Mayın 19-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə YARAT Müasir İncəsənət Məkanında “Çəhrayı – Qara” adlı qrup sərgisi açılacaq.
YARAT-dan verilən məlumata görə, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunacaq bu sərgidə Əzim Əzimzadə, Fərhad Xəlilov, Toğrul Nərimanbəyov, Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Fazil Nəcəfov, Elmira Hüseynova, Ələkbər Rzaquliyev, Əli Verdiyev, Rasim Babayev və Elmira Şahtaxtinskaya kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltaraşlıq əsərləri ilə yanaşı, yeni nəsil rəssamları – Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev və Vüsal Rəhimin rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərləri nümayiş olunacaq.
“Çəhrayı – Qara” sərgisi güclü Azərbaycan qadını haqqında hekayədir. O, dövrlərin dəyişməsinə baxmayaraq, tarixin hər kəsiyində öz yerini, əksini tapır. Sərgi, qadına qarşı cəmiyyətdəki stereotip, məhdudiyyət və çətinliklərə rəğmən, onun mühüm rolunu vurğulayır. Bununla yanaşı ekspozisiya təkcə bugünkü cəmiyyətimizdə deyil, həmçinin əsrlər boyu qadına olan münasibəti, onun statusunu, təsir və gücünü, o cümlədən üzləşdiyi problemləri nəql edir. Sərgi illər ərzində sənətçilərin prizmasından ötürülən cinsiyyət haqqında bir mesajdır. O, tamaşaçılara müxtəlif dövrlərdə cinsin necə qəbul edildiyini düşünməyə imkan yaradır. Cinsi mənsubiyyətin mürəkkəblikləri və nüansları təsviri sənətimizdə bir çox heykəltaraşlıq və rəngkarlıq əsərlərində daima əks olunub.
Qeyd edək ki, sərgi ekspozisiyasına Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, eyni zamanda, Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında saxlanılan əsərlər daxil edilib.
“Çəhrayı – Qara” adlı sərgi mayın 19-dan sentyabrın 24-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(19.05.2023)