Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

16-cı dərc

 

Araya bir sükut çökdü.

Mən uşaqlardan eşitdiklərimi təhlil edərək aldığım bu informasiya sayəsində artıq yeni, çox güman ki, son fazasına daxil olan araşdırmamda növbəti gedişlərimi fikirləşərkən, uşaqlar susub daha hansı sualları verəcəyimi gözləyirdilər.

-Daha iki sualım olacaq. Deyin görüm, uzun müddətdir ki, məşğələyə gəlirsiniz. Heç bu müddətdə Tahir müəllimin yanına kiminsə gəldiyini görmüsünüzmü, qohum ya qonşu? Bu birinci sual. İkinci sualımsa belədir. Fasilə vaxtı söhbət edərkən bir- birinizi adınızla çağırırdınızmı?

-Heç vaxt heç kimi görməmişik. Adımızısa hə, çəkmişik, dəqiq yadımdadır, -Tərlan hər ikisinin yerinə cavab verdi.

Hər iki uşağın əlini sıxıb təşəkkürümü bildirdim.

-Niyə təşəkkür edirsiniz, Bəxtiyar müəllim, biz neylədik ki? -Ləman dedi.

-Sonra bilərsiniz, uşaqlar, indi isə haydı dərsə davam. Yoxsa idman müəllimi hirslənib sizi də, məni də döyər. Baxın necə əzələləri var.

Uşaqlar gülüşdülər.

Uşaqlarla evdə sağollaşıb iş otağına keçən Tahir müəllimin həyətə çıxmamasını onun dediklərindən dəqiqləşdirmişdim.

Yaxşı, bəs Babaxanın qoyduğu dolabı aparması barədə ən azı qardaşını məlumatlandırması lazım deyildimi? Bəlkə tələsirmiş və ya onun özünün səsə çıxacağını düşünərək deməmişdi, Tahir müəllim həmin vaxt arxa otaqda olduğundan həyətdəki səsləri eşitməmiş, Babaxan isə sonradan zəng vuraraq və ya növbəti gəlişində deyəcəyini düşünərək getmişdir. Bu mümkündür.

Bəs əksinə imişsə, Babaxan dolabı apardığını qardaşının görməsini istəməyibsə?

Yenə də suallar, suallar… Tələsməliydim.

Tahir müəllmdən götürdüyüm əlaqə nömrəsini yığdım.

-Salam, Tahir müəllim. Sizi Bəxtiyar Nəzərli narahat edir.

-Salam Bəxtiyar müəllim. Yəqin nəsə bir xəbər var ki, yığmısınız. Ümidvaram ki, yaxşı xəbərdir.

-İnşallah olacaq. İndi isə bir şeyi sizinlə dəqiqləşdirmək istəyirdim. Uşaqlarla son söhbətim zamanı həyətinizdə paltar dolabı olduğunu, sonradan isə dolabı kiminsə apardığını dedilər.

Tahir müəllimə son məlumatı Zabitədən aldığımı deməyim vacib deyildi. Çətin ki, o özü də dolab aparılandan sonra uşaqların məşğələyə gəlmədiklərinin fərqinə varaydı.

-Dolabı ora qardaşım qoyub. Bir tanışının evi söküntüyə düşüb. Əşyalarını dəyər-dəyməzinə satırmış, Babaxan da bu dolabı alıb. Tanışının evi yaxın olduğu üçün dolabı müvəqqəti olaraq bura qoyub. Apardığınısa, nədənsə mənə deməyib. Heç mən də fikir verməmişəm.

-Nə əcəb sonradan zəng-zad da eləyib deməyib?

-Əşşi onun xasiyyəti belədir. Elə uşaq vaxtı da beləydi. Öyrəşmişik onun bu xasiyyətinə. Yəqin nə vaxtsa gələndə deyəcək. O dolab olmasaydı son dörd ayda onu cəmi bircə dəfə görmüşdüm. O da, yaxın qohumumuzun yasında. Həm də tez- tez Rusiyaya gedib-gəlir. Ona görə bir şəhərdə yaşasaq da, çox az-az görüşürük.

-Bəs bağı varmı,  birdən bağ qonşusu olarıq qardaşınızla?

Bağım olmasa da, Tahir müəllimə bu yalanı uydurmağa məcbur idim.

-Açığı, gediş-gəlişimiz yoxdu deyə maraqlanmamışam. Memuar yazmağım çox vaxtımı apardığından, son illər də səhhətim imkan vermədiyindən evdən çölə az çıxıram, qohum-əqrəbadan da heç kimə baş çəkmirəm. Babaxansa ya bizə gəlmir, ya da ayda-ildə bir dəfə gələndə beş-on dəqiqə ayaqüstü söhbət edib gedir. Ona görə heç nə deyə bilmərəm.

Tahir müəllim azacıq düşünüb belə bir əlavə də etdi:

-Ancaq yasda olarkən oradkılardan biri Babaxanla görüşəndə, dedi ki, səni tez-tez Zabrat qəsəbəsi tərəfdə görürəm. Bəlkə oralarda, şəhər kənarında ev alıb, deyə bilmərəm.

Deməli Zabrat qəsəbəsi.

Müəllimdən lazım olanları öyrəndim. Bir şeydən başqa. Elə bir şey ki, bunu ondan soruşa bilməzdim. Özüm yerində dəqiqləşdirməliydim. O bilmədən.

Maraqlı idi. Bu cinayətin izi ilə haralara gedib çıxsam da, yenidən hadisələr məni bu saf insanla danışmağa, ya da onun həyətinə qayıtmağa vadar edirdi.

Məktəbin qarşısında saxladığım maşına əyləşəndə yol polisi tərəfindən şüşəsilənə taxılmış cərimə talonunu görüb gülümsədim. Hər şey düzdür. Bura təhsil ocağının qarşısıdır, parkinq deyil. Talonu götürüb maşına əyləşdim və Tahir müəllimin evinə üz tutdum.

Yolda Layiqədən zəng gəldi.

-Salam, şef.

-Salam, ey əvəzolunmaz köməkçim. Tam zamanında zəng vurmusan.

Layiqənin ona belə müraciət etməyimi xoşladığını bilirdim.

-İcazə verin məruzə edim.

-Başla.

-Hazırda kapitan Qasımlının yanındayam. Dediyiniz tarixdə və saatda elə bir yük maşını ətrafdakı heç bir kameranın görüntüsündə müşahidə olunmur.

 Bu yaxşı xəbər deyildi. Layiqənin əhvalı isə dediklərinin əksindən xəbər verirdi. Ona görə də, susub onun daha nə deyəcəyini gözlədim.

-Mənsə bununla kifayətlənmədim. Görüntüləri ardıcıllıqla izləməyi Rəşad müəllimdən xahiş etdim və elə növbəti günün görüntülərində oxşar əlamətləri olan yük maşınının səhər saat 10 radələrində “Kubinka” ərazisindən çıxdığını, Bakıxanov küçəsini kəsərək Cəlil Məmmədquluzadə küçəsinə tərəf getdiyini aşkar etdik.

-Afərin.

-Görüntünü yaxınlaşdıraraq maşının dövlət nömrə nişanını müəyyən etdik. Hazırda Rəşad müəllim sürücüsünün şəxsiyyətini və ünvanını dəqiqləşdirir.

-Bütün bunlara görə sağ ol. İndi sənə bir şey deyəcəyəm. Bizi maraqlandıran tarixdən düz iki gün əvvələ, saat 20 radələrinə də bax. Böyük ehtimalla həmin maşını yenə də gələn görməyəcəksən, ancaq ərazini tərk etməsini görəcəksən. Telefonu isə kapitan Qasımlıya ver.

-Salam, Bəxtiyar müəllim.

-Salam Rəşad müəllim. Nə yenilik var?

-Nərmin itən günü tanışım vasitəsi ilə ona gələn zəngləri yoxlatdırmışdım. İndi mobil operatorun sorğumuza cavabı əsasında Nərminin telefonuna son günlər gəlmiş zəngləri də təhlil etdim. Heç bir nəticə vermədi. Adi zənglərdir. Sürücünün ünvanı bilinən kimi əməliyyat qrupunu ardınca göndərəcəyəm.

-Yaxşı. Ancaq indi o sürücüdən vacib bizə lazım olan bir fiqurant peyda olub. İsmiyev Babaxan Səfixan oğlu. Bu ikimizin də tanıdığı Tahir müəllimin qardaşıdır. Yük maşının sürücüsü ilə yanaşı onun da ünvanını müəyyənləşdirib təcili saxlanılmasını təmin edin. Bu adama çoxlu suallarım olacaq.

-Baş üstə, Bəxtiyar müəllim. Başqa?

-Bu gecə mənə köməyiniz lazım olacaq.

-Mən hazır.

Bir qədər fasilə verdim.

-Bir də bir xahişim olacaq.

-Əlbəttə, buyurun.

-Hələ ki, Tahir müəllim heç nə bilməsin. Qardaşının tapılması üçün ona müraciət etməyin. Ünvanını başqa üsullarla müəyyən edin.

İndi də Rəşad susdu. Amma bu, çox çəkmədi:

-Başa düşürəm. Hər şey siz dediyiniz kimi olacaq.

Telefonda Layiqənin uzaqdan gələn sevincli səsi qulağıma dəydi, -Tapdım, tapdım!

 Ardınca Qasımlıdan telefon aparatını alan Layiqə -Bəxtiyar müəllim, tapdım, axşam saat 9-a işləmiş bu ərazidən çıxır, -dedi. -Cızıqlarından, bəzi başqa əlamətlərindən də görünür ki, hər iki halda ərazidən çıxan eyni yük maşınıdır. Ancaq Siz haradan bilirdiniz ki, iki gün əvvəl də axtardığımız maşın orada olub?

-Sonra bilərsən, -Layiqəyə də Ləmana verdiyim cavabı verdim. Layiqə o qədər əmin idi ki, bu dəfə maşının dövlət nömrə nişanlarına təkrarən baxmağı belə lazım bilməmişdi.

-Sən ofisə qayıt və dincəl. Rəşad isə axtardığımız adamları tapandan sonra mənimlə əlaqə saxlasın.

Artıq günortanı keçmişdi. Maşını Tahir müəllimin evinə bir tin qalmış saxlayıb düşdüm. İndi əsas məsələ müəllimdən çox Zabitə ilə üz-üzə gəlməmək idi.

Bu arvad yadıma düşəndə qeyri-ixtiyari dodağım qaçdı. Yəqin ki, indi Zabitə “cüvəllağı” adlandırdığı Tərlanı hər məşğələyə gələndə ciddi-cəhdlə güdərək onda bir səhv tapmağa və növbəti gəlişimdə etimadımı qazanmaq üçün bu barədə mənə məlumat verməyə çalışacaqdı. Çünki belə insanların psixologiyasına bələd olan biri kimi tamamilə əmin idim ki, onunla söhbətimizdən sonra yalnız bir istiqamətdə işləyən beyni bu yolla məndən əldə edəcəyi qazancını əlli manatdan yüz manata qədər qaldıra biləcəyi barədə ona fasiləsiz siqnallar ötürməyə başlamışdı. Hər şey bir yana, deyəsən, yazıq uşağı da işə salmışdım. Yaxşı ki, qəbul imtahanlarına az qalıb.

Uzaqdan boş küçəni müşahidə etdim. Məllimin də, Zabitənin də küçə qapıları bağlı idi. Sürətlə dayandığım yer ilə müəllimin qapısı arasında olan məsafəni qət etdim və qapını itələyib həyətə keçdim.

Gözlədiyim kimi həyət boş idi. Yəqin müəllim yenə də arxa otaqda, memuarları üzərində işləyirdi. Əslində Tahir müəllimlə rastlaşacağımın heç bir qorxusu yox idi. Uzaqbaşı ona bir-iki əhəmiyyətsiz sual verib, şübhələrimin doğrulması üçün həyətdə mənə lazım olan yeri ötəri gözdən keçirməyim də kifayət edərdi. Ancaq bütün işlərim kimi bunu da ötəri etmək istəmirdim.

Yavaşca irəli keçib qızılgül kollarının yanında, uşaqların durub söhbət etdikləri yerdə dayanıb ayaqyolu tərəfə baxdım. Sonra ayaqyoluna girdim və qapını arxadan bağladım.

Lazım olan şeyləri öyrənmək üçün mənə üçcə dəqiqə bəs etdi. Gəldiyim kimi də sakitcə həyətdən çıxıb maşına tərəf getdim…

 

* * *

Şişman ehtirasdan elə uçunurdu ki, otağın qapısını arxasınca örtməyi da unudub qıza tərəf addımladı. Titrəyən əlləri ilə laqeyd baxışlarla ona baxan qızın qolundan tutub çarpayıya uzatdı. Qız heç nə ifadə etməyən baxışlarla tavana baxır, müqavimət göstərmirdi. Heyvanlara xas instinklə qarşısındakı qurbanın ondan zəif olduğunu hiss etməsi şişmanın olan-qalan ağlını da başından aldı. Daha dayanmağa taqəti qalmamışdı. Ayağa qalxıb şalvarının kəmərini açmağa başladı…

 

* * *

Yolüstü yüngul bir qəlyanaltı alıb ofisə gəldim. Yəqin Layiqə də ac idi. Birlikdə yemək yeyib polis bölməsində baş verənləri üzbəüz özündən eşitmək istəyirdim.

Ofisə girəndə Layiqəni oturduğu yerdə mürgüləyən gördüm. Qapının səsinə ayılan Layiqə cəld ayağa qalxıb salam verdi. Əlimdəki torbanı ona uzadıb dedim:

-Bir-bir.

Hələ yuxusu qaçmayan köməkçim key-key torbaya baxıb sonra onu məndən aldı. Yəqin fikirləşirdi ki, torbanın içindəki “bir-bir” adlandırdığım şey görəsən nə ola bilər.

-Şef, bir-bir nədir və bu torbanı neyləyim?

-Torbanı aç və içindəkilərdən bir qəlyanaltı hazırla. Bir-bir isə o deməkdir ki, bu gün səhər sən məni yuxudan oyatmışdın, indi mən səni oyatdım. Hesab bərabərləşdi.

Layiqə başını yelləyib mətbəxə keçdi. Hiss olunurdu ki, hələ ayıla bilməyib.

Bir azdan mətbəxdən səsi gəldi:

-Yemək hazırdır, Bəxtiyar müəllim.

Mətbəxə keçib süfrəyə əyləşdim.

-Sən yeməyəcəksən?

-Mən yemişəm, siz nuş edin. Kapitan Qasımlı nahar etməmiş məni buraxmadı.

-Mən də onun yerinə olsam buraxmazdım da, -deyib güldüm.

-Yaman da, -deyib Layiqə əda ilə çiyinlərini atdı və dönərək mətbəxdən çıxdı.

Ən yaxşısı bu qızı belə mövzuda dindirməmək idi. Yoxsa əlinə ilk fürsət düşən kimi yenə də atmacasını atdı. Gülünün qulaqlarından iraq.

Telefonu götürüb Gülünü yığdım.

-Neynirsən? -Gülü ilə heç vaxt salamlaşmaz, elə birbaşa söhbətə keçərdik. Ümumiyyətlə aramızda qəribə danışıq tərzi formalaşmışdı.

-Evdəyəm, sən?

-İndi ofisdəyəm, ancaq bir azdan heç yerdə olmayacağam.

-Nə vaxtacan?

-Fikirləşirəm ki, gecəyə, ya da sabah səhərə qədər.

-Yenə pendirlə pomidor-xiyar?

-Bu dəfə bibər də almışam.

Zarafatım Gülüyə sirayət etmədi. Sabah səhərə qədər məni axtarmaması barədə etdiyim xəbərdarlıq, nə qədər möhkəm qadın olsa da, onun rahatlığını növbəti dəfə əlindən almışdı.

Danışığımdan vaxtımın məhdud olduğunu bilən Gülü, - Gözləyəcəyəm, -dedi.

-Gələcəyəm, -deyib xətti kəsdim.

“Gələcəyəm” deməyim Gülüdən çox özümə aid idi. Əvvəllər polis sıralarında çalışarkən iştirak etdiyim əməliyyatlarda bir o qədər də ağına-bozuna baxmaz, yarana biləcək təhlükələrdən o qədər də qorunmazdım. Elə buna görə də, növbəti əməliyyatlardan birində sağ qolumdan güllə yarası almışdım. Güllə qol sümüyümü zədələdiyi üçün uzun müddət müalicə olunmuşdum. Söhbətimin əvvəlində sizə deməsəm də, çox bağlı olduğum polis sıralarından vaxtından tez getməyimin səbəbi yaralanmağım olmuşdu. Hərdən qolumda baş qaldıran dözülməz ağrılara görə. Yaxşı ki, hərdən…

Gülü həyatıma daxil olduqdan sonrakı illərdə, hər bir əməliyyatdan qabaq ona “gələcəyəm” deməklə söz verir, əməliyyat zamanı isə ona verdiyim sözü tutmaq üçün son dərəcə ehtiyatlı olmağa özümü məcbur edirdim.

Neçə illər sonra tapdığı xoşbəxtliyini itirməsinə yol verə bilməzdim. Elə özümün də…

Rəşad Qasımlı zəng edənədək gözləməli idim. Bu iki nəfərin, sürücü ilə Babaxanın söylədikləri ilə bəlkə də artıq bu cinayət açılacaq, Nərminin yeri bilinəcəkdi.

Layiqəni dinləmək üçün mətbəxdən çıxıb ofisdəki masamın arxasına keçdim.

Ancaq kresloma əyləşən kimi Rəşaddan gələn zəng buna mane oldu.

-Sürücünü saxlamışıq.

-Bəs Babaxandan nə xəbər var?

-Burada hər şey bir az qəlizdir. Ünvanını müəyyən edən kimi evinə yollandıq. Həyat yoldaşı harada olduğu barədə məlumatsızdır. Tez-tez evdə gecələmədiyini bildirdi, verdiyi mobil nömrəsinə də zəng çatmır. İşlətdiyi mobil telefon ümumiyyətlə şəbəkədən ayrıldığı üçün koordinatlarını müəyyən etməkdə mobil operator bizə heç bir köməklik edə bilmədi. Görünür, telefonu söndürdükdən sonra söküb cərəyan mənbəyini ayırıb. “Bəlkə bağ evləri var, orada olar” deyə soruşdum, “bu gördüyünüz evimizdən başqa heç bir mülkümüz yoxdur”, dedi yoldaşı. Ola biləcəyi bütün yerlərə əməkdaşları göndərmişəm. Bir əməkdaş da evinə yaxın yerdə pusquda durub. Dövlət Yol Polisi İdarəsinə avtomaşınının saxlanılması barədə təlimatlandırma ötürmüşəm. Axtarırıq, ancaq hələ ki, nəticə yoxdur. Sürücünü isə dindirmişəm.

Rəşadla danışdığımı eşidən Layiqə mətbəxə qayıtdı. Oturmasına işarə verib Rəşadla söhbətimə davam etdim.

-Çox gözəl. İstəyirsiniz sürücünün dediklərini sizə danışım.

-Maraqlı olar, -Rəşad təəccüblə dedi.

- Bəri başdan deyim ki, yük maşının sürücüsü hadisələrdən kənardadır. Bildiyi də çox az şey var. Ola bilsin ki, Babaxanı tanıyır. Ancaq ötəri. Nərmin itməmişdən iki gün əvvəl Babaxan qardaşı Tahir müəllimin həyətində qoyduğu dolabı aparmaq üçün onunla qardaşı evinə gəlib. Gözləməsini söyləyərək həyətə girib. Ancaq bir azdan qayıdıb dolabı iki gün sonra  aparacağını bildirərək onu yola salıb. İki gün sonra isə həmin yerdə axşam saat 8-də görüşüblər. Ona maşında gözləməsini tapşırıb. Bundan az keçmiş üst-başından cin hürkən bir sərxoş sərgərdan sürücüyə yaxınlaşıb onu söhbətə tutub. Sürücü onu başından etməyə çalışarkən Babaxan yaxınlaşaraq həmin avaranı köməyə çağırıb və onlar həyətə keçiblər. Sürücü isə yük yerinin arxasını açıb gözləyib. Dolabı qoyduqdan sonra Babaxan kabinəyə, qonşunun uşağının dama düşmüş topunu götürməyə gedən həmin avara isə qayıdaraq yük yerinə minib və sürüb gediblər. Ancaq çox uzağa yox. Maşın elə “Kubinka”dakı həyətlərdən birinə girib və dolabı düşürdükdən sonra ya o həyətdə, ya da başqa bir yerdə qalıb.

-Düzdür, -Qasımlı daha artıq təəccüblə dedi.

-İndi əlavələrini elə, -dedim.


Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(18.05.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalı filologiya üzrə elmlər doktoru Pərvanə Bəkirqızının HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI” sərlövhəli məqaləsini diqqətinizə çatdırır.

 

 

Ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin bünövrəsini təşkil edən azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi şəkildə düşündürən milli dirçəliş problemləri bütövlükdə Heydər Əliyevin fəaliyyəti ilə elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə – strateji dövlət siyasətinə keçmişdir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdən Bakıda ədəbiyyat və incəsənət günləri ilə yanaşı, yazıçıların və bəstəkarların yubiley təntənələri müntəzəm keçirilmiş, Azərbaycanın qüdrətli yazıçı və sənətkarlarının, o cümlədən Nizaminin 840 illiyi (1981), Nəsiminin 600 illiyi (1973), Tusinin 780 illiyi (1981), Vaqifin, Aşıq Alının 180 illiyi (1981), Aşıq Ələsgərin 150 illiyi (1972), M.S. Ordubadinin 100 illiyi (1972), eləcə də başqa ədəbiyyat, incəsənət xadimlərinin yubileyləri və Azərbaycan teatrının 100 illiyi (1974) qeyd olunmuş, Nəsiminin UNESKO-nun himayəsi altında (1979-cu ildə) keçirilən 600 illiyi böyük ədəbi-mədəni hadisəyə çevrilmişdi.

Heydər Əliyev 1970-80-ci illər Azərbaycanında mədəniyyət və incəsənətlə bağlı bütün mühüm qərarların əsas müəllifi və ilhamvericisi idi. Bu qərarlar milli özünüdərkin yüksəlişini təmin edərək xalqın tarixi yaddaşının özünə qaytarılması və qəlbində uzun illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin təşkil etmişdir. Heydər Əliyevin siyasi repressiyalara məruz qalmış böyük mütəfəkkir-şair Hüseyn Cavidin cənazəsinin uzaq Sibirdən vətənə gətirilməsini təmin etməsi milli oyanışın parlaq təzahürü olmuş, bu istiqamətdə atılan addımlar Azərbaycanda müstəqillik arzuları və milli azadlıq hərəkatının başlanğıc nöqtəsi kimi səciyyələndirilmişdir.

Heydər Əliyev Azərbaycana rəhbərliyinin 1969-82-ci illəri əhatə edən birinci mərhələsində – sovet ideologiyasının uzun zamandan bəri qəlibləri çərçivəsində olsa belə – milli ruhun tamamən sıxışdırılmasına nəinki imkan verməmiş, əksinə, onu yüksəltmək naminə mövcud imkanlardan maksimum istifadə etməyi bacarmışdır ki, nəticədə Azərbaycan öz yeni intibahını – mədəniyyətin, ədəbiyyatın və incəsənətin bütün sahələrində çiçəklənmə dövrünü yaşamışdır. Məhz həmin illərdə respublikanın siyasi və mədəni həyatında müasir Azərbaycan memarlığının həqiqi əsərinə çevrilən, mühüm əhəmiyyətli bir sıra memarlıq ansamblları tikilib istifadəyə verilmişdir. Heydər Əliyev çox sayda memarlıq abidələrinin bərpasının da bilavasitə təşəbbüsçüsü olmuşdur.

Heydər Əliyev Azərbaycanın xarici aləmlə, keçmiş SSRİ-nin xarici siyasəti çərçivəsində olsa belə, elmi-texniki və mədəni əlaqələrinin genişləndirilməsi üçün maksimum səylər göstərmişdir. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil edildiyi kimi, keçmiş SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, həmçinin digər xarici ölkələrdə Azərbaycan yazıçılarının və bəstəkarlarının SSRİ-nin böyük şəhərlərində yubileyləri təntənə ilə qeyd olunmuşdur ki, bunlar da nəticə etibarilə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaratmış, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənəsi olan xalq kimi tanınmalarını, Bakının isə həmin dövrdə tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin etmişdir. Kremlin milli mədəniyyət nümayəndələrinə münasibətdə yol verdiyi çox az sayda istisnadan biri – Azərbaycan ədəbiyyatı və incəsənətinin yeddi nümayəndəsinə bir neçə il ərzində keçmiş SSRİ-nin ali təltifi sayılan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi də məhz Heydər Əliyevin böyük nüfuzu və qətiyyəti sayəsində mümkün olmuşdur.

Milli mədəniyyət klassiklərinin geniş miqyasda, beynəlxalq aləmdə tanıdılmalarında, onların ehtiramla yad olunmalarında müstəsna rol oynayan Heydər Əliyevə görə, “tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən, onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir... Digər tərəfdən, belə yubileylərin keçirilməsi xalqın, millətin zənginliyini nümayiş etdirir. Eyni zamanda bu yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edir”. Bu baxımdan Azərbaycan ədəbiyyatı və incəsənəti sahəsində tarixin yetirdiyi böyük şəxsiyyətlərin abidəyə çevrilməsi milli-mənəvi duyğuların güclənməsinə son dərəcə müsbət təsir göstərmişdir. Heydər Əliyevin birbaşa qayğısı sayəsində Bakının ən görkəmli yerlərində Azərbaycan xalqının milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmışdır.

Azərbaycan xalqının, həmçinin başqa xalqların mənəvi dəyərlərinə hörmətlə yanaşan Heydər Əliyevin bütün siyasi fəaliyyəti boyu daim yeni nümunələrlə zənginləşən ensiklopedist qənaətlərində ədəbiyyat və incəsənətlə bağlı fikir və mülahizələr xüsusi yer tutur. Heydər Əliyev müxtəlif illərdə ədəbiyyatla, incəsənətlə, ümumən mədəniyyətlə bağlı parlaq fikir və mülahizələr söyləmişdir. Rəhbərlik etdiyi illərdə Heydər Əliyev respublikanın yaradıcı ziyalılarının mötəbər məclislərinin, o cümlədən yazıçıların bütün qurultaylarının iştirakçısı olmuş, yüksək elmi-nəzəri səviyyəli çıxışları və ədəbi prosesə dair bir-birindən maraqlı təhlilləri ilə yaddaşlarda dərin izlər qoymuşdur.

Azərbaycan ədəbiyyatı və incəsənətinin bütün dövrləri, bütün şəxsiyyət və hadisələri Heydər Əliyev üçün eyni dərəcədə doğma və yaxın idi. O, xüsusən klassik ədəbi-mədəni irsə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşmışdır. Heydər Əliyevin fikrincə, “xalqın həyatının bədii salnaməsi olan, öz dövrünün mütərəqqi və humanist ideyalarından qidalanan Azərbaycan klassikası həmişə nəcib və pak mənəvi ideyalar, ideya-fəlsəfi axtarışlar ədəbiyyatı olmuşdur”. Yazıçını “mədəniyyətin milli sərvətlərinin əsas mühafizəçisi” adlandıran Heydər Əliyev qələm sahiblərinin yüksək məsuliyyətindən söz açarkən qeyd etmişdir ki, hər bir sənətkar öz xalqının övladıdır və onun tarixi qarşısında məsuliyyət daşıyır.  

Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətini yaradan, onun çoxəsrlik tarixini bəzəyən görkəmli şəxsiyyətlər xalqa və insanlığa xidmətlərinin qiymətini Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə almışlar. Məhz bu dövrdə onlar bütün dünyaya Azərbaycan xalqının və Azərbaycan mədəniyyətinin yetirmələri kimi daha geniş miqyasda təqdim olunaraq, sözün həqiqi mənasında, ikinci həyat qazanmış, dünya miqyasında Azərbaycan xalqının mənəviyyat və mədəniyyət pasportuna çevrilmişlər. Müasir Azərbaycan ədəbiyyatı və incəsənətinin həm yaşlı, həm gənc nəslinin nümayəndələri isə Heydər Əliyevin şəxsində milli mədəniyyətin ən yaxın dostunu, təəssübkeşini görmüşlər. Azərbaycan ədəbiyyatı və mədəniyyəti klassiklərinin ittifaq miqyasında yubileylərinin keçirilməsi, milli mədəniyyətin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi-mədəni abidələrin planlı tədqiqi və nəşri bütövlükdə Heydər Əliyevin milli Azərbaycan dövlətçiliyinin ideya təməlində dayanan uzaqgörən siyasətinin əməli nəticələridir.

Hələ 1970-ci illərin əvvəllərindən etibarən milli mədəniyyətlə bağlı söylədiyi çoxsaylı mülahizələr, irəli sürdüyü fikir və ideyalar onun Azərbaycan tarixinə və mədəniyyətinə daim böyük nikbinliklə yanaşdığını, burada həmişə işıqlı simalar və tərəqqi elementləri gördüyünü sübuta yetirir.

Azərbaycanın böyük şəxsiyyətlərinin, milli mədəniyyətin görkəmli nümayəndələrinin zəngin irsinin azərbaycançılıq fəlsəfəsi baxımından yenidən öyrənilməsi və təbliği müstəqillik dövründə ön plana çəkilmişdi. Prezident Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla ədəbiyyat və incəsənət sahəsində yubileylərin davamlı qeyd olunması ölkənin mədəni inkişafı istiqamətində aparılan ardıcıl siyasətin aydın təzahürləridir. Azərbaycan tarixinin böyük şəxsiyyətlərinin, milli mədəniyyətin görkəmli nümayəndələrinin yubileylərinin dövlət səviyyəsində geniş qeyd edilməsi ilə bağlı tədbirlər məhz Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla həyata keçirilmişdir. Heydər Əliyevin müvafiq fərmanları ilə dahi Azərbaycan şairi və mütəfəkkiri M.Füzulinin 500 illiyinin Fransada, Türkiyədə, İraqda, İranda və Rusiyada, Bülbülün 100 illiyinin Moskvada və Parisdə, Rəşid Behbudovun 80 illiyinin Moskvada, türk xalqlarının böyük abidəsi “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin Parisdə – UNESKO-nun iqamətgahında yüksək səviyyədə qeyd olunması müstəqil Azərbaycanı yenidən dünyaya tanıtmışdır. Ölkə daxilində təkcə 2000-ci il ərzində neçə-neçə yubiley və dövlət əhəmiyyətli mədəni tədbir keçirilmişdir.

Heydər Əliyev ədəbiyyatın, filologiyanın inkişafına diqqəti artırmaq məqsədilə 1996-cı ildə Füzuli adına Beynəlxalq mükafat təsis etmiş, həmin ilin iyun ayında “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında”, 1997-ci ilin noyabrında isə “Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında” fərmanlar imzalamışdır. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilərək elm, mədəniyyət, incəsənət və digər sahələrdə xidməti olanlar üçün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, habelə gənc istedadlı yazıçı və şairlər üçün fərdi təqaüdlər və s. təyin edilmişdir.

Fəlsəfənin və incəsənətin, tarixin və ədəbiyyatın gözəl bilicisi olmaqla yanaşı, elmin və mədəniyyətin həqiqi himayəçisi olan Heydər Əliyevin bilavasitə şəxsi təşəbbüsü və iştirakı ilə çox sayda ədəbiyyat, incəsənət və elm xadiminin fəaliyyəti yüksək dövlət mükafatlarına, fəxri adlara layiq görülmüşdür.

Azərbaycanın intellektual potensialının bünövrəsində milli ədəbiyyatı və mədəniyyəti görən Heydər Əliyevdən ötrü bu milli-mənəvi sərvət eyni zamanda müstəqil dövlətçilik məfkurəsinin ideya-mənəvi əsasını təşkil edirdi. Çıxışlarının birində Heydər Əliyev qeyd etmişdi: “İnsanlara ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur... Bizim ədəbiyyatımız, doğrudan da, xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır, milli dirçəliş prosesini gücləndirmişdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır. Bəlkə, bu milli psixologiya, milli ideologiya indi böyük bir sistem şəklində deyil... Ancaq indi bunları toplayıb, sistemləşdirib formalaşdırmaq üçün bizim böyük sərvətimiz var. O sərvət də bizim mədəniyyətimizdə olan çox dəyərli fikirlər, sözlərdir”.

Heydər Əliyev deyirdi: “Azərbaycanda yazıçı, sənətkar daim böyük hörmətə layiq olmuşdur. Bu, bizim tarixi ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir. Bu da təsadüfi deyil... Biz tariximizin qədim dövrlərini xatırlayarkən, yaxud onları dünyaya geniş çatdırmaq istəyərkən birinci növbədə və bəzən də yalnız mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı əsərlərə, tarixi-memarlıq abidələrimizə və böyük şairlərimizin, mütəfəkkirlərimizin yazdığı əsərlərə istinad edirik... Eyni zamanda dünya, bəşər qarşısında bunlarla fəxr edirik, öyünürük... Çünki bu böyük insanlar nəinki bizim xalqımızı, bütün bəşəriyyəti, bəşər tarixini zənginləşdirən əsərlər yazmışlar”.

Azərbaycan dili məsələsinə həmişə xüsusi həssaslıqla yanaşan Heydər Əliyev müstəqillik dövründə onun dövlət dili kimi inkişaf etdirilməsini və tətbiq dairəsinin genişləndirilməsini azərbaycançılıq məsələsi səviyyəsinə qaldırmışdır. O özünün müxtəlif məruzə və nitqlərində, müsahibə və söhbətlərində gənc, müstəqil Azərbaycan Respublikasının milli ideologiyasını yaratmağın zəruriliyi barədə danışmışdır. Heydər Əliyevin fikrincə, bu ideologiya ilk növbədə Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətlərə əsaslanmalı, xalqın mədəniyyətini və mənəviyyatını, dini, etik və estetik dəyərlərini, keçdiyi tarixi inkişaf yolunu özündə əks etdirməlidir. Heydər Əliyev Azərbaycanın klassik sənətkarlarının yaradıcılığını milli ideologiyanın bünövrəsi hesab etmiş və yeni dövlət quruculuğunda, xüsusən mədəni quruculuqda onların irsindən istifadəni zəruri saymışdır.

Ulu öndər klassik sənətkarların yaradıcılığında keçmişlə bu günü birləşdirən xüsusiyyətləri böyük ustalıqla müşahidə etmişdir ki, bu da ilk növbədə onun klassik ədəbi irsə dərin bələdliyindən və güclü müasirlik duyğusundan irəli gəlir. Azərbaycan mədəniyyətinin bütün klassikləri Heydər Əliyevdən ötrü ilk növbədə məhz Vətənə, torpağa bağlılıqları, milli azadlıq və müstəqillik ideallarına sonsuz sədaqətləri ilə qiymətli və əzizdir. Bütün bunlar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ümumən sənətə və sənətkara münasibətini özündə parlaq əks etdirir.

Heydər Əliyev zəngin milli mənəvi irsin qorunub saxlanılması və inkişafında, görkəmli mədəniyyət xadimlərimizin yaradıcılığının geniş təbliğində, böyüməkdə olan nəsillərin Azərbaycan klassiklərinin ən yaxşı ənənələri ruhunda tərbiyə olunmasında mühüm rol oynayan mədəni mərkəzlər kimi ev-muzeylərin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə görkəmli tarixi şəxsiyyətlərin hər birinin ayrılıqda mədəniyyət mərkəzinə çevrilən xatirə ev-muzeylərinin yaradılması ənənə halını almışdır.

“Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm” – söyləyən Heydər Əliyev Azərbaycan ədəbiyyatı və incəsənətinin, bütövlükdə milli mədəniyyətin hər bir sahəsində proqram dəyişikliklərin mükəmməl sistemini yaratmış və həyata keçirmişdir. Azərbaycanın XX əsrin 70-ci illərindən bəri mədəni həyatının bütün sahələr üzrə dirçəlişi bu mənada Heydər Əliyevin adı ilə bağlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

 

AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİK TƏFƏKKÜRÜNÜN FORMALAŞMASINDA HEYDƏR ƏLİYEV FENOMENİ

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı akademik Nizami Cəfərovun “Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşmasında Heydər Əliyev fenomeni” adlı məqaləsini diqqətinizə çatdırır. Akademik mövzuya çox həssas, xüsusi seçdirmələrlə və detallarla yanaşıb, bu da yazının olduqca oxunaqlı olmasını şərtləndirib.

 

 

Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycanın nəinki tarixi coğrafiyasına, hətta onun beşdən birinə (Azərbaycan şimalına) nəzarət etmək, müxtəlif etnosları bir cəmiyyət halında birləşdirmək, bütöv bir sosium formalaşdırmaq gücünə malik deyildi. O daha çox milli dövlətçilik təfəkkürünün metaforik təzahürü idi. Azərbaycan SSR də, əslində, həmin metaforanın davamı sayıla bilər. Lakin məsələ burasındadır ki, XX əsrin ortalarında ölkədə milli dövlətçilik təfəkkürünün çiçəklənməsi üçün yenidən tarixi şərait yetişməyə başladı. Heydər Əliyevin respublikada rəhbərliyə gəlməsi ilə Azərbaycan mərkəzin verdiyi imkanlar daxilində hətta müəyyən maneələri də dəf edərək müstəqil düşüncəyə meydan açdı. 70-80-ci illərdə Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri özünü 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki xalq hərəkatında göstərdi. Heydər Əliyev xalqın enerjisinin, milli müstəqillik hissinin təzahürünə çalışır, onu dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırmaq istəyirdi. Və bütün bunları böyük bir cəsarətlə, gördüyü işin düzgünlüyünə tarixi bir inamla edirdi. Əgər müqayisə aparsaq, etiraf etməli olarıq ki, Azərbaycanın dövlət rəhbərləri içərisində Heydər Əliyev qədər böyük idarəçilik təcrübəsinə (və istedadına!) malik ikinci bir şəxs olmamışdır. Onun imzasına 60-cı illərin sonu 70-ci illərin əvvəllərindən Azərbaycanın hər yerində, iqtisadi, ictimai-siyasi, mənəvi-ideoloji həyatın, demək olar ki, bütün sahələrində rast gəlmək mümkündür. 70-80-ci illərin Azərbaycanını ən müxtəlif baxımlardan "Heydər Əliyevin Azərbaycanı" adlandırmaq üçün hər cür əsas vardır.

         Sovet dövləti dağıldıqdan sonra Azərbaycanda ən çox xatırlanan, müstəqil respublikanın dövlətçiliyini formalaşdırmağa dəvət edilən, istedadına istinad olunan şəxs Heydər Əliyev idi.

         Xalq hərəkatının, müxtəlif xarakterli münaqişələrin təşkili ilə hakimiyyətə gələn qüvvələrin dövlət idarəçiliyi sahəsində təcrübəsizliyi ortaya çıxanda isə Azərbaycanın məhz "Heydər Əliyevin Azərbaycanı" olduğu bütün aydınlığı ilə təzahür etdi. Bir sıra siyasi tarix mütəxəssisləri, publisistlər 1993-cü ilin iyun "qiyam"ını Heydər Əliyevin hakimiyyətə gəlməsində xüsusi hadisə kimi təqdim edirlər. Lakin bununla razılaşmaq çətindir. Heydər Əliyevin hakimiyyətə gəlişi 90-cı illərin ilk aylarından artıq reallıq idi. Bir-birinin ardınca baş verən hadisələrin inersiyası, get-gedə güclənən xaos "ölkənin sahibi” ni tələb edirdi. Hüdudsuz "demokratiya”nın, müxtəlif mərkəzlərdən idarə olunan hərc-mərcliyin, hakimiyyət uğrunda mübarizənin mahiyyəti, iç üzü ortaya çıxdıqca və nəhayət, Heydər Əliyevin yaratdıqları xalqın gözləri qarşısında dağıldıqca böyük dövlət qurucusuna, ictimai harmoniya ustasına meyil də güclənirdi. O, Azərbaycan xalqına yalnız bilavasitə idarəedici, dövlət qurucusu kimi yox, tarix kimi də lazım idi. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində xalqın fəhmi ilə ənənəvi olaraq istinad edəcəyi, üzərində yüksələcəyi tarixi də axtarıldı. Həmin tarixin xronologiyası Azərbaycan Xalq Cümhuriyyətindən başlasa da, cümhuriyyətin "praktika"dan deyil, "nəzəriyyə"dən ibarət olması ona əsaslanmağa imkan vermirdi.

         Azərbaycan SSRİ tarixinin Heydər Əliyev dövrünün milli yüksəliş təcrübəsi isə kifayət qədər zəngindir. 

         1993-cü ilin ortalarında Azərbaycan cəmiyyəti artıq demokratiyanı hərc-mərclikden xilas etmək uğrunda mübarizə aparmaq üçün özündə qüdrət tapdı. Bu isə birinci növbədə onda təzahür etdi ki, xalq uzun illər ərzində yetirmiş olduğu tarixi liderə inamını sonsuz bir enerji ile ifadə etdi. Və həmin inam xırda "xalq qəhrəmanları"nın, heç bir tarixə söykənməyən siyasət fəallarının "obraz"ını ictimai təfəkkürdən bütünlüklə silib atdı. Ona görə ki, bu "qǝhrəman"ları, bir daha təkrar edirik ki, tarix yox, təsadüflər, mövcud ictimai-siyasi problem ortaya çıxarmışdı. Tarix onları inkar edirdi.

...Azərbaycanı Heydər Əliyev xilas etdi. Onu bir dövlət kimi məhv olmaqdan Heydər Əliyev qurtardı dedikdə bizim nəzərimizdə, nə qədər qüdrətli olursa-olsun, təsadüfi bir xilaskar obrazı canlanmamalıdır; Azərbaycanın qurtuluşu  Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün ola bilərdi. Və belə də oldu... Heydər Əliyevin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Bu, epik bir miqyasdır, bu fəaliyyət xalqın yalnız bu gününü müəyyən etmir, onun gələcəyinə əhəmiyyətli təsir göstərir ki, bu mənada Azərbaycanın qurtuluşu bu günlə məhdudlaşmayan, gələcəyə getdikcə tarixi məzmunu daha yaxşı dəyərləndiriləcək bir hadisədir.

Azərbaycanın qurtuluşunun yekunu, yaxud nəticəsi qurtuluşun Azərbaycanıdır. O Azərbaycan ki, müxtəlif nəsillərdən olan azərbaycanlılar onu arzulamış, onun qurulması uğrunda mübarizə aparmışlar. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 15 iyun tarixli iclasındakı çıxışında Heydər Əliyev həmin mübarizənin tarixi mahiyyətini ifadə edərək demişdir: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrünün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etmasina həsr edəcəyəm". Bu sözlərin deyilməsindən o qədər də böyük zaman keçməyib, dahi mütəfəkkir, dövlət qurucusu, həqiqətən, müstəqil Azərbaycan dövlətinin əsaslarını yaratmış, onun demokratik inkişaf yolunu istiqamətləndirmişdir. Heydər Əliyevin zəkası öz nuru ilə yalnız bu gün deyil, sabah da müstəqil respublikanın gələcəyini işıqlandıracaq, ona müasir dünyanın üzvi tərkib hissəsi olmaq üçün hər cür stimul verəcəkdir. Çünki Heydər Əliyev müdrikliyi yalnız bir insanın fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə mənsub olduğumuz xalqın tarixi iradəsinin ifadəsidir. Həmin iradə idi ki, milli dəyərlərin böyük daşıyıcısına 1993-cü il 15 iyun tarixli (va tarixi!) iclasda aşağıdakıları dedirtmişdi: "... Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir". Bununla belə, Heydər Əliyev bildirdi ki, Azərbaycanın müstəqilliyini sadəcə elan etmək nə qədər sevindirici hal olsa da, xalqın milli "izzəti-nəfs”ini nə qədər oxşasa da, həlledici bir şey deyil. Müstəqillik uğrunda illər boyu, tədricən, həm tələsmədən, həm də gecikmədən mübarizə aparmaq, millətin daxilindəki "kimdənsə asılı olmaq hissini, inersiyasını öldürmək lazımdır. Çünki xalq bəzən müstəqillik uğrunda "mübarizə" prosesində məhz müstəqilliyini itirir. Odur ki, qurtuluşun Azərbaycanı taleyin ixtiyarına buraxılmış bir dövlət təsəvvürü deyil. Dünyanın böyük dövlət qurucusunun, dahi mütəfəkkirin düşünüb müəyyənləşdirdiyi "ritm" üzrə hərəkət edən, get-gedə möhkəmlənən elə bir sosial-siyasi reallıqdır ki, bizim hər birimizin azərbaycanlı kimi vətəndaş xoşbəxtliyi ondan asılıdır. Və ona görə də biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin.

Heydər Əliyev yaxşı bilirdi ki, "Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların vətəni olub, bundan sonra da vətəni olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmalıdır".

Bir illik hakimiyyəti dövründə milləti yüz yerə bölənlər düşünmürdülər ki, müxtəlif etnosların, etnik maraqların önündə "reverans" edən dövlət uzun zaman yaşamaz. Və sonrakı proseslər də göstərdi ki, etnik münasibətlər sahəsində 1991-1992-ci illərdə, 1993-cü ilin birinci yarısında buraxılmış səhvlər özünü büruzə verir. Azərbaycan dövlətinin qurucusu bir neçə il məhz keçmiş səhvlərin düzəldilməsi ilə məşğul oldu. Qurtuluşun Azərbaycanı yalnız 1995-ci ildən sonra normal inkişaf yoluna düşməyə başladı ki, bunun da ilk rəsmi ifadəsi Azərbaycan Respublikasının Konstitusiyası oldu. Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya məhv olmaqdan xilas edilmiş, qurtulmuş Azərbaycanın "pasport"u idi.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

 

 

 

 

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.

 

Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.

Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

1-8-cı yerləri ötən günlərdə sizlərə təqdim etmişdik. Bu dəfə 9-cu yerlə tanış olun.

 

1.Entoni Robbins. «Özündə nəhəngi oyat»

2.Robin Şarma. «Titulsuz lider»

3.Bodo Şefer. «Qaliblərin qanunları»

4.Tom Piters. «Özünü brendə çevir»

5.Con Maksvell. «Uğurlu insanlar necə düşünür”

6.Marşal Qoldsmit. «Başından uca tullan»

7.Brayan Treysi. «Maksimuma çatmaq»

8.Devid C.Şvarts. «Masştablı düşünmək sənəti»

-----------------------------------------------------------------------------------------

9.Norman Vinsent Pil. «Pozitiv düşüncənin gücü»

Daha bir superbestseller. Onun fəlsəfəsi milyonlarla insana, şəxsi, mənəvi və maliyyə hədəflərini vurmağa kömək edib. Müəllif qəti əmindir ki, pozitiv düşüncə həmişə müsbət nəticəyə gətirir. O, on illər boyunca bu təlimi öyrənib, əksər uğur qazanan insanın sirlərinə bələd olub və başa düşüb ki, bu təlim 100%  işləyir.

Az qala 100 il yaşayan amerikalı yazıçı və din xadimi (1896 - 1993) Norman Vinsent Pil motivasiya kitabları boyunca aforizm səviyyəsinədək yüksələn gözəl fikirlərini səpələməklə də xüsusi maraq oyadır.

Əziz oxucum, gəlin onlardan bəzilərinə diqqət edək:

 - Həyatımızdakı bu və ya digər cəhət özlüyündə heç bir məna  kəsb etmir. Məna kəsb edən -  sizin ona münasibətinizdir. Və məhz bu münasibət uğuru və uğursuzluğu müəyyənləşdirir.

 - Fikirlərinizi dəyişin və siz öz dünyanızı dəyişəcəksiniz.

 - Həyatın nə qədər miskin olsa da gözlərini aç və çalış ki, imkanları görəsən. Mütləq görəcəksən. Çünki onlar var.

 - Boş ciblər heç vaxt sizə olmaq istədiyiniz mərtəbəyə çatmağa mane ola bilməzlər. Mane ola bilənlər boş başlar və boş ürəklərdir.

 - Sürətlə üzmək üçün asta avar çəkmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

 

 

Xəbər verdiyimiz kimi, Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb. Mediada ən çox bu haqda danışılır. 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, cəmiyyətdə birmənalı qarşılanmayan hadisəyə Xalq artisti Brilliant Dadaşova da biganə qalmayıb. O, yeniyetmə qızın erkən yaşda nişanlanmasını tənqid edib: 

"Balaca qızlar elə bilirlər ki, nişanlanıb ərə getmək yalnız qəşəng gəlinlik paltarı geyinib, sırğa, üzük taxmaqdan ibarətdir. 13 yaşlı uşağa tamah salan pedofil dindirilməlidir. Tez ayılan, təhsil almaq istəməyən 16-17 yaşlı yetişkin qızlar az deyil. Amma 13 yaşında uşaqla ərə getməkdən bəhs etmək belə cinayətdir və məsuliyyətə cəlb olunmalıdır".

Qeyd edək ki, B.Dadaşova bu sözləri "show_news" səhifəsində yazıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

“Ədəbiyyat və incəsənət” portalına Roskinodan göndərilən məlumat Azərbaycanda sabah başlayacaq Rusiya Kino günləri barədə dolğun bilgiləri özündə ehtiva edir. 

Qırmızı papaq, Qar Kraliçası, Ölməz Koşey ... - sevimli nağıl qəhrəmanlarını mayın 19-dan 21-dək Bakıda böyük ekranda görmək mümkün olacaq. 

Roskinonun Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi rus kino günləri CinemaPlus Azerbaijan Cinema-da keçiriləcək. Pulsuz şoulara beş film daxildir: bədii və cizgi filmləri. Tamaşaçılar "Qırmızı papaq" ailə fantaziyasını, "Dalğalar" dramını, "Libereya: xəzinə ovçuları" macəra hekayəsini, həmçinin rus kassasında uğurlu olan və gənc tamaşaçılar tərəfindən sevilən cizgi filmlərini – "Qar Kraliçası: Defrost" və "Koşey. Gəlin oğrusu"nu görəcəklər. 

​​​​Rusiya Film Festivalı brendi altında keçirilən tədbir artıq üçüncü dəfədir ki, Azərbaycanda keçirilir: 2021-ci ildə festival onlayn formatda keçirilib. Ötən il isə Rusiya filmlərinin həm onlayn, həm də oflayn nümayişi təşkil olunub.

2023-cü ildə Rusiya Film Festivalı artıq Tayland, Qazaxıstan, Çin, Laosda uğurla keçirilib. 

 

Azərbaycanda rus kino günləri proqramı (19-21 may):

 

- "Dalğalar" (rejissor Mixail Brashinsky, 2022) - dramatik bir hekayə. Dəhşətli faciədən sonra qəhrəman əvvəlki həyatını tərk edir. Ancaq insanlar dünyası onu buraxmaqdan imtina edir, seçdiyi təkliyə girir, yeni imkanlara çağırır. Gözlənilmədən özü üçün qəhrəman sülh, sevgi və ağrılı suallarına cavab tapdığı yeni bir ev əldə edir. Ancaq bunlar düzgün cavablardır? 

Baş rollarda Vladislav Abashin, Victoria Tolstoganova, Yegor Popov, Irina Brazgovka və başqaları çəkilib. Film "Avropaya pəncərə" (2022) Festivalının Prezidentinin xüsusi mükafatını qazanıb və "Qış" (2022) müəllif kinosunun açıq Rusiya Film Festivalının müsabiqə proqramının iştirakçısı olub. 

 

- "Qırmızıpapaq" (rej. Lina Arifulina, Alexander Barshak, Artem Aksenenko, 2022) - ailə fantaziyası. Film Kiçik Qırmızıpapağın doğulmasından əvvəl başlayır və mənşə hekayəsini ortaya qoyur. Əsas personajın kainatında iki döyüşən nəsil var – inanılmaz Volkoboi şəhərinin müdafiəçiləri və aqressiv "canavar və onun  canavarları". Yırtıcılar sürüsü şəhəri ələ keçirmək qərarına gəldikdə, Qırmızıpapağın atası canavar qeyri-bərabər döyüşdə ölür. Kiçik qırmızıpapaq ata artıq həyatda olmadıqda doğulur. Qəhrəman yalnız 12 yaşında "yoxa çıxma" tarixini öyrənir və indi kiçik qəhrəman bütün şəhərin müdafiəsinə qalxmalıdır. Baş rollarda Taisya Kalinina, Danila Yakushev, Ekaterina Klimova, irina Rozanova, Aleksey Serebryakov və başqaları var.

 

- "Libereya: xəzinə ovçuları" (rej. Gleb Orlov, 2022) - macəra aksiyası. Bu, ölkəmizin ən sirli dəyərlərindən birinə İvan Qroznı  kitabxanasına miraslıqla sahib olan İlya adlı oğlan haqqında bir hekayədir. Lakin xəzinə Liberiyadadır. Təhlükəli və güclü qüvvələr əvəzolunmaz bir xəzinəni ələ keçirmək üçün İlyanın ovuna başlayırlar və qəribə bir professor və dilçi alim oğlanın köməyinə gəlir... 

Baş rollarda – Tixon Jivevski, Aleksey Serebryakov, Diana Pozharskaya, Artem Tkachenko və başqaları çəkilib.

 

– "Koşey. Gəlin oğrusu " (rej. Roman Artemyev, 2022) cizgi macəra filmidir. Əbədi gənc - ölməz Koşey üç yüz ildir nədənsə özünə gəlin tapa bilmir. Bu vaxt, gözəl qəhrəman Barbara bu tilsimi qırmağa çalışır…

 

- "Qar Kraliçası: defrost "(rej. Aleksey Tsitsilin, Andrey Korenkov, 2022) – ailə cizgi filmi. Sehrli dünyalar əriməyi gözləyir! Qar Kraliçasının qızı nadinc və cəsarətli sehrbaz Isla təsadüfən pis buz ruhlarını azad edir. İndi bütün dünyaları əbədi qışdan xilas etmək üçün Isla Kai və Gerdanı axtarmağa getməli, sadiq dostlar qrupu toplamalı və sehrinə sahib olmağı öyrənməlidir.

 

CinemaPlus Azerbaijan Cinema kinoteatrında nümayişlərin cədvəli:

 

19 may

19:00 - "Libereya: xəzinə ovçuları"

 

20 may

12: 00 – " Koşey. Gəlin oğrusu"

17: 00 - "Qırmızıpapaq"

 

21 may

12: 00 - "Qar Kraliçası: Defrost"

17: 00 – "Dalğalar"

 

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. 

 

“Ədəbiyyat və incəsənət”in şərhi:

Rus Film Festivalı markası altında rus kino günləri-Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ROSKİNO tərəfindən 2020-ci ildən bəri keçirilən Xaricdə rus kino günləri çərçivəsində həyata keçirilir.

Rus kino günlərinin əsas məqsədi xarici izləyicini müxtəlif müasir rus məzmunu ilə tanış etməkdir: müxtəlif janrlarda və seriallarda bədii kinodan animasiya və sənədli filmlərə qədər. 

2020-2022-ci illərdə festival 30 ölkədə keçirilib və 6,5 milyondan çox tamaşaçı toplayıb. Rff markası altında rus kinosu günlərinin formatı həm onlayn nümayişləri, həm də oflayn tədbirləri əhatə edir.

Daha ətraflı: https://rff.online

Beləliklə, sabah tədbir hamı üçün əlçatan olacaq. Sabah portalımızda kino günləri ilə bağlı digər materiallarla da tanış ola biləcəksiniz. 

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

ÇİN, İRAN VƏ ŞİMALİ AFRİKA ÖLÜM CƏZALARI ÜZRƏ LİDERDİR

 

Qapaq fotosunda dünyaşöhrətli Azərbaycan əsilli İran futbolçusu, UNİCEF-in xoşməramlı səfiri Əli Daeini kütləvi iğtişaşların fonunda görürsünüz. Bu barədə az sonra danışacağam. 

Bəs bu iç fotosu nədir belə? Haradır bu miskin məkan? Sinqapurdakı ölüm cəzası kamerasıdır gördüyünüz. (Fotonun müəllif hüququ Lionel Ng/Copyright 2023 The AP. All rights reserved Euronews).

 

“Ədəbiyyat və incəsənət” portalının növbəti yazısında Euronews-da izlədiyim bir xəbəri AP agentliyinin bu fotosuna pərçim edərək sizə ölüm cəzalarından danışacağam. Təbii ki, öz yozumumuzla. 

Ondan başlayaq ki, Azərbaycanda bu cəza daha tətbiq olunmur. Bu yaxınlarda 32 ildir ki, ölüm cəzası almış və hazırda ömürlük cəza çəkən keçmiş polis kapitanı Əflatun Hacıyevin əfv müraciəti ilə tanış oldum və bu ömürlük məhbusun azadlıq ümidi bir daha məndə fikir yaratdı ki, müəyyən demokratik dəyərlər bizdə qorunmaqdadlr. 

Halbuki dünyanın bəzi bölgələrində hələ də dar ağacı, elektrik stulu, güllələnmə ilə cəlladlar insan həyatına son qoyurlar. 

Ötən il dünyada 20 ölkədə 883 şəxsə qarşı ölüm hökmü tətbiq edilmişdir. Bu, 2021-ci ildəkindən 53 faiz çoxdur. Və bu məlumat 

çərşənbə axşamı World Death Penalty Report Beynəlxalq Amnistiya Təşkilatının illik məruzəsində açıqlanıb. Bu, son 5 ildə ən yüksək göstəricidir. Ən çox ölüm hökmü icra edilən 3 ölkə isə bunlardır:

 

1.Çin

2.İran

3.Səüdiyyə Ərəbistanı

4.Liviya

5.ABŞ

 

Demokratiya beşiyi olan ABŞ siyahıda 5-cidir, buna şahid oldunuz. Təəccübləndiniz, deyilmi? İslam dininin mərkəzi sayılan Səüdiyyə Ərəbistanında bir gündə 81 edam hökmünün yerinə yetiriıməsi də təəccüblüdür. O ki qaldı Çinə və İrana, bu iki lider ölkədə öldürülənlər əsasən uyğur türkləri və azərbaycanlılardır. Çox üzücü xəbərdir təbii ki. 

İndi qapaq şəklinin mənşəyi barədə. Ötən ilin sonlarında İranda 22 yaşlı Məhsa Əmininin ölümü kütləvi etirazlara səbəb olmuşdu. Bəzi şəhər və universitetlərdə etiraz aksiyaları səngiməmişdi. Tehranda Əmir Kəbir Universitetinin, Elm və Texnologiya Universitetinin tələbələri həbslərə, universitetə giriş qadağasına, tələbələrin universitetdən qovulmasına etiraz olaraq nümayiş keçirmişdi. Babul Noşirevani Universitetinin tələbələri 2 tələbənin həbsinin davam etməsinə, 17 tələbənin isə intizam cəzasına məruz qalmasına etiraz etmişdilər. Sakkız şəhərində isə mağaza sahibləri etirazlara dəstək üçün tətil edərək mağazalarını bir günlük bağlamışdılar. Sakkızda nümayişə qatılan dünyaşöhrətli keçmiş futbolçu Əli Daei də həbs olunmuşdu. Əslən azərbaycanlı keçmiş futbolçunun ölüm hökmünə məhkum edilməsinə dair beynəlxalq KİV-də məlumatlar yayılmışdı. Vaxtilə İran yığmasının kapitan sarğısını daşımış hücumçu barəsində edam cəzası çıxarılmış yüzlərlə şəxsin siyahısında yer almışdı. 

Milli komandalarda vurulan qol sayına (109) görə dünya reytinqində yalnız Kriştianu Ronaldodan geri qalan ərdəbilli sabiq forvardın haqqında yayılan xəbər bir zamanlar formasını geyindiyi «Bavariya»nı da hərəkətə gətirmişdi. Almaniya klubu Əli ilə bağlı qərarın dəyişdirilməsi tələbiylə açıqlama yaymışdı. Yalnız dünya birliyi ayağa qalxaraq həmyerlimizi ölüm cəzasından qoruya bilmişdi. 

Nədənsə World Death Penalty Report Beynəlxalq Amnistiya Təşkilatının illik məruzəsindən bəhs edəndə bu xəbər gəlib yada düşdü. 

Anyes Kallamar - “Beynəlxalq amnistiya” təşkilatının baş katibi deyir ki, Yaxın Şərq və Şimali Afrika ölkələri beynəlxalq hüququ pozaraq ölüm hökmü cəzalarını artırır. Bəzi ölkələr isə bu cəzanı uzun illər yasaq etsələr də bərpa ediblər. Söhbət Əfqanıstan, Küveyt, Myanma, Fələstin və Sinqapurdan gedir. 

Ölüm hökmlərinin ən çox - 40 faizi narkotiklə bağlı cinayətlərdə tətbiq olunur. 

Sevindirici xəbər də var: Qazaxıstan, MAR, Papua-Yeni Qvineya və Syerre Leonedə ölüm hökmü ləğv edilib. 

Kallamar bu anormal cəzanın tarixin zibilliyinə atılmasına ümidvar olduğunu bildirir.

Elə bu yerdə başqa bir nüansa toxunaq. Neçə gündür Azərbaycanda sosial mediada ermənilərə satılaraq şəhidlərimizin ruhunu təhqir edən bir alçağın görüntüləri dolaşır. Qoy ağzıgöyçəklər nə deyirlərsə desinlər, ancaq şəxsən mən humanizmi kənara qoyub bu şəxsin öldürülməsini tələb edərdim. Vətən xaini yaşamasa yaxşıdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Cümə axşamı, 18 May 2023 11:15

Meksikada Azərbaycan filmləri nümayiş olunacaq

“AZƏRBAYCANFİLM”DƏ İŞGÜZAR GÖRÜŞ BAŞ TUTUB

 

Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovla görüşüb. Bu barədə 

“Azərbaycanfilm” kinostudiyasından mediaya açıqlama verilib. 

 

Görüşdə Meksika kinosunun Azərbaycanda, eyni zamanda Azərbaycan kino sənətinin Meksika və Latın Amerikası ölkələrində tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan kinosunun yaranmasının 125-ci, “Azərbaycanfilm” kinostudiyasının isə 100-cü ildönümündə yeni və klassik filmlərimizin ispan dilinə tərcümə olunaraq Meksikada nümayişi, hər iki ölkənin kino xadimlərinin qarşılıqlı görüşlərinin keçirilməsi, həmçinin Meksikanın Milli Kino İnstitutu (ImCine) ilə əməkdaşlığın qurulması qərara alınıb. 

Qarşıda duran məsələlərin növbəti mərhələsi isə müştərək filmlərin istehsalıdır. Görüşdə ümumən kino sahəsində əməkdaşlıqla bağlı reallaşa biləcək bir çox layihələrin perspektivi müzakirə olunub.

Qeyd edək ki, yaxın günlərdə ölkəmizdə Latın Amerikası ölkələrinin kino günlərinin keçirilməsi ilə bağlı məsələ gündəmdədir.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasından seçmə şeirlərin dərcində bu dəfə Rəhim Təkinin şeirləri ilə tanış olacaqsınız. Rubrikanı Portalımızın Güney təmsilçisi Əli Çağla aparır. 

 

 

Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə, 1986-cı ilin may ayının 2-də Marağa şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxartdığında ali məktəbə qədər təhsil edib, indi isə sevgi ilə, artıq diqqət ilə ədəbi ərsələri izləyib, içindən coşan duyğuları qələmə alır.

 

 GÖYDƏN

 

Sənin gözündü günüzlər mənə baxır göydən

Sənin saçındı gecə ağnayıb axır göydən.

 

Yağışlı axşamı sənlə gəzib dolanmağımız,

Yadında varmı yağırdı şirin çaxır göydən?

 

Nə nərdəsi?! Məni yalqız buraxdığın gecədən,

Bu pəncərə dalısında dəmir yağır göydən.

 

Dolanda beynimə sənsizliyin ağır havası,

Başım bükür belimi, lap olur ağır göydən.

 

Sən ilə saydığımız hansı ulduza soralar,

Baxanda gözlərimə doldururdu xır göydən.

 

Sevənləri gecələr hər görəndə pötlənirəm,

Ki, üstümə tökülür sanki odlu qır göydən.

 

Cəhənnəmin özünü görmüşəm bu dünyada mən,

Canıxmışam daha tanrı, məni çağır göydən.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti, bəstəkar Rauf Hacıyevin doğum gününə həsr olunmuş konsert təşkil edib.

 

Baş İdarənin məlumatına görə, tədbirdə görkəmli bəstəkarımız Rauf Hacıyevin musiqisinin daim yaşayaraq, xalqımızın musiqi zövqünün inkişafında mühüm rol oynadığı vurğulanıb. 

Bildirilib ki, adı mədəniyyət tariximizə böyük hərflərlə yazılmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək. 

Sonra bəstəkarın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. 

Konsert proqramında məktəbin müəllim və şagirdləri, xor kollektivi, skripka ifaçıları Azərbaycan və xarici bəstəkarların əsərlərini səsləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.