Super User

Super User

Sabah - mayın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.

 

Teatrdan bildirilib ki, görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında teatrın rus bölməsində ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Əsərin süjet xəttindəki hadisələr Bağdadda, xəlifə Harun ər-Rəşidin dönəmində baş versə də, indiki zamanla səsləşir.

Səhnə əsərində Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firus Məmmədov, Rauf Babayev, Yuliya Heydərova, Hidayət Əliyev, Mehriban Zaliyeva, Elxan İsmayılov, Nadejda Povelitsina, Telnaz Hüseynova, Murad Əliyev, Əli Kərimov, həmçinin xor və balet heyətlərinin üzvləri iştirak edəcəklər.

Qeyd edək ki, tamaşa ilk dəfə 2018-ci il oktyabrın 12-də oynanılıb. 

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşaya baxmaq istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə edə bilərlər. 

Kollektiv sifarişlər də qəbul olunur.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.

 

Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.

Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

1-9-cu yerləri ötən günlərdə sizlərə təqdim etmişdik. Bu dəfə 10-cu yerlə tanış olun.

 

1.Entoni Robbins. «Özündə nəhəngi oyat»

2.Robin Şarma. «Titulsuz lider»

3.Bodo Şefer. «Qaliblərin qanunları»

4.Tom Piters. «Özünü brendə çevir»

5.Con Maksvell. «Uğurlu insanlar necə düşünür”

6.Marşal Qoldsmit. «Başından uca tullan»

7.Brayan Treysi. «Maksimuma çatmaq»

8.Devid C.Şvarts. «Masştablı düşünmək sənəti»

9.Norman Vinsent Pil. «Pozitiv düşüncənin gücü»

----------------------------

10. Kennet Blanşar. «Bir dəqiqəyə menecer olmaq”

 

Bu kitabı oxuyan milyonlarla insan qarşılarına çıxan ən mürəkkəb sualları və məsələləri həll etməyi öyrənir. Onlar həyatlarındakı streslərdən qaçmağı bacarır, daha az vaxt sərf etməklə daha çox iş görürlər.

Amerikalı motivasiya spikerinin bu əsəri 13 milyon nüsxədə satılıb, 3 dilə tərcümə edilib. Ümumilikdə 30 (!) motivasiya bestselleri müəllifi olan Kennet Blanşar həyat yoldaşı ilə birgə «Ken Blanchard Companies»i təsis edib, O, burada həm konsaltinq xidmətləri göstərir, həm də beynəlxalq səviyyəli idarəetmə kadrları hazırlayır.

Qeyd dəftərimə Kennet Blanşardan da olduqca gözəl kəlamlar seçib yazmışam:

 - Rəqibin sizdən ala bilməyəcəyi yeganə şey sizin işçilərlə sizin müştərilərin münasibətidir.

 - Problem yalnız o zaman mövcud olur ki, faktiki olaraq baş verənlərlə sizin baş verməsini arzuladığınız şey fərqli olur.

 - Məqsədlərdən davranış doğur. Nəticələr davranışı dəstəkləyirlər.

 - Hər bir insan potensial qalibdir.

 - Səhv buraxarkən özünə gülə bilmək bacarığı çox qiymətli xüsusiyyətdir. O, sənə heç nə olmayıbmış kimi işinə davam etməyə kömək edir.

 - Özlərini yaxşı hiss edən insanlar yüksək nəticələr əldə edirlər.

 - İçimizdə heç kəs təklikdə bizim cəmimizdən ağıllı ola bilməz.

***

Əziz oxucum. Mən sizə uğur qazanmaq sirlərini açan yüzlərlə, minlərlə kitablar arasında seçdiyim 20 kitabı təqdim etdim. Əsər boyu başqa motivasiya kitablarından da söz açacağam. Onları mütləq oxumağınız məsləhətdir. Ümumiyyətlə, kitab oxumaq vacib bir məşğuliyyətdir. Kitablar insanı kamilliyə aparır. Uğura yol isə, şübhəsiz, kamillikdən başlayır.

Bu yerdə az sonra dəyərli fikirlərindən seçmələr təqdim edəcəyim Robin Şarmadan bir gözəl sitat gətirmək istəyirəm: «Sənin beş ildən sonra necə biri olacağını iki əsas faktor müəyyənləşdirir: sənin ünsiyyətdə olduğun insanlar, bir də sənin oxuduğun kitablar!»

Haydı, kitabxanalara, kitab mağazalarına, əziz oxucularım!

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

 

Mayın 18-də “INTERFOOD 2023” Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qızıl şah” 3-cü Milli Kulinariya Çempionatına start verilib. 

 

Qeyd edək ki, yarışma Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və “CEO Azerbaijan” MMC-nin dəstəyi ilə keçirilir.

İki gün ərzində Milli Kulinariya Çempionatında 100-dən çox iştirakçı “Gənc aşpaz”, “Böyük aşpaz” və “Qənnadçı aşpaz” kateqoriyaları üzrə yarışacaq. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yarışmanın sonunda ən yaxşı 100 iştirakçının reytinqi müəyyənləşdiriləcək.

Çempionatın münsiflər heyətində İtaliya, Böyük Britaniya, Serbiya, ABŞ, Xorvatiya, Rusiya, Monteneqro və digər ölkələrdən olan Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) hakimləri təmsil olunur.

Bu il "Qızıl Şah" Milli Kulinariya Çempionatı Azərbaycanda ilk dəfə olaraq rəsmi “Worldchefs” çempionatı statusu ilə keçirilir. Bu isə Milli Kulinariya Çempionatının qaliblərinin, yarışmanın nəticələrinin və praktika keçən münsiflərin sertifikatlarının Beynəlxalq Kulinariya Cəmiyyəti tərəfindən birbaşa tanınmasına imkan yaradır.

Qeyd edək ki, Milli Kulinariya Çempionatı çərçivəsində “Worldchefs”dən gələn münsiflər və iştirakçılar üçün müxtəlif mövzularda seminarlar da təşkil edilib. 2019-cu ildən bəri keçirilən Çempionat azərbaycanlı kulinarlara öz peşəkarlıqlarını nümayiş etdirməyə, beynəlxalq səviyyəli yarışlarda iştirak etməyə imkan yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

Dünənki tarix - 18 may Beynəlxalq Muzeylər Günü idi, təbii ki, ölkə muzeyləri bu günü rəngbərəng tədbirlərlə qeyd etdilər. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşları həmin tədbirlərdən bir xülasə hazırlayaraq sizlərin diqqətinizə çatdırır.

 

İSTİQLAL MUZEYİ

 

Demək, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar ölkəmizdəki muzeylərdə “Açıq qapı” günləri  təşkil olundu. 

“Açıq qapı” günlərində digər muzeylər kimi İstiqlal Muzeyini də ziyarət edənlərin sayında artım müşahidə olunurdu. Məsələn, muzeyin direktoru Sədi Mirseyiblinin dünən səhər verdiyi məlumata görə, səhər saatlarından başlayaraq İstiqlal Muzeyini ziyarət edənlərin sayı 600-dən çox olmuşdur. “Hazırda insanların muzeyə ziyarəti davam edir. Müxtəlif təbəqədən olan insanlar muzeyimizi ziyarətə gəlirlər. Ziyarətçilərin zövqünü oxşamaqdan ötəri muzeyimizdə konsert proqramı təşkil olunub, sərgi açılıb. Gələn qonaqların arasında xarici ölkə vətəndaşları da var. “Açıq qapı” günü axşam saatlarınadək davam edəcək”, -deyə Sədi Mirseyibli bildirmişdi.

 

XALÇA MUZEYİ

 

Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində “Təbiətin səsi sən ol” adlı interaktiv tamaşa göstərilsi. Muzeyin Uşaq şöbəsi tərəfindən hazırlanan tamaşada şöbənin nəzdində yaradılmış Uşaq Birliyinin üzvləri və 132-134 nömrəli təhsil kompleksinin şagirdləri, həmçinin “Azəri inciləri” rəqs qrupu çıxış edirdi. Yerüstü ekosistemin mühafizəsi mövzusuna həsr olunan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitdi.

 

GƏNCLƏR KİTABXANASI

 

Respublika Gənclər Kitabxanasında Beynəlxalq Muzeylər Günü ilə əlaqədar silsilə materiallar hazırlandı, bu günün tarixini, əsas məqsədini özündə əks etdirən virtual kitab sərgisi və videomaterial təqdim olundu. Hazırlanan materiallarda bu günün Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunması, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına köməklik, cəmiyyətin həyatında muzeylərin nə qədər mühüm bir rol oynadığını əyani formada nümayiş etdirmək məqsədilə həyata keçirilməsi haqqında məlumat verilirdi. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda dünyanın ən məşhur muzeyləri olan Luvr və Britaniya muzeyi, Sankt-Peterburqun “Ermitaj”, Nyu-York şəhərinin incisi olan “Metropoliten” və digər muzeylərin tarixi, əhəmiyyəti haqqında məlumat verilməklə yanaşı, bu məkanların foto və video görüntüləri də təqdim edildi. Materiallarda dünya muzey tarixi ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən muzeylər haqqında da geniş məlumat verildi, Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Bülbül, Niyazi kimi dünyaşöhrətli simalarının memorial-xatirə, mənzil, habelə bölgələrdə tarix–diyarşünaslıq muzeylərinin məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılması qeyd edildi. Virtual kitab sərgisində şanlı Zəfər tarixini əks etdirən “Zəfər” muzeyi, mədəniyyətimizin incisi olan Şuşa şəhərində yerləşən muzeylər, dünyada yeganə Ağdam “Çörək muzeyi” haqqında da məlumatlar təqdim edildi. İstifadəçilərə təqdim olunan virtual sərgidə dünya və ölkəmizin muzey tarixinə dair “Dünya muzeyləri və tarixi mədəniyyət abidələri”, “Milli Azərbaycan Tarixi Muzeyi”, “Memorial muzeylərin fəaliyyəti”, “Avropa muzeylərində Qafqaz arxeolji kolleksiyasiyaları”, “Miniatür Kitab Muzeyi” kimi 15-dən çox kitabın, dövri mətbuat nümunələrinin biblioqrafik təsviri təqdim edildi. 

 

İNCƏSƏNƏT MUZEYİ

 

Beynəlxalq Muzeylər Günü çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində "Qorunan təbiət" multimedia layihəsinin təqdimatı oldu. Və əvvəlcə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, layihənin kuratoru Könül Rəfiyeva layihə haqqında danışaraq, bu il Beynəlxalq Muzeylər Gününün devizi olan "Muzeylər, davamlılıq və rifah"ın ekologiya, yeni incəsənət və kurator təcrübələri, ekoloji sənətkarlıq, həmçinin tekstil sənayesi ilə bağlı qeyri-adi muzey proqramını əks etdirdiyini vurğuladı. O dedi ki, layihə BMT-nin 2030-cu ilə qədər Davamlı İnkişaf Məqsədlərini dəstəkləyərək, modanın və ənənəvi qadın sənətlərinin təbliğinə yönəlib. 

İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzso çıxışında ölkəsinin qabaqcıl davamlı inkişaf sahəsindəki təcrübəsindən söhbət açdı. Bildirdi ki, İsveç tekstil sahəsindəki inkişafı ilə bütün dünyaya qabaqcıl, keyfiyyətli parçalardan ibarət dəb təqdim edir. Azərbaycanda hazırda İsveç rəssamının tekstildən, tullantılardan yaratdığı əsərlər nümayiş etdirilir. 

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə tədbirin əhəmiyyətindən danışaraq, bu cür təqdimatların önəmini vurğuladı. Dedi ki, belə tədbirlərin təşkili çox önəmli və təqdirəlayiqdir. “Peşəkar ekoloq kimi demək istərdim ki, gənc nəsil tərəfindən belə mövzuların mənimsənilməsi və icrası olduqca önəmlidir. Təbiəti qorumaq bizim hamımızın əsas prioritetlərimizdən olmalıdır", - deyə o qeyd etdi

Sonda tədbir iştirakçılarına mövzu ətrafında multimedia instalyasiyaları təqdim olundu.

Nəzərə alaq ki, digər muzeylərimizdə, o cümlədən bölgələrdə də silsilə tədbirlər b tutdu.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu dəfə Əlizadə Nuri sizlərə “Bu dərdin başına tac qoymuşam mən…” adlı şeirini təqdim edəcək. 

 

Bu dərdin başına tac qoymuşam mən…

 

Bu canı beş sözə köçürmüşük biz,

Biz söz gəzdiririk can əvəzinə.

Bəlkə göy üzünü yaralayıblar-

Damır ay işığı qan əvəzinə?

 

Sənsiz bu dünyada yol azan səsəm…

Sənsiz neyləyər ki, bu halı sərsəm?

Bəlkə bu dünyanın günəşi sənsən

Sökülür  ürəyim dan əvəzinə?!

 

Vaxtın darağında saç qoymuşam mən,

Neçə gün qələmi ac qoymuşam mən.

Bu dərdin başına tac qoymuşam mən -

Taxta çıxartmışam xan əvəzinə…

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasından seçmə şeirlərin dərcində bu dəfə Rəhim Təkinin şeirləri ilə tanış olacaqsınız. Rubrikanı Portalımızın Güney təmsilçisi Əli Çağla aparır. 

 

 

Rəhim Təkin

 Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə, 1986-cı ilin may ayının 2-də Marağa şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxartdığında ali məktəbə qədər təhsil edib, indi isə sevgi ilə, artıq diqqət ilə ədəbi ərsələri izləyib, içindən coşan duyğuları qələmə alır.

 

 

ÖLÜMƏ DOĞRU

 

Deyirsən bu qədər qəmin yiyəsi,

Bəs niyə saçları bu cür qaradı?

Sən ki, məni məndən yaxşı tanırsan,

Sözlərin qəlbimə dəyən yaradı.

 

Soyuq baxışlarla, gözündə yaşlar,

Buza dönür, buza! Çörəyə buz səp.

Mənim işim daha yaradan keçib,

Yaradan ayrılan sümüyə duz səp.

 

Qəmin çoxluğundan ağarar saçlar,

Mənim içərimə sanki qar yağıb.

Sanki sümüklərim kəfən gözləyir,

Saçımın yerinə onlar ağarıb.

 

Gözü yaşlı ölsəm, silməyin onu,

Öz yasımda qoyun özüm ağlayım.

Mənim kəfənimi qara götürün,

Öz yasımı qoyun özüm saxlayım.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

Mayın 19-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə YARAT Müasir İncəsənət Məkanında “Çəhrayı – Qara” adlı qrup sərgisi açılacaq. 

YARAT-dan verilən məlumata görə, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunacaq bu sərgidə Əzim Əzimzadə, Fərhad Xəlilov, Toğrul Nərimanbəyov, Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Fazil Nəcəfov, Elmira Hüseynova, Ələkbər Rzaquliyev, Əli Verdiyev, Rasim Babayev və Elmira Şahtaxtinskaya kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltaraşlıq əsərləri ilə yanaşı, yeni nəsil rəssamları – Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev və Vüsal Rəhimin rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərləri nümayiş olunacaq. 

 

“Çəhrayı – Qara” sərgisi güclü Azərbaycan qadını haqqında hekayədir. O, dövrlərin dəyişməsinə baxmayaraq, tarixin hər kəsiyində öz yerini, əksini tapır. Sərgi, qadına qarşı cəmiyyətdəki stereotip, məhdudiyyət və çətinliklərə rəğmən, onun mühüm rolunu vurğulayır. Bununla yanaşı ekspozisiya təkcə bugünkü cəmiyyətimizdə deyil, həmçinin əsrlər boyu qadına olan münasibəti, onun statusunu, təsir və gücünü, o cümlədən üzləşdiyi problemləri nəql edir. Sərgi illər ərzində sənətçilərin prizmasından ötürülən cinsiyyət haqqında bir mesajdır. O, tamaşaçılara müxtəlif dövrlərdə cinsin necə qəbul edildiyini düşünməyə imkan yaradır. Cinsi mənsubiyyətin mürəkkəblikləri və nüansları təsviri sənətimizdə bir çox heykəltaraşlıq və rəngkarlıq əsərlərində daima əks olunub. 

Qeyd edək ki, sərgi ekspozisiyasına Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, eyni zamanda, Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında saxlanılan əsərlər daxil edilib. 

“Çəhrayı – Qara” adlı sərgi mayın 19-dan sentyabrın 24-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

Çoxdandır ki, kinoindustriya kuluarlarında, kino dərgilərində və kinosevərlərin arasında bir ad dolaşır: “Killers of flower the Moon” -  dilimizə tərcümədə “Çiçəkli Ayın killerləri”. 

Rejissoru dünyaşöhrətli Martin Skorseze olan və Hollivud ulduzları Leonardo Di Kaprionun baş rol aldığı filminin premyera vaxtı nəhayət ki yetişdi: Mayın 20-də Kann şəhərində keçirilən Beynəlxalq Kann Film Festivalı çərçivəsində Lumier Böyük Teatrında filmin ilk nümayişi baş tutacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı film.ru saytına istinadən xəbər verir ki, triller və vestern janrında olan filmin premyerasında  rejissor Martin Skorseze və aktyor Leonardo Di Kaprio ilə yanaşı filmdə yer alan daha bir ulduz - Robert De Niro, eləcə də Cessi Plemons və aktyor heyətinin digər üzvlərinin qırmızı xalçadan keçməsi gözlənilir.

Ekran əsəri Kann Film Festivalının rəsmi proqramında iştirak edir. 

Qeyd edək ki, filmin hüquqları “Apple” şirkətinə məxsusdur. “Paramount Pictures”la əməkdaşlıq edən “Apple” şirkəti “Çiçəkli Ayın killerləri” detektiv dramını cari ildə oktyabrın 6-da kinoteatrlarda kütləvi nümayişə buraxacaq. Ekran əsərinin geniş formatda nümayişinə isə Şimali Amerikada oktyabrın 20-dən etibarən başlanılması planlaşdırılır. Kinoteatr nümayişlərindən sonra film bütün dünyada “Apple TV+” videoyayım platformasında yayımlanacaq. 

İndi isə oxucularımızı maraqlandıran əsas sual: film nə barədədir? 

 

“Ədəbiyyat və incəsənət”in əldə etdiyi bilgilərə görə, film Devid Qranın elmi populyar “Çiçəkli Ayın killerləri. Neft. Pul. Qan” romanının motivləri əsasında çəkilib. Filmin ssenari müəllifləri rejissor Skorzese özü, habelə Erik Rotdur. 

Ekran əsərindəki hadisələr ötən əsrin 20-ci illərində Oklahomada baş verir. Süjetin mərkəzində məskunlaşdığı ərazidə neftin aşkarlanması səbəbindən yerli Oseyc tayfasının məhvi dayanır. ABŞ tarixində ən dəhşətli cinayətlərdən biri hesab edilən məsələ FTB detektivləri tərəfindən araşdırılır.

Xatırladaq ki, rejissor Martin Skorseze üçün Kann kinifestivalı doğmadır və o özü Franaanın kəhraba sahilini çox sevdiyini dəfələrlə dilə gətirib. 1976-cı ildə müsabiqə proqramında təqdim olunan "Taksi sürücüsü" filminə görə Skorzese “Qızıl palma budağı" mükafatına layiq görülüb. Sonradan o, müntəzəm olaraq kinofestivalda iştirak edərək "İşdən sonra" filminə görə ən yaxşı rejissor mükafatını alıb.

Və heç şübhəsiz, tam əminliklə deyirik, əgər Skorzesenin Killers of flower the Moon  şedevri Kann festivalının müsabiqə proqramına daxil edilsə, qalibiyyət əldə edəcək. Zira, belə filmlər on ildə bir dəfə çəkilir.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

 

Bu gün dünyanın 100-dən artıq ölkəsində qeyd edilən Beynəlxalq Muzeylər Günüdür. Və bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu günün tarixini, əsas məqsədini özündə əks etdirən virtual kitab sərgisi və videomaterial hazırlanıb. Hazırlanan materiallarda bu günün Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunması, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına köməklik, cəmiyyətin həyatında muzeylərin nə qədər mühüm bir rol oynadığını əyani formada nümayiş etdirmək məqsədilə həyata keçirilməsi haqqında məlumat verilir. 

Kitabxanasan aldığımız məlumata görə, kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda dünyanın ən məşhur muzeyləri olan Luvr və Britaniya muzeyi, Sankt-Peterburqun “Ermitaj”, Nyu-York şəhərinin incisi olan “Metropoliten” və digər muzeylərin tarixi, əhəmiyyəti haqqında məlumat verilməklə yanaşı, bu məkanların foto və video görüntüləri də təqdim edilir. Materiallarda dünya muzey tarixi ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən muzeylər haqqında da geniş məlumat verilir, Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Bülbül, Niyazi kimi dünyaşöhrətli simalarının memorial-xatirə, mənzil, habelə bölgələrdə tarix–diyarşünaslıq muzeylərinin məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılması qeyd edilir. Virtual kitab sərgisində şanlı Zəfər tarixini əks etdirən “Zəfər” muzeyi, mədəniyyətimizin incisi olan Şuşa şəhərində yerləşən muzeylər, dünyada yeganə Ağdam “Çörək muzeyi” haqqında da məlumatlar təqdim edilir. İstifadəçilərə təqdim olunan virtual sərgidə dünya və ölkəmizin muzey tarixinə dair “Dünya muzeyləri və tarixi mədəniyyət abidələri”, “Milli Azərbaycan Tarixi Muzeyi”, “Memorial muzeylərin fəaliyyəti”, “Avropa muzeylərində Qafqaz arxeolji kolleksiyasiyaları”, “Miniatür Kitab Muzeyi” kimi 15-dən çox kitabın, dövri mətbuat nümunələrinin biblioqrafik təsviri təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Cümə axşamı, 18 May 2023 16:22

İlham Qazaxlının yeni kitabı təqdim olunacaq

 

Kitabsevərlər, poeziyasevərlər növbəti kitab təqdimatına qatıla biləcəklər. Sabah, mayın 19-da, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Nətavan klubunda şair İlham Qazaxlının “Zəfər sevinci” adlı kitabının təqdimatı və imza saatı baş tutacaq.

“Ədəbiyyat və incəsənət” portalına İlham Qazaxlının verdiyi məlumata görə, tədbirdə şairin 50 illik yubileyi də mövzu mətni olacaq, çıxışçılar onun yaradıcılığına bu yubiley prizmasından nəzər salacaqlar. 

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.