Super User

Super User

 

Nəhayət ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qala divarlarında qanunsuz olaraq çəkilən qraffiti izlərini tamamilə silib.

Qoruq idarəsinin yaydığı məlumata görə İçərişəhər və Qala qoruqları Azərbaycan Respublikasının tarixi irsinin bir hissəsidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunmasıdır.

Məlumatda qeyd olunub ki, son bir il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dəfələrlə vandalizm aktları ilə qarşılaşıb. Monitorinq nəticəsində qoruq ərazisində 70-dən “yazı” və qraffiti aşkarlanıb. Bir müddət əvvəl ictimaiyyətə dünya əhəmiyyətli abidə olan Qala divarlarına qarşı vandalizm aktı barədə məlumat verilmişdir. Qala divarını zədələyən şəxslər vaxtında müəyyən edilib və barələrində qanuni tədbirlər görülüb.

Bildirilib ki, Qala divarında vandalizm izlərinin aradan qaldırılması istiqamətində aparılan bərpa işləri ötən həftə başa çatdırılıb. İş beynəlxalq təcrübəyə malik mütəxəssislərin nəzarəti altında yerli heyət tərəfindən həyata keçirilib.

Çərşənbə axşamı, 04 Oktyabr 2022 13:00

“Yuğ” Teatrı yeni mövsümə premyera ilə başlayıb

 

M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” pyesi yəqin yadınızdadır. Bu pyes əsasında hazırlanan tamaşa Azərbaycan Dövlət “Yuğ” Teatrının yeni mövsüm premyerası olub. Söhbət “Şəbədə” tamaşasından gedir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir. 

Tamaşada Xalq artisti Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev, Elgün Həmidov, Vüqar Hacıyev, Amid Qasımov, Ziya Ağa, Elçin Əmirov, Mətanət Abbas, Ləman Mərrih və Günəş Mehdizadə çıxış ediblər. 

Tamaşanın ideyası belədir: “Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz!"

Çərşənbə axşamı, 04 Oktyabr 2022 12:00

Keçə sənətinə yenidən maraq oyadanlar

 

“Hazırda Çanaqqala 18 Mart Universitetinin Təsviri incəsənət fakültəsinin milli türk sənətləri bölməsində baş müəllim kimi çalışıram. İşlədiyim müddətdə orada keçə ustası yanında təhsil aldım və sonra universitetdə həmin sənəti tədris etməyə başladım. Keçə sənəti bizim ortaq irsimiz olsa da, son dövrlərdə bu sənətə maraq azalıb. Çalışıram bu qədim sənəti öz əsərlərim vasitəsilə üzə çıxarım.”

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri rəssam Minarə Quliyeva Cəmşidi “Ortaq mədəniyyət, ortaq miras” adlı fərdi sərgisi zamanı AzərTAC-a açıqlamasında deyib.

“Keçə sənətində iki texnikadan istifadə olunur. Mən döymə üsulu ilə işləyirəm. Rəssam olduğum üçün qədim Göytürk yazılarını, “Dədə Qorqud” və “Koroğlu” dastanlarının motivlərini, həmçinin Novruz bayramı, türk xalqlarında nazik çörəyin hazırlanması və paylaşılması mədəniyyəti kimi tanınan “yufka”, “miniatür sənəti” və UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil olan digər ortaq miraslarımızı keçə üzərində əks etdirməyə çalışıram. Keçə sənəti zəhmət tələb edən bir sənətdir. Təəssüflər olsun ki, Azərbaycanda bu sənət artıq tədris edilmir. Çalışıram müxtəlif sərgilər vasitəsilə bu sahəyə yenidən maraq oyadım”, - deyə Minarə Quliyeva Cəmşidi bildirib.

 

Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihənin  "Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr olunub.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi 1959-cu ildə yaradılıb.

Muzeyin ekspozisiyasında Hacıbəylilər ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar mühüm yer tuturdu.

Ü. Hacıbəylinin anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi surətdə dövlət səviyyəsində qeyd olunurdu. 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi YUNESKO tərəfindən geniş qeyd olunub, dünyanın bir çox ölkəsindən gələn qonaqlar Ü. Hacıbəylinin Şuşadakı ev-muzeyini ziyarət edib, burada böyük yubiley tədbirləri

keçirilib.

Ev-muzeyi 1992-ci ilə kimi fəaliyyət göstərib. Muzeyin eksponatları hazırda Ü. Hacıbəylinin Bakıdakı ev-muzeyinin fondunda saxlanılır.

Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdikdən sonra dahi bəstəkarın Şuşadakı ev-muzeyində bərpa işləri həyata keçirilir. 

Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır

Vüsal Məmmədov yazır

 

 Müharibələr əbədi olmur. Tarix göstərir ki, hətta ən qatı düşmən mövqedə dayanan ölkələr belə hansısa mərhələdə kompromislər axtarışına çıxır və toqquşmaları, ziddiyyətləri geridə qoyurlar. Müasir beynəlxalq münasibətlər sisteminə diqqət yetirsək, görərik ki, çox uzun illər müharibələr aparmış dövlətlər  bu gün hətta tərəfdaşlar kimi çıxış edirlər.

 

Yaponiya-Çin, ABŞ-Yaponiya, Birinci və İkinci Dünya Müharibələrində bir-birilə qanlı savaşlar aparmış Almaniya və Fransa, eləcə də 100 illik müharibənin tərəfləri - İngiltərə və Fransanı bu gün müttəfiqlik münasibətləri bağlayır.

Bəli, ABŞ da öz müstəqlliyini İngiltərədən müharibə ilə qoparıb, ancaq hazırda London Ağ Evin ən yaxın dostudur. Və ya uzaq Roma imperiyası dövrünə qayıtmadan xatırlada bilərik ki, İtaliya II Dünya müharibəsi zamanı Mussolini hakimiyyəti altında Avropanı işğal edirdi. İndi isə İtaliya Aİ-nın əsas dayaqlarından biri kimi Avropanın zəif iqtisadiyyatlı ölkələrinə yardımını əsirgəmir.

Cənubi Qafqaz da zaman-zaman müharibələrə, toqquşmalara şahidlik etsə də bu məkanda xalqların birgəyaşayışına dair çoxsaylı faktar mövcuddur. Bunun praktik olaraq mümkünlüyünü ən yaxın keçmişdə sovet ittifaqının təcrübəsində görmüşük. İttifaqın zəifləməsi ilə Ermənistanda baş qaldıran "miatsum" arzuları təəssüf ki, bölgədə 30 il davam edən münaqişənin meydana gəlməsi ilə nəticələndi. Azərbaycanlıların Ermənistandan, dədə-baba yurdlarından, Qarabağ və Şərqi Zəngəzurdan deportasiyası fəlakətdolu bir qərinənin başlanğıcına çevrildi.

Nəhayət, Azərbaycan Ordusunun 30 il sonra tarixi ədaləti bərqərar etməsi yalnız beynəlxlq hüququn təmin olunması deyil, həm də region üçün qalıcı sülh, birgəyaşayış, əməkdaşlıq və inkişaf zəmini yaradıb.

Prezident İlham Əliyev deyir: "Müharibə başa çatıb və biz artıq kitabın o səhifəsini bağlamalıyıq, gələcəyə baxmalıyıq. Nikbinliyə səbəb olan digər amil odur ki, qonşularımız da bizim fikirlərimizi bölüşürlər.

Çünki postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır".

Azərbaycan xalqının tolerant, multikultural ənənələri burda əsrlər boyunca bütün xalqların namayəndələrinin mehriban yaşayışını təmin edib. Eləcə də ermənilərin.

Prezident İlham Əliyev: "1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa - Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O bir dostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir. Bizim Bakı şəhərində ermənilər yaşayırdı. Yəni bizim heç bir problemimiz yox idi".

Bakıdakı erməni kilsəsini hamımız görmüşük. O, yalnız tarixi abidə deyil, həm də Azərbaycanın xalqının tolerantlığını göstərən nümunələrdən biridir. İşğalçı Ermənistan azərbaycanlıları deportasiya edəndə, qıranda, Qarabağda bütün abidələrimizi yerlə bir edəndə də Azərbaycan xalqı qisasını tarixi abidələrdən almadı. 1863-69-cu illərdə tikilən bu binada bu gün 5000 minədək erməni dilində kitab saxlanılır.

Dərhal xatırladaq ki, ermənilər Qarabağda 67 məsciddən 65-ni tamamilə, ikisini isə qismən dağıdıb, dini abidələrimizi - bunu ifadə etmək hər nə qədər acı olsa da, donuz tövləsinə çevirmişdilər.

***

Hətta Birinci Qarabağ müharibəsindən sonra da Azərbaycanda ermənilərin yaşaması tolerantlığın Azərbaycan modelinin daha bir göstəricisi idi. Çünki Azərbaycanlılar günahsız erməniləri də bu müharibənin, xalqın beynini təhlükəli  ideologiya ilə zəhərləmiş siyasi hakimiyyətin qurbanı kimi qəbul edirdirlər.

***

Mənim böyüdüyüm Birləşmiş Məhəllə (7-8-12-ci kvartal) Sumqayıtın ən köhnə məhəllələrindən biridir. Sovet dövründə ermənilərin şəhərdə ən sıx məskunlaşdığı məhələlərdən idi. Böyüdüyüm binada müharibədən sonra da ermənilər yaşayırdı. Və biz onlara heç bir etnik mənsubiyyət fərqi qoymadan münasibət göstərirdik, onlarla qonşular arasında heç vaxt heç bir münaqişə yaşanmamışdı.

***

Erməni cəmiyyəti türklərin guya onlara qarşı soyqırımlar törətməsi,  nə vaxtsa "Böyük Ermənistan"a sahib olmaları, bölgənin aborigen xalqı kimi uydurma ideologiyanın qurbanıdır. Bu ideologiyanı Ermənistan müstəqillik qazandıqdan sonra da öz siyasi-merkantil maraqları üçün istifadə edən oyunbazlar erməni xalqını və dövlətini sadəcə, iflasa, min bir məhrumiyyətlərə məhkum ediblər.  Azərbayanlılarla barışıq barədə danışan siyasətçilər linç edilib, ən yaxşı halda hakimiyyətdən uzaqlaşdırılıb. Bunun praktik nümunəsi Levon Ter-Petrosyanın təcrübəsində yaşanmışdı. Petrosyan ölkəsinin Dağlıq Qarabağ münaqişəsində əvvəl-axır güzəştlərə getməli olduğun deməsi onun prezidentlik karyerasının sonuna çevrilmişdi. O, sonrakı çıxışlarının birində də təxminən eyni tezisləri bu formada təkrar edirdi: "Nə qədər ki bu məsələ həll olunmayıb, nə qədər ki bizi boğan blokada ləğv olunmayıb, nə qədər ki, qonşularımızla münasibətlərimiz sahmana salınmayıb və ölkəmiz regional və beynəlxalq strukturlara inteqrasiya olunmayıb, Ermənistanın müasir dünya tələblərinə uyğun inkişaf etməyə və guclənmyəyə imkanı olmayacaq... Ermənistanın daha 20, 30, 40 il status-kvonu qoruyub saxlamağa imkanı varmı? Öz iqtisadiyyatını inkişaf etdirməyə, blokadaları və blokadaların doğurduğu maneələri dəf etməyə onun resursları kifayət edərmi? Və, nəhayət, ölkəmiz Azərbaycanla rəqabətə tab gətirə bilərmi?"

***

Aqressiv ritorika ilə prezident kreslosunu ələ keçirən Koçaryan isə müsahibələrindən birində Ermənistan-Azərbaycan münaqişəsi barədə danışarkən "Ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu barədə" Hitlerin yəhudilərə yanaşmada nümayiş etdirdiyi faşist postulatı təkrar edirdi. Üçüncü Prezident Sərkisyan da cəmiyyəti eyni əhvala kökləməkdə idi. Halbuki, Serjik azərbaycanlılarla birgə yaşayışın mümkünlüyünü sələflərindən daha yaxşı bilirdi, ancaq xisləti və siyasi ambisiyaları ona mane olurdu.  

***

Paşinyan komandası da sülh gündəliyini bir kənara qoyub, "Qarabağ Ermənistandır, nöqtə" və "yeni ərazilər uğrunda yeni müharibədən" dəm vurdu. Ancaq hər halda Azərbaycan Ordusunun 44 günlük nida işarəsi ədaləti bərpa etməklə yanaşı qalıcı sülh üçün də tarixi fürsət formalaşdırıb.

Bəli, müharibədən sonra Azərbaycan birgəyaşayış çağırışları edir, sülh və əməkdaşlığın bütün bölgə xalqlarının rifahına xidmət edəcəyinə inanır. Eyni zamanda dünyanın müxtəlif yerlərində Azərbaycan və ermənilərin birgə yaşamaq təcrübəsinin burda da mümkün olacağına əminlik ifadə edir.

Prezident İlham Əliyev xarici jurnalistlərdən biri ilə söhbətində xatırladır: "Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlıların bir yerdə, eyni kənddə yaşadığı kəndlərin olduğunu bilirsiniz? Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar. Onlar dünyanın bir çox digər yerlərində də  bir yerdə yaşayırlar. Dünyadakı vəziyyəti indi müşahidə etsəniz, Qərbdə bəzi ermənipərəst mitinqlərdən başqa ermənilər və azərbaycanlılar arasında vəziyyət sakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin burada yaşaya bilməzlər?"

***

İkinci Qarabağ mühribəsindən öncə xalq diplomatiyası yolu ilə qarşılıqlı etimadın yaradılmasına cəhdlər dəfələrlə olmuşdu. Ancaq işğal faktının davam etməsi fonunda bu, real görünmürdü və təsadüfi deyildi ki, həmin təşəbbüslər heç bir effektiv nəticəyə gətirib çıxarmadı. Ancaq münaqişənin tarixə qovuşmasından sonra qarşılıqlı səfərlər də, etimad tədbirləri də daha ümidverici görünür.

Baxmayaraq ki, erməni cəmiyyətində ağır məğlubiyyətdən sonra yeni reallıqla barışa bilməyən revanşist və aqressiv kəsim hələ ki, mövcuddur.

***

44 günlük müharibə erməni cəmiyyətində sosial-iqtisadi problemlər üzündən yaranmış apatiyanı ciddi şəkildə dərinləşdirdi. Cəmiyyətinin böyük bir kəsimi müharibənin bitməsindən il yarım keçsə də, psixoloji dramdan çıxa bilmir. Vəziyyətə anlaqlı yanaşanları isə cəmiyyətin radikal hissəsi qəfəsə salınmış meymunlar üzərində aparılan məşhur ekspermentdəki kimi neytrallaşdırırlar.

Azərbaycan Qarabağ ermənilərini də öz vətəndaşları kimi qəbul edir. Beləliklə, reinteqrasiyanın başlanması üçün artıq rəsmi siyasi iradə mövcuddur.

Azərbaycan xalqının tolerantlığı özünü bütün mədəniyyətlərə münasibətdə göstərir. Sumqayıtda Alman qəbiristanlığı da bunun daha bir təzahürüdür. 1941-45-ci illərdə əsri düşmüş və sonradan vəfat etmiş almanlar burada dəfn edilmişdi. Və üstündən 80 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu qəbiristanlıqda bir daş da yerindən tərpədilməyib. Və qəbiristanlığı qorunması üçün hansısa xüsusi mühafizə sistemi tətbiq edilməyib. Yəni yerli camaat qəbirləri qoruyub. Bu fakt özlüyündə əslində, bütün dünyaya çox və olduqca çox şey deyir.

 

“Ədəbiyyat və incəsənət”

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasının "INTERACT Film Lab" təlim layihəsinin final təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov, nazirliyin əməkdaşları, eyni zamanda, müstəqil kino təşkilatlarının təmsilçiləri, prodüserlər, o cümlədən tanınmış kino mütəxəssisləri iştirak ediblər. 

Layihə meneceri Mələk Bayramlı layihənin məqsədinin peşəkar mütəxəssislər yetişdirərək ölkənin kino sənayesinin inkişafına təkan vermək olduğunu vurğulayıb. Qeyd edək ki, 150 nəfərdən çox gəncin qatıldığı layihə may ayından start götürüb. Keçirilən mərhələli müsahibələrdən sonra 60 gənc “INTERACT Film Lab” iştirakçısı olmaq imkanını qazanıb.

Layihənin kommunikasiya meneceri Nəzrin Ağarzayeva 6 ay davam edən layihə çərçivəsində xaricdən dəvət olunan kino mütəxəssislərinin yerli tələbələrlə nəzəri və praktiki dərslər apardıqlarını bildirib: "Kino sənayesinin 5 əsas sahəsi - rejissorluq üzrə Natalya Merkulova, ssenari yaradıcılığı üzrə Aleksey Çupov, təsvir rejissorluğu üzrə Yevgeni Rodin, quruluşçu rəssamlıq üzrə Quram Navrozaşvili və prodüser ixtisası üzrə Valeriya Lebid öz bilik və bacarıqlarını seçilmiş iştirakçılarla bölüşüb. Layihə boyunca bir sıra tanınmış xarici və yerli kino mütəxəssisləri dərslərdən əlavə, tələbələrlə bir araya gələrək yaradıcılıq istiqamətində söhbətlər aparıb".

Mərasimdə, həmçinin xarici mütəxəssislər intensiv şəkildə reallaşdırılan dərslər və bu proqramda iştirak edən gənc kadrlar haqqında fikirlərini bölüşüblər. Eyni zamanda, layihənin başladığı tarixdən etibarən iştirakçı və mentor əlaqələrini, onların nəzəri və praktiki dərslər zamanı görüntülərini əks etdirən videoçarx nümayiş olunub. 

Təqdimatın davamında Film Lab iştirakçılarının komanda halında ərsəyə gətirdiyi final yaradıcılıq işləri qonaqlara təqdim olunub. Kino sahəsinin seçilmiş üzvlərindən ibarət münsif heyəti təqdim olunan yaradıcılıq işlərindən seçim edərək, növbəti mərhələ üçün Mədəniyyət Nazirliyinə bununla bağlı məlumat verəcək. 

Qeyd edək ki, təqdimatın sonunda bu proqramı uğurla tamamlamış 32 iştirakçı sertifikatlarla təmin olunub. Sertifikat alanlar arasında AZƏRTAC-ın layihədə iştirak edən əməkdaşı fotomüxbir Mehriban Kərimova da var.

 

Türkiyənin Bursa vilayətinin İznik rayonunda cari ilin 29 sentyabr-3 oktyabr tarixlərində “Ənənələrdən gələcəyə birlikdəyik!” şüarı altında “IV Dünya Köçəri Oyunları” festivalı keçirilib. Festivalda Azərbaycan incəsənət nümayəndələri də uğurla iştirak ediblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Türksoyun dəstəyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Cəngi estrada və folklor ansamblı həmçinin solistlər rəngarəng proqramla ölkəmizin zəngin mədəniyyətini festival iştirakçılarına təqdim ediblər.

Festivalın açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Rəcəb Tayyib Ərdoğan dünya  köçəri oyunlarının əhəmiyyətini xüsusi vurğulayıb və belə festivalların xalqların adət ənənələrinə bağlılığını və tarixini gənc nəsillərə ötürməsində mühüm hadisə olduğunu dilə gətirib. Çıxışın sonunda Rəcəb Tayyib Ərdoğan Dünya Köçəri oyunlarını açıq elan edib. Rəsmi hissədən sonra açılış mərasiminin bədii hissəsi olub. Azarkeşlər və qonaqlar maraqlı musiqi və çıxışlar izləyib. 

Azərbaycandan olan kollektivlər və solistlər bir-birindən dəyərli ifalar təqdim edib.

Qeyd edək ki, 4-cü Dünya Köçəri Oyunları Festivalı oktyabrın 3-də təntənəli mərasimlə yekunlaşıb.

Türksoy tərəfindən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Cəngi estrada və folklor ansamblı təşəkkür diplomu, kollektivlərin baletmeysterləri “Aşıq Veysəl” medalı ilə təltif olunublar.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli bəstəkar Eldar Mansurovun 70 illik yubiley konserti keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor, Xalq artisti Cavanşir Cəfərov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər, Xalq artisti Rüfət Xəlilzadə), Xalq artistləri Mübariz Tağıyev, Flora Kərimova, Cavan Zeynallı, Brilyant Dadaşova, Əməkdar artistlər və digər solistlərin iştirakı ilə bəstəkarın bir-birindən maraqlı musiqi nömrələri izləyicilərə təqdim olunub.

Sonda çıxış edən yubilyar, gecənin təşkilində dəstəyinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib.

Konsertdə dövlət rəsmiləri, qonaqlar iştirak ediblər.

 

Daha ətraflı növbəti buraxılışlarda.

Göy Tüklərin daş kitabələrini nöqtə-nöqtə, sətir-sətir oxuyan Monqolustanın ünlü alimi Napıl Bazılxanla müsahibə “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlının təqdimatında

 

Ötükəndə-- o Müqəddəs məkanda, Göy türklərin təşəkkül tapdığı  Hangay Jotedəki Nomgom obasında  İltəriş Xaqana aid  yeni bir daş kitabənin tapılması xəbərini alanda, dünya gözlərimə göy qurşağı rəngində göründü.

Dünyamın Göy qurşağı rənginə bələnməsi səbəbsiz deyildi. 2016-cı ilin avqust ayının 23-29 tarixlərində, Dr.Darxan Kıdıralının rəhbərliyi ilə Beynəlxalq Türk Akademiyasının arxeoloji ekspedisiyası tərkibində, 6 il bundan əvvəl eyni məkanda o ruhları duymaq, o yerlərin, o yovşanların ətrini sinəmə çəkmək, o daşları tumarlayıb, Tonyukükün, Bilgə Xaqanın, Kül Tekinin daş məktublarını oxumaq, o balbalların izi ilə addımlamaq kimi bir xoşbəxtlik mənə də qismət olmuşdu. Bizi bu kutsal və sakral məkanda Göy qurşağı qarşılamışdı.

 

 

 

O yerləri gəzmək, o yovşan ətirli çöllərdə addımlamaq elə bir xoşbəxtlik, elə bir duyğudur, bu heyranlığı və duyğunu yalnız Müqəddəs Məkana gedib-gələnlər bilər.

Hər birimizin içərisində bir ümüd göyərmişdi. Monqolustandan və Türk dünyasından gələn arxeoloqlar deyirdilər ki, İlteriş Kutluq Xaqanın iqamətgahının olduğu  məkanı tapıblar. Demək bundan sonra, Tanrı ya zəlzələdən, ya vəlvələdən, ya da ki, olub-keçmiş müharibələrdən sonra  yerin altında çöküb qalmış, tarixdən gizlədilmiş çox sirrlərin üstünü açacaqdır.

Türk dünyasının sirlərinə işıq tutan bu kutsal və şərəfli yolu Beynəlxalq Türk Akademiyası (TWESCO) illərdir ki, Monqolustan Elmlər Akademiyası Arxeoloji İnstitutu ilə birlikdə davam etdirməkdən usanmadı. Artıq o Bozkırlardan qulağımıza belə bir səda çatmışdı: “İlteriş Xaqana aid olan bir  külliyyənin və kitabənin izindəyik...”.

Bu ilin avqust ayının 23-də bu xoş xəbər bütün dünyanı silkələdi.Tariximiz təzələnirdi. Daha öncəyə getmək üçün  qapılar açılırdı.

Bu gözəl xəbərin pərdə-pərdə dünyaya yayımından bir neçə gün sonra, sentyabr ayının 12-18 aralığında Astanaya dəvət aldım. Gedib ziyarət etdiyim ən kutsal məkanlardan biri də Beynəlxalq Türk Akademiyasının yeni yerləşdiyi ünvan oldu.  İqamətgahın həyətindən, otaqlarından Ötükən havası gəlirdi. Dostdostu görəndə necə bayram olurmuş. Akademiyanın bütün əməkdaşları bir andaca başıma toplandı.Ən əziz insanlarını,ən doğmalarını gördükləri kimi qarşıladılar... Bilirsiniz niyə? Çünki burada işləyən dostların hər birinin başında, ruhunda bir Ötükən havası var. Biz bir-birimizi bir sözdən, bir naxışdan, bir tamğadan, bir baxışdan anlarıq.

Hər birini bağrıma basıb yeni kəşf münasibəti ilə təbrik etdim. Görüşdüyüm dostlar içərisində  Müqəddəs Məkanlardan ekspedisiyadan qayıtmış Napıl Bazılxan və  Nurbolat Bogenbayev də var idi. Dedim ki, ikinizdən biriniz mənə atalarımızdan danışın. Nurbolat Bogenbayev yolu özündən böyük olan Napıl Bazılxana verdi. Göy Tüklərin daş kitabələrini nöqtə-nöqtə, sətir-sətir oxuyan ünlü alimimiz Napıl Bazılxanla müsahibəmi belə başladım:

- Bilgə Xaqan və Kül Tekin  yazılarını daşlara Yolluq Tekin yazıb.  Kül Təkin kitabəsinin  54-55 sətirində “Ey Türk beyleri ve halkı, bunu işitin! Türk halkı senin dirilip nasıl devlet sahibi olacağını buraya hakkettim; yanılıp nasıl öleceğini de buraya hakkettim. Söyleyecek her ne sözüm var ise bu ebedi taşa hakk ettim. Ona bakarak bu sözleri öğrenin. Ey sadık Türk halkı ve beyleri, bu devirde bana tabii olan byler, sizlermi yanılacak, hata edeceksiniz?”-  kimi bir xəbər var.  Onu sormayacağam ki, harada hansı xətanı etdik, lakin bilmək istəyirəm ki, yeni tapdığınız daş kitabədə nə yazılıb?

 

- Bu  həqiqətən də çox böyük bir tapıntıdır. Bildiyimiz kimi, ilk Göy türk daş kitabəsi Orxon vadisində 1889-cu ildə tapılmışdı. 1893-cü ildə danimarkalı dilçi alim Vilhelm Tomson  bu yazıları oxuyaraq son qərarını verdi. “Yazılar Göy Türk Xaqanlığına aiddir”- dedi. Elə həmin ərəfədə 1897-ci ildə rus türkoloq Vasili Radlof da bu fikri təsdiq etdi. Atalarımızdan qalan kitablar onların köməyi ilə gün işığına çıxdı, oxundu. O vaxtdan 130 il keçəndən sonra  biz Bilgə və Kül Tekin Xaqanların atasının kitabını tapdıq. Demək, o böyük alimlərin kəşfindən də əvvəlki tariximizi tapdıq.

- Napıl bəy, belə deyə bilərikmi ki, hələ Yolluq Tekinə qədər də Göy türklərdən qalan daş kitabələrimiz var?

- Doğru. Yəqin ki, kitabəmizin orta hissəsini tapanda bu sirrin də üstü açılacaq. Bildiyiniz kimi, bizim ekspedisiyamız Kutluq Xaqanın adı yazılmış kitabənin baş və aşağı hissəsini tapmışdır. İlteriş Kutluq Xaqan adına ucaldılan bu külliyə- məbədin ölçüsü 49x415 metrdir. Daş Kitabəni Xaqana aid olan bu külliyədə aşkar etdik. Xaqanın adına ucaldılan Məbəddə insan formasında yazılı daşın baş tərəfi, alt tərəfi aşkar edilib. Yazılı daşın baş tərəfi qövsvaridir. Üzərində lotos (nilufər)  çiçəyinə bənzəyən çiçək həkk olunub. Sağ və sol künclərdə dayanan iki qurdun- canavarın birləşmək cizgilərindən isə gözəl bir qübbə yaranıb. Yəni birləşmək, birlik, güc  rəmzi. 

 

 

Bir də ki, kitabın ayaq hissəsi vardır. Bura bir anıt - yəni memorial kompleksdir. Yəni xaqandan sonra onun adına ucaldılan bir məbəd. Bundan başqa isə, qucağında iki balası olan aslan, qoç heykəlləri və 51 balbal daşı vardır. Birinci balbaldan  beşinci balbala qədər üzərlərində həkk edilən Aşina sülaləsinin dağ keçisi formalı  damğalarıdır. Göy Türk məbədlərində və gəzi yerlərində aşkar etdiyimiz belə balbal daşlar onu deməyə əsas verir ki, bu balbalların sayı ya Xaqanların hakimiyyət illəri, ya qələbələri, ya da ki, yendikləri düşmənlərinin sayıdır. Yazılar isə qədim Brahmi, Türk və Soğd  əlifbasındadır. 

-Napıl bəy,  bildiyim qədəri,  daş kitabədə  hələlik 12 sətir oxunub. Daha nə yazılıb o müqəddəs kitabədə? İstəyirəm ki, həmin daş kitabədə yenicə oxuduğunuz bəzi cümlələri oxucularımızın da diqqətinə çatdıraq.

- Yazılı daşların qədim türkcə mətnində 580-590-cı il yazılıb. Bir də ki, “Kutluq Xaqan türk” , “Tanrı oğlu”  sözü vardır. Sol tərəfində isə soğd dilində “Kutluq Xaqan” yazılıb. Abidə onun 682-692-ci illərdə türk imperatorluğunun ən qüdrətli Xaqanı olduğunu yazır. Bəzi yerlərdə isə cümlənin başı, sonu və ortası vardır. Üç yerə bölünmüş daş kitabənin ölçüləri: hündürlüyü və uzunluğu 70х74,5 см, eni isə 19 sm-dir. Kitabənin üst tərəfindəki yazıları tədqiq edəndə aydın olur ki, burada 19 sətir olub, hələlik əlimizdə olanı 12 sətirdir.

1 Ud yïl: toquzunč: ay: …[……….]

İnek yılı: dokuzuncu ay

2 ……

....

3 …..Teŋri: oγlu: [……….]

..Tanrı oğlu

4 Qutluγ qaγan: Türük [……….]

Kutlug Kagan: Türk

5 Ur oγlum: M[k]ön…..yü…[……….]

Erkek çocuklarım, köz...

6 Biziŋ:öŋlig:..t.. [……….]

Bizim güzel....

7es[?] : Ïtdïm: bizi: yat: er: [……….]

Etdim: Bizi yabancı: erler....

8Yerde: …..tuz…..[……….]

Yerde..

9 Tümen: Tümen: [……….]

On bin: on bin

10 es[?] el[is]ig [?]:küčüg: biz[ber-?]

İşimi gücümü ver...

11 Atadïm: bi tidim [……….]

Tayin ettim (unvan verdim): bi..tidim..

12 es[?] : Qop ešti [……….]

 

- İndi Tanrı bu daşların, kitabələrin sirrini açıb bizim üçün... Kütlüq Xaqan külliyəsində bir sunak daşı da tapmısınız...

- Siz bizimlə ilk ekspedisiyada olanda  Bilgə və Kültekin  kitabələrinin yanında ortası dəlikli sunak daşının görmüşdünüz. Bu bir ayin, ritual daşıdır. Bu daşın ortasından insanın ruhunun Tanrıya uçan yolu gedir. Hələ ki, bunu deyə bilirik. İnsan bədənini tərk edən ruh daşın dəliyindən sivrilib gedir ki, Tanrı dərgahına kutsal çatsın. 

-Napıl  Bazılxan,  hər bir halda  bu böyük kəşfi ortaya çıxaran Beynəlxalq Türk Akademiyasına,  yeni daş kitabəmizi tapıb oxuyan  Siz - Napıl Bazılxana,  Altangerel Enkhtora, Nurbolat Bögenbayevə, Tserenxandin Buyanxişihigə, Gonchigiin Batbolda  tariximizi araşdıranlar adından bir təşəkkür borcumuz vardır.

- Bu əməyimizin belə böyük uğurla alınmasında Beynəlxalq Türk Akademiyasının  prezidenti işləmiş dr.Darxan Kıdırəlinin, vitse prezident dr.Füzuli Məcidlinin, Monqolustandan olan alimlərimizin böyük zəhməti vardır. İndi aşkar etdiyimiz  İlteriş  Kutluq Xaqan kitabəsi deyir ki, türk dünyası mənə baxır. Bu Tanrının işarəsidir, buyruğudur. Ən böyük minnətdarlıq da Monqolustan Elmlər Akademiyasına düşür. 2000-ci ildən bəri dünyanın bir çox elm ocaqları, arxeoloqlar orada ekspedisiya aparmaq istədilər. Monqollar bu şərəfi ancaq bizə --Beynəlxalq Türk Akademiyasına etibar etdi.

-- Bu yeni məbədi tapandan sonra,  bəzi informasiya vasitələri, elm ocaqları üstünüzə gələrək məzar tapdığınızı dedilər. Bəlkə də inanmadılar...

-- Əsla, biz məzar axtarmırıq. Biz iz axtarırıq. Biz tariximizi axtarırıq.  İndi kəşfiyyat apardığımız ərazilərdə 9 anıt məbəd vardır. Biz hələ ki, onlardan ikisinin ilk açarını tapa bilmişik. Bu məbədlərdə xaqanlara aid olan atributlar, onların hakimiyyətindən danışan daşlar, işarətlər, yazılar, tamğalar, bəzək əşyaları vardır. Biz məzar və ya qəbir axtarmırıq. Çünki böyük türk İmperatorlarının, Xaqanlarının məzarının yeri hər zaman gizli olub, itirilib. Bu dövlət sirri, məmləkət sirri kimi qorunub. Soruşa bilərsiniz ki, qazıntılar zamanı heç məzar tapmadıqmı? Məzarlar da tapırıq. İmperator və Xaqanların deyil, alpların, əsgərlərin məzarını. Böyük Türk İmperatorlarıının düşmənləri çox olub. Çinlilər türk imperator məzarının yerini bilsəydilər, o məzarı saxlayardılarmı?  Baxın görün ki, bizim indi min bir əziyyətlə axtarıb tapdığımız daşlar hansı formadadır. Bədəndən ayrılıb başlar, sınıb-dağıdılan məbədlərimiz... Hər yerdə izlərimizi silməyə çalışıblar... Tanrı isə izlərimizin tam silinməməsi üçün onları gizlədib ki, zamanı gələndə tariximizə dəyər verənlər üçün açsın.

 

- Doğru deyirsiniz, Napıl Bazılxan...  30 illik erməni işğalından sonra geri aldığımız doğma yurdlarımızda qalan türk dünyasının bir parçası olan Azərbaycanın məşhur xanlarının məzarının ermənilər tərəfindən necə dağıdıldığını bütün dünyaya göstərdik. Bəlkə də o şəxsiyyətlərimizin, xanlarımızın məzarları da gizlin olsaydı, indi heç olmazsa, başları üzərində dayanıb Tanrıya bir alqış , ibadət edərdik.

-Məzar başqa şeydir, anıt külliyəsi bir başqadır. Anıt külliyəsinə gəlib tapınacaqsan, Tanrıya dualar edib, günahlarının bağışlanmasını istəyəcəksən. Günahların bağışlanacaqsa, sunuk daşından keçən ruhun təzələnəcək. Tarixinizin Göy türklərdən sonrakı dönəmlərində ucalıb görsənən məzarlar “Mən böyük olduğum üçün məzarım böyük olacaq”- iddiası ilə tikildi. Zatən xaqanı Tanrı xaqan edir. Onların adı da, məzarı da, külliyəsi də, məkanı da kutluğdur.

- Napıl bəy, İlteriş Kutluq Xaqanın kitabəsinin tapılması Tanrıdan bir işarətmi?

- Təbii. Kutluq Xaqan kitabəsi tapıldısa, demək İlteriş Kutluq Xaqanın Avrasiyası yenə birləşəcək. Bu Kutluq Xaqanın ikinci diriliş tarixini bəxş edir bziə. Təbii, indi gücümüz gəldi. İndi Türk dünyası daha da böyük olacaq.

-  Söhbətimizin sonunda, dəyərli dostum Napıla belə dedim:

“Napıl siz çox xoşbəxt adamsınız. Çünki siz o daşları tapırsınız, oxuyursunuz. Tanrı sizə sirrləri açır. O daşları görənlərin gözlərindən, o daşlara toxunanların əllərindən öpmək gərək! O müqəddəs məkanlarda gəzən ayaqlarınız nə qədər kutsaldır. Kim ki, o  tariximizi bir böyük əmanət kimi bizə gətirib çıxaran daşlara gedib toxundu,  kim ki, o daşları görüb, duyub gəldi, xəbər gətirdi—onların hər birinə minnətdaram. Sizə yardım edən Monqolustan hökumətinə də, ekspedisiyanın o vaxtkı rəhbəri  Darxan Kıdıralıya da, bu gün  Beynəlxalq Türk Akademiyasının məram və  məqsədini  böyük məharət və bacarıqla davam etdirən, BTA-nın prezident əvəzləyicisi dr.Füzuli Məcidliyə də Tanrı ən gözəl  bəxt-tale, güc-qüvvət,  işıq və yol  versin ki, o daş kitablarımızın sirrlərini dünyaya açıb yaya bilək. Türk elminin qarşısında duran hədəflərə çata bilək! O kitablardan gələn güc və birlik öyüdləri, yazıları xaqan atalarımızın yazıb qoyduğu Göy Türk qanunları  yenə qüdrətli bir dövlət qurulmasına gətirib çıxarsın. Bir olaq, birlik olaq, birgə olaq!!! Güclü olaq!  XXI əsrdə Tanrı Türk dünyasının  Birliyini əbədiləşdirmək, möhkəmləndirmək üçün daşların, külliyələrin sirrinin elə türklər və dostlarımız  tərəfindən yenidən açılmasına izn verdi. Bu məqam, bu mərtəbə kutluğ olsun!

Müsahibəmizin sonunda  Kül Tekin Xaqanın  daş kitabəsində yazılmış 35-ci sətri yenidən xatırlatmaq lap yerinə düşür:

“Ben Tanrı gibi ve Tanrıdan olmuş Türk Bilge Hakan, bu devirde tahta oturdum. Sözlerimi baştan sona işitin. Önce siz erkek kardeşlerim ve oğullarım, birleşik boyum ve halkım, sağdaki şadapıt beyler, soldaki Tarkanlar ve kumandan beyler, Otuz Tatar, Dokuz Oğuz beyleri ve halkı, bu sözlerimi iyice işitin ve sıkıca dinleyin: İleride gün doğusuna, güneyde gün ortasına kadar, geride gün batısına ve kuzeyde gece ortasına kadar, bu sınırlar içindeki bütün halklar hep bana tabiidir. Bunca halkı hep düzene soktum. Onlar şimdi hiç de kötü durumda değiller. Türklerin Hakanı Ötüken dağlarında oturur ve oradan hükmeder ise ülkede hiçbir sıkıntı olmaz.” (Tekin 2017: 35)

PS: P.S: İndi daş kitabələrdən bizə boylanan  o böyük İmperatorluğun Xaqanlıq taxtı nədən uçuldu? Nədən qoruya bilmədik? Görəsən harada xəta etdik?

Etiraf etməliyik ki, Göy Türklərin  hakimiyyətinin belə qalıcı olması, bu günümüzə qədər gəlib çıxmasının səbəbi, onların özlərindən sonra hakimiyyətləri, yaşadığı tarixləri, əraziləri haqqında ilk dəfə  daş kitablara yazıb bizə əmanət qoyduqlarıdır.  Göy Türklərdən əvvəlki dövrdə atalarımız özləri haqqında heç bir yazılı məlumat və ya yazılı sənəd saxlamayıblar. Aşina boyundan olan Bumun Xaqandan sonra taxta çıxan  kiçik qardaşı İstemi  Bahadur Yaqbu Xaqan hakimiyyəti dövründə  (552-576) dövlət qərbi Roma və  İran imperatorluqları ilə siyasi və iqtisadi  münasibətlərə girmişdi. Hətta Böyük İpək Yolunu da öz nəzarətinə götürmüşdü. Lakin verdikləri sözə və yazdıqları əqdə xəyanət edən Roma və İran dövlətinin sahibləri sözlərini tutmadıqları üçün, döyüşdə məğlub olaraq ərazilərini itirdilər. Beləcə türklər 610-cu ilə qədər öz ərazilərini və torpaqlarını böyütməyə nail oldular.  Birliklərini qorudular.  Türk dövlətinin Şərqdən Qərbə --Günçıxandan Günbatana qədər ərazilərə hakim olan xaqanları həmin illər ərzində bir-birləri ilə isti münasibətlər qurmadı. Dövlət içərisində ikihakimiyyətlilik yarandı. Bundan istifadə edən çinlilər 630-cu ildə Göy Türklərə qalib gələrək,  Şərqdəki  Qara Xaqanı -  alpları, şadları ilə birlikdə əsir götürüb Ötükəndən ayıraraq Çinə göndərdilər. 659-cu ildə isə Qərb xaqanlığını süquta yendirdilər.

Göy Türklərin bəxti bir də 681-ci ildə İlteriş Kutluq Xaqan taxta oturanda güldü.  Bildiyiniz kimi,  İlteriş  Kutluq Xaqan   681- 693 illərində  xaqanlıq etmişdir. Onun ən yaxın silahdaşı və dövlət tənzimləyicisi – yəni dövlətin  sərkərdəsi və indiki rütbə ilə desək Xarici İşlər naziri Bilgə Tonyükük idi. Bu iki qüdrətli adam onların hakimiyyətinə qarşı üsyan edən Doqquz Oğuzları, Kırgız, Kurıkan, Otuz Tatar, Kitay və Tatabıları yenib, itaətə aldılar.  Çinliləri yendilər. Göy Türkləri zəngin etdilər. Özü də ki, bu dövrdə Göy Türklərin sayı hələ az idi. Kutluq Xaqan öldüyü zaman oğulları Bilgə və Kül Tekin səkkiz və yeddi yaşında idilər.  Ona görə də Kutluq Xaqanın yerinə qardaşı Kapağan Xaqan keçdi. Kapağan Xaqan da öz hakimiyyəti dövründə bir çox zəfərlərə imza atdı.  Qərbdə yaşayan türkləri də öz hakimiyyəti altına ala bildi. Yenə üzərinə hücum edən çinlilərin də üzərində qələbə qazandı. Lakin hakimiyyəti dövründə bir çox ciddi səhvlər buraxdı. Çinlilərin içərisindən hakimiyyətə gətirdiyi saray adamları tərəfindən bir çox qanunsuzluqlar baş verdi. Xalq üsyana qalxdı. Və bir sui-qəsd nəticəsində 716-cı ildə o öldürüldü.  Kapağan Xaqanın ölümündən sonra taxta Bilgə Xaqan keçdi...

İlk daş kitab məktubu Tonyükükün hökmü ilə yazılmışdısa, sonrakı kitabələr Bilgə Xaqan tərəfindən yazıldı. Belə də deyirlər ki, bu məktubları tərtib edən Göyütrklərin 5-ci xaqanı Yolluq Xaqan olubdur.

 

 

 

 

“Ədəbiyyat və incəsənət” bu gün imzalanmış Sərəncamın mətnini təqdim edir:

 

2022-ci ilin dekabr ayında Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.

Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyillərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparmışdır. Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ömər Faiq Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil etmişdir.

Dövrün vətənpərvər ruhlu bir çox şəxsiyyətləri kimi Ömər Faiq Nemanzadə də totalitar sovet rejiminin 1930-cu illər repressiyasının qurbanlarından olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan milli mətbuatının inkişafına dəyərli töhfələr vermiş görkəmli maarifçi-ziyalı Ömər Faiq Nemanzadənin anadan olmasının 150-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 oktyabr 2022-ci il

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.