Yazmaq — ağrını kənara deyil, içinə çəkib bir az da sənlə barışmaqdır Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Məni heç kim itirmədi. Çünki heç kim mənə tam sahib olmadı. Sadəcə kənardan baxdılar — keçib gedən bir qatar kimi. Sürəti vardı, amma mənzilim deyildi. Mən isə perronda qalmaqdan başqa yol bilmədim. Həmişə bir az gözlədim, bir az ümid etdim, bir az da içimdə böyüyən boşluğa ad qoymağa çalışdım. Amma bacarmadım. Çünki bəzi hisslər ad istəmir, sadəcə yaşanmaq istəyir.

 

Susdum. Hər dəfə danışmağa cəhd edəndə içimdəki səslər daha yüksək qışqırdı. Və bu qışqırıqları susdurmaq üçün bir yol tapdım: yazmaq. Yazmaq — ağrını kənara deyil, içinə çəkib bir az da sənlə barışmaqdır. Mən barışmağa çalışdım, amma barışmaq heç vaxt bağışlamaq deyil. Mən sadəcə qəbul etdim: bəzi boşluqlar dolmaz, bəzi insanlar geri dönməz, bəzi sözlər heç vaxt deyilməz.

 

Mənə "niyə bu qədər dərinsən?" deyənlərə cavab verə bilmədim. Çünki mən dərindən gəlmişdim. Mənə "çox hiss edirsən" deyənlər bilmədi ki, hiss etməsəm yaşaya bilmərəm. Mən sevgi haqqında moizələr oxumadım, onu bir nəfərin gözündə axtardım. O isə baxıb görmədi, susub getdi. Bəlkə də qorxdu. Çünki mən hisslərdən ibarət idim, o isə hesablamalardan.

 

Bir gün o da başa düşəcək. Amma gec olacaq. Hər şeyin bir qatar vaxtı var. Geciksən, keçər. Qayıdış isə ancaq yaddaşda mümkündür. Və yaddaş, bəzən insanın ən ağır yüklərindən biridir. Mən də daşıyıram. Səsini, baxışını, susqunluğunu. Amma səni yox. Çünki sən artıq bir hiss deyilsən, sən artıq bir yazısan. Bu yazının bir cümləsi, bir nöqtəsi, bir fəryadı...

 

Bu dünyada sağ qalmağın yolu ya hisslərini öldürmək, ya da onlara dil verməkdir. Mən ikinci yolu seçdim. Çünki mən sağ qalan deyil, yaşayan olmaq istədim. Az da olsa, qalan da olsa, yarım da olsa — həqiqi olmaq istədim.

Və sən, bu sətirləri oxuyursansa, bil ki, biz eyni xatirənin fərqli səsləriyik. Eyni pəncərədən baxıb, fərqli yollara çıxmış iki ruhuq. Sən də susursan. Mən də. Amma bu yazı — bizim qışqırığımızdır.

Susma. Yaz!!!

 

“Ədəbiyyat və incəsənət”

(09.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.