BİRİ İKİSİNDƏ – Azər Fəraqi Urfan ədəbiyyatı barədə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Tribuna rubrikasıdır, tribunadakı Azər Fəraqidir. O, Urfan ədəbiyyatı barədə danışır.

 

 

Azər FƏRAQİ

 

ÜRFAN ƏDƏBİYYATI – İSLAMIN BUDAQ DİLİ

 

Bəşər sivilizasiyası həzrəti Nuhun zamanında baş vermiş böyük bir fəlakətdən sonra tənəzzülə uğrasa da, süqut etməmiş, həzrəti İbrahimin səylərilə başlayaraq yenidən yüksəlməyə davam etmişdir. İlahi elçilər, onların canişinləri, o cümlədən bütün müdrik insanlar həqiqətləri digər insanların həm fərdi, həm də bəşəri olaraq birgə təkamülünə zəmin yaratmaq üçün zamanın və məkanın tələblərinə uyğun bir üslub və yaşadıqları dövrün insanlarının qavraya biləcəkləri dil ilə anlatmışlar. Allahın son elçisi həzrəti Muhəmməd belə buyurub: “Biz, peyğəmbərlər qövmü,insanlar ilə öz dillərində danışarıq”. Bəzən yanlışlıqla yəhudiliyin ezoterik bir yönü olaraq təqdim edilən, əslində isə əsli bütün səmavi dinlərdən, həmçinin yəhudiliyin özündən də daha qədimə dayanan, ilk dəfə həzrəti İbrahimin sistemləşdirdiyi Kabala elminin insanlara xitab etdiyi dil də tamamilə rəmzlər və məcazlar ilə ehtiva edilmişdir.

 

Kabala, beş duyğu üzvləri vasitəsi ilə qavranan maddi reallığın əsl mahiyyəti olan mənəvi gerçəkliyin metodiki idrakı elmidir. İnsan ağlı maddi reallığı üç parametrdə qəbul edə bilir: məkan, zaman və hərəkət.

Maddi aləmdə mövcud olan hər bir nəsnə və baş verən hər bir hərəkət materiyanın bətnində, caizi-təbir ilə desək, üst ruhani aləmdə var olan substansiyaların və işləyən qüvvələrin inikasıdır. Bu səbəb – nəticə münasibətlərinin təbiətdə bir ağacın kökləri və budaqları arasında olan əlaqələr ilə bənzərliyinə binaən Kabalistlər özlərinə "Budaq dili" adlandırılan xüsusi bir dil təyin etmişdilər. Ruhani aləmdəki bir obyekt, yəni "kök" maddi aləmdəki təzahürü olan obyektin, yəni "budağın" ismi ilə adlandırılır. Beləliklə, ruhani aləmi bəşəri kəlmələrlə ifadə etmək mümkün olur. Qədim kabalistik mətnlər məhz bu dildə tərtib edilmişdir. Bu dili bilməyən şəxslər həmin mətnləri oxuyarkən dünyəvi bir hekayədən fərqli bir məfhum anlaya bilməzlər.

İslam mədəniyyətində isə bu ənənə daha çox ədəbiyyat sahəsində, nəzm və ya nəzmli nəsr sayəsində yaşamışdır. Sufilər, həmçinin digər arif mütəfəkkir alimlər, şairlər insanlara çatdırmaq istədikləri ürfani bilgiləri və ya başqa ariflərə nəsildən-nəslə ötürmək istədikləri həqqani sirləri məhz bəhs etdiyim rəmzlər, ədəbi istilahlar ilə dilə gətirmişdirlər. Beləliklə, ürfan ədəbiyyatı adlandıra biləcəyimiz xüsusi bir dil formalaşmışdır.

Təsəvvüf ərbabı arasında təkcə ədəbi sahədə deyil, mürşid-mürid münasibətləri konsepsiyasında da təkamül məqamlarının, mənəviyyat hallarının ifadəsi üçün xüsusi ürfan istilahlarından istifadə edilmişdir. Ümumiyyətlə, bütün elmlərin özünəməxsus istilahlarının olmağı labüd və normaldır. Lakin həm Kabalanın, həm də ürfan ədəbiyyatının istifadə etdiyi kəlmələr, ifadələr istilah olmaqdan ziyadə, ayrıca bir dil adlandırılacaq qədər zəngindir. Nəzərdə tutulmuş mətləbi daha anlaşılan etmək üçün bir neçə nümunə qeyd etmək faydalıdır. Klassik ədəbi əsərlərdə tez -tez rast gəlinən "cövr" və "cəfa" kəlmələri orfoepik lüğətdə mənaları bir-birilə eyni olan sinonim kəlmələrdir. Lakin ürfan ədəbiyyatında bu iki kəlmə salikin, yəni mənəvi təkamül yolunda irəliləməyə çalışan şəxsin yaşaya biləcəyi iki fərqli ruhani halın ifadəsidir.  Təsəvvüf sistemində salik insan ruhunun mütləq həqiqətə doğru yüksəlməsi prosesi olan ürucdan saxlanılması ilə yaşadığı hala "cövr", qəlbinin ruhani mənəvi həqiqətlərdən pərdələnməsinə isə "cəfa"  deyilir.

Tarixən ürfan və təsəvvüfün beşiyi olmuş Azərbaycan mədəniyyətinin yetirdiyi bir çox ariflər – Məhəmməd Füzuli, Seyyid Əzim Şirvani və bu silsilənin ləyaqətli davamçılarının yaradıcılıqları başdan-başa ürfan ədəbiyyatıdır.

Seyyid Əzim Şirvani Məhəmməd Füzulinin

 

          "Könül, səccadəyə basma ayaq, təsbihə əl urma,

           Namaz əhlinə uyma, onlar ilə durma, oturma"

 

– beyti ilə başlayan qəzəlinə yazdığı

  

"Könül, ta var əlində cami-mey, səbhəşümar olma,

           Riyayi-xəlqdir, billah, nəmaz əhlinə yar olma".

 

– beyti ilə başlayan nəzirəsinin məqtə beytində özünün timsalında oxuculara və dinləyənlərə xitabən tənbeh ilə belə buyurur:

 

"Rümuzi-şerimin dərk etmədən mənasını, Seyyid,

           Gedib meyxanələrdə laübali meyküsar olma".

 

Ürfan ədəbiyyatına aid əsərləri təhqiq və təhlil edərkən və yaxud bu ədəbi üslub ilə bir əsər yazarkən Seyyid Əzimin təbiri ilə desək, "rümuzi-şerin" mənasını dərk etmək, ürfani istilahların mənalarına bələd olmaq zəruridir. Ürfan ədəbiyyatını fəhm etmədən bu üslubda yazılmış bir ədəbi əsəri oxuyan, dinləyən şəxslər dünyəvi hisslərdən fərqli bir təəssür duya bilməzlər.  Bundan əlavə, ürfan ədəbiyyatına aid bir əsər təhqiq və təhlil edilərkən əsərin müəllifinin şəxsiyyətinin də göz önündə tutulmağı mühümdür. Çünki deyilən sözün hikməti ilə sözü söyləyənin şəxsiyyəti bir-birinin qarşılıqlı göstəriciləridir.

                                                         

“Nə qədr var təbəqati-məani şerimdə,

          Fəraqi, ol təbəqat üzrə başqa bir təbəqə”.

 

Əl-qərəz, ürfan ədəbiyyatı İslamın Budaq dilidir.

 

“Ədəbiyyat və incəsənət”

(09.05.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.