Super User
ƏDƏBİ TƏNQİD - “Deyimlər süjet dolanbaclarında”
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Cavanşir Yusiflinin məqaləsi təqdim edilir.
Hekayələrin, ümumən istənilən nəsr əsərinin yazılmasının tarixçəsindən başqa psixoloji, yaxud ruhi və ya bizim izah edə bilməyəcəyimiz bir əsası olur (fikrimizdə çırpınır, üzə çıxmaq istəndikdə tam unudulur...), bu məsələni düşünərkən, ilk olaraq "Qətl günü" yadıma düşür, o əsərin bütün ruhunu ən dürüst şəkildə mətnin dəryasında hansı deyim daha mükəmməl şəkildə ifadə edə bilir? ...Görəsən, bu dünyada çörəyi daşdan çıxan insanların məmləkəti hardadır? Müəllif əsər yazılana qədər bu deyimi nə qədər pıçıldayıb, neçə dəfə ürəyindən keçirib? Bu deyim, bu düşüncə insanı ən böhranlı vəziyyətdə küncə sıxışdırır, ona necə yaşadığını sözsüz anladır, elə bir ortam yaradır ki, bu ömür deyilən qatarda başına gələnləri bir-bir nəql edirsən. Yenə də fikrində, sözsüz, sadəcə, ruhunu didən deyimlərin, ayrı-ayrı sözlərin diliylə... Yaxud vaxtilə oxuduğum əsərlərin birində "Dərzinin qızı dərzi göydə ulduzların sayı neçədir", "Padşahın oğlu padşah ləkdə reyhanların sayı neçədir" - kimi deyimlər nağıl tilsiminə bürünüb səni haçansa ac-susuz qaldığın bir yerə sürgün edir...
Əsərdə qəribə, hamının bildiyi, ancaq məhz nasirin təhkiyə prosesinə cəlb etdiyi bir proses var: deyək ki, hansı məkandasa çox faciəvi olaylar baş verir, bir lay onun üstüylə gedir şumlayır, dəniz oyununda - sörfinqdə olduğu kimi, sevinc, kədər, faciə, şadlıq, ah, fəğan, şaqraq səs bir-birini həmin dəli dalğalar kimi əvəz edir, həm də doğurur, hər şey bu amansız qovğada "şahə qalxır" (yaranır...), hər şeyin, ən gözəl nəsnələrin də məzarı elə həmin gərginlik sahəsidir. Bədii əsərdə, nəsr mətnində məkan da, zaman da əslində gərginlik sahəsidir, hər şeyin ən son nöqtəsində qərar tutan hadisələr, süjet yarpaqları məhz gərginlikdən su içir.
Bədii əsərləri meydana, dünyaya gətirən deyimlər bədii əsər mətnində iti yaddaş elementi kimi daim özünü diktə edə bilər, ya da unutdurar, ancaq deyimin süjetə calanması, onu adi kəsikdən böyük maqnit sahəsinə çevirmə işi bir an da olsa, dayanmaz, davam edər. Hər bir əsər, hər bir nəsr mətni həmişə təsadüfən yazılır, ancaq onun süjetinin qurulmasında əlahiddə rola malik deyimlər (yazıçının içinə dolan hiss və duyğuların orda məskən salıb ayrıca "dilə" çevrilməsi...) bu təsadüfü aradan qaldırır. Görəsən, "Tatar çölü" romanında, onun min verstlik dərinliyində gizlənmiş, ordan süjet quruculuğuna təsir edən hansı deyim var? Şübhəsiz ki, burda söhbət mifik yer adı kimi tatar çölünün özündən getmir, adam at belində qarnizona gələrkən düşündüyü hər şey bu mübhəm deyimlə qidalanır, nəfəsini ondan alır. Bir də belə bir situasiya: Kamünün "Yad" romanında əsas məsələ baş verdikdən sonra Mersonun keçmişdən yadına düşənlər onun içini boşaldıb bu dünyaya yadlaşdıran hər şey bir cümləlik deyimi formalaşdırır və bu sözlər Mersonun kamerada keşişlə söhbətində paslı qıfıl kimi açılır, qıfılın səsi onun içində səslənir, o səs Mersonun ömrüboyu demək istədiyi sözü pasa çevirir, artıq yol bitib, artıq arxaya - keçmişə və gələcəyə yol qıfıllanıb.
Yaxud Feyxvangerin Russo haqqında romanında, yaxud İsa Hüseynovun "Saz" povestində, Mövlud Süleymanlının "Yel Əhmədin bəyliyi" süjet sərbəstliyi və kompozisiya bitkinliyi baxımından yeni hadisədir, müəllifin yaddaşını əsir edən deyim vektorları ən müxtəlif istiqamətlərə haçalanır, elə ilk pasajlarda kəpənək qanadlarının tozu, yerlə göyün Nəsimi şeirində təması və ayrılması, sürət obrazı və sükunət... bütün bunlar ilkin deyim molekulunu tanınmaz dərəcədə dəyişdirir.
Mübariz Örənin "Çinar yazıları" hekayəsinin süjetinin formalaşmasında ana situasiya, personajın itkin düşən qardaşının pasportunu anasının gözündən yayınıb oğurlamasının alt qatında hekayədə, mətndə sərgərdan gəzən və heç cürə üzə çıxa bilməyən bir deyim var. Darmacalda səni qurtaran, sonradan içini kəsib doğrayan hərəkət həmin deyimlə tuş gəlir, bu pasport səni ölkədən çıxarsa da, adının, kimliyinin zamanla itməsinə səbəb olub. İndi bu kəskin suallara cavab vermək çətindir, demək olar, mümkün deyildir. Deyimin üzə çıxmaması, süjet dolanbaclarında itməsi hekayənin kompozisiya quruluşunun bitkinliyini şərtləndirir.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
POETİK QİRAƏTdə Sevinc Həmzəyevadan “Kövrək xatirələrin üstünə getmə”
Sirli-sehirli poeziya dünyasına kim baş vurmaq istəməyib. Bu dünya həm ruh oxşayır, həm duyğulandırır, həm təsirləndirir. “Ədəbiyyat və incəsənət” portalı POETİK QİRAƏT rubrikasında iki gün dalbadal Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc Həmzəyevanın şeirlərini təqdim edir. Bəri başdan deyək ki, təqdim etdiyimiz şeirlər sevgi şeirləridir.
Kövrək xatirələrin üstünə getmə
Kövrək xatirələrin üstünə getmə
Hələ üzərindən yel də keçməyib
Nə illər bacardı, işə yaradı
Nə də duyğuları ölüb bitməyib
Yenə həmin baxış, yenə həmin söz
Sənin gözlərindən süzülən sevgi
Yenə həmin nəğmə, yenə həmin köz
Qəlbimin telinə hörülən sevgi
Nə nəğməsi susub, nə şeiri bitib
Donub sükutunun pərdələrində
Yol çəkən gözümün kökündə itib
Yanır aram-aram sənin hicrində
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
Güclü olduğunu gözlərindən də oxumaq olur...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Sovet dönəmində Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmaq və oranı uğurla başa vurmaq digər ali təhsil ocaqlarından çox çətin idi. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılan bu institutda tədris proqramı o qədər ağır idi ki, sonuncu kursadək hər tələbə tab gətirə bilmirdi. Dəqiq elmlərlə yanaşı, tələbələrdən layihə hazırlamaq, dəqiq hesablamalar aparmaq, tez-tez “çertyoj” çəkmək tələb olunurdu. Haqqında söhbət açmaq istədiyim Elmir Tofiq oğlu Vəlizadə də Azərbaycan Neft və Kimya İnstitunun məzunudur. Əslən şuşalı olsa da, 1964-cü ildə Mingəçevir şəhərində anadan olub. Təhsildə fərqləndiyinə görə, təyinatla institutun Hesablama Mərkəzində mühəndis vəzifəsinə təyin olunub. 1989–1991-ci illərdə orada çalışmaqla yanaşı, institutun Hesablama maşınları və proqramlaşdırma kafedrasında pedaqoji fəaliyyət də göstərib. Süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olaraq, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir...
Deyir ki:- “Bugünkü texnologiyalar, xüsusən də süni intellekt əsri jurnalistlərin işini daha da inkişaf etdirir. Süni intellekt vasitəsilə sosial media kampaniyaları yaradılır, əvvəlcədən müəyyən mövzular əsasında yayımlanan məlumatlar formalaşdırılır. Lakin texnologiyalar özü-özlüyündə yalnız vasitədir, jurnalistlərin peşəkar yanaşması və məsuliyyəti informasiya əsrində həqiqəti təbliğ etmək üçün həlledici rol oynayır.”
Etibarlı, güclü və hər cəhətdən ayaq üstə durmağı bacaran bir insandır. Daim hərəkətdədir və bir yerdə dayanmağı bilmir. Planlaşdırdığı uğura nail olmaq üçün sona qədər çalışır və heç vaxt təslim olmur. Kriativdir, həmişə yeni şeylər öyrənmək istəyir. Həm də çox emosional və mərhəmətlidir. Yanında bir dərdli görsə kövrəlməyə bilmir. Azadlığını çox sevir və heç kimin onun gördüyü işlərə qarışmasını xoşlamır...
“İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı texniki vasitələr sayəsində minimum itkilərlə çıxdıq. Texnoloji inkişafa nail olmaq üçün dövlət siyasəti yetərli deyil. Burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Kadr hazırlığı olmadan texnoloji inkişaf fayda verməyəcək. Bu istiqamətdə ölkəmizdə son bir neçə ildə böyük inkişaf mövcuddur. Son illərdə minlərlə Azərbaycan gənci təlimlərdən keçib. Dövlət və özəl sektor, cəmiyyət bu sürət və inkişafa hazır olmalıdır, əks halda geridə qalacağıq. Biz isə geridə qala bilmərik. Bütün qurumlar bunu vəzifə kimi bilməlidir. Dövlət qurumlarından xahişimiz və tələbimiz budur ki, bundan sonrakı fəaliyyətdə daha da səfərbər olsunlar.”
Gördüyü işi yarımçıq qoymağı sevmir. Güclü olduğunu gözlərindən də oxumaq olur. Yalançı, təkəbbürlü insanlara qarşı dözümsüzdür, onlara hədlərini bildirməkdən çəkinmir. Analitik düşüncə tərzi var, hər deyilənə asan inanmır, amma inandığı hər bir məsələni sona qədər inadla müdafiə edir. Sadə və təvazökardır. Özünü reklam, uğurlarını nümayiş etdirməkdən xoşu gəlmir. Qətiyyətli xarakteri bir çox sahədə asanlıqla uğur qazanmasına səbəb olur. Necə deyərlər, ayaq üstə möhkəm dayanmağı bacarır...
Deyir ki:- “Erməni və digər xarici qüvvələrin ölkəmizə qarşı yönəltdiyi məqsədli təxribatlar və dezinformasiyalar davam edir. Azərbaycanın milli maraqları üçün ideoloji təhlükəsizlik daim diqqət mərkəzində olmalıdır. Prezident İlham Əliyev ölkəmizin inkişafı üçün vəzifələri və strateji istiqamətləri Milli Məclisin iclaslarında dəfələrlə vurğulayıb. Dövlətimizin başçısı, həmçinin ideoloji təxribatların qarşısını almaq üçün jurnalistlərin mühüm rolunu qeyd edib. Bizə qarşı yönələn təxribatlar xalqımızın güclü iradəsi ilə qarşılanır və onların nəticəsi heç vaxt istənilən effekti vermir. Ancaq buna baxmayaraq, biz hər zaman bu təxribatlara hazır olmalıyıq.”
Maraq dairəsi çox genişdir və araşdırmaçı xasiyyətə malikdir. Sevdiklərinə çox bağlıdır və onlara həmişə sədaqət göstərir. Səyahət etməyi, sevdikləri ilə dinc vaxt keçirməyi xoşlayır...
Söhbətimin sonunda onu da qeyd edim ki, Elmir Vəlizadə 1991-ci ilin aprel ayından Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının EHM və çoxaltma texnikası sektorunda birinci dərəcəli mütəxəssis kimi işə başlayıb. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Prezidentin İcra Aparatında müxtəlif vəzifələrində çalışıb. Sonra prezidentin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İnformasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri, daha sonra Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri təyin edilib. 2007-ci ildə isə bu vəzifədən azad edilərək indiki Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub. 2021-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində rəqəmsal media ilə iş sektorunun müdiri vəzifəsində çalışır...
Bu günlərdə Elmir Vəlizadənin 60 yaşı tamam oldu. Ona möhkəm can sağlığı, firəvan həyat, işlərində yeni-yeni uğurlar arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
Heç kim unudulmur, heç nə yaddan çıxmır!
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
24 Oktyabr şəhid Quliyev Rəvanın anım günü idi.
Quliyev Rəvan Mərdan oğlu 17.07.2001-ci ildə Şirvan şəhərində anadan olub. Əslən Neftçalalı olan Rəvan Quliyev 2007-ci ildə ailəsi ilə bərabər Bakı şəhərinə köçüb. Ailədə iki qardaş olublar. Anası və özündan iki yaş kiçik qardaşıyla yaşayırdı. Rəvan 2007-ci ildə Bakı şəhər Səbayıl rayonunun 51saylı tam orta mektəbinin 1-ci sinfinə daxil olub. 6il orda təhsil aldıqdan sonra 2013cü ildə aila vəziyyəti ilə bağlı Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçmüş və orada orta məktəbin 7ci sinfinə getmişdir. 1il də orda oxuduqdan sonra yenidən Bakı şəhərinə köçmüşdür. 9cu sinfi Bakı şəhər Sabayıl rayonunun 51saylı məktəbində bitirmiş ve bərbərlik sənətinə yiyələnmişdir. Özünün ən böyük arzusu məşhur futbolçu olmaq idi. 2020-ci il yanvar ayının 7-sində Neftçala rayon hərbi komissarlığından Ağcabədi rayonuna həqiqi hərbi xidmətinə getmişdir. 3ay orda xidmət etdikdən sonra Füzuli rayonunub N saylı hərbi hissəsində xidmətini davam etdirməyə başlamışdır. 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinə qatılmış və Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 24-ündə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
25oktyabrda Neftçala rayon Astanlı kənd qəbirstanlığında dəfn olunmuşdur. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları, Bayraq ordeni ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
“Tozlanıb kitablar həyat rəfində…” – NAİL ZEYNİYEVİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı ötən ay ilk dəfə dərc etdiyi və şeirlərinin geniş rezonans doğurduğu, sevildiyi gənc müəllifin – Nail Zeyniyevin yeni şeirlərini sizlərə təqdim edir.
SALAM
Göydə bir Allahım var,
Yerin yeddi qatından
Bir aciz bəndəsini
Eşidərmi, görəsən?
Hələ çovğun gəlməmiş,
Bu yerlərin soyuğu
Bəs adamı bu qədər
Üşüdərmi, görəsən?
Mənim ahım yağışı
Sel edəcək, tələsmə,
Küləklərə sözüm var:
Əsmə, insafsız, əsmə!
Yenə nəsə istədim,
Yarımçıq bir kəsimdən.
Qulaqlarım tutulur
Maşınların səsindən.
Əzabların canı üçün,
Yol verin, mən gəlirəm.
Çarəm olan ölümün
Qoynunda dincəlirəm.
DEYİLMƏMİŞ ƏLVİDA…
Biryolluq mən gedirəm,
Əlvida, bədbəxtliyim.
Gəlirəm, gözlə məni,
Əbədi xoşbəxtliyim.
Yaşarkən baş daşını,
Mən gəzdirən adamam.
Özümü öz canımdan,
Mən bezdirən adamam.
Bax, taqətim qalmayıb,
Təmiz ruhdan düşmüşəm.
Həyat, həyat söyləmə!
Əlimi ondan üzmüşəm.
Hesaba qatmamışdım,
Fələyin bu işini.
Qazandığım birdisə,
İtirmişəm beşini.
Həqiqəti göstərmir,
Saxtadır güzgülər də.
Mən bir adam itirdim,
Tapmadım güzgülərdə.
Hələ körpə ümidlərin
Məndən sonra,
İsinməyə bir yeri var.
Daha solmuş ümidlərə,
Söz deməyin nə yeri var?
İndi daha gedirəm,
Əlvida, bədbəxtliyim.
Gəlirəm, gözlə məni,
Əbədi xoşbəxtliyim.
BİLMƏRƏM
Nə Bakı qayıtmaz köhnə halına,
Nə də mən xoşbəxtlik tapa bilərəm.
Qaranlıq çökübdür güzəranına,
Şairəm kədərdən qopa bilmərəm.
Doymuşam yalançı, haqsız qəhərdən,
Gözlərim intizar çəkir səhərdən.
Ömürdü fərqi yox acı zəhərdən,
Gözlərim yumulur, yata bilmərəm.
Tozlanıb kitablar həyat rəfində,
Yolumu gözləyir ölüm qəfildə.
İzləri bu evin hər tərəfində,
Yuxuma mən haram qata bilmərəm.
Tənhalıq köksümü sıxıb, sarsıdır
Qırılmış aynalar məni yansıdır.
Bəlkədə taleyin bu son şansıdır,
Fikrini başımdan ata bilmərəm.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
“Ancaq bir yerlərdə, əlbət, yolumuz aydınlığa çıxacaq” - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bəzi günlərdə çox fikirli olsam da, tam olaraq niyə fikirli olduğumu bilmirəm. Elə bu hallarda mütləq başıma hər hansısa bir hadisə gəlir.
Dünən evdən çıxıb universtitetə gedəcəkdim. Çox vaxt magistratura dərsləri gec başladığı üçün işdən çıxıb birbaşa taksi ilə dərsə yollansam da, bu dəfə evdən çıxıb dayanacaqdan avtobusa minməyi planlamışdım. Dayanacaqda dayanıb avtobus gözləyən zaman fikrimin harada olduğunu bilmədən bir-birinə bənzəyən iki avtobusdan yanlış olaraq birinə birtəhər minib düz qapının kənarında dayanmışdım. Sumqayıtda 522 və 523 nömrəli avtobuslardan mütəmadi istifadə edən sərnişinlər bilir ki, bunlar elə bir marşrutlardır ki, oturmağı əsla ağlının ucundan keçirmirsən. Vəziyyət o qədər çətin olur ki, adam tanımadığı adamlarla qucaqlaşmağa məcbur olur adəta. Yerə iynə atsan tapılmaz misalının canlı şahidi olduğum bu avtobusda budəfəki yol yoldaşım iki yeniyetmə abituriyent qız oldu.
Elə iki dayanacaq yol getmişdik ki, sürücü yenidən qapını açıb sərnişinləri doldurmaq istəyən zaman bir xanım özünü basa-basa əlindəki veşləri bizə itələyib qalxmaq istəyəndə dilim dinc qoymayıb dedim :
- Xala görmürsən biz üç qız qucaqlaşıb dayanmışıq və mənim bir ayağım yerə dəymir? Hara soxursan özünü?
-Tərbiyyəsiz.
-Təşəkkür edirəm.
Veşləri ayağımın altından itələyib, səbrimin son həddində özümə dayana biləcək yer açıb sıxıldım küncə ki, sakitcə mahnıma qulaq asıb yolumu gedəm, şagirdlərdən biri əlimdən tutub yıxılmamaq üçün kömək istədi.
-Bacı, sənin nə qəşəng kirpiklərin var.
-Təşəkkür edirəm. Sən məndən də, gözəlsən.
- Sən oxuyursan bacı?
- Hə, oxuyuram.
- Bəs işləyirsən də?
- Hə, işləyirəm də.
- Aaa , bəs necə çatdırırsan ?
- Səhər tezdən işə gedirəm və işimi bitirib axşam magistraturaya gedirəm.
- Sən institutu qutarmısan onda ?
- Aha, qutardım və indi ikinci təhsilimə davam edirəm.
-Xoşun gəlir?
- Səmimi desəm, yoruluram, ancaq xoşum gəlir.
- Mən də universtitetə hazırlaşıram. Hüquqşünas olmaq istəyirəm, amma atam deyir ki, müəllimə ol .
-Məncə sən nə istəyirsənsə ondan da ol. Hədəflərin uğrunda çox çalış.
Bir- iki dayanacaq sonra qızlar mənimlə sağollaşıb avtobusdan düşdülər və qulaqcığımda həzin payız mahnıları ilə yoluma davam edirdim ki, gözüm qapıdan çölə sataşanda Xırdalanda yox, Sarayın ortasında olduğumu anlayıb, heç bilmədiyim bir məhəllədə düşməli oldum.
Dərsin başlamasına cəmi 40 dəqiqə var və mən hələ harada olduğumu da tam dəqiq bilmirəm. Sanki itən mən deyiləm kimi rahatca avtobusdan düşdüm və mənimlə birgə düşən qıza dedim :
-Səhvən 522-yə mindim, indi 523-ü haradan tapa bilərəm ?
- Gəl gedək mən səni magistral yola çıxarım oradan minə bilərsən.
- Səni yolundan etmərəm ?
- Yox, xoşdur. De görüm haralısan ?
- Bakılı, sən ?
-Aaa, "karinnoy" bakılısan ? Mən də, bakılıyam. Atam Biləcərindən, anam Coratdandır. Nə əcəb buralarda yerlimi tapa bildim.
- Bizimkilər də, Novxanıdandırlar. Uşaqlığım Sumqayıtda, Novxanıda keçib. Bakını universtitet illərindən tanımağa başladım.
- Mən də, Sumqayıtda kollec oxuyuram və 17 yaşım var. İstəyirəm bitirəndən sonra universtitet oxuyum. Səncə, oxumağa dəyər? Bəs işləmək necə? Pullu yer haradır? Eyni anda həm işləyib həm oxumaq alınan işdi görəsən? Sən niyə bu vaxtı 523 axtarırsan ki, işə gedirsən?
Sual yağışının ortasında qızın masmavi gülən gözlərini bərəldərək üzümə baxması həqiqətən məni qəribə bir həyəcanın içinə atmışdı. Özümü bu sualların hər birinə tam cavab verməyə məsuliyyət daşıyan biri kimi toparlayıb cavab verməyə davam etdim.
- Deməli belə. Bu qədər sual verməyin, bu qədər həyəcanın olduqca xoşdur. Özümdən misal çəkəsi olsam, mən də həm işləyib həm oxuyuram. Universtitet vaxtlarından bəri müxtəlif yerlərdə işləmişəm, könüllü , təcrübəçi, yarımştat işçi, hətta ingilis dili müəlliməsi belə olmuşam. Tələbə stipendiyası, çalışdığım mərkəzlərdən gələn cüzi aylıqlarla yola verməyi bacarırdım və inandırım səni ki, həyatın boyu çox yerdən çox pul qazana bilərsən, amma dişinlə, dırnağınla qazandığın o kiçik məbləğlər ən bərəkətli pullar olacaq. Ona görə tələsmə. Sənə hazırda magistratura oxuyan və 523-ü axşam dərsinə çatmaq üçün axtaran biri kimi az oxuyub çox öyrənməyi, araşdırmağı, yerində bir an durmadan müxtəlif fəaliyyətlərə qoşulmağı tövsiyyə edə bilərəm ancaq.
- Çox sağol. Dediklərini düşünəcəyəm. Yolumuza az qalıb.
-Biz 15 dəqiqədir yol gəlirik. Mən səni yolundan edirəm deyəsən. Bundan sonranı özüm tapa bilərəm.
- Əzizim, mənim evim avtobusdan düşdüyün dayanacaq idi. Məni yolumdan etmirsən. Gəzməyə bəhanə axtarırdım onsuz da.
-Aaaa, evinin ora olduğunu bilsəydim ümumiyyətlə səni yolundan eləməzdim.
-Dedim axı, xoşdur və yolun sonuna gəldik. Buradan sonra yolu keçirik və avtobusa minib gedirsən.
-Yolu özüm keçə bilərəm, gözəl gözlü qız. Mənimlə gəldiyin üçün təşəkkür edirəm. Səninlə tanış olmaq xoş oldu.
- Mənim üçün də, xoş oldu. Allah amanında.
Sağollaşıb yolu keçdim və avtobusa minib doğru yoluma yalnış yollardan çıxıb davam etdim.
Dünən ilk dərsə gecikdim və bu, mənim ilk gecikməyim deyildi. Bəxtimdən müəllim hələ yoxlama aparmamışdı deyə rahatca keçib yerimə oturdum.
Hər dəfə yollarda müxtəlif hadisələrin şahidi olur, müxtəlif insanları müşahidə edirəm. Bu hal artıq məndə vərdiş halını alıb deyə yolda itmək, harasa gecikmək çox vaxt məni məyus etmir. Bura qədər yazdıqlarımı oxuyub oxuduqlarınızı mənasız vaxt itkisi olaraq dəyərsizləşdirə bilərsiniz. İndi düşünün ki, mənim avtobusda rastlaşdığım şagird qız 9-cu sinifdə oxuyan zaman ata-anasına etiraz edə bilməyib hüquq fakultəsindən, vəkil olmaqdan vaz keçən mənim bir başqa həyatda öz ayağı üstündə durmağa çalışan halıdır. Yanlış yolda olduğumu bilib durmadan sual verən qız isə hələ nə istədiyini bilməyən, həm hər şeyə maraq salan, həm də, nəyə həvəsi olduğunu dərk etməyən, mənim əslində qarışıq yollardan sonra səlisliyə qovuşacağını anlayan bir başqa bədəndəki ruhum idi.
Həyat həqiqətən bumeranq kimi dönüb-dolaşıb peşmanlıqlar və yaşanmışlıqlar kitabını qarşımıza çıxarmağa davam edəcək. Bizlər yol ayırıcında azıb qalanlar olacağıq. Ancaq bir yerlərdə, əlbət, yolumuz aydınlığa çıxacaq, gerçəklər və yaşanmışlıqlar kitabı ilə kəsişəcək.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
BİR SUAL, BİR CAVAB Təranə Dəmir ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Unudulmaz şair-Məmməd Araz söyləyib ki: " İnan ki, ehtiras aldatmayanı,
İnci də, göhvər də aldada bilməz."
Təranə xanım ehtirasın " şirin səsinə" uyub əsiri olanlara nə demək istəyərdi?
CAVAB
Ehtiras insanı uçuruma aparan duyğudur. Bəzən insanlar sevgiylə ehtirası eyniləşdirirlər. Sevgi ləkəsiz olmalıdır. Tərtəmiz. İnsan ağılla sevməlidir, hisslə yox. Əks halda onu xoşagəlməz sürprizlər gözləyə bilər.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
ROBOT YAZAR və ya bir təbrizli yazarın günü
Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Dünən mobilində qurduğu zəngli saata əsasən gözünü açır. Həyat yoldaşı hər dəfə yataqda gözünü açmadan gərnəşir, mızıldanaraq deyinir:
-O po... saatını iş vaxtına tənzimlə!
Robot yazar cavabını vermir. Mobilindəki saatının zəngini dayandırır. Hələ saat 06:00-dır. Saat 08:00-da işdə olmalıdır. Yəqin onun bir saat yarım vaxtı var, gözünün zəhərini ala bilər. Amma...
Amma gecə saat 03:00-da klonazepam dərmanını atandan sonra zorla yuxu tutubdur, indi də həmin dərman iliyinə işləyib, bədəni yatağa yapışıb, oyanmaq istəmir və əlinin qabarları göynəməyə başlayıb, sanki üstünə Urmu gölünün duzunu tökübdürlər.
Saatını 07:30-a qədər beş dəqiqə fasilə ilə tənzimləyibdir. Floranın “Bilməzdim” adlı mahnısıdır. Flora nə qədər bağırırsa, ağlayırsa, ya mahnının ortasında zəngi dayandırır, ya da axırında mahnı bitərək zəng özü dayanır, dayanmadan da Flora yenə də növbəti saatlı zəngin tənzimləndiyinə görə oxumağa başlayır.
Nəhayət, saat 07:30 olur. Robot yazar ayağa qalxır, bir gözü açıq, bir gözü də yarımaçıq ayaqyoluna gedir, əl-üzünü yuyur, aynada özünə baxır. Robot yazar qusmaq istəyir; istedadını, yazılarını, hətta yazar olduğunu... Qusa bilmir. Aynada özünə söz verir:
-Bu romanı başa yetirsəm, artıq heç nə yazmayacam.
Belə deməyinə baxmayın, əziz oxucular, 20 ildir həmin sözü deyir, 20 ildir ədəbiyyatı boşlamaq istəsə də, ədəbiyyat Klonazepam kimi iliklərinə qədər işləyibdir. 20 ildir gecələr saat 03:00-a qədər intensiv şəkildə yazır, amma yazdıqlarını heç bir yerdə çap etdirə bilmir. Pulu yoxdur, gücü yoxdur, işlədiyini ailəsinin qarnına yedirdir, neynəsin?! Həyat yoldaşı 20 ildir ona deyinir:
-Ədəbiyyatı boşlamasan, səndən boşanacağam!
O, 20 İldir həyat yoldaşını xoşlayır, bəzən əsəbi olduğunu anlayanda ədəbiyyatla maraqlandığını gizlədir. Yatağa girəndən sonra, yoldaşının yatdığını yoxlayır, qalxıb otağına keçir, heç bir səs çıxarmadan yazır, oxuyur, fikirləşir...
Qızı Laçının anadan olduğu gündən bəri gözlərinin diplopiyası var. Robot yazar, bilmir qızının dərdini, yoxsa özünün dərdini çəksin. Uşaqlığında babasından eşitdiyi dastanlardan birini xatırlayir:
“Günlərin bir günündə, Şah Abbas dürbünündə, toyuq yatıb ninində, yolçu Abbas sürgündə ikən şahın darvazaları açılır, bir kişi ağlaya-ağlaya darvazaları keçib şahın qarşısına gəlir, gözünün yaşını silmədən diz çökür. Şah qəzəblə “Yenə nə olub?” deyir. Kişi özünü toparlayır:
-Şah sağ olsun, mənim bir qızım var, anadan olandan gözləri hər şeyi iki görür, xəstədir. Başıma haranın daşını salacağımı bilmirəm.
Şah, otaqda addımlayıb başını tovlayır. Sonra qayıdıb kişinin diz çökdüyü yerdə, başının üzərində dayanır:
-A kişi, 9 ildir ki, bura yol döyüb həmin sözü deyirsən. Bu arada mənim də bir qızım var, hər şeyi iki görür. Çarə tapa bilsəm, öz qızıma da taparam.
Kişi bir müddət ağlayandan sonra ayağa qalxır. Gözlərinin yaşını silir, şaha üz tutur:
-Şah sağ olsun, sənin qızın xoşbəxtlikləri iki görür, amma mənim qızım bədbəxtlikləri iki görür! Mənim qızım ilə sənin qızının fərqi bundadır”
Bu dastana uşaqlığında gülərdi, amma indi hər dəfə xatırladığında başını aşağı salır, belini bükür. Robot yazar bir gün qızının yerinə keçmək, özünə baxmaq istəyir. Özünün necə göründüyünü bilmək istəyir. Qızı onu evdə iki yazar, yoxsa iki hambal görür? İki yazar görürsə, atası heç işə yaramayandır, amma iki hambal görürsə, yəqin atası çox pul işləyir, ona apacaq heç bir şeyi əsirgəmir!
Saat 08:00-dır. Avtobus iş yerinin qarşısındakı stansiyada dayanır, Robot yazar düşür, iş yerinə keçir. Axşam saat 18:00-a qədər külüng ilə yeri qazıb quyu suya çıxana qədər işləməlidir. Ayda qazandığı maaşı qızının doktoruna, dərmanlarına, yeyib-içməyə, puldan qalırsa da bir ədəd kitab almağa xərcləyəcəkdir.
Öz ürəyində; işdən baş aça bilsəydi ədəbi dərnəklərə getməyini istəyir, amma iş qoymur, ev xərclərinin baha olmağı imkan vermir.
Demək ədəbi dərnəklər də kapitalistlərin əyləncə mərkəzidir!..
Bəli əziz oxucular, Təbrizdəki yazarın durumu budur, bu isə nə bir nəsrdir, nə də ədəbi-bədii əsərdir, bu sadəcə bir yazarın deyə bilmədiyi gileylərdir. Bu bir yazarın həyatının illüziyasıdır, həmin qazdığı quyunun dibinə atılıbdır.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
QUBA XAN SARAYI – mədəni irsimizi tək qorumalı deyil, həm də itirdiklərimizi bərpa etməliyik
“Ədəbiyyat və incəsənət” portalı yazıçı, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadənin olduqca maraqlı yazısını təqdim edir. Söhbət tarixə qovuşmuş Quba Xan Sarayının bərpa edilməsi perspektivləri barədədir.
“Mən çox şadam ki, Azərbaycanın qədim torpağı olan Quba inkişaf edir”.
İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti
Xalqlar min illərdir ki, öz mədəni irsini formalaşdırırlar, hər bir kəsin də ən ümdə vəzifəsi bu irsi qorumaq olur. İmtiyaz sahiblərinin, əlaqədar təşkilatların isə daha bir funksiyası müəyyən səbəblər üzündən tam itmiş, yaxud zədələnmiş, təsirə məruz qalmış artefaktları bərpa etməkdir.
Azərbaycanın ən dilbər guşələrindən biri olan Qubanın əsrlərin sınağına tab gətirə bilməyən və yer üzündən silinən Xan Sarayının aqibəti bir qubalı olaraq uşaqlıqdan məni düşündürüb, zamanəsinin bu möhtəşəm tikilisi barədə ata-babaların ürək ağrısı ilə danışdıqlarından mən də təsirlənmişəm.
Ağlım kəsəndən Qubamızı bu sarayla təsəvvür etmiş, sarayı eyni dövrdə - Xanlıqlar dövründə inşa edilmiş və dəfələrlə baş çəkdiyim Şəki Xan Sarayının ekiz tayı kimi təsəvvür etmişəm.
Quba Xan Sarayını bərpa etməklə tariximizin daha bir şanlı səhifəsini vərəqləmək imkanına malik ola bilərikmi?
Niyə də yox?
1.
Quba Xan Sarayı barədə danışmazdan öncə çox vacibdir ki, sarayın inşa edildiyi dövrə – XVIII əsrin ortalarına nəzər salaq, həmin dövrdə Quba xanlığının iqtisadi-siyasi və mədəni gücü barədə yazılan mənbələrə müraciət edək. Çünki mədəniyyət, o cümlədən də onun bir qolu olan memarlıq və şəhərsalma bilavasitə dövrün siyasi-iqtisadi mənzərəsinin təsiri ilə formalaşır.
Quba xanlığı 1726–1810-cu illərdə Azərbaycanın şimal-şərqində mövcud olmuş ən güclü tarixi feodal dövlətlərdən biri olub. Xanlığın əsasını 1726-cı ildə Hüseynəli xan qoyub. O, əvvəlcə xanlığı hakim kimi, 1747-ci ildə hakimi-mütləq olan Nadir şah Əfşarın ölümündən sonra isə müstəqil idarə etməyə başlayıb.
Xanlığın iqamətgahı əvvəlcə Xudat qalası, 1735-ci ildən Quba şəhəri olub. Quba şərq üsulu ilə divar və qalalarla möhkəmləndirilmiş bir şəhər idi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd və Tabasaran əraziləri, qərbdə Şəki, cənubi-qərbdə Şamaxı, cənubda isə Bakı xanlıqları ilə həmsərhəd idi.
Qubanın yaranma tarixi və Quba toponimi barədə də danışmalıyıq, belə ki, bu mövzular uzun zamanlar mübahisə predmeti olmuşdur.
Quba yaşayış məskəninin tarixi səhvən XVIII əsrin əvvəllərinə aid edilir, Hüseynəli xanın adi ilə bağlanır. Halbuki, Hüsynəli xan, qeyd etdiyimiz kimi, Quba şəhərinin yox, Quba xanlığının əsasını qoyub. Qubanın gerçək tarixi isə miladın 4-cü əsrinə aiddir. Quba rayonu ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində 60-dan yuxarı arxeoloji abidə aşkarlanmışdır. Tanınmış tarixçi, arxeoloq Cabbar Xəlilov indiki Quba şəhəri ilə Nərimanoba kəndi arasında, Ağçayın sol sahilində yerləşən Sandıqtəpə şəhərgahında və qəbristanlığında aparılan qazıntılar zamanı oradan qədim Quba şəhərinin xarabalıqlarını aşkar etmişdir.
Halbuki, yazılı mənbələrdə də “XVIII əsrin əvvəlləri” versiyasını alt-üst edən faktlar az deyildi, sadəcə, alimlərimiz uzun illər inadla real olanı təkzib etməklə məşğul idilər.
Baxın, orta əsrlərdə venesiyalı diplomat Amvrosi Kontarini özünün “Səfərnamə” əsərində yazırdı:
“…Biz Şamaxıdan Dərbənd şəhərinə yola düşdük. Yolumuzun yarısında kiçicik, ancaq sözün doğrusu, gözəl bir şəhər yerləşir. Burada o qədər gözəl meyvələr, xüsusilə alma yetişir ki, baxdıqca öz gözlərinə inana bilmirsən”.
Əlbəttə, aydındır ki, söhbət Qubadan gedir.
1718-ci ildə Rusiya səfirliyinin üzvü A.Lopuxinin hazırladığı icmalda isə Quba haqqında xeyli məlumatla rastlaşırıq:
“Şəhər 600 həyətdən ibarətdir, əhalisi olduqca sərbəstdir, İran hakimiyyətinə tabe olmurlar. Quba xanları şah fərmanı ilə təyin olunsalar da, əvvəlki xanın varisliyi əsas götürülür. Qubada döyüşə hazır 500 döyüşçü də var.”
Quba toponiminə gəlincə, həm A.Bakıxanovda, həm F.Köçərlidə, eləcə də onlarca tarixçidə “Quba” sözünün mənşəyinin “qübbə” sözü olduğu qeyd edilmişdir, hətta böyük satirik şairimiz M.Ə.Sabir “Qübbə şəhəri” ifadəsini işlətmişdir. Bunu opponentlər onunla əsaslandırmışlar ki, Quba Nadir şahın böyük şah çadırınının qübbəsinə bənzəyirmiş. K.F.Qan isə Qubanın qübbəvari yüksəklik üzərində yerləşdiyindən Qübbə adlandırıldığını iddia etmişdi.
Əslində isə Quba sözü Qübbə sözünün şəkildəyişməsi deyildir, bu söz daha qədimlərdən mövcud olmuşdur, bunu ən azından Türkmənistan, Qaraqalpak, Qazaxıstan, Kabardino-Balkar və digər ərazilərdə minlərlə yaşı olan Qubatəpə, Qubasəngər, Qubadağ, Kuba Taş, Kubadalqı kimi toponimlər sübut edir. Səüdiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərində Quba adlı məscidin mövcudluğunu da buraya əlavə etsək, mənzərə tam aydınlaşar.
Quba toponiminin kökündə məhz elə “Quba” kəlməsinin dayanmasını tədqiqatçı Əli Hüseynzadə geniş və ətraflı sübutlarla ortaya çıxarmışdır.
2.
Quba Xan Sarayının aqibətini düşündükcə bir daha etiraf etməli oluruq ki, biz tariximizə çox biganəyik. Mən bunu israrla deyirəm. Günü bu gün də tarixi əhəmiyyət kəsb edən nə qədər abidələrimiz var ki uçulub dağılmaqdadır. Uzun illər onların qeydiyyata alınması, mühafizəyə götürülməsi işlərində natamamlıq hökm sürmüşdür, nəticələr də acınacaqlı olmuşdur. Sadə vətəndaşların da biganəliyi, etinasızlığı bu işdə böyük rol oynayır. Əksər halda biz tarixi abidələrimizə qarşı özümüz vandallıq edir, meşələri kəsib-doğrayır, su hövzələrini çirkləndiririk.
Adi bir faktı deyim. Sovetlər dönəmində - 1974-cü ildə Quba şəhərinin lap mərkəzində yerləşən, böyük tarixi əhəmiyyətə malik əzəmətli Ərdəbil məscidi kimlərinsə səhlənkarlığı üzündən yanıb kül oldu. Düzdür, sonradan Ərdəbil məscidi bərpa edildi, amma bu, əvvəlki məscidin əlbəttə ki, yerini verə bilmədi.
Quba Xan Sarayının gəlib bu günümüzə çatmaması səbəbləri qaranlıqdır, onun tam memarlıq və planlaşdırma xüsusiyyətlərini əks etdirən qrafik materiallar da gəlib dövrümüzə çatmamışdır. Yeri gəlmişkən, internetdə (Wikiwand və s.) Quba Xan Sarayının qalıqları kimi nümayiş etdirilən tikili qalıqları əslində Gəncə Xan Sarayına aiddir.
Amma biz əlimizdə olan tarixi mənbələrə istinad edərək sarayın görünüşü barədə müəyyən bilgilərə malikik, demək, bu möhtəşəm tikilini bərpa etmək yönündə addımlar ata bilərik. Bu addımları isə mən bir qubalı olaraq, bir millət vəkili olaraq atmaqda israrlıyam. Bu, həm də bütün qubalıların arzusudur.
3.
Sarayın tikilmə tarixini 1770-ci ildə Qubaya səfər etmiş Rusiya Elmlər Akademiyasının akademiki S.Q.Qmelin yol qeydləri əsasında müəyyənləşdirə bilərik. O, şəhərin və Xan Sarayının quruluşunun qısa təsvirini vermiş və yerli əhalinin dediklərinə əsaslanaraq, sarayın tikilmə və şəhərin ətrafının daş hasarla hörülmə tarixinin 30 il əvvələ - yəni 1740-cı ilə təsadüf etdiyini göstərmişdir.
Qeyd etdik ki, sarayın inşası Hüseynəli xanla bağlıdır. Sarayla bağlı bir neçə mənbələrdən bilgi almağa müəssər oluruq. Qasi Abdullayevin rus dilində çap edilmiş “Azərbaycan 18-ci əsrdə və onun Rusiya ilə qarşılıqlı münasibətləri”, Tofiq Mustafazadənin “Quba xanlığı” və Şahin Fərzəlibəylinin “Quba Tarixi” kitablarından aldığımız həcmcə çox kiçik olan ümumi bilgilər deməyə əsas verir ki, xanlıq dövrü mədəniyyətinin nümunələrindən biri kimi Hüseynəli xan tərəfindən inşa olunmuş və sələfləri tərəfindən bərpa edilib dekorativ bəzək verilmiş bu saray bişmiş kərpicdən tikilmişdi, tavanı gül şəkilləriylə bəzədilmişdi. Divarlarını zəngin kirəc dekorasiyası və təsvirlər fərqləndirirdi.
Təbii ki, Hüseynəli xanın sələfləri dedikdə, ilk əvvəl 1758-ci ildə o vəfat etdikdən sonra yerinə taxta çıxan oğlu Fətəli xandan söhbət gedir. Böyük ərazilər ələ keçirən, Quba xanlığının dörd ətrafda ən güclü hakimiyyətə və orduya malik olmasını təmin edən Fətəli xan, şübhəsiz ki, oturduğu sarayın daha da gözəlləşməsi və zənginləşməsinin qeydinə qalmışdı.
Sarayın hansı memar tərəfindən inşa edilməsi barədə günümüzə dəqiq bir məlumat gəlib çıxmayıbdır, ancaq fərziyyələr mövcuddur və bu fərziyyələr içində birisi xüsusən inandırıcı görünür: Quba Xan Sarayının memarı Hacı Zeynalabdin Şirazi ola bilər və Quba xanı ilə rəqabət aparan Şəki xanı Məhəmmədhüseyn xan Müştaqın həmin memara Şəkidə Qubadakından daha böyük və daha əzəmətli bir saray inşa etməyi sifariş verməsi, nəticədə Şəki Xan Sarayının ərsəyə gəlməsi reallığa çox yaxındır. Şəki sarayının dəqiq tikilmə tarixi də versiyanın inandırıcı olmasına dəlalət edir: 1762-ci il.
Tarixi mənbələr arasında Quba sarayının adına çox az rast gəlirik. Məsələn, sarayın bir təsviri rus məmuru P. Butkov tərəfindən verilmişdir. O, Qubaya Şeyxəli xanın hakimiyyəti dövründə səfər edərkən Xan sarayını Şeyxəli xanın evi kimi qələmə vermişdi: “Şeyxəli xanın evi zərif kərpiclər və yonulmamış daşlardan tikilməklə üzlənməmişdir: bəzi otaqlar tamamilə üzlənmişdir və onlardakı sənətkar işinə təəccüblənməmək mümkün deyil. Alebastr üzərində oyma işləri isə elə səviyyədədir ki, təqlid edilməyə layiqdir. Plafonlar gül rəsmləri ilə bəzədilmişdir."
Memarlıq abidələrimizi öyrənən rus Şebilkin yazır:”Quba sarayı öz zəngin naxışlarına görə XVIII əsrin başqa saray tikintilərinin xarakterik nümunəsidir”.
Quba Xan Sarayı barədə məlumat verən başqa tarixi mənbə isə rus diplomatı Mixail Markovun Həştərxan qubernatoruna yazdığı məktubdur. Burada qeyd edilir ki, saray İrandan qaçıb gələn bir çox əyanlar üçün sığınacaq rolunu oynamaqdadır. Belə ki, Hüseynəli xan II Təhmasibin oğlu Süleyman Mirzəyə burada sığınacaq verib.
4.
Quba qalasının baş planına görə, qalanın üç qapısına aparan üç əsas küçə öz başlanğıcını Xan Sarayının yerləşdiyi meydandan götürürdü.
Quba xanlığının mövcudiyyəti dövründə yaranmış abidələr arasında Quba Xan Sarayı ən əsas mədəniyyət abidəsi hesab edilir, bu dövrdə yaradılmış digər əhəmiyyətli mədəniyyət abidələri isə Fətəli xanın həyat yoldaşı Tuti Bikə üçün Dərbənddə inşa olunmuş türbə (1787–1788-ci illərdə tikilmiş, ümumi hündürlüyü 4–5 metr olan 8 guşəli mərkəzli zaldan və ona bitişik 4 kiçik otaqdan ibarət olan türbənin interyeri tağlı tavanla örtülüb), bir də zəngin memarlıq üslubuna malik ən qədim məscidlərdən biri olan Quba Cümə məscididir (1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilib, məscidin mehrab hissəsi Mədinə şəhərində olan Quba məscidində olduğu kimi işlənib, məscid səkkiztinli prizma şəklində olub içəri tərəfdən hündürlüyü 28 m, sahəsi 400 m2-dir. Məscidin tikintisində istifadə olunan zığ kərpiclər, rayonun 8–10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb. Maraqlıdır ki, Quba camaatı həmin kənddən kərpicləri sıraya düzülərək, əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətiriblər).
Əlbəttə ki, biz Quba Xan Sarayını bərpa etmək istəyiriksə və əlimizdə qeyd etdiyim istinadlardan başqa heç bir tutalqa yoxdursa, yəni, günümüzə sarayın tam memarlıq və planlaşdırma xüsusiyyətlərini əks etdirən qrafik materiallar gəlib çıxmayıbsa, bu o deməkdir ki, biz XVIII əsrin ortalarında – xanlıq dövründə Azərbaycan memarlığının aparıcı xüsusiyyətlərinə istinad etməliyik, çünki Quba Xan Sarayının özündə məhz bu xüsusiyyətləri ehtiva etməsi bir qanunauyğunluqdur.
5.
Bildiyiniz kimi, Azərbaycanın memarlıq sənəti Ümumşərq bədii memarlıq sisteminin məcrasında nəzərdən keçirilir, bu sənətin formalaşmasında milli spesifik çalarlar, eləcə də lokal memarlıq məktəblərinin rolu vardır.
Çoxplanlı inkişaf prosesində regional memarlıq məktəblərinin qarşılıqlı bədii təcrübə mübadiləsi və Şərq ölkələri ilə çoxtərəfli sıx memarlıq əlaqələri rol oynamaqdadır.
XVIII əsrdə Azərbaycan memarlığında Arran memarlıq məktəbi bərqərar idi, Quba Xan Sarayı da bu memarlığın bir nümunəsi hesab edilməlidir. Arran memarlıq məktəbinin səciyyəvi xüsusiyyətləri – əsas inşaat materialının kərpic olması, çaydaşı ilə kərpicin birlikdə naxış şəklində işlədilməsi, hörgüyə ağ daşın da əlavə edilməsi, əlvan, naxışlı hörgü prinsipi - bir sözlə rəngarənglik kəsb edən polixromik hörgü, çox şübhəsiz, Quba Xan Sarayında da dominantlıq təşkil etmişdir.
XVIII əsrdə memarlıqda monumental tikililərin miqyası, böyüklüyü, ifadəli formaların mürəkkəbləşdirilməsi onlarda dekordan gen-bol istifadədən ibarət olmuşdur. Bu dövr Azərbaycan memarlığının ümumi inkişaf kontekstində lokal memarlıq məktəblərinin spesifikası aydın görünür.
Saray memarlığı ənənələri bu dövrdə uğurla davam etdirilib, ona yeni nəfəs verilib. Bura dəbdəbəli bəzəklər vurulmuş ziyafət zalları, çoxsaylı şəxsi otaqlar, sututarlı daxili həyətlər, həyətlərdə güllük, meyvə ağacları, tağlı eyvanlar, qalereyalar, örtüklü balkonlarla dövrələnmə aiddir.
Səfəvilər dövründə formalaşmış saray memarlığı bu dövrdə tam bərqərardır, hakim ideya saray mədəniyyətinin dəbdəbəli, aşıb-daşan atmosferidir.
Xanlıqlar dövrü mədəniyyətinin bir səciyyəvi cəhəti də sarayların füsunkar təbiət mənzərələri ilə əhatələnməsidir ki, Quba Xan Sarayı dəniz səviyyəsindən 642 metr yüksəklikdə, Qudyalçayın yaratdığı terrasda, çay sahilindən 33–34 metr yüksəklikdə, Qaraçaya kimi sıx meyvə bağları ilə əhatələnmiş, Qərb tərəfdə Şahdağa açılan misilsiz mənzərə fonunda qərarlaşmışdı.
“Azərbaycan memarlığı XV-XIX əsrin əvvəllərində” adlı tədqiqat işində Rayihə Əmənzadə XVIII əsr Xanlıqlar dövrü Azərbaycan memarlığının xarakteristik xüsusiyyətlərini göstərəkən memarlıq abidələrində mütləq şəkildə rast gəlinən bir element olaraq Qurani Şərifdən xəttatlıq yazılarının olmasını qeyd edir. Kaşılarda, daşda, gəcdə, mərmərdə icra edilmiş inşaat epiqrafikası qurğuların eksteryer və interyerində kompozisiya baxımından bütöv, rahat oxunan halda divara hörülürmüş.
Ənənəvi olaraq epiqrafika portalların tağlarının arxivoltlarında, giriş aşırımlarının üst pannosunda, timpanlarda п-şəkilli çərçivələrdə yer alırdı. Demək, Quba Xan Sarayında da bu elementlərə rast gəlinirdi.
Monumental boyakarlıq özündə çoxrəngli rəsmlərin harmoniyasını, bitki, antropomorf və zoomorf təsvirləri, çoxfiqurlu kompozisiyaları ehtiva edir. Xatırladaq ki, P. Butkov Quba Xan Sarayındakı gül rəsmlərindən bəhs etmişdi, Şebilkin də Quba sarayının zəngin naxışları olduğunu vurğulamışdı.
6.
Beləliklə, bütün bu ipucuları bizim peşəkar bərpaçı rəssamlarımıza Quba Xan Sarayının eksteryer və interyerinin orijinala yaxın görüntülərini hazırlamağa yardımçı ola bilər.
İşin ikinci mərhələsində isə əl-ələ verib XVIII əsr Azərbaycan memarlığının ən möhətşəm abidələrindən olan Quba Xan Sarayını bərpa edərik.
Bu nəcib işdir, gözəl missiyadır, Zəfər qazanmış Azərbaycanın qürurlu bugününə veriləcək layiqli bir töhfədir. Və mən inanıram ki, Quba Xan Sarayı Simurq quşu kimi yanıb kül olduqdan sonra küldən yenidən doğulacaq, Qubamızın ən əsas mədəniyyət abidələrindən birinə çevriləcək.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
XARİCİ ƏDƏBİYYAT - Feruza Xayrullayeva, Özbəkistan
“Ədəbiyyat və incəsənət” portalı Xarici ədəbiyyat rubrikasında bu gün sizlərə özbək şairi Feruza Xayrullayrevanın “İnan” adlı şeirini təqdim edir.
Feruza Xayrullayeva 1993-cü ildə Səmərqənd bölgəsində doğulmuşdur. Özbəkistan Milli Universitetinin Jurnalistika fakültəsindən məzun olmuşdur. O, Özbəkistan Yazarlar birliyinin üzvü və “Zulfiya” dövlət mükafatının laureatıdır.
Şeiri dilimizə Rəhmət Babacan tərcümə edib.
İNAN
İnan,
Daha gözəl yaşamaq istəmişdim səninlə
Daha xoşbəxt,
Daha sakit.
Qara, yağışlara əhəmiyyət vermədən.
Yaşamaq istəmişdim hər vaxt.
Nədənsə bacaramıram
Nədənsə...
Hələ verir
Sosial olduğum.
Kimisə soyuqdan öldüyü,
Kimisə pulsuz qaldiği,
Kimisə aldadan və gedən
Adamın adını dəqiq bildiyim
Ünvanım kimi.
Kiməsə borclu olduğum
Kiməsə verilən sözümün
Yaddaşım küçələrində dolandığı.
Əslində tək onlar da deyil.
Bədbəxtliyə çaşqınlığım...
Suçlama
Lütfən!
Axı məni suvarmışdılar bu su ilə
Və
Bağlamışdılar ki, yadımda
Sərhədlərə qədər
Özbəkliyimə...
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)