ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

 

 Gürcüstanı erməni təcavüzündən qurtaran QARABAĞ... 

 

Əgər Ermənistanın hərbi, iqtisadi və diplomatik potensialı yetərli olsaydı, o, Gürcüstanı da, eynən Azərbaycan kimi, problemlə üz-üzə qoymağa çalışacaqdı. Lakin bu, bir neçə əsas faktorun Ermənistanın strateji hesablamalarına təsir etməsi ilə mümkün olmadı:

 

Birinci faktor, 

iki cəbhədə dözümlülük imkanının olmamasıydı.

 

Ermənistan onsuz da Qarabağ məsələsində ciddi resurs itkisi və uzunmüddətli qarşıdurma içindəydi. Gürcüstana qarşı ikinci cəbhənin açılması:

- Hərbi baxımdan qeyri-realist idi, çünki Ermənistan ordusu həm Azərbaycanın, həm də Gürcüstanın güclü müttəfiqləri ilə üz-üzə qalacaqdı.

- Diplomatik təcrid riskini artırardı, çünki bu cür addım beynəlxalq ictimaiyyət tərəfindən daha sərt təzyiqlərə səbəb ola bilərdi.

 

İkinci faktor,

himayədar güclərin mövqeyi idi.

 

Ermənistanın əsas beynəlxalq dəstəkçilərinin mövqeyi, Gürcüstana qarşı belə bir addımın qarşısını aldı:

- ABŞ və Fransa: 

Gürcüstan Batı üçün strateji müttəfiq idi və Ermənistanın belə bir təxribatı bu ölkələrin dəstəyini itirməsinə səbəb olardı. Gürcüstanın NATO-ya yaxınlaşması və Avropa Birliyi ilə (ən azı ötən ilədək davam edən) işbirliyi, onu Batının Güney Qafqazdakı dayaq nöqtəsinə çevirmişdi.

- Rusiya: 

Rusiya Gürcüstanla müəyyən problemlərinə baxmayaraq, bölgədə tamamilə Ermənistanın çıxarlarına uyğun bir ssenarini dəstəkləməyib. Rusiya daha çox “tarazlığı qorumaq” və lazım gəldikdə hər iki tərəfi nəzarətdə saxlamaq mövqeyi sərgiləyib.

- İran: 

İran isə Ermənistan və Gürcüstan arasında dəngəlimünasibətləri saxlamağa çalışaraq, açıq şəkildə tərəf tutmamaq siyasəti yürüdür.

 

Üçüncü faktor,

bölgəsəl geosiyasi ortam idi.

 

Ermənistanın Gürcüstanda problem yaratmaq istəməsi, özəlliklə, Cavaxetiya bölgəsində etnik ermənilər üzərindən bir separatizm təşviq etməsi, bölgəsəl aktorlar üçün ciddi bir təhlükə olardı:

- Azərbaycan Gürcüstanla sıx strateji bağlara malikdir və belə bir ssenariyə qarşı Gürcüstanı hərtərəfli dəstəkləyərdi.

- Türkiyə Gürcüstanın ərazi bütövlüyünə qarşı hər hansı addıma sərt cavab verərdi; çünki Türkiyə-Gürcüstan münasibətləri strateji önəm daşıyır.

 

Dördüncü faktor,

Samtsxe-Cavaxetiya bölgəsinin gerçəklikləri ilə bağlıdır.

 

Cavaxetiyada yaşayan erməni icmasının Ermənistan tərəfindən manipulyasiya olunması riskinə baxmayaraq:

-Gürcüstanın iç siyasəti bu bölgədə dövlət nəzarətini qoruyur.

-Bölgədəki erməni əhalisinin heç də hamısı separatizm ideyasına isti yanaşmır, çünki onlar Gürcüstanın iqtisadi və sosial sabitliyindən gen-bol yararlanır.

 

Beləliklə,

Ermənistanın imkanları geniş olsaydı, Gürcüstana qarşı təxribat və ya separatizm təşviqi ehtimalı artardı. Lakin Ermənistanın məhdud hərbi, iqtisadi və diplomatik resursları, himayədar güclərin mövqeyi və bölgəsəl geosiyasi dəngə, onu belə bir addımdan çəkindirdi. Bununla belə, Ermənistanın tarixən qonşularına qarşı irəli sürdüyü iddialar və separatizm strategiyaları, gələcəkdə də diqqətli yanaşma tələb edir. Ən azı, Abxaziya savaşında erməni hərbi bölmələrinin gürcülərə qarşı “İkinci Xocalı” qəddarlığı törətdiyi gürcülərə də, mövzuya biganə qalmayan hər kəsə də bəsbəllidir.

XX yüzilin 80-ci illərində keçmiş SSRİ-nin hər yerindəolduğu kimi, Abxaziyada da fəaliyyət göstərən erməni terror-siyasi qurumlarının məkrli çalışmaları üzə çıxıb. O dönəmdəAbxaziya ermənilərini koordinasiya etmək üçün əsas iki qurum – “Krunk” (Suxumi) və “Maştots” (Qaqra)yaradılmışdı. Hər iki adıyaman qurum rəsmi İrəvan, kilsə (Eçimədzin) və “Daşnaksütyun” tərəfindən dəstək görürdü. 

 

Stalin-Mikoyan tandemi və maraqların tarazlaşdırılmasımodeli

 

Stalin-Mikoyan tandemi, Sovet İttifaqı dönəmindəErmənistanın və Gürcüstanın çıxarlarının müəyyən mənada tarazlaşdırılması üçün bir vasitə rolunu oynadı. Bu tandem, özəlliklə Güney Qafqazda Sovet siyasətinin formalaşdırılmasında əsaslı təsirə malik idi. Bununla belə, Sovet İttifaqının dağılması ilə bu model artıq tarixi önəminiitirib və yerini yeni geosiyasi gerçəkliklərə buraxıb. Gürcüstanın çağdaş dönəmdə Türkiyə və Azərbaycanla sıx bağlar qurması, bölgədə yeni bir strateji xəttin meydana çıxmasına səbəb olub.

 

Aydındır ki, Stalin gürcü əsilliydi və sövq-təbii Gürcüstanın maraqlarını müəyyən qədər qoruyurdu. Stalin Güney Qafqazda Sovet nəzarətinin gücləndirilməsində etnik gərginliklərin idarə edilməsi amilinə üstünlük verirdi.

Mikoyan Sovet rəhbərliyində erməniləri təmsil edən ən yüksək vəzifəli siyasətçi idi. O, Ermənistanın maraqlarını müdafiə etmək üçün vəzifə mövqeyindən istifadə etməmiş deyildi, lakin bu işi ümumsovet maraqları libasına bürüməyi bacarırdı. “(Vladimir) İliçdən (Leonid) İliçə” uzun illər boyu Kremldə yuvalanmağı bacarmış Mikoyan dövlət xadimi ərkanı ilə deyil, dardərə düşüncəsi(zliyi) ilə hərəkət edib...

 

Onu da vurğulayaq ki, Kreml erməni-gürcü çıxarlarının tarazlaşdırılmasını da diqqətdən uzaq tutmayıb.

-Ermənistan və Gürcüstan arasında müəyyən gizli gərginliklər olubsa da, məlumunuz – Kreml Sovet dönəmində belə gərginlikləri dayandırmış olmalı...

 

Sovet modelinin zəifləməsi və yeni gerçəkliklər

 

Bəli, Sovet İttifaqının dağılmasından sonra Stalin-Mikoyanmodeli önəmini itirdi, çünki Güney Qafqaz ölkələri yeni müstəqil siyasət yürütməyə başladı. Bu sürəc həmçinin Gürcüstan-Türkiyə və Gürcüstan-Azərbaycan bağlarının güclənməsi ilə müşayiət olundu. Fikrimizi yığcam şəkildə əsaslandıraq:

 

1. Gürcüstan-Azərbaycan bağları

-Enerji və daşımaçılıq: 

Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyində əsas rol oynayır. TANAP və TAP kimi layihələrdəki işbirliyi, Gürcüstanın iqtisadi sabitliyinə böyük töhfə verir.

-Siyasi dəstək: 

Azərbaycan, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bölgəsəl düzeydə vahid strategiya yürüdür.

- Mədəni bağlar: 

Gürcüstan Respublikasının vətəndaşı olan, oranın yerli, köklü xalqlarından olan azərbaycanlılar iki ölkə arasında mədəni bağları gücləndirən ən əsas faktordur.

 

2. Gürcüstan-Türkiyə bağları

- İqtisadi tərəfdaşlıq: 

Gürcüstan və Türkiyə arasında ticarət və enerji sahələrində geniş işbirliyi qurulub. Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Qars dəmir yolu layihələri bu işbirliyinin əsas sütunlarıdır.

- Strateji önəm: 

Gürcüstan, Türkiyəyə, Türkiyənin önəmli mövqe sahibi olduğu NATO-ya yaxınlaşan bir tərəfdaşdır. Türkiyə öz növbəsində Gürcüstanın ərazi bütövlüyünü (Abxaziya və Güney Osetiya məsələsində) dəstəkləyir.

- Mədəni təsir: 

Gürcüstanın Türkiyə ilə yaxınlaşması, əsasən Axıskatürklərinin, digər türk-islam mənsubu xalqların hüquqlarının tanınması və inteqrasiyası ilə dəstəklənir.

 

3. Ermənistanın özündən qaynaqlanan təcrid:

-Gürcüstanın Türkiyə və Azərbaycanla sıx bağlarındanErmənistan ciddi zərər görür. Bu bağlar Ermənistanın bölgəsəllayihələrdən qıraqda qalmasına səbəb olur. Lakin bu gedişatdasuçlu nə Azərbaycan, Türkiyə, nə də Gürcüstan deyil, bilavasitə Ermənistanın özüdür.  

-Zəngəzur dəhlizi məsələsi, Ermənistanın geosiyasi blokadadan çıxması üçün bir fürsət olsa da, Gürcüstan məhz öz ərazisindən keçən marşurutlarda maraqlıdır. Zəngəzur dəhlizinin bu günə qalmasının tək suçlusu da Ermənistandır – onlar işğalçılığı iqtisadiyyatdan üstün tutdular və sonucuna da qatlanmaq zorundadırlar...

 

Gürcüstanın yeni geosiyasi mövqeyi

 

Gürcüstan Türkiyə və Azərbaycanla bağlarından yararlanaraq öz strateji mövqeyini gücləndirir.

- Bölgəsəl iqtisadi mərkəz: 

Gürcüstan enerji kəmərləri və daşımaçılıq yolları ilə bölgəsəliqtisadiyyatın mərkəzi mövqeyindədir.

- Sabitlik və işbirliyi: 

İç sabitliyinin, ərazi bütövlüyünün qorunmasındaAzərbaycanın və Türkiyənin  dəstəyi Gürcüstan üçün önəmlidir.

Sonuc olaraq, vurğulayaq ki,

Adıyaman Stalin-Mikoyan modelindən sonra yaranmış yeni geosiyasi ortam Gürcüstanın Türkiyə və Azərbaycanla sıx işbirliyi edərək bölgəsəl mövqeyini gücləndirməsinə imkan yaratdı. Ermənistan isə bu münasibətlərdən qıraqda qaldı, çünki onun bölgəsəl siyasəti öz əsassız iddialarından, hikkəsindən qaynaqlanan strateji təcridlə xarakterizə olunur. Bu sürəc, Gürcüstanın bölgədə artan iqtisadi və siyasi təsiri ilə sonuclanıb.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Şəkildə: 3 həftəlik erməni-gürcü müharibəsi. 1918-ci ilin dekabrı. 

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2025)

 

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət”

 

Hacı İsmayılov - bu ad çoxminli kino-teatr tamaşaçıları üçün tək elə “Ad günü” filmindəki mükəmməl ifası ilə əzizdir. 

 

31 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə YAP Səbail Rayon Təşkilatı gənclərinin Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirildi.

 

"Heydər Əliyev və mədəniyyət" mövzusunda keçirilən tədbiri giriş sözü ilə YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev açdı. O, tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin siyasi fəaliyyətindən, müasir və müstəqil Azərbaycan dövlətinin keçmişindən və bu günündən söhbət açdı, Heydər Əliyevin daxili və xarici siyasətinin əhəmiyyətindən danışdı. Sonra sözü 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılova verdi.

Hacı İsmayılov Azərbaycan gəncliyinin bu günki uğurlarını qeyd edərək Heydər Əliyevin gənclərə hər zaman diqqət və qayğı ilə yanaşdığını, müstəqil Azərbaycanın gələcəyinin məhz gənclərin siyasi, ictimai fəaliyyətindən asılı olduğunu vurğuladı.

Tədbirdə Heydər Əliyevin mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş olundu.

Səmimi şəraitdə davam edən görüşdə Hacı İsmayılov gəncləri maraqlandıran sualları cavablandırdı.

Tədbirdə  çıxış edən İttifaqın sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov Azərbaycan gəncliyinin inkişafından danışdılar, gənclərə dəyərli tövsiyələr verdilər. 

Sonda xatirə şəkli çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2025)

Yanvarın 31-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Xalq rəssamı Əşrəf Heybətinin “Türk dünyası” adlı sərgisinin açılış mərasimi olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Fondun prezidenti Aktotı Raimkulova sərgidə yer alan əsərlərin çoxfiqurlu və poetik kompozisiyaları ilə türk xalqlarının ruhunu, ənənələrini və yaşayış tərzini əks etdirdiyini bildirib.

Fondun bu cür layihələrin reallaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd edən A.Raimkulova deyib: “Əsərlər Türk dünyasının tarixinin və eposlarının görkəmli nümayəndələri – Dədə Qorqud, Şah İsmayıl, Atilla və başqalarının obrazlarını canlandırır. Onların rəngarəngliyi və incə işlənmiş detallar ziyarətçilərə türk mədəni irsini fərqli prizmadan tanıdır. Sərgi yalnız incəsənət həvəskarlarını deyil, həm də türk tarixinin, mədəniyyətinin və irsinin dəyərini anlamaq istəyən hər kəsi özünə valeh edir. Məqsədimiz mədəniyyətimizi qorumaq və beynəlxalq arenada təbliğ etməkdir”.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (AMA) prezidenti, professor Fuad Məmmədov vurğulayıb ki, bu sərgi bizi birləşdirən möhtəşəm bir rəmzdir. 

“Əşrəf Heybəti Türk dünyasına dəyərli töhfələr vermiş görkəmli sənətkardır. O, gözəl yaradıcılığı ilə təkcə Azərbaycan mədəniyyətini və incəsənətini deyil, həm də bütün türk xalqlarını dünyaya tanıdır. Rəssamın yaradıcılığı rəngarəng və dərin məna daşıyan türk rəmzləri ilə zəngindir”,- deyə F.Məmmədov əlavə edib.

Sərginin müəllifi Əşrəf Heybəti rəssam kimi missiyasının türk mədəniyyətini dünyada layiqincə təbliğ etmək olduğunu söyləyib.

Əşrəf Heybəti Fondun prezidenti Aktotı Raimkulova tərəfindən zəngin türk mədəni irsini öz əsərlərində yüksək səviyyədə əks etdirdiyinə və “Türk dünyası” sərgisini uğurla təşkil etdiyinə görə təltif olunub.

Xalq rəssamı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna əsərini hədiyyə edib.

Sonda qonaqlar sərgi ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2025)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku arasında ikitərəfli görüş keçirilib.

“Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlumata görə, görüş zaman  QDİƏT-in Baş katibi Bakıda keçirilmiş “Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Dövlət Agentliyi tərəfindən təşkil olunmuş “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu”nda iştirakını məmnunluqla qeyd edib.

Qonaq Dövlət Agentliyi tərəfindən 2021-2023 və 2023-2025 illərdə QDİƏT-in “İnstitusional İslahatlar və Yaxşı İdarəçilik” üzrə İşçi Qrupunda sədrlik edildiyini vurğulayaraq bu çərçivədə həyata keçirilən fəaliyyətlərin təqdirəlayiq hesab edildiyini bildirib. 

Həmçinin “ASAN xidmət” təcrübəsinin təşkilata üzv bir sıra dövlətlərlə paylaşılması istiqamətində əməkdaşlığa dair müzakirələr də aparılıb.

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 31.01.2025-ci il tarixində Oğuz rayon Tarix-Diyarşünaslıq muzeyində “2 Fevral – Gənclər Günü” münasibəti ilə dəyirmi masa təşkil edilib. 

 

Tədbirdə bir qrup gənc və tələbələr iştirak ediblər. 

İlk öncə Vətən uğrunda şəhid olan gənclərin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra muzeyin direktor əvəzi Arzu Əliyeva, bələdçisi Elmira Mütübullayeva gəncləri təbrik edərək öz çıxışlarında gənclər gününün təsis edilməsində ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğundan, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət Gənclər siyasətindən, dövlətin gənclərə göstərdiyi qayğıdan, Azərbaycan gənclərinin ölkəmiqyasında hərtərəfli fəaliyyətindən, ölkəmizin qazandığı uğurlarda gənclərin iştirakından bəhs ediblər.

Sonda Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

31 yanvar 2025-ci il tarixdə Oğuz rayon Mərkəzi Kitabxanasında Mərkəzi Kitabxananın başlatdığı “ Oğuzun tanınmış simaları” layihəsi çərçivəsində oğuzlu şair, AYB-nin üzvü, tədqiqatçı Yusif Rzanın görüşü təşkil olunub.

Görüşdə Qəbələ və Oğuzun ədəbi mühitinin nümayəndələri, ziyalılar, yaradıcılıqla məşğul olan insanlar, RİH-in nümayəndəsi, idarə və müəssisələrin rəhbərləri, poeziya sevərlər, məktəblilər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canını qəhrəmanlıqla fəda edən şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.

Oğuz rayon MKS-nin direktor əvəzi Nəzakət xanım Qasımova tədbir iştirakçılarını salamladıqdan sonra, Mərkəzi kitabxananın böyük kitabxanaçısı şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

Çıxış edənlər Yusif Rzanın bir Oğuz ziyalısı kimi tarixi və etnoqrafik məqalələrinin, kitablarının Oğuzun tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətli olduğundan danışıblar. Yusif Rzanın bir şair kimi öz dəst-xəttinin olduğu, Oğuzun istər poetik, istərsə də elmi məqalələrində mühüm əhəmiyyət daşıyan tarixi mövzulara müraciəti təqdirəlayiq olduğu vurğulanıb. Yusif müəllimə elmi və ədəbi yaradıcılığında uğurlar arzulanıb. 

Məktəblilərin ifasında müəllifin şeirləri səsləndirilib, sözlərinə həsr olunmuş mahnılar dinlənilib. 

Müəllif iştirakçılara öz kitabını hədiyyə edib. Oxucular tərəfindən şairə yaradıcılığı ilə bağlı suallar ünvanlanıb. 

Sonda xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

Bu gün - 31 yanvar 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirildi.

 

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmdilər. 

Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov Qərbi Azərbaycan gənclərini, eləcə də bütün Azərbaycan gənclərini təbrik etdi. Tədbirdə gənc deputat, millət vəkili Pərvanə Vəliyeva, YAP Nizami bələdiyyəsinin üzvü Yeganə Ziyad qızı, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin əməkdaşları, həmçinin “Ədəbiyyat və İncəsənət” portalının əməkdaşı kimi bəndəniz Zəhra Allahverdiyeva və digər Qərbi Azərbaycanlı ziyalılar və gənclər çıxış etdilər. 

Fürsətdən istifadə edib çıxışımın stenoqramını diqqətinizə çatdırıram: 

 

-Salam, hər vaxtınız xeyir olsun. Bu gün burada iştirak edən və etməyən bütün Qərbi Azərbaycan vətəndaşlarını, eləcə də bütün Azərbaycan xalqını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edirəm. Mən Böyük Vedi rayonunun Şidli kəndinin sakini Zəhra Allahverdiyeva Asif qızıyam. Azərbaycan Dövlət Pedaqoji Universitetində fransız dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıram. Universitetimizdə Qərbi Azərbaycanla bağlı keçirilən tədbirlərə qatılır, fransız dilində esse və inşa müsabiqələrində iştirak edirəm. Həmçinin “Ədəbiyyat və İncəsənət” portalında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələri haqqında məqalələr dərc etdirirəm.

Biz – Qərbi Azərbaycan gəncləri inanırıq ki, necə ki bu gün burada toplaşmışıq, ata-baba yurdlarımızda da belə məclislərdə və tədbirlərdə bir araya gələcəyik. 

Biz qayıdışla bağlı müxtəlif sosial şəbəkələrdə paylaşımlar etməli, yurd sevgimizi əks etdirməliyik. Cənab Prezident İlham Əliyev qayıdış məsələsinə xüsusi diqqət ayırır və Qərbi Azərbaycanlılara, o cümlədən gənclərə dəstəyini əsirgəmir. 

Biz ona uzun ömür və fəaliyyətində uğurlar arzu edirik.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

 

Bu gün - 31 yanvar 2025-ci il saat 11:00-da Bakı Slavyan Universitetinin konfrans zalında “2 fevral - Gənclər Günü”nə  həsr olunmuş “Nəsillərin Görüşü” silsiləsindən “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verirki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi tədbirdə gənclər, veteranlar, ziyalılar iştirak edib.  

 Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Respublikasının "

Əməkdar Jurnalisti, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, yazıçı Varisin  moderatorluğu ilə keçirilən tədbiri açıq elan edib. 

Daha sonra rektorun məsləhətçisi Ənvər Abbasov çıxış edərək dövlətimizin gənclər siyasəti ilə bağlı maraqlı fikirlər səsləndirib, Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin önəmindən bəhs edib . 

 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Əfqanıstan, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranı, polkovnik Cəlil Xəlilov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. 

Polkovnik qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, böyük töhfələr verib:

“Gənclərimizin milli ruhda, mənəvi dəyərlərimizə sadiq şəkildə yetişdirilməsi hər zaman üçün aktual olan məsələlərdən biridir. Təsadüfi deyil ki, dövlət başçımız öz çıxış və müsahibələrində bu məqama xüsusi həssaslıqla toxunur,  Vətənə bağlı gəncliyin yetişdirilməsinin dövlətimizin bu günü və gələcəyi baxımdan həyati önəm kəsb etdiyinə diqqət çəkir. Bu məsələdə ailə ilə yanaşı, təhsil müəssisələri və QHT-lərin də üzərinə böyük məsuliyyət düşür ki, biz bu məsuliyyətdən irəli gələn vəzifələri layiqincə yerinə yetirməliyik”.

I Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov “Keçmişdən gələcəyə estafetin ötürülməsi”, Varis “Müasir gənclərin hədəfləri, məqsəd və vəzifələri”, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli “Heydər Əliyev – tərbiyənin mənəvi aspektləri” mövzusunda çıxış ediblər. 

 Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı Əfəndi Axunəli və jurnalist Xəlil Qarəhmədov çıxışlarında Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara toxunub, gənclərin  bugünə qədər olduğu kimi, bundan sonra da milli maraqramızın, dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağını vurğulayıblar.

Tədbirin sonunda bir qrup gənc Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fərxi Fərmanla təltif edilib, xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Ədəbiyyatımızın seçilən nümayəndələrindən biri olan Əməkdar incəsənət xadimi, unudulmaz şair Əli Tudə ədəbiyyat tarixinə yalnız poeziya örnəkləri ilə deyil, həm də yüksək mənəvi dəyərlərə əsaslanan bədii prinsipləri ilə daxil olub. Bu gün  şairin doğumunun 101-ci ildönümü tamam olur. İstər öz sağlığında, istər vəfatından sonra, istərsə də, 100 illik əlamətdar yubiley ilində, şairin zəngin irsi dəyərləndirilib, onun yaradıcılığının xalqımızın mədəni yaddaşında oynadığı rol müxtəlif aspektlərdən incələnib.

 

Həyat və yaradıcılıq yolu

 

Əli Tudə (Əli Tudə Cavadzadə; 31.01.1924, Bakı – 26.02.1996, Bakı) XX yüzilin ortalarında Azərbaycanın intellektual və mədəni mühitində özünəxas bir yer tutub. O, xalqın keşməkeşli həyatını, o taylı-bu taylı Azərbaycanın doğal gözəlliklərini və vətən sevgisini poetik təfəkkürün ön planına gətirərək, milli poeziyamızın lirik gələnəklərini davam etdirib və yeni məzmunla zənginləşdirib. Onun şeirlərinə xas humanist dünyagörüşü, estetik incəlik və fəlsəfi yanaşmalar çağdaş oxucular üçün də güncəldir.

 

Əsas mövzular və bədii üslub

 

Poeziyası həyatın müxtəlif aspektlərini ehtiva edən sənətkarın məhsuldar yaradıcılığında üç əsas istiqamət özəlliklə diqqət çəkir. -

 

Vətənə sevgi və milli dəyərlər: 

Onun vətən mövzusunda yazdığı şeirlər Azərbaycanın təbii gözəlliklərini, milli ruhunu və xalqın qürur qaynağını bədii biçimdə təsvir edir.

Örnəyi, “Mən nə gətirdim?” adlı şeirində vətən sevgisinin doğal gözəlliklərlə süslənmiş obrazı yaradılır:

 

Mən öz qardaşıma mehman gələndə,

Bir qələm, bir dəftər, bir can gətirdim.

Dağların döşünü toplar dələndə,

Bir ləkə düşməyən vicdan gətirdim.

 

Mən onu günəşdən təmiz saxladım,

Canımdan, gözümdən əziz saxladım,

Bu kiçik qəlbimdə dəniz saxladım,

Bir xilqət görmədi, pünhan gətirdim.

 

İnsanın daxili dünyası və hisslər aləmi: 

Əli Tudə şeirlərində insan psixologiyasını, sevgi və ayrılıq hisslərini bədii zərgər dəqiqliyi ilə qələmə alıb.

Bütöv Azərbaycanlı şair görək daha nə gətirib:

 

Ucuz tutmasınlar bu sovqatımı,

Hissimi, duyğumu, 

ehsasatımı,

Mən öz varlığımı, öz həyatımı

Doğma qardaşıma qurban gətirdim.

 

Ürək daş deyildir, bir parça ətdir

Bəs onu yaşadan hansı qüdrətdir?

Bir arzu, bir ümid, bir məhəbbətdir,

Mən o məhəbbətdən nişan gətirdim.

 

Tarixi və sosial mövzular: 

Əli Tudə öz dönəminin ictimai qayğılarına da biganə qalmayıb, xalqın ağrı-acılarını ifadə edən və inkişafa çağıran şeirlər yazıb. Yenə “Mən nə gətirdim?” ritorikasına qayıdaq:

 

Qardaşım, illərlə istədin ki sən

Öz ana yurdumda azad olum mən…

Lakin cəlalımı dağıtdı düşmən,

Tək sənə, tək sənə güman gətirdim.

 

Yenə Azərbaycan qan ağlayır, qan

O azad olmasa, yaşamam, inan!

Gərək mən Təbrizə qayıdan zaman

Deyəm ki, təzə bir dövran gətirdim.

 

Tudə irsinin önəmi

 

Şairin əsərləri yalnız bir dönəmin poetik abidəsi deyil, həm də bütövlük ədəbiyyatımızın gələcəyi üçün mənəvi və estetik təməl daşlarından biridir. Onun poeziyasında yer alan mənəvi dəyərlər çağdaş oxucunun həyatına ilham verə biləcək gücdədir.

 

Ədəbiyyata təsiri

 

Azərbaycan şeirində dərin lirizmi və vətəndaş mövqeyi ilə seçilən Əli Tudə yaradıcılığı həmkarları və gənc şairlər üçün örnək olub. Onun şeirindəki bədii ifadə vasitələri, səmimi ton və məzmun zənginliyi Azərbaycan poeziyasının ən gözəl örnəklərindən biridir.

 

Ötən il 100, bu il 101…

 

Əli Tudənin 100 illik yubileyi, yalnız bir şairin irsini dəyərləndirmək üçün deyil, eyni zamanda, çağdaş gəncliyi ədəbiyyatın ruh dərinliyi ilə tanış etmək üçün bir fürsətdir. Onun irsinin araşdırılması və təbliği, o taylı-bu taylı Azərbaycanın bütövlük mədəniyyətinin öyrənilməsi yönündə atılan önəmli işlərdəndir. Şairin vəfalı oğlu Natiq Cavadzadənin hazırladığı və nəfis tərtibatla nəşr etdirdiyi “Əli Tudə. Əsərlər” çoxcildliyi, eləcə də, sənətkarın şəxsiyyəti, mühiti, yaradıcılığı haqqında seçmə yazıların toplandığı kitab bu baxımdan özəl diqqət, təqdir və şükranlığa layiqdir.

 

Əli Tudə, o tay-bu taylı Azərbaycan poeziyasının mənəvi sütunlarından biri kimi həmişə xalqın qəlbində yaşayacaqdır. Onun irsi, yalnız bir xatirat deyil, eyni zamanda Bütöv Azərbaycan amallı nəsillərin mənəvi yoluna işıq salan mayaklardandır.

Şair ruhuna alqışlar!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

Cümə, 31 Yanvar 2025 17:36

Onun istiqlal məfkurəsi

Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

İstiqlal carçılarımızın milli azadlıq mübarizəsini körükləməsi nəticəsində XX əsrdə ilk çağdaş milli dövlətimiz – Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Biz müstəqilliklə bərabər zamanın sınağından çıxan Cümhuriyyət modelini də kəşf etdik. Tarix bizə müstəqilliyin bərpasına fürsət verdiyi kimi, Cümhuriyyət qurucularının irsini öyrənməyə, tarixi təcrübəsini qazanmağa da zəmin yaratdı.

Gözümüz önündə gerçək tarixin qürurverici səhifələrini vərəqlədikcə Cümhuriyyət günəşinin istisini, işığını hiss edə bilirik. Bu tarixi yüksək ideallar uğrunda ağlasığmaz fədakarlıqlar göstərən, Vətəndən uzaqlarda ömür sürən nisbətən azsaylı bir zümrənin mübarizəsinin tarixidir. Bu tarix, həmçinin Azərbaycanın istiqlalı naminə öz həyatlarını qurban vermiş insanların həyat və mübarizəsi tarixidir. Bu gün xalqın müstəqilliyi yolunda həbsə və sürgünlərə yollanan, min bir əzaba dözərək mühacir həyatı yaşayan Cümhuriyyət liderlərini üçrəngli Azərbaycan Bayrağının dalğalandığı hər yerdə qürur və hörmətlə anırıq.

Bu gün görkəmli dövlət və ictimai-siyasi xadim, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, milli istiqlal hərəkatının və siyasi mühacirətin lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür. Təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin təməl daşını qoyan M.Ə.Rəsulzadə 1902-ci ildə – on yeddi yaşında Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olan “Müsəlman gənclik təşkilatı”nı yaratdı. 1904-cü ilin axırlarında yaradılan “Hümmət” təşkilatının və eyni adlı qəzetin banilərindən olan Rəsulzadə 1908-ci ildə təqib olunduğunu hiss edərək Təbrizə köçdü. Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ildə Türkiyəyə köçür və paytaxt İstanbulda həmyerliləri Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu ilə görüşərək Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və Vətənə qayıdır. 1918-ci il mayın 27-də milli şuranın sədri seçilən Rəsulzadə 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri vasitəsilə Azərbaycanın istiqlaliyyətinin elan olunmasını dünyaya yaydı. Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təşkil olundu. Bununla da Azərbaycan xalqı bir xalq kimi nəinki türk xalqları arasında, həmçinin bütün islam şərqi aləmində ilk dəfə olaraq milli dövlətini qurdu. Bakı Dövlət Universitetinin yaradılmasının təşəbbüskarı olan Məhəmməd Əmin Rəsulzadə müxtəlif illərdə universitetin Tarix-filologiya fakültəsində “Osmanlı ədəbiyyatı tarixini” tədris edib. 1919-cu ildə “İstiqlal” jurnalında “Azərbaycan Respublikası” adlı əsəri işıq üzü görən dövlət xadiminin Əli bəy Hüseynzadənin redaktoru olduğu “Füyuzat”, həmçinin Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunub. 1908-ci ildə tamaşaya qoyulan “Qaranlıqda işıqlar” pyesi Azərbaycanda milli istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. 1923-cü ildən İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan Respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir.

Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edib. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə “İstiqlal” qəzeti və “Qurtuluş” jurnalı çap edilib. 1947-ci ildən Ankaraya köçən Rəsulzadə burada ömrünün sonuna kimi yaradıcılıqla məşğul olaraq “Azərbaycan şairi Nizami” adlı samballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirib. O, müxtəlif illərdə “Məhəmməd Əmin Rəsulzadə”, “Yalvac oğlu”, “Məhəmməd Əmin”, “M.Əlif Rəsulzadə” və sair imzalarla tanınıb. Şəkər xəstəliyindən əziyyət çəkən Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da gecə saatlarında Ankara Universitetinin tibb klinikasında gecə saat 22:50-də ölüm yatağında son dəfə Azərbaycan pıçıldadı. Bəlkə də gözlərini yumarkən xəyalında yenə də 1918-ci ilin mayı canlandı-üçrəngli bayraq, cümhuriyyət sevdalıları, birdə millətin azadlıq sevinci.

Əsli Ordubaddan olan, Təbrizdə dünyaya gözlərini açan dövlət xadimi Ankarada, Əsri qəbiristanlığında dəfn edilib. 1985-ci ildə ölümündən 35 il sonra Oksford Universitetində M.Ə.Rəsulzadənin “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” adlı kitabı ingilis dilində ikinci dəfə çap edildi.

 Ümummilli Lider Heydər Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə dövlət xadiminin 130 və 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalayıblar.

 1920-ci il 28 aprel tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız dövlət qurumlarının üzərindən ürəklərə köçdü. 1990-cı il noyabrın 17-də isə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın rəsmi bayrağı kimi qəbul olundu. Bu addım onun dəqiq, vaxtında hesabladığı ən böyük və düzgün addım idi. Qardaşın qardaşı döyüş meydanına səslədiyi zamanda o xalqı köməyə çağırdı. Xilas naminə, qurtuluş naminə. Eynilə Atatürkün Sivasdan Anadolu türkləri ilə coşması və Heydər Əliyevin Naxçıvandan xalqın içindən xalqın xilası naminə atdığı addım kimi.

 Zaman-zaman bu üçrəngli bayraq milliyyətçi aydınlar tərəfindən qaldırılmanın həsrətini, zaman-zaman Azərbaycanı ölkələr içindən təmsil etməyin qürurunu, zaman-zaman isə tapdaq altında olan Qarabağda, Xudafərində dalğalandırılmağın həsrətini çəkdi. Üçrəngli ay-ulduzlu bayrağımız ucaldıqca yaraları sağaltdı. Varoluşunda əbədilik qazandı. 1918-ci il sentyabrın 16-da parlaq qələbə münasibətilə Nuru paşanın, Xəlil paşanın, general Əliağa Şıxlinskinin, polkovnik Həbib bəy Səlimovun birlikdə addımladığı meydandan 102 il sonra Türk və Azərbaycan Ordusunun mətin addım səsləri duyuldu.

2020-ci ilin sentyabrında başlayan II Qarabağ müharibəsi zamanı işğal olunmuş bütün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalandırıldı.

Cümhuriyyətin 23 aylıq qısa dövrü tarixin böyük dövlətçilik məktəbidir. Vətənpərvərliyin, vəfanın vəmillət yolunda fədakarlığın, şəksiz qələbənin örnəyidir. Cümhuriyyət irsi, onun ideyaları bu gün də davam etdirilir. Gələcəyə aparan işıqlı yolumuzda möhkəm təməl və sarsılmaz istinad nöqtəsi rolunu oynayır. İstər Cümhuriyyət dövründə, istərsə də sonra Azərbaycan daim işğal, beynəlxalq aləmdə təklənmə, ayrı-seçkilik siyasətinin təzahürü kimi təqib və təhdidlərlə davamlı şəkildə üzləşib. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı mətin addımlarla günəşli günlərə doğru yol alır.

Artıq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa edilib. İnanırıq ki, milli istiqlal carçısı Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin məhz torpaqlarımızın işğaldan azad edildiyi illərdə keçirilməsi onun və bu yolda ona yoldaş olan bütün Cümhuriyyət carçılarının ruhunu şad edib.

Sən, zəfərdən doğulmuş, hürr yaşamış, hürr qalacaqsan. Ömrün qısa olsa da, şahidliyin əbədidir. Sən bizə azadlığın bir ideya deyil həm də, carçısı olmağı öyrətdin. Bir kərə yüksəltdiyin o bayraq bütün azad Azərbaycan torpaqlarında dalğalanır, bir daha enməmək üçün. Sən vətəndən uzaqda gözlərini əbədi yumsanda Azərbaycanın hər sabahında yenidən doğulursan!

Günün mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.