çox mühüm funksiyası vardır.

Onlar dini, şəriəti təbliğ etmək üçün kənd-kənd, oba-oba gəzir, dini ayinləri icra

edir, mərsiyələr və dualar oxuyurlar.

Tədqiqatlardan görünür ki, Dədə Ələsgər də eyni minvalla el-oba arasında hər

hansı bir müşkül işin çözülməsində məsləhətlər verir, əhali arasında yaranan

ixtilafların həllində arbitr kimi çıxış edir, günahkar olanları İlahi ədalətdən,

cəhənnəm əzabından xəbərdar edirdi. “Bax, bax!” rədifli ikinci şeiri bu fikri

əsaslandırır:

 

Şəriət oxuyan, təriqət bilən,

Haqlıq еyləyirsən, haqq dinə bax, bax!

Qalmayıb dünyada “mənəm” dеyənlər,

Həzrət Sülеymanın taxtına bax, bax!

 

Oxuduğun Quran hardadı, hanı?!

Hansı yola dəvət еdir insanı?!

Salıbsan zindana gözəl bir canı,

         İqbalına bax, bax, baxtına bax, bax!

 

Dədə Ələsgərin yaradıcılığını ümumilikdə tədqiq etsək, görərik ki, bəzi

şeirlərində indiyədək diqqət edilməyən kiçik anlaşılmazlıqlar da var. Məsələn,

“Kimi” şeirinə nəzər salaq:

 

Adı Tərlan, özü tərlan balası,

Cilvələnib tərlan tavarı kimi.

Üzün görən xəstə düşər müttəsil,

Turuncun novrəstə nubarı kimi.

 

…Bu gözəl Zеynəbin nışanasıdı,

Ləbləri qırxların pеymanasıdı,

Dəhanı şahlığın xəzanasıdı,

Düzülüb dəndanı mirvari kimi.

 

(Aşıq Ələsgər. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 400 səh. s.58)

 

Göründüyü kimi, şeirdə Tərlan sözü böyük hərflə yazılıb, bu, xüsusi isim

kimi sözün adam adı olmağını bildirir. Halbuki, şeirin davamı bu şeirin Tərlan adlı

birinə ithafı olmadığını göstərir. Çünki tərlan - comərd, dağ qartalı, güclü, yüksək

məqamlı, ucaboy və s. anlamlara gəlir ki, bu da Hz. Əlinin görkəmini, ləyaqətini

ifadə edir. İkinci bənddəki “Zeynəbin nişanası” və “qırxların pеymanası” (bu

barədə sonra) bunu təsdiq edir. Yəni, şeirlərdə bir hərfin yanlış yazılması belə Aşıq

Ələsgər şeirinin yanlış anlaşılmasına gətirib çıxarır ki, bu da aparılan və gələcəkdə

aparılacaq tədqiqatlarda öz nəticəsini göstərə bilər.

Xatırlamaq yerinə düşər ki, Hz. Əli İslamın ümumi çərçivəsində hansı

məzhəbdən olmasından asılı olmayaraq, bir çox şair və aşıqlar tərəfindən imanlı və

mübariz bir insan kimi işlənmişdir. Bu həqiqəti bir daha təsdiq edir ki, ədəbiyyat

hər dövrdə ənənəvi inanclardan, onlar haqqında yaranan əsatirlərdən bədii

məqsədlərlə istifadə edərək inkişaf etmişdir. Aşıq Ələsgər də poeziyasında həm

dərin mənalar, maraqlı mülahizələr yaratmış, şair bir sıra dini-fəlsəfi fikirləri əks

etdirmiş, özündən əvvəlkilərin dini baxışlarına toxunmuş, həm də poetik fikrin

yüksək bədiiliklə tərənnüm olunmasına nail olmuşdur.

Dinə, təbiətə, vətənə, insana, Allaha məhəbbət hisslərini bir vəhdətdə

aşılayan, doğma dilimizin saflığının hüdudsuz ifadə imkanlarını öz yaradıcılığında

cəmləşdirən, milli poeziyamızı zənginləşdirən Dədə Ələsgəri bir başqa tərəfdən də

araşdırmağa ehtiyac vardır. Əlbəttə ki, bir məqalədə geniş və hərtərəfli tədqiqat

mümkün deyil, amma bir şeirinin - “Haraya qərəz” cığalı təcnisinin fonunda

ustadın dünyabaxışına yeni rakrusdan boylanmaq olar.

 

Qırxlar məclisində dedim “bəlini”,

Sərdar gördüm Şahimərdan Əlini.

…Ələsgər, daməndən üzmə əlini,

Çəksələr nizaya haraya qərəz.

 

Şeirdən göründüyü kimi, Aşıq Ələsgər “vergi”sini “Qırxlar məclisi”də qəbul

edib. “Qırxlar məclisi” hansı anlama gəlir? Təsəvvüf alimlərinə görə Haqq

Aşıqlarını “vergi”dən əvvəl bu hadisəyə hazırlayan bəzi səbəblər var. Yuxarıda da

qeyd etdiyimiz kimi, şəyirdlikdən, mühitdən, mənəvi sıxıntıdan və qəfil

depressiyadan sonra yuxu görülür və “badə içirilir.” Bu “vergi” bir pir, üçlər,

beşlər, yeddilər, qırxlar və ya Hz.Əli, Hacı Bektaş Vəli kimi ruhanilər tərəfindən

verilir. Bəs “üçlər, beşlər, yeddilər, qırxlar” kimdir? Təsəvvüf alimlərinin

izahlarına əsaslanaraq qısaca izah edək:

Üçlər – Allah, Məhəmməd peyğəmbər, Həzrət Əli;

Beşlər - Məhəmməd peyğəmbər, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn,

Həzrət Həsən;

Yeddilər – Məhəmməd peyğəmbər, Hz. Xədicə-Kübra, Həzrət Əli, Həzrət

Fatimə, Həzrət Hüseyn, Həzrət Həsən; Salman Farisi (Pak)

Mənbələrə əsasən, yeddilər ən önəmlisidir, çünki yeddilər olmasa qırxlar da

olmazdı. Yeddilər dünyaya aid olan dörd, insana aid olan üçdən meydana

gəlmişdir. Dörd – od, yel, su, torpaq və üç – can, canan və uşaqdır. Burada can

kişi, canan qadın, uşaq gələcəkdir, bu isə soyun davamını, eyni zamanda, 12 imamı

təmsil edir.

Qırxlar – Allahın mübarək ruh olaraq yaratdığı, bütün dövrlərdə yer üzündə

var olan, adları heç vaxt heç yerdə açıqlanmayan 23-ü kişi, 17-si qadından ibarət

dünyanın səmavi sahibləridir ki, onlar fərqli zamanlarda, fərqli surətlərdə yenidən

gəlirlər. Təbii ki, bu inancın tam olaraq İslam dini ilə əlaqəsi yoxdur, sadəcə

hədislərə və rəvayətlərə əsaslanır. Bir çox mənbələrdə isə bu inancın İslamdan

əvvəl də var olması qeyd olunur. Xızır, İlyas, Nəbi və başqa isimlərlə adlandırılan

bu kəslər dara düşənlərin köməyinə çatar, onların qəlbini sıxıntıdan qurtarıb

paklayar və yüksək dərəcələrlə mükafatlandırmaqla yer üzündə haqq-ədalətin,

xeyirxahlığın bərqərar olmasını təmin edərlər. Aşıq Ələsgər kimi əsil soydan gələn,

duyğusal təbiətə malik, ruhunda şairlik olan insanlar bu mükafatlanmanı –

“vergi”ni bir ehtiyac olaraq qəbul edərlər.

Bu ehtiyacı Aşıq Ələsgər şeirlərində də vurğulayır.

 

Onun bu gəlməyi, gör, nəyə bənzər,

Nə xana, sultana, nə bəyə bənzər,

Misirdən gəlmiş bir köynəyə bənzər,

Kənanda Yaquba dərman gəlibdi.

 

Şair bu “vergi”ni (və ya Hz. Əlinin onun həyatına “gəlişini”) Yaqub

peyğəmbərin tutulan gözlərinə Hz. Yusifin göndərdiyi köynəyin dərman olmasına

bənzədir. Yəni, Aşıq Ələsgərin düşdüyü kədər quyusundan çıxmasına vasitə olur.

Yuxarıda qeyd edildiyi kimi, Aşıq Ələsgər irsi ənənəvi sovet

ədəbiyyatşünaslığında tam araşdırılmadığına görə onun irfani şeirləri büsbütün

nəzər-diqqətdən kənarda qalıb. Dədə Ələsgərin şair, aşıq obrazı uzun onilliklər

boyu xalqa birtərəfli təqdim edilmişdir. Amma buna baxmayaraq, ustadın

yaradıcılığının böyük bir qolunu təşkil edən eşq, sevgi, vəsf şeirləri bu gün də

Azərbaycan xalqının dillər əzbəri və məhəbbət nəğməsidir. Aşığın irfani irsinin

tədqiqi və izahı onun təsəvvüf ədəbiyyatına verdiyi böyük töhfələri, eləcə də

indiyədək anlaşılmaz qalan bir çox mənəvi məqamları oxuculara aça bilər.

 

“Ədəbiyyat və İncəsənət”

(28.10.2024)

 

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Yaxşı sürücü o deyildir ki, maşını necə gəldi sürsün və ətrafındakılara gözlənilməz çətinliklər yaşatsın. Yaxşı sürücü o sürücüdür ki, onunla yanbayan yol gedən maşınlara normal hərəkət etmələri üçün imkan yaratsın.

2.

Bu dolaşıq dünyada hələ bir dolaşıq əsər (məsələn, “Dəvə yağışı” kimi) yazmaq nə qədər qəribə olsa da, sadəliyə gətirən kəsə yollardan biridir.

3.

Prometey odu Olimpdən oğurlayıb insanlara gətirdiyi üçün qəhrəman deyil. Onun adının mənası irəlini görən (öncəgör) idi. O bilirdi ki, odu Olimpdən oğurlayıb insanlara verəndən sonra onu nə gözləyir və o, Zevs tərəfindən hansı əzab-əziyyətə düçar ediləcəkdir. Buna baxmayaraq, Prometey mifoloji məntiqə uyğun olaraq odu insanlara gətirir. Gələcəyini bilə-bilə bunu edir. Əsl qəhrəmanlıq bu idi.

4.

İlk söz eşidilmək üçün deyilib. Bəzən olub ki, deyilən sözü eşitməyiblər. Sözü eşidilməyənlər yavaş-yavaş öz içlərinə çəkiliblər. Pıçıldamağa başlayıblar. Və bu minvalla zaman-zaman ürəkləri titrədən sənətkarlara çevriliblər. Sənətkarın yolu qışqırıqdan pıçıltıya gələn yoldur.

5.

S.Yesenin:

 “Toxunar otlara ay işığıyla,

Sən titrək saçıma toxunduğun tək.

Gülümsə ilahə yaraşığıyla,

İnan, qəlb evini vüsal döyəcək

Sən titrək saçıma toxunduğun tək.”

İlk tərcümə təcrübəmdən.

6.

Bizə nə barədə düşünmək imkanı verilibsə, o, təbiətdə mövcuddur. Cənnət və cəhənnəm – hökmən! Uçan qablar - bəli! Cinlər və şeytanlar - əlbəttə! Devlər, təpəgözlər, yeddibaşlı əjdahalar - nə qədər desən! Nə zamanlarsa biz onlar barədə, yəni, ağlımıza gələnlər barədə sadəcə düşünmürdük, biz onları həm də görürdük.

7.

Sözün səsə həsrətindən içimizdə qalıb səsə çevrilə bilməyən sözlərin məzarlığı yaranır.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

 

Coşqun Xəliloğlu (Coşqun Xəlil oğlu İbrahimli), Azərbaycan Yazıçılar Birliyinin üzvü, neftçi-mühəndis – “Ədəbiyyat və incəsənət” üçün

 

Salam, hörmətli redaksiya

28 oktyabr Xalq yazıçısı Mirzə İbrahimovun anadan olduğu gündür. Bununla əlaqədar Sizə yazımı göndərirəm.

Baxmağınızı və məsləhət olarsa, dərc etməyinizi xahiş edirəm.

Əvvəlcədən təşəkkür edirəm.

 

Azərbaycan Neft və Kimya İnstitutunun, indi Azərbaycan Dövlət Neft Sənaye Universiteti adlanan qocaman ali təhsil müəssisəsinin məzunu olduğum üçün fəxr edirəm. Sovet dönəmində bu elm və təhsil məbədi nəinki keçmiş Sovetlər İttifaqında, hətta bütün dünyada özünün yetirmələri ilə məşhur idi.

 

İnstitut rəhbərliyi tələbələrin təhsil və bilik səviyyələıinin yüksəldilməsi qayğısına qalmaqla yanaşı vaxtaşırı respublikamızın tanınmış elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri ilə gələcəyin mütəxəssislərinin görüşlərini təşkil edirdi.

1981-ci ildə, anadan olmasının 70 illiyi ərəfəsində xalqımızın böyük yazıçısı, görkəmli dövlət və ictimai xadim, Xalq yazıçısı, akademik Mirzə İbrahimovun institutun iclas zalında tələbələrlə keçirilən görüşünün adi bir iştirakçısı olduğum üçün özümü xoşbəxt sayıram. Böyük və möhtəşəm  iclas zalı ağzına kimi dolmuşdu. Xalq yazıçısı görüşə tanınmış və istedadlı şair Tofiq Bayramla gəlmişdi.

Yığıncağı Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Neft və Kimya İnstitutunun rektoru akademik İsmayıl İbrahimov açdı. O, hörmətli qonağı salamlayaraq zəngin və keşməkeşli ömür yolu keçmiş mütəfəkkir yazıçının həyat və yaradıcılığı haqqında görüş iştirakçılarına qısa məlumat verdi.

Hələ o zaman dünyaşöhrətli alim, neft elminə özünün nəhəng elmi tapıntıları ilə böyük töhfələr vermiş akademik  Azad Mirzəcanzadə M. İbrahimovun əsərlərinin bədii məziyyətlərindən, dramaturq və nasir kimi  məhsuldar fəaliyyətindən peşəkar tənqidçi kimi danışdı. A.Mirzəcanzadə özünün şəxsi arxivində saxladığı, yazıçının müxtəlif teatr səhnələrində oynanılmış əsərlərinin tamaşası zamanı çəkilmiş nadir foto-şəkilləri iştirakçılara göstərərək müdrik qələm sahibini və görüş iştirakçılarını heyrətləndirdi. Qüdrətli söz ustadı da öz növbəsində Azad müəllimə minnətlarlıq edərək fəxrlə bildirdi ki, onun əsərlərinin  belə diqqətli, yüksək intellektə malik tamaşaçısı və oxucusu vardır. Qüdrətli söz adamı Mirzə İbrahimov Azad müəllimi ədəbiyyatımızın  ən yaxşı tənqidçilərindən biri kimi kəşf etdiyini qeyd etdi.

Şair Tofiq Bayram çıxış edərək Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatındakı böyük xidmətlərindən ürək dolusu danışdı. O, öz timsalında xalq yazıçısının ədəbiyyata yenicə qədəm qoyan gənc nəslə qayğı və diqqətini önə çəkərək onu  balalarını məğrur qanadları altına alan dağ qartalına bənzətdi. Böyük məhəbbətlə ustadına həsr etdiyi, oxucuların alqışlarlarla qarşıladığı gözəl bir şeirini özünəməxsus intonasiya və sevgi ilə oxudu.

Sonra söz canlı klassikə verildi. Mirzə müəllim tribunanın önünə gəldi. İlahi, insan necə də sadə olarmış... Uzun müddət keçməsinə baxmayaraq hələ də onun nurlu siması gözlərim önündə, mehriban, şirin səsi qulaqlarımdadır.

Onun uşaqlıq illəri olduqca çətin və ağır şəraidə keçmişdir. Valideynlərinin hər ikisini çox erkən itirmiş Mirzə İbrahimov hər çətinliyə dözmüş, heç zaman ruhdan düşməmiş, yorulmadan çalışmış, min bir əziyyətlə oxumuş, işləmiş, həyatın hər üzünü görmüşdü. Yollarına gah yaxşılar çıxmış, gah da bədniyyətlərlə rastlaşmışdır. Buna baxmayaraq, həmişə qəlbi xeyirxahlıqla döyünmüş, hər zaman insanlara gərəkli olmağa çalışmışdır. Böyük istedad sahibi və hədsiz dərəcədə zəhmətkeş olan bu insan müxtəlif dövlət vəzifələrində çalışmasına və işinin həmişə çox və gərgin olmasına baxmayaraq heç zaman qələmindən ayrılmamış, xalq üçün böyük ilhamla yazıb yaratmışdır. O, Azərbaycan dilinin dövlət dili kimi qorunub saxlanmasında, inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir.

M.İbrahimov üzünü gənclərə tutaraq bizi yaxşı oxumağa, doğma Azərbaycanımızın adını uca tutmağa, dilimizi sevməyə, xeyirxah əməl sahibləri olmağa, bədii ədəbiyyatı həmişə mütaliə etməyə, seçdiyimiz peşənin əsl mütəxəssisləri olmağa çağırdı.

İllər keçdi. Ali məktəbdə doğma müəllimlərimizdən aldığımız biliklər bizə həyat yollarında yardımçı oldu.

Mənə elə gəlir ki, əsərlərini həmişə sevə-sevə oxuduğumuz böyük şəxsiyyət, istedadlı yazıçı Mirzə İbrahimovla görüşdən əlimdə heç bir foto-şəkil, hansısa bir sənəd olmasa da həmin görüş həyatımın ən yaxşı, ən yaddaqalan dərslərindəndir.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Monday, 28 October 2024 14:04

Gülüş klubunda turş sifət

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Ayfon:

-Sizin simanız tanınmadı.

Müştəri cəld sifətini narazı halda turşudur.

Dərhal ayfon bunu qəbul edir.

 

2. 

Gizir Əbdüləzimov vxtından əvvəl külli miqdarda dövlət əmlakını yanğından xilas etmişdir. 

Buna görə ona “Yanğına qədər şücaətə görə” medalı təqdim edilmişdir. 

 

3.

İndiki dövrdə bizdə it-pişiyə və göyərçinlərə yem verənlərdən başqa mesenatlara əsla rast gəlinmir. 

 

4.

Tornado zamanı əlində çətir tutaraq təbii fəlakətə sinə gərmək istəyən amerikalını yarım saatdan sonra başqa ştatda görmüşdülər.

 

5.

İlk zifaf gecəsində gənclər yataqda səhərədək mesajlaşdılar və sonra da xoşbəxtcəsinə yuxuya getdilər. 

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

 Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Zoğalli arxaq mütəncəminin 

hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR

§ Arxaq (sümüklü) – 250 qr § Soğan (qırmızı) – 50 qr

§ Zoğal – 50 qr

§ Zoğal turşusu – 15 qr

§ Ərinmiş kərə yağı – 32 qr § Quyruq – 17 qr

§ Ərik qurusu – 15 qr

§ Albuxara – 15 qr

§ Möüz – 15 qr

§ Qoz ləpəsi – 15 qr

§ Badam – 15 qr

§ Müxəşşər – 15 qr

§ Təzə zəncəfil – 10 qr § Göyərti – 8 qr

§ Mərzə – 3 qr

§ Sarıkök – 0,1 qr

§ Darçın – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Arxağın bel-qabırğa, bel, kürək və almacıq hissəsi, qabırğa, böyrək bel his- səsi qabırğa boyu kabab şəklində doğranır. Quyruq doğranır, tavaya yığılır və vam odda qızardılır. Ətə duz, istiot vurulur, əridilmiş quyruq yağında hər iki tərəfi qızardılır. Cızdaqlar tavadan yığılır. Təzə zoğal əlavə olunaraq ətlə birlikdə qızardılır. Ayrıca tavada ərinmiş kərə yağı qızdırılır, fal-fal doğranmış soğanlar qızardılır. Qızardıqda qabığı təmizlənmiş badam, qaynar suda isladılmış qoz ləpəsi, əvvəlcədən yarı bişirilmiş müxəşşər, tumu çıxarılmış albuxara, yarı bölünmüş ərik qurusu, möüz, duz, istiot, sarıkök, darçın, sürtkəcdən keçiril- miş zəncəfil, mərzə qurusu əlavə edilir və qarışdırılır. Ət və zoğal qarışığı və su əlavə olunaraq, ağzı bağlanır və vam odda bişirilir. Xörəyin bişmə müddəti 35- 40 dəqiqədir. Hazır olduqda boşqaba çəkilir, üzərinə göyərti səpilir və süfrəyə verilir. Plov və çilovlarla da verilə bilər.

 

QEYD: Arxaq dağkeçisi, dağ kəli də adlanır. Dağlarda yaşayır. Əti tamamilə yağsız, lətif, zərif olur.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

Şəfa Vəli,  “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Qadın olmaq… Bağışlamaqdır tüm dünyanı hər rəngiylə…

Təkcə özündən başqa! 

İnsanlar dünya yaranandan bəri, ölümdə sirr axtarıb həmişə. Ən böyük sirrin insanın doğuluşu olduğu unudulub. “İş və İşşa” hekayəmdə ODun unudulmağından yazanda mənə gülümsəyənlərin, tək qaldıqlarında ağladıqlarını bilirəm. Onlar da bildiyimi bilirlər… Mən də, onların bunu bildiyimi bildiklərini bilirəm… Sözlərim Soljenitsının sözlərinə oxşasa da, belədir.

 

Qadın olmaq…

Doğuluşun sirrinin adi bir şeymiş kimi danışılmasına vəsilə olmaq, ən böyük sirri öz  təbəssümündə gizləməkdir. Və sonra dünyaya içindən üsyan etməkdir: “Mən sirli deyiləm, dünya! Var olduğumun fərqində olması üçün hamıya sirli kimi görünməliyəm!”

O üsyanları eşidənlər az olur. Onlar da susur… Susduqlarını bilirəm. Onlar da bunu bildiyimi bilirlər. Mən də bildiyimi bildiklərini bilirəm…

“Bilmək” qazanca deyil, əzaba bu cür çevrilir. O əzabın içində bir kişi qürurundan damlayan yağda qızaran bir qadın ruhu var. Dözənlər olur “qəhrəman qadın”, dözə bilməyənlər olur qorxaq. Ən yaxşı halda isə, sirli! Hə, görürsünüzmü, “sirli” kəlməsi necə xilaskarına çevrilir qadının?

…Dünyanın ən sirli qadınlarındandır Silviya Plat. Dünyanın ən üsyankar qadınlarındandır… Dünyanın ən sadə dillə danışan qadınlarındandır… Və də, anlaşılandır.  Norma Cin öləndən sonra onun İQ-sünün Eynşteynin İQ-sündən  yüksək olduğunu öyrənən dünya hələ də küləkdə uçuşan ağ donu, kartof kisəsindən hazırlanan məzəli paltarı xatırlayır. Amma onun oxuduğu kitabları, elədiyi ədəbi və ya siyasi söhbətləri xatırlamır.  Nə dünyaya, nə də insanlara Norma Cin heç vaxt maraqlı olmadı. Dünya üçün ikonik məxluq Merlin Monro idi! 

Silviyanın yeganə “günahı” özündən ikinci qadını “yarada” bilməməsi idi.  Bəlkə də, “günah”ı onda deyil,  şeirdə axtarmalıyıq. O şeir ki, uğrunda ölən olmur,  əlində ölən olur.   İndiyədək hamıdan eşitdiyim/oxuduğum bu olub: “Silviya sevirdi!” Amma kimsə onun haqqında Maqdalenanın haqqında deyilənləri demədi: “O, günahsızdır! O, sevirdi!” Çünki Maqdalenanın sonrakı taleyi naməlumdur, Silviya isə göz görə-görə intihar edib. 

Mən Silviyanın əri Ted naminə intihar etdiyini qəbul etmirəm. Mən Silviyanın ən yaxın rəfiqəsinin hansı sözünün doğru olduğunu da bilmirəm. Hər halda, kimsə dəqiq bilmir ki, Silviya intihar edəndə Ted İspaniyada idi, yoxsa bir gün əvvəl Silviya ilə görüşməyə gəlmişdi?  Bircə onu bilirəm ki, Silviya özündən qadın “yarada” bilmədiyi kimi, “ana” da yarada bilmədi. Uşaqları onunçün şeir qədər toxunulmaz ola bilmədi. Silviya bircə dənə idi! Və nə kainat, nə də dünya qadına “bir” olmağı bağışlayır…

“Qadın başlanğıcı” haqqındakı ilk məqaləm yayımlananda dəyərli Ənvər Börüsoy  (ruhu şad olsun!) demişdi: “Sirri açırsan! Amma gözəl açırsan!” Nolar, bu da mənim “günahım” olsun… Mən özümü bağışlamağı öyrənmişəm ki, dünyayla sevgili olmağım Silviyadan uzun çəkib/çəkir…

Məncə, Silviya elə buna görə intihar etdi… Məncə,  Silviya özünü güzgü ilə eyniləşdirib “zalım deyiləm mən” deyəndə çox yaxşı tanıyırdı içindəki amansız qadın qürurunu.  Məncə, o amansız qürur qatili oldu Silviyanın…

Silviyanın intihar səbəbini qələmdaşlarımla müzakirə etməyə tələsməyim qənaətimin qeyri-qətiliyindən doğmurdu. Mən bu intiharı Silviyanın “Güzgü”sündəki “gölə əyilmək” kimi görürdüm. O göldə qələmdaşlarımın nə gördüyünü anlamaq istədim sadəcə…

 

Qulu Ağsəs (şair):

“O, elə əvvəldən depressiyadan əziyyət çəkib.  Ola bilər ki, çox xoşbəxt, ola da bilər ki, çox bədbəxt bir ailədə doğulub. Maraqlı olan həmdövrlərinin sonradan onun intiharı düşünmədiyi barədə qeyd etdikləridir. Yəni Silviya intihar etmək istəməyib. Amma intiharı həyata keçirib! Niyə?  Ən maraqlı məqam budur.

 İkinci maraqlı məqam odur ki, ölməzdən qabaq uşaqlarına süd və şirniyyat verib, sonra gedib başını sobaya soxub.  Bəzən adama elə gəlir ki, ana olan qadın daha heç vaxt zəif ola bilməz. Məsələn, mənim nəzərimdə, ana intihar edə bilməz. Şair də olsa, yazıçı da olsa, anadırsa, özü də körpə övladları varsa, intihar etməz. Uşaqları üçün özünü öldürər, amma özünü öldürüb uşaqlarını yiyəsiz buraxmaz. Bu məqamda onun müasirləri ilə razılaşıram: “O, intihar etmək istəməyib”. Sadəcə, ətrafındakıları qorxutmaq istəyib, o cümlədən, sevdiyi insanı. Amma nədənsə bu intihar baş tutub. 

Bir də, məndə tərəddüd yaradan odur ki, ölməzdən qabaq uşaqlarını yedirib. Uşaqlarını yedirən, onları ac qoymayan ana… Sonra ölməyə gedən… Ürək ağrıdan, tükürpədici məqamdır. Son anda o, analıq borcunu yerinə yetirib.

Özündən sonra əsərləri ilə yanaşı, sonsuz suallar qoyub gedib. Məncə, bütün yazıçılar, şairlər nə vaxtsa intihara cəhd edir. İstedadından asılı olmayaraq, ucdantutma hamısı… Bu onların az qismində alınıb. Silviya da o az qisim qələm adamlarındandır”.

 

Xanım Anela  (yazıçı):

“Silviya Platın intiharı, ümumiyyətlə, intihar mövzusu bir az qəliz məsələdir. Çünki heç kəs o an intihar edənin nə yaşadığını, hansı psixoloji hallar keçirdiyini bilə bilməz. Silviya Platın da şəxsi həyatı, psixoloji problemləri və yaradıcılığı arasındakı əlaqə bu qərarın arxasında duran səbəblər kimi izah edilə bilər.

Silviya Plat ciddi depressiyadan əziyyət çəkib, həyatının bir neçə dövründə psixoloji çətinliklərlə üzləşib və gənc yaşlarında bir neçə dəfə intihar cəhdləri də etmişdi. Platın 1963-cü ildə intihar etməsindən əvvəl yaşadığı şəxsi həyatında olan problemlər, o cümlədən əri Ted Hughes ilə olan problemli evliliyi də onun psixoloji vəziyyətinə təsir etmiş ola bilər. Platın şəxsi həyatı çətin və gərgin idi. O, tanınmış şair Ted Hughes ilə evli idi, lakin bu münasibət son dərəcə çətin keçirdi. Hughes-un Silviyaya qarşı xəyanəti və onların ayrılığı Platın emosional vəziyyətini daha da ağırlaşdırmışdı. Ayrılmaları və ailə münasibətlərindəki çətinliklər Platın psixoloji vəziyyətinə ciddi mənfi təsir göstərmişdi.

Platın yaradıcılığı onun daxilində baş verənləri, daxili dünyasını o qədər yaxşı əks etdirir ki… Şeirlərində tənhalıq, özünü dərk etmə və həyatın mənasızlığı kimi mövzulara toxunur. Məsələn, “Güzgü” şeiri, onun içindəki təlatümləri, daxili mübarizələri və zamanla olan qarşıdurmasını poetik şəkildə ortaya qoyur. Şeirdəki obrazlar (güzgü və göl) vasitəsilə Plat insanın daxili səyahətini, özünü axtarışını və öz kimliyi ilə qarşılaşmasını təsvir edir. Bu şeir Platın depressiya və özünü tanıma məsələlərinə necə dərindən bağlı olduğunu da nümayiş etdirir. Yaradıcılığında özünü ifadə edə bilsə də, bu onun üçün kifayət qədər çıxış yolu olmadı.

Plat çox istedadlı bir şair və yazıçı idi, lakin onun yaradıcılıq fəaliyyəti ilə bağlı da bir sıra çətinliklər yaşanırdı. Bəzən öz yaradıcılığına, yazılarına və uğurlarına qarşı şübhələri olurdu. O, bir çox yazar kimi, uğursuzluq qorxusu və təzyiq altında idi.

Təbii ki, tənhalıq hissi də öz rolunu oynayır, belə ki, Plat intihar etməzdən əvvəl iki uşaq anası olaraq tək yaşayırdı. O, təkbaşına uşaqlara baxır, yazıçılıq karyerasını davam etdirməyə çalışırdı, lakin bu yük onun üçün ağır idi. Qışın soyuq və qaranlıq dövründə, emosional və fiziki tənhalıq onun vəziyyətini daha da pisləşdirmişdi.

Bir dəfə onun “The Bell Jar” adlı avtobioqrafik romanı haqqında bir yazıya rast gəlmişdim. Orda onun ruh sağlamlığı ilə bağlı yaşadığı çətinliklərin aydın şəkildə təsvir olunduğu qeyd olunurdu. Silvia Platın intiharını şəxsi və ruhi çətinliklərin bir yerdə yığılmasının nəticəsi kimi qiymətləndirə bilərəm”.

 

Günay Səma Şirvan (şair):

 “Silviya Plat ingilisdilli ədəbiyyatda “etiraf poeziyası”nın əsasını qoymuş amerikan şair və yazarıdır. Həyatı çox keşməkeşlidir. Son sözü əvvəl demək olmasın, elə ölümünə səbəb də  yaşam tərzi, taleyi və ya talesizliyidir. 20-ci əsrin ən istedadlı gənc qadınının  tərcüməyi-halını bilən hər kəs razılaşar ki,  çətin uşaqlıq, avtoritetli valideynlər, sevgidə uğursuzluq, səhhət problemləri,  ömür payına düşən sonsuz sınaqlarlar axır-əvvəl onlarla baş edə bilməməsinə gətirib çıxarıb. Elektroşok terapiyalardan sonra özündə güc tapıb ədəbiyyatda inqilab edən Silviya hesab edirdi ki, onun ən böyük bədbəxtliyi qadın doğulması idi.  Plat  hələ 60 il əvvəl tabuya yaxın çox kəskin mövzular qaldırırdı: intihar, özünə nifrət, ölüm, dağılmış, funksional  olmayan ailədə anormal münasibətlər və s.  Silviya dövrünü qabaqlamış şairdi, buna görə də tənqidçilərin də dediyi kimi, “50-ci illər mühafizakarlığının qurbanı” oldu. Həmişə həyatda  öz yerini axtarmaq və total tənhalıq duyğusu Silviya Platın faciəli ömür hekayəsinin məğzidir. 

P.S. Ölümündən sonra psixiatr Ceyms Kaufman qadın şairlərdə “sinir pozuqluğunun depressiv əlamətləri” xəstəliyini “Silviya Plat sindromu” adlandırmışdır. Silviya Platı oxumaq lazımdır; sinir pozuqluğunun depressiv əlamətlərinə yoluxmadan”.

 

Şahanə Müşfiq (yazıçı, jurnalist):

“Silviyanın “Göbələklər” şeiri depressiyanın insanı necə ələ keçirməsindən bəhs edir. “Görən yox bizi, Bizi dayandıran, bizi aldadan…”-deyə yazır ha,   insanın ümidsizliyinin onu necə əsir etdiyini anladır. Bu misralarını oxuyanlar onun  xilas olmaq cəhdini anlamaqda gecikməzdilər, əgər şeirin sonunda “Səhərlə birgə Miras qalır dünya bizə-Ayağımız astanada…”-deməsəydi.  Hər kəsi, hətta ölümün özünü belə aldatdı Silviya Plat. Ölüm neçə dəfə əllərini uzatdı ona,  amma Silviya ölümü sevmədiyini söylədi. Halbuki,  yaradıcılığından da görürük, o, ölümün platonik aşiqi olub. Başqa sözlə, Silviya  illərlə ondan qaçdığını düşündüyü sevgiliyə-ölümə qovuşmağa tələsdi. 

Eşq bir dənədir, onu insan hansı istiqamətə istəsə, o yönə çevirər və “sonra” o yöndə davam edər.  Həmin seçim nöqtəsində yalnız iki səmt ağacı var: “Həyat” və “Ölüm”. Silviya eşqinin yönünü  ölümə çevirdi…”

 

 Pərvanə Məmmədova-Kəlağay:

 “Silviyanın intiharının arxasında Ted durur. O vaxt dəyərli şairimiz Fərqanə Mehdiyevanın bir müsahibəsini oxumuşdum.  Demişdi ki, “Şair qızları elə şair oğlanlar alsalar, yaxşıdır”.  Ümid idi bu sözlər. Fərqanə xanım ümid edirdi ki, şairlər bir-birini daha yaxşı anlayar. Amma burada bir məqam var: kişilik, yaxud qadınlıq şairliyin önünə keçirsə,  ümid edilən anlayışdan söhbət gedə bilməz axı!   Haqqında oxuduqca görürük ki, evliliklərində Tedin kişiliyi, Silviyanın isə şairliyi öndə imiş.  Bu toqquşmada qalib gələn şair olmadı, təəssüf ki…”

 

Bəsti Məmməd (şair):

“Silviyanın faciəsi “Ata” şeirində əks olunur, fikrimcə. Onun intiharının əsası alman atasının qəddarlığı ilə hələ uşaqlığında qoyulmuşdu.  Digər tərəfdən, bəlkə də, Silviya yanlış zamanda, yanlış yerdə doğulmuşdu.  Bəlkə də, Silviya Almaniyada doğulsaydı, alman atanın  davranışlarını “adi alman intizamı” saya bilərdi. Amma keçən əsrin Bostonunda  bir qıza qoyulacaq o qəti sərhədlərə, ondan tələb edilən “keçmişə sayğı”ya yer yox idi axı…  Ardınca da uşaqlar üçün əsərlər yazan Tedin  uşaqlığı travma ilə keçmiş bir qadından anlayış gözləməsi gəlir ki, bu da sosial münasibətlər baxımından uçuruma uzanan yol idi. Və o uçuruma Silviya tək düşdü…  Bizə qalan  qələminin düşüncələrindən “oğurlaya” bildikləri oldu”.

 

…Hə, Silviya, gördünmü, intiharın min yerə yozulur hələ də.

Hə, bütün dünya “atalar və oğullar” məsələsini düşünərkən, ondakı tələbləri, xəyal qırıqlıqlarını araşdırarkən sən bütün dünyaya hayqırdın: “Atalar və qızlar” da var!”

Bir gün bundan da yazaram, xatirənə ehtiramla…

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2029)

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncədən Bakıya" layihəsi çəçrivəsində Şəhriyar adına Mədəniyyət Mərkəzində bəstəkar, Xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət "Payız gəldi" adlı konsert proqramı baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, gecədə Xalq artisti Heydər Anatollu, Gəncə Dövlət Filarmoniyasının solistləri Məhərrəm Qasımov, Zəminə Mustafayeva, Rüstəm Cəfərov, Xəyal Əliyev, Əli Məmmədov, Eminağa Sadıqov, Aynur İsgəndərli, Amil Həsənoğlu, Vasif Bayramov bəstəkarın “Gəncədən gəlirəm”, “Güllərim”, “Kəpənək”, “Sən olmuşam”, “Gözümdə Leylisən”, “Uzaq yaşıl ada”, “İl nə gözəldir”, “Payız gəldi”, “Çiçək yağışı”, “Şükriyyə”, “Təkcə ümid qalsın”, “Aman ayrılıq”, “Can Azərbaycan” mahnılarını ifa ediblər. 

Konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, konsertin quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, kollektiv rəhbəri Şəhriyar Tağıyevdir.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

Oktyabr ayının 28-i görkəmli iştimai-siyasi xadim, XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri Mirzə İbrahimovun anadan olduğu gündür. O, 1911-ci ilin qeyd olunan həmin günündə Cənibi Azərbaycanda, indiki İranın Sərab şəhəri yaxınlığındakı Eyvəq kəndində anadan olmuşdur. 

Görkəmli yazıcı və ictimai xadim M.İbrahimov Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR xalq yazıçısı, "Stalin" mükafatı laureatı, Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR maarif komissarı və naziri, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, birinci katibi, 1937–1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə), bir neçə şağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Xüsusi qeyd etmək istərdim ki, o həm də Azərbaycan dilinin dövlət dili olması haqqında qəbul edilmiş qanunun (1956) əsas təşəbbüsçüsü idi. Xalq şairi N.Xəzri haqlı olaraq yazırdı ki, “Mirzə müəllim Şah İsmayıl Xətaidən sonra dilimizi dövlət dili səviyyəsində görür, bunun üçün imperiya siyasəti dövründə bacardığı işi görməyə çalışırdı. Bu özü əsl qəhrəmanlıq idi!”

Onu da qeyd edək ki, M.İbrahimovun 1932-2009-cu illərdə (təkrar nəşrlərlə) 59 kitabı çap olunmuşdur. Onun dövrü mətbuatda, məcmuə və dərsliklərdə dərc olunmuş (roman, povest, hekayə, oçerk və novella, poema və şeirlər, dram əsərlərindən parçalar, ədəbi-tənqidi, publisistik məqalələri,məruzə və çıxışları, redaktoru olduğu və rəy verdiyi əsərlər, tərcümə əsərləri və s.) əsərlərinin sayı isə 1203-dən çoxdur.

Görkəmli yazıcının həyat və yaradıcılığı haqqında 26 kitab, 12 dissertasiya və referat yazılmışdır. Haqqında dərslik, dövrü mətbuat və məcmuələrdə dərc olunmuş məqalələrin sayı isə 590-dan çoxdur.

Onun barəsində xarici dillərdə (rus, ingilis, alman, fransız, macar, türk və s.)  875-dən artıq yazı çap olunmuşdur. Dünya kitabxanalarında (ABŞ, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya, Danimarka, Türkiyə, Avistriya və s.)  olan əsərlərinin sayı 176-dır. Dünyanın aparıcı universitetlərinin (Harvard, Oksford, Kolumbiya və s.) kitabxanalarında 13 əsəri  vardır.

Doğum günündə bu böyük insanı dərin hörmət və ehtiramla yad edərək “Akademik Mirzə İbrahimov (Mirzə Əjdər oğlu İbrahimov). Biblioqrafiya” (Bakı-2022.) kitabından seçmələri olduğu kimi “Görkəmli şəxsiyyətlər M.İbrahimov haqqında”, “M.İbrahimov görkəmli şəxsiyyətlər və qələm dostları haqqında” və “M.İbrahimovun yaradıcılığından sətirlər” yarımbaşlıqları ilə hörmətli oxucularımızın diqqətinə təqdim edirik.

Zənn edirik ki, bu məlumatlar xalqımızın “Böyük dayaq”larından olan M.İbrahimovun həyat və fəaliyyəti, o cümlədən yaradıcılığı barədə daha dolğun təsəvvür yaradacaqdır.

Bu gün sizlərə ilk olaraq görkəmli şəxsiyyətləin Mirzə İbrahimov haqqında söylədikləri fikirləri çatdıracağıq:

 

 

Görkəmli şəxsiyyətlər Mirzə İbrahimov haqqında

1.     Bədii yaradıcılığı ilə yanaşı, Mirzə İbrahimovu respublikamızda və ölkəmizdə görkəmli bir ədəbiyyatşünas, alim, tədqiqatçı və publisist kimi də tanıyırlar. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü kimi bu sahələrdə onun fəaliyyəti yüksək qiymətə layiqdir və biz tam qətiyyətlə deyə bilərik ki, Mirzə İbrahimov bir ədəbiyyatşünas-alim kimi Azərbaycan elminin inkişafına böyük təsir göstərmişdir.

Heydər Əliyev, Ümummilli lider

 

2.     XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri kimi onun meydana gətirdiyi əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi yaradılmışdır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

 

3.     Xoşbəxt o sənətkardır ki, elə sağlığında da onu sevsinlər. Adı-sanı və şöhrəti dillər əzbəri olsun…Azərbaycan xalqının sevimlisi, istedadlı yazıçı və dramaturqumuz, görkəmli ictimai xadim, dostumuz Mirzə İbrahimov məhz belə sənətkarlardandır. Ona görə də Mirzə kütlələrin hüsnrəğbətini, daha doğrusu, ümümxalq məhəbbətini şəxsi ləyaqəti sayəsində çoxdan bəridir ki, qazanmışdır.

Mikayıl Abdullayev, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı

 

4.     Mən onu xalq işinə çox lazımlı müsbət bir şəxsiyyət kimi tanıyıram.

Səməd Vurğun, Xalq şairi

 

5.     İllərin çiynində ədəbiyyatın, mədəniyyətin, elmin, yüksək vəzifələrin ağır, məsuliyyətli, həm də şərəfli yükünü daşımış bir hikmətli ömürdür Mirzə İbrahimov ömrü. Onu həyat öz məktəbində hazırlayıb. Ona görə də Mirzə İbrahimov özü də bir məktəbdir, – desək yanılmarıq. Bu məktəbin əlifbası – zəka, istedad və onları çiçəkləndirən, bara, bəhərə dolduran sonsuz əməkdir. 

Mirvarid Dilbazi, Xalq şairi

 

6.     Mirzə İbrahimov sözün həqiqi mənasında ensiklopedik bir yazıçı idi. O, istər bədii əsərlərində, istərsə də nəzəri-tənqidi məqalələrində dövrün ən mühüm hadisələrindən danışmış və hadisələri müasirlik baxımından qiymətləndirmişdir.

 Balaş Azəroğlu, Xalq şairi

 

7.     Əsl sənətkar üçün yazmaq, yaratdığı ilə insanlara düzgün yaşamağı öyrətmək böyük xoşbəxtlikdir. Bu baxımdan Mirzə İbrahimovun yaradıcılığı qibtə doğura bilər.

Əli Vəliyev, Xalq yazıcısı

 

8.     Heç şübhə yoxdur ki, Mirzə İbrahimov bizim ədəbiyyatımızda bütöv bir dövrdür.... Mirzə İbrahimovun taleyində böyük və əhəmiyyətli işlərə adi və gündəlik hadisələr sıx surətdə bir-birinə qarışmışdır. O, böyük əhəmiyyətə malik tarixi proseslərin və yalnız Azərbaycan Yazıçılar İttifaqının ədəbi həyatı üçün maraq kəsb edən hadisələrin iştirakçısı olmuşdur.

Anar, Xalq yazıcısı

 

9.     Öz xalqını, torpağını sevərdi – sevərdi ülvi məhəbbətlə. Həyatı, insanları, təbiəti, bəşəri sevərdi – sevərdi ülvi məhəbbətlə. Ürəyi açıq idi – bütün səmimi, təmiz qəlbli insanlara. Möhkəm və incəlik, cəsarət və mərd, çox geniş bilikli və intellektual, böyük mənəviyyat dünyası və həssaslıq – ümumiyyətlə, insana xas olan bütün yüksək keyfiyyətləri özündə cəmləşdirirdi.

Sevda İbrahimova, Xalq artisti, bəstəkar, yazıçının qızı

 

10.Mən bəstəkar kimi yetişməyimdə istedadlı yazıçı və ictimai xadim Mirzə müəllimə minnətdaram. Çünki Üzeyir Hacıbəyov kimi dahiyə məni ilk dəfə o təqdim etmişdir. Beləliklə də, gələcək həyat yolum müəyyənləşmişdir..

Şəfiqə Axundova, Xalq artisti, bəstəkar

 

11.Mirzə müəllim çox alicənab, çox işgüzar, yenə də təkrar edirəm, böyük insan idi. Sənətkar olmaq olar, amma əsl insan olmaq – o, Allah vergisidir.

Cövdət Hacıyev, Xalq artisti, bəstəkar

 

12.Mirzə müəllim Şah İsmayıl Xətaidən sonra dilimizi dövlət dili səviyyəsində görür, bunun üçün imperiya siyasəti dövründə bacardığı işi görməyə çalışırdı. Bu özü əsl qəhrəmanlıq idi!

Nəbi Xəzri, Xalq şairi

 

13.Mirzə böyük təşkilatçılıq bacarığına malik idi. O, elə bil çoxcəhətli, vüsətli iş üçün yaranmışdı. İşlədiyi sahənin bütün qlobal məsələlərini yanılmadan, düzgün istiqamətdə həll edirdi. Onda elə fitri istedad vardı ki, başçılıq etməyə başladığı sahənin bütün kollektivini əsas məqsəd uğrunda mübarizə üçün təşkil edə bilirdi.

Qılman İlkin, Xalq yazıcısı

 

14.Mirzə İbrahimov mənim üçün nəhəng mədəniyyət xadimi idi. Onun kimi adamlar dünyaya çox nadir hallarda gəlir. Bu insan nə qədər ağıllı, nə qədər dərrakəli, müdrik, nüfuzlu idi. Nə qədər bu insanda enerji var idi demək çətindir.

Tofiq Quliyev, Xalq artisti, bəstəkar

 

15.İstedadlı yazıçı, görkəmli alim, fəal ictimai xadim Mirzə İbrahimov bir ömürdə iki, bəlkə də üç ömür qədər çalışmış, xalqımızın mədəniyyət xəzinəsini zənginləşdirmişdir. O, yüksək intellektə malik şəxsiyyətdir.

Əzizə Əhmədova, Yazıçı, dramaturq, şair, tərcüməçi

 

16.İşıqlı sözlərin sönməz mayakdı,

El sənə arxadı, sən elə Mirzə.

Ay ustad, adın da böyük dayaqdı

Bizim dərdimizə, diləyimizə....

 Ağa Laçınlı, Filologiya üzrə fəlsəfə doktoru, şair

 Sabah Mirzə İbrahimov görkəmli şəxsiyyətlər və qələm dostları haqqında seçməsi ilə tanış olacaqsınız.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət” üçün

 

Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

 

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.

Bu gün 10 aforizm:

 

Uğur məbədində açıq qapılar yoxdur. Ora daxil olmaq istəyən özü üçün qapı açmalıdır. Və bu yeni qapı onun arxasınca elə möhkəm örtülür ki, hətta övladları belə zəhmət çəkmədən oraya daxil ola bilmirlər.

Ç.Marden

 

Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar.

J.Kopp

 

Bizim üçün ən böyük qələbə uğur qazanacağımızı rəqiblərimizə hiss etdirməkdir.

M.Qandi

 

Uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.

J.Labrüer

 

İrəli getmək gözləməkdən yaxşıdır.

M.K.Atatürk

 

İrəlini görməyən yerində sayır.

R.Beyker

 

Öhdəsindən gələ bilməyəcəyimiz ən çətin iş arzuları cilovlamaqdır.

Budda

 

«Hörmət etmək» və «təqdir etmək» ayrı-ayrı anlayışlardır. «Hörmət», ümumiyyətlə, insana, «təqdir» isə yalnız uğur qazanana aiddir.

A.Düma

 

Uğur sağlam düşüncəli insanları sevir.

Evripid

 

Uğur bizi uğursuzluğa qarşı dözümsüz edir. Uğursuzluq bizi uğura qarşı dözumsuz edir.

U.Feder

 

 “Ədəbiyyat və incəsənət”

(28.10.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Alpay Azərin “Universitet hekayələri” silsiləsindən yazdığı “Ali rütbəli nəzarətçilər” hekayəsi təqdim ediləcək.

“Ulduz”u oxuyaq və sevək!

 

 

İyunun sonu əsas dərs dediyim universitetin (qısaca ƏDDU)  tədris üzrə prorektoru Cəfər müəllim məni yanına çağırıb dedi ki, Azərbaycan Nəqliyyat Universitetində (ANU) sentyabrdan ingilis dilində Azərbaycan tarixi və politologiyadan dərs deyən müəllimə ehtiyac var, hər saatına iyirmi iki manat verirlər. Təklif bizim prorektorun ANU-da kafedra müdiri işləyən tanışı Ziya müəllimdən gəlmişdi. Tezcə razılaşdım, – pula ehtiyacım varıydı. ƏDDU ilə müqayisədə ANU-dakı saathesabı pulu qat-qat çox idi.

          Ziya müəllimlə görüşüb söhbət etdim, dərs prosesindən, oranın qayda-qanunlarından tutmuş, onun ixtisası olan sosiologiyaya qədər gedib çıxdıq, Emil Dürkheymdən, Qüstav Lebondan danışdıq. Fəlsəfəyə keçəndə hər ikimizin ekzistensializm, Sartr aşiqi olduğu məlum oldu. Ertəsi gün Cəfər müəllim məni təbrik edib dedi ki,  Ziya müəllim səni çox bəyənib, deyib ki, hətta gələcəkdə tam ştata götürməyi fikirləşir.

          ANU rektorunun barəmdə əmri çıxan kimi silabusları, iyulda hazırladığım on bir mühazirəni, dərslikləri Emproda (1) yerləşdirdim, sentyabrın on beşi otuz səkkiz tələbəyə ingilis dilində Azərbaycan tarixi fənnindən ilk mühazirəmi dedim.

          Oktyabrın sonu  Ziya müəllim qəfil qapını açıb dərsimə girdi, mühazirə mövzum Atabəylər dövlətiydi. Bəxtimdən bu mühazirəyə daha yaxşı hazırlaşmışdım. Ziya müəllimə xoş gəlməkçün arada məşhur ərəb tarixçilərindən misallar çəkdim, Şəmsəddin Eldəgizin timsalında şəxsiyyətin tarixdəki həlledici rolundan danışdım, tələbələrə suallar verib dialoqa çəkdim ki, dərs maraqlı, canlı keçsin. Kafedrada Ziya müəllim ümumən mühazirədən razı qaldığını, amma bəzən mövzudan kənara çıxdığımı dedi. Başımı tərpətdim, yəni razıyam. Onu deyim, ANU-da auditoriyaların çoxunda kamera vasitəsilə hamımız rektorluğun, dekanlığın müntəzəm nəzarəti altındaydıq.

          Bir gün politologiyadan mühazirə dediyim 416-cı auditoriyaya qəfil girən “Sürücülüyün əsasları” fakültəsinin dekanı Elvin Abışov salam verib tələbələrə nəzər salandan sonra üzünü mənə tutub başladı: “Niyə tələbələrin qarşısında mühazirə mətnləri yoxdu?” Əlimlə üç-dörd tələbəni göstərdim, yəni, baxın, qarşılarında mühazirə var. Dekan masanın üstündəki jurnala baxıb dedi: “Burda on səkkiz tələbə var, cəmi... bir, iki, üç, dörd. Dördünün qarşısında mühazirə mətni görürəm, qalanlarında yoxdu”. – “Yoxdu deyəndə ki, onlara hazırda keçdiyim mühazirəni emproya yerləşdirmişəm. Mən danışanda tələbələr ya lövhədə əks olunan mühazirəyə baxırlar, ya da mənə qulaq asırlar. Yəni...” – “Gəray məllim, zəhmət olmasa, dərsdən sonra gələrsiz yanıma”, – əsəbi halda  auditoriyadan çıxdı.

          Zəng vurulan kimi getdim bunun yanına, dərsdə sözümü axıra qədər deməyə imkan verməmişdi deyə, detala varası oldum: “Tələbə əgər proyektorla lövhədə əks olunan mühazirə mətnini görürsə, eyni zamanda məni eşidirsə, həmin mühazirənin kağız variantına nə ehtiyac var? Belə çıxır, tələbə gah lövhəyə baxmalıdı, gah kağıza, eyni zamanda qulağı məndə olmalıdı? Finlandiyada artıq ibtidai siniflərdə şagirdlər dəftər əvəzinə planşetdən istifadə edirlər. Üstəlik, tələbə  burda hər dəfə printerçün pul verməlidi”. Mənə qulaq asa-asa başını bulayan dekanın cavabı bu oldu: “Gəray məllim, burda qayda belədi, proyektor vardı, yoxdu, mühazirə mətni hər tələbənin qarşısında ol-ma-lı-dı! Vəssalam. – Əlini masaya vurdu. – Qaldı ki tələbələrin printerə verdikləri pullara, siz narahat olmuyun, o pullar işlətdikləri telefonun qiymətinin heç yarısı eləmir. Yeri gəlmişkən, mən bayaq dərsdə soruşmadım, sizdə yazılı mühazirə, silabus var?” – “Var”, – portfelimi açıb silabusu, mühazirəni çıxardıb onun qabağına qoydum, əlavə etdim: “Mən mühazirəni ona görə print edirəm ki, arada partaların arasıyla gəzə-gəzə danışanda tarixlərə, statistik faktlara baxmalı oluram. Amma tələbələrlə bağlı yenə deyirəm... – “Siz məni yorduz, Gəray müəllim. – qalstukunu boşaltdı. – Vaxtımı alırsız. Nə deyirəmsə, onu da etmək lazımdır”.  Heç nə demədən dilxor halda bunun otağından çıxdım.

          ANU-da Ziya müəllim bir növ, mənə zamin durmuşdu, təbii ki, baş verənləri mütləq bilməliydi. Ertəsi gün ona dəyib hər şeyi olduğu kimi danışdım. “Nə deyirlərsə, onu da elə, rəhbərliklə söz güləşdirmə, ağa deyir, sür dərəyə, sür dərəyə. Gələn dəfə tələbələrə ciddi şəkildə tapşır, mühazirələri stolun üstündə olsun ”, – dedi. Təlimata uyğun bütün qruplara verilən tapşırığı çatdırdım.

          Axırıncı yoxlamadan iki həftə sonra yenə həmin qrupa təşrif buyuran dekan jurnala həmlə etdi, diqqətlə gözlərini qrafaya zilləyib dedi: “Qayıbları yazmısız?” – “Yazmışam”. – barmağımla iki nəfərə yazdığım qayıbı göstərdim. “Bəs niyə “iştirak edir”ləri yazmamısız?” – “Bu gün seminardı. Cavab verib qiymət alanlar olacaq, ona görə o yerləri boş saxlamışam”. (Seminarda tələbə cavab verməyəndə zəng vurulmağa beş dəqiqə qalmış adının qarşısında ie, yəni iştirak edib yazılır.) Dekan “Düzdü” deyib auditoriyaya nəzər saldı, nəhayət, bunu ilk dəfə özümdən razı saldığıma görə sevindim. Sonra kompüterə yaxınlaşıb kollokvium (2) qiymətlərinə baxmaq istədi. Menyuya girib bunun istədiyi bölməni açdım. “Belə olmaz, Gəray məllim. Tələbələrə çox yüksək qiymət yazırsız. Səkkiz bal, doqquz bal”, – başını bulayıb dedi. “Yüksək deyəndə, maksimum bir-iki bal artırıram, yəni beş ballıq cavab verənə doqquz yox, altı, ya yeddi yazıram...” – “Vəliyeva Aydanın axırıncı kollokvium qiyməti səkkizdi. Aydan Vəliyeva ayağa dursun”. İkinci partada oturan arıq, gözlüklü qız ayağa durdu, həyəcandan rəngi ağardı. “De görüm, parlament nəyə deyirlər?” – “Ölkənin qanunverici orqanına parlament deyilir”, – qrupun ən fəalı Aydan kəkələyə-kəkələyə cavab verdi. Düzgün cavabdan narazı qalan dekanın sifətində “Hansı sual verim ki, cavab verə bilməsin” ifadəsi yarandı. Diqqətlə auditoriyaya baxdı, qarşılarında mühazirə olmayan beş-altı tələbəni qaldırıb başladı: “Niyə qarşında mühazirə mətni yoxdu?” Hamısı aşağı-yuxarı eyni cavabı verdi: “Yadımdan çıxıb evdə qoymuşam”. Mənə tərəf çönüb dedi: “Gəray məllim, narazı qaldım sizdən. Yenə tələbələr mühazirəsiz dərsə gəlir, layiq olmadıqları qiyməti yazırsız”. Dərhal auditoriyanı tərk etdi, çatdırıb deyəmmədim ki, gördünüz axı, keçən dəfəkiylə müqayisədə bu dəfə tələbələrin ən azı səksən faizi dərsə mühazirə mətniylə gəlib.

          ANU-da bir mühazirə aralarında beş dəqiqə fasilə olmaqla iki qırx beş (doxsan) dəqiqə idi. Qaydaya görə, zəng vurulmamış tələbələr mobil telefonlarını söndürüb ön sıradakı partalardan birinin üstünə düzməliydilər, dərs boyu tam sakitliyə riayət etməliydilər, kimsə başını əllərinin üstünə qoyub mürgüləməməli, yatmamalıydı, oğlanların saçları uzun olmamalıydı, qısa, ya uzun saqqaldansa söhbət gedə bilməzdi.

          Bir gün beşdəqiqəlik fasilədə auditoriyada peyda olan tədris işləri üzrə prorektor orta sıradakı partada başını əlləri üstünə qoyub mürgüləyən Coşquna yaxınlaşdı: “A bala, dərsdə niyə yatmısan?” – “Gecə gec yatmışdım”, – ayağa duran tələbə gözlərini ovuşdurdu. “Dur hələ bir əsnə də. Gec yatma də, tez yat”. Mən dillənəsi oldum: “Nəsrulla məllim, tez-tez tələbələrə deyirəm, kim gecə səkkiz saatdan az yatırsa, səhər bir fincan espresso içib dərsə gəlsin. Görünür, Coşqun bu gün kofe içmiyib”, – saxta təbəssümlə dedim. Hərçənd, bunu deməyimə ehtiyac yoxuydu, çünki tələbələr həmin fasilədə mürgüləyə, öz aralarında söhbət edə, telefonu götürüb kiməsə zəng edə bilərdi. Espressoyla bağlı prorektora sanki məruzə etməyim özümə yaltaqlıq kimi gəldi, deyəsən, tələbələr də bunu hiss etdi. Nəsrulla çıxan kimi tələbələrə verdiyim “Başa düşmürəm, beş dəyqəlik tənəffüsdə sizin mürgüləməyinizə niyə icazə vermirlər” ritorik sualı isə özümü onlara xoş göstərmək, bir növ, reabilitasiya cəhdiydi. 

          Böyük auditoriyada potoka mühazirə deyərkən Elvin Nəsrullayla təşrif buyurdu. Yenə dekan masaya yaxınlaşıb diqqətlə jurnala baxdı, ie və qb-lar (qayıb) yazılmışdı, tələbələrin əksəriyyətinin mühazirəsi qarşısında idi. Prorektor qrupla bağlı mənə bir-iki ənənəvi sual (Necə oxuyurlar? Özlərini necə aparırlar?) verib cavab alandan sonra öndə oturan Musanı ayağa qaldırdı: “Hə, de görüm, Azərbaycan Demokratik Respublikası neçənci ildə yaranıb?” – “Min doqquz yüz on səkkizinci il mayın iyirmi səkkizində”. Nəsrullanın növbəti sualı özünü yetirdi: “O respublikanın yaranmasında kimlər iştirak edib?” Tələbə duruxdu. “Həyəcanlanma. Bir az fikirləşsən, tapacaqsan”, – ürək-dirək verdim, əminiydim ki, Musa bu sadə sualın cavabını verəcək. “Abbasqulu ağa Bakıxanov”. Prorektor özündən razı halda güldü, nəhayət, tələbənin dərsimdə səhv cavab verdiyinə şahid olan dekanın sifətində məmnunluq  ifadəsi yarandı, mənimsə başıma elə bil qaynar su tökdülər. Musa Azərbaycan tarixini yaxşı bilən, seminarlarda tez-tez cavab verən azsaylı tələbələrdən biri idi. Ali rütbəli nəzarətçilər auditoriyadan çıxan kimi, Musanın üstünə düşdüm: “Biabır elədin məni. Rəsulzadə, Topçubaşov dura-dura, Bakıxanov hardan ağlına gəldi?” – “Vallah, həyəcandan oldu”, – Musa günahkarcasına dilləndi.

          Yoxlamalardan artıq boğaza yığılmışdım, çox vaxt elə bilirdim, bu dəqiqə yenə özlərini yetirib bir “əmma” tapacaqlar. Bir də görürdün, dekan müavini dərsə girdi. Oğlanlardan birinin saçı azca uzun olduğuna görə dəlləkxanaya, o birisinisə universitetdən verilən çantanı özüylə gətirmədiyinə görə yataqxanaya göndərdi və dərhal başımın üstünü kəsdirib “Məllim, ikisinin də qayıdını yazın” əmrini verdi. Etiraz etmədən dediyini etdim.

          Bəzən mənə elə gəlirdi, dekan, ya prorektor auditoriyaya girib tələbəyə yox, mənə belə bir sual verə bilər: “Cəlairilər dövlətinin paytaxtı hansı şəhər olub?” Cavab verə bilməsəm, rahatca məzələnməkçün “Nyu York” deyə bilərdim. “Məni dolamısız?” desələr, yerində oturdardım: “Bəs siz niyə burda imtahan qurmusuz? Bilirsiz ki, qarşıma məqsəd qoysam, soyuq müharibə tarixindən qalın-qalın monoqrafiyalar yazan Henri Kissincerə həmin mövzuyla bağlı elə sual verərəm, cavab verə bilməz. Yox bir, bəlkə, sual verəsiz ki, Şah Abbasın dövründə Səfəvi ordusunda nizə, qılınc, ox sayı nə qədər idi?” Arada Faiq adlı tələbəm mənə Azərbaycan tarixiylə bağlı çaşdırıcı, çətin suallar verirdi, altısına cavab verə bilirdim, ikisinə yox. Axırda bu suallardan bezdiyimçün Faiqə “Get özünü dola” deyəsi oldum. Mənə elə gəlirdi, dekanlıq  bu tələbənin vasitəsiılə bilik səviyyəmi yoxlamayırdı.

          Birinci semestri başa vurdum, yazılı, test suallarını yazıb, Emproda yerləşdirdim, imtahanlarda çalışdım tələbələrə həddən artıq yüksək bal verməyəm, hər qrupda dörd-beş nəfər heç nə yazmadığına görə imtahandan kəsildi. Yaz-yay semestrinə bir neçə gün qalmış Ziya müəllimlə görüşüb soruşdum, imtahanlarda dekanlıqdan, ya rektorluqdan mənimlə bağlı narazılıq olmayıb. “Yox, hər şey qaydasındadı. Plyus, sənə yaxşı xəbərim var, amma hələlik heç kimə heç nə demə”. Məlum oldu ki, kafedrada rus bölmələrinə Azərbaycan tarixi fənnini deyən Hilal müəllim apreldə təqaüdə çıxır, Ziya müəllim məni mayda ştata götürməklə bağlı rektorla görüşəcək. Xeyli təşəkkür etdim ona. Bir tərəfdən, yüksək maaş və kafedrada müəllimlərlə yaxşı münasibətə görə sevinirdim. O biri tərəfdənsə ilk semestrdə üzləşdiyim yersiz danlaqlara görə ANU-ya tam ştata keçməyimlə bağlı tərəddüd içindəydim. Ümid edirdim, orda işə düzəlsəm, problemləri yenə kafedra müdiri vasitəsilə həll edəcəm, rektorla görüşüb mənimlə bağlı yersiz yoxlamalara birdəfəlik son qoyacam.

          Həvəslə başladığım yeni semestrin ilk ayında, fevralın iyirmi ikisi ürəyimə daman şey baş verdi. Həmin gün dalbadal üç dərsim, – iki  qrupa seminar, potoka mühazirəm varıydı. Birinci dərsdə dekan müavini təşvişlə içəri girib salamsız-kəlamsız cumdu orta sıradakı son partaya. Məlum oldu ki, kameradan baxanda yan-yana oturan tələbələr telefonlarıyla oynayırmış. Görünür, Çaldıran döyüşü haqda dərslikdən əlavə oxuduğum məlumatları elə ehtirasla, həvəslə danışmışdım ki, son partada oturan həmin tələbələrin telefonlarında oynamaları nəzərimdən qaçmışdı. Dekan hər iki tələbəni xeyli danlayandan sonra, onları özüylə yuxarı cərimə meydançasına apardı. Mən tənəffüsdə jurnalı rəfə qoymaqçün dekanlığa qalxanda həmin tələbələr ayaq üstə başlarını aşağı salıb kədərli-kədərli gözlərini bir nöqtəyə zilləmişdi, hiss olunurdu ki, iyirmi beş-otuz dəqiqə ərzində onları xeyli tənbeh ediblər. Yeri gəlmişkən, dekan müavinindən sonra həmin dərsə qəfil təşrif buyuran rektorun köməkçisi Asif adlı tələbəni durğuzub xeyli danladı, ona “avara” deyib auditoriyadan çıxdı. Dərsin sonunda tələbədən soruşdum, sən neynədin ki, o gəlib səni danladı. Yanında oturan Əhmədi göstərib dedi: “Bunun başına bircə dəfə çırtma vurdum”. Hamımız gülüşdük.

          Bunun ardınca ikinci potok dərsim beş dəqiqə olardı başlamışdı ki, mobil telefonuma zəng gəldi. Birinci zəng bitməmiş, qırmızını basıb zəngi saxladım. ƏDDU-dakı kafedramızın laborantından gələn zəng kafedraya çatdırmalı olduğum millət vəkili olan dissertanta yazdığım rəylə bağlı idi. Bir dəqiqə keçməmişdi, mühazirə deyə-deyə arada yarıaçıq qapıya baxan vaxt bir də gördüm, dekan müavini pilləkənləri iki-iki düşərək yuxarıdan aşağı şığıyır. İçəri girən kimi “Bəs sizə deməyiblər, telefon ya sönülü olmalıdı, ya da səssiz rejimdə çantanın içində”. – “Yox, bu barədə heç kim heç nə demiyib”. Bunun hərəkətlərinə gülməkdən güclə özümü saxladım. “Siz hardan bildiz ki, telefonum zəng çaldı?” – soruşdum, doğrudan, bilmək istəyirdim, axı telefonumun ilk zənginin axıra qədər çalınmasına imkan verməmişdim. “Siqnalizasiya,” – cavab verdi. 

          Nəhayət, həmin gün yenə dekan müavini sonuncu dərsdə hövlnak özünü içəri salıb həyəcanla demişdi: “Kameradan baxırdım, tələbələr yenə bir-birinə qarışmışdı”. – “Necə yəni bir-birinə qarışmışdı?” – “Əl-qollarını tərpədə-tərpədə danışırdılar”, – özü də əl-qolunu tərpətdi. O dəqiqə tutdum söhbəti: “Fəqan məllim, indi seminardı, tələbələr cavab verir, jestikulyasiyalarla danışmaları normaldı. Yaxşı, geniş izah edim. Siz kameradan baxanda mən tələbələrə sual verdim ki, niyə Azərbaycan Demokratik Respublikasının himnini yazan Üzeyir Hacıbəylini repressiya dövründə güllələmədilər və dedim, kim bu suala düzgün cavab versə, seminar cavabına iki bal əlavə edəcəm. Ona görə qızğın debat başladı, əl-qol hərəkəti də ona görə olub”. – “Yox, Gəray məllim, tələbələr bir-bir cavab verməlidi, əllərini qaldırıb cavab verməkçün icazə almalıdılar”. – “Bunlar robot deyil, ay Fəqan məllim, emosional varlıqlardı. Pıçıltıyla cavab verəsi deyillər ki”. Dekan müavininin narazı-narazı başını bulaması məni hövsələdən çıxartdı: “Vallah, bir o qalıb deyək ki, ay tələbələr, dərsdə dərindən nəfəs almayın”. Gülüşmə qopdu, pərt olan Fəqan onlara təpindi: “Nəyə gülürsüz? Dediyim şeylər sizə aiddi e”. Auditoriyadan çıxanda üzümə baxmadan bu sözləri atdı: “Gəray məllim, mən dediyimi dedim. Mən bir də bura gəlməyəcəm”. “Belə iki gözüm aydın”, – ürəyimdə dedim.

          Ertəsi gün məni yanına çağıran Ziya müəllim elan etdi: “Mənə dünən yuxarıdan tapşırıq gəldi, sən bu gün işdən çıxmaq haqda ərizə yazmalısan”. – “Niyə?” Hərçənd, dünəndən belə bir şeyin olacağını hiss etmişdim. “Dedilər, auditoriyaya nəzarət edə bilmirsən, tələbələr dərsdə telefonla oynayır, səs salırlar, mühazirəsiz dərsə gəlirlər”. Mən də olanları danışdım: həmin iki oğlan lap arxadakı partada oturmuşdular deyə, telefonla oyndıqlarını görməmişəm, eləcə də oğlanlardan biri o birinə çırtma vuranda həmin vaxt gözüm ya elektron lövhədə, ya da arxam tələbələrə tərəf olub. Ziya müəllim sağ dirsəyini göstərib dedi: “İnanırsan, dünəndən əsəbdən bu qolum ağrıyır. Amma heç düz eləmədilər. İnsafsızlar. Ən azından, mayın axırına qədər sənin dərs deməyinə imkan verməliydilər”. Məni anlamasından ruhlanıb əlavə etdim: “Sizə yalan məlumat veriblər. Dekan mənə birinci dəfə irad tutanda ki tələbələr mühazirəsiz dərsə gəlir, o biri dərslərdə  elan etdim ki, sabahdan mühazirələri print edib gətirməlisiz və tələbələrin çoxu dediklərimə əməl etdi. Növbəti dəfə mərdimazar Elvin yenə auditoriyaya girib gördü ki, on səkkiz tələbədən cəmi beş-altısının qabağında mühazirə yoxdu. O dəyqə mənə qayıdasan ki, sizdən narazı qaldım. Yəni biləsiz ki, bu adam qırımızı-qırmızı yalan danışır”.

          Xülasə, rektorun adına kafedra müdirinin imla kimi diktə etdiyi ərizəni yazdım: “...Üzrlü səbəblərdən filan tarixli, filan saylı əmrə xitam verilməsini xahiş edirəm”. Ertəsi gün ərizədə “üzrlü səbəblər” sözləri yazdığıma peşman oldum, elə çıxırdı, bu işlərdə mən günahkaram. Səhərisi kafedraya getdim, yenə başladım gileylənməyə, bildirdim ki, saathesabının pulunu alandan sonra dekanın yanına girib etika daxilində ürək sözlərimi demək istəyirəm. “Gəray məllim, sənin xasiyyətinə bələdəm. Mədəni adamsan, bilirəm ki, sənin ağzından kobud söz çıxmaz. Ona görə problem yoxdu, ona öz ürək sözlərini deyə bilərsən”. Yeni ərizədə “üzrlü səbəblərdən” əvəzinə “müəyyən səbəblərdən” yazıb imzamı qoydum və əsas sualı verdim: “Yaxşı, mənim işdən çıxarılmamın səbəbi nədi?” – “Hə, Gəray məllim. Bəzi təxminlərim var, amma onları hələ deyə bilmərəm. Nə vaxtsa bilərsən”.

          Söhbət vaxtı məlum oldu ki, keçən il məndən öncə saathesabı dərs deyən qadın müəllim bir dəfə zəngin çölə vurulmasına on dəqiqə qalmış telefonunda votsapa giribmiş. Dekanlıq, rektorluq eyni oyunu onun da başına açıbmış, sadəcə, Ziya müəllimin prinsipiallığı, inadkarlığı hesabına o müəllimə semestrin sonuna qədər dərs deməyə imkan veribmişlər. Rektorun adına olan izahatda isə telefonundan təcili yoldaşına mesaj yazmaqçün istifadə etdiyini yazıbmış. Belə başa düşdüm ki, Ziya müəllimin bu dəfə məni müdafiə etməyə enerjisi, həvəsi qalmamışdı, həm də istəmirdi, mənə görə rəhbərliklə üz-üzə gəlsin, düzü, buna görə onu qınamırdım.

          Ərizəni imzalayandan sonra sanki üstümdən ağır bir yük götürüldü, bezdirici, mənasız danlaqlardan qurtulmuşdum, bu, bəlkə də, növbəti günlərdə oxşar situasiyalarla üzləşməmək istəyimlə bağlı keçirdiyim şüuraltı hiss idi. O biri tərəfdənsə stressli günlərim başlamışdı, pislik edənlərdən qisas almaq ehtirası məndən əl çəkmirdi. Əvvəlcə feysbukda ANU-nun rəsmi səhifəsini işarələyib başıma gələnlər haqqında şikayət statusu yazmaq ağlımdan keçdi, qalmaqal sevmədiyimçün bu fikirdən tez soyudum. Məhkəmə variantını da özümdən uzaqlaşdırdım: ərizə yaz, vəkil tap, iclaslara get, vaxt itkisi, sonda isə nəticəsi olmaya və növbəti əsəb mərhələsi. Nə də Təhsil Nazirliyinin imeylinə şikayət məktubu yazdım.

          Son bir ayın pulunu almağıma on beş gün qalırdı, dekan bununla bağlı sənədlərə imzasını qoymalıydı. Küçəylə gedəndə, liftlə qalxanda, düşəndə arada qeyru-ixtiyari öz-özümlə danışırdım, “tanış-biliş görər” məsələsini vecimə almırdım. Məni ən çox əsəbiləşdirən qovulmamın əsl səbəbini bilməməyim idi. Aydın məsələdir ki, bir gündə dörd dəfə dekan, dekan müavini və rektor köməkçisinin auditoriyaya girməsi qabaqcadan planlaşdırılmışdı, məqsədsə nəyin bahasına olursa olsun, nöqsan tapıb mənə ərizə yazdırmağıydı.

          Qurduğum plana görə, əvvəlcə dekan müavinindən onunla bir yerdə qonşu otaqda oturan dekanın yanına getməyi xahiş edəcəkdim, ora daxil olan kimi hər ikisinə içimdə yığılanları deyib çıxacaqdım. Neçə günüydü fikirləşirdim, son saathesabının pulunu alandan sonra gedib ürəyimdəkiləri dekana, müavininə deyim, yoxsa həmin pulu almağımla bağlı lazımi sənədləri Elvinə imzalatdırandan dərhal sonra? Qorxurdum, dekan sənədə imza atandan sonra istədiyimi deyib çıxanda növbəti mərdimazarlığını edər. Tutaq ki, tədris şöbəsinə zəng vurub guya “sənədlərdə səhv var” bəhanəsiylə onları geri alıb cırardı, – məni öz ayağına gətirdib üzr istətdirməkçün.

          Stressdən qurtulmaqçün arada xəyalımda səhnə qururdum. ANU-ya rektor təyin olunduğum günün səhərisi Elvinlə Fəqanı ayrı-ayrılıqda otağıma çağırtdırıb  hər ikisinə işdən çıxmaq haqqında ərizə yazmalarını tapşırıram. Rəng alıb rəng verən Elvinin “Axı nə baş verib?” sualına “Dəfələrlə işə gecikmisiz. İş saat doqquzda başlayır, siz onun yarısı, bəzən ona qalmış işə gəlirsiz. Belə olmaz”. Elvin, doğrudan, çox vaxt həmin saatlarda işə gəlirdi. Fəqanın “Niyə?” sualına isə “Tələbələrə dəfələrlə haqsız yerə qayıb yazdırdığınıza, qışqırıb onları təhqir etdiyinizə görə”.

          Kafedra müdirinin imzasıyla saathesabı sənədlərimi götürüb yollandım mərdiməzarxanaya. Dekan sənədlərə baxdı, saatları jurnalın kseroks olunmuş səhifələrindəki qeydlərlə tutuşdurub gördü, hər şey qaydasındadır, imzasını qoyub mənə qaytardı. Nəhayət, başladım: “Bu nə oyunuydu başıma açdız?” Əliylə stulu göstərdi, oturdum, monoloquma davam etdim: “Məni burdan çıxardacaqdızsa, əsas iş yerimdə yarım yox, tam ştat dərs götürərdim də, tay burda saathesabıya əvvəldən razı olmazdım”. – “Siz axı bilirsiz, nəyin üstündə çıxarılmısız? Dərslərinizdə tələbələr dəfələrlə telefonlarında oyun oynayıb, hamısı da kamerada var”. – “Dərslərdə yox, iki-üç dərsdə olub”. – “İki-üç dərs elə dəfələrlə deməkdi, buna görə, əslində, biz sizə bir neçə dəfə töhmət verməliydik”. – “Lap töhmət versəydiz belə, bu cür şeylərə görə müəllimi semestr bitməmiş işdən çıxartmırlar. Sizin məntiqlə gərək ali məktəblərdə dərs deyən müəllimlərin ən azı əlli-altmış faizini semestrin ortasında işdən çıxardalar”. – “Hər ali məktəbin öz qaydası var. Bizdə qayda belədi”. – “Bizdə belədi nədi? Elə bil burdakı məllimlər, tələbələr başqa planetdən gəliblər. Guya bilmirsiz ki, ideal qayda-qanunun, nəzarətin olduğu auditoriya yoxdu? Heç dünyada belə şey yoxdu. Əminəm ki, Harvardda, Oksfordda araşdırsan, orda da arxa cərgədə oturan tələbələr arasında telefonlarında qurdalananları tapmaq olar. Əsas odur, tələbə telefonuyla səs salıb dərsin gedişatını pozmasın. Bir də, axı demişdim, o uşaqların telefonla oynamağını görməmişəm, göz yummamışam, sadəcə görməmişəm. Məni o vaxt işdən çıxartmaq düzgün olardı ki, bütün dərslərim səs-küy içində keçərdi, dərsin yarısını futboldan, şou-biznesdən danışardım, dəfələrlə iyirmi-otuz dəyqə dərsə gecikərdim, qiymət yazmaqçün tələbədən rüşvət istiyərdim”. Sonda üç il əvvəl Dağıstan Tibb Universitetində elmi dərəcəsi olan müəllimin böyük auditoriya qarşısında qəfil mühazirəni yarımçıq qoyub sus-pus paltarlarını soyunub lütlənməsi, tələbələrin qaçacaq dəhlizə çıxması hadisəsini danışıb dedim, bax, belə şeyə görə müəllimi işdən çıxardarlar. Hərçənd, sonralar yandex.ru-da o məsələni araşdırıb bildim ki, həmin müəllim beyin xərçəngi səbəbindən hadisəni anlaqsız edibmiş, bunu bilən tələbələr onu işə bərpa olunmasını xahiş edibmiş və rektorluq xahişi nəzərə alıbmış.

          Sonralar təsadüfən şəhərdə rastlaşdığım rektor köməkçisinə başıma gələnləri danışanda, bunları dedi: “Vaxtında yanıma gəlsəydiz, məsələni həll edərdim. Mən özüm üç-dörd tələbədən sizin haqqınızda soruşmuşdum, hamısı sizdən çox razıydı. Bir də, sizi o vaxt kafedra müdiri müdafiə etməliydi, onun dekandan asılılığı yoxdu”. Qısaca dedim ki,  Ziya müəllim semestrin sonuna qədər işləməyimçün əlindən gələni etdi. Düzü, bilmədim, rektor köməkçisinin həmin gün auditoriyaya girməsi planın bir hissəsi idi, yoxsa öz təşəbbüsüylə bu olmuşdu.

          Günlər, həftələr keçdi, qohum-əqrəbaya, tanışlara başıma gələnləri danışdıqca içimdəki qəzəbdən, kindən yavaş-yavaş azad olurdum. Bu şeyləri mənə ƏDDU-dakı Cəfər müəllimə danışanda dedi ki, sən gərək vaxtında rektorun yanına girəydin, ən azından o, sənə bir yerlisi kimi, – bu arada mən, Cəfər müəllim və ANU-nun rektoru gəncəliyik, – sənə kömək edərdi. Dedim, bir günün içində “Ərizə yazmalısan, qəti tapşırıqdı” ultimatumundan sonra düşündüm ki vəziyyət çıxılmazdı, ərizəmi yazdım.

          Yenə arada fantaziyalarıma baş vururdum. Dekanın otağına girib monoloqa başlayırdım: “Bu sözləri ömürlük yadınızda saxlayın. Əgər tapşırıqla, daha doğrusu, sizə verilən əmrlə bunu eləmisizsə, haqq qazandırmasam da, hardasa sizi başa düşürəm, məcburiyyət, işinizi itirmək qorxusu-filan. Amma bütün bu şeyləri öz təşəbbüsünüzlə eləmisizsə, onda razılaşın ki, sizin kimilərə mərdimazar deyirlər”. Qapını çırpıb otaqdan çıxıram.

          Altı ay keçmişdi ANU-yla vidalaşmağımın üstündən. Bir gün yoldaşımın əmisi Sahib müəllimlə söhbət zamanı məlum oldu ki, Elvin onun yoldaşının dayısı arvadının kiçik qardaşıymış. Hardasa iki ay sonra yoldaşım, əmisi arvadının onun votsapına yazdıqlarını mənə göstərdi. “Dayım məsələdən xəbər tutub, arvadı Gülgəzə olanları danışıb, Gülgəz də qardaşını xeyli danlıyıb ki, ayıb deyil, sənin ucbatından bizim qohumu işdən çıxardıblar. Elvin deyib, bilməmişəm qohumluq məsələsini, yoxsa qoymazdım belə alınsın. Həm də deyib ki, məsələ onluq deyilmiş”, kimlik imiş, bunu deməmişdi. Məncə, Elvinin dedikləri özünün günahkar olmadığını qohumu vasitəsilə mənə çatdırmaqdan başqa bir şey deyildi.

          Sonralar ANU-da işləyən tanış müəllimdən öyrəndim ki, məni işdən çıxardan kimi yerimə götürdükləri adamdan pulunu alıb birbaşa ştata götürübmüşlər, bir müddət sonra isə Ziya müəllimi kafedra müdirliyindən uzaqlaşdırıbmışlar. Başa düşmüşdüm ki, Elvin, Nəsrulla, Fəqan, rektorun köməkçisi mənimlə bağlı yoxlama-qovma prosesində sadəcə icraçıymışlar. Ola bilsin, bu adamlardan biri “işə düzəltmə”də vasitəçi kimi öz haqqını alıbmış,  – bu, mənim ehtimalım idi.

          İllər sonra altmış beş yaşa qədəm qoymuş, saçları ağarmış Elvin məni evlərinə çağırıb o vaxt mərdimazarlıq etdiyini etiraf etdi, o hərəkətlərinə görə üzr istədi, halallıq istədi. Onun arıq bədənini, batmış ovurdlarını, imdad diləyən batıq gözlərini görüb anladım ki, ağır xəstədir, pis oldum, hətta bir az doluxsundum. Ad çəkmədən dedim, xəbərim var, o vaxt işinizi itirməməkçün sizə verilən tapşırıqları yerinə yetirmişdiz. İstəmədim, yerimə pulla başqa adamı götürmək məsələsini deməklə dərinə gedəm. Susdu, tərəddüd etmədən bağışladım onu, dedim, qoy bu xəstəliyiniz o biri dünyanız üçün kəffarəniz olsun. Zəif təbəssümlə başını tərpədib “Allah sizdən razı olsun” dedi. Sonda isə onu inandıra bildim ki, heç vaxt ona nəinki ağır, heç yüngül xəstəlik də arzu etməmişəm və bu, doğrudan da belə idi... Xəstəlik, bağışlama, kəffarə məsələləri olan sonuncu fantaziyamdan sonra, Elvindən əl çəkdim, vidalaşdım ANU-yla.

  

 

Empro: Mühazirələrin, silabusların, imtahan suallarının və s. yerləşdirildiyi elektron təhsil platforması

Kollokvium: bir semestr ərzində hər tələbənin üç dəfə on ballıq qiymətləndirmə əsasında şifahi və ya yazılı şəkildə verdiyi cavab

 

3 mart, – 8 sentyabr 2024

Bakı – Lənkəran – Bakı

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.