“Kitab karvanı" yenə Ağdamdan keçdi

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

May ayının yaz təravəti və günəşli sabahı Ağdam Dövlət Sosial-İqtisadi Kollecində xüsusi bir əhval-ruhiyyə ilə qarşılanıb. Bu gün kollecin foyesində təşkil olunan möhtəşəm kitab sərgisi  bir düşüncə bayramı, bir mənəviyyat çağırışı idi. 

 

Sərgi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuşdu. Bu mənalı təşəbbüs xatirə borcunu yerinə yetirmək yanaşı, həm də gələcək nəsillərə mütaliənin, maarifin, milli kimliyin nə qədər vacib olduğunu xatırlatmaq məqsədi daşıyırdı.

Sərgidə nümayiş etdirilən kitablar zəngin və rəngarəng seçimlə diqqət çəkirdi. Masaların üzərindəki səliqə ilə düzülmüş kitab sıraları bir möcüzələr aləmini xatırladırdı. Dünya klassiklərindən Lev Tolstoyun "Hərb və Sülh" əsəri, Viktor Hüqonun "Səfillər"i, Fyodor Dostoyevskinin "Cinayət və Cəza"sı kimi nəhənglərdən tutmuş, müasir psixologiya və inkişaf kitablarınadək geniş bir spektr əhatə olunmuşdu. Sərgi ədəbiyyatsevərlərin, eləcə də tarixi, fəlsəfəni, siyasəti, elmi sevənlərin də maraq dairəsinə uyğun kitablarla zəngin idi.

Sərginin diqqətçəkən guşələrindən biri isə "Heydər Əliyev – 102 il" başlıqlı stend idi. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitablar, fotoalbomlar və bioqrafik nəşrlər yer almışdı. Bu guşə Heydər Əliyev irsinin nə qədər zəngin və çoxşaxəli olduğunu bir daha nümayiş etdirirdi. Onun müdrik siyasəti, xalqına bağlılığı və təhsilə verdiyi önəm sərginin ümumi ruhuna da təsir etmişdi.

Sərgi kollecin müəllim və tələbələri tərəfindən böyük maraqla qarşılandı.  Tələbələr sərgidəki kitablarla tanış olur, bəzi bölmələrə nəzər salır, müəllimlərlə müzakirələr aparırdılar. Bu cür tədbirlər gənc nəsildə oxu vərdişinin formalaşmasına, estetik zövqün və mənəvi dünyagörüşün inkişafına əvəzsiz töhfə verir.

Bu sərgi bir daha sübut etdi ki, kitab olan yerdə işıq var, maarif var, gələcək var. Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin bu təşəbbüsü təkcə Ulu Öndərin xatirəsinə ehtiram deyil, həm də onun ideyalarının bu gün də yaşadığını göstərən canlı nümunədir.

 

“Ədəbiyyat və incəsənət”

(09.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.