Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Nofəl Vəliyevin 50 illik yubileyi Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesinin tamaşası ilə qeyd edilib.
AzərTAC xəbər verir ki, tamaşadan əvvəl çıxış edənlər Nofəl Vəliyevin rol aldığı səhnə əsərləri, ifa etdiyi obrazlar haqqında fikirlərini bölüşüb, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Çıxışlardan sonra yubilyara Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təbrik məktubu və fəxri fərmanı, Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı və teatrın diplomu təqdim edilib. Yubilyar göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib.
Daha sonra tamaşa nümayiş etdirilib. Fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulan tamaşa böyük dramaturqun toxunduğu problemləri fərqli yöndən göstərir.
Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşanın səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssamı Telman Şıxıyev, bəstəkarı Firudin Allahverdidir.
Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Nofəl Vəliyev, Şövqi Hüseynov, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Kərəm Hadızadə, Elşən Hacıbabayev, Ramil Məmmədov, Aygün Fətullayeva, Anar Seyfullayev, Elgün Yəhyayev, İmran Qurbanov və başqaları rol alıblar.
“Ədəbiyyat və incəsənət”
(24.01.2023)