ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir.

 

Deyəsən, o qızın SU idi adı-

Hara axıb getdi, niyə qalmadı?-

deyir şair.

Xoş mütaliələr!

 

Dünya özü boyda şirin almadı...

 

Sən demə, ölüm də əkinçi imiş-

Torpaq ömürləri xışlayıb keçir.

Dünyada nə qədər köçəri qəm var,

Mənim ürəyimdə qışlayıb keçir.

 

Şeytana daş atan özü də cinmiş,

Sonuncu ümid də dünən keçinmiş.

Göy üzü üstümdən gəlib keçibmiş,

Heyf ki, yanımda düşməyib keçib...

 

Deyəsən, o qızın SU idi adı-

Hara axıb getdi, niyə qalmadı?

Bu dünya elə bil şirin almadı

Hərə bir yanından dişləyib keçir...

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

Cahangir Namazov, “Ədəbiyyat və İncəsənət” portalının Özbəkistan təmsilçisi.

 

Mən hələ Azərbaycana ayaq basmamışam, amma hər gün xəyalımda o müqəddəs diyara səfər edirəm. Təsəvvürümdə, ürəyimdə sevgi və məhəbbətlə dolu olan o əziz yurda gedib qayıdıram.

 

Azərbaycanın gözəl və qədim şəhərləri, ucalığı göylərə çatan vüqarlı dağları, canlılıq və ilham tənəffüsü yayan dənizi ürəyimi əsir edib. Oranın heyranedici mənzərələri mənim üçün təkcə təbiətin bəxş etdiyi bir nemət deyil, həm də böyük tarix və mədəniyyətin canlı ifadəsi kimi görünür. 

Bu yurdun sevgi dolu ürək sahibi olan insanları isə ayrıca bir mövzudur. Mehribanlığı, səmimiyyəti və sadəliyi ilə onları həmişə yanımda olan kimi hiss edirəm. Onlarla məsafələr belə, aramızda maneə ola bilmir. Mənə hər zaman elə gəlir ki, bu əziz və müqəddəs torpağın hər küləyi bir sevgi hekayəsi söyləyir, hər ağacı məhəbbət mahnısı oxuyur.

 

Azərbaycan mənim qəlbimdə sanki canlı bir aləmə çevrilib, arzularımın ayrılmaz bir hissəsinə çevrilib. Bu yurd mənim ilham mənbəyimdir, dayanmadan meyvə verən bağlar kimi, ürəyimin ən dərin qatlarını üzə çıxarır. Onun zərifliyi və insani dəyərləri həmişə məni məhəbbət və ehtiramla özünə çəkir. Oranın mehriban, səmimi, sadə və qonaqpərvər insanları məni həmişə qonaq çağırır. Onların qəlbində yalnız xeyirxahlıq yaşayır, onları sevməmək, hörmət etməmək mümkün deyil. 

Facebook vasitəsilə 7-8 il ərzində bir çox Azərbaycan şairləri, yazıçıları və yaradıcıları ilə tanış olmuşam və onlarla dostlaşmışam. Onların səmimiyyəti və incəliyi sözlə ifadə olunmaz. Azərbaycan sənəti və ədəbiyyatına əvvəldən böyük marağım var idi. Bu gün isə onların qəlbimdə tutduğu yer daha da yüksəlib. Hər yeni tanışlıq məni o yurda daha da yaxınlaşdırdı, sevgi və hörmətimi ikiqat artırdı. Azərbaycanlı dostlarımla aramızda məsafələr uzaq olsa da, ürəklərimizin yaxınlığını hiss edirəm. Belə böyük tarix və mədəniyyətə malik xalqın insanları ilə dostluğumla fəxr edirəm. 

Bu gün Azərbaycan və Özbəkistan arasındakı dostluq əlaqələri möhkəmlənib və yeni üfüqlər açılır. Əlli-dən çox şeir və digər yaradıcılıq nümunələrim Azərbaycanın nüfuzlu qəzet və jurnallarında dərc olunub. Kiçik uğurlarımı belə diqqətdən kənarda qoymayan azərbaycanlı ustadlarım yaradıcılığım haqqında məqalələr yazaraq, mənə diqqət və ehtiram göstərdilər, bu isə mənim özümə olan inamımı artıraraq, Azərbaycan xalqına olan sevgimi daha da gücləndirdi.

 

Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, Özbəkistan Respublikasının "Dostluq" ordeni sahibi Almaz Ulvi xanımdan şeirlərimə ön söz yazmağı xahiş etmişdim. O, böyük məhəbbət və etibarla yazdığı ön sözlə təkcə məni sevindirmədi, həm də yaradıcılığımı yeni mərhələyə qaldırdı. Həmin ön söz Azərbaycanın "Bütöv Azərbaycan" qəzetində bir sıra şeirlərimlə birlikdə dərc edildikdə, sevinclə dolub-daşdım. Təranə Turan Rəhimli, Abdulla Saymaz, Tural Turan və İntiqam Yaşar kimi tanınmış yaradıcıların mənim şeirlərim haqqında yazdıqları məqalələr qəlbimi sevinc və ilhamla doldurdu. Xüsusilə, yaradıcılığımı Azərbaycan dilinə tərcümə edərək onu geniş ictimaiyyətə çatdıran Şahməhəmməd Dağlaroğlunun əməyini ayrıca qeyd etmək lazımdır. Hər bir yardım, hər bir dəstək – mənim üçün xüsusi bir ilham mənbəyidir.

Bu gün Azərbaycanın "Bütöv Azərbaycan" qəzeti və "Yazarlar" jurnalında da Özbəkistan üzrə müxbir olaraq fəaliyyət göstərməyim bu etibarın bir ifadəsidir. İnşallah, məhəbbət diyarının saf insanlarına olan sevgim bir gün məni Azərbaycana aparacaq. O əziz yurdun müqəddəs torpağını gözlərimə sürtüb, mehriban insanlarını bağrıma basacam. 

Azərbaycan, sən məni gözlə! Bir gün qəlbimdəki sevgini və sədaqəti özünə gətirəcəm. Məni görəndə öz övladın kimi qəbul et. Mən sənə təkcə şeirlərimi və qəlbimin sözlərini deyil, özümlə birlikdə sevgi və sədaqətimi də təqdim edəcəm. Hər zaman bağrın sakit, xoşbəxtliyin uca, həyatın bahar kimi bərəkətli olsun! Sənin torpağında yalnız sülh, dostluq və firavanlıq hökm sürsün! Bütün sevgim və sədaqətimlə sənə gəlirəm, Azərbaycan. Sənə həsr etdiyim hər bir misra, hər bir nəfəs sənin böyük mədəniyyətinə və qızıl tarixinə qatılsın. Mənim qəlbimdəki ən yaxın aləm, sevimli vətənim, sən həmişə məni bağrına basırsan.

 

Azərbaycan

 

Azərbaycan – qardaş xalqım,

Can bir xalqım, qandaş xalqım.

Kamalından qəlbim coşar,

Ruhdaş xalqım, qandaş xalqım.

 

Göylərində sönməz günəş,

Sənə gülüb, baxar hər an.

Sığınmaqda sənə könlüm,

Mən Bakıya verərəm can.

 

Vətənimtək müqəddəssən,

Mənə əziz hər bir çağın.

Dalğalansın yüksəklikdə,

Uca olsun qoy bayrağın.

 

Şəhid oldu oğulların,

Mənimkidir ürək dağı.

Qalmasın heç bir üzüntün,

Abad görək Qarabağı!

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Əgər ki, yıxılsam çinar göstərin,

Mən ona söykənib Arana baxım.

Gözlərim görməsə Göygölü verin,

Mən onun gözüylə cahana baxım,

Hər yerdə, həmişə sənsən gümanım,

Canım-gözüm mənim Azərbaycanım.

 

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2024-cü il sentyabrın

9-da imzaladığı Sərəncama əsasən bu il Xalq şairi, Dövlət mükafatları laureatı, Azərbaycan sevdalısı Nəbi Xəzrinin 100 illik yubileyi  ilə bağlı ölkəmizin hər yerində tədbirlər gerçəkləşdirilir.

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, Ə.Kərim adına Poeziya klubu və Milli qəhrəman Polad Həşimovun adını daşıyan 28 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə  Poeziya Evində Xalq şairi Nəbi Xəzrinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Şəhərin tanınmış qələm adamları, ziyalılar və məktəblilərin iştirak etdiyi tədbirdə

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Ofelya Babayeva,Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AYB Poeziya Seksiyasının rəhbəri, Poeziya Evinin direktoru İbrahim İlyaslı, Əməkdar artist Nazir Rüstəm və qəzəlxan Lilpar Cəmşidqızı çıxış ediblər.

Şagirdlərin ifasında N.Xəzrinin şeirləri və eyni zamanda, şeirlərinə yazılmış mahnılar əsasında hazırlanan kompazisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Şairin oğlu Arzu Babayev tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib, atasının xatirəsini əziz tutan hər kəsə ailəsi adından minnətdarlığını ifadə edib.

Sonda məktəblilərin ifasında şairin sözlərinə SSRİ  Xalq artisti Müslüm Maqomayevin bəstələdiyi "Azərbaycan" mahnısı səslənib.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

Çərşənbə, 22 Yanvar 2025 18:11

Gilas mürəbbəsi - HEKAYƏ

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Xatırlayıram ki, mən uşaq olanda bütün ad günlərimdə həyəcandan gecəni yata bilmirdim. Qorxumdan səsimi də çıxarmırdım ki, anam yatmadığımı anlayıb əsəbləşməsin. Doğum günüm əslində ayın iyirmisi olmasına baxmayaraq həmin il on doqquzu axşamı bütün ailə toplaşmağı qərarlaşdırmışdıq. Çünki atamın sabah işi ilə bağlı səfəri var idi. Yenə anamın dadlı yeməklərinin qoxusu evi öz ağuşuna almışdı. Birdən anamın narahatlıqla səksəndiyini duydum. Mətbəxə doğru qaçdım və onun əlinin qırmızı rəngə boyandığını gördüm. Ondan nə baş verdiyini soruşanda isə gilas mürəbbəsini səhvən əlinə tökdüyünü bildirdi. İndi anlayıram ki, həqiqətən də, uşaq ağlının inana biləcəyi ən böyük doğru doğmalarının yalanıdır. 

Atamın evə gəlməsinə artıq iki saat qalmışdı. Mən isə pəncərədən onun gələcəyi yola göz dikirdim. Xəyal edirdim ki, bir müddət sonra bu yol atamın addımları ilə lərzəyə gələcək.Xəyal edirdim ki, iki saat sonra tortumun şamlarını ailəmin alqış sədaları altında söndürəcəyəm və diləklərimi sönən şamdan deyil, atamdan istəyəcəyəm. Ondan gələn dəfə səfərə gedərkən məni də özü ilə bərabər aparmasını söyləyəcəyəm.

Vaxt və zaman yetişdikcə daha da həyəcanlanır, özümə yer tapa bilmirdim. Fəqət kövrək qəlbim hər şeyin bu dəfə bir az fərqli olacağını mənə sanki söyləməyə çalışırdı. Atam bizim zənglərimizin heç birinə cavab vermirdi. Mənim həyəcanım isə yerini təşviş  və kədərə təslim edirdi. Küçələrin üsyanı, insanların fəryadları, anamın gözlərimin içinə baxaraq hələ də mənə, "Hər şey yaxşı olacaq"-yalanını danışması və s. Hiss edirdim, bir şeylər ömür xəzinəmdən oğurlanır, unudulur, yeri viran qalırdı. Heç nəyi anlamasam da, zamanın ən qəddar düşmən olduğunu və artıq saatın 00:00 olduğunu anlayırdım. İndi mənim üçün ən inandırıcı yalanları bir-biri ardınca söyləyən anamın belə doğruların arxasına gizlənməkdən başqa çarəsi yox idi. Küçənin fəryadı, ahı-naləsi şiddətləndikcə anamın da qorxusu qollarına güc qatırdı və o güclə məni bağrında yoxa çıxarırdı.Hiss edirdim ki,  bu gecənin qaranlığı məni öldürməsə belə, anamın bağrı mənə məzar olacaq. Onun əli yenə qıpqırmızı idi. Gözümü gözünə dikərək,-"Deyəsən, mürəbbəni yaxşı təmizləməmisən"-dedim. Sonra ikimiz də susduq.

Bu qara gecənin səhəri üçün buludlar səmada dövrə vurur, nalədən bezən şəhər küçələri vaxtsız-vədəsiz öz yasını elan etmişdi. Səhər saat 11:00 radələrində atamın mərkəzi xəstəxanada olduğu xəbərini aldıq və qonşumuzun köməyi ilə oraya getməyi bacardıq. 

Bəzi anlara yetişə bilmədiyimiz təqdirdə nəticədə qazanılan hər ağrı-acı ölüm gücündədir. Həmin gün bunu anlamışdım. Anam məni qapının ardında qoyaraq otağa daxil oldu. Mən isə pərdənin örtməyi bacarmadığı pəncərə kənarından atamın cansız bədənini seyr edirdim. Hər zaman onu pəncərə kənarından əzəmətli yerişinin heyranı olaraq seyr etsəm də, bu gün həmin o əzəmətin varlığına özümü inandırmaq üçün seyr edirdim. Sonra öz-özümə səslənirdim ki, artıq sadəcə atanla deyil, incə qəlbinlə də vidalaşmağın vaxtı gəlib çatıb.

Anam otaqdan çıxdığı zaman gözlərimlə onun yorğun simasını süzərək soruşmuşdum:

-Ana, atamın üzərinə gilas mürəbbəsi tökülüb? 

Bu vaxt həkim otaqdan çıxaraq tibb bacısına səsləndi:

-Qeyd et, ölüm saatı 12.00.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Nebulalar, kainatın ən valehedici və sirli təzahürlərindən biridir. Onlar təkcə elmin diqqət mərkəzində deyil, həm də fəlsəfi və dini düşüncələrdə öz yerini tapır. Bu qaz və toz buludları həm kosmosun yaradılış hekayəsini, həm də insanın kainatdakı rolunu araşdırmaq üçün bir açar rolunu oynayır.

 

Nebulaların təsnifatı və gözəlliyi

 

Nebulalar müxtəlif növlərə bölünür və hər biri fərqli proseslərin və dövriyyələrin nəticəsidir:

 

1. Ulduzəmələgəlmə nebulaları: Orion Nebulası kimi bu tip nebulalar, yeni ulduzların doğulduğu kosmik beşiklərdir.

 

2. Planetar nebulalar: Günəş kimi ulduzların son mərhələsində meydana gələn qaz halqalarıdır, məsələn, Helix Nebulası.

 

3. Supernova qalıqları: Partlayış nəticəsində meydana gələn nəhəng parlaq strukturlar, Krab Nebulası kimi.

 

4. Qaranlıq nebulalar: İşığı udaraq öz mistik görünüşü ilə diqqət çəkən Atbaşı Nebulası buna nümunədir.

 

Nebulaların rəngləri onların tərkibini əks etdirir: hidrogen qırmızı, oksigen mavi-yaşıl, azot isə sarı-narıncı tonlarda görünür. Bu rənglər təbiətin unikal bir sənət əsəri kimi hər nebulanı təkrarolunmaz edir.

 

Elmi və mənəvi əhəmiyyəti

 

Nebulalar kainatın yaranması və inkişafı haqqında elmi məlumatları öyrənmək üçün bir laboratoriya rolunu oynayır. Onların tərkibi və strukturları kainatın kimyəvi tərkibini, ulduzların həyat dövrlərini və kainatın yaşını anlamağa kömək edir.

 

Dini və fəlsəfi baxımdan isə nebulalar Yaradanın qüdrətinin və kainatdakı nizamın göstəricisi kimi qəbul edilir. İslamda Allahın göyləri və yeri bəzədiyi vurğulanır:

 

"Doğrudan da Biz ən yaxın göyü ulduzlarla bəzədik..." (Saffat, 6).

Nebulalar bu "bəzəklərdən" biri kimi, ilahi qüdrətin və sonsuzluğun təzahürüdür.

 

Fəlsəfi perspektiv

 

Nebulalar həm də fəlsəfi suallar doğurur:

 

İnsan bu nəhəng kainatda nə qədər kiçikdir?

 

Ulduzların yaranma və sönmə dövriyyəsi həyat və ölümün dərin fəlsəfəsinə işarə edirmi?

 

Kainatın sonsuzluğu və gözəlliyi insanın Yaradanla və özü ilə əlaqəsini necə dərinləşdirir?

 

 

Bu suallar nebulaların sadəcə kosmik strukturlar deyil, həm də mənəvi və intellektual düşüncəyə ilham verən varlıqlar olduğunu göstərir.

 

Nəticə

 

Nebulalar, elmi, fəlsəfi və dini düşüncələrin kəsişdiyi nöqtədə durur. Onlar kainatın yaradılışı haqqında məlumat verir, insanın yerini və mənasını sorğulayır və Yaradanın sənətkarlığını nümayiş etdirir. Nebulalara baxmaq, sadəcə göyün gözəlliyini izləmək deyil, həm də kainatın dərinliklərinə ruhani bir səyahət etməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanmaqdadır. Rubrikanı Aysel Kərim aparır.

 

 

Çox təmkinli, səbrli insan təsəvvürü yaradırsınız. Belə xarakterlə bu dövrdə sizə çətin deyilmi?

 

Bəli düz qeyd etdiniz görünüşümlə xatakterim üst-üstə düşür. Doğurdan da o cür insan tipindəyəm. Və bunu çox düz  təhlil etmisiniz elə gördüyünüz kimiyəm. Həqiqətən də təmkinli və səbrli insanam. Əlbətdəki hamının bu formadan çıxmaq obrazı da olur. Necə deyim qarşısındakı insana qarşımı, hansısa bir təpkiyə qarşımı ola bilir. Amma çox nadir hallarda mənim əsəbi, səbrsiz vaxtlarım olur. Deyə bilmərəm ki, mən ömür boyu səbrliyəm. Bu heç düzgün olmaz. O bir söz var üzür istəyirəm deyirlər gərək həyası olmayan biri olasan ki, işlərin qabağa getsin. Amma elə deyil. Yenə də deyirəm ki, Allah bizə nəyi yazırsa onu da yaşayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

 

Çərşənbə, 22 Yanvar 2025 16:06

Vəzifəpərəstin dilindən – SATİRİK HEKAYƏ

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, dramaturq Ağalar İdrisoğlunun “Vəzifəpərəstin dilindən” adlı satirik hekayəsini təqdim edir.

 

 

Atam-qardaşım, nə yapışmısız mənim yaxamdan? Bəli, vəzifəpərəstəm. Niyə də olmayım? Bu gün, bu zəmanədə yaxşı pulun, vəzifən yoxdusa, sən heç kimə lazım deyilsən. Sən heç  kimsən, atam-qardaşım. Bəlkə elə deyil? Vəzifən yoxdusa, sənin nə dostun var, nə tanışın, nə məşuqən. Heç evdə arvad da, uşaqlar da üzünə dürüst baxmırlar. Səni saya salmırlar.

 

Sizinkini bilmirəm, mən vəzifədən çıxanda, pulum olmayanda bizim arvad üzünü elə turşudurdu ki, elə bil rəhmətlik dədəsini mən öldürmüşdüm. Axşam da o söz... Dalını çevirirdi mənə, xorhaxorla yatırdı. Uşaqlar da mənimlə dilucu, xalaxətrin qalmasın deyə danışırdılar.

Hə. Vəzifəsiz olmağın ləzzətini bir dəfə mən də görmüşəm, atam-qardaşım. O vaxtlar vəzifəsiz qaldığım altı-yeddi ayda mən çəkdiyimi heç düşmənimə də arzu eləmirəm...  İllərlə mənimlə adicə görüşmək üçün növbə gözləyənlər, sağlığıma badələr  qaldırmaqçün bir-birinə aman verməyənlər, mən vəzifədən çıxandan sonra daha gözə dəymədilər...  Hətta “Toplan” adlı itim öləndə yüzlərlə adam yanıma gəlib, itə görə utanmadan baçsağlığı da verdilər. İti tərifləyib göylərə də qaldırdilar. Amma indi özüm “ölmüçdüm” bu köpək uçaqlarından biri də gözə dəymirdi...  Heç soyuşan yoxdur ki, “ Abdul eşşəyin hardadır”.  Ay Allah... Biz necə unutqan, yaramaz camaatıq...  Görəsən  Yer üzündə bizim kimi nüsxə varmı? İnanmıram ki, ola...

 Nə başınızı ağrıdım, köhnə hökumət gedib, təzəsi gələndə on beş naziri işdən hopdum çıxardı. Mən də getdim “çujoy poxmel”. Yəni o biri hökumətin adamı olsam da, bunun hakimiyyətə gəlməsi üçün dəridən-qabıqdan çıxırdım. Çünki o  köhnə  hökumət işinin öhəsindən gələ bilmirdi. Anarxiya, xaos baş alıb gedirdi... Hakimiyyətə gəlmək istəyən bu biri isə həm səriştəli, həm də mənim eloğlum idi. Fikirləşirdim ki, ətimi yesə də, sümüyümü çölə atmaz. Amma atdı... Özü də propka kimi.

Vəzifədən çıxarıldığım birinci günü adətimcə tezdən durub yuyundum. Üzümü qırxıb, geyindim. Dedim heç olmasa, bu sürücü zalım oğlu Zahir bir insaflı olar. O da mənimlə bir blokda yaşayır. Bir mərtəbə yuxarıda ev alıb vermişdim ona. Gözlədim ki, indi gəlib qapının zəngini basıb, heç olmasa, soruşacaq ki, ay müəllim, bəlkə harasa getmək istəyirsiz? Ya da sizə nə isə alıb gətirmək lazımdı... Ayaq səslərindən hiss elədim ki, düşdü aşağı. Çıxdım eyvana. Gördüm ki, mindi maşına, heç başını da yuxarı qaldırıb, mənə salam vermədi. Maşını xoddayıb getdi təzə nazirin dalınca... Hirsimdən başım gicəlləndi. Az qaldım ki, yıxılım, tez tutdum məhəccərdən və öz-özümə dedim:

 - Ay dadi-bidad... Bu əbləhi mən gətirib adam elədim. Yetimin biri idi. Bu cür ceyran kimi “Volqa” maşınını, sonra da  QAZ-31-i verdim ki, sür. Toyunu elədim. Ev alıb verdim.

Yadıma düşdü, bu əbləh oğlu hərdən mənə deyərdi:

- Ağamir müəllim, atam anamı fahişəlik üstündə atıb gedib. Uşaqlıqdan atasız qalmışam. Sağ olun ki, siz mənə ata olduz. Məni kişi elədiz. Ölənəcən sizi yaddan çıxarmaram. Quran haqqı düz sözümdü...

 Fikirləşdim ki, ay dadi-bidad... Gör mən necə yalmışam. Atalar düz deyib: Fahişədən ancaq belə dəyyus törəyə bilər...

Bu vaxt şöbə rəislərindən biri Doydaq Saməddin blokdan çıxıb getdi öz maşınına sarı. Əynində mənim plaşım. Cəmi bir dəfə geymişdim. Xoşuma gəlmədi, bağışladım ona. Mənə “dayı” deyirdi. Şənimə yüzlərcə tostlar, şeirlər qoşurdu. Özü də tez-tez deyirdi:

- Ağamir müəllim, mən altıncı sinifdə oxuyanda atam və əmim haqqında imzasız şikayət məktubu yazmışdım Leninin movzoleyinə. Onları işdən çıxartdırmışdım... Məndən hamıya qarşı hər cür nakişilik gözləmək olar... Ancaq sizə heç vaxt pislik eləmərəm. Siz mənə atamdan da, qohumlarımdan da çox yaxşılıq eləmisiz. Sizin sayənizdə belə vəzifəm var. Sizin sayənizdə özümə  toy eləmişəm. Ev, bağ, maşın almışam. Özümün biznes işlərimi qurmuşam. Mən bu mərtəbəyə ancaq sizin sayənizdə qalxmışam. Əgər sizə pislik eləsəm, bihörmət iş tutsam, qoy Allah məni əbədilik kor eləsin. Anamın südü haramım olsun.

Öz-özümə dedim:

- Ay dadi-bidad... Bu küçük elə bir az sərxoş olan kimi özü deyirdi ki, məndən hər cür nakişilik gözləmək olar. Bəs mən niyə başa düşmürdüm?

Fikirləşirdim ki, sərxoşdu belə deyir. Nazirliyin çoxlu sirlərini danışırdım ona, bacıoğlu kimi... Demə o da mənim danışdıqlarımı ötürürmüş yaxarılara...

Bu vaxt Qara Məhərrəm çıxdı blokdan. Hansı ki, mənim sayəmdə adi işçidən nazir müavinliyinə qədər yüksəlmişdi. Həmişə də mənə deyərdi:

- Sizin kimi xeyirxah, müdrik adam olmasaydı, yəqin indi mən heç kim idim. İndi hardasa it döyürdüm. Sizin yaxşılığınızı unutsam, onda mən kişiliyimi itirmiş olaram. Onda mənə hansı sözləri desəniz, qəbulumdu, Ağamir müəllim.

Hiss elədi ki, mən eyvanda durub ona baxıram, başını qaldırıb Allahın salamını da vermədi mənə. Xidməti maşınına mindi. Sürücü maşını yelli sürüb getdi.

Fikirləşdim ki, bu Qara Məhərrəmi necə adlandırım. Axı, özü demişdi: “Sizə namərdlik eləsəm, hansı söyüşlə istəsəniz, məni söyün”. Yadıma düşdü ki, bunun arvadının ayağı “sürüşkəndi”. Hətta arvadının anasının da, bacılarının da “xəmiri sıyıqdı”... Qara Məhərrəmin arvadı da həmişə dəridən-qabıqdan çıxıb, min cürə oyunlar qurub ki, mənə yaxın olsun. Ancaq mən belə işi öz şənimə, şəxsiyyətimə sığışdırmamışam. Öz işçimin arvadına pis gözlə baxmamışam. Hətta bir dəfə məcbur olub, Qara Məhərrəmin arvadına bu fıkrimi açıq-saçıq da demişəm. O da bu sözlərimə görə məndən acıq eləyib. Sonra da açıq-saçıq deyib: “Ağamir müəllim, mənim kimi belə gözəl xanımdan, belə gözəl candan istifadə eləmədiyinə, mənimlə kef çəkmədiyinə görə vaxt gələcək peşiman olacaqsan. Onda da gec olacaq”...  Başıma bir qapaz vurdum.

 - Bu da sənə azdı, Ağamir. Bax, o vaxt əgər sən Qara Məhərrəmin arvadını özünə məşuqə eləsəydin, indi belə də yanmazdın...

Bu vaxt blokdan Ceyran xanım çıxdı. O, bu gün əvvəlkindən də bərli-bəzəkli geyinmişdi. Yəqin özünü təzə nazirə sevdirmək üçün... Hiss elədi ki, mən eyvanda dayanmışam. Heç başını qaldırıb yuxarı da baxmadı. Hə... Atam-qardaşım, Ceyran bu hərəkətilə ürəyimin başına elə köz basdı ki, lap infarkt elədi məni. Gözlərim qaraldı... Qulağımda onun gecələr intim vaxtlarımızda həzin, lirik səslə dediyi sözlər cingildədi:

 - Mənim bəyim, sahibim, ömrüm-günüm... Can yoldaşım... Aşqım. Arxam, dayağım.  Sənsiz bu dünyada yaşaya bilmərəm. Danışıb gülmərəm. Hicrandan ölərəm, ölərəm...

Hicrandan da ölmədi Ceyran xanım. Bu gündən təzə nazir üçün doğuldu. Bu gündən yəqin ki, bu sözləri, bu mahnını təzə nazir üçün oxuyacaqdı Ceyran xanım...

Bu vaxt bir xarici, bahalı maşın gəldi. Ceyran xanım nazlana-nazlana mənə yandı-yandı verə-verə həmin maşına minib getdi... Ay dadi-bidad... Ceyran da mənə nankor, naxələf çıxarmış... Dağılasan belə dünya, necə ki, dağılırsan... Mən ki, vəzifədən cəmi bir gündü çıxmışam. Ağ atın belindən bir gündü düşmüşəm. İlahi, adamlar niyə belə nankor, nanəcib, namərd, naxələf, bişərəf olurlar? Bu nə dünyadı? Bu nə zəmanədi?..

... Beləcə mənim çörəyimlə kişi olub, kişi cərgəsinə, arvad olub arvad cərgəsinə qarışanlar bir-bir binadan çıxıb, getdilər işə. Mən də papirosu-papirosa calayıb heykəl kimi durdum eyvanda. Yada saldım olub-keçənləri... Təmənnasız xidmətlərimi. Əvəzini gözləmədən verdiyim tonlarla çörəkləri... Pulsuz-parasız vəzifəyə yüksəltdiyim adamları...

... Beləcə üç ay ötdü, atam-qardaşım. Çıxdım hamının yadından. Düşdüm hamının dilindən, nəzərindən. Unuduldum bir sinif  kimi. Arvad, uşaq tənəsi də bir yandan. Arvad zalım qızı da yağsız araba təkəri kimi əcaib-qəraib səslə elə hey deyinir, məni yamanlayırdı:

 - Budu sənin çörək verdiyin adamlar? Budu sənin yaxşıq etdiklərin? Budu sənin çörəyinin duzu? Get, ağlın tökülsün... Milyonları xərclədin onlara.. Axırı nə oldu?.. Kim qədrini bildi? Kim qiymət verdi sənin xeyirxah işlərinə?.. Elə bilirdin sənə qızıldan heykəl qoyacaqlar? Həy...

 İllərlə mənimlə çörək kəsən, mənə həmişə qardaş deyən keçmiş dostlar da harasa buxarlanmışdılar… Bir köpək oğlu zəng vurub soruşmurdu ki, ölmüşəm ya qalmışam. Bir yandan da keçmiş işçilərim, mənə belə “qan uddururdular”…

Gördüm yox. Bu binada qalsam, ürəyim partlayacaq. Dərd məni öldürəcək. Hər dəfə məni be tez unudan namərd, köhnə işçilərimi görəndə, gedib o dünyaq olub gəlirdim... Ona görə də o binadakı bərli-bəzəkli evlərimi dəyər-dəyməzinə satıb, köçdüm başqa yerə. Ancaq vəzifəsiz də dözə bilmirdim qardaş... Bərli-bəzəkli kabinetim, rəngbərəng telefonlar, o yaltaq sifətlər, eyş-işrət məclisləri tez-tez yuxuma girirdi, atam-qardaşım. Hövlnak yuxudan ayılırdım, görürdüm ki, evdəyəm, yanımda da keçmiş məşuqələrim yox, arvad uzanıb. Az qalırdı başıma hava gəlsin. Gördüm yox, belə yaşamaq mümkün deyil. Ürəyim partlayacaq. Xosunvay olacam... Onu da yaxşı bilirdim ki, indiki hökmdar da pulu, rüşvəti, yaltaqları, ona məddahq eləyənləri çox sevir. Bir ay get-gəldən sonra özümü birtəhər dürtdüm ey onun qəbuluna. Yalvar-yaxar girdim yanına...

Hə, atam-qardaşım, mən də qoşuldum axına, unutdum kişiliyi, təmiz adı, vicdanı, qeyrəti.  Fikirləşdim ki, bunlar elə mənə qalıb?.. Açdım sandığı, tökdüm pambığı...

Köhnə iqtidar haqda nə gizli, xalq bilməyən sirlər, nə əməllər vardısa, açdım hamısını qoydum ortağa. Sənə zarafat gəlməsin, mən köhnə iqtidarda əsas aparıcı nazirlərdən biri idim. Bütün dövlət sirlərini, gizli planlarını yaxşı bilirdim. Bir az da üstünə əlavələr eləyib dedim. Hətta onu da daşdım ki, kimi nəyə görə tutmaq olar, kimin nə günahları var, kimin hansı xarici banklarda nə qədər pulları var. Kim hansı ölkənin şpionudu. Kimin harda malı, mülkü var. Kimlər-kimlərlə oturub-durur... Əlqərəz xoruz səsi eşitməyən xəbərlər… Sonra da diz üstə çökdüm qarşısında təzə iqtidarın, təzə hökmdarın və başladım ağlamağa, yalvarmağa... Bir yarım saat ağlayıb, yalvarandan, sıtğayandan  sonra gördüm kişinin sifəti dəyişdi. Başladı gülümsünməyə. Dedim, Allah, sənə min şükür. Deyəsən yönü bəridi. Mənə diqqətlə baxıb, bığaltı gülümsündü və dedi:

 - Sən ki, hər şeyi belə açıq-açığına dedin, xoşum gəldi səndən. Yaxşı, bağışladım səni. Keçdim günahlarından. Bir babat iş də verəcəm sənə. Yaxşı vəzifən olacaq. Ancaq bu gündən sonra gərək mənə işləyəsən.

 - Nə desəniz, hazıram əlahəzrət, - deyə sevincdən ağladım.

 - Bizim bu söhbətimizi heç kim bilməməlidi. Soruşan olsa de ki, elə-belə getmişdim yanına. Heç bir söhbətimiz olmayıb. Heç səni guya mən, qəbul da eləməmişəm. Sonra da bir müxalifət partiyası, bir müxalifət yönlü qəzet yarat. Maliyyə sarıdan korluq çəkməyəcəksən. Ara-sıra məni də yüngülvari tənqid elə. Qoy başa düşməsinlər ki, mənə işləyirsən. Bu da bir siyasət oyunudu. Sizin əvvəlki bədbaxt hökumət bunu bilmədiyinə görə çox yaşamadı...

 - Baş üstə. Öl desəniz, ölərəm, qal desəniz, qalaram. Həmişə sizə sadiq olmağıma and içirəm, əlahəzrət. Ey  Yer üzünün Allahı. Parlaq günəşi.

 - Özün bil. Sadiq olmasan, özündən küs. Bayaqdan danışdıqlarının hamısı çəkilib və lentə yazılıb...

 -  And içirəm sizə, ey böyük şəxsiyyət. Həmişə sizə sadiq olacam. Axı mən o biri iqtidarın komandasında olsam da, sizin gəlişiniz üçün çox çalışmışam. Bunu sizinkilər də yaxşı bilir...

 - Hamısmı deyiblər mənə. Elə ona görə də səni qəbul elədim... Özüm də bu altı-yeddi  ayda səni nəzarətdə saxlatdırmışdım ki, görüm neynirsən. Kiminlə çaşqa-loşkasan. Kiminlə görüşürsən...

 - Sizin hər sözünüz bundan sonra mənim üçün qanundu, ey böyük hökmdar. Lap Quran ayəsi, ən müqəddəs, sımavi kitablar kimi. Nə əmr versəniz, canla-başla eləyəcəm. Öl desəniz öləcəm, qal desəniz qalacam. Nə vaxt desəniz, bir qul kimi qəbulunuzda hazıram.

 - Daha bura gəlib-getməyin lazım deyil. Müxalifət yatmayıb. Tükü-tükdən seçir... Bir tərəfdən də xarici səfirliklər,.. Xarici kəşfiyyat... Olar quşu gözündən vururlar.

- Başa düşdüm...

- Ancaq nə lazımsa, mənim adamlarım gətirib sənə çatdıracaqlar. Kimi söymək, kimi tənqid eləmək, kimi xalqın gözündən salmaq... Nə isə, hər şeyi... Gedə bilərsən!

 Kişiyə bir daha etibarı göstərmək üçün cani-dillə təzim edib otaqdan çıxdım. Özü də daldalı...

 ...İlahi, sənə min şükür. Onda deyirlər ki, su gələn arxa bir də gələr. Yadıma saldım köhnə işçilərimi. Ağız-burnumu çeynəyə-çeynəyə dedim:

- Ax, köpək uşaqları... İndi görün mən sizin ananızı... Hə, atam-qardaşım, indi təzə partiya yaratmışam. Bütünqohum-əqrəbamın, iy dəyənlərimin hamısmı eləmişəm həmin partiyanın üzvü. Hərəsinə də bir dükandan, şadlıq evindən, benzin doldurma məntəqəsindən... canım sənə desin, hardan ki, yaxşı pul çıxır, açıb vermişəm, işlədirlər. Mənim haqq-hesabımı da vaxtlı-vaxtında gətirib çatdırırlar. Yaxşı bir ad da qoymuşam partiyaya: Vətən ağrıları. Eyni adlı bir qəzet də təsis eləmişəm. Yaxşı bir vəzifəm də var. Bu seçkidə də Millət Vəkili olacam... Kişi söz verib. Adımı da müxalifətçi kimi siyahıya saldırıb. Hə, atam qardaşım, indi tutmuşam həyatın nəbzini. Bolluca rüşvət aram. Vəzifələrə adam da qoydururam. Vəzifələrdən adamlar da çıxartdıram. Doydaq Saməddindən də, Qara Məhərrəmdən də, Ceyrandan da hayıfımı almışam. Hamısını işdən çıxartdırmışam. Deyirlər indi Ceyran barlarda “it döyür”. Hətta Qara Məhərrəmin arvadına, arvadının bacılarına da kişiliyimi sübut eləmişəm... İndi Qara Məhərrəmin arvadı dərdimdən dəli-divanədi. Özünü də, bacılarını da partiyanın üzvü eləmişəm. Hətta Qara Məhərrəmdən də ayırmışam və ayrıca villa alıb vermişəm yaşayır orda. Qara Məhərrəm isə indi küçədə veyil-veyil gəzir.

Müxalifətdən, iqtidardan da kimi söymək, kimi millətin gözündən salmaq, baykot eləmək lazımdısa, kişi xəbər göndərir, mən də qara-qışqırıq, haray-həşir saram. Əvvəl öz qəzetim, sonra da başqa qəzetlər, saytlar, radiolar, televiziyalar başlayır mənim sözlərimi yazmağa, deməyə. Sonra bir qrup adamlar ki, əlimin altında saxlayıb, pul verirəm, onlar da başlayır mənimlə həmrəy olmağa. Sonra da kütlə qarışır bizə... Başlayırıq mitinqlərə, küçə yürüşlərinə, səfırliklərin qarşısında çıxışlara. Hamı başlayır mənim sözlərimi deməyə... Ona görə də indi məmləkətdə olmuşam millət üçün yanan-dönən beş kişidən biri. Tutmuşam həyatın nəbzini, qaşmışam axına. Yoxsa nə kişilik, nə qeyrət, nə Vətən dərdi, nə millət dərdi. Bunlar hamısı boş kitab, qəzet sözləridi atam qardaşım. Vəzifə hər şeyi əvəz edir. Hətta, canım sənə desin, kişiliyi də, qeyrəti də. Vəzifəyə görə lap yeri gəlsə, Vətəni də, torpağı da, milti də sataram. Mən vəzifəsiz olanda, gördüyümü görmüşəm...

Məgər mənə qab bu miltin dərdi-səri?.. Hamı boş şeydi. Təki vəzifən, pulun, xarici ölkələrdə şirkətlərin, villlalrın, hotellərin, böyük biznesin olsun. Bir də arxanda dayanan bir dağ. Hansı ki, ona söykənib istədiyini eləyə biləsən. Qalanları hamısı öz-özünə düzələcək.

İndiki zəmanədən baş çıxarmağın yeganə üsulu budu, atam-qardaşım.

                                                                                               10 avqust, 1999-cu il

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

 

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım

 

13) Planlaşdırılmış həyat yaşamaq.

Uğur qazanmanın daha bir parametrinin planlaşdırılmış, qayda-qanuna tabe bir həyatın olduğunu zənn edirəm. Məncə, kortəbii, biz azərbaycanlıların  təbirincə desək, «harda qırıldı, qırıldı» devizi ilə yaşanan, zərurətlərə deyil, daha çox təsadüflərə hesablanmış həyatda uğur qazanmaq qeyri-mümkündür.

Həyatınızı lokal (gündəlik rejim) və qlobal (nail olmaq istədiyiniz mərtəbə) şəklində planlaşdırıb dəqiq xətt üzrə hərəkət edin. Yuxudan durma, qidalanma, iş və istirahət vaxtları – hamısının dəqiq vaxtı bəlli olunsa yaxşıdır. Təhsil alırsınızsa hansı sahədə çalışıb hansı mərtəbəyə yüksələcəyinizi, işləyirsinizsə dünyada hansı izləri qoymaq istədiyinizi, kimlərlə eyni mərtəbədə dayanmaq istəyinizi özlüyünüzdə planlaşdırmağınız yalnız sizə fayda verə bilər. Planlaşdırılmış həyatda təsadüfi nəsnələr, süni əngəllər, bağlı şlaqbaumlar az olur, xaotik, kortəbii həyatda isə addımbaşı gözlənilməzliklərlə, anlaşılmaz situasiyalarla üzbəüz qalmalı olursan.

Uğurunuza doğru planlı şəkildə irəliləyin, dostlar.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

 

 

Çərşənbə, 22 Yanvar 2025 13:05

Mən hər zaman kölgən olacam sənin – HEKAYƏT

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Həyat bəzən işıqla kölgənin rəqsi kimi olur. İşıq sənə həyatı, sevgini göstərir, kölgə isə səni qoruyur, gizləyir və ən qaranlıq anlarında belə yanında dayanır. Mən sənin kölgən olacam — səninlə bərabər hər addımda, hər nəfəsdə, hər susqunluqda.

 

Bir zamanlar uzaq bir kənddə, səhərləri günəşlə bəzənən və axşamları ay işığında boğulan bir qəsəbədə Nazlı və Sənan adlı iki ruh bir-birinə bağlanmışdı. Onların sevgisi adi bir bağlılıq deyil, həyatın özünə bir çağırış idi. Nazlı gülüşü ilə insanları ovsunlayır, Sənan isə sakitliyi ilə ona sığınacaq olurdu.

 Bir gün Nazlı Sənandan soruşdu: – Niyə həmişə sakit dayanıb məni izləyirsən?

Sənan bir an düşündü və dedi: – Çünki mən sənin kölgənəm. Sən irəlilədikcə mən də irəliləyirəm. Sən dayandıqda mən də dayanırım. Amma sən heç vaxt məni görə bilməzsən — mən səni izləyərkən yalnız səni işıqda saxlamağa çalışıram.

Nazlı gülümsədi, amma bu sözlərin dərinliyini o zaman tam anlamadı. Həyat axıb gedirdi, Sənan hər zaman onun yanında idi. Nazlı uğur qazanır, arzu etdiyi zirvələrə qalxırdı. Lakin hər yüksəliş öz kölgəsini də gətirirdi. Bir gün həyatın sərt küləkləri onu yıxdı. İnsanların gözündə parlayan ulduz artıq sönməyə başlamışdı.

Nazlı bu dəfə Sənandan uzaqlaşmaq istədi. – Mən artıq işığımı itirmişəm, – dedi. – Kölgəm belə mənimlə qalmaq istəməz.

Sənan isə ona yaxınlaşıb sakitcə cavab verdi: – İşıq yoxdursa, kölgə qaranlığa qarışar. Amma bil ki, mən yenə də buradayam. Sənin ən qaranlıq anlarında belə mən sənin yanındayam. Kölgə olmaq təkcə işığa aid deyil, o həm də səni sığınacaqda saxlamaq üçündür.

Nazlı bu sözlərdən təsirləndi. O, başa düşdü ki, həyat təkcə parıltı və uğurdan ibarət deyil. Sevgi, sədaqət və birlik — bunlar ən dəyərli şeylərdir.

İllər sonra Nazlı öz gücünü bərpa etdi, həyatda yenidən öz yerini tapdı. Amma bu dəfə hər şeyi təkbaşına etmədiyini bilirdi. Sənan həmişə onun yanındaydı, bir kölgə kimi — sükutla, amma daim möhkəm bir dayaqla.

Bir gün Nazlı Sənana dedi: – Sən mənə öyrətdin ki, kölgələr qorxulu deyil. Onlar bizim qoruyucularımızdır. Mən bilirəm, sən həmişə yanımda olacaqsan.

Sənan gülümsədi və bir addım geri çəkilərək dedi: – Hər işığın bir kölgəsi var, Nazlı. Mən hər zaman kölgən olacam sənin, çünki səninlə olmaq — mənim həyatımın işığıdır.

Həyatın rəngləri dəyişsə də, işıq və kölgə bir-birindən ayrılmazdır. Nazlı və Sənanın hekayəsi də bunu xatırladır: Sevgi təkcə aydınlıqda deyil, qaranlıqda da bir olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Tural Cəfərlinin yeni şeirlərini  təqdim edir. Bu gün sizlərə 3 şeir təqdim edəcəyik. O şeirləri öncə sükutu dinləyib sonra oxuyacaq, işığı anlamaq üçün qaranlığı sevəcək və heç bir ağrının zamana qalib gəlmədiyini anlayacaqsınız...

 

 

Öncə sükutu dinlə, sonra oxu.

1

Əlini səmadan çəkdi,

Dualarından küsən biri-

Yox oldu gözlərindəki

Dan ümidləri...

 

Qaranlıqda işığı

Axtarmaqdan yorulmadı

Gecənin yorğun kədəri...

 

İçində bitən bir sevgini

Sabaha dən səpdi

Bir yaz yağışında

Yenidən cücərər deyə...

 

Tanış olduğumuza şadam-

Ey ayrılıq elçisi...

Bilirsən, sənə də etibar yoxdu,

Bir gün mütləq görüşür bütün ayrılanlar...

Yasdamı, toydamı, ya da küçənin ortasında

Görüşür, ayrılıqlara imza atanlar...

 

Qəribədir, hamını unutsaq da, bircə “O”nu unuda bilmirik,

“O” asılır paltarlarımızın düymə yerindən,

“O” görünür eynəyimizin şüşəsindən,

“O” yazılır dərman reseptlərimizin sonuna...

 

Şərab da badəni sərxoş edirsə,

Gəlməyən hamıdan çıxıb gedirsə,

Sənin də şərabla aran düzəlir,

Sənin də hamıdan getməyin gəlir...

 

 

Qaranlığı sevməyən, işığı anlamaz...

2

Qələt edib oyunu pozdum,

Həyat gülməyənə ağlamağı öyrədir,

Ancaq ağlayana gülməyi öyrətmir...

 

Bir də küçələr var ki,

Adı şair, yazıçı oxunsa da,

Xatirələr küçəsidir,

Görüşlər küçəsidir,

Kimsəsizlər küçəsidir...

 

Məsələn, Rəşid Behbudov küçəsi-

Titrək baxışlar küçəsi kimi,

Təbriz küçəsi-

İlk sevginin utancaqlığı kimi

Yaddaşımı işğal edib,

əsir qalıb ömrümün ən gözəl illəri

həmin küçələrdə...

 

Səhərin gözü açılmamış,

Küçəni süpürən qadının

Saçlarını oxşayan meh

Siqnal səsindən ürküb

Yerini qarğış və söyüşə verir...

 

Sənin də qarğışın tutdu məni-

Xoşbəxt oldum, ancaq bu xoşbəxtliyimi

Başıma vuran qayğılar zəhləmi töküb...

 

Kim uydurub bu yalanı-

İlk sevgi unudulmur?

Bilirsən, hər şey unudulur,

Elə ilk sevgi də,

Təkcə ağrılar vəfalı olur,

Ürəyi tərk etmir əclafcasına...

 

Sən də ağac deyilsən,

Mən də yarpaq deyiləm.

Nədir bu küləyə etiraz,

Nədir bu yağışa hikkən?

 

Get, bulud ol, başımın üstündə-

Ancaq dolub eləmə, mənim yağışa

Hörmətim var...

 

 

Heç bir ağrı zamana qalib gəlmir...

3

Qaşlarını düyünləyib həyata tələ qurmaq olmur,

Bir gülüşə təslim olan kinləri deyim sənə...?

Sözünü tutmayanın yanında durmaq olmur,

Bu bayquş ulayan tinləri deyim sənə...?

 

Bizim görüşümüz Hira dağıdır,

Özündə böyük bir sirri saxlayır.

Keçmiş əhvalımız indi ağıdır,

Ölsə də, ruhunu diri saxlayır.

 

Əsən barmaqların üzümdə göynər,

Göynər, uzandıqca şəlalə saçın.

Nə mən əvvəlkiyəm, nə sən sonrakı,

Özgəyə aiddir, şöhrətin, şanın.

 

Boş qalmış qollarım çərpələng olub,

Zaman öz kefində uçurur bəxti.

İnanmaq işini çoxdan buraxdım,

Heç kimə güvənim qalmayıb, qəti.

 

Daha yer göstərir mənə adamlar,

Metroda, qatarda “əyləş” deyirlər.

Bu da qocalığın əlamətidir,

Kövrəlmə, belədir, “öyrəş” deyirlər.

 

Yenə gic damarım tutubdu mənim,

Yolda səkilərə “salam” verirəm.

Adamlar ötüşür bir-bir yanımdan,

Onları səkidən cansız bilirəm...

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.