Bir alimin manifesti -HAFİZ PAŞAYEVİN DOĞUM GÜNÜNƏ Featured

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 Ziyalılıq ruhla bağlı olan bir əlamətdir. Əgər insanın ruhu sağlam, təfəkkürü güclü, zəkası iti, təbiəti gözəl deyilsə, bu məqama yetişə bilmir. Ziyalı sözü özündə incə zövq, dərin düşüncə, uzaqgörənlik, mədəni davranış, mərhəmət, müdriklik ehtiva edən adamlara deyilir. Bu gün sizə onlardan biri- Hafiz Paşayevdən söhbət açmaq istəyirəm...

 Atası filologiya elmləri doktoru, professor, ölkəmizin əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayev uzun illər Azərbaycan ziyalılarının formalaşmasında böyük xidmətləri olan bir insan olub. Əlbəttə ki, belə bir insanın ailəsində göz açıb böyüyən şəxs sözün əsl mənasında ziyalı- şəxsiyyət kimi yetişməliydi...

 Hafiz Paşayev 1941-ci ilin may ayının 2-də Bakı şəhərində dünyaya gəlib. Uzun illər AMEA-nın Fizika İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Fizika elmləri doktorudur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Amerikada ölkəmizin ilk elçisi olub. Daha doğrusu, 1992-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-da, o cümlədən Meksika və Kanadada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyib. 2006-cı ildə Azərbaycan Diplomatik Akademiyası Universitetinin rektoru vəzifəsinə təyin olunub. Hazırda həmin vəzifədə çalışır...

 Deyir ki: - “İlk dəfə 1975-ci ildə elmi araşdırmalarla bağlı Amerikaya yolum düşəndə 34 yaşım vardı, gənc idim. Təsəvvür edin, qapalı Sovet İttifaqından Amerika kimi demokratik, rəngarəng bir ölkəyə düşürsən və burada bir il yaşamaq şansın olur. Adam heyrətlənməyə bilmir. Axı yeniyetmə çağlarımdan Amerikaya musiqi mədəniyyətinin, daha doğrusu CAZın beşiyi kimi rəğbətim vardı”...

Məktəb illərindən caza böyük həvəsi olub. Xüsusi zövqlə radiodan izləyər, musiqinin bu janrı ilə bağlı müxtəlif mənbələrdən məlumatlar toplayardı. İlk dəfə ABŞ-da yaşadığı müddətdə isə caz musiqisini əks etdirən xeyli qrammofon valları alıb vətənə gətirmişdi...

Aradan on altı il ötəndən sonra, 1992-ci ildə yenidən Amerikaya dönür. Bu dəfə Azərbaycan Respublikasını təmsil edən fövqəladə və səlahiyyətli səfir kimi. Onun üçün Amerika artıq yaxından tanıdığı bir ölkə idi. Necə deyərlər, Amerikanı çoxdan kəşf etmişdi...

İlk səfirimiz ABŞ-a gedənədə nəinki sadə amerikalılar, heç dövlət məmurları da Azərbaycanın mövcudluğundan xəbərdar deyildilər. Bu ölkənin xəritədə harada əks olunduğunu belə bilmirdilər. Söylədiyi kimi, köhnə təcrübə yeni şəkildə özünü büruzə verdi. Uğur ardınca uğurlar gətirdi. Düz on dörd il bu vəzifədə çalışdı. Azərbaycanı okeanın o tayında şərəflə, ləyaqətlə təmsil etdi. Ölkəmiz ABŞ-ın dövlət strukturlarında tanınmağa başladı. Konqresmenlər, senatorlar, dövlət adamları, müxtəlif böyük şirkətlər Azərbaycana ayaq açdılar...

...ABŞ-da yaşayarkən Miçiqan ştatında məskunlaşan, Amerikanın ilk ürək cərrahlarından biri, İran Azərbaycanından olan həkim Şapur Ənsari ilə ailəvi dostluq edirdik. Evində elə bir məclis olmazdı ki, məni dəvət etməsin. Çox zəngin və imkanlı azərbaycanlılardan biridir. Bakıdan olduğum üçün, səksən bir yaşlı bu soydaşımız hər məni görəndə köhnə dostu Hafiz Paşayev barəsində xoş xatirələrini bölüşürdü. Onu bir şəxsiyyət kimi elə xarakterizə edirdi ki, heyran qalırdım. Deyirdi ki, çox alicənab, kübar, yüksək intellektli, uzaqgörən, müdrik, təvazökar, ağayanə insandır...

“Orta məktəbdə oxuyanda dəqiq elmlərdən qiymətlərim yüksək idi. Amma ədəbiyyatdan, tarixdən elə də yaxşı deyildi. Məktəbi bitirəndə atam mənə humanitar sahəni seçməyimi tövsiyə etdi. O vaxt əksər ədib və yazıçıların övladları humanitar elmlərə meyilli idilər. Mən isə qəti şəkildə bildirdim ki, fizik olmaq istəyirəm. Atam qərarıma hörmətlə yanaşıb, bir söz demədi”- söyləyir.

 Fəqət, genlə ötürülən istedad gec-tez özünü büruzə verir. İki kitab müəllifidir. İlk əsəri, “Bir səfirin manifesti” kitabı Amerikada yaşayıb çalışdığı illərdə şahidi olduğu hadisələrin, diplomatik gedişlərin, qazanılan uğurların təcəssümüdür. Bu kitabda Onun ömrünün müəyyən bir hissəsi öz əksini tapıb...

Uzun illərdir ki, rəsm və dostluq şarjları çəkir. Amma nədənsə, buna hobbi kimi baxır, üzə çıxartmır...

Mesenatlığı isə ğz yerində. Azərbaycanın ictimai fikir tarixinə, ədəbiyyatına, elminə verdiyi sanballı töhfələrdən biri də Qori Müəllimlər Seminariyasının Qazax filialının bərpasını həyata keçirməyi olub.

Bəli, bu gün mayın 2-si Hafiz Paşayevin ad günüdür. Onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, xoş müjdəli günlər arzulayırıq.

84 yaşı mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.