Super User

Super User

Rəsm qalereyası: Rəfael Əsədov, “Köhnə Bakı”

Deyirlər, qabaq Bakının küçələrində daha çox əcnəbiyə rast gəlinirdi. Hara baxırdın ərəb, hindus, pakistanlı, iranlı görərdin. Həqiqətənmi pandemiya ölkəmizə gələn turistlərin sayını azaldıb?

 

Dövlət Statistika Komitəsinin məlumatına 

əsasən 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Düzdür, 2019-cu illə müqayisədə turistlərin sayı azalıb, amma ötən illə müqayisədə 2 dəfə artıbsa, demək, artım davam edəcək. 

Bəs hardan daha çox turist qəbul edirik? 

Gəlin baxaq. Gələnlərin: 

 

-27,9 faizi Rusiya Federasiyası, 

-19,5 faizi Türkiyə, 

-10,6 faizi İran, 

-6,0 faizi Səudiyyə Ərəbistanı, 

-5,1 faizi Gürcüstan, 

-3,8 faizi Hindistan, 

-3,2 faizi Pakistan, 

-2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 

-1,9 faizi Qazaxıstan, 

-1,7 faizi Ukrayna, 

-1,6 faizi Özbəkistan, 

-1,5 faizi İsrail, 

-1,4 faizi Küveyt, 

-1,2 faizi Oman,

-1,2 faizi Belarus, 

-10,8 faizi digər ölkələrin vətəndaşları olmuşdur. 

 

Gələnlərin 74,8 faizini kişilər, 25,2 faizini qadınlar təşkil etmişdir.

2021-ci illə müqayisədə Omandan gələnlərin sayı 20,4 dəfə, Pakistandan - 17,5 dəfə, Səudiyyə Ərəbistanından - 10,9 dəfə, Hindistandan - 10,6 dəfə, Küveytdən - 9,9 dəfə, Özbəkistandan - 6,2 dəfə, Qazaxıstandan - 4,4 dəfə, İsraildən - 3,6 dəfə, ABŞ-dan - 2,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 2,4 dəfə, Almaniyadan - 2,4 dəfə, Fransadan - 2,1 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Ukraynadan - 1,6 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 36,0 faiz, Gürcüstandan - 31,2 faiz artmışdır.

2021-ci illə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,3 dəfə artaraq 357,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 73,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 569,8 min nəfər olub.

2021-ci illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1489,5 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 12,9 faiz artıb. Ölkə vətəndaşlarının 44,0 faizi Türkiyəyə, 18,0 faizi Rusiya Federasiyasına, 13,6 faizi İrana, 8,6 faizi Gürcüstana, 15,8 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,2 faizini kişilər, 35,8 faizini qadınlar təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Bazar ertəsi, 23 Yanvar 2023 14:30

Serenay 1.5 milyon qazandı

"Ailə" serialı ilə ekranlara qayıtmağa hazırlaşan aktrisa Serenay Sarıkaya yeni reklam təklifi alıb.

 

“Ədəbiyyat və incəsənət” Axşam.az-a istinadən xəbər verir ki, aktrisa məşhur şampun markalarından biri ilə 2 illik müqavilə imzalayıb.

Sarıkaya bunun müqabilində 1.5 milyon lirə qonorar alıb.

Qeyd edək ki, aktrisa 6 ildir ki "Mavi" brendinin simasi idi.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

“Dədə Qorqud”un yeni tapılmış nüsxəsinin restavrasiyası davam etdirilir. Bunu APA-ya açıqlamasında professor Ersen Ersoy bildirib.

Onun sözlərinə görə, proses davam etdirilir.

 

“Dədə Qorqud" kitabının əlyazması Bursa Bədədiyəsinin Əlyazmalar və Quran muzeyində saxlanılır. Kitab bu dəqiqə restavrasiya mərhələsindədir. Bu mərhələdən sonra onun orjinal və günümüzün əlifbasına uyğunlaşdırılmış versiyasında nəşrlərinin hazırlanması nəzərdə tutulub”.

Qeyd edək ki, yeni nüsxə ötən ilin mart ayında türkiyəli kitab kolleksiyaçısı Mehmet Yayla tərəfindən aşkar olunmuşdu.

Yeni nüsxə “Kitabi Dədə Qorqud”un Drezden nüsxəsinə daha çox bənzəyir və 12 boy var.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Böyük şair Musa Yaqubun İsmayıllıdakı evində qızları Səhər və Yaqut şair Fərid Hüseynə müsahibə veriblər, müsahibə “Kaspi” qəzetində dərc edilib. Daycest bölümündə həmin müsahibəni oxucularımıza təqdim edirik. 

 

- Yaqut xanım, Musa müəllimin otağındayıq. Bu otaq bizə “nə deyir?”

 

Yaqut xanım: - Musa Yaqubun otağına baxanda onun ruhunu anlamaq olur. Atam heç vaxt görünüşə fikir verən adam olmayıb. Məsələn, çilçırağın iki lampası işləmirdi, yaxud əyilirdi, deyirdik, onu düzəltdirmək lazımdır. Deyirdi, neynirsiniz, biri yanırsa, bəsimizdir. Görünüşə, maddi nemətlərə meyilli deyildi. Onu daha çox mənəvi dünya maraqlandırırdı. Burada onun yazı masası, şeir dəftərləri, yatağı, sevdiyi şairlərin şəkilləri, yazı makinası, ən əsası, nəfəsi, sadə həyatının izləri, unudulmaz xatirələrimiz var.

 

- Musa müəllimi xatırladan əşyalardan biri də onun əl çantasıdır...

 

Səhər xanım: -Bəli, atamın sevdiyi əşyalarından biri də çantası idi. Hərdən baxırdıq ki, görəsən içində pul varmı. İçəndə həmişə bizə pul verirdi, səhər ayılanda da geri istəyirdi (gülürük). Bəzən pulunu itirirdi, ya harasa qoyduğunu unudurdu. Ona görə çalışırdı eyni yerə qoysun ki, sonra yadından çıxmasın. Ondan pul istəyəndə deyirdi ki, pulum Ramizdədir. Sonra bildik ki, pulunu Ramiz Rövşənin kitabının arasına qoyur, ona görə elə deyir (gülürük).

 

- Musa müəllimin ilk sevgisinə yazdığı bir kitab var. “O insafa gəlmədi” adlı həmin kitab daim sizin evinizdə olub, oxumusunuz, saxlamısınız, bu gün də həmin nüsxə qalır. Oxucular üçün deyim ki, həmin kitabdan cəmi bir nüsxədir. M.Yaqubun dostları həmin kitabı bir nüsxədə hazırlatdırıblar ki, o qıza yazdığı şeirlər itib-batmasın. Bəlkə də, ananız Zöhrə xanım anlayışlı, nəcib olmasaydı, həmin kitabı ya cırar, ya da tapşırardı ki, ən azı göz qabağında olmasın.

 

Yaqut xanım: -Anam atamın şeirləri qədər onun sevgisinə də hörmət edirdi. Əlbəttə, o kitab həmişə əlimizdə olurdu, amma anam heç vaxt söz-söhbət yaratmazdı. Atam daha çox gecələr işləyirdi. Həmişə deyirdi ki, şeirlərimin elə ilk şahidi Zöhrədir..

 

- Musa Yaqubu ən çox xatırladan əşyalardan biri də onun yazı makinasıdır...

 

Səhər xanım: -Bax, bu mənim atamın yazı makinasıdır. Əlifbası da dəyişib. Atamın ən gözəl şeirləri o əlifbada, o səsdə yazılıb. Bakıda birotaqlı, kirayə evimizdə o səsin içində oynamışam, ağlamışam, gülmüşəm. Atam elə gözəl yazırdı ki, elə bilirdim piano çalır. Gecələri də makinasının səsi ilə nanə yarpağı kimi kövrək duyğularını taleyimizə yazırdı, elə bil... Gör neçə ildir Avstriyada yaşayıram, nə olsun, dünyanın hansı tərəfi olursa olsun, heç nə bu makinada yazılan şeirlər qədər böyütmədi məni.

 

- Musa müəllimin əlinizdə tutduğunuz şəklinin də qəribə tarixçəsi var, Səhər xanım…

 

Səhər xanım: -Elədir, bir neçə il əvvəl, 10  günə yaxın  İzmirdə oldum. Atamla görüşmək istəyirdim, onun da taleyinin daş tərəfinə tuş gəldi, gələ bilmədi. Onun qismətində bacımla, bir də qardaşımın qızı Çiçəklə görüşdüm. Həm İzmiri gəzdik, həm də bir-birimizi. İzmir ömrümdə özü boyda iz buraxdı. O yerindən danışım sənə. İzmirdə yaşayıb-yaradan məşhur musiqiçi Enriko Makiasın yaşadığı binanın lifti belə məşhurdur. Yerlilər, turistlər o liftlə binanın yuxarı, üstü açıq mərtəbəsinə qalxır, oradan İzmirə baxırlar. Yuxarıdan aşağı baxmağı sevməsəm də, o gün biz də İzmirə elə oradan baxdıq. Küçələrini gəzdik. Küçədə gəlib-gedənlərin dincəlməsi üçün yığcam kafelər, müxtəlif rəngli butiklər var. Butiklərin birində İzmirə xas suvenirlər, bir də aydınların, şair və yazıçıların şəkilləri ilə birgə aforizmlərinin köçürüldüyü müxtəlif ölçülü taxta parçaları satırdılar ki, arxasındakı yapışqanla divara istədiyin yerdən asanlıqla yapışdıra bilərsən. Biz də könlümüzə yaxın olanlardan aldıq. Satıcı qadından xahiş etdik ki, bizim də atamız məşhurdur, onun şəkli ilə bir-iki misrasını versək, bu cür hazırlaya bilərsiniz? Dedi ki, məmnuniyyətlə hazırlayarıq, siz şəkli ilə misralarını göndərin. Biz də göndərdik. Yazdı ki, sabah saat 18:00-da gəlib götürün. Səhəri gün bacımla getdik. Küçənin adını bilmirdik, baxıb görürük adı nə olsa yaxşıdır: “Karataş sokağı“. İkimiz də o adın yanında xeyli dayandıq, kövrəldik. Dədə demişkən, “Yaman qəribədir dünyanın işi” dedik. Sonra gedib qadınla görüşüb, sifarişimizi aldıq. Dədənin şəklini görəndə ikimiz də özümüzdən asılı olmadan, qara daşın yaşını tökdük. Qadın elə bildi ki, onu itirmişik, dedik yox, yaşayır, amma yaman xəstələnib. 5-10 dəqiqə söhbət etdik, sonra da razılaşdıq ki, mən pulunu ödəyim, o da nə qədər lazımdırsa, düzəldib elə o küçədə satsın. Qəribədir, heç atamın övladlarının o şeirin bəxti gətirdiyi qədər bəxti gətirmədi. O hadisədən iki gün keçəndən sonra satıcı qadın yazdı ki, atanızın rəsmlərindən birini aldılar. Duyğulandım. İstədim soruşum ki, kim aldı? Soruşmadım... İzmirə yolunuz düşsə, “Karataş” küçəsinə gedin. Musa Yaqubun qara daşı da olmasa, o küçədə Məmməd Araz ruhunda “karandaşı göyərsin”.

 

– Musa müəllimin otağında Atatürk ilə bərabər Sergey Yeseninin də şəklini görürəm. Çox güman ki, bu, bir böyük şairin başqa bir böyük şairin yaradıcılığına olan vurğunluğunun təzahürüdür…

 

Yaqut xanım: -Bəli, dədə Sergey Yeseninin yaradıcılığını çox sevirdi. Bizə onun Azərbaycana gəlməyindən danışırdı. Yeseninin “Heç kəs mənim kimi kövrələ bilməz” misrasına ayrıca bir şeir həsr etmişdi. Həmin şeirdən bir parçası yadımdadır:

 

Salam, kəndçi oğlu Sergey Yesenin,

Bax elə bu saat, elə bu saat

Mənim tək kim olar duyanın sənin?!

Gedək, birgə gedək doğma yerlərə

Gedək kövrəlməyə, gedək dolmağa,

Bir çinar, bir vələs, bir cökə olub

Bir də açılmağa, bir də solmağa.

Bir kəndçi qızını sevindirməyə,

Gedək bir anaya oğul olmağa.

Köhnə darvazanı açmağa gedək.

Həmin o cığırla, həmin o yolla

Bir də uşaq olub qaçmağa gedək.

Gedək, kəndçi oğlu Sergey Yesenin

Heç kəs mənim kimi kövrələ bilməz.

 

- Musa müəllimin xırda kağızlarda sizə – övladlarına yazdığı şeir parçaları, yaxud şeirləri də var. İstədim onların yazıldığı günlərə qayıdasınız...

 

Səhər xanım: -Fərid, biz heç vaxt  onun əlyazmalarına, şeirlərinə biganə olmamışıq. Həmişə yazdıqlarını sevərək oxumuşuq, toplamışıq. Dəftərləri, əlyazmaları həmişə səliqə-sahmanda olub. Bəzən elə şeirləri olub ki, yazıb, sonra isə  unudub, sonralar biz onun yadına salmışıq, həmin şeiri xatırlatmışıq, tapıb özünə vermişik.

 

Yaqut xanım: -Bir dəfə biz Bakıda tələbə olanda atam yanımıza gəldi. Onda qohumumuz Mələk də bizimlə qalırdı. Mən Bakı Dövlət Universitetində, Səhər isə Xarici Dillər Universitetində oxuyurdu. Gəlib gördü ki, toyuğu çox yağlı bişirmişəm, işıq pulu gəlib, amma ödəniş etməmişik. Səhəri gün universitetə gedib gördüm ki, hərbi dərsdir, oturmadım, qayıtdım evə ki, gedib dədə ilə söhbət edim. Qapını açıb gördüm dədə gedib, masamızın üstünə də mənim qələmimlə bu şeiri yazıb qoyub..

 

Mən getdim, Yaqut bala,

hər işi düz tut bala.

Yumşaqlığı tərk elə,

Səhərin başı üstə

Mələyin başı üstə

yumruğunu bərk elə.

Səhər səni tovlayıb

xoş dilə bağlamasın.

Qab-qacağı yumağı

sonraya saxlamasın.

O yusun qaşıqları

səndə ki qoyma yansın

boş yerə işıqları.

Qənaətcil ol bir az

İsrif elə yağ, bala,

bir çolpaya bir kilo

yağ işlətməzlər, bala.

O sən deyən il deyil,

Görürsən yağ sel deyil,

Ha ev pulu verirəm,

Vermirsiz ev pulunu,

Deməmişəm dədənin

Bu qədər sev pulunu?

Üç olun, tərs olmayın,

Unutmayın da dərsi.

Tək oxumaq üstündə

Eyləyin bəhsəbəhsi.

Yaman şeydir ingilis

Qoymayın çox bilmişi,

Sizə gördürsün işi.

Özü yaxşı qızcığaz

Səliqəsindən olmaz.

Çayım qaldı yarımçıq,

ora-bura çapmadım

Nə evdir saxlayırsız,

bir dişdəm qənd tapmadım.

Bu şeirimə mat qalın,

Getdim, salamat qalın.

 

Şeiri oxuyub kövrəldim. O günü heç unutmuram. Ümumiyyətlə, Səhər bilir, çox gözəl günlər yaşamışıq. İndi o günləri yada salanda, keçmişimizlə xoşbəxt oluruq.

 

Fərid Hüseyn: Darvazadan çıxana yaxın həyətdə təmiri yeni başa çatan talvar diqqətimi çəkir. Xatirimdədir ki, bir il öncə mən İsmayıllıya – Musa müəllimin ziyarətinə gələndə burada təmir işləri hələ yekunlaşmamışdı. Ustalara yaxın bir yerdə əyləşib çəkic-mismar səsinin müşayiəti ilə Musa Yaqubla söhbət edirdik, Xaqanidən, Nəsimidən, Robert Frostdan danışırdıq. Səhər xanım xatırlayır o məqamı, deyir ki, mənimlə telefonda danışanda deyirdi ki, tez gəl, qırmızı lent bağlayıb talvarın açılışını edəcəyəm. Amma qismət olmadı, orada dədənin yas mərasimini verdik… Kövrəlirik…

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Əməkdar artist Tünzalə Əliyevanın vida mərasimi və dəfn xərclərini Mədəniyyət Nazirliyi qarşılayacaq. Bu barədə APA-ya aktrisanın ailə dostu Yusif Mustafayev məlumat verib.

 

Onun sözlərinə görə, vida mərasimi bu gün saat 11.00-da Heydər məscidində təşkil olunacaq:

“Heydər məscidində vida mərasimi olacaq. Ondan sonra dəfn üçün “Qurd qapısı” qəbiristanlığına aparılacaq. Onu da qeyd edim ki, bütün vida və dəfn xərcləri Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq. Mən bütün sənət dostlarımız adından bu təşəbbüs üçün Mədəniyyət Nazirliyi rəhbərliyinə təşəkkür edirəm”.

Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyeva dünən səhər saatlarında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Gözəlliyə hər cür xələl gətirmək mümkündür. O cümlədən tərbiyəsizliklə. İctimai yerdə söyüş söymək, özünü ədəbsiz aparmaq qaydaları ilə dünyanın bütün inkişaf etmiş ölkələrində mübarizə aparılır. Və bu mübarizə qanunla tənzimlənir. 

 

“Ədəbiyyat və incəsənət”in Qazaxıstana ezam olunmuş əməkdaşı oradan maraqlı bir xəbərlə gəlib. Yeni 2023-cü ilin ilk günlərində ölkədə ictimai yerlərdə özünü aparma qaydalarını pozanlar barədə cəzalar daha da sərtləşdirilib. Belə ki, əgər bu günə qədər insanların çoxluq təşkil etdiyi yerlərdə, ictimai nəqliyyatda  kimisə söyüb və təhqir edən adam 17 250 təngə  və ya 10 gün müddətində azadlığının məhdudlaşdırılması ilə cəzaya məruz qalırdısa, indi bu cəza daha da sərtləşdirilib.

Belə ki, bu ilin mart ayının 6-dan etibarən qüvvəyə minən təzə qanunvericiliyə uyğun olaraq Qazaxıstanda ictimai yerlərdə qaydaları pozan, söyüş söyən, tarixi abidələri və binaları üzərinə nalayiq sözlər yazan, nəyisə uçuran, nəyəsə zədə vuran şəxslər indi 30 gün azadlıqdan məhrum ediləcək və ya 69000 təngə- yəni 260 manat civarında cərimələnəcək.

Qabaqcıl nümunədir, götürə bilərik biz də. 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Yanvarın 22-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Azərbaycan xalq nağılı "Göyçək Fatma"nın motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. 

 

Quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov olan nağıl tamaşanın əsas qəhrəmanı Fatmadır.

Qeyd edək ki, tamaşada bütün hadisələr Fatmanın anası öldükdən sonra başlayır. Ögey ana yetim Fatmanı sevib əzizləmək əvəzinə onu amansız şəkildə istismar edir. Fatma isə saflığından və sadəliyindən əl çəkmir. Sonda Fatma heç ağlına da gəlmədiyi bir anda ölkə şahzadəsi ilə ailə qurur. Şifahi xalq ədəbiyyatı nümunələrindən biri olan "Göyçək Fatma" nağılının da insanlara vermək istədiyi mesaj ondan ibarətdir ki, dünyada heç vaxt pislər qalib gəlmir. İnsanın qəlbinin təmizliyi isə, onu ən uca və ali təbəqələrə qaldırır.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Bazar ertəsi, 23 Yanvar 2023 12:15

Bakıda akvarel vorkşopu baş tutub

Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan Nümayəndəliyi (İWS Azerbaijan ) və Xətai Sənət Mərkəzinin nəzdində yerləşən Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə “Azerbaijan” Akvarel Cəmiyyətinin üzvü olan bir sıra rəssamların akvarel vorkşopu baş tutub.

 

Xətai Sənət Mərkəzindən verilən açıqlamaya görə, tədbirdə 17 suluboyaçı rəssam və 2 uşaq iştirak edib. Rəssamlar bir uzun kağız parçası üzərində sərbəst mövzuda əsərlər yaradıblar. 

Tədbir akvarel və onun gələcəyi haqda müzakirələrlə davam edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub. 

Tədbirin əsas məqsədi akvarel rəssamlarını bir araya gətirmək, yaradıcılıq təcrübələrini bölüşmək və bu janra olan ictimai marağı artırmaqdan ibarət olub. 

Vorkşop Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Bazar ertəsi, 23 Yanvar 2023 12:00

Abırına bükülən xalq artisti...

Elman Eldaroğlu yazır

 

 

Ustalıqla obrazdan obraza girmək, tamaşaçını oynadığı rolun təbiiliyinə inandırmaq, yaddaşlarda yuva qurmaq aktyordan istedadla yanaşı, böyük məharət tələb edir. Xoşbəxt o aktiyorlardır ki, yaratdıqları obrazlar onları ölndən sonra da hafizələrdə yaşadır. Bu gün sizə belə aktyorlardan biri- xalq artisti, “Şöhrət” ordenli Hacı İsmayılovdan söhbət açmaq istəyirəm. O, Hacı İsmayılovdan ki, indiyədək yüzlərlə obraz yaradıb, amma onu yadda saxlayacaq ən əsas rolu "Mustafa"dır…

 

“Atam Dərbənddən, anam isə Masallıdan olub. Anam evdar qadın idi. Atam isə uzun müddət Xəzər Gəmiçiliyində çalışıb. İmkanlı olmamışıq, kasıb yaşayırdıq. Yaddaşımın küncündə səhərlər divardan asılan “Rodina” adlı radiodan Sovet Azərbaycanının himni ilə oyanmağım ilişib qalıb, indiyə qədər də o himnin səsi qulaqlarımdadır. Yaxşı yadımdadır, məktəbə gedəndə hər gün anam yumurtanı yağda bişirib çörəyin arasında çantama qoyurdu. Fikrim qalırdı çantamda, gözləyirdim ki, nə vaxt tənəffüs olacaq, onu yeyəcəm. Kasıb yaşadığımız üçün uşaqlardan pal-paltar sarıdan geri qalmağım məndə kompleks yaratmışdı. İçimdə həmişə düşünürdüm ki, necə edim ki, nəyləsə diqqəti özümə çəkim. Bəlkə ona görə teatra meylləndim. Məktəbdə bir idman dərsində, bir də teatra gedəndə mənim üçün bayram olurdu. Yaxşı müəllimlərimiz vardı. Uşaqları mədəniyyətə, ədəbiyyata, kimin qabiliyyəti haradırsa ora yönəldirdilər. Bir müəllimimiz vardı, Zərbəli Səmədov mənə dedi ki, bala, sən artist ol. Özfəaliyyət dərnəyində çıxışımı görmüşdü ona görə. Mən də məktəbin dram dərnəyinə yazıldım. İlk rolum da tənbəl Mahmud oldu. Yadımdadır, səhnəyə birinci dəfə çıxanda mətnin əvvəlini yox birbaşa son sözünü dedim. Sonra ani olaraq özümü toplayıb təzədən əvvəldən başladım. Fəxr edirdim ki, səhvimi düzəltməyi bacardım.”- söyləyir. 

 

Haqqında danışdığım Hacı İsmayılov 1944-cü ildə Bakıda dünyaya gəlib. Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında işləyib. Hazırda Akademik Milli Dram Teatrında çalışır...

Deyir ki,- “Etiraf edirəm, mən filmlərə təsadüfən çəkilmişəm. O vaxtlar nəhəng aktyorlara baxanda fikirləşirdim ki, mənim kinoya çəkilməyim yəqin ki, alınmaz. Ancaq 1976-cı ildə rejissor Rasim Ocaqov "Ad günü" filmini çəkəndə məni filmin foto və lent sınaqlarına çağırdı. Sınaqlardan uğurla çıxdım və məni filmdə Mustafa roluna dəvət elədi. Ssenarini oxuyandan sonra sanki, başqa bir insanın ruhu ilə dünyaya baxmağa başladım. Görünür Mustafanın xarakteri üstümə hopmuşdu. Film çox yaxşı alındı. Məlumat üçün deyim ki, o filmi  ilk dəfə izləyən Heydər Əliyev olub...”

 

Bəli, Mustafa rolu ona şöhrət gətirdi. Və bu şöhrətin qüdrəti onu xalqa sevdirə bildi. Seçdiyi yola görə özünü həyatda xoşbəxt adam hesab edir. Bir oğlu, bir qızı, bir neçə nəvəsi var. Ailədə ondan başqa teatra, filmə həvəs göstərən kimsə olmasa da, balaca nəvəsi Nigarın oxumağa, oynamağa meyilli olduğu onu çox sevindirir. Ümid edir ki, gələcəkdə onun yolunu nəvəsi davam etdirəcək...

“Azərbaycan filminin tarixi çox qədimdir. O illərdə özünü büsbütün sənətə həsr edən adamlar çox idi. Ona görə də, filmlərimiz sevilirdi. O günlər yaddan çıxan günlər deyil. Mən demək olar ki, bütün görkəmli aktyolarla oynamışam. Həyatımın ən mənalı günləri də məhz o günlər olub. Özümü çox xoşbəxt sayıram ki, o cür insanlarla filmlərə çəkilmişəm. İndi də yaxşı filmlər var. Ancaq  film çəkərkən insanların istəyini nəzərə almaq lazımdır. İnanıram ki, bizim filmlərimiz daha yuxarı pillələrə çıxa bilər. Baxın, bizim muğamımız, musiqimiz artıq bütün dünyada tanınır, sevilir. Yəqin ki, dövlətimiz kino sənəti ilə bağlı da mühüm addımlar atacaq.”- söyləyr.

 

Bədii filmlərdə rol almaq istəsə də son vaxtlar çəkilən yeni filmlərə dəvət olunmur. Seriallara da özü getmir. Bunu işinin çoxluğu ilə bağlayır. Amma hesab edir ki, bu gün çəkilən filmlərin ssenariləri çox zəifdir...

Hacı İsmayılov! Oynadığı "Mustafa" obrazı kimi səmimi, təvazökar, mülayim insan, tamaşaçıların sevimli aktyoru. Abırına bükülüb qazandığı şöhrətə zərrəcə xələl gətirməyən xalq artistimiz, yeni yaşınız mübarək! Sizi təbrik edir, ağrı-acısız günlər arzulayırıq!

Çox yaşayın!

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.