Super User

Super User

 

LİBRAFF kitab mağazalar şəbəkəsində yazıçı Sevinc Nuruqızının “Zəfər nəğməsi Şuşa” adlı kitabının təqdimat mərasimi keçirilib. 

TEAS-PRESS nəşriyyat evinə aid olan “Üç alma” nəşriyyatında çap olunan kitabın redaktoru Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Bəhmən Əliyev, illüstratoru qrafik-dizayner Aida Əmirova, layihə rəhbəri Arzu Cəfərovadır.

Tədbirdə, Nizami adına Ədəbiyyat İnstitutun elmi katibi, tənqidçi Aygün Bağırova, Tarix Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, müəllimlər, şəhid ailələri, yazıçı və şairlər iştirak ediblər. Tədbirdə çıxış edən Aygün Bağırova bildirib ki, kitab tək Zəfərdən bəhs etmir, həm də qələbəyə gedən yollara müxtəlif yazılarla işıq tutur. O, Sevinc Nuruqızının bir yazıçı kimi Vətənin ağrısını, Qarabağ dərdini öz taleyinə çevirə bildiyini vurğulayıb. Qeyd edib ki, yazıçı “Zəfər nəğməsi Şuşa” kitabı ilə bir salnamə, yeni bir dastan yaradıb. 

Şəhid Bilal Qəmbərovun anası Gültəkin xanım müəllifin ona olan səmimi münasibətindən danışıb. Şəhid olmuş övladına və onun yadigarı Nazlı qızına həsr edilən “Şəhadətin zirvəsi Vətən” əsərindən və yazıya çəkilmiş illüstrasiyalardan razı qaldığını bildirib. 

Yazıçı Narıngül Nadir bildirib ki, Sevinc Nuruqızı əsərlərilə ölkə hüdudunu aşaraq yeni oxucu auditoriyası qazanıb.

Şair Şəfəq Sahibli də müəllifin kitabları ilə çoxdan tanış olduğunu deyərək, əsərlərinin dəyərindən söhbət açıb.

 

“Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı layihə davam edir. Muzeyin yaydığı açıqlamaya istinadən “Ədəbiyyat və incəsənət” portalı bildirir ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri, adı musiqi tariximizə qızıl hərflərlə yazılmış Cabbar Qaryağdıoğluna həsr olunub. 

 

Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və milli musiqimizin inkişafında böyük rol oynayan sənətkarlardan biridir. O, 1861-ci il mart ayının 31- də Azərbaycanın dilbər guşələrindən biri olan Şuşanın Seyidli məhəlləsində anadan olub. Atası Məşədi İsmayıl ailəsini dolandırmaqdan ötrü kənddə boyaqçılıq edirdi. Özü yoxsulluğun çətinliklərinə bələd olduğu üçün oğlunun bir peşəyə yiyələnməsinə xüsusi diqqət yetirir, öz sənətini ona öyrətməyə çalışırdı. Lakin Şuşanın zəngin ədəbi mühitinin təsirindən balaca Cabbarda da musiqiyə böyük meyl oyanmışdı. O da böyük qardaşları kimi məhərrəmlik təziyadarlığında növhə oxumağa, şəbih tamaşalarında, dini mərasimlərdə, el şənliklərində çıxış etməyə həvəs göstərirdi. Çox çəkmir ki, Cabbar gözəl məlahətli səsi, yanıqlı oxu tərzi ilə bütün şəhərdə ad çıxarır və məclislərin bəzəyi olur. Onun bir peşəkar xanəndə kimi yetişməsində tarzən Sadıqcanın rolu danılmazdı. Gənc xanəndə 20 yaşınadək Sadıqcanla birgə Qarabağın bütün məclis və toy şənliklərində iştirak edirdi. Bu da onun şöhrətini Gəncə, Şamaxı, Bakı və daha uzaqlara yayırdı. 

XIX əsrin sonu və XX əsrin əvvəllərində teatrın ən çox fəaliyyət göstərdiyi mərkəzlərdən biri Şuşa idi. 1881-ci ildə Şuşada realni məktəbin açılışı, eləcə də məşhur musiqişünas Xarrat Qulunun musiqi məktəbi açaraq gənc xanəndələri bu ocağa cəlb etməsi şəhərin mədəni həyatına müsbət təsir göstərir. Həmin dövrdən etibarən Şuşada teatr tamaşaları müntəzəm şəkil alır. Hər yay tətili zamanı hazırlanan tamaşalarda, Şərq konsertlərində Bədəl bəy Bədəlbəyli, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Əbdülbaqi Zülalov, Məşədi Zeynal, Sadıqcan kimi bir çox tanınmış şəxsiyyətlərlə bərabər Cabbar Qaryağdıoğlu da iştirak edirdi. Xanəndənin Azərbaycanda opera sənətinin meydana gəlməsində böyük rolu olub. İlk dəfə Məcnun və Fərhad obrazları məhz onun adı ilə bağlıdır. Həmçinin ilk milli operamızın ərsəyə gəlməsində də xanəndənin dolayısı ilə rol oynadığı da məlumdur. Belə ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Bakinski raboçi” qəzetində çıxan “Leyli və Məcnundan Koroğluyadək” adlı məqaləsindən belə bəlli olur ki, o, Ə.Haqverdiyevin hazırlamış olduğu “Məcnun Leylinin qəbri üstündə” tamaşasında C. Qaryağdıoğlunun yanıqlı səsindən təsirlənərək “Leyli və Məcnun” operasını yaradıb. 

C.Qaryağdıoğlu klassik Azərbaycan poeziyasının gözəl bilicisi idi və öz repertuarında Nizami Gəncəvi, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və digər Azərbaycan şairlərindən qəzəllər və təsniflər oxuyardı. Bu da həm muğamın, həm də klassik poeziyamızın xalq arasında daha geniş yayılıb sevilməsinə səbəb olub. Onun ifasındakı “Heyratı”, “Mənsuriyyə”, zərb muğamları, “Kürdü-Şahnaz”, “Mahur”, “Rast” və başqa muğamlar musiqi tariximizin qızıl fonduna daxildir. 

Xanəndə güclü və təkrarolunmaz səsinin sayəsində qısa zaman kəsimində vətənin hüdudlarını aşaraq başqa ölkələrdə də şöhrət qazanmışdır. Belə ki, 1906-1915-ci illərdə qərbin bir sıra səsyazma şirkətləri şərqin məşhur xanəndələrinin səslərini qrammofon vallarına yazırdılar. Onların dəvəti ilə Cabbar Qaryağdıoğlu da tarzən Qurban Pirimovun daxil olduğu üçlük ilə bərabər Moskva, Kiyev və Varşava şəhərlərinə gedərək səsini qrammofon valına yazdırıb. Eyni zamanda o, dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunub və öz gözəl ifası ilə bütün saray əhlini məftun edib.

C.Qaryağdıoğlu əsil sənətkar kimi xalqına və incəsənətin inkişafına xidmət edirdi. O, mədəniyyət tariximizdə yalnız xanəndə deyil, həmçinin görkəmli ustad olaraq da qalıb. Azərbaycan Dövlət Konservatoriyasının təşkilatçılarından biri olmuş və uzun illər burada muğam sənətindən dərs demiş və istedadlı kadrların yetişməsində böyük əmək sərf etmişdir. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz C. Qaryağdıoğlunun tələbələri olublar. O, pedaqoji fəaliyyətlə məşğul olduğu dövrdə klassik muğam musiqisinin təkmilləşdirilməsi üzərində işləyərək “Rast”, “Segah”, “Çahargah” muğamlarına yeni-yeni çalarlar əlavə edib. 

Musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərinə və səmərəli yaradıcılıq fəaliyyətinə görə müxtəlif illərdə Xalq artisti fəxri adı və Şərəf nişanı ordeni ilə təltif edilib. 

Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib milli xanəndəlik sənətini yaratmağa həsr edən, Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırılan Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 20-də 83 yaşında Bakıda vəfat edib. Onun əziz xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, miras qoyduğu zəngin irsi ilə daim könüllərdə yaşayacaq.

 

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov sentyabrın 23-də Ağdaş Rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan sonra nazir Ağdaşda bir sıra mədəniyyət müəssisələrinə və tarixi abidələrə baş çəkib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən təmiri planlaşdırılan Ağdaş Rayon Mədəniyyət Mərkəzində olub, müəssisənin əsaslı təmir planı barədə ətraflı məlumat alıb. Burada aparılacaq təmir işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonra 1986-cı ildən fəaliyyət göstərən Ağdaş Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib. Nazirə məlumat verilib ki, muzey uzun müddət yerli əhəmiyyətli tarixi abidə olan Hacı Məhəmməd Ağanın evində fəaliyyət göstərib. 2015-ci ildə yeni binaya köçürülən muzeyin əsas fondunda 6758 eksponat qorunub saxlanılır, 1100-ü daimi nümayiş olunur.

Mədəniyyət naziri Ağdaş şəhərində tanınmış kaman ustası Habil Əliyevin adını daşıyan 1 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə tanış olarkən ona bildirilib ki, musiqi məktəbi Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin təşəbbüsü ilə 1937-ci ildə fəaliyyətə başlayıb. 2009-cu ildə şəhərin mərkəzində musiqi məktəbinin müasir üslubda inşa edilən yeni binasının rəsmi açılışı olub. Məktəbdə hal-hazırda fortepiano, tar, kamança, qarmon, klarnet və nağara ixtisasları tədris olunur, 460 şagird təhsil alır, 125 müəllim çalışır.

Səfər çərçivəsində 1980-ci ildə yaradılan və 400 minə yaxın kitab fondu olan Ağdaş rayon MKS-nin Mərkəzi Kitabxanasına baxış keçirilib, müəssisənin fəaliyyəti barədə məlumat alınıb. Sonra həmin binada yerləşən Azərbaycan və özbək ədəbi əlaqələrinin inkişafında böyük xidmətləri olmuş dramaturq, tərcüməçi, şair və ədəbiyyatşünas Maqsud Şeyxzadənin ev-muzeyinə baxış keçirilib. Muzeyin direktoru şairə məxsus əşyalar, əsərlər, əlyazmalar barədə məlumat verib, bildirib ki, 1991-ci ildə yaradılan muzeydə şairə məxsus 224 eksponat saxlanılır.

Qeyd edək ki, sözügedən kitabxana və muzeyin yerləşdiyi bina 1904-cü ildə İsmayıl bəy Soltanbəyova məxsus olub. Həmçinin, yerli əhəmiyyətli tarixi abidə kimi (inv. № 4061) dövlət qeydiyyatına alınıb. 

Nazir yerli əhəmiyyətli tarixi abidə olan Hacı Məhəmməd ağanın evini də (inv. № 4060) ziyarət edib. Nazirə məlumat verilib ki, XIX əsrə aid olan yaşayış evi XX əsrin ortalarında hərbi komissarlıq, 1986-2015-ci illərdə tarix-diyarşünaslıq muzeyi, sonra isə Uşaq Gənclər İnkişaf Mərkəzi kimi istifadə olunub.

Anar Kərimov Ağdaşda daha bir yerli əhəmiyyətli memarlıq abidəsi olan Hacı Bədəl Əfəndi məscidinə (XIX əsr, inv. № 4070) gəlib, məscid binasının cari vəziyyəti ilə tanış olub. Bildirilib ki, binada uzun illər körəpələr evi, uşaq bağçası fəaliyyət göstərib.

Bununla da mədəniyyət nazirinin Ağdaş rayonuna səfəri başa çatıb.

Bu səfərin də səmərəli keçməsini tam əminliklə söyləmək olar.

 

Sentyabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və "Space" Müstəqil Teleradio Şirkətinin birgə təşkilatçılığı ilə reallaşan və “Şuşa İli”nə həsr olunan layihə çərçivəsində 30 ölkədən 44 tanınmış ədəbiyyatçı və şair Şuşa üçün şeir oxuyacaq. Azərbaycandan layihəyə 8 şair qoşulub.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Səlim Babullaoğlu layihə ilə bağlı məlumat verib. Bildirib ki, layihə ilə əlaqədar dünyanın ayrı-ayrı 30 ölkəsindəki yazıçılara müraciət edilib: “Sentyabrın 27-dən başlayaraq hər gün bir əcnəbi yazıçının səsləndirdiyi şeir “Space” TV-də yayımlanacaq və bu, Zəfər gününə - noyabrın 8-dək qədər davam edəcək”.
AYB-nin sədri, Xalq yazıçısı Anar qeyd edib ki, Qarabağ müharibəsi başlayandan bəri Yazıçılar Birliyi hər zaman hadisələrin mərkəzində olub: “Yazıçılar Birliyi təbliğat işlərində hər zaman olduğu kimi bundan sonra da daha da intensiv rol alacaq. Bizim haqq işimizi təbliğ etməyimiz üçün bu layihə çox vacibdir”.
“Space” Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmov layihə barəsində məlumat verib. Deyib ki, sözügedən layihənin haqq işimizin təbliğində xüsusi yeri olacaq. Həqiqətlərimizin müxtəlif ölkələrdən şairlərin dili ilə deyilməsi Qarabağın Azərbaycanın bir parçası olmasını bir daha bütün dünyaya sübut edəcək.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra nazirlik tərəfindən çoxsaylı işlər görülüb: “Biz çalışırıq ki, Qarabağ həqiqətlərini mədəniyyətin dili ilə çatdıraq. Bu layihə dünya xalqlarının fikrində Qarabağla bağlı düzgün imic formalaşdırılmasına kömək edəcək”.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev diqqətə çatdırıb ki, tarixdə yazıçıların yazdıqları qalır. Çünki yazıçının, şairin sözü əbədi yaşayır. Əslində, yaxşı yazıçı xalqın əbədiyyətdəki vəkilidir.

Qeyd edək ki, “Şuşaya salam” layihəsi sentyabrın 27-dən noyabrın 8-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlının Astanada Dünya Liderlərinin və Ənənəvi Dinlərin 7-ci qurultayında iştirakı zamanı qələmə aldığı növbəti yazını təqdim edirik. Bəri başdan deyirik ki, mütləq oxuyun, burada çox önəmli mesajlar vardır.

 

Astana Sülh və Həmrəylik şəhəridir. 1998-ci il 6 iyulda şəhərin ilk təməl daşı qoyulanda Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazrbayev Azərbaycanın ümumimilli lideri Heydər Əliyevi də ali qonaqlar siyahısında dəvət etmişdi. Heydər Əliyev o zamankı çıxışında yeni şəhərin adı kimi astanasından da xoş niyyətli insanların keçməsini arzulamışdı. Çünki bu  bozkırlar ölkəsi hər zaman darda qalana, çörək tapmayana, sürgünə göndərilənə həm vətən, həm məzar oldu. Bütün gəlmələrə öz övladı kimi baxdı, insanları öz son tikəsini aclarla böldülər,  çadırlarında qızınmaq üçün yer göstərdilər. Beləcə Qazaxıstan Müstəqil dövlət kimi də özünün keçmiş ənənələrini unutmadı.

2003-cü ilin sentyabr ayında bu tarixi missiyaya sadiq qalan Nursultan Nazabayev  Astanada Dünya Liderlərinin və Ənənəvi Dinlərin I qurultayını keçirdi. Bu qurultayada səslənən çağırışlar sülh, həmrəylik, sevgi çalarları üzərində səsləndi. O gündən sonra Dini liderlərin qurultayını keçirmək ənənə şəklini aldı. Burada edilən çağırışlar insanları terrorizmdən, narkotikdən, pis vərişlərdən, atom bombasından, qanlı müharibələrdən əl çəkməyə, təbiəti sevməyə, onun harmoniyasını duymağa yönəldi. Fərqi yoxdur dinin hansıdır, özün hansı irqə məxsussan. İstər İslam, iudaizm, xristianlıq olsun, istər sintoizm, induizm, buddizm olsun, təki etiqad etdiyin din insanlara sülh və həmrəylik gətirsin.

Bu dəfə də belə oldu.

13 sentyabr 2022-ci ildə Qazaxıstanda Dünya Liderlərinin və Ənənəvi Dinlərin VII qurultayının katibliyi hazırlıq iclaslarına başladı. Dünyanın aparıcı dinlərinin məşhur təmsilçiləri və liderləri ilk növbədə Nursultan Nazarbayevin böyük sevgi və məhəbbətlə başladığı təşəbbüsün bu günə qədər gəlib yetişməsinə görə Qazaxıstanı alqışladılar.

Tədbirin  ikinci günü isə bütün qonaqlar daha bir dini lideri - Vatikan kilsəsinin  Pantifiki  Roma Papası Fransiski salamladılar. O, Qazaxıstan prezidenti Kasım Jomərd Tokayevin şəxsi dəvəti ilə Qurultayın qonağı idi. Özü də ki, Pantifik  Fransisk rəsmi Moskva və Kiyevin dəvətini rədd edib Qazaxıstanı seçmişdi.

Mən Roma papasının fikirlərini, mənalı çıxışlarını təkcə Qazaxıstana aid etmədim, o öz fikirləri ilə böyük Türk dünyasının dəyərlərindən danışırdı. Onun diqqətini çəkən dombra, Abay sözü idi. Əgər bir katolik, özü də katolik təsisatının rəhbəri  dombradan və Abaydan danışırsa, bu, ümumi türklüyün təntənəsidir.

Roma papası öz çıxışına  bu sözlərlə başladı: “Qazaxıstan təkcə qəhrəmanlar yurdu deyil, o eyni zamanda rəssamlar, mütəfəkkirlər və əzab çəkənlərin yurdudur”. Papa belə deyərək reppressiya illərində bu yurda pənah gətirən xalqları və onlara qucaq açanları xatırladı.  Qazaxıstana zəvvar kimi ziyarətə gəldiyini dedi.  Dombradan danışdı.

 “Mən bu ölkədə olmağımdan çöx şadam, Qazaxıstan böyük olduğu qədər də qədimdir. Bu ölkədə dialoqun və birliyin yolunu tapmaq üçün dünyanın bir zəvvarı kimi ziyarətə gəlmişəm. Bizim dünyamızda təcili olaraq harmoniyanı  bərpa etməyin zamanı yetişib.
Ölkənizə məxsus ənənəvi və xüsusi bir musiqi aləti var, artıq onunla tanışam. Adı dombradır. Qazaxıstanın mədəni simvolu olan dombra o qədər vacib alətdir ki, hətta onun adına xüsusi gün də təyin etmisiniz. Ona görə də mən öz çıxışımı elə bu sirli musiqi alətinin üzərində qurmaq istəyirəm. Buraya gəlməzdən əvvəl öyrəndim ki, hələ orta əsrlərdən başlayaraq insanlar bu musiqi alətində ifa ediblər, onun sədaları altında şeir deyib, dastanlar danışıblar. Bununla da keçmişi bu günlə bağlayıblar. Müxtəlifliklə davamlılığın simvolu bütöv bir ölkənin ritm yaddaşıdır və bu
, bizdən əvvəlki həyat ilə, keçmiş ilə bağlarımızı unudulmağa qoymur. Həmçinin, əcdadlardan qalmış ənənələr keçmişi xəzinə kimi qorumağı öyrədir, bu da ki, sizdə vardır. Burada sizin gözəl bir adətinizi xatırlamaq istəyirəm: həftənin cümə günləri səhər tezdən əcdadlarınızın adına 7 çörək bişirirsiniz”.

   Dünya Liderlərinin və Ənənəvi Dinlərin VII qurultayının bağlanış günündə isə Roma Papası  iştirakçılara “Biz bir göy qübbəsinin oğlanları və qızlarıyıq”- deyə müraciət etdi. Roma Papası Göy türklər kimi Göy Səmaya inanınır. Görün bir öz nitqində Boz Kırların hansı çalarlarını dilinə gətirdi:

“Əziz liderlər və dünya ənənəvi dinlərinin təmsilçiləri, biz  uzun əsrlər boyu üstündən  böyük karvanlar keçən bir məkandayıq. Böyük İpək yolu vasitəsi ilə  burada bir çox mədəniyyətlər birləşib və ayrılıb, ideyalar, inanclar və istəklər yaranıb.”.

Roma Papasını bu fikirləri məni çox düşündürdü. Böyük İpək yolu Fateh Əmir Teymurun yaratdığı Birlik yolu idi. Və bu gün bütün dünya həmin yola qayıtmaq istəyir. Bu yolun üstündə isə  Bakı-Tbilisi-Ceyhan Boru kəməri var, Zəngəzur var, bu yolun üstündə bütün dünyaya çıxış var. Bu yolların hamısı gəlib Azərbaycandan keçir.

Dünən Dombradan danışan Roma Papası bu gün isə onu dinləyənləri Abay sözü ilə təəccübləndirdi. Mən isə qətiyyən təəccüblənmədim. Çünki Qazaxıstan prezidenti Kasım Jomərd Tokayev böyük mütəfəkkir şair Abay Kunanbayevin 175 illiyinin   böyük bir möhtəşəmliklə 50 xarici ölkədə keçirilməsi haqqında Sərəncam imzalamışdı. Hətta araya COVİD Pandemiyası düşməsinə baxmayaraq, Abay Kunanbayevin 175 illiyi keçirildi və dünya bir daha Abay sözünü dinlədi. Azərbaycanda da Beynəlxalq Türk Akademiyası möhtəşəm Abay günləri təqdim etdi. Mənim də Abay irsinə töhfəm oldu. Böyük mütəfəkkirin “Qara söz”ünü Azərbaycan türkcəsinə çevirdim. Kitabı elə Beynəlxalq Türk Akademiyası çap etdi.

Və bu gün bütün dünyanı sözünə və fikrinə ehtiram etdirən Vatikan lideri böyük türk oğlu Abayın sözlərindən, kitablarından misal çəkirdi. Onun müdrikliyindən, inancından, savadından, bilgəliyindən, xalqına böyük sevgisindən danışırdı. Bir şerindən bir sətri xatırladı. Dedi:

“Görün Abay nə deyir: “Məgər həyatın gözəlliyi onun dərinliyinə enməkdə deyilmi?” Abayın “Qara Söz”ündəki 6-cı Sözü xatırlayaq: “ Könlü şad olan adamın ağlı da işıqlı olar. Əgər qəlbin ölüdürsə, yaşamağında nə anlam? Əgər deyilən söz sənə təsir etmirsə, halal zəhmətlə qazana bilmirsənsə, onda niyə yaşayırsan?”. Onun bu fikirlərini oxuyanda insan istər- istəməz daxilində dini rahatlığa ehtiyac duyur. Abay bizə deyir ki, biz yalnız özümüzü təmin etmək üçün deyil, eyni zamanda  ətrafdakıları da düşünməliyik”.

Abayın bu fikirlərini dilə gətirdikdən sonra Papa belə dedi:

-Qardaşlar və bacılar, dünya bizdən açıq ruh və aydın ağıl istəyir, həqiqi ruhanilik istəyir. Abayın 45-ci Sözündə deyilir ki, “Biz Tanrının  məhəbbətinə və ədalətinə inandığımız halda ona itaət edirik, lakin bir başqasını ona ibadət etməyə inandıra bilməyəcək qədər gücsüzük. Biz kimsəni inanca məcbur edə bilmərik”- Abay  bu fikri ilə dinin və ruhaniliyin də azadlığından danışır. Bu hər kəsin özünə aid olmalıdır. Dini ibadət hər kəsin öz şəxsi işidir.

Dombranın Bozkırlarda yayılan ecazkar səsindən, Abaydan danışan Pantifik, dünyanı ağuşuna alan sonuncu COVİD-19 Pandemiyasını da xatırlayaraq dedi ki, “COVİD-19 bizim hamımızı bərabərləşdirdi. Abayın yazdığı “Biz yaradan deyilik, biz ölümlüyük” (Söz 45) sözləri bizi bir daha düşünməyə, onu anlamağa vadar etdi. Həmin ağır günlərdə bizim hamımızın köməyə, sevgiyə, mərhəmətə ehtiyacımız var idi. Pandemiya bizə anlatdı ki, insan özündən razı və təkəbbürlü ola bilməz.

Poma Papası eyni zamanda dünyadakı ac insanları unutmamağa çağırdı. Yenə də Böyük Abay sözündən (“İyirmi beşinci söz” SÖZ-  25)sitat gətirdi:

“Uşaqlarımızı  oxutmaq  ən  yaxşı  bir  işdir, buna görə onlara hər şeydən öncə türk savadı vermək gərəkdir. Bizim bu dərül-xarabatımız-da uşaqlara öncə mal-dövlət yığmalıyıq, ondan sonra ərəb-fars dillərini öyrətmliyik. Qarnı ac adamın başında ağıl, üzündə ar, elmə həvəsi haradan olacaq? Kasıblıq olan yerdə, qohumlar da bir-birinə düşmən kəsilir, oğurluq, zorakılıq, tamahkarlıq qohumluğa üstün gəlir. Evində bolluq olanda, qarın da tox olur. Tox adam sənət və peşə də öyrənə bilir. Qarnı tox olan adamın beyni də iti olur. Ondan sonra fikirləşir ki, uşağımı hansı sənətə yiyələndirim?

Övladına vicdanla, öz əlinin zəhməti ilə elə sənət, elə peşə öyrət ki, hər zaman özünə çörək qazana bilsin, qoy, başqalarına da onun bu işi örnək olsın...”.

Roma Papası Abayın “Otuz səkkizinci söz”ündən misal çəkdi.  Sonra “On ikinci  söz”ündəki sitatı xatırladı: “Hər kəs öyrənmədən, çatışmazlıqlarını tamamlamadan, bilə-bilə geridə qalırsa, öyrənməkdən vaz keçirsə, onu Tanrı bağışlamaz, ibadətləri qəbul olmaz. Amma və lakin hər kim ki, imanını necə kamilləşdirdiməyin yollarını bilmədən, çatışmazlıqlarının nədən ibarət olduğunu dərk etmədən, təkcə başına əmmamə qoyub, namaz qılan, oruc tutan, məclislərdə imandan danışaraq, dinin əsil  mahiyyətinin bilməyib, duaların yerini səhv salırsa, elə bilməsin ki, bununla o, Tanrının könlünü xoş edəcək”.

Roma Papası Abay Sözünü Tanrı sözü qədər yüksəltdi və onun “Otuz dördüncü söz”ündən misal gətirdi: “Ölümün hər kəsin qapısını döydüyünü bilirik. Ölüm heç kimin qapısından yan keçmir. Onun üçün qoca və ya cavan olmağın fərqi yoxdur  və gedənin bir daha geri dönməyəcəyi də hamıya bəllidir”.

Və Roma Papası çağırış etdi, dedi, Qardaş və bacılar, Abayaın yazdığı kimi, İnsan bu dünyada qonaqdır.

Abay sözünü, Abay fikrini öz düşüncə süzgəcindən keçirən Pantifik, əslində  Astanadakı Müstəqillik Sarayında VII Dini Qurultayın bağlanış konfransında hamı ilə Abay dilində danışırdı. Abayı və Qazaxıstanı, Türk dünyasının mütəfəkkirndən öyrənməyə çağırırdı, onun yazdıqlarının ən böyük kitab kimi oxunmasına, tədqiq olunmasına, riayət edilməsinə ehtiyac olduğunu vurğulayırdı.

Bizdə deyərlər ki, “Arifə bir işarə də bəs edər!”.

Roma Papası öz fikirlərində Dombranın ecazkarlığını, Abayaın sözünü səsləndirməklə dünyanın musiqi və gözəl sözə ehtiyacı olduğunu bildirir, insanları öyrənməyə, elmə, bilgiyə, biliyə sahib olmağa çağırırdı. Həmin gün Roma Papası dünyaya bir Abay dərsi keçdi. O, Abay dərsində müharibəyə “YOX!”, “Təbiətə SEVGİ”! notları səslənirdi.

 

Cümə, 23 Sentyabr 2022 12:30

Günün fotosu: Türkiyəyə sel ziyan vurub

Günün fotosu: Türkiyəyə sel ziyan vurub

 

Türkiyədə kəskin istiləri güclü yağışlar əvəz etməyə başlayıb. Leysan nəticəsində yaranan sel və daşqınlar yaşayış məskənlərinə və təsərrüfata ciddi ziyan vurub. Bartın, Osmaniyə, Ərdahan, Kayseri və digər vilayətlərdə küçə və meydanları sel suları basıb.

 

Foto: AzərTAC

 

Sentyabrın 22-si Gəncə şəhərində tarixi romanlar yazarı, publisist Yunus Oğuzun şəhid ailələri və qazilərlə görüşü keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın - "Cığır"ın da müzakirə olunduğu tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, "Gəncənin səsi" qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, AMEA Gəncə bölməsinin diyarşünaslıq institutunun tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Azər İbrahimov, Vətən müharibəsi qəhrəmanı 1991-ci il təvəllüdlü şəhid Seyidzadə Mirhüseynin atası Miryunis Seyidzadə və İkinci Qarabağ Müharibəsi qəhrəmanlarından ehtiyatda olan kapitan, qazi Mətin Abdinov və bir sıra qonaqlar iştirak ediblər.

Tədbirin aparıcısı Gülnar Rzayeva Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına, şəhid ailələri və qazilərə məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.

Tədbirin sonunda şəhid ailələri və qazilərə "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə moderator.az-a müsahibə verən xalq artisti, sevilən müğənni Zaur Rzayevdən seçmələri diqqətinizə çatdırır. 

 

“Elə müğənnilər var ki, onların səsi oxumaq səsi deyil. Yadımdadır ki, Firudin Şuşinskinin bir kitabı çıxmışdı. Bir sənətkar haqda yazmışdı ki, "onun oxumağından qadın iyi gəlir". Kişinin kişi səsi olar, kişi kişi kimi oxumalıdır. Kişi bass, bariton və tenorda oxumalıdır. İndiki səslər hamısı bir-birinin təkrarıdır. Ona görə də heç birini ayırd etmək olmur, bir-birinə oxşayır. Rəşid Behbudovun, Bülbülün səsi 100 səsin içindən seçilir".

"Bu gün Mirələm, Ehtiram, Təyyarın oxumağına qulaq asıram. Onların səsləri gözəldir. Bəzi səslər var ki, insanların zövqünü korlayır. Gözəl səsləri də kölgədə qoyur. Bəzən youTube sosial şəbəkəsinə baxıram. Görürəm ki, Rəşid Behbudovun mahnısı 1 milyon, oradakı uşaqın mahnısı 100 milyon baxış toplayıb. Bunun özü böyük bir fəlakətdir. Müğənnilərin nəinki səsləri, geyimləri də kasaddır. Saqqal saxlayır, gözünə eynək taxır və tanınmaq istəyirlər. O eynəkdə səni axı kim tanıyar?! İndi oxumaq üçün səhnəyə çıxmırlar ki. Fikirləşirlər ki, qoy məni görüb tanısınlar, ora-bura çağırsınlar, geyimlərini göstərirlər. Çünki sənət yoxdur, səs yoxdur! Bəzi müğənnilər də efirlə yas mərasimlərini səhv salıblar. Yas mərasimlərində oxuduqlarını efirdə oxuyurlar".

“Zabitlər evi"-ndə 22 il sərasər dayanmadan, qüsursuz çalışmışam. O vaxtı təşəbbüs irəli sürdüm ki, cəbhəyə konsertlərə gedək. Bir çox torpaqlarda olmuşuq. Avobusu ərzaqla doldurub gedirdik. O vaxt ordumuz da natamam idi, amma buna baxmayaraq vətənpərvər oğullarımız çox idi. Sonra mənə dedilər ki, gəl elə Zabitlər evində işlə. 1994-cü ildən Müdafiə Nazirliyinin Mahnı və Rəqs Ansamblına qəbul oldum. Ayda bir dəfə bir böyük sənətkarı həbçilərlə görüşdürürdüm, görüş keçirirdim, onları hərbi hissələrə aparırdım".

Cümə, 23 Sentyabr 2022 11:20

Aktrisa vəfat edib

 

Aktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü Fərqanə Quliyeva vəfat edib.

Bu barədə “Ədəbiyyat və incəsənət” APA-ya istinadən məlumat verir.

 

Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib.

 

O, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə ("Gözlə məni" (1980-Gülgəz), "Gümüşü furqon" (1982-qarayanız qız), "Qaladan tapılan mücrü"(1982-qaraçı), "Tilsim" (2005-Pakizə), "İki yad adam" (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının ("Silah" (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini ("Qarğa balası və özgə yuvası" (2005), "Ayna (II) (2006), "Siçan və pişik" (2007), "Cəsur təyyarə" (2009), "Ultionis (2011), "Cırtdan və Təpəgöz" (2012), "Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.

Allah rəhmət eləsin!

 

Yeşilçam" aktyoru Sərdar Gökhan "Daşkənd film festivalı"nda aktrisa Nurgül Yeşilçayla aktyor Burak Özçivitin ona qarşı hörmətsizlik etdiyini açıqlayıb.

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə "2 sayfa" verilişinə danışıb:

"12 aktyor idik, səhnədə masalarda əyləşirdik. İçəridən səslər gəlirdi ki, mən gəlmirəm, çıxmıram. Pulsuz addım atmır, alıb ya almayıb bilmirəm. Nurgül barədə heç nə demirəm, kişi dost barədə danışıram. Guya onu qısqanırmışam, qulağımın tükü qədər üstümdə əməyi yoxdur. Qaş çatmaqla aktyor olmurlar, getsin öyrənsin".

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.