UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatı - “Gilavar” Foto Klubudur

Foto Klub “Foto Kadr 2022” müsabiqəsinin qaliblərini mükafatlandırıb

 

Fotoqrafiya incəsənətin ən zərif və zövqlü sahələrindəndir, özünə daim diqqət tələb edir. Bu sahədə uğurla fəaliyyət göstərən subyektlərdən biri də “Gilavar” Foto Klubudur. Foto Klubun yaranmasının 5 illiyi münasibətilə “Foto Kadr 2022” müsabiqəsi keçirilibdir və ötən gün Bakı Gənclər Mərkəzində müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Mükafatlandırılma mərasimində rəsmi şəxslər, fotoqraflar, mətbuat katibləri və KİV nümayəndələri iştirak ediblər. 

Klubun İdarə Heyətinin sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev hesabat xarakterli məruzə ilə çıxış edib. O bildirib ki, Foto Klub 5 il ərzində bir çox layihələrə uğurla imza atıb. Bu müddət ərzində klub tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının, Amerika Fotoqrafiya Cəmiyyətinin, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazələri ilə 11 beynəlxalq fotomüsabiqə keçirilib. Bundan əlavə 4 yerli fotomüsabiqə də təşkil olunub. Klubun təşkil etdiyi beynəlxalq fotomüsabiqələrə dünyanın 80-ə yaxın ölkəsindən ümumilikdə 4000-dən artıq fotoqraf qatılıb. 

R.Mehdiyev qeyd edib ki, klub tərəfindən ilk dəfə olaraq fotojurnalistik sahəsi üzrə “Azərbaycan Press Foto” - “İlin Press Fotosu” adlı müsabiqəyə start verilib. 

Gilavar Foto Klubunun təsisçisi və İdarə Heyətinin sədr müavini Dilavər Nəcəfov klubun yaradılması və məqsədləri barədə məlumat verib. O, əsas məqsədlərinin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, bu sahəyə marağı daha da artırmaq, fotoqrafların beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək olduğunu bildirib.

Qonaqların nəzərinə çatdırılıb ki, “Gilavar” Foto Klubu 2017-ci ildən Beynəlxalq Foto Sənətinin üzvü və 2020-ci ildən isə bu təşkilatın Azərbaycan üzrə təmsilçisidir. Adıçəkilən qurum dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. 

Sonra “Gilavar” Foto Klubu tərəfindən təşkil edilən beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların, eləcə də “Azərbaycan Press Foto” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub. Tədbirdə beynəlxalq fotomüsabiqələrdə mükafat qazanan fotolardan ibarət sərgi də nümayiş olunub və böyük maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

 

(25.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.