
Super User
Yaşı 80-ni ötsə də...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Sabah unudulmaz şəxsiyyət, dahi siyasətçi, uzun illər Azərbaycana rəhbərlik edən, ulu öndər Heydər Əliyevin 102 illiyidir. Bu ərəfədə sizə Heydər Əliyev ideyalarına bu gün də sadiq qalan, onun siyasətini xalq arasında dəstəkləyən insanlar haqqında məlumat vermək istəyirəm. Bu dəfə sizə onlardan biri barədə danışmağa səy göstərəcəyəm...
O, 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunun Xallanlı kəndində anadan olub. 1963-cü ildə indiki Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri doktorudur. Bakı Dövlət Universitetində müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışıb. Hazırda BDU-nun professoru və 1990-cı ildə yaratdığı "Amorf təbəqələr" elmi-tədqiqat laboratoriyasının elmi rəhbəridir. Altı çağırış Milli Məclisin deputatı olub. Bir neçə kitabın müəllifidir. Xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. "Əməkdar elm xadimi"dir, sinəsini "Şöhrət" ordeni bəzəyir...
Deyir ki:- “Kütlə yaradıcı deyil, kütlə birbaşa dəyər yaratmır, kütlə ancaq mühit yaradır. Dəyəri xalqın yaradıcı nümayəndələri- şəxsiyyətlər, fərdlər yaradırlar. Kütlə torpaq kimidir. Torpağa gül-çiçək əkərsən bitirər, əkməzsən bitirməz. Kütləyə ideya verərərsən, onu göyərdə bilər. Kütlə şeir yaza bilməz, musiqi bəstələyə bilməz, rəsm çəkə bilməz, heykəl düzəldə bilməz. Bunu ancaq şəxslər edə bilər. Yaxın tariximizə qayıdaq. Yaxşı xatırlayırıq, 1987- 1991-ci illərdə SSRİ miqyasında güclü anti-Əliyev kampaniyası aparılırdı, böyük şəxsiyyətin adını kütlənin yaddaşından silmək istəyirdilər. Təbii ki, bu da böyük şəxsiyyətə qarşı olan anti-azərbaycanların mövqeyi idi. Ancaq "91-lər", əgər belə demək olarsa, buna imkan vermədilər. Əksinə, xalqın yadına saldılar ki, sənin problemlərini həll edə biləcək böyük şəxsiyyət- Heydər Əlirza oğlu Əliyev Naxçıvanda yaşayır. Amma Heydər Əliyevin Bakıya gəlməsini nə Bakı, nə də Moskva istəyirdi. Təsdiq edirəm, müstəqil Azərbaycan dövləti qurmaq ideyasının müəllifi Məhəmməd Əmin Rəsulzadədir. Ancaq onun qurduğu dövlət cəmi 23 ay ömür sürdü. Onun yerinə sosialist əsaslı başqa bir dövlət yaradıldı və bu dövlət 70 il yaşadı. Bu gün yaşadığımız dövlətin isə həm banisi və həm də qurucusu Heydər Əlirza oglu Əliyevdir. Bunu bütün dünya bilir. Heydər Əliyevin bu xidmətinə Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri Bülənt Ecevitin verdiyi qiymət çox doğrudur: “Heydər Əlirza oğlu min ildə bir doğulan dahilərdəndir. O, Azərbaycanın Mustafa Kamal Atatürkdür...""
Obyektiv adamdır. Rasionallıq, intellektuallıq, ünsiyyətcillik onun əsas xüsusiyyətləri içində önəmli yer tutur. Çox geniş maraq dünyası var. Bir mövzuya maraq göstərdisə bütün diqqətini ona yönəldir və dərindən öyrənir. İnsanlarla ünsiyyətdə olmağı və məlumat mübadiləsi aparmağı xoşlayır. Bununla o, adamları asanlıqla tanımağı bacarır. Sosial çevrəsi xeyli genişdir, onun üçün dialoq və müzakirə çox vacibdir, çünki bu onun düşüncə tərzinin genişlənməsinə, eləcə də dərinləşməsinə səbəb olur...
“O vaxt məşhur "91-lər"in hər birinin arxasında xalq dururdu. Ziya Bünyadovun, Xəlil Rza Ulutürkün, Sirus Təbrizlinin, Zeynəb Xanlarovanın, Fərəməz Maqsudovun və digər alim, ziyalıların arxasında 100 minlərlə insan var idi. Üstəlik, xalq tərəfindən seçilmiş prezident Əbülfəz Elçibəy də Heydər Əliyevin arxasınca təyyarə göndərdi və Bakıya dəvət etdi. Deməli, "91-lər"in istəyini təkrar etdi. Elçibəy "91-lər"dən biri olmasa da, fəqət Heydər Əliyevi Bakıya dəvət edən 92-ci ziyalı oldu. Əlbəttə, tarixi addım atdı. Azərbaycanın müstəqiliyini vəzifə kürsüsündən üstün tutdu. Elçibəy başa düşdü ki, ölkəni bu bataqlıqdan çıxarmaq üçün ölkədə lokal lider olmaq kifayət deyil, müstəqilliyi qorumaq üçün ölkəyə qlobal düşüncəli lider lazımdır...”- söyləyir.
İti zəkaya, dərin düşüncə tərzinə, yüksək intellektual qabiliyyətlərə malikdir. O, sürətli analiz etməyi bacaran və tez qərar verən insandır. Dərindən düşünmə bacarığı, dərrakəsi onun həyatda uğur qazanmasına həmişə səbəb olub, problemlərini kreativ və gözlənilməz yollarla həll etməyə kömək edib...
Deyir ki:- “Heydər Əliyev elə bir şəxsiyyət və lider olub ki, onun irsinin öyrənilməsi və təbliği ümumdövlət, ümumxalq işidir. Bəli, onun yaratdığı irs tükənməzdir və iki hissədən ibarətdir: maddi və mənəvi irs. Ulu Öndərin irsini bir üzüyə bənzətsək, maddi irs uzüyün həlqəsi, mənəvi irs isə üzüyün qaşıdır. Təəssüf ki, uzük tərıflənir, onun qiymətli hissəsi olan qaş yaddan çıxarılıb. Ancaq bilmək lazımdir. Zaman maddi irs aşılaya bilir, ancaq mənəvi irsi aşılaya bilmir. Biz gənclər arasında Ulu Öndərin mənəvi irsini yaymalıyıq. Bunun üçün “Heydər Əliyev İnstitutu”-na ehtiyac böyükdür. O ki qaldı Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevə, o, çox çətin və tarixi bir problemimizi həll etdi. Möcüzə yaratdı. Qarabağ azaddır, Şuşa azaddır, Xan kəndində Azərbaycan bayrağı dalğalanır. Füzülidən təyyarələr həm Qərbə, həm də Şərqə uçur. Ona Allahdan kömək arzulayıram. Son olaraq qeyd edirəm ki: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsilmazdır”. Yaşasın Müstəqil Azərbaycan!”
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı professor Şahlar Əsgərov idi. Yaşı 80-ni ötsə də hələ də Heydər Əliyev ideyalarına sədaqətlə yaşayır...
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Seyidovlar soyunun görkəmli nümayəndəsi – BU GÜN DOĞUM GÜNÜDÜR
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alim Fikrət Seyidovun doğum günüdür.
O, 1930-cu ilin 9 may tarixində Qazax qəzasının Aslanbəyli kəndində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici dil (İngilis dili) fakültəsinə daxil olmuşdur. 1950-ci ildə universiteti fərqlənmə diplomi ilə bitirmişdir.
Universiteti bitirdikdən sonra Şamxor (Şəmkir) rayonuna təyinat verirlər. Lakin hərbi çağırışçı olduğundan və Bakıda qeydiyyata düşdüyündən geri qayıtmaq məcburiyyətində qalır və Bakının 193 saylı orta məktəbində müvəqqəti müəllim işləyir, sərasər 2 ay. Pedoqoji sahə üzrə Aspiranturanı bitirir. Sonralar 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində işləməyə başlayır, ancaq bununla yanaşı, xeyli vaxt orta məktəbdə də çalışır...
Azərbaycan Dillər Universitetinin 2 illik xarici dillər kursunun ilk direktoru, İngilis dili fakültəsinin dekanı, Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdıran və nailiyyət qazanan ilk alimdir. Xarici dil üzrə texniki vasitələrin tətbiqi sahəsində öncüllərdən biri, ingilis dili dərsliklərinin (5, 6, 7 və 8-ci siniflər üçün) müəlliflərindən biri olmuşdur.
Kitabları
"Azərbaycan pedaqoji fikir tarixindən səhifələr"
"Aslanbəylidən başlanan xatirələr"
Bir çox dövlət mükafatlarına layiq görülmüşdür. Fikrət Seyidov Əhməd Seyidovun oğlu, Səməd Seyidovun əmisidir. Seyidovlar soyundandır.
2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Bu gün faşizm üzərində Qələbə gününün 80-ci ili tamam olur
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Birinci dünya müharibəsindən sonra ideoloji cərəyan kimi meydana gələn və getdikcə Avropaya yayılan faşizm XX əsrin ən amansız bəşəri fəlakətlərindən birinə çevrilən yeni bir dünya müharibəsinə səbəb oldu. Faşizmin və ya milli sosializmin ideya əsasını ifrat antidemokratiya, irqçilik, şovinizm, sosial darvinizm təşkil edirdi.
O həm fiziki, həm də mənəvi mənada bütün fərdlərin taleyini həll etmək məsuliyyətini öz üzərinə götürən və "milli birliyə" hər hansı müdaxiləni qəti şəkildə aradan qaldıran totalitar dövlət quruluşunu ilahiləşdirir, zora güvənən qəddar, amansız hakimiyyəti təbliğ edirdi.
SSRİ-nin, o cümlədən Azərbaycanın faşizmə qarşı ölüm-dirim savaşı apardığı Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizindən 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.
İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.
Müharibə illərində akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.
Bəşəriyyətin XX əsrin əvvəllərində üzləşdiyi qəddar faşizm bəlası ilə Azərbaycan xalqı XX əsrin sonlarında bir daha üzləşdi – vaxtilə işğalının ildönümünü qeyd etdiyimiz şəhər və kəndlərimiz, yurdundan perik düşən insanlarımızın əzabları erməni faşizminin tarixin sinəsində açdığı yaradır. Lakin bir həqiqət var ki, insanlara ölüm və fəlakət gətirən hər cür antibəşəri istəyin özü, onu həyata keçirənlər məhvə məhkumdur. Şair demiş: "Zülm də, zalım da var ola bilməz!"
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Elmar Bayramovun “Nəfəs” filmi beynəlxalq festivalda mükafata layiq görülüb
ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramovun müəllifi olduğu “Nəfəs” (“Breath”) qısametrajlı filmi Türkiyənin İzmir şəhərində keçirilən II Beynəlxalq Turan Film Festivalında “Xüsusi Jüri Mükafatı”na layiq görülüb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Türk dünyasının müxtəlif ölkələrindən gələn kino əsərlərini nümayişini təmin etdirmək, mədəni əlaqələri gücləndirmək məqsədi daşıyan festivalda ümumilikdə 80 ölkədən 1675 müraciət qəbul edilib. Azərbaycan festivala 32, Türkiyə 324, Qazaxıstan 17, Özbəkistan 13, Türkmənistan 10, Qırğızıstan isə 7 filmlə qatılıb. Türk dünyasının mədəniyyətinə töhfə verən filmlər 10 müxtəlif kateqoriya üzrə mükafatlarlandırılıb. Festival çərçivəsində 3 sərgi və 8 xüsusi tədbir də təşkil edilib..
“Nəfəs” filmi münsiflər heyətinin qərarı ilə insan ruhunun davamlılığı və yaddaşın gücü kimi dərin mövzulara poetik bir yanaşma göstərdiyi üçün xüsusi olaraq seçilib. Film Birinci Qarabağ müharibəsində əsir düşənlərə həsr olunub. Filmdə müharibənin ağır təsirləri, insanların həyatında qoyduğu ağır psixoloji fəsadların post-müharibə dövründə də davam etdiyi, müharibə sonrası şəxsiyyətin cəmiyyətə reinteqrasiyasının çətinlikləri diqqətə çatdırılıb. Çəkilişləri Azərbaycanda aparılan film “Old stone pictures” və “Black Garden Company” şirkətlərinin Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlığı çərçivəsində istehsal olunub.
3-6 may tarixlərində İzmirdə keçirilmiş festival haqqında ətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz:
https://turanfilmfestival.com/
Qeyd edək ki, 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə “Nəfəs” filminin ABŞ-nin Nyu-York və Boston şəhərlərində təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Oğuz rayonunda faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə tədbir keçirilib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
İkinci Dünya Müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır.
1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı cəbhəyə yollanmışdır. Bu müharibədə Azərbaycanın mərd oğul və qızları özlərinin ən ali keyfiyyətlərindən olan fədakarlığı, vətənpərvərliyi, mərdliyi nümayiş etdiriblər.
Onların 450 min nəfəri və ya 65 faizi orden və medallarla təltif olunmuş, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədə iştirak edən soydaşlarımızın təxminən yarısı həlak olmuşdur.
Müharibə iştirakçıları içərisində Oğuz (keçmiş Vartaşen) rayonunun sakinləri də çox olmuşdur. Artıq qələbədən 80 il ötür.
Ölkəmizin hər yerində olduğun kimi Oğuz rayonunda da faşizm üzərində qələbənin 80-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Mərasimdə Oğuz Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Şöbəsinin rəisi, YAP Oğuz rayon Təşkilatının sədri, Rayon Ağsaqqalar Şurasının sədri, digər idarə, təşkilat və müəssisələrin rəhbərləri və nümayəndələri iştirak etmişlər.
İştirakçılar Oğuz şəhəri “Qəhrəmanlar parkında” İkinci Dünya Müharibəsi iştirakçılarının xatirəsinə tikilən abidənin önünə gül-çiçək dəstələri qoymuş, onların xatirəsini ehtiramla yad etmişlər.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Səyyar ASAN xidmət davam edir
May ayının ilk yarısı öz axarı ilə getməkdə, səyyar ASAN xidmət də bölgələrdə fəaliyyət göstərməkdədir.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, səyyar ASAN xidmət 1-15 may tarixində Xızıda, 1-27 may tarixində Astarada, Şirvanda, Şəmkirdə, Xaçmazda, Biləsuvarda, Zərdabda, Ağdaşda, Zaqatalada, 19-27 may tarixində isə Xırdalanda vətəndaşlara xidmət göstərəcək.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.
Qeyd: Hazırda Xızıda Səyyar ASAN xidmətin iş qrafiki saat 11:00-dan 17:00-a qədərdir.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş konsert keçirilib
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Sumqayıt Muğam Mərkəzində Dalğa Aşıqlar Qrupunun konserti təşkil olunub.
Çingiz Mehdipurun rəhbərliyi ilə baş tutan musiqili tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin üzvləri iştirak ediblər.
Çıxış edən Zakir Fərəcov qeyd edib ki, Heydər Əliyev təkcə müasir Azərbaycanın qurucusu deyil, həm də xalqımızın zəngin mədəni irsinin qorunması və inkişafı istiqamətində əvəzsiz xidmətlər göstərmiş şəxsiyyətdir. O, Ulu Öndərin mədəniyyət sahəsinə olan diqqət və qayğısından bəhs edərək bildirib ki, bu sahənin inkişafı, mədəniyyət işçilərinin dəstəklənməsi və gənc istedadların üzə çıxarılması daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olub.
Qeyd olunub ki, bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konsertdə çıxış edən Dalğa Aşıqlar Qrupu 1990-cı ildə yaradılıb və bu illər ərzində səsi-sorağı Azərbaycanın hüdudlarını aşaraq dünyanın müxtəlif ölkələrindən eşidilib.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Sumqayıt Poeziya Evi “Azərbaycan" jurnalının kollektivinə qucaq açdı
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi, Abşeron- Xızı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt Poeziya Evində "Azərbaycan" jurnalının kollektivi ilə görüş keçirildi.
Öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının xatirəsi yad edildi.
AYB Poeziya seksiyasının rəhbəri, Poeziya Evinin direktoru İbrahim İlyaslı qonaqları tədbir iştirakçılarına təqdim etdi.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirin məqsəd və məramından danışdı.
Söz qələm adamlarına verildi. Jurnalın redaktoru İntiqam Qasımzadə, redaktorun müavini Südabə Ağabalayeva, Poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə, Publisistika şöbəsinin müdiri Məmməd Oruc, tənqid şöbəsinin müdiri Azad Yaşar, məsul katib Vüsal Nuru, filologiya üzrə fəlsəfə doltoru, dosent, Nərgiz Cabbarlı, filologiya elmləri doktoru Vaqif Yusifli, şair Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, "Sumqayıt" qəzetinin baş redaktoru Sübhan Quliyev çıxış edərək "Azərbaycan" jurnalının bir əsri adlayıb keçdiyi yaradıcılıq yoluna işıq tutaraq fəaliyyətindən geniş bəhs etdilər. Şair Akif Amal, Süleyman Sərraf, Rəna Təbəssüm, Əli Niyazbəyli, Sumqayıt Dövlət Universitetininin tələbələri və şəhər məktəbliləri maraqlı təkliflər irəli sürdülər.
Tədbir boyu şairlər öz şeirlərini oxudular
Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin maraqlı görüş üçün jurnalın kollektivinə, bu işdə dəstək olan hər kəsə təşəkkürünü bildirdi.
“Azərbaycan” jurnalı, ümumən AYB nəşrləri ədəbiyyatımızın vuran ürəyidir!
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Seçmə şeirlər – RƏSUL RZA, “Xülyalar yolunda”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
XÜLYALAR YOLUNDA
Görəsən, Xəzərin neçə yaşı var?
Görəsən, nə zaman
qalxıb, qabarıb
Şubanı dağı?
Görəsən, Abşeronun altında
neftdən qabaq nə olub?
Görəsən, kim yandırıb
birinci ocağı
Bayıl sahilində?
Ulduzlara baxıram.
Dünən də vardılar,
bu gün də olacaqlar,
Sabah da olacaq...
Görəsən, Xəzər nə qədər yaşayacaq...
Görəsən, Şubanı dağı
nə zaman çökəcək?
Görəsən, Abşeron altındakı
neft qurtaranda
yerində nə qalacaq?
Görəsən, kim yandıracaq
yeni çıraqları Xəzər sahilində?
Görəsən, kim deyəcək
yeni nəğməni
nə dilində?
Yanvar, 1962
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
PORTAL AKADEMİYASINDA - İnteqral alqoritm
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Abituriyentin uğur formulu
Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin bir neçə çox vacib qaydalara nəzər yetirək:
B. İnteqral alqoritm
Sürətli oxumada ən vacib olanı həqiqətən də sürətlə, tutalım, bir səhifəni bir neçə saniyə ərzində oxumaq deyil. Prosesin ən vacib olanı mövzunun mahiyyətini dərk etməyə yönəli seçdiyiniz proqramın düzgün olması, nəticədə də informasiyanın optimal və effektiv alınmasıdır.
Siz əlinizə bir kitab götürəndə heç vaxt öncədən planlaşdırmırsınız ki, onu necə, hansı ardıcıllıqla, sürətlə, intervallarla oxuyacaqsınız. Nəticədə mahiyyət etibarı ilə həmin kitabı aşağı tempdə, astagəlliklə oxumalı olursunuz.
Amma düşünmək lazımdır ki, oxunmanın istənilən texnikası və sürəti mütləq halda oxucunun öz qarşısına qoyduğu məqsəd və vəzifələrə tabe olmalıdır. Məhz qarşına müvafiq proqram qoymaq, onun hər bir bölümündən lazımi anda çevikliklə istifadə etmək sürətli oxumaq məharətini şərtləndirir.
Növbəti qaydanı sizə növbəti gün təqdim edəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)