Kukla Teatrı “Gəzən teatr” silsiləsini davam etdirir

Azərbaycan Dövlət Kukla Teatrı növbəti maraqlı aksiyasını uğurla davam etdirir. Sənət ocağı peşəkar Azərbaycan milli teatrının 150 və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının 10 illiyi münasibətilə başladığı ölkə miqyaslı qastrollarının yeni mərhələsini - “Gəzən teatr” silsiləsini davam etdirir. 

 

Bu barədə teatr rəsmiləri mətbuata açıqlama veriliblər. Açıqlamada deyilir: 

“Ümumilikdə respublikanın müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərini əhatə edən “Kukla teatrı eldən-elə” şüarlı aksiyanın məqsədi yerlədə yaşayan uşaqlarda kukla tamaşaları haqqında təsəvvür yaratmaq, onların zövqünün formalaşmasına kömək etmək, həmçinin oradakı teatr sənəti təmsilçiləri, həvəskar dram dərnəkləri və xalq teatrları ilə yaradıcılıq əlaqələri qurmaqla onlara dəstək verməkdir. Bu il mart ayının 10-da – Milli Teatr Günündə işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində başlayıb mayın 6-da Tərtər rayonunun Talış kəndində davam edən aksiya ilin sonunadək ümumilikdə 10 rayonu əhatə edəcək. Layihənin növbəti dayanacağı kimi Quba və Şabran rayonları seçilib. İyunda reallaşacaq səfərdə kuklaçılar hər iki rayonun Mədəniyyət mərkəzi səhnələrində tamaşa, ardınca isə “Oyuq”çuların təqdimatında dolğun konsert proqramı ilə çıxış edəcəklər”.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.