
Super User
“Bir Ulduz Yandıqca" - REPORTAJ
Şəhid Aslan Rzayevin cənnətdəki doğum gününə həsr edilmiş tədbir
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
C. Cabbarlı adına 187 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə H. Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində adının mənasını dərk edərək adına layiq olan, cəsur, qorxmaz, rəşadətli şəhid Aslan Rzayevin mövlud günü münasibətilə "Bir Ulduz Yandıqca" adlı tədbir keçirilib.
Tədbiri təşkil edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytəkin Babayeva idi.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra isə bütün tədbirlərimizdə olduğu kimi şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildilər.
Bu məktəbin məzunu, hazırda BDU-nun Jurnalistika fakültəsinin tələbəsi,BDU könüllüləri jurnalistika fakültəsinin idarə heyətinin üzvü, "Ədəbiyyat və İncəsənət" portalının əməkdaşı olan bəndəniz - Nigar Həsənzadə də tədbirdə "Qəhrəmanımızı Tanıyaq " başlıqlı çıxışını təqdim etdi.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (Asəf Zeynallı adına musiqi məktəbi) tələbəsi Bəşirzadə Yaşar da bu tədbirdə kamançada ifası ilə çıxış etdi.
Tədbirin hazırlanması və təqdimatında məktəbin iştirak edən şagirdlərini təqdim edim:
Fatimə Abdullayeva (aparıcı)
Nihad Quliyev (çıxış)
Məmmədova Xumar (səhnəcik – şəhidin həyat yoldaşı rolu)
Soltanlı Fatimə (şeir)
Aslanova Zəhra (şeir)
Sadıqova Zəhra (ifa)
Babazadə Rüfət (kompozisiyada rol)
Rüstəmov Eltun (şeir)
Ramal Səmədov (səhnəcik – şəhid rolu)
Kənan Məmmədov (şeir)
Tədbirin gedişatında məktəbin 2A sinfinin "Sülh" və 6A sinfinin "Zəfər" mövzusuna aid rəqs kompozisiyası təqdim edildi.
Sadıqova Zəhranın Özlem Üngörün "Şəhidim, Rahat Uyu" mahnısını canlı ifası tədbirin gedişatında öz möhtəşəm təsirini göstərdi.
Daha sonra isə şəhid Aslanın müəllimləri Gülnarə Məmmədova və Zülfiyyə Quliyeva onun haqqında xatirələrini bölüşdü.
Həmçinin qazilər, şəhidimizin döyüş yoldaşları, məktəb və universitet yoldaşları da tədbirdə iştirak etdilər, çıxış etdilər.
Şəhidin valideynləri Süleyman Rzayev və Hafizə Rzayeva da qəhrəman oğulları haqqında qürurla fikirlərini bildirdilər.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Həsənova da çıxışında Aslanın qəhrəmanlığından fəxrlə danışdı, valideynlərinə səbir arzuladı.
Daha sonra isə söz şəhid ailələrinə daim dəstək olan Vəfa Rzayevaya verildi.
Şeirlər, səhnəciklər isə tədbirə xüsusi rəng qatdı.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)
Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb
Qəbələ “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının proqramına uyğun olaraq, fevralın 8-də Qəbələ Mədəniyyət Mərkəzində Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək balet janrının tarixi barədə qısa məlumat verib.
Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə deyib: “Qəbələ şəhərində keçirilən festivalda ilk dəfədir çıxış edirik. Çox həyəcanlıyıq. Bakı Xoreoqrafiya Akademiyasının “Qış nağılı” festivalına öz hədiyyəsi var. Biz çox çalışdıq. Ümid edirik ki, konsertimiz tamaşaçıların xoşuna gələcək”.
Konsertdə akademiyanın şagird və tələbələrinin ifa etdikləri Ü.Hacıbəylinin “Koroğlu” operasından “Qızların rəqsi”, “Cəngi”, P.İ.Çaykovskinin “Şelkunçik” baletindən vals, Şəkər pərisinin variasiyası, S.Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Niyazinin “Qaytağı”, F.Əmirovun “Azərbaycan kapriççiosu”ndan fraqment, Q.Qarayevin “Yeddi gözəl” baletindən “Lirik rəqs”, “Adagio”, “Gözəllər gözəlinin rəqsi” və digər xoreoqrafik kompozisiyalar, gürcü, özbək rəqsləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)
Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət naziri Adil Kərimli Astanaya səfəri çərçivəsində fevralın 7-də Beynəlxalq Türk Akademiyasının (BTA) qərargahında olub və qurumun prezidenti akademik Şahin Mustafayevlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı
Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə qonaqlar akademiyanın binasında yaradılmış şəraitlə və muzeylə tanış olublar.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı ilə əlaqədar Astanada səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və digər türk respublikalarından nümayəndə heyətləri iştirak ediblər.
Söhbət zamanı Şahin Mustafayev BTA-nın əsas fəaliyyət istiqamətləri və hazırkı layihələri barədə məlumat verib.
Adil Kərimli BTA-nın Türk dünyasının inkişafına xidmət edən əhəmiyyətli layihələrini, o cümlədən türk mədəniyyəti, irsi və tarixi ilə bağlı həyata keçirdiyi tədqiqatları yüksək qiymətləndirib. O, 2023-cü il oktyabrın 13-də Şuşada keçirilən və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunda BTA-nın “Türk dünyasının ortaq kökləri və tarixi-mədəni irsi” mövzusunda panel iclasının təşkilinə dəstək verdiyini vurğulayıb. Nazir, həmçinin bu il Özbəkistanda keçirilməsi planlaşdırılan II Türk Dünyası Mədəniyyət Forumunun təşkilində BTA ilə yanaşı, digər türk əməkdaşlıq təşkilatlarını da fəal iştiraka dəvət edib.
Görüşdə qarşılıqlı faydalı əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)
“Min bir gecə” baleti yeni quruluşda Omanda təqdim edilib
Dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun “Min bir gecə” baleti dünya səhnələrini fəth etməkdə davam edir.
Fevralın 6 və 7-də Sankt-Peterburqdakı Mariinski Teatrı Primorsk səhnəsinin (Vladivostok) balet truppası Omanın paytaxtı Məsqət Opera Teatrının səhnəsində Fikrət Əmirovun “Min bir gecə” baletini yeni quruluşda təqdim edib.
AzərTAC “Oman” qəzetinə istinadla xəbər verir ki, ikipərdəli tamaşa zamanı əsas rolları Mariinski Teatrı Primorsk səhnəsinin solistləri Anna Samstrelova, İrina Sapojnikova, Sergey Umanets, Viktor Mulıgin ifa ediblər. Simfonik Orkestrin rəhbəri Əməkdar artist Əyyub Quliyevdir.
Aktyor heyəti tarix boyu dildən-dilə dolaşan, kitablarda yaşadılan klassik bir hekayəni canlandırıblar. Tamaşa, ümumiyyətlə sevginin, müdrikliyin və sözün gücünü tərənnüm edir.
Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda, Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulub. Bəstəkar Şərq melodiyalarını klassik Avropa formaları ilə uğurlu şəkildə sintez edib. Tamaşanın librettosunu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşları yazıb.
Oman qəzeti onu da yazır ki, balet, həmçinin qadın müdrikliyinə və gücünə bir ehtiramdır. Fikrət Əmirov bu əsəri həyat yoldaşı Aida Əmirovaya ithaf edib. İlk premyerasından sonra balet beynəlxalq arenada böyük müvəffəqiyyət qazanıb və Şərq nağıllarını səhnəyə gətirən ən möhtəşəm baletlərdən biri kimi tarixə düşüb.
Qeyd edilməlidir ki, “Min bir gecə” baletinin yeni quruluşu 2025-ci ilin əvvəlində Rusiyanın teatr əsərlərinin Qızıl Fondu müsabiqəsində ölkənin 300 ən yaxşı tamaşası sırasına daxil edilib. Primorsk səhnəsinin (Vladivostok) balet truppası baleti Yaxın Şərqdə ilk dəfə 2023-cü ilin dekabrında Dohada təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)
Qəhrəmanın Zəfər Yolu
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Maştağanın səmasında bir ulduz parladı—parladı və əbədiyyətə qovuşdu. Bu ulduzun adı Saleh idi, soyadı Şəfizadə. 2001-ci il mayın 23-də Bakı şəhərinin Maştağa qəsəbəsində dünyaya göz açdı. Hələ uşaqlıq illərində mərdliyi, ədalət hissi və vətənə bağlılığı ilə seçilirdi. Məktəb illərində o, heç vaxt adi biri olmaq istəmədi—həmişə fərqlənməyi, zirvəyə yüksəlməyi arzulayırdı. Gözlərində bir məqsədin işığı vardı: bu torpağın müdafiəçisi olmaq!
Hərbçi olmaq onun üçün sadəcə bir peşə deyildi, bu, ruhunun çağırışı idi. O, hərbi xidmətə yollananda qürurla addımlayırdı, çünki qarşısında müqəddəs bir borc dayanırdı—Vətəni qorumaq!
2020-ci ilin payızı Azərbaycanın tarixində yeni bir səhifə açdı. Vətən müharibəsi başladı. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Saleh də ön cəbhədə idi. O, düşmən üzərinə əzmlə irəliləyən igidlərdən biri oldu. Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərdi. "Cəsur döyüşçü" adını elə döyüş meydanında qazandı.
Lakin müharibə asan deyildi... Bir döyüşdə ağır yaralandı. Yaralı halda belə, silahını yerə qoymadı, son gücünə qədər mübarizə apardı. Onu xəstəxanaya çatdırdılar, aylarla müalicə aldı. Hər kəs-Maştağa kəndi onun sağalacağına, yenidən ayağa qalxacağına inanırdı. Amma tale başqa cür yazılmışdı...
8 fevral 2021-ci il... Bu gün Maştağa bir igidini, Azərbaycan isə bir qəhrəmanını itirdi. Saleh Şəfizadə şəhid oldu, amma unutmadı, unudulmadı!
O, Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edildi. Onun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olundu. Amma onun üçün ən böyük medal xalqının sevgisi, ruhunun sonsuz hörmətlə anılması oldu.
Saleh Şəfizadə indi Maştağanın səmasında parlayan bir ulduzdur. Hər axşam o ulduza baxanlar bilirlər ki, o, sadəcə bir igid deyildi—o, tarix yazanlardan idi. O, bizim gələcəyimiz üçün canından keçənlərdən biri idi.
Bu torpaqda hər bahar açan çiçəklər, hər sabah doğan günəş onun ruhunu salamlayır. Çünki qəhrəmanlar ölmür—onlar Vətənin ürəyində, xalqının xatirəsində yaşayır.
Allah rəhmət eləsin, qəhrəmanımıza!
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Qərbi Azərbaycan İcması həftəsonu bir bəyanat yayıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bəyanatda deyilir:
“Sosial şəbəkələrdə bir blogerin İrəvanın Təpəbaşı məhəlləsində yerləşən tarixi Azərbaycan məscidinin qalıqlarını lentə aldığı görüntülər yayılıb. Həmin görüntülərdən aydın olur ki, məscid hazırda spirtli içkilərin istehlak edildiyi məkana çevrilib. Bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır.
Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları bölgədə sülh və barışığın əldə olunmasına ciddi maneə törədir.
Mədəni irs obyekti sayılan Təpəbaşı məscidinin dağıdılmasına, qalıqlarının isə bu cür təhqiramiz şəkildə istifadəsinə qətiyyətlə etiraz edərək, UNESCO-nu və digər beynəlxalq təşkilatları təxirəsalınmaz addımlar atmağa, o cümlədən, məscidin və digər dağıdılmış Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırırıq.
Biz Ermənistan hökumətindən, Azərbaycan xalqına məxsus bütün dağıdılmış və ya saxtalaşdırılmış mədəniyyət abidələrinin bərpası və qorunması istiqamətində öhdəliklərini dərhal yerinə yetirməyi tələb edirik”.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)
Şəki-Zaqatala regionunda gənclik mövzusunda forum keçirilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Gənclər həftəsi” çərçivəsində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə “Suverenlik və İnkişaf” mövzusunda Şəki-Zaqatala regionunda gənclərinin iştirakı ilə Regional Forum keçirilib.
Forumda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Emil Bədəlov çıxış edərək ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərindən, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.
Forum öncəsi idarə, müəssisə, təşkilat əməkdaşları və bir qrup fəal gənc tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan gənclərə mərkəz əməkdaşı tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən fotoşəkillər və arxiv sənədləri haqqında ətraflı məlumat verilib.
Daha sonra Şəki Olmipiya İdman Kompleksində forumun rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Gənclər siyasəti və Azərbaycanın suverenliyi mövzularını özündə əks etdiren videoçarx nümayiş olunub.
İl ərzində gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən gənclərə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və hədiyyələrlə təqdim edilib.
Sonda tədbir bədii hissə ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)
AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASI – Davud Nəsib, “Eləcəyəm mən”
Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Davud Nəsib həftəsi davam edir.
Dünyada saf sevgidən ülvi, gözəl nə var? Və deyirlər, bu dünyada ən gözəl sevən elə şairlərdir.
Əgər mən qocalsam, lap yüz yaşda da
Yenə də qədrini biləcəyəm mən.
Razılaşın ki, hər kəs bu sehirli sözləri deməyə qadir deyil. Bunun üçün duyumlu bir qəlb lazımdır.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (1942-2003)) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıqn ruhunda yetişməsinə öz töhfələrini verib.
Bu gün sizlərə “Eləcəyəm mən” şeirini təqdim edəcəyik.
ELƏCƏYƏM MƏN…
Sən görüş yerində ləngi bir az da,
Bu axşam o yerə gələcəyəm mən.
Mütləq üzümüzə gələn bu yazda
Nəmli gözlərini siləcəyəm mən.
Gəncliyin ömrünü aşa-aşda da,
Ürək o ürəkdir qarlı qışda da.
Əgər mən qocalsam, lap yüz yaşda da
Yenə də qədrini biləcəyəm mən.
Hələ nə qüssələn, hələ nə unut,
Dolma səhər-axşam sən bulud-bulud.
Demə gənclik ötdü, dəyişib Davud,
Əvvəl necə varam, eləcəyəm mən.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)
Aktyorları zadəgan adlandıran əməkdar artist...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Ağıllı və uzaqgörən adamdır. Həyatı heç vaxt zarafat kimi qəbul etmir, ona həmişə praktiki baxmağı bacarır. Hadisələri lazımınca dəyərləndirməyi xoşlayır. Öyrənmə qabiliyyəti çox yüksəkdir. Ehtiyatlı, təmkinli və sabit olması uğurlarının ən böyük amilidir. Davranışında mükəmməldir, ədəb qaydalarına böyük əhəmiyyət verir. İnsanlara danışacağı çox şey var, geniş məlumata malikdir...
“Yeniyetmə yaşlarımda Şəkidə, mərhum sənətkarımız Fərman Abdullayev ilə birlikdə dram dərnəyinə gedirdim. Sonra məni Vaqif Abbasov Şəki Dövlət Dram Teatrına dəvət etdi. Xoşbəxtəm ki, ondan çox şey öyrəndim. Heyf ki, o, erkən yaşında vəfat etdi. Və Azərbaycan teatrı Vaqif müəllimin simasında böyük bir rejissoru itirdi...”- söyləyir.
Gəncliyində Moskvada olarkən, onu bir dondurmasatan qıza göstərib aktyor olduğunu deyiblər. Qız da heyranlıqla ona baxaraq, ömründə ilk dəfədir ki, aktyoru canlı, yaxından gördüyünü söyləyib. Gürcüstanda isə bir jurnalist ona deyib:- “Azərbaycan xalqı istedadlı xalqdır, di gəl ki, dünya onu bu göstəricisi ilə tanımır. Sanki o torpaqlar istedadlar qəbiristanlığıdır. Görün nə qədər Azərbaycanın istedadlı insanlarından dünyanın xəbəri olmayıb...”
Deyir ki:- “Əslində mən başqa sahəyə getmək istəyirdim. Azad, qayğısız, problemsiz şəkildə yaşamağı arzu edirdim. Ancaq gördüm ki, alınmır. İncəsənət elə bir şeydir ki, insan ona qarışdımı ayrılmaq istəmir. Mən aktyorların hamısına zadəgan kimi baxıram. Bu zadəgan sənətidir. Səhnə hər zaman zaldan yuxarıdadır. Misal üçün, xalq artisti Fuad Poladovun davranışı, təmkini, səbri bir zadəgan xarakteri deyildimi?..”
Yəqin ki, aranızda onu tanıyanlar oldu. Söhbət aktyor Xanlar Allahverdi oğlu Həşimzadədən gedir. O, 1955-ci ildə Şəki şəhərində anadan olub. 1975-ci ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında çalışır. Hal-hazırda teatrın aparıcı səhnə ustasıdır. İndiyədək 200-ə yaxın tamaşada müxtəlif səpgili obrazlar yaradıb. Oynadığı həm dramatik, həm də komik obrazlar nəinki respublikamızda, hətta Kuba, Praqa, Moskva, Kazan, Tiflis, Yoşkar-Ola, Daşkənd və Səmərqənddə də yüksək qiymətləndirilib. İki dəfə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Bütün bunlardan əlavə on beşə yaxın filmdə rol alıb. Azərbaycanın əməkdar artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsüdür...
“Sərbəstlik istedadın bacısıdır. Aktyor sərbəst olarsa televiziyada da obrazları gözəl alınacaq. Aktyor adi bir zarafat edərkən belə sıxıla-sıxıla danışırsa bu əlbəttə ki, onda alınmır. Kamera qarşısında da elədir. Mən kameranı dinozavr kimi görürəm. Kamera məndən ötrü çox zəruri bir nöqtədir. Məndə bir kompleks var və bu mənə çox mane olur. Olur ki, filmi gəlib Şəkidə çəkirlər. O zaman yerli aktyorlardan istifadə edirlər. Mənim film sahəsində ən böyük işim Mirbala Səlimli ilə olub. Yəqin ki, teatrımızın baş rejissoru Mirbala Səlimlinin "Qırmızı bağ” filminə baxmısınız. Sənət dünyasında əslində əyalət söhbəti olmalı deyil. Necə ki, futbolda bir komanda bir şəhərdə, başqa birisi başqa şəhərdədir. Hamısı göz qabağındadır. Teatrlar da belə olsa yaxşıdır. İstəyirəm ki, insanlar nəinki paytaxt, eyni zamanda bölgə teatrları ilə də yaxından maraqlansınlar.”- söyləyir...
Fərqli və unikal düşüncələri ilə seçilir. Yeniliyi və dəyişikliyi çox sevir, adətən cəsarətli ideyalarla çıxış edir. Daxili dünyası geniş və maraqlıdır, lakin bu dünyaya daxil olmaq hər kəs üçün asan deyil. Qəlbində yer tapa bildinsə, o, həmişə yanında olacaq, dostcanlıdır...
Fevralın 9-u onun 70 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)
Böyük ağacın kölgəsi və meyvəsi – KULTUROLOJİ YORUM, I YAZI
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Aydın kimi aydın dostum Elçin Manaf hər əlamətdar gündə, bayramda, olayda… lütf edib, mənə ismarıc göndərir. Onun ismarıcları heç vaxt hazır bir “açıqca”nın və s.-nin paylaşılması ilə deyil, illa bir düşüncə, fikir paylaşımı ilə süslənir. Keçən günlərdəki ismarıcı da istisna deyildi; bu dəfə də gözəlmi-gözəl bir deyimi bölüşdü: “Böyük ağacın kölgəsi meyvəsindən çox olar”. - Deyəsən, italyan ata sözüdür. Söz məni tutdu və onu bir qədər incələmək, yorumlamaq, açmaq istədim.
Əlbəttə, bu deyim, metaforik anlam daşıyır və əsasən böyük, köklü sistemlərin məhsuldarlıq və təsir alanları arasındakı fərqə işarə edir. Kulturoloji baxımdan bu prinsipi böyük mədəniyyətlər üçün də keçərli sayaraq, bir neçə yöndə yorumlamağa çalışaq.
Böyük mədəniyyətlər – yəni tarixi dərinliyə, intellektual sərvətə və təsir gücünə malik olan mədəniyyətlər – yalnız öz yaradıcılıq və məhsuldarlığı ilə deyil, həm də onların yaratdığı kontekstlə, təsir dairəsi ilə bəlirlənir. Onların “kölgə”si birbaşa yaratdıqları meyvə(lik)lərdən daha çox (böyük; geniş) ola bilər, çünki belə mədəniyyətlər çox vaxt öz dönəmindəki və sonrakı epoxal sürəcləri müəyyən edir; bununla da yeni mədəni hərəkatların və düşüncə sistemlərinin yaranmasına zəmin yaradır.
Elə bir mədəniyyət (örnəyi, Qədim Yunan-Roma mədəniyyəti) göstərilə bilər, o, yalnız fəlsəfi, sənət əsərləri ilə deyil, həm də hüquq sistemi, dövlətçilik modeli, habelə təhsil gələnəyi ilə çağdaş və gələcək mədəniyyətlərə dərin təsir göstərmiş olsun. Deyilə bilər: onun meyvələri - konkret fəlsəfi ideyalar və sənət örnəkləri idisə, kölgəsi - hüquq sistemlərində, siyasət modellərində və etik kodekslərdə yaşamağa davam etdi...
Sözümüzü böyük mədəniyyətlərin çoxsaylı “kölgə”ləri yarımbaşlığı əsasında davam etdirək.
Bəli, böyük mədəniyyətlər bəzən elə bir “kölgə” yaradır, onların təsiri hətta öz dönəmindəki konkret uğurlarından daha uzunömürlü olur. Bu təsiri üç əsas yöndə görmək mümkündür:
İdeoloji və düşüncəvi kölgə –
Mədəniyyətlər çox vaxt özlərindən sonrakı epoxalarda düşüncə tərzini formalaşdırır. Örnəyi, İslam mədəniyyəti yalnız dini mətnlər və fəlsəfə deyil, həm də elm, incəsənət və idarəetmə gələnəkləri ilə Yaxın Doğudan tutmuş Avropaya qədər geniş təsir göstərdi;
Mədəni və estetik kölgə –
Böyük mədəniyyətlər öz bədii və estetik normalarını başqa mədəniyyətlərə ötürə bilər. İntibah mədəniyyəti Avropa incəsənətinə və dünya mədəniyyətinə elə bir kölgə saldı ki, sonrakı yüzilliklərdə sənətçilər və düşüncə adamları özlərini həmin çərçivədə ifadə etməyə çalışdı;
Siyasi və ictimai kölgə –
Siyasi sistemlər də böyük mədəniyyətlərin kölgəsi altında formalaşa bilir. Örnəyi, Sovet mədəniyyəti təkcə sosrealizm sənət və ya ideologiyası ilə deyil, həm də onun yaratdığı kollektiv(ist) psixologiya və yönətim formaları ilə post-sovet məkanında uzun müddət təsirini saxladı.
Gəlin bu məqamda diqqəti bir daha mədəniyyətin yolayrıclarına - dilemmalarına yönəldək: görək, kölgənin meyvəni ötməsi olayı nədir, nə deyil?..
Bəli, bəzən mədəniyyətin yaratdığı kölgə onun meyvələrini ört-basdır edə və ya onların böyüməsini sınırlaya bilər. Bu, özəlliklə köhnə mədəniyyətlərin yeni dönəmlərə uyğunlaşması ilə bağlı çətinliklərində özünü göstərir.
Örnəyi:
Böyük bir sivilizasiya öz keçmişinin təsirindən çıxa bilmədiyi üçün yeniliyə açıq olmaya bilər. Çin mədəniyyəti uzun müddət Konfutsiçiliyin kölgəsində qalıb və çağdaş dönəmə keçid zamanı öz klassik kökləri ilə çağdaşlaşma arasında tarazlıq yaratmağa çalışıb.
Bəzi mədəniyyətlər öz meyvələrini inkişaf etdirmək əvəzinə yalnız kölgələri ilə oyalanmağa (yaşamağa) başlayır. - Deyəlim, bəzi Doğu toplumlarında keçmiş mədəni uğurların qüruru (hətta, xumarı…) o qədər dominant olub ki, yenilikçilik və yaradıcı yanaşma zəif qalıb…
Nəhayət,
böyük mədəniyyətin kölgəsinin olumlu və olumsuz təsirlərini də vurğulayaq. -
Olumlu yön:
Böyük mədəniyyətin kölgəsi yeni mədəniyyətlərə və ideyalara münbit ortam yarada bilər. Türk mədəniyyəti İslam mədəniyyəti ilə diffuziya edərək yeni mədəni dalğalar (Osmanlı və Səfəvi mədəniyyətləri…) yaradıb;
Olumsuz yön:
Böyük mədəniyyətin kölgəsi bəzi hallarda yeni təşəbbüslərin və fərqli istiqamətlərin inkişafına əngəl ola bilər. Örnəyi, bəzi Avropa ölkələri uzun müddət Yunan-Roma mədəniyyətinin təsiri altında qaldığı üçün yeni modellər axtarmaqda çətinlik çəkib...
Sonuc olaraq daha nələri vurğulaya bilərik? -
Bəli, mədəniyyətin yalnız konkret uğurlardan deyil, həm də yaratdığı təsir dairəsindən ibarət olduğunu nəzərə alsaq, onun kölgəsi bəlli tarixi, ideoloji və estetik çərçivələr formalaşdırır; lakin bu kölgə həmişə inkişaf üçün münbit ortam yaratmır – bəzən mədəniyyətlər öz keçmişlərinin təsiri altında qalaraq yeni meyvələr yetişdirməkdə çətinlik çəkə bilir. O baxımdan, mədəniyyətin əsas görəvi öz kölgəsinin altında boğulmamaq, tozlanmaq və ardınca da çiçəkləyərək yeni meyvələr verməyə davam etməkdir…
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)