Çoxdandır ki, kinoindustriya kuluarlarında, kino dərgilərində və kinosevərlərin arasında bir ad dolaşır: “Killers of flower the Moon” - dilimizə tərcümədə “Çiçəkli Ayın killerləri”.
Rejissoru dünyaşöhrətli Martin Skorseze olan və Hollivud ulduzları Leonardo Di Kaprionun baş rol aldığı filminin premyera vaxtı nəhayət ki yetişdi: Mayın 20-də Kann şəhərində keçirilən Beynəlxalq Kann Film Festivalı çərçivəsində Lumier Böyük Teatrında filmin ilk nümayişi baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı film.ru saytına istinadən xəbər verir ki, triller və vestern janrında olan filmin premyerasında rejissor Martin Skorseze və aktyor Leonardo Di Kaprio ilə yanaşı filmdə yer alan daha bir ulduz - Robert De Niro, eləcə də Cessi Plemons və aktyor heyətinin digər üzvlərinin qırmızı xalçadan keçməsi gözlənilir.
Ekran əsəri Kann Film Festivalının rəsmi proqramında iştirak edir.
Qeyd edək ki, filmin hüquqları “Apple” şirkətinə məxsusdur. “Paramount Pictures”la əməkdaşlıq edən “Apple” şirkəti “Çiçəkli Ayın killerləri” detektiv dramını cari ildə oktyabrın 6-da kinoteatrlarda kütləvi nümayişə buraxacaq. Ekran əsərinin geniş formatda nümayişinə isə Şimali Amerikada oktyabrın 20-dən etibarən başlanılması planlaşdırılır. Kinoteatr nümayişlərindən sonra film bütün dünyada “Apple TV+” videoyayım platformasında yayımlanacaq.
İndi isə oxucularımızı maraqlandıran əsas sual: film nə barədədir?
“Ədəbiyyat və incəsənət”in əldə etdiyi bilgilərə görə, film Devid Qranın elmi populyar “Çiçəkli Ayın killerləri. Neft. Pul. Qan” romanının motivləri əsasında çəkilib. Filmin ssenari müəllifləri rejissor Skorzese özü, habelə Erik Rotdur.
Ekran əsərindəki hadisələr ötən əsrin 20-ci illərində Oklahomada baş verir. Süjetin mərkəzində məskunlaşdığı ərazidə neftin aşkarlanması səbəbindən yerli Oseyc tayfasının məhvi dayanır. ABŞ tarixində ən dəhşətli cinayətlərdən biri hesab edilən məsələ FTB detektivləri tərəfindən araşdırılır.
Xatırladaq ki, rejissor Martin Skorseze üçün Kann kinifestivalı doğmadır və o özü Franaanın kəhraba sahilini çox sevdiyini dəfələrlə dilə gətirib. 1976-cı ildə müsabiqə proqramında təqdim olunan "Taksi sürücüsü" filminə görə Skorzese “Qızıl palma budağı" mükafatına layiq görülüb. Sonradan o, müntəzəm olaraq kinofestivalda iştirak edərək "İşdən sonra" filminə görə ən yaxşı rejissor mükafatını alıb.
Və heç şübhəsiz, tam əminliklə deyirik, əgər Skorzesenin Killers of flower the Moon şedevri Kann festivalının müsabiqə proqramına daxil edilsə, qalibiyyət əldə edəcək. Zira, belə filmlər on ildə bir dəfə çəkilir.
“Ədəbiyyat və incəsənət”
(19.05.2023)