Qazax həm yazarlar oylağıdır, üstəlik, həm də uzunömürlü yazarlar oylağıdır. Vidadi Babanlı 96-nı, Nəriman Həsənzadə 94-ü yola salıb 100-ə doğru yürüyürlər. Çox təəssüf ki, onlarla daban-daban gələn Ələddin İncəli haqq dünyasına qovuşdu. Bu həftəsonu ustad şairin anadan olmasının 92-ci ildönümünü yaxınları və şeirsevərlər yenə də onsuz qeyd etdilər.
“Ədəbiyyat və incəsənət” portalı şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, müxtəlif illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuş Ələddin İncəlinin şeirıərini diqqətinizə çatdırır.
İÇİNDƏDİ
Dərə keçib, dağ aşıram,
Dağlar duman içindədir.
Mən könlümlə danışıram,
Könlüm güman içindədi.
Dağlar-dağın qoynundadı,
Gül-yarpağın qoynundadı,
Zər-torpağın qoynundadı
Yaxşı-yaman içindədi.
Nə gur seləm, nə gurşadam,
Nə şagirdəm, nə ustadam,
Hələ naşı bir səyyadam,
Oxum kaman içindədi.
Gah yad oldum dərdə-qəmə,
Gah da endim zildən bəmə,
"Ay İncəli, çox yaz" - demə,
Söz də zaman içindədi.
QƏLƏMDƏN ÖPƏRƏM
Əgər təmizdisə, boyasızdısa,
Üzündən öpərəm buxaq qarışıq.
Məsun baxışların riyasızdısa,
Gözündən öpərəm yanaq qarışıq.
Alqış almısansa, elindən, gözəl,
Xəta çıxmayıbsa, əlindən, gözəl,
İnciyən yoxdusa, dilindən, gözəl,
Dilindən öpərəm dodaq qarışıq.
Sürüşdür çiyninə, gülüm, şalını,
Barı aydın görək gül camalını,
Telərin örtməsə qara xalını,
Telindən öpərəm daraq qarışıq.
Ələddin gəncləşib yenidən coşsa.
Qəlbinin sevdası qaynayıb daşsa.
Hüsnünə yaraşan bir şeir qoşsa,
Qələmdən öpərəm varaq qarışıq.
CEYRANI
Vurğun kimi sevsən, məha eləməzsən,
Sözlə gətirərsən yola ceyranı.
Bir az uzaqlaşsa, səhv eləməzsən-
Bənzətsən üfüqdə xala ceyranı.
Yanı gah balalı, gah təkəlidi,
Qorxaqdı, hürkəkdi, səksəkəlidi,
Gözəllik özü də təhlükəlidi,
Odur ki, tez tapır bəla ceyranı.
Sən mahir ovçusan, maşından əl çək,
İnsafsız, motorla birdimi ürək?!
Kişisən, piyada düzə çıx, görək,
Qovmaqla tuturmu tula ceyranı.
Səyyad, bir şiş kabab can verməz sana,
O zərif xilqəti bir an duysana,
Ayaq saxlayır ki, yormasın ana
Dalınca tövşüyən bala ceyranı.
Yoxsa, elə uçar, süzgün ox olar,
Bir göz qırpımında qaçıb yox olar,
Nəfsi cilovlasaq-artar, çoxalar,
Görərik gözləri ala ceyranı.
Eşit, ay ocağın-közün sahibi,
Nə deyər Ələddin-sözün sahibi,
Muğan düzü kimi düzün sahibi,
Məgər istəməzmi ola ceyranı?!
BİLMƏDİM
Yarım köçən gündən bəri
Gülə bilmədim - bilmədim!
Aramsız axan yaşımı
Silə bilmədim-bilmədim!
Yaşamaq olarmış yarsız,
Yaşayırsan ixtiyarsız!..
Yaşadım da arsız-arsız,
Ölə bilmədim-bilmədim!
Açsan ömür kitabımı,
Görərsən dərdə tabımı.
Fələklə haqq-həsabımı
Bölə bilmədim-bilmədim!
Rast oldum çox nanəcibə,
Acgözə, paxıla, bicə!..
Onlarla "ortaq məxrəcə"
Gələ bilmədim-bilmədim!
Qayğılar qatdı başımı,
Düşünüb çatdım qaşımı!
Necə yaşadım yaşımı.
Bilə bilmədim-bilmədim!
Bəxtin oxu dəydi daşa!.
Azmı-çoxmu qalıb qışa,
Yetişibmi ömür başa?
Hələ bilmədim-bilmədim!
İncəli pirmi-ocaqmı?
Yaddaşlarda qalacaqmı,
Öz haqqını alacaqmı?
Lələ, bilmədim-bilmədim!
GÖNDƏR
Tanrım, ərzə nə davakar,
Nə cığal bəndələr göndər.
Nə lovğa, nə təkəbbürlü,
Nə dağal bəndələr göndər.
Nə "dünya mənimdi" - deyən,
Nə kasıb-kusubu döyən,
Nə zəhmət çəkməyib yeyən,
Nə kahal bəndələr göndər.
Görməyək tələ-torları,
Görməyək qəlbi korları.
Yer tutmur haramxorları,
Pak, halal bəndələr göndər.
Bir də yonmağa codları
Kəsərli rəndələr göndər.
BƏXTƏVƏR
Zəhmət çəkib, zəhmətinin haqqını
Alan varsa - bəxtəvərdi, bəxtəvət.
Mayasına heç vaxt haram qatmayan
Kalan varsa - bəxtəvərdi, bəxtəvər.
Nə qədər ki, gəlib-gedir nəfəsin,
Olaydı kaş yaşamağa həvəsin.
Üzündə nur, dodağında təbəssüm
Plan varsa - bəxtəvərdi, bəxtəvər.
İncəli, çək sən də sözün nazını,
Atma hələ qələmini, yazını.
Ulu Qorqud dədəmizin sazını
Çalan varsa - bəxtəvərdi, bəxtəvər.
BƏNÖVŞƏNİ
Bəlkə ölüb getdim, yazı görmədim,
Gülüm, o dağlardan dər bənövşəni.
Nazik əllərinlə seçib-oxşayıb
Qəbrimin üstünə sər bənövşəni.
Bəlkə incə ruhum xoşahal ola,
Bəlkə yaman dillər susa, lal ola.
O güllər üç rəngdə: ağ, göy, al ola,
De, şair sevməzmi hər bənövşəni.
Gərdiş dövranımı devirdi, deynən,
Vurub iqbalımı çevirdi - deynən.
Əllədin İncəli sevirdi - deynən,
Şehli bənövşəni, tər bənövşəni.
ONUNLA GETDİ
Səmada bir ulduz parlayıb söndü,
Gözəl Məlahətim onunla getdi.
Elə bil taleyim tərsinə döndü,
Bəxtim, səadətim onunla getdi.
Yarım məndən ötrü nur - işığıydı,
Gülün səhəriydi, gur işığıydı.
Bu şair ömrümə yaraşığıydı,
Şerim, şeriyyətim onunla getdi.
Ələddin İncəli, desən qürurum,
Şeirdə uğurum, işdə uğurum,
Qolumda qüvvətim, gözümdə nurum,
Dizimdən taqətim onunla getdi.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)