Super User
Xaçmaz Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub
Xaçmaz Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, Ramil Rəhimov bu vəzifəyə təyinat alıb.
R.Rəhimov ötən gün vəzifəsinin icrasına başlayıb.
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
Soltan Soltanlı: “Gəlin, maraqlı olacaq”
Xəbər verdiyimiz kimi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Çəhrayı – Qara" adlı qrup sərgisi keçiriləcək. Sərgi 19 may, saat 19:00-da açılacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ekspozisiya Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Fazil Nəcəfov, Fərhad Xəlilov, Elmira Hüseynova, Ələkbər Rzaquliyev, Əli Verdiyev, Əzim Əzimzadə, Rasim Babayev, Toğrul Nərimanbəyov və Elmira Şahtaxtinskaya kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri ilə yanaşı, yeni nəsil rəssamları – Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev və Vüsal Rəhimin rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərlərini bir araya gətirir.
İstedadlı rəssam Soltan Soltanlı əməkdaşımıza sərgi ilə bağlı bunları söyləyib:
-19 may – XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yeni "Çəhrayı – Qara" qrup sərgisinin açılışına hazır olun.
“Çəhrayı – Qara" – güclü Azərbaycan qadını haqqında hekayədir. Sərginin adı və konsepti qadınlığı simvolizə edərək, qadın mənsubiyyətinin görünməyən, bəzən cəmiyyətdə adi qəbul olunan amillərin və onların mənfi cəhətlərinin əks sədasını araşdırır.
Ekspozisiyaya Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında saxlanılan əsərlər daxil edilib. Xüsusi təşəkkürlərim Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinədir. Sərginin kuratoru Fərəh Ələkbərlidir. Sərginin açılışı: 19 may, saat 19:00-dadır. Saat 19:00 – Vüsal Rəhimin performansı, saat 20:00 – da isə Nigar İbrahimbəylinin performansı nümayiş olunacaq. İnanılmaz gözəlliklər görəcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
Bərdədə Əməkdar rəssam Mübariz Əkbərovun metalişləmə sənəti nümunələrindən ibarət sərgisi açılıb
Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bərdə rayon Mədəniyyət Mərkəzində metal üzərində işləmə sahəsində tanınmış sənətkar, Əməkdar rəssam Mübariz Əkbərovun əsərlərindən ibarət sərgi açılıb.
AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində yaradıcılığı barədə məlumat verən Mübariz Əkbərov sərgidə əsasən Azərbaycanın qədim milli xəncər və qılınc nümunələrinin, bəzək əşyalarının, həmçinin ərəb, ispan, ingilis xəncərlərinin nümayiş olunduğunu bildirib.
Sərgidə naxışlarla bəzədilmiş qılınc, xəncər, dəbilqə və digər nümunələr, həmçinin sənətkarın 70-dən çox əl işi nümayiş olunur. Sərgi mayın 18-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
İntiqam Babayev yeni vəzifəyə təyin olunub
Mədəniyyət sferasında daha bir kadr təyinatı: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyəti sədrinin müvafiq əmri ilə İntiqam Vaqif oğlu Babayev Aparat rəhbəri təyin olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İntiqam Babayev ölkədə kifayət qədər tanınan məmurdur, o, uzun illər Gənclər və idman nazirinin müavini kimi gündəmdə olub. Amma o, digər vəzifələr də daşıyıb.
İntiqam Babayev 22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alıb.
1994-1998-ci illərdə Bakı Gənclər Klubunun sədri, 1995-1998-ci illərdə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri olub. İntiqam Babayev 1998-1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, 2000-2021-ci illərdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, 2022-ci ilin mart ayından 2022-ci ilin dekabr ayınadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri, 2022-ci ilin dekabr ayının 20-dən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifələrində çalışmışdır, 2023-cü ilin aprel ayından 2023-cü ilin may ayınadək “İçərişəhər” Qoruq İdarəsinin Aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.
İntiqam Babayev 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Ailəlidir, iki övladı var.
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
Xoşbəxtlik qadına aiddir…
“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Ağıllı qadın kişinin fikirləri içində özünə sərf edəni seçib razılaşandır.
2.Ayağını yerdən üzənləri yer daha ağrılı qarşılayır.
3.Həyat qısadır deyənlər onun verdiyi geniş imkanları yaddan çıxarırlar.
4.Həyatı uzatmağın ən yaxşı yolu həyata həvəs dövrünü uzatmaqladır.
5.Xoşbəxtlik qadına aiddir, kişilər xoşbəxtliyin yalnız sevinən iştirakçısı ola bilirlər.
6.Sağlamlıqla bağlı fikir söyləyənlərdən daha çox yaşayan haqlıdır.
7.Sənə sidq ürəklə dua edənə canını versən, azdır.
8.Şəxsiyyət özünün hamı kimi olmadığını dərk etməkdən başlayır.
9.Tənbəl dostun olsun, özləri heç nə etməsələr də, sənə yaxşı ideyalar verə bilərlər.
10.Utanmaq kiçik günahların əlamətidir, böyük günahlar abırsızlıqla şərikdir.
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
Ağdam teatrının 100 illiyi “Şuşadan gələn səs”lə qeyd olunub
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Qonaq teatr” layihəsi çərçivəsində Ağdam Dövlət Dram Teatrı “Şuşadan gələn səs” (N.Qədimli) tamaşasını təqdim edib.
Azərbaycan Teatr Xadimləri İttifaqının böyük zalında göstərilən tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.
Sonda Ağdam Dövlət Dram Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
Yunus Oğuz: "Türkiyə vətəndaşlarında dövlətə və dövlət başçısına bir güvənlik var"
“Ədəbiyyat və incəsənət” portalının müsahibi "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuzdur. Mövzu isə Türkiyədə keçirilən prezident seçkiləri.
-Yunus bəy, Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?
-Türkiyədə keçirilən prezident və parlament seçkiləri bir çox məsələlərə aydınlıq gətirdi. Bəzi qüvvələr arxayın idilər ki, seçkilərdə Kamal Kılıçdaroğlu 70 faiz səslə qələbə qazanacaq. Ona görə də ermənilər Rusiyanın dəstəyi ilə mayın 11-də Zod tərəfdən hücuma keçdilər, lakin burunları ovuldu. Fələstin və İsrail arasında problemlər ortaya çıxdı. Bu hadisələrin fonunda İran Fələstində düyməni basdı və orada yaratdığı terror təşkilatları fəaliyyətə keçdi. Çünki arxayın idilər ki, Ərdoğan uduzur, Kılıçdaroğlunun köməyilə Türkiyədə Orta Dəhliz yaradılacaq. Ardınca məsələlər bir az da qəlizləşdi. Artıq məlum idi ki, Kılıçdaroğlunun başında Avropanın durduğu dəstəsi elə də çox səs yığa bilməyəcək. Ona görə də Brüssel görüşünün keçirilməsi reallaşdı. Bu görüşdə isə heç bir rəsmi sənəd imzalanmadı. Sadəcə razılıq oldu ki, ərazilər 1991-ci il Alma-ata razılaşması əsasında tanınsın. Bir tərəfdən bu bizim qələbəmizdir ki, ən azından Ermənistan 88 min kvadrat kilometrlik ərazimizi tanıyır. Lakin, məlumduir ki, SSRİ vaxtında Ermənistanın ərazisi 9 min kvadrat kilometr olub. Sonradan Azərbaycanın əraziləri hesabına 20 min kvadrat kilometr əldə ediblər. Bu baxımdan görüşün nəticələri ürəkaçan olmasa da, nəzərə alaq ki, ərazilərimizi mərhələli şəkildə əldə edirik.
Türkiyədə keçirilən seçkilərə gəldikdə bizdə bir gözəl atalar məsəli var: "Ova gedən özü ovlandı". Kılıçdaroğlugil ova gedirdilər, lakin özləri ovlandılar. Əslində onlar arxayın idilər ki, 60-70 faiz səs toplamaqla parlamentdə də üstünlük təşkil edəcəklər. Amma seçkilər göstərdi ki, Türkiyədə sağ mərkəzçilər çox güclüdür. Ərdoğan 322 səslə faktiki olaraq parlamentdə üstünlük qazanıb. Bunu zəruri edən bir sıra səbəblər var. Qeyd edək ki, Türkiyədə xalqın dövlətə və dövlət başçısına güvənliyi var. Hər bir vətəndaş dövlətindən güvənlik istəyir ki, rahat, azad, arxayın şəkildə yaşasın. Digər səbəblər milli təhlükəsizlik, ərazi təhlükəsizliyi, iqtisadi yüksəlişdən ibarətdir. Hazırda Türkiyənin iqtisadi vəziyyəti hamının gözünün qarşısındadır. Kılıçdaroğlunun dəstəsi deyirdi ki, iqtisadiyyatda infilyasiya problemi var. Bundan istifadə edib Türkiyəni Avropanın ağzına atmaq istəyirdilər. Yəni, Avropa, Amerika nə desə, Türkiyə onunla getsin. Əslində infilyasiya dünyanın bütün ölkələrində var. Hətta deyirlər Amerikanın dolları da çökəcək. Seçkilər göstərdi ki, Türkiyədə insanlarda bir inam yaranıb. Baxırlar ki, Türkiyə düzgün siyasətini aparır. İqtisadi yüksəlişə nail olub, demək olar ki, bütün terrorçuları ərazisindən qovub, PKK-nı sıradan çıxarıb. Camaat da görür ki, ölkədə əminlikdir. Vaxtilə nəinki mərkəzdə, hətta Trabzonda terror aktı törədilirdi. Artıq bunlara son qoyulub. Bu seçkilər bir məsələni də ortaya qoydu, sağ təmayülçülər Türkiyənin ötən seçkilərdə girə bilmədiyi ərazilərə girdi. Faktiki olaraq İstanbulu CHP ələ almışdı, indi də bələdiyyə başqanları orada durur, Antaliya, Ankara, İzmir, Adana kimi böyük şəhərlərdə əsas qüvvə CHP-çilərdə idi. İndi isə sağ təmayülçülər ən çox səsləri həmin ərazilərdən alırlar. Bu o deməkdir ki, artıq sağçılar rahat və güvənli həyat yaşamaq istəyirlər. Deməli artıq orada yaşayan etnoslar özlərini kənara çəkmirlər, bu dövlətin bir hissəsi olduqlarını nümayiş etdirirlər. Xatırlayırsınızsa, Şenər təbliğatında deyirdi ki, gəlib başbakan olacam. Əslində bunları şişirdib buraxmışdılar, lakin birdən partladılar. Ən bərkgedən partiyaların sədrləri Böyük Millət Məclisinə düşmədilər. Kılıçdaroğlu, Şenər, Əhməd Davudoğlu, Əli Babacan, Bülənd Arıc parlamentə düşə bilmədilər. Onlar tam qələbə qazanacaqlarına arxayın idilər, düşünürdülər ki, parlamentdə təmsil olunmaq onlara lazım deyil. Lakin seçkilər göstərdi ki, əhali söz oyunu oynamaq istəmir, seçicilər tükü tükdən seçir. Ərdoğanın üstün səs toplamasının bir səbəbi də siyasi məsələlərlə bağlıdır. Eyni zamanda ölkədə hərbi güc var. Hazırda Türkiyə hansısa hərbi texnikanın müəyyən hissəsini xaricdən almır, özü istehsal edir. Çünki hərbi sənayesi inkişaf edib. Xalq bunları gördüyündən Ərdoğana səs verdi. Seçkilərdən üç gün əvvəl sosial şəbəkədə yazmışdım ki, Türkiyənin prezidenti Ərdoğandır. Bunu hesablayıb demişdim, amma Ərdoğanın rəqibləri heç nə hesablamayıblar. Hətta adlarını da millət vəkili siyahısına salmadılar, bir də gördülər ki, heç parlamentə düşməyiblər. On siyasi partiyanın sədrinin parlamentə düşməməsi çox maraqlı məsələdir. Bu baxımdan düşünürəm ki, bu seçkilər Ərdoğana tam şans verdi və Ərdoğan yenə də qələbə çalacaq.
-Ərdoğanın prezident seçiləcəyi ilə bağlı hələ də təzadlı fikirlər var. Seçkilərin ikinci turundan nə gözləyirsiniz?
-Prezident seçkilərinin ikinci turunda da Ərdoğan qalib gələcək. Mən deyirəm ki, prezident Ərdoğandır. Çünki parlament onların əlindədir, Ərdoğandan başqa seçilən prezident hansı qərarı qəbul etsə parlamentdə baykot ediləcək. Bu isə sözün əsil mənasında xaos deməkdir. Hamı elə bilir ki, Sinan Oğan 5 faiz səsini verməsə Ərdoğan elə 49 faizdə qalacaq. Əslində elə deyil, Sinan Oğan səsini versə də, verməsə də Ərdoğan seçiləcək. Sinan Oğanın tərəfdarları bitərəf olsalar da millətçi kəsimdirlər, ona görə iki nəfər arasında seçimlərini etməlidirlər. Sinan desə ki, Kılıçdaroğluna tərəf gedir, o da düşəcək quyunun dibinə. Nəzərə almaq lazımdır ki, orda FETO- çu, PKK, terrorçular, dədəsini tanımayanlar var. Artıq Kılıçdaroğlu gəmisindən qaça-qaç düşüb. Belə getsə onlar ortada qalacaqlar, artıq məlumatlar gəlir ki, onlar "Cümhür İttifaqı"na tərəf gəlirlər. Onlar bayraqdırlar, qələbə haradadır, ora da gedəcəklər.
-Ərdoğan Avropanın planlarını puça çıxartdı, eynu zamanda, dünyaya göstərdi ki, demokratik seçkilər keçirmək iqtidarındadır. Belə bir şəraitdə Türkiyə dünyanın hegemon dövləti rolunu oynaya bilərmi?
-Əslində Türkiyə bu yolla gedir. Ərdoğan bəyan etdi ki, seçkilərin nəticəsini gözləmədən Türkiyənin yüz illik planını hazırlayırıq. Bu o deməkdir ki, yüz ilə Türkiyə hegemon dövlət olacaq. Bunu bir-iki ilə reallaşdırmaq olmur. Bir dəfə də demişdim ki, artıq dünyanın geosiyasəti dəyişib. Bax, bu həmin geosiyasətin tərkib hissəsidir. Avropa dövlətləri Brüssüldə də əmin oldular ki, Paşinyanın başından vurmaq lazımdır. Makron nə qədər çalışdı ki, üçtərəfli görüşdə iştirak etsin, lakin imkan vermədilər. Dedilər ki, sən ora gəlib aləmi bir-birinə vurursan, danışıqlar pozulur. Özü də bunu Rusiyanın fonunda edirlər. Brüsseldə danışıqlar elə bir vaxtda başladı ki, Rusiyanın 4 qırıcı təyyarəsi Bryanskda vuruldu. Rusiyanı oradan, Paşinyanı da buradan sıxırlar ki, Zəngəzur yolu açılmalıdır. Bu məsələdə iqtisadi potensialına, əhali sayına görə aparıcı dövlət Azərbaycandır.
Müsahibəni Alim götürdü.
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
Mehriban Ələkbərzadə “Azdrama”da edəcəyi yeniliklərdən danışdı
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib.
Mehriban Ələkbərzadənin təyinatına sevinənlərlə yanaşı, sevinməyənlər də var.
O, öz dəst-xəti, yaradıcı üslubu olan, işgüzar insandır. Bəs onun gəlişi ilə teatrda hansı yeniliklər olacaq? “Azdrama”nın kollektivi ən çətin kollektiv kimi tanınır. Bu onu qorxudurmu?
Lent.az bu suallarla Mehriban xanımın özünə müraciət edib.
“Bu, mənə doğma kollektivdir. 25 il öncə teatrda ilk addımlarımı burada atmışam və uzun illər “Azdrama”da çalışmışam. Çətinliyə gəlincə, çətinlik hər yerdə, həmçinin bu teatrda da var. Əsas məsələ bütün problemlərin öhdəsindən layiqincə gəlməkdir”, - o bildirib.
“Sizin gəlişinizlə teatrda hansı yeniliklər olacaq?” sualına cavab olaraq bədii rəhbər bildirib ki, əsas məqsəd Azərbaycan teatrının inkişafına xidmət etməkdir:
“Əsas meyar teatrın inkişafına xidmətdir. Buna görə müəyyən çəki-düzən veriləcək. Hələlik tanışlıq mərhələsindəyəm, araşdırıram. Görülən işlərlə tanış olduqdan sonra müəyyən planlaşdırmalar olacaq”.
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
Fəsil dəyişikliyi zamanı allergik əlamətlər
“Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə gənc oğlanların ailə həyatı qurmağı hansı səbəbdən ləngitmələri barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Bu dəfə mövzumuz yenə tibbə aiddir. Fəsil dəyişikliyi zamanı hansı allergik əlamətlər müşahidə olunur? Axı yazdan yaya keçməyə hazırlaşırıq?
Baharın ilıq havasını hiss etdikcə park və açıq havada gəzmək istəyi baş qaldırır. Ancaq allergiyası olanlar həmin mövsümdə narahatlıqla üzləşirlər. Çiçək açmağa başlayan ağaclarda gedən tozlanma prosesi ağız, burun və ciyərlərə qıcıqlandırıcı təsir göstərir. Lakin allergiya təkcə tozlanma ilə əlaqədar olmur.
Həkim-allerqoloq Ramin Nəriman həssas insanların diqqət yetirməli olduğu məqamlara toxunub: "Yaz mövsümündə məişət tozu gənələri çoxalır və onlar istənilən yaşayış sahəsində var. Allergiyası olanların yatdığı otaqda yun əşyalar yığışdırılmalı, yorğan-döşək və yastıq dəyişdirilməldir. Yaxşı olar ki, onlar küləkli havada bayıra çıxmasınlar. Bayıra çıxarkən baş örtükləri, gün eynəkləri və qoruyucu maskalardan istifadə etmək lazımdır. Evə qayıdandan dərhal sonra duş qəbul olunmalı, üst geyimlərini yataq otağına aparmamalıdırlar".
Qidaların qəbulu zamanı kəskinləşən allergik reaksiyaların fəsil dəyişikliyi ilə bağlılığı yoxdur. Belə hal bəzi mövsümi qidaların - çiyələk, alça, böyürtkən və digər giləmeyvələrin həddindən artıq qəbulu zamanı baş verir. Fəsil dəyişikliyi olan ərəfədə allergik əlamətlər burun və boğazda da üzə çıxır.
Qulaq-burun-boğaz cərrahı Nuray Şükürova deyir ki, burundan selikli ifrazatın olması qaşınma və tələffüzün çətinləşməsi zamanı ilk olaraq cərraha yox, allerqoloqa müraciət edilməlidir: "Kimin allergiyasının nəyə olduğunu bilmək üçün xüsusi testlər var və onun aparılması allerqoloqlar tərəfindən idarə olunur. Xəstələri pandemiyadan əvvəlki və sonrakı dövrlərə bölsək, daha çox aşkarlanan udlaqda və sərt damaqda qaşınma hissi indi daha çoxdur. Şikayətlər daha da kəskinləşərsə, əsasən xəstəni burun tənəffüsünün pozulması narahat edirsə, onda xəstəyə cərrahiyyə əməliyyatı edilməsi məsləhət görülür".
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
Heydər Əliyev öz dövrünün ən böyük natiqi idi...
“Ədəbiyyat və incəsənət” portalı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məqalələr silsiləsi dərcini davam etdirir. Bu gün sizə filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağı qızının məqaləsi təqdim olunacaq.
Natiqlik sənəti də bir gözəllik elementidir. Biz həmişə bəlağətli danışan insanlara həsəd aparmışıq. Yazının mövzusu budur.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV V NATİQLİK SƏNƏTİ
Natiqlik həm bir sənət, həm də bir elm kimi qədim tarixə malikdir. Belə ki, hələ qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli, emosional nitqi olan insanlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmiş, onların nitqindən təsirli vasitə kimi istifadə edilmişdir.
Natiqlik sənəti dedikdə professional fəaliyyət sahəsi başa düşülür, digər bir tərəfdən isə həmin fəaliyyət sahəsindən danışan elm, ritorika nəzərdə tutulur. Natiq isə nitqi mövcud ədəbi normalara uyğun olmaqla yanaşı, həm də dəqiq və gözəl, ifadəli olan insanlara deyilir.
Bildiyimiz kimi, natiqlik sənətinin əsl vətəni dünya mədəniyyətinin beşiyi sayılan Yunanıstan olmuşdur. Natiqlik bir elm kimi də məhz Yunanıstanda meydana gəlmiş və inkişaf etmişdir.
Bununla belə, bu sənətə qədim mədəniyyət tarixi olan Şərqdə də maraq yaranmış, dövrün şair və fılosoflarının əsərlərində ritorika elminə insan fəaliyyətinin xüsusi növü kimi yüksək qiymət verilmişdir.
Azərbaycanda da əsrlər boyu natiqliyin nəzəriyyəsi ilə məşğul olunmuş, bir çox mükəmməl nitq prinsipləri müəyyənləşdirilmiş, natiqlik sənətinə xüsusi diqqət yetirilmişdir.
Ölkəmizdə natiqlik sənətinin inkişafından bəhs edərkən ilk öncə dünya şöhrətli siyasətçi, fenomenal yaddaş sahibi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev yada düşür. Şübhəsiz ki, Heydər Əliyev öz dövrünün ən böyük natiqi idi. Ulu öndər tarixə böyük siyasi lider, dövlət xadimi kimi düşməklə yanaşı, XX əsr Azərbaycan siyasi natiqliyinin, nitq mədəniyyətinin təşəkkül tapmasında, inkişafında da əvəzsiz rola malikdir. Birmənalı demək mümkündür ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik təfəkkürü və o təfəkkürün praktikləşdirilməsində əvəzsiz rolu olan insan kimi qalmağı ilə bərabər, həm də Azərbaycan nitq mədəniyyətinin nadir nümunələrini yaratmış bir şəxsiyyət kimi qalacaqdır. İlk əvvəl onu qeyd edək ki, qürur hissi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” – deyən Ulu öndər mənsub olduğu xalqın dilini, bu dildə min illər boyu formalaşmış düşüncə təzinin inikası olan xalq fəlsəfəsini dərindən bilirdi və həmin bilgi parlaq şəxsiyyətin natiqlik məharətini stimullaşdıran başlıca keyfiyyət kimi diqqəti çəkir. Təsadüfi deyil ki, Heydər Əliyevin natiqlik məharəti, dərin məntiqli nitqi, sözləri məqamında və yerli-yerində seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi, güclü hafizəsi onu dinləyən hər kəsi heyran edirdi.
Bilirik ki, natiqlik məharəti, auditoriyanı inandırmaq sənətidir və hələ qədim zamanlarda bu sənətin konturlarını belə müəyyənləşdirirdilər: hər bir nitq natiqin dünyagörüşünün məhsuludur. Təsadüfi deyil ki, hələ qədim Yunanıstanda natiqlik məharətini öyrənən elmin – ritorikanın əsasını qoyan Aristotel, Siseron, Kvintilian və başqaları hər bir uğurlu nitq üçün əsas olaraq dünyagörüşü göstərməklə bərabər, həmin nitqin ifadə edildiyi dil elementlərini də vacib komponentlər kimi qeyd edirdilər. Məsələn, Aristotel bunun üçün stilistika və qrammatik qaydalara xüsusi diqqət yetirirdi. Bəşər tarixinin ən böyük mütəfəkkürü özünün “Ritorika”sında uğurlu nitq üçün şərt kimi “insanlıq tarixində qucaq açmağı” görürdü. O hesab edirdi ki, “natiqlik məharəti – insanların məişət qayğılarından dövləti əhəmiyyət daşıyan məsələlərə qədər dərin səmimi bilgi tələb edən ali bir keyfiyyətdir”. Bütün bunlarla bərabər, insanlığın fikir dünyasının patriarxı natiqlik sənətində arqumentləri başlıca silah kimi təqdim edirdi.
Azərbaycanda natiqlik məharətinin göstəricisi olan nümunələr çoxdur və həmin nümunələr sırasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müxtəlif müraciətlərində, ictimai-siyasi tədbirlərdə, elm və incəsənət adamları ilə görüşlərindəki çıxışları xüsusi yer tutur. Həmin çıxışların hər birində böyük insanın hər məqamda xalqına arzu və istəkləri, gələcək haqqında təsəvvürləri ilə bərabər, narahat ürəyin döyüntülərini də hiss etmək mümkündür. Bunun ən parlaq nümunəsi olaraq 1990-cı il yanvar ayının 20-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində ozamankı SSRİ siyasi rəhbərliyinin iradəsi ilə azərbaycanlılara qarşı həyata keçirilən qanlı cinayət əməlindən bir gün sonra Moskva şəhərindəki Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək verdiyi bəyanatdır. Həmin bəyanat heyrətamiz şəxsiyyətin öz xalqı üçün çətin məqamda göstərdiyi fədakarlıqla bərabər, hadisələrə ən gərgin məqamlarda belə verilən obyektiv qiymətin göstəricisi sayıla bilər. Şərti olaraq üç hissəyə bölünən bəyanatda Heydər Əliyev ilkin olaraq öz şəxsinin həyat yolunu xatırladır. Bəyanatın daha çox SSRİ-dən kənardakı auditoriyaya hesablandığını nəzərə alsaq, bunun nə qədər vacib olduğunu açıqlamağa belə ehtiyac olmaz. Heydər Əliyevin həmin nitqi zamanı onun üslubuna xas elementləri aydın görmək olur, dəmir məntiqlə ölkədə hərc-mərclik görüntüsü altında aydın siyasi xətt yeridildiyini və həmin xəttin Azərbaycan xalqının cəzalandırılması mexanizmlərinin işə salınması ilə müşayiət olunduğu birmənalı vurğulanır: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisələrə laqeyd qala bilməzdim. Buraya əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvadakı kiçik parçası olan Daimi Nümayəndələiyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm”. O, özünəməxsus qətiyyətlə ucsuz-bucaqsız ölkədə, əslində, nə baş verdiyini göstərir və baş verənlərdə günahkarları ünvanları ilə təqdim edir: ”Azərbaycanda baş verənlərə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Artıq iki ildir ki, Azərbaycan və Ermənistanda millətlərarası münaqişə gedir. Həmin münaqişəni isə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlk indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı”.
Ümummilli liderimizin uzun bir dövrü əhatə edən müddətdəki çıxışları qədirbilən insanların xüsusi zəhməti ilə bir yerdə toplanaraq çap edilmişdir. Vurğulamağı lazım bilirik ki, həmin kitablar ancaq geniş oxucu kütlələri üçün deyil, nitq mədəniyyəti tarixini araşdıran elm adamları üçün də əhəmiyyətini saxlayacaqdır.
Əlbəttə, hər bir nitq öz zamanının tələbləri səviyyəsində tematik müxtəlifliyə malikdir, bu bizim araşdırmaq istədiyimiz mövzu deyil, lakin onu hökmən yada salmaq istərdik ki, natiqlik sənətinin nümunəsi hesab olunan hər bir nitq əbədi öyrədici vəsait kimi qiymətini əsrlər boyu saxlaya bilir. Belə nümunələrdən biri olaraq SSRİ-nin subyektlərindən biri olduğumuz, nominal dövlətçilik dövrü yaşadığımız zamanda, 50 il əvvəl indiki Bakı Dövlət Universitetinin 50 illiyində Azərbaycanın ozamankı siyasi rəhbəri Heydər Əliyevin çıxışı xüsusi diqqət çəkir. Bu nitqin əsas diqqətçəkici məqamı ondan ibarət oldu ki, birmənalı olaraq SSRİ-nin tərkibində olan respublikalar üçün normaya çevrilmiş ənənə pozulurdu: Azərbaycanın yeni və parlaq şəxsi keyfiyyətləri ilə seçilən Heydər Əliyev respublika ziyalılarının qarşısındakı mötəbər tədbirində Azərbaycan dilində çıxış edirdi. Əlbəttə, bu gün xüsusi vurğulanan həmin məqam 50 il əvvəl açıq səmada şimşəyin çaxması kimi bir şey idi: bu onu göstərirdi ki, tabuları yaradan normalar dağıla da bilərmiş və belə bir cəsarəti ancaq Heydər Əliyev edə bilərdi. Nitqdə ikinci və ən başlıca cəhət isə ondan ibarət idi ki, söhbət Azərbaycanın dövlət müstəqilliyi dövrünün ən gözəl tarixlərindən birinin – ali elm məbədinin qurulmasının bayram edilməsindən gedirdi. Heydər Əliyevə xas qətiyyətli səslə səslənən həmin nitqdə tarixi keçmişə ehtiram notları səsləndirilirdi: “Bu gün, təntənəli yubiley günündə biz öz biliyini, öz istedadını Azərbaycan universitetinin yaranmasına və inkişafına sərf edənlərin xatirəsini hörmətlə yad edirik. Biz görkəmli alimlərdən və ictimai xadimlərdən V.G.Razumovski, Tağı Şahbazi, İ.Ş.Şirokoqorov, Y.B.Lopuxin, Ə.Haqverdiyev, R.Məlikov, H.Şahtaxtinki, C.Nağıyev, X.Rzabəyli, B.Həsənbəyov, A.Qarayev, Y.Məmmədəliyev, M.Ələkbərli və bir sıra başqa məşhur xadimlərin adlarını hörmət və minnətdarlıqla çəkirik. Onların həyatı və yaradıcılıq fəaliyyəti Azərbaycan Dövlət Universitetinin tarixi ilə qırılmaz tellərlə bağlıdır. Qocaman alimlər, Azərbaycan Dövlət Universitetinin veteranları, elmi hünər estafetini universitetin yaradıcılarından qəbul edənlər buraya, bizim iclasımıza toplaşmışlar. İzn verin, onları Azərbaycan Dövlət Universitetinin şanlı yubileyi münasibəti ilə ürəkdən təbrik edim və möhkəm cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq nailiyyətləri arzulayım”.
Natiqlik sənətinin unikal nümunələrindən sayılan nitqində Heydər Əliyev salonda əyləşənlərə üzünü tutaraq, əslində,cümhuriyyətin xoş məqamlarını, xalqın azadlıq və istiqlal duyğularını yaşayan, öz keçmişi ilə qürur duyan millətinə onun gücünün qaynaqlarını göstərirdi. Onun məzmunlu, aydın, yığcam, təsirli nitqində bir xalqın keçdiyi və keçməli olduğu yollarda məşəl yandırmış insanlar ehtiramla xatırlanır və qarşıdakı uzun, dolanbac yollardan adlayacaq insanlar üçün inam formalaşdırılırdı: “Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi A.Bakıxanovun, realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlik tarixinin bəzəyidir. Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar”.
Heydər Əliyevin nitqində möhkəm bir məntiq, rabitə vardı. O heç bir qeydə baxmadan saatlarca danışar, faktlar, sübutlar gətirər, şərhlər verərdi. İti yaddaşa, güclü hafizəyə, dərin məntiqə malik idi, öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası ilə auditoriyanı ələ alar, öz ideyalarını dinləyicilərə sadə dildə aşılayardı. O, Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan uğurlu natiq idi. O, müdrik, taleyüklü qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran əvəzsiz rəhbər, mütəfəkkir dövlət xadimi idi. Dinləyicilər onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən yorulmurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq Ulu öndərin nitqini daha da cəlbedici edirdi. Ulu öndərin Bakı Dövlət Universitetinin 50 illik yubileyindəki nitqi Azərbaycan dilinin imkanlarını ortaya qoymaqla bərabər, tarixi keçmiş qarşısında məsuliyyət hissinin ifadəsi kimi də cəlbedicidir. Hər bir məsuliyyət hissinin insan qarşısında qoyduğu vəzifələrdən danışan Ulu öndər həmin vəzifələrin heç də asan olmadığını və həmin “asan olmayan vəzifələr”in həyata keçirilməsi üçün yeganə yolun elmdən keçdiyini yada salırdı.
Heydər Əliyev Azərbaycan xalqının ən böyük nemətini, xalqının dilini sevir və onun qorunmasının, inkişafının qayğısına qalırdı. Dahi şəxsiyyətin “Millətin milliliyini qoruyub saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azəbaycançılıq məsələsidir” – fikri, əslində, müasirlərinə və onlardan sonra gələn nəsillərə dil konsepsiyasının nə qədər vacib olduğunu çatdıran proqramın qayəsidir.
Heydər Əliyevin dövlət quruculuğunda xüsusi önəm daşıyan dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla qürur duymağı, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini hiss etməyi, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı tövsiyə edir.
Bu gün də minnətdarlıq hissi ilə yada salırıq ki, Ümummilli lider Azərbaycanda sovet hakimiyyəti illərində həmin qayənin qorunub saxlanılması işinə hansı töhfələr vermişdir. Həmin töhfələrin spektri onun müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi vaxtlarda daha aydın göründü. 1995-ci ildə Konstitusiyamızın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən ictimai müzakirələrə onun nə qədər həssaslıqla yanaşması da çoxlarının yadındadır. O müzakirələr zamanı prezident Heydər Əliyevin xalqımızın türk xalqları ilə birgə tarixinə ehtiramını ifadə edərək Azərbaycan dilinin özəllikləri və həmin özəlliklərin qorunub inkişaf etdirilməsi zərurətinə nə qədər əhəmiyyət verdiyi də unudulmayıb. Həmin zərurətin nəticəsi olaraq dövlət dili ilə bağlı çox mühüm sənədlər tarixi fakta çevrildi. 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla bütün dövlət və qeyri-hökumət təşkilatlarında, o vaxta qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili bərqərar edildi və latın qrafikasına keçid prosesi başa çatdırıldı.
2001-ci ilin avqustunda Prezident Heydər Əliyevin fərmanı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. 2002 -ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu.
Hazırda Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün onun siyasi məktəbinin varisi və layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi, nəticədə kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” Sərəncam oldu. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Cənab İlham Əliyevin 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı, 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da dilimizə olan xüsusi diqqət və qayğının təzahürüdür.
Bütün bunlar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ənənələrin davamı kimi hər bir azərbaycanlıda minnətdarlıq hissi yaradan əməllərdir.
Bu günlərdə Ulu öndər Heydər Əliyevin dünyaya gəlişinin yüzüncü ildönümünü böyük bir məhəbbət və fəxarətlə qeyd edirik. Onu sadəcə doğum və ölüm günündə deyil, hər saat, hər an minnətdarlıqla anırıq. Əminliklə deyə bilərik ki, dünya durduqcaa müstəqil Azərbaycanımız durduqca, qədirbilən xalqımız onu heç zaman unutmayacaq, onun xatirəsinin işığına toplaşacaq, onu böyük sevgi və ehtiramla yad edəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)