
Super User
Şəhidlər barədə şeirlər – Əbubəkir İsmayılov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Əbubəkir İsmayılova həsr edilmiş şeirlə tanış olacaqsınız.
ƏBUBƏKİR VÜQAR OĞLU İSMAYILOV
(10.02.1990.-02.04.2016.)
Kürdəmirdə anadan olmuş, Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin baş leytenantı, pilot, Qarabağ uğrunda Aprel döyüşlərinin şəhidi
ŞƏHİDLƏR OLMASAYDI…
Bu Vətənin nə qədər cəsur insanları var,
Qorxmaz, mərd, şir ürəkli igid aslanları var,
İsmətli qız-gəlini, qoçaq oğlanları var,
Onlarlardan biz nə qədər söz-söhbət açsaq azdı,
Şəhidlər olmasaydı torpaq Vətən olmazdı!
Aprel şəhidlərindən biridir Əbubəkir,
Bu yurdun övladıdır – ana yurdu Kürdəmir,
Elə ömür yaşadı, hamıya örnək ömür,
İgid şahin səmada ölməz bir əsər yazdı,
Şəhidlər olmasaydı torpaq Vətən olmazdı!
Ali Hərbi Məktəbdə oxumaq məqsədiydi,
Təyyarəçi olmaqsa, arzusu, mətləbiydi,
Yolu özü seçmişdi, ürəyinin səsiydi,
Bu səs, bəlkə, tanrıdan gələn nida-avazdı,
Şəhidlər olmasaydı torpaq Vətən olmazdı!
Təhsili başa vurub, oldu yetkin bir zabit,
Həm geniş qəlbli idi, həm də qorxmaz bir igid,
Başqa cür olammazdı, almışdı halal öyüd,
Çətinlikdən qorxmazdı, heç nədən sarsılmazdı,
Şəhidlər olmasaydı torpaq Vətən olmazdı!
Qorxu nədir, bilməzdi, onu çoxdan qovmuşdu,
Aprel döyüşlərində qəhrəmantək vuruşdu,
Təbrizlə, Urfan ilə ölməzliyə qovuşdu,
Üç qardaş-üç dost idi, bu dostlar ayrılmazdı,
Şəhidlər olmasaydı torpaq Vətən olmazdı!
Şəhid olan zamanı küləklər saçın yoldu,
General olmasa da ucadan uca oldu,
Yaşamaqçın əbədi, neçə ürəyə doldu,
Elin Əbübəkirə məhəbbəti ölməzdi,
Şəhidlər olmasaydı torpaq Vətən olmazdı!
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
MƏDƏNİ İRSƏ QAYĞI və tarixi zərurət
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Bu silsilədən 3-cü və sonuncu məqalə
Məhəmməd Füzuli irsi Azərbaycan ədəbiyyatının və mədəniyyətinin möhtəşəm simvollarından biridir. Onun yubileylərinin dövlət səviyyəsində keçirilməsi yalnız bir sənətkara sayğı göstərmək deyil, həm də milli kimliyin və mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından tarixi və ideoloji önəm daşıyır.
Füzuli kimi dahi şəxsiyyətlərin irsinin dövlət himayəsi ilə yaşadılması, əslində milli mədəniyyətin və mənəviyyatın strateji xəttinin təcəssümüdür. Belə yubileylər: • Gənc nəsillərdə ədəbi-bədii irsə sevgi və maraq oyadır;
• Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması üçün geniş imkanlar yaradır;
• Dövlətin milli-mənəvi dəyərlərə olan qayğısını nümayiş etdirir;
• Elmi-mədəni diqqəti yubileyi keçirilən sənətkarın yaradıcılığına odaqlamış olur və bununla da, yeni araşdırma əsərləri meydana çıxır.
Azərbaycan xalqının mədəni xəzinəsində ən böyük sərvətlərdən olan Füzuli irsi, təkcə ədəbiyyat deyil, eyni zamanda fəlsəfə və mənəviyyat hadisəsidir. Onun yubileyləri yalnız ölkə içində deyil, xalqlararası miqyasda da qeyd olunur; bu isə Füzulinin bəşəri dəyərini və Azərbaycan mədəniyyətinin dünyaya verdiyi töhfələri bir daha təsdiq edir.
44 günlük müharibədə Azərbaycan xalqının qazandığı tarixi Zəfər, Qarabağın və onun bir parçası olan Füzuli şəhərinin işğaldan azad edilməsini təmin etdi. Füzuli şəhərinin yenidən qurulması və burada böyük tikinti-abadlıq işlərinin aparılması, “Böyük Qayıdış” proqramı əsasında məskunlaşmanın həyata keçirilməsi şairin yubileyinə böyük töhfə kimi xarakterizə oluna bilər. Füzulidə çalınan məktəb zənginin, Füzulidə eşidilən şən uşaq səslərinin, gənc gülüşlərin, Füzulidə şen olan ocaqların... – ustadlar ustadının ruhunu şad etdiyinin inancı içindəyik.
“Pənbeyi-daği-cünun içrə nihan” olan Füzuli şəhəri, işğalçı və havadarları tərəfindən ona biçilmiş kəfəni yırtdı, sökdü, əynindən çıxardı və dirilik libasını geyindi!
Füzuli şəhəri, yalnız bir coğrafi məkan deyil, həm də mədəniyyət və mənəvi irsin simvoludur. Böyük şairin yubiley ilində, onun adını daşıyan şəhərdəki təhsil, mədəniyyət ocaqlarında yubiley tədbirlərinin keçirilməsi, adının dərin sayğılarla anılması (necə deyərlər) sıradan tədbirlər kimi qəbul edilməməlidir. Bunlar mədəni irsə olan bağlılığı və ona göstərilən sayğını dosta da, dosta ola bilməyənlərə də nümayiş etdirir.
Füzulinin Füzulidə, ümumən Qarabağda, Gündoğar Zəngəzurda da anılması tarixi ədalətin bərpası ilə mənəvi dirçəlişi bir araya gətirir. Füzuli şəhərinin işğaldan qurtuluşu, ora insanın və insanlığın, mədəniyyətin qayıtması ilə Məhəmməd Füzulinin adının bir daha ucaldılması, Azərbaycan xalqının mədəni dəyərlərinə sahib çıxma əzmini göstərir.
Yubiley tədbirləri Zəfərin yalnız hərbi məzmun daşımadığını, onun həm də mədəniyyətin Zəfəri olduğunu vurğulayır; vurğulayır ki, Azərbaycan xalqının mənəvi irsinin gücü və bütövlüyü bütün dünyaya çatdırılmağı haqq edir. Azad Füzuli şəhərində həyat qaynamağa başlayır; bölgənin yenidən qurulması və mədəni mərkəzə çevrilməsi sürəcinə xidmət edən işlər görülür. Gələcəkdə Füzulidə yeni mədəniyyət ocaqlarının yaradılması; o cümlədən Füzuli irsinin öyrənilməsi üçün elmi və bədii platformaların qurulması kimi təşəbbüslər də təşviq edilə bilər. Füzuli şəhərinin, ümumən Qarabağın, Gündoğar Zəngəzurun dirçəldilməsi, orada mədəniyyət tədbirlərinin, sənət layihələrinin keçirilməsi, dostlara da, dost ola bilməyənlərə də yeni ismarıclar göndərir.
Mədəniyyət və bəşəri dəyərlərə əsaslanan həmin ismarıclar:
Qarabağın yalnız fiziki deyil, mənəvi işğaldan da qurtulduğunu sübut edir; Azərbaycanın mədəniyyət diplomatiyasını gücləndirir və xalqlararası təşkilatların diqqətini cəlb edir.
Böyüklüyündən, yığcamlığından asılı olmayaraq, Füzulinin 530 illiyi ilə bağlı tədbirlər, Qarabağa qayıdış sürəcində mənəvi dirçəlişin təzahürü kimi çıxış edir. Azərbaycan xalqı üçün bu hadisə: Zəfərin gətirdiyi ruh yüksəkliyini mədəniyyətin yüksəlişinə çevirmək; eləcə də, Füzulinin Eşq fəlsəfəsi ilə Vətən sevgisini bir daha vəsf etmək, tərənnüm etmək deməkdir.
“Edəməm tərk, Füzuli, səri-kuyin yarın, Vətənimdir, vətənimdir, vətənimdir, vətənim”! Füzulinin yubileyinin dövlət səviyyəsində keçirilməsi və 530 illiyin onun adını daşıyan azad Füzuli şəhərində də qeyd olunması, Azərbaycan xalqının mədəni özünüdərki, tarixi ədalət və milli mənəviyyatının dirçəlişi baxımından önəmlidir. Bu, yalnız Füzuli irsinə sayğıduyarlıq deyil, həm də Azərbaycan mədəniyyətinin qüdrətini, ruhi gücünü bir daha sübut edən ismarıclardır.
“Canı canan diləmiş, verməmək olmaz, ey dil!” - Eşq poeziyası dahisinin yubiley tədbirləri, onu çağdaş dönəmdə daha aydın və universal şəkildə tanıtmağa xidmət edir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Şəkillərdə: Füzuli şəhəri işğaldan azad edilərkən və indi.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
İçimdəki hər sükut bir dərddən, bir itirilən dəyərdən, amma ən əsası, bir azadlıqdan doğur - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bu ünvanlayacağım sözlər, məni özünə yaxın bilən dostuma, içində mühakimə edən ailəmə və mənim həqiqətimi görmədən məni dəyişməyə çalışan sevgilimə həsr olunur. Hər biri, daxilimdəki qarışıqlığın dərininə enmək əvəzinə, yalnız səthidə dolaşan bir düşüncə ilə məni anlamağa çalışır. Amma mənim sükutum, onların gördüyü boşluqlardan çox daha genişdir, daha sükunətli və daha həqiqi.
Mənə baxırsınız, amma məni heç vaxt görə bilməyəcəksiniz. Gözlərinizdə bir neçə toxunuş var, bəlkə də, mənim içimdəki "qaranlıqlara" doğru bir dəqiqəlik səssiz baxmaq istəmirsiniz. Sizin nə düşündüyünüzü bilmək, mənim sükutumu dərk etməkdən asan olardı, çünki bəzən heç bir söz daha güclü deyil. Mənim sükutum, boşluq deyil. Mənim sükutum həyatın mənasını daşıyır, ən qorxulu, ən dərindən gizlənən hisslərimi içində saxlayır. Hər sükutum bir xəyal, hər düşüncəm bir dünya yaratmağa qadirdir. Bu, heç də sizin gözlərinizdəki boşluğun əksinə deyil. Mənim üzüm bəzən sizə soyuq və qorxulu görünə bilər, amma hər şeydən əvvəl, mənim üzüm heç vaxt maska taxmadı.
Siz deyirsiniz ki, mən pisəm. Amma...
Pislik nədir?
Mənim üçün, bir şeyin pis olması, sadəcə, o şeyin qarşısına çıxmaq, sizin "yaxşılıq" anlayışlarınızı pozmaq deyil. Mənim üçün pislik - bu dünyada yaşamağın şərti olan bir dəyişiklikdir. Mənim üçün "yaxşılıq" dedikləriniz, sanki hər şeyin örtülməsidir. Cəmiyyət, hər şeyi nəzəriyyə üzrə "yaxşı" və "pis" olaraq ayırır, amma mənim dünyamda bu anlayışlar heç bir məna daşımır.
Mənim yolum, bu dünyada hər şeyin gerçək üzünü göstərmək üçün var. Bəli, mənim yolum çətin, qarışıq və bəzən qorxuludur, amma mənim içimdəki həmin qarışıqlıq, bir zamanlar sizin yaratmağa çalışdığınız qaydalardan qat-qat dərin və həqiqidir. Mənim gözlərimdəki bu qarışıqlığı anlamağa cəsarət etməsəniz, heç zaman doğrumu görə bilməyəcəksiniz.
Siz sadəlik axtarırsınız. Sizin dünyanızda hər şeyin qaydaları var, hər şey öz yerində, bir nizamla irəliləyir. Ancaq mənim dünyamda o nizamın heç bir yeri yoxdur. Mənim üçün həyat sizin dəqiq qrafiklərinizin içində sıxılacaq qədər kiçik deyil. Mənim həyatımda "sadəlik" yoxdu; hər şey mürəkkəbdir, hər şeyi daha çox anlamağa dəyər. Sadəlik yalnız bir pərdədir, bir illüziya. Və siz onu izləyərkən mənim içimdəki qarışıqlığı heç vaxt görə bilməyəcəksiniz. Mən sadəcə öz yolumla gedirəm, və o yol mənim öz daxili həqiqətimlə barışmağımdır. Mənim hər sükutumda bir neçə qırıq döyünən ürək var, hər addımımda isə həyatın ən tünd anları.
Sevgi...
Mənim sevdam, çox vaxt tərtib olunmuş qaydalara sığmaz. Mənim üçün sevgi, sadəcə bir duyğu deyil, o, insanın ən dərin yerindəki boşluqları, ağrıları və sonsuzluqları qəbul etmə haqqıdır. Sevgi içində gizlənmiş qaranlıqla barışmadığı müddətcə, heç vaxt tamlıq tapmaz. Mənim eşqim, mükəmməl deyil, amma bu, onu daha çox qiymətləndirir. Mənim sevdam, heç bir yerə bağlanmaz, çünki o, öz içimdə olan bir aləmdə yaşar. Mənim içimdəki sevgi də, mənim qarışıqlığım kimi, sərhədsizdir, əslində, heç bir tərifi belə mövcud deyil.
Siz deyirsiniz ki, mən pisəm, amma mən heç vaxt sizin "yaxşılıq" dediyiniz yolda addımlamamışam. Çünki mənim həqiqətim heç vaxt sizin tərtib etdiyiniz qaydalara sığmayacaq. Bəlkə də mən indi Çarlz Mansonu anlayıram, çünki o da özünü yaratmaq, dünyaya qarşı qalxmaq istəyirdi. Amma mən onun qəzəbini, dağıdıcı gücünü deyil, onun sükutunu, onun öz varlığını hissetmə və öz yolunutapma mübarizəsini anladım. Mənim yolum fərqlidir. Mənim yolumda heç bir qəzəb yoxdur, yalnız bir tənhalıq və onunla barışma haqqı var. Mən, bəzən, dünyanı dağıtmaq istəmirəm, amma dağıdılmaqdan qorxuram. Mənim sükutumda bütün bu qırıq parçalar mövcuddur. Mənim sükutum, zaman-zaman sizi qorxutsa da, yalnız mənim öz həyatımın real üzüdür.
Siz məni başa düşməyəcəksiniz. Amma mən buna öyrəşdim. Mənim içimdəki hər sükut bir dərddən, bir itirilən dəyərdən, amma ən əsası, bir azadlıqdan doğur. Mənim yolum, hər zaman sükutla, yalnız öz həqiqətimlə davam edəcək. Çünki bu yol, mənim hər addımımı işıqlandıran bir yoldur. Və bu yolda hər şey bir mənaya sahibdir, hər şey bir anlam dərinliyi daşıyır.
Varlığın özünü anlamaq üçün davam edən bir səfərdə, əzabın, qarışıqlığın və tənhalığın dərinliklərində sükut bəzən ən böyük cavabdır. Varlığın həqiqətini anlamaq, yalnız xarici dünyada deyil, daxilimizi, ən qorxulu və ən gizli künclərimizi öyrənməkdədir. Bəlkə də, biz heç vaxt tamamlanmayıb, mükəmməl olmayacağıq; bəlkə də heç vaxt tam olaraq anlaşılmayacağıq. Amma bu yol, əslində, özünü tapmaq üçün bir azadlıqdır.
Sükutda itirdiklərimizi tapmaq, qarışıqlıqda həqiqətimizi anlamaq, hər addımda bir az daha çox özümüz olmaqdır. Hər bir hərəkət, hər bir seçim haqqı, bizi daha da yaxınlaşdırır, amma hər zaman bir az daha uzaqlaşdırır da.
Bəlkə də həyatın özü, bu davamlı axtarışdır. Bu axtarış, nəhayət, insanın əlindən sürüşüb gedən, amma heç vaxt qurtara bilmədiyi bir arzuya çevrilir...
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
MƏZARDA YATAN SEVGİ - Fidan və Fatehin nakam sevgi hekayəsi
İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.
2-ci paylaşım
(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)
Bu cavab Fateh üçün olduqca gözlənilməz və sarsıdıcı oldu. Axı o, həqiqətən də Fidana bağlanmış və onu sevirdi. Bir daha gəlməyəcəkmi?!
Fateh ümudsiz addımlarla evlərinə tərəf yollandı. Onun həyatında böyük bir qəm-qüssə və kədər səhifəsi açılmışdı. Fikirdən bir neçə gün yuxusu və yeməyi də bir-birinə dəymişdi.
Fateh çox fikir edir, əzab çəkirdi. Lakin dərdini bölüşməyə kimisə tapa bilmirdi. Buna görə də öz dərdini öz içində boğmağa məcbur qaldı. Bundan sonra Fatehin dərslərində də ciddi problemlər yaranmağa başladı.
Fidanın birdəfəlik sinifi tərk etdiyini bilən bəzi qızlar Fatehin nəzərini özlərinə cəlb etməyə çalışsalar da Fateh yaşının azlığına baxmayaraq ilk sevgisini unutmur və daim onun fikiri ilə yaşayırdı. Əlbəttə, bütün bu acılıqlara rəğmən ürəyində yenidən Fidanla rastlaşacağına dair bir ümid işığı var idi.
Fidan xəbərsiz olaraq Fatehi tərk edib getsə də, Fateh heç bir zaman onu unutmadı və Fidanı öz xəyallarında yaşatmağa məcbur qaldı...
Hər halda o, Fidanın ailədə kiçik bir məktəbli qız olduğunu bilir, buna görə də bu xəbərsiz gedişin ondan asılı olmadığını yaxşı anlayırdı. Heç o zaman indiki kimi internet, mobil telefon və s. bu kimi texnologiya ölkədə mövcud olmadığından bu gedişi ona çatdırmaq mümkün deyildi. O, öz qəm-qüssə və kədərini daha çox heykəltaraşlıq və bəzən rəsm əsərləri çəkməklə dağıtmağa çalışırdı...
Nəhayət, ölkədə baş verən siyasi çaxnaşmalar və Sovet hakimiyyətinin süqutu zamanı gəlib çatdı. Bir tərəfdən ölkədə baş verən müharibə və siyasi gərginlik, digər tərəfdən isə özbaşınalıq hər bir sahədə öz mənfi təsirini göstərirdi.
İnsanlar azadlıq və müstəqillk arzusu ilə həyəcanlanırdılar. Lakin eyni halda ölkədə hakimiyyət dəyişikliyi nəticəsində bir çoxlarının qəlbində qurduğu xəyallar və arzular nakamlığa məhkum olmuşdu. Həmin nakam həyata məhkum olanlardan biri də, Fateh idi. Çünki o, vəziyyətin belə dəyişəcəyinə, qəlbən sevdiyi qızın onu xəbərsiz və səssiz-səmirsiz tərk edib gedəcəyini heç vaxt təsəvvür belə etmirdi...
Fateh orta təhsilini bitirdikdən sonra Türkiyəyə üz tutub orada universitetə qəbul oldu. Ölkə xaricində tələbə həyatı sürsə də, heç bir zaman Fidanı unutmur, onun xəyalları ilə yaşayır və hər yerdə onu axtarırdı. Neçə ildən sonra ailə həyatı qurmaq istədikdə isə yenidən Fidanı axtarmağa başladı. Əslində Fidanın digər yaxın qohumları da, onun bilmədiyi şəhərə köçdüklərindən onun barəsində kimsədən dəqiq məlumat əldə edə bilmirdi. Qonşularından kimisi onun ailə həyatı qurduğunu, kimisi isə hələ də subay qaldığı və Bakı şəhərində hüquq müdafiəçisi kimi çalışdığını bildirirdi.
Fateh dəfələrlə Fidanla maraqlansa da sanki kimlərsə buna mane olub xüsusi cavablarla onu Fidandan yayındırırdılar. O, aldığı cavablardan sanki Fidanın su olub yerə hopduğu və ya göyərçinə çevrilərək naməlum istiqamətə doğru qanad çalıb uçduğunu təsəvvür edirdi. Bütün bu cavablar Fatehə daha ağır gəlirdi. Çünki o, uzun illər boyu qəlbi və zehnində yaşatdığı Fidanı tamamilə əldən vermişdi. Bu illər boyu ona qalan yalnız acı kədər, qəm-qüssə və qəlbinə kök salmış xəyallar idi. Əlbəttə, onun şəxsi əşyaları arasında Fidandan qalmış xatirələr yalnız hər ilin may ayının son günlərində məktəbdə çəkilmiş kollektiv fotoşəkillər, bir də Fidanın müxtəlif vaxtlarda, xüsusilə də, 23 fevral günündə ona hədiyyə etdiyi yazılı açıqca, qələm və s. kimi kiçik, amma çox önəmli hədiyyələrdən ibarət idi. Fateh ara-sıra həmin fotoşəkillər və hədiyyələri açıb-baxır və keçmiş xatirələri kədərlə, bəzən də göz yaşları ilə xatırlayırdı.
İllər ötüb-keçdi. Fateh ali təhsilə yiyələndi və ölkə xaricində ali təhsilini başa vurduqdan sonra doğma vətənə qayıtdı. Artıq Fatehin Fidanı sevdiyindən uzun illər keçirdi. Qəlbə həkk olanı silmək mümkün deyildi. Buna görə ara-sıra Fidanı xatırlayır, bəzən daha çox əzablara qatlaşırdı. Fateh dəfələrlə internet üzərindən Fidanı axtarsa da, onunla bağlı heç bir məlumat əldə edə bilməmişdi.
Ozü ötən illər ərzində başqa birisi ilə ailə həyatı qurmuş və 2 övlad atası olsa da, ailə həyatı uğursuz olduğundan həyat yoldaşından ayrılmışdı. O, subay həyat tərzi sürdüyü halda yaşadığı şəhərdə incəsənət sahəsinə aid vəzifədə çalışırdı...
Amma onun uzun illər boyu çəkdiyi kədər və əzablar sanki birbən-birə sona çatdı. Belə ki, bir gün yuxuda Fidanı uşaqlıq dövründə olduğu simada gülən və onunla danışan halda görüb yuxudan ayıldı. Bəlkə də, bu yuxu ona bir ilham idi. Dərhal internet üzərində Fidanla bağlı məlumat əldə etməyə başladı. Lakin yenə də onunla bağlı heç bir məlumat tapa bilmədi. Onun bəlkə də öz adı və soyadını dəyişdirdiyini güman edərək ümidsiz və narahat hala düşdü.
Günorta çağı yaxın zamanlarda tanış olduğu Fidanın yaxın qohumlarının birinə müraciət edib nə qədər çətin olsa da, onun haqqında məlumat əldə etməyə çalışdı. O isə Fidanın neçə il öncə Rusiyadan Bakıya qayıtdığı və orada ailə həyatı qurduğu, ailə həyatının uğursuz olduğu üçün ayrıldığını və hal-hazırda özəl bir şirkətdə çalışdığını söylədi.
Fateh sanki bu xəbərdən özünü itirmişdi. O, uzun illər boyu ürəkdən bağlanıb sevdiyinə daha da yaxınlaşdığını hiss edirdi. Dərhal internet üzərindən onun çalışdığı şirkətin rəsmi internet saytına daxil oldu. Fidanın adı və soyadını yazdıqda uşaqlıq dövründə olduğu kimi incə, əsmər, qaragözlü bir xanımın foto şəkili və haqqında olan qısa bioqrafik məlumatla rastlaşdı. Orada göstərilən e-mail ünvanına qısa bir məktub göndərib özünü təqdim etdi və Fidanla görüşmək arzusunda olduğunu bildirdi.
İş yerindən icazə alaraq sabahsı gün hazırlaşıb, böyük ümid və şövqlə şəhərə doğru hərəkət etdi. Səhər saatlarında Fidanın çalışdığı özəl şirkətə daxil olub onun iş otağına tərəf getdi. Otağın qapısını döyüb Fidanı soruşdu. Lakin Fidan iş yerində yox idi. Katibə onun 1-2 saat sonra işə gələcəyini söylədi.
Fateh 2 saatdan sonra yenidən Fidanın iş yerinə döndü. Bu dəfə qapını döyüb icazə aldıqda otaqda stol arxasında incə, qaragözlü, əsmər və cazibədar bir xanımın əyləşdiyini gördü. Bu, Fatehin təxminən 30 il boyu sevib qəlbi və xəyallarında yaşatdığı Fidan idi.
Fidanın boyu və üz quruluşu bir az dəyişsə də, uşaqlıq dövründə malik olduğu incəliyi və cazibədarlığı olduğu kimi qalmışdı. Onun bir dəfə uğursuz ailə həyatı olsa da sanki yenicə göyərmiş fidan kimi incə görünürdü.
Fateh özünü təqdim etmədən salam verib otağa keçdi və ondan şirkətlə bağlı müəyyən məlumatlar almağa çalışdı. Fidan isə incə səsi ilə salamlaşıb danışmağa başladı. O, qarşısında dayanan şəxsin Fateh olduğunu anlamamışdı. Hətta, davranışından Fatehin dünən onun e-mail ünvanına yolladığı məktubu da oxumadığı hiss olunurdu. Fidan danışdıqca Fatehin gözləri dolmuşdu. Fidan bunu görüncə təəccüblə soruşdu:
- Bağışlayın, nəsə baş verib? Sizin gözləriniz dolub...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
“Yazmaq oxumağın cansız ruhudur” - KAMAL ABDULLANIN QRANULALARI
Bir müddətdir ki, Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edirdik, bu gün dərci yekunlaşdırırıq. Nə xoş ki, sizlər bu dərcləri maraqla qarşıladınız, onlardan xeyli bəhrələndiniz. Buna sizlərdən aldığımız rəylər sübutdur.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, Kamal Abdulladan son qranulalar:
1.
Yazmağa tələsən gənclər üçün: Yazmayın. Hələ oxuyun. Yazmaq oxumağın cansız ruhudur.
2.
Oxuyub başa düşməyə bilərsən. Dünyanın axırı olmaz. Yaxud oxuyub başa düşdüyünü zənn edə bilərsən. Yenə də dünyanın axırı olmaz. Oxuduğunun səndən kənar qalmasının bir səbəbi ola bilər. Kontekst sənə yaddır. Mənəvi, psixoloji, tarixi, intellektual kontekst sənə yaddısa, bax, bunun əlacı yoxdu. Bax, bu zaman dünyanın həqiqətən də axırı gəlir.
3.
“Məni daha gözləmə,
Gəlib yığılma
Səni görməyən gözlərimə.
Səni mən unutmaram,
Səni mən unutmaram,
Məni daha gözləmə.”
4.
Ramiz Rövşən: “Kamal yazanda dincəlir.”
Düz sözə nə deyəsən?!
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Qarabağın bülbülü dəfn olunanda ermənilər də ona hörmət əlaməti olaraq atəşkəsi pozmayıb
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur.
Səxavətin səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül", "Sona Bülbüllər" və s.
1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq çalğı ansamblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.
“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət "Qarabağ"la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.
Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da indiki Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalıb.
Səxavətlə bağlı xatirələr
Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alır. Orda ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamı mükəmməl səviyyədə öyrənir. Bu ərəfələrdə Səxavəti əsgər aparırlar. Üstündən bir xeyli vaxt keçir, jurnalistlər Hacıbaba Hüseynovdan “ən yaxşı tələbəniz kimdir” deyə soruşanda məşhur xanəndə deyir: “Ən yaxşı tələbəm əsgərlikdədir”.
Nikaraquada konsert verirmiş. Buzlu su da içib. Oxuyanda əcnəbilər dəhşətə gəliblər və gəlib boğazını yoxlayıblar ki, doğrudan da səs burdan çıxırmı. Onlara elə gəlibmiş ki, o səs aparatdan çıxır.
“Bəxt üzüyü” filmindəki qeyri-adi səsi hər kəsi heyrətə gətirir.
Əfrasiyab Bədəlbəylinin bəstələdiyi “Azad bir quşdum” mahnısını elə oxuyub ki, sanki onu elə özü yaradıb. Mahnı həm də onun ölümünə yazılıb elə bil: “Azad bir quşdum, yuvamdan uçdum, torpağa düşdüm bu gənc yaşımda”.
Dostu, ustad tarzən Möhlət Müslümov danışır ki, Səxavət toyunda “bəyhamamı”na bizə gəlmişdi. Yedik-içdik, Səxavət mənə dedi ki, o tarı gətir çal, eynimiz açılsın. Mən tar çaldım, o, oxudu. Necə bizə ruh gəldisə, toyu unutduq. Sən demə, gəlini gətiriblər, toy qurtarıb, evdə hamı bəyi axtarır. Qohum-əqrəba axtarış elan edib. Səxavətin atasının birdən ağlına gəlib ki, oğlu bizdə olacaq.
Konsertləri həmişə maraqla qarşılanırdı. 5-10 saat fasiləsiz oxuyurdu, yorulmurdu. Bir toyda, məclisdə ona dəfələrlə “Mirzə Hüseyn segahı” oxudurdular, Səxavətsə hamısını fərqli oxuyurdu.
Özü kasıb ailədən olsa da imkansız adamlara əl tutmağı sevərdi. Üstəlik, ilboyu qazandığı pulu qohum-əqrəbaya, kasıb-kusuba paylayırdı. Bir dəfə isə toydan gələndə qazandığı pulların hamısını maşının pəncərəsindən ehtiyacı olan adamlara paylayıb.
Yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi. Yuxudan durub və deyib: “Mən öləcəm”. Bu yuxudan bir ay sonra vəfat edib.
Səxavət Məmmədov Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulub, orda olan insanlara xeyli yardım edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb. Bundan başqa o, Qarabağ müharibəsi başlanan gündən cəbhə xəttində döyüşən əsgərlərə mütəmadi silah-sursat yardımı göstərib. Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaradıb. O, bu ansambl sayəsində ölkələri gəzir və Qarabağ həqiqətlərini dünyaya çatdırırdı.
Deyilənə görə, onu düşmən ermənilər də sənətkar kimi çox sevirlərmiş. Cəbhə bölgəsində yerləşən Abdal-Gülablı kəndində dəfni zamanı erməni tərəfi güllə atmayıb, ailə üzvlərinin və kənd adamlarının Səxavətin qəbrini ziyarət etməsinə şərait yaradıb.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
İğdırda Azərbaycan icması ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İğdır şəhərindəki Azərbaycan icması ilə görüşüb. İğdır Azərbaycan Evində baş tutan görüşdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitə sədri ölkəmizin diaspor siyasəti barədə geniş məlumat verib, komitənin həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə çıxış edib, icma üzvlərinə diaspor işinə verdikləri töhfələrə görə minnətdarlıq edib.
Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək yeni mərhələyə yüksəldildiyi, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğu nəzərə çatdırılıb.
Azərbaycanın Qarsdakı Baş Konsulu Zamin Əliyev icma ilə təşkil olunan görüşü yüksək qiymətləndirib, soydaşlarımızla daha yaxından tanış olmaqdan məmnunluq ifadə edib. Konsulluğun qapılarının hər bir azərbaycanlı üçün açıq olduğunu diqqətə çatdırıb.
İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar evin fəaliyyəti barədə hesabatla çıxış edib, Azərbaycan Evinin həm soydaşlarımız, həm də yerli ictimaiyyət üçün doğma məkana çevrildiyini diqqətə çatdırıb, yaradılan imkana, göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
Görüş fikir mübadiləsinin aparılması, sualların cavablandırılması ilə davam edib. İğdırda yaşayan azərbaycanlılar qazandıqları uğurlardan, icmanın fəaliyyət imkanlarının genişlənməsindən danışıb, qayğı və çətinliklərini dilə gətirib, açıq və səmimi müzakirəyə görə minnətdarlıq ifadə ediblər.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Gənclər Kitabxanasında Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi ilə əlaqədar olaraq silsilə materiallar hazırlanıb
Ötən gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli şairin yubileyi münasibətilə "Xalq şairi Zəlimxan Yaqub - 75 " adlı elektron məlumat bazası hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Xalq_shairi_Zelimxan_Yaqub_el_melumat_bazasi/index.html yerləşdirilib. Məlumat bazası şairin zəngin bədii yaradıcılığını, ictimai-siyasi fəaliyyətini əhatə etməklə özündə bir sıra bölmələri cəmləyir. Elektron məlumat bazasında Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Zəlimxan Yaqubun layiq görüldüyü orden, medal və təltiflərin verilməsinə dair imzalanan rəsmi sənədlər, şairə həsr edilən professorlar Qəzənfər Paşayevin “Zəlimxanın poeziya aləminə səyahət”, Akif Abbasovun “Ədəbiyyatımıza yeni ruh, yeni nəfəs gətirmiş Zəlimxan Yaqub”, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Sənsiz yaşamağa öyrəşmək çətin...” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Zəlimxan Yaqubun müəllifi, elmi rəhbəri və məsləhətçisi, redaktoru olduğu kitabların, məqalələrin, dissertasiya işlərinin siyahısı, açıq məktubları, müsahibə və söhbətləri də təqdim edilir. Müəllif haqqında qələmə alınan kitab və məqalələrin yer aldığı elektron bazada şairin kitablarının virtual sərgisi, video və foto qalereyası da sərgilənir.
Kitabxanada Xalq şairi Zəlimxan Yaqubun həyat və yaradıcılığına, ictimai fəaliyyətinə həsr edilən virtual kitab sərgisi də hazırlanıb. Kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/zelimxan-yaqub-75 yerləşdirilən virtual sərgidə “Təltif və mükafatlar”, “İlk yaradıcılıq nümunələri” kimi bölmələrlə yanaşı Zəlimxan Yaqubun müəllifi olduğu “Qayıdaq əvvəlki xatirələrə”, “Millətdə, dövlətdə, sənətdə”, “Düşüncələrin simfoniyası”, “Mən bir dağ çayıyam”, “Mən öz dastanımı yazıb gəlmişəm” “Özün basdırdığın ağaca söykən” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri də təqdim edilir.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Azərbaycan muğamı “Əl-Cəzirə” telekanalında
Qətərin “Əl-Cəzirə” telekanalı Azərbaycan muğamı barədə veriliş hazırlayıb.
AzərTAC xəbər verir ki, telekanalın əməkdaşı Nik Klark yarım saatlıq verilişdə Azərbaycanın Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova ilə müsahibəni təqdim edib.
O qeyd edib ki, Alim Qasımov səsi ilə dünya miqyasında izləyiciləri məftun edən sənətkardır, onun ifası qədim hekayələri müasir dünyada aktuallaşdırır.
İfaçılar Alim Qasımov və Fərqanə Qasımova muğam sənəti barədə fikirlərini bölüşüblər.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Praqada “Qanlı Yanvar” filmi göstərilib
Yanvarın 20-də Praqadakı Azərbaycan Mədəniyyət Mərkəzində Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filminin nümayişi olub.
AzərTAC xəbər verir ki, filmin nümayişinə Azərbaycan diasporunun, ölkəmizin və Türkiyə səfirliyinin nümayəndələri toplaşıblar.
Filmə baxdıqdan sonra diskussiya aparılıb və Azərbaycan diasporunun nümayəndələri bu faciəli hadisə ilə bağlı şəxsi acı xatirələrini bölüşüblər.
Azərbaycan Mədəniyyət Mərkəzində açılan kinoklub çərçivəsində nümayiş etdirildiyi üçün gecənin iştirakçıları filmin bədii komponentini də müzakirə ediblər. Türkiyə səfirliyinin konsulu Volkan Tanıldız da bu faciəli tarixlə bağlı başsağlığı verib və filmlə bağlı fikirlərini bildirib.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)