Super User

Super User

İyunun 10-da Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Çelikin konserti təşkil olunacaq.

 

İndiyədək iyirmidən çox albom müəllifi olan və ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Azərbaycana son zamanlar xarici ölkələrdən konsert vermək üçün gələn müğənnilərin sayı artıb. Konsertlərin ardı-arası kəsilmir. Bunu səbirsizliklə gözləyənlərlə yanaşı, etiraz edənlər də var. Hətta yerli müğənnilərin solo konsert verməməyindən şikayətlənənlər də var.

Bəs görəsən, xarici müğənnilərin konsertinə tələbatın çoxluğu nə ilə əlaqəlidir? Azərbaycanlı müğənnilərin buna münasibətləri necədir?

 

Mövzu ilə bağlı Oxu.Az-ın əməkdaşı azərbaycanlı müğənnilər arasında sorğu keçirib.

 

Əməkdar artist Cavanşir Məmmədov sənət adamlarına hörmət edilmədiyindən şikayətlənib:

“Öz sənətçilərimizə qoyduqları hörmət göz önündədir. Ümumiyyətlə sənətkarlara qiymət verilmir”.

C.Məmmədov ötən günlərdə ölüm xəbərinin yayıldığını da dilə gətirib:

“Xəcalət çəksinlər. Mənim ölüm xəbərimi də yazmışdılar. Yazanlar cəzalarını alacaqlar”.

Müğənni Mətanət Əsədova konsert vermək üçün gələnlərin canlı ifa oxuya bilmədiklərini deyib:

“Kənardan gələn şirin olur. Ancaq bunu deyə bilərəm. Xaricilərə ödənilən pulun yarısını mənə versələr, 3 saat canlı oxuyaram. Onlar canlı oxumurlar. Oxuya da bilmirlər. Vəsait versinlər, 3 saat canlı oxuyum. Mənim vəsaitim olmadığı üçün konsert verə bilmirəm”.

M.Əsədova qeyd edib ki, xalqımızın musiqi zövqü korlanıb:

“Millətin musiqi zövqü korlanıb. Sənətkarlarımızı unudurlar”.

Müğənni Elnarə Xəlilova konsert biznesinin sırf təşkilatçılarla bağlı olduğunu söyləyib:

“Təşkilatçı sponsor tapır, konserti təşkil edir və ifaçını dəvət edir. İfaçıdan yalnız qonorarın nə qədər olacağı, audio, video və məişət rayderi öyrənilir və konsert təşkil edilir. İfaçı da, təşkilatçı da qazanır. Bizim təşkilatçıların yalnız bir qorxusu ola bilər. O da bilet sata bilməmə qorxusudur. Xarici ifaçıların biletlərinin yüz faiz satılacağından əmindirlər. Çünki bizim tamaşaçı xarici ifaçıları nə toyda, nə də restoranda görmür. Ancaq nə qədər ki, Azərbaycan ifaçıları toylarda və restoranlarda ifa edəcəklər, bir o qədər də onların konsertini təşkil etmək bilet satışı baxımından çətinləşəcək”.

Xalq artisti Mənsum İbrahimov normal münasibət bəslədiyini deyib:

“Mənim münasibətim normaldır. Çünki dünya artıq kiçik deyil. İstər biz gedib xarici ölkədə çıxış edək, istərsə də onlar gəlsinlər. Tələbat olduğu üçün onlar gəlirlər. Daha çox qardaş Türkiyədən gəlirlər. Bu da bizim türk musiqisinə olan yaxınlığımızla bağlıdır. Normaldır”.

M.İbrahimov yerli müğənnilərin ölkəmizdə konsert verməyə meyilli olmadığını qeyd edib:

“Musiqi inteqrasiyadır. Onlar gəlib buradan nəsə öyrənirlər. Bizimkilər də gedib öyrənirlər. Mən də tez-tez gedirəm. Müğənnilər burada konsert verməyə meyilli deyillər. Çünki xeyir görmürlər. O baxımdan xaricə gedirlər”.

2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova qeyd edib ki, tamaşaçılar yerli sənətçiləri sevsələr, çox yaxşı olar:

“Əslində bu barədə heç bir fikrim yoxdur. Bu barədə heç düşünməmişəm. Amma konsertlər varsa, insanlar gedirlərsə, konsert zalları dolursa, niyə də olmasın?! İnsanlar sevdiyi üçün gəlirlər. Amma yaxşı olardı ki, bizimkilər də tez-tez konsert versin. Kaş bizi də sevərdilər. Bizi də sevsəydilər, yaxşı olardı”.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Ötən gün Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “I Bakı Müasir Musiqi Günləri” festivalına start verilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, beş gün davam edəcək festivalın əsas məqsədi müasir Azərbaycan bəstəkarları ilə Avropa və Amerikan bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələr mövzusunu işıqlandırmaqdır. 

Festivalda yerli musiqiçilərlə yanaşı, İsveçrə, Macarıstan, Almaniya, Fransa, Rusiya və Qazaxıstandan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur. Dəvətli ifaçılar sırasında Avital Cohen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klarnet), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgenson (klarnet) da var. 

Eyni zamanda tanınmış macar bəstəkar György Ligetinin (1923-2006) 100 illiyinə təsadüf edən festivalın proqramı ölkəmizdə ilk dəfə ifa olunacaq və dünya musiqi ədəbiyyatı üçün vacib hesab edilən əsərlərlə zəngindir. Musiqisevərlər G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Veissberq, A.Qəmbərli kimi bəstəkarların əsərlərini dinləmək imkanı qazanacaqlar.

“I Bakı Müasir Musiqi Günləri” Azərbaycanda konsert-ifaçılıq fəaliyyətindən əlavə, müasir musiqi maarifçiliyi və təhsilinə hesablanmış festivaldır. Layihə çərçivəsində ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil olunacaq.

Festivalın açılış konserti Beynəlxalq Muğam Mərkəzində gerçəkləşib. Müasir musiqi layihəsi Nizami Kino Mərkəzində “Ligeti: portret” filminin nümayişi (25 may, 19:00) ilə başa çatacaq. 

Layihə haqqında daha ətraflı məlumat almaq üçün festivalın rəsmi saytına (www.baku-contemporary-music-days.com) keçid etmək, eləcə də sosial şəbəkələrdə (facebook: facebook.com/profile.php?id=100091963675094, instagram: https://www.instagram.com/baku_music_society/) izləmək mümkündür.

Aşılış mərasimi barədə daha geniş - növbəti buraxılışlarımızda. 

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının keçiriləcəyi tarix məlum olub. Eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində təşkil olunacaq festival sentyabrın 15-dən 22-dək keçiriləcək.

 

Festivala film qəbulu davam edir. Belə ki, xarici rejissorlar üçün film qəbulu yekunlaşsa da, yerli rejissorların müəllifi olduqları filmlər iyunun 30-dək “FilmFreeway” platforması vasitəsilə qəbul edilir. 

Seçki komissiyası tərəfindən seçiləcək filmlər festivalın müsabiqə mərhələsində iştirak haqqı qazanacaq. Qaliblər festivalın bağlanış mərasimində elan ediləcək.

Qeyd edək ki, “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığı nəticəsində festivalın ötənilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”da iştirak haqqı qazanıb. Festivalın bu ilki yerli qalibini də xüsusi mükafat gözləyir.

Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Azərbaycan Dövlət Kukla Teatrı növbəti maraqlı aksiyasını uğurla davam etdirir. Sənət ocağı peşəkar Azərbaycan milli teatrının 150 və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının 10 illiyi münasibətilə başladığı ölkə miqyaslı qastrollarının yeni mərhələsini - “Gəzən teatr” silsiləsini davam etdirir. 

 

Bu barədə teatr rəsmiləri mətbuata açıqlama veriliblər. Açıqlamada deyilir: 

“Ümumilikdə respublikanın müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərini əhatə edən “Kukla teatrı eldən-elə” şüarlı aksiyanın məqsədi yerlədə yaşayan uşaqlarda kukla tamaşaları haqqında təsəvvür yaratmaq, onların zövqünün formalaşmasına kömək etmək, həmçinin oradakı teatr sənəti təmsilçiləri, həvəskar dram dərnəkləri və xalq teatrları ilə yaradıcılıq əlaqələri qurmaqla onlara dəstək verməkdir. Bu il mart ayının 10-da – Milli Teatr Günündə işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində başlayıb mayın 6-da Tərtər rayonunun Talış kəndində davam edən aksiya ilin sonunadək ümumilikdə 10 rayonu əhatə edəcək. Layihənin növbəti dayanacağı kimi Quba və Şabran rayonları seçilib. İyunda reallaşacaq səfərdə kuklaçılar hər iki rayonun Mədəniyyət mərkəzi səhnələrində tamaşa, ardınca isə “Oyuq”çuların təqdimatında dolğun konsert proqramı ilə çıxış edəcəklər”.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Rusiya və Tatarıstan mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə Kazan şəhərində “Bölgənin iqtisadi inkişafinda kino istehsalının rolu” adlı tədbir keçirilib. 

“Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, tədbirdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov da iştirak edib.

 

Tədbirin təşkil olunmasında məqsəd bölgənin iqtisadi inkişafının əsas faktoru kimi milli kino istehsalının inkişaf strategiyalarının müəyyən edilməsi və bu istiqamətdə müzakirələrin aparılmasıdır. 

Tədbirdə Nazim Hüseynov çıxış edərək kinematoqrafiya sahəsində beynəlxalq layihələrin perspektivlərindən danışıb, həmçinin milli kino sənayesinin köməyi ilə yaranan ənənələrin regionun inkişafındakı rolunu diqqətə çatdırıb.

Tədbirdə eyni zamanda Belarus, Qazaxıstan, Qırğızıstan, Hindistandan, Rusiya və digər ölkələrin kino xadimləri də iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Hörmətli redaksiya. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətində təmsil olunan yazıçıların siyahısında kimlərin olması bizlər üçün çox maraqlıdır. Mümkünsə siyahını təqdim edərdiniz.

Hörmətlə: Zakir Bünyadov, Sumqayıt şəhəri. 

 

Bu sualın cavabı təbii ki, tək oxucumuz Zakir Bünyadovu deyil, çoxlarını maraqlandırır. Sualı cavablandırması üçün “Ədəbiyyat və incəsənət” portalı AYB-nin mətbuat katibi Xəyal Rzaya müraciət edib. Xəyal Rza AYB-nin İdarə Heyətində və Təftiş Komissiyasında təmsil olunanları diqqətinizə çatdırır:

 

İDARƏ HEYƏTİ

 Aqil Abbas

Azad Yaşar

Azər Mustafazadə

Azər Turan

Baba Vəziroğlu

Bəsti Əlibəyli

Cavanşir Yusifli

Çingiz Əlioğlu

Dəyanət Osmanlı

Elçin Mirzəbəyli

Elmar Şeyxzadə

Əsəd Cahangir

Elxan Zal

Eyvaz Borçalı

Əli Əmirli

Əkbər Qoşalı

Elşad Barat

Fəxri Uğurlu

Firuzə Məmmədli

Gülxani Pənah

Hamlet İsaxanlı

Hidayət

Hüseynbala Mirələmov

Xanəmir

Xəyal Rza

İntiqam Qasımzadə

Jalə Əliyeva

Qulu Ağsəs

Məqsəd Nur

Məmməd Oruc

Musa Urud

Mübariz Cəfərli

Nigar Həsənzadə

Ofelya Babayeva

Paşa Qəlbinur

Pərvin Nurəliyeva

Rahid Ulusel

Rafiq Həşimov

Rüstəm Behrudi

Rüstəm Kamal

Sayman Aruz

Seyran Səxavət

Solmaz İbrahimova

Sona Xəyal

Şirindil Alışanlı

Tofiq Məlikli

Vaqif Bayatlı

Vaqif Bəhmənli

Vaqif Əlixanlı

Vaqif Yusifli

Varis

Vidadi Babanlı

Vilayət Quliyev

Yunus Oğuz

Yusif Həsənbəy

Zahid Xəlil

 

TƏFTİŞ KOMİSSİYASI

 Qəzənfər Paşayev

Aydın Tağıyev

Arif Buzovnalı

Dayandur Sevgin

Elnarə Akimova

Əlizadə Nuri

İsmayıl İmanzadə

Maarif Soltan

Mətanət Vahid

Oqtay Şamil

Südabə Əsədullayeva

Südabə Sərvi

Şəlalə Həsənova

Telman Vəlixanlı

Vaqif Aslan

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Qazax həm yazarlar oylağıdır, üstəlik, həm də uzunömürlü yazarlar oylağıdır. Vidadi Babanlı 96-nı, Nəriman Həsənzadə 94-ü yola salıb 100-ə doğru yürüyürlər. Çox təəssüf ki, onlarla daban-daban gələn Ələddin İncəli haqq dünyasına qovuşdu. Bu həftəsonu ustad şairin anadan olmasının 92-ci ildönümünü yaxınları və şeirsevərlər yenə də onsuz qeyd etdilər. 

 

“Ədəbiyyat və incəsənət” portalı şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, müxtəlif illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuş Ələddin İncəlinin şeirıərini diqqətinizə çatdırır.

 

 

İÇİNDƏDİ

 

Dərə keçib, dağ aşıram,

Dağlar duman içindədir.

Mən könlümlə danışıram,

Könlüm güman içindədi.

 

Dağlar-dağın qoynundadı,

Gül-yarpağın qoynundadı,

Zər-torpağın qoynundadı

Yaxşı-yaman içindədi.

 

Nə gur seləm, nə gurşadam,

Nə şagirdəm, nə ustadam,

Hələ naşı bir səyyadam,

Oxum kaman içindədi.

 

Gah yad oldum dərdə-qəmə,

Gah da endim zildən bəmə,

"Ay İncəli, çox yaz" - demə,

Söz də zaman içindədi.

 

 

QƏLƏMDƏN ÖPƏRƏM

 

Əgər təmizdisə, boyasızdısa,

Üzündən öpərəm buxaq qarışıq.

Məsun baxışların riyasızdısa,

Gözündən öpərəm yanaq qarışıq.

 

Alqış almısansa, elindən, gözəl,

Xəta çıxmayıbsa, əlindən, gözəl,

İnciyən yoxdusa, dilindən, gözəl,

Dilindən öpərəm dodaq qarışıq.

 

Sürüşdür çiyninə, gülüm, şalını,

Barı aydın görək gül camalını,

Telərin örtməsə qara xalını,

Telindən öpərəm daraq qarışıq.

 

Ələddin gəncləşib yenidən coşsa.

Qəlbinin sevdası qaynayıb daşsa.

Hüsnünə yaraşan bir şeir qoşsa,

Qələmdən öpərəm varaq qarışıq.

 

 

CEYRANI

 

Vurğun kimi sevsən, məha eləməzsən,

Sözlə gətirərsən yola ceyranı.

Bir az uzaqlaşsa, səhv eləməzsən-

Bənzətsən üfüqdə xala ceyranı.

 

Yanı gah balalı, gah təkəlidi,

Qorxaqdı, hürkəkdi, səksəkəlidi,

Gözəllik özü də təhlükəlidi,

Odur ki, tez tapır bəla ceyranı.

 

Sən mahir ovçusan, maşından əl çək,

İnsafsız, motorla birdimi ürək?!

Kişisən, piyada düzə çıx, görək,

Qovmaqla tuturmu tula ceyranı.

 

Səyyad, bir şiş kabab can verməz sana,

O zərif xilqəti bir an duysana,

Ayaq saxlayır ki, yormasın ana

Dalınca tövşüyən bala ceyranı.

 

Yoxsa, elə uçar, süzgün ox olar,

Bir göz qırpımında qaçıb yox olar,

Nəfsi cilovlasaq-artar, çoxalar,

Görərik gözləri ala ceyranı.

 

Eşit, ay ocağın-közün sahibi,

Nə deyər Ələddin-sözün sahibi,

Muğan düzü kimi düzün sahibi,

Məgər istəməzmi ola ceyranı?!

 

 

BİLMƏDİM

 

Yarım köçən gündən bəri

Gülə bilmədim - bilmədim!

Aramsız axan yaşımı

Silə bilmədim-bilmədim!

 

Yaşamaq olarmış yarsız,

Yaşayırsan ixtiyarsız!..

Yaşadım da arsız-arsız,

Ölə bilmədim-bilmədim!

 

Açsan ömür kitabımı,

Görərsən dərdə tabımı.

Fələklə haqq-həsabımı

Bölə bilmədim-bilmədim!

 

Rast oldum çox nanəcibə,

Acgözə, paxıla, bicə!..

Onlarla "ortaq məxrəcə"

Gələ bilmədim-bilmədim!

 

Qayğılar qatdı başımı,

Düşünüb çatdım qaşımı!

Necə yaşadım yaşımı.

Bilə bilmədim-bilmədim!

 

Bəxtin oxu dəydi daşa!.

Azmı-çoxmu qalıb qışa,

Yetişibmi ömür başa?

Hələ bilmədim-bilmədim!

 

İncəli pirmi-ocaqmı?

Yaddaşlarda qalacaqmı,

Öz haqqını alacaqmı?

Lələ, bilmədim-bilmədim!

 

 

GÖNDƏR

 

Tanrım, ərzə nə davakar,

Nə cığal bəndələr göndər.

Nə lovğa, nə təkəbbürlü,

Nə dağal bəndələr göndər.

 

Nə "dünya mənimdi" - deyən,

Nə kasıb-kusubu döyən,

Nə zəhmət çəkməyib yeyən,

Nə kahal bəndələr göndər.

 

Görməyək tələ-torları,

Görməyək qəlbi korları.

Yer tutmur haramxorları,

Pak, halal bəndələr göndər.

Bir də yonmağa codları

Kəsərli rəndələr göndər.

 

 

BƏXTƏVƏR

 

Zəhmət çəkib, zəhmətinin haqqını

Alan varsa - bəxtəvərdi, bəxtəvət.

Mayasına heç vaxt haram qatmayan

Kalan varsa - bəxtəvərdi, bəxtəvər.

 

Nə qədər ki, gəlib-gedir nəfəsin,

Olaydı kaş yaşamağa həvəsin.

Üzündə nur, dodağında təbəssüm

Plan varsa - bəxtəvərdi, bəxtəvər.

 

İncəli, çək sən də sözün nazını,

Atma hələ qələmini, yazını.

Ulu Qorqud dədəmizin sazını

Çalan varsa - bəxtəvərdi, bəxtəvər.

 

 

BƏNÖVŞƏNİ

 

Bəlkə ölüb getdim, yazı görmədim,

Gülüm, o dağlardan dər bənövşəni.

Nazik əllərinlə seçib-oxşayıb

Qəbrimin üstünə sər bənövşəni.

 

Bəlkə incə ruhum xoşahal ola,

Bəlkə yaman dillər susa, lal ola.

O güllər üç rəngdə: ağ, göy, al ola,

De, şair sevməzmi hər bənövşəni.

 

Gərdiş dövranımı devirdi, deynən,

Vurub iqbalımı çevirdi - deynən.

Əllədin İncəli sevirdi - deynən,

Şehli bənövşəni, tər bənövşəni.

 

 

ONUNLA GETDİ

 

Səmada bir ulduz parlayıb söndü,

Gözəl Məlahətim onunla getdi.

Elə bil taleyim tərsinə döndü,

Bəxtim, səadətim onunla getdi.

 

Yarım məndən ötrü nur - işığıydı,

Gülün səhəriydi, gur işığıydı.

Bu şair ömrümə yaraşığıydı,

Şerim, şeriyyətim onunla getdi.

 

Ələddin İncəli, desən qürurum,

Şeirdə uğurum, işdə uğurum,

Qolumda qüvvətim, gözümdə nurum,

Dizimdən taqətim onunla getdi.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Həftəsonu Xalq şairi, Respublikanın Müstəqillik Aktının müəlliflərindən biri, Millət vəkili Sabir Rüstəmxanlının doğum günü idi, 77 yaşı tamam oldu. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı Tapdıq Əlibəylinin təbrik məqaləsini diqqətinizə çatdırır. 

 

Ziyalı məslək-məramı Vətən sevgisindən yoğrulmuş istiqlal şairi, xalqın mənəvi aləminin tərcümanı məqamında olan Ustad, dünyaya təşrif buyurduğunuz gün, ömür təqviminizin yeni ili mübarək!

İllər öncə, gənclik çağında  qələmə aldığınız “Yardımlı yollarında” adlı şerin son bəndində bir arzu olaraq yazmısınız:

 

Min illik palıdlardan bir ömür borc alaydım,

Kecilməz dərələrə özüm körpü olaydım,

Buz sulu, saf aynalı bulaq olub qalaydım

Yardımlı yollarında.

 

İllər keçdi və Sabir Rüstəmxanlı fikir daşıyıcısı, SÖZ ADAMI olaraq kecilməz dərələrə körpü, buz sulu, saf aynalı bulaq olaraq təkcə Yardımlı yollarında deyil, Quzeyli-Güneyli  Azərbaycanın, böyük Türk dünyasının körpüsünə döndü.

Öz təbirinizcə desəm: "Rüstəmxanlı şəlaləsi" yenə gur və ilhamlıdır..."

Mənsə bu gur və ilhamlı şəlalədən vəcdə gəlib sozə üz tutdum:

 

Ulutürkün həvaləsi,

Əsrlərin yaddaş səsi,

Bir şairin “əfsanəsi”

Rüstəmxanlı şəlaləsi.

 

Sanki göydən siyrilərək...

Sözlə süslü, şövqlü ürək,

Sabir bəyin ilhamı tək

Rüstəmxanlı şəlaləsi.

 

Yardımlının sədasıdır,

Ərənlərin sevdasıdır...

Sabir bəyin təb-səsidir

Rüstəmxanlı şəlaləsi.

 

AYB-nin fəxri üzvü, Almaniyada yaşayan tanınmış yazar və qəzetçi Orxan Aras haqlı olaraq yazır: “...O çətinliklər, o qaçhaqaçlar, o əməklər boşa getmədi. İki il sonra ikimizin də röyaları gerçək oldu və onun Türk və Altayların gülü, çiçəyi qoxan şeirləri ilə Azərbaycanın igid övladlarının cəsarəti birləşdi və Azərbaycan müstəqilliyini qanıyla qazandı. O istiqlalın isbatı bəyannamənin altında da Sabirin qələminin izi vardı.

Parisdə 1789-cu il Fransız Çevrilişi üçün bir güllə atanın belə, bir yerlərdə ismi və ya heykəli vardır. Amma qələmiylə, şeiriylə, cəsarətiylə Azərbaycanın müstəqilliyinə imza atan Sabir Rüstəmxanlının Azərbaycanda bir heykəli yoxdur. Amma onun heykəli Asiyanın ən uzaq və soyuq guşəsindən Avropanın ən soyuq bölgəsinə qədər bütün türklərin ürəyində vardır.”

Yol gedənindir, deyib müdriklər... Sözün işığında ustad yolunuza rəğmən yazıram:

 

"Tanımaq istəsən" - şair xitabı,

"Xəbər gözləyirəm" - əsrlər tabı,

"Qan yaddaşı"na yol -"Ömür kitabı"...

Şair, söz ünvanlı yoluna alqış!

 

"Salam, ana dilim", "Sevgim, sevincim"!

"Atamın ruhu"dur özüm, söz incim.

"Ol"dan üzü bəri hikmətim, gücüm...

Şair, şeir deyən dilinə alqış!

 

"Bütövlük həsrəti" - "Xətai yurdu",

"Gəncə qapısı"nın ruhu da yoldu.

"Dərdə əyilmə"yən yolları yordu...

Şair, qələm tutan əlinə alqış!

 

"Göy tanrı" ruhunda "Əbədi sevda",

"Zaman məndən keçir"- gələn hurr səda...

"Bu sənin xalqındir", işıq var soyda,

Şair, ər-ərənli eline alqış!

 

Şair, söz ünvanlı yoluna alqış!

Şair, şeir deyən dilinə alqış!

Şair, qələm tutan əlinə alqış!

Sabir Rüstəmxanlı, elinə alqış!

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Xəbər verdiyimiz kimi, Muzey Mərkəzinin sərgi salonunda bir qrup rəssamın mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərinə həsr olunmuş “Şuşa” adlı qrup sərgisi açılıb.

 

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Muzey Mərkəzinin dəstəyi ilə reallaşıb.

Açılış mərasimində Xalq rəssamı Arif Hüseynov və Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək, sərginin əhəmiyyətindən danışıblar. Bildirilib ki, sərgi qədim Qarabağın, Şuşa şəhərinin illər öncəki və bugünkü vəziyyətini geniş tamaşaçı kütləsinə təqdim etmək, doğma yurdun gözəlliklərinə korifey və müasir rəssamların gözü ilə nəzər yetirmək imkanı yaratmaq məqsədilə təşkil olunub. 

Vurğulanıb ki, ekspozisiyada 30-a yaxın rəssam və heykəltəraşın müxtəlif üslub və texnikalarda işlənmiş 40-a yaxın rəngkarlıq, heykəltəraşlıq nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərləri sərgilənir. 

Qeyd olunub ki, Şuşanın təbiəti, qədim memarlıq abidələri, dahi şəxsiyyətləri nəinki musiqi və ədəbiyyatımızda, eləcə də təsviri sənətin müxtəlif sahələrində rəssamların diqqət mərkəzində olub və daim vəsf edilib. Uzun illər bu sənətkarlar işğal altında qalan şəhəri tərənnüm etməkdən əsla vaz keçməyiblər və nəticədə Azərbaycan incəsənətinə çoxsaylı sənət inciləri bəxş ediblər.

Sərgiyə maraq böyükdür.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.