Super User

Super User

 

Azərbaycanın Polşadakı səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Polşa Kinematoqrafçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Varşava şəhərində Azərbaycan filmləri həftəsi keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Azərbaycan kinematoqrafiyası ilə tanış olmaq üçün unikal şans olan film həftəsi oktyabrın 1-nə kimi Varşavanın “Kultura” kinoteatrında davam edəcək və hər bir film polyak və ingilis dillərində subtitrlərlə tamaşaçılara təqdim olunacaq.

Qonaqlar tərəfindən maraqla qarşılanan Azərbaycan kino həftəsinin açılışında Polşada fəaliyyət göstərən diplomatik missiyaların rəhbər və əməkdaşları, ölkədəki dini konfessiyaların təmsilçiləri, millət vəkilləri mədəniyyət və incəsənət xadimləri, işgüzar dairələrin nümayəndələri, Azərbaycan vətəndaşları və soydaşlarımız iştirak ediblər.

Polşa Kinematoqrafçılar Assosiasiyasının vitse-prezidenti Kinqa Dembska açılış mərasimində çıxış edərək kino həftəsinin əhəmiyyətindən söz açmış və polyak kinosevərlərə tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış filmlərin təqdim olunacağını bildirib. 

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan kinosunun tarixindən danışaraq ölkəmizin mədəni həyatında onun özünəməxsus rolunu qeyd edib. Səfir bildirib ki, Fransadan olan Lümyer qardaşları 1895-ci ildə kinofilmlər çəkmək üçün yeni aparat icad edib patentləşdirdikdən cəmi üç il sonra 1898-ci ildə fransız sahibkar, fotoqraf və operator Aleksandr Mişon Azərbaycanda film çəkməyə başlayıb. Onun ilk filmi 1898-ci il avqustun 2-də çəkildiyi üçün hər il avqustun 2-si Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Əlavə olunub ki, 1916-cı ildə Pirone qardaşları Azərbaycanda kinematoqrafiyanı istehsalat sənayesinə çevirəndə Azərbaycan kino sənayesi, xüsusilə “Arşın mal alan” kinokomediyası ilə daha da inkişaf etmişdi. Azərbaycan filmləri təkcə yerli auditoriya üçün deyil, həm də xarici kinosevərlər tərəfindən rəğbətlə qarşılanırdı. 1935-ci ildə rejissorlar Boris Barnet və Səməd Mərdanov ölkədə ilk səsli film olan “Mavi dənizin sahilində” filmini çəkiblər. Daha sonra bu film dünya kinosunun 100 illiyi ilə bağlı ən nüfuzlu kino tənqidçiləri arasında keçirilən sorğuya əsasən dünya kinosunun ən yaxşı filmləri siyahısına daxil edilib. Səfir çıxışında Azərbaycan kinosunun ən uğurlu filmlərindən söhbət açaraq milli kino sənətinin inkişafı üçün həyata keçirilən mühüm işləri diqqətə çatdırıb.

Daha sonra Mazovietski əyalətinin rəhbəri Adam Strujikin adından təbrik məktubu oxunub. Varşava Baş Yeparxiyasının köməkçi yepiskopu Mixal Yanoxa isə öz çıxışında Azərbaycanda olan multikulturalizm mühiti və ölkəmizin kino tarixi haqqında öz təəssüratlarını bölüşüb.

Tədbirin sonunda rejissor Fariz Əhmədov və filmin ərsəyə gəlməsində birlikdə çalışdığı polşalı operator Mateuş Çuxnovski çıxış ediblər. Qeyd edək ki, Azərbaycan kino həftəsinin açılışında istedadlı azərbaycanlı rejissor Fariz Əhmədovun “Sonuncu” adlı sənədli filmi nümayiş olunub. Bu film rejissor Fariz Əhmədov və polşalı operator Mateuş Çuxnovskinin uğurlu yaradıcılıq tandemi hesab olunur. 

Azərbaycan kino həftəsinin növbəti günlərində polyak kinosevərləri “Biz”, “Daxildəki ada”, “Miras” və digər filmlərlə tanış ola biləcəklər.

Bu il ədəbiyyat üzrə Nobel mükafatının laureatı oktyabr ayının 6-da açıqlanacaq.

 

Artıq əsas namizəd bəllidir. Bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi fransız yazıçı Mişel Uelbek ola bilər.

“Ədəbiyyat və incəsənət” portalı RİA Novostiyə istinadən xəbər verir ki, Uelbek ən yüksək əmsalla bukmekerlərin rəyində birincidir.

İkinci yerdə  hind əsilli ingilis yazıçısı Salman Rüşdi qərarlaşıb, təzəlikcə sui-qəsdə məruz qalmış bu şəxs İslam dininin qatı düşməni hesab edilir və onun Nobel alması bu mükafatı islam dünyasının boykot etməsi ilə sonuclana bilər. 

Digər yerləri Amerika yazıçısı Stiven Kinq və keniyalı Nquqi va Thionqo bölüşürlər. 

Qeyd edək ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatının qalibi tanzaniyalı yazıçı Əbdülrəzzaq Qurna olub.

 

IV Dünya Köçəri Oyunlarında ölkəmiz geniş tərkibdə təmsil olunacaq. Bu tədbirdə Azərbaycanı “Cəngi” ansamblı təmsil edəcək. 

 

Mötəbər yarışa 3000 idmançı, 1500 rəqqas, 200 nəfər xor və 200 nəfər orkestr qatılacaq. 

Sentyabrın 30-da “Cəngi” rəqs ansamblının baş tutacağı solo konsertində "Qaytağı", “Dağlı”, “Naxçıvanı” və başqa rəqs nümunələri təqdim olunacaq. 

Qeyd edək ki, 2014-cü ildən keçirilən Dünya Köçəri Oyunlarının təntənəli açılış və bağlanış mərasimində bu dəfə “Cəngi” estrada folklor ansamblı iştirak edəcək. 

Açılış mərasimində “Qəhrəmanlar”, “Ağacın kökü”, “Xorum”, “Cəngi” və “Yurd” rəqsləri nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı cəlilabadlı şair Əlizadə Nurinin “Mən də sevinc alacaqdım…” şeirini “Poetik qiraət rubrikasında təqdim edir.

 

Yüz yerə böldünüz məni-

Nə qaldı qalıq yerinə?

İlahi, kimdən yapışım

Tutum yaxalıq yerinə?..

 

O sevirsə- hələ sağdı,

Bəxtim qara, üzüm ağdı.

Mən də sevinc alacaqdım,

Düşdüm bahalıq yerinə.

 

Söz atdım o qarğalara,

İş düşəcək darğalara…

Tor atdılar dalğalara

Tutdular balıq yerinə.

 

Nə ev tikdim, nə dam gördüm,

Yaxına da yadam, gördüm.

Yüz ildə bir adam gördüm-

And içdim xalıq yerinə…

 

Yuxu bədən sistemlərini yavaşladaraq və rahatladaraq oyandığınızda özünüzü fiziki olaraq daha güclü hiss etməyinizi təmin edir. Müntəzəm və keyfiyyətli yuxu insana güc, enerji verir.

 

Az yatmaq isə... Əgər 7 saatdan az yatırsınızsa, bu məlumatları mütləq oxuyun.

Az yatmaq insanı həm fiziki, həm də ruhsal olaraq zəiflədir. İnsan özünü daima stresli hiss edir. Əgər qan şəkəriniz qaydasında deyilsə və narahatsınızsa, bunun səbəbi az yatmaq ola bilər.

 

7 saatdan az yatmaq bu riskləri artırır

 

İflic

Diabet

Depressiya 

Kökəlmək

İnfarkt

Yaddaşsızlıq

 

Təzyiq

 

Keyfiyyətli yuxu həm də eyni vaxtda yatıb, eyni vaxtda oyanmaqdır. Bədənin izlədiyi daxili bir saat var, bir gecə gec, bir gecə tez yatmaq bu ritmi poza bilər. Ona görə də çalışın yatmaq və oyanmaq üçün bir proqram yaradın. Bu, daha tez yuxuya getməyə və rahat oyanmağa kömək edəcək.

Keyfiyyətli yuxu üçün bunları bilməlisiniz

Komfort, İşıq səviyyəsi (qara pərdə istifadə edin)

Otaq temperaturu (otağın havası 15.6-19.4 dərəcə arasında olmalıdır)

Keyfiyyətli yastıq

Oyandıqdan sonra 5-15 dəqiqə günəş işığı qəbul edin. Günəş vücudunuza günün başlanğıcı olduğunu hiss etdirəcək və daxili bir gerisayım başladacaq. Bu, yuxu düzəninizi təmin edəcək və gecələr yuxuya getməyi tezləşdirəcək.

 

Kofe içdiyiniz saatlara diqqət edin

 

Nəzərə alın ki, kofein yuxunu qaçırdır. Kofeinin orqanizmdən çıxması 10 saat çəkir. Əgər gecə saat 12-də yatacaqsınızsa, 14:00-dan sonra kofe içməyin.

 

Gec saatlarda idman etməyin

 

Bədən yuxuya bu şəkildə hazırlanır: Ürək döyüntüsü yavaşlayır, beyin dalğaları yavaşlayır, vücud istiliyi düşür. İdman etmək isə ürək döyüntüsünü artırır, beyini aktivləşdirir, bədənin istiliyini artırır.

 

Mavi işıq

 

Yatmazdan əvvəl mavi işıqdan qorunun (telefon, kompüter, süni işıqlar). Mavi işıq beyinə gündüz olduğunu düşündürür və yuxu hormonunu (melatonin) üstələyər.

 

Düşüncələri kənara qoyun

 

Gecə yatmağa çalışarkən düşünməyin. Beyinin analitik fəaliyyəti açıq suallar yaradır. Beyin isə həll edilməmiş problemləri sevmir. Bu üzdən həll yolu tapmağa çalışan beyin sizə yatmağa icazə verməyəcək.

 

 

 

 

Zərif cinsin nümayəndələrinin mövcud cəmiyyətlərdəki rolunu ön plana çəkmək, öz bacarıqları ilə müəyyən səviyyə gəlmiş qadınları qlobal səviyyədə tanıtmaq üçün hər il dünyada müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu il ölkəmizdə təşkil olunan “Global Woman Awards”ın mükafatlandırma mərasimi də bu cür beynəlxalq tədbirlərdən biridir. 

“Millionaire Concept Network” və “Reputation” tərəfindən və “Business Woman” jurnalının rəsmi tərəfdaşlığı “Lujo Hotel Bodrum” və “Baku Holiday Travel”in baş sponsorluğu ilə təşkil olunan gecədə ölkəmizlə yanaşı, Ukrayna, Türkiyə, Rusiya, Qazaxıstan, Braziliya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər ölkələrdən olan uğurlu fəaliyyətləri ilə seçilən, ölkənin ictimai-siyasi, mədəni və iş həyatında böyük nüfuza sahib olan xanımlar iştirak ediblər.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Global Woman Awards" layihəsinin əsas məqsədi uğurlu qadınları ictimaiyyətə daha yaxından tanıtmaq, onların işlərini təqdir etməklə digərlərinə ilham vermək, sosial həyata daha böyük işlərə imza atmalarına təkan verməkdir. 

“Four Season Hotel”də baş tutan beynəlxalq tədbirdə natiqlər arasında “Estetik İnternational” klinikasinin təsisçisi və rəhbəri, türkiyəli tanınmış estetik cərrah Bülent Cihantimur, “Baku Holiday Travel” şirkətinin rəhbəri Ramil Rzayev və “Liv Hospital” qlobal qrup koordinatoru Meri İstiroti yer alıb.

Gecədə dünyanın bir çox ölkəsindən uğurlu iş xanımları və məşhur simalar iştirak edirdi. Onlar arasında Zehra Oney, Jvana Karim, Noura Akremi, Debbagh, Aziza Tokaşova, Meri İstiroti, ölkəmizdən isə Esmira Həsənova, Leyla İsmayılzadə, Elnarə Nahmədova, Sevinc Gülmalıyeva, Nigar Abbasbəyli, Elnarə de Birbuet, Turan Zülfiqarova, Nigar Rüstəmli, Kamilla Verdiyeva, Leyla İsmayilova, Madonna Alixanova, rəssam Günay Zebiç, moda dizaynerləri Gülnarə Xəlilova və Günel Behbudova, şairə Zəhra Bədəlbəyli, gimnast Zöhrə Ağamirova, psixoloq Təranə Paşayeva, vəkil Sima Yaqubova, tibb sektorundan Rəna Soltanova, Fidan Mustafayeva, Aida Mirzayeva, Şahnaz Quliyeva, Şahnaz Əhədova, Könül Ağamirova, Günel Adıgözəlova, Elnara Tuncay, müğənni Samirə Əfəndi və digərləri yer alıb.

Növbəti tədbirə 2023-cü ilin mart ayında paytaxtımız yenidən ev sahibliyi edəcək.

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müasir İncəsənət Muzeyində UNESCO nəzdində Beynəlxalq İncəsənət Assosiasiyası, Beynəlxalq Plastik Sənətlər Assosiasiyası və İstanbulda Bakırköy Rəssamlar Dərnəyinin üzvü, azərbaycanlı rəssam Lətafət Məmmədovanın "Rənglərin sirri" adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

İlk olaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qonaqları salamlayıb. Qeyd edib ki, Lətafət Məmmədova xaricdə Azərbaycan incəsənətini layiqincə təmsil edən rəssamlardan biridir. 1954-cü ildə tanınmış Azərbaycan rəssamı, Əməkdar mədəniyyət işçisi Hafiz Məmmədovun ailəsində anadan olan Lətafət Məmmədova Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) müvəffəqiyyətlə bitirib. O, 1978-1980-ci illərdə Baltikyanı ölkələrin bir sıra şəhərlərində keçirilən simpoziumlarda iştirak edib və mükafatlara layiq görülüb. Lətafət xanımın ilk fərdi sərgisi 1999-cu ildə Bakı şəhərində keçirilib.

Nazir müavini bildirib ki, Lətafət Məmmədova 2001-ci ildə Türkiyəyə dəvət olunub və İstanbulun müxtəlif bədii sənət ocaqlarında dərs deyib. Rəssam 2005-ci ildə İstanbulun Yaşılköy səmtində öz sənət emalatxanasını yaradıb. 2018-ci ildə Türkiyənin "Şərəf" mükafatına layiq görülüb.

Sevda Məmmədəliyeva çıxışının sonunda yeni fərdi sərgisi münasibətilə Lətafət Məmmədovaya təbriklərini çatdırıb. Deyib ki, Azərbaycan rəssamlıq sənətinə verdiyi töhfələrə görə fırça ustası Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. Nazir müavini fəxri fərmanı rəssama təqdim edib. 

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov söylədi ki, atası Hafiz Məmmədov ona bir müəllim kimi rəssamlığın bütün sirlərini öyrədib: "Bu səbəbdən Lətafət Məmmədovanın sənətdə ən böyük müəllimi atasıdır. İndinin özündə belə emalatxanasında çalışarkən atasının ona öyrətdiyi texnikalardan istifadə edərək çox gözəl əsərlər ərsəyə gətirir".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vurğuladı ki, dünyada bir milləti və ölkəni ən gözəl təbliğ edən mədəniyyətdir: "Lətafət Məmmədovanın bu sənətdə bir qadın olaraq uğura imza atmağı bizi ikiqat sevindirir. Çünki dünyada və ölkəmizdə daha çox kişi imzalı rəssamlar tanınıb. Ona görə də bir qadın rəssam olaraq ölkəmizi dünyada yüksək səviyyədə təmsil etmək təqdirəlayiqdir".

Lətafət Məmmədovanın Türkiyədəki fəaliyyətinə toxunan Qənirə Paşayeva dedi ki, müstəqilliyimizin ilk illərində sərhədlər açılanda qardaş ölkədən dəvət olunanlar və oraya gedənlər mədəniyyət xadimləri idi. Bizim malik olduğumuz yüksək mədəniyyətin Türkiyədə təbliğ olunmasında bu insanların böyük rolu var. Həmin insanlardan biri də Lətafət Məmmədovadır.

Daha sonra Lətafət Məmmədova çıxış edərək sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürü bildirdi.

 

Sonda qonaqlar sərgi ilə tanış oldular.

 

Qeyd edək ki, yaradıcılığında əsasən lirik kompozisiyaların, qadın obrazlarının və təbiət təsvirlərinin üstünlük təşkil etdiyi rəssamın əsərləri Rusiyanın, Avropa ölkələrinin və ABŞ-ın muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır.

 

Oktyabrın 5-dək davam edəcək sərgidə Lətafət Məmmədovanın müxtəlif janrlarda 70-dən çox əsəri, həmçinin şəxsi kolleksiyasında saxladığı atası Hafiz Məmmədovun bir neçə əsəri nümayiş olunur.

 

Xəbər verdiyimiz kimi, 2022-ci il sentyabrın 28-də Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı ("Mondiacult 2022") öz işinə başlayıb. 

 

Tədbirə 115 ölkədən yüksək səviyyəli olmaqla, ümumilikdə 160 ölkədən nümayəndə heyəti qatılıb. Üç gün ərzində davam edəcək konfrans çərçivəsində iştirakçılar "İrs və Mədəni müxtəliflik böhran dövründə", "Yenilənmiş və gücləndirilmiş mədəniyyət siyasəti", "Mədəniyyət dayanıqlı inkişaf üçün", "Yaradıcı iqtisadiyyatın gələcəyi" mövzularında müzakirələr aparacaq. 

Ölkəmizi bu tədbirdə nazir Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nazir Anar Kərimovun "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusunda çıxışı, habelə bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Portalımız Mədəniyyət Nazirliyinə istinadən xəbər veeir ki, Konfrans çərçivəsində nazir Anar Kərimovun Macarıstanın Mədəniyyət məsələləri üzrə dövlət katibi Piter Hoppalla görüşü keçirilib. Görüşdə iki ölkə arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Həmçinin, qeyd olunan sahədə əməkdaşlığı tənzimləyən müqavilə bazasının daha da möhkəmləndirilməsinin zəruriliyinə istinad edilib. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edildiyi və növbəti il "Avropanın mədəniyyət paytaxtı" olacaq Macarıstanın Vesprem şəhəri ilə Şuşa arasında birgə mədəni layihələrin həyata keçirilə biləcəyi qeyd olunub. Görüşdə eyni zamanda Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsindəki təşəbbüs və tədbirlərinə Macarıstanın dəstəyi və iştirakının vacibliyinə diqqət çəkilib, UNESCO çərçivəsində fəaliyyətlərdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Bakı İdman Sarayında davam edən 4-cü Milli Kitab Sərgisində bu gün – sentyabrın 29-da, saat 12-də yazıçı Əkrəm Əylisli ilə görüş keçirildi. Görüşə oxucularla yanaşı şair və yazıçılar da qatılmışdı.

 

“Daş yuxular” romanı ilə bütün nüfuzu və titulları əlindən alınmış yazıçı ilə görüşmək həqiqətən də görüşə qatılanlar üçün maraqlı idi. Əkrəm Əylisli bir qədər özü danışdı, sonra sualları cavablandırdı. Qələm əhlindən – Rasim Qaracadan, Əlibala Məhərrəmzadədən, Mübariz Örəndən, Şərif Ağayardan,  tədbirin təşkilatçısı Şahbaz Xuduoğlundan suallar gəldi. Əkrəm Əylisli təmkinlə bu sullara cavab verdi. Biz də cavablardan seçdiyimiz bəzi cümlələri ilə yazıçının bugünkü ovqatını və düşündüklərini oxucularımıza çatdırmaq qərarına gəldik.

 

80 yaşdan sonra bir qədər tələskənlik duyur, yalnız məzar görürsən.

 

Təskinliyimiz yazılarımızdır.

 

Mən özümdən əsla razı deyiləm.

 

Heç vaxt ürəyimə xəyanət etməmişəm.

 

Müdhiş bir zamana düşmüşük, mənəviyyat çox ucuzlaşıb.

 

İnsan heç vaxt bu qədər ucuz olmayıb.

 

Allah qaçdı bizdən, allahsız olduq.

 

Hardansa güc tapmışam və bütün bu zillətlərə dözmüşəm.

 

Nobel mükafatını Orxan Pamuka verdilər, anladım ki, hər bir ortabab yazara onu vermək olar.

 

Nobel əvvəlki Nobel deyil.

 

Mən Azərbaycanda yeganə yazıçıyam ki, Nobelə namizədliyim verilib.

 

Niyə yazıçı oldum? Orta məktəbdə bir qızı sevirdim. Düşündüm ki, necə edim ki, hamıdan fərqlənim, qız da məni sevsin. Ağaca dırmaşdım, xeyri olmadı,  hündürlüklərdən aşağı hoppandım, xeyri olmadı. Onda dedim, bəlkə yazım, fərqlənim, beləcə şeir yazmağa başladım.

 

Mən ədəbiyyata “Kirpi” jurnalında şeirlərimin dərci ilə başlamışam.

 

Mənim uşaqlıqla bağlı detalı, fraqmanı olmayan bircə əsərim də yoxdur.

 

Yeni nəsil yazarları, elə bil, qəsdən çalışırlar ki, qəliz yazsınlar. Bilmirlər ki, dahilik sadəlikdir.

 

Ədəbiyyat informasiyadır. İnsan informasiyanı internetdən deyil, özündən gətirməlidir.

 

Cümlə ağlına gəldi, dərhal yazmaq olmaz, onu işləmək lazımdır. Roman ayrıca cümlə-cümlə işləməklə ərsəyə gəlir.

 

Niyə müsahibə vermirəm? Gərək adamı dindirələr ki, o da dinə. Desəm öldürərlər, deməsəm ölləm.

 

Yazıçı insanın var olduğu yerdən çıxır.

 

“Azərbaycan” jurnalında işləyəndə elə nikbim idim, içəri hər bir yeni yazar əsər gətirib gələndə ümidlənirdim, elə bilirdim, bir Sabir, bir Mirzə Cəlil içəri girir.

 

“Ədəbiyyat və incəsənət”

 

 

 

 

 

Şənbə, 10 Sentyabr 2022 14:55

Hadise

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.