ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət” üçün 

 

Bildiyiniz kimi, xalq yazıçısı İsmayıl Şıxlının özündən sonra qiymətli əsərləri ilə yanaşı, övladları da yadigar qalıb. Bu gün sizə onun rəssam oğlu Fərrux Şıxlınskidən söhbət açmaq istəyirəm. Axı dünən - yanvarın 16-sı Fərrux bəyin növbəti ad günüydü…

 

Deyir ki:- “Çoxdan idi kinoteatra getmirdim. Lap çoxdan. Bəlkə də ölkəmiz müstəqillik qazanandan bu yana. Yox, kinoya baxmaq həvəsim ölməyib, qabağımda pürrəngi çay, divanda yayxanıb televizorda yaxşı bir filmə tamaşa etməyi xoşlayıram. Bəlkə də kinoteatra getməməyimin səbəblərindən biri məhz elə istədiyin kino əsərinə evdən çıxmadan baxmaq imkanının olmasıdır. Başqa bir səbəb isə yəqin ki, bir ara kinoteatrların bağlanıb yerlərində restoran və kafelərin açılması idi. Bir ara deyəndə, bu vəziyyət elə indinin özündə də davam edir. Şəhərin göbəyində, Natəvanın heykəli önündə dayanıb arxasındakı gitaraya baxaraq buna şahid olmaq olar… ”

 

Çox məsuliyyətli adamdır. Yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. Plan qurmağı, hər hansı bir ideyanı həyata keçirmək üçün “yol xəritəsi” çəkməyi yaxşı bacarır. Məntiqlə hərəkət etməyi xoşlayır. Xəyalpərəst deyil. Hadisələrə həmişə real baxır, hər zaman mükəmməlliyin tərəfindədir, ona görə də onun xəyal qurduğunu asanlıqla görə bilməzsiniz...

 

Fərrux Şıxlinski 1962-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət incəsənət İnstitutunun Rəssamlıq fakultəsini bitirib. Universiteti bitirdikdən sonra hərbi xidmətdə olub. Daha sonra Elmi-Tədqiqat Texniki Estetika İnstitutunda (ÜETTEİ) dizayner, "Ədəbiyyat və İncəsənət", "Ayna"- "Zerkalo" qəzetlərində rəssamlıq edib. "Həftə sonu plyus"-"Week-end plyus" qəzetində baş redaktor işləyib. Hazırda "Ayna"-"Zerkalo" qəzetlərinin məsul katibidir...

 

“Təəssüf ki, cəmiyyətimizdə bir çox şeyi dərinliyinə varmadan, mənasını anlamadan, yalnız gündəlik dəbə uyğun olaraq yerinə yetirir, zahiri görüntü yaradırıq. Təki qonşudan geri qalmayaq. Belə olmasa idi konsertə geyinib-kecinib özümüzü göstərməyə yox, musiqiyə qulaq asmağa, hər hansı bir komandamız beynəlxalq yarışda iştirak edəndə stadiona selfi çəkdirməyə deyil, futbola baxmağa gedərdik.”- söyləyir...

 

Zəhmətkeş, ciddi, bütün təşəbbüslərində uğurlu birisidir. Soyuqqanlı, ora-bura vurnuxmayan, münasibətlərində isə mülayimdir. Nə istədiyini yaxşı bilir, gündəlik boş söhbətlərə çox da uymur, lakin çox güclü, məqsədyönlü və qətiyyətlidir. Gözəl yumor hissi var...

 

Bəli, xalq yazıçısı İsmayıl Şıxlının yadigarı- rəssam oğlu Fərrux bəyin 63 yaşı tamam oldu. Mübarəkdir!

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətimizin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

 

Artıq bir neçə gündən sonra Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34 illiyini qeyd edəcəyik. Artıq şəhidlərimizin xatirəsinə həsr olunmuş kütləvi tədbirlər keçirilir. Müqəddəs şəhidlərimiz yad olunur. 

Bu günlərdə Oğuz rayon Mərkəzi Kitabxanasında keçirilmiş tədbirlərdən biri də 20 Yanvar şəhidlərimizə həsr olunmuşdur. Belə ki, kitabxananın informasiya resursları şöbəsi tərəfindən 20 Yanvar hadisələrini özündə əks etdirən kitablardan ibarət virtual sərgi təşkil edilmişdir. Sərgi maraqla qarşılanmışdır. Bunu izləyici sayı da göstərmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Nazim Hikmət:

“Mən bir ceviz ağacıyam Gülhanə parkında,

Nə sən bunun farkındasan, nə polis farkında...”

Sən bunu bilsəydin, yanıma gələrdin, məni əzizlərdin.

Polis bunu bilsəydi, gəlib tutuqlardı.

2.

Oljas Süleymenov: “Şair gərək Allah qədər gözəl olsun bu dünyada...”

Allah qədər gözəl olan şairləri də Allah özü yaradır.

3.

Tənqidimizdə müqayisələr, assosiasiyalar, digər mədəni xətlərə, istiqamətlərə keçid, təəssüf ki, yoxdur. Hansısa bədii əsər hansısa musiqi parçası ilə müqayisə olunubmu?! Hansısa rəsm nümunəsi ilə necə? Ya memarlıq abidəsi ilə? Olunmayıb! Bütöv mədəni hadisəni bizim tənqidçilər görə bilmir. Mən hələ digər ölkə ədəbiyyatlarındakı oxşar kontekstləri demirəm. Yazarkən yalnız bir əsərdən danışan tənqidçi korridada ancaq qırmızı rəngə reaksiya verən öküz kimidir. Bu müqayisədən incimək lazım deyil. Hərdən Baş Allah Zevs də öküz cildində zühur edirdi.

4.

Homerdə və Dədə Qorqudda savaş səhnələri. Biri geniş təfərrüat nümayiş etdirir, ölən və öldürən qəhrəmanların ailə üzvlərinə qədər informasiya verir - bu, Homerdir. O biri tələsir, ixtisarlar edir - bu, Dədə Qorquddur. Biri tam olaraq qeyri-səlis məntiqlə hərəkət edir, təqribi təsvirlər edir - bu, Dədə Qorquddur. O biri qeyri-səlis məntiqi aradan götürməyə, reallığı tam olaraq əks etməyə çalışır. Bu da Homerdir. Əlbəttə ki, Aristotel qeyri-səlis düşüncə ilə dünyaya baxa bilməzdi. Ona tanış olan bədii model səlis düşüncə modeli idi.

5.

Borxesin bir gözəl hekayəsi var. Adı belədir: “Funes - yaddaşın möcüzəsi”. Funes 24 saat ərzində ətrafında nə baş verirsə, hər şeyi yaddaşına yaza bilir. Bütün təfərrüatları ifadə edir. Onun baxışından heç nə qaçıb gizlənə bilmir.

Biz həyatda belə edə bilmirik. Funes reallığı tam olaraq özü ilə qapayan bir örtüdür (hedcdir). Adi adam bunu edə bilməz. Bizlər reallığı ancaq təqribi, adda-budda, bizə uyğun tərəfdən ifadə edə bilirik. Biz qeyri-səlis məntiqlə yaşayırıq. Səlis məntiqlə Funes kimi yaşamaq mümkün olmazdı.

6.

Qırxayaqdan soruşdular ki, sən hərəkət edən zaman hansı ayağını əvvəl, hansını sonra atırsan? Qırxayaq bir xeyli hərəkətsiz qalıb bu sualın cavabını düşündü. Və daha heç bir hərəkət edə bilmədi.

7.

Hər sirrini sanki tanıdığın bu qoca və hiyləgər dünya haqqında “artıq məni heç nə ilə aldada bilməzsən” düşündüyün zaman ən sonunda gözlənilmədən qəfil bir eşqə mübtəla olursan və... sevirsən. Deməli, yenidən aldanırsan.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

 

 

 

Cümə, 17 Yanvar 2025 14:04

Həyat bir körpüdür – ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən həyata nifrət edirəm.

Hər kəs, hər şey eyni, bərabər şəkildə olmadığı üçün.

Bu dünyanı bəziləri xoşbəxt yaşarkən, bəziləri hər kəsdən qaçaraq, görünmədən bir küncə qısılıb, öz bədbəxtliyinə bir ömür dözməyə məcbur olaraq yaşayır. Bəlkə də, ən çox onlar gülməyə layiq idi...

Hanı ədalət? Hanı azadlıq? Hanı kimsənin yaşamağa doymadığı, ölməyi xatırlamadığı dünyanın gözəlliyi? Hanı? Bəlkə bunu görməyən yeganə insan mənəm? Deyin!... Susmayın!...

Soruşsan, kimsə ölmək istəmir; hamı sürünsə belə yaşamaq, sonsuza qədər var olmaq istəyir. Biz ölməkdən qorxuruq? Yoxsa ölərkən öldürdüklərimizi görməkdən qorxuruq? Bəlkə də yaşarkən öldüyünü, ölərkən yaşayacağını unutduğun üçündür bu təlaş, bu savaş, bu qaçaqaç!...

Mən indi əzab çəkirəm; həyatı bu qədər ciddiyə aldığım üçün. Həyat ciddiyə alınacaq qədər möhtəşəm bir yer deyil, bunu anladığım gün hər şey dəyişdi gözümdə. Başa düşdüm ki, həyat insanların anlatdığı, nağıl və hekayələrdə yazıldığı mənalardan ibarət deyil. Həyat, sadəcə ölmək üçün var olduğun zamanın bir parçasıdır.

İndi mən həyatı ölmək üçün yaşayıram!

Həyat bir körpüdür və bu körpüdən kimi tutunaraq, kimi sürünərək, kimi düşə -qalxa, kimi də dimdik keçər!

Körpü dağılmadan sən də oyan!

Və o körpünü yenidən inşa et!..

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

                                                                                                                     

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:

 

11) Məqsədyönlü olmaq.

Məqsədinə çatmaq üçün mütləq mücadilə etməli, adi çətinlikdən, uğursuzluqdan sınmamalısan. Həyatda heç nəyə insan asan nail ola bilməz. Uğur yolu daş-kəsəkli, eniş-yoxuşludur, onu minbir əziyyətə qatlaşaraq dəf etməlisən. Qarşına çıxan barılar, hasarlar yolundan sapınmağına səbəb olmamalıdır. Yalnız son nəticəyə hesablanmış inamla məqsədyönlü şəkildə uğura nail olmaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış tetar və ədəbiyyat xadimi Ağalar İdrisoğlunun yaradıcılıq nümunələri ilə sizlərin tanışlığınızı davam etdirir. Bu gün sizlərə “Sərçənin də Allahı var” adlı pritça təqdim ediləcək.

 

 

 

 

 Allah bir sərçənin belə yerə düşdüyünü görür    nəzərə alır.

                                                                     İsa Peyğəmbər

 

Bu maraqlı əhvalatı, rəvayəti mənə, artıq hər şeyə böyük maraq göstərdiyim yeniyetməlik illərimdə atam danışıb. O vaxtdan çoxlu aylar, illər ötüb. Dünyanı lərzəyə salan böyük tarixi hadisələr, faciələr baş verib... Həmin hadisələrin, faciələrin bəzilərini yaddan çıxarsam da, amma atamın danışdığı bu rəvayət çox maraqlı olduğuna görə, yaddaşıma əbədilik hopub və yaddaşımın ən dərin qatlarına yazılıb.

Bu rəvayəti də yəqin ki, ona da atası, atasına da babası danışıb. Beləliklə, bu rəvayət bir həyat məktəbi, bir həyat dərsi kimi nəsildən-nəsilə ötürülüb...

Beləliklə, bu rəvayət uzun illərdi ki, bizim ailədə hamı tərəfindən qəbul olunmuş, bəyənilmiş bir nəsihət, vəsiyyətdi. Çünki bu əhvalatı, bu rəvayəti mən də öz övladlarıma, nəvələrimə danışmışam. Hətta nəvələrim də artıq bu əhvalatı, bu rəvayəti yaxşı bilirlər və məktəbdə öz sinif yoldaşlarına danışırlar..

Ən maraqlısı budur ki, nəsillər dəyişsə də, illər, əsrlər bir-birini əvəz eləsə də bu rəvayət heç vaxt köhnəlmir və inanıram ki, həmişə müasirliyini də qoruyub saxlayacaq. Yəqin ki, insanlar nə qədər  Yer üzündə yaşayır, bu rəvayət də həmişə müasir olacaq. Nə qədər ki, haqq-ədalət bərqərar olmayıb, bu rəvayəti eşidənlər tərəfindən həmişə yəqin ki, maraqla qarşılanacaq. Və insanlar tərəfində bir-birinə ötürüləcək. Təki insanlar bu rəvayəti eşitsin, dərk eləsin, ibrət götürsün və yaddaşlarına köçürsünlər...

... Hə, əzizlərim, belə rəvayət eləyirlər ki, dağlıq, qayalıq bir yerdə, kiçik talada yalnız bir uca, qollu-budaqlı ağac varmış. Həmin ağacın dibindən isə suyu dupduru böyük bir bulaq, yerin dərin qatlarından çıxaraq, özünə kiçik cığır açaraq, qayaların arasından iti surətlə dərəyə tökülürmuş. Bulağın axdığı həmin cığırın ətrafı, müalicə əhəmiyyətli  yaşıl otlarla, gül-çiçəklə qayalığa xüsusi bir gözəllik, yaraşıq verirmiş. Bu gözəlliyin, yaraşığın şah əsəri isə qollu-budaqlı, əsrləri yola salan həmin yalnız ağacmış. İlin bütün fəsillərində həmişə yamyaşıl olan bu ağaca haradansa uçub gələn quşlar qonsa  da, yalnız  bir sərçə bu qollu-budaqlı ağacı özünə doğma yurd yeri seçərək, yuva qurubmuş. Sərçə qurduğu yuvaya yumurtalar qoyur və bala çıxartmaq istəyirmiş. Hər dəfə də bu bulaqdan su içməyə gələn nəhəng Fil, bulağın suyundan içəndən sonra belini ağaca sürtürmüş ki, belinin, bədəninin qaşınan yerlərini sakitləşdirsin. Amma Filin  gücü çox olduğundan və özünü ağaca möhkəm sürtdüyündən, nəhəng ağac silkələnir və Sərçənin yuvası uçub yerə düşür, oradakı yumurtalar sınırmış. Sərçə də öz dilində deyinə-deyinə, ah-nalə qopararaq, yenidən özünə yuva qurur və yumurtalar qoyurmış ki, heç olmasa bir dəfə bala çıxara bilsin. Ayda ən azı bir dəfə bu bulaqdan su içməyə gələn Fil də, hər dəfə ağaca sürtünəndə, Sərçənin bala çıxartmaq ümidlərini, arzularını  puç  eləyirmiş...

Beləliklə, hər dəfə yuvası dağılan, yumurtaları sınan Sərçə vay-şivən eləyir və Filə yalvarırmış ki, heç olmasa ona bir dəfə imkan versin, bala çıxarıb, öz kamına, öz arzusuna, istəyinə yetişsin. Sərçənin bu yalvarışlarını, vay-şivənini eşidən Fil, onun bu hərəkətlərinə gülüb, lovğa-lovğa deyirmiş:

- Pah!.. Guya sənin də balaların olsa dünya düzələcək? Sən kimsən ki? Bapbalaca sərçəsən də. Sənin yaşamağınla, balalar çıxartmağınla bu geniş, nəhəng dünya nə xeyir görəcək? Nə qazanacaq? Heç nə. Bax mən Filəm. Nəhəngəm. Güclüyəm. Onu da bil ki, dünya güclülərin dünyasıdı, sənin kimi gücsüz sərçələrin yox. Dünyanı həmişə fil kimi güclülər, nəhənglər idarə eləyir. Sənin kimi törtöküntülər bu dünyada heç kimə, heç nəyə lazım deyilsiz. Ona görə elə sizlərin nəsli kəsilsə daha yaxşıdı. Çünki  Yer kürrəsi də sizin kimi törtöküntülərdən bir qədər dincələr. Rahatlaşar... Təbiətdə bu qədər hadisələr baş verməz...

-  Axı nə olsun ki, dünyanı güclülər idarə eləyir?  Məgər biz gücsüzlərin, sərçələrin Allahı yoxdur? Əgər siz varsınızsa biz gücsüzlər bu yer üzündə yaşamamalıyıq? Bizim yaşamağa, öz nəslimizi artırmağa haqqımız yoxdur? - deyə, Sərçə qayaların, daşların üstünə düşüb sınmış yumurtalarına yazıq-yazıq baxıb, ağlayırmış.

- Yox! Yaşamamalısız! Hələ çox çəm-xəm eləsən, sənin özünü də ayağımın altına salıb, tapdalayaram, - deyə, Fil ona sərt cavab verib,  özündən razı halda  oradan uzaqlaşırmış.

Uçmuş yuvasına, sınmış yumurtalarına baxan Sərçə yenidən ah-vay eləyə-eləyə özünə yuva qururmuş ki, bəlkə Filin ürəyinə bir Allah xofu, Tanrı mehri gələr və onun yuvasını daha uçurmaz. Amma nə Sərçə öz ümidlərindən dönmür, nə də Fil özünün bəd  əməllərindən əl çəkmirmiş. Artıq cana doyan, arzuları puç olan, əli hər şeydən üzülən və bala çıxarmaq ümidi ilə  gecə-gündüz yaşayan Sərçə belə qərara gəlir ki, bu işə bir son qoysun. Bir əncam çəksin. Axı ölmək-ölməkdirsə, bəs xırıldamaq nə deməkdi? Məgər doğrudanmı Fil haqlıdı? Doğrudanmı onun hegemonluğuna, mənəm-mənəmliyinə, özündən müşdəbehliyinə  son qoymaq olmaz?

O, uçub quşların padşahı Qartalın yanına gəlir və hər dəfə başına gələn qəmli, faciəli əhvalatı olduğu kimi ona danışır. Sərəçəyə diqqətlə qulaq asan, həmişə haqqı, haqq işi, haqq əməli müdafiə eləyən Qartal, Filin bu əməlinə, bu qəddarlığına çox qeyzlənir və sağsağanların başçısını yanına çağırıb deyir:

-  Fil artıq ağlını itirib. İndi də biz quşları məhv eləmək istəyir.  Amma  biz imkan vermərik. Tez ol, iki yüz sağsağan topla! Qoy onlar uçub getsinlər və görsünlər ki, Fil harada yatıb, ona hücum eləyib, gözlərini didib, kor eləsinlər! Ondan sonra Fil başa düşər ki, bu gen dünya təkcə fillərin yox, həm də sərçələrindi. Axı filləri yaradan  qadir, gözəl Allah sərçələri də yaradıb. Onlara da imkan verib ki, bu  Yer kürrəsində yaşasınlar. Deməli, Böyük Yaradan həm də sərçələrin Allahıdı.

-  Oldu əlahəzrət Qartal. Sizin əmriniz bizimçün qanundur,- deyə sağsağanların başçısı tez iki yüz sağsağan toplayıb, onlara əmr eləyir ki, gedib Fili tapsınlar və Qartalın əmrini təcili  yerinə yetirsinlər.

Sağsağanlar, Sərçəylə birlikdə uçub Fili axtarmağa gedirlər. Sərçə görür ki, Fil bir qayının yanında yatıb, özünü günə verir. Sərçə, sağsağanlara onu göstərir. İki yüz sağsağan birlikdə qeyzlə Filə hücum eləyib, ona heç yerindən durmağa belə imkan verməyib, hər iki gözünü dimdikləri ilə deşib, yekəpər, özündən razı Fili kor eləyirlər. Gözləri kor olan, işıqlı dünya ona zil qaranlığa çevrilən Filin, gözlərindən axan qan, xortumundan yerə tökülür. O, ah-vay eləyir. Öz-özünə fikirləşir: “Axı mən, kimə nə pislik eləmişəm ki, başıma belə bir faciəni gətirdilər?.. Məni kor eləyib, işıqlı dünyaya baxmağa həsrət qoydular?”. Amma  Fil, bu suallara heç bir cavab tapa  bilmir. O, həm də bir şeyə təəccüb eləyir ki, onun kimi güclü, heyvanların onu görəndə qorxudan zağ-zağ əsdiyi vaxtda axı adicə sağsağanlar kimə güvənib, necə cəsarət eləyib, ona hücüm eləyiblər və hətta onun gözlərini də çıxarıblar. Doğrudanmı  Yer kürrəsində ondan da güclülər var?..

Filin kor olmasından ürəyi soyumayan Sərçə, fikirləşir ki, bu qəddardan, nadandan, vəhşidən uçan yuvasının, sınan yumurtalarının, Filin ayaqladığı ətçə balalarının hayıfını indi neçə alsın? Onu birdəfəlik məhv eləməkçün daha nə eləsin?

Bir müddət fikirləşir, dağı-arana, aranı-dağa aparır və axırda istədiyini tapır. Beyninə, yeni bir fikir gəlir... Sərçə uçub, qurbağaların padışahı Timsahın yanına gəlir. Filin onun başına gətirdiyi faciəli, qəmli hadisəni Timsaha da danışır... Ağlayır. Vay-şivən eləyir. Sərçənin başına gələn bu faciəli hadisədən Timsahın ürəyinə bir mehr qonur və fikirləşir ki, ona hökmən kömək eləmək lazımdı. Qoy bu hadisə ağlı olmayan, özündən müştəbehlərə, dünyada “mənəm-mənəm” deyənlərə bir dərs olsun. O, qurbağaların başçısını yanına çağırıb əmr eləyir:

- Tez yüz qurbağa toparla və atdana-atdana gedin, harada Fil yatıb, onun yanına. Qalanını Sərçə özü sizə başa salacaq nə eləmək lazımdı. Allahını tanımayan, gücsüzlərə zülm eləyən Filə biz, öz gücümüzü göstərməliyik! Qoy bu, bütün güclülərə layiqli bir dərs olsun ki, daha bundan sonra gücsüzləri incitməsinlər.

Hə, əzizlərim. Qurbağalar atıla-atıla və Sərçə də uçu-uça Filin uzandığı yerə gəlirlər. Səçrə qurbağaları başa salır və deyir:

- İki-iki düzülün və lap axırıncılar da qayanın başında, uçurumun yanında oturun. Fil artıq susayıb. Su içmək istəyir. Susuzluq ona çox güc gəlib. Amma kör olduğundan bilmir hansı tərəfə getsin. Ona görə də ilk əvvəl onun yanında oturan qurbağalar quruldasın. Fil ayağa durub su axtaracaq. Elə biləcək ki, qurbağaların yanında su var. Orada su tapa bilməyəndə ondan qabaqdakılar quruldasın. Beləcə, siz quruldadıqca Fil, su axtara-axtara düz qayanın başına qədər gələcək və həmin vaxt da qayanın başındakı qurbağalar quruldasın. Daha sonrası ilə sizin işiniz yoxdur.

Qurbağalar cani-dillə Sərçənin arzusunu yerinə yetirirlər. Hər qurbağa quruldadıqca, su içmək həvəsi ilə irəli gedən kor Fil, düz qayanın başına qədər gəlir. Axırıncı qurbağalar quruldayanda, su içmək ümidi ilə Fil, ayağını və xortumunu qabağa uzadanda, gurultu ilə qayadan çox dərin bir sıldırımlı uçuruma düşür və qol-qabırğası tamam şil-küt olur. O, artıq can verməyə, axır nəfəsini almağa, ömrünün son anlarını yaşamağa başlayır. Allaha yalvarır ki, onu öldürməsin. Kor olsa da təki yaşasın. Çünki Fil, artıq indi başa düşür ki, həyat, yaşamaq necə şirin şeydi...

Axı Yer üzündəki canlıların çoxu, həyatın gözəlliyini ömürlərinin son anlarında başa düşürlər və əfsus ki, onda da gec olur... Çox gec olur...

Bu vaxt Sərçə uçub, gəlib bir daşın üstündə oturur və can verən, axır nəfəsini alan Filə deyir:

- Fil, necəsən?

Səsindən Sərçəni tanıyan Fil, axır nəfsini toplayıb deyir:

- Sərçə bağışla ki, mən axmaqlıq, nadanlıq, vəhşilik  eləyib, sənə pislik elədim və Allah da məni belə cəzalandırdı. Əgər sən mənim günahımdan keçsən, yəqin ki, Allah mənə rəhm eləyər və məni öldürməz.

- Axı mən səni necə bağışlayım, ay Fil? Sən mənim çox çətinliklə düzəltdiyim yuvamı gör neçə dəfə dağıtmısan? Orada olan yumurtaları sındırmısan. Təzəcə çıxan ətcə, fidan balalarımı ayaqlarınla əzib, öldürmüsən. Əgər mən səni bağışlasam da, o fidan, yumurtadan təzəcə çıxmış balalarım sənin kimi qəddarı  heç vaxt bağışlamazlar. Axı  Yer kürrəsinə gələn hər bir canlının lazım olan qədər yaşamağa haqqı var… Yadındamı, sənə deyirdim ki, imkan ver mən də arzuma çatım? Qoy mən də öz balalarımı pərvazlandırıb, budaqdan-budağa uçura  bilim. Mən də onlardan bir fərəh duyub, qürrələnə bilim. Sən isə gülüb deyirdin ki, “sərçə kimdi ki, hələ Yer üzündə yaşasın? Dünya güclülərindi. Allah dünyanı güclülərçün yaradıb ki, Yer üzündə yalnız onlar yaşayıb və ağalıq eləsinlər. Gücsüzlər isə ölməlidi. Onların yaşamağa haqqı yoxdur”. Amma sən heç cür başa düşə bilmirdin ki, Allah həm də gücsüzlərin Allahıdır. Başa düşə bilmirdin və dərk eləyə bilmirdin ki, əgər Allah gücsüzləri də yaradıbsa, onları da xəlq eləyibsə, onlara da köməklik eləyəcək ki, güclülərin qəzəbinə tuş gəlməsinlər. Ona görə də bil ki, Sərçənin də Allahı var. Sənin başına da bu oyunları mən Sərçə gətirmişəm! Əlbəttə, bu müqəddəs işdə mənə Allahım necə lazımsa köməklik eləyib. Yol göstərib. Ağıl verib. Mənə köməklik eləyənlərin də ürəyinə mehr, istək salıb. İndi bax,  bu iş, bu  əməl, bundan sonra sənin kimi ağılsız, özündən müştəbeh, nadan güclülərə bir dərs olacaq. Onlar bundan sonra biləcəklər ki, gücsüzləri incitmək, onları öldürmək, məhv eləmək olmaz. Çünki gücsüzlərin də Allahı var. Yer üzündə yaşayan hər bir canlının və hər bir cansızın yaradıcısı Böyük Yaradandı. Onun yaratdığını öldürmək, məhv eləmək istəyənləri isə  Uca Tanrı gec-tez cəzalandırır... Bu, tarixlər boyu sübut olunmuş bir həqiqətdi… Həyat həqiqəti…

Sərçənin bu sözlərini eşidən Fil, necə böyük səhv elədiyini indi başa düşdü. Amma, artıq  gec idi. O, sonuncu nəfəsini alıb  və canını tapşırdı...

Filin öldüyünü görən Sərçə, uçub həmin ağacın yanına gəldi. Ağacın ən uca yerinə qonub, ətrafı qalib kimi seyr elədi. Sonra gecə-gündüz çalışaraq, yerdən çör-çöp yığıb, tez bir vaxtda  özü üçün yenidən yuva düzəltdi. Və ora yumurtalar qoyub, balalar çıxartdı...

Beləliklə, Sərçə də öz arzusuna, öz kamına çatdı. Qısa bir vaxtda onun çıxartdığı balalar özləri də böyüyüb, balalar çıxartdılar...

Sərçə ilə Filin əhvalatı buradakı bütün canlılar arasında yayıldığından və Filin taleyini daha heç bir canlı yaşamaq istəmədiyindən, sərçə kimi gücsüzlərə bundan sonra heç kim dəyib-dolaşmadı. Tezliklə, bu qollu-budaqlı ağacda çoxlu sərçə yuvaları quruldu...

Uzaqdan bu qollu-budaqlı ağaca baxanda ibtidai insanların qayalarda məskən saldığı oyuqları, mağaraları, yurd  yerlərini xatırladırdı bu qollu-budaqlı ağac...

Beləliklə, bu rəvayət də nəsillərdən-nəsillərə keçərək, əsrdən-əsrə ötürülüb və gücsüzləri güclülərdən qorumaqçün bir nəsihət, vəsiyyət  oldu. ..

Amma belə dərin məzmunlu nəsihət, gücsüzləri güclülərdən qoruya bilirmi? Əfsus ki, hələ də yox. Hələ də güclülər  Yer üzündə gücsüzləri əzir, müharibələr törədir, qanlar tökürlər. Yəqin ki, həmin güclülər bu rəvayəti bilmirlər... Onlar bilmirlər ki, gücsüzlərin də Allahı var. Gec-tez  onların Allahı həmin güclülərin cəzasını verəcək. Hökmən verəcək! Mən də buna inanıram. Və fikirləşirəm ki, həyat belə davam eləyə  bilməyəcək. Belə davam eləyə  bilməz... Əgər belə olsa dünya məhvərindən çıxar. Yer kürrəsini fəlakətlər, xəstəliklər başına götürər… Necə ki, tarixlər, əsirlər, qərinələr  boyu belə olub… Çoxlu insanlar, canlılar məhv olub… Bunu görən və sağ qalanlarda  bir Allah xohfu, bir mərhəmət yaranıb. Hamı çalışıb ki, bir-birinə köməklik eləsin. Bax, bundan sonra  insanlar, canlılar arasında bir mehribançlıq yaranıb. Amma, amma indi uzun illərdir ki, insanlar, canlılar həyatdakı bütün müqəddəslikləri, təmiz, ülvi hissləri  unudublar… Güclülər yenidən gücsüzləri əzir, məhv eləyir…

Deməli, həmin güclülər  indi də dərk eləyə bilmirlər ki,  zaman-zaman gücsüzlərin Allahı,  onların  hayıfını güclülərdən alıb və yenə də alacaq. Sadəcə, sadəcə  hər şeyin zamana ehtiyacı var... Bəli, bəli. Zamana ehtiyacı var… Zaman isə həyatda hər şeyi yoluna qoyan  bir nəhrdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

                                                                  

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət

 

 

Keçmiş dünya ilə bağlı miflər qədim xalqların kainatı, insanın mənşəyini və təbiət hadisələrini izah etməyə çalışdığı simvolik hekayələrdən ibarətdir. Bu miflər insan təxəyyülünün məhsulu olmaqla yanaşı, onların dünyaya baxışlarını, inanclarını və dəyərlərini də əks etdirir. Aşağıda müxtəlif mədəniyyətlərdən keçmiş dünya haqqında ən maraqlı miflərə nəzər salaq:

 

 1. Yaradılış mifləri

 Yaradılış mifləri qədim insanların dünyanın və həyatın necə yarandığını anlamağa çalışdığı hekayələrdir:

 

Mesopotamiya: Enuma Eliş

Mesopotamiyalılar dünyanın yaranışını Tanrı Mardukun xaos tanrısı Tiamatı məğlub etməsi ilə izah edirdilər. Tiamatın bədəni iki hissəyə bölünərək yer və göy yaradılmışdı.

 

Yunan: Kosmosun yaradılışı

Yunan mifologiyasında kainat əvvəlcə xaosdan yaranır. Daha sonra torpaq (Gaia), səma (Uranus) və digər tanrılar meydana gəlir. Titanlar və olimpiya tanrıları arasında gedən mübarizə ilə dünya formalaşır.

 

Hinduizm: Purusha mifi

Hinduizmə görə kainat Purusha adlı kosmik insanın bədənindən yaranmışdır. Onun hər bir hissəsi kainatın müxtəlif elementlərini təşkil edir.

 

2. Bəşəriyyətin mənşəyi haqqında miflər

 

Yunan mifologiyası: Prometey

Yunan mifinə görə insanları yaratmaq və onlara həyat vermək üçün Prometey torpaq və su qarışığından insanları formalaşdırır. Daha sonra onlara od gətirərək mədəniyyətin inkişafına şərait yaradır.

 

Afrika: Yoruba inancları

Yoruba mifologiyasında insanları Obatala adlı Tanrı palçıqdan yaradır, amma yaradılış prosesində bəzi çatışmazlıqlar olur ki, bu da insanların fərqliliklərini izah edir.

 

Bibliya: Adəm və Həvva

Əhdi-Ətiqdə Tanrı ilk insan olan Adəmi torpaqdan, onun həyat yoldaşı Həvvanı isə Adəmin qabırğasından yaradır.

 

3. Böyük Tufan Mifləri

Böyük tufan mifləri müxtəlif xalqların mifologiyalarında geniş yayılmışdır. Bu miflər dünyanı təmizləmək və yeni bir dövr başlatmaq üçün tanrılar tərəfindən həyata keçirilən böyük bir fəlakəti təsvir edir:

 

 Nuh tufanı (Bibliya)

Bibliyaya görə, Tanrı günahkar insanları cəzalandırmaq üçün dünyaya böyük bir tufan göndərir. Nuh ailəsi ilə birlikdə gəmidə xilas olur.

 

Gilqameş dastanı (Mesopotamiya)

Mesopotamiya ədəbiyyatında Utnapiştim adlı bir şəxs tufandan sağ çıxır. Bu mif Nuh Tufanı ilə böyük oxşarlıqlara malikdir.

 

Hinduizmdə Matsya mifi

Hindu mifologiyasında Vişnu tanrı Matsya adlı bir balıq şəklində kralı xəbərdar edir və onu tufandan qoruyur.

 

4. Axirət mifləri

 

Yunan: Hades dünyası

Yunan mifologiyasında ölümdən sonra insanlar Hades dünyasına gedir. Hades dünyası fərqli təbəqələrdən ibarətdir və ruhlar etdikləri əməllərə görə mükafatlandırılır və ya cəzalandırılır.

 

Misir: Ölülər kitabı

Misirlilər inanırdılar ki, insanlar öləndən sonra tanrı Osirisin məhkəməsinə çıxarılır. Burada ürək tərəzidə çəkilir və yaxşı əməllərlə pis əməllər ölçülür.

 

Norse: Valhalla və Hel 

Skandinaviya mifologiyasında cəsur döyüşçülər Valhallaya, digərləri isə Hel adlı soyuq bir yeraltı dünyaya gedir.

 

 5. Qiyamət mifləri

 

Ragnarok (Norse Mifologiyası)

Skandinaviya mifologiyasında kainatın sonu olaraq təsvir edilən Ragnarok, tanrılar və nəhənglər arasında gedən böyük bir döyüşdür. Bu döyüşdən sonra dünya məhv olur, amma yenidən doğulur.

 

Hopi hinduları: Dörd dünya

Hopi hinduları inanırdılar ki, insanlıq artıq üç dünyanı məhv edib və dördüncü dünyada yaşayır. Əgər insanlar yanlışlarını düzəltməzlərsə, bu dünya da məhv olacaq.

Keçmiş dünya haqqında miflər insanın təbiət, kainat və öz varlığı ilə bağlı dərin suallara cavab axtarışının məhsuludur. Hər bir mif mənsub olduğu xalqın düşüncə tərzini və dünyagörüşünü əks etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

           

 

Amil, “Ədəbiyyat və incəsənət”

 

Bayramlarda qohumları ziyarət etmək o qədər də maraqlı fəaliyyət deyil.

Amma o ilk bayram ziyarəti adama əzab kimi gələr. 

Normalda ziyarət etməyin, dərdləşməyinin vacib olduğu, amma uzun müddətdi görmədiyin insanlarla doludu həryer. 

İlk dəfədiki bu qədər qohumu bir yerdə görürdün və bu, son dəfə olacaqdı. Çünki bundan sonra birdə heç vaxt gedməyəcəkdin bu qədər insan olan yerlərə. 

 

Öncədən getdiyin yerləri görmək belə ürəyini bulandırırdı. Köhnə sevgilinlə oturduğun yerdisə 2 qat pis olarsan, ürəyin sızıldayar, sonra əvvəl necə də gözəl həyatım var imiş deyib biraz xəyallara dalarsan, bu da qəlbini keçici xoşbəxtliklə doldurar.

 

Öncədən ən sevdiyin yeməyi yeyərkən dadından böyük bir ləzzət alardın və 2-ci boşqabı anandan istəyərdin. İndi tez qurtarıb bir siqaret yandırmaq üçün səbirsizliklə gözləyirsən. 

 

Telefona zəng gələr, açmarsan. 

2 dəqiqə başqa insanla söhbət etmək belə çəkilməz bir dərd kimi gələr sənə. 

 

Otağının lampası yanar, dəyişdirmərsən, balkonun lampasından yanan işıq ilə müəyyən müddət davam edərsən yaşamağa.

 

Bəzən bir motivasiya gələr. Qalxarsan ayağa. İş, güc kariyera deyən adamlardan biriylə danışarsan, sonra” kim bu qədər insanla ünsiyyət quracaq” deyib, çəkilərsən öz qaranlıq otağına.

 

Restoranlara, istirahət yerlərinə getmək Sənin üçün dözülməz bir hal alırdı. Qadınların özlərini 2-ci Elizabet kimi apardığı, kişilərin isə güc və sərvət göstərişi etdiyi bu yerlər sənə itici gəlirdi. Çünki sən onların realda kimlər olduğunu və hansı işləri gördüyünü yaxşı bilirdin.

Amma günahlandıra bilməzdin onları. 

Sən də bir zamanlar onlar kimi özünü göstərməyə çalışanlardan biri idin.

 

İnstagram? Özlərini ideal bir cütlük kimi göstərməyə çalışan qız və oğlanları, açıq- saçıq şəkilləri, eləcə də özünü dövrün alimi sayaraq "ağıllı" məsləhətlər verən adamları görməmək üçün çoxdan silmisən hesabını.

 

Dilənçilər çıxar qabağına. Özlərini mümkün olduğu qədər aciz, çarəsiz, yazıq göstərərək Sənin cibindəki son manatı, yəni Universitetə gediş-gəliş üçün ayırdığın metro pulunu almağa çalışarlar.

Amma Sən vecsiz şəkildə yanlarından ötüb keçərsən. Həyatının reaksiya göstərməmək mərhələsinə qədəm qoymusan. Heçnə! Sənə qarşı edilən heçbir şərəfsizliklər, ikiüzlülüklər Səni təəccübləndirmir artıq.

 

Universitetə gedtikdə universitet önündəki dirəyin ətrafının boş olmasını dua edərsən. Həyatdakı tək zövqün dirəyə söykənib siqaret çəkmək olmuşdu artıq.

 

Avtobusda yanında heç kim oturmasın deyə ən önə oturarsan, yanına da çantanı qoyarsan. Sürücünün yol boyu etdiyi zarafatlara zornan gülümsəyərsən, ayıb olmasın deyə.

 

Səhər tez oyandınsa təkrardan yatmağa çalışarsan. Çünki ən xoşbəxt olduğun hal yatmaq halıdı. Buna görə yatmağa “kiçik ölüm” deyirdilər. Yatarkən gördüyün yuxuları saymasaq, yatmaq qədər heç nə xoşbəxtlik vermirdi sənə.

 

Belə ömür keçərmi bəs?

 

Əlbəttəki xeyir. 

 

İnsanlar 3-5 il rahatlıq içində yaşamaq üçün iş yerlərindəki vəzifəli adamdan aşağı səviyyəli sözlər götürməyi, kapitalizmin, modernizmin ona yeritdiyi şeyləri öz fikri kimi müdafiə edərək 1 maşın, 1 ev üçün şəxsiyyətini alçaldmağı uğur hesab edirlər. İxtisası ilə bağlı tək bir cümlə belə bilməzkən birisi aldığı diplom ilə lovğalanır. Digəri puluna görə onunla bərabər olan gözəl sevgilisi ilə öyünür.

 

Sən isə yanlızlığın içində sahib olduğun gücü, potansialı və bacarıqlarını dərk etməlisən. Allah vergisi bu qədər istedada xəyanət etməməlisən. Dünyanı dəyişdirə bilməyəciyini bilirəm, amma özünü və ətrafını dəyişdirə bilərsən.

 

Bu yazı yalnızlara, səsi çıxmayanlara və O'ndan səbir diləyənlərə həsr edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Prozası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi nasir Xiyavda yaşayan Qafur İmamzadədir

 

Qəfur İmamizadə

Xiyav

 

 

QIRMIZIM

 

Uşaqların dördü də ayağa durdu. Mən arxalarında oturub özümü gizlətdim. Həsən beçəni iyirmi metr qabaqda əlində tutmuşdu. Afşinin işarəsi ilə boşladı. Beçəni çağırmaq üçün fit çaldım. Səsimi eşidincə uzun qırmızı boynunu yan-yörəsində gəzdirdi. İlk dönə idi səsimi eşidirdi, özümü görmürdü. Yavaş-yavaş səsə doğru gəlincə adını da çağırdım:

- Qırmızı, Qırmızım!

Haradan olsa gəzib məni tapacağını bilirdim. Boynunun tükü biz-biz olmuş, ürkmüşdü. Afşin dedi:

- Bir zərrə özünü göstərsən uduzubsan ha...

Yenə fit çaldım. Addım-addım səsimi izləyirdi. Üç metrliyimə çatdı. Çürük Nadirin ayaqlarının arasından başımı gördü. Dövr vurub mənə tərəf qaçdı. Üstümə atıldı. Qucağıma alıb pipiyindən öpdüm. Günəşin işığı altında parlayan uzun qırmızı tüklərini sığalladım. Çürük Nadirə tərəf əlimi uzatdım:

- Çöplə gəlsin görək pulu, bir də sən olasan mənnən şərt vurmayasan.

Həsən araya girdi:

- Mənnən də şərt vurursan? – dedi. – Döyüşdürək, beş dəyqəyəcən lar xoruzumun qabağında dura bilsə sən udubsan.

- Yox – dedim. – Hələ bu doqquz aylıqdır. Qoy yekəlsin, deyərəm əmin kənddə nə satır. – deyə uzaqlaşdığımda tər bükük minliyi cibimə basırdım.

Nadir arıq qara gədə idi. Həmişə əlinin içi tərli olurdu. Bu adı bilmirəm kim, haçan üstünə qoymuşdu, bəlkə ona görə idi ki, cibində olan hər şey əzik-büzük idi. Elə bu tərli əllərlə idi məhəllədəki uşaqların hamısını qıdamışdı[1]. Bu il bayramda yığdığım bayramlığın hamısını gül-puçla[2]  bajeldə[3] udmuşdu. Bir aya qədər gədəni görəndə istəyirdim xirtdəyindən yapışıb boğum. O şax pulların hamısı indi çürük ciblərində kifsimişdi. Axırda da burama[4] verdi; gül-puç oynayanda yarıcan bir eşşəkarısını qanadından yapışıb gül yerinə ovucuna qoydum. Əlini yumanda elə vəngildədi ki, böyük qardaşı Qadir höyüllü-höyüllü qapılarını açıb eşiyə çıxdı. Qorxumdan qaçıb evimizə təpildim. İki qardaş gəlib daş qalmadı çırpdılar qapımıza.

Evdə Rza hirslə üzümə baxdı:

- Genə çöldə birinən boğuşubsan hə? Köpəyin gedəsi, sənin hesabıvı əlivə verərəm.

Hələ biçə-biçə[5] durub həyət qapısına getdi. Qapını açcaq həmən ağına-bozuna baxmadan iki qardaş üstünə yumuldular. Durub qorxa-qorxa baxmaq, sonra da Rzanın hirsli-hirsli gəlib mən ilə hesablaşmağını güdməkdən başqa əlimdən heç iş gəlmirdi. Qonşular həyətə tökülüb aralaşdırdılar. Rzanın burnundan qan axırdı. Köynəyinin üzərində Şatır Əhmədin aralayanda unlu əllərinin izləri qalmışdı. Ara boşaldı. Rza həyət qapısını bağladı. Pillələrdən üstə çıxarkən tələsik addımlarının guppultusu otağa doldu. Nənəm evdə yox idi, bacımın ətəyinə sarıldım.

Nənəmgil gələnə qədər işini qurtarıb zirzəmiyə getmişdi. Onlardan yediyinin neçə qatını mənə yedirtdi. Bilirdim zirzəmidə siqaret çəkir.

Axşam nənəm köynəyimi yuxarı çəkib kürəyimdəki çubuğun izlərini gördüyündə ağladı. Ağam hirslənmişdi:

- Ədə səfeh gedə, gəl görüm nə həqqinən uşağı bu günə salıbsan?

Qulağının dibinə bir əfsəri şillə[6] geydirdi. Qalxıb ağamın başına bağırdı:

- Bunnan belə həqqin yoxdu mənə şillə vurasan, bildin? Bu da uşaqdı tərbiyət eləyibsən, indidən düşüb aralıq latlarıynan ayaq olub, sabah da qəşəng qumarbaz olar.

 

Yadıma gələn ilk dönə idi ağamın üzünə dururdu. Lampanın işığı altında üz-üzə durmuşdular. İlk dönə idi Rzanın heykəlini ağamdan uca, səsini isə gur görürdüm. Ağamın səsi titrəyirdi. Ürəyim sıxıldı. Ağzımı açıb bağırdım: "Sən də siqari[7]."

Qorxmasaydım qalanın da deyəcəkdim: "Qızbaz."

Sabahısı gün idi atam məni sevindirsin deyə əlini çiynimə qoydu:

- Sənə bir qırmızı cəngi xoruz alacıyam – dedi.

Sevindiyimdən qucağına atıldım.

 

Həyətdəki ərik ağacının dibində Çürük Nadirdən udduğum minliyin guşələrini safaldırdım. Qırmızım yavaşdan əlimə dimdik vurdu. Acmışdı, naharını istəyirdi. Pəncərədən anamın səsi gəldi:

- Gedə əgər o xoruzu ləkə salsan, elə bu gün Rzaya deyəciyəm tutub başın kəsə ha... O ləki mən nə zəhmətnən əkmişəm.

Üzü ağacların arasından görsənmirdi, qırmızının üzünə baxdım:

- Eşitdin day nə dedi? Deyir şulux eləsən pıx-pıx eliyəcək. İndi qəşəng uşaqlar kimi otur burda, yerindən dəbərmə, gəlim. Bildin?

Əlimi boğazına aparmışdım. Bilirdi şuxluqlaşıram.

Anam istil kasadakı şorbanı mənə uzadanda üzümə baxdı: Xoruzu ləkə boşlayıb gəldin hə?

- Yox.

- Bə harda?

- Oturub orda, güdür naharın aparam. – dediyimdə başını əyib baxdı:

- Səndən gözüm su içmir. Yekələndə elə qırıq çörəkçidən, aşpazdan zaddan həmən olarsan bala.

Əlimdə şorbanı görcək ayağa durdu. Quyruqdan acığım gəlirdi, əti mən yeyirdim, quyruğu o. Çörəyi doğrayanda bir tikə mənim idi, bir tikə onun. Yekə tikəni udanda, həmişə boynunu əyirdi, gülməyim gəlirdi. Çinədanına əlimi vurdum. Top kimi şişmişdi. Tüksüz yerindən qırmızı damarları görünürdü. Boğazından bir cür yavaş səs çıxdı. Bilirdim təşəkkür eləyir. Əlbəttə mən təşəkkür eləyəcəkdim; Çürük Nadirdən intiqamımı ancaq o ala bilmişdi. Əlimi tüklərinin arasında gəzdirdim.

Arxadan kölgə düşdü:

 - Mundarçı. –  Dönüb baxmaq lazım deyildi. Təkcə Rza idi mənə səbəbsiz söyüş verə bilirdi.

- O əlivi bit-birəli cücəyə vurub, yumamışdan nahar yeyirsən hə?

- Bit-birəli olsaydı cücənin ətini o belə çox istəməzdin.

Üzümü ona doğru çevirəndə günəşin tünd işığı gözlərimi qamaşdırdı.

- Dil demə. Mən cücəni yuyulub bişəndən sonra yeyirəm. Onda mikrobları zadı ölür. Sənin kimi mundarçı deyiləm.

- Onda cücənin özü də ölüb.

- Cərə ölüb, cəhənnəmə ölüb.

Cavab vermədim, təzədən üzümə baxdı:

- Şorbanı cücəyə kasanın içində verdin, ya yerdə?

- Yerdə vermişəm, inanmırsan bax, izi də qalır.

Torpağın üstündəki xırda daşların üstünə yaxılan yağ günün altında işıldayırdı. Barmağımı işıldayan xırda daşa tərəf uzatdım.

- Bə kasada niyə vermədin?

- Onda siz kasadan iyrənərdiz. Sizə görə də olmalı olsa, o işi görmərəm.

- Niyə bə sən özün iyrənmirsən?

- Hər cücədən də iyrənsəm, Qırmızıdan iyrənmərəm. – dedim. – Qırmızı mənim cıqqılı qardaşımdı, adam cıqqılı qardaşından iyrənməz ki.– Az qalmışdı bunu da deyəm.

- Bə qabaq niyə bir dəfə kasada vermişdin?

- Onda bilmirdim siz Qırımızıdan iyrənirsiz. O bir dəfədən sonra heç vaxt verməmişəm.

- Hardan bilim düz deyirsən, ya yox?

Gözləri istil kasanın içinə zillənmişdi.  Nə axtardığını Bilirdim. İçində biraz noxud, bir balaca da yeralma qalırdı.

- Kasanın içinə baxa bilərsən. Əgər bir nişanə görsən, düz deyirsən.

- Sabit eləsəm düz deyirəm, nə qayırarsan?

- Axı düz demirsən?

- Bə kasanı niyə uzaqlaşdırdın?

Susdum. Cavabımı özü bilirdi. Sözünün ardını tutdu:

- Sən bilirsən bu xoruznan nə qədər bizim evə zərbə vurubsan? Bu xoruzun hər gün yediyi vər-vəsayılın[8] pulun cəmləsən bilirsən neçəyə çıxar?

- Mən öz payımdan verirəm.

- Sən öz payından verirsən, ancaq özün ac qalırsan. Əvəzində soyuducunu açıb əlivə gələni ağzıva təpirsən. Yəni bu mundar xoruz sənin ağzınla bizim payımızı yeyir.

Qırmızı böyrümdə gözlərini yumub arxayınlıqla yatmışdı. Sevinirdim ki, dilimizdən baş tapmır.

- Yavaş danış, görmürsən yatıb? – deyə cavab verəcəkdim utanmasaydım.

Deyinməyinin ardını tutdu:

- Xalq bir tikə çörək tapa bilmir, burda bizim xoruzumuz quzu əti yeyir. Sən bilirsən bu pul nə zəhmətnən ələ gəlir?

- Qırmızım ət yemir, quyruq yeyir. Sənin də quyruqdan acığın gəlir, pulu da ağam qazanır. – Decək verdiyim cavabdan peşman oldum.

- Deyəsən ağzıvın nömrəsində danışmırsan hə, pulu ki hədərə verirsən; qab-qaşığı niyə bu mundarın ağzına sürtürsən? Əgər məriz[9]  olsaq, sərətan[10]  tutsaq kimin hesabınadı? Genə dədəmiz xərcin verəcək hə? Onda gərək dava-dərman puluna bu evi də sata; niyə, çünki bir mundar xoruz var imiş, bir də iki qarış boyu olmayan dili uzun gedə ki, göylü istirdi ona qonaqlıq verə. Dədövün pulu olsaydı məni evləndirərdi. Mənim evlənmək vaxtımdır, amma bem-bekar aralıqda dolanıram. Cib pulum da yoxdur, başa düşürsən ya yox?

Səsi daha da ucalmışdı. axırda sözü bura çəkəcəyini bilirdim. Əvvəlcə evlənmək məsələsi, sonra o macəra, biraz sonra da hətmən təhdid ilə o məktubu istəyəcək. Məktubu verməyəcəyimə söz vermişdim. O gündən bəri zirzəmidə alma qutularının altında idi.

 

Əlim titrəyə-titrəyə boş qutuları qovzayıb lap altdakı qutunun içinə qoydum. Sonra da özümü bilməməzliyə vurub Afşingil ilə top oynamaq bəhanəsi ilə küçəyə çıxdım. Oynamaq  bəhanə idi. Fikrimin hamısı zirzəmidən gələn o səsdə qalmışdı. Elə bil boş bir qazanın içinə damcı-damcı su tökürdün. Ardınca da ildırım səsinə oxşar boğuq bir səs gəlirdi. Maraqlı olmuşdum. Yavaş-yavaş zirzəminin girəcəyinə yaxınlaşdım. Pillələrdən aşağı endim. Qutulardan laqqıldama səsi gəlirdi. Üst qutulardan bir-ikisi yerə düşdü. Bir qız səsi gəldi:

- Yavaş, yavaş namərd.

Dalısıcan da boğuq ildırım səsi. Addımlarımı daha da yavaşlatdım. Girəcəkdə durdum. Təlisi aralayıb gözümün birini içəri soxdum. Gözlərimə inana bilmirdim. Hövlümdən pillələrdən atılıb yuxarı çıxdım. Otağa girib qapını qıfılladım. Yorğanın altında üzümü basdırdım. Bir az sonra idi qapının qulpu buruldu:

- Aç qapını Yaşar, mənəm, aç. – Dedi.

Özümü yuxuluğa vurdum. Zirzəminin pillələrindən çıxanda ayaqlarımın səsini eşitdiyindən əmin idim.

- Aç Yaşar, mənəm, Rza.

Səsi mehriban olmuşdu. Qorxa-qorxa durub açdım.

- Bə niyə ağlayıbsan Yaşar, nə olub ki?

- Heç zad, xoruzum məriz olub. – deyəndə bu cavabı hardan çıxardığımı özüm də bilmirdim.

- Bunun ağlamağı yoxdu ki. Mənim bir baytar dostum var; sabah apararıq bir iynə vurar, curlanar. Böyük qardaş bə haçan kara gələr? Hələ mən də dedim bəlkə küçədə zadda uşaqlar səni döyüblər; istirdim gedəm hamısının qulağın kəsəm.

Susdum. Təzədən səsə gəldi.

- Əgər ayrı müşkül zad olsa, de ha mənə.

Dilim açılmırdı.

- Yaxcı, mən gedim üst-başımı çırpım. Aşağıda qutuları curlayanda toz-torpaq oldu.

Deyib otaqdan çıxdı. Həyət qapısının ucadan səsi gələndə bildim ki, evdən eşiyə çıxdı. Qaçıb zirzəmiyə girdim. Məktubu alma qutularının arasına düşdüyü yerdən tapdım. Ağ kağızın üstündə iki ayaqqabı izi qalmışdı. Paketini açdım. Zağ-zağ əsirdim. Əlimin titrəməsi kağızı xışıldadırdı. Məktubu kamil oxuya bilmədim; axır sətri qırmızı qələmlə yazılmışdı.

“Ta eyd bayəd be tore rəsmi ezdevac konim. Aşeqe ba vəfayət, Reza.”[11]

Evlənmək kəlməsi yekə yazılmışdı. Böyründə üç-dörd dənə qırmızı ulduz əlaməti var idi.

Sabahısı gün məktəbimizin qabağını kəsdirmişdi. Qapıdan çıxcaq mənə tərəf gəldi:

- Gəlmişəm gedək baytara.

- Yox, - dedim – xoruzum curlanıb.

- Bə nə tez? Elə bir gündə məriz oldu da, curlandı da?

- Hə, bir gündə məriz oldu da, curlandı da.

 yalan dediyimi bilirdi

- Helə olsun. Yaxcı yadıma düşdü Yaşar, sən zirzəmidə kağızdan-zaddan bir şey tapmayıbsan təzəlikdə?

- Nə kağızı?

Dediyimdə kəkələməyə düşdü:

- Heç, dostlarımdan birinin idi.

- Hansı dostuvun? - dediyimdə əsəbiləşdi.

Dostlarının hamısını tanıdığımı bilirdi.

- Məni sual-cavaba çəkmə. Fəqət bir kəlmə, görübsən ya yox?

Addımlarını tündləşdirdi.

- Yox. – dedim.

- Sözündən əminsən? – deyərkən gözümə baxdı.

- Hə. – dedim.

- Əmin olduğundan da əminsən?

- Hə.

- Məsələsi yoxdur.

Əlimi əlində sıxa-sıxa yeriyirdi. Dalı qalmamaq üçün sürətlə addımlamalı idim.

 

Qırmızım hələ böyrümdə arxayınlıqla yatmışdı. Hərdən Rzanın səsi ucaldıqca gözünü açıb sonra yumurdu. Məlum idi sözümüzdən bir kəlmə də başa düşmür. Rzaya dedim ki:

- Əgər bundan sonra beçəyə şorba verməsəm, müşkülün həll olar?

Gözümün içinə baxdı.

- Özüv o yola vurma.

- Hansı yola.

- Bilirsən onu nə qədər çox istirəm?

Sualını birdən-birə soruşdu. Bilirdim “O”-dan mənzuru zirzəmidə “Yavaş” - deyə çığıran ağ qız idi. Məcbur idim soruşam “Kimi?”

- Məni sarıma, zərərüvədi.

Deyəndə, gözümü alnına zilləmişdim. Alnındakı qırışıqları sayırdım.

- Neynək. Sözümü ayrı cur deyirəm. Ağlıvı yığ başıva. Bəzi şeyləri sən çox istirsən, bəzi şeyləri də mən. Ancaq mən hazıram o çox istədiyim şeylərin yolunda min dənə belə xoruzları qurban kəsəm.

İşarə barmağını Qırmızının başına yaxınlaşdırdı. Qırmızı gözünü açdı, daha yummadı. Elə bil bu dönə sözümüzdən baş tapmışdı.

- Əgər istirsən bu mundar xoruzun diri qala, o məktubu gətir ver mənə. bildin ya bilmədin?

 

- Məktub məndə deyil.

- Əgər səndə deyil, onda hardan bilirsən ki, hansı məktubdan danışıram?

Susmalı idim. Bunu çox yaxşı bilirdim.

- Bu beçəni müxtəlif yollarnan aradan apara bilərəm. Məsələn sən mədrəsədə olanda siçan davasını şorba suyuna batırıb qabağına ata bilərəm. Bilirsən, lam-lam udar. Bilirəm o qədər şorba yeyib ki, iyini neçə metrdən bilir. Ancaq heyifdi, rahat iki kilo əti olar. Ağama zərər vurmaq istəmirəm. Sən olmayanda başın kəsib qoyaram pillənin üstünə, onda nənəm  şorbasını bişirməyə məcbur olacaq, sən də ya ətini yeyəcəksən, ya da ac qalacaqsan.

Sözünə ara verdi. Ucadan gülüb üzümə baxandan sonra ardını tutdu:

- Cücənin başı kəsiləndə bilirsən nə cur olur? Pıçağın iti yeri boğazına dəyməyənəcən cücə hələ bilmir nə ittifaq qərardı düşə. Pıçağı sürtələyəndə əvvəldə hulqumu kəsilir, sonra gedir dərinə, boğazın sümüyünə çatanda xırçıldama səsi gəlir; qan fışqırır. Onda yazıq cücə bilir hər şey qurtarıb. Çabalamaq istəyəndə ayaqlarının üstündəki ayağımnan möhkəm fişar verirəm. Lap axırda boynunun dərisini də qopardıb başını bir tərəfə, bədənini bir tərəfə atıram. Dimdiyi iki-üç dəfə açılıb-yumulur. Ancaq bədəni boş yerə o qədər çalıqlayır ki, axırda yorulur, uzanır. Bir dəfə bir xoruzun başın kəsirdim, başsız bədəni qan axa-axa durub qaçdı. Özümün də rəhmim gəldi. On dəyqəyəcən çalıqladı. Ehtimalən səninki də onlardan olacaq. Əlbəttə sənin beçəvi məxsus mərasimdə kəsəcəyəm. Adaxlılıq gecəmdə qonaqlıq verəndə. Sevgilimin təbii ətdən çox xoşu gəlir.

Sevgilisinin özünün bədəni qeyri-təbii idi. Zirzəmidən boylananda dalısı mənə tərəf idi. Ömrümdə o qədər ağ bədən görməmişdim.

Rəssamlıq dəftərimin  səhifələrindən də ağ idi. Əlimdə qara marker olsaydı bədəninin hər yerini qap-qara eləyərdim. Durub küçəyə qaçdım. Qırmızım da başını qovzayıb arxamca qaçdı. Küçə isti idi. Heç kəs yox idi. Başım üstündə günəşə baxdım. Gözlərim doldu. Gözlərimi yumdum.

Sabah səhər yeməyi yemədim. Anam dedi:

- Neynək, çörək-pənir qoyuram, mədrəsədə yeyərsən.

Qaçıb hinin taxta qapısını açdım. Çoxdan idi yolumu güdürdü. Vurnuxmasından bildim. Qabağına iki ovuc Çürük Nadirin pulu ilə aldığım buğdadan tökdüm.

Əlimi başına çəkib həyət qapısına qaçdım. Dönüb anamdan da Qırmızımdan da xudafizləşdim.

Anam deyirdi:

- Mal-qoyunlar, toyuq-cücələrin başları kəsiləndə ağrı çəkmirlər.

"İnanmıram buna." dedim.  "İmkanı yoxdu ki, əgər ağrı çəkməsələr onda onları vuranda qışqırıb qaçmazlar ki. Bir dənə cücəyə balaca təpik vursan quqquldayıb qaçar; mallar movuldayar; qoyunlar bəyildəyər. Yəni deyirlər vurma, ağrıyır." Üzümə baxıb güldü. "Mənə də böyük babam belə demişdi, ancaq mən sənin kimi fikirləşməmişdim. Əlini boynuma salıb sözünün dalısını tutdu:

- Hələ nə olub ki, belə suallar soruşursan, olmaya öz xoruzundan qorxursan?

- Hə. – dedim.

- Genə Rza bir söz deyib? – deyə soruşduğunda cavabım eyni idi:

- Hə.

- Rza qələt eləyib, hələ vaxtı deyil.

Soruşmadım, soruşa bilmədim haçandı vaxtı.

Məktəbdə müəllimimiz dedi bu cur şeylərə çox fikir verməyəm “Bunlar allahın hekmətidir” – deyə.

- Yanı sizin nəzərizə ağrı çəkirlər ya yox? – deyə soruşdum.

- Mən bir yerdə oxumuşam, bəzi filosoflar deyirlər ağrı çəkmirlər.

- Filosoflar ağa?

- Filosoflar o adamlardırlar ki, hər şeyin üstündə çox fikirləşirlər.

- Nə cur bu nəticəyə çatıblar ağa?

- Bəziləri deyir heyvanların ruhu yoxdur.

- Qəbul eləmirəm. – dedim. – Əgər filosofların bi qırmızı xoruzu olsa, biri gəlib ona daş vursa xoruz səs salıb qaçacaq. Çünki təhlükə hiss eləyib. Çünki ağrı çəkib. Daşın da yeri göyərəcək. Eyni bizim bədənimiz kimi ağa.

Yaxınlaşıb əlini başımda gəzdirdi. Üzümə gülümsəyib dedi:

- Bizim bədənimizin proteini bilirsən ki, ətdən təmin olur.

- Yəni məcburuq ətlərin yeyək?

- Yəni belə yaranmışıq. Əlbəttə sən qırmızı xoruzunkundan yeməyə bilərsən də. – dediyində hamı birdən gülüşdü.

- Allah eliyə bilməzdi bizi ayrı cur yarada?

- Hamımız öləcəyik, Heyvanlar bir cur ölür, İnsanlar ayrı cür; fəqət ölümün növü fərq eləyir. – deyərkən gözümün içinə zilləmişdi gözlərini.

- İnsanlar yüz il, həştad[12] il ömür eləyirlər; heyvanlara bir-iki il də fürsət vermirik. Mənim Qırmızım doqquz aylıqdır ağa.

- İnsan da var bir il, bir ay da ömür eləmir. Qalıb qismətinə. Birinci və ikinci dünya savaşında bilirsən neçə milyon adam öldü?

Bilmirdim. İstəmirdim biləm. Dünya savaşında ölən insanların sayısına görə Qırmızımın başının kəsilib o qızın ağappaq bədəninin içində itməsinə izin verməyəcəkdim.

 

Yolda qərarımı verdim. Evə yetişcək həmən mətbəxə getdim. Anam gil otaqdaydılar. Yekə bıçağı götürsəydim şübhəyə düşərdilər. Meyvə bıçağı ilə imtahan eləyəcəkdim. Otağımın qapısını qıfılladım. Kitab-dəftərlərim tör-tökük otağın ortasına dağılmışdı. Rzanın işi idi. Axırda gəlib buraları da axtaracağını bilirdim. Kitabların üstündə uzanıb bıçağını boğazıma apardım. Ucunu xirtdəyimə sürtdüm. Əllərim titrəyirdi. Biraz daha basdım. Ağrını bir hününün sancması kimi boğazımda hiss elədim. Basqını çoxaltdım. Dərin bir göynərti bədənimin hər yerinə elektrik kimi yayıldı. Xırçıldama səsini duymurdum hələ. Basqını daha da artdırdım. Qışqırmamaq üçün zorla saxlaşdırdım özümü. Dişlərimi sıxdım. Hələ hulqumumu kəsməmiş, ağrıdan ağlamaq üzrə idim. Bıçağı uzaqlaşdırdım. Ucundakı qırmızı qanıma baxdım. İlk damcısının boğazımdan aşağı axdığını hiss elədim. Qorxdum. Rəssamlıq dəftərimdən bir səhifə cırıb qanın üstünə tutdum. Uzanıb ağappaq tavana baxdım. Başı kəsilən hər heyvan ölməmişdən bu ağrının yüz qatını duyur. Əvvəlcə kiçik sancı, sonra ağrı çoxalır, çalıqlayır, axırda ölür. Ölüm dadına yetişir, Ancaq Rza deyirdi on dəqiqə çəkdi canı çıxsın, deyirdi başsız bədən durub qaçdı, bədən bir tərəfdə can verirdi, baş bir tərəfdə.

Boğazımın qanı qurumuşdu. Qanlı kağızı götürdüm, ayrı səhifə cırdım. Tüpürcəklə yerini təmizlədikdən sonra zirzəmiyə qaçdım. Alma qutularını bir-bir götürüb yerə qoydum. Lap alt qutunun altındakı məktubu götürüb köynəyimin altında qarnıma qoydum. Rzanın bu mövqeylərdə harda olduğunu bilirdim. Küçədə işıq dirəyinin yanında siqaret çəkirdi. İlk dönə idi siqaretini məndən gizlətmirdi. Məktubu ona tərəf uzaltdığımda inanılmaz qiyafə ilə üzümə baxdı:

- Afərin, indi oldun qəşəy uşaq, bax, gədə bunu əvvəldən gətirəydin daynan.

Əvvəl paketi cırılmış məktuba, sonra gözümün içinə zillədi gözlərini:

- Məktubu oxuyubsan, hə?

Əsəbi idi.

- Hə. – dedim.

Qaşları düyünləndi:

- Boğazuva nə olub ədə?

- Yıxılmışam. dedim. Genə xoruzumun başın kəsəcəksən?

Gözünü boğazımın kəsilmiş yerinə yaxınlaşdırıb baxmaq istədi. Əlimi üstünə tutdum:

- Kimnən savaşıbsan ədə? – deyərkən boğazımda idi gözləri.

- Mədrəsədə yıxıldım. Genə xoruzumu öldürəcəksən?

- Nə cur oldu yıxıldın, fəqət boğazın kəsildi?

- Bilmirəm.

- Məktuba görə birinə bir söz deməyibsən ki?

- Yox, deməmişəm.

- Sənin xoruzunan hələlik işim yox.

- Haçan olacaq?

Əlini çiynimə qoydu:

- Mənzurum budur ki, mən hələ əsgərliyə gedəcəyəm. İki il əsgərliyim çəkəcək. Ondan sonra iş dalısınca olacıyam, bəlkə tapdım, bəlkə tapmadım, ədə kimdi mənə bu vəziyyətdə qız verə? Onacan da sənin xoruzun qocalıb öləcək.

Siqaretindən bir nəfəs alıb üzümə püflədi.

- Demədin boğazıva nə olub.

- Onda xoruzumnan işin olmuyacaq?

- Yox, hələlik olmayacaq.

Məktubu cibinə qoyub siqaretinın kötüyünü arxın suyuna atdı. Su, kötüyü çırpa-çırpa uzaqlaşdırdı.

Soruşmadım haçan olacaq, soruşa bilmədim. Nahar vaxtı idi. Evə qaçmalı idim, bilirdim Qırmzım acıb, naharını gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

 



[1] Qıdamaq: Ümumiyyətdə pul ilə oynayan oyunda udub qarşı tərəfin pulunu ələ keçirmək anlamındadır.

[2] Gül-puç: Uşaq oyunun adıdır.

[3] Bajel: Uşaq oyunun adıdır.

[4] Xirtdəyə işarə edilərək əda olunan bir sözdür; səbrin aşıb-daşmasına işarə edilən bir atmaca anlamında işlənilir.

[5] Hələ biçmək: Təhdid etmək anlamındadır.

[6] Güney Azərbaycda işlənilənilir. Çox şax və bərk vurulan silləyə aiddir.

[7] Siqaretə adət eləyən şəxsə deyilir.

[8] Əşya anlamındadır. Amma burda yemək kimi işlənilibdir.

 

[9] Xəstə anlamındadır.

[10] Xərçəng xəstəliyi anlamındadır.

[11] Bayram ayına qədər gərək rəsmi təntənə ilə evlənək. Vəfalı sevgilin, Rza. – Farscadır.

[12] Səksən anlamındadır.

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elvin Babayevə  həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ELVİN ƏKBƏR OĞLU BABAYEV

(28.02.2001.-02.10.2020.)

 

Əslən Gəncədən olan, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.

 

ELVİN

 

Uşaqlıqdan qoçaqdın, əməlin düz, özün düz.

Hamı səni sevirdi, əqidən düz, sözün düz.

 

Hələ məktəbli ikən xəyalən döyüşdəydin,

Şuşada, Kəlbəcərdə  inamla yürüşdəydin.

 

Şahinlər yarışında  qələbə də çalmışdın,

Sevimli müəllimdən təşəkkür də almışdın.

 

Vaxt gəldi, məqam çatdı, hərbiyə yola düşdün,

Kişilik məktəbində yaxşı dərs aldın, “bişdin”.

 

Ali Baş Komandandan əmr gəldi: “- Əzəli

Torpağı qaytarmağın məqamıdır, irəli! “

 

Əsgər yoldaşlarınla düşmənə uddurdun qan.

Dedin, Vətən var olsun, yaşasın Azərbaycan.

 

Sən Gəncədə doğuldun, cəsur bir igid oldun.

Qarabağ torpağında qəhrəman, şəhid oldun.

 

Vətən, namus uğrunda  canından keçdin Elvin.

Hünərinlə əbədi  cənnətə köçdün Elvin.

 

Sənin ilə fəxr edir Elvin, obalar, ellər.

Xalqım səni unutmaz, ötüşsə də yüz illər.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.