ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda 12 nömrəli tam orta məktəbdir

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 

DİREKTOR :

Kamran Buludxan oğlu İsalı - 4 noyabr 1989-cu ildə Yardımlı rayonunun Gavran kəndində anadan olub. 2007-ci ildə fizika, riyaziyyat və informatika təmayüllü liseyi bitirib.

2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini Təhsilin təşkili və idarə olunması ixtisası üzrə başa vurub. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika fakültəsinin riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. 2012-2017-ci illərdə Bakı şəhər R.Baxışov adına 218 nömrəli tam orta məktəbində Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2014-2015-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universiteti və Təhsil Nazirliyinin birgə təşkil etdiyi məktəb direktorlarının hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək "Uğur sertifikatı"na layiq görülüb. 2017-ci ilin sentyabr ayında Avropa Birliyinin "TAİEX workshop and school management" seminarı və müxtəlif beynəlxalq təcrübə proqramlarının iştirakçısı olub.

2019-cu ildə STEAM layihəsinin səmərəli tətbiq edilməsi üzrə İsrail Respublikasında, 2021-ci ildə "Məktəb idarəçiliyinin təkmilləşdirilməsi" üzrə Türkiyə Cümhuriyyətinin İzmir şəhərində təcrübə proqlramlarında fəal iştirak edib, müvafiq sertifikatla təltif olunub.

2017-2022-ci illərdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 15.09.2022- ci il tarixindən Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri, Nizami rayonu K.Əyyubov adına 12 nömrəli tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.

 

ŞAGİRD :

Mən, Mirzəmmədli  Nərgiz  Elməddin  qızı  24 sentyabr 2009-cu il tarixdə  Bakı şəhərində  anadan  olmuşam.

2015-ci  ildə  Bakı  şəhəri  Kamil  Əyyubov  adına  12 №- li  tam  orta  məktəbin  I  sinfinə  qəbul  olmuşam,  hal -hazırda  həmin məktəbin  Xsinfində təhsilimi davam etdirirəm. Dərslərimə ciddi yanaşıram,  

hər zaman hazırıqlı olmağa  çalışıram. Dərslərlə yanaşı məktəbdə  fəaliyyət  göstərən  həndbol  idman klubunda məşqlərə  qatılıram. Milli Həndbol  komandasına üzvlüyə namizədəm. Boş vaxtlarımda bədii

ədəbiyyat  oxumağı  sevirəm.

 

ESSE:

26 Fevral – Xocalı faciəsi 

 

1992 – ci il fevralın 25 -dən 26 -na keçən gecə Ermənistan Silahlı  Qüvvələri  Xocalı şəhərinə  hücum etdi. Rayon ağır atəşə tutuldu və dinc əhali  qaçmağa məcbur oldu. Qətliam zamanı qadınlar, uşaqlar, qocalar və dinc  sakinlər də daxil olmaqla  613 nəfər qətlə yetirildi. İnsanlar yaşamaq üçün  ayaqyalın meşələrə qaçdılar. Bəziləri canını qurtara bildi. Bəziləri əsir düşdü. Əsir düşənlərə  işgəncə edirdilər. Bəziləri də erməni vəhşiləri  tərəfindən qətlə yetirildi. Onların arasında qocalar, körpələr, cavanlar da var idi. Görün, bu necə dəhşətli bir  hadisədir. Lakin bütün  ölkələr bu faciəni səssizcə  izləyirdilər. İnsanların cəsədlərini ayaqlar altına qoymuşdular. 

 

Xocalıda yaman qırğın edildi...

Ananın bətnində körpə didildi.

Mən necə aləmə haray salmayım,

Açın gözünüzü. Budur soyqırım..

  

Xocalı faciəsinin şahidlərindən biri olan Dürdanə Ağayeva deyir ki “Şəhər atəşə tutulan zaman mən ailəmlə qaçdım. Çox soyuq idi, tanıdıqlarımızın gözümün önündə ölməsi mənə çox pis təsir edirdi. Uşaqların fəryadı, anaların naləsini hələ də unuda bilmirəm. Mən özüm də, yaralandım amma, sağ qaldım. Tanklarla yaxınlarımın üzərindən vəhşicə keçməklərini heç vaxt unuda bilmərəm. Bəzi insanlar da düşmənin əsiri olmamaq üçün özlərini öldürürdülər.”

 

Düşmən əlinə keçməmək üçün 

Doğma balasını boğan da oldu..

Qeyrət namusunu qorumaq üçün

Özünü qayadan atan da oldu..

 

Ermənilər rayonu tamamilə darmadağın etmişdi. Xocalı - faciədə iştirak edən insanların düşüncələrində silinməz izlər olaraq qaldı. Orada həlak olan insanların bəlkə də, gələcəkdə etmək istədikləri xəyalları var idi. Amma bu xəyallar ermənilərə görə puç oldu. Nəticəsi heç də yaxşı olmadı. 8 ailə tamamilə həlak oldu. Onlar Azərbaycanın Şəhidləridir. 

Heç vaxt Xocalı soyqırımı Şəhidlərini unutmayacağıq. Gələcək nəsillərimizin də bu faciədən, qətliamdan xəbəri olacaq. Allah rəhmət eləsin! Hər birinin məkanı cənnət olsun! Amin! 33 ildir ki, biz hər 26 Fevralda onların ruhunu bir dəqiqəlik sükutla yad edirik.

Onları heç vaxt unutmadıq, unutmuruq, unutmayacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

 

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, öz bəstələri ilə qəlbləri fəth edən bəstəkar Aygün Səmədzadənin mahnılarından ibarət konsert proqramı baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, gecədə Xalq artistləri İlqar Muradov, Eyyub Yaqubov, Teyyub Aslanov, Əməkdar artistlər Gülüstan Əliyeva, Abbas Bağırov, həmçinin Ayaz Qasımov, Kəmalə Əhmədova, Zaur Gəray, Zəminə Rəhimova, Səttar Qəmbərov, Sehri Əliyeva, Vüsal Hacıyev, Yeganə, Nazim Məmmədov, Emil Bədəlov, Elnaz Eyvazlı, Leyla İdrisova, İlkin Dövlətov, Zabitə, Pəviz Abdullayev, Leyla Rəhimova bəstəkarın sevilən mahnıları ilə çıxış ediblər.

 "Tut ağacım", "Arzular limanında", "Gecikmiş etiraf", "Bayatılar", "Eşq yağışı", "Peşmanam" və digər mahnılar gəncəlilər tərəfindən hərarətli alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

 

Cümə axşamı, 13 Mart 2025 09:29

Şəhid Milli Qəhrəmanın doğum günüdür

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün indan danışacağıq: - Bəhruz Mənsurovdan.

Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. Sonrakı yaşayıç yeri Sumqayıt olmuşdur.

1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olmuşdur. 

1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı həlak olub. Yardımlı rayonunun Telavar kəndində dəfn edilib.

 

Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası, oxuduğu orta məktəb və Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq–abidə kompleksi onun adını daşıyır.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün onun doğum günü idi.

Onu ittiham edən, qınayanlar çoxdur. Bəziləri Müşfiqə, Cavidə, Cavada qarşı satqınçılıqda ittiham edirlər. Bəziləri bu sayaq şeirlərinə görə:

Layka uçur göyə, edir ham-ham,

Mən də ona baxıb alıram ilham.

Amma bu adam Azərbaycan sovet poeziyasında sosialist realizmi cərəyanının ən qüdrətli nümayəndəsi kimi tarixdə qalacaq.”Ana və poçtalyon” kimi ədəbiyyatımızın qızıl fonduna verdiyi töhfə ilə da unudulmayacaq. Bir də, Cənub həsrətli şeirlərin ən mükəmməl müəllifi kimi xatırlanacaq.

 

Xalq şairi Süleyman Rüstəmin anadan olmasından 119 il ötdü.

Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.

Qeyd etdiyimiz kimi, Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.

Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.

“Ələmdən nəşəyə” kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq.

Onun şeirlərinin coğrafi genişliyini də ayrıca qeyd etməyə dəyər. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb.

İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.

Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 12-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, muzeyin direktoru Əminə Məlikova ali qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası istifadə olunan materialların, toxuma texnikalarının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının “qızıl fondu”nu Azərbaycanın 7 regionunun – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir. Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Ali qonaq, həmçinin muzeydə xalçatoxuma prosesini izləyib və xalçatoxuma təcrübəsində iştirak edib.

Sonra Şimali Makedoniya Prezidentinə Azərbaycanın qədim kəlağayı sənəti haqqında məlumat verilib. Qordana Silyanovska-Davkova kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.

Daha sonra Şimali Makedoniya Prezidenti muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda ali qonağa Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş kitab hədiyyə edilib. 

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu Şimali Makedoniya Prezidentində xoş təəssürat yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

Bir neçə gündür ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Polşada səfərdədir. 

Səfər Azərbaycanın Polşadakı səfirliyinin dəvəti və təşkilatçılığı ilə baş tutub. 

 

Səfər çərçivəsində A.Raimkulova Polşa parlamentinin yuxarı palatası olan Senatda vitse-spiker Mixal Kaminski, Varşava Universitetinin rektoru Aloyzi Novak və Polşanın Krakov şəhərində yerləşən, ölkənin ən qədim ali təhsil ocağı olan Yaqellon Universitetinin rektoru Piort Yedınak ilə görüşlər keçirib. 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Varşava müxbirinə istinadən xəbər verir ki, Görüşlərdə Fonda üzv ölkələrin Polşada akkreditə olunan diplomatik nümayəndəliklərinin rəhbər və əməkdaşları xanım A.Raimkulovanı müşayiət ediblər.

Görüşlərdə Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə genişmiqyaslı fəaliyyətindən söz açılıb. Fondun təşkilata üzv və müşahidəçi dövlətlər ilə yanaşı, digər xarici ölkələrlə də tərəfdaşlıq əlaqələrinin genişləndirilməsindən bəhs olunub. 

Görüşlərdə, həmçinin Fond və Polşa arasında mədəni əlaqələrin dərinləşdirilməsi və ortaq layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Polşada Türk dünyasının zəngin mədəni və tarixi irsinin qorunması, tədqiqi və tanıdılması istiqamətində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Habelə, Polşada yaşayan türkəsilli tatar və karaim icmalarının mədəni irsinin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb. A.Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun bu sahədə həyata keçirdiyi layihələr, o cümlədən mədəni abidələrin bərpası, elmi araşdırmalar və beynəlxalq sərgilər haqqında məlumat verib.

Krakov şəhərinə səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Yaqellon Universiteti arasında elmi əməkdaşlıq və akademik mübadilələri təşviq edən Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu sənəd iki qurum arasında birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili və ümumi iş birliyi məsələlərini özündə ehtiva edir.

Qeyd edək ki, Fond ilə Polşa ali təhsil müəssisələri arasında ilk belə memorandum 2023-cü ildə Varşava Universiteti ilə imzalanıb.

Görüşlərdə A.Raimkulovaya Polşanın tarixi və mədəni irsin qorunmasına verdiyi böyük önəm, Türk dünyası ilə mədəni mübadilənin inkişaf etdirilməsinin əhəmiyyəti, Varşava və Yaqellon universitetlərinin Şərqşünaslıq fakültəsində türk dilləri, tarixi və mədəniyyətinə dair aparılan tədqiqatlar və tədris proqramları haqqında məlumat verilib. 

Fondun prezidenti, həmçinin Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin və Yaqellon Universitetinin Filologiya fakültəsi nəzdində Şərqşünaslıq İnstitutunun Türkologiya departamentinin professor və tələbə heyəti ilə görüşərək onlar qarşısında mühazirə ilə çıxış edib. A.Raimkulova rəhbərlik etdiyi təşkilatın prioritet istiqamətləri və beynəlxalq səviyyəli layihələri haqqında auditoriyaya məlumat verib. O, Türk dünyasının zəngin tarixi, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması haqqında söhbət açıb. 

Eyni zamanda, Fondun prezidenti türk xalqlarının əsrlərdən bəri qoruyub yaşatdığı bayramlarından olan Novruzun tarixi, özündə ehtiva etdiyi ülvi dəyərlərdən bəhs edib. Varşava Universitetinin tələbələri Fonda üzv ölkələrdə Novruz bayramının qeyd edilməsi ilə bağlı təqdimatlarla çıxış ediblər.

Sonda tədbir iştirakçılarına türk dövlətlərinin Polşada akkreditə olunan səfirliklərinin birgə təşkilatçılığı ilə hazırlanmış Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.

Qeyd edək ki, Fond ilə Polşanın akademik və mədəni qurumları, eləcə də bu ölkənin tatar və karaim icması arasında sıx əməkdaşlıq mövcuddur.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

 

Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə  12 mart 2015-ci il tarixində baş tutub.

Bərdə regional “ASAN xidmət” mərkəzi 29 mart 2015-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz Bərdə, Tərtər, Yevlax, Ucar, Ağdam, Ağdaş, Ağcabədi, Mingəçevir, Zərdab, Goranboy, Göyçay, Naftalan, Füzuli, Laçın rayonlarında qeydiyyatda olan vətəndaşlarla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.

Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, fəaliyyət göstərdiyi müddət ərzində 3 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Günlük orta müraciət sayı təxminən 1000 nəfərdir.

Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 1300 nəfərdən çox  könüllü məzun adını qazanıb.

Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 34 nəfərdir.  Bundan başqa, uşaq əyləncə mərkəzi və ana uşaq otağı mövcuddur.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

 

11 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN müraciət” informasiya sisteminin fəaliyyəti ilə bağlı tədbir təşkil olunub.

“Ədəbiyyat və incəsənət” portalına agentlikdən verilən məlumata görə, tədbir müvafiq sistem çərçivəsində 2024-cü il ərzində həyata keçirilmiş fəaliyyətin yekunlarına həsr olunub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyətində vətəndaş məmnunluğunun hər zaman prioritet olduğunu, bu məqsədlə müasir texnologiyalardan və həllərdən istifadə edildiyini vurğulayıb. O, “ASAN müraciət” platformasının məhz vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafındakı xüsusi əhəmiyyətini, müraciətlərin və ehtiyacların operativ və innovativ üsullarla həll edildiyini diqqətə çatdırıb.

Ardınca müraciətlərə baxılmasında fərqlənən müxtəlif qurumlara, fəallığı ilə seçilən vətəndaşlara və xüsusi dəstək göstərən ASAN könüllülərinə təşəkkürnamələr təqdim olunub.

"ASAN müraciət” informasiya sistemi Prezident İlham Əliyevin 2020-ci il 21 avqust 2232 nömrəli  Sərəncamı əsasında ictimai iştirakçılığın təmin edilməsi və elektron xidmətlərdən istifadə edərək vətəndaş müraciətlərinin operativ qaydada dövlət qurumlarına yönləndirilməsi məqsədilə yaradılıb.

Sistem və onun mobil tətbiqinin əsas funksionallığı ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin müraciətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin etməkdir.

Hazırda “ASAN müraciət” informasiya sistemi 97 qurumun iştirakı ilə ölkə ərazisi üzrə (Naxçıvan Muxtar Respublikasının ərazisi istisna olmaqla) müraciətlərin qəbulunu və aidiyyəti üzrə göndərilməsini təmin edir. Bu günə kimi 25 000-ə yaxın istifadəçi “ASAN müraciət” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib. 

Mobil tətbiqi “iOS” və “Android” əməliyyat sistemlərindən yükləmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa millət vəkili həmkarı, tanınmış ictimai-siyasi xadim Eldar İbrahimovu 80 illik yubileyi münasibətilə təbrik edib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik  məktubunda yubilyarın parlament fəaliyyəti xüsusi vurğulanır:

 

“Hörmətli Eldar müəllim,

Sizi 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirəm!

Siz, tanınmış ictimai-siyasi xadim, iqtisad elmləri doktoru, professor olaraq ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli, səmərəli fəaliyyətinizlə seçilirsiniz. 

Parlament fəaliyyətiniz həyatınızda xüsusi mərhələ təşkil edir. On birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin bütün çağırışlarının üzvü seçilmisiniz. 

Sizin qələmə aldığınız çoxsaylı elmi, publisistik məqalələr və kitablar müvafiq sahə üzrə ictimai-siyasi, elmi fikrin formalaşmasına öz təsirini göstərmişdir.

1961-ci ildən başlayan məhsuldar əmək fəaliyyətiniz boyunca müxtəlif məsul dövlət vəzifələrində çalışaraq, bilik və bacarıqlarınızı xalqımızın rifahına yönəltmisiniz. Harada və hansı vəzifədə çalışmağınızdan asılı olmayaraq, Siz hər zaman peşəkarlığınız, işgüzarlığınız və xeyirxahlığınızla fərqlənmisiniz.

Hazırda Milli Məclisin İntizam komissiyasının sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz.

Dövlət qarşısında xidmətləriniz yüksək qiymətləndirilmiş, Siz 1-ci dərəcəli “Vətənə xidmətə görə” (2025), “Şərəf” (2015) və “Şöhrət” (2005) ordenləri ilə təltif olunmusunuz.

Sizi bu əlamətdar yubiley münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı arzulayıram”!

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Polşaya səfəri çərçivəsində ölkənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Varşava Universitetin rektoru Aloyzi Novak ilə görüş keçirib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüşdə Fond ilə Varşava  Universitetinin Türk xalqlarının mədəni irsinin təşviqi yönündə iş birliyi məsələləri müzakirə olunub. Universitetdə Fondun himayəsi ilə Türk Dünyasının elmi tədqiqat və araşdırmaları mərkəzinin yaradılması müzakirə olunub. 

Qeyd edilməlidir ki, Türk Mədəniyyəti və İrsi Fondu və Varşava Universiteti arasında Əməkdaşlıq Memorandumu 2023-cü ildə imzalanıb. 

Rektor professor Aloyzi Novak universitetin Türk dünyası ilə elmi və mədəni əlaqələrinin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətini vurğulayıb. O, universitetin Şərqşünaslıq Fakültəsində türk dilləri, tarixi və mədəniyyətinə dair aparılan tədqiqatlar və tədris proqramları haqqında məlumat verib. Xanım Raimkulova Fondun geniş fəaliyyət istiqamətləri, türk xalqlarının mədəni və tarixi irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə həyata keçirilən layihələr haqqında danışıb. 

 Varşava universitetinə ziyarət çərçivəsində Şərqşünaslıq Fakültəsinin tələbələri ilə interaktiv formatda görüş keçirilib, Türk mədəni irsi və Türk dövlətlərinin beynəlxalq mədəni əməkdaşlıq sahəsində rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.